Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ağ diş», sayfa 3

Yazı tipi:

İkinci hissə
VƏHŞİNİN DOĞULMASI

1
CANAVAR DÖYÜŞÜ

İnsan səslərini və qoşqu itlərinin zingiltisini qabaqca dişi canavar eşitdi. Sönən alov mühasirəsində özünü qoruyan zavallı insandan əl çəkib üzü yuxarı götürüldü. Yorğun sürü canlı ovdan könülsüz ayrıldı. Vəhşilər qulaqlarını şəkləyib azca ətrafı dinşədilər. Sonra dişi canavarın dalınca götürüldülər.

Sürünün başında ağ, yekə bir canavar qaçırdı. Yəqin ki, başçılardan biriydi. Sürünü də dişi canavarın dalınca o aparırdı. Hərdən başçı onu ötmək istəyən cavan həmcinslərinin üstünə diş qıcıyır, onları geri oturdurdu. Qabaqdakı dişi canavarı gözdən qoymayan ağ vəhşi də get-gedə sürəti artırırdı.

Dişi canavar sürüdən qabaqda qaçırdı, sanki bu yer əvvəlcədən onunku imiş. Guya həmişə də onunku olacaqdı. Amma onun bu hərəkəti dəstə başçısını heç də acıqlandırmırdı. Ola bilsin ki, təsadüfi bir sıçrayış dişi canavarı qabağa salmışdı. Yekə, ağ canavar dişiyə lap yaxın idi və indi onunla böyür-böyürə qaçmağa çalışırdı. Amma bu, dişi canavarın ürəyincə deyildi. O, mırıldanır, dişlərini qıcıdır, ağ canavarı yaxına buraxmırdı. Bəzən də elə qaça-qaça ağ canavarın belindən dişləmək istəyirdi. Belə hallarda başçı heç bir quduzluq göstərmir, bir az qırağa sıçrayırdı. Sonra tullanır, bütün hərəkətləri və görkəmi ilə dəlicəsinə vurulmuş sadəlövh vəhşini xatırladırdı.

Sürüyə başçılıq etməyə mane olan yeganə amil də bu idi. Əlbəttə, dişi canavarı başqa xoşagəlməz hallar da narahat edirdi. Onun sağ yanında arıq, qoca bir canavar qaçırdı. Qoca canavarın çapıq yerləri onun çox döyüşlərdən çıxdığını xəbər verirdi. Qoca vəhşi yalnız sağ tərəfdən qaçırdı. Çünki onun sağ gözü yox idi. O, təkgöz idi. Bəlkə də elə buna görə də qoca canavar sol tərəfində qaçan vəhşini həmişə sıxışdırırdı. O, aldığı yaralardan çapıq-çapıq olmuş çənəsini gah dişi canavarın böyrünə, gah belinə, gah da boynuna sürtürdü. Dişi canavar da bu “qulluğa” biganə qalmırdı. Sol tərəfdə qaçan dəstə başçısına eyni şaqqıltı ilə cavab verirdi. Elə də olurdu ki, canavarların hər ikisi eyni vaxtda ona yayxınırdı. Bu zaman dişi canavar daha qəti tədbir haqqında düşünməli olur, sürüdən geri qalmayaraq, hər ikisini birdən həsləyirdi. Belədə o, hər iki erkəyin gözünün odunu almaq üçün nərə çəkib dişlərini qıcırdırdı. Başqa vaxt olsaydı, bəlkə də bir-birinin üstünə şığıyar, döyüşəsi olardılar, amma indi sürünü girinc etmiş ən güclü hissə – aclıq hissinə belə, sevgi və rəqabət hissi qalib gəlmişdi.

Dişi canavardan aldığı zərbələrdən sonra qoca vəhşi sağ böyründə qaçan üçyaşlı cavan canavara toxunurdu. Yorulub heydən düşmüş o biri vəhşilərə nisbətən cavan canavar güclü və çevik idi. Bu keyfiyyətlərinə görə o, bütün dəstədən seçilirdi. Bununla belə, təkgöz canavardan bir az geri qalırdı. Amma ürəklənib qoca canavara yetişmək istəyəndə (bu, nadir hallarda olurdu) qoca canavar nerə çəkir, dişlərini şaqqıldadırdı. Bu zaman cavan canavar bəzən ləngiyir, geri qalır, bəzən də nəzərə çarpmadan, xəlvəti dişi canavarla qoca canavarın arasına soxulurdu. Bu əməlinə görə o, üçqat cəzalanırdı – gah dişi vəhşinin, gah qoca canavarın, gah da dəstə başçısının qəzəbinə düçar olurdu.

Cavan canavar qarşısında üç quduz vəhşini görəndə ayaq saxlayır, çöməlib tüklərini pırpızlaşdırır, dişlərini qıcırdardı. Dəstənin başında olan bu şuluqluq, təbii ki, daldakılara da sirayət edirdi. Canavarlar cavan üçyaşar vəhşinin üstünə şığıyır, onun böyür-boğazını dişləməklə öz narazılıqlarını bildirirdilər. Cavan vəhşi təhlükədə idi. Bununla belə, özünə hədsiz dərəcədə güvənir, tez-tez araya soxulurdu. Bu isə ona bədbəxtlikdən savayı bir şey gətirmirdi.

Vay o gündən ki, canavarlara ov rast düşəydi. Onda aclıq hissi sevgi və rəqabətə də qalib gəlir, onların başını qatardı. Canavarların halı yaxşı deyildi. Onlar uzun sürən aclıqdan arıqlamışdılar. Əvvəlki heyləri qalmamışdı. Sürünün arxasınca qaçanlar ən zəiflər – qocalar və cavanlar idi. Onların bəziləri axsayırdı. Güclülər qabaqda gedirdilər. Canavardan çox sür-sümüyə oxşayan bu vəhşilərin hərəkətində (əlbəttə, axsayanları saymasaq) bir damcı olsun yorğunluq hiss olunmurdu. Adama elə gəlirdi ki, onların rezin kimi dartılıb-gərilən əzələləri içində sonsuz bir qüvvət ehtiyatı gizlənmişdir. Onların bədən əzələləri beləcə ardı-arası kəsilmədən dartılıb-açılırdı.

Həmin gün vəhşilər çox qaçdı. Onlar gecələr də qaçırdılar. O biri gün də beləcə qaçdılar. Heç yerdə həyat nişanəsi yox idi. Belə şaxtalı çöllərdə yalnız vəhşilər irəliləyirdi. Həyat yalnız onların içində qaynayırdı. Bu vəhşi canlılar yaşamaq istəyirdilər. Bu vəhşi canlılar parçalamaq üçün başqa bir canlı axtarırdılar.

Canavarlar çox gəzib dolaşdılar, çayları, düzənləri ötüb keçdilər. Nəhayət, qarşılarına ov çıxdı. Onlar sığın dəstəsinə rast gəldilər. İlk ovları da yekə bir sığın oldu. Bu, əsl həyat demək idi! Bu, dadlı ət idi və daha bu əti sirli tonqalların alovları və yaxud közərmiş odun parçaları qorumurdular. Canavarlar birinci dəfə deyildi ki, belə haçalanmış iri dırnaqlarla, şaxələnmiş buynuzlarla rastlaşırdılar. Vəhşilər adi ehtiyat hisslərini və sərvaxtlığını belə unutmuşdular. Döyüş şiddətli, amma qısa oldu. Sığını hər tərəfdən mühasirəyə aldılar. Sığın iti dırnaqları ilə dəqiq zərbələr endirərək, canavarların qarnını yırtır, kəllələrini dəlik-deşik edirdi. Nəhəng iri buynuzları ilə onların sümüklərini sındırırdı. Sonra da ləhləyə-ləhləyə onları qarın üstüylə sürüyür, altına basıb əzirdi. Amma ölüm onun başının üstündə hərlənirdi. Axır ki, ayaqları gücdən düşdü və dişi canavar quduzcasına onun boğazından yapışıb yırtdı. O biri canavarlar isə harası gəldi ağız atıb onu tikə-tikə doğradılar.

Ət çox idi. Sığın səkkiz yüz funtdan çox gələrdi. Hər canavara təxminən iyirmi funt düşdü. Canavarlar heyrət ediləsi bir cəldliklə, acgözlüklə əti təpişdirdilər. Az keçmədi ki, canavar sürüsünün cənginə keçmiş o nəhəng, möhtəşəm, kök heyvandan yalnız qar üstünə səpələnmiş sür-sümük qaldı. Canavarlar qarınlarını doydurub yatdılar.

Qarınları dolu olan erkək canavarlar şıltaqlıq eləməyə başladılar. Gah küsdülər, gah dalaşdılar və təxminən günün axırına kimi beləcə oynaqlaşdılar. Sonra sürü yavaş-yavaş dağılışmağa başladı. Aclıq qurtarmamışdı. Canavarlar bol quş məskəninə gəlib çatmışdılar, hələlik sürü ilə ov edirdilər. Amma boğaz olan dişi və ya güclü sığın dəstələrinə rast gələndə çox ehtiyatlı hərəkət edir, onlardan uzaqlaşırdılar.

Günlərin birində canavar sürüsü iki dəstəyə bölündü. Dişi canavar, cavan başçı və təkgöz canavar dəstənin yarısını şərqə, Makkenzi çayına tərəf, bir az da irəli, göllərə tərəf apardılar. Bu balaca dəstə də yavaş-yavaş azalırdı. Canavarlar artıq iki-iki gəzməyə başlamışdılar. Onlardan biri dişi, o biri isə erkək olurdu. Dişi canavarın dəstəsinə girmiş tənha bir yalquzaq təkgöz tərəfindən qovuldu: nəhayət, bu balaca dəstədə dörd canavar qaldı: dişi canavar, təkgöz, ağ başçı və üçyaşar canavar.

Bu müddətdə dişi canavarın xasiyyəti çox dəyişmişdi – ona nəvaziş göstərən hər üç canavara qarşı quduzluq edirdi. Amma canavarlar öz “sevgililərinə” heç vaxt əks həmlə etmirdilər. Yalnız bellərini dişi canavarın iti dişləri altına yaxınlaşdırır, quyruqlarını bulayır, onun başına dolanırdılar. Bu hərəkətləri ilə onlar dişi canavarın qəzəbini ölçməyə çalışırdılar. Bu canavarlar “sevgililərinə” mülayimlik göstərsələr də bir-birlərini görməyə gözləri yox idi. Üçyaşar canavarın azğınlığı o birilərini lap təngə gətirmişdi. Boğuşmaların birində üçyaşar canavar qoca vəhşinin kor göz cinahından şığıyıb onun qulağını parçaladı. Amma təkgöz gəncliyə və güclü qüvvəyə qarşı özünün uzun illərdən bəri topladığı təcrübəsini, ağlını köməyə çağırdı. Onun kor gözü və zolaq-zolaq kəsilmiş sir-sifəti bu canavarın çoxillik təcrübəsindən təntənə ilə xəbər verirdi. O, çox döyüşlərdən çıxmışdı. Buna görə də indi onunçun necə hərəkət etmək barədə fikirləşmək lazım gəlmədi. Döyüş ədalətlə başladı, amma ədalətsiz qurtardı. Əlbəttə, qoca canavara cavan ağ başçı kömək etməsəydi, bəlkə də döyüşün sonu başqa cür nəticələnəcəkdi. Vəhşilər birlikdə üçyaşar canavarın üstünə şığıdılar. Üçyaşar canavar qoca canavarla başçının cənginə keçdi. Beləliklə, hər şey – ötən günlər, birlikdə ov edib parçaladıqları heyvanlar, ac qaldıqları vaxtlar unuduldu. Sanki bütün bunlar heç olmamışdı, ötən günlər keçmişdə qalmışdı. İndi onları daha dəhşətli, hətta aclıqdan da amansız, şiddətli bir hiss çulğamışdı. Bu, məhəbbət hissi idi!

Bununla belə, bütün bu ədavətin səbəbkarı olan dişi canavar qarın üstündə arxayın-arxayın oturub döyüş meydanını izləyirdi. Bu döyüş ona ləzzət verirdi. Canavarların tükləri dimdik qalxmışdı. Dişləri bir-birinə dəyir, şaqqıldayır, sonra da cavan üçyaşar canavarın bədənini didik-didik edirdilər. Bütün bunlar dişi canavara sahib olmaq istəyindən doğmuşdu.

Üçyaşar canavar ömründə ilk dəfə məhəbbət dadırdı. Amma, o öz sevgisi uğrunda həyatını qurban verdi. İndi hər iki rəqib bu cavan vəhşinin cəmdəyi üstündə durmuşdu. Vəhşilər oturub, sanki gülümsəyən dişi canavara baxırdılar. Burası da var idi ki, qoca canavar sevgi-məhəbbət məsələlərində daha ağıllı, tədbirli, təcrübəli idi. Cavan başçı çiynindəki təzə yaraları yalamaq üçün başını çevirmişdi. Onun peysəri düz rəqibinin çənəsi yanındaydı. Qoca canavar tək gözü ilə belə əlverişli şəraiti qiymətləndirməyə bilməzdi. Birdən o, güllə kimi rəqibinin üstünə şığıdı və rəqibin boğazı qoca vəhşinin cənginə keçdi. O, möhkəm bir dişdəm götürərək rəqibinin boğazındakı damarları doğrayıb tökdü və dərhal kənara sıçradı. Cavan canavar nərə çəkdi. Onun dəhşətli nəriltisi titrək öskürəyinə qarışdı. O, qan tökə-tökə, öskürə-öskürə qoca canavarın üstünə cumdu. Amma həyatı sönürdü. Ayaqları gücdən düşmüşdü. Gözləri dumanlanırdı. Zərbələri isə tamam zəifləmişdi.

Bu mənzərəni seyr edən dişi canavar hələ də dal pəncəsi üstündə oturub gülürdü. Bu döyüş onun içində dumanlı bir sevgi hissi oyatmışdı. Belə sevgi yalnız tənha şimalın sevgisi ola bilərdi. Bu sevginin faciəsini isə yalnız ölənlər bilirdilər. Əlbəttə, sağ qalanlar üçün bu, faciə deyildi – arzuların, istəklərin təntənəsi idi! Cavan canavarın leşi qarın üstünə düşdü. Təkgöz qoca qürurla dişi canavarın yanına yeridi. Qələbə sevincini əməlli-başlı dadsa da, ayıq-sayıq olmağı da yaddan çıxarmamışdı. O, qəzəblə qarşılanacağını gözləyirdi. Amma belə olmadı. Dişi canavarın ona mərhəmətlə yanaşdığını görüb heyrətləndi. Bütün bu müddət ərzində ilk dəfə idi ki, qoca vəhşiyə belə nəvaziş göstərilirdi. Dişi canavar onunla oynamağa başladı. Küçük kimi atılıb düşdü. Sonra onu iylədi. Təkgöz canavar yaşının bu “hörmətli” mərhələsini unudaraq bütün ağlını və təcrübəsini yaddan çıxarıb daha sərsəm hərəkətlər etdi: o da balaca küçüyə döndü.

Vəssalam. Bütün məğlub olan rəqiblər də yaddan çıxdı. Qar üstündə qanla yazılmış bu məhəbbət romanı da az qala unuduldu. Təkgöz yalnız bircə dəfə başını çevirib yaralarını yalayanda döyüş mənzərəsini xatırladı. Bu vaxt dodaqları hiddətlə dartıldı. Boynundakı, çiynindəki tüklər dimdik qalxdı. Pəncələrini ürpə-ürpə qarın içinə soxdu və bütün bədənini gərərək hücum vəziyyətini aldı. Bu hal bircə an çəkdi. Hər şey ötüb keçdi. Hər şey unuduldu və təkgöz onu yoldan çıxaran, işarə ilə meşəyə dəvət edən dişi canavarın dalınca yüyürdü.

Bir müddətdən sonra artıq iki vəhşi mehriban dost, qarşılıqlı razılıq əldə etmiş canavarlar kimi yanbayan qaçırdılar. Günlər ötürdü. Amma vəhşilər ayrılmaq bilmirdilər. Birlikdə ov edir, öldürür, birlikdə yeyirdilər. Çox keçmədi ki, dişi canavar özünü nəsə narahat hiss etməyə başladı. Elə bil o, nəsə axtarırdı və axtardığı şeyi heç cür tapa bilmirdi. Adətən onu yıxılmış ağacların altındakı xəlvət yerlər cəlb edirdi. Belə vaxtlarda dişi canavar çay sahili boyu sıralanmış sıldırım qayalardakı narın qar basmış yarğanlarda, mağaralarda saatlarla uzanırdı. Bu hal qoca təkgözü o qədər də maraqlandırmırdı. Amma o, itaətlə “qadınının” dalınca gedirdi. Bəzən dişi canavarın axtarışları çox uzun çəkir, qoca canavar isə qar üstünə uzanıb onu səbirlə gözləyirdi.

Onlar bir yerdə çox qalmırdılar. Bu dəfə Makkenzi çayına tərəf yüyürməyə başladılar. Çay sahili boyunca getdilər. Çayın balaca qolları üstündə hərlənən canavarlar arabir dönüb ov axtarır, sonra da qayıdıb yenə əvvəlki yerlərinə çıxırdılar. Hərdən cüt gəzib dolaşan başqa canavarlara da rast gəlirdilər. Bu görüşə heç bir tərəf sevinmirdi. Heç bir tərəf yenidən birləşmək, dəstə halında gəzməyə meyl göstərmirdi. Bəzən yolda yalquzaqlar da olurdu; erkək canavarlar idi. Bu vəhşi erkəklər məmnuniyyətlə təkgözlə onun rəfiqəsinə qoşulmaq istəyirdilər. Amma təkgöz bunun əleyhinə idi. Elə ki rəfiqəsinin erkək vəhşilərlə çiyin-çiyinə dayandığını görürdü, tüklərini pırpızlaşdırar, dişlərini qıcırdardı. Bunu görən yad canavarlar həsləyər, daldalı çəkilib uzaqlaşardılar.

Aylı bir gecə idi. Onlar sakit meşədə qaçarkən təkgöz qəflətən ayaq saxladı. O, ağzını göyə tutdu, quyruğunu qısdı. Vəhşinin burun dəlikləri qalxıb enməyə başladı. Havanı iylədi. Sonra it kimi qabaq pəncələrini qaldırdı. Nəsə onu həyəcana gətirmişdi. O, havadan gələn təzə qoxunun nədən xəbər verdiyini anlamağa çalışdı. Dişi canavar burnu ilə dostuna toxundu. Sonra irəli qaçdı. Təkgözü də öz dalınca qaçmağa məcbur etdi. Amma qoca canavarın içində narahatlıq gəzirdi. Bir az qaçandan sonra yenə ayaq saxladı. Külək təhlükəli qoxu gətirirdi. Və o, qoxunun nə demək olduğunu bilmək istəyirdi.

Dişi canavar ağaclığın dalından böyük bir talaya çıxdı. Ehtiyatla o yan-bu yana baxdı. Az sonra bütün tükləri pırpızlaşdı. Təkgöz tərəddüd edə-edə ona yaxınlaşdı. Canavarlar beləcə yanaşı dayanıb qulaq asmağa, acgözlüklə havanı iyləməyə, diqqətlə ətrafa baxmağa başladılar.

Yaxından it mırıltısı, xırıltılı kişi səsləri, qadınların söyüşməsi, uşaqların ağlaşması gəlirdi. Taladan o tərəfdə dəri ilə örtülmüş iri komalar, tonqallar və tonqalların önündən o tərəf-bu tərəfə tələsən insan siluetləri görünürdü. Havaya tüstü qalxırdı. Ancaq canavarlar hindu düşərgəsindən gələn qəribə qoxunun nədən çıxdığını hələ anlamırdılar. Bu iylər təkgöz və onun rəfiqəsinə naməlum olan şeylərdən danışırdı. Dişi canavarı qəribə narahatlıq bürüdü. O, getdikcə daha şövqlə havanı iyləməyə başladı. Təkgöz canavar isə hələ də tərəddüd içində idi. Birdən təkgöz qeyri-ixtiyari yerindən götürülüb geri döndü. Dişi canavar onu sakitləşdirmək məqsədilə burnunu təkgözün boğazına sürtdü. Sanki o, bununla təkgözü yola gətirmək istəyirdi. Sonra yenə hindu düşərgəsinə baxmağa başladı. Dişi canavarın gözlərində dərin bir həsrət gizlənmişdi. Amma bu, aclıqdan doğan həsrət deyildi. Canavar qəsəbəyə qaçmaq istəyi ilə coşub-daşırdı. O, xəlvətcə tonqalların yanına getmək, boğuşan itlərə qarışmaq, adamların himayəsində daldalanmaq istəyirdi. Təkgöz qoca hövsələdən çıxmışdı. Pəncələrini yerə döyəcləyirdi. Onun əvvəlki narahatlığı yenə qayıtdı. Dişi canavar isə ürəyində tutduğu qarşısıalınmaz, möhtəşəm ehtiyac hissinin səbəbini tapmağa çalışırdı. Sonra dişi canavar geri döndü. Təkgözlə birlikdə meşəyə sarı qaçıb ağacların arasına girdi. Bu səssiz-səmirsiz meşəyə ay işığı düşmüşdü. Onlar ayın solğun işığında kölgə kimi sürünürdülər. Sonra bir cığır tapdılar, dərhal burunlarını qarın içinə soxdular, cığıra təzə izlər düşmüşdü. Təkgöz ehtiyatlı tərpənirdi. Rəfiqəsi də onun dalınca düşmüşdü. Onların məxmər kimi yumşaq, enli pəncələri qarın içinə girib-çıxırdı. Birdən təkgöz ağ qar örtüyü üstündə nəsə başqa ağ şey gördü. Təkgöz daha sürətlə sürünməyə başladı. Onun qabağında tutqun ağ ləkə vardı.

Canavarlar ensiz tala ilə qaçmağa başladılar. Tala hər tərəfdən cavan şam ağacları ilə örtülmüşdü və buranı ay apaydın işıqlandırırdı. Bu vaxt qoca canavar gecə çarpan ağ ləkəyə yetişib onu yaxaladı. Ağ ləkə lap yaxında, lap qoca canavarın bir-iki addımlığında idi. Lakin vəhşi, onun üstünə tullana bilmədi. Çünki bu ağ ləkə dovşan idi və o, düz təkgözün başı üstündən hündürə tullandı və yellənərək havada rəqs etdi. Təkgöz qorxudan hürküb geri çəkildi, bu naməlum, canlı əşyaya qeyzlə mırıldandı. Dişi canavar isə sakitcə qabağa keçdi. Tullanıb dovşanı qamarlamağa çalışdı. O lap hündürə tullandı. Amma tuta bilmədi. Dişlərini şaqqıldatdı, yenə sıçradı, bir şey alınmadı. Təkgöz yavaş-yavaş qalxıb rəfiqəsinin hərəkətlərini izləyirdi. Nəhayət, dişi canavarın boş cəhdləri onu bezdirdi. Təkgöz daha çox hündürə tullanaraq dovşanı cənginə aldı, yerə endi. Elə bu vaxt böyürdən nəsə şübhəli bir xışıltı səsi gəldi. Təkgöz üstünə sallanmış cavan şam ağacını gördü. Çənəsi aralandı. Bu naməlum əşyadan təhlükə hiss edib geriyə tullandı. Xırıltı ilə nərildəyib dişlərini şaqqıldatdı. Tükləri dimdik durdu. Cavan şam ağacı isə dümdüz dikəldi, dovşan yenə havada yelləndi.

Dişi canavar quzğuna dönmüşdü. O, təkgözün çiynindən bir dişdəm götürdü. Təkgöz bu qəfil dişdəkdən qorxub nərə çəkdi. Sonra quduzcasına rəfiqəsinin çənəsini yaraladı. Onun belə müqavimət göstərməsi dişi canavar üçün gözlənilməz idi. O, hiddətlənib təkgözün üstünə şığıdı, nərə çəkdi. Təkgöz qoca vəhşi artıq səhvini başa düşmüşdü. Rəfiqəsindən aman istədi, amma dişi canavar dayanmaq bilmirdi. Barışmaq üçün bütün ümidlərini itirən təkgöz rəfiqəsinin dişdəklərindən qorunmağa başladı. O, başını gizlədib, gah sağ, gah da sol çiynini rəfiqəsinin cənginə verirdi. Dovşan isə hələ də havada yellənirdi. Dişi canavar pusquda duran pişik kimi qarın üstünə oturdu. Bu sirli şam ağacından daha çox öz rəfiqəsindən qorxan təkgöz təzədən havaya tullandı. Dovşanı qamarlayıb yerə qısıldı. Tək gözünü balaca şam ağacına zillədi. Ağac əvvəlki kimi yerə qədər əyilmişdi. Canavar farağat durmuşdu və indicə dəyəcək zərbəni gözləyə-gözləyə tüklərini pırpızlaşdırmışdı. Amma öz ovunu ağzından buraxmadı. Bu dəfə zərbə olmadı. Ağac eləcə əyilib qalmışdı. Canavar tərpənən kimi şam ağacı da yelləndi. Təkgöz möhkəm sıxılmış çənələri arasından mırıldadı. Elə bil ağac canavarın tərpənməyinə bənd idi. Vəhşi tərpənən kimi ağac da yellənirdi. Təkgöz hərəkətsiz qalmağı üstün tutdu. Amma dovşanın isti qanı yaman ləzzətli idi. Bu çətin vəziyyətdən təkgözü dişi canavar qurtardı. Dişi canavar onun cəngindən dovşanı aldı. Şam ağacı yırğalanıb dikələnə kimi dovşanı parçaladı. İndi ağac dümdüz qalmış, əvvəlki görkəmini almışdı. Daha onları narahat etmirdi. Canavarlar bu sehrli ağacın onlara bəxş etdiyi dadlı ovu öz aralarında böldülər.

Vəhşi canavarlara belə cığırlar tez-tez rast gəlirdi. Talacıqlarda dovşanlar atılıb düşür, adamların qurduğu tələyə ilişirdilər. Təkgözlə dişi canavar isə onları qamarlayardılar. Dişi canavar adətən həmişə qabaqda irəliləyir, tələyə düşmüş ovu birinci qamarlayırdı. O, ov etmək elmini yaxşı mənimsəmişdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺79,63
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
231 s. 2 illüstrasyon
ISBN:
978-9952-8252-9-9
Telif hakkı:
JekaPrint
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 3 на основе 1 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 3,8 на основе 6 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 3 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 1 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок