Kitabı oku: «Tomris Xan », sayfa 4
Alp xan xəstə yatağında səssizcə yatırdı. Başında təbiblər, həkimlər, bir neçə də əsgər keşik çəkirdi. Yanına yığışanlar sükut içində gözləyir, nə edəcəklərini bilmirdilər. Artıq bundan sonra uca Tanrı nə yazmışdısa, o olacaqdı, onlar da qismətlərinə razı olmalıydılar.
Çarə üçün bütün vasitələrə əl atılmışdı. Uzaq ölkələrdən böyük təbiblər dəvət edilmişdi. Həkimlərin bütün məsləhətlərinə əməl edilmişdi. Yatdığı yerdə gündən-günə əriyib gedən xanın xəstəliyinə çarə tapmaq üçün hər yerə xəbər salmışdılar.
Hər gələn həkim də başqa xəstəlik olduğunu söyləyir, əlac tapmaqda çətinlik çəkirdi. Artıq ümidləri üzülmüşdü. Təbiblərin söylədiklərini etsələr də, bir nəticə hasil olmadığını görürdülər. Axırda obanın ağsaqqalları təbib və həkimlərdə çarə olmadığını görərək xanı uca Tanrının ixtiyarına buraxdılar. Bundan sonra nə olacaqsa, Tanrının qisməti hesab ediləcəkdi. Artıq obanın igidlərinin edəcəyi bir iş qalmamışdı.
Dəyişməyən Sak inancı var idi: Yerin işi deyilsə, deməli, göyün işidir.
Tomris xanım neçə gündür yatmadan xanın başında pərişan şəkildə gözləyirdi. Artıq həkimlər Tomrisin də sağlamlığından narahat idilər:
– Özünüzə diqqət edin! Tanrı qorusun, sizə də bir şey olsa…
Tomris baş verənləri qəbul edə bilmirdi. Tanrı həyat yoldaşını, igidini, sevdiyini, övladlarının atasını əlindən almaq istəyirdi. Tomris isə Tanrının bu istəyini asan-asan qəbul etməyi bacarmırdı. Bunun üçün uca Tanrıya dualar edir, qurbanlar deyib nəzirlər söyləyirdi.
– Uca Tanrı, bu igidi mənə bağışla!
Yavaş-yavaş onun döşəyinə yaxınlaşdı. Həkimlər qadına yol vermək üçün kənara çəkildilər. Tomris yazıq-yazıq Alp xanın üzünə baxdı. Əlləri əsirdi. “Uca Tanrı, obamın və xalqımın Alp xana ehtiyacı var, onu bizlərdən alma!” – yenə ürəyindən keçirdi.
Bunu sakit şəkildə öz daxilində söyləmişdi. Həqiqətən, obasının xana çox ehtiyacı var idi.
Tomris artıq göz yaşlarını saxlaya bilmirdi.
Xəstə yatağında belə, Alp xan çox yaraşıqlı görünürdü. Dən düşmüş qumral saçları, xəstəlikdən solmuş üzü başını qoyduğu ağ yastıqla eyni rəngə çalırdı. Saqqalı uzanmışdı. Uzun, dodaqlarından aşağı sallanan bığlarının yeri kölgə kimi qalmışdı.
Yaxınlaşıb oturdu döşəyinin yanında. Həyat yoldaşını xəstə yatağında narahat etməmək üçün çox diqqətli davranırdı. Alp xanın əlini əllərinin içərisinə aldı. “Nə qədər zəifləmisən, igidim! O güclü, qüvvətli əllər hanı? Sanki başqasının əlləridir. Baş barmağının dibindəki yara izi də olmasa…” – düşündü yenə.
Sonra qəmgin səslə:
– Qalx, igidim! Nə olar, qalx! El-obana dünyaya gərəksən. – dedi.
Belə sevgi yaşanmayıb
Yaz gəlmişdi, çöllər günəşin istiliyindən yanmağa başlamışdı. Artıq sürülərin ehtiyacını ödəmək üçün yaylaqlara doğru axın edirdi Sak yurdu. Dağlar bütün coşğusu ilə onları qucaqlamağa hazır vəziyyətdə gözləyirdi. Qarın əriməsi ilə çağlayan çayların, bulaqların təmiz suyundan, yaylaqlardakı zəngin otlaqlardan, yüksəkliklərdəki meşələrin onlar üçün qoruduğu bərəkətindən bəhrələnmək üçün oralara köçürdülər.
Hər obanın yaylaqdakı yeri bəlli idi. Tezliklə o yerlərə varmaq, yurd salmaq üçün sanki bir-biriləri ilə yarışırdılar.
Yüksəkliklərə qalxdıqca sərinlik artırdı. Orada olan yaşıllığın gücü də düzənliklərdəki sarı torpağa qalib gəlirdi.
Bu yüksəkliklər və ovlaqlar olmasaydı, saklar da mövcud ola bilməzdi.
Eynilə çöllərsiz ola bilmədikləri kimi.
Tanrı bu xalq üçün həyat tərzi bəxş etmişdi.
Tomris bu müqəddəs yuxunu gördüyü günün səhəri sorğu-suala tutulmuşdu. Hələ ona duzlu çörəyi gətirən qız…
“Gördünmü? Necə yuxu idi?”
Tomris sual qarşısında susmuşdu. Düşünmüşdü ki, gördüyü yuxunu danışması onun müqəddəsliyini poza bilər. Artıq bu addımı ataraq inanmışdısa, sonra baş verəcəklərə də inanmalıydı. Məhz ona görə də yuxusunu hər kəsə danışa bilməzdi. Ancaq yuxuyozan birinə danışmaq olardı. Amma Tomris bunu belə etmədi. Çünki yuxusuna bütün varlığı ilə inanırdı. Danışmaqla onun sehrinin pozacağından qorxurdu.
Susduqca üzərinə gəldilər, üzərinə gəldikcə susdu. Axırda sual verənlər ondan əl çəkdilər. Tomrisin xasiyyətinə yaxşı bələd idilər. Onu da görürdülər ki, Tomris artıq əvvəlki Tomris deyil. Sanki yetişmiş, böyümüş, uşaqlara xas xasiyyətlərindən əl çəkmişdi.
İndi daha da gözəlləşmişdi. Əvvəllər etmədiyi şeyləri edir, geyiminə, bəzəyinə, zinət əşyalarına diqqət göstərirdi. Sak zərgərlərinin, ustalarının gümüş və qızıldan hazırladığı əşyaları taxırdı. Həvəsləndikcə anası da öz sandığından qızıl-gümüşü çıxararaq ona verirdi.
O da ana kimi gözəl qızının daha da gözəl görünməyini istəyirdi.
Hər Sak qızının, Sak qadınının sandığı var. Qız övladı dünyaya gələn kimi, qadın həyat yoldaşına: – “Qızımıza sandıq al!”– deyir.
Bu əmrdir. Saklar üçün yerinə yetirilməsi vacib əmr.
Yeni dünyaya gələn qızın sandığını ata özü hazırlayır.
Ağacın ən gözəlini seçər bunun üçün. Ən sağlam, bərk ağacdan hazırlayar bu sandığı. Seçilən ağac xüsusi olaraq ölçülər, kəsilər, sak qızına yaraşan şəkildə sandıq hazırlanar.
Sandıq düzəltmək işi xüsusi diqqət və ustalıq tələb edir. Sandıqda bir neçə damğa1514 və xüsusi işarələr olur. Onun üzərində saklara məxsus nə qədər çox işarə və damğa varsa, deməli, bir o qədər dəyərli və əhəmiyyətlidir.
Sandıq hazır olandan sonra onu xüsusi təntənə ilə qız övladı dünyaya gətirən anaya təhvil verirlər:
– Buyur! Qızımın cehizlik sandığı!
Sandıq qızın yatdığı yerin baş hissəsinə qoyulur. O andan etibarən doldurulmağa başlanılır.
Qız ata evindən ayrılan zaman sandığını da özü ilə aparır. Bu, qızın gəlin getdiyi obada ən baş hissəyə qoyulur. Yeni ailə quran gənc qız da öz növbəsində dünyaya qız övladı gətirənə qədər öz sandığını doldurur. Qız övladı dünyaya gələndən sonra isə qızının sandığını doldurmağa başlayır. Bu ənənə qız yetkinlik yaşına çatıb ailə qurana qədər davam edir.
Ana dünyadan köçəndə sandıqda olan əşyalar qızları arasında paylaşdırılır. Sandığı isə getdiyi yerdə lazım olacaq deyə məzarına qoyurlar.
İndi də Tomrisin anası sandığındakı qızıl və zinət əşyalarını taxmaq üçün ona verirdi. Əlbəttə, Tomrisin də öz sandığı, qızıl, zinət əşyaları var idi. Amma anasının sandığında olanları taxmaq xüsusi həvəs idi.
Sakların döyüşçüləri qədər zərgərləri və ustaları da məşhur idi. Çöllərdə yetişmiş köçəri bu xalqın zərgərləri və zərgərlik sənəti atadan oğula ötürülən müqəddəs peşə idi. Yaşadıqları torpaqların münbitliyi, zənginliyi onlara təsərrüfat işləri üçün əlverişli şərait yaratsa da, dağlarda olan qızıl yataqları bu zənginliyin daha da bol olmasına şərait yaradır. Zərgərlik işləri gənc qızların başlarını, qulaqlarını, boyunlarını, barmaqlarını, biləklərini, bellərini, qollarını bəzəyir, igidlərin isə silahlarına uyğun qızıl işləmələr edilirdi.
Qızıl üzük və qulağa taxılan tək sırğa Sak igidlərinin ənənəvi bəzəyi idi.
Tomris gizlində nişanlandı yuxusunda gördüyü igidlə. Onun üçün darıxmağa, həsrətini çəkməyə başladı. Hər gün yolunu gözlədi.
Çünki yuxuda ona: –Gözlə! – demişdi. – Gözlə yolumu, gələcəyəm! – demişdi.
İgid üçün söz hər şeydən vacibdir. Ona görə də Tomris ona verilən sözün yerinə yetiriləcəyinə əmin idi:
– Mütləq gələcək! Bu mənim igidimin sözüdür!
Zaman keçirdi, gündən-günə elçilərin sayı artırdı. Ona könül salan bütün igidlər Tomrisi əldə etmək üçün araya vasitəçilər salır, dil tökür, lakin nəticə ala bilmirdilər. Bütün cəhdlər əbəs idi. Tomris bütün elçiləri rədd edirdi. Bu, obanın ağsaqqallarının da narazılığına səbəb olmuşdu. Lakin qız bunlara fikir vermir, yuxusunda gördüyü igidin gəlməsini gözləyirdi. Buna bütün varlığı ilə inanırdı. Davranışları da nişanlı qızın davranışlarına bənzəyirdi.
… “Xanın obası keçəcək burdan, gözləyin!”
Yüzlərlə mühafizəçisi yolları tutmuşdu. Düzənliyə uzanan keçiddəki yeri Tomrisin obası istifadə edəcəkdi.
Buna sevinmişdilər. Yollarına xan çıxdığına1615 görə, bu il köçün bərəkətli olacağına ümid edirdilər.
Köç zamanı hər obanın bir başçısı olur və köçə rəhbərlik edir. Yollarına çıxan xanı görmək üçün oba başçıları eli öz tabeliyində olanlardan birinə tapşırdılar. Hamı xanı görmək istəyirdi. Çünki ilk dəfə belə imkan düşmüşdü əllərinə. Bu da başa düşülən idi. Axı qarşılarına çıxan adam sakların böyük xaqanı və igidi idi. Ona görə də bu şansı itirmək istəmirdilər. Bir də belə şans əllərinə düşməyə bilərdi. Yaşları ötmüş, bir vaxtın döyüş ərləri olmuş ağsaqqallar elə böyük hə-vəslə düzülmüşdülər ki, yolun kənarına, gəl görəsən. Bu günə qədər o qədər döyüşlərdə arxasında vuruşduqları xanı bu gün daha yaxından görməyin sevinci vardı ürəklərində. Bəlkə, onları görən kimi tanıyar, hal-əhval tutardı.
Əlbəttə, qocalmış igidlərin bundan sonra ən böyük diləyi xatırlanmaq ola bilərdi.
Xanı uzaqdan görən kimi sevinc nidaları eşidildi. Qadınlar, qızlar, igidlər, uşaqlar…
Bütün gücləri ilə qışqırışırdılar: “Var olun, xan! Sən də, oban da xoşbəxt yaşasın! Torpaqlarınız bərəkətli, yurdunuz xoşbəxt olsun, ulu xaqan! Sakların xanı, çox yaşa!”
Tomris də bu izdihama qarışıb, atını ön sıralara çəkib xanı görmək üçün gözləyirdi.
Sakların böyük xaqanı ağ ata minmişdi. Ağ rəngli geyimdə çox görkəmli görünür, irəliləyirdi. Uzun saçlarına düşmüş ağ onu daha da yaraşıqlı göstərirdi. Alp Ər Tonqa taxtın varisi idi. Sağ əlini qaldırıb böyük maraqla onu qarşılayanları salamlayırdı. Xaqan izdihamın qarşısına gəlib çatanda igidlər atlarından düşüb, sağ dizlərini yerə vurub, başları ilə salam verirdilər. Qadınlar, qızlar isə xaqanı at belində salamladılar. Çünki Sak qadınları heç kimə əyilməz, diz çökməzdilər. Hətta xana belə…
Qabaqda üzərində qızılı sapla işlənilmiş bozqurd başı olan ağ rəngli bayraq tutan dəstə dayanmışdı. Doqquz tuğlu1716 doqquz bayraq. Onların da arxasında böyük xaqan.
Ətrafındakı ağ rəngli paltar geyinmiş adamlar tayfa başçıları idilər. Onları əhatə edən qırmızı geyimli igidlər isə mühafizəçilərdi. Onlardan sonra da xaqana məxsus qoşun düzülmüşdü.
Bu müqəddəs təsadüf onları elə sevindirmişdi ki, igidlər at çapır, havaya ox atır, meydanda qılınc oynadırdılar. Bütün bunlar dayanmadan bir-birini əvəz edirdi. Bunları görən böyük xaqan atını yavaşladıb igidlərin qəhrəmanlığını diqqətlə izləyirdi.
Baxışlarından hiss olunurdu ki, gördüyü mənzərə ona xoş gəlib. Böyük xaqanın üzü gülürdü.
Baş verənlər Tomrisə də təsir etmiş, qız sıxıntılarını yadından çıxarmışdı. O da qılınc oynadanları, ox atanları böyük maraqla izləyirdi. Hətta buna o qədər qapılmışdı ki, bir cüt ala gözün ona baxdığından xəbərsiz idi.
Sak xanının böyük oğlu, taxtın gələcək sahibi Alp Tigin görmüşdü Tomrisi. Görmüşdü və bundan çox təsirlənmişdi. Onun Tomrisi görməməsi və təsirlənməməsi mümkün deyildi…
Tomris bu insan izdihamının içərisindəbir ay parçası idi. Sanki o qədər insanın içərisində ayrı insan idi.
Kürəyinə qədər uzanan qumral gur saçlarını küləyin önünə buraxmışdı. Ağ bənizinə kölgə salmadan, dümdüz dururdu. Üzündə ona çox yaraşan, şirin gülüş vardı. Ona baxan bir də baxmaq istərdi.
Xan oğlu Alp Tigin Tomrisin ağ bənizinə yüz dəfələrlə baxanlardan oldu. Sonra yanında olan mühafizəçiyə səsləndi:
– Bu qız kimdir? Soruşun, araşdırın!
Xan oğlundan buyruq alan mühafizəçi tabeçiliyində olan bir neçə əsgərlə xanı səsləmək üçün toplaşanların arasına qarışdı. Xanın oğlunun tapşırığı çətin iş deyildi. O, əvvəlcə Tomrisin adını, sonra da kim olduğunu araşdırdı.
Ənənəyə uyğun olan bu araşdırma diqqətləri çox cəlb etməyəcəkdi. Onsuz da Tomrisi araşdıran, onun haqqında məlumat toplamaq istəyən tək o deyildi. Gənc igidlərin könül saldığı, sahib olmaq istədiyi qadın idi Tomris.
“Sən mənim işığımsan!”
“Sən mənim yuxum!”
Xəbərlər gəlib-getmişdi, son söz Tomrisin ixtiyarına buraxılmışdı.
Yaylaq mövsümünün sonu çatmaqda idi. Qışlağa doğru böyük köç hazırlıqları başlayırdı.
Tomris başına qonan bəxt quşundan imtina edəcəkdi, yoxsa sakların gələcək xaqanının həyat yoldaşı olmağı qəbul edəcəkdi?
Xan oğlunun həyat yoldaşı olmaq. Xan evinə gəlin getmək. Hansı gənc qız bunu istəməzdi ki? Hansı qızın ən böyük arzusu bu olmazdı ki?
Əlbəttə, bunu hər kəs qəbul edər, ancaq Tomris kimi igid qız əsla etməzdi. O, gördüyü yuxuya sadiq qalmaq istəyirdi. Yuxusundakı igidi gözləyirdi. Ola bilsin ki, bu, elə yuxu olaraq da qalacaqdı. Ancaq Tomris yuxusuna çox inandığı üçün gördüyü igidi gözləyirdi.
Onun gördüyü müqəddəs yuxu idi. O bu müqəddəslikdən əl çəkə bilməzdi. Qisməti də gördüyü yuxu ilə üst-üstə düşməli idi…
Anası bu haqda Tomrislə danışmağa başladı:
– Böyük xaqanın oğlu Alp Tigin səni görüb, bəyənib.
O, dediklərindən Tomrisin sevinəcəyini düşünürdü. Çünki bu, indiyə qədər onun qəbul etmədiyi elçilərlə müqayisə edilməyəcək qədər gözəl qismət idi.
Tomris anasının sözünü kəsib hörmətsizlik etməmək üçün axıra qədər dinlədi. Dinləmək onun vəzifəsi, düşündüklərini söyləmək isə haqqı idi.
Anası Alp Tigin haqqında çox gözəl sözlər söylədi. O görürdü ki, anası, ailəsi, obanın ağsaqqalları bu xəbərdən çox xoşnud olub. Atası bu günə qədər gələn elçilərlə bağlı heç vaxt Tomrislə danışmasa da, indi razılığını bildirirdi. Bütün oba, yurd bu xəbərdən təsirlənmiş, böyük sevgi ilə qarşılamışdı. Bircə Tomrisdən başqa. Bu elçilikdən, deyilənlərdən azca da olsa, məmnun deyildi.
– İgidlərin igidi. Sak taxtının gələcək varisi. Qızım xanın həyat yoldaşı olacaq!
Tomris ona deyilənlərə cavab verə bilmirdi. Səsi çıxmırdı. Nəhayət, bu diqqətsizliyi hamı təəccüb və qəzəblə qarşıladı. Bu elçi adi elçi deyildi. Tomrisin ona bu qədər laqeyd yanaşması xaqana çatdırılsaydı, sonra baş verəcəklər heç də xoş olmayacaqdı.
– Qızım! Bütün bunları daşa danışsaydım, əriyərdi. Səndən isə səs belə çıxmadı. Nədir dərdin? Bu cür davranışınla bütün obanı, yurdu təhlükəyə atmaqmı istəyirsən?
Gördüyü yuxunun izi ürəyində idi. Həsrətini çəkdiyi, gözlədiyi igid vardı.
– Sözlərin qurtardımı, ana?
Bu nə cürət idi belə? Əlbəttə, o, igid qız idi. Amma…
Anası bir anlıq öz gəncliyini xatırladı. Anladı ki, əgər qızının üzərinə bir az da getsə, istəmədiyi cavablar eşidə bilər. Qızını yaxşı tanıyırdı. Tomris hər sözü qəbul edən deyildi.
Əslində, Sak qızlarının hamısı inandıqlarından əl çəkməzdilər. Onlar üçün inam çox böyük əhəmiyyət kəsb edirdi.
– Bəli, sözlərim qurtardı! – anası hirsli şəkildə cavab verdi.
– Mən gedirəm!
Anası:
– Hara? – deyə soruşmadı da. Alacağı cavab heç bir işə yaramayacaqdı. Ona görə də: – Get! – dedi.
Dərdini danışacağı adam, yer arayırdı.
Danışmamaq üçün özünü çox böyük çətinliklə saxlayırdı. Artıq bu sözlərdən çox sıxılmışdı. Bir çarə lazım idi.
Atını yormaq istəmədi. Ancaq dağın yamacına qədər gəldi. Sonra cilovu buraxdı, qoy hara gedirsə-getsin.
Atın getdiyi istiqamətdə sakların müqəddəs saydığı mağara var idi. Dərin mağara…
Əcdadlar mağarası.1817 Dərdləşmə, arzu, niyyət yeridir. İçəridən hər zaman qəribə səslər eşidilir. Suallar yüksək səslə soruşulur. Dualar da yüksək səslə edilir.
Səslər mağarda əks olunur. Sanki cavab gəlir qarşı tərəfdən. Eşidilən səslərdən də mənalar çıxarılır.
Nə edəcəyini bilmədən seçimi atının ixtiyarına buraxmışdı, atı da o istiqaməti almışdı. Mağaraları sevən, müqəddəs və dost bilən Sak xalqının üzvü kimi ümid edərək gəlmişdi. Əcdadlar mağarasına çatacaq və onu narahat edən dərdlərini danışacaqdı.
Sak qızı dərdini danışmaq, çarə tapmaq üçün özünə ümid yeri bildi o mağaranı. Bəlkə, bir səs eşidər. Səs gəlməsə də, ən azından dərdini danışıb yüngülləşər.
Mağaranın çox dərinliyinə girməyi hər kəs bacarmazdı. Kimsə axıra qədər gedə bilməmişdi. Bir neçə dəfə getməyə cəhd etsələr də, yolu itirib geri dönə bilməyənlər olmuşdu. Ona görə də bu yerin başqa dünyaya açıldığı inancı hamı tərəfindən qəbul edilmişdi. Onsuz hər kəs mağaranın yer altının qapıları olduğunu bilmirmi?
Geniş qapıdan içəri girib bir az irəlilədi, sonra zülmət qaranlıqda dayandı.
Atını qaranlığın içərisinə doğru sürdü. At qaranlıq mağarada ayaqlarını ehtiyatla yerə basaraq kişnədi. Onun səsi əks-səda verdi. Ancaq eşidilən səs çox qəribə idi. Daha uzun və daha fərqli.
Tomris bunu mağaranın müqəddəs təsiri kimi qəbul etdi. Bir müddət sonra gözü qaranlığa alışdı. Mağaranın içərisinə doğru bir az irəliləyib dərinliyə tərəf baxdı. Uzun məsafəni görə bilmədi, görmək də mümkün deyildi. Oturmağa bir yer var idi. Əyləşdi. Arabir atın kişnəməsi diqqətini dağıtsa da, düşüncələrə daldı. Sonra öz-özünə danışmağa, səsini yüksəldib onun əks olunmasını dinləməyə başladı. Qırıq-qırıq səslənirdi sözlər. Bəzən səsinin tonunu qaldırır, bəzən də endirirdi.
– Mən başqasına həyat yoldaşı olmaq istəyirəm. Böyük xaqanın oğluymuş, başına dəysin onun xaqanlığı və gələcək xanlığı. Mənə onun xaqanlığı lazım deyil. Yuxuda gördüyüm o igid, qəhrəman ər ilə ailə qurmaq istəyirəm. – Bu sözləri söyləyərkən qışqırmağa başladı. – Düzü elə bu deyilmi? Etdiklərim, düşündüklərim düzgün deyilmi? İnsan ürəyindəki igidə yar olmalıdır. Böyük xaqanın oğlu da olsa, başqasını könlüm qəbul edə bilməz. Bu ürəkdir, sevmədiyi, qəbul etmədiyi birinə məcbur etmək olmaz!
Bir az susub sonra yenə dərdini müqəddəs mağaraya danışmağa başladı. Nə baş vermişdisə, hamısını olduğu kimi danışdı. Sonra bir anda susdu, mağaraya sualını verib cavabını dinləməyə başladı:
– Bu vaxta qədər nəyi gözləyirdim? Bu vaxta qədər bir yuxuya inanırdım. Yuxuda gördüm igidimi. Qəhrəmanımı yuxuda gördüm. Əgər belə yuxu görməsəydim, susardım qismət, bəxt deyib alın yazımda kimdirsə, o igidə də yar olardım. Amma onu gözləmək haqqım deyilmi?
Mağaradan əks olunan səslər eşidildi. Tomris yenə davam etdi:
– Heç kim başa düşmək istəmir məni. Heç kim dinləmək istəmir. Hamını maraqlandıran yeganə şey mənə elçi gələn insanın böyük xaqanın oğlu olmasıdır. Hamı bu xaqanın oğlu Alp Tigin haqqında dastanlar danışır. Nə onu gördüm, nə də haqqında bir şey bilirəm. Mən yuxumda gördüyüm igidimi istəyirəm. Haqqım deyilmi?
– Haqqındır!
Mağaradan cavab gəlmişdi. Çox qısa və kəskin cavab. Bu cavab qarşısında qorxmamaq mümkün deyildi. Həqiqətən də mağaradan səs eşidilmişdi, yoxsa bu da yuxu idi? Tomris bir anlıq duruxdu. Yenidən o səsi eşitmək üçün gözlədi, amma səs gəlmədi. Ona görə də eşitdiyi cavabın qulağına gələn əks-səda olduğunu düşündü.
Əcdadlar mağarasının ona səslənənlərə cavab verdiyinə hamı inanırdı. Ancaq bu qədər qəti cavab hələ bu günə qədər eşidilməmişdi.
Sak inancında mağaralar danışmaz, sadəcə, orada yaşayan ruhlar səs verərlər. O da əgər istərlərsə.
Tomris özünə gəlməyə, həqiqətləri görməyə çalışdı. Bir cavab almışdı, ancaq yenə də daxilində şübhə var idi. Yaxşı olardı ki, yenə səslənsin və bu dəfə daha diqqətlə dinləsin.
– Haqqımdırmı?
Bir az gözlədi, bir neçə saniyədən sonra anidən:
– Haqqındır! – sözü eşidildi.
Bu, sərt səs kişiyə məxsusdu. Gənc səsi olmasa, daha dərindən gəlsə, bu qədər dəqiq duyulmasa, bir anlıq Tomrisin ağlına fövqəltəbii qüvvələrin varlığı gələcəkdi. Ancaq bu qədər də ola bilməzdi. Hər halda mağarada gizlənmiş bir adam ələ salırdı. Kimdisə onu dinləyib dərdlərinə agah olmuşdu. Ona görə də qıza cavab verərək dərdindən agah olduğunu göstərmək istəyirdi.
Baş verənlər Tomrisə çox pis təsir etdi. Heç kimin onu bu şəkildə ələ salaraq gülməyə ixtiyarı yox idi. Tomris cəld atına tərəf qaçdı. Sadağındakı oxu götürüb yayına qoydu və qaranlığa tərəf tutdu:
– Kimsənsə, çıx meydana! Məni ələ salmağın nə demək olduğunu meydanda göstərim sənə. Əgər çıxmasan, səni necə çıxarmaq lazım gəldiyini yaxşı bilirəm. Oxu sinəndə hiss edəndə başqasının qüruru ilə oynayıb ələ salmaq nədir, anlayarsan!
Bəs əgər orada heç kim yoxdursa?! Yaxşı, bəs kimsə varsa?!
Hər ikisi onun üçün çox pis idi.
Qəhqəhə eşidildi.
Deməli, həqiqətən, orada kimsə var idi. Özü də onu ələ salmağa cürət edirdi.
Tomris özünə ən qaranlıq küncü seçdi. Sakitcə yerə çökdü. Qaranlıqdan ona səslənən hər kimdirsə, gördüyü an sinəsindən oxlayacaqdı.
Amma səbir edəcək vəziyyətdə deyildi. Tomrisi ələ salmaq nə deməkmiş, o adam mütləq görməli idi. Hər kim idisə, mağaranın içərisində çox gözləyə bilməyəcəkdi. Sonda mütləq çıxacaqdı ortaya.
– Gəlirəm, Sak qızı! – həmin səs yenə eşidildi. Oxunu üzərimə tutma! Bilirəm, mənə qarşı çox hirslisən. İndi də oxu dartıb yaxınlaşmağımı gözləyirsən. Burada olmağım təsadüfdür. Sənə zərərim dəyməz!
– Bunun özündənrazı danışmağına bax! Mənə zərəri toxunmazmış! Bu nə böyük fədakarlıqdır?! Hələ bir igidliyinə güvən, çıx meydana, zərərin nə olduğunu göstərim sənə. Bir Sak qızını ələ salmağın cəzasını görəcəksən. Saxtakar!
Tomris ürəyində bir neçə təhqir ünvanladı ona. Sonra eşidilən ayaq səsləri və at dırnağından gələn səslər yaxınlaşanın atlı igid olduğunu bildirdi. Demək, atı ilə mağaranın dərinliklərinə gedibmiş. Bunun nə dərdi vardı ki, belə dərinliyə getməyinə səbəb olub?
“Gəl! – dedi, – gəl və səni nələr gözləyir, gör!”
Əli tərləyirdi. Əlinin əsməsi dartdığı yayın əsməsinə səbəb olmuşdu. Bir az keçdikdən sonra yenidən səs eşidildi.
– İgid və gözəl Sak qızı, sakit ol, mənə ox atma. İnan ki, sənə qarşı pis niyyətim yoxdur. Sözlərinin çoxunu başa düşmədim. Sualını eşidən kimi oyun oynamaq istədim. Kənardan gəlmə biri deyiləm. Obamız yaxınlıqda çadır qurub. Əcdadlar mağarası haqqında çox eşitmişdim. Ona görə də bacardığım qədər onun dərinliklərinə enmək istədim. Tək gəzməyi çox sevirəm. Ən çox da qaranlıq və sakit yerlərini çox bəyənirəm buranın. Orada özümü dinləyirəm. İndi də burada olmağım təsadüfdür. Səninlə rastlaşmağım isə xoş təsadüf. İcazə ver, yaxınlığına gəlim, cəzam nədirsə, çəkməyə razıyam. Yetər ki, əlindəki oxu yerə qoy. Ancaq məni dinlə, məni tanı.
Tomris bir anlıq səsini çıxarmadı. Ağlında sıralanan sözləri səsləndirsə, bəlkə də, danışmağa davam edəcəkdi düşməni, ancaq onda da durduğu yer məlum olacaqdı. Atı olduqca uzaqda bağlı olduğu üçün gələn şəxsin niyyəti pis olsaydı, onu burada gözləməzdi.
– Kim olursa, olsun, heç mərhəmət etmədən oxlayacağam!
Səs get-gedə yaxınlaşırdı. İgid hələ də danışmağa davam edirdi. Davamlı olaraq ondan ox atmamasını istəyirdi. Tomris sanki onu qarşıda nələr gözlədiyini bilirdi.
Sonra ayaq səsləri kəsildi. Artıq çox yaxınlaşan igid, özünü göstərməzdən əvvəl axırıncı dəfə xəbərdarlıq etdi. “Tomris! – deyərək ilk dəfə ona adı ilə səsləndi. – Sakit ol! Mənə ox atma! Bilirəm, bir küncdə durub çıxmağımı gözləyirsən. Məni öldürmə!”
Artıq baş verənlər Tomrisə təsir etmişdi. Çünki hadisələrin belə gedişatını heç gözləmirdi. Bir az bundan əvvəl adını çəkən igid, deməli, onu tanıyırdı. Deməli, onu tanıyırsa, heç kimə söyləmədiyi sirrindən xəbərdar olub. Bəs kiməsə danışsa?.. Bir az düşündü. Yalnız ona cavab verdi deyə hansısa igidi boş yerə vuracaqdımı? Onu ələ saldı deyə igid öldürülməz! Daxilində tərəddüd edirdi. Nə üçün?
Elə bu zaman mağaradakı igid meydana çıxdı. Arxasında da atı. Ağ at idi, yüyənindən tutmuşdu. At baş verənləri sakit şəkildə izləyirdi. Uzunboylu cavan idi. Tomris qaranlıqda üzünü seçə bilmirdi. O, əllərini qaldırmışdı ki, silahı olmadığı görünsün. Sonra bir-iki addım da atıb gözlədi.
– Bax, çıxdım meydana! Sən də çıx!
Tomris bu haqda heç düşünmədi də. Gizləndiyi küncdə özünü təhlükəsiz hiss edirdi. Ancaq qarşısındakı igid igidə yaraşan tərzdə meydana çıxmışdısa, deməli, artıq qorxmalı heç nə yox idi.
– Yaxınlaş! – dedi. – Üzünü görmək istəyirəm. Məni ələ salan igidin kim olduğunu bilmək istəyirəm. Oxum düz ürəyini nişan alıb, bunu nəzərə al! Kiçik səhv etsən, cəhənnəmdə dədə-babalarınla görüşəcəksən ! Yaxın gəl!
İgid Tomrisin əmrlərini eynilə yerinə yetirirdi. Əks halda ölümlə olan məsafəsi bir anlıq ola bilərdi.
– Gəlirəm, Tomris qız! – deyərək əlləri havada ona doğru yaxınlaşdı.
Artıq aralarında on addım məsafə qalmışdı.
Mağaranın qapısından girən işıq qarşısındakı insanı ancaq kölgə olaraq göstərirdi. İşin ən pis tərəfi də o idi ki, o Tomrisi tanıyırdı. Ancaq Tomris onun kim olduğunu bilmirdi. Ona heç nə etmədən düşmənini tanımalıydı.
Tomris bir neçə addım atdıqdan sonra dayandı və ona əmr verdi:
– Çıx mağaradan!
Mağaradakı atlı igid ona verilən əmri yerinə yetirdi. Həm də bir an əvvəl işığa çıxmaq üçün mağaradan çıxışa doğru gedən yolla sürətlə addımladı.
Tomris arxadan onu izləyirdi. Atının yüyənini tutmuşdu, heyvanın qaranlıqda ürkməməsi üçün onu yavaş-yavaş arxasınca dartırdı. Bir tərəfdən də qarşısındakı igidi gözdən buraxmırdı. Üzərində çox bahalı və əsilzadələrə yaraşan geyim var idi. Atının arxasında olduğu üçün başqa əlamət seçə bilmirdi.
Baş verənləri maraqla izləyir, eyni anda da bundan sonra nə edəcəyi haqda düşünürdü.
Mağaradan çıxsınlar, igidin üzünü görsün, ondan sonra nə edəcəyinə qərar verəcəkdi.
İşığa çıxan kimi ikisi də atlarına mindi. Bir an əvvəl üz-üzə gəlmək istəyirdilər. İgid üzünü ona tərəf çevirdi. Tomris baş verənlərə çox təəccüblənmişdi.
Bu gözlər ona çox doğma gəlirdi.
Bu gözlər tanış idi.
Həm də çox yaxından.
Qarşısında duran igid çox yaraşıqlı idi. Qumral saçları vardı. O saçlar… Tomris düşündüyünü ifadə edə bilmirdi. Bu yuxusundakı igid ola bilərdimi?
Uca Tanrının onun üçün yazdığı alın yazısı burda ola bilərdimi? Belə bəxt… Danışdıqları…
Özünü güclə saxlamışdı, az qalırdı, fəryad eləsin. Ancaq elə vəziyyətə düşmüşdü ki…
Tomrisin əli bir anlıq boşaldı. Ox yaydan çıxıb igidə tərəf uçdu.
– Vay!
Bu nida igiddən yox, Tomrisdən çıxdı. Peşmanlıq nidası. Sonra yerində donub qaldı. İgid son anda yerindən azca hərəkət etməklə bəladan xilas olmuşdu. Tomrisin əlindən çıxan ox atın üstündə duran igidin sol çiynində dərin yara açmış, sonra yaxındakı ağaca sancılıb qalmışdı. Bu yara igidə çox ağır təsir etdi. Amma çox ağrıtsa da, səsini çıxarmadı. Üzündəki təbəssüm belə silinmədi.
Əlbəttə, baş verənlər onu da təəccübləndirmişdi. Baxışlarında nifrət yox idi. Tomris çox yaxından və yaxşı tanıdığı o ala gözlərə baxa bilmirdi. Baş verənlər onu sarsıtmışdı. Artıq utandığından başını qaldırıb igidin üzünə baxmağa cəsarəti çatmırdı.
– Məni düşmən seçdin özünə? Sənə nə etdim?
– Mən… Əlimdən… İstəmədən…
Artıq sözü qurtarmışdı. Müqavimət də göstərə bilmirdi. Orada qala bilməzdi, bu səhvi heç bir şəkildə izah edə bilməzdi. Artıq mənası yox idi. Gözlərində halqalanan yaşları igidə göstərmək də istəmirdi.
Tomris atını çaparaq uzaqlaşdı.
O, arxasına belə baxmadan dağdan enirdi. Atına qarşı da çox çılğın davranırdı. Gözlərindən yaş yağış kimi səpələnirdi. Həyatında heç vaxt belə vəziyyətə düşməmişdi. Düşüncələr ruhunu gəmirirdi. Ağlı qəbul edə bilmirdi baş verənləri. Belə qismətin çarəsi nə ola bilərdi?
“O, – deyirdi, – O… Onu tapdım və tapdığım gün… Bilmədən oxladım. Həm də yaraladım. Uca Tanrı, görəsən, yarası çoxmu dərindir?”
Onun yarasını bilmirdi, ancaq öz yarası çox dərin idi. Bu yara qəlbinin ən dərin yerində idi.
Düzənliyə çatanda atın yüyənini çəkdi. Geriyə qayıdıb-qayıtmamağa tərəddüd edirdi. Uzun zamandır, axtardığı, yuxusunda gördüyü igidi gördüyü an itirmək istəmirdi. Axı neçə vaxtdır, ona görə bütün elçilərdən imtina etmişdi. Kaş kim olduğunu, adını soruşaydı. Bu fikirlər onu məhv edirdi. Yenidən peşmanlıq doğdu içində. Və onu rahat buraxmayan suallar…
Arxasında toz buludları görürdü. “Arxamca gəlir” – düşündü.
Buna sevindi. Sıxıntı, sevinc bir-birinə qarışmışdı. Tomris yaşadıqlarından çox təsirlənmişdi. Nə baş verirdi axı?
Nə edəcəyini bilmirdi. Artıq düşünə də bilmirdi. Düşünmək bacarığını itirmişdi. Hiss etmək bacarığını da. Fikirləri onu çaşqın salmışdı.
“Bir az yavaşlasam, bəlkə, arxadan gəlib çatar” – dedi özlüyündə.
Hələ də qərarsız idi, nə edəcəyini anlamırdı. Çaşıb qalmışdı. Bəlkə, heç onu izləmirdi. Bəlkə, öz yolu ilə gedəcəkdi. Üstəlik də yaralı…
Ay Allah! Yaraladım onu… – həsbi-halını davam etdirdi.
Yenidən yoluna davam etdi. Bu dəfə daha yavaş, daha həyəcansız… Amma yenə də çox narahat idi.
“Bu işin axırı necə nəticələnəcək? Arxamdan gəlir. Sən bunda olan cəsarətə bax. Dəli şeytan deyir, oxla düz ürəyindən vur” – düşündü.
Fikirləşdiklərini edə biləcəkdimi? İstəmədən əlindən çıxan oxla onu yaralamasından bu qədər narahatdırsa, indi onu yenidən vura bilərdimi? Hələ də onu yaralamasının təsirindən çıxa bilməmişdi. Bu da qadın nazı! Bir tərəfdən öz-özünə deyinib guya izlənilməsinə əsəbləşir, digər tərəfdən də ona göstərilən marağa görə sevinirdi. Bəs onu nə üçün izləyirdi?
“Ax! Necə unutdum? Kaş əlinə baxaydım, barmağında yara izi olmalıydı. Barmağına baxsaydım, yuxumda gördüyüm igidimin bu olduğundan əmin olardım” – fikirləşdi.
Başqa şey düşünə bilmirdi. Fikirlər onu rahat buraxmırdı.
Qəfildən arxaya çevrildi və atını dördnala arxasından gələn igidə tərəf çapdı. O qədər sürətlə çapdı ki, igid atını saxlayıb onun sürətli gəlişini izləməli oldu.
“Bu qız nə etmək istəyir belə?” – ərən də öz növbəsində düşünürdü.
Tomrisin at belində böyüdüyünü bilirdi, ancaq bu qədər məharətlə at mindiyi ağlına gəlməzdi. Qız əlini görmək istəyirdi. Əgər əlində yara izi olsaydı, yuxusunda gördüyü igid olduğuna əmin olacaqdı. Sonra da…
Yuxunu Tomris görmüşdü. İgidin bu olanlardan heç xəbəri də yox idi. Əgər o, Tomrisin yuxuda gördüyü qəhrəman olsaydı, bundan sonra nə edəcəkdi? Görəsən, aralarında isti münasibət yarana bilərdimi? Yəqin ki, sonra aralarında vasitəçiyə ehtiyac olacaqdı. “Əgər Tanrı qismətidirsə” – düşündü.
Tomris dua edirdi. Yuxusunda gördüyü igidin tez zamanda qarşısına çıxması üçün uca Tanrıya dua edirdi.
Nəhayət, gəlib çatdı. Atını igidin atının yaxınlığında saxladı. Şahə qaldırdı. Bu da onun nə qədər usta at minən olduğunu göstərirdi. Çünki belə vəziyyətdə atını şahə qaldırmaq digər atın yanında təhlükəli ola, atdan yıxıla bilərdi.
– Dərdin nədir? Nə üçün məni izləyirsən?
İgid özündən çox əmin şəkildə:
– Bu yol xalqa açıq yoldur, hamı buradan keçib gedə bilər. Mən də yolumla gedirəm. Səni izləmirəm, belə niyyətim yoxdur. Həm səni niyə izləyim ki? Məni oxla yaraladın deyə səndən qisas alacağımı düşünürsən?
O, bu sözləri söyləyərkən gülümsəyirdi. Tomrisin qayıtmaqda məqsədi yuxusunda gördüyü igidin bu olub-olmadığını araşdırmaq olsa da, qarşısındakı igidin kinayəli gülüşü onu özündən çıxardı. Atını bir az da yaxına sürdü:
– Əlini uzat! – yüksək səslə dedi.
İgid baş verənləri maraqla izləyirdi. Heç bir şey anlamasa da, boşda olan əlini irəli uzatdı. Tomris uzadılan əlin baş barmağında yuxusunda gördüyü dərin yaranı görə bilmədi.
Təkrar əmr etdi:
– Digər əlini uzat!
Atın yüyənini tutan digər əlini tərpətmək istəyərkən igid bu əmri yerinə yetirməkdən imtina etdi. Qəzəblə:
– Əllərimdən nə istəyirsən, bunları etməkdə məqsədin nədir? Nə üçün mənasız əmrlərini yerinə yetirməliyəm? Əllərimlə nə işin var? Əgər oxunla yaraladığın yarama baxmaq istəyirsənsə, bax, burdadır” – deyərək yarasını göstərdi.
Əlbəttə, igidin verdiyi suallar qarşısında aciz qalan Tomris ona qalan yeganə yolu seçdi. İsrarla: – Əlini uzat! – dedi.
Ücretsiz ön izlemeyi tamamladınız.