Kitabı oku: «İfşa edilmiş fırıldaqçı», sayfa 3
Sonra böyük bir meydandan keçib getmək lazım olduqda, bunların hamısını unuduram. Bu işin çətinliyi məni tərəddüdə salır; və öz-özümə düşünürəm: “Belə böyük meydanları lovğalıqdan salırlarsa, bəs nə üçün meydanın içindən məhəccərli yollar çəkmirlər? Bu gün külək yenə cənub-qərbdən əsir. Hava təlatümə gəlir. Qüllənin sivri ucu kiçik dövrələr vurur. Bu izdihamı niyə sakitləşdirmirlər? Axı, bu nə səs-küydür! Bütün pəncərə şüşələri cingildəyir, küçə fənərlərinin dirəkləri bambuq ağacı kimi əyilib-düzəlir. Sütun üzərindəki Müqəddəs Məryəmin bürüncəyi dalğalanmağa başlayır, külək onu qoparıb atmaq istəyir. Doğrudanmı, bunu heç kəs görmür? Səki ilə getməli olan xanımlar və cənablar sanki havada üzürlər. Külək zəiflədikdə, onlar dayanıb bir-birilə bir neçə kəlmə danışır, təzim edərək salamlaşır, külək yenidən gücləndikdə isə, ona müqavimət göstərə bilməyib, hamısı eyni vaxtda ayaqlarını qaldırır. Əlləri ilə papaqlarını tuturlar ki, külək aparmasın; buna baxmayaraq, gözləri gülür, sanki hava çox gözəldir. Təkcə mən qorxuram. Mənə qarşı bu cür münasibətə etiraz edərək dedim:
– Bayaq ananız və bağçadakı qadın haqqında mənə danışdığınız hadisə, əslinə qalsa, maraqlı deyil. Belə hadisələri çox görmüşəm, çox eşitmişəm, hətta bəzilərində iştirak da etmişəm. Bu adi bir şeydir. Elə bilirsiniz ki, eyvanda olsam, mən də eyni sualı verə və o cavabı ala bilməzdim? Adi bir haldır!
Mən belə dedikcə, o çox xoşbəxt görünürdü. Qəşəng geyindiyimi və qalstukumu çox bəyəndiyini söylədi. Dərim də çox zərif imiş! Etiraflar sonradan inkar edildikdə, daha çox aşkarlıq qazanır.
c) İbadətkarın hekayəti
Sonra yanımda oturdu, çünki bir az qorxmuşdum, başımı yana əyərək ona yer verdim. Bununla belə onun da utancaq halda oturduğu, mənimlə öz arasında olan kiçik məsafəni qorumağa çalışdığı gözümdən qaçmadı. Çətinliklə danışırdı:
– Görün, necə günlər keçirirəm! Dünən axşam qonaq getmişdim. Fənərin işığından bir xanıma təzim edib dedim: “Qışa az qaldığını üçün sevinirəm”. Elə bu sözlər ağzımdan çıxmışdı ki, sağ ayağımın dizdən burxulduğunu hiss edib məyus oldum. Diz qapağım da bir az böyümüşdü. Buna görə də, oturdum və cümlələr arasındakı əlaqəni pozmamağa çalışaraq davam etdim: “Qışda insan az əziyyət çəkir, özünü daha sərbəst aparır, dediyi sözlərə görə təşviş keçirmir, elə deyilmi, xanım? Məncə, bu məsələdə haqlıyam”. Bu zaman sağ ayağım daha şiddətlə ağrımağa başlamışdı. Əvvəlcə mənə elə gəldi ki, dizim yerindən çıxıb, sonra diz qapağımı yavaş-yavaş ovxalayaraq, əlimlə sıxıb buraxaraq, ağrını bir az sakitləşdirdim. Bu zaman mənə yazığı gəldiyi üçün yanımda əyləşən qız sakitcə dedi:
– Yox, siz məni qətiyyən cəlb etmirsiniz, çünki…
– Dayanın, – məmnun və ümidli halda sözünü kəsdim, – xanım, mənimlə söhbət etmək üçün heç beşcə dəqiqə də vaxt sərf etməyəcəksiz, həm də xahiş edirəm, yeyə-yeyə danışın.
Əlimi uzadıb, bürünc bir mələyin yuxarı qaldırdığı meyvə qabından bir salxım üzüm götürdüm, salxımı bir az əlimdə tutub göy naxışlı boşqaba qoydum və incə bir hərəkətlə qıza verdim.
– Siz məni qətiyyən cəlb etmirsiniz, – o dedi, – danışdıqlarınızın hamısı darıxdırıcı və anlaşılmaz şeylərdir, üstəlik doğru da deyil. Məncə, cənab, – mənə nə üçün “xanım” dediyinizi bilmirəm, – məncə, həqiqət sizə çox ağır gəldiyi üçün ondan qaçırsınız.
İlahi, sevincimdən az qala atılıb-düşəcəkdim!
– Bəli, xanım, bəli, – az qala qışqıraraq dedim, – nə qədər haqlısınız! Xanım, insan gözləmədiyi halda birdən-birə başa düşüldüyünü gördükdə, bilirsiniz, nə qədər sevinir!
– Bəli, həqiqət sizin üçün çox ağır və yorucudur, cənab, bir halınıza baxın, görün nə gündəsiniz! Elə bil, başdan ayağa papiros kağızından eşilibsiniz, sarı papiros kağızından; siluetdən fərqiniz yoxdur, yerisəniz xışıldayacaqsınız. Buna görə də sizin davranışınız, ya da düşüncəniz məni maraqlandırmır; axı, otaqda yelçəkənin qarşısında dayansanız, o saat əyilib-büküləcəksiniz.
– Bunu anlamıram. Bax, burada, bu otaqda müxtəlif insanlar var. Onlar qollarını qaldırıb stulların arxasına qoyur, ya da pianoya söykənir, ya da qədəhi yavaş-yavaş dodaqlarına aparır, yaxud çəkinə-çəkinə qonşu otağa keçir və qaranlıqda sağ çiyinlərini bir şkafa çırpıb əzdikdən sonra açıq pəncərə qarşısında dərindən nəfəs alaraq düşünürlər: “Bax, o axşam ulduzu Veneradır. Mənsə burada qonaqların arasındayam. Əgər burada bir əlaqə varsa, mən bunu anlamıram. Hətta burada bir əlaqə olub-olmadığını da bilmirəm”. Və baxın, xanım, tərəddüd içində olduqları üçün belə qətiyyətsiz, hətta gülünc davranan bu insanlar arasında özü haqqında aydın bir fikir eşitməyə layiq olan yalnız mənəm sanki. Bu sözlər xoşagəlimli olsun deyə, siz onları zarafatla deyirsiniz; necə ki, tamamilə yanmış bir evdən ən azı əsas divarlar sağ qalırsa, siz də istəyirsiniz ki, söylədiyiniz sözlərdən nə isə yadda qalsın. Baxışlar burada heç bir maneə ilə qarşılaşmır, böyük pəncərə boşluqlarından gündüzlər göy üzündə buludlar, gecələr isə ulduzlar görünür. Buna təşəkkür üçün sizə xəbər verim ki, gün gələcək, yaşamaq istəyən bütün insanlar mənim kimi görünəcək; siz dediyiniz kimi, sarı papiros kağızından eşilmiş siluetlərə bənzəyəcək və yeriyəndə xışıldayacaqlar. İndikindən fərqli olmayacaqlar, amma dediyim kimi görünəcəklər. Hətta siz də əzizim…
Birdən gördüm ki, qız mənim yanımda oturmayıb. Yəqin, dediyi son sözlərdən sonra çıxıb getmişdi, çünki indi məndən xeyli uzaqda bir pəncərənin qarşısında dayanmışdı; ağ və hündür yaxalıqlı üç gənc onu əhatəyə alıb gülə-gülə nə isə danışırdı.
Sonra məmnuniyyətlə bir qədəh şərab içib, pianoçuya yaxınlaşdım. O təklikdə oturub, başını yırğalaya-yırğalaya qəmli bir musiqi çalırdı. Qorxmasın deyə, ehtiyatla qulağına tərəf əyilib, musiqinin ahənginə uyaraq sakitcə dedim:
– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm.
Sözlərimə qulaq asmadığı üçün bir müddət nə edəcəyimi bilmədən çaşqın halda dayandım; sonra utancaqlığıma qalib gələrək, bir-bir qonaqların yanına gedib bilaixtiyar dedim:
– Bu gün mən piano çalacağam. Bəli.
Deyəsən, hamı bilirdi ki, piano çalmağı bacarmıram, amma söhbətlərinin bu cür xoşluqla kəsilməsinə görə nəzakətlə gülümsəyirdilər. Lakin pianoçuya ucadan səsləndikdə bütün diqqətləri mənə yönəldi:
– Lütf edin, möhtərəm ağa, icazə verin, mən də bir az çalım, axı xoşbəxt olmaq istəyirəm. Bu mənə zəfər qazandıracaq.
Pianoçu məni dinləsə də, oturduğu qəhvəyi rəngli skamyadan qalxmadı, üstəlik deyəsən məni anlamamışdı; köks ötürüb uzun barmaqlarıyla üzünü örtdü.
Ona yazığım gəldi və könlünü alıb, piano çalmağa davam etməsini demək istəyirdim ki, evin xanımı bir dəstə qonaqla bizə yaxınlaşdı.
– Bu gülməli fikirdir, – dedilər və sanki ağlasığmaz bir iş görmək istəyirmişəm kimi bərkdən güldülər.
Qız da yaxına gəldi və mənə istehza ilə baxıb dedi:
– Xanım, qoyun çalsın. Bəlkə bizi əyləndirmək istəyir. Əslində bu tərifəlayiq hərəkətdir. Xahiş edirəm, xanım.
Bunu hamı bəyəndi; bərkdən sevindilər, çünki onlar da mənim kimi bu sözlərin istehza ilə deyildiyini düşünürdülər. Yalnız pianoçunun səsi çıxmırdı; o başını aşağı əymişdi və sol əlinin şəhadət barmağını, qumların üstündə nə isə cızırmış kimi, oturduğu skamyanın üstündə gəzdirirdi. Titrəməyə başlamışdım və bunu biruzə verməmək üçün əllərimi şalvarımın ciblərinə soxdum. Aydın danışa bilmirdim, bütün sifətim ağlamağa hazır vəziyyətdə idi. Buna görə də sözlərimi elə seçməliydim ki, ağlamaq istəyirmişəm fikri məni dinləyənlərə gülünc görünsün.
– Xanım, – dedim, – mən indi pianoda çalmalıyam, çünki…
Səbəbini unutmuşdum, buna görə də dərhal pianonun arxasına keçib oturdum. Bu zaman öz vəziyyətimi yenidən anladım. Pianoçu ayağa qalxaraq incə bir hərəkətlə skamyanın üstündən adladı, çünki onun yolunu kəsmişdim.
– Xahiş edirəm, işıqları söndürün, mən yalnız qaranlıqda piano çalmağı bacarıram.
Dikəldim. Bu zaman iki cənab skamyadan yapışıb, fit çalaraq və məni sağa-sola yırğalayaraq, pianodan çox uzağa, yemək masasının yanına apardı.
Hamı bu hərəkəti bəyənmişdi, qız isə dedi:
– Gördünüzmü, xanım, çox gözəl çaldı. Mən bunu bilirdim, siz isə qorxurdunuz.
Anlamışdım; bacardığım kimi təzim edib, təşəkkür etdim.
Limonad süzdülər və qırmızı dodaqlı bir qız stəkanı götürüb, limonadı mənə içirtdi. Ev sahibəsi gümüş boşqabda qaymaqlı qoğal verdi və dümağ don geymiş bir qız qoğalı ağzıma qoydu. Gur və sarı saçlı gombul bir qız isə başımın üstündə üzüm salxımı tutmuşdu; mənə yalnız üzüm gilələrini qoparmaq qalmışdı, amma qız gözlərimin düz içinə baxırdı.
Mənimlə belə yaxşı davrandıqları üçün yenidən pianoya tərəf yönəlmək istəyərkən, əlbir olub mənə olmağa çalışdıqda, şübhəsiz ki, təəccübləndim.
– Yetər, bu qədər bəsdir, – bu vaxta qədər görmədiyim ev sahibi dedi. Sonra dərhal otaqdan çıxıb, qəribə bir silindr papaq və qəhvəyi rəngli güllü paltoyla geri qayıtdı. – Alın paltarlarınızı!
Doğrudur, bunlar mənim paltarlarım deyildi, amma onu yenidən zəhmətə salmaq istəmədim. Ev sahibi paltonu mənə özü geyindirdi; palto düz əynimə idi, arıq bədənimə kip oturmuşdu. Gülərüz bir qadın əyilib paltomun düymələrini bir-bir bağladı.
– Salamat qalın, – ev sahibəsi dedi, – tez-tez gəlin, çox ara verməyin. Bilirsiniz, həmişə gözümüzün üstündə yeriniz var.
Bu zaman orada olanların hamısı təzim etdi, sanki belə lazım idi. Mən də əyilib təzim etmək istədim, amma palto çox dar olduğu üçün bacarmadım. Buna görə də papağımı götürüb, yəqin ki, çox yöndəmsiz halda qapıdan çıxdım.
Lakin ürkək addımlarla qapıdan çıxar-çıxmaz Ayı və ulduzlarıyla, böyük qübbəli göy üzü, bələdiyyə sarayi, Məryəm sütunu və kilsəsiylə Dəyirmi meydan bir anda üstümə çökdü.
Sakitcə kölgədən kənara çəkilib, ay işığına çıxdım; paltomun düymələrini açıb, isindim; sonra əlimi qaldırıb gecənin uğultusunu susdurdum və düşünməyə başladım.
“Nə üçün elə görünməyə çalışırsınız ki, guya həqiqətən varsınız? Məni inandırmaq istəyirsiniz ki, yaşıl səki üzərində gülünc vəziyyət dayanmış mən əslində mövcud deyiləm? Amma sənin həqiqətən mövcud olduğun dövrlər çoxdan arxada qalıb, ey səma; Dəyirmi meydan, sənsə heç vaxt həqiqətdə var olmayıbsan.
Doğrudur, sizin hələ də mənim üzərimdə üstünlüyünüz var, amma yalnız sizi rahat buraxdığım zaman.
Ay, Allaha şükür ki, sən artıq ay deyilsən, amma bir vaxtlar ay dedikləri üçün səni ay adlandırmağım, bəlkə də mənim tərəfimdən diqqətsizlikdir. Sənə “qəribə rəngli kağız fənər” dedikdə niyə əvvəlki kimi lovğalanmırsan? “Məryəm Ana sütunu” desəm, nə üçün geri çəkilirsən? Ey Məryəm Ana sütunu, sənə isə “sarı işıq saçan Ay” dedikdə niyə əvvəlki təhdidkar duruşunda əsər-əlamət də qalmır?
Mənə elə gəlir ki, sizin haqqınızda düşünmək xeyrinizə deyil, çünki cəsarət və sağlamlığınızı itirirsiniz.
İlahi, düşünən adam sərxoşdan dərs alsaydı, bu nə faydalı olardı!
Niyə hər yan səssizliyə qərq olub, görəsən? Yəqin, külək dayanıb. Və çox vaxt sanki kiçik təkərlər üzərində meydanda oyan-buyana gedən daxmalar indi yerə mıxlanmış kimi səssiz-səmirsiz dayanıb… Başqa vaxt onları yerdən ayırdan incə və qara xətt indi qətiyyən seçilmir”.
Bunları ağlımdan keçirmişdim ki, qaçmağa başladım. Maneə ilə qarşılaşmadan böyük meydanın ətrafına üç dəfə dolandım və heç bir sərxoşa rast gəlmədiyim üçün sürətimi azaltmadan və yorğunluq hiss etmədən Karl küçəsinə sarı götürüldüm. Çox vaxt məndən qısa olan kölgəm sanki evlərlə səki arasındakı çuxurla irəliləyirək, divar boyunca mənimlə yanaşı qaçdı.
Yanğınsöndürmə idarəsinin yanından keçərkən, kiçik meydan tərəfdən bir səs eşitdim, o yana döndükdə fəvvarə barmaqlığının qarşısında bir sərxoşun dayandığını gördüm; qollarını yana açıb, taxta başmaqlı ayaqlarını yerə vururdu.
Nəfəsimi dərmək üçün bir az dayandım, sonra ona yaxınlaşıb silindr papağımı çıxardım və özümü təqdim etdim:
– Axşamınız xeyir, alicənab ağam, mənim iyirmi üç yaşım var, amma hələ adım yoxdur. Siz isə heyrətli, hətta melodik bir adla, şübhəsiz ki, o böyük şəhər Parisdən gəlirsiniz. Sizdən Fransanın əxlaqsız sarayının qoxusu gəlir. Siz yəqin ki, paltarlarının ətəkləri pillələrin üstünə yayılan və bir ucu da bağçadakı qumların üstünə sərilən, amma özləri çoxdan hündür və açıq heyvanda dayanmış, incə belləri ilə dönüb lovğa-lovğa arxaya baxan o möhtəşəm xanımları öz gözlərinizlə görübsünüz, elə deyilmi; boz rəngli dar frak və ağ şalvar geymiş nökərlər nizamla basdırılmış uzun dirəklərə çıxır, ayaqlarını dirəklərə dolayıb bellərini arxaya ya da yana əyirlər ki, yoğun kəndirlərlə nəhəng və boz pərdələri yerdən qaldırıb yuxarıya çəksinlər, çünki möhtəşəm xanım dumanlı bir səhər arzu etmişdir.
O gəyirdiyi üçün demək olar ki, qorxa-qorxa soruşdum:
– Ağam, doğrudanmı, o bizim Parisdən buraya gəlibsiniz? Doğrudanmı, o fırtınalı Parisdən, romantik xəyallar qasırğasından buraya gəlibsiniz?
O yenə gəyirdikdə sıxıla-sıxıla dedim:
– Bilirəm, sizə rast gəlmək mənim üçün böyük şərəfdir.
Paltomun düymələrini tələsə-tələsə bağlayaraq, hərarətlə, amma çəkinə-çəkinə davam etdim:
– Bilirəm, məni cavaba layiq görmürsünüz, amma bu gün bunları sizdən soruşmasaydım, daim qəmgin bir həyat yaşayacaqdım. Qəşəng geyimli ağam, xahiş edirəm deyin, bu danışılanlar doğrudurmu? Sadəcə bər-bəzəkli geyimlərdən ibarət adamlar varmı Parisdə? Sonra küçə qapısından başqa qapıları olmayan evlər varmı? Doğrudanmı, yay günlərində şəhərin səması açıq mavi rəngdə olur və hamısı ürək formasında olan ağ və sıx buludlarla bəzənir? Bəs, içərisində ağaclardan başqa bir şey olmayan və ziyarətçilərlə dolub-daşan bir muzey varmı orada? Doğrudanmı, bu ağaclara vurulmuş lövhələrdə ən məşhur qəhrəmanlar, cinayətkarlar və sevgililərin adları yazılıb? Hə, bir də bu xəbərlər! Açıq-aşkar yalan olan bu xəbərlər! Doğrudanmı, Parisin küçələri qəfildən bir neçə küçəyə ayrılır və bu küçələr səs-küylüdür, hə? Hər şey həmişə öz qaydasında getməz ki, axı bu mümkün deyil! Bəzən bədbəxt bir hadisə olur və səki daşlarına xəfifcə toxunan iri paytaxt addımlarıyla qonşu küçələrdən axışan insanlar bir yerə toplanır; hamısı maraq içindədir, amma məyus olmaqdan da qorxurlar. Tez-tez nəfəs alır və kiçik başlarını irəli uzadırlar. Amma bir-biriləri ilə toqquşduqda baş əyib, üzr istəyirlər. “Çox təəssüf edirəm… bilmədən oldu… basabasdır, bağışlayın, xahiş edirəm… mənim təqsirimdən oldu… boynuma alıram. Mənim adım… adım Jerom Faroşdur, Ryu de Kaboten küçəsində dükanım var… icazə versəniz, sizi sabah günorta yeməyinə dəvət etmək istəyirəm… arvadım da çox sevinər”. Bax, beləcə dayanıb danışırlar; küçə uğultu içindədir, bacalardan çıxan tüstü isə evlərin arasına çökür. Yəqin ki, belədir. Bəs, ola bilərmi ki, zadəganlar məhəlləsinin adamla dolu bulvarında birdən iki araba dayansın; ciddi görkəmli nökərlər qapıları açsınlar? Səkkiz cins qurdbasan it arabalardan aşağı tullanıb, hürə-hürə səki ilə qaçsın? Və sonra da deyilsin ki, bunlar Parisin lovğa, qiyafələrini dəyişmiş ədabaz gəncləridir?
Gözlərini yummuşdu. Mən susduqda, əllərini ağzına soxub alt çənəsini dartmağa başladı. Paltarı başdan-ayağa kir içindəydi. Bəlkə də, pivəxanadan qovmuşdular onu, amma bunu hələ dərk etmirdi.
Bu, yəqin ki, gecə ilə gündüz arasında olan sakit və qısa bir fasilə idi; bu vaxt başımız biz gözləmədiyimiz halda qabağa sallanar, biz hiss etməsək də, ətrafa baxmadığımız üçün hər şey mürgüləyər və sonra da yox olub gedər. Biz isə belimizi bükərək tək qalar, sonra gözlərimizi açıb baxdıqda heç bir şey görməz, hətta havanın müqavimətini də hiss etmərik, amma xatırlayarıq ki, bizdən bir az aralıda evlər var və xoşbəxtlikdən, evlərin damında dördkünc bacalar var; bacalardan evlərin içinə yağan qaranlıq tavanlardan keçərək müxtəlif otaqlara tökülür. Və nə qədər ağlasığmaz olsa da, sabah hər şeyin göründüyü yeni bir gündüzün başlayacağı nə böyük xoşbəxtlikdir!
Sərxoş birdən qaşlarını çatdı; qaşlarıyla gözləri arasında bir parıltı əmələ gəldi, sonra qırıq-qırıq danışmağa başladı:
– Bilirsinizmi, mənim yuxum gəlir… anlayırsızmı, yuxum gəldiyi üçün gedib yatacağam. Kürəkənim Vaslav meydanında yaşayır, anlayırsızmı, oraya gedəcəyəm, çünki kürəkənimlə qalıram, yatağım ordadır çünki, elə bu saat gedəcəyəm… Amma adı nədir kürəkənimin, harada yaşayır bilmirəm, anlayırsızmı… yəqin, unutmuşam… Boş şeydir, məsələ burasındadır ki, ümumiyyətlə kürəkənim varmı, onu da bilmirəm… Elə bu saat gedirəm, anlayırsızmı… sizcə onu tapa biləcəyəm?
Fikirləşmədən cavab verdim:
– Əlbəttə. Amma siz yad ellərdən gəlirsiniz, nökərləriniz də təsadüfən sizinlə deyil. İcazə verin, sizi mən ötürüm.
Cavab vermədi. İşarə etdim ki, yaxınlaşıb qoluma girsin.
d) Gombul ilə ibadətkar arasındakı söhbətin davamı
Mənsə bir müddət idi ki, özümü ürəkləndirməyə çalışırdım. Bədənimi ovuşdurub öz-özümə dedim: “Vaxtdır, artıq sən nə isə deməlisən. Hələ indidən özünü itiribsən. Bəlkə ürəyin sıxılır? Dayan bir! Axı, belə vəziyyətlər sənə tanışdır. Tələsmədən düşün, ölç-biç. Narahat olma, ətrafındakılar da gözləyər.
Hər şey keçən həftəki qonaqlıqda olduğu kimidir. Bir nəfər kağızlara köçürdüyü mətndən nə isə oxuyurdu. Səhifələrdən birini onun xahişi ilə mən yazmışdım. Onun yazdığı səhifələrin aşağısında öz imzamı gördükdə qorxuram. Bu heç bir şeyə sığmır. Masanın üç tərəfindən kağızların üstünə əyilirlər. Ağlaya-ağlaya and içirəm ki, bunlar mənim imzam deyil.
Axı, bugünkünə nə ilə bənzəyir, bu? Söhbətin məqsədəuyğun alınması səndən asılı deyilmi? Hər şey səssiz-səmirsizdir. Səbr elə, əzizim! Axı, nəsə bir bəhanə tapa bilərsən. Deyə bilərsən ki: “Yuxum gəlir. Başım ağrıyır. Mən getdim”. Tez ol, cəld ol! Göstər özünü!.. Nə olub? Yoxa yenə əngəl var, maneələr var? Yadına nə düşür?.. Nəhəng səmaya qarşı Yer üzünün qalxanı kimi yüksələn bir yaylanı xatırlayıram. Onu dağdan görmüşdüm, oradan keçmək üçün yola düşmüş və nəğmə oxumağa başlamışdım”.
Dodaqlarım qupquru idi və sözümə baxmırdı; bu an dedim:
– Başqa cür yaşamaq olmazmı?
– Yox, – dedi, sual dolu təbəssümlə.
Mənimlə onun arasında olan və o vaxta qədər sanki yuxuda dayaq verib saxladığım hər şey uçub-dağılarkən: – Nə üçün axşamlar kilsədə dua edirsiniz? – deyə soruşdum.
– Yox, bu barədə danışmasaq yaxşı olmazmı? Heç kəs, tək yaşayırsa, axşamlar məsuliyyət daşımır. Çox şeydən qorxursan. Birdən cismanilik yox olub gedərsə, ya insanlar həqiqətən alatoranlıqda göründükləri kimidirsə? Əl ağacı olmadan yerimək mümkün olmazsa? Bəlkə, insanların baxışları altında cismanilik qazanmaq üçün doğrudan da kilsəyə gedib, ucadan dua etmək lazımdır?
O belə danışıb susduğu üçün cibimdən qırmızı dəsmalımı çıxarıb, belimi bükərək ağladım.
Ayağa qalxıb məni öpdü və dedi:
– Niyə ağlayırsan? Boyun ucadır, ucaboy xoşuma gəlir, uzun barmaqlarınızı istədiyiniz kimi hərəkət etdirirsiniz, niyə bunlara sevinmirsiniz? Sənə bir məsləhətim var, həmişə qollarına qara manjetlər tax… Yox… mən səni tərifləyirəm, sənsə yenə ağlayırsan? Axı, sən həyatın ağırlığını daşımağı bacaran adamsan.
Bax, biz əslində lazımsız olan müharibə maşınları düzəldirik, qüllələr, divarlar inşa edirik, ipək pərdələr hazırlayırıq. Vaxtımız olsaydı, bunların hamısına təəccüblənərdik. Və özümüzü boşluqda saxlaya bilirik, yıxılmırıq, yarasalardan çirkin olsaq da, uçmağa çalışırıq. Və gözəl bir gün heç kəs: “İlahi, bu gün nə gözəl bir gündür” deməyimizə mane ola bilməyəcək; çünki yer üzünə yerləşdikdən sonra, öz razılığımızla burada yaşamağa davam edirik.
Biz qardakı ağac kötükləri kimiyik. Onlar torpağın üzərinə qoyulmuş kimi görünür və adama elə gəlir ki, yüngül bir təkanla bu kötükləri yerindən tərpətmək olar. Amma yox, bu mümkün deyil, çünki onlar torpağa möhkəm bağlıdırlar. Amma hətta bu da yalnız zahirən belə görünür.
Düşüncələr ağlamağıma mane olurdu: “İndi gecədir, heç kəs bu an deyəcəyim sözlərə görə sabah məni qınaya bilməz, çünki bunları yuxuda da danışa bilərəm”.
Sonra dedim:
– Bəli, hamısı doğrudur, amma biz nədən danışırdıq? Göy üzündəki işıqlardan danışa bilməzdik axı, çünki binanın giriş qapısından içəri keçib dayanmışdıq. Yox… bu barədə də danışa bilərdik, əgər azad danışa biliriksə, heç bir hədəfə və həqiqətə can atmasaq da, bunu sadəcə zarafat və əylənmək üçün edirik. Siz bağçadakı qadının hekayətini mənə bir dəfə də danışa bilərsizmi? Nə füsunkar, nə ağıllı bir qadındır bu! Özümüzü onun kimi aparmalıyıq. O mənim çox xoşuma gəlir! Sizi görüb güdməyim də xoş bir təsadüfdür. Sizinlə söhbət etməkdən böyük zövq aldım. Bəlkə də indiyə qədər qəsdən öyrənmədiyim bəzi şeyləri sizdən eşitdim.
Razı görünürdü. İnsan bədəninə toxunduqda özümü həmişə pis hiss etsəm də, onu qucaqlamalı idim.
Sonra binanın giriş qapısından açıq havaya çıxdıq. Dostum bir neçə bulud parçasını üfləyib kənara itələdiyi üçün qarşımızda ulduzlu ənginlik açılmışdı. Dostum zorla yeriyirdi.
e) Gombulun ölümü
Hər şey birdən-birə hərəkətə gəlib, sürətlə uzaqlara çəkildi. Çayın suları yarğandan aşağı yönəldi, amma axıb getməməyə çalışdı, uçurumun çatlaq və çopur kənarında bir müddət ləpələndikdən sonra dumanlı damcı topası kimi dalğa-dalğa aşağı yuvarlandı.
Gombul daha danışa bilmirdi; suyun içində bilaixtiyar dövrə vuraraq, sürətlə axan uğultulu şəlalədə yoxa çıxdı.
Ömrümdə çox əyləncələr görmüş mən sahildə dayanıb buna baxırdım.
– Ağciyərlərimiz nə edə bilər ki! – deyə qışqırdım, – Tez-tez nəfəs alsanız, özünüz, öz içinizdəki zəhərdən boğulacaqsınız, yavaş nəfəs alsanız, tənəffüs üçün yararsız havadan, təlatümə gəlmiş nəsnələrdən boğulacaqsınız. Uyğun tempi axtarmağa başlasanız, elə bu axtarış üzündən həlak olacaqsınız.
Bu zaman çayın sahili hədsiz dərəcədə genişləndi, bununla belə, ovcumun içi ilə uzaqdan çox kiçik görünən yol işarəsinin dəmir lövhəsinə toxundum. Bunu anlaya bilmədim. Axı, boyum qısa idi və sanki həmişəkindən daha qısa görünürdü, buna görə də möhkəm silkələnən ağ giləmeyvəli kol məndən xeyli hündür idi. Gözümdən qaçmamışdı bu, çünki elə indicə kolun yanından keçmişdim.
Bununla belə yanılmışdım; çünki əllərim o qədər nəhəng idi ki, geniş bir ərazinin üstünə çökmüş yağış buludlarına bənzəyirdi; amma onlardan daha tələskən idi. Bilmirəm, onlar mənim zavallı başımı nə üçün əzmək istəyirdilər.
Axı, mənim başım qarışqa yumurtası boyda ancaq olardı, amma bir az zədələndiyi üçün tam yumru deyildi. Onu yazıq-yazıq fırlatmağa başladım, çünki gözlərimdəki ifadəni ayırd etmək mümkün deyildi; bu qədər kiçik idi gözlərim.
Amma ayaqlarım, bu əcaib ayaqlarım meşəli dağların üzərində dincəlir və kənd ovalıqlarına kölgə salırdı. Onlar böyüyürdülər, dayanmadan böyüyürdülər! Və heç bir ərazinin olmadığı boşluğa doğru uzanmağa başlamışdılar, uzunluqları isə mənim görmə həddimi çoxdan aşmışdı.
Amma yox, elə deyil… mən balacayam, hələlik boyum qısadır… və yuvarlanıram… yuvarlanıram… dağlarda qar uçqunuyam! Ey yoldan keçənlər, xahiş edirəm deyin, mənim boyum nə qədərdir; bu qollarımı, ayaqlarımı ölçün, nə olar…