Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məhşər», sayfa 3

Yazı tipi:

İbrahim əlinin sərt hərəkəti ilə rədd edib onları qovdu.

Xanəgahın ikinci mərtəbəsindən divanxananın damına, oradan da divarın içərisi ilə burula-burula təxtin arxa tərəfinə enən daş pilləkənin ayağında və kandarda zirehli, dəbilqəli silahdarlar37 öz yerlərini tutanda, İbrahim onları və hətta bir-birindən balaca, on-on beş yaşlarında xidmət qulamlarını da qovdu.

Bu saat şaha baxan hər bir göz İbrahimə xəyanət gözü kimi, şah kəlməsini eşidən hər bir qulaq xəyanət qulağı kimi görünürdü. Odur ki, yalnız Gövhərşahla candarlardan və sütunların diblərində qollarını sinələrində çarpazlayıb sütunların kölgələri kimi hərəkətsiz dayanmış iki nəfər buyruq qulamından başqa içəridə heç kəsin qalmadığına əmin olduqdan sonra, divanxananın uzaq dərinliyində başmaqlarını çıxarıb gözləyən bəyaz geyimli elçilərin hüzura gəlməsinə izin verdi.

Onun sağ əlinin altında, üstünə qırmızı ipək salınmış xırdaca bir mücrü, o mücrünün yumşaq məxmər yerliyində bir zərrəbin və əlifbanın baş hərfi «əlif» şəklində yüngül bir açar vardı. Nə qədər ki, Nəsimi ilə kəlmələşməmişdi, İbrahim o yüngülcə açarı Fəzlullahla Teymur və Teymurla Miranşah arasında siyasətinin açarı hesab edirdi. Şeyx Fəzlullah hüzura gətirildikdə, İbrahim nədənsə hürufiləri də «məqbul sufi» sayan bəzi mötəbər məscid əhlinə və öz üləmasına o açarı göstərib: «Bu açar Şeyx Fəzlullahın müridlərinə məxsusdur. Bununla müridlər şeyxin gizlin qapılarını açırlar», – deyəcəkdi. İbrahim hətta onu da bilirdi ki, açarın üstündə yalnız zərrəbinlə görünməsi mümkün olan otuz iki38 nöqtə vardı; Fəzlullah, sui-qəsd kimi, şübhəsiz, açarın da düzəlmə olduğunu söyləyib, hər şeyi inkar etdikdə, İbrahim açara hamının zərrəbinlə baxmasını buyuracaq və nəhayət, şeyxi həbs etməyə məcbur olduğunu bildirəcəkdi. Hər şey beləcə, əvvəlcədən düşünülmüş, Şeyx Fəzlullahın ətrafında heç bir qurtuluş yolu olmayan, möhkəm bir tor qurulmuşdu. Sui-qəsddən sonra Fəzlullahın Bakını tərk etdiyini eşidəndə də, bu gün Gövhərşahın Fəzlullah əvəzində elçilərlə gələcəyini biləndə və hətta darvaza qabağında Nəsiminin «laməkan» kəlməsindən diksinəndə də İbrahim, Şeyx Fəzlullahın tordan çıxa biləcəyinə inanmırdı. İndi isə şeyxin əvəzinə özünü tor içində görürdü.

Bu torun bir ucu burada-dərgahda, xəyanət əlində, o biri ucu Miranşahın göndərdiyi «təğyirlibas adamların» əlində idi. Amma hələ nə xain dəqiq məlum idi, nə də o adamlar. İbrahim qeyri-müəyyənlikdən, səbirsizlikdən nəfəsinin təngidiyini və tezliklə nə isə bir tədbir tökülməsə hər şeyin məhv olacağını hiss edirdi. Odur ki, Fəzl elçisinin niyyətini bilməyə də tələsib, onun yaxınlaşmasını belə gözləmədən:

– Danış! – dedi.

Nəsimi isə tələsmirdi. Fəzlin şəxsi tapşırığı ilə iş görəndə, xüsusilə hökmdarlar hüzurunda «namaz qılmalı» olanda o heç vaxt tələsməzdi.

Uzaq səfərlərdə sərbəst yerimək və yorulmamaq üçün ətəkləri dilim-dilim kəsilmiş xirqəsini yelləndirə-yelləndirə, dizə qədər çəkilmiş boz, qalın corablarda xeyli yoğun görünən möhkəm qıçlarını bir qədər gendən gətirə-gətirə, aşılanmış qoyun dərisindən, yumşaq, sarı məstlərini xalı-xalçalı döşəməyə tərəddüdsüz yatımla başa-başa, asta və ləngərli addımlarla yaxınlaşıb, iyirmi beş yaşında ikən dünyanın hər üzünü görmüş, durub-toxtamış nər bir kişi və ömrü saraylarda keçmiş bir əyan ləyaqəti ilə təzim etdi. İbrahimin gərgin və tutqun baxışı müqabilində, indi onun gözlərinin qaranlığında bir cüt bulaq qaynağında parıldaşan dənəciklər kimi fikir qığılcımları qaynayıb şölələnirdi. Fəzlin iqamətgahını yeddi il hər cür bəlalardan qoruduqdan sonra birdən-birə hər şeyi tapdalayan məkrli İbrahimi həq yoluna döndərməyin çətinliyi əvvəlcədən məlum olsa da, nədən, necə danışacağını yaxşı bilən elçi, öz qüdrətinə inam və etiqadla sözə başlayıb, şeir və moizə oxumaqdan qəlibləşmiş, rəvan və bəlağətli səslə:

– Ustadımın məramı səninlə ittifaqdır. Teymurun əsarətindən qurtarmaq və Miranşah təhlükəsindən xilas olmaq üçün biz sənə hər cür kömək etməyə hazırıq, – dedi.

Bundan sonra o, iki şərt söyləməli idi. Lakin hər iki şərti şahın kəskin etirazla qarşılayacağını bildiyi üçün hələlik ancaq birini:

– Ümdə şərtimiz: şah və şahın bahadırları gərək hürufi elminə istinad etsinlər, – dedi və susub şahın etirazını gözlədi.

Fəzlin alim və şair müridlərinin-rəmzi qılınc bahadırlarının hökmdarlara, hakimlərə, sərəsgərlərə elm öyrənməyi təklif etdikləri İbrahimə çoxdan məlum idi. Hələ Əlincənin mühasirə edildiyi vaxtlar, orada qala rəisi sərdar Altunla Şəki hakimi Seydi Orlat kimi etiqadlı müsəlmanların da hürufi elmini tədris edib «Ənəlhəq» dediklərini eşidəndə, İbrahim bu xəbərdən təəccüblənmiş və «o kafirlərlə kəlmə kəsənlərin hamısı mürtəd olub itaətdən çıxır»-deyən Şeyx Əzəmin narahatlığının ciddiliyini ilk dəfə o xəbərdən sonra başa düşüb, dərhal Bakıya sifariş göndərmişdi ki, Fəzlullahın yalnız Arazın o tayından gələnlərə elm öyrətməsinə rüsxət verilib, qoy müridlər onlara nə danışırlar danışsınlar, şahın Şirvan təbəələrinə isə yaxın düşməsinlər. Hacı Firidunun dediyinə görə, Fəzlullah bu sifarişdən narazı qalmamış və hətta, xüsusi məclis çağırıb Bakı müridlərinə tapşırmışdı ki, şahın sifarişini Dərbəndə, Şabrana, Şəkiyə də çatdırsınlar, Şirvan əhlindən heç kəs məclislərə dəvət olunmasın. Doğrudur, sonralar Şeyx Əzəmin müridləri tez-tez xəbər gətirirdilər ki, Fəzlullah əhdinə əməl etmir, Şirvanda daha rəsmi tədris məclisləri olmasa da, hürufilər öz işlərindən qalmırlar, karxanalarda, dükan-bazarda, əkin-tikində, toyda-yasda və hətta məsciddə ibadət vaxtı da dinc oturmayıb, öz küfrləri ilə camaatı başdan-beyindən çıxarırlar. Lakin bu xəbərlər İbrahimi daha bir o qədər təşvişə salmırdı. Çünki vaxt keçdikcə, hürufi elminin haralarda və kimlər arasında yayıldığı barədə Gövhərşahın məlumatını dinlədikcə İbrahimdə belə qənaət hasil olmuşdu ki, bu elm basqın, talan və qan-qırğınlara görə Allaha asi olanlardan başqa heç kəsin qəlbinə yol tapmaz. Əlincədə mühasirə müsibətləri çəkən hakimlərin yanına dönə-dönə mürid getdiyi halda, ötən illər ərzində Fəzlin Şamaxıya, Gülüstan sarayına bir dəfə də adam göndərməməsi özü də İbrahimin qənaətini möhkəmləndirmişdi. Buna görə də Fəzl elçisinin təklifi onun üçün son dərəcə gözlənilməz oldu. Əvvəlcə duruxub Nəsimiyə təəccüblə baxdı. Hürufi elminə istinad etməyin nə demək olduğunu düşündükdə isə, gündə beş dəfə mehrab qabağında diz çöküb böyük və adil yaradandan «cəmi günahlarının, üsyan və xətalarınınn bağışlanmasını»39 diləyən bütün sadiq müsəlmanlar kimi İbrahim də Allah xofuna biganə qala bilməyib dik atıldı.

– Yəni həqqi danaq?!

Nəsimi eyni səmimiyyətlə:

– Əksinə, şahım, biz həqqi danmırıq, – dedisə də İbrahim buna inanmadı. Gözlərində qığılcımlar qaynaşan elçi indi ona iblis kimi görünürdü və İbrahim, böyük qələbələr vəd edən siyasətinin sehrinə qapılıb bütün Şirvanı iblis yuvasına çevirdiyini zənn edirdi. Əgər «müridi əmir Teymurun hüzurunda oturan» Fəzlullah onu Miranşah təhlükəsindən qurtarmağı vəd etməsəydi və o, Fəzlullahın bu vədi həyata keçirməyə qadir olduğuna inanmasaydı, şaha küfr öyrənməyi təklif edən o itaətsiz iblisin özü və xəlifələri ilə bərabər Şirvan ərazisində bütün hürufilərin qılıncdan keçirilməsinə hökm verməkdən çəkinməzdi.

İbrahim qəzəbindən titrəyərək:

– Fəzlullaha çatdır ki, boğazıma kəmənd salınıb Miranşahın atının quyruğuna bağlanmağıma razı olaram, Allahdan dönmərəm! – dedi.

Nəsimi hökmdarların qəzəbnak çağlarını az görməmişdi. Yoldaşları daim tövsiyə edirdilər ki, hökmdarlarla açıq danışmasın, Fəzlin özünün və digər rəmzi qılınc bahadırlarının moizələrində olduğu kimi, həqiqəti pərdələyib, müsahiblərinin qəlblərinə ehtiyatla açar salsın. Nəsimi elmi bu üsulla yaymağın əleyhinə deyildi. Çünki bu ustadın üsulu idi, bir olan Allahdan başqa bütün həqiqətləri məhv edən zəmanənin özünün tələb etdiyi üsul idi. Lakin o, həmişə yalnız açıq danışmaqla qalib gəlmişdi və buna görə də hətta havası ölüm qoxuyan yerlərdə də həqiqəti aydın söyləməyə vərdiş etmişdi; Əvvəla, təcrübədən bilirdi ki, hökmdarlar öz alimənsəbləri, üləma, ədib və nədimləri ilə uzun söhbətləri nə qədər xoşlayırlarsa, başqaları ilə danışanda bir o qədər səbirsizdirlər. İkincisi, əmin idi ki, Fəzl sözü açıq deyiləndə daha kəsərli olurdu.

– Biz Allahın yox, yalançı «lailahəilləllahın»40 inkarına durmuşuq, şahım, – dedi.

– Fəzlin kitablarını sənə töhfə gətirmişik. Ustadımızın kəlamını mənimsəsən, həqiqəti fəhm edərsən.

Yusiflə Mahmud Nəsiminin kitab barədə söz salmağa tələsdiyini düşünüb, narazılıqla bir-birinə baxsalar da, kitabları xirqələrinin altından çıxarmağa məcbur oldular. İbrahimin dumanlanmış gözləri Nəsimidən başqa heç kəsi və heç nəyi görmürdü.

– Əgər Allahın birliyində deyilsə, həqiqət hardadır? Kəlbdə, kərkəsdə?! – dedikdə hətta səsi çıldırdı.

Fəzlin kəlb, kərkəs və ümumiyyətlə, murdar yeyən heyvanatda guya Allahlıq görməsi Fəzl elminin düşmənlərinin uydurması idi. Onların iddiasına görə guya Fəzl insanla heyvanatı, ilahi və gözəl olanla murdarı, yəni padşahla rəiyyəti eyniləşdirirdi. Bu uydurmaya yalnız Fəzl elminə bələd olmayanlar inana bilərdilər. Buna görə də Nəsimi, şahın qışqırtısını təbii bir şey hesab etdi və səbirlə şərhə başlayıb:

– Həqiqət cümlə aləmdədir, şahım, – dedi.

– Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Amma hər xəlq edə bilənə Allah demək olmaz. Çünki Allah, kamil deməkdir. Kamillik isə yalnız insana xas olan şeydir. Bu, böyük və mürəkkəb bir moizənin başlanğıcı idi. Lakin İbrahim elə başlanğıcdaca onun sözünü kəsib, eyni səbirsizliklə:

– Mən şaham! Qılınc tutan əl lazımdır mənə! – dedi.

– Fəzlullahın elminə istinad etmədən döyüşmək olmaz?!

– Döyüşərsən, bəlkə qalib də gələrsən. Amma qələbəni mühafizə edə bilməzsən, şahım. Çünki mayası elmdən olmayan qələbə, özülsüz binadır.

İbrahimin gözləri divanxananın divarlarını dolandı. Ancaq fikri divanxanadan uzaqlara getdi.

– Bəs İldırım Bayəzidin binası nə üstündə bərqərardır? O ki sizin elmə vaqif deyil! Bəs Teymurun səltənəti?!..

Bu məntiq müqabilində elçinin cavab tapa bilməyəcəyini güman edən İbrahimin dodaqları əsəbi istehza ilə titrədi.

Lakin Nəsiminin bu dəfəki cavabı daha gözlənilməz oldu:

– Bayəzid də, Teymur da müdrik cahangirlərdir, şahım! Amma onlar da qələbəni mühafizə edə bilməyəcəklər, çünki əsgərləri acizdirlər.

– Necə?!. Dünyaları fəth edən əsgər-aciz?!

Nəsimi inam və qətiyyətlə:

– Əsgərin gücü qılıncda yox,əqidədə olmalıdır, şahım! – dedi.

– Onların etiqadı Quranadır. Quran isə deyir: insan zəif və aciz xəlq olunub. Taleyi alnına yazılıb, yəni özünün iradəsi yoxdur və heç bir şeyə qabil deyil. Bəlaya düçar olan insan «təvəkkül Allaha» deyib bir olan Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Quran və lailahəilləllah hökmü belədir, şahım, həqiqətdə isə insan din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş xaliq zərrələrin məcmuindən yaranıb. Yəni insan özü xaliqdir, amma cəhalət əsirliyində, özündən bixəbərdir.

Elmimiz günəşin cismlərə, ali olanın ibtidaiyə təsiri üzərində qurulub, şahım. Təsirin bəhrəsi zərrə bətnində təbəddülatdan başlanır. Hər bir zərrənin bətnində hərəkət və yaranış var, şahım, göz istəyir görsün. Hər bir zərrə öz səsi ilə «xaliqəm» deyir, qulaq istəyir eşitsin. İnsan yalnız cəhalət üzündən görmür zərrəni. Əgər zərrəni görsə, cümlə aləmi görər, aləmi görsə, özünü görər və fəhm edər ki, cəmi kainatda «xaliqəm» deyən nə varsa, hamısı onun özündədir! Tanımır özünü insan, şahım, odur ki, yalan etiqad quludur. Aləmi və aləm içində özünü dərk edən kamil insan isə kamili bişəkk Allah bilib «Ənəlhəq» deyir. «Həqtəala Adəm oğlu özüdür!» – deyir. Belə insan lailahəilləllah xofundan xali, qadir və yenilməzdir, şahım! – Nəsiminin gözlərinin qaranlığında şimşəklər çaxdı və o, bütün varlığına hakim bir ehtirasın alovu ilə alışaraq:

– İnsana etiqad et, şahım, xilasımız bundadır! – dedi. İbrahim yavaş-yavaş əyilib təxtə çökdü, heyrət, qorxu və çaşqınlıq içində donub qaldı.

Nəsimi «Cavidannamə»ni məhz belə vaxtlarda təqdim edərdi. Kitabları yoldaşlarından aldı, Fəzl kəlamının müqəddəsliyinə işarə olan təntənə ilə, əlləri üstündə aparıb, təxtin böyrünə kağız-barat üçün qoyulmuş gümüş sininin içinə yığdı və geri çəkilib:

– Fəzl sənə aləm, insan və idrak haqqında həqiqətlərin tükənməz xəzinəsini göndərib, şahım, – dedi.

– Amma bu xəzinənin açarı bizdədir. İstərsən, mən hər gün gəlib kitabları şərh edərəm və çox keçməz ki, elmimizi mənimsərsən.

İbrahimdən qeyri-iradi, qısıq, xoflu bir gülüş qopdu.

– Və Allah olaram?!

Nəsimi bütün ciddiyyəti və sonsuz etiqadı ilə:

– Dünyanı Allahlar idarə etməlidirlər, – dedi.

– Əks təqdirdə dünya cahil əsarətində qalar və məhv olar.

Elə bu vaxt da Şeyx Əzəmin heybətli qışqırtısı eşidildi:

– Tutun kafirləri!

Divanxananın arxasından, şah məscidinin həyətindən buraya açılan qapıdan Fəzl elçilərinin üstünə qara xirqəli, yaşıl çalmalı adamlar tökülüşdü. Bunlar Şeyx Əzəmin müridləri idilər. Əvvəlcədən tapşırıq almış kimi, şaha etina etmədən, elçiləri bir göz qırpımında süpürləyib apardılar.

Şeyx özü xanəgahdan divanxananın damına, oradan da divarın içəri tərəfi ilə, burula-burula təxtin arxasına enən pillələrdən düşdü. Şahla vəliəhddən başqa bu pillələrə ayaq basmağa heç kəsin ixtiyarı yoxdu.Şahdan və Gövhərşahdan sonra dərgahda üçüncü şəxsiyyət olan Şeyx Əzəm də, Qazi Bayəzid, şahzadə Xəlilullah və başqaları da yalnız şahın özünün izni ilə bu yolla gələ bilərdilər. Çünki bu yol, xanəgahın birinci mərtəbəsində pişgahdan başlayıb, şahın xəzinəxanasının, xəlvətiyyənin, ikinci mərtəbədə əndərunun41 qapıları önündən və nəhayət, divanxananın qübbəsi altında saxlanılan gizlin cəbbəxanadan42 keçirdi. Bu yolla gəlməklə Şeyx Əzəm bütün qayda-qanunları tapdamış, üstəlik, pillədə dayanıb, şahın hürufilərlə danışığına qulaq asmış, bununla da kifayətlənməyib şah hüzurunda, şah iradəsinin hər şeydən yüksək olduğu yerdə «tutun kafirləri!» – deyib hökm vermişdi.

İbrahim bayaq təxtdə necə oturmuşdusa, eləcə də qalmışdı.

Gərginliyin son həddində birdən-birə açılmış, tamamilə aydın beyin və qəribə soyuqqanlıqla şeyxin bəyaz əmmamə və pəmbə saqqal arasında uzun, ağsümük sifətinə, qan çəkmiş iri gözlərinə baxırdı. Pillə üstündən qışqıranda şeyx nə qədər heybətli idisə, indi təxt önünə gələndə bir o qədər sərt və qətiyyətli idi.

Qurşağının altından uzun bir kağız lüləsi çıxarıb:

– Əmir Teymurun kəlamı mübarək seyidi Şeyx Bərəkə özü mənə yazıb ki, «bu kafirlərin elmi ilan zəhərindən bədtərdir!» Bunlarla kəlmə kəsən hökmdarlar cismən səlamət qalsalar da, bətnən ölürlər, şah! – dedi.

Sonra şaha heç gözucu da baxmadan:

– Kafirin küfrü oda yaxılacaq! – deyib kitablara doğru yönəldi. Yalnız bu vaxt İbrahim, nəhayət, dikəlib, şeyxin qabağına keçmək istəyən Gövhərşaha mane oldu, şeyx kitabları gümüş sinidən götürüb getdikdən sonra isə o, başı üzərindəki yaşıl bayrağa işarə edib:

– Onun hakimiyyətinə zor göstərmək olmaz. Bu vaxta qədər əqlimizlə səlamət qalmışıq. Əqlimiz varsa, indi də sovuşarıq, – dedi və axşamdan bəri bir dəfə də üzünə baxmadığı oğluna nə isə çox diqqətlə baxıb, onun təxt qabağında daimi kürsüsünü göstərdi.

– Otur, danışaq.

Üç ay bundan əvvəl, Miranşahın Fəzlullahı tutub göndərməyi tələb edən məktubunu alanda, İbrahim məclisdə soruşmuşdu: «Nə yazaq bu Maranşaha43?» Hamı təəccüb etmişdi ki, Əmir Teymurun vəliəhdi, İranın və Azərbaycanın hökmdarı Miranşahın belə qəti tələbi müqabilində Fəzlullahı dərhal həbs etməkdən qeyri bir çarə olmadığı halda, şah nə üçün cavab yazmaq istəyir? Təkcə Gövhərşah birdən gülümsünüb: «Yazaq ki, indi qışdır, yaz açılsın, tutub göndərərib), – dedikdə İbrahim oğlunun alnından öpüb: «Sən həmişə mənim ürəyimdən xəbər verirsən, Gövhərimi) – demişdi. Bundan sonra ötən üç ay ərzində o, düşündüyü kimi, Miranşahı gözləməyə məcbur etməklə vaxt qazansa da, hürufilərlə dost yox, düşmən olduğunu sübut edə bilməmiş, əksinə, bir tərəfdən döyüş meydanına atılan hürufi papağı ilə, o biri tərəfdən, qurama sui-qəsdlə həm teymurilərin, həm də hürufilərin yanında özünü ifşa etmişdi. Bunun əsas günahkarı, əlbəttə, o özü idi. Bəs Fəzlullahın əvəzində Şamaxıya elçilərlə qayıdan oğlu nə fikirləşirdi? Şirvanı əriş-arğaç dolaşdıqdan sonra əliboş qayıtmaqla yalnız atasının təxt-tacını yox, bütün Şirvanı təhlükə altında qoyduğunu başa düşürdümü? Miranşah təhlükəsindən qurtarmaq üçün Fəzlullahın Şirvanşaha necə kömək edəcəyini bilirdimi? İbrahim ondan çox şey soruşmaq istəyirdi. Buna görə də, fikri həbs edilmiş elçilərlə Şeyx Əzəmin yanında olsa da, oğluna kürsü göstərdi. Ancaq Gövhərşah oturmadı.

– Danışıq vaxtı deyil, şahım. Elçiləri şeyxin əlində qoymaq olmaz, – dedi.

İbrahim fikri qırılmış kimi, barmaqlarını alnına sürtüb soruşdu:

– Teymurun hüzurundakı Fəzl müridi kimdir? Mənsəbi, adı?

Gövhərşah yerə baxdı:

– Elə adamların adlarını hürufilər gizlin saxlayırlar, şahım!

– Dost Əmin Məhrəmdən də?

– Əlbəttə, şahım. Sirdir.

– Öyrən!

Gövhərşah əlini sinəsinə qoydu.

– Məni məzur tut, şahım! Öyrənə bilmərəm, – dedi.

İbrahim eyni qəribə diqqətlə onu süzürdü.

– Fəzlullah ittifaq istəyir, amma əvəzində küfründən və qeyri-müəyyən xidmətdən başqa heç nə təklif etmir. Bunca təhlükəli ittifaqa razılıq vermək üçün mən heç olmasa o müridin nə ixtiyar sahibi olduğunu bilməliyəm.

Gövhərşah susurdu.

İbrahimin nəzəri gümüş siniyə tərəf dolanıb, birdən yenə oğlunun üzünə sancıldı.

– Nəsimini dinləyəndən sonra, əstəğfürullah, mən özüm də şəkkak oldum. Yeddi ildir sən onlarla ünsinyyət-dəsən. Necə olub ki, yeddi ildə sənə elm öyrənməyi təklif etməyiblər?

– Lap çoxdan ürəyini deşən bu sualı, nəhayət, dilinə gətirdikdə, İbrahim oğlunun üzündə heç bir dəyişiklik görmədi. Gövhərşah tamamilə adi bir xəbər söyləyirmiş kimi:

– Təklif olub, şahım, – dedi.

– Onlar mənə Fəzlin «Cavidannamə»sini bağışlayıblar.

– Oxuyursan o küfrü?

– Bəli, şahım!

İbrahim ağır-ağır soruşdu:

– Lailahəilləllaha şəkkin var?

– Fəzl həqiqətlərinin odu köhnə etiqadları çox tez yandırır, şahım! Müəllimimiz Qazi Bayəzid mənə beş yaşımdan namaz qıldırırdı. İndi mən namaz qılmıram və inanıram ki, həqiqət cümlə aləmdə və insanın özündədir, – deyib Gövhərşah sözünü Nəsiminin sözləri ilə qurtardı. İbrahimin sifəti avazımışdı.

– Nəsimi mənə dedi: «Şah və şahın bahadırları hürufi elminə istinad etsinlər». Mənim bahadırlarım necə?

«Cavidannamə»ni onlar da oxuyurlar?

– Bəli, şahım. Bahadırlarımız da elm öyrənirlər.

– Sənin təklifinlə?

– Bəli, şahım.

İbrahim boğulurdu:

– Gövhərim!.. Gövhərim, bunun cəzası edamdır! Gövhərşah bu söhbətə çoxdan hazırlaşmışdı və ikindi çağı hürufilərin şəhərdəki gizlin mənzilinin həyətində Nəsimi ilə görüşəndə özü demişdi ki, əgər şah Fəzl məramını qəbul etməsə, elçilər həbs olunsalar, o vaxt Dost Əmin Məhrəm işə qarışacaq və nəinki şahın Gövhərinin-vəliəhd və sərdarının, hətta bahadırların da Fəzl elmi ilə aşinalığını açıb söyləyəcək. Gövhərşaha çətin gələn ancaq bu idi ki, söhbət açılanda atasının necə sarsılacağını əvvəlcədən görürdü.

Lakin İbrahim bir daha:

– Edamdır bunun cəzası! – dedikdə, Gövhərşah onu daha da sarsıtmağa məcbur olub:

– Onda gərək Şirvan əhlinin yarıdan çoxunu edam edəsən, şahım – dedi.

– Şamaxıda, Bakıda, Şəkidə əsnaf əhlinin hamısı və Fəzl müridləri ilə üns bağlayan rəiyyətin də hürufi elmini tədris edir.

– Rəiyyətim də?!

– Bəli, şahım, hətta, elmə vaqif olmayanların da Fəzlə böyük rəğbəti var. Məscidlərdə Fəzlin pünhan canişinləri otururlar, imkan olanda, xəlvəti moizələr oxuyurlar. Lap çoxdan belə iş gedir. Yeddi ildir… Mən bunu sənə deməli idim, şahım! Çünki Şirvanla, Aranla birgə indi cəmi Azərbaycan Fəzl məramını həq məramı bilir və «Fəzl həqdir» deyir.

– Sus!.. Bəsdir!..

İbrahim başdan-ayağa tər içində idi. O özü də məhz bu cür başlamış, Huşəngin əvvəlcə bütün Şirvan miqyasında əsnafını, rəiyyətini, sonra burada-Gülüstan sarayında Dərbəndilərə rəğbət bəsləyən alimənsəbləri öz tərəfinə çəkmişdi. Fəzlullah daha müdrik, daha usta idi: o, Şirvanşahın Gövhərini qəlbini ovlamışdı!

İbrahim təxtə qapanıb nə qədər oturduğunu bilmədi. Əmin idi ki, Gövhərşah nə əqidənin sahibi olur-olsun, atasına xəyanət etməz; onun oğlu ata təxtinə göz dikən vəliəhdlərdən deyil, Fəzlullah yəqin ki, bunu bilirdi. Elə isə, qəsdi nə idi? Nə üçün hətta tərsa, frəng elmlərinə aid kitabları olan böyük kitabxana sahibi, elm sahibi Qazi Bayəzidi deyil, məhz vəliəhdi ələ keçirmişdi? Bu barədə düşünəndə İbrahim xatırladı ki, oğlunu Fəzlullahın qucağına atan, onu Dost Əmin Məhrəm edən, əslində, özü idi. Bəs necə olmuşdu ki, belə səhvə yol vermişdi?

Fəzlullahı gec-tez cismən məhv etmək lazım gələcəyini lap ilk gündən bildiyi üçün o, nə özü şeyxin görüşünə getmiş, nə də onu hüzuruna çağırmışdı. Qaçqınlarla və hürufilərlə əlaqəsini isə yalnız Gövhərşaha etibar etmişdi. Səhvi bunda idimi? Yox, o öz Gövhərindən başqa heç kəsə, hətta on yaşından dizinin dibində oturduğu safqəlbli, nurani müəlliminə də etibar edə bilməzdi: Qazi Bayəzid çox yumşaq və iradəsiz adamdı. Səhv yəqin bunda olmuşdu ki, Gövhərşahın da hürufi elmi ilə maraqlanacağına, daha doğrusu, «Fəzlhəq» deyilən o sehrli adamın, hətta şah atasını hamıdan yüksək hesab edən Gövhərşahı da öz tərəfinə çəkməyə qadir olduğuna inanmamışdı.

Fəzl adı gələndə İbrahim, bu adamı sayı-hesabı olmayan təriqət başçılarından biri hesab etmişdi. Nəsimi ilə danışığı onun bu təsəvvürünü dəyişdirdi. Gövhərşah isə hər şeyi alt-üst etdi. İbrahim yalnız indicə dərk edirdi ki, Fəzlullah adi təriqət başçısı deyil, onun elmi doğrudan da ilan zəhərindən bədtər imiş! Bu elmi öyrənənlər doğrudan da «lailahəilləllah» xofundan xali kimi görünürdülər. O, başını qaldırıb, oğlunun tamamilə sakit, gözəl və nurlu üzünə tamaşa etdi. Ağır-ağır düşünə-düşünə danışmağa başladı:

– Mən Arazın bu tayında, o tayında əlli şəhərdə olmuşam, torpağımızı addım-addım gəzmişəm və Azərbaycanın heç yerində Şirvan əhli qədər mömin camaat görməmişəm. Şəki civarında yanıma gələnlər hamısı Quranla gəlirdi. Kimi dindirirdim, hafiz çıxırdı.Məni başa sal görüm, necə oldu ki, camaat belə birdən-birə Qurani-şərifdən əl çəkdi?!

Ömründə bir dəfə də ona qışqırmayan atasının «sus» kəlməsi Gövhərşahın ürəyinə ağır daş kimi düşmüşdü. Buna görə də onun rəftarındakı dəyişiklikdən necə sevindisə, hətta özünün tamamilə hürufilər sırasında olduğunu gizlətmədən:

– Biz Qurandan əl çəkməmişik, şahım, – dedi.

– Bəs «lailahəilləllahın inkarına durmuşuq» nə deməkdir? Qurani-şərifin cövhəri lailahəilləllah deyilmi?!.

«İnsan özü xaliqdir», «həqq-təala Adəm oğlu özüdür!»-İnkar deyil, bəs nədir bunlar?!

Gövhərşah fikrə getdi.

– Fəzlin Qurana münasibətinin şərhi çətindir, şahım!

– Mən bilmək istəyirəm! Qurandan əl çəkməyibsə, bəs Nəsimi nə üçün tərsa kimi, Qurani-şərifin tərsinə danışdı?

Gövhərşah, doğrudan da böyük çətinlik hiss edirdi. «Cavidannamə»ni çoxdan bəri gah ləşkərgahda, gah da Qazi Bayəzidin kitabxanasında vəliəhd üçün ayrılmış hücrədə gizlədib, imkan tapdıqca oxuduğuna və fürsət düşdükcə xalifələrlə Quranın şərhinə dair elmi söhbətlər etdiyinə baxmayaraq, onun Fəzl elmində anlamadığı, qarışıq və ziddiyyətli görünən şeylər çoxdu.

– Əlbəttə, Nəsimi nə danışdısa, hamısı ustad sözüdür. Amma Fəzl özü başqa cür yazır, şahım, – dedi.

– «Cavidannamə»də Fəzl Quranı şərh edir: «Quranın bətni var, o bətnin də bətni var»-deyir, biri digərinin içində yeddi bətn göstərib buyurur ki, həqiqət yeddinci bətndədir. Peyğəmbər deyir: «İnsan aciz xəlq olunub». Fəzl bu kəlamı şərh edib deyir ki, peyğəmbər ab-atəş-xak-bad44 cümləsi, zərrələr məcmui olan kainatı yeganə xaliq bilirmiş, insanın acizliyini və köləliyini də öz yaradıcısı olan kainatdan xəbərsizliyində və nadanlığında görürmüş, buna görə də Fəzl buyurur ki, otuz iki həq kəlamı olan hürufatın əsrarına vaqif ol, dünyanı və dünya içində öz bətnini dərk et! Dünya ilə birliyini gör! O vaxt xaliqin sirrindən agah olarsan.

– Qurani-əzimdə mən belə şeylər oxumamışam! Gövhərşah razılıqla baş endirib:

– Heç kəs oxumayıb, şahım! – dedi, – Peyğəmbər iyirmi üç il, əldə qılınc döyüşüb, fəth etdiyi yerlərdə dini zor və qılıncla qəbul etdirib. Quran onun öz zamanında mövcud deyilmiş, şahım. Ölüm ayağında peyğəmbər əlini bir taxta qaba uzadıb, bir kəlmə: «Quran»45 deyib. Məlum olub ki, iyirmi üç il ərzində vəhy46 zamanı kəlamlarını quru kürək sümüklərinə yazdırıb o taxta qaba atırmış. Din də elə o qabda imiş, şahım! Amma sümüklərin üstündə yazılar qarışıq və əlaqəsiz imiş. Peyğəmbərin ölümündən sonra, xəlifələr sümüklərin üstündəki kəlamlar əsasında kitab yazdırıblar. Amma peyğəmbər kəlamının cövhəri başqalarının fikirlərinə və İncildən, Tövratdan iqtibasa qarışıb, əslini itirib, həqiqətdən uzaqlaşıb, insan əbədi aciz və bir olan Allahın qulu kimi qələmə verilib. Fəzl mövcud Quranın bətnlərində peyğəmbər kəlamlarını axtarır və yalanı doğrudan ayırır.

– Demək, Fəzlullah Quranın əksinədir!

– Mövcud Quranın, şahım. Fəzl insanı Məhəmməddən, İsadan və Musadan əvvəllər də mövcud olan həqiqətə qaytarır, «Fövqəlbəşər Allah yalandır» – deyir, «yalana kölə olma. Allah sənin özündədir, Allah sən özünsən» – deyir.

İbrahim dəhşət içində ayağa qalxdı, əlini əlinə vurub, təxtin qabağındakı qırmızı xalçaya işarə etdi. Qulamlar xalçanı kənara çəkib, daş döşəmədə qaralan sıx şəbəkəli ağır dəmir qapağı qaldırdılar. Daş pillələr İbrahimi divanxanadan mərmər meydanın altındakı pis qoxulu, çalın-çarpaz yolların ayrıcına, bu yollardan biri isə onu zindana doğru apardı.

37.Silahdarlar səfər vaxtı şahın yolunu adamdan təmizləmək üçün saxlansalar da, başqa vaxtlar saray daxilində keşikçilik də edirdilər.
38.Əlifbada hərflərin sayı, idrak rəmzi, “Əlif” açarla qapı açanlar idrak qapısını açırdılar.
39.Qurandan.
40.“Allahdan başqa allah yoxdur” – İslamın baş müddəası.
41.Əndərun – binanın qadınlara məxsus hissəsi.
42.Cəbbəxana – silah anbarı.
43.Maranşah – ilanlar şahı. El arasında Miranşaha belə deyirdilər.
44.Su-od-torpaq-hava.
45.Quran – oxunmalı.
46.Vəhy – dərk etmə məqamı. İslamda – peyğəmbərin bir olan allahdan buyruq aldığı vaxt.
₺55,85