Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Metro-2033», sayfa 3

Yazı tipi:

Dəmir mərmi yağışı bu qəribə varlıqları geri çəkilməyə vadar etdikdən sonra, bir anlıq süküt hökm sürür. Qaralar yerə yıxıldıqda, öldüklərinə əmin olmaq üçün yenidən atəş edilirdi. Hər şeyin bitməsinə, bu qorxunc varlıqları zərərsizləşdirdikdən sonra cəsədlərinin qazılmış çuxurlara atılmasına baxmayaraq baş verən qəribə hadisənin təsiri uzun müddət gözlərinin qabağından getmir. Güllələr qara bədənlərini deşsə də, yenə yıxılmadıqları, bərəlmiş gözlərinə projektor yönəldiyi halda hərəkət etmələri çox qorxulu və qəribəydi.

Bütün bunları bir anlıq xəyal etmək belə Artyomu həyəcanladırdı. Ən yaxşısı, haqlarında çox söhbət edilməməli olduğunu düşündü.

– Ey Adreyeviç! – deyə, bir nəfər cənub tərəfdən, qaranlığın içindən səsləndi, – Hazır olun! Bir azdan ordayıq. Sizin növbəniz bitdi!

Ocağın yanında əyləşənlər, bu sözləri eşitdikdən sonra növbə dəyişikliyi üçün hazırlıq gördülər. Andrey kiçik iti yerindən götürdü. Pyotr Andreyeviçlə Artyom stansiyaya, Andreylə adamları da 150 metrdəki növbətçi hissədəki yerlərinə qayıdacaqdılar, növbələri hələ bitməmişdi.

Yeni keşikçilər ocağa tərəf yaxınlaşdılar, əl sıxaraq salamlaşdılar, qeyri-adi nəyinsə olub-olmadığını soruşdular və qarşılıqlı “Yaxşı istirahətlər” dedilər.

Pyotr Andreyeviçlə Andrey, tunelin içindən cənuba gedən yola tərəf qızğın şəkildə mübahisə edə-edə istiqamətləndilər. Həmişə razılığa gələ bilmədikləri mövzu ətrafında mübahisə edirdilər. Qaraların qidalanmalarıyla bağlı suallar verən keçəl, əzələli adam öz qrupundan ayrılıb, geriyə tərəf qaçaraq Artyomun yanına qədər gəlmişdi.

– Sən Suxoyla tanışsan? – Artyoma baxmadan aşağı səslə soruşdu.

– Saşa əmini deyirsən? Əlbəttə, tanıyıram, ögey atamdır. Onunla birlikdə yaşayıram.

– Deməli belə, ögey ata. Heç bilmirdim!

– Bəs sizin adınız nədir? – qısa bir tərəddüddən sonra, Artyom soruşdu. Adam ondan qohumları haqqında soruşursa, ona sual vermək haqqı olduğunu düşünmüşdü.

– Adımı nə üçün bilmək istəyirsən?

– Yəni, Saşa əmiyə çatdırmaq üçün, yəni Suxoya. Sizin onu soruşduğunuzu demək üçün”.

– Hə, eləmi?.. Ona Hanter de, Hanter soruşurdu de. Yəni, ovçu. Məndən salam deyərsən

– Hantermi? Bu soyadınızdı? Yoxsa sizə belə deyirlər?

Hanter gülümsədi. “Soyadımı? Hmm, nə üçün olmasın? Qulağa heç də pis gəlmir. Xeyr, cavan oğlan, soyadım deyil. Necə izah edim, bilmirəm… Bir peşə adı da deyə bilərik. Bəs sənin adın nədir?”

– Artyom.

– Səni tanıdığıma şad oldum. Mənə elə gəlir, qısa zamanda yaxşı dost olacağıq. Salamat qal! – Artyoma göz vurdu, Andreylə birlikdə 150 metr getdikdən sonra arxada qaldı.

Artıq yaxınlaşmışdılar. Uzaqda, stansiyadan canlı görüntülər gəlirdi, Artyomun yanında hərəkət edən Pyotr Andreyeviç narahatlıqla soruşdu:

– Mənə bax, Artyom, bu nə tip insandı? Səndən nə soruşdu?

– Sanki bir az qəribə adama oxşayır, məndən Saşa haqqında soruşdu. Bəlkə tanışıdır. Onu tanıyırsız?

– Tanıyıram, amma elə də yaxından yox! Bəzi işlərə görə bir neçə günlüyünə buraya gəldi. Onu Andrey tanıyır. İsrarla onunla birgə keşik çəkməyə getmək istəyirdi. Nə üçün bunu istədiyinisə bir Allah bilir. Amma bu sifəti hardansa xatırlayıram.

– Belə tipli insanların sifətləri asan-asan yaddan çıxmaz.

– Bunu harda görmüşdüm, görəsən? Bəlkə adını bilirsən?

– Hanter. Ən azından, özü belə dedi. Adının nə məna ifadə etdiyini bilmirəm.

Pyotr Andreyeviç qaşlarını oynatdı:

– Hanter? Bu ad tam rus adı deyil.

Uzaqdan qırmızı işıq yanıb-sönürdü. Stansiyaların çoxusunda olduğu kimi VDNX stansiyasında adi işıqlandırma sistemi yoxdu. Artıq üçüncü oniliyyə keçirdi ki, stansiyalarda qəza işıqlarından istifadə olunurdu. Bəzi xüsusi otaqlar, xüsusi əhəmiyyət kəsb edən yerlərdə adi lampalar vardı. Bütün bunlara baxmayaraq parlaq elektrikdən, civəli lampalardan istifadə edən bir neçə zəngin stansiya vardı. Bu stansiyalarla bağlı çoxlu əfsanələr gəzirdi: bu səbəbdən də möcüzəyə öz gözlərilə şahid olmaq üçün oraya getməkdən daha böyük arzuları yoxdu.

Tunelin çıxışında silahları təhvil verdikdən sonra getdilər. Pyotr Andreyeviç, Artyoma əlini uzadaraq:

– Gəl bir az dincələk, ayaq üstə durmağa halım yoxdu, belə baxıram, sənin də taqətin qalmayıb, ayaq üstə yuxulayırsan. Məndən Saşaya bol salam de. Bizi yenə gəlib ziyarət etsin! – dedi.

Artyom digərləriylə vidalaşdı. Çox yorğundu, böyük çətinliklə qaldığı yerə gəlib çatdı.

VDNX stansiyasında təxminən 200 nəfər yaşayırdı. Çox azı növbətçi otaqlarında, böyük qismisə çadırlarda yaşayırdı. Əsgər çadırlarıydı. Köhnəlmiş, didilmiş olsalar da, dözümlüydülər. Onsuz da yerin altında külək, yağış yoxdu, çadırların içində rahat yaşaya bilmək üçün çox diqqətli baxırdılar. Nəm, işıq keçirmirdi, kənardan gələn səs-küyün də qarşısını alırdı. Başqa nə lazımdır ki?

Həm perronlar, həm də orta keçiddəki çadırlar divara söykənirdi. Ortada prospekt funksiyasını yerinə yetirən geniş bir keçid yolu buraxılmışdı. Böyük ailələrin çadırları tağlarda quruluşdu. Orta keçidin başı və sonunda, mərkəzdəki xeyli arka boş buraxılmışdı, perronun altında da otaqlar vardı, lakin tavan çox alçaq olduğundan, burda yaşamaq mümkün deyildi. VDNX stansiyasındakı bu otaqlar depo kimi istifadə edilirdi.

Şimaldakı iki tunelin arasına bir neçə metr uzunluğunda qısa rels döşənmişdi, qatarlar buradan geriyə dönüş edirdilər. İki tuneldən biri sadəcə o əlaqə nöqtəsinə qədər uzanırdı, arxasını divarla hörərək doldurmuşdular. Digər tunel şimala, “Botaniçeski Sad” və ta Mıtışiniskiyə14 qədər uzanırdı. Bu tunel, fövqəladə hallarda geriyə dönüş yolu olaraq açıq tutulurdu, Artyomun keşik çəkdiyi yer də oradaydı. İkinci tunelin arxa hissəsiylə əlaqəli keçidi göbələk əkmək üçün ayırmışdılar. Burdakı relslər sökülmüş, torpaq bellənərək tullantıyla gübrələnmişdi. İndi hər tərəfdən sıra-sıra göbələklər çıxmışdı. Cənubdakı iki tuneldən biri də 300-cü metrədə yığışdırılmışdı. Orada, insanların yaşadıqları yerlərdən mümkün qədər uzaqda, tunelin ən sonunda donuz damları vardı.

Artyomun sığınacağı əsas prospekt üzərindəydi. Ordakı kiçik çadırlardan birində, ögey atasıyla bərabər yaşayırdı. Ögey atası idarə işində işləyirdi, digər stansiyalarla məlumat ötürülməsinə cavabdehdi. Məhz bunun üçün yaşadıqları çadıra özlərindən başqası yerləşdirilmirdi. Onların çadırı seçilən, yaxşı təmin olunan çadırlardandı. Saşa tez-tez 2-3 həftəlik yoxa çıxar, heç vaxt da Artyomu özüylə aparmazdı. İşləri çox təhlükəli olduğuyçün onu riskə atmaq istəmirdi. Həmişə zəifləmiş, saqqalı uzanmış, hətta bəzən yaralı qayıdırdı. Sonra da gecələri Artyoma yer altındakı həyatdan, buranın qəribə sakinlərinin belə inanmayacaqları şeylər haqqında danışardı.

Təbii ki, Artyom onunla birgə gəzməyə çıxmağı təkid edirdi, amma metroda necə gəldi gəzmək elə də asan və rahat deyildi, hər yer təhlükəliydi. Müstəqil stansiyalarda patrullar gələnlərə çox şübhəli yanaşırdılar. Çünki silahla keçməyə qoymurdular. Tuneldən silahsız keçməksə ölüm deməkdi. Nəticədə Artyom “Savyolovskaya”dan bura ögey atasıyla gəldiyi gündən bəri çox uzağa getməyə cəsarət edə bilməmişdi. Bir dəfə onu iş üçün Alekseyevskayaya göndərmişdilər; təbii ki, tək yox, qrupla. Onlar hətta “Rijskaya”ya gedib çıxmışdılar. Sonra bir səyahət də olmuşdu, lakin o, bu barədə kimsəyə danışa bilmirdi. Əslində istəmirdi.

Hələ çoxdan, hələ “Botaniçeski Sad” stansiyası bomboş olanda – onda orda qaralar-filan yoxdu, Artyomun da yeniyetmə vaxtlarıydı… Bir gün iki dostuyla risk edib ora getdilər. Növbə dəyişikliyi zamanı əllərində cib fənəri və cavanlardan birinin evdən oğurladığı qoşalüləylə ən kənardakı növbətçi hissənin önündən sürünərək keçmişdilər

Onlar “Botaniçeski Sad” ətrafında uzun müddət gəzmişdilər. Hərçənd ki, qarşıya çıxan mənzərə çox qorxulu və bir o qədər də maraqlıydı. Fənərlərindən yayılan işıq sayəsində insan sığınacaqlarından qalan söküntüləri görmüşdülər: yanmış və dağıdılmış döşəmələr, kömür vəziyyətinə gəlmiş kitablar, qırılmış oyuncaqlar, cırılmış-parçalanmış paltarlar… Ətrafda siçanlar gəzir, aradabir qəribə səslər eşidilirdi.

Qəflətən Artyomun dostlarından birinin – bu Jenya idi-içərilərində ən cəsur qorxmaz və maraqlı şeylərə meyilli olanın ağlına bir fikir gəldi: Sistemi işə salıb eskalatorlarla yuxarıya qalxsaq, nə baş verər? Görəsən, yuxarıda nə var, necədir?

Artyom işin lap əvvəlindən bəri buna qarşı çıxmışdı. Ögey atasının ən son danışdıqları hələ yaddaşına yenicə həkk olunmuşdu. Artyom, yuxarı çıxıb ağır xəstələnən insanlardan, gördükləri qorxulu şeylər haqqında danışanda digər iki dostu onu razı salmağa çalışıdlar. Əllərinə düşən bu bir dəfəlik şansdan istifadə etməliydilər, yanlarında böyüklərdən biri olmadan, bu atılmış stansiyaya bir də nə vaxt gəlməyə cəsarət edə biləcəkdilər? Üstəlik, öz gözlərilə görmək fürsətləri vardı – başların üstündə heç nə olmayan yeri görmək.

Dostları Artyomu razı sala bilmədiklərini gördükdən sonra qərara gəldilər ki, Artyom yuxarı çıxmağa qorxur. Belə olduğu təqdirdə Artyomsuz gedəcəkdilər. Tərk edilmiş stansiyada tək başına qalmaq, üstəlik, dostları tərəfindən təhqir edilmək Artyoma o qədər pis təsir etmişdi ki, nəticədə dişlərini qıcayaraq razılaşmışdı.

Platformayla eskalator arasındakı sistemi açan mexanizmi hərəkətə gətirməyi bacarmışdılar. Yarım saatlıq ümidsiz cəhd nəticəsində Artyom sistemi işə sala bilmişdi. Eskalatorun bir neçə pilləsi düşmüşdü, qalan paslı nərdivanların arasından fənərlə illərdir görmədikləri, eskalatoru hərəkətə gətirən böyük çarxların dişlərini görmüşdülər. Demək olar, hamısını pas basmış, üzəri qeyri-müəyyən hərəkət edən qəribə rənglə örtülmüşdü.

Üçünün yuxarıya dırmanmağı bacarması bir neçə dəqiqə davam etmişdi. Köhnəlmiş, paslanmış eskalator onların ağırlıqlarına tab gətirməyərək hər yuxarı qalxdıqca bir pillə qırılaraq aşağı düşürdü. Açılan deşiklərindən pilləkən işıqlarının köməyilə keçə bilərdilər. Yuxarıya çıxan yol uzun deyildi, amma ilk pillənin qırılıb düşməsindən sonar bayaqkı qərarlı, iradəli hərəkətlərindən əsər qalmamışdı. Yenidən cəsarətlərini toplamaq üçün əsl “stalker” olduqlarını xəyal etmişdilər.

Stalker… Bu söz qulağa hər nə qədər qəribə, yad gəlsə də rus diliyçün artıq doğmalaşıb. Əvvəllər bu söz mərmidən qalan artıqlar, hələ patlamamış bombaları quraşdırmaq, kapsulları metal toplayıcılarına təhvil verməkçün tərk edilmiş hərbi təlim mərkəzlərinə gözü bağlı girmək cəsarətini göstərən yoxsul insanlar, yaxud sülh vaxtı kanalizasiyalarda məskən salan və başqa işləri yerinə yetirən, ağla gələn hər növ bərbad işlərçün istifadə edilən ifadədir. Amma hamısının bir ortaq nöqtəsi vardı: Özlərini davamlı ən ucdakı təhlükələrə ataraq araşdırılmamış, qeyri-müəyyən, bilinməyən, uğursuz işlərə gözü bağlı girirdilər.

Radiasiyanın zəhərlədiyi tərk edilmiş təlim mərkəzlərində hansı hadisələrin baş verdiyini kim hardan biləcəkdi?

İnşaat ustaları dar, iyli, həmçinin, zil qaranlıq labirinti bir daha görməmək üçün birdəfəlik bağladıqdan sonra, bu böyük şəhərin kanalizasiyasında hansı qəribə, qeyri-adi hadisələrin baş verdiyi ancaq xəyal edilə bilərdi.

Metroda “stalker” adlandırdılan şəxslər də bu sirlə dolu qəribəlikləri meydana çıxarmağa cəhd edən şəxslərdi. Əyinlərində mühafizə geyimləri, mühafizə eynəkləri, qaz maskalarıyla, başdan-ayağa silahla təchiz edilmiş bu şəxslər belə, zəruri ehtiyaclar üçün yuxarıya çıxa bilmirdilər: silah anbarı, avadanlıqlar, ehtiyat hissələr, yanacaq kimi. İndiyə qədər yuxarıya çıxmağa çoxları cəhd etmiş, buna nail də olmuşdular. Lakin çox az qismi sağ-salamat geri qayıtmışdı. Bu insanlar qızıl kimi dəyərliydilər, hətta metronun ən köhnə işçilərindən daha çox maraq göstərilir, onlardan daha çox qorunurdular. Bilmirdilər ki, yuxarıda onları çox qəribə, qorxulu təhlükələr pusquda durub gözləyirdi, radiasiya şüalarından tutmuş, bu zərərli təsirdən meydana çıxan qorxulu varlıqlara qədər. Bəli, yuxarıda hələ həyat vardı, lakin ümumi olaraq hamının bildiyi həyata heç bənzəmirdi.

Hər stalker, yaşayan canlı əfsanəydi; cavanıyla qocasıyla hamının böyük rəğbətlə qarşıladığı ilahi varlıq kimiydilər. Üzərək, yaxud uçaraq gedilməsi mümkün olmayan, “pilot”, “dənizçi” sözlərininin unudulub zamanla mənalarını itirdiyi dünyada göz açmış uşaqlar stalker olmağa həvəslənirdilər. Özlərini dərin sevgi, rəğbətlə izləyən minlərlə insanın baxışlarının altında parıldayan silahlarıyla yuxarıya, tanrılara tərəf dırmanmaq… Vəhşilərlə vuruşmaq və geriyə qayıtdıqlarında yeraltında yaşayan insanlara yanacaq, silah-sursat, işıq və tonqal gətirmək, yəni yenidən həyat bəxş etmək.

Artyomla dostları, Jenya və Mızmız Vitali uşaqlıqlarından bəri stalker olmaq istəyirdilər. Böyük çətinliklə pillələri qırılıb dağıdılmış, pas basmış eskalatordan yuxarıya dırmanarkən, kürəklərindən mühafizə geyimləri, əllərində də eyniylə əsl stalkerlərdəki kimi güclü silahları olduqlarını xəyal edirdilər. Halbuki bunların heç biri yoxdu, əksinə, əllərində köhnə bir qoşa lülə silah vardı. o da işlək vəziyyətdə deyildi.

Bir az sonar artıq səthə yaxınlaşmışdılar. Xoşbəxtlikdən gecə düşmüşdü, yoxsa kor olacaqları qətiydi. İllərdir, yer altındakı qaranlığa, qırmızı qəza siqnalı işıqlarına, tonqallara uyğunlaşmış gözləri kəskin şüalara tab gətirməyəcək, çarəsiz, kor halda evin yolunu belə, tapa bilməyəcəkdilər.

“Botaniçeski Sad” stansiyasının platforması, demək olar, sıradan çıxmış, dam hissəsi uçulmuşdu. Açılan deşikdən tamamilə təmiz, ulduzlu göy üzünün nə məna ifadə etdiyini hardan biləcəkdilər ki?

Gözlərini yuxarı çevirəndə beton tavan, kabellərlə borulardan ibarət kiflənmiş labirint yerinə, tünd mavi bir zəmini görmək, necə duyğu ola bilərdi? Ulduzlar! Həyatında heç ulduz görməmiş insan sonsuzluq nədir xəyal edə bilərdimi? Axıb gedən milyonlarla alov topası, gümüş mismarlar sanki mavi məxmər parçadan ibarət günbəzə mıxlanmışdı.

Cavanlar təxminən beş-on dəqiqəyə yaxın heç nə danışmadılar, sükut içində bu qəribəlikləri həm qorxuyla, həm də qeyri-adi duyğuyla müşahidə edirdilər. Bir az da belə qalsaydılar, bəlkə də diri-diri yanardılar. Birdən düz yanlarında ruh titrədən qəribə fəryad eşitdilər. Bir anda yenidən özlərinə gəldilər, çox böyük çətinliklə hərəkət edən pilləkənlərə tərəf qaçıb təngənəfəs aşağı düşdülər. Sağa-sola diqqət etmədən enərkən bir neçə dəfə müvazinətlərini itirib az qala çarxların üzərinə düşəcəkdilər. Amma bir-birlərindən yapışıb özlərini içəri atmışdılar, tezcənə aradan çıxmışdılar.

Pilləkənlərin son on mərtəbəsini, az qala yıxıla-yıxıla, çətinliklə enərkən əllərindəki köhnə qoşa lüləni də itirmişdilər. Ani olaraq qapalı su anbarının idarəetmə kabinetinə hücum etmişdilər. İşin tərsliyindən dəmir qapı sanki mıxlanmış şəkildə dururdu, yerindən hec cür tərpənmirdi… Elə düşünürdülər ki, arxada mutantlar gəlir. Bu qorxuyla, oradan uzaqlaşıb şimaldakı növbətçi hissədə keşik çəkənlərin yanına qaçdılar.

Böyük qapını açıq buraxmaqla axmaqlıq etdiklərini yaxşı bilirdilər; beləliklə, bu qorxunc varlıqları metroya, insanlara gedən yola sərbəst şəkildə daxil olmaqları üçün qapını onların üzlərinə açmış oldular. Buna görə də ağızlarını möhkəm saxlamaq, harda olduqları haqqında böyüklərə bir kəlmə danışmamaq barədə söz verdilər. Burdakı keşik çəkənlərəsə yan tunellərdən birində siçanları qovmaq istəyərkən silahlarını itirdiklərini, sonra da qorxduqları üçün geri qayıtdıqlarını dedilər.

Artyom o zaman ögey atasından yumşaq yerinə qayış zərbələri də almışdı. Amma afərin Artyoma, dözmüşdü… Sanki əsirlərə verilən işgəncələr kimi, digər dostları da vaideynləri tərəfindən böyük cəzaya məruz qalmışdılar. Lakin hərbi sirri kimsəyə verməyən kəşfiyyatçılar kimi, Artyom və dostları da gördükləri, rastlaşdıqları hadisələr barəsində heç kimə kəlmə də demədilər.

Bu haqda danışmasalar da xəyalən geriyə qayıdıb, bir anlıq bu hadisəni düşünəndə çox narahat olurdu; görəsən, o qəhrəmanlıq hekayəsinin – xüsusilə, açdıqları su bəndinin kənar növbətçi hissələrinə son illərdə hücumlarını artıran qorxunc varlıqlarla əlaqəsi ola bi-lərdimi?

Artyom yolda gedərkən qarşılaşdığı insanlarla salamlaşmaq, ən yeni xəbərləri öyrənmək, bir tanışının əlini sıxaraq, sevgilisini öpərək, atalığı barədə soruşan böyüklərlə danışaraq orda-burda fasilə verdikdən sonra öz çadırına gəlib çatdı. Heç kim yoxdu. Saşanı gözləmədən yatıb dincəlməyə qərar verdi. Səkkiz saat növbə tutmaq asan iş deyildi. Çəkmələrini çıxarıb pencəyini yanına qoydu, üzünü yastıqda gizlətdi. Çox keçmədən yuxuya getdi.

Çadırın kənarı yuxarı çəkildi və üzü aydın sezilməyən, iri cüssəli siluet içəriyə daxil oldu. Keçəl bir adam lampanın qırmızı işığında göründü.

– Gördünmü, yenə qarşılaşdıq. Ögey atan burda deyil. Zərəri yoxdur. Necə olur-olsun, sonda onu ələ keçirdəcəyik. Bizdən qaçmaq mümkün deyil. O zamana qədərsə, sən mənimlə gəlməlisən. Səninlə danışacağım bəzi şeylər var. Həmçinin, “Botaniçeskiy Sad”dakı bəndlə bağlı…

Artyom donub qaldı, səsindən özünü Hanter kimi tanıdan adam olduğunu anlamışdı. Adam sakitcə yanına yaxınlaşdı, işıq da sanki qəribə əks olunurdu, üzü görünmürdü… Artyom kömək çağırmaq istədi, yekə bir əl ağzını tutdu. Meyit əli kimi soyuqdu. Sonunda böyük cəhddən sonra cib fənərini götürüb yandırdı bu adamın kim olduğunu görə bildi. Rastlaşdığı mənzərə bir anlıq nəfəsini kəsdi. İnsan sifəti əvəzinə qabağında göz bəbəkləri olmayan, tünd iri gözlərə sahib ağzı axıra qədər açıq, qapqara sifət dayanmışdı. Artyom artıq düşünmədən işığa hücum etdi. Adamyeyən çadırın içərisindən qaçaraq Artyomun arxasınca nərildədi:

– Olduğun yerdə dayan! Heç yerə gedə bilməzsən!

Artyom arxasına baxmadan qaçdı. Ardından çəkmələrin çıxardığı səslər gəlirdi, amma sürətli deyil, sakit, məsafəli şəkildə onu izləyən təqibçi Artyomu gec-tez ələ keçirəcəyinə əmin olduğu üçün tələsmirdi. Çiyinlərindən silkələyib kömək istəyəcəkdi ki, adam arxası üstə yerə yıxıldı. Artyom onun çoxdan öldüyünü düşündü; nəyə görəsə qırov bağlamışdı… Sonra bu donmuş adamın atalığı olduğunu gördü, Saşa idi…

– Ey Artyom, bu qədər yatdın, bəsdir. Dur artıq! Yeddi saatdır, uzandığın yerdə gərnəşirsən. Tənbəlin biri tənbəl! Dur görüm, qonağımız var!

Saşanın səsiydi.

Artyom cəld qalxıb həyəcanlı baxışlarla atalığının gözlərinə baxdı. Bir dəqiqəyə qədər baxdıqdan sonra soruşdu:

– Saşa əmi… Sən… Sənə bir şey olmayıb?

– Gördüyün kimi, heç nə olmayıb! – Saşa cavab verdi, – Dur, gəl! Bu qədər vaxtdır nə gözləyirsən? Səni bir dostumla tanış edəcəm.

Çöldən tanış səs eşidildi. Az əvvəl gördüyü qorxulu yuxu ağlına gələn Artyomun alnını soyuq tər basdı.

– Hə, deyəsən, siz artıq tanışsız, – Saşa təəccüblə gülümsədi, – Ay səni, diribaş oğlan!

Qonaq güc-bəlayla çadıra daxil oldu. Artyom çox qəribə vəziyyətdəydi. Qarşısındakı Hanterdi. Bir az bundan əvvəl gördüyü qorxulu yuxunu gözlərinin qabağına gətirdi. Çadıra daxil olan qorxunc varlıq, onu sıxan, arxasınca gələn, sonra da yerə yıxılan cəsəd.

– Bəli! Biz artıq tanışıq, – Artyom böyük çətinliklə qabağa gələrək könülsüz şəkildə əlini ona uzatdı.

Adamın əli isti və quruydu. Artyom gördüyünün sadəcə yuxu olduğunu anlamışdı, qarşısındakı pis adam deyildi. Səkkiz saat tuneldə keşik çəkdiyi zaman həm yuxusu, həm düşündükləri, həm də baş verənlər ona mənfi təsir göstərmişdi.

– Artyom, çay üçün bir az su qaynat, – Saşa qonağına sarı dönərək göz qırpdı, – Bizim çaydan heç dadmısan? Çox təsirli bitkidir!

Hanter başını tərpətdi.

– Bilirəm, çox yaxşı çaydır. “Kantemirovskaya”da da çay hazırlayırlar. Bulanıq sudan elə də fərqlənmir. Sizinkiylə heç müqayisə edilməz.

Artyom su gətirməyə, sonra da çaydanı qaynatmaq üçün ortaq istifadə edilən ocağa tərəf getdi. Yolda “Kantemirovskaya”nın metronun o biri tərəfində olduğu ağlına gəldi. Tanrı bilir, oraya nə qədər vaxta getmək olardı. Vuruşmaq, manevr etmək və ya əlaqə yaratmaq istədikdə, sadəcə keçid üçün bir çox xətt, üst keçid və stansiya varıydı. İndi biri də gəlib, laqeydcəsinə “Orada onlar da nəsə edirlər” deyirdi. Bəli, bir az qorxulu olsa da, şübhəsiz, maraqlı tipdi. Üstəlik, dəmir kimi pəncələri vardı. Qaldı ki, Artyom da elə zəif deyildi, gücünü müqayisə etməkçün qarşısındakıyla əl sıxmaq fürsətindən sevə-sevə istifadə edirdi.

Su qaynayan kimi, çaydanı götürüb çadıra geri qayıtdı. Hanter paltosunu çıxarmışdı, əynində çoxcibli əsgər şalvarı, səliqəylə şalvara salınmış, güclü boynu, əzələli bədənini sıx əhatə edən qara, uzunyaxalı sviter vardı. Qoltuğunun altındakı qobura kifayət qədər böyük tapança taxılmışdı. Artyom diqqətlə baxanda bunun lüləsinə susdurucu bağlanmış TT¹⁵ olduğunu gördü. Üzərinə mexanizmlə lazer tipli nişangah da yerləşdirilmişdi. Belə silah, hər halda sərvət dəyərindəydi. Çünki söhbət müdafiə üçün istifadə edilən bəsit silahdan getmirdi, bu, açıq şəkildə məlumdu. Artyomun birdən-birə ağlına gəldi, Hanter öz adını deyərkən bir əlavə də etmişdi: Ovçu.

– Gəl, Artyom, qonağımıza çay süz! – Saşa Suxoy səsləndi, – Otur, otur, danış! Gör, nə vaxtdır, görüşmürük.

– Özüm haqda sonra… Maraqlı bir şey yoxdur. Amma sizdə, eşitdim, qəribə şeylər baş verir. Şimaldan bəzi vəhşi varlıqlar soxulurlar. Sizinkilər keşik çəkən zaman bəzi hekayələr eşitdim. Nədir bu hekayə, Çinqaçquk? – Hanter nədənsə Saşaya köhnə uşaq nağıllarındakı hindu adıyla xitab etdi.

Saşanın sifəti birdən qaraldı:

– Bu ölümdür, Hanter. Hamımızın get-gedə yaxınlaşan ölümü. Sonumuz sakitcə yaxınlaşır. Baş verən elə budur, – boğuq səslə dedi.

– Necə yəni ölüm? Eşitdim, onları çox məharətlə sıxıb geriyə oturdursunuz. Onların ki, silahı yoxdur. Lakin hardan gəlirlər, nədir, kimdir bunlar? Digər stansiyalarda onlarla bağlı heç nə eşitmədim. Heç vaxt, Çinqaçquk! Bilmək istəyirəm, bu nədir. Böyük təhlükə hiss edirəm. Amma bu təhlükənin dərəcəsini, təbiətini də bilmək istəyirəm. Bunun üçün bura gəlmişəm. Başa düşürsən?

– Təhlükə varsa, aradan qalxmalıdır, eləmi, Hanter? Kovboy… Bu təhlükəni aradan qaldırmaq olarmı? Budur əsas məsələ… – Saşa üzgün, ümidsiz şəkildə gülümsəyərək sözünə davam etdi. – Əhvalat düşündüyündən də qəlizdir. Sadəcə filmlərdə gördüyümüz bir növ qorxunc varlıqlar, ətrafda gəzən yadplanetlilər olsaydı… Belə olduqda işlər bir az sadədir: Tapançanı gümüş patronlarla doldurursan, – əlini tapança kimi tutaraq havaya qaldırdı, – Part, part, şər qüvvələr yox oldu! Lakin burada baş verənlər çox fərqlidir. Dəhşətli şeylərdir. Hanter, sən özün də çox yaxşı bilirsən ki, elə də asan qorxanlardan deyiləm.

– Sən və qorxu? – Hanter təəccüblə soruşdu.

– Onların ən güclü silahları elə qorxudur. Keşikçilər mövqelərində güclə dayanırlar. Silahlarını hədəfə tərəf tutaraq gözləyirlər, sonra da bu varlıqlar əllərində bir silah da olmadan bizimkilərin üstünə gəlirlər. Hamısı da təchizat və say baxımından bu vəhşi varlıqlardan üstün olduqları halda, yenə də oradan qaçmaq istəyirlər. Qorxudan yerlərində əsirlər, aralarında bəziləri həqiqətən, dəlixanalıq olub, aramızda qalsın. İnan mənə, bu, bəsit, ciddi yanaşılmamalı qorxu deyil, Hanter.

Saşa bir anlıq dayandı, səsini alçaldıb yenidən davam etdi:

– Sənə bunu necə izah edim, heç bilmirəm. Onlar buna getdikcə daha çox güc verirlər. Necəsə, insanların beyninə işləyirlər. Mənə elə gəlir, bunu şüurlu şəkildə edirlər. Onları hətta uzaqdan, qulaqlarından, burun deşiklərindən hiss edirsən.. Onlar yaxınlaşanda dizlərin titrəməyə başlayır. Hətta səsləri gəlməyəndə belə, hiss edirsən ki, hardansa yaxınlaşırlar. Gəlirlər, gəlirlər.. Daha sonar qorxunc nərilti, fəryad səsləri gəlir; bax, o an, arxana baxmadan qaçmaq istəyirsən. Bədənində dəhşətli əsməcə başlayır. Hər şey bitdikdən sonra da bərəlmiş gözlərilə projektorların üzərinə necə gəldikləri uzun müddət ağlından getmir.

Artyom olduğu yerdə donub qaldı. Deməli, uzun zamandır, bu qorxular təkcə onu narahat etmirdi, onu qorxaq, satqın hesab edəcəklər deyə, bu günə qədər bu mövzular haqqında kiminləsə danışmaqdan çəkinmişdi.

– Zibillər psixikanı korlayırlar, – Saşa söhbətinə davam etdi, – Sanki damarını tutublar. Və növbəti dəfə, onları daha yaxşı hiss edirsən, daha çox qorxursan, – Saşa odlu-alovlu danışıq tərzilə sözünü bitirdi, – Bu, yalnız qorxu deyil… Bilirəm.

Hanter hərəkətsiz oturub, sakitcə Saşanın dediklərinə qulaq asırdı. Çox diqqətlə, eşitdikləri barədə düşünürdü. Sonra isti çaydan bir qurtum alaraq ağır-ağır, yavaş səslə danışmağa başladı:

– Təhlükə sadəcə sizin stansiyanı deyil, Saşa, bütünlüklə bu xarabaya qalmış metronu bürüyüb.

Saşa əvvəlcə cavab vermək istəmədi, bir neçə saniyə susduqdan sonra əsəbi şəkildə:

– Bütün metro dedin? Xeyr, təkcə metro yox, bütün sivilizasiya üçün təhlükədir. O sivilizasiya ki, inkişafın ağını çıxardı. Artıq ödəşmək zamanıdır. Bu, növlərin müharibəsidir. Qaralarsa heç də murdar varlıqlar, törtöküntülər deyil. Onlar “homo novus”dur, təkamülün yeni mərhələsi. Onlar ətrafa bizdən çox daha yaxşı uyğunlaşan kainatın son mərhələsidir. Onlar gələcəyi təmsil edirlər. Bəlkə də sapienslər daha bir neçə onillik bu dəlmədeşikdə yaşaya bilərlər. Amma bu, hələ bizim sivilizasiya hökmranlıq etdiyi zaman kasıbların zirzəmidə, varlıların yuxarıda yaşaması kimidir… “Zaman maşını”ndakı uelsli morloklar kimi, solğun, miskin varlıqlar olacağıq. Biz öz nəcisimizdə göbələk yetişdirəcəyik, donuzlarsa insanların ən yaxın dostu, hətta deyərdim ki, həyat tərəfdaşı olacaq.

Babalarımızın bir zamanlar uzaqgörənliklə anbarlara doldurduğu tonlarca multivitamini qəbul edirik, bir çəllək benzini, hansısa ehtiyac duyulan şeyləri gətirmək üçün ölümü gözə alıb yuxarı qalxırıq. Sonra da zirzəmidəki boğucu deşiklərimizə geri qayıtmaq üçün vaxt itirmədən sürünərək keçib gəlirik; heç kimin ora keçdiyimizi bilməməsi üçün hər an əlimiz tətik gözləyirik. Çünki artıq öz evimizdə, yuxarıda deyilik. Dünya artıq bizə aid deyil, Hanter! Dünya artıq bizə aid deyil!

Saşa susdu və çay fincanından qalxan buxarın çadırın qaranlığında əriməsini seyrə daldı.

Hanter cavab vermədi. Artyom birdən ögey atasını heç bu şəkildə danışarkən görmədiyini anladı. “Yaxşı yaxşı, qorxudan altını batıracaqsan, narahat olma, həll edəcəyik hamısını” göz qırpıb özünə cəsarət verərək hər şeyin qaydasında olacağını deyən ögey atasının əvvəlki halından əsər qalmamışdı. Yoxsa hər zaman rol oynayırdı?

– Niyə susursan, Hanter? Gəl mənimlə mübahisə edək. Müsbət düşüncələrin harda qaldı? Son söhbətimizdə, şüalanmanın azalacağını, insanların bir gün yuxarıya qayıdacaqlarını demişdin. Eh, Hanter!.. “Günəş meşənin üzərindən qalxır, lakin mənim üçün deyil”15. Bu həyata bağlanırıq, bütün gücümüzlə bərk-bərk sarılırıq, çünki filosoflar, sektaçılar nə desələr də, o biri dünyanın olub-olmadığına tam inana bilmirik. Birdən orda heç nə olmadı… Məgər belə deyil? Yenə də həyatı o qədər sevirik ki… Elə deyil, Hanter? İkimiz də ona var gücümüzlə sarılırıq. Bu iylənmiş labirintdə sürünəcəyik, donuzların yanına uzanacağıq, siçanları yeyəcəyik, lakin bütün bunlara baxmayaraq yaşamaq üçün mübarizə aparacağıq. Elə deyil? Oyan, Hanter! Heç kim səndən bəhs edən “Əsl insan dastanı”16 yazmayacaq, heç kim yaşamaq istəklərinlə, həyatda qalmaq mübarizənlə bağlı şeirlər yazmayacaq. Göbələk, multivitamin və donuz əti yeməklə daha nə qədər səbir edəcəksən?

Əl çək bunlardan, Homo Sapines! Artıq təbiətin hakimi deyilsən. Xeyr, quyruğunu tərpətmə, biz belə olmaq istəmirik. Ölümlə mübarizə apararkən bir az daha ətrafda sürün və öz tökdüyün zibillərə bürün. Amma bir şeyə əmin olmalısan Sapines: Kifayət qədər yaşadın. Qaydalarını çox yaxşı bildiyin təbiət, çoxdan bir mərhələ yuxarı qalxdı. Artıq yaradılışın tacı sən deyilsən. Sən sanki dinozavrsan. Artıq yeni, daha mükəmməl varlıqlara yer açmağın zamanı gəldi. Eqoist olma, oyun bitdi, pərdə bağlandı, burax başqaları gəlsin. “Homo Sapienslər necə yoxa çıxdılar?” deyə, qoy gələcək nəsillər baş yorsunlar, onsuz da, bu heç kimi maraqlandırmayacaq.

Saşanın bu monoloqu zamanı Hanter böyük sükutla, dayanmadan dırnaqlarıyla oynamışdı. Sonda gözlərini qaldırıb Artyomun ögey atasına baxaraq ağır səs tonuyla:

– Səni son gördüyümdən bəri çox pis təslim olmusan. Mənə dediklərin hələ də yadımdadır. “Əgər mədəniyyətimizi qorusaq, cəsarətimizi itirməsək, rus dilini unutmasaq, uşaqlarımıza oxumaq-yazmaq öyrətsək, həyatımız çox da pis olmayacaq, bəlkə də o zaman yer altında yaşamağa dözə biləcəyik” demişdin. Bunu mənə dedin, yoxsa, demədin? İndisə birdən-birə “Əl çək, Sapiens” deyirsən. Bu nə deməkdir?

– Sadəcə bəzi şeyləri daha yaxşı başa düşdüm, Hanter. Bəlkə sənin də başa düşəcəyin bəzi şeyləri. Biz dinozavrlarıq və indi son günlərimizdir. İstər on il olsun, istərsə yüz, heç bir əhəmiyyəti yoxdur…

– Mübarizə aparmaq mənasızdır? – Hanter əsəbi səs tonuyla Saşanın sözünü kəsdi, – Bunun üçün yuxarıya qalxmaq istəyirsən?

Saşa baxışlarını yerə dikdi. O günə qədər vaxt heç kimə zəif xüsusiyyətlərini etiraf etməyən köhnə dostuna bütün bunları demək çətin gəlirdi, həm də Artyom yanındaykən. Bu, ona həqiqətən, əzab verirdi.

– Amma yox, Çinqaçquk! Sən gözləyə bilməzsən! – deyərək Hanter yerindən qalxdı, – ordakılar da. Yəni hansısa növdən danışırsan? Kainatmı? Qarşısını ala bilmədiyimiz bu çöküşmü? Bunlardan betərini yaşamışam. Buna görə də məni belə şeylər qorxutmur. Anlayırsan məni? Əl çəkməyəcəyəm. Həyatda qalmaq duyğularımı? Mən belə deyirəm. Bəli, bu yaşayışa dırnaqlarımla sarılacam, təkamülünə də… Digər növlər də növbəyə dayansınlar, görək. Mən heç olmasa, qəssablıq qoyun deyiləm. Buyur, hər şeydən əl çək, uyğun, mükəmməl yoldaşlarının yanına qaç, tarixdəki yerini onlara ver! “Kifayət qədər mübarizə apardım”, – deyə, duyğuya qapılmısansa, dayanma, qaç, səni bunlara görə ittiham etməyəcəm. Amma məni qorxutmağa əsla cəhd etmə! Əsla məni özünlə birlikdə sallaqxanaya sürükləmək cürətini göstərmə! Mənə nə üçün bunları deyirsən? Əgər özün tək təslim olmursan, başqalarını da qorxudub kollektiv şəkildə təslimiyyətə sürükləyirsənsə, beləcə, təklikdən qurtulursan? “Mənim mübarizəm ümidsizdir” deyirsən? Uçurumun kənarında durmuşam? Cəhhənəmə ki! Əgər ağlı başında olan insan, yaxşı yetişdirilmiş “Homo Sapiens” məğlubiyyəti seçibsə, mən də sevə-sevə bu şərəfli addan imtina edər, heyvan olmağı qəbullanar, eynilə heyvan kimi yaşamağa başlayar, sağ qalmaqçün də digərlərinin boğazından tutaram. Və həyatda qalmağı bacararam. Başa düşdünmü məni? Sağ qalacam!

Hanter təkrar oturub, çay xahiş etdi. Bu söhbətdən sonra Saşa su doldurub çaydanı yenidən ocağa qoymaq üçün sakit, sıxıntılı halda çölə çıxdı. Artyom Hanterlə çadırda yalnız qaldı. Hanterin son sözləri, sanki insanın başına vura-vura təhqir etmələri, aşıb-daşan ehtirasla həyatda qalmaq arzusu Artyomu alovlandırmışdı. Uzun müddət Hanterlə danışıb-danışmamaqda qərarsız qaldı. Amma Hanter onu gözləmədən özü sözə başladı.

Türler ve etiketler

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
660 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Ses
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 8 oylamaya göre
Ses
Ortalama puan 3,5, 8 oylamaya göre