Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Seçilmiş əsərləri», sayfa 4

Yazı tipi:

«Bir pəri heyraniyəm, bilmən məkani xandadır…»

 
Bir pəri heyraniyəm, bilmən məkani xandadır?
Kimsə bilməz dünyədə namü nişani xandadır?
 
 
Xubları sevmə deyüb tən etmə, ey naseh, mənə,
Çünki bilməzsən məqami-cavidani xandadır.
 
 
Gəldi “sübhan-əlləzi əsra beəbdəh” şəninə,
Lövhi-məhfuz üstə ol hüsnin bəyani xandadır?
 
 
                    Mən dedim: – Bir busə ver.
                    Der: – Can verüb almaq gərək.
Bu məkan içrə mətai-rayiqani xandadır?
 
 
                    Mən dedim: – Yüzünü göstər.
                    Dedi: – Taqət yox sana.
Bu sualinə cəvabi, “ləntərani” xandadır?
 
 
Ta vüsalindən cüda düşdüm, həyatım qalmadı,
Dünyəvü üqbadə sənsiz zindəgani xandadır?
 
 
Xanda kim, yatım cəhanda uyxu gəlmər çeşmimə,
Bu Xətayi yatmağa yar asitani xandadır?
 

«Ta mənim könlümdə, cana, həsrəti-cananədir…»

 
Ta mənim könlümdə, cana, həsrəti-cananədir,
Həq bilür kim, ağlamaqdan gözlərim peymanədir.
 
 
Arizin gülşəndürür, canım ona bülbül kimi,
Rüxlərin çün şəmdir, könlüm ona pərvanədir.
 
 
Mən sana hər dəm dualar qıluram, ey bivəfa,
Ey sənəm, neyçün sənin hər gündə qəsdin canədir?
 
 
Gərçi zülmətdir saçun, yüzün ona xurşidvar,
Ləblərin təmi nə nisbət çeşmeyi-heyvanədir?
 
 
Dərdi-eşqindən sənin gər istəsəm dərdü ələm,
Neyləsün bu xəstə könlüm, dərd ilə həmxanədir.
 
 
Bağça içində güli-əhmər nə nisbət vəchinə,
Ol yanağın qanına can laleyi-həmra, nədir?
 
 
Bu Xətayi başdan ayağə üzülmüşdür tamam,
Nişə kim, ol zülfinə məhrəm həmişə şanədir.
 

«Eşq meydanında hər kim can ilən baş oynadır…»

 
Eşq meydanında hər kim can ilən baş oynadır,
Yar önündə qəmzədir, kiprig ilən qaş oynadır.
 
 
Şahi-mərdanın yolunda çox kişi vardır, vəli
Afərin ol başə kim, min başə bir baş oynadır.
 
 
Şah qatında məhrəm olub canü başından keçər,
Sanma kim, yarı önündə dəgmə fərraş oynadır.
 
 
Dün mənimlən rubəru boldu nigar, öldü rəqib,
Gözlərilən çox işarətlər qılur, qaş oynadır.
 
 
Ey Xətayi, qəm yemə çün düşmənin oldu yüküş,
Müddəi daim iraqdan kərpicü daş oynadır.
 

«Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir…»

 
Nə insansan, sən ey can kim, cəmalın həqqə məzhərdir,
Qaşınlan qamətin şəkli mana mehrabü mənbərdir.
 
 
Sən ey türki-pəri dilbər, əcaib süni-yəzdansan,
Görəldən bərlü rüxsarın sözüm Allahü əkbərdir.
 
 
Könül səhrayi-hicranda diləməz nafeyi-ahu,
Ayağın toprağı, cana, mana çün müşkü ənbərdir.
 
 
Nə bürcün kövkəbisən sən, əya mehri-cəhan ta kim,
Camalın afitabından iki aləm münəvvərdir.
 
 
Bu gün ixlasü sidq ilə Xətayi valeh olmuşdur
Ki, yüzü şəmi-ənvari, saçı anın müənbərdir.
 

«Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur…»

 
Eşqin, ey dilbər, könül təxtində şah olmuşdurur.
Surətin can mülkinə xurşidü mah olmuşdurur.
 
 
Eşqini könlümdə mən dəxi neçük pünhan edim?
Ruyi-zərdim, əşki-sürxim çün güvah olmuşdurur.
 
 
Müddəilərdən dəxi, cana, nə fikrim var mənim,
Bəndəyə çün sən kimi sultan pənah olmuşdurur.
 
 
Bağçada hüsnin gülünü bülbüli-şeyda görüb,
Axdı yaşı danə-danə, bənzi kah olmuşdurur.
 
 
Hüsnini hər kim ki, gördü, valehü heyran olub,
İşi anın dünyədə fəryadü ah olmuşdurur.
 
 
Çün cəmalın gördü düşmən, qılmadın ana nigah,
Müddəilərinin məqami bəndü çah olmuşdurur.
 
 
Bu Xətayi yüzüni ta gördü, ey xubi-Xötən,
Ol Xətavü hind elində padşah olmuşdurur.
 

«Dilbəra, hicrin yərasinə ləbin mərhəm düşər…»

 
Dilbəra, hicrin yərasinə ləbin mərhəm düşər,
Ol dişün incusi tək dəryadə həm dür kəm düşər.
 
 
Mən səninlən, dilbəra, bir əhdü peyman eyləsəm,
Müddəilərinin içinə dəmbədəm matəm düşər.
 
 
Yüzüni eşq əhli gər görərsə, ey xubi-Xötən,
Onların könlündə qəm, qayğu, kədər xürrəm düşər.
 
 
Aləmi gəzdim təmamət, görmədim hüsnin kimi,
Dünyəni gəzsən xəmusin eylə səntək kəm düşər.
 
 
Bu Xətayinin kəlamini eşitsə hər zaman,
Ol Xötənlə Çin eli hər dəmbədəm bərhəm düşər.
 

«Du zülfündən mənə bir mu gərəkdir…»

 
Du zülfündən mənə bir mu gərəkdir,
Sənin vəslindən ancaq bu gərəkdir.
 
 
Könüldən getməz ol çeşmin xəyalı,
Bəli, Məcnunlara ahu gərəkdir.
 
 
Cəfavü cövrünüzdən inciməz dil
Ki, xublar daima bədxu gərəkdir.
 
 
Gözüm yaşın tökərmən ayağuna,
Bəli, sərv ayağunda su gərəkdir.
 
 
Xətayi sözlərin səm etsün ol ay
Ki, xublar guşinə lölu gərəkdir.
 

«Ta səri-kuyində bu könlüm müqim olmuşdurur…»

 
Ta səri-kuyində bu könlüm müqim olmuşdurur,
Dil məqami baği-cənnati-nəim olmuşdurur.
 
 
Dəftəri-hüsnində şol hərfi-xətü xalın sənin
Sətri-“Bismillah ərrəhmanirrəhim” olmuşdurur.
 
 
Sidqimiz ol vəchidir kim, həqq olur anda zühur
Kim, təriqətdə sirati-müstəqim olmuşdurur.
 
 
Şəriniz yolunda biz qılsaq xəta, sən qıl kərəm,
Min bir adından sənin biri kərim olmuşdurur.
 
 
Ey Xətayi, çəkmə qəm, gər hicr ilən bimarsən,
Çün sana ol xaliqin fəzli həkim olmuşdurur.
 

«Görəli ol məh yüzün başıma yüz sevda düşər…»

 
Görəli ol məh yüzün başıma yüz sevda düşər,
Rüxlərin manəndi ancaq bir güli-həmra düşər.
 
 
Ey könül, əql əhli isən sevmə xublar yüzüni,
Xubların dərdinə ancaq bu dili-şeyda düşər.
 
 
Ey sənəm, xublar içində sən düşübsən sərfəraz,
Eylə kim, bağ içrə rəna sərvi-xoş bala düşər.
 
 
Heyf ola çeşmini, cana, nərgizə nisbət qılım,
Xansı nərgiz gözlərin tək məstü həm şəhla düşər?
 
 
Necə olmasun Xətayi eşq ilən divanə kim,
Könlünə hər dəm sənin tək bir pəri sima düşər.
 

«Mənəm bir tən, vəleykin can anındır…»

 
Mənəm bir tən, vəleykin can anındır,
Ki, hər kim can qıyar, canan anındır.
 
 
Təbibimdir mənim, ruhum, rəvanım,
Zəifəm, xəstəyəm, dərman anındır.
 
 
Eşigində onun mən bir gədayəm,
Nə kim lütf eyləsə, ehsan anındır.
 
 
Səadət bürcinin dilxahi oldur,
Yer ilə gögü həm Keyvan anındır.
 
 
Ləbin yanında xəttin Xızra bənzər,
Kənari-çeşmeyi-heyvan anındır.
 
 
Səni-zülfü ləbi-ləlini gördüm,
Təmami Türkü Hindistan anındır.
 
 
Səri sevmən deyənlər kafər oldu,
Yüzüni kim sevər, iman anındır.
 
 
Məgər məşşatə zülfin şanə qılmış,
Bu gələn nikhəti-reyhan anındır.
 
 
Xətavü Misr ilən Çinü Xorasan,
İraqü Fərs, həm Kirman anındır.
 
 
Başın top edə gör canan yolunda,
Çalınsın top çün çövkan anındır.
 
 
Xətayi, can fəda şol yarə qıl kim,
Cəhanü cümlə cismü can anındır.
 

«Yanağın, ey pəri, can mənzilidir…»

 
Yanağın, ey pəri, can mənzilidir.
Bu bülbülnün gülüstan mənzilidir.
 
 
Ayağın basdığı yer, ey dilaram,
Bu mur içün Süleyman mənzilidir.
 
 
Saçının zülmətində təşnə Xızram,
Dodağın aği-heyvan mənzilidir.
 
 
Bitibdir qamətin çeşmim üzündə,
Nə xoş sərvi-xuraman mənzilidir.
 
 
Götürmə ağ yüzündən qarə zülfin
Ki, əqrəb mahi-taban mənzilidir.
 
 
Murad içün gəlübdür dil qapuna,
İnayət qıl ki, ehsan mənzilidir.
 
 
Xətayi könlünə yar mehri düşdü,
İmarət qıl ki, sultan mənzilidir.
 

«Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir…»

 
Dilbəra, bu dərdimə dərman edərsən, vəqtidir,
Mən fəqirə lütf ilə ehsan edərsən, vəqtidir.
 
 
Növbahar oldu, gözüm istər camalın görməgə,
Əzm edüb gülşən saru seyran edərsən, vəqtidir.
 
 
Çox zamandır qönçə tək bağrımnı pürxun eylədin,
Ləblərini gül təki xəndan edərsən, vəqtidir.
 
 
Zülməti-hicrin fəraqın çəkmişəm dövranda çox,
Vəslini bu könlümə mehman edərsən, vəqtidir.
 
 
Xeyli vəqtdir kim, Xətayi zülməti-hicran çəkir,
Ləblərini çeşmeyi-heyvan edərsən, vəqtidir.
 

«Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir…»

 
Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,
Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.
 
 
Xeyli müddətdir ki, könlüm eşq ilə viranədir,
Şimdi ol viranəni abad qılsan, vəqtidir.
 
 
Ey şəhi-lütfü kərəm, bir gəz eşit fəryadimi,
Bənd içindən bəndəni azad qılsan, vəqtidir.
 
 
Firqətin dövrində çəkdim möhnətü cövrü cəfa,
Şimdi vəslin yoluna irşad qılsan, vəqtidir.
 
 
Çünki dərdi-eşqini olmaz nihan etmək anın,
Ey Xətayi, dərd ilən fəryad qılsan, vəqtidir.
 

«Ey, könül, ol mənisiz cahili yar etməkmolur?..»

 
Ey, könül, ol mənisiz cahili yar etməkmolur?2
Mənisiz cahil sözünə etibar etməkmolur?
 
 
Həm onun qövli xətadır, həm qərari bivəfa,
Oylə bir bədnam ilə qövlü qərar etməkmolur?
 
 
Xaki-payi-əhli-dil ol, olmagil cəhlə rəfiq,
Çün əbabil var ikən zağı şikar etməkmolur?
 
 
Cəhlini ürfan edəndə xaki-pay olgil ona,
Əhli-söhbət göricək ondan kənar etməkmolur?
 
 
Hər kəs öz eybilə səttarına dutmuşdur yüzün,
Sən onun eybini açıb, şərmsar etməkmolur?
 
 
Bir neçə vəqt yar olub, bir kimsənin eybin tutub,
Sən onun gizlicə sirrin aşikar etməkmolur?
 
 
Ey Xətayi, can fəda qıl bir vəfalı yar içün,
Hər vəfasız bivəfanı ixtiyar etməkmolur?
 

«Cana, sənin cəmalını çün afitab oxur…»

 
Cana, sənin cəmalını çün afitab oxur,
Hüsnin kitabi-şərhini ümmül-kitab oxur.
 
 
Xublar yüzinə baxmağı zahid aydır günah,
Aşiqlər ol günahı həmişə səvab oxur.
 
 
Bülbül oxudi gülşəni-hüsnün sifatını,
Dil gördü gül yüzini, sözinə cəvab oxur.
 
 
Hər xəstə dil ki, badeyi-eşqin ilə oldu məst,
Çeşmini saqi, ləlini cami-şərab oxur.
 
 
Miskin Xətayi yetmək içün xaki-payinə
Hər dəm dilində ayəti-“künti-türab” oxur.
 

«Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur…»

 
Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur,
Bu vücudim mülkinə xeyli-xəyalın candurur.
 
 
Ta görübmən hüsnini, ey gövhəri-yekta sənəm,
Bir gözüm Qülzüm misali, bir gözüm Ümmandurur.
 
 
Ruzü şəb bəs kim, qılur bülbül fəğanü zarlığ,
Ta gülüstanda yüzün tək bir güli-xəndan durur.
 
 
Əhli-taət bəs ki, zikr edər sifati-hüsnüni,
Bildi kim, yüzün sifati ayəti-Qurandurur.
 
 
Dünyənin varü yoxundan, ey Xətayi, qəm yemə,
Saxlayan daim səni şol sayeyi-sübhandurur.
 

«Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır…»

 
Ol sənəm kim, gecə-gündüz can anın heyranıdır,
Əqlü fəhm andan bərü eşq ilə sərgərdanıdır.
 
 
Dilbərim, yarım, əzizim, qəmgüsarım, munisim,
Can şikarım, sevgi yarım, canımın cananıdır.
 
 
Dün səba gəldi mana xoş-xoş müənbər buy ilə,
Qaliba, ol məhliqanın zülfi-müşkəfşanıdır.
 
 
Ey könül, hicran qəmindən çox şikayət qılma kim,
Aşiqə cövrü cəfası lütf ilə ehsanıdır.
 
 
Bu Xətayi şerinə eyb etmə, ey nakəs həsud,
Cümlə üşşaq əhlinə həmdəm onun divanıdır.
 

«Arizin kim, ol rüxi-pürnur, tab üstündədir…»

 
Arizin kim, ol rüxi-pürnur, tab üstündədir,
Suyə bənzər kim, həmişə afitab üstündədir.
 
 
Həq bilur kim, rüxlərin şənində olmuşdur nüzul,
Ayəti-müshəf ki, övraqi-kitab üstündədir.
 
 
Aləmin rövşənliği gərçi günəşdəndir, vəli
Pərtövi-hüsni-cəmalın afitab üstündədir.
 
 
Tabi-eşqindən həmişə gör nə sərgərdan gəzər,
Asiman daim ki, yüzündə niqab üstündədir.
 
 
Mehri-eşqin nəqdinə viranə könlümdür məqam
Kim, bəli gəncin yeri daim xərab üstündədir.
 
 
Ayağın toprağıdır həqq əhlinin başında tac,
Cismi daim bu Xətayinin türab üstündədir.
 

«Ta kim, ol zülfin niqabi mahtab üstündədir…»

 
Ta kim, ol zülfin niqabi mahtab üstündədir,
Bir bulud nisbətlüdür kim, afitab üstündədir.
 
 
Gün təki yüzün cəhanda zahir olmuşdur, vəli
Bu əcəb kim, bəndədən daim hicab üstündədir.
 
 
Eşqiniz kim, oldu bu viranə könlüm məskəni,
Gəncə bənzər kim, yeri daim xərab üstündədir.
 
 
Zahidi-gümrahi gör, divarə eylər səcdəni,
Ol günəhkar öylə sanur kim, səvab üstündədir.
 
 
Bu Xətayinin dilində eşqi-dilsuzin sənin
Oda bənzər kim, həmişə ol kəbab üstündədir.
 

«Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur…»

 
Ta kim ol ahu gözün mülki-Xötəndən bac alur,
Şol humayun zülfiniz fəğfuri-Çindən tac alur.
 
 
Nola gər hüsnindən alsa zərreyi-nur afitab
Kim, bəli, daim pənilərdən nəva möhtac alur.
 
 
Nə əcəb, mən miskinin könlün əgər yəğma qıla
Hinduyi-zülfin ki, mülki-Rumdən tarac alur.
 
 
Ta ayağın tozu tək qapunda məskən dutmuşam,
Bu səadətdən mənim bəxtim mələkdən bac alur.
 
 
Bu Xətayi Kəbeyi-kuyində tapmışdır şərəf,
Hacı tək könlüm təvafi-kuyinizdən hac alur.
 

«Arizində sünbülin ənbərfəşan etmişdürür…»

 
Arizində sünbülin ənbərfəşan etmişdürür,
Sanasan kim, əqrəb ilə məh qiran etmişdürür.
 
 
Afərin ol gül yanağlu dilbəri-rənayə kim,
Hüsn bağında boyu sərvi-rəvan etmişdürür.
 
 
Zərrəmidir bilməzəm, yaxud dəhani dilbərin,
Sün ilən bir mumidir, yaxud miyan etmişdürür?
 
 
Qaş ilən gözmidir ol rüxsarın üstə, ey sənəm,
Yoxsa dövran fitneyi-axirzəman etmişdürür?
 
 
Ey Xətayi, ahuyi-könlün şikar etməkligə,
Dəsti-qüdrət kim, səni əbru kəmna etmişdürür.
 

«Dilbəra, mehrin əzəldən sidq ilə canımda var…»

 
Dilbəra, mehrin əzəldən sidq ilə canımda var,
Andan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.
 
 
Bu fəna darində əhli-zövq ilən qılgil səfa,
Mülkü malü təxtü cah olmaz cəhanda payidar.
 
 
Sayeyi-qəddində gərçi yer yüzi buldu şərəf,
Sayebani-rifətindən nöh fələk dutmuş qərar.
 
 
Gəlməmişdir sən təki aləmdə, ey sultani-hüsn,
Sahibi-fəzlü kəmalü izzəti ba iftixar.
 
 
Arif isən, qoymagil əldən həqiqət mənzilin,
Aqil isən, dinyeyi-ğəddarə vermə ixtiyar.
 
 
Nəzmi-əşarın, Xətayi, hər biri dürdanədir,
Söyləgil ta şahların guşində olsun guşvar.
 

«Ey fələk, dövründə neyçün ol nigar əldən gedir…»

 
Ey fələk, dövründə neyçün ol nigar əldən gedir?
Qanım ilən əllərin qılmış nigar, əldən gedir?
 
 
Dün dedi zahid mana: – Neyçün könül verdin ana?
Neyləyim, görgəc yüzini ixtiyar əldən gedir.
 
 
Bülbüla, gül dövridir, əfğan edər çox mürğ zar,
Nalə qıl, oturma, vəqti-mürğizar əldən gedir.
 
 
Ey könül, hicran ilən ömrün tükənsə, qəm yemə,
Neylərəm ömri-əzizi, çünki yar əldən gedir.
 
 
Ey Xətayi, çünki yarın eylədi əzmi-səfər,
Ruzü şəb ah et ki, yari-ğəmgüsar əldən gedir.
 

«Ey sənəm, neyçün sənin vədin xilaf olmuşdurur…»

 
Ey sənəm, neyçün sənin vədin xilaf olmuşdurur?
Mehrin az olmuş, vəli qəhrin gəzaf olmuşdurur?
 
 
Könlümi eşqin aytdı kim, xilas olmaz müdam,
Aləmə andan ki, əmri-nunü kaf olmuşdurur.
 
 
Surətin əlhəmdürür, vəsfi-cəmalın Vəzzüha,
Çün sifatın sureyi-Quranda Qaf olmuşdurur.
 
 
Abi-kövsərdir dodağın, baği-cənnətdir yüzün
Kim, mənə ləlin şərabi cami-saf olmuşdurur.
 
 
Mən neçün hicrində vəslin ləzzətindən kam alam,
Vəslin ilən hicrinin işi məsaf olmuşdurur.
 
 
Ey könül, qıldın səfər, əzmi-təvəkkül pişə qıl
Kim, pənah etmək bizə həqdən kifaf olmuşdurur.
 
 
Cövrü qəhrinin yolundan, ey Xətayi, dönməgil,
Gər məqamı ol pərinin kuhi-Qaf olmuşdurur.
 

«Bu mənim cismimdəki zəhmətlərimol can bilür…»

 
Bu mənim cismimdəki zəhmətlərimol can bilür,
Mana hicran etdigin ol dilbəri-canan bilür.
 
 
Ta ki, həmdəmdir ğəmi-eşqin könüldə, ğəm yemən,
Çün xəyalini sənin dil sevgili mehman bilür.
 
 
İnciməz bu xəstə canım dərdi-hicrindən sənin,
Cövrü qəhrin gəldigincə lütf ilə ehsan bilür.
 
 
Çünki birdir aşiqə qəhr ilə lütfün mənisi,
Dil fəraqini vüsalü dərdini dərman bilür.
 
 
Ruzü şəb bülbül təki eylər Xətayi nalələr,
Baği-hüsn içrə yüzüni çün güli-xəndan bilür.
 

«Ey sənəm, eşqində hər dəm bu könül bimardir…»

 
Ey sənəm, eşqində hər dəm bu könül bimardir,
Eylə kim bülbül dəxi ba eşqi-güldür, zardir.
 
 
Nə əcəb yüz üstə ol zülfün yatursa hər zaman,
Bu mühəqqəqdir ki, gənc üstə nigəhban mardir.
 
 
Möhnəti-hicran əlindən, ey sənəm, qəm çəkmənəm,
Dərdi-eşqin, ey pəri, hər dəm mana ğəmxardir.
 
 
Dün dedi həmdəm mana: – Kimdir sənin könlün alan?
Mən dedim: – Bilməzmisən, ol gözləri xunxardir.
 
 
Necə tərk etsün Xətayi gül yüzinin vəsfini
Kim, şikəstə bülbülün daim yeri gülzardir.
 

«Gərçi gün xoşdur, vəli rüxsarın andan yaxşıdır…»

 
Gərçi gün xoşdur, vəli rüxsarın andan yaxşıdır.
Ay dəxi tabandurur, didarın andan yaxşıdır.
 
 
Nafeyi-müşki-Xötən gərçi müəttərdir, vəli,
Ey sənəm, ol xali-ənbərbarın andan yaxşıdır.
 
 
Nəqşi-tavus istəmən, andan cəmalın yegdürür,
Ləfzi-tuti dinləmən, göftarın andan yaxşıdır.
 
 
İstəmən firdövs bağinin güli-xoşbusini,
Dünya bağında güli-rüxsarın andan yaxşıdır.
 
 
Bu Xətayi qatinə kim, qıldılar tərifi-müşk,
Çin-bəçin ol zülfi-müşkinbarın andan yaxşıdır.
 

«Ənbərin zülfinmidir, ya müşki-tatarındurur…»

 
Ənbərin zülfinmidir, ya müşki-tatarındurur?
Gögdə kövkəb əqdi həm löleyi-şəhvarındurur.
 
 
Hər səhərgəh aləmü afaqı pürnur eyləyən
Gün degil, ey dilbərim, ol hüsni-didarındurur.
 
 
Ruzi-məhşər qoparan, cana, qiyamət qamətin,
Fitnələr zahir qılan ol çeşmi-məkkarındurur.
 
 
Tuba kim, derlər cahanda, qəddü rəftarındır ol,
Baği-rizvan kim, deyirlər, ruyi-gülzarındurur.
 
 
Dünyəvü üqbadə hərgiz ğəm yemə əğyardən,
Ey Xətayü, çün sənin lütfi-xuda yarındurur.
 

«Ta cəmalın nuri çeşmimdən nihan olmuşdurur…»

 
Ta cəmalın nuri çeşmimdən nihan olmuşdurur,
Gecə-gündüz işim ah ilə fəğan olmuşdurur.
 
 
Hüsnini ta görmüşəm bir bülbüli-zar olmuşam,
Çün mana kuyin məqami gülstan olmuşdurur.
 
 
Bir məsəldir kim, deyərlər: – Gəncin üstə mar olur;
Zülf içində hüsnin ol gənci-nihan olmuşdurur.
 
 
Gər fələk yüzündə derlər: – Mahi-tabandır şərəf,
Tələtin yer üstə mahi-asiman olmuşdurur.
 
 
Pir olmuşdu cahanda firqətindən, ey sənəm,
Ta yüzün gördü Xətayi, növcavan olmuşdurur.
 

«Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır…»

 
Ey pəri, hüsnün sənin cani-cəhandan yaxşıdır,
Bəlkə ancaq can degil, canü cahandan yaxşıdır.
 
 
Gərçi Yəqubi zəif etdi fəraqi Yusifin,
Zəf içində ol dəxi mən natəvandan yaxşıdır.
 
 
Ögməyin mahi-fələknin pərtövi-rüxsarini,
Ol pərinin hüsni mahi-asimandan yaxşıdır.
 
 
Aşiqi viranədən mən etmə, ey əql əhli kim,
Xəstədil Məcnunə səhra xanümandan yaxşıdır.
 
 
Bu Xətayi cu kənarında nə baxsın sərvə kim,
Qəddi-dilcuyi onun sərvi-rəvandan yaxşıdır.
 

«Ey günəş, hüsnin xəyalı ta ki könlümdən keçər…»

 
Ey günəş, hüsnin xəyalı ta ki könlümdən keçər,
Qanlu yaşım yəm təki dolmuşdur andan sərbəsər.
 
 
Nalələr kim, gecələr ta sübh olunca eylərəm,
Qorxuram hicrindən anın razi-pünhanım açər.
 
 
Necə sərxoş olmasun dövründən anın dilbərim
Nərgisi-məstaniniz kim, su kimi qanım içər.
 
 
Leyli zülfinin ğəmi qıldı pərişan əqlimi,
Eylə Məcnunəm ki, Məcnun görsə həm, məndən qaçər.
 
 
Çox yaşagil çün mana yar olmadın, ey səngdil,
Bu Xətayi oldu qəhrindən sənin zirü zəbər.
 

«Bütpərəst oldu könül, bütxanələr küncündədir…»

 
Bütpərəst oldu könül, bütxanələr küncündədir,
Mən bilürmən bu dili-şeyda nələr küncündədir.
 
 
Gənc-eşqin çün vücudim şəhərini qıldı xərab,
Nişə kim, gəncin yeri viranələr küncündədir.
 
 
Yusifi-Kənani salmışdır zənəxdan çahinə,
Zülfinə bağlu neçə divanələr küncündədir.
 
 
Cismimi tərk etdi dil, kuyində dutmuşdur məqam,
Kim ki, can tərkin qılur, cananələr küncündədir.
 
 
Nərgisi-məsti-xumarın qanimi içməkligə
Qaşların mehrabinə məstanələr küncündədir.
 
 
Dürlü nəzmim həsrətindən firqətindən, ey sənəm,
Bəhri-çeşmim mədəni dəndanələr küncündədir.
 
 
Zahid aydır: – Ey Xətayi, rəxtü dəstarın xanı?
Qoymuşam meyçün girov, meyxanələr küncündədir.
 

«Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir…»

 
Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir,
Ta olasan afəti-dövri-zaman üç gündə bir.
 
 
Mən səni çoxdan sevirdim, bilməmişsən, ey pəri,
Öldürər aşiqini, verməz aman üç gündə bir.
 
 
Çar əbru dilbəri sevdim, qərəz qucmaq degil,
Mərhəba etsin bizimlə tək haman üç gündə bir.
 
 
İki cahan hörmətiçün sufi gəlsin can ilə,
İçəlim ləli-şərabi-ərğəvan üç gündə bir.
 
 
Ey günəş yüzlü, yüzün göstər Xətayi bəndənə,
Nur ilə dolsun zəminü asiman üç gündə bir.
 
2.Etmək olur – etməkmi olur.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺103,24

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
223 s. 6 illüstrasyon
ISBN:
978-9952-8450-9-7
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre