Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qaçaq Kərəm», sayfa 8

Yazı tipi:

Hamı dayandı. Buradan ətrafa gözəl bir mənzərə açılırdı. Sərdarın diqqətini sularında sonalar oynaşan çayın sahili, yarıçılpaq ağaclardan sallanan qızılı yarpaqların gözəlliyi, iki suyun arası – çaxraxdakı yaşılbaşlar cəlb etdi. Nəhayət, onun gözləri «Sınıq körpü»də qərar tutdu.

– Mən hər dəfə bu körpünü görəndə ona heyran qalıram. Üstündən əsrlərin ağır-ağır yükü keçsə də, bu insan əməlinin nə özülü pozulub, nə əzəli…

Qubernator göy gözlərini körpüdən çəkmədən davam etdi:

– Şərqin gözəl zövqlü qabil ustaları olub, zati-aliləri! Bir zamanlar Qriboyedov cənabları da başında bir dəstə atlı Tiflisdən İrana gedəndə bu körpüdən keçmiş, bu qənirsiz sənət əsərinə valeh olmuşdur.

Sərdar etirafla dilləndi:

– Vot, vot! Amma təəssüf ki, bu gözəl həmayili Xramın boynuna taxan o mahir ustanın adı tarixə həkk olunmayıb.

Körpünün tarixinə dair artıq bir şey bilməyən Nakaşidze susdu. Mustafa ağa söhbətə qarışdı:

– Deyirlər, Şah Abbasdan yadigardır. Dilmancı dinləyən Dondukov-Korsakov asta-asta başını tərpətdi.

– Yox, bu, Şah Abbasdan da çox-çox qabaqdır… – dedi və gözləri Qarayazı meşəsinin seyrində ləngidi. Sonra:

– Mənim Moskvada Morozov familiyalı bir dostum var, Rusiyanın ən böyük fabrikantlarından biridir. Bu günlərdə mənə yazmışdır ki, onun Amerikada təhsil almış iki mütəxəssisi burada, Qazaxdadır. Sizin onlardan xəbəriniz varmı?

Nakaşidzenin nəzərlərini öz üzərində hiss eləyən qəza rəisi başa düşdü ki, sual ona verilir. Qançeli həyəcanlı bir halda dedi:

– Bəli, zati-aliləri, onlar Qarayazı ərazisində, desyatin yerdə pambıq təcrübə plantasiyası salmışlar.

Canişin maraqlandı:

– O təcrübələr bir ümid verirmi? Qançelini elə bil imtahana çəkmişdilər, yamanca pörtmüşdü. Ona elə gəlirdi ki, Sərdar indicə bir şeyi irad tutub onu məzəmmət edəcək. Ona görə ürəyi yerində durmur, şiddətlə döyünürdü. Bunu hiss eləyən qubernator ona köməyə gəldi:

– Zati-aliləri, bu qəzanın torpağı qızıldır. İsti çox, suyu bol, hər qarışından min bərəkət yağır. Pambıq üçün də çox əlverişlidir…

Qonaq kitelinin döş cibindən qapaqlı qızıl saatını çıxarıb vaxta baxdı, saat birə işləyirdi.

– Vot, vot! Dostum o plantasiyalara çox ümid bəsləyir. Gələcəkdə burada şirkətlər yaratmaq fikrindədir. Bizcə şirkətlər Gəncə quberniyasında siyasi-iqtisadi məsələlərin inkişafına çox kömək göstərə bilər. Nakaşidze şalvarının balağına yapışan pıtırğanı çırpdı və dedi:

– Gözəl fikirdir, zati-aliləri. Bu təşəbbüs burada köçəri həyat sürən tərəkəmələr üçün də faydalı olacaq. Dostunuz Morozov cənabları xeyirxah iş görür. Dondukov-Korsakov əsas mətləbə keçdi:

– Vot, vot! Qafqazın təsərrüfatını Ümumrusiya bazarına sıx qovuşdurmaq lazımdır… Siyasət belədir ki, Rusiya sənayesinin pambığa, yuna və ipəyə olan ehtiyacını ödəmək üçün Qafqazda, xüsusən Yelizavetpol quberniyasının təsərrüfatına diqqət artırılsın. Allahyar bəy az-maz rusca bilsə də dilmanc Şərif bəyi yanından uzağa buraxmırdı. Ona tapşırmışdı ki, Sərdarın ağzından çıxan hər sözü onun üçün tərcümə eləsin. İndi də onu dinləyib fikrə getdi və İsrafil ağaya nəsə demək üçün onun qoluna girdi. Diqqəti körpü tərəfdən gələn səs-küydə olan Nakaşidze, Sərdarın məramını anlayıb onun sözlərini təsdiqlədi:

– Zati-aliləri, doğrudan da, buralar toxuculuq sənayesi üçün əsas xammal bazasına çevrilərsə, çox gözəl olar.

Karvansaraya küy düşmüşdü… Sərdarın gəlişindən xəbər tutan camaat körpünün altından yuxarı qalxıb sağ sahilə axışırdı. Sərdarın yanına kimini maraq çəkib gətirirdi, kimini də dərdi-səri…

Mühafizə dəstəsi və kazaklar əl-ayağa düşmüşdülər. Pristavlar da onlara qoşulub axına qarşı durdular. Sərdarın yanına ən çox can atan kəndlilər idi. Pristavlar |onları atlara döşdədir, ali qonaq eşitməsin deyə astadan döyür, qamçılayırdılar. Cındırından cin hürkən Abdulla kişi Yüzbaşovun ona beli uzunu endirdiyi qamçının zərbəsindən ufuldaya-ufuldaya pristavın anasını ürəyində yaxşı yağlayıb yenə özünü irəli verməyə cəhd göstərdi. Ağstafa pristavı kişiyə yenə bir qamçı çəkdi:

– Ay heyvan, özünü hara soxursan?.. Sluşay, mən burada meymun ha oynatmıram, geri çəkil!

Kəndlinin səsində yalvarış qarışıq bir qəzəb duyulurdu.

– Məni Sərdarın yanına buraxın, şikayətim var… Körpü tərəfdən gələn səs-küyü eşidən və eyni zamanda İsrafilbəyovun həyəcanlı halda qubernatorun qulağına nəsə pıçıldadığını görən Sərdar sorğulu gözlərini Nakaşidzeyə dikdi.

– Orada nə olub?

Narahat halda İsrafilbəyova göstəriş verən qubernator dedi:

– Heç nə olmayıb, zati-aliləri. Camaat sizi görməyə can atır.

Allahyar bəy dostunun sözünə qüvvət verdi:

– Onlar sizin mübarək gəlişinizdən feyziyab olublar. Sizi alqışlayırlar.

Sərdar bu sözlərə inandı. Amma yenə nədənsə şübhəli qaldı.

– Camaatın dolanacağı necədir? Mustafa ağa əlaltılıq elədi:

– Şükür allaha! Böyük əlahəzrətin atalıq qayğısı sayəsində xalqın güzəranı çox yaxşıdır.

Qubernator dedi:

– Torpaq islahatı kəndlilərə çox imtiyazlar verib… Qafqaz Sərdarı fəxrlə təqdir etdi:

– Vot, vot! İmperator əlahəzrətlərinin böyük xidmətləri var. Gecə-gündüz xalq üçün çalışır. O, peyğəmbər kim bir insandır, hamıya bir gözlə baxır…

Bu xoş sözlərdən, mədhlərdən sonra araya birdən-birə sükut çökdü. Elə bil arada qəfildən bir boşluq yaranmışdı və hamı bu dərin boşluğa yuvarlanıb oradan geri çıxa bilmirdi. Allahyar bəy bu vəziyyəti ört-basdır eləmək üçün söhbəti əvvəlki məcrasına qaytardı:

– Zati-aliləri, bu qəzada doğrudan da səfalı yer çoxdur. Hər guşəsi bir seyri-gülüstana bənzəyir.

Sərdarın baxışları çayın üstündən o taya adlayıb meşənin üstündə gəzdi. Keçən günlər yada düşdü.

– Bilirəm, bəy, xüsusən Kür sahili, bu Qarayazı tərəflər çox gözəldir. Mən bir-iki dəfə bu meşəyə qaban ovuna gəlmişəm.

– Bu tərəflərdə ceyran-maral da çoxdur! – bunu deyən İsrafil ağa idi. Lakin onun bu sözü hədəfə dəyməyən güllə kimi yan keçdi, diqqətsiz qaldı.

Sərdarın xəyalı da baxışları arxasınca sularda axdı, xeyli sonra geri dönüb qubernatora üz tutdu:

– Meşə dedim yadıma, vot-vot… bir məsələ düşdü. Aleksandr Dmitriyeviç, nəzərinizə çatdırıram ki, bu günlərdə Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyası bağlanmışdır.

Sərdarın sağ tərəfi ilə addımlayan Nakaşidze necə oldusa, indi də onun sol tərəfində peyda oldu. Və gizli maraq içində soruşdu:

– Nə üçün, zati-aliləri? Sərdar izah etdi:

– Ona görə ki, həmin akademiya elm ocağına yox, inqilab ruhlu şəxslərin yığnağına çevrilmişdir. Artıq oranın məzunları nəzarət altında saxlanılır.

Körpüdəki izdiham yatırılana kimi Sərdarı burada ləngitmək istəyən Nakaşidze fikirləşdi: «O nə üçün akademiyadan söz saldı? Görünür, bunun bizim quberniyaya da dəxli var?».

Qubernator arxadan gələn xüsusi tapşırıqlar üzrə baş məmur Məmməd bəyin üzünə ani bir nəzər saldı. Onların baxışları qarşılaşdı. Və bu narahat baxışdan bəlli oldu ki, əgər o bu barədə bir şey bilirsə, irəli durub cavab versin. Məmməd bəy başını astaca sinəsinə əyib göz qapaqlarını örtüb-açmaqla Nakaşidzeni arxayın saldı.

– Zati-aliləri, o məzunlardan biri də bizim quberniyada qulluq edir.

Sərdarın qalın dodaqlarında xəfif bir təbəssüm gəzdi:

– Vot, vot! Bəs mən bu haqda boş yerə söhbət açmadım ki? Koneçno, burada elə bir adam var. Familiyası dilimin ucundadır. Mən onun barəsində dövlət mülkiyyəti idarəsinə göstəriş vermişəm.

Sərdara yaxınlaşan Məmməd bəy dedi:

– Familiyası Vəzirovdur. Dilicanda meşəbəyi işləyir.

– Bəli, bəli, yadıma düşdü. Nəcəf bəy Vəzirov. Əvvəllər o, Tərtər nahiyəsində işləyirdi.

Nakaşidze qiymətli bir şey tapmış kimi sevindi:

– Vot, vot! – Sərdar əlini qubernatorun çiyninə qoyub yenə ayaq saxladı.

– Həmin o Vəzirov cənabları da akademiyada inqilab ocağına yağ tökənlərdən biri imiş.

Bəli, Nəcəf bəyin də əskisi tüstülü idi. Vaxtilə onun təhsil aldığı Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyası inqilabi ruhlu tələbələr yuvası kimi çar jandarm idarəsini çox qorxuya salmışdı… Orada mövcud ictimai quruluşa qarşı tez-tez çıxışlar olurdu, mütləqiyyət əleyhinə gizli təşkilatlar yaranmışdı. Belə təşkilatlardan biri də Nəcəf bəy Vəzirovun öz dostları ilə təşkil etdiyi «İmdadiyyə» dərnəyi idi. Moskva və Peterburqda oxuyan qafqazlı tələbələri birləşdirən və onların arasında inqilabi təbliğat aparan bu dərnək qızğın fəaliyyət göstərirdi. Onun üzvlərindən biri Əbülfət Şahtaxtinski hələ o vaxt Nəcəf bəyə yazmışdı: «Mən «İmdadiyyə»nin nizamnaməsini aldım. Bizim məqsədimiz – çirkinliklərin kökünü kəsən çoxlu əllər hazırlamaqdır. Biz ağlın qüvvəsiyik, bizim silahımız bilikdir. Biz cəhalət, avamlıq əleyhinə mübarizə aparmalıyıq…»

«İmdadiyyə» dərnəyi çar hakim dairələrinin diqqətini cəlb etmiş, hətta çar II Aleksandr Nəcəf bəy haqqında yazmışdı: «Göstərilən şəxsə diqqət yetirmək lazımdır». Bu göstərişdən bir az sonra Moskva quberniya jandarm idarəsi polis departamentinə bildirmişdi ki: «…Qafqaz əhli Vəzirov akademiyanın meşəçilik şöbəsinin dördüncü kursundadır, Qafqazlı tələbələrin dərnək təşkilatçısı hesab edilən Vəzirov dövlət əleyhinə olan zərərli əqidəsi ilə öz dərnəyinə qüvvətli təsir göstərir»…

Elə o vaxtdan həmin təhsil ocağının adı hər yerdə inqilabi qığılcımlar səpən qorxulu bir təşkilat kimi çəkilirdi… Bəli, o vaxtdan Nəcəf bəyin də, necə deyərlər, əskisi tüstülü idi.

Dondukov-Korsakov sözünə bir az ara verəndən sonra əlavə elədi:

– Çox güman ki, onun Qaçaq Kərəmlə də əlaqəsi var. Dilican meşələrində tez-tez görüşürlər. O, yəqin ki, Kərəmi siyasətə çəkir. Qaçaqları ruhlandırır.

Nakaşidze heyrətlə başını buladı:

– Hökumət əleyhinə təbliğat aparmaq üçün gör özünə nə xəlvət yer seçib?

Sərdar qayğılı bir tövrlə xəbərdarlıq etdi:

– Onun qaçaqlarla bu ittifaqından… vot, vot, od törəyə bilər. O, zidd məslək bir şəxsdir…

Sərdarın Tiflisdə otura-otura hər şeydən xəbərdar olması onu əhatə edənləri heyrətə gətirmişdi. Qubernator göstəriş almaq məqsədilə:

– Zati-aliləri, məsləhətiniz nə olacaq? – deyə xəbər aldı. – Mən günü bu gün… Sərdar:

– Hələlik qoyun işləsin, – dedi. – Amma gözdən qoymayın, yaxşı-yaxşı izləyin… Bir şey olsa, mənə məlumat verin.

– Baş üstə! – Nakaşidze söz verdi.

– Vot, vot! – Sərdar əllərini arxasında çarpazladı.

Onlar geri döndülər. Qançelini yenə fikir götürmüşdü: «Harda cəncəl bir iş varsa, gərək elə mənim baxtıma düşə. Ah, o meşəbəyi! Doğrudan da çox bic, bilmiş adama oxşayır…»

Salahlı pristavı Yeqor bəy bu vaxt gəlib qubernatora xəbər verdi ki, izdiham dağıdılmışdır. Əmin-amanlıqdı. Səs-küy salanların hamısını körpünün altına qovmuşlar.

Yeqor bəy aralanandan sonra Nakaşidze ali qonağa Salahlıda nahar edəcəklərini bildirdi.

Sərdar dedi:

– O kənd məşhur kənddir. Eşitmişəm. Vot, vot, məmnuniyyətlə mən oranı görmək istərdim.

Annaq bəy iftixar hissi keçirdi. Allahyar bəy dilləndi:

– Zati-aliləri, düz buyurursunuz, Kür boyu bu obalardan çox adlı-sanlı adamlar çıxıb…

Sərdar cibindən gümüş bir qutu çıxarıb içindən siqar götürdü.

– Onlardan birini tanıyıram. Qarabağda vəzirlik edən salahlı şair Vaqif haqqında Tiflis məclislərində çox eşitmişəm. O, istedadlı diplomat olub. Həm də Tiflisi, Tiflis gözəllərini yaxşı vəsf edib… – Sonra sözünə ara verib başqa fikir söylədi:

– Ümumiyyətlə, Qafqazda bu azəriləri kimi tatar, kimi türk adlandırır. Bu, tamamilə düz deyil, çünki tatarlar monqol tayfalarına mənsubdur. Doğrudur, azərilərin damarlarında cüzi miqdarda yadellilər qanı vardır… Bu isə yalnız monqol və ərəb işğalları nəticəsində əmələ gəlmişdir. Əslində isə tarixdən məlumdur ki, xalq qədim Oğuzların törəmələridirlər. Onlar təbiətən çox istiqanlı, ağıllı, igid və mərd olurlar.

…Kareta və faytonlar yenə hazır vəziyyətdə yolda qatarlanmışdı. Qafiləni Tiflisdən gətirən yorğun atlar çaparxanada açılmış və Qazax atları ilə əvəz olunmuşdu.

Karetaya sarı gələn Sərdar birdən yerindəcə qurudu. Qarşıda dəhşətli bir səhnə canlanırdı. Əti ürpəşdi. Gözlərinə inanmadı. Üzünü yana çevirmək istədi, amma alov içindən boylanan baxışlar onun baxışlarını buraxmadı. Doğrudanmı, körpünün başında özünə od vurub yandıran canlı insan idi?

Hamının nəzəri ora dikilmişdi. Paltarı yana-yana Sərdarın yanına can atan Abdulla kişini irəli buraxmırdılar. Qabağına tüfəng cidalarından çəpər çəkmişdilər.

Sərdar bayaqkı narahatçılığı indi anladı. Allahyar bəyin yağlı sözləri qulaqlarında cingildədi: «Onlar sizin mübarək gəlişinizdən feyziyab olublar, sizi alqışlayırlar»…

Sərdar qaş qabağını sallayıb qubernatoru süzdü; Nakaşidze İsrafilbəyova baxdı. İsrafilbəyov Qançeliyə nəzər saldı, Qançeli gözünü pristava dikdi, pristav günahkar kimi yazıq-yazıq çiynini çəkdi. Yenidən bütün diqqət hadisə yerinə yönəldi. Batan günəş doğan aya çəpəki baxan kimi Abdulla kişini dövriyə alan kəndlilər də Sərdara və onu əhatə eləyən əyanlara elə baxırdılar. Hamının yumruqları düyünlənmişdi. İsrafilbəyov qubernatorun qulağına nəsə pıçıldadı.

Nakaşidze dilləndi:

– Zati-aliləri, ona baxıb qanınızı qaraltmayın… Deyirlər o dəlidir… Ağıldan bir az kəmdir…

– Nə istəyir? Kefinə soğan doğranan Sərdar ayağını karetanın üzəngisinə qoydu.

Dondukov-Korsakovun təbiətinə bələd olan və karetanın qapısı ağzında qubernatorla yanaşı dayanan İsrafilbəyov cavab verdi:

– Zati-aliləri, kəndlinin borcu istəmək, bizim borcumuz rədd eləməkdir.

Kənarda dayanan Allahyar bəy onun sözünü kəsdi:

– Zati-aliləri, düz buyurursunuz, dava torpaq davasıdır.

Sərdar karetaya əyləşdi: |

– Axmaq kəndli! Elə bilir ki, mən bura torpaq paylamağa gəlmişəm.

O, gözlərini süzdürərək, qanrılıb Abdulla kişiyə tərəf boylandı. Onun baxışında bu sözlər oxundu: «Yan, köpək oğlu! Narazının biri az olar!»

Sərdar soyuqqanlıqla:

– Onun odunu söndürsünlər!.. Özünə də deyin ki, şikayətinə baxılacaq.

Sözü əsl mənada başa düşən İsrafilbəyov:

– Baş üstə! – dedi. Sərdar özünəməxsus qürurla:

– Vot kakie zveri vstreçayetsa v naşem çarstve! Nakaşidze polkovnik Kazaçkovskiyə rusca dedi:

– Bu tatarları biryolluq yerlərində oturtmaq lazımdır. Yaman baş qaldırıblar…

Polkovnik arxayın-arxayın ona cavab verdi:

– Narahat olma, əzizim, tezliklə hər şey biz istəyən kimi olacaq!

Qafilə tərpəndi.

* * *

Salahlı kəndi Kürün sahilində yerləşirdi. Ziyafət Hacı Emin ağanın evində təşkil edilmişdi. Qala kimi dörd tərəfi çay daşları ilə hündür hasarlanmış həyətdə dəm-dəsgahlı, ulu bir məclis qurulmuşdu. Qubernatorun göstərişilə bu məclisə seçmə şəxslər dəvət olunmuşdu. Müxtəlif xörək və içkilərdən sonra zərrin süfrələrə müxtəlif şirniyyat, çərəz, mer-meyvə, yer-yemiş, çillə qarpızı, gülabdan, reyhandan hazırlanmış şərbətlər düzülmüşdü. Qonaqların başı üzərindəki üzüm talvarından sallanan kəhraba salxımlar, hovuz üstündə çətirlənən heyvanın xoş ətirli sarı barları, qabığı partlamış gülöyşə narlar qızılı yarpaqlar arasında göz oxşayırdı…

Qonaqların kimisi indi əlvan çini fincanlarda pürrəng çay, kimisi də ətirli Yəmən qəhvəsi içirdi. Bəylərin zəif damarını tutmağı bacaran Sərdar onların şəninə bayaq badə qaldırıb bir neçə xoş söz demiş və sonra da bəylərin toxunulmazlığından söhbət açmışdı.

– Mən göstəriş vermişəm ki, dövlət idarələri sizlərə lazımi ehtiram yaratsınlar!

…İndi isə söhbət yenə Kərəmdən düşmüşdü… Sərdar dizləri üstünə baş qoyan cüyür balasının başını oxşaya-oxşaya İsrafil ağaya dedi:

– Cənab Kərbalayev, Kərəm qaçaq düşən gündən bəri siz heç onunla üz-üzə gəlmisinizmi?

Hamı İsrafil ağanın bu suala verəcəyi cavabla maraqlandı. Baxışlar ona zilləndi. Mehdi ağa tərcüməyə başladı:

– Bəli, zati-aliləri, – dedi İsrafil ağa. – Bir dəfə rastlaşmışıq.

– Vot, vot, bəs güllələriniz nə üçün boşa çıxıb? Sərdarın bu sözü İsrafil ağanın şəstinə dəydi, tutuldu. Udquna-udquna dedi:

– Xeyr, zati-aliləri, mənim gülləm heç vədə boşa çıxmır.

Sərdarın dodaqlarında xəfif bir təbəssüm gəzdi.

– Oo!.. Mən buna şübhə etmirəm. Amma xəncəri iki yol sıyırmazlar… Vot, vot! Siz gərək onu əldən buraxmayaydınız!..

İsrafil ağa üzünü əvvəl dilmanca, sonra ali qonağa tutdu:

– Zati-aliləri, əvvəla Kərəm uzaqdaydı, güllə çatmazdı, sonrası da tərkində oğlan uşağı vardı, qorxdum güllə uşağa dəyər.

Sərdar əvvəl yarı istehza ilə «uşaq!?», sonra isə ciddi dedi:

– Gərək ataydınız!

– Zati-aliləri, bizim yerdə arxadan güllə atmaq dədə-babadan kişilik sayılmır.

Sərdarın səsindəki ahəng dəyişdi:

– Boşlayın bu yersiz Şərq ədalarını! Kişilik!.. Əhd-vəfa! – Bunların hamısı artıq vaxtı keçmiş məfhumlardır!

Bu sözlərin ağırlığından tutulan İsrafil ağa susmaq istədi, amma təbiəti buna yol vermədi. «Yoxsa, kişilik də daha icazəynəndi, xəbərim yoxdur?.. Axı, hər elin, obanın öz adəti var. Hamını bir arşınla ölçmək olmaz! Doğrudu, adət qanun deyil, əmbə qanun kimi hökmü var». O, belə düşündü, lakin sakit bir tərzlə dedi:

– Zati-aliləri, hər halda vicdan rahatlığı siyasətdən irəli, daş-qaşdan qiymətlidir.

Cavab Nakaşidzenin də xoşuna gəlmədi, ürəyində fikirləşdi. «Bunun heç kimdən qorxusu-ürküsü yoxdur. Düşünmür ki, Sərdara elə dik cavab vermək olmaz. Əyalət kübarı!».

Qubernatora kəm nəzər salan Sərdarın ötəri baxışları İsrafil ağaya zilləndi.

– Xeyr, cənab bəy, səhviniz var! Vicdan da, kişilik də, vot-vot, əhd-vəfa da – hamısı indi bizim siyasətə qulluq-etməli, bizim siyasətə qurban getməlidir, – deyə ona qəti cavab qaytardı.

Sərdarın dediklərini heç cür ağlına sığışdıra bilməyən İsrafil ağanın gözünün altı səyridi. Bu əlamətin mənasını təkcə dostu Annaq bəy anladı. İsrafil ağanın dişi bağırsağını kəsirdi. «Eh, içi mən qarışıq bizim hər birimizi dərindən qurdalayan olsa görəcək ki, içimizdə əfi ilan yatır. Bu həyatda hər birimizin o qədər suçumuz var ki, sorğu-sualsız yerimiz Sibirdi. Amma hərə bir donda cilvələnir, özünü əməli-saleh bir adam kimi göstərir…»

Arada gərginlik yaradan bu söhbətlərin get-gedə dərinləşdiyini hiss eləyən, ceviz ləpəsi ilə kişmiş yeyən Allahyar bəyin hərəkətdə olan çənəsi dayandı, dodaqları tərpəndi. Dilmanc Şərif bəyin vasitəsilə belə dedi:

– Zati-aliləri, İsrafil ağa həm də şairdir. Odur ki, bir qədər ürəyiyumşaq adamdır.

Sərdar artıq alınmışdı, kinayə ilə dedi:

– Yaxşı deyək ki, İsrafil ağa şairdir. Onun bir uşağa yazığı gəlir, amma Kərəmin öldürdüyü neçə-neçə kazaka, polisə, koxaya, bəyə yazığı gəlmir… Vicdan, kişilik bu cinayətlərə necə yol verir!?..

İsrafil ağanın yenə gözünün altı səyridi. Özünün xəbəri olmadan əlini xəncərinin dəstəyinə apardı. Lakin ona heç kəs fikir vermədi. Hamını Sərdarın cingiltili səsi ovsunlamışdı:

– Bəs siz?! – ali qonağın nəzərləri Hüseyn bəyə zilləndi. – Mən baş aça bilmirəm, bəs siz nə ilə məşğulsunuz?.. Əlinizdə nə qədər cəza dəstələri, el atlıları var… – O bir udum şərbət içib sözünə davam elədi:

– Kərəmin hər hücumu ölümlə nəticələnir. – Qubernatora üz tutdu, – Aleksandr Dmitriyeviç, böyük bir quberniyanı sizə tapşırmışıq. Vot, vot! Bu işlər xoşagəlməzdir!

İçində dənələnmiş gülöyşə nar olan nimçəni Sərdara sarı itələyən İsrafilbəyov dedi:

– Zati-aliləri, Kərəmi saxlayan eldir. El arasında dost-aşnası çoxdur. Onlarla əlaqəsi elə möhkəmdir ki, onu tutmaq, ya öldürmək üçün görülən tədbirlərin heç biri baş tutmur.

Polkovnik Kazaçkovski içdiyi qəhvəli fincanı güllü nəlbəkiyə qoydu.

– Onun nəinki xalq arasında, hətta dövlət idarələrində də dostları var, – dedi. – Əgər onun üstünə gizli bir hücum hazırlanırsa, Kərəm vaxtında xəbər tutur… Onu təqib edən bizim atlı dəstələr adətən uğursuz qayıdırlar.

…Deyilənlərə gözləri yol çəkə-çəkə sakitcə qulaq asan Sərdar artıq tamam başqalaşmışdı. İlk nəzakət, ilk nəciblik get-gedə hədəyə, hökmə çevrildi.

– El-el!.. Eli başa salmaq lazımdır ki, o, vəhşidir, quldurdur! Yol kəsir, adam öldürür! O ki, qaldı dövlət idarələrindəki dostlarına… Hamısını tutub birbaşa Sibirə göndərmək lazımdır. Qoy başqalarına da dərs olsun ki, nə dövlət düşmənlərinə, nə də onların havadarlarına aman yoxdur!

Sərdarın qəzəbləndiyini görən qubernator onu sakitləşdirməyə çalışdı: – Zati-aliləri, siz haqlısınız… Biz söz veririk ki… Sərdarın qaşları çatıldı:

– Söz vermək azdır, iş görmək lazımdır! «Kənardan baxana döyüş asan gəlir» – deyə Qançeli düşündü və dedi:

– Zati-aliləri, biz Kərəmi tuta bilərik. Amma bir məsələ var ki, ermənilər, gürcülər də ona kömək edirlər. Biz vuruşa-vuruşa onun üstünə gedirik, o isə dara düşən kimi onların torpağın adlayır, özünə sığınacaq tapır. Sonra yaraqlanıb təzədən üstümüzə gəlir.

Sərdar çevrilib yavərə tapşırıq verdi:

– Mənim adımdan teleqram hazırla… Qafqazın bütün qəza rəislərinə bir vəzifə olaraq tapşırılsın ki, Kərəm kimin ərazisində görünsə və tutulmasa, o, şiddətli cəzaya cəlb ediləcək. El arasında kim Kərəmə silah, azuqə, evində sığınacaq verərsə, onun yeri o əraziyə baxan koxa ilə bərabər Sibir olmalıdır!..

Sərdarın məsələyə ciddi əhəmiyyət verdiyini görən qubernator canfəşanlıq göstərdi:

– Zati-aliləri bizə çoxlu silahlı qüvvə, top-tüfəng lazımdır. Qoşun olsa, biz Kərəmi və Bozalqanlı Tanrıverdini tez tuta bilərdik.

Cüyür Sərdarın yanından aralanıb sahibinin yanın getdi. Hacı Emin ağa ona ovcunda kişmiş verdi. Sərdar dizinin üstünü yüngülcə çırpıb ayağını ayağının üstünə aşırdı.

– Mən bu haqda artıq fikirləşmişəm, – dedi. – Yelizavetpoldan Tiflisə qayıdan kimi sizə dörd-beş yüz nəfərdən ibarət bir qoşun göndərilməsi barədə sərəncam verəcəyəm.

Nakaşidze öz adından və bütün bəylər adından ali qonağa minnətdarlığını bildirmək istəyərkən, Sərdar yenə dilləndi:

– Həmin qoşuna Dağıstan süvari alayının komandan Arçil Çavçavadzeni təyin edəcəyəm. Onun belə işlərdə böyük səriştəsi var.

Məclisdəkilərin hamısı Sərdarın ağzına diqqət kəsilmişdi. O, nəfəsini dərib, nə isə fikirləşdi və əlavə elədi:

– Amma onu deyim ki, sizin çox işlərdən hələ xəbəriniz yoxdur. O tərəflərdə də vəziyyət o qədər yaxşı deyil.

Sərdarın etirafı, onun belə açıq-saçıq danışma bəylərə böyük etimad və etibar əlaməti kimi səsləndi. Lakin heç kəs cürət edib soruşmadı ki, zati-aliləri, «o tərəflər» deyəndə hansı tərəfləri nəzərdə tutur. Nəhayət, Sərdar əsas mətləbə keçdi:

– Məsləhət belədir ki, hələlik öz qüvvənizə arxalanasınız. Vot, vot! Qoşun gələnə kimi vaxt çox çəkər. «Halva, halva deməklə ağız şirin olmaz!». Səy edin bir qurğu qurun! «Qalalar içəridən alınar». Xırda bir daş da bəzən böyük karetaları çevirir. İsrafil ağa, siz də təşəbbüsdə bulunun. Bu cənablara kömək durun…

– Baş üstə! – dedi İsrafil ağa.

Mustafa ağa düşünürdü: «Zati-aliləri, deyəsən, bizi qabağa vermək istəyir. Əmbə xeyr, «keçəl suya getməz!» Bunun düşər-düşməzi olar. Hər kəs öz düşməninə cavabdehdi… Mən niyə İsrafil ağanın dərdini çəkim?»

Nakaşidze Sərdara tərəfdar çıxdı:

– Elədir, qaçağı çoban-çoluq öldürər!.. – O, üzünü Qançeliyə tutdu. – Bir yığılın məsləhətləşin, görün bu işə kimi qoşursunuz?

Dondukov-Korsakov dedi:

– Hanı sizin dəliqanlı qoçularınız? Kərəmi tutana birinci özüm mükafat verəcəm. – O bu barədə bir neçə yaxşı məsləhət verəndən sonra əlavə elədi: – Kərəmin bu hərəkətlərindən sinfi ziddiyyət qoxusu gəlir. Əgər siz bu gün onun törətdiyi cinayətlərə son qoymasanız, sabah onların get-gedə böyüyən dəstəsi qarşısında dayana bilməzsiniz. Siz elə etməlisiniz ki, belə çıxışlar böyüyüb xalq hərəkatına çevrilməsin.

Sərdar saatına baxdı. Artıq getmək vaxtı idi. Bu zaman qubernator hacı Emin ağaya işarə elədi. Eyvanda bu işarəni gözləyən hacı Emin ağanın şümşad boylu oğlu hədiyyələri əlüstü gətirdi. Hədiyyələrin biri üstü yaqut qaşlarla bəzədilmiş qızıl papiros qutusu, o birisi isə Qazax çeşnisi ilə işlənmiş iri bir xalça idi. Hədiyyələr nümayiş etdiriləndən sonra xalçanı karetaya apardılar, qızıl qutunu isə Sərdar cibinə qoydu.

* * *

…Aradan bir gün keçmiş Qançeli, Sərdarın məsləhətinə əməl edərək qəzanın adlı-sanlı bəylərini gizli məşvərətə çağırmışdı. Axşam saat səkkiz idi və hamı artıq cəm olmuşdu. Kabinetdə on beş nəfər adam vardı.

Üstü yaşıl mahud örtüklü iri masanın arxasında əyləşən qəza rəisi papirosunu külqabıda söndürüb ayağa qalxdı. O bu gün çox yorğun görünürdü. Göy gözlərinin altı şişmiş, qırmızı yanaqlarının rəngi qaçmışdı. Bunların hamısı dünənki gərginliyin və Sərdar gedəndən sonra Qazaxda davam edən qonaqlığın əlamətləri idi. O, qələmdanın yanındakı balaca zınqırovu əlinə alıb silkələdi. Bununla həm kabinetdəki söz-söhbəti kəsdi, həm də qəbul otağında əyləşən baş kargüzar içəri girib qapı ağzında əmrə müntəzir dayandı.

– Daha içəri başqa adam buraxma! Məmur:

– Baş üstə! – deyib kabinetdən çıxdı.

– Cənablar! – Qançeli sözə başladı. – Mən sizi bir məsələ üçün çağırmışam. Hamınız yaxşı bilirsiniz dünən Qafqaz Sərdarı bizim qəzada idi. Burada əyləşən İsrafil ağa, Annaq bəy də şahiddir ki, zati-aliləri hacı Emin ağanın evindəki qonaqlıqda sizin – Qazax bəylərinin şərəfinə badə qaldırıb necə xoş sözlər dedi…

Sonra o, Sərdarın sözlərini yad edərək gələcəkdə Qazağın necə gözəl bir diyara çevriləcəyindən, burada şirkətlər yaranacağından danışdı.

– Qəzada gördüyümüz işlər də zati-alilərinin çox xoşuna gəldi. Ancaq açıq deyim ki, bir məsələdən narazı getdi. Bu da Qaçaq Kərəmin indiyədək asudə gəzməsidir. Dedi, eşitdiyimə görə, Qazaxda elə nər oğlanlar var ki, Kərəmi diri-diri udar. Amma nədənsə heç kəs bu işə baş qoşmur.

Bu məclisə dəvət olunmuş dağkəsəmənli Qurban ağa yerindən dilləndi:

– Zati-aliləri düz deyir. Kərəm kimdir ki, İsrafil ağa onun əlində aciz qalıb?! O, mənim düşmənim olsaydı, indi onu çoxdan öldürmüşdüm…

Otağın bir küncündə, yumşaq meşin kürsüdə oturan İsrafil ağa mənalı-mənalı qımışaraq başını tərpətdi.

Qəza rəisi ona kəmərbəstəlik eləyən Qurban ağaya etirazla dilləndi:

– Yox, Qurban ağa, elə demə, Kərəmin kimliyini heç kəs bilməsə də, biz yaxşı bilirik… O, artıq tək İsrafil ağanın düşməni deyil!

Qançeli yenə Sərdarın sözünü təkrar etdi:

– Kərəm bu cəmiyyətin, quruluşun düşmənidir! Bu vaxt qapı cırıltı ilə açıldı… Qəza rəisi söhbətini yarımçıq kəsdi. Baxışlar qapıya dikildi. İçəri ucaboylu, enlikürəkli, burmabığlı, üstü yar-yaraqlı bir adam daxil oldu. Bu Xanlıqlardan Əhməd bəy idi. Bura çağırıldığından gec xəbər tutduğu üçün gecikmişdi. O, ümumi salam verib Çaylı Qasım bəyin yanında oturdu. Ondan əvvəl söhbətin nədən getdiyini yan-yörəsindəki bəylərdən soruşub məsələdən xəbərdar olan Əhməd bəy dedi:

– Nəçənnik, indi bizdən nə asılıdı?

– Kərəmi aradan götürmək lazımdı! – dedi Qançeli. – Doğrudan da nə çoxdur bizim dəliqanlılarımız, bəylərimiz! Məsləhətlə atılan daş uzağa düşər. Gəlin, məsləhətləşək, görək bu işə kimi qoşmaq olar?

O, stoldan aralanıb məxfi sənədlər saxlanılan dəmir seyfdən bir dəstə əskinas çıxardı.

– İkinci də, – dedi. – Bu, çox ciddi və çətin bir məsələ olduğu üçün biz bu işə böyük də maya qoymalıyıq. Kərəmi öldürən adama böyük mükafat vermək lazımdı…

Qançelinin bugünkü məşvərətinin əsas məğzi, sözünün əsas canı da elə bundan ibarət idi. Kimsə dedi:

– Pul olsa, adam tapılar.

Qəza rəisi əlindəki pulu ortalıqdakı uzun stolun üstünə atdı.

– Beş yüz manat. Bu mənim xələtim! – deyə elan etdi. Qurban ağa ayağa qalxıb dedi:

– Kərəm bu cəmiyyətin düşmənidirsə, bu işlə siz nəçənniklər məşğul olmalısınız. Hökumət də bu səbəbə pul buraxmalıdı… Biz niyə pul verək ki?!

Bu vaxt Əhməd bəy ortalığa çıxdı. Və stolun üstünə o da beş yüz manat pul qoydu. Qançeli Qurban ağaya cavab verdi:

– Orası elədir, amma Kərəm bizim mahaldandır. Həm də bu məsələ zati-alilərinin təklifidir. Bizim borcumuz onun sözünü yerinə yetirməkdir.

Qasım bəy fikrə getmişdi. «Yaxşı, deyək ki, biz Kərəmi öldürdük, dəstəni də dağıtdıq. Bununla bu dünyanın işləri düzələcəkmi? Kərəm bir döyül, iki döyül, yaz göbələyi kimi ildə biri pırtdayıb çıxır»…

İnadı bu yerlərin qarı kimi tez əriyən Qurban ağa nə fikirləşdisə, bir az aşağı dabana düşdü:

– Nə deyirəm, palaza bürün, elnən sürün. Təki düşmən ölsün! – O da qoltuq cibindən pul çıxarıb saymağa başladı.

Bəylər elə bil, bir-birinin bəhsinə girmişdi və biri-birindən varlı olduğunu nümayiş etdirməyə çalışırdı. Bu işə səkkiz yüz manat pul verən də oldu. Beləliklə, getdikcə stolun üstündə pullar qalaqlanırdı.

Hamıya göz qoyub siyahıda adlarını qeyd edən Qançeli gördü ki, İsrafil ağa yerindən tərpənmir, özü də deyəsən, pul vermək fikrində deyil.

– İsrafil ağa, bəs siz cənabları?

Yumşaq kürsüyə sərilib bığlarını eşən İsrafil ağa dillənmədi, fikirli-fikirli qəza rəisinə baxdı. Bu vaxt stolun üstünə pul salıb yerinə qayıdan Qurban ağa zarafat edirmiş kimi söz atdı:

– Ləçənnik, bu könüllü olan işdir… bəlkə… birinin pulu yoxdu…

İsrafil ağa bu sözdən alındı, zəhmli bir nəzərlə Qurban ağanı çalıb, pəncərədən həyətdəki yasəmən kolunda civildəşən saysız hesabsız sərçə yığnağına baxdı. Və zahiri bir soyuqqanlılıqla dedi:

– Qurban ağa, o sərçələri görürsənmi? Bax, onların hərəsinə bir şarı onluq ataram!.. Yeri gəlsə, mən Qazağı yerli-dibli satın alaram, Əmbə mən belə şeyə pul verməyəcəm!

– Niyə? – Qançeli soruşdu. – «El gücü sel gücü»… Bu ki sizin zərb məsəldir. Əlin hökmü hökumətin fərmanından güclüdür!

İsrafil ağa çuxasının ətəyini kənara eləyib ayağını ayağının üstünə aşırdı:

– Ona görə ki, kişi düşmənin pulnan öldürməz. Kərəm mənim düşmənimdi, mənim əlimlə də ölməlidir! Bir halda ki, bu işi siz pulnan görürsünüz mən buna qol qoymuram.

Qançeli papiros yandırdı. İsrafil ağanın tünd xasiyyətinə bələd olduğundan səsinin ahəngi dəyişdi:

– İsrafil ağa, biz yalnız sənə kömək etmək istəyirik. Ona görə də bu işə birinci sən, özün də hamıdan çox pul qoymalısan.

– Qanı qanla yuyarlar, pulnan yox! – dedi İsrafil ağa.

– Allaha şükür, zati-aliləri bu təklifi irəli sürəndə siz cənablar özünüz də orada idiniz ki? – Qançeli cavab verdi.

İsrafil ağanın gözünün altı səyirdi. Daha dinmədi… Araya sükut çökdü. Bu sükutdan yaranan ağırlıq yavaş-yavaş bəylərin çiyinlərinə qondu, hər kəs öz xəyalı ilə tək qaldı.

…Stolun üstündə pullar çoxaldıqca Qurban ağanın başında dumanlı fikirlər çaxnaşırdı: «Görəsən, bu pula hansı bəxtəvər sahib olacaq? Böyük məbləğdir».

Qasım bəy dilləndi:

Bəlkə bu işə kal Kamılı qoşaq, qazamatdan təzə çıxıb?

Əhməd bəy ona etiraz etdi:

– Yox, o, mal oğrusudur, belə işə girişməz.

Qurban ağanın beynində yeni-yeni fikirlər yarandı, ürəyi döyündü. Onun evi kəndin qırağında, dikdir bir yerdə tikilmişdi; Qonşuluqda – Əfəndi evindən Məhəmməd adlı kasıb bir kişi yaşayırdı. Məhəmmədin Zibeydə adında gözəl-göyçək bir qızı vardı. Zibeydə sərvboylu, incəbelli, qulac-qulac qumralsaçlı bir qız idi. Zərif dodaqları, incə dişləri vardı. Üzündəki qara xalı xəfif bir təbəssümdən gülgəz yanağının çökəyində gizlənərdi. Bir ildən çox olardı ki, Kərəmlə nişanlanmışdı…

Qurban ağanın eyvanından Məhəmməd kişinin bağı da, həyəti də, az qala evinin içi də aydınca görünürdü. O bu eyvandan oğrun-oğrun Zibeydəyə nə qədər baxmışdı. «Nə olsun ki, Kərəmə nişanlıdı? Qaçaqdan ona ər olmaz! O mənim olmalıdır!» – deyə hərdən Qurban ağa xəyal edirdi. Kişinin qıza gözü düşmüşdü, onu özünə ikinci arvad eləmək fikrindəydi: «Bəlkə əlaltdan adam göndərim atasının, özünün ağzını arasınlar?..»

Ücretsiz ön izlemeyi tamamladınız.

₺66,22