Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kərbəla dilbəri», sayfa 5

Yazı tipi:

16. Xəlifə Yəzid ova çıxır

Yorulduqlarına baxmayaraq o gecə üzləşdiklərini yada salanda gözlərini yalnız dan yeri qızaranda yuma bildilər. Bir az yatmışdılar ki, monastırın həyətində rahiblərin hay-küyünə oyandılar. Bunun səbəbini başa düşməyərək hövlnak qalxdılar. Amir səbəbini aydınlaşdırmaq üçün otaqdan çıxdı. Bir azdan sonra qayıtdı. Sifətindən bərk qorxduğu aydın görünürdü. Səlma onun bu dərəcədə qorxduğunun səbəbini soruşanda Amir sakit səslə dedi:

– Monastır əhli Yəzid ibn Müaviyəni qarşılamağa hazırlaşır.

Əbdürrəhman təəccüblə soruşdu:

– Yəzidi? Necə qarşılayacaqlar? Nə üçün qarşılayacaqlar?

– Bəli, xəlifə bu səhər ova çıxır. Öz adətinə görə bu monastırın yanından keçəndə bir saat burada istirahətdən sonra yoluna davam edir.

Amir sözünü axıra çatdırmamışdı ki, Əbdürrəhmanın ürəyi şiddətlə çırpınmağa başladı. Lakin bu, qorxudan deyil, gözlədiyi iş üçün qəfildən fürsət yaranmasından idi.

Bu xəbər Səlmanı Əbdürrəhmandan daha çox təsirləndirdi və qadınların kişilərdən daha tez mütəhəssir olmaları barədə deyilənləri təsdiq etdi. Əbdürrəhman bir daha soruşdu:

– Əmi, sən dediklərinə əminsən!? Biz bu gün bu monastırda Yəzidi görə biləcəyik?

– O buraya gəlməyə də bilər. Lakin ova çıxması dəqiqdir. Onun yolu bu monastırın yanından keçir. Çox güman ki, yolundan çıxıb buraya gələcək və bir az istirahət edəcəkdir. Çünki monastırın rəisini tanıyır və ona hörməti vardır. Monastırın rəisi ona meyvə süfrəsi və cürbəcür içkilər hazırlayır. Yəzid istəsə, buraya burulacaq, istəməsə, ov yerinə doğru yolunu davam etdirəcəkdir.

Səlma dedi:

– Mən istərdim ki, o buraya gəlsin və mən onu görüm. Mən onun sifətini heç görməmişəm.

Əbdürrəhman ona cavab verdi:

–Onu görmək yalnız elə bir yerdən mümkün ola bilər ki, o həmin yerdə səni görə bilməsin, amma sən onu görə biləsən.

Amir isə tez dedi:

– Mən isə istəməzdim ki, o mənim sifətimi görsün. Ən yaxşısı bu ola bilər ki, biz monastırın həyəti yaxşı görünə bilən xəlvət bir yer tapaq. Lap yaxşı olardı ki, monastırın bağı yaxşı görünən bir yer tapaq. Çünki Yəzid həmişə ova böyük bir haşiyə ilə çıxır. Onların arasında şahin saxlayanlar, pələng, meymun və ov itləri təlimçiləri, aşpazlar, xidmətçilər, əyanlar və ov zamanı lazım olan bu cür digər xidmətçilər olur.

Əbdürrəhman tez soruşdu:

– Onlar ovda çoxmu qalacaqlar?

– Ov ola bilsin ki, bir həftə, ya da bir ay, yaxud da bir neçə həftə davam etsin15. Onlar dəstələrə bölünürlər. Hər bir adamın özünün ayrıca yeməyi, içməyi, geyinməyi üçün hər şeyi olur. Bu ov bizdə İraqda farsların hakimiyyəti dövründə keçirilən ovlar kimi olur. Farsların şahı ova çıxanda Dəclə və yaxud Fərat çayından iti bucaq altında başlanan və uzunluğu bir fərsəx olan divar tikirlər. Sonra şah, yaxud əmir öz adamları və əyanları ilə atlara, qatırlara və ulaqlara minərək cüyürləri, vəhşi qulanları, digər ov heyvanlarını divara, yəni çaya tərəf qovurlar. Həmin heyvanları geri qayıtmağa qoymurlar, qarşılarında isə heç kəs olmur. Heyvanlar aldanaraq divarın arxasına tərəf sığınırlar, çayla divar arasında mühasirədə qalırlar və qaçmağa yer tapmırlar. Sonra şah və onun ətrafındakılar mühasirədə qalmış bu heyvanların üstünə cumub onları ovlamağa başlayırlar. İstədiklərini öldürür, qalanlarını isə sərbəst buraxırlar. Zənnimcə, Yəzid də bu Qutədə həmin qayda ilə ov edəcəkdir.

– Elə isə gizlənmək üçün bir yer tapmaq lazım deyilmi?

– Bunu mənim öhdəmə buraxın, – deyib monastırın rəisinin otağına getdi.

Səhər yenicə açılmışdı. Monastırın rəisi binanın üstündə dayanıb həyətin təmizlənməsi, xalçaların döşənməsi, oturmaq üçün yerlərin hazırlanması, meyvələrin qablara qoyulub düzülməsi, soyuq şərbətlərin, müxtəlif meyvə şirələrinin hazırlanması işlərinə nəzarət edirdi.

17. Binanın üstündəki tək otaq

Amir rəisin otağına qalxıb onu salamladı. Rəis Amirin salamını aldı. Amir bu canfəşanlığın nə ilə bağlı olduğunu bilməsini büruzə verməyib hazırlığın səbəbini soruşdu. Monastırın rəisi ona cavab verdi:

– Bu səhər əmirəl-möminin bizim monastıra təşrif buyuracaqdır. O, buradan keçib ova getmək niyyətindədir. Adətən, hər dəfə ova çıxında bu monastırı birinci istirahət yeri seçir.

Amir özünü elə göstərdi ki, bu cavab onun narahatlığına son qoydu. Söhbəti davam etdirdi:

– Eşitmişəm ki, mövlana xəlifəmiz bu vəzifəni çoxdan yerinə yetirdiyinizə görə sizə hörmət edir.

– Bəlkə də məhz buna görə hörmət edir. Burada təəccüblü bir şey yoxdur. Mən ondan əvvəl onun atasını tanıyırdım. O da burada çox olmuşdur, oturub çox söhbətlər etmişik. İndiki xəlifəmiz o vaxtlar yeniyetmə idi və bəzən bu Qutəyə gəzməyə gəlirdi. Onun Dəğfəl adlı bir müəllimi var idi, ona nücum elmini və ərəblərin nəsil şəcərəsini öyrədirdi.16 Mənim yanıma gələndə çox səmimi söhbətlərimiz olurdu. Xəlifə olandan sonra da o günləri unutmayıb və dostluğu indi də davam etdirir.

– Əmirəl-mömininin haşiyəsinin, onun xidmətçilərinin görkəminə baxmaq adamda xoş təəssürat yaradır və istərdim ona tamaşa edim. Qızım isə məndən çox istəyir. Lakin mən bilmirəm, necə edim ki, o mənzərəni ona göstərim, amma qızımı heç kəs görməsin. Çünki adət-ənənəmiz qadının hicaba əməl etməsini zəruri sayır.

– Bu çox asan işdir. Mən bu damdakı otağımı sizin ixtiyarınıza verərəm, orada oturub xəlifənin ziyarətinə tamaşa edərsiniz.

Amir onun bu səxavətinə görə minnətdarlığını bildirib:

– Allah həmişə köməyin olsun, – dedi və Səlma və Əbdürrəhmanı çağırmağa getdi.

Amir gedəndən sonra monastırın rəisinin yadına bir şey düşdü. Dünən gəlmiş üzü alalıq xəstəliyinə tutulmuş qonaq demişdi ki, bunların əmirəl-mömininlə bağlı nə isə bir işləri var. Lakin sözünü geri götürmək istəmədi.

Bir azdan sonra Amirgil otaqdan çıxıb rəisin binanın üstündəki otağına aparan daş pilləkənlə qalxmağa başladılar. Rəis onları qarşılayıb məsləhət gördü ki, bacardıqca gizlin tamaşa etsinlər. Onun sözlərinin yalnız hicabın tələbləri ilə əlaqədar olduğunu hesab edib dediklərinin fərqinə varmadılar.

Onlar rəisin otağına daxil oldular. Otağın iki pəncərəsi vardı. Biri monastırın həyətinə, digəri isə bağa açılırdı. Əvvəlcə bağa və onun arxasında olan Qutəyə tamaşa etməyə başladılar. Xəlifənin dəstəsini buraya çatmamış müşahidə etmək istəyirdilər. Günəş çıxmışdı və öz şüalarını arxlarlın və göllərin yerləşdiyi bu yaşıl çəmənliyə qərq etmişdi. Quşlar yuvalarını tərk etməyə başlamışdı, bülbüllər cəhcəh vururdu. Tövlədəki qaramalın, ulaqların və dəvələrin səsi bu gözəlliyə üstün gələ bilmirdi. Onların fikri-zikri isə meyvələrin və gül-çiçəyin rayihəsinin qarışdığı bu gözəl mənzərəyə cəlb edilmişdi.

18. Yəzid və Ubeydulla ibn Ziyad

Bu gözəl mənzərədən çox ləzzət ala bilmədilər. Ağacların arasında Dəməşq tərəfdən gələn atlı dəstə gördülər. Dəstənin önündə zər-zibalı paltarı və başında kiçik əmmaməsi olan bir atlı irəliləyirdi. O, tündqırmızı rəngli cübbə geyinmişdi. Böyüründən isə daş-qaşla bəzədilmiş qılınc sallanırdı. Günəşin şüaları həmin daş-qaşda əks olur, məşəl kimi işıq saçırdı. Birinci atlının arxası ilə on nəfərdən çox atlı irəliləyirdi. Onların önündə isə paltarı onların hamısından yaxşı olan və birinci atlıya daha çox oxşayan atlı var idi.

Amir baxan kimi birinci atlının Yəzid ibn Müaviyə olduğunu tanıdı. Lakin məsafənin çox uzaq olduğundan onun sifətini dəqiq seçə bilmirdi. Onun arxasınca irəliləyən atlını tanımadı və onu xəlifənin adamlarından olduğunu hesab etdi.

Səlma soruşmaqdan özünü saxlaya bilmədi:

– Əmi, öndəki atlı kimdir? Deyəsən, xəlifə dedikləri odur.

– Libasından görünür ki, o özüdür.

– Bəs onun yaxınlığındakı ikinci atlı kimdir? Mənə belə gəlir ki, o, xəlifənin yaxın adamlarındandır.

– Məncə, elədir. Yaxınlaşanda tanıyacağam, kim olduğunu sənə deyərəm.

Onların nəzərləri bu iki atlıya dikilmişdi. Arxalarınca gələnlərə isə dəstə bağın qapısına yaxınlaşana qədər heç fikir vermədilər. Monastırın rəisi öz rahibləri ilə birlikdə böyük qonağı qarşılamaq üçün bayıra çıxdılar.

Süvarilər atlarından yerə endilər. Əvvəlcə xəlifə və onu müşayiət edən şəxs, onların ardınca haşiyədəkilərin hamısı bağın qapısından içəri keçib monastırın binasına tərəf irəliləyirdilər. Amir diqqətlə onlara baxırdı. Səlma və Əbdürrəhman birdən Amirin sifətinin dəyişdiyini gördülər. O üzünü Səlmaya tərəf çevirdi. Səlma dərhal soruşdu:

– Əmi, niyə halın birdən-birə belə dəyişdi? Kimi gördün?

Amir köksünü ötürüb dedi dedi:

– Təəccüblüdür, Allah-Təala necə də bir-birinə bənzəyənləri bir yerə cəm edir. Heç bilirsən, o iki nəfər kimdir?

– Yox. De görək, onlar kimdirlər?

– Tünd-qırmızı paltarda olan birinci gələnin həddindən artıq qarabuğdayı sifətinin çiçək xəstəliyindən çopur-çopur olduğunu görürsünüzmü? O, Yəzid ibn Müaviyənin özüdür, onu ətrafındakılar “əmirəl-möminin”, “rəbbul-aləmeynin xəlifəsi” adlandırırlar, halbuki, xilafətin ona heç bir dəxli yoxdur. Gördüyünüz kimi, xoşsimalı bir cavandır, yaşı isə heç otuz dördə çatmayıb. Çiçək xəstəliyi önun camalına bir o qədər təsir göstərə bilməyib.17 Xilafətin isə Yəzidin gözəlliyinə, xüsusilə xəlifə eyş-işrətə qurşanıbsa, heç bir ehtiyacı yoxdur. Xəlifənin yaxınlığındakı, o qürurla addımlayan şəxs yanınızdan keçsə, ondan müşk-ənbər qoxusu gəldiyini hiss edəcəksiniz. O, Ubeydulla ibn Ziyaddır.18

Onun adı çəkilən kimi Səlmanı titrətmə tutdu və dedi:

– Məgər mənim atamın qətlində canfəşanlıq edən onun atası olmayıb?

– Bəli, odur, bu da onun oğludur.

Əbdürrəhman:

– Çox qəribədir ki, iki qatil bir yerə gəlib çıxıblar. Lakin, inşaallah, ikisi də qətlə yetiriləcəkdir, – deyib dişlərini qıcırdatdı.

Amir onun üzünə tərs-tərs baxdı, baxışları ilə hər tərəfdən onlara nəzarət edənlərin və düşmənlərin olduğu bir halda açıq-aşkar sözlərə görə qınayırdı.

Yəzid və onu müşayiət edənlər monastıra yaxınlaşanda haşiyəsindəkilərin qalanları tək-tək, dəstə-dəstə bağa daxil olmağa başladılar. Onların bəziləri qatırlara və eşşəklərə minmişdi, böyük əksəriyyəti isə piyada idi. Lakin onların paltarları bir-birindən seçilirdi. Bəzilərinin paltarı qısa, bir qismininki isə uzun və müxtəlif rənglərdə idi. Bəziləri nizə və yay-oxla silahlanmışdı. Bəziləri ov pələnglərinin, meymunların boynlarındakı xaltaların zəncirlərindən, bir çoxu isə ov itlərinin zəncirlərindən darta-darta içəri keçirdilər. İtlərin biləklərində qızıl qolbağlar, bellərində isə qızıl saplarla naxışlar vurulmuş çullar var idi. Hər itə bir qul baxırdı.19 Hər qul öz itinin yemək və təmizlik cəhətdən qayğısına qalırdı. Haşiyədəkilərin bəzilərinin qolları üstündə ov quşlarından şahin, qızılquş və tərlan var idi.

Axırda gələnlər bağda yerləşdilər, çünki gələnlərin hamısı monastırın həyətinə yerləşə bilməzdi. Müxtəlif səslərin bir-birinə qarışmasından yaranan hay-küydən qulaq batırdı. Atların kişnərtisi, eşşəklərin və qatırların anqırtısı, ov pələnglərinin fınxırtısı və itlərin hürüşməsi, meymunların qəhqəhəsi, ov quşlarının civiltisi və onların qanadlarının şappıltısı bir-birinə qarışmışdı. Bunlardan əlavə xidmətçilərin səs-küyü, silahların cingiltisi də hamının diqqətini özünə cəlb edirdi. Yəzid və onun yaxınlarından, o cümlədən Ubeydulla ibn Ziyaddan başqa dəstədən heç kəs monastıra daxil olmadı.

19. Ovun incəlikləri

Səlma bu qədər xidmətçilərin və onların məsul olduqları heyvanların nə məqsədlə gətirildiyini soruşmaq istəyirdi ki, Amir hər şeyə özü izahat verməyə başladı:

– Səlma, biz indi elə bir mənzərəyə tamaşa edəcəyik ki, sənin yaşda olanlar bunu çox nadir hallarda görə bilərlər. Mən indi onu qısaca olaraq sənə danışacağam. Məlumun olsun ki, xəlifə ova çıxıb. Ola bilsin ki, o, Qutənin lap içərilərinə getsin. Belə olan halda onun bu səfəri bir neçə həftə çəkəcəkdir. Bundan əvvəl dediyim kimi, o, ovu o qədər çox sevir ki, bu onu hətta xilafətin işlərindən də ayırır. Yəzid heyvanların bir növünü ovlamaqla kifayətlənmir. O, quş, cüyür, dovşan, vəhşi qulan və s. ovlayır. Ona görə də onun haşiyəsi bu qədər böyükdür. Ov pələnglərinə xidmət edənlər həmin pələngləri atlara da mindirirlər. Özü də tarixdə ov pələnglərini atların belinə ilk dəfə mindirən bu Yəzidin özü olubdur.20 Lakin pələnglə ilk dəfə ov edən cahiliyyət müharibələrində ad çıxarmış Kuleyb ibn Vail olmuşdur. Rəvayətə görə, onun pələngi sahibi üçün cüyür, vəhşi qulan və başqa ətiyeyilən heyvanlar ovlayırmış. Bu qədər adamların arasında ov itlərinə xidmət edən nökərlər görürsünüz. O itlərin belində zər-zibalı çullar, qabaq ayaqlarında qızıl qolbaqlar olduğunu görəcəksən. Yəzid onlarla cüyür və dovşan ovlamağı çox sevir.21

Xidməçilərdən bəzilərinin əllərində şahin tutduqlarını görürsən. Bildiyin kimi, şahin yırtıcı quşdur, əti yeyilən turac, qırqovul və başqa quşları ovlayıb onların ətini yeyir.22 Ovçular şahinləri dağlardan tutub gətirirlər və onlara uçandan sonra sahibinin yanına qayıtmağı öyrədirlər. Onlar ova çıxanda həmin şahinlərə az yemək verirlər. Şahinin sahibi əlinə dəridən əlcək geyinib quşun ayaqlarından tutub özü ilə gəzdirir. Diqqətlə baxsan, şahin sahiblərinin əllərinə əlcək geyindiklərini görərsən. Şahinin sahibi quşu əlcəkli əlində ayaqlarından tutub gedir. Şahin yaxınlıqda turac və ya qırqovulun olduğunu hiss edən kimi qanad çalıb sahibinin əlindən çıxıb uçmağa can atır. Sahibi quşu buraxır və o, dərhal havaya qalxıb ovunun üstünə şığıyır. Quşu vurub yerə salır və dərhal da onun ətindən qoparıb yeməyə başlayır. Şahinin sahibi isə quşun ardınca qaçır. O, şahini tapan kimi, ovu yeməyə macal tapmamış onun ağzından alır. Şahin özü isə buna əhəmiyyət vermir.

Bu qayda ilə qızılquşla, laçınla və tərlanla da ov edirlər. Lakin dediyim kimi, onlar yalnız əti yeyilən quşları ovlayırlar.

Əbdürrəhman Amirin sözünü kəsib dedi:

– Lakin mən eşitmişəm ki, şahinlə cüyür də ovlayırlar.

– Ovlayırlar. Lakin şahin həmin ovu təkbaşına başa çatdıra bilmir. Çünki şahinlərin bəzisi əldən buraxıldıqdan sonra cüyürün lap sifətinə hücum edib onun qaçmasına mane olur. Məhz bu zaman ov iti və ya pələng yetişib cüyürü parçalayır. Şahinin vəhşi qulanı ovlamasından danışmağa dəyməz. Onu yalnız pələnglə ovlayırlar. Cüyürü oxla da vurub ovlayırlar. Vəhşi qulan Qutədə yerləşən Cərud kəndi ətrafında çox olur.23

Səlma ov barədə deyilənlərə diqqətlə qulaq asırdı. Onun bəzi şeylər barədə müəyyən təsəvvürü var idi. Lakin ovun bu cür incəlikləri olduğunu bilmirdi. Amir söhbətini bu yerə çatdıranda Səlma hiss etdi ki, o, söhbətini dayandırmaq istəyir. Səlma ona fürsət verməyib dedi:

– Mən oradakı nökərlərdən bəzilərinin yedəklərində meymunlar olduğunu görürəm. Meymunlardan birinin əynində qırmızı və sarı ipəkdən paltar, başında isə müxtəlif rəngli ipək parçalardan hazırlanmış sərpuş vardır. Həm də meymun qırmızı ipəkdən hazırlanıb müxtəlif naxışlar vurulmuş palanı olan bir eşşəyin belinə oturdulub.24 Meymunun qarşısında bir nökər əli ilə ona meyvə yedirdir. Bəs ovda bu meymunun nə faydası ola bilər?

Amir gülüb dedi:

– O meymunun adı “Əbu-Qeys”dir. Yəzid özü ona şəxsən təlim verib və belə bir ad qoymuşdur. Yəzid öz nədimləri ilə eyş-işrət məclisinə oturanda o meymun üçün də bir mütəkkə qoyurlar. Özü də çox xətakar meymundur. Cıdır keçirilən günlərdə həmin eşşəyə minib yarışlarda iştirak edir. Bəzən cıdırda hətta qalib də gəlir.

20. Ziyafət

Yəzid barədə deyilənlərdən Səlmanın əti ürpəşdi və dedi:

– Deməli, xilafət belə bir həddə çatıb. İlk xəlifələrin dövründən sonra nələr ola bilərmiş?! Paltarları cod bezdən, başmaqları, hətta qılınclarının həmaili xurma lifindən idi. Onlar bazara gedəndə rəiyyətlərindən fərqlənmirdilər.25 Ey Ömər ibn Əl-Xəttab, ey Əli ibn Əbu-Talib, ey Əbu-Bəkr Əs-Siddıq, təvazökarlıq və dinpərəstlik hara getdi? Ədalət və doğruluğun axırı nə oldu? Qətiyyət və əzmkarlıq harada qaldı? Elm və fəzilət hara getdi? Vay islamın və müsəlmanların halına, gör nə günə qalıblar!

Əbdürrəhman dərhal ona dedi:

– Səlma, ruhdan düşmə! Onlardan xilas olmağa lap az vaxt qalıb. Zənnimcə, sən bu gördüklərindən və eşitdiklərindən sonra məni istədiyim o işi yerinə yetirməyə sərbəst buraxarsan.

Səlma köksünü ötürüb susdu. Qəlbi isə sanki deyirdi ki, sevgilisi təhlükə qarşısındadır. Qız sakit qalmışdı. Birdən monastırın həyətində itlərin hürüşməsi eşidildi. Onların arasında “Şeybub”un səsi xüsusilə seçilirdi. Üçü də həyətə açılan pəncərəyə yaxınlaşdı. Xəlifənin və onun yaxın adamlarının söyüd ağacı altında yerə döşənmiş xalçaların üstündə oturduqlarını gördülər. Onların qarşısında meyvə ilə dolu qablar var idi. Rahiblər əllərində şərbət və digər meyvə şirələri doldurulmuş qablar tutub əmrə müntəzir idilər. Onlar bu içməli şirələri özləri bağın meyvələrindən çıxarmışdılar. Bunlardan əlavə rahiblər üzüm, alma və xurmadan müxtəlif çaxırlar da hazırlamışdılar. Çaxırların hər birinin öz rəngi – qırmızı, sarı və narıncı rəngləri var idi.

Monastırın rəisi Yəzidlə üzbəüz oturmuşdu və əlindəki gümüş badəni içmək üçün xəlifəyə uzatmışdı. Lakin söyüd ağacının sıx budaqları məclisin tam görünməsinə imkan vermirdi. Oturanları yalnız sıx budaqların arasından çətinliklə görə bilirdilər. İtlərin hürüşməsi isə oturanların qulaqlarını dəng etmişdi.

Yəzid monastırın həyətinə daxil olarkən özünün zər-zibalı və qızıl qolbağlı itlərini də içəri buraxması həyətdəkilərin hürüşməsinə səbəb olmuşdu. “Şeybub” və qoca həyətin bir küncündə yatmışdılar. Qoca abid Yəzidin gəlişini hiss edən kimi titrətməyə başladı və daha dayana bilməyib, monastırın özü bildiyi gizlin bir guşəsinə çəkilib getdi, amma “Şeybub”u çağırıb özü ilə aparmadı. İt Yəzid içəri daxil olanadək yerində yatmışdı. Xəlifənin itləri söyüd ağacının altında ətrafa dağılışdılar və “Şeybub” onların qoxusunu hiss edən kimi hiddətlə hürməyə başladı. Monastırdakı digər itlər də ona qoşuldular.

İtlərin hürüşməsinin çox çəkdiyini və onların sakitləşməyəcəyini hiss edən monastırın rəisi rahiblərin bir neçəsinə “Şeybub”u həyətdən qovmağı əmr etdi. İt daş pilləkənlərlə binanın üstünə qaçdı. Monastır rəisinin otağının qapısının aşağısında kiçik bir deşik vardı. İt başını həmin deşikdən içəri soxub Səlmanı və onun yanındakıları gördü. Astadan səs çıxarıb içəri atıldı və Səlmaya yaxınlaşdı. Qulaqlarını aşağı salmışdı və quyruğunu yelləyirdi. Səlma mehribanlıq göstərib əli ilə itin başını tumarlayanda “Şeybub” qıza daha da yaxınlaşıb bədənini onun paltarına sürtməyə başladı. Lakin Səlma qonaqlara tamaşa etməyə mane olacağını təxmin edib, cibindən bir-iki meyvə qurusu çıxarıb itə atdı. “Şeybub” sahibindən başqa heç kəsə yaxınlıq vermədiyinə baxmayaraq qızın atdığı meyvə qurularını yeməyə başladı.

21. İlk baxışdan məhəbbət

Səlma yenidən pəncərədən həyətə baxmağa başladı. Həyətdəkilər lütfkarlıqla əmirəl-mömininə və onunla gələnlərə xidmət edirdilər. Yəzidin itləri isə daha bərkdən hürüşürdülər. Birdən “Şeybub” rəisin otağından onların hürüşməsinə qısa bir hürüşlə cavab verdi. Bu, söyüd ağacının altındakılarının diqqətini cəlb etdi. Bəziləri səs gələn tərəfə baxdılar. Onların arasında xəlifənin yaxın dostu Ubeydulla ibn Ziyad da var idi. Onun nəzərləri Səlmanın sifətinə tuş gəldi. Qızın gözəlliyi onun bütün hisslərini coşdurdu. O, qıza məftun olduğunu hiss etdi.

Səlma adamların “Şeybub”un hürməsi ilə maraqlandıqlarını hiss etdi. Bəziləri hətta Ubeydullanın nəzərlərinin qızın sifətinə tuş gəldiyini də gördülər. Qız dərhal otağın içərisinə tərəf çəkildi, utandı və dərhal halı dəyişdi. Əbdürrəhman və Amir hələ də pəncərədən baxıb söhbət edirdilər. “Şeybub” hürəndən sonra Səlmanın pəncərədən geri çəkilməsi onların diqqətini cəlb etdi. Qıza baxanda həyadan sifətinin qıpqırmızı olduğunu və həyəcanlandığını gördülər. Əbdürrəhman onun nə üçün həyəcanlandığını soruşanda qız özünü o yerə qoymayıb dedi:

– Bu itin hürməsi xəlifənin qarşısında oturanlardan bəzilərinin diqqətini cəlb etdi və onlar pəncərəyə baxdılar.

Əbdürrəhman soruşdu:

– Baxışdan qorxursan?

Amir onun sözünü kəsib dedi:

– Nədən bilirsən ki, qorxub? Sadəcə ytanıb.

Ubeydulla ibn Ziyad gözləmədiyi halda ilk baxışdan Səlmaya məftun olmuşdu. Qızı tapıb görmək üçün səbri qalmamışdı. Lakin xəlifənin yanında olduğundan buna cəsarət etmirdi. Xəlifəni aldadıb ovdan yarımçıq qayıtmağı, yoldan təkbaşına monastıra burulmağı və o dilbər qızı axtarıb tapmağı qərara aldı.

Lakin Ubeydulla ibn Ziyad səbr etməyib monastırın rəisindən yuxarıdakı otaqdakıların kim olduqlarını soruşdu. Bu sualdan monastır rəisi lap qorxdu. Çünki üzünü alalıq xəstəliyi tutmuş qonağın o üç nəfərin çox təhlükəli, həm də xəlifə ilə əlaqədar işləri olması barədə dedikləri yadına düşdü. Ubeydulla onlar barədə soruşanda qorxudan ürəyi bərk döyünməyə başladı, amma özünü ələ alıb sadəlövhcəsinə dedi:

– Mövlam, oradakılar bir kişi, onun qızı və oğludur. İraq əhlidirlər, bizə qonaqdırlar, – bir az fikirləşib Ubeydullanı tam razı salmaq üçün izahat verməli oldu: – Mövlama sirr deyildir ki, biz xaçpərəstlər burada qonaq qəbul etməyə borcluyuq, çünki onlar müsəlmandırlar. Biz xəlifə Ömər ibn Əl-Xəttabın öhdəmizə qoyduğu tələbə əsasən onları qəbul edib lazımi xidmət göstərməliyik. Həmin öhdəliyə əsasən buraya gələn müsəlmanları üç gün qonaq saxlayıb onlara xidmət göstərmək bizim borcumuzdur.

Ubeydulla onların müsəlman olduqlarını eşidib rahat oldu və dedi:

– Çox yaxşı edirsiniz.

Ürəyində yəqin etdi ki, o gözəl qız hələ ərə getməyib. Lakin buna tam əmin olmaq üçün kiçik bir hiylə işlətməyi qərara aldı:

– Sən dedin ki, üç nəfərdirlər: kişi, arvadı və oğlu?

– Xeyr, mövlam, onların biri yaşlı kişidir, cavan onun oğlu, xanım isə qızıdır. Hələ ərə getməyibdir.

Ubeydulla tam əmin oldu. Lakin qorxdu ki, o burada olmayanda qız monastırdan çıxıb gedər və onun əlindən çıxar. Ona görə də monastırın rəisindən soruşdu:

– Necə bilirsən, onlar monastırda çoxmu qalacaqlar?

– Bilmirəm, məncə, onlar tezliklə çıxıb Dəməşqə gedəcəklər. Buralara ticarət üçün gəliblər.

– Xahiş edirəm, mən qayıdana kimi onları burada saxlayasan.

– Baş üstə.

Yəzid qalxmağa hazırlaşırdı. Ubeydulla xidmətçilərə qalxıb səfərə hazırlaşmağı əmr etdi. Xəlifə ilə gələnlənin hamısı adət etdikləri bir qayda ilə düzüldülər. Yəzid ayağa qalxdı və onu atına minənədək əllərində nizə tutmuş mühafizəçilər əhatəyə alıb müşayiət etdilər. İslamın ilk xəlifələrinin nə xidmətçiləri, nə də belə silahlı mühafizəçiləri olmuşdı. Adi adamlar kimi təkbaşına piyada gedirdilər. Məscidlərdə namaz qılanda camaatın önündə namaz qılırdılar. İmam Əli Kufədə məsciddə qətlə yetiriləndən və Müaviyənin özü də belə bir aqibətdən can qurtarandan sonra xəlifə oldu. Əlinin başına gələnlərin onun da başına gəlməsindən qorxaraq təkcə namaz qılmaq üçün məscidin içində bir otaq düzəltdirdi.26 Namaz vaxtı səcdəyə gedəndə başının üstünda əli qılınclı və nizəli keşikçilər dururdu. Bir yerə gedəndə və ya bir məclisdə oturanda yanında silahlı mühafizəçiləri olurdu.27 Bunu ilk dəfə Müaviyə tətbiq etdi. Bu, ondan sonra gələn xəlifələr, xüsusilə də onun oğlu Yəzid üçün qəbul olunmuş bir qayda halına düşdü.

Yəzid və haşiyəsi monastırdan çıxdılar. Monastırın rəisi və onun rahibləri onları bağadək – atlarına minənədək müşayiət etdilər. Rəis onlara ovda uğurlar arzuladı.

Ubeydulla da onlarla getdi, amma ürəyi Səlmanın yanında qalmışdı. O özünü tezliklə geri qayıtmağa hazırlayırdı.

15.İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə vad-duvalil-islamiyyə”. Müəllif.
16.Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”, 1-ci hissə. Müəllif.
17.Əd-Diyarbəkri “Tarixul-xəmis fi əhvalin-nəfs van-nəfis”, 2-ci hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə vad-duvalil-islamiyyə”. Müəllif.
18.İbn əl-Əsir “Əl-Kamil fit-tarix”, 4-cü hissə. Müəllif.
19.İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə vad-duvalil-islamiyyə”. Müəllif.
20.Əl-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.
21.Əl-Məsudi “Murucuz-zəhəb”. Müəllif.
22.Əl-Dəmiri “Həyatul-həyəvan əl-kubra”, 2-ci hissə. Müəllif.
23.Səfiyəddin Əl-Bağdadi “Mərasidul-ittila”, 1-ci hissə. Müəllif.
24.Əl-Məs`udi “Murucuz-zəhəb”, 2-ci hissə. Müəllif.
25.İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə vad-duvalil-islamiyyə”. Müəllif.
26.Bu barədə geniş məlumat almaq üçün “17 ramazan” romanına müraciət edin. Müəllif.
27.İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə vad-duvalil-islamiyyə”. Müəllif.