Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Tomris Xan », sayfa 3

Yazı tipi:

Farslar çox qəribə xalqdır. Yerinə yetirilməsi qadağan edilmiş şeylər haqqında danışılması da qadağan edilir. Ən böyük cinayət yalan danışmaqdır. Yalan danışmağın cəzası da çox böyükdür.

Borc almaq böyük eyib hesab olunur və cəzalandırılır. Çünki borcun yalan çağırdığına inanılır. Başqa bir çox xalqlarda mövcud olan ənənə və dəyərlər onlarda da var. Amma farsların ölüm ayinləri çox fərqlidir. Dünyasını dəyişən şəxsin bütün bədəninə arı şanı sürtdükdən sonra bu şəkildə məzara qoyurdular.

Hökmdar Kir böyük fars xalqının qüdrətli və qüvvətli hökmdarı oldu. Sanki Tanrı onu bu dünyaya qan tökmək, can almaq, yurd yandırmaq, dağıtmaq və öldürmək üçün göndərmişdi. Bütün dünyaya sahib olmaq, bütün xalqları öz hakimiyyəti altına almaq istəyirdi. Dünyanı özünə düşmən seçdi və bütün cahana qarşı müharibə elan etdi.

O, əvvəlcə qonşu dövlətləri istila etdi. Daha sonra Şərqə – gündoğan ölkələrinə üz tutdu. Ardınca Şimala… Böyük istila hərəkatı başladı və hərəkatda çoxlu insan həm döyüş meydanlarında, həm də öz doğma yurdlarında amansızcasına məhv edildi. Çoxlu qələbələr qazanıldı, lakin eyni zamanda da çoxlu ölkələr işğal edildi. Kir yenilməz, qüdrətli imperiya yaratdı. Onun “Ölümsüzlər” adını verdiyi əsas ordusunun vəhşilikləri və qəddarlığı bütün cahana səs saldı. Məhz bu qəddarlıqlar və amansızlıqlar sayəsində bir çox vilayətlər onlara döyüşsüz təslim oldu. Orduda hər millətdən döyüşçü var idi. Onların içərisindən əsilzadə olanları Kir yanında saxlayırdı. İşğal etdiyi ölkələrdən olan bəzi müdrik alimləri də öz yanından kənara buraxmır, onların fikirlərindən hər zaman faydalanırdı.

Bütün dünyaya hakim olmağı, cahanın hökmdarı olmağı qarşısına məqsəd qoyan Kir axırda üzünü sakların yaşadığı ölkəyə tutdu. Bütün dünyanın hökmdarı olmaq üçün sakları da məğlub etməliydi və bu işin çətinliyini bildiyi üçün onlarla müharibəni sona saxlamışdı. Sakların yaşadığı yurd işğal edilməli, heç kimə baş əyməyən saklar onun hakimiyyətini qəbul edib boyunduruğu altında yaşamalı idilər.

Əldə etdiyi qələbələrə görə özünə çox inanan Kir artıq bütün cahanın hökmdarı olmaq üçün qarşısında yeganə əngəlin saklar olduğunu düşünürdü. Məhz bu səbəbə görə, sakları məğlub etməliydi. Sonra qarşısında heç bir xalq dura bilməyəcəkdi.

Ancaq saklar çox fərqli idi. Asan-asan döyüş meydanını tərk edən xalqlardan deyildilər. Köçəri tayfa olmaları, xüsusilə döyüşçü ruhları və igidlikləri ilə bütün cahanda ad qazanmışdılar. Hökmdar Kir saklar haqqında çox şey bilirdi. Onların döyüşdən asanlıqla əl çəkmədiklərini, çox qüvvətli döyüşçülərə sahib olduqlarını da eşitmişdi. Ona görə də döyüşə girməmişdən qabaq haqlarında daha çox məlumat əldə etmək üçün adamlarına gizli tapşırıq verdi:

– Nə qədər döyüşçü lazımdırsa, hətta daha artığını toplayın. Hansı silahlardan yaxşı istifadə edirlərsə, o silahlardan yığın. Cahan mülkünün hamısına sahib olmaq və bunun üçün döyüş meydanında sakları məğlub etmək gərəkdir. Ona görə də bunun üçün nə lazımdırsa, edin. Biz sakları məğlub etməliyik!

Tomris xatın

Hər zaman işıq saçan gözlərinə elə kədər çökmüşdü ki, xalqına ümid verən o xoş, güləc baxışlardan əsər-əlamət qalmamışdı.

Ümid etdiyi qapılar bir-bir bağlanırdı. Alp xana çarə tapacağını iddia edərək gələn hər həkimin hazırladığı yeni məlhəm yeni ümidlə qəbul edilsə də, xanın sağalmağına olan ümidlər get-gedə azalırdı. Əvvəlcə həyəcan və ümid vardı, sonra ümidsizlik və boşluq gəldi.

İgidi, qəhrəmanı, həyat yoldaşı, sevdiyi, obasının xanı gözünün qabağında əriyib gedirdi.

Necə də sevirdilər bir-birilərini. Necə də bir-birilərinə bağlanmışdılar.

– Sən mənim işığımsan!

İşıq sevginin işarəsidir. Müqəddəsdir. Aydınlığa baxışdır. Fərqli və rəngarəngliklər toplusudur.

Həyəcan və gözəllikdir.

– Sən də mənim xoş xatirələrimsən!

Alp xan onun xəyallarının hökmdarı idi. Onu görməmişdən qabaq yuxularında tanımışdı, xəyallarında aşiq olmuşdu. Sulara, dəryalara sığmayan sevgi idi bu.

Tomrisin obası gündoğan tərəfdə, Sak elinin mərkəz şəhəri olan Ordadan uzaqda idi. Tomris Sak elində çox hörmət edilən əsilzadə ailənin qızı idi. Fərqli və gözəl xüsiyyətlərə sahib insandı… Bütün Sak qızlarının içərisində həm gözəlliyi, həm də igidliyi ilə ad qazanmışdı. At minməyi, qılınc oynatmağı hər Sak igidi kimi uşaqlıqdan bilirdi. Hələ balacalıqdan qılınc oynatmaq, ox atmaq, at minmək kimi döyüş vərdişlərinə yiyələnmişdi. Usta döyüşçü idi.

Əlbəttə, bir gün bu igidlikləri insanların diqqətini cəlb edəcəkdi. Artıq Sak sərkərdələri döyüş təlimlərində at çapmasını, qılınc oynatmasını görürdülər. Sərkərdələrin gözündə gələcəyin böyük ordu komandiri kimi dəyər qazanmışdı. Anası: – “Bu qız at çadırında çox qalmaz”, – deyib qızı ilə qürur duyurdu. Onun gözəlliyi və igidliyi öz ailə üzvləri üçün də, yaxın və uzaq qohumları üçün də qürur mənbəyi idi. Həm də bu gözəlliyi igidlik və ağıl da tamamlayırsa.

Tomrisə gözəllik qatan təkcə ağıl və igidliyi deyildi. O, döyüş təlimlərində və el-obayla bağlı aparılan müzakirələrdə elə özünəməxsus fikirlər söyləyirdi ki, bu Sak müdrikləri və başbilənləri tərəfindən çox yüksək qiymətləndirilirdi. Hələ gənc yaşlarında ikən hörməti bütün saklar arasında yüksək tutulurdu. Ona verilən sualların cavabını necə tapırdısa, anındaca cavab verirdi. Əgər iki tayfa arasında hansısa məsələ ilə bağlı mübahisə yaransa, yenə də hər iki tərəfi qane edən cavabı o söyləyirdi.

Tayfa ağsaqqalları, adətən, belə məqamlarda: – “Qoy bir Tomris gəlsin! O da fikir söyləsin, görək, nə deyəcək bu işlərə”, – deyirdilər.

Əlbəttə, döyüşkən sakların tayfa ağsaqqallarının belə məqamlarda gənc qızın fikirlərinə qulaq asması, ona dəyər verməsi Tomris üçün çox qürurverici idi.

Tomrisin zəkası və igidliyi gündən-günə el-obada daha da yayılırdı. Belə parlaq zəkaya sahib igid xanımla ailə qurmaq istəyənlərin də sayı getdikcə çoxalırdı. Dillərdə əzbər olan “Tomris” adı az qala eşq, gözəllik işarəsi kimi qəbul edilirdi.

O isə nə ətrafında baş verən hadisələrə, nə də özünə qarşı diqqətin artmasına əhəmiyyət verirdi. Özü üçün ən əlçatmazı – ürəyinin sahibi olacaq igidi gözləyirdi. Ona görə də tələsmirdi. Halbuki, saklar arasında qız uşaqlarının erkən yaşlardan ana olması adət idi. Erkən yaşda ailə qurmayan qıza yaxşı baxmır, hansısa xəstəlikdən ailə qurmadığını düşünürdülər. Eyni zamanda sakların ağsaqqaları da qız uşaqlarının erkən yaşda ailə qurması üçün xüsusi qanunlar hazırlamışdılar. Onların bu məsələdəki həssaslıqlarının yeganə səbəbi Sak xalqının gələcəyi üçün igid övladların dünyaya gətirilməsi idi. Çoxalmaq, güclənmək mənasına gəldiyi üçün analıq, övlad dünyaya gətirmək igidlikdən daha müqəddəs hesab edilirdi.

Bir gün uzaq obanın bəyi tayfasının ağsaqqalları və bir neçə sayılıb-seçilən adamı ilə birlikdə Tomrisə qonaq oldu. Onların belə qələbəlik gəlməsi əbəs deyildi. Məqsədləri bəlli idi: Tomrisi görmək. Bəyin oğlu dillərə dastan gözəlliyi və igidliyi haqda eşitmişdi. Çadırını atasının çadırından ayırmaq çağında olan gənc birbaşa gəlib qızı görmək əvəzinə, bu haqda anasına danışmış, o da öz növbəsində həyat yoldaşına eşitdirmiş, nəticədə belə xeyirli səfər baş tutmuşdu.

Qonaq Sak xalqının həyatında ayrı yer tutur. Tanrı onları hədiyyə göndərir saklara. Gələn qonaqların qarşılanmasına xüsusi hazırlıq görülür. Sak obasına belə geniş tərkibdə qonaqların gəlməsi böyük fəxr hesab edilir.

Tomrisin mənsub olduğu obanın başçısı bu səfərin səbəbini başa düşsə də, bunu özləri üçün qürur bilmişdi. Obanın ağsaqqalı hər kəs tərəfindən hörmətlə qarşılanır, dedikləri hamı üçün qanun sayılırdı. Eyni zamanda Tomris haqqında xoş sözlərin deyilməsi onun üçün də fəxr sayılırdı.

Obanın igidləri arasında Tomrisi sevənlər var idi. Bu yeni, gözlənilməz sevgili üçün narahat olsalar da, nəticədə seçimi edəcək şəxs Tomris olduğu üçün səslərini çıxara bilmirdilər. Bununla belə, bu cür səfərlər oba üçün nə qədər qürurverici olsa da, onlar üçün heç xoş deyildi. Ona görə də özlərini, igidliklərini göstərmək üçün Tomris üçün gələn cavanları yarışda məğlub etmək, özlərini Tomrisə göstərmək istəyirdilər.

Qonaqlar zəngin mərasim süfrəsində şənləndilər. Səhərə qədər yeyib-içdilər. Ertəsi gün üçün sözlər verildi. Yerinə yetiriləcək işlər haqqında birgə qərar qəbul etdilər.

– Yaxınlıqdakı meşədə ov edək!

– Edək!

– Orda igidlərin məharətlərini sınayaq. Qoy bacarıqlarını göstərsinlər. Ad ala bilməyənlərə bir daha imkan yaradaq!

– Yaradaq!

Ovda göstərilən igidlik başqa igidliklərlə ölçülməyəcək dərəcədə böyük və əhəmiyyətli idi. Bu, müqəddəs Tanrı əmridir. Bu ovlarda hər şey baş verə bilər. Ovda bütün igidliklərə yer var. Hünər göstərmək üçün vuruşulur. Sak igidləri öz şücaətlərini ov meydanlarında göstərir, güclərini burada sınayırlar.

Bu ov meydanları həm də çox çətin keçir.

Bu cür döyüşləri idarə etmək də müşkül olur.

Sak yurdunda qonaqlara xüsusi qayğı göstərildiyi üçün ov meydanında da igidliklərini göstərmək üçün birinci onlara imkan verilir.

– Bəy qardaşım ovun necə olmasını istəyir?

– Əgər icazəniz olarsa, ovu oğlum etsin!

Bu sözlərdəki məqsəd də bəlli idi. Bəy Tomrisə sevgisi olan oğlunun özünü göstərməsini istəyirdi. Bu şansı oğluna verməliydi. Tomrisin sevgisini qazanmaq üçün isə oğlan ov meydanında Sak igidlərindən daha böyük qəhrəmanlıq göstərməliydi.

Bəy oğlu atlandı, ov meydanına çıxdı. Atını o başa-bu başa çapdı – at minmək bacarığını göstərdi. Atın üstündə etdiyi hərəkətlərlə nə qədər igid olduğunu nümayiş etdirdi. Sonra igidləri qruplara böldülər. Bir qrup ovu qovacaq, o biri ovun getdiyi istiqaməti dəyişəcək, sonrakı isə vuracaqdı. Vəzifə bölgüsü edildikdən sonra gənc bəy oğlu geri çevrilərkən onları gördü.

Obanın qızlarını…

At belində durub tapşırıq gözləyirdilər. Başlarında da Tomris. Gənc oğlan gördüklərinə çox təəccübləndi. Səhvini başa düşdü. İgidlərə başı qarışan zaman qızları unutmuşdu. Halbuki, heç bir igidin Sak qızlarını görməzlikdən gəlmək haqqı yoxdur!

Bağışlanmasını istədi və bu dəfə səhvə yol vermədən yenidən hazırlıq gördü. Qızları ov vuran dəstəyə qatdı ki, Tomris özünə yaxın olsun. İgidliyini ona layiqincə göstərə bilsin.

– Belə daha yaxşıdır, – dedi.

– Qızların ov vuran olması daha yaxşı olacaq. Ova hazırlıq görən, ov üçün meydana atılan igid bunun da haqqını verməlidir. Əgər bir ləngimə baş verərsə, mən də ova qoşularam. Beləliklə, qaldığımız oba da əsl igid necə olur, onu görər.

Qürur igidin yaraşığıdır. Əlbəttə ki, əgər danışığını və igidliyini lazım olan yerdə istifadə edə bilərsə. Yersiz danışıqlar və boş-boşuna lovğalanmaq insanı hər kəsin içində çıxılmaz vəziyyətə sala bilər. Bir sözlə, danışıq və davranış da igidlik qədər əhəmiyyətlidir.

Meşənin içərisində məsləhət görülən yerdə özləri üçün uyğun mövqe seçən qızlar ovun qovularaq ovlanacaq yerə gətirilməsini gözlədilər. Ov artıq ovlanmaq üçün nəzərdə tutulan yerə gətirilmişdi. Ovun seçilən yerə qovulması da onun ovlanması qədər məsuliyyətli olduğu üçün bu işi daha peşəkar olanlar, işin dərinliklərini bilənlər edirdilər.

Artıq hamı ovun vurulmasını gözləyirdi.

Ov başlamazdan əvvəl hər iki obanın başçısı meydana girdi. Onların ikisi də artıq qocalmışdı. Təbii ki, gənclər kimi ov edə bilməzdilər. Həm də bu onlar üçün çox təhlükəli ola bilərdi. İkisi də atlarını yanaşı sürərək ovu izləməyə başladılar. Təhlükənin onlara yaxınlaşmaması üçün yanlarında mühafizəçilər də var idi. Yetişdirdikləri igidlərin ov etməsini izləmək onlar üçün qürurverici idi.

– İgidin qəhrəmanlıqlarını izləmək, şəninə təriflər demək də igidlik etmək qədər hünər tələb edir!

Bir vaxtlar ov meydanında ov edən yaşlı oba başçıları indi gənc igidlərin ov səhnəsini izləyirdilər.

Sak yurduna qonaq gələn bəyin oğlu atasından icazə alıb atını vəhşi heyvanların üzərinə sürdü. Hirs gözünü tutmuşdu. Artıq bütün düşüncələri onu tərk etmişdi. Yeganə məqsədi ovunu ovlamaq, igidlik göstərmək idi. Ata minməsinə, cəsarətinə deyiləcək söz yox idi.

Əsl Sak igidi idi.

Ov meydanında qəhrəmanlıq etmək onun üçün adi məşğuliyyət idi.

Bəyin oğlunun cəld hərəkətini və atının üzərində oxla ovu vurub geri qayıtmasını hər kəs maraqla izləyirdi. Atdığı hər ox öz hədəfini tapır, hər oxdan sonra ətrafdakılara, – “Necədir?”, – sualını verirmiş kimi baxması isə ov səhnəsini izləyənlərə xoş gəlmədi.

Sak igidlərinin köməyilə ovu vuran bəy oğlu sonra Sak igidlərini ov üçün meydana çağırdı. Onun bu hərəkətini bəyənməyən Sak igidləri oğlanlı-qızlı ov meydanına atıldılar. Əsl ov başladı.

Sak igidlərinin atlarının səsi, özlərinin nərələri elə güclü çıxırdı, sanki döyüş gedirdi. Artıq bəy oğluna hansı şəkildə ov etməsini, ovun harda olmasını deyən igidin səsi belə, nərələrin içində eşidilməz olmuşdu. Öz bildikləri kimi ov edən Sak igidləri lovğa, özündənrazı bəy oğluna meydanda ov dərsi verirdilər.

Ov meydanında etdiyi bütün hərəkətlərdə yeganə məqsədi Tomrisin diqqətini çəkmək olan bəy oğlu qarışıqlığa fikir vermədən Tomrisə yaxın mövqe seçdi və özünü ona göstərməyə çalışdı. Tomrisin hərəkət etdiyi yerə doğru o da hərəkət edirdi. Kənardan isə bu çox açıq şəkildə görünürdü. Bütün bunlar başa düşülən idi. Çünki o gənc idi. Sevdiyi qızın gözündə özünü igid, qəhrəman kimi göstərməyə çalışırdı. Lakin onun bütün bunları əsl igidə yaraşan şəkildə etməsi daha düzgün olardı. Hansısa igidi, döyüşçünü tənqid etməklə, alçaltmaqla deyil…

Atası oğlunu da, Sak döyüşçülərini də yaxşı tanıdığı üçün övladını hərəkətlərinə görə cəzalandıracaq birinin ortaya çıxmaması üçün dua edirdi. Amma bilirdi ki, mütləq bunu edəcək igid meydana çıxacaq.

Axır ki…

Yaşlı igid bəy oğlunun meydandakı lovğa hərəkətlərinə səbir edə bilmədi. Atını onun üzərinə elə sürətlə çapdı ki. Bir anda onun tarazlığını pozdu. At vəziyyətdən çıxmaq istərkən üstündəki adamı düşünmədi belə. Bir anlıq sərt şəkildə silkələndi və bəy oğlunun bütün cəhdlərinə bax-mayaraq arxası üstə yerə düşməsinə səbəb oldu. Özündən razı bəy oğlu az qalmışdı ki, atdan yıxıldığını görməyən igidlərin atlarının ayaqları altında qalsın.

Qışqırıqlar və kənardan edilən xəbərdarlıqlar ov edən Sak igidlərinin atları onun üstünə sürməsinə mane oldu. Ancaq bayaqdan igidlərə meydan oxuyan bəy oğlunun bir anda yerə yıxılması vəziyyəti dəyişdi.

Bir Sak igidi ov zamanı atdan düşə, özü də bu əsilzadə bəy oğlu ola. Həm də ov zamanı.

Bəy oğlunun igidliyi bura qədər imiş. Bundan sonra ona el-obada haqqında danışılanlar qalacaqdı. Adının əvvəlinə ad da əlavə ediləcəkdi: “Ov zamanı atdan yıxılan bəy oğlu!”

Sak elində bu cür hadisələr çox böyük əhəmiyyət daşıyır. Hər kəs baş verən belə hadisəyə mütləq öz etirazını bildirir.

Və o da…

Tomris…

Yavaş-yavaş atını bəy oğluna yaxınlaşdırdı. Cavan hələ də arxası üstə uzanmış vəziyyətdə idi.

Heç kim ona yaxınlaşıb əl verib qaldırmamışdı. Çünki etdikləri igidə yaraşan hərəkət olmadığı üçün özünə və igidliyinə hörməti olan heç kəs ona yaxınlaşıb əl uzatmazdı. Bu da Sak igidlərinin meydan ənənəsi idi.

Eyni zamanda Sak igidlərindən kiminsə ona yaxınlaşıb kömək etməsi də onun üçün utancverici hərəkət olardı. O özü ayağa qalxmalı, heç bir şey olmamış kimi davranmalı, yıxıldığı yerdən durub atına minməliydi. Ancaq bunu edə biləcəkdisə. Əlbəttə, yerə yıxılan zaman bədəninin hansısa yerində qırıq, çıxıq olmayıbsa. Halbuki, yerdə aldığı vəziyyət və hərəkətləri elə bunu göstərirdi. Üstəlik, yıxıldığı yer uca otlarla örtülmüşdü.

Tomris ona yaxınlaşaraq düz qarşısında dayandı. Bir dəfə baxdı onun gözlərinə. Yalnız bir dəfə…

Bu baxışlarda çox məna var idi. Bu gözlər bəy oğluna çox şeyi demişdi. Sonra Tomris atını sürüb uzaqlaşarkən yatdığı yerdən cəld şəkildə ayağa qalxan bəy oğlunun düşündüyü bircə şey var idi.

Tomris artıq getmişdi. Bu gediş onun üçün daha geri qayıtmamaq demək idi.

Ertəsi gün yenidən bunu etdilər. Vasitəçilər onların fikirlərini öyrənmək üçün araya girdilər. Ola bilsin, bu cavabı gözləmirdilər, ancaq Tomrisi tanıyanlar cavabın nə olacağını bilirdilər:

– Mən atından yıxılan igidin həyat yoldaşı ola bilmərəm!

Əlbəttə, bu onun üçün əsaslı bəhanə idi. Ürəyinin isinmədiyi oğlana “yox” deməyə bəhanə axtaran Tomrisin əlinə bu fürsət özlüyündən düşmüşdü. Nəticədə baş verənlər onun adını bir daha məşhurlaşdırmış oldu.

Artıq uzaqlarda yaşayanlar belə, Tomrislə maraqlanmağa başladılar. Gözünə girmək istəyən igidlərin sayı gündən-günə artırdı. Obalarına daha tez-tez qonaqlar gəlməyə başlamışdı.

Zaman keçir, Tomris özünə layiq bilmədiyi, ürəyinin qəbul etmədiyi igidlərin elçilərindən imtina etməklə günlərini keçirirdi.

Anası da bu məsələdə ona təzyiq göstərirdi. Obadakı digər qadınlar da ona təsir edərək qızın tez bir zamanda ailə qurmasını istəyirdilər. Tomrislə yaşıd qızlar bir-bir ailə qururdular. Hətta çoxlarının övladı da var idi. Bəs Tomris nəyi gözləyirdi? Nə vaxta qədər gözləyəcəkdi?

Yaşı kiçik idi, ancaq Sak xalqı onun qısa zamanda ailə qurmasını istəyirdi. Çünki dünyaya gətirdiyi övladı da özü kimi igid olacaqdı. Bütün həyatlarını köçəriliklə keçirən, çöllərdə, savaşlarda olan xalqın gələcəyinin yaşaması üçün dünyaya yeni övladların gətirilməsi lazım idi. Bu, onlar üçün müqəddəs amal hesab edilirdi. Qız uşaqları onlara elçi düşən igidlər arasında seçim etməli deyildilər. Çünki seçim etməklə dünyaya övlad gətirilməsi gecikə bilərdi. Məhz bu baxımdan Tomrisin seçim istəyi Sak qızlarının da bundan sonra eyni şəkildə hərəkət etməsinə səbəb ola bilərdi.

Tomris artıq baş verənlərdən çıxış yolu tapmağa çalışırdı. Lakin axtardığı igid hələ ki, səsinə səs vermirdi. Nəhayət…

Ağlına belə gəlməyən, qəbul edə bilməyəcəyi mövqedə gördü özünü. Ona obadakı qızlardan biri danışdı:

– Əl içi qədər xəmir hazırlayacaqsan. İçərisinə bir ovuc duz atacaqsan. Sonra bunu yanmış alovdan qalan küldə bişirəcəksən. İsti-isti birnəfəsə yeyəcəksən. Duz səni yandıracaq, qovuracaq. Əsla su içməyəcəksən, əsla. Bunun üçün Göy üzünün açıq olduğu, ayın göründüyü gecəni seçməyi unutma. Əllərini göyə açıb deyəcəksən: “Ey ulu Tanrım, səndən diləyim budur ki, hansı igid qəhrəmanım, gələcəkdə evimin əri, həyat yoldaşım olacaqsa, bu gecə yuxuma girsin. Susuzluğumu yatırmaq üçün öz ovucları ilə mənə su içirsin. Onun üzünü mənə göstər”. Bunları dedikdən sonra heç kimə bu haqda bir kəlmə belə demədən yatacaqsan!

Bunu bir neçə qız sınayıb və dediklərinə görə, Tanrı dualarını qəbul edib. Yəni düz çıxması ilə bağlı çox iddialıdırlar.

– O gecə yuxumda mənə su verən igid, çox keçmədi ki, qarşıma çıxdı. Həyat yoldaşım oldu.

– Həqiqətənmi belə oldu?

İnanmaq yolun yarısıdır. Bir şeyin olmasını istəyirsənsə, əvvəlcə uca Tanrıdan bütün varlığınla istəməli, inanmalısan.

Tomris bu deyilənlərə inanmaq istəyirdi, ancaq ətrafındakıların hərəkətlərini mühakimə edib güləcəklərindən ehtiyat edirdi. Çünki belə şeylərə inanmırdılar. Çünki tanıdıqları Tomris belə gülünc hərəkəti etməməli idi. İgidliyinə necə yaraşdıra bilər belə şeyləri? Bütün bunları düşünmək onu daha çox narahat etdi. Ona görə də bu haqda heç kimə danışmaq istəmədi. Hətta bu sınaq doğru olsa belə.

Fikirləşdi ki, anasından bu haqda məsləhət alsaydı, anası mütləq bunu nə üçün etdiyini soruşacaqdı.

Bəs anası buna nə deyəcəkdi? Utanırdı.

Əsla bunu edə bilməzdi.

Lap tutaq ki, anasından istədiyi məsləhəti aldı. Xəmiri yoğurub bişirdi. Amma…

Yox… Çox istəsə də, bunu etməyəcəkdi. Yoldaşı bunu istəsə belə.

Bu gecə göy üzündə ay ən gözəl halıyla parlayırdı.

Göy üzünə səpələnmiş ulduzların çoxu hər zamankından daha işıqlı idi. Tomris bu şansı qaçırmaq istəmirdi. Onunla həmyaşıd, yenicə toyu olan qız:

– Mən xəmiri sənin üçün hazırlayaram, – dedi. – Narahat olma bundan heç kimin xəbəri olmaz. Çadırın qapısında gözlə. Bişirib isti-isti gətirərəm. Sən də yeyərsən. Sonra da…

Artıq bundan da imtina edə bilməzdi. Tomris yaşıdının dediklərini qəbul etdi.

Nə çətin idi gözləmək. Ay parlayırdı. Deyəcəklərini əzbərləyir, küldə bişəcək xəmiri gözləyirdi. Çadırda hamı yatmışdı. Heç kim belə şey edəcəyini düşünməzdi. Ona görə də baş verənlərdən qızın necə həyəcanlanacağı da kimsənin ağlına gələ bilməzdi. Bununla belə, yenə də çox gərgin idi. Əgər onu kimsə görsəydi, nə cavab verəcəyini bilmirdi.

Qarşıdan bir kölgə gəldiyini hiss etdi. Səssizcə, sirr paylaşan sirdaş kimi yaxınlaşırdı. Tomris iki ovucunu birləşdirib onun qarşısında açdı. Ona uzadılan çörəyi yerə düşmə qorxusu ilə havada tutdu.

– Ay!

Qız söylədiyi kimi etmiş, çörək isti küldən çıxan kimi gətirmişdi. Tomrisin əlini yandıracağını heç düşünməmişdi də.

– Sakit ol! Eşidən olsa, nə deyər, nə danışarlar?

İkisi də qeyri-ixtiyari güldü.

– Mən getməliyəm! – dedi xəmiri gətirən. Sən lazım olanı et!

– Oldu!

Yoldaşıqaçaraq gedəndən sonra dizləri üstə çökdü və çörəyi yeməyə başladı. Daha ilk tikəsindəncə dili yandı. Dad hiss etməz oldu. Sanki duz doldu ağzına. Dişləməsi çətin, udulması mümkünsüz idi. Bununla yanaşı, inadla yedi. Yansa da, dili qovrulsa da, bir tikəsini belə saxlamadan yedi.

Sonra aya baxdı. Dua etməyə başladı.

Sonra duasını yenidən oxudu. Ola bilsin ki, hansısa sözünü deməmiş olaydı. Sonra bir daha… Və nəhayət, heç bir şey hiss etmədən susuzluqdan yanaraq gözlədi. Sanki orada yatacaq, yuxusunu orada görəcəkdi. Ya da gözlədiyi igid buludsuz Göy üzünü yararaq atının üzərində aşağıya düşəcəkdi.

Amma mənasız yerə gözləyirdi. Boş yerə gözlədiyini bilə-bilə, yenə də yerindən tərpənmək istəmirdi. Daxilində bir ümidsizlik vardı.

– Hər halda, bu olmayacaq, – dedi öz-özünə. Halbuki, hələ bir şey nə başlamış, nə də bitmişdi.

Sürətli addımlarla çadırına doğru getdi. Tezcənə yatmaq, istədiklərini görmək istəyirdi. Yerinə uzanıb gözlərini yumdu.

Bir od dairəsinin içərisindəydi.

Ucsuz-bucaqsız çölün ortasında.

Yalın ayaqlarına baxdı. Qumların istisində əriyəcək kimi yanan yazıq ayaqlarına. Bəs ayaqqabıları, atı harada idi?

O yana-bu yana qaçır, ayaq basdığı hər yerdən bədəninə istilik qalxırdı. Susuzluqdan quruyan dodaqlarına bir qurtum su vurmaq üçün su axtarırdı. Ancaq heç yerdə su yox idi.

Ucsuz-bucaqsız çöllərdə nə işi var idi axı?

Sıxıntı içərisində sızıldadığını hiss edirdi. Halbuki, həmin an bir cüt göz yazıq baxışlarla onu izləməkdə idi. Səssiz olmaq üçün hər nə qədər çabalasa da, o, Tomrisin etdiklərini izləyirdi.

Tomrisin anası isə bu zaman onu oyatmaq üçün bir neçə dəfə yerindən dursa da, sonra fikrindən daşınmışdı. Gənc qızı gördüyü yuxudan ayırmaq istəməmişdi. Anası da olsa, belə şeyə haqqı olmadığını düşünürdü.

Tomrisin dodaqları tərpənirdi.

– Ah, yazıq qızım. Sən də inandın bu yalana. Uzun, çox uzun zaman əvvəl mən də etmişdim bunu. Nə bir şey görmüşdüm, nə də bir şey başa düşmüşdüm. Bu, sadəcə adi fikirdir. Tanrı nə yazıbsa, o da olacaq, duzlu xəmirdən nə çarə?!

Anası Tomrisə mane olmadığı üçün özünü qınayırdı. Yuxuda susuzluqdan yandığına görə çox narahat idi.

Gözünün qarşısında əziyyət çəkən doğma qızının bu halına səbir edə bilmirdi. Amma başqa çarəsi yox idi.

Bir az da gözləyəcək, oyanmasa, qaldırıb su verəcəkdi. Başqa yolu qalmırdı.

Əlbəttə, duzlu kökənin təsiri bir neçə gün davam edəcəkdi. İnsan elə hala gəlir ki, su içməkdən də doymur. Hətta uzun müddət heç nədən dad ala bilmir – “Bütün bunlara nə ehtiyac vardı ki? Mən nə etdim?” – deyir.

Tomris yuxuyla həqiqət arasında bir yerdə idi. Əslində, oyanmaq istəyirdi. Susuzluğa dözmək də çox çətin idi. Oyanmaq, tuluqdakı sudan doyanca içmək istəyirdi. Kaş oyana biləydi.

Amma necə oyanacağını bilmirdi.

Yuxular aləmində, çölün ortasında idi, başı üstündə də Günəş.

“Burda nə işim var mənim?”

Dodaqları çat-çat olmuşdu. Ağzının ətrafı duz bağlamışdı. Sanki duz tökmüşdülər boğazından aşağıya. Ağzındakı tüpürcəyi də qurumuşdu. Dili-dodağı şişmişdi. Udqunmaq istəyir, amma bacarmırdı. Daxildən bir səs bunun yuxu olduğunu söyləyirdi. Mütləq oyanmalı olduğu yuxu idi. Oyanmağa gücü olsaydı…

Kaş bunu bacara bilsə…

Tomris bunu bacara, yuxudan oyana bilmədi. Hər nə qədər cəhd etsə də, gözləri açılmadı ki, açılmadı. Anası da oyatmadı. Oyandıqdan sonra qızının utanmaması üçün etmədi bunu.

Əlbəttə, bu qüsur deyildi, ancaq istəmədi.

… Dan yeri sökülmək üzrə idi.

Gördüyü yuxuda da dan yeri sökülməkdəydi.

Günəş zülməti, qaranlıqda gizlənmiş şəri qovmaq üçün yavaş-yavaş yerindən qalxır, şüaları dünyanı işıqlandırırdı.

Dünya artıq Günəşdən aldığı əmr üzrə hərəkətə başlamışdı.

Yaxınlıqda səssiz çay axırdı. Amma səsi Tomrisin qulağına gəlirdi. Qopuzdan qopan nəğmələr onu çağırırdı.

– Su, – dedi çıxmayan səsi ilə, – Su!

Yaxınlaşdıqca uzaqlaşırdı, gəldikcə gedirdi çayın səsi. Əlçatmaz, çox çətin hədəf idi. Gücü tükənmişdi. Dizlərinin üstünə çökdü qürurunu heç bir şeyə dəyişməyən Sak yurdunun igid qızı. İməkləməyə başladı.

Bir, iki…

Daha artıq dözə bilmədi. Uzandı sonsuzluğa uzanırmış kimi. Sanki ölüm mələyi ilə birlikdə uçmağa hazırlaşırdı.

– Bəsdir! – dedi daxilində, – Bəsdir! Artıq səbir edə bilməyəcəyəm. Bəsdir!

Birdən ona tərəf bir əl uzandı. Əlini tutdu.

– Qalx! – dedi qulağa xoş gələn, güvənli səslə – Qalx ayağa, səni bu şəkildə görməyə dözə bilmərəm. Sən hər zaman ayaqüstə, məğrur şəkildə durmalısan!

– Su!

Başqa söz çıxmadı dodaqları arasından. Çox maraqlandığı halda, başını qaldırıb tanımadığı səsin sahibinə baxa bilmirdi. Bütün sıxıntılarının yeganə səbəbi səsini eşitdiyi igid olsa da, artıq gücü tükəndiyi üçün üzünə baxa bilmirdi. Dayanmadan yalnız bir sözü təkrarlayırdı: “Su!”

Əl uzadan igid su gətirmək üçün qaçdı. Uzaqlaşmasını istəməyən, ancaq qaçışın ona su gətirmək üçün olduğunu bilən Tomris susuzluğunu aradan qaldıracaq ümidlər, sevgi dolu dirənişlər hiss etdi qəlbində: “Su!”

Nə vaxt getmişdi, necə tapıb gətirmişdi, bilmirdi, ancaq bir anlıq düz dodaqlarından tökülən suyun sərinliyini hiss etdi. Bir, iki, üç damcı…

– Çox içmə, – dedi səs, – bu qədər susuzluqdan sonra zərər verər sənə.

– Su!

Çöllərin quraqlıqlarının öyrətdiyi insanlar bu həqiqəti yaxşı bilirdilər. İgidin söylədiyi düz idi, ancaq Tomris müqavimət göstərirdi.

– Su!

– Bütün bu əziyyətləri çəkməyinə nə ehtiyac var idi?

Tomris özünə gəldi. Başı üstündə ona su verən igidi görəndə indiyə qədər yuxuda çəkdiyi əziyyətlər qurtaracaqdı – bunu bilirdi. Oyanacağını da bilirdi. Ona görə də bu işi tez qurtarmalıydı. Baş verənləri də, bu əziyyətlərə nə üçün dözdüyünü də yaxşı xatırlayırdı. Bütün bunlara duzlu çörək səbəb olmuşdu.

– Səni görmək üçün yedim onu! – dedi öz-özünə.

İndi isə onu görməliydi.

Əvvəlcə əlinə gözləri toxundu. Sərt, güclü döyüşçü idi. Axtardığı əsl cəngavər. Baş barmağının yanında dərin yara izi var idi.

Bir həmlə də.

Başını qaldırıb baxdı. Günəş doğdu o an. İşıqları Tomrisin gözlərinə vurdu. Çətinliklə də olsa, onları açaraq baxdı. Uzun, geriyə doğru əyilmiş saklara məxsus papağının1413 altından saçlarını gördü. Qumral idi. Sonra gözlərini axtardı.

Bir cüt ala göz dəydi gözlərinə. Eynilə Tomrisin gözləri rəngində.

Gördükləri tam deyildi.

Bütün diqqətini cəmləyib gördüklərini düşünməyə başladı. Axı bu adamı tanımalıydı. Ya da gördüklərindən bir neçə kiçik əlaməti yadında saxlamalıydı. Sonra bütün bunları xatırlasın deyə. Burnu, yanaqları, ağzı…

Nə qədər cəhd etsə də, yeni doğan Günəşin şüaları Tomrisə mane olurdu. Bir çıxış yolu qalırdı: adını soruşmaq.

– İgid, adın nədir? – Verdiyi suala cavab ala bilmədi. Yalnız gülüş səsi eşitdi. – Adın nədir? Nə olar, heç olmasa adını söylə!

– Mən səni tapacağam, – dedi qarşıdakı səs, – Narahat olma! Gözlə məni, gələcəyəm!

– Adın nədir?

Artıq verdiyi sualın təsirindən səsində də dəyişiklik yaranmışdı, sanki yalvara-yalvara, acizanə şəkildə soruşurdu.

Sualların cavabını ala bilmədiyi üçün sarsılmışdı.

– Qızım, övladım!

Ana şəfqətli, isti və yumşaq əl saçlarını oxşayırdı.

– Oyan artıq! Günəş doğdu. Bu gün çox işimiz var. Atanla qardaşların bizdən aş gözləyir.

Tomris gözlərini açdı. Yuxudan oyandığı üçün çox peşman olmuşdu. Həm də uğrunda əziyyətlərə qatlaşdığı igidin nə adını, nə də tanıya biləcəyi əlamətini yadda saxlaya bilmişdi.

Bu igidin adını öyrənəcəyi anda…

Əlbəttə, heç nə deyə bilmədi anasına. Cavab verəcək taqəti də qalmamışdı. Yuxudan oyansa da, bütün gecənin və gördüklərinin təsirindən yerindən tərpənə bilmirdi. Bir yandan da dodaqlarının, ağzının, boğazının quruluğu imkan vermirdi. Susuzluqdan yanırdı.

Anası baş verənləri bilirdi, lakin Tomrisin bundan xəbəri yox idi. O, qızının düşdüyü vəziyyətdən xəbərdar olduğu üçün əlindəki su dolu qabı ona uzatdı.

– Al, bunu iç! Çox susamısan.

Görəsən, anasının baş verənlərdən xəbəri vardı? Adətən, yuxudan ayılanda anası heç vaxt ona qarşı belə davranmazdı. Artıq bunları düşünməyi bir kənara qoyub susuzluqdan qurumuş dodaqlarını anasının verdiyi qaba dayadı.

Bütün bu əziyyətlərə qismətindəki igidi görmək, tanımaq üçün dözmüşdü. Onu yuxusunda görmüşdü. O, Tomrisə gələcəyini, onu gözləməyini söyləmişdi. Tomris baş verənlərdən çox məmnun idi. Bu qədər işarə də bəs edərdi.

Birdən-birə yuxuda gördüyü bu igidi tez zamanda gerçək həyatda da görəcəyini hiss etdi. Baş verənlər ona çox yaxşı təsir etmişdi. Sevincliydi. Artıq özünü qınamırdı. Yuxu görmək üçün gördüyü əziyyət hədər getməmişdi. Bütün bunlara baxmayaraq daxilində onu bir sual rahat buraxmırdı. Birdən yuxusunda gördüyü igid gəlməsə, onda necə? Bəlkə, bu baş verənlər elə yuxudan ibarətdir.

Hiss etdi ki, yuxusundakı igid gələnə qədər xoşbəxt olmayacaq. Daxilində qəribə narahatlıq baş qaldırdı.

Tomris baş verənlərdən anasının xəbəri olduğunu sonradan anladı. Onsuz da yuxudan oyananda anasının hərəkətlərindən şübhələnmişdi. Ancaq ola bilsin, bu təsadüf idi. Ona görə də anası sual verənə, nə baş verdiyini soruşana qədər bu haqda heç nə danışmamaq qərarına gəldi.

– Yuxunda gördüyün bunlar idimi?

– …

Bir müddət keçdikdən sonra ağlı başına gəldi, baş verənləri düşünərək nəticə çıxardı. Gördüyü üz gözünün qabağından getmirdi. Bunlar bəs edirdi ki, artıq özünü igidin nişanlısı kimi hiss etsin. Nişanlı qızların duyduqlarını duysun.

Amma nə hiss etdiyini heç kimə danışa bilmirdi. Bunlar təsəvvür ediləsi duyğular deyildi.

Yuxuda ailə quracağı igidi görmək üçün yediyi duzlu çörəyin yandırıcı təsiri düz beş gün davam etdi. Tomris bu zaman ərzində su içməkdən bitab düşdü.

– Sən mənim işığımsan, nurumsan!

Həqiqətən, Tomris onun nuru idi.

– Sən də mənim xəyallarımın igidi.

Həqiqətən, bu igid onun xəyallarının igidi idi.

… Otağın ətrafındakı səssizlik içəridəki səssizliklə ahəng təşkil edirdi. Halbuki, saklara sakit durmaq, səssiz iş görmək xüsusiyyəti məxsus deyildi. Elə bil obalarda heç kim yox idi. Bu, insanların bir-birinə hörmət əlaməti olaraq yaratdığı səssizlik deyildi. Sanki obada yas var idi. Elə sakilik hökm sürürdü. Xanın vəziyyəti dəyişmir, ümid verən heç bir xəbər gəlmirdi. Obada və ətraf obalarda olan bütün həkimlər, təbiblər dəvət edilmişdi. Necə xəstəlik idi bu?! Necə çarəsi olmayan dərd idi?!