Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qaçaq Kərəm», sayfa 7

Yazı tipi:

ZAMANIN İKİ RƏNGİ

«Məşhur Kərəm Zaqafqaziyada dəhşətli bir tufana dönmüşdür».

«Narodnaya volya» jurnalı», 1885-ci il.

Zirvələri uzaqlarda görünən ağbirçək dağlar dünənki sazağı elə bil özünə çəkmişdi. Hava ilıq-xoş idi. Dan ağaranda yağan yağışdan yollarda toz-torpaq yatmış, yer-yurd təpimişdi. Ətrafdakı ağacların, kolların xəzana boyanmış yarpaqları qırmızı, sarı rəngə çalır və qəzanın qərbində yerləşən bu vadi xalıya oxşayırdı. Gözləri əsir edən bu payız mənzərəsini axar-baxarlı yamaclar, suyu şəfalı bulaqlar, narıncı don geymiş Qarayazı meşəsi, təbiətin səsi, uzaqlarda yallı gedən Qafqaz dağları tamamlayırdı.

Al-çəhrayı buludlar sirli-sehirli, əngin göylər mavi idi. Bu əngin mavilikdə sultanlıq eləyən günəş də günorta taxtına yenicə qalxmışdı…

Və onun qızılı şəfəqləri altında Qazaxdan Tiflisə doğru uzanan karvan yoluyla «Sınıq körpu»yə sarı iki fayton, bir dəstə atlı irəliləyirdi…

Dəstənin qabağında gedən faytonda dörd nəfər əyləşmişdi. Arxa tərəfdə orta yaşlı şişman kişi Yelizavetpol quberniyasının qəza polis idarələri rəisi Hüseyn bəy İsrafilbəyov idi. Yanında xüsusi tapşırıqlar üzrə baş məmurluğa təzə təyin olunmuş Məmməd bəy Şahmalıyev oturmuşdu. Onlarla üzbəüz Qazax qəza rəisi İosif Qançeli və Axund Molla Əli əyləşmişdi.

Qara bığına, gicgahlarına azacıq dən düşmüş Hüseyn zəhmli-hökmlü bir şəxs idi. Bütün qəza rəisləri, o cümlədən Qançeli də ondan çəkinirdi. O, qubernatorun sağ əli idi. Kefi necə istəyirdisə camaatla da elə rəftar edirdi. Bir sözlə, külli-ixtiyar sahibi idi.

Ona nisbətən cavan görünən Məmməd bəy də az bir müddət ərzində qubernatorun etimadını qazanmış, polis məmurları arasında bacarıqlı bir qanun keşikçisi kimi ad çıxarmışdı. Otuz beş yaşı olardı. Ucaboy, qarayanız şux bir cavan idi. Vaxtı ilə könüllü olaraq rus ordusuna xidmət etməyə gedən Məmməd bəy orada yaxşı kəşfiyyatçı olmuş və dəfələrlə fərqlənərək bir neçə orden almışdı. Baş məmur indi başına gələn döyüş əhvalatlarından danışırdı… Hətta, faytonçu da qulaqlarını şəkləmişdi, onu dinləyirdi. Amma bircə Molla Əli bu söhbətlərə maraqsız idi. Fayton beşik kimi yırğalandıqca o, mürgüləyir, hərdən öz-özünə nəsə deyir, hərdən də sinəsinə əyilən əmmaməli başı az qala Hüseyn bəyin qarnına dəyirdi.

İsrafilbəyov mollanı da, özünü də bu narahatçılıqdan qurtarmaq məqsədilə Şahmalıyevin sözünü kəsib din xadiminə müraciət etdi:

– Möhtərəm axund!

Molla Əli pırpız qaşlarına, yap-yörəsi qırışmış qonur gözlərinə sığal çəkdi.

Hüseyn bəy sözünə davam elədi:

– Görəsən, Məhəmməd peyğəmbərə…

Axund bu adı eşidən kimi özünü düzəltdi, qeyri-ixtiyari pıçıldadı: «Allahüməsəlli əla Mühəmmədin və ali Mühəmməd…»

İsrafilbəyov sözünün əvvəlini təkrarən:

– Görəsən, Məhəmməd peyğəmbərə, – dedi, – bir neçə arvadı azlıqmı edirdi ki, oğulluğu Zeydin arvadı Zeynəbi da «allahın əmri ilə» özünə arvad eləmişdi?

Axund salavat çevirib, əbasının ətəyini dizləri üstünə çəkdi. Arıq sifətindəki qırmızı saqqalı tərpəndi:

– Cənab naçalnik, bu suala elə özünüz cavab verdiniz. «Allahın əmri ilə» olan işə bəndə nə deyə bilər? Siz buyurdunuz ki, peyğəmbər Əlehüssəlam öz oğulluğunun arvadını almışdır. Məlum olsun ki, Zeyd Zeynəbi boşayandan sonra almışdır. Deməli, o, qan qarışdırmayıb, şərən təmiz iş görüb....

İsrafilbəyov sanki nəyinsə intizarından qurtarmış kimi «hmm…» eləyib ucları ağarmış topa bığını eşdi. Molla əlavə elədi:

– Agah olun ki, Quranın …bismillah-irrəhman-irrəhim… Nisa surəsinin üçüncü ayəsində deyilir ki, «Siz iki, üç, lap dörd də arvad ala bilərsiniz. Əmma bu şərtlə ki, həm maddi, həm də mənəvi cəhətdən onların hər birinə ədalət gözü ilə baxasınız… «Əla qadr bisətikə mudd ricleykə!» – yəni yorğanına görə ayağını uzatmalısan.

Mollanın bu sözlərindən Qançelinin kefi duruldu və ürəyində belə bir şeyin onların dinidə olmadığına görə İsa peyğəmbəri qınadı. Sonra dərindən bir ah çəkdi: «Eh vaxt var ki, bir arvadla əylənəsən, o ki, qaldı iki-üç arvadın ola… Bu iş məni lap qocaltdı… Çalış-vuruş, amma… Eh, heç bu hökumətə də etibar yoxdur. İstəyir lap yüz il ona can-başla qulluq elə, dəridən-qabıqdan çıx, bir balaca büdrədinmi, əllərinə bir danos keçdimi, vəssalam, pulun, adamın yoxsa suda balta batan kimi batdın, səni vəzifədən iti qapıdan qovan kimi qovacaq. İndi kim bilir, məndən qubernatora nə qədər danos yazıblar!..»

Qazaxda lazımi qayda-qanun yaratmağa gələn Qançeli nə rüşvətdən, nə də eyş-işrətdən qalırdı. Lakin hərdən belə ümidsizliyə qapılır, hərdən də öz-özünə deyirdi: «Yox, mən gələndən qəzada işlər çox yaxşıdı!» Amma qəza rəisini narahat edən bircə dərdi vardı: o da nə yolla olur-olsun Qaçaq Kərəmin dəstəsini pərən-pərən etməkdən və onun özünü tutmaqdan ibarət idi. «Of, onu tutsam nə olar?! Həm şöhrətim artar, həm hörmətim… Çinim də bir yandan»… O bu muradına çatmaq üçün nələr eləməmişdi. Gündə bir tədbir tökürdü. Di gəl, bu cəhdlərin heç biri baş tutmurdu. «Yox, onunla bacarmaq olmur. əgər mən onu tutmasam, öldürməsəm, o məni yox edəcək, ya da hökumət işdən qovacaq!..»

Son vaxtlar o, nədənsə tez-tez yuxusunu qarışdırırdı. Bu gecəki yuxusu yadına düşəndə əti ürpəşdi… Yuxu təfərrüatı ilə xatirində deyildi, cikinə, bikinə kimi yaddaşında yaxşı qalmamışdı, amma yadındakı bircə o idi ki, başı üzərində leşə yığılan quzğunlar kimi çoxlu əl-ayaq, əcaib-qəraib ilanbaşlar oynaşırdı. O bu yuxunu yozmaqda qorxdu, «birdən mənası pis çıxar». Rəis bu fikirləri başından qovmağa, unutmağa, çalışdı. «Lənət sənə, kor şeytan!» – deyib özünü ələ aldı. Mollanı indi də Məmməd bəy dindirdi:

– Molla əmi, son bu müsəlman kəndlərində rusların açdığı «uşkola» necə baxırsan?

Axund Molla Əli cavab verdi:

– Urusca oxuyanda nə olar ki, elmə zaval yoxdu. Peyğəmbər özü buyurmuşdur ki, «Ütülbül elm vəlo bassin» – yəni elm dalınca gedin. Çində olsa da…

İkinci faytonda quberniya və qəzanın ictimai həyatında nüfuzlu mövqe tutan fəxri baş məmurlardan şəmşəddinli Allahyar bəy, İsrafil ağa, salahlı Annaq bəy, Dağkəsəməndən Mustafa ağa gedirdi. Allahyar bəy başını dik tutaraq bu yaxınlardakı uzaq səfərindən, bu səfər zamanı Peterburqda keçirdiyi xoş günlərdən danışdıqca ona həsəd aparırdılar.

Lap arxada həkim Aleks Yecubov, Qazax polis dəftərxanasının dilmancı Şərif bəy Şıxlinski, Qubernatorun dilmancı Mehdi ağa Vəkilov və bir neçə başqa rəsmi şəxslər at sürürdü.

Yolların qırağında strajniklər, kazaklar, yasovullar düzülmüşdü. Təhlükəli Yerlərdə silahlı dəstələr dayanmışdı. Xüsusi tapşırıq almış koxalar yolboyu kəndlərdə əl-ayağa düşmüşdülər. Qazaxda və qəfilənin keçəcəyi şenliklərdə böyük hazırlıq görülmüşdü, yollar, həyət-bacalar sulanıb çalğılanmış, darvazalardan xalılar asılmışdı. Varlılar və ortabablar pişvaza çıxmışdılar.

Möhtərəm qonağı qarşılamağa gedənlər Salahlıdan keçəndə Qazax qəzası ərazisinə daxil olan Dilicanın sahə pristavı knyaz Davud Tarxan, Ağstafa pristavı Aleksandr Yüzbaşov və Salahlı pristavı Yeqor bəy Məlik-Hüseynov da dəstəyə qoşuldu. Birinci faytonda gedən qəza rəisi Qançeli Yeqor bəyi yanına çağırıb hacı Emin ağanı və onun evindəmi vəziyyəti xəbər aldı. Pristav bildirdi ki, qonaqlıq üçün hər şey hazırdır, heyvanlar kəsilib, stollar düzülüb, süfrələr açılmışdı. Hacı Emin ağa evdə təşrif gözləyəcək.

Bir azdan knyaz David Tarxan da atını mahmızlayıb yoldaşlarından aralandı və İsrafil ağa əyləşən tərəfdən faytona yanaşdı. İsrafil ağanın gözləri yol çəkirdi. Pristav ona nəzakətlə salam verib xəyaldan ayırdı, kef-əhvalını soruşdu, sonra:

– Görəsən, zati-aliləri Qazaxda çoxmu qalacaq? – deyə maraqlandı. İsrafil ağa cavab verdi.

– Güman ki, bir-iki saat burada dincələndən sonra Gəncəyə yola düşər…

O, sağ tərəfdə qolunu faytonun dirsəkliyinə qoyub əli gicgahında düşüncələrə dalan Allahyar bəyə üz tutdu:

– Elə döymü, Allahyar bəy?

Peterburq səfərindən ağızdolusu danışıb qurtaran, Allahyar bəy indi öz aləmində idi. O, canişini evinə qonaq çağırmaq haqqında düşünürdü. Saysız-hesabsız naxır, ilxı, sürü, əlli min desyatin torpaq sahibi Allahyar bəyi Sərdar da yaxşı tanıyırdı. Hətta ona bir dəfə Qocurdakı öz yay malikanəsində qonaqlıq da vermişdi. Və o bilirdi ki, Allahyar bəy özü-özünə hörmət etməyi və etdirməyi bacaran, dediyindən dönməyən, ağlına gələn ağlasığmaz işləri nəyin bahasına olursa-olsun yerinə yetirən bəylərdən idi. Sərdarı evinə dəvət etmək fikrinə düşmüşdüsə, deməli mütləq məqsədinə nail olmalıydı. Elə ona görə də hələ Sərdarın razılığını almamış, bura gələndə evdə böyük hazırlıq gördürmüş, yollara xalı döşətdirmişdi. Bu qonaqlıqda çox adlı-sanlı şəxslər, o cümlədən İsrafil ağa və Annaq bəy də iştirak edəcəkdi. Allahyar bəy Sərdarı evinə qonaq çağırmaqla diyarda bir daha şöhrətini artırmaq və külli-ixtiyarını möhkəmlətmək istəyirdi.

İsrafil ağanın müraciəti kişini xəyal gəmisindən sahilə atdı. Qalın qaşları altından baxan oynaq gözlər İsrafil ağaya dikildi.

– Doğrudu, Usuf bəyin dediyinə görə (o, İosif Qançelini nəzərdə tuturdu) Salahlı bəyləri burada böyük hazırlıq görüb, ona ziyafət vermək fikrindədirlər. Amma…

O əyilib İsrafil ağanın döşü üstündən pristava baxdı. Faytonla yanaşı yorğalayan, kəhər at belində gedən knyazın iri bədəni silkələnirdi. Allahyar bəy yenidən geri söykəndi.

– Eşitdiyimə görə, Gəncədə dəmir yolu fəhlələri arasında böyük iğtişaş baş verib, – dedi. – Ağlım çətin kəsir ki, zati-aliləri Qazaxda ləngisin. Xəncərinin qəməsi ilə başını qaşıyan Mustafa ağa söhbətə qoşuldu:

– Canım, bu fəhlələr nə yaman cığal millət imiş?.. Bakı – Tiflis dəmir yolunun çəkildiyi cəmi üç il döyül əmbə elə hey eşidirik ki, fəhlələr şuluqluq salır.

Allahyar bəy:

– Hə, – dedi. – Kəndlilərə min şükür!

Sərdarı tezliklə öz evində görmək istəyən Allahyar bəy onun burada çox ləngiməsini istəmirdi. Bu məramı başa düşən Annaq bəy dedi:

– Allahyar bəy, Gəncədə iğtişaş baş verməsin, istəyir lap qiyamət qopsun. Əyər zati-aliləri kimi ali bir qonaq Qazax torpağına qədəm basır, duz-çörəyimizin dadına baxmırsa, biz ona buradan yol vermərik…

Onun qarayanız sifətindəki iri ala gözləri qıyıldı. Enli qara bığları altındakı dodaqları qaçdı:

– Lap biri sən özün ol, bu işə razı olarsanmı? Yanıqlının yollarını indidən kəsdirmisən… O ki, qaldı bu dünyanın işlərinə, onu deyim ki, bu saat nəinki şəhərlərdə, heç kəndlərdə də vəziyyət yaxşı döyül.

Allahyar bəy qızılı qaragül papağını azca geri eləyib, alnını ovxaladı. Və təəssüflə dilləndi:

– Elədi, deyəsən, Uruseti bürüyən od-alovun dilləri yavaş-yavaş buraları da yalayır…

İsrafil ağadan başqa heç kəs Annaq bəyin «kəndlərdə heç vəziyyət yaxşı döyül!» – sözünün fərqinə varmadı. Sözün donu onun gözündə özgə bir rəngdə cilvələndi. Dostunun sözündən sərpən İsrafil ağa onun dediklərini atmaca güman etdi, di gəl, qanrılıb sınayıcı nəzərlərlə Annaq bəyə baxanda şübhələri dağıldı. Amma dostunun sözləri dünən axşam onun başına gələn bir əhvalatı yadına saldı…

…Dünən axşam o, şəhərdən kəndə qayıdanda «Qara su»yun başında ona güllə atmışdılar. Şər qarışmışdı, güllə atan adam özünü tez qamışlığa vermişdi. Ağanın iti gözləri onu ötəri görmüş və Kərəmin yaxın qohumu Pirvəliyə oxşatmışdı. Gərdan çəkib cilov gəmirən Sarı atı o nə qədər mahmızlamışdısa, dikbaş köhlən qamışlığa girməmişdi. Hürkmüşdü. «Kişi sər verər, sirr verməz» – demişlər. İsrafil ağa bu əhvalatı hələ heç kimə açıb-bükməmişdi. İndi dedi:

– Doğrudu, mizan-tərəziyə sığmayan bu zamana günü-gündən yaman dəyişir…

Əllərini qarnı üstündə çarpazlayıb baş barmaqlarını asta-asta oynadan Mustafa ağa hazırcavablıq elədi:

– Zamana dəyişir, əmbə biz dəyişə bilmərik. İsrafil ağa məşhur bəylər cərgəsinə yeni-yeni qoşulan Mustafa ağaya zarafatyana söz atdı:

– Adamlar da cürbəcürdü, a Mustafa ağa… Kimi dəyişməz, kimi dəyişər. Sonra isə ürəyində düşündü: «Yer üzünü su bassa da, sən üzdə qalarsan!».

Mustafa ağanın İsrafil ağaya heç bir pisliyi dəyməmişdi, amma nədənsə İsrafil ağanın ondan xoşu gəlmirdi: «Hara gündü, palazını ora salandı», – deyirdi.

Mustafa ağanı zarafatın yeli çaldı, amma özünü o yerə qoymadı. Üzdə güldü, içdə İsrafil ağanı yanıdı. Onun təqribən qırx-qırx iki yaşı olardı. Ucaboylu, sarıyanız, gözləri göyə çalan, üzü çopur, qamətli bir kişi idi. Dağkəsəməndə beş var-dövləti olan ağa vardısa, biri Mustafa ağa idi.

İsrafil ağanın bayaqdan bir qədər kefsiz görünməsi və indicə söylədiyi gileyli sözlər Allahyar bəyin diqqətindən yayınmadı. «Düşməni qaçaq olan gecələr sübhədək dardan asılar, İsrafil ağa, mən bilirəm son nələr çəkirsən. Amma sənin xəbərin yoxdu ki, Bozalqanlı Tanrıverdi mənim başıma nə işlər açır?»… Allahyar bəy dostuna yaxınlıq göstərdi:

– Kəsəməndə nə var, nə yox, sakitlikdirmi? Həmişə özünü gözü tox, kefi kök göstərən İsrafil ağanın cavabında bu dəfə giley-güzar sezildi.

– Eh, Kəsəmən nə vaxt sakit olub ki? Həmişə qazan kimi qaynayır. Elə hər yerindən qalxan «Mənəm, mənəm!» – deyir.

Elə bil Allahyar bəy İsrafil ağanın ürəyinə girmişdi, ona təsəlli verdi:

– İsrafil ağa, fikir eləmə… Bu enişli-yoxuşlu dünyadan o qədər əlində qılınc «mənəm-mənəm!» deyənlər gəlib-gedib ki… Allah-taala bu dünyada hərəyə bir qənim yaradır… Qoyunun qənimi qurddursa, insanın qənimi insan özüdü. O «mənəm-mənəm» deyənlərin allaha şükür, bizim kimi «mənəm-mənəm»ləri var.

İsrafil ağa yenə özünü sındırmadı, ürəyində yatan aslan baş qaldırdı:

– Əlbəttə! Kim bizə bir söz deyə bilər?! Var bizim, zor bizim, hökumət bizim, divan bizim. Atalarına od vurarıq! Amma yenə xəyallandı: «Yox, əyər işlər belə getsə, onda nəinki şəhərlərdə, Annaq bəyin dediyi kimi, kəndlərdə də vəziyyət yaxşı olmayacaq, «mənəm-mənəm!» deyənlərin də sayı çoxalacaq! Bəlkə Sərdardan tavaqqı edək ki, bəzi kəndlərin üzərində əsgəri qüvvə saxlasın?»

Qılınclarının dalı da, qabağı da kəsən adlı-sanlı bəylərin bu cür danışıqları pristavın narahatçılığını bir qədər artırdısa da, o öz inamında əmələ gələn sarsıntıları üzə vurmadı.

Dəstə körpüyə çatanda dayandı. Ağalar Qafqazın Mülki İşlər üzrə Baş İdarə rəisi, Qafqaz hərbi dairəsinin ordu komandanı general-adyutant Aleksandr Mixayloviç Dondukov-Korsakovu burada, get-gedə böyüyüb vadiyə çevrilən dərə ilə nazlana-nazlana axan Xram çayının sağ sahilində qarşılamalı idilər. Şahlığın tac qaşı kimi Babəkər dağının zirvəsinə qonmuş həyat sultanının zərrin saçaqlarında xumarlanan «Sınıq körpü» ana Kürün qolu – Xramın boynunda həmayil kimi şölələnirdi.

Qafqazın ən böyük, gediş-gəlişli ticarət yolu, tağları sal daşlardan və qırmızı kərpicdən hörülmüş bu əzəmətli körpünün üstündən keçirdi. Onun hər iki sahillə bitişən enli dayaqlarının içi geniş otaq idi. İlin hər vaxtı bu yolla gəlib-gedən yolçular, tacirlər, səyyahlar burada köç salardı. Bura həm sığınacaq-istirahət, həm də yolüstü ticarət yeri kimi gümüşü çay üstündə bir karvansaraya çevrilmişdi, Və həmişə də haylı-küylü idi. Elə indi də buralarda çoxlu adam vardı. Havalar xoş keçdiyindən camaat bayırda idi, dəstə-dəstə sahilə səpələnmişdi. Körpünün sağ qolunda yüklü-yüksüz dəvələr, atlar, öküzlər, uzunqulaqlar, arabalar, fayton və furqonlar gözə dəyirdi. Karvansaranın qabağında iki-üç yerdə ocaq qalanmışdı. Aşpazlar hərdən qazanların qapağını açır, buğlana-buğlana bişən xörəklərin çömçə ilə dadına-duzuna baxırdılar. Korun-korun qızaran kömürün istisindən qaynayan iri mis samovarların zümzüməsi eşidilirdi. Bir yanda kef məclisləri qurulmuş, sazın səsi çonqurinin səsinə qarışıb dalğa-dalğa ətrafa yayılırdı. Müxtəlif dillərdə söhbətlər, sövdələşmələr, sağlıqlar eşidilirdi; qızğın alış-veriş gedirdi. Bir tərəfdə bəylər buğa və kəl döyüşünə tamaşa edir, bir tərəfdə isə gürcü tavatları erməni bəyləri ilə eşşəyin quyruğunu qatırın quyruğuna bağlayıb hansı-hansına zor gələcəyindən mərc qoşub bəhsə girmişdilər. Heyvanların biri o birinə güc gəldikcə tamaşaçıların səsi yüksəlirdi.

Kababın, çaydan tutulub elə oradaca qızardılan Xram balığının iyi ətrafı bürümüşdü. Əyninə qara çitdən genbalaq şalvar geyib beli büzməli arxalığının üstündən qırmızı qurşaq bağlamış kinto qısa günlüklü dəyirmi şapgəsilə çay qırağında bişirdiyi kababın gözünü yelpikləyirdi. O, körpünün başındakı faytonları və atlı dəstəni görən kimi öz mahnısını oxuyurdu:

 
Modi, modi genatsvale,
Quzu da var, balıq da.
Modi, modi, a müştəre,
Şərab çoxdu tuluqda!
 

Bu mahnını eşidən İsrafilbəyov motal qarnına sığal çəkib dili ilə dodaqlarını yaladı. Sonra da nəzərlərin aşağıdan – körpünün altından yuxarı qaldırıb Allahyar bəyə baxdı, ona göz vurub başı ilə kabab bişirilən yeri işarə elədi. Kababın iyindən umsunmuş kimi udqunan Allahyar bəy:

– Köpək oğlu, elə oxuyur ki, – dedi, adam iştaha gəlir!

Bu sözləri qulağı alan Annaq bəy dilləndi:

– Darıxmayın, Sərdar gəlsin, qarınaçmadan yeyəcəyik. Hüseyn bəy gülümsədi:

– Tərəkəmə pörtdəməsi də olacaxmı, ağrın alım?

Annaq bəy iftixarla:

– Eh, o hələ harasıdı, – dedi. – Qoyunun iç yağına bükülmüş qaraciyər kababı olacax.

…Körpünün günbatan tərəfində, çayın qırağında iki kişi özünü günə vermişdi. Təzə tanışlar baş-başa verib bir-birilə dərdləşirdi. Pəhləvan cüssəli Ömərin iyirmi-iyirmi iki yaşı ancaq .olardı, gəlmə dərvişlərə oxşayırdı. Əynində cındır arxalıq, başında quzu dərisindən saçaqlı qara papaq vardı. Ayağına mal gönündən təzəcə tikdiyi quşburnu çarıq geymişdi. Üzünü saç-saqqal basmışdı, özü də çox yorğun və səksəkəli görünürdü. O biri kişinin adı Abdulla idi, özü də Ömərin atası yerində olardı. Alçaqboy, arıqsifət, balacagöz bir kişi idi. Əynindəki nimdaş çuxanın bir neçə yerindən yamaq vurulmuşdu. Çitlə başını çəkib, üstündən motal papaq qoymuşdu. Ömər ona bu yaxınlarda başına gələn əhvalatı danışırdı. Danışırdı ki, o, Sığnağda məşhur hacı Muxtar ağanın çobanı imiş, onun qoyun sürüsünə gedirmiş. On yeddi bahar görmüş yeganə bacısı Bənövşə isə uşaqlıqdan ağanın evində qaravaşlıq eləyirmiş. Bir ay bundan əvvəl o, axşam evə gələndə görür ki, hacı Muxtar ağa onun bacısının namusuna toxunmuşdur. Elə həmin günün axşamı Ömər, ağanı öldürüb evinə od vurur, həyətdəki ilanyalı tayalar da, tövlələrdə mal-qara da, elə hacı Muxtar ağanın özü də çıtır-çıtır yanıb kül olur…

– İndi neçə gündü vurhay Kərəmi axtarıram, – deyə özünü dərviş şəklinə salan Ömər sözünə yekun vurdu. – Onun dəstəsinə qoşulmaq istəyirəm. Deyirlər dünən «Top güzdək»də imiş, ordan gəlib birbaş burdan Başkeçidə keçib… Ömər doğrudan da bir ay ərzində elə dəyişmişdi ki, bu libasda, bu sir-sifətdə doğma kəndlərinə də qayıtsa, tanıyan olmazdı. Onun söhbətini ürək ağrısı ilə dinləyən Abdulla kişi dərindən nəfəs alıb ağır-ağır başını buladı.

– Mənim də dərdim az döyül, ay oğul… Bir çətən külfətim var. Verginin, töycünün əlindən göz açıb onnarın qarnını yavan çörəklə də doydura bilmerəm. Eşşək kimi işləyir dilənçi kimi dolanırıx… Bir qarış torpağımız yoxdu… Mən də sənin kimi cavan olsaydım, qaçıb Kərəmin dəstəsinə qoşulardım. Daha qocalmışam. Aşığın sözü olmasın:

 
«Nurlu gözüm daha görür tor ilə,
Tor görənin nə fərqi var kor ilə,
Cavanlıq cilovu çəkir zor ilə
Pələng pəncəsini çaldı qocalıq».
 

Bax o mənəm…

Ömər içində pendir, fətir olan bağlamanı açıb süfrə düzəltdi.

– Ay Abdulla dayı, a rəhmətliyin oğlu, nəyi qoyub nəyi axtarırsan, varlının nə vecinədi ki, kasıbların dodağı nə pıçıldayır?

Abdulla kipi dolağının ipini bərkidəndən sonra dərisi codlaşmış qabarlı əllərini suda yaxaladı.

– Düz deyersən, dərdin alım, diləyimiz, istəyimiz içimizdəcə qalır. Qanundan-zaddan da başımız çıxmır ki, heç olmasa divan-dərənin yanına gedib dərd-sərimizi söyləyək.

Körpünün başındakı paqonlu adamları görən Ömər ehtiyatlandı, ağaca daldalanıb dedi:

– Eh, sən nə qoyub nə axtarırsan? Görmürsənmi günü gündən haqsızlıq dörə keçir? Qanun gözləyən kimdi? Qanun bir hörümçək torudur, bizi kimilərdən ötrü qurulub… Özü də elə qurulub ki, lazım gələndə, suçun olsa da, olmasa da ora düşə bilərsən…

Abdulla kişi kəmərinə bağladığı sapısümük bıçağın açıb pendiri doğradı.

– Cana yığılıb Tiflisə şikayətə getmişdim. Oğul sözünə qüvvət, məni divan-dərənin yanına heç yaxın də buraxmadılar.

– Elədi, – dedi Ömər. – Biz tərəflərdə də bəylər şikayət eləməyi rəiyyətə qadağan eləyib.

Abdulla kişi dürmək bükə-bükə sözünə davam etdi:

– Sonra eşitdim kin, Sərdar gəlib buradan keçəcək. İki gündür bu körpünün qulağını kəsdirmişəm. Ondan torpaq istəyəcəm…

Tez-tez yuxarılara boylanan Ömər hiss elədi ki, təhlükə hələ ondan uzaqdı, buralarda onu itirib-axtaran yoxdur.

Körpünün başındakı paqonlu-paqonsuz ağaların hamsı Sərdarı gözləyirdi. Hamının gözü çayın o tayında, yovşanlı yastı irəmənin dalından çıxıb tez də körpüyə girən yolda qalmışdı.

– Elə bilirsən indi burda səni Sərdarın yanına buraxacaqlar? Odur ey… – O, başı ilə yuxarıya işarə elədi – pristavlar, kazaklar it sürüsü kimidi, buraları indidən dövrəyə alıflar…

Abdulla kişi dürməkdən iştahla bir dişlək alıb dedi:

– Yanına buraxmasalar, özümə od vuracam. Bəlkə yandığımı görüb, yazığı gələ, dindirə…

– Dindirsə nə deyəcəksən? – Ömər soruşdu.

– Deyəcəm, belə yaşamaqdansa, kül olmaq yaxşıdı. Onu üzük qaşı kimi döyrüyə alan bax bu bəylər, ağalar bizə divan tutur, heç nəyin üstündə döyürlər, söyürlər, haqlı-haqsız cərimələyirlər, sorğu-sualsız damlayırlar.

Ömər sual etdi:

Deyəcək niyə indiyə kimi hökumət idarələrində oturan böyüklərin yanına getməyibsən?

Abdulla kişi köksünü ötürüb başını buladı:

– Deyəcəm xeyri yoxdu… İt itin ayağını basmaz. Nəki nalayiq, bədhərəkət işlər var, hamısına elə hökumət idarələrində oturan məmurlar səbəbdir. Onda görərsən Sərdar onların abrını necə verəcək!

Ömər gülə-gülə dedi:

– A dayı, son nə qoyub nə axtarırsan?.. İnanma… Abdulla kişi onun sözünü kəsdi:

– Bə nə? Dəvədən böyük fil var! Deyəcək a bəylər rəiyyətlə belə rəftar eləmək olmaz. Onlar da insandı! Kəndçinin canı torpaqdı, onnara da bir az yer ayırın…

Ömər səs-küyə ayağa qalxıb yuxarı boylandı…

…Körpüyə siftə çaparlar, mühafizə dəstəsi, sonra da başının adamları ilə birlikdə Sərdarın qafiləsi daxil oldu. Onların arxasınca Sərdarı Tiflisdən Gəncəyə qədər müşayiət edən Yelizavetpol quberniyasının qubernatoru general-mayor Nakaşidzenin karetası keçdi. Ən axırda gələn faytonda isə Zaqafqaziyada qaçaqlığa qarşı mübarizə aparmaq üçün Peterburqdan gəlmiş rus məmuru polkovnik Kazaçkovski və uç nəfər yüksək rütbəli zabit əyləşmişdi.

Bütün bu qafiləni bayram libaslı pristavlar, rus mundiri geyinmiş strajniklər, ağ çərkəz çuxalı yasavullar müşayiət edirdi. Onlar körpünü bu taya keçən kimi yol qırağında dayandılar. Atlar burada dəyişdirilməli idi.

Məmurlardan biri karetanın qapısını açdı. Sərdar ağayana bir əda ilə yerə endi. O, ucaboy, gümrah simalı bir zadəgan idi. İri gözlərindən mənalı baxışlar süzülürdü. Geniş alnı, gülər üzü vardı. Başına gümüşü saçlarından seçilməyən papaq geymişdi. O, qarşılamağa gələnlərə yüngülcə baş əyərək, ümumi salam verdi. Rəsmi şəxslər və bəylər ona təzim etdilər. Axund, zati-alilərin şəninə bir dua oxudu. Sonra:

– Xudaya-xudavənda ruyi-zəmini bihökmüdar edib, övlada bəşəri aləm içində bisahib etmə… Xudaya-xudavənda imperator Nikolay həzrətlərinin padşahı Rusiyaya nicat ver. Onun qılıncını kəskin, ömrünü tul, düşmənini kor et. Ləşkəri-əsgəriyəsinə şücaət bəxş et ki, meydani-hərbdə və əsnayi-cəngdə xari-zəlil olmasın!

– Amin! – deyə bəylər bir ağızdan axundun sözlərinə qüvvət verdilər.

Ali qonaq dedi: – Biz İslam məsələsinə indiyədək barmaqarası baxmışıq. Bu isə düzgün deyil. Bizim bu böyük imperiyada müsəlmanlar say hesabına görə, ruslardan sonra birinci yeri tutur. Bizdə isə hələ, Şimali Afrikada hər bir fransız məmurunun stolüstü kitabı olan «Coran analyze» ilə maraqlanan yoxdur. Biz bu müqəddəs kitabı əzbər bilməliyik… Bu, bizə müsəlmanların dünyagörüşlərini dərk etməkdə, bizim qulluqda olub, onlarla iş aparan adamlarımıza çox kömək edər;

Nakaşidze dedi:

– Zati-aliləri, Siz haqlısınız. Amma bir iş var bunlar tərəkəmədirlər. Fikir versəniz bu tərəflərdə məscidlərə də az-az rast gələrsiniz. Bunların atəşpərəst ocağı hələ sönməyib.

Sonra o, bəyləri bir-bir Sərdara təqdim etməyə başladı. Növbə İsrafil ağaya yetişəndə qubernator dedi:

– Zati-aliləri, İsrafil ağa bizim quberniyada ən ləyaqətli, qüdrətli kişilərdən biridir. Mən onun haqqında sizə məlumat vermişəm.

Sərdar zəndlə İsrafil ağaya baxdı. Nakaşidze əlavə elədi:

– Qaçaq Kərəmin qəddar düşməni, bizim sədaqətli dostumuzdur.

Sərdarın gözləri qıyıldı, yaddaşının lap dərinlərinə baş vurandan sonra şəhadət barmağını İsrafil ağaya tuşladı:

– Cənab Kərbəlayev? Bəylər həsədlə bir-birlərinə baxdılar. İsrafil ağa cavab verənə kimi qubernator Sərdara yaltaqlandı:

– Bəli, zati-aliləri, gözəl hafizəniz var. Qafqaz Sərdarının sanki bu tərifə ehtiyacı varmış kimi təşəxxüslə başını tərpədib çeçələ barmağı ilə bığını qurdaladı.

İsrafil ağa Sərdarın onu tanımasındanmı, nədənsə özündə bir yüngüllük duyub, qürur hissi keçirdi. Nə haqdasa ani fikrə gedən qonaq bu vaxt birdən üşüyən təhər kürəkləri sərpdi. Dönüb geri baxdı. Arxada dayanan qolu üstündə hazır tutduğu Sərdarın qolsuz çöl əbasını dərhal onun çiyninə saldı. Ali qonağın zərli paqonları, orden-medalları əbanın altında görünməz oldu. Sərdar gümüşü rəngə çalan dəridən tikilmiş papağını soyunub ağlı-qaralı saçına ehmalca sığal çəkdi. Gözləri yenə İsrafil ağanı aldı. Və yarızarafat, yarıciddi şəkildə dedi:

– İsrafil ağa, siz özünüzü də işə salmısınız, bizi də. Mehdi ağa dilmanclıq elədi. Sərdarın birdən-birə belə eyhamlı müraciəti İsrafil ağanı azca çaşqın saldı, amma tezcə də onun oxu hansı səmtə tuşladığını, – söhbətin nədən getdiyini təvəkkülə bəlli eləyib «Bunun sizə nə dəxli var? Düşmənik, özümüz bilərik!» – deyə düşündü və dedi:

– Zati-aliləri, Kərəm mənim qan düşmənimdir… Dilmanc Mehdi ağadan İsrafil ağanın ilk gəlməsini eşidən Sərdar İsrafil ağaya sözünün axırını deməyə imkan vermədi:

– Vot, vot!.. Madam, qan düşmənisiniz, bəs nə üçün bu vaxta kimi onunla haqq-hesabı kəsməmisiniz? Yaxşı ovçunun tüfəngi pas atmaz! Eşitdiyimə görə, siz çox igid adamsız…

Ürəyi sirlər məzarı olan İsrafil ağa gördü ki, Sərdar məsələ ilə çox maraqlanır, dedi:

– Zati-aliləri, igidlikdə məni Kərəmlə bərabər tutmayın. Şirin yalandan acı həqiqət yaxşıdı. Kərəmlə qabaqlaşmaq o qədər də asan iş deyil. Onun gülləsinin boşa çıxdığını eşidən yoxdu, sərrast atıcıdır. Şir kimi ürəkli, ilan kimi həssasdır! Sərdar dodaqlarını büzdü və təəccüblə qubernatora baxdı. Nakaşidze də İsrafil ağanı təqdim edəndə təriflədi peşman kimi başını buladı. Canişin soruşdu: Bəs necə olub ki, elə şir ürəkli bir adam elindən, obasından didərgin düşüb dağlara pənah aparmışdır? İsrafil ağa qürurunu pozmadan israr etdi:

Zati-aliləri, Kərəm mənim qan düşmənimdir. Mən onun atasını öldürmüşəm! O mənim əmilərimi, əmizadəmi öldürüb.

Sərdar səbirsizliklə:

– Demək, onunla haqq-hesabı qurtarmış hesab edirsiniz?

İsrafil ağa dedi:

Xeyr, zati-aliləri, Kərəm sonralar da kənddə çox qan töküb. Onun suçu çoxdu… Çar divanından qaçaqdır. Mənsə sizin və böyük əlahəzrətin himayəsində yaşayıram. Əmbə harda rastıma gəlsə, başına güllə çaxmağa hazıram. Yol qırağındakı dikdirə tərəf addımlayan ali qonaq ayaq saxladı:

– Vot, vot! O, tək sizin yox, artıq bizim, cəmiyyətin düşmənidir. onun sədası gedib imperator əlahəzrətlərinə də çatmışdır.

İsrafil ağanın dodaqları qeyri-ixtiyari olaraq pıçıldadı: «Onun sədası hələ çox yerlərə çatacaq. Özüsə kim bilir indi bu döşlərdəki daşlardan hansının dalından biz izləyir…»

Sərdar buyurdu:

– Bu günlərdə Tiflisdəki İran səfiri bir ziyafətdə mənə dedi ki, sizin bu Qafqazda qaçaqlar fəğan eləyir. Bizim ölkədə isə belə şeylər yoxdur. Çünki bizdə hər-hansı bir igid ortalığa çıxıb qaçaqlığa başlasa, biz onu o saat öz tərəfimizə çəkir, qulluğa dəvət edirik, ona ya hərbidə, ya da inzibati orqanların birində yaxşı iş veririk. Ona görə ki, bizə qoçaq, qabiliyyətli adamlar lazımdı. Sizdə isə bacarıqsız bir şəxsi bacarmadığı iş başına qoyurlar. Bir vaxtdan sonra məlum olur ki, həmin o bacarıqsız adamın özü quldura çevrilir, ya da Kərəm kimi bir qaçağın qarşısında aciz qalır. Etiraf etmək olar ki, onun bu sözlərində bir həqiqət var… Lakin biz, əlbəttə heç vaxt belə hərəkət edə bilmərik!

İsrafil ağanın fikri başqa yerdə idi, dillənmədi. indi atası Oruc ağanın bir zamanlar peyğəmbərcəsinə söylədiyi sözlərə ürəyində haqq qazandırdı. Surəti oğlu gözləri qarşısında canlanan ata həmin sözləri elə bil indi də onun qulağına pıçıldadı:

«…Sən ağa oğlusan, o isə rəiyyət balasıdır. O səndən ürəklidir. Bu mahalda onun adı, hörməti səni üstələyəcək. Vaxt ikən onu aradan götürmək lazımdır…»

İsrafil ağa o vaxt cavan idi, atasına etiraz edib demişdi:

«Ağam, axı, indiyədək sən mənə elə öyüd verməyibsən. Həmişə «o sənin süd qardaşındır» – demisən».

Belə düşünən İsrafil ağa fikirli-fikirli Sərdara cavab verdi:

– Zati-aliləri, qaçaq öz əcəlilə ölməz… Əmbə onu tutmaq da çətindir. Burdan vurub – ordan çıxır…

İsrafil ağanın daxili aləminə, onun düşmənçiliyə mürəkkəb münasibətinə, düşməninə qəribə hörmətinə heyrətlənən Qafqaz Sərdarı qubernatora üz tutdu:

– Görürsənmi bunlar nə qəribə adamlardı? Vot, vot! Düşmənlərinin də təəssübünü çəkirlər.

Dilmanc bu sözləri tərcümə eləmədi.

Quberniya və qəzalarda baş verən narazılıqları aradan qaldırmaq üçün yerli ağa və bəylərdən çar hökumətinə etibarlı arxa yaratmaq istəyən canişin ani fikrə getdi: «Yox, onlara etibar eləmək olmaz!».

Allahyar bəy söhbətə qarışdı:

– Zati-aliləri, deyilənə görə, Kərəm də İsrafil ağanı qoçaq hesab edir.

Sərdar başını ağır-ağır bulayıb dedi:

– Əcəb işdir, iki düşmən bir-birini tərifləyir. Vot xarakter! Vot, qde zakon tuzemçev!

Dilmanc bu sözləri tərcümə elədi.

Molla Əli düşündü: «Yəşhədu ləhu bi-l-fadl adə hü» – yəni igidi düşmən də təriflər.

Mehdi ağadan Dondukov-Korsakovun dediyi sözlərin tərcüməsini eşidən İsrafil ağa ürəyində dedi: «Sərdar, deyəsən. yaman alt-üst danışır».

Sərdar düşüncələrə daldığından arada kirimişlik yarandı. Bu sükutu Sərdarın yanında başqalarına nisbətən özünü daha sərbəst aparan Allahyar bəy pozdu. O, canişini evinə qonaq dəvət etdi. Və sözünə Annaq bəyin zarafatı ilə yekun vurdu:

– Yoxsa, özünüz bilin, Gəncəyə yol Qovlardan keçir… Yol vermərik! – dedi və güldü.

Dondukov-Korsakov da gülümsündü və Yelizavetpoldan qayıdan baş Yanıqlıya1 qonaq getməyə söz verdi. Allahyar bəydə bir təkəbbür yarandı, tərlan baxışlar ilə ətrafdakıları süzüb bığını eşdi. Və bu vaxt o, Sərdarla bu görüşdən necə istifadə etmək haqqında düşündü.

Dəstə aram addımlarla yol qırağındakı dikdirə qalxırdı. Bu vaxt Sərdarın əlini çığır kənarındakı gicitkan dalamağı ilə ayağı altından bir qaratoyuğun pırıldayıb uçmağı bir oldu. Sərdarın səksənməsi qubernatoru da qorxutdu. Ali qonaq acışan əlini qaşıya-qaşıya bərkdən qəhqəhə çəkdi… Allahyar bəy də ona qoşuldu:

– Düzü, mən də qorxdum, – dedi. Onlar bir xeyli gedəndən sonra canişin ayaq saxladı.

1.İndiki Tovuz rayonunda Allahyar bəyin bir vaxt qış malikanəsi olmuş kənddir.
₺66,22