Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 3

Yazı tipi:

«Qamətindən münfəildir sayeyi-sərvi-bülənd…»

 
Qamətindən münfəildir sayeyi-sərvi-bülənd,
Həsrətindən ərərü şümşad olubdur dərdmənd.
 
 
Arizin bağında zülfin tarinə bənd eyləgil,
İstər isən naleyi-bülbüldən olmaq bəhrəmənd.
 
 
Sərbəsər bir tareyi-muyin bəhasıdır sənin
Mülki-Təbrizü Cəğatayü Xorasanü Xocənd.
 
 
Ta ki, gəldi, ey sənəm, eşqin xəyalı başimə,
Dünyəvü üqba qəmindən keçdimü oldum ləvənd.
 
 
Canımı eşqinə təslim eylədim ixlas ilə,
Ol pəri peykər məni, yarəb, nədən qılmaz pəsənd?
 
 
Dər biyabani-təhəyyür qalmışam bixürdü xab,
Valehi sərgəştəvü heyranü zarü müstəmənd.
 
 
Bu Xətayi ləblərin eşqində gər ah eyləyə,
Ahinin suzindən olur xak ol kuhi-Səhənd.
 

«Ta ki, dərdindən olubdur yürəgim səd parələr…»

 
Ta ki, dərdindən olubdur yürəgim səd parələr,
Tiği-eşqin yürəgimni səd hezaran parələr.
 
 
Ay yüzündən ayru gördüm dideyi-bixabimi,
Gög yüzində uymaz oldu hər gecə səyyarələr.
 
 
Zahida, sən fariğ ol, ahimdən ikrah eyləmə,
Kim, mənim bağrımda çoxdur ğəmzələrdən yarələr.
 
 
Yaralı bağrım qanın tökdü gözümdən dəmbədəm,
Gör nələr qıldı mana şol nərgisi-xunxarələr.
 
 
Çıxmiyə miskin Xətayi könlü zülfindən, nola,
İşi seyr olur anın hər xanda var səyyarələr.
 

«Həsrətin dərdindən, ey can, bağrım oldu parələr…»

 
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,
Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
 
 
Yandırub hicran odu könlümü verdi badə gör,
Dutdu əflaki-cəhani geydi gög də qarələr.
 
 
Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim,
Çarə yox, naçar olubdur, neyləsin biçarələr.
 
 
Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş,
Hicrin etdi mən qəribi üştə gör avarələr.
 
 
Öldü dərdindən Xətayi, bir qədəm rəncidə qıl,
Qəbrinə basgil, eşitgil səd hezaran nalələr.
 

«Ol pəri peykər ki, çeşmimdən nihan olmuşdurur…»

 
Ol pəri peykər ki, çeşmimdən nihan olmuşdurur,
Baqi ömrüm olsun ol, cismimdə can olmuşdurur.
 
 
Yarəb, ol gözlər nə bağın nərgisi-şəhlasıdır?
Kim, qəmindən cismü canım natəvan olmuşdurur.
 
 
Eylə kim, bülbül yeri gülşəndir, ey gül yüzlü yar,
Könlümə kuyin məqami gülsitan olmuşdurur.
 
 
Anca çəkdim möhnəti-hicrin qəmin, ey bivəfa,
Cövri-eşqindən vücudim natəvan olmuşdurur.
 
 
Ta Xətayi gördü ol hüsnü cəmalın, ey günəş,
Gör necə aləm dilində dastan olmuşdurur.
 

«Könlümü alan mənim ol dilruba yarımdurur…»

 
Könlümü alan mənim ol dilruba yarımdurur,
Gərçi könlümi alur əmma ki, qəmxarımdurur.
 
 
Necə kim, cövrü cəfa qılsan bu mən dilxəstəyə,
Eyləmən andan şikayət kim, vəfadarımdurur.
 
 
Gecələrdə uyxu gəlməz gözümə, qan ağlaram,
Gögdəki kövkəb degil, şol çeşmi-bidarımdurur.
 
 
Tanrı içün yola gəlsən, bir qədəm ahəstə bas,
Ayağın altında topraq cismi-bimarımdurur.
 
 
Bu Xətayi afitabə eylədi gögdə nəzər,
Yar aydır kim, ana bax, əksi-rüxsarımdurur.
 

«Dilbəra, səncələyin, billah ki, yarım yoxdurur…»

 
Dilbəra, səncələyin, billah ki, yarım yoxdurur,
Bir saat sənsiz mənim səbrü qərarım yoxdurur.
 
 
Düşmüşəm eşqin qəminə, yet mənim fəryadimə,
Səndən özgə hiç kimsə qəmgüsarım yoxdurur.
 
 
Arılıq, billah, sevərmən mən səni, ey dilrüba,
Ta təmami sevmişəm, busü kənarım yoxdurur.
 
 
Gər məni öldürsələr, sən eylə bilgil, ey nigar,
Bu məhəbbət ətəgin əldən qoyarım yoxdurur.
 
 
Aqil aydır: – Ey Xətayi, ixtiyar əldən qoma,
Aşiqəm bir dərd əlində, ixtiyarım yoxdurur.
 

«Bu məşrəbə bir səfayi-candır…»

 
Bu məşrəbə bir səfayi-candır,
Qərrabə dibi ana məkandır.
 
 
İçi doludur əz abi-heyvan,
Aləmdə nişanı binişandır.
 
 
Can dövlətini bilür təmamət,
Sən sanma ani ki, bizəbandır.
 
 
Dövri-yüzinin çü məh təmamət
Sərpuş çü şəkli-asimandır.
 
 
Vəsfində onun Xətayi heyran,
Gər sənət isə budur hamandır.
 

«Bu tübşi kim, yeri dər ziri-padır…»

 
Bu tübşi kim, yeri dər ziri-padır,
Fələklər çərxi anə pəhnümadır.
 
 
Həmişə xakə sanmışdır özüni
Anınçün gözlər içrə tutiyadır.
 
 
Müdəvvərdir, müsəvvərdir, münəvvər,
Yer üstə sureyi-şəmsüz-zühadır.
 
 
Anın miratinə bax, həqqi gör kim,
Kim, ol aineyi-geytinümadır.
 
 
Yüzi ol şəms imiş bəzm əhli içrə,
Təala şanəhü, əhli-liqadır.
 
 
Anınçün olmuş anın şərbəti pak
Ki, heyvan suyilən yüz tən nəvadır.
 
 
Xətayi, şükr qıl həq qüdrətinə
Ki, həqqin bilməyən əhli-xətadır.
 

«Bu şahi-pürkərəm sahib nəzərdir…»

 
Bu şahi-pürkərəm sahib nəzərdir,
Vilayətdir, yəqin nuri-bəsərdir.
 
 
Quşanə ğazilər seyfü silahi,
Münafiq canına xövfü xətərdir.
 
 
Yəzidin ləşkəri yüz min olursa,
Vilayət ləşkərindən bir yetərdir.
 
 
Münafiq ləşkəri bir ğazi görsə,
Qoyun ki, qurd toxur, andan betərdir.
 
 
İşarət qılduğunca bir nəzər şah,
Önündə Şümrü Mərvan dərdədərdir.
 
 
Nişani ol günəş tələtli şahın
Başında tacü belində kəmərdir.
 
 
Olar kim, cəhli-təndir sirri-qüdrət,
Ani arif bilür incə xəbərdir.
 
 
Cahangir ğazilər meydanə girsə,
Xəvariclər ayağda payi-sərdir.
 
 
Çü rəhmət yağmuru irdi zəminə
Ki, hər bir ğazinin yüz nami vərdir.
 
 
Yəzidə zəxmi-seyfü tirü xəncər
Başından getməsin tiğü təbərdir.
 
 
Əli bəhri-həqiqətdir, yəqin bil
Həyati-cavidani mötəbərdir.
 
 
Vilayət bəhrinə yol bulmuyanlar
Gözü əmavü əhməq, bixəbərdir.
 
 
Nəfəs gövhərdir ani bir bilənlər,
Sözin bir söyləyənlər gerçək ərdir.
 
 
Qızıl ələm, qızıl bayraq, qızıl tac
Geyinsə qazilər, ol gün həzərdir.
 
 
Xətayi, şah yolunda can fədadır,
Çe cayi-mülkü malü simü zərdir.
 

«Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar…»

 
Xar oldu yürəgim hicrində, ey gül yüzlü yar,
Yar bağrım arasın, gör kim, necə xar anda var.
 
 
Varma yanımdan mənim, ey hicri-dilsuzani-dust,
Dust-düşmən xamusi ağlar mənimçün zar-zar.
 
 
Zar-zar ağlar çü bülbül gül yüzünçün mürği-can
Candan etmişdir məni cövr ilə dövri-ruzigar.
 
 
Ruzigarım tirədir sənsiz, əya arami-dil,
Dil neçük aram dutsun, həddən ötdü intizar.
 
 
İntizarəm vədeyi-vəslin yolunda hər zaman,
Hər zaman divanə tək dağlara düşdüm biqərar.
 
 
Biqərar oldum saçın tək rüxlərindən ayru mən,
Mən neçük aram edim sənsiz ki, oldum dilfikar.
 
 
Dilfikar oldu Xətayi firqətindən ruzü şəb,
Ruzü şəb vəslin xəyalı canda qaldı yadigar.
 

«Əzəldən şah bizim sultanımızdır…»

 
Əzəldən şah bizim sultanımızdır,
Pirimiz, mürşidimiz, xanımızdır.
 
 
Şaha qurban gətirdik biz bu canı,
Şahın sözü bizim imanımızdır.
 
 
Həsudə yoxdurur, yalansıya mərg
Ki, gerçək söhbəti bürhanımızdır.
 
 
Şahı hər deyibən girdik bu yola,
Hüseyniyüz, bu gün dövranımızdır.
 
 
Biz imam qullariyüz sadiqanə,
Şəhidlik, qazilik nişanımızdır.
 
 
Yolumuz incədir, incədən-incə
Bu yolda baş verək, ərkanımızdır.
 
 
Xətayiyəm, məvali, sirri-Heydər,
Şahı həq bilmiyən düşmanımızdır.
 

«Cana, qəmində gözlərimə su gəlir-gedir…»

 
Cana, qəmində gözlərimə su gəlir-gedir,
Seyl oldu, daşdı, şimdi behər su gəlir-gedir.
 
 
Vəsl olmaz isə yüzünü görmək mana müdam,
Kuyindən, ey sənəm, mana bir bu gəlir-gedir.
 
 
Bixab qaldı kövkəbə nisbət bu gözlərim,
Hər gecə özgə gözlərə uyxu gəlir-gedir.
 
 
Ta görmədi gözüm səni, ey sərv boylu yar,
Sənsiz həmişə gözlərimə cu gəlir-gedir.
 
 
Miskin Xətayi görmədi çeşmin kimi sənin,
Səhra içində munca ki, ahu gəlir-gedir.
 

«Vücudini bu könlüm can demişdir…»

 
Vücudini bu könlüm can demişdir,
Ləbini ləl ilə mərcan demişdir.
 
 
Saçın rəngin şəbi-qədr oxuyanlar
Yüzün nurin məhi-taban demişdir.
 
 
Bu könlüm eşqini, ey qəmgüsarım,
Vücudim şəhrinə sultan demişdir.
 
 
İki gözüm yaşı hər dəm yüzimə
Birin Nilü, birin Ümman demişdir.
 
 
Əyağın tozinə, ey nuri-rəhman,
Xətayi canını qurban demişdir.
 

«Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür…»

 
Hər zaman kim, qarşuma ol dilbəri-məhru gəlür,
Canıma bir od düşür, bu dilimə yahu gəlür.
 
 
Sinəmi qarşu dutaram kuyinə ol dilbərin,
Sağınuram dəmbədəm Veysi-Qərəndən bu gəlür.
 
 
Həsrətindən dilbərin düşdüm Sərəndib kuhinə,
Aşiqi-dilxəstəni hər dəm sorur ahu gəlür.
 
 
Canımı qurban qılardım yoluna ol dilbərin
Ol zəmandan kim, deyərlər ol büti-məhru gəlür.
 
 
Ey Xətayi, sən vücudin cuyini pak eyləgil,
Çünki pak olsa ana sərçeşmədən bir su gəlür.
 

«Rüxlərin müshəf, nigara, qaşların mehrablər…»

 
Rüxlərin müshəf, nigara, qaşların mehrablər,
Baxdım, ol yüzdən mana fəth oldu yüz min bablər.
 
 
Zərrə ikən gün təki aləmdə məşhur olmuşam,
Ta mana düşdi sənin mehri-rüxündən tablər.
 
 
Gər sənin yüzün degil aşiqlər içün qibləgah,
Bəs nədən oldu hilali qaşların mehrablər?
 
 
Ta sənin zülfü rüxüni görmişəm hər sübhü şam,
Gecə-gündüz giryədən gəlməz gözümə xablər.
 
 
Çini-zülfün bəndinə düşdü Xətayi xəstə dil,
Şərbəti-ləlindir anə qənd ilə innablər.
 

«Aşiq isən gəl bərü kim, cani-canan məndədir…»

 
Aşiq isən gəl bərü kim, cani-canan məndədir,
Zahida, sən xandasan kim, nuri-iman məndədir.
 
 
Məndədir yer ilə gögün hikməti, həm qüdrəti,
Abü atəş, xakü badü cümlə ərkan məndədir.
 
 
Həq təala dörd kitabi gögdən endirdi yerə,
Mən anı istəməzəm çün külli-fürqan məndədir.
 
 
Katiba, ağü qərayə baxma, səni azdurur,
Aç qulaq, dinlə sözüm, avazi-Quran məndədir.
 
 
Pəhləvanlar çox cəhanda, Rüstəmi-Zal olmuşam,
Həm İskəndər hikməti, mülki-Süleyman məndədir.
 
 
Əyyuba çəkdirdi çox dərdi bəlavü möhnəti,
Gəl məni istəş, verəyim dərdə dərman məndədir.
 
 
Yəqubi gör zarü giryan Yusifi-Kənan içün
Piri-künci-xəlvətəm uş Misr sultan məndədir.
 
 
Şahi-Mərdanın, Əlinin aliyəm, övladiyəm,
Zülfüqarü tacü Düldül uş bu nişan məndədir.
 
 
Açarım dini-Məhəmməd, məzhəbi-Cəfər yəqin,
La fəta illa Əli, bu sirri-pünhan məndədir.
 
 
Mən şaha bu canımı sidq ilə qurban qılmışam,
Gər qəbul qılsa vilayə, eydi-qurban məndədir.
 
 
Çün Xətayiyəm, şahın vəsfini daim söylərəm,
Eşqilə bel bağlaram, dəftərlə divan məndədir.
 

«Ey həq əhli, sən sənin cismində beytüllahi gör…»

 
Ey həq əhli, sən sənin cismində beytüllahi gör,
Xancaru əzm eyləsən, lövhində ərşüllahi gör.
 
 
Adəmin şənində kərrəmna dedi nitqi-ilah,
Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör.
 
 
Zakirəm, zikr eylərəm, könlümdə özgə kimsə yox,
Natiqəm, nitqi-hidayət, gəl həbibüllahi gör.
 
 
Hazihi-cənnati-ədnin dəftərin şərh eyləyən
İblis olma, gəl sücud eylə bu babüllahi gör.
 
 
Lövhi-məhfuzin Xətayi əbcədin qıldı bəyan,
Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör.
 

«Əzəldən ta əbəd heydər gəlübdür…»

 
Əzəldən ta əbəd heydər gəlübdür,
Adəm övladinə sərvər gəlübdür.
 
 
Əli şiri-xudadır, şahi-mərdan,
Məhəmməd həqqə peygəmbər gəlübdür.
 
 
Aşiqlər qibləsi yüzündür, ey dust,
Qaşın mehrabinə mənbər gəlübdür.
 
 
Ki həqdən Zülfüqar oldu Əliyə,
Əli qulluğuna Qənbər gəlübdür.
 
 
Əli xişm ilə doğradı Vu cəhli,
Xəmir tək dəstinə Xeybər gəlübdür.
 
 
Ala gözlər mənim imanım aldı,
İki zülfin yenə ənbər gəlübdür.
 
 
Suyi-heyvan içün zülmat içində
Xətayi Xızrü İskəndər gəlübdür.
 

«Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir…»

 
Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir
Ki, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
 
 
Xətindir ayəti-rəhman ki, həqdən münzəl olmuşdur,
Ana derlər kim, ol sünbül səvadi-nafeyi-Çindir.
 
 
Tükəndi Yusif əyyami sənin dövrani-hüsnündən,
Xəbər ver xublar içində yalandır bu xəbər, çindir?
 
 
Şikarı aşikar eylər gözün bu bazü şəhbazi,
Könüllər seydinə yarın gözü şahanə laçindir.
 
 
Güli-sirabi-hüsnində nə nisbət ol siyəh xalın,
Bu rəna beççeyi-hindu gülüstan içrə gülçindir.
 
 
Xətayi ta anı gördü, özündən əl yudu külli,
Anın çəngali-çəngindən şikar olmuş gögərçindir.
 

«Dilbəra, hüsnini sane afitab etmişdurur…»

 
Dilbəra, hüsnini sane afitab etmişdurur,
Bilməzəm neyçün gözümdən dər hicab etmişdurur.
 
 
Gəl xumarım yaz mənim vəslin meyindən, ey pəri,
Şol şərabın həsrəti bağrım kabab etmişdurur.
 
 
Ta yaman göz dəgməyə, ey mah, hüsnin bağına,
Həq-təala zülfini pərri-ğürab etmişdurur.
 
 
Hafizi-Quran təki aşiqlər əzbər qılmağa,
Həq cəmalın ayəti ümmül-kitab etmişdurur.
 
 
Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncüni
Gərçi ol viranəni hicran xərab etmişdurur.
 
 
Ey məhi-namehriban, sorma Xətayi halını,
Firqətin ol xəstəni təhti-türab etmişdurur.
 

«Könül ta kim, ğəminlən aşinadır…»

 
Könül ta kim, ğəminlən aşinadır,
Qərarü səbrdən mütləq cüdadır.
 
 
Könül pənd almadı, sevdi yüzünü,
Ana bu dərdü möhnətlər səzadır.
 
 
Gəl ey həmdəm, həzər qıl, eşqə düşmə,
Bəladır xubları sevmək, bəladır.
 
 
Nola aşiqləri öldürsən, ey dust,
Ləbin bir busəsi yüz xunbəhadır.
 
 
Könül bir yarə vermişdir Xətayi,
Eşigində səlatinlər gədadır.
 

«Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür…»

 
Hər sübhdəm ki, kuyi-sənəmdən səba gəlür,
Qəmgin könül məqaminə yüz min səfa gəlür.
 
 
Şadü fərəh bulub dilü canım, zəbanimə
Əhlən və xeyr məqdəmü səd mərhəba gəlür.
 
 
Bir busəsinə canü dil istər bəha sənəm,
Gərçi birinə yüz dilü canım bəha gəlür.
 
 
Mənidə gərçi aşiqü məşuq birdürür,
Məndən dua gedir, nişə səndən cəfa gəlür.
 
 
Bağışlagil Xətayi günahın, əya pəri,
Bəxş edə necə ki, quldan xəta gəlür.
 

«Mahimi gördüm ki, yüzindən niqab almış gedir…»

 
Mahimi gördüm ki, yüzindən niqab almış gedir.
Pərtövi-nurindən anın afitab almış gedir.
 
 
Dövri-hüsnindən anın, ey yaşlu çeşmim, uymagil
Kim, şəbi-zülfindən anın ruz xab almış gedir.
 
 
Dilbərim cami-şərab içmiş, eşitdim nəql içün
Aşiqi-dilxəstə bağrından kəbab almış gedir.
 
 
Ol pəri gedəndə aləm necə heyran olmasun,
İşvəvü kirişməvü nazü itab almış gedir.
 
 
Ol sənəm rəna gedir, yer üstə çəkmiş damənin,
Bu Xətayi xəstə ol yerdən türab almış gedir.
 

«Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər…»

 
Ta ki, düşdüm hicrinə, könlüm fəğanə başlər,
Gəldi ahimdən mənim fəryadə dağü daşlər.
 
 
Hüsnini yad eyləsəm, ey sərv boylu dilbərim,
Firqətindən çeşmə tək axar gözümdən yaşlər.
 
 
Mehri-ruyin sərbəsər sehr ilə dutdu aləmi,
Fitnəvü qövğayə saldı ol göz ilən qaşlər.
 
 
Eşqə dil verdin deyə cövr etmə, ey zahid, mana,
Can verür məşuqə daim aşiqi-qəllaşlər.
 
 
Nasehə, eyb eyləmə miskin Xətayi şerinə,
Çün həqə məlumdurur könlündə sirrü faşlər.
 

«Könül bir yarı sevdi kim, pəridir…»

 
Könül bir yarı sevdi kim, pəridir,
Cahan içrə gözəllər sərvəridir.
 
 
Boyi bağ içrə sərvi-nazə bənzər,
Yanağı həmçü vərdi-əhməridir.
 
 
Yüzidir nisbəti-xurşidi-taban,
Fələkdə məh aninçün Müştəridir.
 
 
Əgər xaqan, əgər fəğfur olursa,
Eşigi itlərinin kəmtəridir.
 
 
Yüzi səhni-gülüstan içrə güldür,
Saçının buyi müşkü ənbəridir.
 
 
Kim anın vəslinə bir dəm irişsə,
Cəmii-mülki-aləmdən bəridir.
 
 
Saçının rəngidir çün leylətül-qədr,
Cəmali nuri şəmsi-xavəridir.
 
 
Əzəldən ani sevdim canü dildən,
Sağınmasun ki, eşqim sərsəridir.
 
 
Baxub heyran olur hüsninə aləm,
Xətayi xəstənin ol dilbəridir.
 

«Ey könül, vəqti-bəhar etdü, xəzan olmuşdurur…»

 
Ey könül, vəqti-bəhar etdü, xəzan olmuşdurur,
Su kənarında sənəm sərvi-rəvan olmuşdurur.
 
 
Ey fələk, dünya yüzində dövri-hicran keçdi çün,
Ol büti-namehribanım mehriban olmuşdurur.
 
 
Şərh edəndən bərlü şirin ləblərin övsafini
Mürği-canım tutiyi-şəkkər zəban olmuşdurur.
 
 
Gərçi düşmən tənəsindən çox cəfa çəkdim, vəli
Şükr kim, işim bekami-dustan olmuşdurur.
 
 
Döşədi yüz dürlü xali bəzm üçün fərraşi-sün,
Saqiya, gəl kim, cəhan baği-cinan olmuşdurur.
 
 
Simü zərdən şaxlər doldurdu dəstü damənin,
Məclisi-şabaş içün gövhərfəşan olmuşdurur.
 
 
Uğraşanda ta ki, eşqin zərrə qılur dağları,
Bu Xətayi xəstə andan natəvan olmuşdurur.
 

«Bizim ol dilrüba cananəmizdir…»

 
Bizim ol dilrüba cananəmizdir,
Məgər ol can degil cana, nəmizdir?
 
 
Yanarmən şəmi-ruyin həsrətindən,
Deməzsən ol bizim pərvanəmizdir.
 
 
Fəraqində nə fikrim vardır, ey dust,
Vüsalın hər gecə mehmanəmizdir.
 
 
Gözün sərməstdir, boyun süpahi,
Sözün nəqlü ləbin peymanəmizdir.
 
 
Güləndə dişlərin ağzında, ey can,
Sədəf içindəki dürdanəmizdir.
 
 
Səri-zülfin içində danə xalin
Könül quşinə damü danəmizdir.
 
 
Xətayi dedi: – Kimdir? – Bəndəniz də
Dedi: – Bir aşiqi-divanəmizdir.
 

«Əya gün yüzlü, çöhrən ayə bənzər…»

 
Əya gün yüzlü, çöhrən ayə bənzər,
Boyun bir sərvi-xoş balayə bənzər.
 
 
Xədəngi-can fədadır qəmzən, ey dust,
Qaşın üstə qurulmuş yayə bənzər.
 
 
Cəhanda bülbül olsam mən əcəbmi?
Sənin yüzün güli-həmrayə bənzər.
 
 
Yüzün şövqilə ləlin həsrətindən
Gözüm yaşi behər su çayə bənzər.
 
 
Məlayik, hurinin gər hüsni xubdur,
Yüzün andan dəxi zibayə bənzər.
 
 
Sifatın oxusa gülşəndə mütrib,
Könül fəryadı çəngü nayə bənzər.
 
 
Xətayi, dilbərindir huri-rizvan,
Otağı cənnətül-məvayə bənzər.
 

«Dilbəra, canımda dərdin bir dəva nisbətlüdür…»

 
Dilbəra, canımda dərdin bir dəva nisbətlüdür,
Hər cəfa gəlsə mana səndən vəfa nisbətlüdür.
 
 
Bu cərahət cismimə oxun gələndə ün verür,
Ol mana əhlən və səhlən mərhəba nisbətlüdür.
 
 
Gər mana nifrin edər düşmən, mən andan qəm yemən
Kim, münafiqdən gələn qarğış dua nisbətlüdür.
 
 
Abi-çeşmimdən xəyalın hər zaman əksilməsün
Kim, anın əksi gözümdə tutiya nisbətlüdür.
 
 
Eşq ilən laf etmə, ey miskin Xətayi, əbsəm ol
Kim, bu mənzildə səlatinlər gəda nisbətlüdür.
 

«Din Məhəmməd dinidir səllə əla sahib vüqar…»

 
Din Məhəmməd dinidir səllə əla sahib vüqar.
Kövsərin suyin verən şahım Əlidir şəhsüvar.
 
 
Həm səxidir, həm səxadır, kainatın eynidir,
Kimsə nə bilür, anın sirrin bilür pərvərdigar.
 
 
Dedilər kim, bu cəhanın nuri kimdir, kim ola?
Mir Həsəndir, şah Hüseynin alı oldu yadigar.
 
 
Daş yarıldı, çıxdı Düldül yəhərü yügən ilə,
Ey münafiq, yola gəlgil, eyləmə şahdan kənar.
 
 
Xanda varsan, ey Xətayi, sən bu ləfzi söyləgil;
“Lafəta illa Əli, lasöyfə illa Zülfiqar”.
 

«Növcəvan ol pir ikən dövran ki, canan dövridir…»

 
Növcəvan ol pir ikən dövran ki, canan dövridir,
Şad ol, ey xəstə könül kim, dərdə dərman dövridir.
 
 
Zülməti-hicranə söylən hökmini tərk eyləsün,
Bir günəş doğdu arayə, mahi-taban dövridir.
 
 
Lal oturma, söylə, ey can mürği, gəldi növbəhar,
Getdi qış vəqti aradən, uş gülüstan dövridir.
 
 
Aşiqə mehr etdi dilbər, qalmadı cövri-rəqib,
Küfr aralıqdan arındı, şimdi iman dövridir.
 
 
Ömr içün qəm çəkmə, ey dil, nuş qıl maül-həyat,
Dilbərin şirin ləbindən abi-heyvan dövridir.
 
 
Naümid olma cəhanda, ey gədayi-binəva,
Dərgəhi-sultanə gəl kim, lütfü ehsan dövridir.
 
 
Möhnəti-dünyadən, ey dil, fariğ ol, sürgil murad,
Xürrəm ol, qəm çəkməgil kim, zilli-sübhan dövridir.
 
 
Gəzməgil aləmdə sərgərdan, könül, pərvanə tək,
Xoş münəvvərdir cəhan, şəmi-şəbistan dövridir.
 
 
Dudi-ahindir, Xətayi, gögdə bulutlar sənin,
Durmayıb tök göz yaşın kim, əbrü baran dövridir.
 

«Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir…»

 
Ey ki, sərxoşdur dü çeşmin, ləblərin peymanədir,
Ol səbəbdən aşiqin daim yeri meyxanədir.
 
 
Necə qəvvas olmayım yaşımda kim, ol dilbərin
Ləblərin ləli-Bədəxşan, dişləri dürdanədir.
 
 
Vermənəm dünyavü üqba dövlətinə eşqini,
Dünyəvü üqba mana bir yanə, ol bir yanədir.
 
 
Sanma, ey çeşmim, sana biganədən ümmid ola,
Gör nələr qıldı könül, kim həmdəmü həmxanədir?
 
 
Bu Xətayini rəha qılmaz saçun zəncirdən,
Sanma kim, uslandı ol miskin, hənuz divanədir.
 

«Bu sürahi bir dilarami-pəri nisbətlüdür…»

 
Bu sürahi bir dilarami-pəri nisbətlüdür.
Şəkli bir məhbubi-şuxin peykəri nisbətlüdür.
 
 
Oturur məclisdə bir zərrinkülahü simtən,
Asılu zülfi-müsəlsəl ənbəri nisbətlüdür.
 
 
Yoxsa bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut,
Ol kəmər üstə əliflər xəncəri nisbətlüdür.
 
 
Təxti-simin üstə oturmuş Süleyman hökm içün,
Əldə bir zərrin əyağ əngüştəri nisbətlüdür.
 
 
Hər tərəfdən görünür yüzində yüzlü surəti,
Filməsəl ayineyi-İskəndəri nisbətlüdür.
 
 
Sidq ilən bel bağlamış, durmuş fütuhi-rəzm içün,
Ğazilər yanında anın ləşkəri nisbətlüdür.
 
 
Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən,
Səlsəbil içində abi-kövsəri nisbətlüdür.
 
 
Yoxsa doğmuş arədə bir afitabi-şəmi-bəzm,
Çeşmi-mərdüm anə hər su müştəri nisbətlüdür.
 
 
Bəzl edər bəzmin Xətayi abi-kövsərdən müdam,
Şahi-mərdanın-Əlinin Qənbəri nisbətlüdür.
 
₺101,32

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
223 s. 6 illüstrasyon
ISBN:
978-9952-8450-9-7
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre