Kitabı oku: «Ağ diş», sayfa 2
– Sən ki, bu qədər bəd-bəd danışırsan, elə sənin özünü qamarlayacaqlar. Qorxan gözə çöp düşər. Təsəvvür et ki, elə lap canavarların ağzındasan…
– Eh, onlar o qədər insan əti yeyiblər ki…
– Bəsdi, bədniyyət olma! Daha taqətim yoxdur! Henri acıqlı-acıqlı böyrü üstə çevrildi. Billin susması onu təəccübləndirdi. Bu, Billə yaraşan hal deyildi. Adətən sərt sözlər onu hövsələdən çıxarırdı. Henri yuxuya gedənə kimi bu haqda düşündü. Nəhayət, kirpikləri açılıb yumuldu və o, belə bir qənaətlə dərin yuxuya getdi ki, “Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdı. Ayıltmaq lazımdı onu”.
3
ACLIQ HARAYI
Gün uğurlu gəlmişdi. Gecə bir dənə də olsun it qaçmamışdı. Bill və Henri bu şaxtalı gündə xoş əhvalla yola düzəldilər. Bill sanki ötən gecəki həyəcanlarını unutmuşdu. Döngələrin birində kirşə aşdı. Amma Bill itlərlə zarafatından qalmadı. Aləm biri-birinə qarışmışdı. Aşmış kirşə nəhəng qar topasının arasına pərçim olmuşdu. Onu təzədən düzüb-qoşmaq üçün itləri qoşqudan aşası oldular. Qızılaxtaranlar əyilib kirşəni qaldırmağa çalışanda Henri Tayqulağın qaçıb uzaqlaşdığını gördü.
– Dayan, Tayqulaq – Henri qışqırdı və dikəlib itin dalınca baxdı.
Amma Tayqulaq daha da bərkdən götürüldü. Orada, yolun kənarında, indicə ötüb gəldikləri yerdə dişi canavar Tayqulağı gözləyirdi. İt ona çatanda qulaqlarını şəklədi, addımlarını yavaşıtdı, sonra dayandı. İt canavara diqqətlə, amma oğrun-oğrun baxır, bəlkə də həsəd aparırdı.
Dişi canavar dişlərini qıcıtdı, sanki itə bic-bic gülümsündü. Sonra bir neçə dəfə oynamaq hərəkətləri edib dayandı. Tayqulaq hələlik ehtiyat edirdi, quyruğunu yuxarı qaldırıb, qulağını şəkləyə-şəkləyə ona tərəf getdi; başını lap dik qaldırdı.
İt canavarı imsimək istədi. Vəhşi isə geri çəkilərək qabaq pəncələriylə iti oynaşmağa dəvət etdi. Tayqulaq irəli meyllənəndə, canavar geri çəkilirdi. Ha yavaş-yavaş, ha yavaş-yavaş canavar Tayqulağın başını tovladı, onu öz etibarlı müdafiəçilərindən, insanlardan uzaqlaşdırıb ardınca apardı. Birdən elə bil Tayqulağı cərəyan vurdu. Nəsə dumanlı bir təhlükə hiss edib dayandı. Dərhal kirşəyə tərəf çevrildi, qoşqu dostlarına, onu səsləyən insanlara baxdı. Ancaq geriyə meyllənmək istəyəndə dişi canavar dərhal onu yoldan elədi, Tayqulağa yaxınlaşdı, bircə anlıq burnuyla ona toxundu, sonra oynaya-oynaya, iti özünə çəkə-çəkə daha da uzaqlaşdı.
Bu vaxt Billin yadına tüfəng düşdü. Amma silah çevrilmiş kirşənin altında qalmışdı. Henri dostuna kömək edib şeyləri yığışdırana kimi itlə canavar biri-birinə o qədər yaxın durmuşdular ki, belədə güllə atmağa dəyməzdi.
Tayqulaq öz səhvini gec başa düşdü. Bill və Henri hələ də bir şey anlamırdılar. Birdən gördülər ki, Tayqulaq dönüb var gücüylə onlara tərəf qaçır. Tayqulağın qabağını kəsmək üçün yolun hər iki tərəfindən on iki boz, arıq canavar qaçırdı. Elə bu vaxt dişi canavar bayaqkı oynaqlığını və hiyləgərliyini unudaraq vəhşi ulartı ilə Tayqulağın üstünə şığıdı. Tayqulaq onu çiyni ilə itələdi, ancaq itin geriyə yolu bağlanmışdı. Tayqulaq kirşəyə çatmaq ümidini itirməmişdi. Canavar sürüsünün mühasirəsinə cumdu. Canavarlar getdikcə çoxalırdı. Dişi canavar isə itdən əl çəkmir, ondan bir addım belə aralanmırdı.
– Hara gedirsən, Bill? – deyə Henri dostunun çiyinlərindən yapışdı.
– Bəsdi! Onlar daha it görməyəcəklər!
Henri kirşənin üstündə oturub gözləməyə başladı. Görəsən, bunun axırı necə olacaqdı? Bundan başqa onun əlindən nə gələrdi ki?..
Bill gözdən itmişdi. Amma kolların və təzəcə boy atan küknar ağaclarının arasında Tayqulaq gah görünür, gah da itirdi. Henri itin vəziyyətinin çıxılmaz olduğunu anladı. İt də təhlükəni başa düşmüşdü, amma qaçır, canavar sürüsü isə kəsmə yolla yüyürürdü. Tayqulaq bu vəhşilərin cəngindən çətin qurtaraydı. Kirşəyə çatmaq üçün onları qabaqlamalıydı. Canavarlar hər an onun qabağını kəsə bilərdilər. Henri bilirdi ki, haradasa, qarın üstündə, kol-kos və ağacların arasında gizlənmiş Bill canavar sürüsü və Tayqulaqla qarşılaşacaqdır.
Hər şey bir anda oldu. Hadisənin belə tezliklə baş verəcəyini Henri heç gözləmirdi. Güllə səsi gəldi. Sonra dalbadal iki atəş də açıldı. Billin gülləsi qurtarmışdı. Elə bu vaxt zingilti, inilti və dəhşətli ulartılar bir-birinə qarışdı. Henri yaralı canavarların vahiməli səsləri arasından Tayqulağın zingiltisini də eşidirdi.
Vəssalam. Bağırtı da kəsildi. Zingilti də qurtardı. Hənirsiz çöllərin dəli sükutu yenidən başladı. Henri kirşənin üstündə uzun müddət oturdu. Hara gedəydi axı? Hər şey bəlliydi. Elə bil Billin canavar sürüsü ilə əlbəyaxa çarpışması onun gözləri önündə baş vermişdi. O, həmin dəqiqələrdə yalnız bircə dəfə yerindən qalxıb kirşədən baltanı götürdü. Sonra kirşənin üstündə oturub kədərli gözlərini bir nöqtəyə zillədi. Onun ayaqları arasına qısılmış itlər tir-tir əsirdilər.
Nəhayət, Henri yorğun-arğın ayağa qalxdı, elə bil bütün günü bədənini əzmişdilər. İtləri qoşdu. Qayışlardan birini öz çiyninə keçirtdi və itlərlə birlikdə kirşəni dartmağa başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, düşərgə saldı və bacardıqca çox quru odun yığdı. İtləri yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer saldı.
Həmin gecə Henri rahat yata bilmədi. Gözünü yummaq istəyəndə canavarlar düz ocağın böyründə göründülər. Onlar aydın görünürdülər, lap yaxındaydılar, üzük qaşı kimi tonqalı mühasirəyə almışdılar. Canavarlardan bəzisi qarın üstündə uzanmış, bəzisi çöməlib oturmuş, bir neçəsi isə qarın üstüylə sürünə-sürünə tonqala sarı yaxınlaşır, onun ətrafında hərlənirdi. Yatanları da vardı. Bu vəhşilər it kimi qarın üstündə büzüşüb arxayın-arxayın yatmışdılar. Henrinin yuxusu isə ərşə çəkilmişdi.
Henri böyük bir tonqal qalamışdı. Ona gün kimi aydın idi ki, yalnız ocağın nəhəng alovuyla özünü qoruya bilər. İtlərin ikisi də sahibin sağ-sol tərəfində oturmuşdu, Onlar Henriyə pənah gətirib son ümid yeri kimi ona sığınmışdılar, İtlər gah mırıldanır, gah zingildəyir, gah da qorxa-qorxa hürürdülər. Canavarlardan hansısa tonqala yaxınlaşanda itlərin hürüşü qalxırdı. hürüşməni eşidən canavar sürüsü hərəkətə gəlir, sıçrayıb irəli cumurdu. Nərə çəkir, ulayır, sonra yenə qarın üstünə qısılıb mürgüləyirdilər.
Sürü sürünə-sürünə tonqala yaxınlaşırdı. Vəhşilər Henrinin lap ikicə addımlığına can atır, bununla da öz ovlarını gözdən qoymaq istəmirdilər. Henri ocaqdan çubuq dartıb çıxartdı və onu canavarların üstünə tulladı. Əgər odun parçası canavarlardan birinə dəysəydi, dəhşətli nərilti və ulartı ətrafın səssizliyini pozar, vəhşilər heç olmazsa bir az geri çəkilərdilər.
Səhərə yaxın Henri yuxulu gözlərini ovuşdurub ayağa qalxdı. Yemək hazırladı. Toqqasının altını bərkitdi. Saat doqquz idi. Gün işığı canavarları qovmuşdu. Henri gecədən bəri ürəyində götür-qoy elədiyi işləri görməyə girişdi. O, cavan küknar ağaclarından qırıb onları iki qoşa, hündür ağacların arasına elə düzdü ki, sanki iki ağac arasında körpü yarandı. Sonra kirşədəki qayışları körpünün üstündən aşırıb itlərin köməyi ilə taxta tabutu yuxarı, düzəltdiyi körpü üstünə qaldırdı. Uzunsov, qapalı yeşiyi orada yerbəyer edəndən sonra içindəki mərhuma müraciətlə dedi:
– Billi parçalayıb yedilər, bəlkə məni də yedilər; amma sənə, cavan oğlan, onların dişi çatmayacaq! Bundan sonra Henri yoluna davam etdi. İndi itlərin dartdığı boşalmış kirşə yüngülcə yellənirdi. Sürət də xeyli artmışdı. Sanki itlər də insan kimi başa düşmüşdülər ki, yalnız Mək-Qerri fortuna çatanda təhlükə sovuşa bilər.
Canavarlar isə daha da ürəklənmişdilər: onlar kirşanın dalınca arxayın-arxayın, dillərini çıxarıb yortma qaçırdılar. Canavarlar lap arıqlayıb çöpə dönmüşdülər. Yalnız əzələləri zəncir kimi dartılırdı. Henri onların qarın üstüylə rahat qaçdıqlarına, yıxılmamalarına heyrət edirdi.
Henri qaranlığa düşəcəyindən qorxurdu. Günortaçağı Günəş üfüqdən boylanaraq göyün cənub qübbəsini isidirdi. Henri günəşin bu hərəkətinin xeyir gətirəcəyinə və hər şeyin yaxşılıqla qurtaracağına inandı. Günlər uzanmışdı, İlıq günəş şüaları bu yerləri qızdırırdı. Amma bu “mərhəmətli” şüalar öləziyəndə Henri dayanmalı oldu. Qaranlığa hələ xeyli vardı və hava işıqkən Henri tədarük görməyə başladı – daha çox çör-çöp, oduncaq yığdı.
Gecə düşən kimi onun canına da vəlvələ düşürdü. Canavarlar lap cürətlənmişdilər. Bir yandan da ötən gecənin yuxusuzluğu Henrini əldən salmışdı, O, adyala bürünüb, baltanı! ayaqları arasına qoydu. Tonqalın yanında oturdu. Henri özünü heç cür ələ ala bilmirdi. Gözləri qapanırdı. İtlərin ikisi də lap onun böyrünə sığınmışdı. Gecəyarısı Henri oyandı və özündən cəmi on iki fut aralıda yekə bir ağ canavar gördü. Bu canavar bəlkə də sürüdəki canavarların ən yekəsiydi. Vəhşi yavaş-yavaş, tənbəl-tənbəl gəlirdi, O, var gücüylə düz Henrinin üzünə əsnədi, sonra oğrun və hiyləgər baxışlarını əvvəl-axır yeyəcəyi öz məxsusi canlı ovunun üstündə gəzdirdi.
Bütün sürüdə belə bir məkrli arxayınçılıq hökm sürürdü. Henri təxminən iyirmi canavar saydı. Onlar gah acgözlüklə Henriyə baxır, gah da arxayın-arxayın mürgü vururdular.
Canavarlar yemək süfrəsinin başına yığılmış uşaqlara bənzəyirdilər. İşarə verilən kimi yeməyə daraşacaqdılar. Və o dadlı, yeməli şey Henri idi! O da belə düşünürdü: “Görəsən, bunlar əməliyyata nə vaxt başlayacaqlar?..” Henri ocağa çör-çöp yığa-yığa düşünürdü. İndi o öz canının dərdinə qalmışdı. Can şirin şeydi axı. Henri əzələlərini yoxlamaq məqsədilə oynatdı, barmaqlarının sirli quruluşuna xəlvəti bir maraqla tamaşa etdi. Sonra onları şaqqıldatdı; əvvəlcə bir-bir, sonra da hamısını birdən. O, gah barmaqlarını dartdı, gah da bükdü. Dırnaqlarının düzülüşünə də göz yetirdi. Bundan sonra isə barmaqlarının uclarını gah bərkdən, gah da yavaşca cımcıqlayaraq əsəblərini yoxladı, məftunluqla öz canını, bütün orqanizminin zərifliyinə inandı. Sonra ürkək-ürkək ocağın başına yaxınlaşan canavarlara baxdı… Henrinin beynində elə bil qəfildən şimşək çaxdı: sən demə bu acgöz, yırtıcı vəhşilərin sinov getdiyi şey onun möhtəşəm bədəni, şirin canı əslində dovşan və yaxud sığın əti kimi bir şeymiş…
O, mürgüdən dəhşət içində ayıldı, qarşısında sarışın bir dişi canavar gördü. Vəhşi, tonqaldan təxminən altı fut aralıda durmuşdu, qızmış gözləriylə adamı yeyirdi. Sahibinin ayaqlarına qısılmış itlər dişlərini qıcıyır, mırıldanırdılar. Amma dişi canavarın vecinə deyildi. O, adama şəhvətlə baxırdı və beləcə insanla yırtıcı arasında “baxış müharibəsi” xeyli davam etdi.
Canavarın görkəmində quduzluq yox idi. Amma onun gözləri!.. Aman Allah, bu yırtıcının gözündən şimşək çaxırdı. Henri onun üçün canlı ərzaq idi və bu canlı, yeməli şeyin görünüşü canavarın ağzının suyunu axıdırdı. Onun ağzının suyu ağ qarın üstünə damcılasa da, naməlum bir iştahla ağız-burnunu yalayırdı. Henrinin canına dəli bir qorxu düşmüşdü. O, cəld közərmiş odun parçası götürdü, amma elə bu vaxt dişi canavar geri çəkildi: görünür, canavar buna öyrəşmişdi. O vəngildədi, dişlərini qıcırdaraq ağartdı. Gözlərində yanan aclıq ehtirası quduz bir qızğınlıqla əvəz olundu. Henri karıxdı. Barmaqları közərmiş odun parçasından elə bərk yapışmışdı ki, özündən asılı olmayaraq tonqaldan aralanmışdı. Elə bu vaxt bu arıq barmaqlarının didik-didik olunacağı gözlərinin önünə gəldi.
Henri indiyə kimi canını bu qədər istəməmişdi. Onun həyatı təhlükə altındaydı.
Henri bütün gecəni özünü közərmiş odun parçalarıyla canavarlardan qorudu. O, hərdən yuxuya məğlub olurdu, bununla belə, yenə itlərin zingiltisinə, mırıltısına oyanırdı. Səhər açıldı. Amma budəfəki gün işığı canavarları qova bilmədi. Henri sürünün dağılıb getməsini nahaq gözləmişdi. Vəhşilər yenə də tonqalı üzük qaşı kimi dövrəyə almışdılar və Henriyə elə həyasız arxayınçılıqla baxırdılar ki… Səyyahın bədəni qorxudan üşüdü, buna baxmayaraq, gün işığı onu ürəkləndirmişdi.
Henri alovun müdafiəsi altından çıxıb yola düzəlmək istəyirdi ki, cürətli canavarlardan biri sürünün arasından çıxıb onun üstünə sıçradı. Amma canavar hesabı düz aparmamışdı, hədəfi boşa çıxdı. Əlbəttə, Henri cəld tərpənməsəydi, bəlkə də başqa cür olacaqdı. Canavarın dişləri onun ombasının bir neçə santimetrliyində bir-birinə dəyib şaqqıldadı. Bu dəfə bütün sürü onun üstünə cumdu. Yanan, odlu çubuqlar olmasaydı, yəqin ki, canavarlar Henriyə daraşacaqdılar.
Henri hətta günün günorta çağında da tonqaldan aralanıb odun qırmağa gedə bilmədi. Kirşənin iyirmicə addımlığında çoxlu quru küknar ağacları vardı. Henri ocağı bu ağacların yanına itələmək üçün yarım gün vaxt itirdi. O, közərən çubuqları əlində tuta-tuta özünü canavarlardan qoruyurdu. Ağaclığa çatanda ətrafa göz gəzdirdi. Çör-çöpün daha çox olduğu yeri axtardı.
Bu gecə də əvvəlki gecələrin eyni idi. Fərq bircə bunda idi ki, Henri tamam yuxuya məğlub olmuşdu. İtlərin mırıltısı, zingiltisi artıq onu oyada bilmirdi. İtlər ard-arası kəsilmədən zingildəyirdilər. Henrinin yorğun, yatmış beyni bu səslərin əks-sədasını eşidə bilməzdi.
Birdən elə bil kimsə ona zərbə endirdi və o, dik atıldı. Dişi canavar lap yaxında durmuşdu. Henri dərhal yanan çubuğu onun açılmış cəhənginə soxdu. Dişi canavar geri sıçradı, ağrıdan uladı. Henrinin burnuna isə yanmış tük, bişmiş ət iyi dəydi, Bu mənzərə Henriyə ləzzət verdi. Sonra vəhşinin başını əsdirə-əsdirə onun lap böyründə qeyzlə nərildədiyini gördü.
Bu dəfə yatmamışdan qabaq Henri közərən küknar budaqlarının bir ucunu sağ əlinə bağladı. Elə təzəcə gözlərini yummuşdu ki, əli yandı və yanmış yerin ağrısı onu ayıltdı. Beləcə, bir neçə saat davam etdi. Henri ayılanda həmin çubuqlarla canavarları qovur, ocağa təzədən çör-çöp atır və məşəldən yenə əlinə bağlayırdı. Hər şey yaxşı gedirdi; amma bir dəfə Henri məşəli əlinə pis bağladı və yuxuya gedəndən sonra məşəl əlindən düşdü.
O, yuxu görürdü: Mək-Qerri fortu. İsti, rahat yer. O, fortun rəisi ilə kart oynayır. Sonra yuxuda gördü ki, canavarlar fortu dövrəyə alıblar. Onlar düz fort qapılarının ağzında ulayır, Henri isə hərdənbir rəislə birlikdə kartı kənara tullayıb canavar ulartısına qulaq verir və onların içəri girmək cəhdlərinə gülürdü. Sonra (nə qəribə yuxu görürdü, aman Allah!) cırıltı səsi eşidildi. Qapılar taybatay açıldı. Canavarlar otağa soxuldu, Henrinin, rəisin üstünə cumdular. Qapılar açılan kimi canavarların dəhşətli ulartısı otağı başına götürdü. Yuxu nəsə başqa bir şəkil almışdı və Henri bu dəhşətli ulartının səsindənmi, ya bu qəribə yuxudanmı, heç cür baş aça bilmirdi.
Yuxudan ayılanda gördü ki, həqiqətən canavarlar nərildəyir, ulayırlar. Vəhşi sürüsü onun üstünə cummuşdu. Canavarlardan birinin dişləri onun qoluna batdı. Henri özünü tonqalın üstünə atdı və birdən hiss etdi ki, ayağında da yaralar var. Beləcə döyüş başlandı.
Qalın əlcəklər Henrinin əllərini oddan qoruyurdu. O, yanan odunları, iri gözləri ovuclarında götürüb ətrafa səpələyirdi. Tonqal püskürmüş vulkanı xatırladırdı.
Belə çox çəkə bilməzdi. Henrinin sifəti suluqlamışdı, kirpikləri, qaşları yanmışdı. Ayaqları da istiyə tab gətirə bilmirdi. O, yanan odunlardan birini əlinə götürüb dərhal tonqalın böyrünə tullamadı. Canavarlar geri çəkildilər. Ətrafa o qədər köz-kömür səpələnmişdi ki, qarın üstündən fışıltılı səslər çıxırdı. Canavarlar fışıldayan közləri tapdayır, yəqin ki, buna görə nərə çəkir, vəngildəyir və atılıb düşürdülər. Henri odun parçasını tulladı. Yanan əlcəklərini də çıxarıb qarın üstünə atdı, sonra onları söndürmək üçün tapdamağa başladı. İtlərin ikisi də yoxa çıxmışdı. Yəqin ki, onlar da Fotti və başqa itlər kimi canavarların növbəti qurbanı olmuşdular.
– Amma məni yeyə bilməyəcəksiniz! – Deyə Henri hiddətlə yumruğunu havada yelləyib canavarlara qışqırdı.
Onun səsi sürüdə bir canlanma yaratdı və onlar mehriban-mehriban ulamağa başladılar. Dişi canavar isə lap Henrinin yanına gəldi, ac, şəhvətli gözlərini insana zillədi…
Henri özünümüdafiə üçün yeni plan cızdı. Tonqaldan ayrı-ayrı ocaqlar düzəltdi və onları üzük qaşı kimi dairəvi səpələdi. Özü də qaldı ortada, adyalı ərimiş qarın üstünə sərib oturdu. İndi hər tərəfdən onu yanan ocaqlar qoruyurdu. Henri özünü alov mühasirəsində gizlətdi. Bütün sürü heyrətlənmişdi: Sanki canlı ov yoxa çıxmışdı, Təəccüblənmiş vəhşilər bu “alov üzüyü”nü dövrəyə aldılar. Hələ indiyə kimi canavarlar od-alova bu qədər yaxın durmamışdılar. İndi onlar lap itlər kimi bir-birinə qısılmış, cərgəylə “alov üzüyü”nün yaxınlığında oturmuşdular. Alovun istisindən daha qorxmadan canavarlar dişlərini şaqqıldadaraq yüngülcə ulayırdılar.
Dişi canavar çöməlib oturmuşdu, əvvəlcə o, başını yuxarı qaldırıb ulamağa başladı. Sonra canavarlar bir-bir ona tərəf gəldi, nəhayət, bütün sürü ağzını göyə tutub uladı; onlar aclıq nəğməsi oxuyurdular.
Hava işıqlanmağa başlamışdı. Səhərin gözü açılırdı. Tonqal yanıb sönmək üzrəydi. Oduncaq da az qalmışdı. Ehtiyat odun, çör-çöp yığmaq lazım idi. Henri “alov üzüyü”nün içindən çıxmaq istədi, lakin canavarlar qoymadı. Düzü, yanan odunlar canavarları geri çəkilməyə məcbur edirdi. Ancaq dəxli yox idi, daha da həyasızlaşmış vəhşilər çıxıb getmirdilər. Henri onları qovmağa çox çalışdı. Gördü ki, xeyri-zadı yoxdu. Məcbur olub yenidən “alov üzüyü”nün içinə girdi. Elə bu vaxt canavarlardan biri onun üstünə tullandı, lakin ocağın üstünə düşdü. Qorxmuş vəhşi ağrıdan dəhşətlə vəngildədi, sürünə-sürünə ocaqdan aralandı və yanmış pəncələrini qarın içində soyutmağa başladı.
Henri qüssəli-qüssəli adyalın üstündə əyləşmişdi. Beli bükülmüş, başı aşağı sallanmışdı. Mübarizə aparmağa halı qalmamışdı. Hərdənbir başını qaldırıb yanıb qurtarmaq üzrə olan tonqala yazıq-yazıq baxırdı. “Alov üzüyü” hardasa seyrəlir, bir-birindən aralı ocaqlara dönürdü. Və bu ocaqlar arasındakı məsafədən içəri girmək asanlaşırdı. Bəli, alov dilimləri qısalır, aralardakı məsafələr isə çoxalırdı.
Henri mızıldandı:
– Hə, indi məni də yeyə bilərsiniz! Heç vecimə deyil, mən yatmaq istəyirəm…
Ayılanda bircə addımlıqda gözlərini ona zilləmiş həmin dişi canavarı gördü.
Onun üçün bəlkə də saatlara bərabər olan dəqiqələr ötürdü. Henri başını qaldırdı. Deyəsən qəribə, anlaşılmaz bir dəyişiklik baş vermişdi. Elə bil yuxudaydı, ayıldı. Nəsə baş vermişdi. Əvvəlcə, Henri heç nə anlamadı. Ətrafına baxdı: canavarlar yoxa çıxmışdılar. Tapdanmış qarın üstünə düşən ləpirlər vəhşilərin Henriyə necə yaxınlaşdığını aydın göstərirdi.
Henrinin mürgülü gözləri yenə qapandı. Başı əyildi və dərhal səksənib ayıldı. Hardasa, uzaqdan insan səsi, xizək xışıltısı, it hürüşməsi gəlirdi. Çaydan üzü bəri ağacların arasında dörd qoşqu göründü. Bir neçə adam sönmüş “alov üzüyü”nün ortasında huşunu itirmiş Henrini dövrəyə aldı. Onlar Henrini silkələyir, ayıltmağa çalışırdılar. Henri onlara sərxoş kimi baxdı, sonra yuxulu, ölgün bir səslə kəkələdi:
– Sarışın canavar… İtlərin yeməyinin üstünə çıxmışdı. Əvvəlcə xörəkləri yedi… Sonra itləri… Sonra da…
Bill…
– Lord Alfred hardadı? – Deyə gələnlərdən biri Henrinin qulağına qışqırıb çiyinlərindən möhkəmcə silkələdi.
Henri yavaşca başını tərpətdi.
– Canavarlar ona dəyməyib… ağacların üstündədi, orada… Axırıncı dayanacaqda… – Ölüb?
– Hə, tabuta qoymuşuq, – Henri cavab verdi. O hirslə üstünə oyanmış adamdan dartındı.
– Əl çəkin məndən, halım yoxdur… Cecəniz xeyrə… Henrinin kirpikləri qırpıldı, yumuldu. Başı sinəsinə sallandı. Onu adyalın üstünə uzatdılar və şaxtanın ölü sükutunda ucadan xorultu səsi eşidildi.
Bu xorultuya həm də başqa səslər qarışmışdı. Uzaqdan ac canavar sürüsünün güclə eşidilən ulartısı gəlirdi. Onlar bir az əvvəl qoyub getdikləri insan əvəzinə başqa bir ov tapmışdılar; onu qovurdular.