Kitabı oku: «Mən bir susmaz duyğuyam ki…», sayfa 6
D ö v l ə t b ə y. Gültəkin, siz hər nə cür desəniz, mən ona hazıram. Bu vaxta qədər əlimdən gələn yaxşılığı eləmişəm, bundan sonra da sözüm yoxdur.
G ü l t ə k i n (çarə yolları kəsilmişlər kimi). Neçin siz bizə zülm eləyirsiniz?.. Görürsünüz ki… Mənə elə təklifləri eləyirsiniz ki… (Birdən ağlayıb göz yaşlarında boğularaq.) Məgər kasıbların, fəqirlərin namusu olmaz? Mən əvvəlki kimi dövlətli olsaydım, siz mənə belə şey deyə bilərdiniz?.. Unudurmusunuz ki…
D ö v l ə t b ə y. Sizi görüncə hər bir şeyi unuduram. Siz bilirsiniz ki, mənim milyonlarla gəlirim vardır. Fəqət nə edim onları, alsınlar hamısını, nəyim varsa, hamısını, yalnız qara gözlərdən öpməyə mənə izin verilsin!
Gültəkinə doğru irəliləyərək, o geri çəkilərək sərt bir səslə.
G ü l t ə k i n. Özünüzü unutmayın!
D ö v l ə t b ə y. Dedim ki, sizi görüncə hər şeyi: qorxunu, rəsmiyyəti, hətta özümü də unuduram. Mən bu neçə ayda əriniz üçün nələr etmədim? Bundan sonra da nəyim varsa, son paraya qədər uğrunuzda fədaya hazıram, yalnız…
G ü l t ə k i n. Siz məni pul ilə satın almaq istəyirsiniz?!
D ö v l ə t b ə y. Allah əsirgəsin məni elə çirkin düşüncələrdən. Mən sizə həmişəlik qul olmaq istəyirəm.
G ü l t ə k i n (yenidən ağlayaraq). Dövlət bəy, səni and verirəm dünyada nəyi əziz tutursansa ona! Biz bir-birini sevərək, yarıac, yarıtox dolanırıq. Sən bizim bu sakit məişətimizi pozma! Mən ərimə xəyanət edə bilmərəm. O sizin üçün zavodda işləyir. Mən də sizin xanımınıza dərs deyirəm, istəyirsiniz gəlib paltarınızı da yuyaram, evinizi də, həyətinizi də süpürərəm, ancaq mənə elə təklifi etməyin, mən ərimin üzünə xain baxa bilmərəm… Dövlət bəy, məgər adam yıxılanı tapdalar?
D ö v l ə t b ə y. Gültəkin, mən heç bir şey istəmirəm. Fəqət mən günahkar deyiləm ki, siz bu qədər dilbər, bu qədər cazibədarsınız. Sizi sevirəm, zavallı bir ürəklə sevirəm. Ancaq bu qara, dalğın gözlərdən öpmək istərəm, barı ona müsaidə edin. Yalvarıram sizə… (Gültəkinə yaxınlaşır və əlini uzadaraq Gültəkinin əlini tutmaq istərkən Gültəkin onu itələyir.)
G ü l t ə k i n. Uzaq!..
D ö v l ə t b ə y. Gültəkin!
G ü l t ə k i n. Çəkil! Uzaq məndən! (O biri otağa keçir.)
Dövlət bəy bir qədər şaşqın baxıb düşündükdən sonra bir yol tapmış kimi.
D ö v l ə t b ə y. Telefon! (Ətrafa baxır, tapmayınca düşündüklərini təqdiredici bir hərəkətlə başını titrədərək çıxır.)
Bu aralıq acıqlı, fəqət dalğın və əzgin bir halda Gültəkin çıxır, göz yaşlarını silərək samovarı gətirirkən, Böyükxanım gülərək içəriyə girir.
B ö y ü k x a n ı m. Ay qız, neçə gündür haraya itmişsən, yoxsan? Mən də gözləyirəm, bu gələcək mənə dərs deyəcəkdir. Bildiklərim də yadımdan çıxdı. Nə olub, ay qız? Ağlamışsan… gözlərin qızarıb…
G ü l t ə k i n. Başım ağrıyır. Sizdən nə əcəb bizə gəldiniz? Oturun!
B ö y ü k x a n ı m. Yox! Sağ ol, gedirəm. Dövlət evdə gözlər, həm də avtomobil qapıda gözləyir. Səhərdən avtomobil ilə o qədər gəzmişik ki, şəhərdə yer qalmayıb. Avtomobilin çarxları lap xarab olubdur. Bir cüt də qolbaq aldım, bax gör bəyənirsən? (Qolunda göstərir.) Aldım, sonra bir cür də gördüm, xoşum gəldi. Onlardan da tapşırdım mənə qayırsınlar. Bu tarı kim çalır?
G ü l t ə k i n. Sağlıqla geyəsiniz. Aydın çalır.
B ö y ü k x a n ı m. Mən də neçə gündür gözləyirəm bu gələcək, deyirəm bəlkə naxoşladı; sən demə bəxtəvərin əri çalır, özü də oxuyur. (Saçlarını oynadaraq.) Avtomobildə saçlarım da qarışıb, bir güzgü olsaydı. Doğrudan bir güzgü almışam, böyük, bax, bu boyda… Yetmiş beş manata. Dur bu saat min avtomobilə, gedək bizə, ona da bax… (Gültəkin ona kiçik bir güzgü verir, Böyükxanım tələsik baxaraq.) Balam, bunda heç bir şey görükmür ki. Sən allah neyçin kefsizsən? Doğrudan, dünən Dövlət Böyükağaya deyirdi ki, Aydını müdir təyin eləyəcək, özü də çox tərifləyir. Deyir bacarıqlıdır, həm də can yandırır. (Aydın dalğın və pozğun bir görkəmlə girir, Böyükxanım onu görüncə, çadrasını örtüb gizlənir və səsini yavaşladaraq.) Yaxşı da, mən getdim, sən getmirsən ki?
G ü l t ə k i n. Yox, vallah, naxoşam.
Aydın bir şey arayırmış kimi axtarır.
B ö y ü k x a n ı m. Nə olar? Avtomobildə gedər… gələrsən…
G ü l t ə k i n. Vallah başım ağrıyır, həm də axşamdır.
B ö y ü k x a n ı m. Yaxşı! Ancaq sən allah, sabah gəl. Sağ ol! (Gedir.)
G ü l t ə k i n. Sağ ol! (Aydına.) Nə axtarırsan, əzizim? Neçin tutqunsan?
A y d ı n. Heç, tutqun deyiləm.
G ü l t ə k i n. Yenə gedirsən? Çay almamışsan ki…
A y d ı n. Yox, pul almadım, elə alırdım, birdən upravlyayuşini telefona çağırdılar. Sonra da bilmirəm ağlına nə gəldi, dedi hesabını al, qulluqdan çıxarılırsan.
G ü l t ə k i n. Neyləyək! Cəhənnəmə ki! Canın sağ olsun, acından kim ölübdür ki, biz də ölək. Bəs indi haraya gedirsən?
A y d ı n. Evdə kağızlar var, onları istədilər. Onun çoxdan mənimlə ədavəti vardı. Dövlət bəy olmasaydı, çoxdan məni çıxarardılar.
G ü l t ə k i n. Neyləyək, əzizim, heç ürəyini sıxma!
A y d ı n. Yox, mən özüm bilirəm… Dövlət bəy heç vaxt buna razı olmaz. Gedib özünü görərəm, ya da özü dalımca adam göndərər.
O biri otağa keçir. Gültəkin qorxunc bir şey kəsdirmək istəyirmiş kimi düşünür. Aydın əlində böyük bir kağız getmək istəyir.
G ü l t ə k i n (düşüncələrindən qəti qərar çıxara bilməmiş kimi). Bəlkə Böyükxanımgilə getdim.
A y d ı n. İndi buradakı o deyildimi?
G ü l t ə k i n. Bəlkə getdim.
A y d ı n. Yaxşı. (Gedir.)
Gültəkin yalnız qalınca dərin bir ah ilə oturur, düşünür və hiddətlə ağlayır. Çox tərəddüddən sonra yaylıqla gözlərini silib, müəyyən bir fikrə gəlmiş kimi qalxır. Çadranı əvəz edən örpəyini götürür. Çox qorxunc bir yola gedir və son dəfə olaraq doğma yurdu ilə vidalaşırmış kimi hər bir şeyə baxır. Çadrası əlində olaraq qapıya varınca, durub bir də otağı süzdükdən sonra bərkdən ağlayıb, örpəyini açaraq, üzgün və yorğun addımlarla çıxarkən pərdə enir.
Pərdə
İKİNCİ PƏRDƏ
Haman otaq. Birinci pərdədən üç ay keçmiş.
Gültəkin və Dövlət bəy.
D ö v l ə t b ə y. Getmirsən ki?..
G ü l t ə k i n. Heç özüm də bilmirəm nə eləyim?
D ö v l ə t b ə y. Özün bil! Qolbaqlar gedər. Hayıfdır. Mən istəyirəm yadigarlıq qalsın. Sonra demə ki…
G ü l t ə k i n. Getməyinə gedərəm, amma qorxuram sonra deyərlər, bunlar haradan? Həm də Aydın… Ox, yazıq! Bizim aramızda bir şey olduğundan şübhələnir.
D ö v l ə t b ə y. Avtomobil örtülüdür, həm də çox oyan-buyan olarsa… mən həmişə deyirəm, mənim evim, zavodum, quyularım hamısı sənindir. Ayda iki yüz min manat gəlirim var. Onunçun-bununçun xərcləyirəm. Doqquz quyum nöyüt verir.
G ü l t ə k i n. Aman Allah! Mən heç bir şey istəmirəm. Yalnız onu razı salın.
D ö v l ə t b ə y. Gültəkin, sən nə qədər qorxacaqsan ki! Pulu görürsənmi, şeytana namaz qıldırar. Aydın mənim boynuma. Səndən sərtmi olacaq? Bütün kişilər indi də virvir səndən əsirlər. Qorxudan kimsə yanından keçə bilmirdi. Üç ay bundan əvvəl həmin bu otaqda yadındamıdır, mənim mənliyim, məişətimizi pozma, deyə fəryad edirdin, sonra nə oldu? İndi də elə, indi bir gül qədər inciyirmisən? Hətta o vaxt bir neçəsi mənlə mərcləşmişdilər ki, sənin…
G ü l t ə k i n (çox pozularaq). Of, sən məni məhv etdin! Allah, Allah, mən nələr edirəm! Ara-sıra yalnız qalırkən, xəyalıma gəlincə gözlərimdən od parlayır, Allah bilir ki, mən yalnız onun üçün özümü məhv etdim, çünki o həm zəif, həm də xəstə idi. Yenidən işsizlik, ehtiyac, düşüncə ona zərər idi. Fəqət mən… Mən nə idim? İndi nə oldum?
D ö v l ə t b ə y. Əzizim, mən başqasını deyirdim.
G ü l t ə k i n. Nə olursa olsun, mən, mən nə qədər pak və nə qədər məsum idim, hər kəsi bir qardaş kimi görürdüm! Oturur, gülür, danışırdım. O qədər vüqarlı idim ki! Fəqət indi kimsənin üzünə pak ürəklə baxa bilmirəm. Elə bilirəm, bütün işlərim alnımda yazılmış. Mənə baxıb gülürlər. Birinin üzünə bir az çox baxırsam, elə bilirəm ürəyimdən bəzi şeylər keçdiyini düşünəcəkdir. Tez gözlərimi yerə dikirəm. Üç aydır ki, dik, gözbəgöz onun üzünə baxa bilməmişəm. İndi özüm belə özümdən ürkürəm. Mənlikmi deyirsən?!
D ö v l ə t b ə y. Gültəkin, sən hər sözdən söz çıxarırsan. Mənlik deyirkən mən…
G ü l t ə k i n. Artıq nə qaldı? İndi təkcə mənliyimi deyil, hətta könlümü, hətta bütün varlığımı belə çalmışsınız. Mən ki, hər şeyi yalnız onun xatiri, onun rahatlığı üçün elədim. İndi o yazıq özü büsbütün gözümdən düşmüş. Hər bir arzusunu özü deməmiş anlamağa və əməl etməyə çalışan mən, indi onun sözündən çıxıram. Dövlət bəylə danışma demiş, baxmıram, bunların hamısına bais sənsən, hörümçək! Of… nifrət o dəqiqəyə ki, sənə təsadüf etdim! Nifrət! Allah, Allah, məni təslim üçün başqalarla bağlaşır.
D ö v l ə t b ə y. Gültəkin can, vallah yalan deyirdim. Dilim dolaşdı. Qara gözlərinə and olsun ki, zarafatca dedim. Sən ki, bilirsən mən səni nə qədər sevirəm. Dünən balaca bir zavod almışam. Onu büsbütün Aydına tapşıracağam, onda razı qalarmısan?
G ü l t ə k i n. Artıq nə olursa olsun! Mənim mənliyimi, vüqarımı qırdın, artıq mən sözü mənə yabançıdır. Artıq mən büsbütün sənin əlindəyəm…
D ö v l ə t b ə y. Nə eləyim ki, mənim ürəyimi görmürsən, dil ilə də söyləmək olmur. Ona görə də, deyirəm, nəyim varsa hamısını – evlərimi, zavodlarımı, quyularımı – hamısını sənin uğrunda qoyum, təki inanasan.
G ü l t ə k i n. Kaş, üç ay bundan əvvəlki məsumluğum, vüqarım məndə olaydı da, bu saat acından yıxılıb öləydim. Fəqət indi hamısı getdi. Nə olursa olsun, bir də geri dönməz.
D ö v l ə t b ə y. Gültəkin, sən mənim ruhumu incidirsən. Mən ki, bu qədər səni sevirəm. Qolbaqlarımı apararlar. Sən Allah, gedək! Bu sözlərdən sonra onları alırsam, ürəyim sakitləşər. Sən məni incitmək istəyirmisən?
Gültəkin bir qədər dalğın baxdıqdan sonra birdən başını qaldıraraq.
G ü l t ə k i n. Gedək!
D ö v l ə t b ə y. Göz bəbəyim! İndi ki, gedəcəkdin, əvvəldən niyə məni bu qədər incidirdin? Gözlərinə and olsun, az qalmışdı ağlayacaqdım.
Gedirlər. Bir azdan sonra Aydının səsi gəlir.
Yorğun və acıqlı içəri girir.
A y d ı n. Oh!.. yenə qapılar bağlı. (Siması yorğun və acıqlı bir görkəmlə ətrafı süzdükdən sonra hər iki qapını açır, içəri baxıb dönür. Gültəkinin görkəmini süzüb bir qədər düşündükdən sonra dodaqlarını gəmirərək, yumruğunu düyümləyib bütün qüvvəsilə mizə çırpır.)
Bu aralıq Böyükxanım başında çadra girir, axıra qədər üzü örtülü və arxası Aydına dayanıb sözünü boş divara söyləyir, ancaq ara-sıra söyləyirkən başını, üzü Aydına olmaq üzrə çevirir, hətta bəzən hiddətlənirkən yerindən tərpənmədən Aydına doğru çevrilir, sözü bitincə yenə əvvəlki istiqamətini alır.
B ö y ü k x a n ı m. Aydın, sizə bir neçə sözüm vardır. Bayaqdan sizi gözləyirəm. Ancaq Dövlət bəy bilməsin, yoxsa məni öldürər.
A y d ı n. Mən ki, milyoner deyiləm, mənə nə sözünüz ola bilər.
B ö y ü k x a n ı m. Bax, arvaduva öyüd ver. Mən dedim, gəlib mənə dərs versin, demədim ki, gəlsin… Arvaduvun cilovunu yığ… Arvad xeylağı, onun gecə-gündüz Dövlət ilə nə işi var? Mən də onun kimi arvadam. Bir kərəm sənin yanında üzüaçıq dayanmışammı, səsimi eşitmişsənmi?
A y d ı n. Ona görə ki, xanım, mən milyoner deyiləm.
B ö y ü k x a n ı m. Mənə nə borc! Milyaner olmamaqçın gecə-gündüz arvaduvi buraxacaqsan ki, getsin nə bildi eləsin?! Bu da sözdür! Mən milyaner deyiləm…
A y d ı n. Nə edim ki, şəhərimizdə Dövlət bəydən zəngini yoxdur, yoxsa siz də… siz özünüzü mələkmi sanırsınız.
B ö y ü k x a n ı m. Çox da olsun, bu da sözdür? Belə də iş olar?
A y d ı n. Çünki sən də onun kimi qadınsan. (Böyükxanımın qaş-daşını göstərir.) Bu altunları, bu qaş-daşları görürmüsünüz, hamınızın varlığınız ona bağlıdır. Qadınlar!.. Altun əsirləri! (Birdən durur, ciddi bir hərəkətlə.) Siz onu ərinizlə bir yerdə gördünüzmü?
B ö y ü k x a n ı m. Gördüm, lap gözümlə gördüm.
A y d ı n. Üzləşərmisiniz?
B ö y ü k x a n ı m. Çox da görmədim, ağlım yoxdur? Axı onun üç aydır yad bir kişi ilə nə işi? Əgər tanışlıq deyirsiniz, danışarlar bir saat, iki saat, beş kərəm, on kərəm… Yoxsa, hər gün səhər axşam, axşam səhər… Bax, Aydın, mən bilirəm ki, sən kasıb da olsan, yaxşı oğlansan. Nə qədər pul lazımdır: beş yüz, beş min, gözüm üstə, mən verərəm, Siz köçün bir yerə gedin, həmişə də mən sizin üçün pul göndərərəm. Yoxsa özün şəhər içində biabır olacaqsan.
A y d ı n. Para… hər şeydə para…
B ö y ü k x a n ı m. Yoxsa bu da kişilikdir! Bu saat arvadın Dövlət bəylə avtamabilə minib hara getdi? Sən allah, bu da sözdür, özün evdə otur, arvadın kişilərlə getsin? Bu da sözdür? Bax, Aydın, sənə deyirəm, yoxsa qardaşımı tanıyırsan ki? Bilsə vaydır, ikinizi də bir gülləyə qurban edər. İndi özün bil.
A y d ı n (gülümsəyərək). Yaxşı, gedin, xanım, gedin qardaşınıza deyin, qoy ikimizi də bir gülləyə qurban etsin.
B ö y ü k x a n ı m. İndi hər nə. Bax, sənə hər tərəfini deyirəm. Ancaq danışdığımızı Dövlət bilməsin. Pul lazımsa, gözüm üstə, hər nə lazımsa həmçinin, daha nə deyim.
A y d ı n. Gedin, xanım, gedin, siz də çox mənəm-mənəm deməyin, adətən sizin də bütün mənliyiniz, bütün hissiyyatınız ancaq şöhrət və altuna bağlıdır, gedin…
B ö y ü k x a n ı m (eşitdirmək istəyirmiş kimi, gedərək öz-özünə). Bu da sözdür? Səhər, axşam, axşam, səhər, bu da sözdür? (Gedir.)
Aydın dərin bir hiddət və iztirabla tükləri ürpərmiş bir halda görkəmi süzərək, düyümlü yumruğunu bütün qüvvətilə mizə çırpır, sonra şaşqın, sanki laqeydanə bir görkəmlə dolabdan şərab şüşəsini götürüb içərkən Gültəkin əlində bir dəstə gül girir. Aydını görüncə, onun acıqlı olub-olmadığını bilmək istəyirmiş kimi, çox qorxaq yanaşır.
G ü l t ə k i n. Aydınciyim, gəlmişsən? Nə tez gəlmişsən? O nədir? Yenə içirsənmi? (Aydın şərabı son damlasınadək içib stəkanı yerə qoyaraq, Gültəkinin üzünə baxırkən, Gültəkin əlindəki çiçəkləri onun üzünə yaxınlaşdırır.) Aydınciyim, bilmirsən ki, içki sənə zərərdir? Bilmirəm bir aydan bəri bunu sənə kim öyrətdi.
A y d ı n (çiçəkləri dartıb bütün gücü ilə Gültəkinin üzünə çırpır.) İtil mənim gözümdən? Kim öyrətdi? Sən… Qaldır başını! Bax mənim üzümə, görürsən? (Evdən bir qutu rəng, pudra və bir güzgü gətirir.) Bura bax, bu rəng bizim evimizə girən gündən bəri içməyə öyrəndim. (Qutunu yerə çırpır.) Bu məni öyrətdi, bu! (Güzgünü qarşısına tutaraq.) Bax üzünə, üç ay bundan əvvəlki səmimiyyət və məsumluqdan bir əsər varmı? (Rəsmi, sonra da Gültəkini göstərir.) Bax, gözlər, gözlər! Orada məsum, Allah qədər pak bir Gültəkin vardır. Fəqət sən, kimin üçündür bu yapma qırmızı yanaqlar? Bax, o gözlər nə qədər şux, əzəmətli, vüqarlıdırlar, fəqət bunlar nə qədər kölgəli, nə qədər şübhəli! (Gültəkin ağlayaraq o biri otağa doğru dönürkən.) Hara getmişdin?!
G ü l t ə k i n. Böyükxanıma… dərs. (Ağlayır.)
A y d ı n. Dedinmi?
Surxay qapıda görünür.
G ü l t ə k i n. Evdə yox idi. (Ağlayaraq içəri girir.)
A y d ı n (asi bir şiddətlə). Oh, məni aldatmaq, mənim gözlərimdən əsgi asmaq!
S u r x a y (girərək). Yenə nə var, balam? Nə dəli olmuşsan?
A y d ı n (heç baxmadan). Məni oynaş çiçəkləri ilə bəzəmək!
S u r x a y. Canım, bir dur görək, yenə nə olmuşdur? (Ona yaxınlaşır.)
A y d ı n. İtil, sən də gözümdən itil!
S u r x a y. Deyəsən, bu dəfəki milçək dəvədən də böyükdür.
A y d ı n. Oh, əqrəb gülüşləri, ilan qəhqəhələri! Gülün! Çağırın bütün insanlığı, hamısı bir səslə mənə gülsünlər. Fəqət bu zəhrnak gülüşləri uddura biləcək bir şey varsa, o da qandır, qan! (Aydın içəri keçərkən, Surxay onu tutub saxlayaraq.)
S u r x a y. Aydın… axı belə olmaz ki, neçin heç bir şey yoxkən özünü üzürsən! Sanki sakit…
A y d ı n. Yenə sakit ol, yenə səhv edirəm, yenə təsəlli, yenə yalan, yenə riya… Ox, bu riya məni məhv etdi! Ey uca pərvərdigarım, bu həqiqət yarasalarına, bu insan kölgələrinə vermək üçün riyadan başqa, bir şey tapmadınımı? Allah, Allah, niyə bir hərəkətlə bütün dünyanı alt-üst etməyə, bütün bəşəriyyəti qarışqalar kimi tapdayıb, məhv etməyə müqtədir deyiləm!
S u r x a y. Aydın, səni qardaşdan çox sevən adama bu sözlərin yaraşarmı? Axı, sən xəstəsən, həm də insan hər şey üçün belə əsəbiləşməz…
A y d ı n. Nə istəyirsən, Surxay, nə? Bilirəm yenə deyəcəksən ki, səhv edirsən, yenə məni danlayacaqsan. And iç vicdanına ki, üç ay bundan əvvəl Moskvaya gedərkən gördüyün Gültəkin iki ay sonra gəlib gördüyündür?
S u r x a y. Şübhəsiz!
A y d ı n. İstəmirəm, artıq sənə də inanmıram, inanmıram heç bir şeyə: Allaha da, imamlara da, Quran-kitab hamısı yaylandır. Məhv olsunlar. Dünyada hakim bir qüvvət varsa, o da altun, yenə altundur. Hamı ona tapınır. Hamı ona pərəstiş edir.
S u r x a y. Canım, sənin Quran-kitabla nə işin! Yenə baxacaqsan arada heç bir şey yox. Kim bilir gözlərinə nə görünmüşdür, milçəkdən dəvə yaratmışsan…
A y d ı n. Surxay, mən səni anlayıram, Allah eşqinə sus! Sən həmişə məni sakit eləmək üçün belə deyirsən. Adətən elə deyərlər. Mən bilirəm ki, bunlar hamısı mənə təsəlli vermək üçündür. Fəqət biz ki, çocuqluqdan söz vermişdik ki, heç bir şeyi bir-birindən gizlətməyib iki bədəndə bir ürək olaq. Ox, sən də məni anlamırsan. Sən niyə məni onunla tanışdırdın, niyə?
S u r x a y. Axı indi ki, bir şey olmamışdır.
A y d ı n. Aman Allah, onun kimi məsum, çiçək kimi pak olan birisi də altunlara satılırsa, dünyada doğruluqmu var deyəcəksən?
S u r x a y. Aydın, bir sakit ol, dinlə! Mən bir aydır gəlmişəm, həmişə səndən bu sözləri eşidirəm. Bunu birdəfəlik bitirməlidir. Mən bilirəm ki, sən naxoşsan. O gün, gördünmü, doktor da dedi, zehnin, təsəvvüratın çalpaşıq işləyir. Sən fikrən və ruhən istirahətə möhtacsan.
A y d ı n. Doktor… (Gülümsəyir.) Surxay, iki ay bundan əvvəl kiçik bir arzumu gözlərimdən anlayan o… azacıq düşünərkən başıma fırlanan Gültəkin, indi büsbütün soyumuş, hətta sözümdən çıxır. Əvvəlləri gözləri o qədər qüvvətli idi ki, baxışları altında əzilirdim, indi üzünə baxmaq istərkən gözlərini yerə dikir ki, mən görməyim. Mən bütün dünyanı fikrimə tapındırmaq istərkən, önümdəki bir həqiqəti anlamıram?
S u r x a y. Bunlar, belə kiçik şeylərə qoşulmaq hamısı xəstəlikdəndir. Gültəkin zənginliyin ardınca gedən olsaydı, azmı zənginlər onu istəyirdi, neçin hamısını atıb sənə gəldi.
A y d ı n. Əsl bəla da orasıdır.
S u r x a y. Həm də sən həmişə deməzdinmi ki, insan heç bir arzusuna qarşı durmamalıdır. Hər arzu başqasını incitməmək şərtilə müqəddəsdir. Hətta demirdinmi ki, mənim arvadım bir başqasına vurularsa, mən ona qarşı durmaram, çünki insan könlünün quludur, olmalıdır da. Tutaq ki, indi elə də olmuşdur.
A y d ı n. Deyirdim, fəqət sözlərimin hamısını geri götürürəm, dayana bilmirəm. Yabançı bir göz, bir qırpım artıq ona baxırsa, gözlərim qaralır, qan beynimə vurur, bayılmaq dərəcəsinə gəlirəm.
S u r x a y. Ha-ha-ha! Bunları mən sənə deyirdim. (Gülür.) Sənin beynin kitab arasında Parisdən, ürəyin isə mizraq ucunda Altay dağlarından alınmışdır, ona görə də bilirmisən nəsən? Günbatan fikirli, gündoğan duyğulu sərsəm bir sima. Halbuki heç bir şey də yoxdur. Sən nankor bir adamsan. O zavallı sənin rahatlığın üçün heç bir şeyi, hətta canını belə əsirgəmirkən, sənin gör nə kimi şeylər ürəyinə gəlir.
A y d ı n. Ox, Surxay, şübhə məni öldürür, bütün ürəyimi didim-didim didir. Bir dəqiqə rahat ola bilmirəm, sanki bütün bədənim qaynar su içində yanır. Halbuki bu sözləri bu gün Dövlət bəyin arvadı da təkid edirdi…
S u r x a y. Görmürsən? Sən qısqanclıqla sərsəmləyən bir qadının sözlərinə məndən çox əhəmiyyət verirsən. O çocuqluqdan örtülü gəzmiş, kişilərdən aydan qaçan kimi qaçırılmış, indi nə görürsə şübhələnir… Fəqət sən…
A y d ı n. Nə edim! İki aydan bəri nə qədər ürəyimi zorlayıramsa, olmur. Şübhə yenə rahatlıq vermir. Bütün ruhumu çeynəyir. Büsbütün məhv oluram. Mən də inanmıram. Fəqət bu hərəkətlər… Allah eləsin hamısı səhv olsun, fəqət…
S u r x a y. Sən bu gün hər şeyi səmimi bir andla ürəyindən çıxar. Çiçəkləri o yazığın üzünə çırpırkən mən gördüm. Aydın, vallah, sən büsbütün xarab olmuşsan. Bu gün mən sizi barışdıracağam. Könlünü şübhədən təmizlə, qiyamətədək ondan bir şey görərsənsə, boynumu vur. Yoxsa… Nə qədər insafsızlıq!.. Nə qədər dəlilik! Gültəkin kimi məsum bir qadının üzünə çiçək çırpmaq! Halbuki onun bütün təqsiri sadəliyində və günahsızlığındadır.
A y d ı n. Mən ona demişdim: Dövlət bəylə gəzmə, danışma!
S u r x a y. Gələn bir nəfəri qapıdan qovarlarmı? O da onun kimi qonaqsevər bir adam! O sənin ürəyindən belə şeylər keçməsini düşünə bilərmi? O sənin şübhələndiyini bilərsə, heç onunla danışarmı? Bundan sonra, görərsən, hələ mən özünü öldürəcəyindən qorxuram. (Aydın düşünür.) Mənliyini özündən uca tutan bir adam, bu hərəkətə soyuqqanlıqla baxa bilərmi? Dövlət yazıq da sənə bir fənalıq etməmiş, sən özün onun üçün pulsuz bir dəllal kəsilmişdin. Sən çox vaxt da hər şeyi xəstəlikdən çalpaşıq görürsən. Artıq yetər, əgər sənin ürəyində ona və mənə qarşı azacıq da olsa məhəbbət olmuşsa, bu saat qalx, o zavallını buraya gətir.
Aydın yarı peşman halda düşünüb durur, sanki getmək üçün hərəkətlənirkən, birdən bir şey düşünmüş kimi, dönərək.
A y d ı n. İstəmirəm…
S u r x a y. Getmək istəmirsənmi?
A y d ı n. Surxay, inan ki, bu saat mən özüm özümü anlamıram. Həm istəyir, həm istəmirəm, həm sevir, həm nifrət edirəm. Üç ay bundan əvvəl darıxırkən, bu gün sanki ilk dəfədir görürəm, yenidən əsiri olmuşam. Of, doğrudan da mən dəliyəm, dəli!.
S u r x a y. Xəstəsən, xəstə, anladınmı? Yoxsa, heç bir şey yoxkən, zavallı qadını təhqir etmək! Vallah dəli olacağım gəlir. Bu saat qalx, mənimlə gəl, bir qədər gəzərik, sinirlərin dincələr. Həm də o çiçəklərə qarşı bir dəstə çiçək alarsan. Bu gündən etibarən bu məsələ əbədilik olaraq bitməlidir. Gəl… (Qolundan tutur. Aydın dinməz onun yanınca gedir.) Sən xəstələndin, sinirlərin sarsılmış, istirahətə möhtacsan, yoxsa bu dəlilik dayanılan şeymi?
Gedirlər. Bir azdan sonra Dövlət bəy əlində bir qutu girib baxır, qapını açıb girmək istəyirmiş kimi.
D ö v l ə t b ə y. Müsaidə edər… Nə? Sizmi gəlirsiniz? Tapıb gətirmişəm. Yaxşı, gəlin, burada gözləyirəm.
Durub fit çalaraq, gəzişir. Surxay girir və sərt bir səslə.
S u r x a y. Dövlət bəy, mən indi Aydınla gedirkən, siz buraya gəlirdiniz. O sizi görmədi, mən gördüm. Gəldim, sizə deyiləsi bir neçə sözüm var.
D ö v l ə t b ə y. Buyurun, hər nə gərəksə mən bu qulluğa hazıram. Siz texniksiniz, deyilmi? İşləmirsiniz? Mən sizin barənizdə eşitmişəm. Bizim zavodda…
S u r x a y. Zavoddan, fabrikdən bəhsə lüzum yox. Siz bir ailəni məhv edirsiniz. Onun bütün səadətini, ümidini, gələcəyini bir uçuruma doğru aparırsınız.
D ö v l ə t b ə y. Allah göstərməsin, məni şəhərin bütün kübarları tanıyırlar. Gedin, bütün dünyadan soruşun. Aydının özündən xəbər alın, mən bir adama fənalıq etmişəmsə… Ola bilər gələcəkdə bizim bir-birimizə işimiz düşsün, ya sən bizim zavoda girəsən, o zaman görərsən.
S u r x a y. Mən sizi çox gözəl tanıyıram. Zavod və milyonlarınızı da çox gözümə soxmayın. Son söz olaraq sizə deyirəm: siz bir də Gültəkinlə görüşməyəcəksiniz!
D ö v l ə t b ə y. Bu nə sözdür! Mən heç nə anlamıram! Mən qadınmı görmədim? Dünyada hər bir şey pula bağlıdır. Şəhərdə qadın yoxluğumudur! Sizinçin ayıbdır. Yenə bir başqası deyərsə… Siz oxumuş bir oğlan, avam hacılara belə yaraşmayan sözlər danışırsınız.
S u r x a y. Siz əxlaqsız bir adamsınız, hər bir şeyə altunla alınır deyə, oyuncaq kimi baxırsınız. Görürsünüz, o, zavallı ana qoynundan dünən ayrılmış, çadradan çıxdığı iki gün deyildir, çocuqkən, cəmiyyət görməmiş, bütün həyatı ancaq məktəb divarları arasında, kağız üzərində oxumuş, həyatın özü ilə heç üzbəüz gəlməmişdir. Yeni-yeni həyata çıxarkən, siz onu bir hörümçək kimi tora hörmüşsünüz.
D ö v l ə t b ə y. Mən bilmirəm siz nə deyirsiniz! Özüm təəccüb edirəm, müsəlmanın işi…
S u r x a y. Onun əri həm xəstə, həm də zəifdir. Hərəkətləriniz onun diriliyi üçün təhlükəlidir.
D ö v l ə t b ə y. Mən onun üçün nələr etməmişəm, özündən soruşun. İstərsiniz, bir də bu küçəyə üzümü çevirmərəm. Mənə çox lazımmış. Mən ancaq… sanki dünyada qadın… guya mən buraya gələndə ürəyimdə, Allah eləməmiş, bir şey varmış… Biz tanış-biliş, can-ciyərik, dostuq. Yoxsa ki, allah eləməmişkən…
S u r x a y. Mən hamısını bilirəm, son söz olaraq sizə deyirəm: siz bir də Gültəkinlə görüşməyəcəksiniz, yoxsa hər kəsdən əvvəl, mənimlə hesablaşacaqsınız… İndi özünüz bilin. Hələlik! (Çıxır.)
Dövlət bəy onun ardınca gülümsəyir. Bu aralıq Gültəkin gözləri ağlamaqdan qızarmış, olduqca yorğun və acıqlı bir görünüşlə çıxır.
D ö v l ə t b ə y. Gültəkin can, belə erkən yatmaq olarmı? Deyəsən ağlamışsan? (Sükut.) Nə var ki? (Sükut.) Deyirəm ki, tez getdik, yoxsa alacaqlarmış; ardınca göndərdim, indicə gəldi. Al. (Qutunu uzadır.)
G ü l t ə k i n. Artıq mən onları istəmirəm, aparın.
D ö v l ə t b ə y. Neçin? Axı sənə nə olmuş, neçin belə tutqunsan?
G ü l t ə k i n. Dövlət bəy, yalvarıram sizə, bir də mənimlə görüşməyə can atmayın. Qoy bu görüşümüz son görüş olsun. Əgər bütün dediklərinizdə azacıq da olsa doğruluq varsa, əgər doğrudan da siz məni sevirsinizsə, məndən həmişəlik ayrılın. Bir yerdə məni görsəniz, mənə yanaşmayın.
D ö v l ə t b ə y. Aman, gözəlim, mən bu ayrılığa dözə bilərmiyəm?
G ü l t ə k i n. Dövlət bəy, nə olubsa olub, mən ancaq onunçun könlümü, varlığımı sizə təslim etdim. Mən əvvəlki halımı qaytarmaq istəyirəm. Bacarmazsam, özümü öldürəcəyəm.
D ö v l ə t b ə y. Elə bir şey olsa, mən yaşarmıyam? Sənsiz yaşamaq… Bir dəqiqə də… Allah göstərməsin mənə elə böyük cəhənnəmi… Fəqət Gültəkin, bütün şəhərin kübarları mənim qapımda… şey ikən, sənin bu əzaba dayanmağın…
G ü l t ə k i n. Dövlət bəy, aciz bir qadın kimi diz üstündə torpağa düşüb sizə yalvarıram: məndən uzaqlaşın. Siz məni məhv etdiniz. Artıq göz yaşları ilə sizə yalvarıram: uzaqlaşın məndən.
D ö v l ə t b ə y (qaldırır). Mən hər şeydə yanılmışam. Yaxşı, hər halda gələcək göstərər, hələlik isə son dəfə olaraq, bu al dodaqlarından öpməyə müsaidə.
G ü l t ə k i n (çəkilərək). And verirəm sizi bu günahsız göz yaşlarına: toxunmayın mənə.
D ö v l ə t b ə y (yaxınlaşaraq). Mən hər bir şeyə hazırkən, sən, Gültəkin…
G ü l t ə k i n. Yalvarıram sizə, çəkilin!
D ö v l ə t b ə y. Son dəfə olaraq, bu al dodaqlarınızdan öpməyincə, heç bir yerə getməyəcəyəm. (Gültəkin müdafiə üçün uzadılmış əlini yaxalayaraq.) O qara gözlər… o donuq baxışlar… (Sözünü bitirməyən yarı zor, yarı xoş Gültəkini qucub dodaqlarını dodaqlarına sıxaraq, əmircəsinə öpərkən, qapı açılıb Aydın əlində bir dəstə çiçək olaraq qapıda görünür, gözlərinə inanmır və yaxud sadəcə yerində donmuş kimi, kiçik bir sükutdan sonra irəli tərpənmək istərkən, müvazinətini itirib bayılaraq yerə yıxılır, eyni zamanda Gültəkin onu görüncə.)
G ü l t ə k i n. Aman Allah, artıq hər şey bitdi. (Sözünü bitirmədən əllərilə üzünü qapayır.)
Pərdə