Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 10

Yazı tipi:

Böyük Turan dövləti

Turanın bəşər uyqarlığının mərkəzi olduğu və bəşər tarixində oynadığı önəmli rol böyük bilim adamları tərəfindən elmi dəlillərlə sübut olunmuşdur.

Əbülfəz Elçibəy də türklərin ana yurdu Turanın bəşər tarixində oynadığı möhtəşəm rolu dəyərləndirərək yazır: “Çağdaş tarixçilik hərtərəfli araşdırmalardan sonra belə bir sonuca gəlmişdir ki, ən qədim mədəni insan məskəni Ceyhun və Seyhun (Amudərya və Sırdərya çaylarının hövzəsi, Aral gölünün ətrafı və Turan ovalığı olmuşdur. Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Buna görə də, bir vaxtlar “Tarix Sumerdən başlayır” dediyimiz halda, indi “Tarix Turandan başlayır” deməyi tarix elmi bizdən tələb edir”. (Ebülfez Elçibey. 1997, Səh. 16)

Görkəmli türk bilim adamı Yusif Ziya Özər dövrünün arxeoloji, linqvistik və etnoloji dəlillərinə əsaslanaraq Mərkəzi Asiyanın bəşər mədəniyyətinin ilk beşiyi olduğu haqqında tezis irəli sürmüşdür. Anauda, Honanda və Kansuda aşkar edilən arxeoloji abidələrin tədqiqi göstərir ki, neolit dövrünün daş mədəniyyəti Sibirdə və Orta Asiyada meydana çıxmış və inkişaf nəticəsində metal mədəniyyətinə çevrilərək bütün dünyaya yayılmışdır. (Yusif Ziya Özer. 1932, Səh. 6)

Pumpelli öküz kultunun ilk olaraq Babildə, Hindistanda və Misirdə yaranmış olduğunu iddia edən fikirlərə qarşı çıxır və aşkar edilən qədim artefaktların bu etiqadın ilkin vətəninin heç şübhəsiz öküzün ilkin əhliləşdirildiyi Anau və ətraf ərazilər olduğunu sübut etdiyini yazır. (Pumpelli, Səh. 441)

Atın Mesopotamiyaya şərqdən turanlılar tərəfindən gətiridiyinin ən mühüm dəlili müharibə zamanı döyüş vasitəsi kimi və təsərrüfatda qoşqu vasitəsi kimi istifadə olunan at Assur mixi yazı mətnlərində “Şərqdən gələn heyvan” idoqramı ilə ifadə olunmasıdır. (Tiele C. P. Teile I, 1886, Səh. 52)

V.Koppers də Anauda bol-bol aşkar olunan at qalıqlarına görə bu mədəniyyətin türklərə məxsus ola biləcəyi qənaətinə gəlmişdir. V.Koppers vətənləri Mərkəzi Asiyada olan öntürklərin atın ilk əhliləşdirilənlər və bununla əlaqədar olaraq atlı çoban mədəniyyətinin yaradıcıları olduqlarını yazır.

O köçəri heyvan bəsləmə mədəniyyətinin əsasının İç Asiyada proto-türklər tərəfindən qoyulduğunun bir gerçəklik olduğu fikrini müdafiə edir. IV minilliyin sonlarına doğru İran yaylasında yaşayıb bilavasitə Elamla yaxın münasibətdə olan və atdan istifadə edən tayfaların türk olduqları yəqindir. Onun fikrinə görə Hind-Avropalılar iddia edildiyinin əksinə olaraq bu kültürün yaradıcıları deyil, ilk alıcılarıdır. Atın ilk əhliləşdirilməsi və bununla əlaqədar atlı çoban mədəniyyətinin yaradılması da Türklərə bağlanmaqdadır. Ata və ümumən çoban mədəniyyətinin əsas ünsürlərinə sahib olmağı Hind-Avropalılar qədim türklərə borcludurlar. (Koppers W. 2002, Türklər, C. 1, Səh. 468)

Anaunun ətrafındakı ərazilərdə ən qədim zamanlardan etibarən əkinçiliklə məşğul olunmuşdur. Qazıntılar zamanı şəhərdəki mədəni təbəqələrdən müxtəlif əkinçilik məhsulları və alətləri aşkar olunmuşdur. Anauda aşkar edilmiş e.q. 5000-ci ilə aid ən qədim buğda və digər taxıl məhsulları bu şəhərdəki “Ağ buğda” muzeyində saxlanmaqdadır. Bu tapıntılar Anau və ətraf ərazilərdə heyvandarlıq, əkinçilik və sənətkarlıqdan ibarət bir-birini tamamlayan vahid təsərrüfat sisteminin mövcudluğunu sübut edir.

Türkistanın müxtəlif ərazilərində tarixi ardıcıllıq baxımdan bir-birini əvəz edən digər qədim arxeoloji mədəniyyətlər də aşkar edilmişdir. Anauda üzərində mixi yazını xatırladan işarələr olan möhür üzük və üzərində öküz, digər heyvanlar və tanrı təsvirləri olan üzüklər aşkar edilmişdir.

Anau daxil olmaqla qədim Turan ərazisində mövcud olan Kelteminar, Namazqa, Botay, Ceytun və s. arxeoloji mədəniyyətlərini Avropa alimləri ümumu adla Okus uyqarlığı adlandırırlar.

Pumpelli Turan dövlətinin paytaxtı hesab olunan Səmərqənd şəhəri yaxınlığındakı qədim Əfrasiyab şəhəri qalıqlarında da qazıntı işləri aparmışdır. O araşdırmalar nəticəsində belə nəticəyə gəlmişdir ki, çox qədim dövrə aid olan bu şəhərin əsası iddia edildiyi kimi Makedoniyalı İsgəndər tərəfindən deyil, tarixi ənənəyə uyğun olaraq məhz Əfrasiyabın özü tərəfindən qoyulmuşdur. (Pumpelly, Səh. 320)

Anauda arxeoloji mədəniyyətinin türklərin tarixi üçün ən böyük əhəmiyyəti orda aşkar edilən qafa taslarının monqoloid irqə aid olmadığıdır. Bu kəllə sümükləri türklərin ən mühüm antropoloji özəlliklərini təşkil edən dolixokefal və Aralıq dənizi tipidir. Ön Asiyada aşkar edilən qədim insanlara məxsus qafa tasları da yumrubaş braxikefal samilərdən fərqli olaraq dolixokefaldirlar. (Pumpelly, Səh 446).

Anauda aşkar edilən 10000-9000 il öncəyə aid yüksək inkişafa malik şəhər və əkinçilik arxeoloji mədəniyyətinin aşkar edilməsi bəşər mədəniyyətinin əsasının Turanda qoyulduğu haqqında XVIII–XIX əsr və daha sonrakı dövrdə Rauilson, Oppert, Hinks, Hommel, Q.Maspero, E.Aykşdat, C.Ferqusson və digər böyük assuroloq və tarixçilərin tezislərini təsdiq etməkdədir. Turan adı skeptik düşüncə sahibi bəzi bilim adamlarının guman etdiyi kimi yalnız bir əfsanəyə ilə tarixin yaddaşına həkk olunmuş xəyal məhsulu deyil. Tarixi toponimlər həmin ərazidə yaşamış xalqların tarixi yaddaşının silinməz izlərini daşımaqdadır. Turan adı bu gün də Turan ölkəsinin qədim sakinlərinin varisləri olan Türküstanın müasir türklərdən ibarət əhalisi tərəfindən Turan ovalığı adı ilə mövcuddur və ümumdünya coğrafi xəritələrində bu adla tanınmaqdadır.

Anau arxeoloji mədəniyyəti turanlı öntürklərin yalnız köçəri vəhşi tayfalardan ibarət olduğu haqqında formalaşmış qərəzli təsəvvürləri alt üst etdiyindən sovet dövründəki arxeoloji araşdırmalara və müasir dövrdə qərb bilim adamlarının apardıqları araşdırılmalara əsaslanaraq bu arxeoloji mədəniyyətin tarixini daha gec dövrlərə aid etməklə onun gerçək tarixini saxtalaşdırmağa çalışırlar. Lakin Pumpellinin bu arxeoloji mədəniyyətin 10-cu və 9-cu minilliyə aid olduğu haqqındakı təkzibedilməz faktlara söykənərək gəldiyi sonuc bir çox bilim adamları tərəfindən təsdiq olunmaqdadır.

Z.V.Toqan Anau mədəniyyəti haqqında yazır: “Bura o dövrdəki Ön Asiyanın Sumer və Sus, güney Asiyada Hindistanın Sind çayı hövzəsindəki Mahonco-Daro və Xarappa, Uzaq Şərqdə Çinin Yuanq-şao və Mancuriyada mövcud olmuş mədəniyyətlər üçün ilk başlanğıc, mərkəz və ocaq rolunu oynamışdır”. (Z.V.Togan. 1981, Səh. 7)

Anau mədəniyyəti arilərdən çox öncəki dövrə aid olub hər hansı bir ari izi daşımadığından avropasentrizm nəzəriyyəsini rəhbər tutan müasir tarixçilər öz əsərlərində bu arxeoloji mədəniyyətə istinad etməkdən və onu xatırlamaqdan qaçınaraq onu diqqətdən kənarda tuturlar.

Turan yaylasındakı qədim arxeoloji mədəniyyətlər təkcə Anau və Türkmənistanla məhdudlaşmır.

E.q. VI minillikdə bəşəriyyətin böyük hissəsi yığıcılıq və ovçuluqla məşğul olub ibtidai həyat sürməkdə olduqları zaman Türkmənistandakı Ceytun arxeoloji mədəniyyətinə mənsub olan insanlar arpa və buğda becərir, süni suvarma sistemi yaradaraq yüksək əkinçilik mədəniyyətini inkişaf etdirir, qoyun və keçini əhliləşdirərək evcil heyvandarlıqla məşğul olurdular. Ceytunda 200 nəfərin yaşaya biləcəyi 30 böyük ev aşkar edilmişdir. Sami və hind avropalıların tarix səhnəsinə qədəm qoymasından min illər öncə turanlı öntürklərin şəhər tipli məskənlər salaraq, sənətkarlığın, əkinçiliyin və heyvandarlığın timsalında uyqarlığın yüksək inkişafına nail olmaları faktı “avropasentrizm” ideologiyası mərəzinə düçar olmuş qərbin və o cümlədən Rusiyanın elm dairələrinin ciddi narahatlığına və qeyri ciddi, elmi gerçəkliyi əks etdirməyən tezislərin irəli sürmələrinə səbəb olmuşdur.

Rus tarixçi, linqvist və arxeoloq bilim adamlarının ən çox sevdikləri nostratik hipotezidir. Nostratik dil hopotezinin əsasını danimarkalı linqvist Holqer Pedersen qoymuşdur. Bu hipotezə əsasən mənası “bizim yerli” demək olan Nostratik dil dünyanın əsas dil ailələrini, o cümlədən hind-avropa, sami, dravid və ural-altay dillərini öz tərkibində birləşdirən makrodil ailəsidir. Nostratik dilin buzlaşma dövrünün sonunda, mezolit dövründən 12–15 min il öncə meydana çıxdığı güman edilir.

Bu hipotezə əsaslanan A.Bomhard və K.Renfryu kimi avropa alimləri nostratik dilin vətəninin Asiya, yəni Anadoluda olduğunu və onu Çatal Höyük mədəniyyəti ilə əlaqələndirir və hind-avropalıların burdan Avropaya yayıldıqları fikrini irəli sürürlər. Rus-sovet alimləri V.İlliç-Svitiç, T.Qamkrelidze və İ.İvanov bu nəzəriyyəni əsas götürərək inkişaf etdirmişlər.

Rus tədqiqatçıları nostratik fərziyyəni dillərin qohumluğunu sübut edən gerçək fakt kimi qəbul etdikləri halda, qərbin bilim adamları onu yalnız bir fərziyyə hesab edərək gerçəkliyinə şübhə ilə yanaşır, bir çoxları isə ümumiyyətlə, onu rədd edirlər. Nostratik fərziyyənin ən barışmaz əleyhdarı müasir dövrün görkəmli ingilis arxeoloqu Jon Melloridir. Dünyanın görkəmli alimləri R.Dikson, L.Kempbel, C.Metisoff nostratik hipotezi qəbul etməyərək elmi gerçəkliyi əks etdirmədiyi fikrini irəli sürürlər.

Rusiyada nostratik dil hipotezinin ən barışmaz əleyhdarı türkoloq B.A.Serebrennikov olmuşdur. Jon Mellori hind-avropalıların vətənini Şərqi Avropa olduğu tezisini müdafiə edir.

Nostratik hipotezin tərəfdarları Türkistanda aşkar edilən və Ön Asiyanın qədim arxeoloji mədəniyyət nümunələri ilə bənzərlik təşkil edən artefaktların bura e.q. VII minillikdə Yaxın Şərqdən miqrasiya edən insanlar tərəfindən yaradıldığı fikrini irəli sürülər.

Rus arxeoloq Stanislav Qriqoryev nostratik dil hipotezini dəstəkləyərək bu dilin daşıyıcılarının ilkin vətəninin Anadolu olduğunu qəbul edir. S.Qriqoryev nostratik dil ailəsinə mənsub insanların tədricən şərqə doğru yayıldıqlarını və neolit dövrünün əvvəlində Xəzərin şərqindən başlayaraq Amudəryanın orta axarını əhatə edən böyük ərazidə Kelteminar mədəni topluluğunun formalaşdığını qeyd edir. Onun fikrinə görə bu topluluq mənşəyini Anadolu nostratik dil ailəsi daşıyıcılarının təşkil etdiyi şərqi Xəzərətrafı mezolit mədəniyyətinin yerli Orta Asiya İkiçayarası mədəniyyətinin çulğalaşması nəticəsində meydana çıxmışdır.

Qriqoryev bu birləşmiş mədəni topluluğun ural-altay dil ailəsinin formalaşdığı ərazi kimi qəbul edir. Bu ərazini tərk edib quzeyə Ural tərəfə miqrasiya edənlər ural-uqor dil ailəsinə mənsub insanlar olmuşlar. Qriqoryev bu dilin kökünün ümumi ünsürlərini nostratik dil dialektlərinin təşkil etdiyini, lakin altay dillərində nostratik kökün daha az şəkildə ifadə olunduğunu qeyd edir. Ural-altay dillərinin qohumluğu onların ümumi nostratik kökə mənsub olmaları ilə izah olunur. Qriqoryev nostratik dilin tərkibində ural-altay dili dialektinin əsasının Zaqros dağlarında qoyulduğunu yazır. (С.Григорьев. 1999, Səh. 329)

Nostratik hipotez tərəfdarlarının Ön Asiyadan Orta Asiyaya köçlərin baş verdiyi haqqındakı fikirlərində gerçəkliyi əks etdirən rasional cəhət mövcuddur, lakin yanlışlıq bu köçlərin baş verdiyi tarixin müəyyən edilməsindədir. Sumerlilərin və Ön Asiyanın digər tayfa və xalqlarının Orta Asiyaya və dünyanın digər bölgələrinə köçlərə məruz qalması e.q. VII minillikdə deyil, köçəri sami tayfalarının, xüsusən də amorilərin Mesopotamiyaya kütləvi axınları və sami Assur dövlətinin bölgə xalqlarını tabe etmək üçün uzun illər ərzində apardıqları dağıdıcı müharibələri səbəbi ilə e.q. 2300-cü illərdən etibarən baş vermişdir. Sonrakı bölümlərdə bu haqda geniş bəhs olunacaqdır.

Belə bir faktı da qeyd etmək lazımdır ki, Anau, Kelteminar, Botay, Namazqa, Ceytun kimi qədim arxeoloji mədəniyyətlərin mövcudluğu sübut edir ki, sumer, elam və digər etnoslara aid insan qruplarının Ön Asiyadan Mərkəzi Asiyaya təkrar miqrasiyalarından öncə Turan regionunda inkişaf etmiş yüksək mədəniyyət mərkəzləri möbcud olmuşdur. Ön Asiya ərazisindən baş verən təkrar köçlər iqlim və digər səbəblər üzündən tənəzzülə uğramış bu mədəniyyətlərin yenidən inkişafına təkan vermişdir.

Mesopotamiya və Elamda bir çox arxeoloji abidələri tədqiq etmiş Almaniyanın görkəmli arxeoloq və tarixçisi E.Herzfeld Oksus uyqarlığının, Amudərya və Sırdərya ovalığında mövcud olmuş mədəniyyətin öz yaşına və əhəmiyyətinə görə Şərqdə İnd, qərbdə Fərat və Dəclə vadilərindəki ən qədim uyqarlıqlarla rəqabət apara biləcək önəmə malik olduğunu yazır. (Ernst Herzfeld. 1941. Səh. 96)

Avropanın böyük assuroloq tarixçisi və arxeoloqlarından biri olan Henri Frankfurt Türkistanın Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanistan daxil olmaqla Xəzər dənizi və Pamir dağları arası geniş ərazilərini əhatə edən bürünc dövrünə aid Okus arxeoloji mədəniyyətinin tədqiqinə bir neçə əsər həsr etmişdir. E.q. 2300-1500-ci illəri əhatə edən bu mədəniyyət dövründə Okus (Amudərya) çayı hövzəsinin cənubunda dağ ətəyi əraziləri və vadilərdə məskunlaşan sakinlər heyvandarlıq və əkinçiliklə məşğul olaraq suni suvarma şəbəkəsi yaratmışdılar.

H.Frankfurt Okus mədəniyyəti ilə Ön Asiya və xüsusən Elam arasında sıx əlaqələrin mövcud olduğunu yazır. Okus uyqarlığı Baktriya və Zərəfşan dağlarından əldə edilən qızıl, qalay, turkuaz, lacivərd, mis, gümüş, qurğuşun kimi qiymətli faydalı qazıntılarla zəngin idi. İnd hövzəsində, İranın qərbindəki Suzda, Bəsrə körfəzi sahillərində və Suriya-Anadolu ərazisində aşkar edilmiş maddi dəlillər Okus uyqarlığının bu regionlarla geniş ticarət əlaqələrinə malik olduğunu göstərir.

Xüsusən də o dövrdə yeganə lazurit mədənin mövcud olduğu Baktriya ilə bu qiymətli daşın Yaxın Şərqlə İran üzərindən ticarəti böyük önəm daşıyırdı.

Frankfurt arxeoloji dəlillərə əsaslanaraq rus tarixçi arxeoloqlarının hind-ari mənşəli hesab etdikləri Andronovo çöl mədəniyyəti mənsublarının Okus mədəniyyətinin də yaradıcıları olduqları tezislərini yanlış hesab edir. O, Okus mədəniyyətinin mənşəyi haqqında çöl hipotezinin linqvistik və digər dəlillərə əsasən ural-altay qrupuna bağlamağın daha inandrıcı və doğru olduğu fikrini irəli sürür. (H. Frankfurt. 2005.)

Okus arxeoloji mədəniyyətində aşkar edilmiş çoxsaylı qiymətli metal və daşlardan hazırlanmış artefaktlar onun Mesopotamiya və Misirin Orta Dövr padşahlığı ilə əlaqəsini sübut edir.

Türkmənistanın Acı-quyu arxeoloji abidəsində e.q. III minilliyin sonlarına aid ilan və qartal təsvirindən ibarət amulet tapılmışdır. Amulet üzərindəki bu təsvir, qartalın üzərinə minərək tanrıdan “doğum bitkisi” əldə etmək üçün göyüzünə yüksələn Sumerin tufandan sonra ilk kralı və tanrısı olan Etana haqqındakı miflə əlaqələndirməkdədir. Həmçinin məzarda bars üzərində oturmuş qanadlı tanrıça qadın təsvirli gerb möhür aşkar edilmişdir. (Sylvia Winkelmann. 2008.)

Rus tarixçi və arxeoloqları Yamnaya və Çöl-kurqan mədəniyyətlərini hind-avropa mənşəli hesab edərək Sibirin güneyində və hətta Orta Asiyadakı Okus mədəniyyətlərinin kökünü bu mədəniyyətlərə bağlayırlar. Lakin son illər rus mütəxəssislərinin də iştirak etdikləri Beynəlxalq genetik uzman qrupunun apardıqları DNA araşdırmaları bu iddiaları təkzib etməkdədir.

Gec Mis dövründən başlayıb erkən bürünc dövrünə qədər davam edən Yamnaya mədəniyyətinin izlərini analoji dövrdə Orta Asiyada və o cümlədən Tacikistanda müəyyən etmək mümkün olmamışdır. Genetik tədqiqatlar hind-iran mənşəli heyvandar əhali qrupunun Orta Asiyaya gəlişlərini e.q. 2100-ci ildən başlayaraq Yamnaya mədəniyyətinin artıq yox olmasından sonra gerçəkləşməyə başladığını sübut edir

E.q. 3000-cü minillikdən isə atın ilk olaraq əhliləşdrildiyi Qazaxıstanın Botay mədəniyyəti insanlarının güneyə köçləri və Okus mədəniyyəti insanları ilə qarışması tendensiyası müəyyən olunmuşdur. Rus genetiklərinin də iştirak etdiyi Beynəlxalq genetika mütəxəssislər qrupunun apardığı tədqiqatlar Qazaxıstanın e.q. 3700-3100-ci illərə aid edilən Botay mədəniyyəti mənsubları ilə hind-avropalı mənşəyə malik hesab edilən Yamnaya mədəniyyəti mənsubları arasında hər hansı bir genetik qohumluq əlaqəsi müəyyən edə bilməmişdir. Qazaxıstanda və Qırğızıstanda aşkar edilmiş insan qalıqlarının DNA testi onların Yamnaya deyil, Botay mədəniyyətinin yaradıcıları insanlara mənsub olduqlarını sübut etmişdir. Atın məhz Yamnaya mədəniyyəti insanları tərəfindən əhliləşdirilməsi iddiaları onlardan yüz illərlə öncə Botay arxeoloji mədəniyyətində əhliləşdirilmiş at qalıqlarının aşkar edilməsi ilə təkzib olunmuşdur. Beləliklə, əhliləşdirilmiş atın hind-avropa mənşəli Yamnaya mədəniyyəti mənsubları tərəfindən bütün dünyaya və o cümlədən Avrasiyaya yayıldığı haqqındakı iddialar əsassız iddiadır. (Peter de B.Damgaard. Jour. Science 29 juni 2018, Səh. 360)

Genetik və arxeoloji tədqiqatlar sübut edir ki, Okus uyqarlığının əkinçi əhalisi IV–III minilliyin mis dövründə Güney Asiya və İran yaylasında əkinçi əhali təbəqəsinin yaranmasında əsas rol oynamış və Turan bu bölgəyə əhali miqrasiyasının əsas mənbəyini təşkil etmişdir. Bürünc dövründə Anadoludan şərq istiqamətində hərəkət edib Orta Asiyaya gələn əkinçi əhali qrupu burdakı Okus uyqarlığı insanları ilə qaynayıb qarışaraq mədəniyyətin yeni bir inkişafına təkan vermişdir. (V. Narasimhan. Jour. Science, vol. 365, 20199)

Hind-avropalıların ilkin vətəninin cənubi Rusiya çölləri və Ural olduğu haqqındakı fərziyyənin ən qızğın tərəfdarları olan rus alimləri bununla öntürklərin ilkin vətəni olan bu ərazilərin ruslar tərəfindən işğalına haqq qazandırmaq məqsədi güdür və bu əraziləri hind-avropalıların əzəli vətəni kimi təqdim edirlər

Rus arxeoloqları nostratik hipotezi əsas götürərək Ceytun arxeoloji mədəniyyətinin yaranmasından öncə e.q. VII minillikdə Yaxın Şərqdən Xəzər dənizi regionuna köçlərin baş verdiyini yazırlar. Onların fikrincə, bu köçmənlər əhliləşdirdikləri qoyun və keçiləri də özləri ilə gətirmişdilər. Bu insanlar mövsümi mağaralarda, o cümlədən Türkmənistanın Xəzər ətrafındakı ərazisi olan Böyük Balxanda Cəbəl və Dan-dam Çeşmə mağaralarında məskunlaşmışdılar. (Meзолитический комплекс памятника Туткуал. Русская Археология, 2015, № 2, Səh. 30–45)

Fransız tarixçisi və mifoloqu Bernar Serjan ise belə bir əsassız tezis irəli sürmüşdür ki, Ceytun arxeoloji dövrünün yaranmasından öncə e.q. VII minillikdə Yaxın Şərqdən gələn həmin insanlar sami-hami dili daşıyıcıları olmuşlar. Onlar sonradan şimal istiqamətində Qara dəniz sahillərinə doğru hərəkət edərək burda tədricən içlərində hind-avropalıların da olduğu avtoxton əhali ilə qarışmışlar. (Les Indo-Evropeens. 1995)

Halbuki tarixşünaslıqda mövcud olan ortaq baxışa görə e.q. IV minillikdə samilər hələ Ərəbistan yarımadasında vəhşi köçəri həyat sürürdülər.

Rus tarixçi arxeoloqu Pyankov türklərin Orta Asiyada mövcudluğunu hunların bu əraziyə gəlməsi ilə əlaqələndirir və bu regionun ən qədim əhalisini irandilli xalqlar olduğu fikrini irəli sürür. Qədim perslərin ilkin məskunlaşdığı ərazini cənub-qərbi İran hesab edən Pyankov fars dilinin Sasanilər dövründə, III–VII əsrlərdə, Orta Asiyanın şəhərlərində yayılmağa başladığını və burdakı yerli xalqı sıxışdırıb çıxardığını yazır.

Pyankov Orta Asiyada irandilli xalqın mövcudluğunu Avesta əfsanələri ilə əlaqələndirərək e.q. IX–VIII əsrlərdən etibarən onlara aid Ariyana adlı qüdrətli bir dövlətin mövcud olduğunu iddia edir. Guya bu dövlətin varisi isə kavi Viştaspın e.q. VII–VI əsrlərdə Bəlx vadisində yaratdığı dövlət olmuşdur. (Пьянков И.В. Журнал Восток. № 6, 1995)

Rus müəlliflərinin əksinə olaraq qərb tarixçilərinin əksəriyyəti Viştaspın və ya başqa ifadə ilə Giştaspın yaratdığı Sak dövlətini Turan dövləti, sakları isə türklər hesab edirlər.

Onu qeyd etmək lazımdır ki, bir çox müəlliflər tərəfindən iran mənşəli söz kimi qələmə verilən Orta Asiyadakı çay və şəhər adı olan Bəlx Orta Asiyanın ən qədim toponimlərindən biridir və onun iran dillərinə heç bir aidiyyəti yoxdur. Bəlx əslində Baliq demək olub, sumerdə çay tanrısının və kralın adıdır və çay anlamı daşıyır. Baliq həmçinin Mesopotamiyada çay və şəhər adıdır. Türk dillərində də, Baliq çay deməkdir.

Türkistanda qədim əkinçi arxeoloji mədəniyyətlərin hind-iranlılara aid olduğunu sübut etməyin mümkün olmadığını görən Pyankov bu mədəniyyətin dravidlərə məxsus olduğu haqqında qeyri elmi, köhnəlmiş tezisi müdafiə edir. O cənub-qərbi İranın avtoxton əhalisi olan protodravidlərin e.q. V–IV minilliklərdə qərbdən hərəkət edərək Orta Asiyaya gəldiklərini və hind-iranlılardan öncə burda məskunlaşaraq qədim mədəniyyətin əsasını qoyduqlarını iddia edir. Pyankovun yazdığına görə dravidlər arilər Orta Asiyaya gələndən sonra da burda yaşamaqda davam edirdilər, lakin onlar ya hind-arilər tərəfindən tamamilə assimliyasiyaya uğramış, ya da heç bir iz buraxmadan dağlara çəkilmişlər. (Пьянков И.В. Журнал Восток. № 6, 1995)

Halbuki elm nə linqvistik, nə də arxeoloji cəhətdən istər Ön Asiyada, istərsə də Orta Asiyada dravidlərin yüz, bəlkə də min illərlə mövcudluğunu sübut edə biləcək hər-hansı bir tutarlı dəlilə malik deyil. İstər İranın qərbində, istərsə də Orta Asiyada qədimdən məskunlaşmış irandilli xalqların nümayəndələri, hələ də yaşamaqda davam etsələr də, bu günə qədər həmin ərazidə dravid dilində danışan hər hansı bir insan toplumu aşkar etmək mümkün olmamışdır.

Orta Asiyada aşkar edilən ən qədim arxeoloji mədəniyyətlərdən biri də Qazaxıstan çöllərinin mərkəzində “Üç çayarası” adlanan Tobol, İrtış və İşim çaylarının bir-biri ilə ən yaxın məsafə təşkil edən vadilərində 1980-ci ildə aşkar edilmiş, e.q. 3500-ci ilə aid Botay arxeoloji mədəniyyətidir. Botayda atın əhliləşdirilməsi, bəslənməsi və təsərrüfat məqsədilə istifadə edilməsinin ən qədim mərkəzlərindən biri olduğu müəyyən edilmişdir. Arxeoloji araşdırma nəticəsində Botayda və onun ətrafındakı digər arxeoloji mədəniyyətlərdə 5500 il öncə insanlar tərəfindən at südündən qida kimi istifadə olunduğu sübut olunmuşdur.

Türkistanda Anau mədəniyyətinin davamı kimi dəyərləndrilən, Özbəkistanın Qaraqalpaq bölgəsində Aral dənizi ətrafında 1939-ci ildə məhşur rus-sovet arxeoloqu və tarixçisi S.P.Tolstov tərəfindən aşkar edilmiş, e.q. VI–III minilliklərə aid Neolit dövrünün Kelteminar mədəniyyətidir. Kelteminar mədəniyyətini sovet dövründə inadcıllıqla türklərə deyil, fin-uqorlara aid etməyə cəhd göstərirdilər. Lakin müasir dövrdəki linqvistik və genetik araşdırmalar sayəsində fin-uqorların tarix səhnəsinə çox gec dövrlərdə qədəm qoyduqlarını və onların bu mədəniyyətlə hər hansı bir əlaqələrinin olmadığı təkzib edilməz elmi dəlillərlə sübut olunmuşdur. Keltenminardakı oturaq əhali balıqçılıqla və ovçuluqla məşğul olurdu. Kelteminarın sakinləri 100–130 nəfər insanın yerləşə bildiyi böyük icma evlərində yaşayırdılar. VI minilliyə aid Kelteminar mədəniyyətinin aşkar edilməsi Orta Asiyanın hind-iranlıların ilkin vətəni olması haqqındakı əsassız iddiaları puça çıxarmış oldu. (С.П.Толстов. 1962.)

Türkistanın geniş ərazilərini əhatə edən Avropa arxeoloq və tarixçilərinin Okus uyqarlığı, Rus elmi dairələri tərəfindən isə Baktriya-Marqiana arxeoloji kompleksi adlandırılan qədim arxeoloji mədəniyyətin Turan uyqarlığı adlandırılması elmi məntiqə daha uyğun olardı.

Arxeoloji qazıntılar və genetik araşdırmalar R1a1 qaploqrupunun daşıyıcıları olan iranlı arilərin Cənubi Sibirdən hərəkət edərək Orta Asiyada, İranda və Hindistanda məskunlaşmalarının m.ö. 2-ci minillikdə baş verdiyini göstərməkdədir. (Клесов А. 2010, Səh. 23)

Bulqar türklərinin tarixi salnamələrinin müəllifi Baxşi İmanın “Cafqar tarixi” əsərində bulqar türklərinin qədim zamanlarda mövcud olmuş İdel dövlətini ilk Turan dövləti, Göytürklərin dövlətini isə ikinci Turan dövləti adlandırılır. Bulqar salnaməsinə görə İdel Turan dövlətinin əsası 15 min il öncə Volqa-Ural arasında 7 oğuz-türk və sak qəbilələrindən ibarət bulqar tayfa birliyi tərəfindən qoyulmuşdur. 12 min il öncə bulqarların Samar qolu Volqa-Uraldan Ön Asiyaya köçərək orda qədim Sumer dövlətini yaratmışlar. Samar-bulqarların bir hissəsi Azərbaycandan keçərkən orda qalıb məskunlaşmışlar. (Baxşi İman, 993, Səh. 11–12)

İranlıların Mərkəzi Asiyaya gələrək turanlı öntürklərin ərazilərində məskunlaşmaları tarixdə İran-Turan müharibələri adı ilə tanınan və iki irq arasında uzun əsrlər boyunca davam etməkdə olan mübarizəyə səbəb olmuşdur. Turanlı türklərin işğalçı iranlı arilərə qarşı mübarizəsi bir sıra fars və ərəb dilli qaynaqlarla yanaşı Avesta mətnlərində, Təbərinin, Məsudinin, İbn Əl-Əsirin, Firdovsinin “Şahnamə” poemasında da öz geniş əksini tapmışdır.

Tarix səhnəsinə digər irqlərdən daha gec qədəm qoymuş arilər, o cümlədən iranlılar haqqında hər hansı bir məlumata Bibliyanın yaradılış əfsanəsində rast gəlinməmişdir. Yaradılış əfsanəsinə görə Böyük tufandan sonra yeni doğulan bəşər övladının atası kimi təqdim olunan Nuh peyğəmbər yer üzünü idarə etmələri üçün üç oğlu – Yafəs, Sam və Ham – arasında bölüşdürmüşdür. Lakin hind-avropalılar öz köklərini Yafəsə bağlamaq üçün daha gec dövrlərdə onunla əlaqədar bir sıra hadisə və şəxs adları uydurmuşlar. Yaradılış əfsanəsində Türk oğlan adı ilə tanınan və türk-turan irqinin ulu əcdadı sayılan Yafəsə idarə etməsi üçün Anadoludan Çin də daxil olmaqla şərq əraziləri ayrılmışdır. Sam əfsanədə sami irqini, Ham isə həbəşləri və digər qara rəngli irqə daxil olan insanları təmsil edir. Göründüyü kimi bütün iddialara rəğmən, bu yaradılış əfsanəsində arilər təmsil olunmamışdır. Buna görə də arilər Bibliyanın yaradılış əfsanəsini təhrif edərək onun əsasında özlərinə uydurma bir yaradılış əfsanəsi tərtib etdilər. Onların bu əfsanəsində Nuh Firudinlə, Yafəs Turla, Sam isə Səlmlə əvəz edilmişlər. Farslar Hamı çıxararaq onun yerinə iranlıların ulu əcdadı kimi təqdim edilən İrəci daxil etdilər. İrəc adı isə Avestada Ariyanama veca sözünün qəsaldılmış şəklidir.

Görkəmli alman tarixçisi F.Şpiqel İranın qədim tarixinə həsr etdiyi əsərində yazırdı ki, İranlılar Avestada dünyanın yaradılması haqqında əfsanəni samilərin Bibliyada Yaradılış haqqındakı əfsanələrindən götürmüşlər. Bu əfsanənin ən qədim kökü Sumerlərə bağlıdır. Onun yazdığına görə Tufan haqqındakı Hind əfsanəsini də İran vasitəsilə Babil sami əfsanəsindən götürmüşlər. (F.Spigel. Band 1, 1871, Səh. 449–450)

İranlılar ərazilərinə işğalçı kimi gəldikləri turlara, yəni türklərə qarşı mübarizələrinə haqq qazandırmaq üçün öz əfsanələrinə ulu əcdadları İrəcin guya türklərin ulu əcdadı Tur və Səlm tərəfindən xaincəsinə öldrüldüyü haqqında uydurma bir hadisə daxil etdilər. Turan dövləti mövcud olduğu uzun dövr ərzində iranlıların davamlı axınlarına və ərazilərinə etdikləri təcavüzlərə qarşı onlarla daima savaş vəziyyətində olmuşlar. Bitib tükənməyən bu savaşlar gedişində gah bir tərəf, gah da digər tərəf üstünlük qazansalar da, fars dilli ədəbiyyat və mənbələrdə bu mübarizədə türkləri sonda həmişə məğlub kimi qələmə vermişlər. Tarixi gerçəklik də bundan ibarətdir ki, turanlı türklər mübarizə gedişində öz ərazilərinin bir qismini iranlılara güzəştə getməyə məcbur olmuşlar.

İngilis assuroloq Turanizm nəzəriyyəsinin banisi H.Rauilson yazır ki, Klassik müəlliflərin sak adlandırdıqları və Mərkəzi Asiyanın şimalına yayılmış Turan tayfaları arilər bu regiona gəlmədən çox öncələri Oksus çayının məhsuldar vadilərində məskunlaşmışdılar. Yustin də yazır ki, Baktriya dövlətini saklar yaratmışdılar. Strabon da köçərilərin həmin məhsuldar çölləri zəbt etdikdən sonra orda Sakistan adlı dövlət yaratdıqlarını qeyd edir. (Rawlinson H.C. 1912. Səh. 8, 13)

Rus-sovet tarixçisi İ.Dyakonov yazır ki, Avestanın meydana çıxmasından öncə e.ə. IX–VII əsrlər arasında Orta Asiyanın şimal ərazilərində köçəri atlı turanlı/sak tayfalarının dövləti mövcud idi. Cənub ərazilərdəki oturaq əkinçi və şəhər əhalisi isə “dahya” adlanan kiçik siyasi birliklər, icmalar və şəhər dövlətləri tərkibində birləşərək öz dövlətlərini yarada bilməmişdilər. Turan adlanan mərkəzləşmiş hərbi aristokratik dövlət təşkilatına malik atlı köçəri tayfalar Orta Asiyanın bütün ərazisini öz hakimiyyətləri altına almışdılar. Burda xaqanın hökmranlığı altında hər kəsin tabe olduğu vahid dövlət təşkilatı mövcud olduğu kimi vahid dini etiqad sistemi də mövcud idi. Tarixi mənbələrdə və Avesta rəvayətlərində arilərin ölkəsi kimi təqdim olunan Aryaşayana və onun tərkibində olan Dranqiananın turların tayfasına mənsub olan Turan padşahı Franqrasyan, yəni Əfrasiyab tərəfindən zəbt olunaraq onun ərazisinə daxil olduğunu yazılır. (И.М.Дьяконов. 1971. Səh. 142–143)

Turan dövlətinin yaranma tarixini müəyyən etməyə çalışsaq, Anauda mövcud olmuş yüksək inkişafa malik şəhər mədəniyyətini istinad nöqtəsi kimi qəbul edə bilərik. Anauda və Türkistanda ona bənzər m.ö V minilliyə aid Namazqa təpə, Qazaxıstanda m.ö. III minilliyə aid Botay, Özbəkistanda Kelteminar, Əfrasiyab kimi qədim mədəniyyət mərkəzlərinin mövcudluğu Turanda ilkin dövlət təşkilatı rüşeyminin əsasının 8–7 minilliklərdə qoyulduğunu sübut edir.

E.ə. VI–V əsrlərdə Qara dənizin şimalından Baykal gölünə qədər ərazidə böyük bir türk dövləti mövcud idi. Bu möhtəşəm türk xaqanlığı Batı və Doğu yabquluqları adı ilə iki əsas qola ayrılmışdı.

Batıdakı yabquluq qonşuları tərəfindən Sak/İskit adı ilə tanındığı halda, Doğu yabquluqu qonşuları olan çinlilər tərəfindən Hsiunq-nu adı ilə tanınırdı. Turan adlandırılan bu böyük türk xaqanlığına bir zamanlar İran dastanında Əfrasiyab, ümumi Türk dastanlarında Alp Ər Tonqa və “Oğuznamə” dastanında Oğuz xaqan adlandırılan ulu hökmdar başçılıq edirdi.

XIV əsr ərəb müəllifi Al Omari Turan tarixindən bəhs edərək yazır ki, Turan xaqanlar ölkəsidir və türklərə məxsusdur, hökmdarları Əfrasiyabdır. Turanın sərhədləri Bəlx çayından başlayıb günəşin doğduğu yerdəki əraziləri də əhatə etməklə Dunay çayına qədər davam edir. Onun quzey sərhədləri isə Qıpçaq xalqının ərazisini, Saklab, Çərkəz, Rus və Macarları və onların şimalında məskunlaşmış çoxsaylı xalqların ərazilərini əhatə edir. Turanın tərkibinə çoxlu dövlətlər, ölkələr, xalqlar və vilayətlər daxildirlər. Al Omari Qızıl Orda dövlətini də Turan dövlətinin davamı adlandırır. (Ибн Фадлаллах Ал Омари. Т 1, 1884Səh. 226)

Tarixi qaynaqlardan da məlum olduğu kimi türklərin ulu əcadadı Tur, eyni zamanda Turan dövlətinin yaradıcısı olmuşdur. Tur ulu əcdad-eponim olaraq öz adını türk ulusunun yaradıcı etnosu olan turlara vermişdir. Turların hakim etnos kimi Turan dövlətinin hakimiyyət sülaləsini təşkil etmələri haqqındakı məlumatlar kökünü Sumer və Ön Asiyanın digər qədim xalqlarının miflərinin təşkil etdiyi Avesta və digər irandilli qaynaqlarda da öz əksini tapmışdır.

Turların irandilli tayfalar olduqları haqqında əsası sovetlər dönəmində qoyulmuş qərəzli qeyri elmi tezisə uyanlar bu gün də mövcuddur.

Başqırdıstanlı araşdırmaçı B.Muratov Sovetlər dövrünün qeyri elmi qərəzli konsepsiyasına uyaraq Turları iran dilli etnos hesab edir, onun fikrinə görə hind-avropalı turların bir qrupu türkləşib türk dilini qəbul etdikdən sonra özlərini Türk adlandırmağa davam etmişlər. O yanlışlıqla öküz anlamındakı “tur” sözünü hind-avropa mənşəli və öküz mənasındakı “quz” sözünü onun türk dillərindəki ekvivalenti hesab edir. Onun fikrinə görə Türk dili köçəri iranlı tayfalar olan turların dili kimi onların altay tayfaları ilə müharibələri və evliliklər nəticəsində e.q. I minilliyin sonlarında meydana çıxmışdır. (Муратов. Б.А. БЭИП “Суюнь”. Том. 2 Май 2015, Уфа-Урал № 4 (1), Səh. 301–335)

₺253,26
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
06 ekim 2022
Hacim:
1071 s. 2 illüstrasyon
ISBN:
9789952837124
Telif hakkı:
Kohlan Publishing House
Metin, ses formatı mevcut
Средний рейтинг 4,3 на основе 3 оценок
Metin
Средний рейтинг 4 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 4,8 на основе 5 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 3 оценок
Metin
Средний рейтинг 3,7 на основе 3 оценок