Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Metro-2033», sayfa 7

Yazı tipi:

Üç adam indi arabanın qollarını işə salmışdı. Qrup əvvəlkindən daha sürətlə yola davam etdi. Artyom qorxulu uğultunun get-gedə azaldığını, təhlükə ehtimalının qalmadığını hiss etdi.

Tempi aşağı salmamaq üçün dayanmadan digərlərinə səslənərkən, Jenyanın yaxşıca ayıldığını, həyəcanlı səsini eşitdi:

– Oradan nə əmrlər verirsən?

Artyom, artıq təhlükə sərhəddini tərk etdiklərini anladı. Dayanmaq işarəsini verdi, halsız şəkildə yerə oturdu, kürəyini arabaya dayadı. Yavaş-yavaş digərləri də özlərinə gəlirdi. Ən axırdakı adamın ağlamağı dayanmışdı, sadəcə gicgah nahiyəsini ovuşdurur, şübhəli-şübhəli ətrafına baxırdı. Komandir də yerindən qalxmış, tutqun səslə beynini çatladan ağrıdan şikayət etməyə başlamışdı. Yarım saat sonra yenidən yola düşdülər. Az əvvəl olanları Artyomdan başqa heç kim doğru-düzgün xatırlamırdı.

– Bilirsən, birdən-birə elə ağırlıq hiss etdim ki, – komandir danışmağa başladı, – Birdən başımda hər şey bulanıq oldu, sonra özümü itirdim. Bu məndə bir dəfə də olmuşdu, buradan çox-çox uzaqda, o vaxtlar tuneldə qaz vardı. Lakin indi qaz olsaydı, hamımıza təsir edərdi…

– Partlamış boru olduğunu dedin, elə deyilmi? Uğultu da oradan gəlirdi? Bilirsən, Artyom, bəlkə biz də kiflənmiş beyinli, kar insanlarıq, kim bilir? Bu pis şeylər üçün, deməli, sənin fərqli hiss etmək xüsusiyyətin var. Çox xoşbəxtsən bu cəhətdən, oğlum!

“Rijskaya” stansiyasına çatmağa artıq çox az qalırdı, uzaqdan sərhəddəki tonqalı görmək mümkündü. Komandir tempin sürətini azaldaraq fənəriylə aralarında razılaşdıqları işarəni verdi. Növbətçi hissədə maneəsiz keçid icazəsi verdilər və qrup stansiyaya daxil oldu.

“Rijskaya” “Alekseyevskaya”dan daha yaxşı vəziyyətdəydi. Çox-çox əvvəllər stansiyanın çıxışında böyük bazar vardı, bir vaxtlar özlərini metroya ataraq xilas olanlar arasında xeyli satıcı, insanlarla tez ünsiyyətə girən şəxslər vardı. “Prospekt Mira”dan “Hanza”ya, əhəmiyyətli ticarət yollarına yaxın olması, stansiyanın da maddi cəhətdən rifahına yaxşı mənada təsir göstəmişdi. Bura da VDNX stansiyası kimi qırmızı qəza lampalarıyla işıqlandırılırdı. Patrulların əynindəki köhnə, yararsız vəziyyətə düşmüş hərbi geyimlərisə yenə də “Alekseyevskaya”dakı pambıq pencəklərdən daha yaxşı görünürdü.

Qonaqlar xüsusi çadıra yerləşdirildi. Tezliklə geriyə qayıtmaq vacib deyildi. Tuneldə onları necə təhlükənin gözlədiyini, o təhlükənin hansı şəkildə aradan qaldırılacağını da bilmirdilər. Stansiya rəhbərliyi VDNX qrupunun komandirilə müzakirələr aparmaq üçün görüşərkən, digərlərinə də istirahət üçün bir az zaman qaldı. İki saatdan sonra təntənəli şam yeməyinin olacağını bildirdilər. Ev sahiblərinin mənalı baxışmaları, pıçıltılarından yeməkdə hətta ət də olacağına ümid bağladılar. İndilik istirahət etməkdən, heç nə düşünməməyə çalışmaqdan başqa edəcək işləri qalmamışdı.

Sinirləri pozulan Artyom özünü yatağa atdı. Yata bilmirdi, demək olar, tükənmiş haldaydı.

Çadırın kənarındakı səslər yüksəldi. Artyom maraqla çölə çıxdı. Axşam yeməyi, əsas tonqalın qalandığı zalın ortasında olacaqdı. Bir neçə adam oranı təmizləyir, çadırları sərirdi; bir az aralıda, relslərin üzərində, kəsilmiş donuz parçalara ayrılmışdı; biri də nalvari asılmış parçaları kiçik dilimlərə bölürdü. Yəni yeməkdə donuz kababı vardı. Buranın divarları çox fərqliydi: VDNX və ya “Alekseyevskaya” stansiyasındakı kimi mərmər deyildi. İlk dəfə nəzər salanda adamın xoşuna gəlirdi, qızılı rəngdəydi. Lakin stansiya yenə də özünün əvvəlki görünüşünü xatırladan xüsusiyyətini qoruyub saxlamışdı. Ən əhəmiyyətlisisə: digər tərəfdəki relslər üzərində, hər nə qədər pəncərələri qırılmış və qapıları açıq durmasına baxmayaraq yarısı tunelin içində qalmış həqiqi qatar vardı.

Hər xətdə və ya hər stansiyada qatar olmurdu, çünki iyirmi il içində qatarların çoxu, xüsusilə də tunellərdə ilişib qalan, bu səbəbdən də ev kimi istifadə edilə bilməyən qatarlar ayrı-ayrı hissələrə ayrılaraq götürülmüşdü, çünki təkərlər, şüşələr və ya döşəkçələr, hər yerdə, fərqli məqsədlər üçün istifadə edilirdi. Artyomun ögey atası “Hanza” stansiyasında, mal və yolçu daşıyan arabaların dayanacaqlar arasında rahat gediş-gəlişlərini təmin etmək məqsədilə, relslədən birinin, qatarların istifadəsindən alındığını danışmışdı; deyilənlərə əsasən, eyni şey “Qızıl xətt”ə də tətbiq edilmişdi.

Stansiya sakinləri artıq yavaş-yavaş yığışmağa başlamışdılar. Yenicə yuxudan qalxan Jenya da çadırdan çıxdı. Yarım saat sonra stansiya rəhbərliyi də VDNX stansiyasıdan gələn qrupun komandiriylə birlikdə qrupa qoşuldu və ilk ət parçaları kömürlərin üzərinə yerləşdirildi. Komandirlə stansiya müdiri zarafat edir, deyib-gülürdülər, görüşləri çox müsbət yekunlaşmışdı. Adamlardan biri dadsız içkiylə dolu böyük şüşə gətirdi, hava yaxşıca isinmişdi. İçkiylə bağlı zarafatlar bir-birini izləyirdi. Hamı axır ki, özünə gəlmiş, əhval-ruhiyyələri düzəlmişdi.

Artyom şişə keçirilmiş əti gəmirir, əllərinə bulaşan yağı yalayır, rahatlıq, təhlükəsizlik duyğusunu yayan korlaşmış kömürləri seyr edirdi.

Birdən yanında oturan və bir neçə dəqiqədir diqqətlə ona tamaşa edən şəxs:

– Onları ölümdən xilas edən sənsən? – soruşdu.

Artyom yerindən sıçradı

– Sizə kim danışıb bunları, hardan bilirsiz? – deyərək yad adama diqqətlə baxdı. Adamın saçları qısa kəsilmiş, üzü tüklü, yekə, lakin görünüşcə sağlam, dəri gödəkçəsinin altında təmiz dənizçi köynəyi görünürdü. Artyom onda hansısa şübhəli şey görmədi. Səyyar satıcıya bənzəyirdi, “Rijskaya”da onun kimiləri çoxdu.

– Kim danışdı? Bax, orda əyləşən komandiriniz! – deyə, başıyla aralıda qızğın söhbət edən komandiri göstərdi.

– Bəli, düzdür! – Artyom istəksiz və kefsiz şəkildə cavab verdi. Bir az bundan qabaq “Rijskaya”da faydalı əlaqələr qurmağı planlaşdırdığı halda indi qabağına fürsət çıxmışkən, özünü narahat hisss etməyə başlamışdı.

– Adım Burbondur.

– Burbon? Bu nə qəribə addır?

– Eşitməmisən belə ad? Bir növ alkoqol, spirtli su mənasına gələn sözdür, başa düşdün? Adamların əyləndirəcək bir şey. Bəs sənin adın nədir?

– Artyom.

– Bura bax, Artyom, nə vaxt geri qayıdacaqsan?

– Bilmirəm! – Artyom şübhəylə cavab verdi, – Hazırda bunu heç kim qəti olaraq deyə bilmir. Başımıza nələrin gəldiyini eşitmədiz? Yəqin başa düşərsiz.

– Mənə rahatlıqla sən deyə bilərsən, o qədər yaşlı sayılmıram. Nə isə… Soruşmağımın səbəbi odur ki, sənə bir iş təklif edəcəm. Hamınıza deyil, sadəcə sənə, yalnız sənin öhdəsindən gələ biləcəyin çox şəxsi iş. Yəni sənin köməyinə ehtiyacım var, başa düşürsən? Ən azından, qısa müddətlik.

Artyom heç nə başa düşməmişdi. Adam bir az da içkinin təsirilə ağzına nə gəldi danışırdı, danışıq tərzindən sanki nəsə ürəyini sxmışa, dərdliyə oxşayırdı. Ona görə də söhbəti yekunlaşdırmaq istəyirdi.

Burbon Artyomun şübhəsini duyubmuş kimi:

– Rahat ol! – dedi. Riskli, qorxulu nəsə deyil, hər şey təmizdir, ehtiyat etməli nəsə yoxdur. Məsələ budur: Bir gün əvvəl bizim adamlar “Suxarevskaya”ya tərəf yola çıxdılar, sən də bilirsən, davamlı xətti izləyərək. Lakin oraya çatmadılar.

Aralarından sadəcə biri geri qayıtdı. O da heç nə xatırlamır. “Prospekt Mira” stansiyasına gəldi, sizin komandirin danışdığı kimi…

Orda olanların hamısı yoxa çıxdı, təkcə dediyim bir nəfərdən başqa. Bəlkə də daha sonra onlar “Suxarevskaya”ya gedib çatıblar, bəlkə də çata bilməyiblər. Çünki üç gündür, bir nəfər də “Prospekt Mira”ya gəlməyib.

Təbii ki, artıq heç kim “Prospekt Mira” stansiyasından “Suxarevskaya”ya getmək istəmir. Bir sözlə, onlar üçün çox təhlükəlidir. Demək olar, başınıza gələn hadisələrin eynisiydi. Sizin komandirin dediklərini eşidən kimi, vəziyyətin eyni olduğunu anladım. Yəni demək istədiyim, eyni xətt, eyni hadisələr və borularla bağlı dedikləri…

Burbon arxaya baxdı, danışdıqlarını kimsənin eşitməsini istəmirdi. Ona görə də yoxlamaq istəmişdi, sonra alçaq səslə:

– Lakin sən bu boşbağazlara hər halda qulaq asmamısan! Eşitdinmi?

– Elə-belə! – Artyom istəksiz şəkildə cavab verdi.

– Hər nə isə, mən ora getməliyəm. Mütləq! Mütləq! Amma kim deyə bilər, yaxud kim məni əmin edə bilər ki, yolda ağlımı itirməyəcəm? Eynilə bizim adamlarımız və sənin qrupundakılar kimi, təbii sən xaric… Səndən başqa hamısını demək istədim.

– Sən… – Artyom tərəddüd edərək danışdı, eyni anda bu sözü nə məqsədlə dediyini uzun zaman düşündü və qarşısındakı kimisinə “sən” deyə, xitab etməyin nə qədər yersiz olduğunu hiss etdi, – Səni “Suxarevskaya”ya gedən tuneldən keçirməyimi istəyirsən, düzür? Başa düşdüyüm qədər dolayısıyla bunu deməyə çalışırsan, lakin açıq şəkildə deyə bilmirsən!

Burbon bu sözdən sonra çox rahatlaşdı və başıyla təsdiqlədi.

– Bilmirəm, eşitdinmi… “Suxarevskaya”dan o tərəfdəki tunel burdakından da pis vəziyyətdədir, əsl zibillikdir və mütləq, nəyin bahasına olursa olsun, ordan keçməyin şərtdir. Ancaq indi insanların başına gələn bu qədər hadisədən sonra…

Amma həyacanlamağına ehtiyac yoxdur. Məni oradan keçir, sənə bir ömür minnətdar olaram. Mən ordan sonra cənuba tərəf davam gedəcəm, amma “Suxarevskaya”da qohumlarım var, səni geri yola sala bilərlər, başından bir tük əskik olmadan, sağ-salamat qayıtmağına kömək edə bilərlər.

Burbonun təklifi planlarının həyata keçməsi üçün şansdı. Hətta yolunu uzadaraq daha da irəliyə gedə bilərdi. Çünki Burbon “Suxarevskaya”dan daha cənuba, yəni “Turgenevskaya”ya qədər getmək istəyirdi. Sonra Artyomun yoluna davam etmə imkanı olacaqdı.

“Turgenevskaya”, “Trubnaya”, “Zvetnoy Bulvar”, “Çexovskaya”… Ondan sonra da “Arbatskaya” stansiyası. Yəni “Polis” dövlətinə qədər çox az məsafə qalırdı.

– Bu etdiklərimin qarşılığında nə ödəyəcəksən? – Artyom soruşdu. Nəsə qoparmağa niyyətliydi.

– Nə istəyirsən? Əslində, nağd pul verə bilərəm.

Burbon qarşısındakına şübhəylə baxdı, görəsən, Artyomun nə demək istədiyini düz başa düşmüşdü? – “Kalaşnikov”un üçün patron verə bilərəm. Amma istəyirsənsə, borcumu yeməklərlə, spirt və digər zəruri avadanlıqlar da ödəyə bilərəm, – Göz vurdu, – Hamısı da olar.

– Patron məsələsi yerinə düşər, – İki dolu daraq. Bir də yemək – getməyə və gəlməyə. Bazarlıq etməyəcəm!

Artyom mümkün olduğu qədər bu işdə qərarlı olduğunu göstərməyə çalışır, bir tərəfdən də gözünü çəkmədən Burbonu təhlil edirdi.

– Yaman işgüzardır! – deyə, Burbon sanki öz-özünə danışırmış kimi astadan donquldandı, – Yaxşı! “Kalaşnikov”un üçün iki dolu daraq, dediyin bütün şərtlər eynilə. Çox deyil, buna dəyər. Gəl, Artyom! İndi get, bir az dincəl. Hamı yatandan sonra, səni götürməyə gələcəm. Əşyalarını da yığ. Yazmağı bacarırsansa, bir qeyd burax, arxamızca gəlməsinlər. Mən qayıdanda hazır ol!

5

AVTOMAT DARAQLARI ARDINCA

Çox yata bilmədi. Əşyalarını yığmaq da lazım gəlmədi, çünki çantasını boşaltmamışdı. Çantanı yığmaq, əşyaları özüylə aparmaq elə çətin deyildi. Əsas məsələ silahı özüylə necə götürəcəyiydi. Belə qrupla birlikdə harasa gedəndə hamıya orduda istiafə edilən avtomat verirdilər: taxta qundaqlı, 7,62 kalibirli iri bir silah.

Artyom yorğanı başına çəkib uzandı. Jenyanın “Çöldə o qədər əyləncə olduğu halda, niyə yatırsan, olmaya xəstəsən?” kimi suallarınasa reaksiya vermədi.

Çadırın içi isti və çox sıxıcıydı, xüsusilə də yorğanın altı. Nə qədər cəhd göstərsə də, gözünə yuxu girmirdi. Mürgüləməyə başlayandasa, sanki bulanıq şüşədən baxan adam kimi qeyri-müəyyən səhnələr gözünün qarşısında canlandı…

Harasa qaçır, öz-özünə danışır, qaçmağa davam edirdi. Onu Jenya oyatdı. Çiyinlərindən tutub nəsə deyirdi:

– Bura bax, Artyom, burada qəribə bir mujik var, səni soruşur…

Nəsə problemin var? Ən yaxşısı, yoldaşlarımızı oyadaq!”

Artyom:

– Yox! Nəsə narahatlıq yoxdur, – dedi, – Hər şey qaydasındadır!

Sonra çəkmələrini geyinə-geyinə sakit səslə əlavə etdi:

– Sadəcə bir nəfərlə, danışmalıyam. Sən yat! Bir azdan qayıdacam.

Jenya yenidən mürgüləyənə qədər gözlədi. Sonra sakitcə çantasıyla silahını çadırın çıxışına tərəf apardı; dəmir səsinə oyanan Jenya yenidən şübhəylə soruşdu:

– Bu, nəyinə lazımdır? – Silahı göstərdi, – Qulaq as, doğrudan hər şey yaxşıdır?

Artyom uydurmaq məcburiyyətində qaldı. Guya mərc eləmişdilər, – həmin adama nəsə göstərmək istəyirdi.

– Yalan danışırsan… Yaxşı, əgər sən deyən kimidirsə, mənə de, görüm, sənin üçün nə vaxt narahat olmağa başlayım?

– Bir il sonra! – Artyom kinayəli cavab verdi və Jenyanın sözlərini anlamamış olmasını ümid etdi. Çadırın bir tərəfini qaldırıb çölə çıxdı.

– Nə gec gəldin! – deyə, Burbon hirslə dişlərinin arasından fısıldadı. Üstündə az əvvəlki geyimi vardı, sadəcə çiyninə böyük çanta keçirmişdi. Artyomun avtomatına işarə edərək:

– Lənət şeytana! Ümid edirəm, bununla növbətçi hissənin qabağından keçməyə cəhd göstərməyəcəksən?

Artyom təəccüblə Burbonun silah götürmədiyinə diqqət yetirdi.

Stansiyanın işığını azaltmışdılar. Axşamkı ziyafətdən sonra hiss olunurdu ki, hamı taqətsiz şəkildə yatağına uzanıb. Artyom sürətli addımlarla irəliləyirdi çünki öz qrupundan biriylə rastlaşmaqdan qorxurdu. Tunelin girişinə çatanda Burbon onu dayandıraraq daha yavaş hərəkət etməsinə işarə vurdu. Stansiyadakı növbətçilər onları görüb gecə saat ikidə hara getdiklərini soruşdular. Burbon növbətçilərdən birinə öz adıyla müariət edərək işlə əlaqədar yola çıxdıqlarını dedi. Sonra cib fənərini yandırıb, Artyoma tərəf dönərək:

– İndi mənə yaxşı qulaq as! – dedi, – 100 və 200-cü metrdəki sahədə növbətçilər var. Sən ağzını möhkəm saxla, az danış! Mən bütün işləri həll edəcəm! Təəssüf ki, bu nənəm yaşında olan “Kalaşnikov”unu heç cür gizlədə bilməyəcəksən! Hardan tapmısan bu taxta parçasını?

Burbon 250-ci metrə qədər ağzını açmadı. Çox kefsizdi. Sanki hücuma, döyüşə hazır vəziyyəti vardı. Artyom az qala onunla yola çıxmağına peşman olmuşdu. Bir az arxada qalıb silahına nəzər saldı və barmağını təhlükəsizlik düyməsinin üzərinə qoydu.

Ən sonuncu növbətçi hissədə bir az çətinlik çəkdilər. Ya bunlar Burbonu çox yaxşı tanımırdılar, ya da tam əksinə, çox yaxşı tanıyırdılar. Nəsə şübhəli vəziyyət yaranmışdı ki, onları bu qədər sorğu-sual etdilər. Artyom ocağın yanında qalıb keşikçilərin suallarına qısa cavablar verirdi.

Bu söhbətdən, verilən suallardan çox narahat olmalarına baxmayaraq verilən ən adi suala belə ətraflı cavab verirdilər. Artyom bu sahədə çox böyük təcrübəyə sahibdi. Keşikçilərin danışmaqları, çoxlu suallar vermələri sevindirici haldı. Əgər rahat şəkildə sual verir, cavab alırdılarsa, bu, qarşılarındakı insanın təhlükəsiz olduğuna dəlalət edirdi. Əksinə, bəzən elə qəribə hadisələr baş verirdi ki. Yəni tunelin dərinliklərindən bir şey bura qədər sürünsə və ya kimsə cənub tərəfdən gəlmək istəsə, yaxud şübhəli səslər eşidildisə, onda keşikçilər silahlarını hazır vəziyyətə gətirib, gərgin vəziyyətdə gözlərini tuneldən ayırmazdılar. Belə vəziyyətlərə baxanda burda hər şeyin qaydasında olduğuna əmin olmaq olar, çətinlik çəkmədən yollarına davam edə bilərdilər. Ən azından, “Prospekt Mira”ya qədər.

Növbətçilər Artyomun sifətini nəzərdən keçirdikdən sonra:

– Sən buralı deyilsən. “Alekseyevskaya”dan gəlirsən? – soruşdular.

Artyom Burbonun tənbehlərini xatırladı, diliylə dodağı arasında başa düşülməsi çətin olan nəsə dedi…

Növbətçilər Artyomun qeyri-müəyyən, başa düşülməyən cavablarından təngə gəlib sorğu-sualı dayandırdılar və Mixail adlı bir nəfərin dediyi sözlə bağlı mübahisə edə-edə uzaqlaşdılar. Mixail bu yaxınlarda “Prospekt Mira” stansiyasına ticarətlə bağlı getmişdi və orda stansiya rəhbərliyilə mübahisəsi olmuşdu.

Artyom nəhayət, sərbəst buraxıldığı üçün az da olsa rahatlaşmışdı, gözlərini yanan ocağa çevirib cənub tunelinə tərəf baxdı. Bu tunel də eynilə Artyomun qısa müddət əvvəl 45-ci metrdəki sahədə növbə çəkdiyi VDNX stansiyasının şimalındakı, ucu-bucağı görünməyən geniş dəhlizə bənzəyirdi. Kənardan baxanda heç bir fərq nəzərə çarpmırdı. Amma yenə də burada fərqli nəsə vardı. Qatarın tunelə gətirdiyi xüsusi qoxu, ya da sırf bu tunelə məxsus, ona bir növ fərqli şəxsi keyfiyyət qazandıran, fərqli edən çox məxsusi ab-hava. Ögey atası həmişə deyirdi ki, metroda bir-birinin eyni olan iki tunel yoxdur, hətta eyni məntəqədə belə, bir istiqamətdə gedən xətt digərlərindən fərqlidir. Belə yüksək, son dərəcə çox insanın bilmədiyi bu dəyərli məlumatı ancaq ömrünü metroya verən insan bilə bilərdi. Saşa buna “tuneli eşitmək” deyir, sahib olduğu bu hissetmə qabiliyyətilə qurur duyurdu. Bu inkişaf sayəsində təhlükəli vəziyyətlərdən necə xilas olduğunu Artyoma dəfələrlə danışmışdı. Qarşılaşdığı hadisələr qarşısında səbirli, təmkinli olmağı Artyoma dönə-dönə tapşırırdı. İllərlə metroda gedib-gəldikləri halda, çox az insanda bənzər hissiyyat inkişaf etmişdi. Bir neçəsi dəhşətli qorxuya düşmüş, digərləri qorxulu səslər eşitmiş, kimlərsə ağıllarını itirmişdilər, lakin hamısının birləşdiyi nöqtə eyniydi: Tuneldə bir Allah bəndəsi olmasa belə, yenə boş deyil. Görünməyən, hiss edilməyən bir şey yavaş-yavaş, inadla içəri sızır, tunelləri öz həyat tərzinə uyğun doldururdu, eynilə daşdan hazırlanmış bir mutantın damarlarındakı yoğun və soyuq qan kimi.

Artyom keşikçilərin danışıqlarını artıq eşitmədiyi ocağın o biri tərəfində nəsə görmək üçün boş-boşuna çabalayarkən ögey atasının nə demək istədiyini indi daha yaxşı anlayırdı. Özü heç vaxt uzağa getmək məcburiyyətində qalmamışdı, tonqalların göründüyi sərhədin arxasında insanların yaşadığını bildiyi halda indi bu ona az qala qeyri-mümkün görünürdü. Sanki buradan on addım o tərəfdə həyat bitmişdi, sanki orada, irəlidə aldadıcı şəkillərini göndərən ölü qaranlıqdan başqa nəsə yoxdu.

Amma elə oturarkən birdən bəzi şeylər dəyişdi. Fərqli nəsə tapmaq ümidilə gözlədiyi dəhlizdə pusqi qurmaqdan imtina etdi. Baxışları sanki indi qaranlığın içində dağılıb yoxa çıxmaq istəyirdi, tunellə bərabər əriyərək bu mutantın bir hissəsi, bu orqanizmin hüceyrəsi olmaq istəyirdi. Artyom, qeyri-ixtiyari qulaqlarını tıxadığını gördü, amma kənar dünyadan gələn gurultuların daxil olmasına mane olan barmaqlarının arasından süzülərək barmaqlarının arasından, beyninə yüngül melodiya axmağa başladı – torpağın içində gələn, qəribə və eşidilməsi çox çətin həqiqətdən kənar səs. “Alekseyevskaya” ilə “Rijskaya” stansiyaları arasında olan, partlayan boru xəttindən gələn o şiddətli, qorxulu uğultuya bənzəmirdi. Yox, bu başqa səsdi. Dərindən gələn, çox rahat eşidilən aydın səs.

Artyom bu melodiyanın rahatlıq verən axışını bir müddət dinşədikdən sonra birdən bu görüntünün varlığını ağlıyla deyil, borudan gələn o gurultunun oyandırdığı daxili duyğuyla hiss etdi: Borudan fışqıran axıntıyla, tunelin içindən sakitcə axan bu axındı. Boruda kök salan radiasiya axıntıları ətrafa yayılmışdı və bu iyrənc qoxular insanları dəli edirdi…

Artyom hazırda çox vacib bir şeyi anlamaq üzrəydi, ruhu tunelin dibsiz qaranlıqlarında dolanarkən ağlını itirməyə səbəb olan o örtük sanki yarım saat içində bir az da olsa uzaqlaşmışdı. O örtük ki azca ağlı olan qorxunc varlıqların, bu yeni dünyanın həqiqət təbiətini dərk etməsini hər zaman əngəlləmişdi.

Amma eyni anda böyük qorxuya da düşdü, sanki bir açar deşiyindən baxmış və qapının o biri tərəfindən süzülən parlaq, yandırıcı işıq gözlərinə düşmüşdü. Əgər bu qapını açsa, işıq ölümü heçə sayan bu cürətli insanı yox edəcəkdi. Lakin bu işıq… məlumatdı, idrakdı!..

Bu düşüncələr və duyğular fırtınası Artyomu çarəsiz qoymşdu. Bu qədər şiddətli olacağını heç gözləmirdi. Amma yox, yaşadıqları sadəcə fantaziyaydı: Heç nə eşitməmiş, heç nəyin iyini duymamışdı. Fantaziyası ona yenə rəhbərlik etmişdi. Arxayınçılığın gətirdiyi sıxıntıların içində beynində bir an üçün açılan tərif edə bilmədiyi o perspektivin, hər saniyə bir az daha əriyib itdiyini, zehnində yenə o qeyri-müəyyən cədvəlin meydana çıxdığını gördü. Bunu açıq şəkildə hiss etmək onu narahat etdi və ağlındakı, hələ indicə sakitləşmiş, ağlından çıxmış örtük təkrar aşağıya endi, bəlkə də axıra qədər, birdəfəlik…

Beynindəki qasırğa da necə gəldi, eyni sürətlə, tezcənə söndü. Amma Artyomun bütün gücünün alıb bitirəcək qədər dərrakəsini məhv etmişdi.

Artyom ruhdan düşmüş halda oturmuşdu, fantaziyasını harda bitib həqiqətlərin harda başladığını dərk etməyə çalışırdı, təbii ki, bu hissləri həqiqət kimi qəbul etmək mümkün ola biləcək qədər.

Parlaqlıqdan (bəli həqiqətən də bir parlaqlıqdan), sadəcə bir addım uzaqdaydı və buna baxmayaraq tunelin küləyinə özünü buraxmağa nəyə görəsə qərar verib cəsarət edə bilməmişdi. Bu səbəbdən ürəyini əhatə edən qorxu get-gedə böyüyürdü, çünki ömrünün qalanını qaranlıqda, kiminsə köməyilə keçirməyə məhkum olumuşdu.

– Məlumat nədir, hardandır? – deyə-deyə öz-özünə təkrarlayaraq sorğu-sual edir, həyəcanla, qorxaraq nəyi itirdiyini anlamağa çalışırdı. Düşüncələrə dalmışkən, bu sözlərlə bir neçə dəfə yüksək səslə dediyini hiss edirdi. Buların hamısı metrodakı qeyri-müəyyən, qorxulu gurultulardan qaynaqlanırdı, – Bax, cavan oğlan, elm işıqdır, cəhalətsə qaranlıq, – növbətçilərdən biri ona izah etdi, – Oldumu?

Artyom həyəcanla adamın gözlərinə baxdı. Tam bu əsnada Burbon geri qayıtdı, onun ayağa qalxmasına kömək etdi. Növbətçilərlə vidalaşdılar. Əslində, bir az da dincəlmək istəyirdilər, lakin tələsməliydilər, çünki vaxt az, gedəcəkləri yersə çox uzaqdı. Belə səfərlərdə hər rastlaşdıqları yerdə vaxt itirmək məqsədə çatmaqda böyük əngəl ola bilərdi. Artyom bir anlıq Hanteri yadına saldı, ona verdiyi sözü xatırladı. Qarşıda böyük məqsəd və hədəflər vardı Bayaqdan onu əhatə edən bədbin, pis fikirləri unutdu.

– Diqqətli olun! – arxadan səslənən növbətçi komandir Artyomun “Kalaşnikov”una işarə etdi, – Silahla getməyinə icazə verdim. Amma geri qayıdanda yanıma bu silahla gəlmə. Təlimat belədir.

Qərargahdakı ocağın yanından uzaqlaşdıqları zaman Burbon:

– Sənə demişdim, axmağın biri, axmaq! – pıçıldadı, – İndi bir daha burdan keç, görək, necə keçirsən! Heç vaxt keçə bilməzsən, keçməyə cəhd etsən belə, böyük çətinliklərə məruz qalarsan. Axı sənə dedim, nə üçün söz dinləmirsən, nə tip adamsan?

Artyom sakitcə dinləyirdi. Sanki Burbonun təhqirlərini eşitmirdi. Fikri qəfil xatırladığı, ögey atası Saşanın bir vaxt dediyi sözlərin yanında qalmışdı. Atasının metroyla bağlı dediyi fikirləri nəzərindən keçirdi, Saşanın dediyi kimi hər metro stansiyanın özünə xas melodiyası vardı və insan da hər stansiyanı o melodiyaya görə xatırlayır, gözlərində canlandırırdı. Lakin bunu hamı duya bilməzdi, bu duyğu insanın çox dərinliklərindəydi. Ona görə Burbonun dediklərinin heç bir əhəmiyyəti yoxdu, Artyom melodiyaların yaratdığı hisslərin təsirinə düşmüşdü…

Saşa bəlkə də ona danışdığı bu sözlərlə özünü ifadə etmək istəmişdi, amma bir az qabaq Artyom da bunu bacarmışdı. Metroda ögey atası qədər gəzməsə, stansiyaları onun qədər dərindən tanımasa da, ən azından keçdiyi stanisyalarda bunu az da olsa hiss etmişdi. Lakin bu düşüncələr bir anlıqdı, tezcənə yoxa çıxdı. Artyom da bir dəqiqəlik melodiyanın təsirinə düşmüşdü. Lakin bu düşüncəsi yoxa çıxdı, yarım saat sonra artıq özünə arxayın deyildi, bütün bunlar bir ocağın göyə qalxan işığından və o işığın yaratdığı parlaqlıqdan, ya da öz fantaziyasından da ola bilərdi.

Bütün bunları düşündüyü vaxtda Burbonun da hirsi soyumuşdu.

– Gəl, hərşeyi unudaq! – dedi, – Pis niyyətim yoxdu, sadəcə bilmirdim… Bir az kobudluq etdim, bağışla. Olduqca stresli peşəm var. Hər şeyə rəğmən, növbətçi hissədən belə keçə bildiksə, böyük uğurdur. İndi qarşıdakı əsas vəzifəmiz vaxt itirmədən sürətlə “Prospekt Mira” stansiyasına getməkdir. Orda bir az dincələrik. Hər şey qaydasında olsa, orda da çox qalmayaq. Ancaq sonra ola bilsin, bir az əziyyət çəkdik.

– Belə getməyimiz sonra bizə çətinlik yaratmaz ki? – Artyom soruşdu və dönüb arxaya baxdı, – Demək istəyirəm ki, VDNX stansiyasında həmişə ən azı üç nəfərlə yola çıxırdıq…

– Əlbəttə, bu cür getməyin həm xeyirli, həm də ziyanlı tərəfləri var. Bu faydanı və ziyanı tez görmək olmur. İnsan əvvəlcə bunu öz daxilində, bədənində hiss etməlidir. Ən az beş nəfərlə yola çıxırdıq, bəzən bu say altı-on nəfərə çatırdı. Belə yola çıxmağın xeyirli olduğunu düşünürsən? Əsla! Bir dəfə bir yüklə yola çıxmışdıq, ona görə də yanımızda bizi qorumaları üçün xüsusi mühafizə dəstəsi də götürmüşdük; İkisi qabaqda, üçü ortada, biri də ən sonda. Lap kitablarda, filmlərdə olduğu kimi. “Tretyakovskaya”dan – əvvəlki adı “Marksistkaya” idi – o istiqamətə tərəfə gedirdik. Tunel, demək olar, əla vəziyyətdəydi. Lakin mənim heç xoşuma gəlmədi. Çürümüş cəmdək iyi verirdi. İçəri çox bulanıqdı, görüş məsafəsi pisdi, beş addım o tərəfi lampayla da görmək olmurdu. Ən sondakı adamın belinə ip bağladıq, qayışından keçirib digər ucunu da qrupun başında olan komandirə bağladıq. Beləliklə, çətin şəraitdə heç kim itməyəcəkdi. Hər şey qaydasındaydı, çox sakit, rahat şəkildə hərəkət edirdik. Xoşbəxtlikdən, qarşımıza hansısa çətinlik çıxmırdı. Belə davam etsək, qırx dəqiqəyə çatacağımızı ümid edirdik. Hətta bir ara daha da sürətlə hərəkət edirdik.

Burbon titrəyərək bir müddət susdu, sonra sözünə davam etdi:

– Yolun yarısına qədər getmişdik ki, ortada olan Tolyan gözlədi, ən sondakı adamdan nəsə soruşdu. O da niyəsə susmuşdu, cavab vermədi. Tolyan bir də nəsə soruşdu. Yenə sondakından səs çıxmadı. Tolyan ipi çəkdi və ipin boşalan ucunu əlinə aldı. Dişlənilmişdi! Həqiqətən dişlənilmişdi, ipi diqqətlə nəzərdən keçirdikdə nəmli nəsə gördük, tüpürcək olmalıydı. Adam birdən-birə yoxa çıxdı. Heç kim heç nə bilmirdi, səs eşidən də olmamışdı. Heç bir şey!

Mən də Tolyanla birlikdə orta hissədə hərəkət edirdim. Mənə ipin uc hissəsini göstərərkən dizləri əsirdi. Yoldaşlıq xatirinə, bir insan olaraq yenə arxaya tərəf səsləndik, lakin heç bir səs eşitmədik. Çünki artıq heç kim yoxdu. Bir-birimizə baxdıq, sonra da sürətlə oradan uzaqlaşdıq. Necə qorxu və həyəcanla hərəkət etmişdiksə, bir anda özümüzü “Marksistkaya”ya çatdırdıq.

– Bəlkə sizlə zarafat etmişdi?

– Zarafat etmişdi? Bəlkə də. Amma onu bir daha heç kim görmədi. Ən azından mən baş vermiş qorxulu hadisədən o nəticəni çıxardım ki, əgər sıran gəlibsə, səni heç kim qoruya, heç kim kömək göstərə bilməz, nə mühafizə dəstəsi, nə də əlindəki silah!

Baş vermiş həmin hadisədən sonra həmişə iki nəfərlə yola çıxıram, “Suxarevskaya”dan “Turgenevskaya”ya gedən tunel səfəri istisnadır, çünki o, tamamilə başqa mövzudur…

Əgər mənə nəsə olsa, ikinci adam məni kənara çəkir, beləliklə daha sürətlə yol gedirik. Başa düşdün?

– Başa düşdüm!

Amma ordakılar bizim “Porspekt Mira”ya daxil olmamığıza icazə verəcəklər? Yanımda bunu daşıyıram.

Artyom avtomat silahını göstərdi.

– Öz xəttimizdə olarkən, əlbəttə! Amma “Koltsevaya” xətinə keçməyimizə heç vaxt icazə verməzlər. Ora səni silahsız da buraxmazlar. Orda çox vaxt itirə bilmərik. Qısa istirahətdən sonra yola davam edərik… Sən… Daha əvvəl “Prospekt Mira”ya getmisən, orda olmusan, heç bilirsən, necə yerdir?

– Sadəcə bir dəfə, o da hələ uşaqkən. Sonra getməmişəm necə yer olduğunu da bilmirəm!

– Onda yaxşı qulaq as. Orda sərhəd növbətçiləri yoxdur. Əslində, ticarət mərkəzi kimi bir yerdir, adi məskən deyil. Lakin “Koltsevaya” xətinə, yəni “Hanza”ya keçid ordandır. Ulduz xəttindəki stansiyada insan yaşamır, vəziyyəti nəzarətdə saxlamaq üçünsə “Hanza” əsgərləri patrul xidməti həyata keçirir. Bu da o deməkdir ki, orda səssiz və çox diqqətli olmalıyıq, başa düşdün? Əks halda arxamızca gələr, stansiyalara girməyimizə mane olarlar,. Buna görə də ora çatan kimi, platforma tərəfdə oturub məni gözləyərsən, təbii ki, əlindəki o saatlı bombanı…

Burbon, başıyla Artyomun əlindəki çox hadisənin şahidi olmuş “Kalaşnikov”a işarə etdi.

– Elə açıq şəkildə gəzdirmə əlində. Bir nəfərlə bəzi məsələlər haqqında danışacam. Sonra “Suxarevskaya”ya qədər məsafəni necə qət edəcəyik, o haqda söhbət edərik!

Burbon susdu, Artyom öz fikirləriylə baş-başa qaldı. Əslində, tunel pis deyildi, sadəcə bir az nəmliydi və relslərin yanından kiçik tünd axıntı sızırdı. Bir müddət sonra yenə o yüngül, xışıltılı və incə səs eşidildi, Artyoma elə gəldi ki, sanki kimsə pəncərəni cırmaqlayır, diskinərək cəld ayağa qalxdı. Kiçik qorxunc varlıqlar hələ görünmürdü, amma varlıqları get-gedə daha güclü hiss olunurdu.

– Siçovullar!

Artyom bu iyrənc kəlməni tələffüz edərkən, bədənindən üşütmə keçdi. Anasıyla birlikdə bütün “Timiryaşevskaya” stansiyası sakinlərinin həlak olduğu o dəhşətli günün xatirəsi çoxdan yaddaşından silindiyi halda, gecə yuxuları onu hələ də tez-tez “ziyarət” edirdi. Yaşadığı o kədərli xatirələr, həqiqətən, silinmişdimi yaddaşından?

Xeyr!

Sadəcə dərinlərə quylanmışdı, eynilə vaxtında çəkib çıxarmadığı tikanın bədəninin dərinliklərində qaldığı kimi. Bacaraqsız cərrah görmədiyi üçün bədənində gəzən iynə kimi, hərdən də elə arğılar verirdi ki, o iynə bədəninə ilk dəfə girdiyi günü xatırlayırdı…

Əvvəlcə ağrı vermədən, hansısa formada, diqqəti cəlb etmədən bir yerdə gizlənir, hərəkət etmədən gözləyir. Lakin daha sonra bir gün nəhayətsiz güclə hərəkətə keçir, damarların, sinir düyünlərinin daxilindən yandırıcı səyahəti başlayır, yaşayan bütün orqanlarını söküb alır, qonağına dözülə bilməyəcək ağrılar verir. Eynilə gözü dönmüş siçanların və acgöz heyvanların yaratdığı qorxunun Artyomun yaddaşına həkk olunub qaldığı o gün kimi. Gecələr onu gizli şəkildə yoxlayır, elektrik vurmuş kimi bədənini əhatə edirdi. Bu qorxunc varlıqların görüntüsü, qorxusuyla bütün bədəni gərilmişdi Siçanlar Artyomla ögey atasında, hətta bəlkə o gün arabayla qaçıb xilas olan digər dörd adamda, metronun digər sakinləriylə müqayisə edilməyəcək şəkildə böyük həyəcan və qorxu yaratmışdı.

VDNX stansiyasında, demək olar ki, heç siçan yoxdu. Hər yerə qapaqlı tələlər yerləşdirilmiş, zəhər səpilmişdi. Ona görə də Artyom uzun müddət siçanla üz-üzə gəlməmişdi.

Metronun qalan hissəsindəsə bunlardan elə çoxdu ki, Artyom səfərə çıxarkən ya bunu tamamilə unutmuş, ya da yaddaşının bir yerində ört-basdır etmişdi…

Burbon kinayəli şəkildə soruşdu:

– Yoxsa səni qorxutdular? Onları, deyəsən, heç xoşlamırsan? Yaman həssassan! Ən yaxşısı, öyrəş! Burda hər addımbaşı siçan var. Lakin bir də yaxşı tərəfi var: Heç ac qalmazsan! Daha sonra yüksək səslə qəhqəhə çəkdi. Cox ciddi deyirəm, zarafat bir yana, əgər siçan yoxdursa, onda narahat olmalısan! Siçanların yaşamadığı yerdə, ən pis şeyləri nəzərə al-malısan. Əgər orda yaşayanlar insanlar deyilsə, onda vay halına…

Onda həqiqətən qorxmalısan. Siçanların gəzdikləri yerdəsə tam tərsinə, hər şey qaydasındadır. Başa düşdün?

Artyom bu tipə öz sirrini açmaq istəmədiyindən sadəcə başını tərpətdi. Necə olmasa, burada o qədər də çox siçan yoxdu. Yəqin cib fənərinin işığından qorxub, özlərini demək olar, heç göstərmirdilər.

Artyom o qədər dərin fikrə getmişdi ki, ətrafda nə baş verdiyini bir anlıq kəsdirə bilmədi. O, ayağının altında qalan siçanın çıxardığı səsin qorxusundan elə həyəcan keçirdi ki, az qala silahla bərabər relsin üstünə yıxılacaqdı.

Türler ve etiketler

Yaş sınırı:
18+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
660 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin
Ortalama puan 4,5, 8 oylamaya göre
Ses
Ortalama puan 4, 1 oylamaya göre
Metin
Ortalama puan 4,8, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 8 oylamaya göre
Ses
Ortalama puan 3,5, 8 oylamaya göre