Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Mən bir susmaz duyğuyam ki…», sayfa 5

Yazı tipi:

BEŞİNCİ PƏRDƏ

Məclis vaqe olur dördüncü pərdədəki otaqda. Əbdül tək oturub.

Əbdül. Bəli, Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. Qız deyildi. Sara məlakə idi. Namərd oğlu namərd! Tfu sənin insafına olsun, Bəhram! Gülnisənin hiyləsi, Pərinin işvəsi, pulları, havası onun başını elə dumanlandırdı ki, yazıq qızcığazı bad-fənaya verdi. Biçarə qız əvvəldən ölməyini yəqin eləmişdi, kağızda da yazıb vəsiyyət eləyibdir. Məndən sonra atamın pulları geri alınarsa, dörd yerə bölüşüb, bir hissəsi yaman gündə məndən əl çəkməyib, atalıq, analıq və pasibanlıq edən Əbdül əmiyə, bir hissəsi insaniyyət adına mənim üçün çalışan vəkil Kərim bəyə, bir hissəsi mənim kimi yoxsulluqdan məhəbbəti sınıb istiqbalı matəmə dönəcək qızların təmin istiqbalına, bir hissəsi də ona… O bivəfaya, o məni puç edib gəlinlik pərdəmi qaranlıq məzara döndərən Bəhrama. Mən bu sözləri yadigar olaraq əzbər öyrənmişəm. Nə yaxşı sözlər ilə də yazıb biçarə! Görün Bəhramı nə qədər istəyirdi ki, qatili ola-ola ona rəhm eləyir. İşə baxılıb sübut olunubdur ki, rəhmətlik Hacını da bu iblis balası iblis Gülnisə zəhərləyibdir. Vəkil tutdu, nə elədi olmadı. Axırda haqq aşkara çıxdı, beş gün Gülnisəni zamına götürdülər, sabah qazamata aparacaqlar. Amma orası yamandır ki, pulların tən yarısı Pəri məluna çatacaq. Hər bir şeyi də bixəbər gəlib yazıblar. Bəhram də sərsəm kimi olub, o vaxtdan evə də gəlməyibdir. (Sükut.) Elə bil bütün ev üzümə baxıb ağlayır. Vay, xanımın gülləri necə solub? Ömrümün axırına kimi qoymaram onları solsunlar. (Durub gəlir su verir.)

Gülnisə daxil olur.

Gülnisə. Haradasan, səhərdən itmişsən tapılmırsan? Sara ölüb, yenə bu daxmadan əl çəkməzsən? Kağızı vəkil üçün apardınmı?

Əbdül. Kağızı göndərdim, amma bundan sonra mən sizin qulluğunuza baxmayacağam. Mənə qulluq deməyin. (Kənara.) Vallah, o qədər yanmışam ki, istəyirəm ətini didəm.

Gülnisə. Bu nədir? Hə? Nadürüst, yoxsa Saranın bir parça kağızından qudurmuşsan?

Əbdül. Mən arvad ilə ağızbaağız verən deyiləm. Məndən əl çək!

Gülnisə. Elə isə şeylərini yığıb, bu saat bu evdən çıx. Malı bölüb verəndə gəlib təhvil alarsan. Tez ol!

Əbdül. Məni malların keşiyini çəkmək üçün qoyublar.

Gülnisə. Məni həbs edəcəklər, sən şadlanırsan? Yaxşı, nadürüst, mən gedirəmsə, yerimdə qızım var. Eybi yoxdur. Hər nə bilirsən, elə. (Gedir.)

Əbdül (tək). Siz mənim sinəmə çarpaz dağlar çəkmişsiniz, əlbət ki, şadlanaram. Bircə Saranı bütün nəslinizə dəyişməzdim.

Pəri daxil olur.

Pəri. Sara da ölüb getdi, indi işlər tamamilə düzəldi. Daha bir qəmim yoxdur. Hərçənd ki, Bəhram bir neçə gündür sərsəm kimi olubdur, amma onun eybi yoxdur, yadından çıxıb gedər. Neçə vaxtdır evə də gəlmir. Budur, onun dalınca axtarıb, buraya gəlmişəm. Bir evə gəlsə, sonra mən tez hər bir şeyi başından çıxardaram. Amma anamın həbs ediləcəyi məni çox narahat edir. Gərək lazım gələcək qədər pul qoyub onu xilas edəm. Hər halda Sara öldü, əl-qolum açıldı. İndi Bəhram daha məndən başqa kimi istəyəcək? İstəyirsə, heç məni də istəməsin. Nə vaxta kimi mən təzvir8 edəcəyəm. Ondan başqa dünyada gözəl yoxmu? (Əbdül tərəfə gedir.) Yenə sən onlarla oynayırsan? Götür at onları bayıra. Yığışdır o rəsmi, kitabları apar bir yerə qoy, get işini gör.

Əbdül. Mənim heç işim yoxdur. Bu güllər mənim xanımımın yadigarıdır. Ömrümün axırına qədər onlara xidmət edəcəyəm.

Pəri. Necə mənim işim yoxdur? Yoxsa özünü bu evə şərik hesab edirsən? Ondan gözünü çək! Qiyamətəcən onu görməyəcəksən. Bu malların heç biri sənə tapşırılmayıb. Sənə deyirəm, götür onları buradan! Yoxsa bu saat ayağımın altına alıb hamısını tapdaram.

Əbdül. Eybi yoxdur, əl vurma! Qoy gedim, yer hazırlayıb, gəlib aparım. (Kənara.) Bu nadürüstlər ilə bacarmaq olmaz. Ax, yazıq xanım, bu hiyləgər iblislər sənin güllərinin də evdə qalmasına razı olmurlar.

Əbdül və Pəri gedirlər. Bəhram mütəfəkkir, saçları pərişan gəlir, dayanır, ətrafa baxır, gah acıqlanır, gah susur. Sonra fikrə gedir.

Paltarları əzgin, cırıq, məcnunanə bir hərəkət və qiyafətlə.

Bəhram (bir kitab götürüb oxuyur). Vicdan! Vicdan! Ox, vicdan! Vicdan! Pələngi-biaman! Vəhşiyi-canistan! Ox, fəlakətlər təcəssüm edib, nizələr kimi insanın gözünə batsa da, ildırımlar hiddətlənib, şrapnellər kimi insanın vicdanına hücum etsə də, səmalar təzəlzül edib, bombalar kimi insanın başında gur-gur partlasa da, yaralı vicdanın xəfif iniltisi qədər insanı narahat etməzlər. Ah, vicdan! Həya! O, biinsaf vəhşi pələnglər kimi insanın qəlbində daim çırpınır. İti dırnaqları ilə ürək hövzəsindən tutub damarların nəhayətinə qədər ovum-ovum didir, parçalayır, gah uca dağlarda olan vulkanlar kimi partlar, yanar, yandırar, gah anasız yetimlər kimi için-için ağlar, ağladar, gah səhralarda tömə axtaran aslanlar kimi nərə çəkib, dırnaqlarını şaqqıldadar, gah çeşmələr kənarında düşmüş yaralı ahular kimi mini-mini inildər, inildər, gah səmalarda uçan qartallar kimi insanın mövcudiyyətini sarsıdacaq qədər hiddətlənər, gah qəfəslərdəki bülbüllər kimi zar-zar zarıldar, gah dəryalar kimi təlatüm edib, insanın vücudunu lərzədar edər, gah məzarıstanlar kimi bir sayeyi-küdurət və vəhşət olub nəzərə çarpar. Bütün təbiət üzərimə qalxıb, vücudumu dünya üzündən məhv etmək istəsə də, razı idim! Fəqət vicdan! (Kitabı örtür.) Bəli, yazıqlar olsun o adamın halına ki, onun vicdanı mən bədbəxtin vicdanı kimi yaralıdır, ləkəlidir! Ah, mən bədbəxt bilə-bilə öz yazıq əmim qızını məhv elədim. Bundan sonra mənim həyatım həyat deyil, əzabdır, əzab! Doğrudan da mən nəyəm? Öz əhdimi sındırdım, sözümdən qaçdım. Mən də insanmıyam? (Güzgüyə tərəf gedib baxır.) Ey, sən kimsən? Bəhramsan? Yox! Yox! Sən bir xəbissən, bir alçaqsan! Sənin surəti-xəbisin bir xəyanət mücəssəməsinə bənzəyir. Nəsən, nə? Gözlərindən görünür. Sən qiymətsiz pullara öz eşqini, məhəbbətini satan bir qatil, bir cani! (Çəkilir.) Ey divarlar, niyə ağlayırsınız? Ax, sanki bütün ev mənə baxıb ağlayır. Ah! Saraya matəmmi saxlamışsınız? (Güllərə tərəf gedir.) Ah! Ah! Sevimli Saramın sevimli çiçəkləri! Niyə belə məhzun, niyə belə solğunsunuz? Hanı sizin keçmiş lətafətiniz? Bəs hanı Sara? Siz ki, səadətin və keçmiş bəxtiyar günlərin yadigarısınız. Hanı bəs mənim əmim qızı? Ah! Çiçəklər, nə qədər siz sevimli idiniz! Sizi mən sinəmin içərisində saxlayacağam. (Qarşısında Saranın xəyalı çiçəklərə yovuqlaşır, dərağuş edir, öpür, Bəhram çəkilir.) Ah! Budur, budur gəlir! Kimdir o? Kimsən? Mənim vicdanımmısan? Çəkil! Əl çək məndən! Mən deyiləm müqəssir! Məni aldatdılar! (Birdən Bəhram baxıb əlini o tərəf-bu tərəfə uzadır.) Ah, Sara! Əmi qızı! Sənmisən? Gəl! Gəl yanıma, Sara! Səni ürəyim istəyir, harada idin? (Bəhram gedir Sara tərəfə, Sara dinməz geri çəkilir, qapıdan çıxır, onun əvəzində Pəri daxil olur. Bəhram onu tutub gözlərinə baxır, itələyir.) Sən deyilsən, çəkil! Sən deyilsən! (Geri çəkilir.)

Pəri. Bəhram, sən bəs haçan gəldin, mən səni görmədim? Neçə gündür haradasan? Bir belə də gəzmək olarmı? (Ona tərəf gedir.)

Bəhram. Mənim kimi sən gəzsəydin, daha da gözəl olardı.

Pəri. Fəqət mənim sənin kimi gəzməmə razı olarmıydın?

Bəhram. Razı olmadığımı elətdirməyə iqtidarım varmı?

Pəri. Təbii ki, var, zira mən sənin ixtiyarındayam, sən də mənim. Deyilmi?

Bəhram. Yox! Mənim iqtidarım olsaydı, vicdanımın ləkələnməsinə razı olmazdım.

Pəri. Nə danışırsan, Bəhram, vicdan nədir?

Bəhram. Vicdan nə olduğunu sən bilməzsən, zira o, səndə yoxdur.

Pəri. Bəhram, ağlını başına yığ, nə danışırsan! Gəl, gəl otur! (Bəhramı oturdub söhbət edir.) Dünən bacılıqlarımdan bir neçəsi yanıma gəlmişdi. Oturduq, söhbət elədik. Biri bu yaxınlarda ərə gedib. Öz ərinin əksini gətirib mənə göstərir ki, görürsən ərim nə gözəldir. Mən nə qədər gözlədim ki, gələsən, səni ona göstərim, gəlmədin.

Bəhram. Özünü göstərsə idin, olmazdımı? Sən ki, az gözəl deyilsən.

Pəri. Mən gözələm, fəqət sənin üçün.

Bəhram. Bir hiylə edə idin ki, ona da gözəl görünə idin.

Pəri. Bəhram! Sən xoşəxlaqsan, amma arabir sənin bu hərəkətlərini görəndə ürəyim tamamilə səndən sınır. Məyus olub ağlayıram. Allah özü bilir ki, nə qədər mən səni sevirəm. Amma…

Bəhram. Mən! Doğrudur, mən, mən, fəqət bu axır vaxtlarda bir az naxoş kimiyəm.

Pəri. Naxoş olduğunu bilirəm. Neçə dəfə həkim gəlib ki, səni müalicə eləsin, amma sən…

Bəhram. Ədəmi-vücudum da kəsrəti-mərəzimdəndir, zənn edirəm…

Pəri. Təbii olaraq, eybi yoxdur. Qəm çəkmə, keçər gedər. (Əlini Bəhramın və Bəhramın əlini öz boynuna salır.) Amma bir neçə gündə sənsiz tamamilə darıxmışam.

Bəhram. Allah eləsin ki, keçsin. Zira, bütün bədənim titrəyir. Amma nədənsə səni görəndə hamısını unuduram.

Pəri. Mənə olan məhəbbətindəndir ki, məni görəndə hər bir dərdini unudursan. Onda daima yanımda otur, heç bir dərdin olmasın.

Bəhram. Bilmirəm necə əcibədir, yəqin səndə bir əfsun var ki, daima cəzb edir. (Saranın xəyalı görünür. Bəhram görüb qalxır.) Of, yenə gəldi? Ya rəbbi, öldür məni, qurtar. (Bəhram yıxılır. Pəri tutur.)

Pəri. Bəhram, Bəhram, nə danışırsan? Burada kim var? Kim gəldi?

Bəhram (onu itələyir). Odur bax! Nə qədər məhzun! Nə qədər sevimli! Çəkil, çəkil, uzaqlaş məndən! Mən onunkuyam. Əmiqızı, sənsənmi? Niyə mənimlə danışmırsan? O… yoxsa bu mənim vicdanımdır! Ey vicdanımın xəyali-mücəssəmi! Nə istəyirsən məndən? Mən müqəssirmiyəm? Görürsən, yenə məni aldatdı. Məndə təbii bir qüvvə yox ki, hiyləyə qarşı dayana bilsin, iblislərdən uzaqlaşsın. Mən yazığam! Məni aldadırlar. Oh… tanıdım! Əmiqızı, sənsən? Sənsənmi? Gəl! Gəl yanıma. (Ona tərəf gedir. Sara yox olur. Bəhram diksinir.)

Bəhram. Ox, ya rəbbi! Bu nə əzabdır, bu nə məşəqqətdir?

Pəri. Bəhram, nə olub? Nə danışırsan? Görünür xəstəsən, gedək öz otağına. İndicə adam göndərərəm, həkim gələr.

Bəhram. Ox! Ürəyim döyünür. Qızdırmadan sayıqlar kimi oluram. Qoy bir o gülləri iyləyim. Bəlkə bir az ürəyimi rahatlaşdırsın. (Bəhram çiçəklərə tərəf gedir. Pəri onun başını qarışdırıb, söhbətə tutur.)

Pəri. Bu gün bir gül ağacı almışam ki, dünyada bu gözəllikdə şey yoxdur.

Bəhram. Nə qədər gözəl olsa da, qəbir evindən də gözəldirmi? Dünyada onun kimi də gözəl bir şey varmı? (Saranın əksini görüb, ona tərəf gedir.)

Pəri. Əcəb söz danışdın! Ha… ha… ha… (Riyayi gülür, Bəhram da gülümsünür.)

Birdən rəsmin yerində diri Sara durub hərəkət edir. Bəhram özünü itirir, çırpınıb rəsmə doğru getdikcə rəsm əvvəlki halına düşür.

Pəri. Bəhram! Sən ürəyinlə çox danışırsan. Ürəyinə heç bir şey salma.

Bəhram. Mənim ürəyim varmı ki, ona bir şey də salım? Ax, yenə unutdum. Mən qızdırmalı kimiyəm. Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım.

Pəri. Bu çiçəklər solub, daha da başın ağrar. Çoxu da bunlara baxıb qarışırsan. Demişəm, indi gəlib bu çiçəkləri aparacaqlar.

Bəhram. Hər nə isə xəyalat məni bürümüş.

Pəri. Elə isə onları mən bu saat götürtdürərəm. Gedək mənim otağıma. Niyə burada dayanmışsan? Yəqin yuxusuzsan. Bir az yat, rahat ol!

Sara yenə ağ paltarda, Bəhrama doğru yavuqlaşır. Bəhram görür.

Bəhram. Ax, yenə kimsən? Mələkəl-mövtmusan? Əzrailsənmi? Gəl, gəl, al canımı, bu əzablardan xilas olum! Məndə yaşamağa layiq ürək yoxdur. Mənim vicdanım ləkəlidir. Mənim həbibim! Gəl, gəl, al canımı! Ox… indi tanıdım! Sara, sənmisən? Gəl, gəl yanıma! Sara, gəl!

Səhnənin dalında Saranın səsinə bənzər səs gəlir.

Sara. Çəkil! Sən bivəfasan!

Bəhram. Sara, mən müqəssir deyiləm! Mənim ürəyim zəifdir. Məni aldatdılar. Məni hiyləgər Pəri aldatdı. O xəbis mənim gözlərimi bağladı. Mənim hiyləyə qarşı silahım yoxdur. Sara, bağışla məni! Əmiqızı, bağışla! Mən sənə zülm etdim. Mən xəyanət elədim. Sara, keç günahımdan! Apar məni də özünlə, bağışla məni! Gəl, gəl öz əlinlə mənim də canımı al, mən də səninlə getmək istəyirəm.

 
Bəhram Saraya tərəf gedir, xəyal yox olur.
Bəhram diksinir, məcnunanə bir tərəfə baxır.
 

Pəri. Daha bu dəli olmuşdur. Bundan sağalacaq adam olmaz. İnsanı bir fəlakətə doğru sövq edir. Qovmaq gərək, uzaqlaşmaq gərək. (Acıqlı.) Bəhram! Nə üçün belə eləyirsən? Sən əgər Saranı istəyirdin, məni niyə aldın? Məni sevirsənsə…

 
Bəhram ətrafa baxır, gözləri çiçəklərə düşür.
Gedib çiçəkləri öpür, bağrına basır.
 

Bəhram. Mən, mən bu çiçəkləri sevirəm. Bu solğun çiçəkləri, bu solğun çiçəkləri! Bunlar Saranın əlilə bəslənib, mən bunları sevirəm! Bu solğun çiçəkləri! Sara, Sara! Mən Saranı sevirəm.

Pəri. Məni ki, istəmirsən, onda burada nə işin var? Hara istəyirsənsə çıx get, mən ki, güclə sənə getmədim. Get axtar, məzardan Saranın sümüklərini tap, onu da istə. O gülləri də bu saat buradan tullatdıraram. (Çığırır.) Əbdül! Əbdül!

Bəhram. Yox, qoymaram! Onlar Saranın yadigarıdır.

Gülləri bağrına basır. Pəri gəlib Bəhramı itələyir, gülləri almaq istəyir.

Bəhram. Çəkil! Əllərini vurma bu zərif çiçəklərə! Onlar zərifdirlər, xəbis əllərə davam etməyib solarlar.

Pəri. İndi ki, onu sevirdin, daha məni niyə aldın? Onu söylə!

Bəhram. Məni aldatdın! Pəri, get, daha dərdlərimi təzələmə!

Pəri. Aldatdım! Kişi azmış?.. Acından ölürdün! Çıx get, mən səni tutmuram. Sən dəlisən, çıx get! (Çığırır.)

Bəhram. Gedimmi? Gedərəm! Gedərəm! (Çiçəkləri götürür.)

Pəri. Get! Burax, o güllərin də bu saat hamısını tapdalayacağam.

Bəhram. Çəkil, deyirəm sənə! Toxunma bu zərif çiçəklərə!

Pəri (itələyir). Üzümə dürüst bax! Çıx get bu saat!

Güllər düşür, sınır.

Bəhram. Üzünə baxımmı? (Pərini çəkir güzgüyə tərəf.) Gəl, gəl, özünə bax! Görürsənmi? Bu sima xəbis cadulara bənzəməyirmi?

Pəri. Burax məni, divanə! (Qışqırır.)

Bəhram. Bax, görürsənmi nə qədər xəbissən? Ax, xəbis! (Pərini tutub boğur. Bəhram Pərini boğub, sonra qəhqəhə çalıb gülləri yerdən yığır və səhnədə dolanır. Güllər bir-bir əlindən səpələnir, onları bağrına basır və iyləyir, öpür. Bir də gəlib Pəriyə baxır, qapıya tərəf təbəssüm ilə gedirkən.) Ax, can, mənim solğun çiçəklərim, solğun çiçəklərim! (Gedir.)

Pərdə

AYDIN

5 pərdəli dram
OYUNDAKILAR

Aydın – 22-25-29 yaşlarında bir gənc.

Gültəkin – 19-22-26 yaşlarında oxumuş bir türk qızı.

Surxay – Aydınla həmyaş, həmməktəb, onun yoldaşı.

Dövlət bəy – Milyoner oğlu, gözəl, gənc bir oğlan.

Böyükxanım – Dövlət bəyin arvadı.

Balaxan – dövlət görməmiş, təsadüfi zənginlikdən quduran savadsız, kobud bir adam.

Novruz bəy – sərvət içində böyümüş, incə məcazlı, ağırtəbiətli bir adam, 35 yaşında.

Mirzə Cavad – köhnə yaltaq mühərrir, 45 yaşında.

Susanna – şantan qadını.

Pirqulu – sərt təbiətli, mətin iradəli bir adam, 28 yaşında.

Səlim – azacıq qorxaq, qulluq göstərməyə can atan, 45 yaşlı, sadə ürəkli bir işçi.

Qulam – 35 yaşında bir işçi. Şantan lakeyi.

Qurban – Dövlət bəyin keşikçisi, bir qart ləzgi.

İlyas – Surxayın yoldaşı.

BİRİNCİ PƏRDƏ

Yoxsulcasına döşənmiş üç qapılı bir otaq. Sol divarda Gültəkinin böyüdülmüş görkəmi, altında dolab, üzərində tar, sağda dördbucaq, solda isə girdə miz.

A y d ı n. Bu, yaşadığım mühit və həyat şərtlərinin mənə verdiyi tərbiyədir. Mən çocuqkən yetim qaldığımdan, bircə bacımdan başqa kimsə mənə baxmazdı. Bacımın əri və günüsü həmişə məni və mənim üstümdə yazıq bacımı danlayar, kimsə məni insan bilməzdi. Bircə zavallı bacım mənim günümə yanar, məni oxşayardı. Sonradan qəza bir kənd müəllimi vasitəsilə məni məktəbə sövq edincə, çocuq könlümdə bir arzu oyandı. Mühitdən intiqam almaq və bacımı sevindirmək üçün varlı, həşəmətli bir adam olmaq… Daha sonra Çingiz xan və Napoleon kimi məşhur simaları öyrənincə, bu arzu böyüdü. Mən istəyirdim bütün dünya mənimlə hesablaşsın, küçələrdən keçərkən, Aydın gəlir deyə, xalq məni barmağilə göstərsin. Mən istəyirdim əyilmədən kimsə yanımdan keçməsin. Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın…

S u r x a y. Sən gözlə, bir az da böyüsən, allahlıq fikrinə düşməyəsən.

A y d ı n. Bəli! Böyüdükcə, bu arzu da böyüyürdü. Həyata yanaşınca, içindəki təzadları, birinin varlı, birinin yoxsul, kiminin hakim, kiminin məhkum olduğunu görüncə, bu arzu dəyişib, bir fikrə çevrildi: bütün yaşayışda bir inqilab yaratmaq. Mən diriliyi yeni əsaslar üzərində qurmaq üçün bütün bəşəriyyəti qan dənizlərində çimdirib, insanlığın çeynənmiş sümükləri üzərində sağ qalacaq beşyaşlı səbilər üçün, səadət sarayları tikdirmək istəyirdim.

S u r x a y. Amma…

A y d ı n. Amma nə etmək ki, əsrimizdə şöhrət və böyüklük qapalı bir evdədir ki, yiyəsi altun, açarı təsadüf, qorucusu isə ölümdür. Açarsız yanaşınca, ölümlə pəncələşmək lazım gəlirdi ki, burada da əvvəlləri bacım, sonralarda o. (Görkəmi göstərərək.) O məni susdurub, həyata təslim olmağa məcbur etdi. Ox, neçin o məni sevdi!

S u r x a y. Sən sevməyə idin.

A y d ı n. Mən sevirkən də belə düşünürdüm. Mən istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə… nəhayət, napoleonvarı, yurduma dönərkən, istiqbalıma çıxmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hesablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə! Yenə iztirab, yenə göz yaşları. Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıxıb: mən bir həqiqətəm, mən bir heç deyiləm! – deyə, qalibiyyət və iftixar sevinclərində boğulub ölmək istəyirdim.

S u r x a y. Yaxşı oxuyursan, amma bizim toyuğun qaqqıltısı heç olmazsa bir yumurta ilə təmin olunduğu üçün, daha maraqlıdır. Sənin isə düşündüyün fədəmdəmə, istəklərin damdan dama, etdiklərinə gəlincə, əski tas, əski hamam.

A y d ı n. Bəli! Çox təəssüf, elədir. Fəqət. (Görkəmi göstərərək.) O… hamısı o… o mənim qaranlıq fəzalarda parlaq ulduzlara doğru çırpınan qanadlarımı qırdı. Məni məhv etdi, məhv…

S u r x a y. Nankor!.. Sən bilirsən ki, bütün dünya ona dövtələb idi, o isə hamısını – atasını, anasını belə atıb, sənin kimi yoxsul, şaşqın bir çocuğa gəldi, verdiyi bir kəlmə sözdən dönmədi. Fəqət… sən!.. Sənin səadətinin özül daşları bir çoxlarının göz yaşlarından yapılmışkən…

A y d ı n. Mənim könlüm fikrimə tabe olsaydı, mən o səadəti yalvararaq, istəyənlərə təslim edərdim.

S u r x a y. Sən nankorsan! Uyğusuz gecələrdə göz yaşları ilə islanmış, ayrılıq fəryadlarını qucmuş olsaydın…

A y d ı n. Zavallı dostum! Sən də…

S u r x a y. Sus, Aydın! Gültəkinin o şairanə heyətinə, o füsunkar gözəlliyinə hər kəs pərəstiş edir. Fəqət bir şairin, bir rəssamın ilk baharın gözəlliyinə qarşı pərəstişinə and içirəm ki, mən heç bir vaxt sənə rəqib olmaq fikrində olmamışam, fəqət başqaları…

A y d ı n. Siz həyatı anlamırsınız. Sevdiyini alanlar altun qəfəsə bağlanmış bir bülbüldən başqa heç bir şey deyildir. Halbuki, məncə, səbətlər bucağında yaşayıb hər çiçəkdən bir şəhd alan bir arı kimi olmaqdan, böyük səadət yoxdur. O bir çiçəyi xoşlar, qonar, doyar, qalxar, başqasını bəyənər, ona doğru yönələr. Könül tənəvvə düşkünüdür.

S u r x a y. Bu, əxlaqsızlıqdır!

A y d ı n. Təbiət özü əxlaqsızdır. Gülabını çəkdiyin bir çiçəyin küçəyə atılmış əzgin, solğun yarpaqları ilə neçə gün əylənə bilərsən? Kaş dediyin o şairanə heyətə, o füsunkar gözəlliyə, uzaqdan-uzağa pərəstiş edənlərdən biri də mən olaydım.

S u r x a y. Neçin?

A y d ı n. Çünki həyat odur!.. Ümid… rəqabət… iztirab. Budur insanı yaşadan, yaşayışı sevdirən, əyləndirən. Fəqət bu da olmadı. Mən sevdim, o da sevdi.

S u r x a y. İndi bezarmısan?

A y d ı n. Allah göstərməsin, üzərindən ağır bir rüzgar ötməsinə razı olarsam, gözlərim ağarsın. Yoxsulluğumuzdan çəkdiyi hər bir sıxıntı, iynə kimi ürəyimə sancılır. Fəqət o mənə təsəlli verir, məni sevir, oxşayır, əyləndirməyə çalışır, bir arzuma qarşı durmayır, ancaq yenə mən deyən bu deyildi. Bu gözəllik, bu rəftar məni ancaq həyata təslim etdi. Bu da yaşayışmı? Kimsənin gözünə görünmədən kölgə kimi sürünmək, bütün diriliyi meymunlar kimi təqlid ilə keçirmək, bütün varlığını qarışqalar kimi cəmiyyətin bir neçə ərköyün çocuqlarına tapşırmaq ki, istədiyi vaxt yurdunu alt-üst eləsin. Yox, yox, yaşamayacağam! Hamının ardınca behiştə getməkdənsə, hamının qabağında cəhənnəmə getmək yaxşıdır.

S u r x a y. Özündən çıxma! (Oynatdığı tarı ona uzadır.)

Ləzgi Qurban daxil olur.

Q u r b a n. Ağa dedi saat altıda zavoda gəlsin. Olmasam, gözətləsin.

A y d ı n. Yaxşı! (Əlindəki məktubu göstərərək.) O nədir?

Q u r b a n. Bu… heç… kağız… heç… verdi… heç… (Çıxır.)

S u r x a y. Bundan bir şey anladınmı?

A y d ı n. Nədən?

S u r x a y. Nə isə… Bunu heç çalmırsan ki, toz basmış?

A y d ı n. Gültəkin bu evə gələni altı aydır ki, əlimə almamışam. Zatən ehtiyac göz açmağa imkan verməmiş: əvvəl xəstəlik, sonra yoxsulluq, işsizlik… (Tara baxıb tellərini oynadır.)

S u r x a y. Mən cəmiyyətdən aldığım para ilə bu axşam darülfünun deyə, yola düşürəm.

A y d ı n. Görünür, mən gedə bilmədim. (Çalmaq lazım olduğunu unutmuş kimi, tarı yerinə qoymaq istərkən, Surxay özü də fərqinə varmadan, əli ilə mane olur.)

S u r x a y. Kim bilir nə olacaq? Çal, barı son görüşdə keçmişin xatirilə ruhlanıb yola düşək.

A y d ı n (baxınaraq). Mizrabı da yox!

S u r x a y. Əvvəlləri əlindən düşməzdi.

A y d ı n. O zaman başqa, indi başqa! Ox, keçmişlər! İki il bundan əvvəl, sən ki bilirsən, gecə aydınlıq, bağça, iki məcnun könül… O zaman Gültəkinin pəncərə arxasında tökdüyü xəfif göz yaşlarını bu incə tellərdən qopan fəryadlarla udmaq istərkən. Surxay, bir qəti fikrə gəlmişəm ki, dünyada ən böyük bir səadət arzu ilə vüsal arasındakı hicrdə imiş.

Aydın və Surxay yan otağa keçərək.

S u r x a y. Allah o səadəti düşmənlərə də qismət etməsin. (Ümidsizlik andıran bir hərəkətlə Aydını təqib edir.)

Bu aralıq Gültəkin əlindəki məktuba baxaraq, çadrası ilə ancaq kürəkləri örtülmüş üzgün və yorğun bir görkəmlə girərkən, içəridən tarın səsini eşidincə, birdən diksinib, dalğın-dalğın dinləyir. Aydın içəridən oxuyur. Məktubu miz üzərinə buraxır.

A y d ı n.

 
Cəhanə bağlanan kim bir yığın divanədən başqa,
Həyatın varmıdır mənası bir əfsanədən başqa?..
 

Aydın çıxır.

Bircə səni bu səyyar həbsxanadan qurtara bilsəydim.

G ü l t ə k i n (düşüncələrindən ayrılaraq). Sənin bu çarşaf ilə böyük düşmənçiliyin vardır.

A y d ı n. Düşmənçiliyim yoxdur. Ancaq bilmirəm neçin sən öz əlinlə özünü həbs edirsən.

G ü l t ə k i n. Vallah, sən elə bilirsən ki, mən bu çarşafı gizlənmək üçün örtürəm… Ancaq bir az… özüm örtürəm, çoxusu da paltar… (Susur.)

A y d ı n. Anlayıram. Çoxusu da onun üçün örtürsən ki, paltarların köhnədir.

G ü l t ə k i n. Vallah, sənin ürəyin şad olsa, mənimçün böyük xoşbəxtlikdir.

A y d ı n. Gözəl yavrum, sıxılma, artıq işə girmişəm, borcumuz da azalmış, bundan sonra güman ki, bir qədər nəfəs ala bilərik.

G ü l t ə k i n. Mən haçan çətinlikdən şikayət etmişəm ki, sən darıxırsan… Nə olar, adam bir qədər çətinliyə düşəndə nə olar ki. Naxoşladın, sonra da işsiz qaldın, indi Allaha şükür, sən də işləyirsən, mən də. Dövlət bəyin arvadına dərs deyirəm, bundan sonra daha o qədər çətinlik çəkmərik.

A y d ı n. Gültəkin, mən sıxılmıram! Məni darıxdıran bir şey varsa, o da sənin belə ağır günlər keçirdiyindir. Mən anlayıram ki, sən həmişə firavan gəzmişsən, indi isə paltarsızlıqdan bayıra çıxmırsan, sən ürəyini məndən gizləyirsən, elə bilirsən ki, anlamıram… eləmi?

G ü l t ə k i n. Mən heç sıxılmıram da. Paltar da istəmirəm, təki sən fikir çəkməyəsən, nə eləyirəm paltarı? Görürəm sənin də yoxundur.

A y d ı n. Ox, gözəl məlakəm! Nə etmək ki, özümdə fikrən bütün dünyaya hakim olmaq qüvvəti hiss edən mən, təkcə səni də xoşbəxt yaşada bilmirəm. Nə etmək, sən ki mənim fikirlərimi bilirsən, kimsə anlamırsa, barı sən məni anla… Gültəkin, mən həyat ilə yaşamayacağam. Mən qırx yaşına çatınca intihar edəcəyəm.

G ü l t ə k i n. Aydın!.. Vallah sən belə deyəndə mən məyus oluram. Sən həmişə belə deyirsən. İndi söz açılmış, mən də deyirəm: hamı mənə deyir ki, Aydın oynaq fikirli bir adamdır. Mən isə səni əyləndirmək, ürəyini açmaq üçün bir şey tapmağa çalışıram, amma bacarmıram. Nə eləyim…

A y d ı n (çox sinirli). Gültəkin, hər görəni pərəstişə məcbur edən gözəllik də insanı əbədi sakit edə bilmirsə… Ox, mənim fikirlərim! Aman Allah, kimsə məni anlamır, hətta sən də… Gültəkin, anla ki, sən məni məhv etdin. Mən nələr düşünürdüm, fəqət indi… Bir rəngli həyat, ətrafı bürümüş sakit bir boşluq içərisində kölgə, bir heç kimi yuvarlanıb sürünmək. Kimsənin gözünə görünməmək. Heç bir şey gözləməmək… qırx yaşından sonra artıq.

G ü l t ə k i n. Sən Allah, elə şeyləri danışma! Mən həmişə səninçün təsəlli tapmağa çalışacağam. Özüm də bilməsəm, necə ki, indi eləyirəm, kitablardan, romanlardan axtarıb öyrənəcəyəm, rus arvadlarından soruşacağam. Mən bilirəm ki, arvad gərək öz ərini əyləndirsin. Mən də, Allah bilir ki, səni əyləndirmək üçün canımı əsirgəmirəm. Amma sən yenə məndən soyuqluq hiss edirsən. Əvvəlləri sən məni sevirdin, amma indi. (Ağlamaqdan boğulub susur.)

A y d ı n (bir qədər baxaraq, göz yaşlarından xəfif bir zövq alırmış və yaxud onlarda çox böyük, həm də acı bir məna tapmış kimi). Sən… ey məqsədi qaranlıq həyatın işıqlı ulduzu! Sən, ey işıqlı Şərqin qaranlıq yavrusu! Bu Allah qədər pak, səmimi heyətinlə, bu məsum, zavallı görkəminlə səni kim sevməyə bilər? Fəqət ağla! Bacardıqca ağla! Nə qədər bilsən, bu qara gözlərə ağlamaq yaraşır! (Birdən qəti bir səslə.) Gültəkin, sus! Məni sevirsənsə, sus! Gültəkin!..

G ü l t ə k i n (ağlamaqdan səsi titrəyərək). Ağlamıram, əzizim, ancaq bayaqdan ürəyim tutulmuş idi. Tarın səsini eşitdim, ürəyim birtəhər oldu. Keçənlərdə çalar idin… Ay Allah, nə gözəl günlər idi!…

A y d ı n. Sən Allah, ağlama, dur, bu saat səninçün yaxşı bir hava çalacağam. Ancaq, ağlama! Gətir əvvəlcə gözlərindən öpüm… (Öpür, sonra da öz üzünü tutaraq.) Sən də. (Gültəkin öpür.)

Bu halda Qurban daxil olur.

Q u r b a n. Ağam sizi zavodda gözlətləyirdi. Aylıq verirlər. (Kağızı qoyur mizə.)

A y d ı n. İndi oradamıdır?

Q u r b a n. Gələcək idi. Dedi: olmasam, gözləsin mən gəlincə.

A y d ı n. Yaxşı, bu saat.

Qurban gedir, Aydın papağını götürür.

G ü l t ə k i n. Səni yorurlar…

A y d ı n. Nə etmək! Hər halda heç bir yerdə iş tapılmırkən, Dövlət atasına yalvarıb öz zavodlarında yer verdi. İndi də mənə orada çox yaxşılıq eləyir. Doğrusu, utandırır.

G ü l t ə k i n. Mən deyirəm, bu dəfə pul alanda, bir-iki manat götürüm, heç olmazsa bir dəst sətin paltar almaq istəyirəm.

A y d ı n. Onu mən özüm deyəcəkdim, həm də bundan sonra məvacib çox olacaqdır. Çünki dünəndən məni müdir təyin etmişlər… Borcumuz da bir o qədər qalmamışdır. Nə isə, hələlik!..

G ü l t ə k i n. Allah amanında! Ancaq sən Allah, bir az tez gəl, darıxıram. (Onu öpür. Aydın gedirkən.) Çay al… Mən də sən gəlincə çay qoyum.

Aydın gedincə, Gültəkin həvəngi götürüb, çəkməsinin dabanını çalır. Dövlət bəy daxil olur.

D ö v l ə t b ə y (incə bir rəsmiyyət və nəvazişlə). Salam! (Gültəkinin əlini öpmək istəyir. Gültəkin bir dürlü diksinib, imkan vermədən əlini çəkir.)

G ü l t ə k i n. Aydın bu saat getdi. Zavodda sizi gözləyəcəkdir.

D ö v l ə t b ə y. Onsuz qonaq qəbul etmək istəməzmisiniz?

G ü l t ə k i n. Neçin? Mən elə demək istəmədim.

D ö v l ə t b ə y. Siz elə deməsəniz də mənim elə düşünməyə haqqım vardır. Çünki o qədər bəxtsizəm ki, hər şey gözləyə bilərəm.

G ü l t ə k i n. Sizmi bəxtsizsiniz?

D ö v l ə t b ə y. Siz insafsız, Aydın xoşbəxt olduğu qədər, mən bədbəxtəm. (Cavab gözləyirmiş kimi susur, sükut.) Gültəkin, sizin yadınızdadırmı bir-iki il bundan əvvəlki halınız?.. O günləriniz ki, barmaqlarınızdakı brilyantlar qaranlıq otaqları işıqlandırırdı. Ətrafınızı şahzadələr kimi qulluqçular bürümüşdü. Bir məbud kimi bütün gənclərin səcdəgahı idiniz. Yadınızdadırmı? (Gültəkin çox tutqun, susur. Dövlət bəy çəkmə dabanı çalmasına işarə ilə.) Fəqət indi nə edirsiniz?

G ü l t ə k i n (çox mütəəssir). Nə olsun?

D ö v l ə t b ə y. Mən onu deyirəm ki, dövlət o cazibədar gözəlliklərinizin ayaqları altında sərilmişkən, neçin onu tapdayıb keçir, bütün dünyaya hökm etməyə müqtədirkən, neçin bu qədər əzaba dözür, neçin öz halınızı düşünmək istəmirsiniz?

G ü l t ə k i n. Neçin siz həmişə mənim başıma sərki vurursunuz? Mənim üçün nə paltarın, nə də qaş-daşın qiyməti yoxdur. Mən onların hamısını görmüşəm, nə olsun? Atam öləndən sonra malı dağıldı, qalanını da, açıq deyirəm, Aydın naxoşladı, satıb onun üçün xərclədim. İndi sağalmış, bikar idi, siz də yaxşılıq eləmişsiniz, ona yer vermişsiniz, bir parça çörək qazanır, bir cürnən dolanırıq.

D ö v l ə t b ə y. Gültəkin, siz məni anlamırsınız. Mən paltar sözü danışmıram, mənim başqa bir sözüm var idi. Yoxsa bu gözəlliklə siz al da geysəniz yaraşar, şal da. Ancaq, doğrusu, mən pərəstiş etdiyim bir adamı belə görə bilmirəm. Özünüz görürsünüz, ona iş vermirdilər, mən ona iş verdim, indi də müdir təyin etmişəm. Bunların hamısı sənin halını yaxşılaşdırmaq üçün deyilmi? Mən onunçün nələr etməmişəm. Bundan sonra da mən sağkən səni çətinlikdə qoymayacağam. Ancaq, Gültəkin, bunları mən ancaq sözgəlişi dedim. Fəqət siz məni məhv edirsiniz. (Əlini uzadır, Gültəkin əlini çəkir.) Sizdə heç insaf yoxmu? Mən bilmirəm nə edim ki, siz məndən razı olasınız.

G ü l t ə k i n. Vallah, biz sizdən çox razıyıq, çünki siz bizə…

D ö v l ə t b ə y. Gültəkin, doğrusu, mən bu gün iki ildən bəri çəkdiyim iztirablara qəti cavab almaq istəyirəm. Neçə məktub yazmışam…

G ü l t ə k i n. Vallah, mən bilmirəm, siz məndən nə…

D ö v l ə t b ə y. Bir kəlmə: ya hə, ya… yox! Qurban sizə verdiyi məktubda açıq yazmışam. Deyin, gedim özümü dənizə atım… Nə deyirsiniz eləyim… Ancaq…

G ü l t ə k i n. Mən, kağızı mənə verdi, yadımdan çıxıb, heç baxmamışam, odur oradadır. (Durur, mizin üstündəki kağızı göstərir.)

D ö v l ə t b ə y. Götürün, yalvarıram sizə, bu saat oxuyun. Bəlkə bir də, kim bilir, heç bir zaman belə bir vaxt tapılmadı.

Gültəkin istər-istəməz kağızı açıb oxuyur, birdən-birə əsəbi bir halda kağızı əlində əzib parçalayır.

G ü l t ə k i n. Heç vaxt! Mən acından ölərəm, dilənçilik edərəm, fəqət sizə… heç vaxt…

D ö v l ə t b ə y. Yaxşı, siz deyən olsun, fəqət onu bilin ki, siz bu cavabınızla məni məhv edirsiniz. Fəqət mən buna qarşı nə etməliyəm?

G ü l t ə k i n (hiddətini zorlayaraq, yalvarıcı titrək səslə). Dövlət bəy, siz bilirsiniz ki, biz nə qədər zəngin idik, indi nə qədər ehtiyac içindəyik. Siz bilirsiniz ki, mənim qəbrimə də belə bir təklifi etmək olmazdı. Amma indi… Mən sizi çoxdan anlayırdım. Ona görə də çalışırdım ki, sizinlə görüşməyim. Mənim ərim…

D ö v l ə t b ə y. Gültəkin, mən sizin ərinizi, nə sayaq əmr etsəniz, elə də təmin edərəm. Yalnız siz də məni eşqimdə təmin edin, açıq deyirəm: sizi sevirəm. Bilirəm sizin əriniz var, bilirəm mənim eşqim çox şaşqındır, fəqət könül sevmiş, bütün ruhumla yalvarıram: məni rədd etməyin!

G ü l t ə k i n. Dövlət bəy, anlayın, mən ərimi sevirəm, dəlicəsinə sevirəm. Nə qədər kasıb da olsaq, mən özümü onunla bir yerdə xoşbəxt hesab edirəm. Ancaq o naxoşdur. Naxoşluqdan təzə durmuşdur, həkim də mənim özümə demişdir ki, əgər o bir az fikir eləsə, ya ürəyi partlar, ya da dəli olar. Ona görə mən də əlacsız sizi incitmirəm, sizdən qaçıram ki, onu işdən çıxararsınız. Qulluq da tapılmır, daha da qüssə elər.

8.Saхtakarlıq, hiyləgərlik.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8250-3-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre