Kitabı oku: «Qaçaq Kərəm», sayfa 6
«Qəbiristan bizim əzəlimiz, dünənimizdir… Elin keçmişini şumlayıb yox eləmək, onu yer üzündən büsbütün silmək deməkdir! Əclaflığın dərəcəsinə bax ki, qəbiristanlıqdan da qazanc götürürlər!?» – belə düşünən Kərəm yanardağ kimi odlandı, üzünü qoca sərkərə tutdu:
– Elə İsrafil ağa bir şillə ilə kifayətləndi?! Pirverdi:
– Dünən qazi Bayram kənddə bizə gəlmişdi. Ordan-burdan gap eləyəndən sonra hələ bu qəbiristan məsələsində düşdü… İnsafən, o da dedi ki, doğrudur, Mehdi koxa İsrafil ağadan qubernatora bir sicilləmə şikayət yazıb. Əmbə, ağa gərək onu bir yolluq öldürəydi. Elin heysiyyətinə toxunmaq olmaz. Sonra səni soruşdu. Dedi ki, Kərəmi tutmaq üçün divana təzədən möhkəm tapşırıq verilib. İndi yaman əlamandadırlar. Onu görüb eləsəniz, deyin, buralardan uzaqlaşsın.
Sükutu heç kəs pozmaq istəmədi. Fikri İsrafil ağa ilə məşğul olan Kərəm nəhayət dilləndi:
– Başı kefdən ayazımayan kəsdən nə ummaq olar?! Beş-altısına əl tutmaq hələ elin qədrini bilmək, qəhrini çəkmək, ona arxa durmaq döyül. Camaatla dərdmən olmaq başqadır.
Süleyman kişi qəlyanına təzə od qoydu:
– Biri ağa, biri koxa! Biri-birinin ətlərini yesələr də sümüklərini çölə atmazlar.
Kərəmin intiqam çeşməsi get-gedə qaynayırdı. Elin tarixinin bir qismi nağıllarda, sözlərdə, söhbətlərdə yaşayırsa, bir qismi də o qəbiristanlıqdakı daş kitabələrin yazılarında ömür sürür! Kərəm ona görə odlanırdı ki, bir elin dünənini silmək, onun bugünkü varlığını danmaq demək idi. Eli təhqir etmək, tapdalamaq demək idi!! Sərkər də qəlyanını sümürə-sümürə elə bumu dedi:
Ora da Kəsəməndir… Ölülər Kəsəməni!.. Bizim də son günümüz oradı… Dədə-babaların yanı!.. Kərəm dilləndi:
– Birinin damını uçursalar o, özünə təzəsini qura bilər. Əmbə, ölü özünə təzədən ev tikməyəcək… Onun xatirəsi ürəklərdə, cəsədi torpaqlardadır… Axirət evinə toxunmaq olmaz! Bu günah heç kimə bağışlanmaz!
Yataqdakılar susmuşdular. Çünki Kəsəmən camaatının bəziləri kimi çobanlar da bu əhvalatdan sonra İsrafil ağanın atasına rəhmət oxuyur, elin qeyrətini çəkdiyinə görə ürəklərində «sağ ol» deyirdilər. Amma iş onların düşündüyü kimi deyildi… İsfəndiyar söhbətə qarışdı:
– Eşitdik ki, Mehdi koxa mal oğruları ilə əlbir imiş, indi üstü açılıb…
– Hə, açılıb… Düzdür.
– Görürsənmi oğurluğu bizim üstümüzə atırdı, köpək oğlu! – deyə İsfəndiyar qızışdı. İşin axırı necə oldu? – İsmayıl soruşdu.
– Necə olacaq, pulun canı sağ olsun… Rüşvət olan yerdə nə haqq, nə divan?!
Kərəm:
– İndi o, canını mənim əlimdən çətin qurtarar! – dedi. – Onun haqq divanını özüm eləyəcəyəm! Onda bilər ki, qəbiristanlığı əkdirməyin cəzası nədir. Süfrəni yığışdıran Binnət dilləndi:
– Köpək oğlunun nə qədər yeri var, yenə də gözü doymur! Kərəm dedi:
– Tamahkarın gözünü torpaq doydurar!
«Bu necə əyyamdır, neçə zamandır?
Ürəklər qan ağlar allah amandır!
İşləyən rəiyyət, kef çəkən xandır,
Ağlayana bir inayət görünmür».
– deyə sonralar şikayət eyləyən çoban Əfqanın indi qəlbində misralanan aşağıdakı bayatının mayası, çox güman ki, elə o gün Mehdi koxa Kürdə boğulan uşağın məzarını şumladanda göz yaşı axıdan arvadların qarğışı ilə tutulmuşdu:
Əzizinəm, Kəsəməndən,
Yol keçər kəsə məndən.
Ölən Poyludan olsun,
Ağlayan Kəsəməndən!
Beləliklə də, Mehdi koxanın ölümünə fərman verildi.
* * *
Gecə yarıdan keçmişdi. Söyünbəyli kəndində yalnız bir evdən işıq gəlirdi. Bura Hüseyn ağanın (Abbasqulu ağanın qardaşı) mülkü idi. Evin pəncərələrindən süzülən işıqda ətrafın qarla örtüldüyü görünürdü və bu bəyaz örtükdə çıraqların şöləsi zəfəran rənginə çalırdı. Lopa-lopa yağan qar dənələri çəmənlikdə qaynaşa-qaynaşa uçuşan ağ kəpənəklərə bənzəyirdi…
Bir həftə idi ki, bu evdə çal-çağır idi. Əvvəli cümə axırı cümə. Bu gün şənliyin axırıncı günü idi. Mərəkədə iştirak eyləyən kənd camaatı artıq dağılmışdı. Hər axşam olduğu kimi, indi də uzaqdan gələn qonaqların bəzisi yatmağa, bəzisi qumar oynamağa hazırlaşırdı.
Kəsməndən gələn Kavı koxa isə kəndə getmək istəyirdi.
O, ev yiyəsinə yaxınlaşdı:
– Söyün ağa, allah xeyir işini mübarək eləsin, gün o gün olsun ki, oğlunun toyuna gələk. İndisə izin ver mən gedim. Pristav tezdən kəndə gəlməlidi… Bir qalmaqal iş var, gərək onu həll eliyək!
Qonaqları bir-bir yerbəyer eləyən ev yiyəsi heyrətləndi:
– A kişi, sən nə danışırsan! Gecənin bu vaxtında, bu qar-boranda hara gedirsən! Gecəni qal, dincini al, qoy heç hava bir az işıqlaşsın! Kavı koxa arxalığının boğazını düymələdi…
– Nə olacax, sabahın açılmasına bir şey qalmayıb…
– Yox, inciyərəm başın haqqı! – dedi Hüseyn ağa və onun qoluna girib qonaq otağına apardı.
Kavı Kərəmin bibisi oğlu idi. Arvad tərəfdən İsrafil ağaya da qohumluğu çatırdı. İsrafil ağa, arvadının dayısı idi. Hüseyn ağa Kavı koxanın İsrafil ağa ilə yaxın olduğunu, bəzən xeyrə-şərə birgə getdiyini də bilirdi. O, öz-özlüyündə yəqinləşdirmişdi ki, İsrafil ağa ilə Kərəmin düşmənçiliyi bu vaxta qədər Kavı koxa ilə İsrafil ağa arasında olan münasibəti pozmamışdır. Odur ki, kişi qonaq otağının qapısını taybatay açıb enli taxtın üstünə yanaşı salınmış yerləri göstərərək dedi:
– Yeriniz hazırdı. Bu sənin, bu da İsrafil ağanın… Hüseyn ağa belə deyəndə Kavı koxa duruxdu. Həmişə ciddi olan sifətinə təşviş qondu. Azca sükutdan sonra nə düşündüsə getməyini bir də təkid elədi.
Qumar oynamağa gedən İsrafil ağa onların söhbətini eşidib ayaq saxladı. «Düzdü, biz bir yerdə çox xeyir-şərdə olmuşduq, əmbə bir otaqda, özü də yanaşı heç vaxt yatmamışıq. Adamdı, bəlkə məndən ehtiyat eləyir? Hər halda Kərəmlə qan qohumudur» – Ürəyində belə götür-qoy eləyən İsrafil ağa dedi:
– A Kavı, pristavı bir az gözlər… Qumar oynamırsan, oynamırsan, get dincəl. Kəsəmənə sabah bir yerdə gedərik!..
Bu sözlər Kavını bir qədər düşündürdü. Çünki bu deyilənlərin başqa mənası da vardı… Bu o demək idi ki, «A Kavı, bu yad yerdə, mənim qohumumun evində sənin başından bir tük də əksik olmaz. Axı, mən İsrafil ağayam, namərd deyiləm…»
Bu incəliyi başa düşən Kavı zarafata keçdi:
– Pristavdan qorxuram. Birdən koxalıq zəncirini əlimdən aldırar, onda necə olsun?!… Kavı koxa ucaboylu, enlikürək, qoçaq, qoldan da zorlu bir kişi idi. Onun Kəsəmənə koxa seçilməsində İsrafil ağanın köməyi olmuşdu. Odur ki, İsrafil ağa:
– Qorxma, – dedi, – yenə bir saqqal tərpədərik, zəncirinə toxunmazlar.
Kavı koxanı yola gətirdilər, burada gecələyəsi oldu.
Kişi fikirli-fikirli yataq otağına keçdi. Bir qədər ortalıqda dayanıb, qərəldə yanan çırağın zəif işığında taxtın üstündə yanaşı salınmış yerlərə baxdı. Gözü sağ tərəfdəki yorğan-döşəyi aldı. Sonra asta-asta açdığı tapança və xəncəri balıncının böyrünə qoydu. Əynindən çıxardığı çuxa və arxalığını kətilin üstünə atdı. Yanını taxtın qırağına verib uzunboğaz çəkmələrini çıxartdı. Yerin içinə uzananda əllərini çarpazlayıb başının altına qoydu və gözləri tavana zilləndi, fikirləri haçalandı:
«Birdən İsrafil ağa fürsəti fotə verməyib, yuxuda ikən onu öldürsə?!.. Belə ola bilərdimi?.. Niyə olmur? Çiy süd əmmişə nə etibar, özü də qan düşmənə». Sonra «lənət sənə şeytan» – deyib başqa cür fikirləşdi: «İsrafil ağagil mənim dayımı, bizim tərəfin adamları da onun əmisini öldürüblər. Bu qanlı ədavəti dərinləşdirmə nə üçün? Nə vaxta qədər bu ədavət davam etməlidir? Axı İsrafil ağanın ölümü ilə bu ədavət qurtarmayacaq, əksinə tüstülənən ocaq yenidən daha şiddətlə alovlanacaq; Bir də İsrafil ağanı yatdığı yerdə öldürməklə Kərəm razılaşarmı? Əyər ona qalsa, İsrafil ağa evində yatdığı yerdə Kərəm pəncərədən onu çoxdan vura bilərdi. Axı, bu düşməndən mərdi-mərdanə qisas almaq deyil!.. Yox, bura qisas yeri deyil. Hər şey öz məqamında…»
Anlar ötdükcə qara fikirlər gah dalğa-dalğa ona hücum çəkir, başında ildırımlar çaxır, gah da külək buludlarını qovmuş səma kimi açılırdı. Nəhayət, o hər ehtimala qarşı xəncərini götürüb balıncının altına qoydu. Otağın soyuq havasından və bütün günün yorğunluğundan yaranmış şirin yuxu get-gedə onu üstələyirdi, kisi isə təslim olmaq istəmirdi…
…Bu vaxt başqa bir otaqda qumar məclisi bərk qızışmışdı. Əlvan zili salınmış enli taxtın üstündə dövrə vurub əyləşmiş bəylər qumar oynayırdılar. Papiros tüstüsü duman kimi otağı bürümüşdü.
Udanların kefi kök, uduzanların qanı qara idi. Onlardan biri dövrədən çıxmayaraq, elə oradaca ağzı üstə yatmışdı. Qumar adətinə görə, bəylər onun belində şam yandırmışdılar… Buxarıdakı ocağın cilvələnən al tavandan asılmış qoşa otuzluq çırağın şələsinə qüvvət verirdisə də uduzanın belində yanan şamın ağalar üçün ayrı nəşəsi vardı.
«Bank» indi Çaylı Əli ağaya keçmişdi. Hamını bir-bir udurdu, hətta İsrafil ağa da «bank»a iki dəfə iri məbləğdə pul salmışdı. Ortalıqda bir qalaq pul vardı.
Son dövrə idi, artıq «bank»a kart paylanırdı. Həmişə qumarla məşğul olan Əli ağa «bank»da bu qədər pulu az-az görmüşdü. Ağa bu «bank»ı vursa xeyli qabağa düşürdü. O, hərəyə bir qumar kağızı verib, birini də öz qabağına qoydu. Hamı həyəcan keçirirdi. «Bank»dardan sağda oturan İsrafil ağadan başqa hamı kart kağızını qaldırıb xalına baxdı… Oynadılar. Yenə əllər bir-bir «vuruldu». Əli ağanın kefi kök idi. Növbə İsrafil ağaya çatdı. O, gözucu «bank»a baxdı, orada təxminən beş-altı min manat pul vardı.
– Görürəm, əlin tutubdur, əmbə bu dəfə məni uda bilməyəcəksən. Gəl belə danışaq, bankdakı pulların yarısını ver, mən heç zəhmət çəkib bu karta oynamayım…
Öz əlini bilən Əli ağa qımışdı və şəstlə kartını açıb təkxalı İsrafil ağaya göstərdi.
– Əlimi görürsən?! Səni də udacam!..
Bəylərin bəzisi İsrafil ağanın, bəzisi Əli ağanın udmasını istəyirdi. İsrafil ağa da kartını o biri üzünə çevirdi. Surət idi. «Bank»dar onun əlindəki kartın xalını görəndə bir az da ürəkləndi. Özündən razı halda:
– İsrafil ağa, nə məbləğə gedirsən get…
– Qumarın iki başı var, biri udmaq, biri uduzmaq, – dedi.
İsrafil ağa soyuqqanlı:
– Özün bil! – dedi. – Amma yadında saxla, gəlhagəlin bir gethagedi də olur. İndi ki, mən deyənə razılaşmadın, onda bütün banka gedirəm.
O, kart kağızını barmağı ilə yavaşca Əli ağaya doğru itələdi və soyuqqanlıqla dilləndi:
– Bunun üstünə iki kart qoy… Ya sənə verər allah, ya mənə!..
Hamı İsrafil ağanın bu qədər məbləğə getdiyinə heyrət etdi.
Əli ağa bir az çəkindi:
Bəlkə… «bank»ın yarısına gedəsən? Sənə qıymıram. İsrafil ağaya bu sözləri demək olardı? O, gözlərini qıydı və dinməz onun üzünə baxdı. «Bank»dar gördü ki, rəqibi dediyindən dönən deyil, onun kartının üstünə dalbadal kart sıxdı. İsrafil ağa onlara əl vurmadı.
– Mən üstüörtülü oynuyuram, özünə get!
Əli ağa özü üçün bir kart götürdü. Onun əli əsirdi. Dəsti yerə qoyub öz kart kağızlarını götürdü və onları bir-birinə bərk sıxaraq üfürə-üfürə, yavaş-yavaş ikinci kartın ucunu açdı. Azca duruxdu, sonra soruşdu:
– Azalmırsan ki?
İsrafil ağa Əli ağanın rənginin qaçdığından sezdi ki, onun əli korlanıb. O, özünəməxsus əda ilə bığını eşə-eşə: «kartına bax» – dedi. Ürəyi nanə yarpağı kimi əsən Əli ağa dəstdən bir kart da götürdü və:
– Açıl! – dedi.
İsrafil ağa kart kağızlarının üçünü də arxası üstə çevirdi. İki altılıq, bir valet. «Kaş elə mən də on beşdə dayanaydım!» – belə xəyal eləyən Əli ağa üçüncü kartını yoxladı. Qanı qaraldı. Kart kağızlarını acıqla yerə çırpdı. Üçüncü kart da tək xal imiş… İsrafil ağa çiyinləri qalxa-qalxa gülüb pulları yığışdırdı…
* * *
…Kavı koxanın gözünə yuxu getmirdi. O, indiki vəziyyətdə Kərəmlə İsrafil ağanın düşmənçiliyinə öz münasibətini aydınlaşdırmaq istəyirdi. Bunun üçün kişi xəyalında da mizan-tərəzi qurmuşdu. Bu tərəzinin bir gözündə arvad qohumluğu, bir gözündə qan qohumluğu dayanmışdı. Elə bir tərəzi də onun özü kimi tərəddüd içində idi. Gah sağ tərəf, gah sol tərəf əyirdi. Nəhayət, bir anlığa gözlər tarazlaşdı. Sonra da qan qohumluğu tərəf ağır gəldi…
İntiqam hissini boğmaq olmazmış! Qisas hissi indi Kavının ürəyində əfi ilana dönüb baş qaldırmışdı. Bu şahmar indi düşməni çalmaqdan başqa bir hissiyyata qadir deyildi… Bu hiss ona Zal qızı Gülnazın döşündən əmdiyi süddən keçmişdi… Bir də, bir də ki, bu hissi onda qaynadan dayısı İsgəndərin intiqamı idi…
«Belə fürsət ələ keçməz!» – deyə koxa düşündü və yenə sol böyrü üstə çevrildi…
…Qumar üstündən duran İsrafil ağa Hüseyn ağaya dedi:
– Gəlsənə bir eşiyə çıxaq, hanamızı dəyişək!
– Yaxşı olar, rahat yatarıq, – ev yiyəsi razılaşdı. İsrafil ağa Xorasan kürkünü çiyninə saldı, onlar bayıra çıxdılar. Pəncərələrdən həyətə düşən sarımtıl işıqda yenə lopa-lopa qar yağırdı. Şaxta-boran bir az şiddətlənmişdi. Soyuq adamın iliyinə işləyirdi. Onlar pilləkəndən yerə enəndə çovğun qarı İsrafil ağanın üzünə çırpdı. İsti otaqdan çıxmış ağa üşüdü. O, kürkünə daha bərk büründü. Ordan-burdan söhbət eləyə-eləyə həyətdə gəzindilər…
Tövlə tərəfdə şaqqıltı eşidildi. Hər ikisi bu səsə diqqət kəsildi. Hüseyn ağa irəli getdi… İsrafil ağa həyətin o başında, darvazanın yanında qaratikan çəpərinə daldalandı. Yağan qar get-gedə onun yadına hələ axşamdan məclisdə yeyib-içən vaxt eşitdiyi bir xəbəri saldı. Toya gələnlərdən kimsə xəbər gətirmişdi ki, Mehdi koxa Kəsəmən qəbiristanlığında cüt saldığı üçün Kərəm bu gün onu öldürüb… Bu söz İsrafil ağanı düşündürdü. «Kərəm məndən qeyrətli çıxdı. Kəndin ağası mən ola-ola, qeyrətini o çəkdi…» Kişi birdən diksinən kimi oldu. Onun gözünə ağ qar ütündə Mehdi koxanın al qanı göründü… Bərəlmiş gözləri qan içindən ona baxırdı. Küt, donuq bu gözlərdə dəhşətli vahimə vardı. İsrafil ağaya elə gəldi ki, Mehdi koxanın miskin baxışları onu da ölümə çağırır. Canından soyuq gizilti keçdi və bu giziltini, vahiməni qovmaq üçün İsrafil ağa bərk-bərk Xorasan kürkünə büründü…
…Amma çəpərin o üzündə aynalının soyuq qundağını üzünə söykəyib onu nişan alan Kərəmdən xəbəri yox idi. Arxası Kərəmə tərəf dayanmışdı. Əli tətikdə durmuş Kərəm İsrafil ağanın üzünü ona tərəf çevirməsini gözləyirdi. Düşməni arxadan vurmağı şəninə sığışdırmırdı. İsrafil ağa isə elə bil, Kərəmin tüfəngi ayağa çəkib ondan birdə addım aralı pusquda dayandığını bilir, nəfəsini duyur və qəsdən üzünü ona sarı çevirmirdi…
Saniyələr ötdükcə Kərəmin qəzəbi artır, az qala: «Ayə, İsrafil, üzünü bəri çevir!» – deyə qışqırmaq istəyirdi.
Doğrudur, əlinə indiyədək çox belə fürsətlər düşmüşdü. İsrafil ağanı çox yerdə haqlamışdı, di gəl ki, onu hər bir şeyə görə bağışlamalı olmuşdu. Düşmənini el-ulus, dost-tanış içində xəcil eləməmişdi… Amma bu dəfə eləyəcəkdi! Daha cana doymuşdu. İsrafil ağa indi havasını dəyişmək üçün təsadüfən belə bayıra çıxmasaydı da Kərəm onun yatdığı otağa girib orada öldürəcəkdi!..
Tövlə tərəfdən qayıdan İsfəndiyar Kərəmi dümsüklədi:
Ayə vur, varaq gedək! Kərəm başını bulayıb sağ çiynini irəli verdi, kürəyini göstərdi… Yəni: «Görmürsənmi necə dayanıb?» İsmayıl anladı. Gözlədilər. İsrafil ağa isə sanki ona tuşlanan tüfəngin iyini almışdı, yönünü heç cürə Kərəmə tərəf çevirmirdi. Onun gözlərində qar üstündəki al qan get-gedə artır, artır, artır və İsrafil ağanı da öz ağuşuna çəkirdi… xəyalı bir də Kərəmə qayıtdı: «Düşmənim də olsa, Kərəm əsl kişidir. Heç vədə namərd iş tutmur». Bu zaman onun gözlərinə görünən qar üstünə çilənmiş al qap ləkələri yox oldu. Kərəm gəlib durdu onun qənşərində, İsrafil ağa yüngülləşən kimi oldu, tərpənməyə qorxdu ki, xəyalı çiliklənər. Bərk üşürgələndi. Otaqdakı istini, məclislərdəki kefi xatırladı. Dərindən köksünü ötürüb Kərəmin halına acıdı, ürəkdən vaysındı:
– Can, can a Kərəm! – dedi. – Görəsən indi hardasan?.. Bu qiyamətdə, bu şaxta-boranda çöllü-biyabanda necə dözürsən?
Bu soyuq gecənin qəribliyində, zil qaranlığın dərinliyində bu kövrək sözlər necə də işıq saçdı!.. Bir an içində elə bil, arada olan düşmənçiliyin şaxtası isindi, buzları əridi, donu açıldı… Qeyri-ixtiyari olaraq düşmən ürəyindən qopan bu səmimi sözlər görəsən bir zamanlar beləcə bir-birinə can deyib, can eşidən keçmiş dostluğunmu, ötən xətir-hörmətinmi əks-sədası idi?! Yoxsa bir canda vuruşan iki hissin: əvvəl dost, sonra düşmən qəlbinin qayğısı idi? Yaxud uşaqlıqda bir ananın döşünü əmmiş iki süd qardaşın məhəbbəti, ülfəti idi?!
– İsrafil ağa, kimnən söhbət eləyirsən? – bunu Hüseyn ağa soruşdu.
Xəyaldan ayılan ağa özünə qayıtdı:
– Heç kimnən, Kərəmi xatırladım, – dedi. Hüseyn ağa təəccüblə:
– «Kərəm hardan yadına düşdü» – deyə fikirləşdi. Və:
– Mən üşüdüm gedək içəri, – dedi.
Anasının döşündən əmdiyi süd gözünün qabağına gəldi. Elə bil ki, kimsə onun əlindən dartdı: «A Kərəm neyləyirsən? Qardaş da qardaşa əl qaldırarmı?» Babası Molla Zalın sözü yadına düşdü: «Ananın qarğışı övlada təsir eləməz, çünki südü qabağını kəsər. Ata qarğışı isə övladı tez tutar…»
…Kərəm intiqam köhləninin cilovunu çəkdi. Öldürməyə gəldiyi düşmənindən bu etibarı görüb qolları boşaldı. Ürəkdən gələn sözlə daşı da yumşaltmaq olarmış!.. İsmayıl Kərəmin baxışlarından: «İndi ona necə əl qaldırasan?» sözlərini oxudu. Onlar atlandılar. Gecənin bağrını bir neçə addım aralı aynalının ağzından çıxan alov və havaya boşalan güllə səsi yardı… Atlar götürüldü…
İsrafil ağa, Hüseyn ağa və güllə səsinə bayıra çıxa nökərlər yəqin etdilər ki, Kərəm burada imiş!.. Hamı darvaza ağzına çıxdı… Qaranlıqda dördnala canan at ayaqlarının uzaqlaşan səsi hələ də eşidilirdi…
«…Köhlən səyirtdilər daşda, qayada,
Mərd mərdi qısnayıb bərkdə satmadı.
Bu ona, o buna güllə atsa da
O buna, bu ona böhtan atmadı…»
Gözünün azca çimirini alan Kavı koxa güllə səsinə ayıldı. Tez durub yerinin içində oturdu. İsrafil ağanın yataq yerinə baxdı. Yorğan-döşək boş idi. Bayırı dinşədi. Çöldən qarışıq səslər gəlirdi… nə barədəsə həyəcanla danışırdılar, pıçıldaşırdılar. Kavı koxa: «Yəqin həyətə qurd-quş gəlibmiş…» – deyə düşündü və yenidən yatağına uzandı.
…İsrafil ağa içəri girəndə elə bil, tavandan qar ələndi, onunla bərabər otağa soyuq hava da doldu. Bu soyuq Kavı koxanın üz-gözünü yaladı… Koxa qurcalanıb o biri üzü üstünə çevrildi və eləcə də xoruldamağa başladı.
İsrafil ağa isə yerinin içində uzanıb, Kərəm haqqında düşündü. Kərəmin bu hərəkəti ağanı yaman sarsıtmışdı. «Cəsarətə bax! El basa-basa hardan hara gəlib arxamca… Bəs niyə o gülləni havaya boşaltdı. Yoxsa o, mən deyənləri eşitdi?». Ağa ürəyinin dərinliyində düşməninin mərdliyinə «afərin» dedi…
Otağın bu ağır sükutunda İsrafil ağa Kavının nəfəsindən onun narahatlığını hiss elədi. Gözucu ona baxdı: görəsən, mənimlə bir otaqda niyə yatmaq istəmirdi? Bəlkə nə özünə, nə də mənə etibar eləyir?.. Yəqin fikirləşib ki, birdən ya mənim ya da onun əlindən bir xəta çıxar?» Lakin İsrafil ağa, indiyədək Kərəmə görə, Kavıda özünə qarşı bir qisas hissi görməmişdi. Əksinə, eşitmişdi ki, Kavı çox yerdə onların düşmənçiliyi barədə demişdi: «Doğrudu, mən koxayam, kənddə hər işi, dava-dalaşı öz yoluna qoymaq mənim borcumdu. Əmbə neyləyim ki, aşağı baxıram saqqaldı, yuxarı baxıram bığ…»
İsrafil ağa bütün bu götür-qoydan sonra yönünü Kavı koxaya tərəf çevirdi. «Əmbə nə bilmək olar? İnsan çiy süd əmib.... İntiqam kül altında qalan köz kimi şeydi, yox yerdən üfürülüb közərir…»
Onlar bir-birinə inamı, etibarı olmayan ac canavar kimi ağız-ağıza, nəfəs-nəfəsə yatmışdılar… Görəsən bu kor, kar, lal oyununda kim udub, kim uduzacaqdı? Kim kimi yuxuya verəcəkdi? Kim əsəb, kim səbr atına minəcəkdir.
Aradan xeyli keçdi.
Narahat yatmış Kavı koxa tez oyandı. kirpiklərini azca aralayıb gözucu İsrafil ağaya baxdı. Ağa şirin yuxuda idi.
Kavı koxa sağ əlini sakitcə balıncının altına apardı. Xəncəri dəstəklədi. Şübhə oyatmamaqdan ötrü bir an əl saxladı. Xəncərin dəstəyindəki soyuqluq bütün bədəninə axdı. Niyyəti ilə iradəsi arasında çarpışma başladı. Sanki ürəyinə cəsarət, qoluna qüvvət topladı. Sonra xəncəri yavaş-yavaş sıyırmağa başladı. Qolunu yarıya qədər yorğanın altından çıxarmışdı ki, birdən dirsəyinin sancdığını hiss elədi. Bu nədir? Damarmı qaçdı? Yox, bu damar deyildi, ətinə ucu şiş nə isə bir şey batırdı. Yerindəcə dondu. Sol əli ilə isinən dirsəyini yoxladı. Barmaqları şirələndi. Bu, qan damcıları idi. Ehtiyatla sağ gözünü açdı. İki balınc arasında bir şey parladı. Bu, ağanın ilandilli xəncəri idi, zəhərini tökmüş, şahmar kimi öz qınına – İsrafil ağanın yorğanının altına çəkilirdi…
Kavı uçundu! İlan uyuyar, düşmən uyumazmış! İsrafil ağanı sancmaq, yaralamaq olmaz, əl qaldırdınmı gərək onu bir yolluq eləyəsən! Bəlkə o, hər şeyi dansın? Desin ki, əlini balıncın altına elə-belə aparmışdı? Yox, onu aldatmaq da olmaz! Aman allah, indi nələr olacaqdı?! Bu sükutdan qan iyi gəlirdi…
İsrafil ağa tasalandı. Şeytana lənət dedi. Kərəmin havaya atdığı güllə yadına düşdü. «Axı bizim Kərəmlə olan ədavətimizdə namərdlik yoxdur…»
O, yorğanı başından açıb dedi:
– A Kavı, qoysana yataq, yad yerdəyik, yaxşı döyül! Kavı koxa dilləndi:
– Ağa, bir xətadı əlimdən çıxdı. Səni Kərəmə and verirəm, bağışla!
İsrafil ağa:
– «İsrafildir mənim adım,
Namərd olmaz yaxın yadım.
Get bu dəfə bağışladım,
Bil yurdunda turp əkərəm».