Kitabı oku: «Metro-2033», sayfa 6
Jenya istəksiz halda ayağa qalxaraq:
– Biz də sizə çox şeylər danışa bilərik, – cavab verdi.
– Sizin hekayələri bilirəm. Qaralar, mutantlar və digər qorxulu söhbətlər. Həmçinin, göbələkləriniz…
Amma bəzi şeylər var ki, heç eşitməmisiz. Bunlar sadəcə qorxulu nağıldır, yoxsa yaşanmış şeylərdi, heç kim bilmir. Bu günə qədər də belə qalıb. Yəni bunu yoxlayan insanlar olub, lakin əminəm ki, bizə nə tapdıqlarını artıq deməzlər.
Komandirin sözləri Artyomun yenidən güc toplamasına, ruhlanmasına kömək etmişdi. Hazırda əhəmiyyətli olan “Prospekt Mira” tərəfdə nələrin baş verdiyini öyrənməkdi. Relslərin üstündən cəld qalxdı, avtomatının köməyilə arabanın arxasındakı yerinə keçdi. Yenidən arabanı hərəkətə gətirdilər və yollarına davam etdilər. Komandir gözlərini qaranlığa zilləyərək söhbətinə davam etdi:
– Öz-özümdən soruşuram, görəsən, sizin nəsil metro haqqında nə bilir, bir-birinizə ağlınıza gələn bütün qorxulu hekayə və nağılları danışırsız, bu hekayələri biriniz digərinə çatdırır, o da əlavələr edib digərinə danışır, beləcə əvvəlki formasından çox fərqli şəkildə yayılır. Bax, budur metronun ən böyük sıxıntısı: təhlükəsiz əlaqə vasitəsi yoxdur! Bir tərəfdən o biri tərəfə rahat getmək olmur, mümkün deyil. Bir yerdə keçməyə icazə verilmir, başqa stansiyada yola barikadalar qurublar, digər stansiyada oğurluq, digərində başqa xoşagəlməz hadisələr…
Metro istənilən halda böyük tordur, indi elə düşünürsüz ki, metrostansiyalar bir-birindən çox uzaqda yerləşir? Əsla belə deyil!
– Əvvəllər ən sonuncu stansiyaya qatarla bir saata gedirdik.
Bu günsə insanlar günlərlə, həftələrlə getməklə bir stansiyadan digərinə gedib çata bilmirlər, çatanda da böyük əziyyətlərlə. Çünki bir sonrakı yol ayrıcından sonra səni hansı qəribəliklərin gözlədiyini bilmirsən. Misal üçün; hazırda Rijskaya stansiyasına yardım aparırıq. Amma çatanda bizi güllə atəşinə tutmayacaqlarına nə mən nə də başqası təminat verə bilməz. Yaxud bir canlının belə qalmadığı, yaşamadığı stansiyayla qarşılaşmayacağımızı, “Rijskaya”nın artıq “hanza”lılara aid olmadığı üçün metronun geri qalan hissəsinə keçə bilməyəcəyimizi – həm də heç vaxt – bütün bunlar üçün heç kim zəmanət verə bilməz. Doğru, dəqiq xəbər mənbələrimiz yoxdur. Misal üçün; bir az əvvəl hansısa məlumat aldın, axşam olanadək baxırsan ki, öyrəndiyin şey keçmişdə qalıb, xəbər çoxdan köhnəlib, ertəsi gün artıq buna güvənə bilməzsən. Sanki əlində yüz illik xəritəylə çöllük ərazidə yola çıxırsan. Kuryerlər bu məktubu o qədər gec gətirib çıxarırlar ki, xəbər sənə çatanda, ya buna artıq ehtiyac duyulmur, ya da hadisələr aktuallığını itirir. Həqiqət ortaya çıxmır və həqiqət, hadisələr, beləcə, yaddaşlardan silinir. İnsanlar üçün bu çox yeni, alışılmamış vəziyyətdir. Generatorlarımızın yanacağı tükənəndə, elektirsiz qaldığımızda nə baş verəcəyini düşünmək belə istəmirəm. Herbert Uelsin “Zaman maşını” kitabını oxumusuz? Orada morloklar var…
Bu hekayəni Artyom çoxdan bilirdi, artıq gün ərzində ikinci dəfəydi, morloklar barədə eşidirdi. Ona görə də söhbəti əvvəlki axarına qaytarmaq istədi:
– Yaxşı, sizin nəsildən insanlar yeni metro haqqında nə bilir?
– Hm-m… Tuneldəki bütün bu lənətəgəlmiş şeylər haqqında danışmaq yaxşı əlamət deyil. “Metro-2” və görünməyən nəzarətçiləri deyirsən? Orada daha əvvəllər “Puşkinskaya” stansiyasısının olduğunu bilirdiz? “Çexovskaya” və “Tverskaya”²⁰ stansiyalarına gedən keçidləriylə birgə hamısının faşistlər tərəfindən işğal edildiyini necə?”
– Hansı faşistlər? – Jenya soruşdu.
– Bildiyimiz faşistlər. Hələ biz orada yaşayarkən, – Komandir barmağıyla yuxarını işarə etdi, – onlar beləydilər, – əlini başına çəkdi, – Başları qırxılmış halda ortada gəzirdilər. RNE deyirdilər onlara. Mənasını bilmirəm. Heç özləri də bilməzlər yəqin, unudarlar… Xaricilərin ora köçməklərinə qarşı çıxdılar. Onda dəbdi. Sonra birdən-birə yox oldular…
Onları nə görən, nə eşidən oldu. Amma bir müddət əvvəl “Puşkinskaya” stansiyasında yenidən meydana çıxdılar. “Metro Ruslar üçün”. Belə şüar eşitmisiz? Və ya: “Yaxşılıq et, metronu təmizlə!” Rus olmayanların hamısı əvvəlcə “Puşkinskaya”dan qaçdılar, sonra “Çexovskaya” və nəhayət, “Tverskaya”dan19. Nəticədə yaxşıca rahatlandılar və qorxulu soyqırımları təşkil etdilər.
Hazırda orada Reyx qurublar… Dördüncüdür, yoxsa beşincidir..
Hələ o qədər də uzağa getmirlər, amma bizim nəsildən olanlar XX əsrin bu hekayəsini xatırlayırlar. Digər tərəfdən faşistlər nədir ki? “Filyovskaya” xəttində artıq mutantlar var. Sonra bizim qaralar. Nəhayət, bir-birindən fərqli çoxlu məzhəb, sonra satanistlər, kommunistlər. Qısası, dölbeyin yığıncağıdır bura!
Uzaqdan ölü bir işıq göründü. “Alekseyevskaya”ya yaxınlaşırdılar. Bu stansiyanın 50-ci metrdə sadəcə bir növbətçi hissəsi vardı, o tərəfə getmək daha mümkün deyildi. Patrulların atəşinə təxminən 40 metr qalmış, komandir “Dayan!” əmrini verdi. Sonra fənərini müəyyən zaman ərzində bir neçə dəfə yanıdırıb söndürdü. İşığın qabağında kölgə peyda oldu. Bir nəfər onlara yaxınlaşdı. Hələ uzaqdaykən səsləndi:
– Olduğunuz yerdə qalın! Yaxınlaşmayın!
Artyom özünə sual etdi: “Hər zaman dost bildiyimiz stansiyada, bir gün düşmən kimi qarşılaşacağımız mümkündümü?”
Adam tələsmədən onlara tərəf yaxınlaşdı. Əynində nimdaş hərbi şalvar, üstündə “A” hərfi yazılan sırıqlı vardı. Görünür, “A” hərfi stansiyanın adını bildirirdi. Üzü tüklüydü, gözləri narahat şəkildə işıldayır, əlləri də boynundan asılı avtomatın qundağında əsəbi-əsəbi gəzirdi. Gələnlərin üzünə diqqətlə baxıb gülümsündü:
– Salam, yoldaşlar! Necəsiz? Yolunuz “Rijskaya”ya tərəfdir, deyəsən? Sizin gəlişiniz haqqında məlumatımız var, bizə əvvəlcədən xəbərdarlıq edilib. Gəlin!
Komandir növbətçidən nəsə soruşurdu. Amma elə danışırdı, heç nə eşidilmirdi.
Artyom Jenyaya dedi:
– Gör, nə əzabkeş siması var! Hiss edirəm ki, onlar keflərindən birləşmir bizimlə…
– Nə etmək olar? – Jenya dostunun sualına cavab verdi, – Bizim də öz məqsədlərimiz var. Əgər bizim rəhbərlik onlara güvənirsə, deməli, bizə köməkləri dəyəcək. Sırf xeyriyyəçilimizdən ötrü onları doyuracaq deyilik.
Araba 50 metrdən sonra oxşar geyimdə digər növbətçinin də olduğu tonqalı geridə qoyaraq stansiyaya daxil oldu. “Alekseyevskaya” stansiyası pis işıqlandırılmışdı. Stansiya sakinləri yorğun, ümidsiz görünsələr də VDNX-dən gələn qonaqları dostcasına qaşıladılar. Qrup stansiyanın mərkəzində dayandı, komandir onlara siqaret fasiləsi verdi. Artyomla Jenya drezində növbədə qaldılar, digərlərini ocağın yanına dəvət etdilər.
– Faşistlər və qurduqları dövlət barədə ilk dəfə eşidirəm, – Artyom dostuna dedi.
– Əvvəllər bir nəfər mənə metroda faşistlərin olduğundan danışmışdı. Lakin o, faşistlərin “Novokuznetskaya”da olduqlarını demişdi.
– Kim demişdi?”
– Lyoxa.
Artyom üzünü turşutdu:
– O sənə yaman çox maraqlı şeylər danışıb.
– Amma faşistlər həqiqətdən də var! Lyoxa yeri səhv salsa da, yalan deməyib ki…
Artyom susdu, fikrə getdi:
– “Alekseyevskaya”da siqaret fasiləsi çox çəkəcək, deyəsən. Komandirin burdakı məmurlarla danışacağı bəzi xüsusi məsələlər vardı, böyük ehtimalla əvvəlcədən qərarlaşdırılmış birləşmədən söhbət gedirdi. Bir neçə saat sonra da “Rijskaya”ya yola düşəcəkdilər. Bütün çatışmazlıqlar həll edilib, kabellərə baxdıqdan, bir gecəlik istirahətdən sonra yeni təlimatları alıb gətirməsi üçün kuryeri geri yollayacaqdılar. Əgər kabel üç stansiya arasındakı xəbərləşməni yerinə yetirəcək vəziyyətdədirsə, tezliklə kabelləşmə işləri yekunlaşacaq. Lakin yararsızdırsa, yenidən VDNX stansiyasına qayıtmalı olacaqdılar.
Artyomun bu vəziyyətdə ən çox iki günü vardı. Bu müddətdə “Rijskaya” stansiyasının kənar növbətçi hissələrindən keçmək üçün bahanə tapmaq məcburiyyətindəydi, çünki burdakı növbətçi qüvvələri VDNX stansiyasındakından daha dəqiq və şübhəli hərəkət edirdilər. Narahatlıqları son dərəcə təbiiydi: “Böyük” metro cənubdan başlayırdı, cənub bölgələrisə daha tez-tez hücumlara məruz qalırdı. “Rijskaya” sakinlərinin qarşılaşdığı risklər VDNX stansiyasındakı təhlükələr kimi elə qorxulu olmaya bilərdi, amma buna qarşılıq, daha fərqli və qeyri-adiydi, ona görə burdakı növbətçilər də hər şeyə hazırlıqlı olmaq məcburiyyətindəydilər.
“Rijskaya”dan “Prospekt Mira”ya iki tunel gedirdi. Bu iki tunelin birini bağlamaq mümkün olmadığıyçün hər iki stansiyanın giriş-çıxışı nəzarətdə saxlanılırdı.
Bu da stansiyanın gücünü azaldırdı, bu səbəbdən də stansiya rəhbərliyi heç olmasa şimal tərəfin təhlükəsizliyini təmin etməyə çalışırdı. Hərçənd, “Alekseyevskaya” və xüsusilə, VDNX stansiyalarıyla birləşmə şimal tərəfin təhlükəsizliyini təmin etmək üçün bütün məsulliyyətini öz üzərinə götürmüş olacaqdı.
“Rijskaya” kənar növbətçi hissələrindəki təhlükəsizlik tədbirlərinin daha da gücləndirilmiş olmasının səbəbi, tərəfləri gözləyən birləşmə qərarı deyildi. Gələcəkdəki tə-rəfdaşlarına, cənub sərhəddinin tam müdafiəsi məsələsində özlərinə güvənə biləcəklərini sübüt etmək istəmişdilər. Beləliklə, nə bu, nə digər tərəfə gedən nəzarət nöqtələrindən keçmək asan deyildi. Bu çatışmazlığı ən çox iki gün içində həll etmək məcburiyyitindəydi.
Amma əsas problem ondan sonra nə edəcəkləriydi. Cənub sərhəd hissəsini keçdiyi təqdirdə “Polis” stansiyasına gedən adam özünə daha təhlükəsiz yol tapmaq məcburiyyətindəydi. Kaş, evdə bir neçə alverçidən potensial təhlükələr haqqında məlumat alsaydı. Lakin səyahəti çox təcili olmuş, hansı yolu seçəcəyini bilməmişdi. Jenyadan, yaxud qrupdakı digərlərindən “Polis” stansiyasına gedən yol haqqında soruşmaq olmazdı. Əks halda bütün şübhəni üzərinə çəkəcəyini çox yaxşı bilirdi. Hər şeydən əvvəl Jenya dostunun gizli məqsədi olduğunu başa düşəcəkdi. Nə “Alekseyevskaya”, nə də “Rijskaya”da tanışı, dostu yoxdu. Bu barədə tanımadığı şəxsə güvənməksə mümkün deyildi.
Jenya özlərindən bir az irəlidə oturan cavan qızla danışmaq üçün bir az uzaqlaşan kimi, Artyom fürsətdən faydalanıb arxa çantasından metro planını çıxardı. Bu xəritə bir nəfər tərəfindən indi mövcud olmayan bazardan oğurlamışdı. Qələmlə “Polis” stansiyasının ətrafına bir neçə dairə çəkdi. Ora gedən yol sadə görünürdü. Komandir qulaq asanlara indi əfsanə kimi gələn əvvəlki insanların metroda silah gəzdirmək məcburiyyətində olmdıqlarını, bir ucdan digərinə gedişin heç bir saat çəkmədiyini, tunelin sadəcə qatarların keçməsi üçün istifadə edildiyini danışırdı. VDNX stansiyasıyla “Polis” arasındakı xətt də o vaxtlar işlək vəziyyətdəydi, heç bir çətinlik çəkmədən keçmək olurdu.
Elə xətt boyunca “Turgenevskaya”ya gedə bilərdi, ordan da xəritədə “Çistıye Prudı” yazıllan, indisə kommunistlər tərəfindən “Kirovskaya” adlandırılan stansiyaya keçid vardı.
Və “Qızıl xətti” keçərək “Sokolniçeskaya” xəttilə düz “Polis” stansiyasına çıxırdı. Qatarların işlədiyi, gündüzlər lampaların yandığı vaxtlarda bu səyahət yarım dəqiqə belə çəkmirdi. Amma “Qızıl xətt”in yenidən böyük hərflərlə yazılmasından sonra kommunistlərin bayrağı “Çistıye Prudı”ya gedən keçidin üzərinə asılmış, stansiya artıq metro sakinləri üçün əvvəlki əhəmiyyətini itirmişdi. Buradan “Polis” stansiyasına gedən yolu tapmaq artıq mümkün deyildi.
“Qızıl xətt” rəhbərliyi metro xalqını xoşbəxt etməkçün Sovet ideologiyasını onlara zorla qəbul etdirməkdən imtina etmiş kimi görünsə də, bütün sülh görüntüsünə rəğmən rejimin xarakterini yenə də heç dəyişdirməmişdi. KQB20 deyilən, hətta bəziləri bilərəkdən bir parçaya istəklə bağlı olaraq, digər xətlərdən gələn qonaqlara maraqları bundan daha az deyildi. Xüsusi icazə sənədi olmadan heç kim “Qızıl xətt” stansiyalarından birinə daxil ola bilməzdi. Davamlı pasport yoxlamaları, xəstəlik dərəcəsinə çatan ümumi pataloji şübhə doğuran, həm yanlışlıqla yolu buraya düşən yolçular həm də vəzifəli agentlərin izini buraxmırdı. Nəticədə hər iki tərəfi kədərli, pis sonluq gözləyirdi.
Yəni metronun ürəyinə uzanan – Polis stansiyasına gedən yol bu vəziyyətdə heç də asan deyildi! Hansısa söhbət zamanı “Polis” stansiyası haqqında danışılanda Artyom hörmət əlaməti olaraq susurdu, çox insan üçün də bu hal fərqli deyildi. Artyom, bilmədiyi bu cümləni, ilk dəfə ögey atasının bir qonağına danışarkən eşitmişdi.
Daha sonra çəkinərək Saşadan mənasını soruşanda atalığı səsində yüngül kədərlə belə cavab vermişdi: “Artyomka, bura insanların yer üzündə, bəlkə də hələ insan kimi yaşadıqları ən son yerdir. İnsan sözünün nə mənaya gəldiyinin hələ unudulmadığı bir yer”. Və yazıq halda gülərək əlavə etmişdi: “Ora şəhərdir”.
“Polis” şəhərciyi Moskva metrosunun ən böyük keçidində, dörd ayrı xəttin kəsişdiyi nöqtədəydi, dörd metro stansiyasının hamısını əhatə edirdi:
– “Aleksandrovskiy sad”21, “Arbatskaya”, “Borovitskaya”22 və “Biblioteka imeni Lenina” stansiyalarına. Aralarında qalan birləşdirici keçidlərini də. Bu çox böyük ərazi sivilizasiyanın ən son imtahanıydı, çox insan yaşadığı üçün də bir vaxtlar orada yaşayan şəhərlilərin sadəcə “şəhər” dedikləri son yerdi. Daha sonra buraya Yunan dilində şəhər mənası verən “Polis” adı verilmişdi. Bunun səbəbi bəlkə də bu sözün şəhər sakinlərinə, eyni zamanda, qorunmaq mənasını da verən, görkəmli antik mədəniyyəti ək etdirməsiydi. Bir sözlə, bu xarici ad uyğun görülmüşdü.
“Polis” stansiyası metroda bənzəri olmayan fenomendi. Özlərinə xas fərqli qanunlarına görə, yeni dünyada artıq yer verilməyən elm rəhbərlərinə yalnız və yalnız orada rast gəlmək mümkün idi. Metro böyük bir qarışıqlığın və cəhalətin dalğalarına batanda, artıq yararsız və faydasız sayılan elm adamları “Polis” stansiyasında özlərinə sığınacaq tapmışdılar. Onlara yalnız orada qucaq açmışdılar, çünki qardaşlarının ruhu orada yaşayırdı. Bir vaxtlar məşhur universitetlərdə kreslo sahibi olan titrək əlli professorlar sadəcə “Polis” stansiyasında yaşayırdı; sənətkarlar, teatr aktoyları, şairlər, fiziklər, kimyaçılar, bioloqlar – insanlıq aləminin yüz illər boyunca əldə etdiyi, öyrəndiyi hər şeyi beyinlərinə həkk edən bu insanlar sadəcə və hələ orada yaşayırdılar. O insanlar ki, bu dünyadan köçüb getdiklərində bütün bunlar da əbədiyyən özləriylə birgə yox olacaqdı.
“Polis” şəhərciyi bir vaxtlar şəhər mərkəzinin olduğu yerdəydi. Köhnə eranın ən geniş elm arxivini saxlayan Lenin adına Kitabxananın binası stansiyanın yerləşdiyi yerdə – yuxarıda yüksəlirdi. Bəşər övladının üzərində çalışdığı, işlədiyi ehtimal olunan bütün məsələlərdə, bir çox dillərdə, yüz minlərlə kitab…
Heç kimin başa düşmədiyi hərflər, işarələr və heroqlif yazılarla bəzədilmiş yüzlərlə ton kağız bu kitabxanadaydı. Amma yenə də xeyli kitab hələ oxunaqlı şəkildəydi və anlamaq olurdu. Bu kitabların yüz illər bundan qabaq ölən müəllifləri də hələ həyatda olanlara çox şeylər haqqında danışırdılar.
Yuxarıya kəşfiyyat gəzintisi təşkil etməyə imkanı çatan bütün stansiyalar içində öz stalkerlərini kitab almağa göndərən tək stansiya-dövlət “Polis”di. Elmə, elmi biliklərə yalnız “Polis”də bu qədər dəyər verirdilər, könüllülər elm uğruna həyatlarını təhlükəyə atırdılar, elm üçün muzdlu əsgərlərə külli miqdarlar ödənilirdi. Mənəvi dəyərlərə sahib olmaq uğrunda insanlar var-dövlətini, bütün mülkünü belə xərcələməyə hazırdılar.
Stansiya rəhbərliyi sahib olduğu idealizmə, uzaqgörənliyinə görə, illərlə ayaqda qalmış, stansiyanı fəlakətlərdən qoruya bilmişdi; təhlükəsizliklərinə mane olan vəziyyət yarandığı zaman bütün “Polis” xalqı əlbir olub bir yerə toplanırdı. “Qızıl xətt” və “Hanza” İttifaqı arasındakı müharibədə son döyüşlər çoxdan unudulmuşdu, “Polis”i indi yenidən toxunulmazlığın, əmin-amanlığın gətirdiyi sehrli hava əhatə edirdi.
Artyom bu möhtəşəm yeri düşünəndə ora gedən yolun asan olmaması ona heç də qəribə gəlmirdi. Bəli, yol təhlükələrlə, öhdəsindən gəlmək məcburiyyətində qalacağı bir çox çətin, ağır imtahanlarla dolu, əsl labirint kimi olmalıydı. Əks halda səfər məqsədini, sirrini və möhtəşəmliyini itirərdi.
Əgər “Kirovskaya” üzərindən “Qızıl xətt”i izləyərək “Biblioteka imeni Lenina”ya uzanan yol mümkünsüz, riskli görünsə, “Hanza” patrullarını keçərək “Koltsevaya” üzərindən getməyə cəhd edəcəkdi. Artyom planı diqqətlə gözdən keçirdi.
“Hanza”lıların bölgəsinə çatmağı bacarsa, “Polis” stansiyasına gedən yol nisbətən qısalacaqdı. Barmağını plandakı xətlərin üzərində gəzdirdi. “Prospekt Mira”da, “Koltsevaya” xəttinin cənub hissəsinə tərəf getsə, “Hanza”lılardan iki stansiya sonra Kurskaya stansiyasına gəlmiş olacaqdı. Orada “Arbatsko-Pakrovskaya xəttinə”23 keçər, beləliklə, “Polis” dövlətinə aid “Arbatskaya“ stansiyasına bir addımlıq məsafə qalmış olardı.
Düzdür, Artyomun yolu üstündə “Bibliteka imeni Lenina” stansiyasının əvəzinə qırmızılara verilmiş “Ploşad Revolutsii” stansiyası da vardı. Lakin kommunistlər bu stansiyada bütün yolçulara sərbəst tranzit yaratmağa öhdəlik götürmüşdülər. Bu, sülh sazişinin əsas şərtlərindəndi. Deməli, sərbəst tranzit imkanından Artyom da yararlana bilərdi.
Bir az düşündükdən sonra, indilik əlindəki bu planla kifayətlənməyə qərar verdi; yoluna davam edərkən rastına çıxanlardan daha dəqiq məlumatlar ala biləcəkdi.
Bir-birinin içinə girmiş metro xətləri və bir çox məlumatları təhlil edərkən komandirin özünə metroda ən qısa səfərlərdən belə qarşılaşdığı çətinlikləri danışarkən, sanki bəzi şeyləri bir az böyütmüş olduğunu düşündü. Nəticədə “Prospekt Mira”dan “Kiyevskaya” stansiyasına qədər – Artyom barmağıyla çevrənin ətrafına dolandı. Ancaq “hanza”lıların cənub qanadı deyil, şimal qanadı üzərindən də getmək mümkündü. Ordan Polis stansiyasına qədər “Filyovskaya” və ya “Arbatsko-Pokrovskaya” xəttində sadəcə iki stansiya var idi. Bu vəzifə Artyoma heç də həll edilməyəcək kimi görünmürdü. Plan üzərində etdiyi bu qısa çalışma özünə inamını gücləndirmişdi. İndi nə etməli olduğunu bilirdi, ən kiçik tərəddüdü belə qalmamışdı: Qrup “Rijskaya”ya çatanda VDNX stansiyasına geri qayıtmayacaq, “Polis” stansiyasına tərəf səfərinə davam edəcəkdi.
– Plan qurursan? – Jenyanın səsini eşitdi.
Artyom elə dərin fikirlərə getmişdi ki, dostunun geri qayıtdığını hiss etməmişdi. Cinayət üstündə tutulmuş kimi, cəld yerindən qalxdı, sıxılaraq, narahat şəkildə qurduğu planını gizləməyə çalışdı.
– Yox… Yox… Mən… Sadəcə stansiyalara, komandirin bizə danışdığı o dövlətin harda olduğuna baxmaq istəmişdim!
– Yaxşı, heç olmasa, tapa bildin? Xeyirdimi? Onda ver mənə, barı kömək edim.
Jenya, ümumiyyətlə, metroya Artyomdan daha yaxşı bələddi, bütün stansiyaları tanıyır, hər zaman bununla fəxr edirdi.
Bir cəhdə barmağıyla “Çexovskaya”, “Puşkinskaya” və “Tverskaya” stansiyalarını bir-birinə bağlayan üç çıxışı tapdı. Artyom bir az da olsa rahatladığı üçün dərindən ah çəkdi. Jenya onun həsəd apardığını hiss edib təsəlli verərək:
– Narahat olma, bir gün mütləq sən də metronu, yaşadığın bölgənin ətrafını mənim kimi yaxşı tanıyacaqsan! – dedi.
Artyom üzündə təşəkkür dolu ifadəylə sevincli şəkildə mövzunu dəyişdi:
– Burda daha nə qədər qalacağıq?
Elə bu əsnada komandir yüksək səslə qışqırdı:
– Qalxın, uşaqlar! Hazırlaşın, yolumuza davam edək!
İstirahət vaxtı bitmiş, Artyomsa ağzına bir tikə yemək qoymamışdı.
Jenyayla arabanın üstünə qalxdılar, dəmir tutacaqlardan tutdu və yardım aparan drezin yenidən yola düşdü.
Qrup bu dəfə danışmadan irəliləyirdi. Komandir sadəcə Kirilli yanına çağırdı, digərləri hərəkət edərkən aşağı səslə Kirillə nəsə dedi. Artyomun onlara qulaq asmağa nə həvəsi, nə də gücü qalmışdı. Lənət olsun, bu yük arabası Artyomun bütün enerjisini alırdı. Qrupun ən sonunda gedən adam tək başına hərəkət edirdi, bu səbəbdən də elə rahat görünmürdü. Sanki öz ayaqları üstündə durmamışdı, qorxa-qorxa yeriyirdi. Artyom drezinin üstündən dönüb ona baxırdı. Arxadan gələn heç bir təhlükənin olmadığını dəqiq bilirdi, amma bir yandan da başını çevirib qabağa baxmaq istəyi duyur, bu qorxu, inamsızlıq onu rahat buraxmırdı. Bu duyğu sadəcə ona deyil, metroda təkbaşına gedən hər yolçuya tanışdı, hətta xüsusi ifadəsi vardı: tunel qorxusu. Əlində zay fənərlə tuneli başdan-ayağa getsən, təhlükənin tam arxanda tələ qurub səni gözlədiyini hiss edərsən. Orada nəyin, kimin olduğunu, nələr etdiyini heç kim bilmir. Təsəvvür edəndə də hamı öz fantaziyasını işə salır və bu zaman xüsusi vahimə insanı bürüyür.
– Səssizlik və boşluq!
Sanki metro sükut içindədir. Lakin arxaya dönəndə gözlərini açıb zil qaranlığa baxanda qaranlıq yenidən artır. O anda təkrar istiqamətini dəyişdirib fənərlə əks istiqaməti işıqlandırmaq istəyirsən; çünki bu arada biri sakitcə oraya sivişmiş ola bilər.
Burada vacib olan soyuqanlığını itirməmək, qorxub təslim olmamaq, bütün bunların sadəcə təqlid olduğunu, həyacanlanmaq üçün heç bir səbəbin olmadığını bilməkdir. Axı ətrafda eşidiləcək ən cüzi səs belə yoxuydu.
Lakin elə ən çətini də bu idi: Özünə hakim olmaq… Xüsusilə, təkbaşına gedirsənsə. Bəziləri bu tip vəziyyətlərdə ağlını itirmiş, insanların yaşadıqları məskunlaşdıqları sakit stansiyaya çatdıqdan sonra da bu qorxu sindromunu üzərlərindən ata bilməmişdilər. Daha sonra təbii özlərinə gəlmişdilər, amma təkrar tunelə girməyə ürək etməmişdilər. Hər metro sakininin yaşadığı, amma özləri üçün təhlükəli həvəsə çevrilən bu panika üzərlərinə qorxu kimi çökmüşdü.
– Qorxma! Mən baxıram, – Artyom adama səsləndi.
Adam başını aşağı saldı amma bir neçə dəqiqə sonra artıq dözməyib yenidən ətrafına baxdı. Çox narahat olmuşdu.
Jenya Artyomun nə demək istədiyini anlamışdı və:
– Seryoqanın bir tanışı bu səbəbdən ağlını itirmişdi, – dedi.
– Əslində, bunun üçün ciddi səbəb vardı. Təsəvvür edirsən sənə danışdığım qorxulu stansiya var ha, “Suxorovskaya” tunelindən təkbaşına keçmək istəmişdi. Bütün çətinliklərə, qorxulara baxmayaraq adam sağ-salamat qalmışdı. Bilirsən nə üçün? – Jenya rişxəndlə güldü. – 100 metr o tərəfə getməyə cəsarət edə bilmədiyi üçün. Halbuki yola çıxarkən cəsur, əzmli adamdı. Hah!… 20 dəqiqə sonra geri qayıdanda gözləri bərəlmiş, saçları qorxudan biz-biz olmuşdu, ağzından düz-əməlli söz çıxmırdı. Sonra ondan bircə söz də qopara bilmədilər. O gündən sadəcə bir-birini tutmayan boş-boş şeylər danışır, əslində, tez-tez böyürür. Tunellərdən heç birinə də ayaq basmır. “Suxarevskaya” ətrafında gəzir, dilənçilik edir. İndi də dəli-divanə halında orda yaşayır. Başa düşdün?
– Bəli! – Artyom kefsiz şəkildə cavab verdi.
Qrup bir müddət tam sükut içində hərəkət etdi, yalnız drezinin rels üzərində çıxardığı səs eşidilirdi, bir də tuneldəki qorxulu və qəribə uğultular…
Artyom “Rijskaya” metro stansiyası çıxışındaki növbə yerindən başı önündə keçərkən birdən get-gedə artan gurultuyla düşüncələrinin dağıldığını hiss etdi. Tunelin içindən onlara tərəf gələn gurultu əvvəlcə heç eşidilmirdi, sanki eşidilə bilən tezliklə, ən yüksək səs dalğası arasında hiss edilən sərhəddəydi. Vaxtlı-vaxtsız get-gedə səs güclənirdi. Artyom səsi hansı dəqiqədən etibarən eşitməyə başladığını deyə bilməzdi. Bu arada səs nisbətən gücləndi və ona sanki fitə bənzər kimi gəldi; anlaşılmaz, insana aid olmayan bir fışıldı…
Digərlərinə baxdı. Hamısı nizamlı addımlarla, danışmadan sakit şəkildə hərəkət edirdi. Komandir artıq Kirillə söhbət etmirdi, Jenya başqa şeylər düşünürdü, sondakı adam da sakit şəkildə irəliyə tərəf baxırdı. Hirsli-hirsli dayanmadan ətrafına baxmağı buraxmışdı. İçərilərindən heç birində narahatlıq hiss olunmurdu. Yəqin ki, heç biri bu qorxulu səsi eşitməmişdilər. Heç nəyi!
Bu, Artyomu qorxutdu. Sükunət və qrupun sakitliyi başa düşülücək kimi deyildi, çox qorxuducuydu. Drezinin tutacağını buraxdı, cəld yerindən qalxdı.
Jenya ona təəccüblə baxdı.
– Nə oldu? Yoruldunmu? Əvvəldən deyəydin, belə buraxmayaydın.
– Heç nə eşitmirsən? – Artyom həyəcanla soruşdu. Səsinin tonundan Jenyanın üzü ciddiləşdi.
İndi o da qulaq asdı, bir yandan qollarıyla arabanı sürməyə davam edirdi. Araba yavaş-yavaş hərəkət edirdi, çünki Artyom qəribə duruşla qarşısında dayanıb sirli gurultuya diqqətlə qulaq asırdı.
Komandir geriyə dönərək:
– Arxada nə baş verir? Olmaya, hamınızın batareyası qurtardı?
– Heç nə eşitmirsiz? – Artyom soruşdu. O an, əslində, heç bir gurultunun olmadığı qorxusuna düşdü; bəlkə də bu səbəbdən heç kim nəsə eşidə bilmirdi. Dəli olması an məsələsiydi! Qorxudan hallüsinasiya görmüşdü.
Komandir drezinin çıxardığı cırıltının, çəkmələrin zəmində çıxardığı qorxulu səslərin, eşitməklərinə mane olmamaq üçün qorxusu və həyəcanı içinə düşdü. Buna görə də komandir bu qorxulu səsləri dəqiq eşitmək üçün dayanmaq əmri Verdi. Hamı hərəkətsiz şəkildə yerində dayanıb silahını hazır vəziyyətə gətirərək növbəti əmri gözlədi. Hər kəs qorxu dolu baxış və böyük maraqla tunelin içindəngələn o qəribə səslərə qulaq asırdı…
Qəribə gurultu hələ də davam edirdi. Artyom indi daha dəqiq eşidir, səs get-gedə artdıqca komandirinin sifətinə diqqət edirdi. Artyomun get-gedə artan narahatlıq hiss etdiyini, görəsən o da ciddi şəkildə hiss edirdimi?
Lakin komandirin üzündəki cizgilər yavaş-yavaş yumşaldı, Artyomu çox pis qorxu və biabırçı hiss basmışdı. Qrupu dayandırmış, olmayan şeyi ortaya ataraq digərlərinin də əsəblərinə təsir etmişdi. Öz daxilində mənəvi sarsıntı keçirirdi.
Jenya da böyük bir cəhdlə qulaq asdığı halda, hiss olunurdu ki, heç nə eşitməyib. Kinayəylə Artyoma baxdı:
– Nə oldu? Adamyeyənlər gəlir? Ehtiyatlı ol! Bir azdan gəlib çatarlar?
Artyom əsəbi halda:
– Çək arabanı burdan! – cavabını verdi. Hamınız kar olmusuz?
– Boş və mənasız! – Jenya, rahat şəkildə söhbəti bağladı.
– Dəyərli dostum, görürsən ki, heç nə yoxdur! Sən mütləq qarabasma görmüsən! – Komandir dedi və sözünə əlavə etdi, – Bu söhbətin üzərində çox dayanma, yoldaş Artyom, arada belə şeylər olur. Özünə gəl! Hazırlaşın, yolumuza davam edirik.
Bunları dedikdən sonra yenə qabağa keçdi, Artyom da çarəsiz şəkildə yerinə qayıtdı. Bütün bunları xəyal etdiyini düşünüb özünə təsəlli verməyə çalışdı. Çılğın fikirləriylə bu şeytani və qorxulu səsləri də başından qovmaq ümidiylə, heç nəyi fikirləşmədən, sanki belə şey yaşamamış kimi yoluna davam etməyə çalışdı. Bir müddət belə təsəllilərlə ovundu. Lakin beynə işləyən uğultu səsləri yenidən eşidilməyə başladı, cənuba irəlilədikcə get-gedə daha gur, dəqiq eşidilməyə başladı, bütün metroya yayılan bu səsi hamının eşitməməsi Artyoma çox qəribə gəlirdi. Artyom birdən Jenyanın sadəcə tək əliylə drezindən tutduğunu o biri əliylə də qulağını ovuşdurduğunu hiss etdi.
– Nə edirsən? – Artyom arxadan yüksək səslə qışqırdı.
– Heç nə etmirəm! – deyə, Jenya donquldandı, – Qulaqlarım qaşınır.
– Hələ də heç nə eşitmirsən?
– Xeyr! Amma deyəsən, nəsə qulağıma qəribə səslər gəlir!
Jenyanın bu kinayəli cavabından çox qəzəblənmişdi.
Sonra səslər get-gedə artmağa başlayan kimi, Artyom səsin hansı tərəfdən gəldiyini bildi. Tunel divarları boyunca döşənən borulardan biri partlamışdı. Parçalanan, ora bura dağılan metal parçalarla dolan borunun qapqara içindən qorxulu, uğultu səslər gəlirdi. Bu uğultu borunun də-rinliklərindən gəlirdi, Artyom özündən boruların içinin niyə boş və qapqara olduğunu soruşacaqdı ki, komandir ayağa qalxdı:
– Yoldaşlar, burda bir az dincələk… Nəsə özümü yaxşı hiss etmirəm… Sanki sərxoş kimiyəm! – dedi.
Komandir kənarında oturmaq üçün, səndələyə-səndələyə drezinə tərəf yönəldi və ona bir addım qalmış qəfil yerə yıxıldı.
Jenya həyəcanla ona baxaraq əlləriylə qulaqlarını ovuşdurdu və bir müddət yerindən tərpənə bilmədi. Kirill sanki heç bir şey baş verməmiş kimi, Artyomun səslənməsinə də reaksiya vermədən yoluna davam edirdi. Drezinin arxasınca gedən adamsa, relsin üzərinə çöküb əlacsız uşaq kimi ağlamağa başladı. Fənərin işığı tunelin tavanında gəzdi. Aşağıdan gələn işıq daha dəhşətli görünürdü.
Artyom çox həyəcanlıydı. Yəqin yola çıxan bu qrup içində bircə özü ağlını itirmişdi. Lakin uğultu elə dözülməz olmuşdu ki, heç kim sağlam düşünə bimirdi. Ümidsiz şəkildə barmaqlarını qulaqlarına sıxdı və bu onu az da olsa sakitləşdirdi. Sonra da orada hələ donmuş şəkildə oturan Jenyanın üzünə yağlı bir sillə çəkdi və bu qorxulu uğultunu təkcə özünün eşitdiyini düşünmədən qışqırdı:
– Komandiri yerdən qaldırıb arabaya uzadın! Burda qalmamalıyıq!
Artyom fənəri götürdü, heç nə görmədən, kor-koranə qaranlıqda hərəkət etməyə davam edən Kirillin arxasınca yortdu. Allahdan Kirill o qədər də bərk getmirdi. Bir neçə iri ad-dımdan sonra ona çatıb çiyninə toxundu. Lakin Kirill Artyoma fikir vermədən yoluna davam etdi.
Artyom qarşıya keçib işığı Kirillin gözlərinə tutdu. Gözləri bağlı olsa da, işığın təsirindən özünü itirdi. Artyom nə etdiyini bilmədən bir əliylə Kirillin göz qapaqlarını qaldırıb, işığı birbaşa göz bəbəklərinə tərəf çevirdi. Kirill qışqırdı, gözlərini yumdu, başını tərpətdi, bir neçə saniyə sonra özünə gəldi, mənasız baxışlarla Artyoma baxdı. İşıq gözlərini kor etmişdi, heç nə görə bilmirdi. Artyom onu yolun arxa hissəsinə sürükləmək məcburiyyətində qaldı.
Komandirin vücudu arabanın üzərində hərəkətsiz şəkildə qalmışdı, yanında Jenya da eynən donmuş halda oturmuşdu. Artyom Kirilli drezinin yanında buraxıb relsin üzərinə itələdi, ağlayan adama tərəf qaçdı. Üzünə baxanda gözlərindəki ağrı və kədəri görən kimi, sarsılaraq geri çəkildi. Özünün də istər istəməz gözlərinin yaşardığını hiss etdi.
Artyom hönkür-hönkür ağlayan adamın ağzından “Hamı öldü” sözlərini eşitdi. Bu baş verənlər onlara çox pis təsir etmişdi. Onu yerdən qaldırmağa çalışdılar, lakin çabalayaraq qışqırmağa başladı:
– Donuzlar! İnsanlıqdan uzaq heyvanlar! Əsla sizinlə birlikdə gəlməyəcəm, burda qalacam! Burada elə yalnızsız və bu sizə elə narahatlıq verir ki, məni buradan alıb aparmaq istəyirsiz eləmi? Bütün bunların günahkarı sizsiz! Heç bir yerə getmirəm! Məni buraxın!
Artyom, kişi özünə gəlsin deyə, əvvəlcə ona da sillə vurmaq istədi, amma sərt reaksiya verəcəyindən ehtiyatlandı.
Artyom onun qabağında dizlərinin üstünə çökərək sakit şəkildə:
– Amma onlara kömək etmək istəyirsən, elə deyil? Artıq narahatlıq çəkmələrini istəmirsən, düzdür?
Adam yaşlı gözlərlə ona baxaraq ümidsiz şəkilə gülümsədi və pıçıldadı:
– Əlbəttə, istəyirəm.
– Onda əvvəlcə mənə kömək etməlisən. Onlar, sənin bu dediklərimi etməyini istəyirlər. Arabanın yanına get və tutacağından tut. Stansiyaya çatmağımız üçün mənə köməklik göstərməlisən.
Adam Artyoma şübhəylə baxdı və dedi:
– Bunu sənə onlarmı dedi?
– Bəli!
– Sonra məni yenə onların yanına göndərəcəksən?
– Sənə söz verirəm. Geri qayıtmaq istəsən, qayıtmağına icazə verərəm, – Artyom adama bir növ zəmanət verdi; başqa şey düşünməsinə imkan vermədən onu arabaya tərəf istiqa-mətləndirdi.
Kirilli, adamı və deyilənlərə rabot kimi itaət edən Jenyanı arabanın idarəetmə tutacağının yanına tərəf yerləşdirdi, hələ də yerdə hərəkətsiz, huşsuz şəkildə yatan komandiri qaldırıb arabanın ortasına uzatdı; silahı qaranlığa tərəf tuşlayıb irəlilədi. Arabanın hərəkət etdiyini görəndə az da olsa, rahatladı. Arxanı nəzarətsiz buraxmaqla çox böyük risk etdiyinin fərqindəydi, lakin hamısından əhəmiyyətlisi buradan mümkün qədər tez uzaqlaşmaqdı.