Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məhşər», sayfa 5

Yazı tipi:

Bu, Şeyx Əzəmin Əmir Teymura xidmətinin başlanğıcı idi. Müqəddəs Məlhəm mühəddisinin tanınmaz olub, sonralar hürufilərə, Fəzl elmini tədris edən əsnafa və bütün dinsizlərə, Allahsızlara qənim kəsilən Şeyx Əzəmə çevrilməsinin tarixçəsi belə idi.

Günlər keçəcək, şeyxin ilk moizəsindən bir neçə ay sonra Naxçıvandan Şamaxıya qaçqınlar gəlib, daşatan manncanaqların Naxçıvanı necə dağıtdığını, Ziyaülmülk günbəzi altında, saman tüstüsü içində beş yüz nəfərin necə ilan kimi qıvrıla-qıvrıla öldüyünü danışacaqdılar. Sonra Ərmən dağlarından qaçqın qocalar, qadın və uşaqlar arasında, döşüxaçlı, gözüyaşlı, cavan bir keşiş gəlib, Ərmən çaylarında su əvəzində insan qanı axdığını söyləyəcəkdi. Lakin bu xəbərlərin heç biri Şeyx Əzəmin yeni etiqadında təbədüllat əmələ gətirməyəcəkdi. Çünki bu xəbərlərin yayıldığı vaxtlar, qaçqınlarla bərabər teymuri dərvişlər də Şamaxıya gəlib, Ərmən əsnafının və naxçıvanlıların Əlincəyə kömək göndərdiklərini və buna görə də Allah qəzəbinə düçar olduqlarını danışacaqdılar.

İllər keçəcək, bir vaxt da gələcək, sultan Əhməd Cəlairi Əlincədə mühasirədən qaçıb, Təbrizdə bir neçə gün hökmranlıq edəcək, taxıl alverindən varlanmış tacirləri soyub, bu dəfə Bağdada qaçacaq, sonra Əmir Teymur vəliəhd Miranşahı cəmi İran və Azərbaycanın hakimi təyin edib, Sultan Əhmədin izi ilə Bağdada gedəcək, üç gün, üç gecə mancanaqlardan daş yağdırıb, nəhayət, qala divarında deşik açıb şəhərə daxil olacaq, Sultan Əhmədin buradan da qaçdığını və onun-Teymurun köhnə düşmənlərindən Qaraqoyunlu Yusifə qoşulduğunu bildikdə, Bağdad camaatının yarısını qala divarları arxasında xəndəklərə tökdürəcək, o biri yarısını öz ata-analarının, qardaş-bacılarının, oğul-uşaqlarının üstünü torpaqlayıb diri-diri basdırmağa məcbur edəcəkdi. Dərviş libasında, Əmir Teymurun ordusunun ardınca Bağdaddan qayıdan Fəzl müridləri, o xəndəklərdə, torpağın üstündə saysız-hesabsız körpə uşaq əli gördüklərini danışıb: «Torpaq töküləndə atalar, analar uşaqlarını başlarının üstünə qaldırırmışlar»-deyəndə bütün Şirvan Əmir Teymura lənət oxuyacaq və yalnız bu vaxt, Şeyx Əzəm etiqadının sarsıldığını hiss edib, mehrab qabağında diz çökəcək, «Kimə inanım, nəyə inanım, ya rəbbim?!» – deyəcəkdi. Lakin daha gec idi.Çünki bu vaxt artıq bütün Şirvan «Mənəm Allah» deyənlərlə dolmuşdu və bu Allahsızlar Şeyx Əzəmi yer üzündə görünməmiş qırğınlara bais olan murdar sultandan daha çox dəhşətə gətirib, hətta yuxusunu da azdırmış, gözlərini qan çanağına döndərmişdi. Odur ki, Miranşahın öz ordusundan göndərdiyi təğyirlibas adamlar, Fəzlullahın məkanını öyrənməyi tələb edəndə, şeyx başı alovlu, İbrahimin hüzuruna yüyürıüş, «Şamaxının aqibəti Bağdaddan da bədtər görünür!» – deyib, danışığa gələn Fəzl elçilərini dərhal tutmağı və divan ayağına çəkib onlardan Fəzlullahın yerini öyrənməyi tələb etmişdi. İbrahim buna razılıq verəndə şeyx nə qədər sevinmişdisə, o axşam şahın kafirlərlə divanxanada danışıq apardığını eşidəndə bir o qədər təşvişə düşmüş, bu xəbəri gətirən müridləri ilə birgə iqamətgahına gedib, çoxdan bəri ona qeyri-rəsmi müridlik edən əlləri batqanlı dərvişlərin böyük bir dəstəsinə rəsmi xirqə geyindirmiş və İbrahimin hüzurunda elçiləri tutmağa tələsmişdi. Bu hərəkəti ilə şaha xəyanət etdiyini o heç ağlına da gətirmirdi. Çünki bir tərəfdən İbrahimin tapşırığı ilə Əlincəyə gedib, orada döyüş meydanından tapılan hürufi papağını Əmir Teymura göndərməklə, o biri tərəfdən Miranşahın təğyirlibas adamlarını öz iqamətgahında gizlətməklə necə mürəkkəb və təhlükəli bir siyasət dünyasına düşdüyünü o qədər də dərk etmirdi. Şeyxi düşündürən yalnız bu idi ki, nəyin bahasına olur-olsun kafir tutulmalı, Şirvan Allah qəzəbindən və qırğın təhlükəsindən qurtarmalı idi. Bunun üçün o, şahı da, lazım gəlsə, özünü də qurban verməyə hazır idi. Odur ki, şah iradəsinin hər şeydən yüksək olduğu şah hüzurunda elçiləri tutdurmaqdan çəkinməmişdi. Elçiləri zindana aparıb dəmir qəfəslərə saldırandan sonra isə, təzə xirqə altında köhnə dərviş torbasından paslı mismarlar çıxarıb, onun işarəsini gözləyən teymurilərə külli-ixtiyar verib, kafirin məkanını öyrənməyi tapşırmışdı.

6

Yeraltı yolun dolanbacları ilə irəlidə əlləri məşəlli candarlar, ortada İbrahim özü, axırda isə Gövhərşahla əsgərxas dəstəsi gedirdi. Zindanın buz soyuqluğu saçan nəm şəbəkələri görünəndə qarışıq qışqırtılar eşidildi. Şeyx Əzəmin yeni müridlərindən və onların mismarlarından hələ heç kəsin xəbəri olmasa da, İbrahim elçilərə işgəncə verildiyini dərhal başa düşüb tələsdi. Candarlar yüyürüb şəbəkəli qapını açdılar, əsləhələrini cingilti ilə yığışdırıb, divara qısılıb, şaha yol verdilər.

Zindanın dərinliyində, yağ çıraqları ilə işıqlanmış vahiməli yarıqaranlıqda qaynaşan qara xirqəli adamlar, məşəlləri görən kimi səslərini kəsib, duruxub, gözlərini şaha dikmişdilər. Onların ortalığında, üç yanaşı qəfəsdə elçilər üç yanaşı şam kimi ağarırdılar. Bir az kənarda Şeyx Əzəmin əmmaməsi və çiyinlərindən başmaqlarının burunlarına qədər sallanmış sədrəddin tirməsi ağarırdı. İbrahimin təşrifindən ehtiyatlansa da, şeyx, bu yeraltının sahibi və mütləq hakimitək dayanıb, şahın özünün ona yaxınlaşmasını gözləyirdi. Lakin vəliəhd Gövhərşahın arxasınca gələn əsgərxası gördükdə, yəqin ki, hər şeyi anlayıb, birdən həyəcanla irəli yeridi.

– Allah xatirinə, müdaxilə etmə, şah! – dedi.

– Müqqəddəs kəlama görə, kafirin kitabları ilə bahəm bu məlunlar da oda yaxılacaqlar!

– Oda yaxmağın nə xeyri, şeyx?.. Bəlkə Əmir Teymura hədiyyə göndərəsən onları və mənim hürufilərlə əlaqəmi sübuta yetirə-sən?!

– Bu şübhə İbrahimin ağlına indi gəlmirdi. Şeyxlə necə danışacağını o hələ divanxanada ikən düşünüb, buraya tamamilə aydın fikirlə gəlmişdi

– Özün eşitdin, mən Fəzlullahın təklifini rədd etdim. Çünki bir olan Allahla peyğəmbərdən və Qurani-şərifdən qeyri istinadgahım yoxdur mənim, ola da bilməz! Ancaq mən Fəzlullahı həbs etməyə qadir deyiləm, şeyx! Miranşaha çatdır, Fəzlullah məndən və Miranşahdan da, bəlkə Əmir Teymurun özündən də qüdrətli hökmdar olub. Aç qəfəsləri, burax onun elçilərini getsinlər.

– Sən kafiri tutmalısan, şah! Yoxsa məhşər qopar, Şamaxının daşı daş üstündə qalmaz!

– Şeyxin dünya nemətlərindən məhrum zahid bədənini titrətmə götürmüşdü. Şahın soyuq qətiyyəti qarşısında geri çəkilib, müridlərinə toxunduqda elə bil birdən dayaq tapıb onlardan yapışdı:

– Bu adamlar Əmir Teymurun dərvişləridir. Əmir Teymur bu adamlara inanır, bunların nişan verdikləri dinsizləri səlamət qoymur. Kafiri tutmasan, sənə də aman verməz!

İbrahim, gen-bol xirqələr içində sərbəst dayanmış, hamısı bir-biritək gödək, enlisifət adamlara göz gəzdirdi. Onun ən çox ehtiyat etdiyi bir hadisə baş vermişdi. Xəbərgirlər dərgahda ən gizlin danışıqlara qulaq asırdılarsa, hətta zindana yol tapıb, şahla vəliəhdinin Fəzl elçilərini azad etməyə gəldiklərini öz gözləri ilə görürdülərsə, şirvanşahın xəyanətini sübut üçün daha nə lazımdı?! Lakin İbrahim özünü itirmədi.

O, Əmir Teymura sədaqətini sübut etmək üçün Fəzldən başqa da qurbanlar hazırlamışdı. Şeyx Əzəm o qurbanların siyahısında yoxdu. İndi burada İbrahim birdən-birə şeyxi də siyahıya daxil etdi və tələsmədən, ağır-ağır sözə bağışlayıb:

– Bəzi həqiqətləri mən şahlar şahı50 Əmir Teymurun hüzurunda, yalnız onun özünə açmalı idim, – dedi.

– İndi ki, cənab dərvişlər də burdadırlar, qoy bilsinlər və şahlar şahına çatdırsınlar: kafirin bu vaxta qədər tutulmamağının bir təqsirkarı var, o da sənsən, Şeyx Əzəm! Əgər sən hürufi elminin Əmir Teymura müxalif olduğunu vaxtında deyib məni xəbərdar etsəydin, mən Fəzlullaha iqamətgah verməzdim, hürufilər Şirvanda yurd salıb bunca qüvvətlənməzdilər və Əmir Teymurla cəngə girişməyə cürət etməzdilər. Günahın hamısı səndədir, şeyx!

O, riya bilmirdi. Nə qədər məşəqqət çəksə də, hiylə öyrənməmişdi. Odur ki, şahın məntiqinin təsirindən ayılıb, onun nə qədər ədalətsiz danışdığını duyduqda, birdən kükrəyib, bütün qəlbi ilə üsyan etdi:

– Allahdan qorx, ədalətsizlik etmə, şah!..

İbrahim aman vermədi, bu dəfə daha güclü və daha inandırıcı məntiqlə:

– Din və etiqadımızın keşiyində duran sənsən, Fəzlullahın küfrünün bu qədər yayılmağının günahkarı da sənsən, şeyx! – dedi.

– Mən hələ yəqin etməmişəm, əfəllik və səbatsızlıq üzündən küfrə rəvac veribsən, yoxsa ki, qəsddən? Yəqinim hələlik budur ki, Əmir Teymurun təbəəliyindən çıxanlarla birgə mənim təbəələrim də kafirin elmini tədris edib Hürufi olublar. Sənin günahın üzündən, hürufilər indi mənim özümü hədələyirlər. Vəliəhd Gövhərşahın atının qabağına çıxıb deyirlər:«Şah, Fəzli həbs etmək niyyətindən əl çəksin, yoxsa rəmzi qılıncları atıb silah götürərik». Mənim cəmi altmış min əsgərim var, Fəzlullahın müridlərinin isə hesabı yoxdur. Mən məlum məkanda, darvaza qapıları çıxarılmış şəhərdə otururam, hürufilər hər zaman mənim üstümə həmlə edə bilərlər. Fəzlullah isə Allah kimi məkansız və gözəgörünməzdir, mən onun üstünə ordu göndərmək imkanından da məhrumam. Belə olan surətdə mən onu necə həbs edim, şeyx?!

Danışdıqca, İbrahim köhnə vərdişi üzrə, kirpiklərinin çəpəri arxasından baxıb, dərvişlərə göz qoyurdu. Dəlillərinin təsirsiz qalmadığını gördükdə, daha bir kəlmə də artıq söz demədən, dönüb sağ çiyninin arxasında güclü nəfəsini hiss etdiyi oğluna baxdı. Gövhərşah əsgərlərə işarə etdi və əsgərlər qəfəslərə tərəf yönəldilər.

Şeyx fəryad edirdi:

– Məhşər qopacaq, şah! Əsgərlərin divarlara hörüləcək! Təbəələrinin başlarından minarə qurulacaq! Övladlarını torpaq udacaq! Kafirin sehrinə uyma, buraxma bu məlunları! Bunlar səni sehrləyiblər. Beynin zəhərlənib, Allah xofundan xali olub!..

Lakin onun bütün səyi hədər idi. Hamısı cavan və dəmir kimi möhkəm əsgərxaslar dəmir barmaqlıqları əydilər, elçiləri qəfəslərdən çıxardılar.

İbrahim dözülməz sinir gərginliyindən sonra pillədə, divara söykənib, indi də bu yarımcan adamlara göz qoyur və onların baxışlarında cüzi də olsa əzab, işgəncə əlaməti görmədiyinə heyrət edirdi. Şeyx Əzəm səsini kəsmirdi:

– İnsan deyillər onlar, şah! Ağrı bilmirlər! İblisdirlər! – deyirdi.

İbrahim ona qulaq asa-asa, elçilərdən gözünü çəkmirdi.

Mismar zərbələrindən hər üçünün xirqələrinin qurşaqdan yuxarısı arı pətəyitək şan-şan idi. Gecə geyimin altından axan qan onların biləklərində və əllərində donub barmaqlarında lülələnmişdi. Qalın, boz corablarda, başmaqların çalkeçir qayışları arasında da qan laxtalanmışdı. Amma elçilər elə bil doğrudan da ağrı hiss etmirdilər. Bu qeyri-adilik İbrahimi necə tutdusa, o özü də bilmədən sidq-ürəklə və dərin təəssüflə: «Kaş mənim bütün əsgərlərim belə iblis olaydılar!» – dedi və buyurdu ki, Gövhərşah onları elçixanaya aparsın.

On il bundan əvvəl, elmini geniş miqyasda yaymaq üçün ziyarətgahlara səyahətə çıxanda Fəzl, peşəkarlarının və ümumən əhalisinin böyük əksəriyyəti batin sufi olan şəhərlərdə – Bağdadda, Hələbdə, Surda moizələr oxuyub, Məkkəyə gedərkən yolüstü bir neçə gün Beytül-müqəddəsdə51, məsciddə qalmış, daş pillələrlə yerin təkinə enib, orada İsa peyğəmbərin körpəliyinin yadigarı olan, böyük qayığa bənzəyən daş beşikdə və Məryəm ananın mehrabının qabağında namaz qılan müsəlmanlarla, ibadət edən yəhudilərlə, tərsalarla söhbət etmiş, bəşərin birliyinə, dil, din, etiqad ayrılığının sonralar əmələ gəldiyinə dair fikirlərinin bu adamlarda sevinc doğurduğunu görüb, özü də böyük sevinc duymuşdu.

İkiillik dərvişliyində Nəsimi də ustadın getdiyi yolla gedib, o da bir neçə gün Beytül-müqəddəsdə qalmış, amma ustadından fərqli olaraq, ənəlhəq məramından sevinən müxtəlif etiqadlı adamlardan əlavə, Beytül-müqəddəsdə o, əfsanəyə bənzəyən bir həqiqət də kəşf etmişdi.

Suriya əhalisinin və ətraf camaatın Qüds adlandırdığı bu qədimlərdən qədim şəhərin dövrəsindəki dağlı, dərə-təpəli ərazi yamyaşıl idi, şəhərin özündə isə bircə dənə də ağac yoxdu. Uzaqdan baxanda dəyirmi ot tayasına bənzəyən, sal daşdan ibarət dağ elə bil nəhəng bir qılıncla köndələninə kəsilib hamarlanmış və bu hamar daş lövhə üstündə şəhər salınmışdı. Yağış yağanda, arxası şəhərin şərqində qala hasarına söykənən məscidin qurğuşun lövhələrlə örtülü damından başlamış, daş küçələrin daş səkilərinə qədər tərtəmiz yuyulurdu. Rumdan, İrandan, İraqdan, Suriyadan, Misirdən dəstə-dəstə ziyarətə gələn zəvvarlar ətrafda dağ yamaclarını örtmüş zeytun ağaclarının kölgəliklərində, çay, bulaq, arx, bağ-bostan kənarlarında dincəldikdən sonra axın – axın yeriyib, qurğuşun damı parıldayan məscidin arxasında, böyük dəmir çənlərdən axan yağış suyu ilə yuyunub, hindlisayağı, bəyaz parçaya bürünürdülər və ucadan bir kəlmə də danışmadan, qab içitək təmiz küçələrdə, səkilərdə başmaqlarını belə taqqıldatmadan, lal axınla, dünyanın ən böyük məscidində ibadətə, dünyanın ən qədim peyğəmbərlərindən Musa ibn İmranın, Süleyman ibn Davudun, onların qohumlarının, varislərinin, xələflərinin qəbirlərini ziyarətə gedirdilər. Səma suyu ilə pak olan bu bəyaz kütlələr Beytül-müqəddəsdə ülviyyət və xoşbəxtlik görürdülər. Nəsimi isə yalan və bədbəxtlik görürdü.

Məsciddən o tərəfdə-Məkkə səmtində «Məhşər dərəsi» deyilən böyük dərə vardı. Şəhərin dövrəsindəki cənnət yaşıllığının əksinə, nəhəng xəndəyə bənzəyən o dərədə quru daşlıqdan və qəbirə bənzəyən bədheybət ovruqlardan başqa bir şey yoxdu, buna görə də Məhşər dərəsinə «Cəhənnəm dərəsi» də deyirdilər. Yollarda bədəvilərin basqınlarına məruz qala-qala, talana-talana, yarıac, yarıtox, aylarla gəlib, paklıq və xoşbəxtlik həsrəti ilə Beytül-müqəddəsi ziyarət edən kütlələrdən xəstələr ayrılıb, həmin bədheybət ovruqlarda məskən salırdılar. Özləri ilə gətirdikləri varidatı xərcləmədən, yeməyib, içməyib, ölümlərini gözləyirdilər və ölürdülər ki, məhşər günü ölülər dirilməyə başlayanda, Allaha yaxın olan bu məkanda dirilsinlər… Beytül-müqəddəsdə bir-birindən zəngin bazarlar vardı, bu bazarlara ilin bütün fəsillərində Rumdan Misrə qədər, hər yerdən hər cür nemət gətirilirdi, qışda qovun-qarpız, üzüm, nar, yazın ilk günlərində təzə xurma, alma, armud olurdu. Bazarların hamısında çardaqlar altında loğmanlar, əttarlar otururdular. Amma Məhşər dərəsində ölməyə gedən xəstələrə nə bir tikə yemək aparan olurdu, nə də dərmandava. Oraya yalnız böyük məsciddən bir qədər aralı ikinci məsciddən və kilsədən qarageyimli, əlləri xərəkli adamlar gedirdilər, ölənləri xərəklərdə aparıb dərənin o başında-dağ ətəyində dəfn edirdilər və ölənlərin varidatını «torpağa tapşırırdılar ki, məhşər günü sahiblərinə qaytarılsın». Həmin qarageyimlilər şahid idilər ki, ölənlərin varidatına tamah salıb o qəbiristanlığa gedənləri yer udurdu və birbaş cəhənnəmə düşdükləri üçün yerin altından onların qışqırtıları eşidilirdi. Odur ki, Beytül-müqəddəsdən o səmtə heç kəs getmirdi. Bu minvalla keçən yüz illər ərzində yalnız ötən il Fəzl müridləri, əlləri xərəkli adamlara qoşulub, o səmtə gedib, cəhənnəmin səsini eşitdilər. Amma səs yerin altından yox, Məhşər dərəsindəki bədheybət ovruqlardan gəlirdi.

Müridlər, odtək qızmış daşlar arasında susuzluqdan, aclıqdan qıvrılan, amma sudan və yeməkdən inadla imtina edən bədbəxtlərə zorla su içirtdilər, yemək verdilər. Nəsimi ovruqlar arasında, dərənin boğucu üfunətində axşama qədər müridlərə kömək etdi və bütün günü danışdı. Yəhudilərlə, ərəblərlə ərəb dilində, farslarla fars dilində, türklərlə türk dilində danışdı. «Yalan qurbanısınız, ey bədbəxtlər!» – dedi. «Məhşər günü və ölülərin dirilməsi haqqında iddialar uydurmadır!» – dedi. Lakin bu kütlə onun sözünə biganə idi. Birinci dəfə idi ki, adamlar ona lal-kartək baxırdılar, dillənənlər isə şəkkak, kobud və təhqiramiz danışırdılar: «Nə istəyirsən bizdən? Təmənnan nədir?» – deyirdilər.

Axşama yaxın müridlər tamam usandılar. «Can ağrısı hakimdir burda. Ağrı olan yerdə nə söz?» – dedilər.

Nəsimi müridlərlə razılaşdı. Boşalmış su tuluqlarını çiyinlərinə atıb, yorğun-arğın, kədər və yasla qayıtmağa başladılar. Amma Nəsiminin ayaqları getmirdi. Məhşər dərəsi ilə yox, elə bil bütün yer üzü ilə, üfunətli ovruqlarda yad-yabançı adamlarla yox, elə bil bütün bəşərlə vidalaşıb, kimsəsizliyə, mənasızlığa, faniliyə gedirdi.

Fikir qığılcımı nədən və necə alışdı? Bunu heç kəs, Nəsimi özü də bilmədi, sanki kənar bir iradə hökmü ilə, birdən geri dönüb, dərə dolusu qışqırdı: «Eşit, ey qafil! İnsan əbədi yaşaya bilər! Cismən əbədi yaşaya bilər insan!» – dedi.

Müridlər ayaq saxlayıb təəccüblə ona baxdılar. Nə Fəzlin elmində belə bir fikrə rast gəlmişdilər, nə də başqa, öyrəndikləri, bildikləri elmlərdə. Bunca əcaib fikir Nəsiminin ağlına hardan gəlmişdi? Həmişə, hər yerdə, hər bir şəraitdə qalıb, tərifli xəlifə, bu lənətli dərədə ümidsizlikdən dəli olmuşdu, nə idi? Bu şübhələrini müridlər sonralar danışdılar. Orada, qəfil qışqırtıdan və əcaib fikirdən çaşıb qaldıqları anlarda isə lal-dinməz dayanıb, gah Nəsimiyə, gah da qaranlıqda ovruqlardan bir-birinin ardınca dikələn, ağır-ağır yaxınlaşan xəstələrin qaraltılarına baxırdılar.

Nəsimi o gecə Məhşər dərəsində sübhə qədər moizə oxuduğunu, səhərisi dərədə bir nəfər də xəstə qalmadığını xatırlayıb, elçixanaya təbib çağıran və onların-elçilərin bədən-lərindəki ağır yaralardan ölmədiklərinə heyrətini bildirən şahın cavabında:

– Ölüm də yalan etiqad və cahillik bəhrəsidir, şahım! Cümlə aləmdə təbədülatdan bixəbər olduğu kimi, insan öz cismində, zərrələr bətnində təbəldüllatdan da xəbərsizdir. Cismində zərrələrin xislətini öyrənsə, xaliqi cümlə aləm tək insan özü də əbədi ola bilər-deyib, Məhşər dərəsindəki kəşfini təkrar etdi.

İbrahim onun gözlərindəki qığılcım qaynağı ilə həmahəng sözlərinə valehliyini gizlətmədən, elçixananın kandarında gözləyən adamları dörə52 dəvət etdi. Şahın şəxsi təbib-xunkarı əvvəlcə Nəsiminin, sonra mövlana Mahmudla Yusifin yaralarını sarıdı. Şahın şəxsi ləyəndarı, qoşa əlində gümüş ləyən, onların qabağında diz çökdü və şahın şəxsi abdarı onların əllərinə su tökdü. Sonra Gövhərşah onları böyük qəndilləri, şamdanları ilə bərq vuran pişgaha apardı.

Dəhlizlərdə candarlarla birgə əsgərxas dəstələri də dayanmışdı. Elçilərin ardınca bütün qapılar bağlanırdı.

O gecə, o bağlı qapılar dalında Şirvanşahla hürufilərin ittifaqı barədə bir parça kağızda bir kəlmə də yazılmadı. Hər şey Fəzlin tapşırdığı kimi «qayət məxfi» və şahın arzu etdiyi kimi yazıpozusuz oldu. Çünki əslində bu heç də rəsmi ittifaq deyil, Fəzlin məktubunda göstərilən «namaz»ın davamı idi. Bu «namaz» əsasında, İbrahim, Fəzllə müridlərinin Şirvan ərazisi daxilində təhlükəsizliyini qorumağa, hürufilər isə, Əmir Teymurun yanında xidmətdə olan pünhan müridin köməyi ilə İbrahimə hər cür məlumat çatdırmağa, Əlincə qalasının rəisi sərdar Altunla, Əlincənin müdafiəsində iştirak edən Şəki, Gəncə, Şamxor, Tauş hakimləri ilə, qarabağlılar və naxçıvanlılarla İbrahimin əlaqələrini möhkəmləndirməyə, nəhayət, vaxtı yetişəndə, Əlincə ətrafında Miranşaha qarşı müharibənin təşkilində iştirak etməyə və Arazın o tayında qiyam qaldırıb, Təbriz təxtini Miranşahdan alıb İbrahimə verməyə boyun oldular.

Sonra İbrahim, elçiləri ziyafətgaha dəvət etdi.

Lakin onlar ziyafətə qalmadılar. Yeni müttəfiqlərə hörmət əlaməti olaraq İbrahimin öz əli ilə doldurduğu qızıl şərbətilərdə Şirvanın məşhur «reyhani» şərabından içib, təşəkkür və təzim edib, dərhal çıxdılar.

Nə qədər üzgün olsalar da, hər üçünün gözlərində daha güclü etiqad və böyük qələbə sevinci parıldayırdı.

Məxfi görüş mənzilində qasid müridlərlə görüşdükdən sonra Yusiflə Mövlana Mahmud atlanıb, Fəzli batinlikdən çıxarmağa tələsdilər. Nəsimi isə bir neçə müridin müşayiəti ilə səmt-sorağı Yusiflə qasidlərdən başqa hələlik heç kəsə məlum olmayan yeni iqamətgaha yola düşdü. Bu vaxt Seyid Əlinin «namaz»ının nəticəsini yaymaq üçün Şamaxı ətrafından Şirvana dağılışan qasidlər karxanalara, icmalara, kənd və obalara onun bir rübaisini aparırdılar:

 
Həqq əyan oldu, gəlin, həqqi görün!
Həqqi batildən53 seçin, fərqi görün!
Bədrimin üzündəki şəqqi görün!
Alamə sığmaz Ənəlhəqqi görün!
 

Bu, həm şad xəbərdi, həm də çağırış. O gecə və səhərisi bu rübai minlərlə insanı intizar və narahatlıqdan qurtarıb xoşbəxt etdi.

Təcrid

7

Şirvanın gecəsi təzə ot və şeh ətri ilə dolu idi. Ətraf dağların sazağı, çənçərməsi aşağılarda da duyulur və hərdən atlıların üzünə soyuq vururdu, amma dərhal da ötəri yel kimi keçib gedirdi. Çünki bu aşağı dərə və hakimi bahar idi. Çökək, çaxrax yerlərdə, yarğan və selavlarda, dağların qar suyundan əmələ gəlmiş qısa ömürlü şırranlar səslənirdi və bu vaxt yarpız ətri hər şeyi üstələyirdi. Dikdirlərdə, atların dırnaqları quraxsımış güney torpağını döyəcləyəndə isə gah dalğa-dalğa yovşan ətri gəlir, gah da tala-tala lalə çöllərinin yanğısı duyulurdu. Sel-su şırıltısından uzaq olan belə quraq yerlərin nal tappıltılarından daha da dərinləşən sükutunda Nəsimi hər şeyi, dəmir qəfəsdə işgəncəni də, şahla danışıqları və hətta bir az əvvəl dünyaya sığışmayan qələbə sevincini də unudub, indi yalnız bir nəfərin, bağrıyanıq lalə timsallı könül həmdəminin həsrətli Fatmasının haqqında düşünürdü. Hərdən haradansa kişnərti eşidiləndə müridlər dərhal cilovları çəkib dayanır, atların səksəkə ilə qırpılan qulaqlarından və təpə qaraltılarından başqa qaranlıqda heç nə seçilməsə də, gözlərini oyan-buyana gəzdirə-gəzdirə, təhlükənin sovuşmasını gözləyirdilər, ya da cəld çapıb çökəklərə enirdilər ki, aşağıdan baxıb yuxarılarda, ulduzlu göy altında gəlib-gedənlərin qaraltılarını görə bilsinlər. Bu vaxt enişlərdə at büdrədikcə, Nəsiminin yapışıb qurumuş sarğıları ordan-burdan yaranın üstündən qopurdu, sinəsi və kürəyi yerindən göz-göz olub göynəyirdi.

Lakin nə təhlükə ehtimalı onun fikrini Fatmadan ayırırdı, nə də canındakı göynərtilər. Onun səfərdən qayıtdığı Fəzllə, müridlərlə birgə Fatmaya da məlum idi və Fəzllə, müridlərlə bərabər indi yəqin ki, Fatma da vüsal gözləyirdi: bu qaranlıq gecədə harada isə atlarını çapan Yusiflə Mövlana Mahmud, Seyid Əlinin namazdan sağ-salamat, həm də böyük qələbə ilə dönüb yeni iqamətgaha getdiyini xəbər verəndə, yəqin ki, Fatma da vüsal sevinci ilə iqamətgaha tələsəcəkdi. Ancaq Nəsimi vüsal bətnində ayrılıq görürdü,sevinc içində kədər.

Bir neçə il bundan əvvəl Fəzlin Div54 hüzurunda oturan pünhan müridi, xəbərgir dərvişlərdən birisinin Miranşaha məktubunu ələ keçirib iqamətgaha göndərmişdi. Orada Fəzlin başqa xəlifələri ilə bərabər Nəsimiyə aid məlumat da vardı: «Nəsimi türk içində məşhur şair və xanəxərab bir aşiqdir».

Dərviş doğru yazmışdı. Amma bütün gizlin və aşikar düşmənlərtək o da Nəsiminin xanəxərablığının səbəbini bilmirdi. Çünki hürufilərin bütün xoşbəxtlikləri və bütün bədbəxtlikləri kimi, hətta Nəsiminin «xanəxərablığı» da Fəzl elmi ilə əlaqədardı.

Elmə görə, «Fəzl haqdır» deyərkən müridlər Fəzli cəmi dünyada və dünyanı Fəzldə görürdülər: Fəzlullah-dünyanın ləyaqəti deməkdi, bu ləyaqət dünyanın özündən yaranmışdı və cəmi bəşəri mənsub idi, ancaq bəşər hələ qeyri-kamil olduğu üçün fazlindən-öz ləyaqətindən təcrid ilə, kamilləşəndən sonra cümlə aləmdən yarandığını və aləmi bətnində gəzdirdiyini, yəni özünün xaliqliyini dərk edəcək, ikilik-xaliqlə xəlq olunmuşun ayrılığı qurtarıb vəhdət yaranacaq, bəşər «əlif55 tək vahid» olacaq və o vaxt din, dil, əqidə ayrılığı da olmayacaq, hamı bir-birini asanlıqla anlayacaq, beləliklə, yer üzündə zülm, qılınc, qan, qorxu və sair-insan ləyaqətini əskildən heç bir şey qalmayacaqdı. Odur ki, Fəzl əqidəsini qəbul edən hər bir təzə adam, vəhdət yolunda yeni addım sayılırdı və müridlərin sayı çoxaldıqca, vəhdətə gedən yol da qısalırdı. Lakin çətinlik heç də təzə adam cəlb etməkdə deyildi. Əksinə, cahangirlərin qılıncları işlədikcə, zülm artdıqca fəzlin adına pənah gətirib elm öyrənənlərin sayı da artırdı, zülm özü zalımlığa qarşı çevrilirdi, qaranlıqdan işığa, soyuqdan istiyə ehtiyac törəndiyi kimi, cahilliyin özündən kamilliyə ehtiyac yaranırdı. Əsl çətinlik və bəla onda idi ki, ömürlərini vəhdət uğrunda çarpışmaya həsr edənlərin özlərində qeyri-kamillik aşikara çıxır və vəhdət yolunda elə maneələr əmələ gəlirdi ki, onu aradan qaldırmağa Fəzlin də qüdrəti çatmırdı.

Belə maneələrdən biri Fəzl varisi Fatmanın məhəbbətinə xəlifələrin münasibətindən əmələ gəlmişdi.

Xəlifələr yaxşı bilirdilər ki, «bişək həq» adlandırdıqları Fəzlin özü də idrak yolunda olan ölümlü insandı. Onun bətnində Fəzl-həqqin isə yaşı bəlli deyildi; tədrisin ilk mərhələsində, lailahəilləllahın, peyğəmbərin, Quranın hələ inkar edilmədiyi mərhələdə müridlərə deyirdilər ki, Məhəmməd peyğəmbərin merac vaxtı görüb aşiq olduğu gözəl insan sifəti də elə Fəzlhəqqin, yəni kamil insanın sifəti imiş; bu insanın nə əvvəli vardı, nə də axırı: Fəzl dünyadan getdikdən sonra həq ruhu onun ən çox sevdiyi adama köçüb, onun cismində yaşayacaqdı. Fəzlin ən çox sevdiyi adam isə övladı və varisi Fatma idi. Demək, Fatma onun ruhunu öz bətnində yaşadıb özündən sonrakı varisin və ya bir başqa, çox sevdiyi adamın cisminə köçürməli, beləliklə, Fəzl-həq nəsildən-nəslə keçib əbədi yaşamalı idi. Buna görə də Fəzl varisi Fəzlin özü qədər kamil olmalı və ən ali kamillik meyarında-məhəbbətdə səhv etməməli idi. Əks təqdirdə həq ruhu və onunla birlikdə vəhdət arzusu da, vəhdət uğrunda mübarizə əzmi də məhv olar, insan getdikcə kamilləşmək əvəzinə cahilləşər və dünya əbədi cəhalət qaranlığına gömülə bilərdi. Fəzlullah Nəiminin sevimli övladı Fatmaya belə bir tale nəsib olmuşdu. Özü hələ təzə-təzə yaşamağa başlamış zərif bir qız ikən özündən sonrakı nəsillərin taleyinə cavabdeh olmuşdu.

Fatma kimi sevməli, kimə ərə getməli idi?

Bu sual səkkiz xəlifənin səkkizini də düşündürür və narahat edirdi. Yalnız doqquzuncu xəlifə-Seyid Əli narahat deyildi: Fatmanın kimi sevdiyini və necə sevdiyini o, hamıdan yaxşı bilirdi.

Bakıda ilk müstəqil məclislərini onlar həmişə bir-birinin köməyi ilə keçirərdilər. Sonralar Şirvanın müxtəlif yerlərində, əsnaf icmalarında məclislərə də birgə gedərdilər və bu vaxt onları müşayiət edən müridlərdən heç nə gizlətməzdilər. Nəsimi özünün və ustadının qəzəllərindən oxuyardı, Fatma isə Nəsiminin və atasının qəzəllərindən. Bütün səfərlərdə yan-yana getməyə öyrəşmiş atlar, bir-birini əvəz edən səslərin avazına uyub yavaşıyırdılar. Varisdən həmişə beş-on addım irəlidə gedən müridlər də, sağ-soldakılar və arxadakılar da cilovları çəkib, gah karvan qumrovu kimi kövrək qadın səsi ilə, gah da məhəbbətdən titrəyən, vurğun kişi səsi ilə oxunan qəzəllərin sehrinə qapılardılar. Məclisdə gah Fatma ud çalar, Nəsimi Fəzlin və özünün qəzəllərindən oxuyardı, gah da Nəsimi ud çalar, Fatma atasının və Nəsiminin qəzəllərindən oxuyardı.

Qayıdanbaş yenə atları yan-yana sürərdilər, yəhərdən-yəhərə əyilib, qol-boyun olub, yenə də səs-səsə verərdilər. Xəlifələrin hamısından cavan, hamısından məlahətli doqquzuncu xəlifə ilə varisin Fəzl ruhunu əbədiləşdirməyi vəd edən bu gözəl ünsiyyətindən vəcdə gələn müridlər isə bütün yolu onları «ənəlhəq» qışqırtıları ilə müşayiət edərdilər Səfərlərdən birindən qayıdanda Nəsimini iqamətgaha çağırdılar.

Fəzl, qapısı «əlif» açarla açılan zirzəmidə, kitabxanasının ona əliksir təsiri bağışlayan tünd dəri qoxusunda, təkcə oturmuşdu.

«Xoş gəldin, gözüm nuru», – deyib öz həmişəki həlim rəftarı ilə Nəsimini qarşısındakı döşəkcənin üstünə dəvət etdi. Sonra onu nə üçün çağırdığını unutmuş kimi, bir müddət susdu.

Nəhayət, başını qaldıranda isə bəd xəbəri danışmağa dili gəlmirmiş kimi, qısaca: «Xəlifələr Fatmaya təcrid buyurdulan) – dedi. Nəsimi oturub Fəzlin üzünə baxır və birgə səfərlərə, səs-səsə verib qəzəl oxumağa beləcə birdən-birə son qoyulduğuna inana bilmirdi.

Məhəbbətdən təcridlik yalnız tədris və sınaq dövrlərində olan müridlərə and idi. Bu dövrləri keçirmiş yetkin adamın könlünü sındırmaq əqidəyə zidd idi-qan tökməyə, adam öldürməyə bərabər idi. Bəs xəlifələri Fatmanın və Fatma ilə birgə Nəsiminin könlünü sındırmağa, üstəlik, Fəzli bu dəhşətli hökmlə razılaşmağa vadar edən nə idi? Fəzlin iradəsi həq iradəsi idi, istəsəydi, xəlifələrin iradəsini sındırıb hökmü ləğv edə bilərdi. Bəs niyə ləğv etməmişdi?

Nəsimi ondan heç nə soruşmadı. Qalxıb, iri ağır dəmir şamdanlarda tək-tək yanan şamlarla işıqlanmış taxta və qarğı rəflərin arasında vurnuxa-vurnuxa bir xeyli gözlədikdən sonra, Fəzlin müəmmalı sükutundan darıxıb, çıxmağa məcbur oldu.

Bakının üç tərəfi üçqatar qala divarları və su ilə doldurulmuş dərin xəndəklərlə əhatə olunmuşdu. Dördüncü tərəfi dənizə söykənmişdi. Fəzlin iqamətgahı və zirzəmidəki şəxsi kitabxanası elə dar, elə qarışıq küçə, dalan və dönkələr arasında yerləşirdi ki, bunun hansı tərəfə-dənizəmi, quruyamı yaxın olduğundan baş açmaq çətin idi. Xırda-xırda otaqlara ayrılmış, birmərtəbə, alçaq binadan aşağıya-kitabxanaya bir yol, kitabxanadan eşiyə isə iki yol vardı. Bunlardan biri şəhərdə, iqamətgahı gəlib-gedənlərə nəzarət edən müridlərin papaqçı dükanlarının yerləşdiyi küçəyə, o birisi qaranlıq dəhlizlə üzüaşağı uzanıb qala divarı arxasında dənizə çıxırdı. Orada, yenə də yalnız «əlif» açarla açılan dəmir qapınin dalında, camaq bağlayıb göyərmiş daşlar arasında, dalğaların zərbindən daim yırğalanan bir qayıq saxlanırdı. O qayıq Fəzlin ən yaxın məsləkdaşlarından bir qisminin, o cümlədən arvadının və qayınlarının tutulub Təbrizdə edam edildiyi məlum olandan sonra qoyulmuşdu ki, təhlükə üz versə müridlər Fəzli o qayıqla təhlükəsiz sahilə aparsınlar. Ancaq sonralar, beşik kimi yırğalanan qayıq Fəzlin kiçik qızları Aişə ilə İsmətin və mayasızlıqdan-südsüzlükdən saralmış bir cüt körpə oğlunun istirahət, oyun, əyləncə yerinə, dəmir qapının dənizdən nəm çəkən sərin kandarı isə Fatma ilə Nəsiminin sevimli guşələrinə çevrilmişdi. Bürkülü yay gecələrində Fəzl dəmir qapını açdırıb, zirzəmiyə gələn dəniz havasında, şam işığında, döşəkcəsinin üstündə oturub «Cavidannamə»nin növbəti təzə hissəsini yazanda, ana deyilənin nə olduğunu bilməyib, gözlərini açandan bacıları Aişə ilə İsmətə isinişmiş körpələr qayıqda oynayar və bəzən gecəni də orada yatardılar. Fatma ilə Nəsimi isə kandarda yanaşı oturub, onların keşiyini çəkərdilər. Beləliklə, Nəsimi Fəzlin ailəsinə əbədi bağlanmışdı. Kənar adamlar onu şeyx Fəzlullahın doğma oğlu bilirdilər, müridlər isə Fəzlin onu oğulluğa götürdüyünü güman edirdilər. Yalnız Fəzlin özü, Nəsimi məclislərdən qayıdanda hərəsi onun bir çiynindən sallanan İsmətlə Aişə və bir də varisi məclislərə müşayiət edən müridlər bilirdilər ki, Nəsimi Fatmaya «hüsnü kamilim» deyirdi, Fatma isə Nəsimiyə «kəhrəba üzlüm, gecə gözlüm» deyirdi.

Təcrid xəbəri birdən-birə hər şeyi məhv etmişdi.

O xəbərdən sonra Nəsimi ilk dəfə kandarda tək oturdu. Bütün gecəni qaranlıq dənizə baxdı. Səhərisi isə Fəzlin hüzuruna divanə kimi qayıtdı: «Mənə dərvişlik buyur, ustad!» – dedi və heç kəslə, hətta hər gün onu Bakının müxtəlif guşələrində gözləyən sevimli şagirdləri ilə də vidalaşmadan, Fəzldən tapşırıq alıb, bir necə müridin müşayiəti ilə elə o günü Bakıdan çıxdı.

50.Teymurun belə rütbəsi yoxdu. Yalnız İranda və Azərbaycanda onu “şahlar şahı” adlandırırdılar.
51.Yerusəlim.
52.Dör – “dövrə” sözündən, məclis yeri, otağın yuxarı başı.
53.Batil – qeyri-həqiqi, saxta.
54.Div – cahillik rəmzi, burada Teymur.
55.“Əlif” – “A” – Allah – cümlə aləm.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺58,16
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
28 ekim 2022
Telif hakkı:
Hədəf nəşrləri

Bu kitabı okuyanlar şunları da okudu