Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Mən bir susmaz duyğuyam ki…», sayfa 7

Yazı tipi:

ÜÇÜNCÜ PƏRDƏ

Kazinoda ayrıca bir otaq. Pərdə ilə yarı çəkilmiş qapıdan ümumi səhnədəki balet və sairə görünür. Otaqda bir miz, dövrəsində Dövlət bəy, Balaxan, Novruz bəy, Mirzə Cavad, Susanna oturmuşlar. Pərdə açılınca hamısı kefli halda görünür. İkinci pərdədən üç il keçmiş.

B a l a x a n (Susannaya əlini uzadıb çimdikləyirkən). İç, ay zalım qızı, iç!

S u s a n n a. Mən şərab istəmirəm.

B a l a x a n. Zalımın qızı, mənim üçün axund olacaqdır.

S u s a n n a. Mən içmirəm, mənə şampanski!

D ö v l ə t b ə y. O özü kimi zərif-zərif içir.

B a l a x a n. Novruz bəy, kimi gözləyirsən, stəkanın boşdur. Belə yoldaşlıq olmaz ha!

N o v r u z b ə y. Mən özüm üçün likor tapşırmışam.

B a l a x a n. A kişi, sən də, öz aramızdır, lap xanım içkisi içirsən, ha-ha-ha! Bağışla ha, məhəbbətdən deyirəm. Payın cənnətdə… (İçir.) Likor nədir?.. Qırmızıgözdən danış, qırmızıgözdən. (Lakeyə.) Gəl, ay zalım, hardasan? Doldurun stəkanları, hələlik mən getdim. A kişi, likor nədir, qırmızıgözdən danış, abi-kövsərdir, abi-kövsər! Badəni alma ələ, heç qoymalı deyil… Mən ölüm, Mirzə Cavad, onu necə dedin? Hə, bircə qulaq asın.

M i r z ə C a v a d.

 
Cəhd elə mümkün ikən badeyi-nab alma ələ,
Elə ki, aldın ələ, heç yerə qoymalı deyil.
 

B a l a x a n. Dayanın! Hə… qoymalı deyil… Sonra?

M i r z ə C a v a d.

 
Ləbinə oxşadığıyçın meyə meyl etdi könül,
Yoxsa bu qan çanağın heç ələ almalı deyil.
 

B a l a x a n. Almalı deyil? Sağ olun. (İçirlər.) Ay qız, niyə içmirsən?

M i r z ə C a v a d. Balaxanın da keflənirkən, başqa bir aləmi vardır.

N o v r u z b ə y. Dünya gözünə görünmür.

D ö v l ə t b ə y. İnsan elə yaxşıdır, beş gün dünyanı, bacardıqca xoş keçirsin, yoxsa bir də dünyaya qayıtmayacağıq ki.

B a l a x a n (Mirzə Cavada). Mənə bax, bacı oğlu, sən məni tanımırsan, hələ bu gün görüşmüşük. Elə deyil? Dövlət bəy, Novruz bəy tanıyırlar. Bu dünyada… axır ki, yoldaş yoldaşla tən gərək. Novruz bəy, götür stəkanı, gərək yoldaş yoldaşın yolunda hər bir şeydən keçsin, yoxsa, dünya belə gəldi, belə getdi, mənim qulağıma girməz. (Susannanı göstərir.) Görürsən onu ki, o elə şeydir ki, hər saatda mümkündür. Pul verdin, hazırdır, amma yaxşı yoldaş… götürün stəkanları.

S u s a n n a. Bəy, deməzsən ki, aldatdım.

B a l a x a n. Əlbəttə… hansı qızı istəyirsiniz, mən sənin üçün lap tovzu dayandırım. (Susannaya.) Durmazsan, a qız?!

S u s a n n a. Yiyəsi ölmüşdü!

B a l a x a n. Dayanarsan. Mən ölüm, Dövlət bəy, bir belə keç görüm, o nə deyir. Dayanarsan, pulu görürsən ki, ulu baban da dayanar.

D ö v l ə t b ə y. Balaxan onu düz deyir, bütün dünya altun üzərində durmuşdur. İstərsiniz nə qədər sərt bir qız olsun…

B a l a x a n. İç, ay cənnət cücəsi, iç!

N o v r u z b ə y. Doğrudur, ancaq pul da hər zaman iş görmür, bir az belə, şey adam olsun… Mən bir qız tanıyırdım, neçə milyonerlər kölgəsində baş əyirdilər, o qədər də onu sevirdim ki, mümkün deyil, yaxın düşmək olmadı.

Balaxan və Mirzə Cavad Susanna ilə məşğuldurlar.

D ö v l ə t b ə y. Siz onsuz da acizsiniz, məni ki, bilirsiniz! Göstərin.

N o v r u z b ə y. Yox, bu elə deyil idi. Deyirəm paltarımı da satmağa razı idim, təki… O qədər onda ucalıq, elə zəriflik var idi ki! Ondan çox şeylər danışırlar, axırda da lap lüt bir oğlana getmişdi.

D ö v l ə t b ə y. Gərək mən olaydım, mənim əlimdən qaça bilərdi?

N o v r u z b ə y. Bir kərəm ona şairanə bir məktub yazdırmışdım ki, Qərənfil, sənin hicrində günüzlərim qiyamət, gecələrim cəhənnəmdir.

D ö v l ə t b ə y. Adı Qərənfilmidir?

N o v r u z b ə y. Yox, adı başqa idi. Gültəkin idi. Mən onu pəncərədən əlində qərənfil gördüyüm üçün elə deyirdim.

D ö v l ə t b ə y. Dur, dur! Adı Gültəkinmi? Gizlənməz, amma çadra örtər.

N o v r u z b ə y. Gültəkin, hə… Bir polkovnik var idi, Aslan bəy…

D ö v l ə t b ə y. Onun qızı?.. İçin, daha için, siz hələ də məni tanımamışsınız, o mənim əlimdə. İstəsəniz bu saat buraya gətirib gəlim.

N o v r u z b ə y. Yox, canım, yəqin siz başqasını deyirsiniz. O olsa, onun yanından keçmək?

D ö v l ə t b ə y. Onun özünü, özünü, siz məni nə bilmişsiniz?

N o v r u z b ə y. Mən bilirəm, siz istədiyinizi elərsiniz, amma…

D ö v l ə t b ə y. Siz inanmayırsınız, mənim də boynuma düşür. Mənim də ki, boynuma bir şey düşdü…

N o v r u z b ə y. İnanıram, amma o bura… o olmaz, canım!

D ö v l ə t b ə y. İndi ki belə oldu… (Qalxır.)

N o v r u z b ə y. Durun, Dövlət bəy. O isə, Allah göstərməsin… O, mələk kimi bir qız, mən razı olmaram ki, belə bir yerə gəlsin. Amma, fəqət necə oldu ki, birdən belə dəyişdi?

D ö v l ə t b ə y. Biz əvvəlləri atasına görə evlərinə gedib-gələrdik. Ərə gedəndən sonra bir gün onu evimizdə gördüm. Getdim. Acıqlandı. Sonra ərinin üstünə oğurluq atdırdım. Bu gəldi yalvardı. Xülasə, hə, hə, hə, bir üzük, bir az sonra çəkmə, paltar, qolbaq, bir az da əvvəlləri qol gücü… Nə isə… indi də ayrı bir evdə olur, müəllimlik edir… mən də… Xülasə, böyük macəradır.

N o v r u z b ə y. Bəs əri?

D ö v l ə t b ə y. Ondan sonra əri baş götürüb getdi. Üç ildir ki, harada olduğu bəlli deyildir. Sən məni hələ də tanımırsan.

N o v r u z b ə y. Ola bilər. Ancaq odursa… Canım, vallah, o olmaz.

D ö v l ə t b ə y. İndi ki, elə oldu. (Yönəlir.) Bu saat mən özümü sizə tanıtdıraram.

N o v r u z b ə y. Durun, canım! Siz onu belə yerə gətirmək istəyirsiniz?

D ö v l ə t b ə y. Kim var! Özümüzük də, nə olar ki? Buraya onsuz da ailə ilə gəlirlər. O biri tərəfdən ayrı yolu vardır. (Gedirkən.)

N o v r u z b ə y. Dövlət bəy!

D ö v l ə t b ə y. Daha boynuma düşdü, olmaz. (Gedir.)

B a l a x a n (eyni zamanda Susanna ilə qol çarpaz içərək). Belə içək, bax belə… (Dövlət bəyin getdiyini görüncə.) Adə, hara getdi o?

M i r z ə C a v a d. Susanna, nə qədər yumşaq saçınız var, sanki ipəkdir.

B a l a x a n. Özü ondan da yumşaqdır. (Çimdikləyir.) Bax, pambıq kimi.

S u s a n n a. Oy… dayan də…

Dövlət bəy ləzgi Qurbanla qapıda görünür.

D ö v l ə t b ə y. Tapşıraram, o biri qapıdan, başqa söz danışma. De ki, Qəmər bacı da oradadır. Tez gəl. (Gedirlər.)

B a l a x a n. Canım, nə yatmışsınız! Doldurun stəkanları, o hara getdi?

M i r z ə C a v a d. Hə… (Stəkanı alaraq.) Əfəndilər, burada dedilər ki, bütün dünya altun üzərində durmuşdur. Mən onların sözlərini yalansıtmıram. (Aydın lülqənbər qapıda görünür, gözləyir.) Ancaq deyirəm ki, bütün dünya qadınlığın incə telləri üzərində durmuşdur.

A y d ı n. Ay aman, bərk durun, tük qırıldı, dünya yıxıldı, ha-ha-ha! (Girir.)

B a l a x a n (Mirzə Cavadın sözlərinə). Hi… hi… (Aydını görüncə.) Bu kimdir?

A y d ı n. Yalan deyirsən, qarpız kimi dünya tel üzərində dura bilməz.

S u s a n n a. Bu kimdir?

B a l a x a n. Adə, bu kimdir?

A y d ı n. Mən, mənəm, özümü də bütün aləm tanıyır, siz kimsiniz ki? Deyil bir başqası, özünüz də özünüzü tanımırsınız.

B a l a x a n. Hanı o? (Zəngi çalır.)

A y d ı n. O sizin nöyüt quyusunda boğuldu. Ölüsünü də quyudakı taxtaların dalında gizlətdilər.

S u s a n n a. Dəlidir, nədir?

A y d ı n. Sizə eləsi gərəksə ola bilərəm, ancaq pulum çatmır. (Lakey daxil olur.) Mənə şərab!

B a l a x a n (lakeyə). Korsan ki, mənim otağıma başqa adam buraxırsan?

L a k e y. Bağışlayın! (Aydına.) Siz özgənin otağına niyə soxulursunuz? Haydı! (Əlilə qapıya işarə edir.)

A y d ı n. Getmirəm, getməyəcəyəm. Pul verəcəyəm, pul!

L a k e y. Rica edirəm, məni saxlamayın, yoxsa…

A y d ı n. Getməyəcəyəm! Gedin polisləri, qubernatorları, hətta sultanları toplayın, gətirin, getməyəcəyəm! Heç birindən də qorxmuram.

M i r z ə C a v a d. Axşam vaxtı işə düşmədik…

A y d ı n. İşə düşməyənlər həyatı başa düşməzlər.

B a l a x a n. İndi getməyəcəksən?

A y d ı n. İndi deyil, sabaha qədər getməyəcəyəm.

N o v r u z b ə y. Mən ölüm, Balaxan, dəyməyin, bunda başqa bir aləm var, məzəli adama oxşayır.

B a l a x a n. A kişi, qoysanız, haram eləyəcək.

A y d ı n (lakeyə). Şərab deyirəm sənə!

L a k e y. Sizə deyirəm: bayıra, bu saat!

N o v r u z b ə y. Özüm ölüm, doxsan doqquzdur. (Lakeyə.) Dəyməyin. (Balaxana.) Qoyun oturub.

B a l a x a n. Ay Novruz bəy!

N o v r u z b ə y. Siz allah, dəyməyin. (Lakeyə.) Şərab ver ona, heç bir şey eləməz, hər nə etsə boynuma. Oturub bir tərəfdə, elə bilin heç yoxdur. Elə bilin divardır. (Lakeyə.) Haydı! (Lakey gedir.)

A y d ı n. Xeyr, ancaq onu görməzsiniz. Mən kimsə üçün görünməz qala bilmərəm. Məni hər kəs görməli, tanımalıdır. Çünki mən bir həqiqətəm, mən bir heç deyiləm, mən bir divar da deyiləm. Üç ildir dünyanı dolaşıram. Bütün dünya, hətta kiçik uşaqlar belə, məni tanıyırlar. Həmişə gic Aydın gəlir, deyə dəstə ilə ardımca düşürlər. Yalnız siz tanımırsınız ki, indi siz də tanıyarsınız.

Lakey şərab gətirib gəlir.

N o v r u z b ə y. Əzizim, nə olursa-olsun, axı bir qanun da, bir adət də var ki, bir yerdə biri olursa, başqası…

A y d ı n. Adət! Qanun! Böyüklüyə qarşı çəkilmiş zəncir… dühalar düşməni, zəkalar, iradələr qatili adət! Öz varlığını görənlər, göstərmək istəyənlər heç bir adətə, qanuna boyun əyməməlidirlər. Məni ancaq arzularım idarə edir. Adət! Zəlillik, düşkünlük babası!.. İnsan, arzusu uğrunda heç bir şey qarşısında durmamalıdır. Budur, mənim prinsipim! Mən bütün qanunları, bütün adətləri ayaq altına alıb qara torpaqlar kimi tapdayıram.

B a l a x a n. Xeyr ha!

A y d ı n. Sizin də atanız saman satardı, sonra xırmanınızdan nöyüt çıxdı.

M i r z ə C a v a d. Söhbətin şirin vaxtında…

A y d ı n (eyni zamanda). Siz deməli, yazıçı idiniz, ancaq yazmadıqlarınız yazdıqlarınızdan yaxşıdır. Ona görə də içək kağız fabrikaçılarının sağlığına!

B a l a x a n. Allahü əkbər!

A y d ı n. Və yaxud böyük jandarma!

N o v r u z b ə y. Mən ölüm, dəyməyin! Yaxşı, əzizim, sizin ki, bu qədər saf düşüncəniz var, niyə müsaidəsiz girməniz bir yana, deyərkən də çıxmırsınız? Halbuki nəzakətli adamlar…

A y d ı n. Onu nəzakətli adamlar elərlər, mən isə bəşəriyyətə varlığımı bildirmək üçün hər kəsin elədiyi kimi deyil, hər kəsin eləmədiyi kimi eləyirəm. Girincə bu qapını gördüm, ağlıma gəldi, içəri girdim. Çıx dediniz, çıxmadım.

N o v r u z b ə y. O neçin?

A y d ı n. Çünki hər kəs kimi mən də dinməz çıxsaydım, siz məni də hər kəs biləcəkdiniz… Anladınızmı? Zatən, siz dünyada nə anlayırsınız ki, onu da biləsiniz.

M i r z ə C a v a d. Bu ipək saçlardan başıma çox gözəl bir mövzu yerləşdi.

A y d ı n. Madam ki, başınız yeni bir şeyi yerləşdirir, Toriçelli demişkən, boşluğu varmış.

M i r z ə C a v a d. Boşluq mənim talesiz ürəyimdədir.

A y d ı n. Xeyr, bəyim, boşluq sənin altunsuz cibindədir, ona görə də sözlərinin mənası yoxdur, yox, yox.

N o v r u z b ə y. Əzizim, mən dedim qalın, demədim bizim işlərimizə qarışın.

A y d ı n. Mən bir arzuma qarşı durmaram. Nə düşünürsəm, onu edəcəyəm, istəsəniz qalaram, istəməzsiniz, yenə qalaram. (Mizi döyür, lakey daxil olur.) Mənə şərab!

N o v r u z b ə y. Ona şərab, hesabını da mənə…

B a l a x a n. Ay Novruz bəy, sən də adam tapdın?

N o v r u z b ə y. Siz allah, dəyməyin, qoy nə deyirsə desin.

D ö v l ə t b ə y (orta qapının arxasından). Adə, nə qalmaqaldır orada? Nə olub?

N o v r u z b ə y. Hardasınız, canım, tez gəlin, burada qəribə…

A y d ı n. Burada bir oyunbaz var, pulsuz oyun çıxarır.

D ö v l ə t b ə y. Gəlirəm, gəlirəm, bu saat. Sizə bir məlaikə gətirirəm, məlaikə.

S u s a n n a. Podumayeş, məlaikə…

B a l a x a n. A tebe də mayo məlaikə.

S u s a n n a. Onda gəlin qaradinməz oynayaq.

B a l a x a n. Yaxşı, hər kəs danışdı, hamı onu öpsün.

M i r z ə C a v a d. Gülmək də olmaz.

S u s a n n a. Yaxşı, hop! (Əlilə ağzını qapayır.)

A y d ı n. Ürəyinizdən öpüşmək keçirsə, bəhanəyə lüzum yoxdur, öpün, o, müti məxluqdur, onsuz da söz deməz.

S u s a n n a. O kov deyil.

B a l a x a n. Aha, danışdı.

N o v r u z b ə y (Aydını göstərərək). Əvvəl o danışdı. Onu öpməlisiniz.

A y d ı n. Mən divarla öpüşəcəyəm, çünki heç olmazsa rəngi getmir.

S u s a n n a. Yiyəsi ölmüşdü!

B a l a x a n. Aha, daha şuluq salma, dön bura.

S u s a n n a. Yox, yox, bu kov deyil.

B a l a x a n. Xeyr ha, sən öləsən, əldən qoymaram. (Zor ilə öpür.)

M i r z ə C a v a d. Bəs mən… Mən qaldım. (Tutub öpür.)

A y d ı n (yaylığı ona uzadaraq). Bəyim, dodaqlarınızı silin, boyandı.

M i r z ə C a v a d. İşə düşmədik!

S u s a n n a. Nəyə baxırsınız? Gözləriniz də qapqara. Elə itidir ki, tam bir qafqazlı gözü. Adam elə baxmaq istəyir.

A y d ı n. Ona görə ki, o burada hamısından zəngindir.

S u s a n n a. Oho! Sanki zəngin olduğu üçün gözləri qaradır.

A y d ı n. Bəli! Zənginlik elə şeydir ki, ağ gözü qara, qara üzü ağ göstərir. (Musiqi.)

B a l a x a n. A qız, dur oyna! A kişi, soyuq keçir, götürün stəkanları.

S u s a n n a. Bu oynamaq havası deyil ki, oxumaq havasıdır.

B a l a x a n. Hər nədir, dur oyna!

S u s a n n a. Olmaz axı.

B a l a x a n. Qoduq balası, sənə deyirəm dur, dur.

S u s a n n a. Səsini kəs, utanmaz!

B a l a x a n. Sənə deyirəm dur, dur! Niyə olmayır? Əllərini oynadarsan olar.

M i r z ə C a v a d. Oynarkən siz bir xəyal kimi görürsünüz.

A y d ı n. Bütün həqiqətlərə göz yuman, bütün xəyalları həqiqət görən zavallı bəşəriyyət! Bəli, bəyim, xəyal görünəcək, xəyal.

B a l a x a n. Adə, bu nə deyir? Allahü əkbər. A qız dur də!

A y d ı n (məcburən qalxan Susannaya). Oynayın, xanım, çünki ağa buyurur, oynayın!

S u s a n n a (qollarını oynadaraq). Olmayır da.

B a l a x a n. Olar, olar. (Qapıdan.) Adə, bu saat bir oynamaq havası çalın, bu nədir?

A y d ı n. Ha-ha-ha! Canlı oyuncaq, gülünc əyləncə! Əyləndir, quzum, əyləndir!

Hava çalınır. Susanna oynayır.

B a l a x a n. Ölməyəsən, qız doğan! Ora baxın, gözlərini yeyim! Güldür, gül. (Qucağına götürüb divan üstünə qoyarkən.)

S u s a n n a. Oy, yıxıldım! Burax! Əl-ayağımızı qırarsan.

B a l a x a n. Kimi qorxudursan? Atam döyməyəcək, anam söyməyəcək. Olmasın bir quyunun nöyütü. Yerdən sənin üçün ayaq çıxardaram. Bura baxın, şəkildir, şəkil!

A y d ı n. Yaxşı şəkildi, amma, hayıf ki, istidə rəngi pozulur.

M i r z ə C a v a d. Susanna, bu gecə siz kimin həyatını cənnətlərə çevirəcəksiniz?

B a l a x a n. Daha burada bir kimin yoxdur ki, bizim həyatımızı.

S u s a n n a. Mən iki gündür Novruz bəyə söz vermişəm, onlara qonaq gedəcəyəm.

B a l a x a n. Necə? Necə? Xeyr ha, uşaqsan!

N o v r u z b ə y. Özü bilsin.

B a l a x a n. Xeyr ha! Novruz bəy, sən hər nə desən de, məni ki, tanıyırsan, amma onda çaşdın…

N o v r u z b ə y. Mənim sözüm yoxdur, özünüz bilin.

B a l a x a n. Novruz bəy, əgər inciyəcəksən… yox, istəmirəm. Əgər… Axır… ki…

L a k e y. Salonda vərəmlilər üçün bir şəkil torğa qoyulur, iştirak etmək istəyənlər buyura bilərlər. (Gedir.)

A y d ı n. O şəklin nəyi Susannadan yaxşıdır?

B a l a x a n. Əlbəttə… Aha, durun… Gəlin biz də Susannanı torğa qoyaq, heç yarmankədə olmamışsınız? Kim çox verdi, onun.

A y d ı n (qalxır). Özü də mən satacağam.

B a l a x a n (daha cəsarətlə). Zarafatsız. Yaxşı tapmışam. Hə, nə deyirsən, Novruz bəy? Heç kəsin ürəyi qalmasın.

A y d ı n. Nisyə, nağd?

B a l a x a n. Nağd, nağd. (Pulları çıxardır, stol üstə çırpır.)

S u s a n n a (Balaxana). Burax!

B a l a x a n. Dayan, alış-verişdir, zarafat deyil.

A y d ı n. Auksiyonda canlı bir qız satılır: əli, ayağı, hətta ürəyi də var. Nağd altuna. On doqquz yaşında canlı bir oyuncaq; beş min manat; kim artırır?

B a l a x a n. Altı min. Novruz bəy, hə!

A y d ı n. Altı min, bir… Düz durun, xanım, gərək görsünlər, utanmayın. Doğrudur, bir az mənliyiniz çeynənir, şərəfiniz tapdanır, fəqət əvəzində altun alırsınız. Altı min, bir… altı min, iki…

N o v r u z b ə y. Qoy olsun altı min beş yüz.

A y d ı n. Altı min beş yüz. Kim artırır? Bir…

B a l a x a n. Səkkiz min!

A y d ı n. Səkkiz min. Bir…

D ö v l ə t b ə y (qapının arxasından). Adə o, nədir birjamı açmışsınız?

B a l a x a n. Susannanı torğa qoymuşuq, tez gəl.

A y d ı n. Mal göz qabağındadır, baxa bilərsiniz. Saçı qara, gözləri qara, özü gözəl, on doqquz yaşında. Hərçənd bir az üzünün rəngi pozulub, amma cibində çoxdur. Səkkiz min… İki…

D ö v l ə t b ə y. Doqquz min!

A y d ı n. Doqquz min. Bir…

M i r z ə C a v a d. Siz doğruçu birjə açdınız ki…

A y d ı n. Sən sus! Çünki pulun yoxdur. Doqquz min. İki…

Gültəkin girir.

G ü l t ə k i n. Oy, mən haraya gəlmişəm! (Aydını görüncə şaşqın bir halda.) Ox, Aydın!

A y d ı n (əzici bir nəvazişlə). Gültəkin! Ha-ha-ha! Gəl, gəl, yavrum, gəl! Budur, son qərargah!.. Gəl, gülüm, gəl! (Ona doğru yeriyib qolundan tutaraq.) Məsum bir qadın namusu, hərrac!.. Əlli min manat, kto bolşe!

G ü l t ə k i n. Aydın!

B a l a x a n. Sən canımı boğazıma yığdın, bu xalqı kişi saymırsan? (Əlini belinə atıb hücum eləyir.)

G ü l t ə k i n. Aman, ona dəyməyin!

N o v r u z b ə y. Balaxan! (Onu yaxalayıb saxlayır.)

A y d ı n. Siz əlinizi belinizə atmaqdansa, cibinizə atın… Çünki sizin silahınız oradadır, kişiliyiniz də oradadır.

G ü l t ə k i n. Aydınciyim…

A y d ı n. Gəl, yavrum, yalan deyirəm. (Onu öz mizinə doğru çəkir.) Al iç, üç ildir görüşmədik… İç!

G ü l t ə k i n. Aydın… bilmirsən ki, mən içmirəm.

A y d ı n. İç, iç sənə deyirəm… İç!

G ü l t ə k i n. Aydın… Heç bir vaxt içdiyimi gördünmü?

A y d ı n. Heç bir vaxt belə yerlərə gəldiyini də görmədim… İç…

G ü l t ə k i n. Aydınciyim…

A y d ı n (qorxunc və yırtıcı bir görkəmlə). İç, deyirəm! Bax, görürsənmi? (Susannanı göstərərək.) Bütün fahişələr içirlər. Sən də içəcəksən, iç!

G ü l t ə k i n. Aydınciyim! Bilirmisən mən kiməm? Beləmi? (Ağlayır.)

A y d ı n. Bəli, bilirmisən buraya kimlər gəlirlər? Buraya gələr ancaq rəzillər, əxlaqsızlar. Get… (Gültəkini itələyir.) Get…

G ü l t ə k i n. Oy!

Bir dəhşətlə gəldiyi qapıya doğru sürətlə gedərkən Dövlət bəy qoltuğunda bir şantan qadını olaraq girir.

D ö v l ə t b ə y. Məlaikə gətirmişəm. Məlaikə!

Aydını və qapıya tərəf gedən Gültəkini görüncə, qadını buraxıb bir tərəfə çəkilir, eyni zamanda Aydın onu görmədən stəkanı başına çəkib, göz yaşları arasından acı-acı gülərək, stəkanı bütün qüvvətilə yerə çırpır, stəkan qırılır. Heç bir tərəfə baxmadan bayıra yönəlirkən.

A y d ı n. Məsum bir qadın namusu, beş min manat, hərrac, ha-ha-ha!.. (Çıxır.)

Eyni halda Gültəkin də o biri qapıdan bayıra sıçrayır. Dövlət bəy diqqətlə Aydına baxaraq, bir maraqla onu təqib edirkən.

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

Üçüncü pərdədən dörd il keçmiş. Dəmirçixana. Pirqulu, pencəyi çiynində bir dəzgahın önündə oturmuş, yavaş-yavaş fit çalır.

S ə l i m (tələsik girərək). A balam, nə oturmuşsan burada üçyaşar xotux kimi, ağzını da bir yan üstünə əyib, arsız-arsız fit çalırsan? Bu xalq sənin üçün hambaldır?

P i r q u l u. Əşi, nə oldu sənə, yenə barıt kimi partladın? Nə var? Qiyamət qopmamış ki…

S ə l i m. Nə vecüvə, uşağın yox çörək istəsin, arvadın yox paltar…

P i r q u l u. Düzəldi getdi. Vallah, yazıq bacım can üstündədir, həkim aparmağa pulum yoxdur.

S ə l i m. Hələ arsız-arsız fit də çalırsan.

P i r q u l u. Sanki fit çalmasam həkim pulu tapacağam, ya da bacım sağalacaqdır. İndi nə eləyim, durub oynamayacağam ki.

S ə l i m. Cəhənnəmə ki. Eşitmirsən səhərdən qışqırırlar ki, bir yerə yığışın. Hərənizə gərək ayrı-ayrı desinlər. Sanki, sanki…

P i r q u l u. Axı nə var ki, indi zavodu götürmüşsən başına? Qulam gəldimi?

S ə l i m. Cəhənnəmə ki, mənə bir deyən yoxdur ki, ay axmaq oğlu, sən nə düşüb girmişsən ortaya. Bu məxluq necə, sən də elə, el üçün ağlayan gözsüz qalar. Guya ki, bu arada ac-susuz təkcə mənəm. Səhərdən qışqırırlar, yığıncaq olacaq, yığılın…

P i r q u l u. Əşi, bir mənə de: Qulam gəldi, ya yox?

S ə l i m. Qulam gedib xozeyindən cavab bilməyə ki, bu bahalıqda… Allaha and olsun ki, dünən gecə uşaqlarımın üzünə baxmağa utanmışam. Ac-acına yatıblar. Əgər bizim istədiyimizi verir, başlayaq işləməyə, əgər vermir, onda görək nə eləyirik.

P i r q u l u. Onu mən də bilirəm ki, getmiş. Bu gün də xozeyin cavab verəcəkdir. Ancaq gedən gəlmiş ya yox?

S ə l i m. Yox, yox, yox. A kişi, siz allah, sizdə birlik yox, bir şey yox, cəhənnəmə ki…

P i r q u l u. Daha nə çığır-bağır salmışsan? Yığıncaq o gələndən sonra olacaq, sən indidən…

S ə l i m. Deyirlər bir yerə toplaşın, gələn kimi başlayaq. A kişi, mənə nə? Özünüz bilin. Zabastovqadır eləmişik, mən də sizin biriniz. Elə bilin acından ölən bir tək mənəm, cəhənnəmə ki. (Yönəlir.)

P i r q u l u. Yaxşı, get deyilən mən zabastovka da eləmirəm, özüm də işimi işləyəcəyəm, vəssalam!

S ə l i m (hiddətlə qayıdaraq). Xeyr, ondan gözünü çək. Hər kəs tək başına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər.

P i r q u l u. Yaxşı, get söylə, qoy məni arxa uzadıb döysünlər.

S ə l i m. Əşi, cəhənnəmə ki… Mənə nə var! (Gedir.)

Pirqulu yalnız düşünürkən, Surxay və İlyas danışa-danışa girirlər.

S u r x a y. Mən bu qızgilin həyətində yaşayırdım. (Pirqulunu görüncə) Pirqulu, sizin işiniz nə yerdə qaldı? Mən telefonla danışdım…

P i r q u l u. Surxay bəy, bizim heç bir işimiz yoxdur. Bu bahalıqda dolana bilmirik. Ac adam işləyə bilməz. Ondan başqa, Aydını, Qurban kişini, bir də Rəsulu işə götürməsələr, biz işləməyəcəyik. Onsuz da ki, acından ölürük, qoy birdəfəlik qırılaq. Neçin Aydını çıxarsınlar? Çox da hər nədir, çox da gün uzunu işləyə bilmir, əli ki, itidir. İki-üç saatda iki günlük iş işləyir. Onları işə götürməyincə, donluğumuzu artırmayınca ya öləcəyik, ya işləməyəcəyik, vəssalam. (Getmək istəyir.)

S u r x a y. Pirqulu, mənə dedilər ki, sənin bacın xəstədir. (Sükut.) Sonra bir gəl heç olmazsa həkim üçün görək nə elərik.

P i r q u l u. Allah ömrünüzü artıq eləsin. (Gedir.)

İ l y a s. Hə, qızla bir həyətdə yaşayırdınız, sonra?

S u r x a y. Nə isə… mən ona məhəbbətimi deyə bilmirdim. Bu Aydın da mənimlə məktəbdə oxuyurdu. Olduqca dost idik. Bir gün mən onu gizlincə qız ilə tanışdırdım ki, bəlkə sonradan onun vasitəsilə öz hissiyyatımı qıza bildirim. O bilmirdi ki, mən Gültəkini sevirəm. Bir az keçincə gördüm ki, bunlar bir-birini sevirlər. Bir yandan sevdiyimin arzusunu görüb səadətinə mane olmamaq, bir yandan da yoldaşlıq. Mən bütün varlığımla könlümü zorlayıb, məhəbbətimi gizlətdim. İndi doqquz ildir ki, birinci olaraq sənə deyirəm. Odur ki, mən evlənmirəm. Son günə qədər də onun xəyalı ilə yaşayıb öləcəyəm. Fəqət günümə bir gün qalınca, o qızın bədbəxtliyi üçün Dövlətdən intiqam alacağam.

İ l y a s. Demək, Aydının belə sərsəmliyi də həmin hadisədəndir?

S u r x a y. Mən Moskvaya getdim, mühəndis olub dönüncə, bu yox idi. Üç il sonra bir gəlir, nə olursa, yenə baş götürüb gedir. Dörd il idi ki, yox idi. O qədər dərin düşüncəli, o qədər alıcı idi ki, yazıq oxuya bilsəydi… Nə etmək ki, bir yandan başındakı böyük, fəqət bulanıq fikirlər, bir yandan ehtiyac, zəiflik, xəstəlik, sonra da bu hadisə, xüsusən içki. Zavallı səkkiz ildir ki, bütün dünyanı dolaşıb, bir aydır ki, belə acınacaq, sərsəm bir halda gəlib çıxmışdır.

İ l y a s. Yazıq…

S u r x a y. İndi heç bir şey düşünə bilmir. Yazıq acından ölməsin deyə, gətirmişəm, yanımda işləyirdi. İndi altı gündür ki, təsadüfən Dövlət bəy buranı alıbdır. Gəlib onu görüncə, çıxarılmasını əmr etdi, fəhlələr eşitdilər. Özü isə nə zavod yiyəsini, nə də işdən çıxarıldığını bilmir.

İ l y a s. O vaxtdan qızı görməmişmi? Qız sağmıdır?

S u r x a y. Görməmiş. Bir neçə vaxt bundan əvvəl mən gördüm. Bir növ yorğun, usanmış, solğun bir halda gedirdi.

İ l y a s. İndi özü o barədə bir şey söyləyirmi?

S u r x a y. Heç bir şey, sanki bir-birimizdən utanırıq. Həm də özündə o hal qalmamış, əlinə keçəni içir. Ona görə də özünə pul vermirəm. O gedib yeyir, mən hesablaşıram. Amma yenə sözə baxmır. O gün axır acıqlanıb tapşırmışam çörək verməsinlər. Yazıq bu gün üç gündür ki, acdır, bir söz də demir. Bəzən maddım-maddım üzümə baxır, hərdən də gözləri yaşarır, adamın yazığı gəlir.

İ l y a s. Yazıq!

S u r x a y. Ox, həyat… Gic Aydın dediyin bu zavallı nələr düşünürdü, nə günlərə qaldı!

S ə l i m (həyətdən bağıraraq). Cəhənnəmə ki! Bizdə birlik hanı? Əşi, mənə nə?

S u r x a y. Yenə görəsən nədir? Bir baxsana! (Həyətə doğru gedərək) İlyas, dilək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq bir neçə qüvvətli simalar keçmişlər ki, onlarla da tarix bütün gələcəyə qarşı fəxr edir. (Gedirlər.)

Bir azdan Aydın əlində əzik bir çiçək, yorğun, solğun bir görkəmlə ağır-ağır girir. Dəzgahı işlədib, çiçəyi də dəzgahın üzərinə sancaraq, makinanın işləməsindən vücuda gələn xəfif tərənnümü dinləyir və filosof kimi hərəkətinə baxaraq, fikrə dalırkən, həyətdən kim isə çox həzin bir səslə oxuyur. Aydın düşünür.

H ə y ə t d ə n.

 
Olmasaydı bizdə, yarəb, bu məhəbbət kaş ki,
Ya olaydı bu gözəllərdə mürüvvət kaş ki.
Olmasaydım bir pəri eşqində rüsvayi-cahan,
Çəkməsəydim dost-düşməndən şəmatət kaş ki,
Göstərib əvvəl vəfa, axır olurlar bivəfa.
Olmasaydı xubrulərdə bu adət kaş ki.
 

Mahnı Aydının xatıratını təhrik etdikcə, Gültəkini oxunan sözlərin səbəbi kimi təsəvvür etdikcə, gözlərində təcəssüm etmiş Gültəkinin xəyalına qarşı olduqca müztərib bir vəziyyət alır. Mahnı davam edir.

H ə y ə t d ə n.

 
Ya verəydi haqq sənə bir rəhm, ey bidadgər,
Ya olaydı bizdə bu hicranə taqət kaş ki.
 

Aydın çox mütəəssir bir halda, özü də əlindəki çəkici dəzgaha çırparaq.

A y d ı n. Of… Qaranlıq keçmişin mənfur heykəli!

S ə l i m (səsi gəlir). Cəhənnəmə ki! Xalq yığışıb gözləyir, o orada fit çalır, sən burada oxuyursan. Özünüz bilin, Allaha qurban olum, xozeyin də heç nə verməsin. Mənə nə? Guya acından ölən elə bircə mənəm. Cəhənnəmə ki… (Gedir.)

Aydın Səlimin sözündən diksinib dəzgahın durduğu, sonra da Səlimin daxil olduğunu görüncə.

A y d ı n (dəzgaha). Yoldaşcığım, niyə durubsan? Necə? Necə işləmirəm? (Dəzgahı qorxudurmuş kimi, çəkici qaldıraraq) Allaha and olsun, bir çəkic vuraram, parça-parça olarsan.

S ə l i m (qapıya). A uşaq, bura gəlin, bu gic avadanlığı qırdı, çapdı.

Pirqulu və başqa işçilər girirlər. Aydın onlara etina etmədən.

A y d ı n. Necə işləmirsən? Axmağın biri axmaq!

P i r q u l u. Yenə nə var, əzizim?

A y d ı n (sözünü kəsmədən). Çəkici görürmüsən! Elə vurram, hər çarxın bir yana uçar.

S ə l i m. Odur də, yenə həştad doqquzdur, cəhənnəmə ki…

A y d ı n (kimsəyə baxmadan). Sənin mənə heç bir şey deməyə haqqın yoxdur, çünki sənin nə ağlın var, nə də düşüncən. Ona görə də sən gərək işləyəsən. Mən səni zorla işlədərəm. Xeyr, gücüm çatar. Yox, yox, mən hələ bir həqiqətəm, mən bir heç deyiləm. Mən amansız bir mübarizəm. Allaha and olsun, elə çırparam ki, hər parçan keçilməz altun dənizlərində bir körpü ola bilər. (Gülüşürlər.)

S ə l i m. Cəhənnəmə ki, sındırar. Xozeyin də və Surxay bəy də bizi söyəcəklər.

P i r q u l u (çəkici dəzgaha qaldırmış Aydının əlini tutaraq). Əşi, nə vuruşursan? Bir bizə də desən olmazmı?

A y d ı n (dəzgaha). Axmağın biri axmaq, mən səni zorla işlədərəm. Görün, siz allah, mənə nə deyir… İşləyən mən, sürtülüb əzilən mən, dəmiri yonan mən, iş qayıran mən, amma donluğu alan sən, indi ki, belədir, mən də işləmirəm. (Dəzgaha) Bu elə belə də olmalıdır. Sən hələ gərək işləyəsən, mən də gərək donluğu alam. Çünki sənin düşüncən yoxdur. Nankorun biri nankor! Mən hələ sənin üçün başqaları kimi olmamışam. Səni yağlamışam, çiçəklərlə bəzəmişəm. Yenə üsyan edirsən. Zavallı, bəs mən? Mən neçin danışmıram. (Suvandı alıb, cəld hərəkətlə məngənəyə sıxılmış dəmirə çəkərək) Bax, sənin çarxın fırlanır, mənim qollarım, sənin parçaların hərəkət edir, mənim bütün əzalarım. Sən sürtülüb əzilirsənsə, mənim də əllərim qabar çalır, gecələr yata bilmirəm. Sən haqqını istəyirsənsə, bəs mənim haqqım, mənim qazandıqlarım ki, üç gündür acam. Bəs mən?…

S ə l i m. O bu saat doxsan doqquzdur, siz də durun tamaşaya, yığıncaq da qalsın. Cəhənnəmə ki…

A y d ı n. Halbuki, sənin ağlın yox, düşüncən yox, hissin yox, ürəyin yox. Mənim ağlım da var, düşüncəm də. Səni mən yaratdım. Çarxını mən qayırdım, işə saldım. Halbuki məni altun yaratmamışdır. Məni təbiətin yaradıcı qüvvəsi bir xariqə olaraq yaratdı. Yaradıcı bir qüvvə verib bütün varlığı təslim etdi. İndi işləyən mən, yaradan mən, qazanan kim? Altun! Neçin?.. Zavallı, mən də sənin kimi, fəqət canlı bir makina deyilmiyəm? Bir makina kimi istifadə olunmurmuyam? İşləyən mən, inciyən mən, qazanan mən, ac qalan da mən, başqalarının əlinə baxan da mən.

S ə l i m. Cəhənnəmə ki, sənə dünyanı da versələr, ac qalacaqsan, aparıb hamısını (boğazını çırtmalayaraq) buradan ötürəcəksən.

A y d ı n. Mən heç! Bəs siz! Zavallılar, siz kimsiniz? Siz də bir canlı makina deyilmisiniz?

S ə l i m. İndi nə eləyək?

A y d ı n. Uzanın, gəlib sizə yasin oxusunlar.

P i r q u l u. Nə edə bilərik ki?

A y d ı n. Üsyan…

P i r q u l u. Kimə qarşı?

A y d ı n. Bütün bəşəriyyətə qarşı, bütün adətlərə, qanunlara qarşı… Bütün kainata, aya, günəşə, ulduzlara, hətta tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırmalıdır. Yer üzündə hakim, məhkum, zalım, məzlum kəlmələri durduqca bəşəriyyət bir gülər üz görə bilməz.

S ə l i m. Bir şey başa düşdünüzmü? Mən bir şey anladımsa, Allah mənə lənət eləsin.

A y d ı n. Anlamazsınız… ha-ha-ha! Siz qəssablar bıçağı altında qatilanə otlayan qoyun sürüləri! Siz kimsiniz? Hakiminiz kim? Siz nəsiniz? Məbudunuz nə? Nədir bu hakimlik? Nədir bu məhkumluq? Nədir bu əzab, nədir bu mükafat?

S ə l i m. İndi sən nə istəyirsən?

A y d ı n. Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, şəşəə, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur, bax belə! (Bir şüşə araq çıxarıb başına çəkir.) Ha-ha-ha!..

S ə l i m (çırtma çalaraq).

 
Qalanın dibində bir quş olaydım,
Yeməmiş, içməmiş sərxoş olaydım.
Gah fərə, gah laçın, gah loş olaydım…
Dam uçuldu, baca boynuma keçdi,
Bilmirəm heç necə boynuma keçdi.
 

Bu qiyamətlərin çoxusu onun üstündədir, heç vecinə də gəlmir. Əlbəttə, belə eləyəndə işdən çıxararlar da…

P i r q u l u. Daha sən də bəsdir çərənlədin. Sizdə anlamaq üçün idrak yox ki…

S ə l i m. Cəhənnəmə ki… Gəlin, adə, bəri. (Dönür, fəqət yenə qayıdıb durur.)

P i r q u l u. Aydın, onlar səni anlamırlar. Sən buraya gələn gündən bəri, mən sənə can yoldaşı olmuşam. Bir çox şeyləri də eşitmişəm. İndi bilirəm də ki, üç gündür acsan. Qardaş, mənim gücüm bir bu qollarıma çatır, bir də bax, buna! (Pencəyini göstərir.) Yenə bir-iki girvənkə çörək verərlər. Hər nə də eləmək istəsən, mən səninlə varam.

A y d ı n (sürəkli baxışdan sonra). Qoyun sürüsü. (Dönüb gedir.)

S ə l i m. Qoyun da olduq! Cəhənnəmə ki… (Qulam tələsik girir.) Budur gəldi, gəldi, səs salmayın, yığışın. Hə, nə oldu?

Q u l a m. Durun, bir nəfəsimi dərim. Yeyin gəlmişəm.

S ə l i m. İnşallah ki, düzəlmişdir.

Q u l a m. Dövlət bəy deyir ki, zavodu altı gündür ki, almışam, heç bilmirəm ki, işlər nə yerdədir. Heç bir iynə də artırmayacağam.

S ə l i m. Kişi doğru deyir də, heç bilmir nə var.

Q u l a m. Aydınla da, deyir, mənim xüsusi hesabım var, həmçinin o biriləri də çıxarmışam, kimsə bir söz deyə bilməz. Bir az danışdıq, axırda dedi hamınız hesabınızı alın, qulluqdan çıxarılırsınız, təzədən fəhlə tutacağam.

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8250-3-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 3, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre