Kitabı oku: «Məhşər», sayfa 4
Etiqad
5
Şirvanın bütün Azərbaycanda, İranda və hətta İraqda, Suriyada da məşhur təbabət ocağı Məlhəm, Aran düzənliyindən üzüyuxarı Şamaxıya doğru dağlara dırmandıqca seyrəlmək əvəzinə daha da qalınlaşan meşələrin qurtaracağında, yaşıl dağ döşündə aypara kimi saralan müalicəxana binası ilə onun yanında bacalarından daim tüstü qalxan karvansaradan, bunların dövrəsində bir neçə alçaq daş evdən və tək minarəli kiçik bir məsciddən ibarət idi.
Deyilənə görə, müalicəxana ilə karvansara iki yüz əlli il əvvəl, Mənüçöhrün zamanında tikilibmiş. O məşhur Şirvanşahın öz dərgahından göndərdiyi təbibdən savayı buraya Gəncədən və Təbrizdən də təbib və əttarlar gətirilib, təbabət mədrəsəsi açılıbmış.Tələbələr dağ yamaclarından, dərə və təpələrdən gül-çiçək yığarmışlar, əttarlar dərman-dava hazır-layarmışlar. Yalnız Şirvanşahın özü, ailə üzvləri və alimənsəb təbəələri deyil, İrandan, İraqdan da at və dəvə belində günlərlə yol gəlib Məlhəmdə müalicə olunarmışlar.
Müalicəxananın dümağ, mərmərəbənzər divarları zaman keçdikcə camaq bağlayıb, saralıb kəhrəba rənginə düşmüşdü. Suyunun haradan gəlib haraya axdığı məlum olmayan, amma həmişə şeh kimi dumduru olan dəyirmi hovuzun ətrafında, yonma daş döşənmiş geniş həyətin dövrəsində, karvansara hücrələritək xırda hücrələr vardı. Bu, müsafirlərin hamısının gördüyü, tanıdığı üst mərtəbə idi. Alt mərtəbəyə isə ancaq təbibxunkarın47 icazəsi ilə getmək olardı. Orada, yeraltının qulaqbatıran səssizliyində, hücrələrin divarları içərisində qoyulmuş novlarda, yenə də haradan gəlib haraya axdığı məlum olmayan suların şırıltılarından mahnı yaradılmışdı. Həmin mahnılı hücrələrdə ruhi xəstələr yatırmışlar.
O hücrələri birləşdirən yeraltı həyətlə məscidin arasında yeraltı yol vardı. Ruhi xəstələr yuxudan oyananda, üzləri niqablı təbiblərin müşayiəti ilə məscidə, mehrab qabağına aparılar, üzü niqablı mühəddisin48 nədislərini dinləyib, onun yanında namaz qılıb dua edər, eşiyə buraxılmadan, məsciddə yeyib-içəndən sonra yenə mahnılı hücrələrə qaytarılarmışlar və ancaq tamam sağalanda günəşli həyat və insan üzü görərmişlər.
Deyilənə görə, bu cür müalicəxana nə vaxtsa, bütün dünyada yalnız Rumda-qədim Perqamda mövcud imiş. Hansı fatehsə Perqamla birlikdə müalicəxananı da dağıtmış, xəstə ruhlar məlhəmi mahnılı hücrələr dildə-ağızda nağıl kimi, əfsanə kimi dünyanı dolaşıb, nəhayət, bir də burada, Şamaxının yaxınlığındakı dağ döşündə əmələ gəlmişdi. Təbabət ocağı Məlhəmin şöhrətini dünyaya yayan da əslində həmin bu mahnılı hücrələrdi.
Buraya qəflə-qatırlı, təxt-rəvanlı şah və sultanlarla, hakimlər və sərəsgərlərlə bərabər, var-dövləti başdan aşan tacirlər və sövdəgərlər də gələrdilər; yuxusu ərşə çəkilmiş qocalarla bərabər cavanlar da, mələk, huri timsalında, zər-zibalı gözəllər də gələrdilər. Şəfa tapıb, axırıncı dəfə hücrədən məscidə və məsciddən yaşıl yamaca çıxanda, bir qayda olaraq, özləri ilə gətirdikləri qızıl-gümüşü məscidin qabağında yığışan zəlillərə, dərvişlərə, seyidlərə paylardılar, sonra evbəev gəzib, ömürlərini xəstələrə, təbib və tələbələrə, molla və mollaçalara qulluq etməklə keçirən Məlhəm camaatına ənam paylar, bəzən əyin-başlarının zər-zibasını və hətta paltarlarını da bu evlərdə qoyub, köhnə-köşkül geyinib çıxardılar. Beləliklə, illər keçdikcə təbabət ocağı Məlhəm həm də müqəddəs pir və ibadətgaha çevrilmişdi. Məlhəm camaatı isə tək Şirvanda və ümumən Azərbaycanda deyil, bütün İran və Turanda, Allahın könlünün ən xoş saatında yaratdığı peyğəmbər nəslindən, pak, mömin və xoşbəxt seyidlər nəsli kimi tanınmışdı. Şamaxı müftisi, Şirvan sədrəddini Şeyx Əzəm həmin bu nəslin xoşbəxtlərindəndi.
Gözünü dünyaya açanda, Məlhəmin bir çox seyid övladları kimi, o da hər şeydən əvvəl Quranı əzbərləyib hafiz olmuş, əvvəlcə mədrəsədə molla, sonra haman tək minarəli məsciddə mühəddis olmuşdu. Yaşı əllidən ötənə qədər mehrab qabağında gündə beş dəfə üzünə niqab çəkib, yanına gətirilən xəstələrə şəfa diləmiş və bütün məlhəmlilər kimi, o da öz xoşbəxtliyini şəfa tapanların xoşbəxtliyində görmüşdü. Bu vaxtlar onun mühəddislikdən başqa heç bir rütbə və ya mənsəbi yoxdu. Şamaxıda qiyam günü, Huşəng qətl ediləndə, Kəsranilərin sədrəddini öz müridləri və fars xanədanının pərəstişkarı olan üləma ilə birlikdə Şamaxıdan çıxıb getmiş və o vaxtdan sədrəddin tirməsi Şah məscidində, qara ələm bayraqlarının arasında asılı qalmışdı. Şamaxıdan Məlhəmə gəlib-gedən alimənsəblər danışırdılar ki, orada boynuna sədrəddin tirməsi salınmağa layiq bir adam qalmayıb, din və dövlət işlərindən kənar-guşənişin zahidlər belə, İbrahimi din və Allah yolundan azmış mürtəd, «farsı atıb türkü tutan nadan» adlandırırlar. Odur ki, Qazi Bayəzid, İbrahimə məsləhət görüb ki, sədrəddinliyə namizədi Məlhəm seyidlərinin arasında axtarsın. Belə danışıqlar vaxtı alimənsəblər hamısı ona-Məlhəm seyidlərinin əməlisaleh mühəddisinə baxırdılar. Çünki hamısı onu yaxşı tanıyır və bilirdi ki, bu mühəddis ömründə tək bir dəfə günah işləyib: hədisə və namaza gələ bilməyən xəstələri yoluxarkən, mahnılı hücrələrdən birində ağlayıb boynuna sarılan bir hurini rədd etməyib, sonralar o huri sağalsa da hücrədən çıxa bilməyib, nəhayət, ayın-günün tamamında, öz can köynəyinə bükdüyü çağanı mühəddisin qucağına verib: «Övladımızın adını Şəms qoydum, əsl adını Allah versin»– deyib ölmüşdü. Lakin bu çoxdan olub keçmişdi. Ruhən şəfa tapsa da, günəşli gün görmədən dünyadan gedən o hurinin dəfnindən sonra Məlhəm mühəddisi özü də bir müddət üzündən niqabı götürməyib, niqab altında göz yaşı tökə-tökə saralmış və bununla, hər bir günahı üçün əzab çəkməyə qadir, pak və sadiq bir bəndə olduğunu sübut etmişdi. Odur ki, şamaxılı alimənsəblər onu sədrəddinliyə ən layiqli namizəd hesab edirdilər. Yayın isti günlərində mahnılı hücrələrdə dincəlməyi xoşlayan tacirbaşı Hacı Nemətullah isə onu indidən «Şeyx Əzəm» adlandırırdı. Lakin bu ad mühəddisin durğun üzündə heç bir tərpəniş əmələ gətirmirdi. Camaat onsuz da ona «şeyx» deyirdi və təbabət ocağında mövqeyi onsuz da əzəmi idi: burada şəfa tapan şahlar, sultanlar baş əyirdi ona. Şahzadələr, xatun və məlikələr baş əyib, əlindən, ətəyindən öpürdülər. Təbrizin Şirvandan barama aparan tacirləri, uzaq frəng ellərindən gətirilmiş nadir incilərlə dolu mücrülərini onun mehrabının qabağında qoyub gedirdilər. Bütün bunlar Məlhəm mühəddisini hər hansı bir sədrəddindən qat-qat yüksəyə qaldırmışdı. Onun tək minarəli kiçicik məsciddəki hücrələri və məscidlə yanaşı dağ döşündəki evi isə dünyanın ən zəngin şah və sultanlarının xəzinələrindən də zəngin idi.
İbrahim özü də onu sədrəddinliyə yaxşı namizəd hesab edir və bu vaxt Şamaxıda məscid, mədrəsə və üləma başlı-başına qaldığı üçün, tez-tez Məlhəmə adam göndərib şeyxin ağzını arayır, onun köhnə Kəsrani xanədanı ilə «rəncbər şaha» münasibətini öyrənir və ruhanilərin «rəncbər şaha» münasibətinin, ümumiyyətlə, yaxşı olmadığını bildiyinə görə, rəsmi təklif etmədən, şeyxin özünün dərgaha gələcəyini gözləyirdi. Şeyx isə, şah və sultanların, xatun və məlikələrin ruhunu xarab edən bu qan-qadalı dünyanın işlərinə qarışmaq istəməyib, öz xeyirxah və müqəddəs guşəsindən kənara çıxmaq niyyətində olmadığını bildirirdi. Lakin aramsız çaxnaşmalar zəmanəsi tezliklə onu da öz yuvasından oynatdı.
Günlərin birində seyid qohumları şeyxə xəbər verdilər ki, Cəlairi səltənətinin hökmdarı, Təbriz təxtinin sahibi sultan Əhməd bir dəstə tabeinlə49 Məlhəmə gəlir; hakimiyyət uğrunda öz qardaşları ilə çəkişmələrdə ruhu sarsıldığı üçün burada dincələcək, seyidləri ziyarət edəcək, Şirvanşahla görüşəcək, sonra özünün Əlincə və Naxçıvan təbəələri ilə görüşməyə gedəcək-Sultan Əhməd Cəlairinin Şamaxıya göndərdiyi qasid belə deyib. Tacirbaşı Hacı Nemətullah isə deyir ki, Sultan Əhmədə inanmaq olmaz. O, insanlıqdan xaric, bir torba ət kimi şeydir. Tərpənəndə başdan-ayağa buğum-buğum titrəyir, puçur-puçur tər tökür, baxanda adamın yazığı gəlir, amma əslində mürtəd və nacinsdir, öz əyan-əşrəfinin arvadlarını oğurlatdırır. Təxtə çıxdığı heç bir il deyil, Təbrizdə soydurmadığı, yağmalatdırmadığı bir tacir qalmayıb. Yarandığı gündən bütün karvan yollarının qovuşağı və dünya ticarətinin mərkəzi olan Təbrizə indi bir karvan da yaxın düşmür. Sultan Əhmədin rəsmi tabein libası altında gizlənmiş quldurlarının qorxusundan hamı yolunu dəyişib Ruma gedir. Odur ki, tacirbaşı Hacı Nemətullah da Təbrizdən ayağını kəsib. Hacı əmindir ki, Məlhəmdə dincəlmək, seyidləri ziyarət, İbrahimlə görüş-hamısı bəhanədir, ömrünü ziyafətdə keçirən o ət torbası at belinə qalxıbsa, demək, qəsdi var. Hacı məsləhət görür ki, şeyx başda olmaqla bütün seyidlər xəzinələrini basdırsınlar, özləri də bu xəta sovuşana qədər çəkilib bir yana getsinlər.
Şeyx öz hücrəsində qohumlarına, sonra Hacı Nemətullaha qulaq asdı. Lakin nə qohumlarının həyəcanından narahat oldu, nə də tacirbaşının məsləhətindən. Əllərini hücrənin qaranlıq qübbəsinə tərəf qaldırıb, etiqad və əmniyyətlə: «Xudavəndi-aləmin pənahında olana zaval yoxdur» – dedi. Sonra Şirvan tarixindən söhbət açıb dedi ki, ulu hökmdar Mənüçöhr, Məlhəm pirinin binasını qoydurandan bəri Şirvan torpağına nə qədər basqın olub: xəzərlər və alanlar, tatar, moğul və qıpçaqlar iynədən-sapa yığışdırıb aparıblar; İranın və Azərbaycanın Cəlairilərdən əvvəlki qəsbkarları-Hülakülər səmum kimi əsib, Şirvanı dəfələrlə yağmalayıblar, amma səcdəgahlara, o cümlədən Məlhəmə heç kəs toxunmayıb. Sultan Əhməd Cəlairi, yəni bu qədərmi dinsizdir ki, pir və ibadət- gaha əl uzatsın?!
Şeyx gecəyarıdan ötənə qədər söhbət eləyib, seyidləri arxayınlaşdırdı. Sonra canamazını qoltuğuna vurub dərəyə endi, meşənin qalın yerində, yastı qayalar, mamırlı daşlar arasında qıjıldayan dağ suyunda çimib pak oldu və üzünü qibləyə çevirib, bu yeri-göyü, ayı-ulduzu yaradana yalvardı ki, insanı bəd əməllərdən qorusun; hərislik və qəddarlıq olmasın, vaxtsız ölüm və ayrılıq dərdi olmasın, yer üzündə əmin-amanlıq olsun, ayağımızın altında gəzən qarışqaya da zaval toxunmasın, ilan sürünsün, balası da dalınca… Hər namazdan sonra, Quranı unudub, öz sadə Məlhəm ləhcəsində beləcə yalvarmaq onun köhnə adəti idi. Bu dəfə meşədə yarpaq işıldaşana qədər yalvardı. Axırda haqq dünyada olanlara, o cümlədən, on beş il bundan əvvəl ona günəşüzlü övlad bəxş edib gedən o huriyə də rəhmət oxuyub, nəhayət, canamazını yığışdırdı. Xəstə ruhlar Məlhəmində sübh namazına durmaq üçün hamının onu gözlədiyinə şübhə etmədən, meşədən, çay qıjıltısından uzaqlaşıb, döşə qalxanda isə Məlhəmi viranə gördü.
Müalicəxana ilə karvansaranın və evlərin ara-bərəsi meyitlə dolmuşdu. Tapdanıb yapıxmış yaşıllıqda şırım-şırım qan donmuşdu, ağ cığırlar da qırmızı boyanmışdı. Orda-burda tək-tək seyid və bir neçə ahıl təbib dayanmışdı, lakin bu sağ qalanların da yalnız nəfəsləri gedib-gəlirdi.
Şeyx meyitlərin arasında dolandı, evləri gəzdi, müalicə-xananın, karvansaranın, məscidin hücrələrini gəzdi. Hər yerdə qapı və pəncərələr sındırılıb dağıdılmışdı, hər yer talanmışdı. Öz evinə şeyx lap axırda getdi. Dəmir sandıqlardan xəzinəsi ilə birgə yeganə övladı, günəşüzlü qızı da yoxa çıxmışdı.
O gün, o gecə və sabahısı Məlhəmə dəstə-dəstə, atlı və piyada insan seli axdı. Məscidin arxasındakı döşdə, çoxdan çöküb batmış köhnə qəbirlərin ətrafında böyük qəbiristanlıq əmələ gəldi. Vaxtilə Mənüçöhrün öz dərgahından göndərdiyi təbibin nəslindən olan təbib və əttarların çoxu bu qəbiristanlıqda dəfn edildi. Beləliklə, təbabət ocağı Məlhəmin şöhrətli çağları qurtardı. Məlhəm pirinin şeyxi ilə onun sağ qalan qohumları isə qara geyinib, onlar üçün indi qəm ocağına çevrilmiş ata-baba yurdunu tərk etdilər, yönlərini Araza və Təbrizə tərəf döndərib, gündə bir kənddə, obada, yaylaq və qışlaqda gecələyə-gecələyə, sayıllıq edə-edə, Sultan Əhmədin sorağı ilə yol getməyə başladılar.
Həmin bu vaxtlar Şirvanda, Qarabağda və Naxçıvanda başları mütrüb papaqlı, əlləri batqanlı teymuri dərvişlərin ilk dəstələri görünməyə başlamışdı. Bunlardan bəziləri bu vaxt hələ İranda müharibə edən Əmir Teymurun ordusundan təzə ayrılıb Mavəraünnəhrə və Xarəzmə gedirdilər. Bəziləri isə Mavəraünnəhri və Xarəzmi gəzib, yenə İrana qayıdırdılar. Amma, vətənə gedənlər kimi, qayıdanlar da dərvişliyə təzə başladıqları üçün Azərbaycanda hələ bir o qədər həyasızlıq eləmirdilər; tüstüsü çıxan həyətlərə doluşanda «Dinimiz bir, dilimiz bir»-deyib ərklə qazan ağzı açır və yatmağa yer istəyirdilər, ya da haradansa özləri ilə gətirdikləri mal-davar ətini ocağa töküb, ala-çiy, kül-kömürünü çırpıb, dişlərinə çəkə-çəkə yola düzəlirdilər. Təsadüf Məlhəm şeyxini bu dərvişlərlə rastlaş-dırmış və bir yanda Qızıl Orda hakimi Toxtamış xandan, o biri yanda Cəlairi hökmdarı Sultan Əhməddən xəbər verən bu dərvişlər ona demişdilər ki, Allah-taala əmir Teymuru bütün cahangirlərə qənim yaradıb, ancaq indilikdə Əmir Teymurun Sultan Əhməd Cəlairidən böyük düşməni yoxdur; müqəddəs Məlhəmə basqın edib, Məlhəm şeyxinin qızılını aparandan sonra Sultan Əhməd Qarabağın və Naxçıvanın varlılarını da yağmalayıb, bu tərəflərdən yığdığı xəzinəni Əlincə qalasında gizlədib, oğlu ilə tabeinlərinin bir qismini Əlincədə xəzinəyə keşikçi qoyub Təbrizə qayıdıb, orada hətta öz təbəələrini də yağmalayıb, tacirlərdən başlamış, əsnafa, xırdavatçılara, papaqçı və başmaqçılara qədər, hamının vəzndən yüngül, qiymətdən ağır nəyi varsa yığışdırıb və guya təbəələrinin varidatını Əmir Teymurdan qorumaq niyyəti ilə, hesabagəlməz xəzinə, çoxlu gözəl kəniz və qul-qaravaşla İsfahana qaçıb. Təbrizlilər özləri Əmir Teymurun yanına gedib xahiş ediblər ki, Sultan Əhmədi tutub qətlə çatdırsın və öz varislərindən birini təxtə çıxarıb, Təbrizdə Çingiz xan törəməsi, Hülaku xan nəticəsi Qazan xan Hülakunun səltənətini bərpa etsin. Odur ki, Əmir Teymur indi ordusunu İsfahanın dövrəsinə yığıb şəhəri mühasirə edib, Sultan Əhmədin təslim olmasını gözləyir. Əmir Teymurun çoxlu daşatan, qayaatan mancanağı var. Heç bir daş-divar tab gətirməz o mancanaqların qabağında. Ancaq deyirlər İsfahan gözəl şəhərdir, Əmir Teymur isə insaflı və ədalətlidir. Başı üzərində peyğəmbərin cənnət rəmzi yaşıl bayrağını gəzdirir, əlində islamın həq qılıncını, həq yolundan azanlara, dinsizlərə, nacinslərə divan tutur, zülm və zillət çəkmiş Məhəmməd hümmətini qanadının altına yığıb pənahında saxlayır, seyidlərə, dərvişlərə bol-bol ənam paylayıb, dünya malından qane edir. Məlhəm şeyxinin dərdinin əlacı da Əmir Teymurdadır.
Bu xəbərlər şeyxi hay-küylü dərviş dəstələrinə qoşub o ilin yayında Arazdan keçirdi, çayları, bulaqları şor dadan dağlardan aşırıb Azərbaycanın günbatanına, sonra da fars məkanı İsfahana doğru apardı.
Dərvişlər yalnız qaranlıq qarışanda dayanır, ikibir- üçbir, hara gəldi döşənişib, kürək-kürəyə verir, bir də işıqlaşanda «Yahu», «Yahu» qışqırtıları ilə yola düzəlib gedir, nicat ümidi ilə onlarla ayaqlaşmağa çalışan Məlhəm şeyxi ilə onun bərkə-boşa düşməmiş seyidlərini də çəkib aparırdılar. Bu dərvişlərin nə Şirvandakı əlləri qavallı, qolları kəşküllü abdal dərvişlərə bənzəri vardı, nə də Rumdan gələn, qoltuqları dümbələkli, dilləri münacatlı mövləvi dərvişlərə. Kəşkül əvəzində cır-cındırlarının arasında quyu kimi dərin torba gəzdirirdilər. Heç bir təriqətə mənsub deyildilər. İmamlardan və imamzadələrdən xəbərləri yoxdu. Əməlli-başlı bir surə, ayə və namaz da bilmirdilər. Şeyx hər addımda duyurdu ki, bunların dini, Allahı və peyğəmbəri də Əmir Teymurdur. Dünyanı başına götürən qışqırtı-bağırtıları ilə bərabər, əllərindəki ölüm silahı batqan və bellərində kəmənd ucundan sallanan qurğuşun da Məlhəm şeyxinin etiqadına yad gücdən xəbər verirdi.
Lakin şeyx hələ bilmirdi ki, onda nicat ümidi oyadan da əslində elə bu güc idi. Məlhəmdən çıxanda o, özü ilə namazdan başqa heç nə götürməmişdi, gündə beş dəfə açıb yerə sərdiyi bu canamazdan, Məlhəm məscidinin qaranlıq hücrəsində, atasının dizi dibində böyümüş övladının ağ mərmər üzü ilə qara ceyran gözlərindən başqa heç nə görmür və hər surənin axırında onun yalvarışlarını təkrar edən seyidlərin pıçıltılarından başqa heç nə eşitmirdi. Şeyx hələ dərk etmirdi ki, canamazı açıb surə başlayanda da, bir olan xilaskara yalvaranda da, nicatı yalnız bu dərvişlərin pərəstiş etdikləri güc və qüdrətdə görürdü. Odur ki, qatar-qatar alçaq dağlar arasında, geniş dərədə son dəfə dincələn dərvişlərdən İsfahana az qaldığını, bu dərə ilə gedib tezliklə Əmir Teymurun dərgahına yetişəcəyini biləndən sonra şeyx, daha qurşağın altından çıxartmadığı canamazı ilə birgə dua-sənasını və bir olan xilaskara yalvarışlarını da unutdu.
O günü dərvişlər onu qıçını qatlamağa qoymadılar. Əmir Teymurun düşərgəsində qurban bayramına çatmaq üçün bəzən hətta yüyürüb, şeyxlə seyidləri də yanlarınca sürüklədilər.
Nəhayət, nəfəsini dərib, dünyaya baxanda şeyx əvvəlcə ağ atlı, şiş dəbilqəli, dəmir geyimli adamlar gördü, – bunlar Əmir Teymurun qarovul qoşunları idi, İsfahanın dövrəsində gecə-gündüz keşik çəkirdilər. Sonra hündür qala divarları və divarlardan bəridə, yaşıllıqda taxta qanadlarını sallayıb yatan nəhəng kəpənəklər gördü, – dərvişlər dedilər, bunlar Əmir Teymurun haman daşatan mancanaqlarıdır. Sonra göyün üzünü tutub yağış buludu kimi qarın sallamış qatı tüstü gördü, tüstünün altında, düzəngahda təsbeh dənələritək sıx-sıx, həlqə-həlqə düzülmüş saysız-hesabsız çadır, saysız- hesabsız ocaq və ətürpədən insan qaynaşması gördü. Mal və buğa böyürtüləri, at kişnərtisi, dəvə nəriltisi, qoyun-quzu mələşməsi ilə uğuldayan, tüstü, kabab, qovurma və tər qoxuyan bu qaynaşma, üzgün və halsız şeyxi içərisinə alıb yedirib-içirtdi, danışdırıb, Şirvandan Əmir Teymuru deyib gəlməyinin səbəbini öyrəndi, ipək diyarı Şirvan haqqında, İbrahimin xasiyyəti, şahlığı və ordusu haqqında çoxlu sual verdi. Şeyx, gah bu, gah o biri ocağın qırağında, gah bu, gah o biri çadırda, dadını-duzunu bilmədiyi bayrampayı yeyə-yeyə, ömründə birinci dəfə ürəyini bulandırsa da, imtina etmədiyi ağ südü içə-içə, onu danışdıranların hamısına eyni məmnuniyyətlə cavab verib, bildiklərini söyləyirdi və hamının ayağına döşənib: «Məni hökmdarın yanına aparın, Əmir Teymura iltimasımı özüm deyim. Dünya malında gözüm yoxdur. Bircə balamı qaytarsın», – deyirdi.
Nəhayət, onu düşərgənin harasında isə, nisbətən seyrəklik və yaşıllıq bir yerə apardılar. Şeyx, papaqlarında tovuz lələkləri, bellərində qaş-daşlı kəmər, qılınc və qəmələri parıldayan böyük əmirlər gördü. Sonra böyük ağ çadır və çadırın üstündə peyğəmbərin gümüşü ayparalı yaşıl bayrağını görüb salavat çevirdi.
Çadır tərəfdən ona doğru qolları çirməkli qara qullar yüyürüşdü. Qullardan birinin əlində tiyəsi parıldayan əyri qəmə, o birisinin əlində ləyən vardı.
Şeyx qorxub özünü itirdi. Lakin qullar ona çatanda böyük əmirlər də yaxın gəldilər və şeyxin üstünə göyçək bir quzu atdılar. «İndi ki, pirdən gəlibsən, al kəs bu quzunu. İsfahanı bu quzu basacaq», – deyib gülüşdülər.
Şeyx bir quzuya, bir qəməni onun ovcuna basan qulağı sırğalı qula, bir də qabağındakı qızıl ləyənə baxdı, deyilənlərdən heç nə anlamasa da, quzunu üzü qibləyə yıxdı, «Bismillah» – deyib qəməni çəkdi.
Qullar qanın bir damlasını da yerə düşməyə qoymayıb, buğlana-buğlana, qızğın-qızğın, əlüstü qızıl cama boşaldıb apardılar, əmirlər də yenə nə isə deyib gülə-gülə onların ardınca ağ çadıra getdilər. Nə o günü Əmir Teymur ağ at belində, əmirlərinin, varislərinin müşayiəti ilə İsfahana daxil olanda, nə də sonralar, oğulları Miranşah, Şahrux və Ömər Mirzədən, nəvələrindən və əmirlərindən, bir də yürüşlərdə hökmdarın yanınca gəzib onun zəfərlərinin tarixini yazan salnaməçi Şamidən başqa bir kimsə bilmirdi ki, Əmir Teymur, Məlhəm şeyxinin kəsdiyi quzunun qanını içdikdən sonra yatağa uzanıb, Sultan Əhməd Cəlairinin səhərdən danışığa gəlib elçi çadırında gözləyən vəzirini çağırtdırmış və vəzirin gözü qaba-ğında bir ləyən qan qusub, sonra demişdi: «Görürsənki, ölürəm, müharibəlik halım yoxdur. Altı aydır oturmuşam burda. Ordu xəzinəmi yeyib qurtarıb. Əsgərlərə aylıq verməyə bir dinarım da qalmayıb. Sultan Əhmədə de xərcimi versin, çıxıb gedirəm, meyitimi Səmərqəndə çatdırıb öz torpağımda basdırsınlar».
Sevincindən özünü itirmiş vəzir, çadırdan çıxanda ata minməyi belə unudub, şəhərə yüyürmüş, iqamətgahında onu gözləyən Sultan Əhmədə: «Ölür! Öz gözümlə gördüm, bir ləyən qan qusdu! Can üstədi! Keçinir!» – dedikdə Sultan Əhməd də sevincindən ağlını itirib, ömründə bir dəfə də ordu qabağında döyüşə getmədiyi halda, bu dəfə özü darvazaları açmağı əmr edib şəhərdən çıxmış və başdan-ayağa qızıl içində parıldayan Səmərqənd əmirini öz qırmızı süvarisinin səfləri arasında, at belində sağ-salamat gördükdə, dəhşətdən titrəyib, kiçik bir dəstə ilə canını götürüb qaçmışdı. Beləliklə, altı ay ərzində Əmir Teymurun ən zorba daşatan mancanaqlarının da kar etmədiyi qalın, hündür, üçqatar qala divarlarının darvazalarının hamısı açıq qalmış və qırmızı süvari, müdafiə ümidi ilə geri cuman cəlairilərin ardınca şəhərə dolmağa başlamışdı. Bu vaxt Məlhəm şeyxi hələ də ağ çadırın qabağında, axşamın sərt ayazından donmuş quzunun yanında idi.
Böyük əmirlər, nəfəsləri buğ püskürən, tərli, köpüklü atlarını onun böyür-başında fırlatdılar, şaqqıltılı qəhqəhələrlə «Quzu İsfahanı basdı!» – dedilər, onun və quzunun üstünə qızıl səpələyib getdilər.
Şeyx isə nə quzuya toxunurdu, nə də ayağı altında parıldaşan qızıllara. Birdən-birə yer titrəyəndə və ordu şəhərə dolmağa başlayanda şeyxin gözlərindən yaş açılmışdı. Ərzaq qoşunlarının əsgərləri və düşərgədə hələ də sür-sümük gəmirib doymaq bilməyən əlləri batqanlı dərvişlər qızılı yığışdırıb torbalarına dolduranda, şeyx bunu da görmürdü, gah hündür divarlar arxasında, rənginə günəşdən sarılıq çökmüş uca minarələrə, gah da sağ-solundan gəlib keçən, tükənmək bilməyən ordu selinə baxa-baxa, hönkürə-hönkürə şəhərə doğru gedirdi. Ömründə o, tək bir dəfə, Məlhəmin mahnılı hücrələrindən birində, can köynəyinə bükdüyü körpəni onun qucağına verib keçinən o hurinin yanında belə ağlamışdı, bir də indi. Məlhəmə haradan gəldiyini, kim olduğunu, hətta adını da bilmədiyi o hurinin yadigarının xilasına az qaldığını düşünəndə gözlərindən yaş açılıb, ağsümük yanaqları uzunu, daşdan sızan bulaq suyu kimi tökülürdü. Məlhəm müsibəti onun yaddaşında ömürlük həkk olunmuşdu, dərədə namaza durmağa yollananda sağ-salamat qoyub getdiyi, qayıdanda isə hamısını qan içində döşəli gördüyü qohumlarının, təbiblərin, tələbələrin meyitləri, ata-baba yurdunun o səhərki görkəmi, müalicəxana ilə evlər və evlərlə məscid arasındakı ağ cığırlarda qırmızı gölməçələrə qədər gözündən getmirdi. Bununla belə, o, müharibənin nə olduğunu bilmirdi. Şeyxə elə gəlirdi ki, Məlhəm pirinin möminini hörmət-izzətlə qarşılayıb ocaqdan- ocağa, çadırdan-çadıra gəzdirə-gəzdirə, israrla bayram payı yedirən bu müsəlmanlar, onun üstünə ovuc-ovuc qızıl səpələyib, peyğəmbərin bayrağı altında həmləyə gedən bu dəmir geyimli bahadırlar, onun dünya malına həris və nacins sultan əlində əzab çəkmiş həsrətli övladını dərhal xilas edib əl üstə gətirəcəklər. «Al, bu da sənin Günəşin, ya şeyx! – deyəcəklər. Bu ümidlə də minarələrdən gözünü çəkmədən, Əmir Teymurun xilaskar ordusunu və öz balasını ovsunlaya-ovsunlaya, yanaqları uzunu yaş axıda-axıda gedirdi.
Bir az sonra ordunun içinə düşdüyünü hiss edəndə belə, dayanmadı. Ayağının altında yer daha bərk titrəyirdi, ətrafında gurultu artdıqca toz dumanı da qatılaşırdı və bu dumanda səssiz-səmirsiz kölgə kimi gəlib-keçən atlı qaraltılardan başqa heç nə görünmürdü. Sonra şeyx yalnız dəmir şaqqıltıları eşitdi və qığılcım yağışı gördü.
Sonra qaynar sudan çıxmış kimi buğlanan at sağrısı gördü və sinəsində sümüklərinin xırçıltısını eşitdi. Bundan sonra daha heç nə görmədi və heç nə eşitmədi.
O axşam və o gecə İsfahanın baş darvazası ilə teymurilərin düşərgəsi arasındakı düzəngahda, seyrək təpələr belində böyük-böyük tonqallar yanırdı. İsfahan əhalisi ana qucağında südəmərlərdən başlamış, başı gora titrəyən qocalara və qorxudan ağrı çəkən boylu zənənlərə qədər at döşündə bu tonqalların işığına gətirilmişdi. Din və Allah yolundan azmış sultanı altı ay himayə etdiklərinə görə və İsfahana peyğəmbərin həq bayrağı ilə gələn orduya tələfat verdiklərinə görə, bu qurban bayramı günü isfahanlılar Əmir Teymurun hər əsgərinə bir qurban verməli idilər və bu qurbanların hamısı əli qılınc tuta bilən kişi olmalı idi. Lakin İsfahanda Əmir Teymurun əsgərlərinin sayı qədər kişi yoxdu. Təpələrdən birinin belində, məşəllər arasında təxtdə oturmuş hökmdara hərənin bir baş aparmalı olduğunu, kim aparmasa öz başının kəsiləcəyini biləndə qırmızı süvari dərhal camaatın arasına doluşmuş və bir azdan orda bir nəfər də kişi qalmamışdı. Odur ki, qalan əsgərlər yeniyetmələri və on-on iki yaşında oğlan uşaqlarını da nizə qabağında camaatdan ayırıb, diz çökdürüb boyunlarını vurmuşdular. Əllərinə yeniyetmə və uşaq keçməyən axırıncı əsgərlər isə zənənlərin başlarını qırxıb, kişi başı əvəzində təhvil vermişdilər.
Səhər açılanda, belində tonqal tüstülənən təpələrin arasında, İsfahanın qala divarları hündürlüyündə ən uca bir təpə əmələ gəlmişdi. Bütün bunları Məlhəm seyidləri öz gözləri ilə görmüşdülər. Şeyxin isə gözləri yumulu idi.
Seyidlər yüz yumurtanın çirişini qayırıb onun sinəsinə, kürəyinə və çiyinlərinə yaxdılar. Sarığın üstündən taxta çilikləri düzüb bir də sarıdılar. Çiyinlərində ölü kimi aparıb, ərzaq qoşunlarının düzənliyə səpələnmiş at arabalarından birinə qoydular və ertəsi günü, qaravul qoşunlarının ardınca ordu düşərgədən çıxanda onlar da yola düşdülər.
Təkatlı, ikitəkərli hündür və yüngül araba şeyxi Əmir Teymurun ordusu ilə birgə bütün qışı İranda dolandırdı, dörd ay sonra, günəşli bir yaz günü aparıb Təbrizin Qazan xan zamanından qalmış, müdafiə üçün yararsız qala divarlarının yaxınlığına çıxartdı.
Sultan Əhməd yenə qaçıb, bu dəfə Əlincəyə pənah aparmışdı. Əmir Teymur isə artıq şəhərdə idi. Şeyxin arabası dayananda divarların arxasından buruq-buruq toz qalxırdı. Orda evləri uçurub daşını qala divarlarının dibinə daşıyırdılar. Sultan Əhmədin qol-qıçları kəməndlə sarıqlı tabeinlərini, onların arvad-uşaqlarını, qohumlarını xərəklərə atıb, daş, gil və palçıqla birgə yuxarı qaldırıb, diri-diri divarlara hörürdülər. Divarlar bircə gündə bir adam boyu hündürləşdi.
Axşamüstü əlləri ləyənli, malakeşli, başaçıq, ayaqyalın əsnafı şəhərdən çıxarıb, qova-qova haraya isə apardılar. Divarların üstündə tabeinlərlə arvad-uşaqlarının, qohumlarının başları qaralırdı. Diri ikən dəfn edilmiş bədbəxtlər hələ də nəfəs alıb yaşayırdılar. Məlhəm şeyxləri ana dilində Əmir Teymura lənət deyirdilər. Allaha, peyğəmbərə yalvarır, «Gəl, ey sahibəzzaman!» – deyib, Həzrət Mehdini köməyə çağırırdılar.
Qaranlıq qarışdı, gecəyarı oldu, lakin səslər kəsilmədi. Daşların dili şeyxin ətini ürpədirdi. İsfahan qırğını barədə seyidlərin yol uzunu, arabada danışdıqlarına qulaq asıb, övladını görməyə ümidini itirəndən sonra, şeyxin taxta çilikləri altında sıxılmış sinəsində insana nifrətdən, dilində insana lənətdən başqa heç nə yoxdu. Haqqında tək bir dəfə tacirbaşı Hacı Nemətullahdan eşitdiyi o murdar ət torbasına nifrəti isə elə idi ki, onun tabeinləri gözünün qabağında qılıncdan keçirilsəydi, şeyx bu qırğından hətta sevinərdi də. Bununla belə, Təbrizin divarları üstündəki cəhənnəmdə insanın əzabına dözmədi. Hətta öz müsibətini və bu müsibətin törənməsində tabeinlərin günahını da unudub, bütün gecəni o cəhənnəmin iniltilərinə qulaq asdı.
Səhərisi ölü başların hədəqədən çıxmış gözləri ilə şeyxin gözlərinin fərqi çox az idi. İndi o özü də Əmir Teymura lənət oxumağa hazır idi. Lakin bu vaxt seyidlər şəhərdən gəlib Şəmsin tapıldığını xəbər verdilər və şeyx, taxta çilikləri arasında sıxılmış dar dünyasında necə heyrətli bir dəyişiklik əmələ gəldiyini bilmədən, özünü arabadan yerə atdı.
Seyidlər onun qoluna girib apardılar.
Dörd ayda birinci dəfə idi ki, şeyxin ayağı yerə dəyirdi. Ağsümük üzü daha da avazıyıb göyümtül çalırdı. Qan çəkmiş gözlərinin rəngi də dəyişib, boz-bulanıq kor gözlərinə oxşayırdı. Şəhərin girəcəyində, tərifini hələ Məlhəmdə eşitdiyi məscidləri və uçurulub dağıdılmış evlərin xərabəliklərini də, qapıları taybatay açıq, ləmələri boş dükanları və bu dükanların cərgələrindən o yanda, örtülü bazar meydanında seyidlərin yara-yara keçdikləri izdihamı da görmədi. Sultan Əhmədin kənizləri arasında Şəmsi isə dərhal gördü.
Şeyx sonralar bildi ki, o, tək deyilmiş: Şirvandan, Qarabağdan, Naxçıvandan yağmalanmış varidatının, oğurlanmış qızının, arvadının, bacısının ardınca düşüb, Əmir Teymura pənah gətirənlərin sayı-hesabı yox imiş, Sultan Əhməd, Əmir Teymurun Təbrizə yaxınlaşdığını eşidib, gecə ikən qaçmağa hazırlaşanda, kənizlərinin üst-başlarında az-çox qiymətli nə varsa, hamısını çıxartdırmış və tək bir kəbinli arvadından başqa, bütün hərəmxananı atıb getmişdi. Hərəmxana əvvəlcə, Əmir Teymurla dil tapmaq ümidi ilə burada qalan əyanların, sonra da teymurilərin şəhərə girən ilk dəstələrinin əlinə düşmüş, nəticədə kənizlərdən bəzilərinin saraydan meyitləri çıxarılmışdı. Əmir Teymurun əmri ilə əsl sahiblərinə qaytarılmaq üçün meydana gətirilənlər isə diri ikən ölü kimi döşəli qalmışdılar. Örpək və paltar əvəzində əyin-başlarında cırıq-cırıq ipək parıldayan, bədənlərinin açıq yerlərini örtməyə belə səy göstərməyən bu gözəl kənizlər dəstəsinin tapdanıb zay edilmiş, dirçəlməyinə ümid olmayan bir çiçəkliyə bənzəri vardı. Meydanın ətrafına toplaşmış atalar, ərlər, qardaşlar, bu məhv olmuş çiçəkliyə baxdıqca, kimi açıq-açığına hönkürüb ağlayırdı, kimi də göz yaşını içərisinə, ürəyinin özəyinə axıdırdı. Amma kənizlərə yaxın gedən yoxdu. Bədbəxt müsəlmanlar, aylarla axtarıb, nəhayət, gördükləri əzizlərinə murdar ətə baxan kimi baxırdılar. Təkcə Məlhəm şeyxi, qızının ağ mərmər üzünü görən kimi seyidlərin əlindən çıxıb yerə yıxıldı, dörd əlayağı üstündə, iməkləyə-iməkləyə, «Bircə balam, Şəmsim, qibləgahım, səcdəgahım!»-deyə-deyə, taqətsizlikdən titrəyə-titrəyə gedib özünü qızının üstünə saldı.
Seyidlər yaxınlaşanda ata-bala, ikisi də yerdə, toz-torpaq içində bir-birinə sarılmışdı.
Seyidlər onları bir-birindən ayırmayıb, ikisini də birgə qaldırdılar.
Allah-taala öz istəkli bəndələrinə əzab verib, sınaqdan keçirib, sədaqətlərinə əmin olduqdan sonra murada çatdırmışdı. Seyidlər bu fikirdə idilər, odur ki, Allahın bu istəkli bəndələrini buradan birbaş məscidə aparmaq istəyirdilər. Şeyxin isə indi Əmir Teymuru görməkdən, başı üzərində peyğəmbərin bayrağını, əlində islamın qılıncını gəzdirən xilaskara səcdə etməkdən böyük arzusu yoxdu. Lakin Əmir Teymur artıq Təbrizdə deyildi. Onun o ili Ərməni, Qaxeti də fəth edib, hər yerdə dinsizlərə divan tuta-tuta Kür aşağı gəlib Qarabağda qışlamaq üçün düşərgə saldığını və orada İbrahimlə müqavilə bağladığını Şeyx, Məlhəmdə eşitdi. Bu vaxt Şirvandan Qarabağa yeni-yeni əlləri batqanlı dərviş dəstələri keçib-gedirdi. Şeyx yenə də dərvşilərə qoşulub Əmir Teymurun səcdəsinə getmək niyyətində idi. Lakin anadan olduğu mahnılı hücrədə müalicə edilən Şəmsin göz yaşına dözməyib, səfər fikrindən daşındı və Qarabağ əvəzində Şamaxıya gedib, Əmir Teymur əvəzində onun oğlunun, Şirvan bahadırları kimi sarı tumac çəkmə geyinmiş Şirvan valisi vəliəhd Miranşahın çəkmələrindən və qılıncından öpdü. Oradan çıxanda isə artıq boynu tirməli Şeyx Əzəm kimi, şah məscidinin minbərinə qalxıb ilk moizəsini oxudu. «İnsan həq yolundan azıb, həris, nacins və murdar olub. İsfahanda, Təbrizdə qırğınlar Allah-taalanın öz buyruğudur və Əmir Teymurun əməli həq əməlidir» – dedi.