Kitabı oku: «Kərbəla dilbəri», sayfa 4
11. Qonaqlar monastırdan çıxırlar
Amir Əbdürrəhman və Səlmaya tərəf gedə-gedə dedi:
– Gəlin gedək, Qutədə ağacların arasında bir az gəzək. Monastırın rəisi özü icazə verdi.
Onlar ayağa qalxdılar və üçü də birlikdə monastırın həyətinə endilər və gündüz qaldıqları otağa tərəf baxdılar. Otağın qapısının açıq olduğunu gördülər. Amir tez qapını örtməyə getdi. Geri qayıdanda qoca abidin itinin qapının yaxınlığında yatdığını gördü. Qoca isə yox idi. Onun təkbaşına haraya isə getməsi onu təəccübləndirdi. Lakin eşitmişdi ki, qoca bəzən gecə, bəzən də gündüz itini tək qoyub haraya isə gedir.
Əbdürrəhman və Səlma Amirdən qabaq monastırın qapısına yönəldilər. Amir onların ardınca qapıdan çıxanda dedi:
– “Şeybub”un təkbaşına bizim otağın qapısının yanında yatdığını gördüm, o qoca yadıma düşdü. Qoca məni lap təəccübləndirib. Təmiz ərəb dilində danışır. Danışığında İraq əhlinin ləhcəsinə nə isə bir yaxınlıq vardır. Vallah, çox istərdim ki, onunla xəlvətdə görüşüb, əslini-nəslini soruşum.
Səlma dilləndi:
– Görəsən, İraqın harasındandır? Bu diyarda nə edir? Onu nə isə əbləh bir adam hesab edirəm. Lakin onun iti “Şeybub”a lap isinişmişəm. Bu it bizi müşayiət etsəydi, yaxşı olardı, bizi milçəklərdən qoruyardı, oğrudan-zaddan bizə xəbərdarlıq edərdi.
Əbdürrəhman narazılıqla dedi:
– Belə bir yol yoldaşını bizdən uzaq elə. Bizim itlərin müşayiətindən çox gizlicə hərəkət etməyə daha çox ehtiyacımız vardır.
Onlar bağın qapısına çatdılar, onu açıb bayıra çıxdılar. Özlərini elə göstərirdilər ki, guya var-gəl edirlər. Monastır gözdən itən kimi özlərini sıx ağacların arasına verdilər. Amir qabaqda gedirdi, Əbdürrəhman və Səlma onun ardınca irəliləyirdilər. Yolları gah qalxır, gah da enirdi, istiqaməti ağacların budaqları arasından süzülən Ay işığı ilə müəyyən edirdilər. Kölgələr yerdə adamabənzər şəkillər yaradırdı. Həmin şəkillər sanki bədirlənmiş Ayın onları görməsindən qorxaraq ruhlara çevrilirdilər.
Danışmadan bir neçə arxın körpüsündən keçdilər. Səlmanın ürəyi atasının qəbrinə yaxınlaşdıqca həyəcanla döyünürdü. Əbdürrəhman isə Yəzidi necə öldürəcəyi barədə fikirləşirdi. Üzərində böyük bir ağacın ucaldığı kiçik bir təpəyə çatdılar. Ağacın altında orada-burada intizamsız şəkildə yerləşən, üzərində heç bir otun bitmədiyi bir neçə torpaq yığını var idi. Amir qoz ağacını görən kimi ayağını saxladı, o biriləri də dayandılar. Cavanlar Amirin qəbiri göstərəcəyini gözləyirdilər. Amir barmağı ilə ağacın gövdəsinə yaxın olan bir torpaq yığınını göstərib dedi:
– Səlma, atanın qəbri budur.
Səlma bu sözləri eşidən kimi özünü həmin torpaq yığınının üstünə atdı. Ağlaya-ağlaya torpağı öpdü və hıçqırıq qarışıq səslə növhə deməyə başladı:
– Atam vay! Ata, bu sənin torpağındır!? Bəs özün haradasan!? Ey Kində qəbiləsinin başçısı, ey Hucr ibn Adiyy, de görüm, indi haradasan!?
Əbdürrəhman irəliləyib Səlmanın yanında dayandı. Ağlamağı özünə sığışdırmadı, çünki buraya intiqam almağa gəlmişdi. Ağacın gövdəsinə söykənib Səlmaya təskinlik verməyə başladı:
– Ağlama, Səlma. Sabah intiqamını alacağımız meyit üçün ağlamaq lazım deyil, – sonra Amirə müraciətlə dedi:
– Əmi, bu qəbirin sahibinin qətlə yetirilməsinin təfsilatını bizə də danış.
Amir sözə başladı:
– Övladlarım, oturun, hadisəni necə görmüşəmsə, eləcə də sizə danışacağam.
Sonra səsini alçaldıb dedi:
– Özünüz bilirsiniz ki, biz düşmənin torpağındayıq, bacardıqca işimizi gizlin görməliyik.
Hamısı susub ətrafa nəzər salmağa başladı. Ətrafda heç bir ins-cins yox idi. Suyun şırıltısından və qurbağaların qurultusundan başqa heç nə eşitmirdilər. Altında olduqları qoz ağacının kölgəsində qəbirin yanındaca yerə oturdular. Səlma dizi üstə yerə çökmüşdü, gözlərindən yaş axırdı. Sakitcə dayanıb Amirin onun atasının başına gələn hadisəni danışmasını gözləyirdi.
12. Hucr ibn Adiyy
Amir dizləri üstə oturub “Fatihə” surəsini oxudu, sonra Allaha istiğfar edib sözünə başladı:
– Səlma, bu qəbirdə yatan sənin atan, İmam Əlinin ən güclü tərəfdarlarından idi. Onunla birlikdə bir çox müharibələrdə iştirak etmişdi, həyatının son anlarınadək qılıncı ilə, dili ilə ona böyük kömək göstərmişdi. İmam Əli qətlə yetiriləndən və Dəməşqdə xəlifəlik Müaviyə ibn Əbu-Sufyanın əlinə keçəndən sonra da sənin atan İmam Əlinin haqq işini müdafiə edirdi. Müaviyə hakimiyyəti ələ keçirdikdən sonra Bənu-Uməyyə güclənməyə başladı. Atan öz qohum-əqrəbası ilə birlikdə Kufədə yaşayırdı və İmam Əliyə olan hörmət və izzətini açıq-aşkar bildirirdi.
Bildiyin kimi, Müaviyənin İmam Əlinin və əhlül-beytin digər üzvlərinin kəramətini təhqir etmək kimi iyrənc bir adəti var idi. O, adamları onlara lənət yağdırmağa məcbur edirdi. Bir çoxları qorxub onun dediklərinə əməl edirdi. Lakin elələri də var idi ki, onun dediklərinə əməl etmirdi. Həmin adamların önündə isə sənin atan Hucr və onun dostları dururdu.
Müaviyə hicrətin 51-ci ilində Əl-Muğirə ibn Şu`bə adlı birisini Kufəyə hakim göndərdi və ona belə bir tövsiyə etdi: “Bu gündən sonra hökm edənlər dəyənəklə iş görməlidirlər. Sən bilməyərək cəza vermə. Sənə çox şey barədə tövsiyə vermək istəyirdim, amma onları sənin uzaqgörənliyinin öhdəsinə buraxıram. Lakin bir şeyi sənə tövsiyə etməyə bilmirəm: Əlini və onun adamlarını söyməyi, Osmana rəhmət oxuyub istiğfar etməyi, Əlinin tərəfini saxlayanları təhqir edib alçaltmağı, onları hər yerdə təqib etməyi yadından çıxarma.”
Əl-Muğirə ona belə cavab verdi: “Mən çox sınaqlardan çıxmışam, çoxlarına xidmət etmişəm, heç kim məni pisləməyib. İndi sənə urcah olmuşam. Ya məni tərifləyərsən, ya da pisləyərsən.” Müaviyə dərhal deyib: “İnşaallah, tərifləyərik.”
Əl-Muğirə Kufədə hakimlik etməyə başladı. O, Əlini söyüb onu pisləyənlərə də, Osmanı tərifləyib Allahdan ona istiğfar diləyənlərə də toxunmurdu. Sənin atan onun əməllərini eşidən kimi dedi: “Əlini pisləyib, ona lənət etməkdən çəkinin. Mən yəqinliklə bilirəm ki, kimi pisləyirsinizsə, o daha fəzilətlidir, kimi tərifləyirsinizsə, o da söyülməyə layiqdir.”
Əl-Muğirə atana dedi: “Ey Hucr, sən bu hökmdarın qəzəbinə və gücünə tuş gəlməkdən çəkin. Onun qəzəbi sənin kimiləri həlak edə bilər.” Bundan sonra Əl-Muğirə sənin atanla üz-üzə gəlməkdən çəkinirdi. Əl-Muğirə Kufədə hakimliyinin axırlarında məsciddə Əlini söyüb Osmanı tərifləyəndə atan yerindən qalxıb uca səslə qışqırıb dedi: “Sən əvvəlcə tutub saxladığın məvacibimizin özümüzə verilməsini əmr et, çünki o sənin deyildir. Yadında saxla ki, sən əmirəl-möminin Əlini söyməkdə çox canfəşanlıq edirsən.” Məsciddəkilərin yarısından çoxu ayağa qalxıb qışqırdı: “Hucr düz deyir, bizim məvacibi özümüzə qaytar, onlar sənin deyildir. Biz məvacibimizdən istifadə edə bilmirik.” Onlar bu qəbildən çox sözlər dedi. Əl-Muğirə minbərdən enəndən sonra qohum-əqrəbası ona yaxınlaşıb dedi: “Nə üçün bu adamın cürət edib sənə elə sözlər deməsinə imkan verirsən? Bu sözlərə görə əmirəl-möminin – Müaviyənin sənə qəzəbi tuta bilər.” Əl-Muğirə isə onlara belə dedi: “Mən Hucru artıq öldürmüşəm. O məndən sonra gələn hakimin də mənim kimi mülayim olduğunu hesab edəcək və mənə dediklərini ona da deyəcək, o isə tutub onu öldürəcəkdir. Mənim hakimlik vaxtım qurtarır. İstəmirəm ki, bu diyarın yaxşı adamlarını tutub öldürüm, onlar hörmətli olsunlar, mən isə pis adam olum. İstəmirəm ki, Müaviyəyə bu dünyada ehtiram etsinlər, Əl-Muğirə isə axirətdə pis adam olsun.”
Bir müddətdən sonra Əl-Muğirə vəfat etdi. Öz dərrakəsi və məkrliliyi ilə məşhur olan Ziyad ibn Əbihi Kufəyə vali təyin edildi. O, gələn kimi məsciddə adamlar qarşısında çıxış etdi, Osmanın ruhuna dua oxudu, onun tərəfdarlarını təriflədi və onun qatillərini lənətlədi. Atan ayağa qalxıb Əl-Muğirənin vaxtında olduğu kimi kəskin çıxış etdi. Lakin Ziyad qəzəbini boğub saxladı. O, atana zərbə vurmaq üçün fürsət axtarırdı. Bir gün məsciddə minbərə qalxdı. Ziyad hədələyib dedi: “Fəsada son qoymağın vaxtı çatıb. Mənə tabe olmasanız, cəsarət edib Allaha qarşı çıxsanız və düz yola qayıtmasanız, sizi öz dərmanlarınızla müalicə edəcəyəm. Mən Kufəni Hucrdan xilas edəcəyəm və ondan sonra gələn şiələrə nümunəvi cəza verəcəyəm. Ey Hucr, vay sənin halına, gözlərinə tor gəlib, heç nə görmürsən.” Ziyad sonra öz adamlarından birini göndərib atanı yanına çağırdı. Həmin vaxt atan məsciddə idi. Onun dostları həmin adama dedilər ki, Ziyadın yanına getməyəcəyik, ona etibar yoxdur. Göndərilən şəxs geri qayıdıb əhvalatı Ziyada danışdı. Sonra Ziyad öz fərraşbaşısı Şəddad ibn Əl-Heysəm Əl-Hilalini bir neçə adamla göndərib Hucru gətirtməsini əmr etdi. Atanın dostları onları da bihörmət edib geri qaytardılar. Onlar qayıdıb əhvalatı Ziyada danışdılar.
Ziyad atanın onun adamlarına tabe olmaqdan imtina etdiyini görüb onu aldadıb həbs etmək üçün müxtəlif hiylələrə əl atmağı qərara aldı. Atanın ətrafındakılardan bəziləri Ziyaddan aman istəyib onun tərəfinə keçmişdilər. Onlar Ziyada Hucru Şama – Müaviyənin yanına göndərməyi təklif etdilər. Ziyad təklifi bəyəndi. Hucrun yanına adam göndərdilər. Rəhmətlik atan bu dəfə Ziyadın hüzuruna getdi. Ziyad onu görən kimi dedi: “Xoş gəlmisən, müharibə vaxtı döyüşürlər, indi isə müharibə yoxdur, adamlar əminamanlıqdadır. Sən nə etsən, özünə edəcəksən.” Atan ona belə cavab verdi: “Mən itaətdən çıxmamışam, öz adamlarımdan da ayrılmamışam. Mən öz beyətimdəyəm.” O, atanı tutub həbs etməyi əmr etdi. Onu aparanda Ziyad ardınca dedi: “Vallah, bunun boynunu necə də həvəslə vurardım.”11
Sonra Ziyad atanın dostlarını həbs etmək istədi. Onların çoxu qaçıb gizləndi, amma bəzilərini həbs edə bildi. Çuğulçulardan biri Ziyadın yanına gedib dedi ki, Hucrun adamlarının başçısı Seyfinin gizləndiyi yeri ona xəbər verdilər. Ziyad adamlarını göndərdi və onu tutub gətirdilər. Ziyad onu görən kimi qışqırdı: “Ey Allahın düşməni, Əbu-Turab12 barədə nə deyə bilərsən?” Seyfi cavab verdi: “Mən Əbu-Turab adlı adam tanımıram.” Ziyad dedi: “Yaxşı tanıyırsan. Bəs Əli ibn Əbu-Talibi tanıyırsanmı?” Seyfi dedi: “Bəli.” Ziyad: “O elə Əbu-Turab özüdür.” Seyfi: “Yox, ona Əbul-Həsən, Əbul-Hüseyn deyirlər.” Bu dəfə fərraşbaşı dilləndi: “Sənə deyirlər ki, o, Əbu-Turabdır, sən isə deyirsən ki, yox!” Seyfi ona cavab verdi: “Belə çıxır ki, əmir yalan deyirsə, gərək, mən də yalan deyəm!? Əmir batilə şəhadət verirsə, gərək mən də batilə şəhadət verim!?” Ziyad ona dedi: “Belə deyirsən!? Mənə bir zopa gətirin!” Dərhal bir zopa gətirdilər və o, Seyfiyə dedi: “Əli barədə nə deyə bilərsən?” Seyfi: “Ən yaxşı sözləri deyə bilərəm.” Ziyad əmr etdi: “Vurun onu!” Seyfini döyməyə başladılar. O qədər vurdular ki, Seyfi dayana bilməyib yerə yıxıldı. Ziyad bağırdı: “Onu qaldırın… Əli barədə nə deyə bilərsən?” Seyfi dedi: “Allaha and olsun ki, lap bıçaqla tikə-tikə doğrasanız da, məndən eşitdiklərinizdən başqa heç nə deməyəcəyəm.” Ziyad qışqırdı: “Əliyə lənət deməsən, boynunu vurduracağam!” Seyfi qətiyyətlə dedi: “Sənin dediklərini etməyəcəyəm!” Sonra onun əl-qolunu zəncirləyib həbsxanaya atdılar. Allaha and olsun ki, mən sənin atandan sonra Seyfi kimi mərd və şücaətli bir adam görməmişəm.
Sonra Ziyad on iki nəfəri tutdurdu və onları Əlinin tərəfdarlarına yardım göstərməkdə ittiham etdi. Bir neçə yalançı şahid tapıb Hucru dəstə toplamaqda, Müaviyəni camaat arasında açıq-aşkar söyməkdə və adamları ona qarşı müharibəyə çağırmaqda təqsirləndirdi. O, həm də deyibmiş ki, xilafətin işləri yalnız Əbu-Talibin nəslindən olanlar tərəfindən nizama salına bilər. Hucr, hətta xəlifə Müaviyənin şəhərdəki hakimini işdən kənar etdirib, onu Əbu-Turabdan üzr istəməyə məcbur etmiş, ona rəhmət oxutdurmuşdu. Beləliklə də Əliyə bəraət qazandırılmışdı. Həmin on iki nəfər isə onun fikrinə tərəfdar olanlar imiş. Sonra Ziyad özünün iki nəfər fərraşına atanı və onun dostlarını həmin yalançı şahidlərlə birlikdə Şama sürüb aparmağı əmr etdi.
Onları payi-piyada İraqdan bu yerə – Mərcul-Əzraya gətirdilər. Sonra həmin iki fərraş onları burada qoyub Dəməşqə getdi. Müaviyə ilə görüşüb Ziyaddan gətirdikləri məktubu ona verdilər. İş elə gətirmişdi ki, Müaviyənin hüzurunda atanla buraya gətirilənlərdən altı nəfərin tanışları varmış və xəlifə Müaviyə həmin altı nəfəri onlara bağışladı. Sonra öz adamlarından bir neçəsini həmin bu Mərcul-Əzraya göndərdi. Onlar gecənin həmin elə bu vaxtında gəlib buraya çatdılar.
13. Hücr ibn Adiyyin qətli
Mən atanın olduğu həmin dəstəni Kufədən burayadək izləyib gəlmişdim. Kənardan işin necə olacağını müşahidə edirdim. Dəməşqdən silahlı adamların gəldiyini görən kimi başa düşdüm ki, atanı və onun dostlarını qətlə yetirəcəklər. Mən bilmirdim ki, onlardan altı nəfərini Müaviyə əfv etmişdir. Elə həmin bu anlarda fürsət tapıb onlara yaxınlaşdım. Atan məni görən kimi yanına çağırdı. Mənə dediyi sözləri bütün ömrüm boyu unuda bilməyəcəyəm. Elə bil ki, əcəlinin yetişdiyini hiss edirdi. Dedi: “Amir, mənim o qızcığazım Səlmanı sənə tapşırıram. Onu bacardiğin qədər qoruyar və əmisi oğlu Əbdürrəhmana ərə verərsən. Lakin onların toyunu yalnız bu Müaviyə öləndən sonra edərsən. O öləndən sonra xəlifənin seçilməsini müsəlmanların şurası həyata keçirəcək və şübhəsiz, Hüseyn xəlifə seçiləcəkdir. İnşallah, o bizim intiqamımızı alacaqdır.” Təəssüflər olsun ki, o, sözünü qurtara bilmədi. Dəməşqdən Müaviyənin göndərdiyi silahlı adamlar atanı və onun altı nəfər dostunu o birilərindən ayırdılar və qətldən qabaq onlardan biri dedi: “Bizə əmr edilmişdir ki, sizə Əlidən üz döndərməyi, onu lənətləməyi təklif edək. Əgər biz dediklərimizi etsəniz, sizi azad edəcəyik, yox, əgər etməsəniz, qətlə yetirəcəyik.” Onlar dərhal cavab verdilər: “Biz elə şey etməyəcəyik.” Başçıları əmr etdi ki, qəbirləri qazsınlar, kəfənləri hazırlasınlar. Atan və onun dostları bütün gecəni salavat çevirib dua oxudular. Dan yeri qızaranda cəlladlar onları edam etmək üçün yaxınlaşanda atan dedi: “İmkan verin, dəstəmaz alıb, namaz qılım. Dəstəmaz almamışam və namaz da qılmamışam.” Onlar geri çəkilib, namaz qılmalarına imkan verdilər. Atan onlara dedi: “Allaha and olsun ki, mən indiyədək belə yüngül namaz qılmamışdım. Elə güman etməyin ki, ölümdən qorxub çox namaz qılmaq istəyirəm. Allahım, səndən bu ümmətimizə kömək etməyi rica edirəm. Kufəlilər bizim üzümüzə durub yalandan şahidlik etdilər, Şam əhli isə indi bizi qətlə yetirir. Allaha and olsun ki, məni burada qətlə yetirsəniz, mən bu vadidə öldürülən ilk müsəlman cəngavəri olaram və buranın itlərinin üstünə hürdüyü ilk adam olaram.” Sonra cəlladlardan biri qılıncını sıyırıb ona yaxınlaşdı. Bu zaman, Allah ona rəhmət eləsin, titrədi. Bunu görüb ona dedilər: “Deyirdin ki, ölümdən qorxmursan. Əlidən imtina etsən, səni azad buraxarıq.” Atan sakitcə dedi: “Elə şey etmərəm. Niyə də ölümdən qorxmayım, madam ki, qəbir qazılıb, kəfən sərilib, qılınc da qınından sıyrılıb. Allaha and olsun ki, əgər mən indi qətldən qorxmasam, rəbbimin qəzəbinə gələ bilərəm.” Onu qətlə yetirdilər. Sonra da onun altı dostunu öldürdülər. Cəlladlar onlara meyit namazı qılıb, həmin bu yerdə dəfn etdilər.13 Bax, bu, sənin rəhmətlik atanın qəbiridir.
Mən Kufəyə qayıtdım. Bildiyiniz kimi, bundan sonra yalnız səni və Əbdürrəhmanı böyüdüb tərbiyə etməklə məşğul oldum.
14. “İntiqam!.. İntiqam!”
Amir danışır, Səlmanın və Əbdürrəhmanın gözləri diqqətlə onu izləyir, ürəkləri isə qovrulurdu. Onun sözləri bu yerə çatanda Səlma qışqırdı:
– Günahsızları qətlə yetirən daş ürəklilərə ölüm!.. Məgər onlar atamı İmam Əliyə lənət etməməsinə görə qətlə yetirməyiblər?!.. Allah özü zalımlardan intiqam alacaqdır!
Əbdürrəhman ayağa qalxdı, xəncərini qınından sıyırdı, xəncər bir anlığa Ayın işığında parıldadı. O, qəbirə baxıb dedi:
– Ey bu qəbirdə hərəkətsiz uyuyan! Ey əmim Hucr ibn Adiyy, mən sənin qəbirinin torpağına müraciət etmirəm, mən torpaq altında yatan, zənnimcə, hələ də burada olan o müqəddəs ruha müraciət edirəm. Allah sənə rəhmət etsin, mən, inşallah, tezliklə bu xəncərin tiyəsi ilə sənin intiqamını alacağam!
Bir anlığa o böyük ağacın altına sükut çökdü. Yalnız ağcaqanadların zəif vızıltısı və suyun şırıltısı eşidilirdi. O üç nəfərin hər birinin fikirləri yalnız bir şey – necə intiqam almaq ətrafında dövr edirdi. Birdən Səlma yerindən qalxdı və atasının qəbirinin qarşısında dizi üstə çökdü qəbirin üstündən bir ovuc torpaq götürdu və gözlərini ağacın budaqları arasından səmaya dikib dedi:
– Ey böyük Allah, özün bilirsən ki, mənim burada yatan atama zülm edib öldürüblər! Yalnız sən özün məzlumların yardımçısısan. O, sənin Peyğəmbərinin ailəsinin, Peyğəmbərin kürəkəni və əmisi oğlu İmam Əlinin qələbəsi yolunda qətlə yetirilib.
Səlma sözünü qurtaran kimi sanki qəbirin dərinliklərindən çıxan qəribə bir səs eşitdilər. Səs, elə bil ki, ruhlar aləmindən gəlirdi. Səs zəif idi, özü də, sanki, ayrılıqda onların məhz hər birinin qulağına pıçıltı ilə deyilmişdi: “Zülm edənləri dəhşətli əzabla müjdələ!”
Onlar həmin səsi eşidən kimi bədənlərinə üşütmə düşdü, qorxu canlarına hakim kəsildi, təəccübdən donub qaldılar, bir anlığa sakit dayandılar. Onların hər biri elə zənn edirdi ki, bu şərafətli ayəni14 yalnız təkcə o eşitmişdir və təəccüblə bir-birinin üzünə baxanda dərk etdilər ki, həmin sözləri onların hər biri eşitmişdir.
Onlara elə gəldi ki, Hucrun ruhu qeybdən onlara müraciət edir, yaxud da səmavi ruhlardan biri onları əzəmətli xaliqin iradəsindən xəbərdar etmək istəyir. Qorxu onlara hakim kəsildi. Sakit dayanmışdılar, heç biri hərəkət etməyə qadir deyildi. Onlar elə gəldi ki, heç kəsin olmadığını güman etdikləri bu yerdə çoxlu adam məskundur. Səlma hələ də qəbrdən götürdüyü torpağı ovcunda saxlayırdı. Əbdürrəhman hələ də ayaq üstə dayanmışdı, xəncəri də əlində idi.
Amir danışmağa başladı:
– Allah özün qoru! – dedi və “Fatihə” surəsini tilavət etməyə başladı. O, “Fatihə”ni təzəcə qurtarmışdı ki, Əbdürrəhman xəncərini qınına qoyub həyəcanının təsirindən boğuq bir səslə dedi:
– Əmi, gördün, Allah özü bizimlədir. Qeybdən gələn o səs bunun sübutudur. Mənim başladığım işin uğurlu olacağına bir şübhə varmı!?
Səlma sakitcə dayanmışdı. Ürəyində belə bir qənaətə gəlmişdi ki, Əbdürrəhmanın əzmi Allahın ilhamıdır. Qız hələ də onun həyatına bir xətər gələcəyindən qorxurdu. Onu artıq bu işə təhrik etmirdi, işi öz təbii axarına buraxmışdı.
Amir də ayağa qalxdı, paltarını yerə oturarkən yapışmış toz-torpaqdan təmizləməyə başladı və Əbdürrəhmana dedi:
– Oğlum, get, Allaha təvəkkül edib ona inan. Allah-Təalənin “Zülm edənləri dəhşətli əzabla müjdələ!” şərafətli sözlərini eşitmədinmi?!
Səlma da əlindəki torpağı atıb əlini təmizlədi. Üçü də monastıra tərəf üz tutdu. Ay səmanın ortasına çatmışdı. Ətrafdakı tam sakitlik onların buraya gəldiyi zamandakından fərqli olaraq indi daha qorxulu idi. Amirin söhbətindən və qeybdən gələn səsin təsirindən onların ürəyinə qorxu hakim kəsilmişdi. Ayaqları ot-ələfə, daş-kəsəyə ilişəndə çıxan səs onlara bir gurultu kimi gəlirdi. Ayaqlarının altından nə isə bir canlı sıçrayıb qaçanda, ya da qurbağa quruldayanda çıxan səs onların qulaqlarını az qala batırırdı. Yolun yarısından çoxunu mat qalmış bir halda qət etdilər. Amir yol boyu gecənin çoxdan yarı olduğu bir vaxtda monastırın qapısını kimin onların üzünə açacağı barədə fikirləşirdi. Onların çoxdan bəri monastırda olmamalarından şübhələnəcəklərindən qorxurdu. Ona görə də gəldikləri yolla getmirdi.
15. Qoca abid
Monastıra qərb tərəfdən yaxınlaşdılar və hamının yatdığını gördülər. Qapını açacaq bir adam tapmayacaqlarından qorxmağa başladılar. Dolanıb bağın qapısına tərəf getdilər. Lakin əks tərəfdən kiminsə qapıya yaxınlaşdığını gördülər. Əvvəlcə onu daha bir qonaq hesab etdilər. Lakin gecə yarısı buraya qonaq gəlməsinə təəccübləndilər. Hələ də həmin adamın qaraltısına baxırdılar. Səlma birdən səsləndi:
– Bu ki, həmin qoca abidin özüdür. Kürəyindəki dəri parçasını görürürsünüz?!.. Saçları da qar kimi dümağdır!
Bundan əvvəl onun yerişini görməmişdilər. Onun cəld hərəkət etdiyini görüb təəccübləndilər. Əbdürrəhman dedi:
– Mən onu görəndə əvvəlcə elə hesab etdim ki, o, bizim qoca abiddir. Lakin onun cəld hərəkətlərini və sürətli yerişini görəndən sonra mənə elə gəldi ki, səhv edirəm. Monastırın həyətinin küncündə gördüyümüzün əksinə olaraq, onun beli qocalıqdan heç də əyilib qozbelləşməyib.
Amir dilləndi:
– Mən onun belə çevikliyini ət yeməyib, yalnız meyvə və tərəvəzlə qidalandığında görürəm. Lakin mən onun gecənin belə bir vaxtında monastırdan kənara çıxmasına təəccüb edirəm. Qocanın bizi həmin qoz ağacı altında görməsindən, hətta danışdıqlarımızı eşidib bizim sirrimizdən agah olmasından qorxuram.
Səlma dedi:
– Əgər bizimlə oraya getsəydi, görərdik, ya da ayaqlarının səsini eşidərdik. Orada tam sakitlik idi və Ay da hər tərəfi yaxşı işıqlandırırdı. Lakin mənim zənnimcə, o, Qutədə gəzib özünə mer-meyvə axtarırmış. Monastırın rəisi özü onun qəribə həyat tərzi keçirdiyini danışmışdı.
Onlar pıçıltı ilə danışdıqları müddət ərzində qoca bağın qapısına yaxınlaşdı, əlindəki nə ilə isə qurdaladı və qapı açıldı. Qoca içəri keçdi və dayanıb Amirgilin gəlməsini gözlədi. Onlar qocanın bu yardımına çox təəccüb etdilər. Onun bunu nə üçün etdiyini başa düşə bilmirdilər. Onlar qocanın bu hərəkətini xasiyyətinin qəribəliyində görürdülər. Qapıdan içəri keçəndən sonra ona salam verdilər. O, salamı almayıb sürətlə monastırın qapısına yaxınlaşıb zəngi çaldı. Rahiblərdən biri oyanıb qapını açdı. Qoca içəri girdi və Amirgil də onun arxasınca içəri keçdilər. İçəridə qoca qeybə çəkildi, onu bir daha görə bilmədilər, sanki kölgə idi, yoxa çıxmışdı. Onlar öz otaqlarına tələsdilər. Yolda çəkdikləri məşəqqətdən və üzləşdikləri sehrdən sonra yatmaq istəyirdilər.