Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kərbəla dilbəri», sayfa 6

Yazı tipi:

22. Eşq və intiqam

Qonaqlar gedəndən sonra Səlmagil aşağıdakı otaqlarına getdilər. Əbdürrəhman sakit idi, heç nə danışmırdı. Amir və Səlma intiqam üçün Əbdürrəhmanın ürəyindən nələr keçdiyini yaxşı anlayırdılar. Onlar otağa girən kimi döşəməyə çökdülər. Əbdürrəhman isə oturmadı. Üzündən bərk həyəcan keçirdiyi görünürdü. Səlma onun həyəcanına əhəmiyyət verməyib aşağı oturmağa dəvət etdi. Əbdürrəhman əsəbiliklə dedi:

– Bu nədir, illərlə gözlədiyimiz an yetişib, sən isə məni oturmağa çağırırsan?

Səlma onun nə demək istədiyini başa düşdü, amma özünü bilməməzliyə vurub soruşdu:

– Hansı an yetişib?

– Özünü bilməməzliyə vurma, indi bunun yeri deyildir. İş özü elə gətirib ki, intiqam almağın vaxtı yetişib.

Qızın ürəyi sıxıldı. Xəlifənin mühafizəçilərinin çoxluğunu, hamısının silahlı olduğunu görəndən sonra dərk edirdi ki, Əbdürrəhmanı böyük təhlükə gözləyir. Ona dedi:

– Gəl, hələlik, intiqamı bir yana qoyaq. Onun vaxtı hələ çatmayıb.

– Necə yəni çatmayıb!? Axı, artıq Yəzid öz itləri, pələngləri və şahinləri ilə ova çıxıb!

– Elə məhz bunun üçün sənə görə çox qorxuram. Səni Allaha and verirəm, özünü təhlükəyə məruz qoyma. Çox çətin işdir, yol da ağırdır.

– Artıq qərara gəlmişəm, Allaha da təvəkkül etmişəm.

Əbdürrəhman bunları deyib xəncərini, paltarını sahmana salıb yola çıxmağa hazırlaşdı.

Səlma onun paltarının ətəyindən yapışdı. Yanaqları həm ona olan sevgisindən, həm də abır-həyasından qıpqırmızı qızarmışdı. Ona yalvarmağa başladı:

– Dayan! Səni Allaha and verirəm, getmə! Mən sənin həyatına görə çox qorxuram. Sən təksən, onlar isə çoxdurlar.

– Burax! Məni onların çoxluğu narahat etmir. Mən intiqam almağı qərara almışam. Məhz indi onun vaxtı gəlib. Mənə mane olma!

Qız ağlamsınaraq dedi:

– Yox! İntiqamın vaxtı yetişməyib. İndi getmə!

– Mən indiki vaxtdan gözəl fürsət görmürəm. Səlma, məni burax, gedim. Burax, gedim onu öldürüb müsəlmanları onun bu cür xəlifəliyindən azad edim. Hucr ibn Adiyyin intiqamını alım, özümə təskinlik verim.

– Əgər sənin getməyindən başqa bir çarə yoxdursa, qoy mən də səninlə gedim. Ya birlikdə qətlə yetirilərik, ya da birlikdə nicat taparıq.

– Qan tökməyə məlaikə ilə birlikdə getmək mənə ar olmazmı?! Səlma, burax məni, gedim.

O sivişib qızın əlindən çıxmaq istədi. Lakin qızın onun paltarından möhkəm yapışdığını görüb əsəbiləşdi və zorla onun əlindən qurtaqmaq istədi. Gözləri qızın üzünə sataşdı və onun gözlərindən yaş axdığını gördü. Qəzəbini boğdu, dayanıb qıza sevgili gözü ilə baxmağa başladı və dedi:

– Səlma, bu nədir? Sən nə edirsən? Sən mənim intiqam əzmimi zəiflədirsən, məni qorxaqlığa təhrik edirsən. Səni buna vadar edən nədir? Halbuki, bir vaxtlar sən məndən daha çox intiqam almaq istəyirdin.

Qız hıçqırıb ağladı və dili topuq çala-çala dedi:

– Bilmirsən, məni buna məcbur edən nədir? Əbdürrəhman, bu mənim sənə olan məhəbbətimdir. Mənim məhəbbətim bu qorxuya gətirib çıxarıb, – sonra gözlərini yerə dikərək zəif səslə əlavə etdi: – Məhəbbət çox şirin şeydir.

Əbdürrəhman onun bu təsirli sözlərini eşidib gülümsündi. Məhəbbətin ürəyindəki niyyətinə qalib gələcəyindən qorxaraq dedi:

– Əzizim, düz deyirsən, məhəbbət çox şirin şeydir, ondan şirin heç nə yoxdur. Səlma, amma intiqam ondan çox güclüdür. Dünyada intiqamdan ləzzətli heç nə yoxdur, bəlkə də ondan şirindir. Burax məni, qoy gedim, özünü əmirəl-möminin adlandıran o adamı öldürüm, bu xəncərlə qətlə yetirib sənin də özümün də intiqamımı alım, müsəlmanları onun xəlifəliyindən xilas edim. Ya da haqq yolunda ölüm və…

Qız onun sözünü kəsdi:

– Əbdürrəhman, bir də “ölüm” sözünü dilinə gətirmə! O söz mənə əzab verir, ürəyimi parçalayır. Allah səni onun şər-xətasından qorusun.

– Sənə əziyyət verir. Lakin məndən qabaq Allahın çox hörmətli bəndələri ölüblər. Haqqın bərqərar olması üçün İmam Əli, sənin atan Hucr ibn Adiyy, daha çoxları qətlə yetiriliblər. Məgər mən onlardan çox yaxşıyam!? Artıq intiqamın vaxtı çatıb.

Səlma ona cavab vermək istəyirdi, amma Amir ayağa qalxdı. Eşitdiyi bu ağır mübahisə ona çox təsir etmişdi. Bilmirdi ki, onların hansına haqq qazandırsın. Sakitcə Əbdürrəhmana dedi:

– Oğlum, bir az səbr et, bizə də qulaq as. Sən elə bir çətin yola çıxırsan ki, biz səni təkbaşına buraxa bilmərik. Qoy mən də səninlə gedim. Bəlkə sənə bir köməyim dəydi, ya da eləcə yanında olaram, qoy sənə nə olursa, mənə də olsun.

Əbdürrəhman Amirə tərəf baxıb dedi:

– Əmi, sən də mənim əzmimi sındırmaq istəyirsən!? Qeybdən gələn o sözləri məgər birlikdə eşitməmişik? Hucr ibn Adiyyin qəbri üstündə qeybdən gələn o səs deməmişdirmi ki, “Zülm edənləri dəhşətli əzabla müjdələ!” Bundan sonra deməyə bir söz qalıbmı? Buraxın məni, gedim qeybdən gələn o sözləri yerinə yetirim. Bunun üçün olmasa da o qoz ağacının altındakı qəbirdə yatan, zülm edilərək qətlə yetirilən Hucr ibn Adiyyin intiqamı üçün gedim. Onun intiqamını almaq üçün olmasa da Peyğəmbər aleyhis-səlamın əmisi oğlu, kürəkəni, özündən sonra xəlifə olmağa tövsiyə etdiyi İmam Əlinin intiqamını almaq üçün gedim. Nə onun, nə də bunun üçün deyil, heç olmasa, xilafətin işləri ilə məşğul olmaq əvəzinə vaxtının çoxunu ov quşları, itləri və pələngləri ilə ova çıxan, eyş-işrət məclislərində vaxt keçirən və sizin bildiyiniz digər namüxalif işlərlə məşğul olan bu hökmdarı öldürüb islam və müsəlmanların haqq işinin qələbəsinə nail olum.

Amir onun Səlmaya rəhmi gəlib öz niyyətindən qayıdacağını nəzərdə tutub dedi:

– Mən sənin yerinə yetirmək istədiyin o işin əhəmiyyətini inkar etmirəm. Lakin zənnimcə, hələ bunun vaxtı çatmayıb.

23. İsrar

Əbdürrəhman mübahisədən yorulub dedi:

– Siz bütün yolları mənim üzümə bağlayırsınız. Lakin mən bu işin yerinə yetirilməsi üçün bundan münasib vaxt görmürəm, – sonra Səlmaya tərəf baxdı, qəm-qüssəsi qəzəbinə üstün gəldi, sanki bu yola çıxmağına mane olan təhlükənin böyüklüyünü hiss etdi: – Səlma, bizim evlənməyimizin indiyək gecikdirilməsinin əsas səbəbkarı olan bu adamın qətlini başqa vaxta keçirmək istəmirəm. Səbrim tükənib. Evlənməyimizin əsas şərti bu adamın qətlə yetirilməsi deyilmi!? Sən bu halın daha çox davam etməsini istəyirsən? Mən evlənmək vaxtını həyatımı təhlükəyə qoymaq bahasına olsa belə yaxınlaşdırmaq istəyirəm. Məgər mən bunu öhdəmə götürməmişəm?! Ah, Səlma, məni hansı təhlükə gözlədiyini yaxşı bilirəm. Bu yolun təhlükəli olduğunu inkar etmirəm. Lakin bu yola getməyə məcburam. Məni burax, sən insan surətində bir mələk olduğuna görə mənim üçün məlaikələrin duasından bir dua et!

Birdən onun səsi boğuldu və susdu. Doluxsunmuş gözlərində kiçik bir parıltı bərq vurdu. Qəm-qüssə ona hakim kəsilmişdi, amma özünü ələ aldı, iftixar və cəsarəti üstün gəldi. Səlma hələ də əlilə onun paltarından yapışmışdı. Sevgisi ilə həyası mübarizə aparırdı, tər alnını tamamilə örtmüşdü. Onun sözlərini eşidəndə gözlərini yerə dikdi, gözlərindən bir neçə yaş damcısı yerə düşdü. Hisslərini gizlətməyə çalışırdı. Amir bu iki sevgiliyə baxıb, ürəyində onların dərdinə şərik çıxırdı. Lakin bilmirdi ki, onların hansı qalib gələcəkdir.

Bir anlığa üçü də sakit qaldı. Sanki onların ürəkləri məsləhətləşir, bir-birini başa düşürdü, qəlblərinin döyüntüləri dillərinin ifadə edə bilmədiklərini aydın bildirirdi.

Beləcə xeyli sakit qaldılar. Əbdürrəhman öz hisslərinə qalib gəlirdi. Lakin məğlub olacağından qorxurdu. Özünü ələ alıb, sakit səslə bir daha onları inandırmağa çalışdı:

– Səlma, mən təhlükəli bir işə getdiyimi yaxşı bilirəm. Lakin özün yaxşı bilirsən ki, səhraları, çöl-biyabanları keçib bu diyara intiqamdan başqa bir iş üçün gəlməmişik. Mən tək gəlmək istəyirdim. Siz ardımca gəlib mənə çatdınız. Mən məhz bundan qorxurdum. Mənim yolumda, haqq-ədalətin bərqərar edilməsi yolunda əngəl olma! Mənim bu diyara gəlməkdə o kişini öldürməkdən başqa bir məqsədim yoxdur. Yoxsa inanırsınız ki, biz buraya xurma və dəvə satmağa gəlmişik? Buraya onu qətlə yetirmək üçün gəlmişik. Allaha təvəkkül edib bu işə başladıqdan sonra onu yarımçıq qoyub geri qayıtmaq bizə yaraşmaz. O məlun Əbdürrəhman ibn Mülcəmin məndən səbatlı olması mənə ar olmazmı? Halbuki, o, təqsiri olmayan bir adamı qətlə yetirib, mən isə çürük bir ağacı kökündən qoparmaq istəyirəm. Mən islamı indi ona başçılıq edənin fəsadından xilas etmək istəyirəm. O ağacı kəsməkdən başqa bir çarə yoxdur. Yəzid qətl edilsə, xilafət müsəlman gənclərinin sevimlisi, Peyğəmbər səlavatullahın qızının oğlu Hüseynə yetişər. Buraxın məni, yolumla gedim. Mən öz işimdə Allaha təvəkkül eləmişəm. Mənim düçar ola biləcəyim ölüm isə Allah-Təalanın öz yaratdıqlarının hamısı üçün vardır. Əgər mənim üçün yazılıbsa, mən də əməli-saleh adamlara qovuşacağam və torpağın altında alnıaçıq, üzüağ yatacağam. Uğur qazansam, yaşayacağam, xoşbəxtliyə qovuşacağam, Səlmaya evlənəcəyəm, Hüseyn isə mənim mövlam, müsəlmanların xəlifəsi olacaqdır. Bu, son sözümdür. Tərəddüd və qorxaqlıq etdiyimiz kifayətdir!

Müdafiə olunmağa heç bir yer qalmamışdı. Amir Səlmaya dedi:

– Səlma, burax, qoy getsin. Allah-Təala onu belə bir doğru işə dəvət edib, bütün müsəlmanlar arasından yalnız onu seçib. Bəlkə o bizə uğur gətirdi. Sən isə öz işlərini Allahın öhdəsinə qoy.

Səlma əlini Əbdürrəhmanın paltarından çəkdi. Lakin heç bir söz demədi. Amir sözünə davam etdi:

– İndi sən onların arxasınca gedirsən, bəs biz nə edək, səndən necə xəbər tutaq? Necə bilirsən, bəlkə mən də səninlə gedim?!

– Əmimin bu diyardakı o qərib qəbrinin torpağına and içirəm ki, bu işi başa vurmaq üçün heç kim mənimlə getməyəcəkdir. Özüm barədə xəbər bildirəcəyəm, əgər, – deyib susdu.

Səlma həyəcanlanıb soruşdu:

– Əgər, nə? De görüm, nə!?

24. Sifəti alalıq xəstəliyinə tutulmuş qonaq

Əbdürrəhman səbrlə dedi:

– Mən indi bu xəlifənin ardınca onların ov edəcəkləri yerə qədər gedəcəyəm. Bir yerdə gizlənib Yəzidlə təkbətək qalanda onu qətlə yetirəcəyəm. Siz isə burada qalıb bu günün qalan hissəsini, bütün gecəni gözləyin. Əgər sabah axşamadək qayıtmasam, məni axtararsınız, özüm də bilmirəm, harada olacağam.

Amir dilləndi:

– Get, Allaha təvəkkül et. Biz səni sabah axşam qaranlıq düşənə kimi burada gözləyəcəyik. Günəş batandan sonra sən qayıtmasan…

Əbdürrəhman Amirin sözünü kəsdi:

– Zənnimcə, xəlifəni öldürəndən sonra gizlənməyə məcbur olacağam, deməli, bu monastıra qayıda bilməyəcəyəm, – deyib sözünü kəsdi. Bir az fikirləşib dedi: – Mən sizə bir xəbər verərəm.

– O xəbəri çatdıracaqsan? Onu necə və nə ilə göndərəcəksən?

– Sizə bir ox atacağam, oxun pərləri üzərinə görüşəcəyimiz yerin adını yazacağam. Siz gəlib məni həmin yerdə taparsınız. Sabah Günəş batanda bu monastırın damında mənim oxumu gözləyərsiniz. Oxun pərləri üzərində görüşəcəyimiz yerin adından başqa heç nə yazmayacağam. Ox rahiblərin də əlinə keçə bilər.

Amir bu fikirdən çox razı qalıb dedi:

– Yaxşı fikirdir.

Əbdürrəhman kiçik bir yay-ox götürdü və xəncərini belinə bağladı. Onların üstündən Yəzidin xidmətçilərinin paltarına bənzər bir paltar geyindi və onun üstündən bir əbaya büründü. Bu zaman Səlma onu diqqətlə izləyirdi, amma ürəyi onunla ayrılığa heç cür dözmürdü. Hazırlıq başa çatdı və vidalaşmaq məqamı çatanda ürəyi çırpındı. Qız onun getməyinə icazə verdiyinə peşman oldu. Yenidən onun getməyinə mane olmaq istədi. Lakin Əbdürrəhman buna fürsət verməyib tez qapını açıb çıxdı. Səlma rahiblərin onların işindən agah olacağından qorxaraq Əbdürrəhmana mane olmaq üçün daha heç bir hərəkət edə bilmədi. Özünü sakit aparıb gözləri ilə onu müşayiət etməyə başladı. Əbdürrəhman tez monastırın qapısını açıb bayıra çıxdı. Səlma Amirlə birlikdə Qutənin içərilərinədək gözlərilə onu uzaqdan müşayiət etmək üçün monastırın damına çıxdı. Onlar daş pilləkənlə binanın damına çıxdılar. Özlərini elə aparırdılar ki, guya ətrafa tamaşa etmək niyyətindədirlər. Yuxarı qalxandan sonra Əbdürrəhmanın bağı keçib onun qapısından çıxdığını gördülər. O nə sağına, nə də soluna baxmadan gedirdi. Bir azdan ağacların arasında görünməz oldu.

Onlar ağacların arasında Əbdürrəhmanı izlədikləri vaxt sir-sifətini örtmüş bir kişinin monastırın qapısından çıxıb onun ardınca getdiyini gördülər. Kişini tanımadıqlarına görə onun Əbdürrəhmanı izlədiyini heç ağıllarına da gətirmədilər. Əlbəttə, əgər onun Əbdürrəhman üçün hansı tor hazırladığını bilsəydilər, onu izləyib, ona çata da bilərdilər. Ya da Əbdürrəhmanı xəbərdar edib geri qaytarardılar.

Sir-sifətini örtmüş həmin kişi isə dünən monastıra gəlmiş üzü alalıq xəstəliyinə tutulmuş qonaq idi. Məlum olduğu kimi, o, monastırın otaqlarının birində gizlənmişdi. Onları hələ lap Kufədən çıxandan bəri yalnız öz mənafeyi naminə izləyirdi. Əgər Səlma onun kim olduğunu bilsəydi, canına qorxu düşərdi və sevgilisinin sabah Günəş batanadək qayıtmağını gözləməyə səbri çatmazdı.

Səlma hələ də ayaq üstə dayanıb boynunu uzadaraq gözlərini ağacların arasına zilləmişdi. Əbdürrəhman onun gözlərindən itənədək beləcə dayandı. O gözdən itən kimi qıza elə gəldi ki, ürəyi bu saat yerindən qopacaqdır. Sevgilisinin həyatına yetirilə biləcək təhlükənin qorxusuna daha dözə bilməyib hönkürtü ilə ağlamağa başladı. Onun monastırdan çıxmasına icazə verdiyinə peşman olmuşdu. Sonra qəm-qüssəyə qərq olmuş halda otağına qayıtdı, Amirlə danışa bilmirdi. Qız heç onun gözlərinin içinə də baxa bilmirdi.

Amir heç də ondan az peşman olmamışdı. O da danışa bilmirdi. Səlmanın arxasınca öz otaqlarına endi. Rahiblər onlara əhəmiyyət verməyib xəlifə üçün hazırladıqları qab-qasağı və xalçaları yığışdırırdılar.

25. Göz yaşları

Səlma otağa daxil oldu, dünya onun gözündə zülmətə bürünmüşdü. Ağlamaqdan başqa bir əlac tapmayıb göz yaşlarına güc verdi. Sanki qızın ürəyi Əbdürrəhmanın qarşılaşa biləcəyi böyük təhlükəni ona xəbər vermişdi. Sevgilisinin arxasınca gedib ona nə isə bir kömək etmək istəyirdi. Lakin nə onun hansı səmtə getdiyini, nə də xəlifənin dəstəsinin harada ola biləcəyini bilmirdi. Qəm-qüssə ilə ümid arasında iztirab çəkirdi. Amir də oturmuşdu, ürəyindən qara qanlar axırdı. Səlmaya hakim kəsilmiş qorxunu azaltmaq üçün ürəyindən keçənləri qıza bəyan etməkdən çəkinirdi. Sonra ürəklənib qızın halını yüngülləşdirmək üçün təsəlli verməyə başladı. Lakin Səlma onun sözlərini eşitmirdi.

Səlma özünə ürək-dirək verməyə başladı. Onun sevgilisinin, Yəzidi öldürmək kimi bir işi yerinə yetirməklə, həm əhlül-beytin tərəfdarı olan hər bir müsəlmanın həyata keçirməyi arzu etdiyi böyük bir işi axıra çatdıracağını, həm də atasının intiqamını alacağını təsəvvürünə gətirdi. Bununla bir az təskinlik tapdı, ağlamağı dayandırdı. Amir bundan istifadə edərək Səlmaya dedi:

– Qızım, özünü ələ al, Allaha təvəkkül et. Bəlkə bəxtimiz gətirdi, məqsədimizə çatdıq. Bu xəlifəni öldürmək çox çətin işdir, çünki onu yaxşı mühafizə edirlər. Xüsusən də özün bilirsən ki, Əbdürrəhman hər şeyi götür-qoy etmədən işə başlamaz. O, bir neçə gün olsa belə xəlifənin tək qalması fürsətini gözləyəcəkdir. Sən onun xəlifə ilə təkbətək qarşılaşmasından qorxursan? Elə zənn edirsən ki, Əbdürrəhman Yəzidlə tutaşsa, ona qalib gələ bilməz? Qorxma, özünü də çox üzmə!

Amirin sözləri qıza cadar-cadar olmuş torpağa tökülən leysan yağışı kimi təsir göstərdi. Gözlərinin yaşını silib ayağa qalxdı, Əbdürrəhman paltarını geyinərkən otağa səpələnmiş pal-paltarı və qab-qacağı yığışdırmağa başladı. Sonra oturdu, ağlamaqdan yorulduğuna görə mürgüləməyə başladı. Amir bunu görüb onu otaqda qoydu və tək qalmaq üçün bayıra çıxdı.

Səlma günortayadək yatdı. Amir arabir otağa qayıdır, onu yatmış görəndə ya binanın damına qalxır, ya da kilsəyə girir, yaxud da rahiblərlə nə onun özünə dəxli olmayan, nə də onları maraqlandırmayan işlər barədə söhbət edirdi.

Amir bir də otağa qayıdanda “Şeybub”un söyüd ağacının altında uzandığını gördü və dərhal həmin qoca abid yadına düşdü. Qocanın kəramət sahibi olduğunu zənn etdiyinə görə onunla görüşüb Əbdürrəhman barədə xoş söz eşitmək istədi. Lakin Səlmanın da onunla bərabər getməsini lazım bildi. Otağın qapısını açanda qızın yuxudan çox vahiməli halda oyandığını gördü və soruşdu:

– Qızım, sənə nə olub? Niyə belə həyəcanlısan?

Qız gözləri doluxsunmuş halda cavab verdi:

– Əmi, nədən həyəcanlandığımı özün yaxşı bildiyin halda niyə soruşursan? İndicə yuxuda gördüklərim isə məni lap tövrümdən çıxardı.

Amir onun sözlərinə əhəmiyyət vermədi, ondan yuxunun təfsilatını da soruşmaq istəmədi. Qıza iradla dedi:

– Yuxu və mövhumatı bir kənara qoy. Qalx, gedib o qoca abidlə oturub söhbət edək. Bəlkə bizə bir xoş xəbər dedi. Vallah, mən onun kimi adamları kəramət sahibi hesab edirəm.

Bu təklif Səlmaya təskinlik verdi. Dərhal ayağa qalxdı. Çox sevindi və sifətindəki nigarançılığı yox oldu:

– Əmi, nə yaxşı fikirdir. Gedək, bəs onun özü haradadır?

– Yəqin ki, monastır həyətinin guşələrindən birindədir. Bir az bundan əvvəl onun itini söyüdün altında gördüm. Çox güman ki, özü də həyətin bir küncündə, yaxud da harada isə monastırın otaqlarının birində olacaqdır.

26. Mağara

Amir, onun ardınca da Səlma otaqdan çıxdılar. Həyətə çıxan kimi it onları görüb, quyruğunu buladı və qıza yaxınlaşdı. Amir onlardan ayrılıb qoca abidi axtarmağa başladı. Bir azdan sonra qayıdıb gəldi:

– Monastırın hər yerini axtarıb hamıdan soruşdum, qocanı tapa bilmədim. Monastırın rəisi dedi ki, o, hələ xəlifə burada ikən çıxıb gedib.

– Səncə, o bağın harasındasa ola bilməzmi?

– Bəlkə də oradadır. Gəl, gedək bağda axtaraq.

Onlar monastırın qapısından çıxdılar. İçərisində qaramal və davar olan tövlənin yanından keçib getdilər. Bağı axtarmağa başladılar. İt də onların ardınca çıxmışdı. İt sola burulub irəli cumdu. Səlma bunu görüb dedi:

– Görünür, “Şeybub” öz sahibinin qoxusunu alıb, onun olduğu yerə tələsir. Gəl, biz də onun ardınca gedək.

Onlar itin ardınca getməyə başladılar. İt qocaman bir əncir ağacının yanına çatdı. Ağacın altında kiçik bir otağa bənzər mağara vardı. Qoca abid orada idi. Uzaqdan onu əlləri ilə dizlərini qucaqlamış halda gördülər. Nə isə bir müşkül məsələnin həlli üçün dərindən fikirləşirdi. İt qocaya yaxınlaşan kimi onun əllərini yalamağa, özünü ona sürtməyə başladı. Sahibi isə ona heç bir əhəmiyyət vermirdi. Qoca öz aləmindən ayrılıb gözlərini yuxarı qaldırdı. Qaşlarının pırpız tükləri gözlərini tamam örtmüşdü. Əlilə saqqalının ucunu qatlayıb ağzına soxdu və dodaqları ilə saqqalının tüklərini sümürməyə başladı. Birdən gözləri uzaqdan gələn Amir və Səlmaya sataşdı. Diqqətlə gələnləri süzməyə başladı. Onlar isə qoca ilə söhbəti nədən başlamaq barədə fikirləşirdilər. Qocaya yaxınlaşmağa macal tapmamışdılar ki, onun boğuq bir səslə onlara tərəf qışqırdığını eşitdilər:

– Əbdürrəhman haradadır?

Səlma sevgilisinin adını eşidən kimi qəlbi sürətlə döyünməyə başladı, canına üşütmə düşdü. Amir heç də ondan az təəccüblənməmişdi. İkisi də özünü itirib qocaya nə cavab verəcəyini bilmədi. Ona yaxınlaşan kimi qoca cəld və çevik bir hərəkətlə yerindən qalxıb onlara tərəf qışqırdı:

– Əbdürrəhman haradadır? Haraya gedib?

Səlmanın bədəninə üşütmə düşdü, qocanın Əbdürrəhmanı tanımasından lap təəccüblənmişdi. Cavab vermək istədi, amma dili sözünə baxmadı. Qocaya Amir cavab verdi:

– Hansı Əbdürrəhmanı soruşursan?

– Amir, sən Əbdürrəhmanı məndən soruşursan? Sənin qəyyum olduğun Əbdürrəhmanı deyirəm. De, görüm, haraya gedib? Dünən sizinlə bir yerdəydi.

Amir özünü övliyalardan birinin qarşısında hiss etdi və dedi:

– O, mühüm bir işi yerinə yetirməyə gedib. Öz kəramətinlə onun harada olduğunu bilərsən.

– Zənnimcə, indi xəlifə adlandırılan Yəzid ibn Müaviyənin ardınca gedib.

Amir və Səlma kiminsə bunu bilməsindən çox qorxdular. Bir-birinin üzünə baxıb ətrafa nəzər saldılar. Amir dedi:

– Bəli.

Qoca əlini əlinə vurub nəzərlərini səmaya qaldırıb dedi:

– Əbdürrəhman, qoy Allah özü səni o hiyləgər xaindən hifz etsin. Siz onu necə belə bir təhlükəli işə getməyə buraxmısınız?!

27. Qoca abid qeybdən xəbər verir

Səlma bu sözləri eşidib özünü onun ayaqlarına atıb soruşdu:

– Səni Allaha and verirəm, de görüm, o nə təhlükədir?

– Təhlükə Əbdürrəhmanın ardınca gedən o üzü alalıq xəstəliyinə tutulmuş adamdan yetirilə bilər.

Amir dedi:

– Mövlam, üzünü alalıq xəstəliyi tutmuş adam kimdir? Allah naminə, de görək, o kimdir? Bir az açıq danış! Sən bizi lap qorxutdun.

Qoca başını aşağı salıb susdu. Heç bir hərəkət etmirdi. Hərdən bir əlilə öz saqqalından tutur, sonra buraxırdı. Keçirdiyi həyəcanın böyüklüyündən əlləri titrəyirdi. Səlma onun sükutuna dözməyib dedi:

– Danış, səni Allaha and verirəm, de görək, Əbdürrəhman bu səfərində hansı təhlükə ilə üzləşə bilər? Üzü alalıq xəstəliyinə tutulmuş o adam kimdir?

Qoca paltarının ətəyi ilə başını və sifətini örtüb dedi:

– Üzü alalıq xəstəliyinə tutulmuş o adamın kim olduğunu bilmirsiniz? Məgər Şümr ibn Zul-Cauşəni tanımırsınız?

İkisi də bir ağızdan dedi:

– Bəli, tanıyırıq. Bəs o indi haradadır?

– O, bu gün səhər, Yəzid monastırdan çıxandan bir az sonra, sir-sifətini gizlədib çıxdı. Zənnimcə, o, Əbdürrəhmanın getdiyini görüb və Yəzidə xətər yetirmək istədiyini də bilir.

Səlma Amirə baxdı, qoca isə hələ də paltarının ətəyi ilə başını örtmüşdü. Səlma dilləndi:

– Görüm, Allah özü o xaini öldürsün! Məncə, o bizi lap Kufədən izləyirmiş. Bəlkə də bizim Şam diyarına gəlməkdən məqsədimizi də bilirmiş. Ey Şümr, ey xain, qoy Allah özü sənin axırına çıxsın! – Sonra üzünü qocaya tutub soruşdu: – İndi biz nə edək? De görək, necə hərəkət edək? Əbdürrəhmanın başına nə gələcəyini necə və haradan bilək?

Səlma bunları deyib həyəcanlandı. Ürəyi sürətlə çırpınırdı, dizləri bir-birinə dəyirdi. Ayaq üstündə dayana bilmirdi, özünü yuxuda hiss edirdi. Amir isə təəccüblə qocaya baxırdı, onun bütün bunları haradan bilməsini dərk edə bilmirdi. Lakin Əbdürrəhmana yetirilə biləcək açıq-aydın təhlükənin nədən ibarət olacağını qocadan öyrənmək məqsədilə dedi:

– Niyə bizimlə müəmmalarla danışırsan? De görək, Əbdürrəhmandan nə xəbər var, hansı işi yerinə yetirməyə gedib?

Amir sözünü qurtarmamış qoca üzünü açmadan qəhqəhə ilə gülməyə başladı. Birdən qəhqəhəsini kəsib dedi:

– Amir, sən məni yoxlayırsan? Özünü bilməməzliyə vurma. Buna görə səni bağışlamaq olar. Lakin sizin yerinə yetirmək üçün bu diyara gəlməyinizin sirri nə bu daşlara, nə də bu ağaclara gizlin deyildir. Əgər mənə inanmırsansa, o qoz ağacının altında qeybdən gələn sözləri deyəndən soruşun. Sizə deyilməmişdi ki, “Zülm edənləri dəhşətli əzabla müjdələ!”

Bu sözləri eşidəndə Amir və Səlmanın nə hala düşdüklərini təsəvvür etmək çətin deyildir. Amir qocanın əlindən tutdu, onun əllərindən öpmək istədi. O, qocanın əllərinin də, paltarının da çirkli olmasına və bədənindən pis iy gəlməsinə əhəmiyyət vermədi. Qoca isə Amirin əllərini hiss edən kimi mağaranın içərisində bir küncə çəkildi. Sifətini hələ də paltarının ətəyi ilə örtmüşdü:

Amir ondan rica etdi:

– Möhtərəm şeyx, səni Allaha and verirəm, üzünü aç, bizə tanışlıq ver.

Qoca Amirə acıqlandı:

– Amir, təmkinli ol, sənə dəxli olmayan işlərə qarışma. Bundan sonra səninlə üzümü açmadan danışacağam. Sənə o sifəti alalıq xəstəliyinə tutulmuş Şümr ibn Zul-Cauşənin məqsədindən, Əbdürrəhmana nə etmək istədiyindən məlumat verməyim kifayətdir.

Səlma çox sual verdiklərinə görə qocanın onlardan inciyəcəyindən qorxaraq dedi:

– Qəzəblənmə, suallarımızdan da incimə. Sənin işimizdən tam xəbərdar olmağından bizim nə hala düşdüyümüzü bilirsən. Mən yalnız bir sual vermək istəyirəm. Ondan sonra heç nə soruşmayacağıq. O suala cavab verəcəksən?

– Hə, hə. Bəli.

– Əbdürrəhmana bu səfərdə bir təhlükə varsa, onu xilas etmək üçün nə etməliyik?

Qoca bir anlığa susdu, sonra dedi:

– Allahdan rica edirəm ki, ona heç bir xətər toxunmasın. Çünki o özünü müsəlmanların mənafeyi naminə təhlükə qarşısında qoyub. Bu mənim axırıncı sözümdür. Daha məndən heç nə soruşmayın.

Qoca bunları deyib qalxdı və sürətlə çıxıb getdi. İt də onun ardınca Qutəyə tərəf qaçdı. Səlma və Amir qovrula-qovrula qaldılar. Sanki damarlarındakı qan donmuşdu, təəccübdən tərpənə bilmirdilər.

Ücretsiz ön izlemeyi tamamladınız.