Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Metro-2033», sayfa 8

Yazı tipi:

Burbon sevincək:

– Həyəcanlanma, cavan oğlan! – dedi, – Hər şey qaydasındadır. Bu donuz axırından bir neçə keçid var. Orada üst-üstə yığılıblar, sadəcə üstlərinə getməyin bəs edir.

Bəzən də ayaqlarının altından çıxan xışıltı səsləri Artyoma lap pis təsir edir, Burbonsa qəhqəhə çəkirdi.

Artyom titrəyirdi. Yenə susdu, yumruqlarını düyünlədi. Bir anlıq içindən Burbonun sifətinə yumruq vurmaq keçdi.

Qəfil uzaqdan qeyri-müəyyən fısıltı eşidildi, Artyom bir anlıq təhqir olunduğunu unudub, silahını doğruldaraq əsəbi şəkildə Burbona baxdı.

Burbon zarafatyana Artyomun çiyninə vurdu, – Narahat olma! Hər şey qaydasındadır. “Prospekt Mira”ya çatdıq, – dedi.

Stansiya sərhədlərini müəyyən edən tonqalun işıqlarını görmədən, bir neçə maneəyəyə rast gəlmədən kənar stansiyaya ayaq basmaq Artyomun öyrəşmədiyi şeydi. Tunelin çıxışına yaxınlaşdıqda gurultu artdı, solğun işıq gözə dəydi.

Nəhayət, sol tərəfdə dəmirdən tökülmüş kiçik nərdivanla platformaya çıxışı təmin edən, tunelin divarlarına söykənilmiş tutacaqlı kiçik körpü göründü. Burbonun ayaqqabısının altındakı dəmir pilləkəni çıxarkən çox qəribə səslər çıxarırdı. Bir neçə addımdan sonra tunel birdən sola tərəf dönürdü, onlar stansiyaya gəlmişdilər.

Eyni anda üzlərinə ağ rəngli kəskin işıq düşdü. Yan tərəfdə tuneldən baxanda görünməyən kiçik masa vardı, masada uzadan elə də yaxşı görünməyən, əynində qəribə hərbi geyim, başında kənarları bəzəkli, çox köhnəlmiş dəbilqə olan adam oturmuşdu.

– Xoş gəlmisiz! – onları salamlayaraq işığı yana çevirdi, – Ticarət məqsədilə, yoxsa tranzit keçid üçün?

Burbon səfərlərinin məqsədini izah edərkən, Artyom adı “Sülh prospekti” mənası verən bu stansiyanı süzməklə məşğuldu. Uzun zamandır, adını eşitdiyi, hələ çox kiçik yaşlarında olanda ögey atası Saşayla gəldiyi yeri indi daha aydın şəkildə nəzərindən keçirirdi. Əlbəttə, o vaxtkı gəlişdən yadında çox şey qalmamışdı. Çünki bu meto stansiyasıyla bağlı çox şeylər eşitmişdi, indi o eşitdiklərini canlı görməyə çalışırdı.

Relslərin düz yanındakı platforma qaranlıqdı, lakin tağların arasından sarı, zəif işıq görünürdü. Onu görən kimi, Artyomun ürəyində ani narahatlıq doğuldu. Hazırda o tağların arxasında ona tanış gələn, onda çox pis xatirələri olan, işığın gəldiyi stansiyada nələrin baş verdiyini öyrənmək üçün bu formal sorğu-sualların, gərəksiz yoxlamaların bir an öncə bit-məsini istəyirdi. Çünki bu stansiyada araşdırılacaq hələ çox şey vardı, vaxtın azlığını nəzərə alıb çox cəld hərəkət etməliydilər. Amma masada oturan əcaib hərbi geyimli şəxsin yersiz sualları qurtarmırdı. Artyomu daha da narahat edənsə Burbonun həvəslə onun suallarına, bura nə üçün gəldiklərinə dair geniş şəkildə verdiyi cavablardı. Artyom qəzəblə Burbona tərəf baxdı. Buna baxmayaraq söhbət davam edirdi. Artyomun Burbonla səfərə çıxmaqda əsas məqsədi Hanterə verdiyi sözü yerinə yetirməkdi. Buna görə bu cür nifrət etdiyi insanla yol yoldaşı olmuşdu. Səfərə çıxdıqları ilk stansiyadan başlayaraq Burbonun yersiz söhbətləri və rişxəndli gülüşləri Artyomda ona qarşı nifrət yaratmışdı.

Burbon da yaxşı bilirdi ki, hər stansiyada bu qədər vaxt itirsələr, gedəcəkləri yerə çox gec çatacaqlar…

Adam Burbonu sorğu-sual edərkən Artyom stansiyanı şübhəli, qorxulu baxışlarla sanki kəşf edir, ögey atasının “Prospekt Mira”yla bağlı dediklərini xatırlayırdı. Burada çox ehtiyatlı olmalıydı. Baş vermiş hadisədən sonra burdakı insanlar sanki azğınlaşmışdılar. Burda insan oğurluğu, insanların qəfildən yoxa çıxması sanki ənənəyə çevrilmişdi.

Birdən bu günə qədər heç görmədiyinə əmin olduğu halda, gözünə sataşan yuvarlaq arka Artyomu keçmişinə apardı. Bu tağları görəndə sanki bir anlıq hər şeydən uzaqlaşırdı, bu tağlar zehnində qəribə, qeyri-adi rəsm yaratmışdı: İsti sarı bir işığın ətrafında gəzdiyi kiçik otaq. Otaqda üzü görünməyən cavan qadının oturduğu geniş döşək. Otaqda bir qadın yarı oturmuş vəziyyətdə kitab oxuyur. Yumşaq rəngli kağızla əhatə olunmuş divarın ortasında pəncərənin tünd mavi rəngli kvadrat çərçivəsi nəzərə çarpırdı. Bu görüntü bir dəqiqə sonra Artyomu keçmişdəki yaşadığı o pis xatirələrin dərdlərilə birgə yoxa çıxdı.

Artyom orda nə görmüşdü? Görəsən, bu sarı işıq Artyomda hansı pis xatirələri buraxmışdı?

Bəlkə də bu sarı işıq yaddaşının ən dərin yerində duran uşaqlığının yaddaşına həkk olunmuş bir vərəqinin görünməyən hissəsini işıqlandırmışdı? Rahat, böyük həvəsələ döşəyin üzərində yarı uzanmış vəziyyətdə diqqətlə kitab oxuyan o cavan qadın anasıydımı?

Artyom bu sarı işığın verdiyi və apardığı o xatirələrdən ayrılaraq pasportunu səbirsizliklə gömrük məmuruna uzatdı. Burbonun bütün etirazlarına baxmayaraq “Prospekt Mira” stansiyasında olduqları müddət ərzində silahını mühafizə edilmək şərtilə saxlanma kamerasına verdi. İşığın cazibə qüvvəsinə tabe civə kimi vaxt itirmədən sütunların arasından, bazar səs-küyünün yayıldığı yerə tərəf istiqamətləndilər.

“Prospekt Mira” həm VDNX stansiyası, həm də “Alekseyevskaya” ilə “Rijskaya” stansiyalarından fərqliydi. Günü-gündən inkişaf etməkdə olan “Hanza” stansiyası Artyomun bildiyi digər stansiyalarda istifadə edilən idarə lampalarından daha yaxşı işıqlandırma sisteminə sahib olmalıydı. Nə qədər gözə xoş görünsə də, bir vaxtlar stansiyanı işıqlandıran əsl metro işıqları kimi deyildi. Hər iyirmi addımdan bir kabellərlə yuxarıda asılı vəziyyətdə sallanaq elə də güclü işıq verməyən balaca lampalardı. Buna baxmayaraq stansiyanı işıqlandıran bu balaca lampaların və əl fənərlərinin işıqlandırdığı stansiyanın ümumi işıqlandırma sistemi VDNX-in işıqlandırma sistemilə müqayisə ediləndə sanki möcüzəydi.

Orada, hələ yuxarıda olarkən uşaqlığını xatırladan işıqlara çox bənzəyirdi, demək olar ki, uşaqlığının işıqlarıyla eyniydi. Artyomun “Prospekt Mira” stansiyasına girəndə, relsdən dəmir pilləkən vasitəsilə platformaya ilk ayaq basdığı andan bu xatirələr canlanmağa başlamışdı. Sarı işığın bir anlıq canlandırdığı pis, bədbin xatirələr uşaqlıq xatirələriydi.

“Prospekt Mira” stansiyasındakı işıqlar sanki Artyomu ovsunlamışdı, əvvəlki Artyomdan əsər-əlamət qalmamışdı. Hətta yola çıxmaq məqsədi Hanterə verdiyi sözü də bu sehrli işıqları görəndən sonra unutmuşdu. Bu işıqlar Artyoma çoxdan keçmişdə qalan böyük hadisələri xatırlatmışdı. Digərləri satış üçün növbəyə durub addım-addım irəliləyərəkən Artyom kənarda bir sütuna söykənib əllərini gözlərinin önünə sipər edərək közərən rəngarəng işıqları seyr edirdi. Sanki huşsuz vəziyyətdə olan adamı xatırladırdı. Bütün bunlara əbəs yerə deyildi. Uşaqlıq yaddaşına həkk olunmuş bu xatirələri unutmaq qeyri-mümkündü. Artyom ən çox da platformadan uzaqdakı, ən zəif sarı işığa baxırdı və sanki sarı işıqda ayrı bir insan cəmiyyətinin yaşadığını görür, onlarla söhbət edirdi…

Qəflətən:

– Ağlını itirmisən? Bu nə davranışdır? Sənə hamı dəli kimi baxır! – Burbonun hirsli yüksək səsi eşidildi.

– Orda ağac kimi durub nəyə baxırsan, gözlərini məhv etmək istəyirsən? Belə getsə, kor küçük kimi ortada hara gəldi dolaşacaqsan, sən belə edəndən sonra mən nə edəcəm? Bu çətin yola çıxmağımızın əsas məqsədi nədir bilirsən?

Artyom bundan əvvəlki stansiyada da siçanları görəndə bir anlıq uşaqlıq illərinə getmişdi. Siçanlar yaddaşında heç vaxt silinməyəcək elə xatirələr buraxmışdı ki… Burbon bunları bilmədiyi üçün hər dəfə yersiz sözlər deyirdi. Çünki siçovullar və közərən lampaların Artyomda hansı xatirələr buraxdığından xəbərsizdi. Artyom da Burbona güvənə bilmirdi ki, öz həyatı haqqında nəsə danışsın. Ona görə hər dəfə belə xəyallara gedəndə Burbonun ağır sözlərinə dözmək məcburiyyətindəydi.

Burbon bu dəfə daha hirsli və yüksək səslə:

– Bir halda ki, silahını təhvil verdin, heç olmasa, burda nə baş verir, diqqətlə bax! Közərən lampalarda nə görürsən?

Artyom Burbona qəzəblə baxdı, amma heç nə deməyib, yenə də arxasınca getdi. Bu stansiyada, əslində, çox adam yoxdu, amma elə yüksək səslə danışır, elə böyük hay-küylə, qışqıra-qışqıra bazarlıq edir, əl-qollarını ölçürdülər ki, sanki bir-birləriylə dalaşırdılar. Bu səs-küy közərən işıq lampalarıyla ahəng təşkil edəndə çox qəribə mənzərə yaranırdı.

Hər iki relsin üzərində yaşayış yerinə çevrilmiş bir neçə vaqon vardı. Orta hissədəsə iki sıra düzülən, üst-üstə yığılmış hər növ məhsullar, xırdavatlar satılan piştaxtalar vardı. “Prospekt Mira”nın hər yerdə ad çıxarmış bazarı bu idi. Stansiya bir tərəfdən böyük dəmir qapıyla əhatə olunmuşdu – bir vaxtlar ordan yuxarıya çıxış vardı – o başda, daşına bilən sədlərin örtdüyü xəttin arxasına boz çuvallar yığılmışdı. Bura atəş açmaq üçün yerdi. Tavanın altına ağ pərdə sərilmişdi, üzərində “Koltsevaya” xətinin simvolu olan qəhvəyi rəngli dairə cızılmışdı. Səddin arxasındakı dörd escalator yuxarıya, “Koltsevaya” xətinə çıxırdı – kənar şəxslərə giriş qadağan edilən qüdrətli “Hanza” stansiyanın torpaqları ordan başlayırdı. Həm təhlükəsizlik xidmətinin arxasında, həm də stansiyada “Hanza”nın sərhəd növbətçiləri və patrul xidməti yüksək səviyyədə keşik çəkirdi. Ənənəvi hərbi geyimə bənzəyən, amma nədənsə boz rəngli, yüksək keyfiyyətli, su keçirməyən paltar geymişdilər. Başlarında eyni rəngdə dəbilqə, çiyinlərində avtomat vardı.

– Hərbi geyimləri niyə boz rəngdədir?24 – Artyom Burbondan soruşdu.

– Hazırkı vəziyyətləri və vaxtları yaxşı keçdiyi üçün, – Burbon kinayəli şəkildə cavab verdi, – Sən bir az gəz-dolan, gör, ətrafda nə baş verir, mən bir nəfərlə görüşməliyəm, – o əlavə etdi.

Artyom piştaxtaya düzələn mallara baxdı, lakin fərqli nəsə görmədi: çay, ərzaq məhsulları, əl fənərləri üçün batareyalar, donuz dərisindən hazırlanmış paltar və gödəkçələr, köhnə kitablar, dəftərlər – çoxlu pornoqrafik, üstəlik, əyri yapışdırılmış etiketlərin üzərində “kustar üsulla hazırlanmış” yazısı, görüntüsü şübhə yaradan, içi hansısa mayeylə doldurulmuş yarım litrlik şüşələr. Həqiqətən, narkotik satılan bircə dükan da yoxdu, halbuki, əvvəllər bu maddə burada ən adi narahatlığa səbəb olmadan sərbəst şəkildə alına bilərdi. Qızarmış burnu, yaşlı gözləriylə sağa-sola dolaşan içki satıcısı ondan ot haqqında soruşan Artyomun üstünə yüksək tonla qışqırdı və yanından qovdu.

Təbii ki, odun satılan yer də vardı: Stalkerlərin yuxarıdan gətirdikləri, yarılmış odun parçaları, ağac budaqları, insana təəccüblü gələcək qədər uzun müddət yanırdı, demək olar, yanarkən heç iy də vermirdi. Bu məhsulların xərci bir vaxtların ən sevilən, ən çox yayılan silahı “Kalaşnikov”larda istifadə edilən parıldayan, uzun güllələrlə ödənilmişdi. Yüz qram çay 5 güllə edirdi. Kolbasa üçün 15, bir şüşə ev şəraitində hazırlanmış içki üçün 20 patron ödənilirdi.

– Bir bura bax, bura bax, nə gözəl kostyumdur bu! Heç də bahalı deyil, 300 kiçik patron ver, olsun sənin! Yaxşı, 250 patrona!

Artyom bazarda masaların üzərinə sırayla düzülmüş patronlara baxarkən ögey atasının sözlərini xatırladı:

– Bir yerdən oxumuşdum, mühəndis Mixail Kalaşnikov hazırladığı silahın dünyanın ən yaxşı silahı olduğu üçün özüylə fəxr edirdi. Mükəmməl quruluşu, çox asan istifadəsi sayəsində Rusiya sərhədlərinin təhlükəsiz şəkildə qorunması isə bir başqa xoşbəxtlikdi. Bilmirəm! Əgər belə bir silahı mən icad etsəydim, hər halda dəli olardım! Bunun hər nə qədər yaxşı şey olduğunu düşünsəm də, aysberqin görünməyən tərəfini nəzərə almaq lazımdır! Bir anlıq düşün, Yer kürəsindəki bir çox cinayət birbaşa icad etdiyin silah vasitəsilə həyata keçirilir. Bu qədər yaxşı düşünən insan insanlara xidmət göstərən başqa şey icad edə bilməzdimi? Bu, gilyotini icad edən insanın kəşfindən də pis kəşfdi.

Hər güllə bir ölüm deməkdi! Bir insandan alınmış həyat. 100 qram çay beş insan həyatı deməkdi. Bəs bir kolbasa necə? Buyurun görək, necə uyğundu: Sadəcə 15 insan həyatı. Bu gün satışa çıxarılan keyfiyyətli pencək, 300 əvəzinə 250 güllədirsə, 50 insan həyatını heç etdiniz deməkdir. Bu bazarın günlük pul dövriyyəsi böyük ehtimalla metroda sağ qalan insanların sayı qədərdi.

– Nəsə tapdın? – geri qayıdan Burbon soruşdu.

Artyom başını buladı.

– Burada maraqlı heç nə yoxdur!

– Düz deyirsən! Ancaq lazımsız şeylər. Amma əvvəllər bura iylənmiş metro stansiyaları içində yeganə stansiyaydı ki, istədiyin hər şeyi tapa bilirdin…

Burbon kefsiz halda köks ötürdü.

– Mərc edərəm ki, yola düzələndə, arxandan səslənəcəklər: Silahlar, narkotik vasitələr, qızlar, saxta sənədlər. Lakin bu axmaqlar…

Başıyla “Hanza” bayrağını işarə etdi.

– Bu bazarı uşaq bağçasına çeviriblər: Bunu ala bilməzsən, ona əlini də vura bilməzsən! Fikir vermə! Gedək, silahını alaq, yola düşmək lazımdır. Tanrının bəlalarıyla dolu qorxulu tunel yolumuzu gözləyir!

Artyom avtomatını təhvil aldıqdan sonar cənub tunelinin girişindəki daşdan hazırlanmış oturacağın üzərində oturdular. Bura hələ boşdu. Burbon gözləri qaranlığa öyrəşsin deyə, bu yeri xüsusilə seçmişdi.

– Qulaq as, Artyom! Özüm üçün zəmanət verə bilmərəm. Belə hadisəylə heç rastlaşmamışam! Buna görə də yolda boşboğaz insanlara rast gəlsək nə edəcəyimizi bilmirəm. Təbii ki, xəyalən gözümün önündə canlandırdım, lakin həqiqətdən də belə şeylərə rast gəlsək? Yəni anidən qışqırmağa başlasam, heç nə eşidə bilməsəm, deməli, hər şey hələ qaydasındadır deməkdir. Amma bildiyim qədərilə, ordakı insanlar bu hadisələrdən sonra öz-özlərinə dəli olublar. Qarşılaşdıqları hadisələr o qədər qorxuluydu ki, adamlar ağıllarını itirdilər. Bizim uşaqlar hələ də “Prospekt Mira” stansiyasına qayıtmayıblar. Düşünürəm ki, bu gün hardasa onlara rast gələcəyik. Bunları deməkdə məqsədim qarşıda bizi göz-ləyən hadisələr haqqında səni məlumatlandırmaqdır. Heç şübhəm yoxdur ki, çox diqqətli insansan. Yenə də yadına salmaq istədim; inanıram ki, məni nə demək istədiyimi yaxşı başa düşdün! Lakin dəli olmağa, bağırmağa başlasam və ya qəflətən səni tikə-tikə doğramaq istəsəm, o zaman mənə nəsə olub, başa düşürsən?

Burbon bir müddət sükut içində düşündü.

– Gəl, görək! Mənə elə gəlir ki, sən pis adam deyilsən! Məni arxamdan vurmazsan! Tuneldən keçənə qədər sənə silahımı verəcəm. Amma xahiş edirəm, çox diqqətli ol!

Burbon Artyomun gözlərinin içinə baxdı.

– Zarafat etmirəm!

Burbon bel çantasından ipək parça bükülüsü götürdü, içindən istifadə edilmiş plastik torbanı çıxardı. O da “Kalaşnikov”du, ancaq “Hanza” növbətçi patrullarının istifadə etdiklərinə bənzər silahın daha qısa modeliydi. Artyomun silahı kimi nişangahı açıq, uzun qundaqlı deyildi. Daha qısaydı və açılıb-bağlanılan qundağı vardı. Burbon silahın sarığını açdı, yenidən çantasına qoyub, üstdən bez parçaları yığdı, sonra da Artyoma verdi:

– Buyur! Amma çantanın çox dərininə qoyma, hər nə qədər tuneldə sakitlik olsa da, bəlkə ona ehtiyacımız olar!

Relsin üstündən cəld ayağa qalxdı.

– Yaxşı! Bu qədər bəsdir, yolumuza davam edək.

Tunel çox qoruxuluydu. VDNX stansiyasından Rijskayaya gedəndə, hərçənd Artyom başlarına hər bir hadisənin gələ biləcəyini bilirdi, amma bu tuneldən hər gün iki istiqamətdən də insanlar gəlib-gedirdilər. Qaldı gedəcəkləri stansiyaya, orda çoxlu adam məskunlaşmışdı, onları gözləyirdilər. Sadəcə işıqlı, sakit şəraitli yeri bir anda tərk edəndə özünü çox gərgin hiss edir. Qorxuları, narahatlıqları da bununla bağlıydı.

“Rijskaya”dan “Prospekt Mira” stansiyasına gedərkən bütün gərginliklərinə, ümidsizliklərinə baxmayaraq çatacaqları stansiyanın “Hanza”ya aid olduğu düşüncəsindən təsəlli tapırdılar. Hara getdiklərini bilirdilər, hansısa bədbəxt hadisə baş vermədən rahat şəkildə dincəlməyə yer verə bilirdilər.

Lakin bura çox qorxulu yerdi. Qabaqlarında uzanan tunel başdan-başa qaranlığa bürünmüşdü. Artyom hər nə qədər qaranlıqda yaşamağa vərdiş etsə də, bu qaranlıq vərdiş etdiyi başqa qaranlıqlardan çox fərqliydi. Bir addım qabaqlarını belə işıqlandırmağa çatmayan əl fənərlərindən yayılan işıqları qaranlıq ac mutant kimi udurdu. Artyom tuneldəki o qorxulu səsi eşidirdi. Çox sakit tərzdə bütün diqqətini o gurultulu, qorxulu, qeyri-müəyyən tərzdə eşidilən səsə nə qədər qulaq assa da, nə olduğunu müəyyən edə bilmədi. Daha əvvəllər də tuneldə belə qorxulu səslər eşitmişdi, lakin eşitdiyi o səsləri öz nöqteyi-nəzərindən nəyəsə bənzətmişdi. Bu səssə çox fərliydi, ilk dəfə eşidirdi. Məhz buna görə Artyomu başqa bir həyəcan, qorxu sarmışdı.

Bu qorxulu gurultu da qaranlıqla ahəng təşkil edirdi. Həm zülmət, həm də bu uğultu sanki qarşıdan gələn iki böyük hadisənin ilk işarəsiydi. Burbonun bütün yol boyunca relsin üzərində möhkəm səs çıxaran ayaqqabısının altlığı belə tuneldə eşidilən səsin yanında heçdi, sanki Burbonun ayaqqabısının altında dəmir yoxdu.

Sağ tərəflərində divarda boşluq göründü. Əl fənərinin işığı tünd bir ləkədə yoxa çıxdı. Artyom əvvəlcə burada əsas tunelin yan xəttinin başlandığını anlaya bilmədiyindən Burbona baxdı.

– Qorxma! Bu qoşulma xəttiydi, – Burbon dilləndi, – “Koltsevaya” xətinə getmək məqsədilə qatarlar üçün çəkilib. Lakin “Hanza” stansiyası buranı bağlayırdı. Belə çıxış tunelini açıq buraxacaq qədər axmaq deyildilər.

Sakitcə yollarına davam etdilər, lakin sükut Artyomu hələ də narahat edirdi. Nəhayət, özünü saxlaya bilməyib hirslə dilləndi:

– Mənə bax, Burbon! Bir müddət əvvəl burada qorxunc adamyeyənlərin kolona hücum etməsi düzdür? Belə hadisə haqqında məlumatın varmı?”

Burbon tez cavab verə bilmədi. Artyom onun eşitmədiyini düşünüb sualı təkrar etmək istəyəndə dedi:

– Açığı, mən də buna bənzər bəzi şayiələr eşitmişdim. Lakin o vaxt burda deyildim, ona görə də qəti söz deyə bilmərəm.

Cavab nəsə başa düşülən deyildi, Artyom güc-bəlayla Burbonun sözlərinə məna verməyə çalışdı. Amma içində bir sual onu məhv edirdi: “Burda səslər nə üçün belə pis eşidilir?”

Artyom Burbonun sözlərindəki mənayla öz düşüncələrini bir-birindən ayırmağa çalışdı.

– Necə yəni, buranı heç kim görə bilmədi? Nəticədə bir tərəfdə bir stansiya, digər tərəfdə də başqa stansiya vardı. Hara getdilər?

Artyom, özünü çox maraqlandırdığı üçün deyil, sadəcə öz səsini eşitmək üçün danışmağa davam edirdi.

Burbon cavab verənə qədər yenə bir neçə dəqiqə keçdi, amma bu dəfə Artyom onu təkrar danışdırmağa elə də istəkli deyildi. Beynində az əvvəl öz ağzından çıxan sözlər canlanmışdı, o da bu əks-sədaya qulaq verməklə məşğuldu.

Burbon əsəbi tonla:

– Burada bir yerdə deşik olmalıydı, – dedi, – Oranı da kamuflaj ediblər! Görünmür! Amma bu zülmət qaranlıqda onsuz da heç nəyi görmək mümkün deyildi…

Artyom bir az bundan qabaq nə haqqında söhbət etdiklərini ancaq bir müddət sonra xatırlaya bildi. Sırf bu söhbətləri davam etdimək üçün, ağlındakı sualın mənasını çətinliklə saxlmağa çalışarkən, ikinci sualı verməyə cəhd göstərdi. Bu suallar hər nə qədər cavabsız qalsa da heç olmasa, onları tunelin sükutundan az da olsa xilas etmiş olacaqdı.

– Bura həmişə belə qaranlıq olur?

Artyom sözlərinin ağzından bu qədər yavaş çıxdğını hiss edən kimi dəhşətə gəldi, sanki qulaqlarında tutulma hiss etdi.

– Qaranlıqmı? Bura həmişə belə olur… Hər yer qaranlıqdır, – Burbonun səsi eşidildi. Qəribə intonasiya ilə, kəsik-kəsik danışırdı.

– Böyük bir qaranlıq gələcək… bütün dünyanı əhatə edəcək… və axıra qədər davam edəcək.

– Bu nədir, kitabdır? Artyom soruşdu. Ən azından öz səsini eşitmək məcburiyyətindəydi. Burbonun danışığının da narahat şəkildə dəyişdiyini hiss etdi. Lakin bu boş söhbətlərin üzərində çox durmaq istəmirdi.

– Bir kitab… Köhnə kitablarda yazılan həqiqətlər… Bu həqiqətlərdən qorx… Kitabdakı kəlmələr qızıl dəyərindədir…

Burbonun dediklərini Artyom tam qavraya bilmirdi, dəhşət içindəydi. Burbon onunla danışarkən əvvəlki kimi ağlını itirmiş görünmürdü.

– Çox maraqlıdır! – az qala qışqıracaqdı, – Hardan qaynaqlanır bu?

– Və gözəllik… məhv olacaq və ayaqlar altında qalacaq, – Burbon alçaq səslə dedi, – Və peyğəmbərlər mənasız cəhdlərinə, kəhanətlərinə, xütbələrinə son qoyacaqlar… Çünki gələcək… Onların uğursuz qorxularında daha pis, qaranlıq olacaq, gördükləri bu şeylər yaddaşlarını zəhərləyəcək…

Qəfil oturduğu yerdən qalxdı. Başını birdən sağa çevirdi. Boyun fəqərələrindən çıxan xırçıltı səsini hətta Artyom da eşitdi.

Burbon gözlərini Artyoma dikdi.

Artyom geri çəkildi. Qeyri-ixtiyari silahın təhlükəsizlik düyməsini yoxladı. Burbon bərəlmiş gözlərilə ona baxdı. Gözlərini bərəltsə də bəbəkləri qəribə şəkildə qıyılmış, iki nöqtə şəklinə düşmüşdü, halbuki normalda zülmətdə mümkün olduğu qədər işığı görmək üçün açılmalıydı. Üzündə təbii olmayan sükut vardı, bir əzələsi belə gərilməmişdi, dodaqlarındakı həmişəki kinayəli gülüş də yoxa çıxmışdı.

– Mən öldüm – dedi, – Mən artıq yoxam!

Tir kimi üzü üstə yerə sərildi.

Eyni vaxtda Artyomun qulağında yenidən o qorxulu səs eşidildi, amma bu dəfə səs övvəlki kimi yavaş-yavaş artmırdı. Yox, bu dəfə fövqəladə bir güclə guruldayırdı. Qulaqları kar edən gurultu elə möhkəmdi ki, bir anlıq ayaqları yerdən üzüldü. Gurultu burada, ən sonuncundan daha güclüydü. Artyom tonlarla ağırlığın altında qalmış kimi yerə yıxıldı. Tez qalxmaq istədi, amma uzun müddət özündə güc tapmadı. Axırda barmaqlarını qulağına tıxadı, bacardığı qədər yüksək səslə qışqırdı. Cəld ayağa qalxdı. Sonra Burbonun əlindən yerə saldığı fənəri götürüb gurultunun mənbəyini tapamaq üçün həyəcanla divarları yoxlamağa başladı. Lakin burdakı borular çox sağlamdı. Gurultu yuxarıdan gəlirdi.

Burbon hələ də yerdə hərəktsiz yatırdı. Artyom onu kürəyi üstdə uzatdı, gözlərinin açıq olduğunu gördü. Belə vəziyyətə necə davranmaq lazımdı, əvvəlcə onu bilmək istəyirdi. Nəbzini yoxlamaq üçün Burbonun biləyindən tutdu. Vurmurdu. Burbonun ağır bədənini qucağına aldı. Bir an öncə onu bu qorxulu yerdən uzaqlaşdırmaq üçün sürətlə hərəkət etməyə çalışdı. Bu çox çətindi. Qan-tər içində üzürdüi. Yol yoldaşının bel çantasını çıxarmağı unutduğundan lap əziyyət çəkirdi. Bir tərəfdən yüksək səsli gurultu, digər tərəfdən də Burbonun hərəkətsizliyi Artyomu çox narahat edirdi.

Qəfil Artyom ayağıyla yumşaq bir şeyə toxundu. Burnuna iyrənc qoxu gəldi. Birdən Burbonun dediklərini xatırladı:

– Bu gün onların üzərindən keçəcəyik və onlara rast gələcəyik.

Artyom yerə baxmamağa çalışdı, bütün gücünü toplayıb irəlilədi. Tapdadığı cəsədlər geridə qaldı.

Burbonu özüylə sürükləyə-sürükləyə aparmağa davam etdi. Başı hərəkətsiz şəkildə aşağıya əyilmişdi, soyuq, buz kəsmiş əlləri Artyomun tərli barmaqlarının arasından dayanmadan sürüşürdü. Lakin Artyom buna fikir vermirdi. Nəinki buna, heç nəyə fikir vermək istəmirdi, Burbonu burdan uzaqlaşdırmaq məcburiyyətindəydi. Bunun üçün ona söz vermişdi.

Gurultu yavaş-yavaş azaldı və birdən tamamilə yoxa çıxdı. Hər yeri təkrar sükut qapladı. Artyom bir az nəfəsini dərmək üçün relslərin üzərində oturdu. Burbonsa yanında hərəkətsiz uzanmışdı. Ümidsiz və hələ də həyəcanla onun solmuş üzünə baxırdı. Təxminən beş dəqiqə sonra çox böyük çətinliklə ayağa qalxdı, Burbonun biləyindən tutub güclə də olsa yoluna davam etdi. Beyni keyimişdi, qorxulu qaranlıqda bu adamı nəyin bahasına olur-olsun, növbəti stansiyaya çatdırmalıydı. Taqətdən düşüb yıxıldı, amma bir neçə dəqiqə sonra yaxasından yapışıb Burbonu sürüməyə davam etdi. “Bunu bacaracam! Bacaracam! Bacaracam! Bacaracam!”. İnanmasa da, öz-özünə danışırdı. Halı qalmamışdı, silahını qoruyucudan çıxardı. Cənuba doğru atəş açıb bağırdı:

– Orda kim var?

Cavab verən olmadı. Eşitdiyi gurultu, insan səsi deyildi, sürətlə keçən ac siçanların ciylitsiyidi.

Bir əliylə Burbonun yaxasından tutub, digər əliylə bərk-bərk “Kalaşnikov”un qundağından yapışaraq oturub qaldı. Qəfil kəskin işıq gözlərini qamaşdırdı. Yanında əlində fənər, qəribə silahla qurşanmış, tanımadığı yaşlı adam dayanmışdı.

– Cavan oğlan! – nəzakətli səs tonuyla dedi, – Yoldaşını buraxa bilərsən. O artıq ölüb, İkinci Ramzes kimi ölüdü. Onunla o biri dünyada görüşmək üçün qalmaq istəyirsən, yoxsa səni burda bir az da gözləsin, nə deyirsən?

Artyom bir əlini üzünə qoydu, cılız səslə:

– Mənə kömək edin, onu sonrakı stansiyaya aparaq, – deyə, xahiş etdi.

– Qorxuram, bu təklifini qəbul etməyim mümkün olmasın. “Suxarevskaya”nın ailə məzarlığına çevrilməsinin əleyhinəyəm, ora heç yaşamaq üçün də normal yer deyil. Yoldaşının cansız bədənini ora aparsaq belə, ona layiq yas mərasimi təşkil edəcək adam tanımıram. Onu burda, ya da stansiyada dəfn etməyin fərqi nədi sənin üçün? Üstəlik, ruhu çoxdan Tanrının yanına getmişkən. Yaxuda digər dini inanca görə, ruhu başqa bədənə qovuşmuşkən. Bütün dinlər məhz bu məsələ ətrafında səhv düşündükləri halda.

– Ona söz vermişəm! – Artyom kədərli şəkildə köksünü çəkdi, – Aramızda razılıq olub!

Yaşlı kişi hirslə:

– Dostum! Səbrim get-gedə azalır ha! Ölülərə kömək etmək dinimizdə, dəftərimizdə yazılı qanun deyil çünki dünyada köməyə ehtiyacı olan kifayət qədər insan var. “Suxarevskaya”ya qayıdıram, tuneldə bu qədər çox qalmaq revmatizmamı, diz ağrılarımı artırır. Dostunu dəfn etmək istəyirsənsə, burda qalmağını məsləhət görürəm. Siçanlar və digər qorxunc varlıqlar sənə kömək göstərəcəklər. Bu məsələnin hüquqi nöqteyi-nəzərdən: tərəflərdən biri həyatını itirdiyi anda, əgər başqa qüvvədə olan bənd yoxdursa, müqaviləyə xitam verilir!

– Onu belə burda buraxıb gedə bilmərik. Çox dəyərli insandı. Onu siçanların ixtiyarına tərk edə bilmərəm!

Adam Burbonun cəsədinə şübhəylə baxdı:

– Görünüşünə baxanda həqiqətən, həyata bağlı insana oxşayır. Amma heç şübhəm yoxdu ki, artıq ölüdür. Bu da eyni şey demək deyil. Yaxşı, mütləq istəyirsənsə, təkrar bura gələ bilərsən, ölün üçün, tonqal qalamaq üçün, ya da belə vəziyyətlərdə hansı ayinləri edirsinizsə, gəlib edə bilərsən. Lakin əvvəlcə ayağa qalx!

Artyom istəksiz halda ayağa qalxdı.

Yaşlı adam Artyomun təkidinə baxmayaraq qərarlı şəkildə Burbonun bel çantasını götürüb çiyninə asdı. Artyomun qolundan tutub sürətlə addımladı. Artyom əvvəlcə hərəkət etməkdə çətinlik çəkirdi. Lakin hər addımda adamın daşan enerjisi Artyoma da təsir etdi. Yanındakı insanın sifətini analiz etməyə başladı. Yaşı əllidən yuxarı olardı, amma çox diri, cəld hərəkət edirdi. Artyoma dəstək verdiyi əli qüvvətliydi, bütün yol boyu da ən adi yorğunluq nişanəsi göstərmədi. Xüsusi diqqətlə kəsilmiş saçı, səliqəylə qırxılmış üzü Artyomda şübhə yaratmışdı. Metro sakinlərinə, xüsusilə də yaşadığı hiss olunan o tərk edilmiş yerə görə, daha fərqli görünüşü vardı.

Yaşlı adam bir müddət sonar soruşdu:

– Dostuna nə oldu? Qəzaya bənzəmirdi, ən azından zəhərlənmiş kimi deyildi. Ümid edirəm, düşündüyüm kimidir.

– Yox! Öz-özünə öldü!

Artyom Burbonun ölümünü daha başqa cür necə izah edə bilərdi ki? Özü də Burbon kimi qüvvətli adamın birdən-birə necə öldüyünü düşünməyə başlamışdı.

– Uzun hekayədir!

Elə bu an tunel birdən-birə genişləndi, stansiyaya çatmışdılar. Artyoma burda bəzi şeylər çox qəribə, fərqli gəldi. Sanki heç rast gəlmədiyi mühitə düşdü, nə baş verdiyini anlayana qədər bir neçə saniyə keçdi…

Daha sonra:

– İşıq yoxdurmu?! – ümidsiz şəkildə soruşdu.

– Burda hökümət yoxdur. Deməli, işıq verəcək kimsə də yoxdur! Kimin işığa ehtiyacı varsa, özü yaradır. Bəziləri bunu edə biləcək vəziyyətdədir, bəziləri yox. Amma qorxma, xoşbəxtlikdən mən birincilərdənəm.

Yaşlı adam platformaya tullanıb əlini Artyoma uzatdı.

İlk tağı keçdikdən sonra orta keçidə gəldilər. Bura uzun bir salondu, hər iki tərəfində sütunlar və kəmərlər vardı.

Digər tərəfdəsə eskalatorlara gedən yolu bağlayan dəmir divar vardı. Bir neçə yerdə kiçik qərargahda olan tonqal zəif işıq saçırdı, amma bunun xaricində “Suxarevskaya” tamamilə qaranlığa bürünmüşdü. Stansiya ümidsiz təəssürat yaradırdı. Tonqalların yanında, kiçik qruplar şəklində oturmuş insanlar nəsə edirdilər. Bəziləri yerdə yatmışdı, bəziləri də qəribə səslər çıxara-çıxara tonqalın ətrafında gəzirdi. Hamısı da tuneldən çox uzaqda, perronun düz ortasına yığışmışdılar.

Yeni tanışının Artyomu yanına apardığı tonqal, digərlərindən fərqli olaraq daha parlaq yanırdı və salonun nisbtən kənarında çatılmışdı.

Artyom keçidi ümidsizliklə nəzərdən keçirərkən həmin adam:

– Bir gün bu stansiya kökünə qədər yanacaq, – deyirdi.

Yanındakı:

– Bəli, 420 gün ərzində! – sakit tonda cavab verdi, – Ən yaxşısı, buranı hamıdan qabaq tərk et. Mən bunu mütləq edəcəyəm.

Artyom təəccüblə:

– Bunu hardan bilirsiniz? – soruşdu.

Aryom ani olaraq cadugərlər, ekstrasenslər haqqında eşitdiyi hekayətləri xatırladı. Qarşısındakının üzünə diqqətlə baxaraq fövqəltəbii elmə, biliyə sahib insanın üz cizgilərini axardı.

Adam gülümsədi.

– Sən çox yorğunsan! Həm də çox kefsizsən, yaxın dostunu itirmisən, gəl bir az yat, başın sakitləşsin. Sonra rahatca həm bir-birimizi tanıyarıq, həm də ətraflı danışarıq.

Bu sözlərdən sonra Artyomun üzərinə “Rijskaya”ya çatmamışdan qabaq, tuneldə, qorxuların yaşatdığı o böyük yorğunluk çökdü. Etiraz edəcək taqəti qalmamışdı, ocağın yanındakı bir parçanın üzərinə çökdü, bel çantasını başının altına qoydu və uzun, ağır yuxuya getdi.

6

GÜCLÜ OLANIN HAQQI

Tavan elə qurum bağlamışdı ki, altındakı əhəng görünmürdü. Artyom gözlərini tavana dikib diqqətlə baxdı. Harada olduğunu kəsdirə bilməmişdi.

– Oyandın? – yanında tanış səs eşitdi. Eyni anda başında qarışıq olan bir çox fikirlə, parça-parça xatırladıqlarından dünənki günün görüntüsünü təkrar bir araya gətirdi. Dünən gördükləri həqiqətdimi?

Hər şey ona reallıqdan kənar kimi gəlirdi. Həqiqətlə xatirələri arasında yuxusunun bulanıq divarı dayanırdı. Bir dəfə yatıb yenidən oyanmaq bəs edirdi ki, olanlar bir anda yoxa çıxsın. Geriyə baxıb düşünsə, xəyallarıyla həqiqətdə baş verən hadisələri bir-birindən ayıra bilməzdi. Onlar da eynilə yuxular və ya gələcəyə yönəlmiş düşüncələr kimi tez solub gedir.

Artyomu tapan adam onu salamladı:

– Axşamın xeyir! Ocağın digər yanında oturmuşdu, tonqal sifətinə sanki sehirli görkəm vermişdi.

– Eh, hesab edirəm ki, bir-birimizi tanımağımızın vaxtı çatıb. Hamının tanıdığı bir adam var, sənin də ətrafında çox eşitdiyin adlara bəzəyir. Mən Çingiz xanın sonuncu mücəssiməsiyəm. Mənə “Xan” deyə bilərsən. Bu daha qısa və yadda qalandı.

– Çingiz xan? – Artyom qarşısındakının üzünə şübhəylə baxdı. Onu daha çox tanımadığı adamın özünü “Çingiz xanın sonuncu mücəssiməsi” deyə, təqdim etməsi təəccübləndirmişdi, çünki yenidən dünyaya gələn birinə bənzəmirdi.

– Dostum, gözlərimin formasını və davranış tərzimi gizli şübhəylə süzməyə ehtiyac yoxdur. Bu günə qədər əli-ayağı düzgün bəzi bədənlərdə yaşadım. Amma Çingiz xan yolumun üstündə hər zaman önəmli nişan olmuşdu. Təəssüf hissiylə deyə bilərəm ki, bu böyük şəxsiyyət haqqında heç bir şey xatırlamıram. Bəs sənin adın nədir?

– Mənim? Artyom. Əvvəlki həyatımda kim olduğumu, təəssüf ki, bilmirəm. Bəlkə mənim də qulağa xoş gələn adım olub.

– Sevindim buna! – Xan məmnunluqla dilləndi, – Ümid edirəm, mənimlə bir tikə yeməyi bölüşərsən.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
660 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Ses
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 8 oylamaya göre
Ses
Ortalama puan 3,5, 8 oylamaya göre