Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 9
VI fəsil
Mərkəzi Asiyadakı böyük Turan dövləti
Tarixin qədim dövrlərində Turan adlı dövlətlərin və ölkələrin mövcudluğuna müasir dövrdə şübhə ilə yanaşılıb nə qədər inkar edilsə də, tarixi qaynaqlarda və qədim müəlliflərin əsərlərində dünyanın müxtəlif ərazilərində bu adı daşıyan dövlətlərin və ya ölkələr haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Böyük Turan dövləti dedikdə ilk ağla gələn Mərkəzi Asiyada bu adla mövcud olan və bir çox mənbələrdə haqqında bəhs olunan, iran qaynaqlarında Əfrasiyab, türklər tərəfindən isə Alp Ər Tonqa adlandırılan hökmdarın hakimiyyət sürdüyü dövlətdir.
Türk xalqlarının böyük mütəfəkkiri Mahmud Kaşğari türklərin vətəni olan Turanın bir cahan dövləti olduğunu dilə gətirərək yazırdı: “Tanrının inayəti ilə günəş Türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara Türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çixardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi”. (Mahmud Kaşğari. C. 1, 2006, Səh. 55)
Tarixin qədim dövrlərində Mərkəzi Asiyada Turan adlı möhtəşəm bir dövlətin mövcudluğu ilk öncə bu ölkənin qonşuluğunda yaşayan və tarix boyu bu dövlətə qarşı mübarizə aparan iranlılara məxsus qaynaqlarda öz əksini tapmışdır. İlk növbədə zərdüştliliyin dini kitabı olan Avestada, sonra Firdovsinin “Şahnamə” epik dastanında, fars şairi Dəqiqinin əsərində, Təbərinin və Məsudinin tarix əsərlərində və bir çox fars və ərəb dilli qaynaqlarda Turan dövləti, onun hökmdarları və onların ərazisini istila edən iran tayfalarına qarşı mübarizələri öz əksini tapmışdır. Turan dövlətinin əsası Tarixdə Türk oğlan adı ilə tanınan Yafəsin oğlu Tur tərəfindən qoyulmuşdur. Turu onun oğlu Başanq əvəz etmişdir. Turan dövləti öz qüdrətli dövrünü Başənqin oğlu Əfrasiyabın, yəni türklərin əzəmətli qəhrəmanı Alp Ər Tunqanın dövründə yaşamışdır. Məhz onun dövründə Turan bir dünya dövlətinə çevrilmişdir. Qaynaqlarda verilən bilgilərə görə Turan dövlətinin ərazisi təxminən 6 mln. kv/km. bir sahəni əhatə etmişdir. (www.clever-geek.github.io. Country.Turan)
Yəni hələ arilər qərbdən gələrək İran adlanan coğrafiyanın quzey-doğusunda yerləşmədən öncə Turan dövləti Sibirin güneyini, Qazaxıstan da daxil olmaqla bütün Türkistanı, Əfqanistanı, İran yaylasını və Qafqaz da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Xəzər dənizi Turanın daxili dənizi hesab olunurdu. Genetik araşdırmalara əsasən turanlı öntürklər bir etnos kimi 16 min il öncə öz ilkin vətənləri olan Sibirin cənubu və Ural dağları arasında təşəkkül tapmışlar. Onlar zaman-zaman burdan müxtəlif istiqamətlərə yayılaraq bəşər tarixinin ilk mədəni insan təbəqəsini meydana gətirmişlər.
İngiltərədə nəşr olunan “Turanlıların və Pan-Turanizmin soraq kitabı” əsərində Turan coğrafiyasının sərhədləri müəyyən edilərək yazılmışdır ki, qədim Turan Mərkəzi Asiyanı, yəni İranın şimalından Əfqanistana qədər, ordan Aral dənizinə və şərqdə Çin Türkistanının da daxil olduğu ərazini əhatə edirdi. Ural-altay dil ailəsinə mənsub etnik birliklər içərisində yalnız türklər qədim Turanda yaşamaqda davam edirlər. Həmin kitabda yazıldığına görə turanlılar Aralıq dənizinin şərqindən Yapon dənizinə və Şimal Buzlu okeanın sahillərinə qədər olan Asiyadakı geniş ərazidə məskunlaşmışlar. Turanlıların iki əsas qolu Avropaya köç etdi, onların bir qolu şimala və qərbə doğru Baltik dənizi və Atlantik okean tərəflərində, cənubda isə Budapeştə tərəf hərəkər edərək bu ərazilərdə yerləşdilər, digər qolu isə cənub-şərqə doğru gedərək Balkanların böyük hissəsində məskunlaşdılar. (A Manual oft he Turanians and Pan-Turanianism, 1920, Səh. 13, 14)
Öntürklər bir etnos olaraq ilk öncə Cənubu Sibir də daxil olmaqla Volqa-Ural bölgəsində təşəkkül taparaq Turan birliyinin ilk rüşeymini yaratmışlar. Sonra tədricən güneyə doğru yayılaraq Aral və Xəzər dənizi arasındakı ərazilərdə hind-arilər bura qədəm qoymadan min illər öncə məskunlaşmış, Böyük Turan adlanan vətənlərinin mərkəzinə çevirmişlər. Genetik və arxeoloji araşdırmalar nəticəsində də məlum olduğu kimi bəşər mədəniyyətinin ilk rüşeymləri XI–X minilliklərdə Böyük Turan adlanan bu mərkəzdə yaranmış və burdan yer üzünün digər ərazilərinə yayılmışdır. İlkin bəşər mədəniyyətinin yarandığı qədim tarixi dövrdə ari və sami irqləri hələ tarix səhnəsinə qədəm qoymamışdılar.
XX əsrin əvvəllərində yaşamış Alman antropoloqu Egon Eykştadt Turanı, yəni cənubi Sibiri turanlıların ilkin vətəni və bəşəriyyətin dinamik inkişafının əsas hərəkətverici qüvvəsi hesab edir.
Turan çölləri dinamik inkişafın mərkəzi idi. Bu bozkırın yaşayış alanı kimi təkcə bioloji özəlliklərinin deyil, həmçinin orda əhali artımının sosial psixoloji özəlliklərindən də irəli gəlirdi.
E.Eykstadt turanlıların ilkin vətəni və onların yer üzərində məskunlaşması hadisəsini təfərrüatlı şəkildə təsvir edir: “Tarım hövzəsi və Asiyanın yüksək ovalıqları qədimlərdə olduğu kimi bu gün də turanlıların yurdudur. Turan indiki Türkmənistan və Qazaxıstanın yerləşdiyi ərazidir”. (Egon Eikstedt, 1834, Səh. 282)
Turan ərazisi təkcə mərkəzi Asiyanı əhatə etmirdi, hind arilərdən öncə Hindistan ərazisi də qədim dövrdən etibarən turanlıların məskunlaşdıqları əraziyə daxil idi. Biruni Hind yarımadasının cənubundakı körfəzin Turan dənizi adlandığını yazır. (А.Бируни, 1963, səh. 196)
Aral-Xəzər və Qaradəniz hövzəsinin yaşayış üçün əlverişli əraziyə çevrilməsi və turanlıların bu əlverişli şəraitdə inkişafı onların yaşayış və fəaliyyət alanlarının durmadan qərbə doğru genişlənməsinə və yeni ölkələrin meydana çıxmasına səbəb olurdu. Aral dənizi və Ural dağları arasındakı ərazi qərbə doğru uzanan təbii körpü və yol rolunu oynayırdı. Quraqlıq, toz tufanları və bunların nəticəsində baş verən qıtlıq heyvandar köçəri xalqları daima hərəkətdə olmağa, yer dəyişməyə, daha əlverişli şərait axtarmağa sövq edirdi.
Görkəmli Fransa tarixçisi Maspero türklərin Ergenekon əfsanəsinin güman edildiyindən daha qədim dövrləri əks etdirdiyi fikrini irəli sürmüş və turanlıların dünyaya yayılmasını bu əfsanə ilə əlaqələndirmişdir. Pamir dağlarından şimalda Altay dağlarının arasında sıxışıb qalmış türklər əfsanəyə görə dəmir dağı əridərək xilas olmuş, onların bir qolu qərbə doğru hərəkət edərək müxtəlif ərazilərə və o cümlədən Avropaya yayılmışlar. Metalın və digər filizlərin dağ süxurlarının üst qatlarında yerləşmiş olduğu Altay dağlarında mədənçilik fəaliyyəti ilə məşğul olan turanlılar zərgərlik sənətini də tezliklə mənimsəyərək bu sənətlərin Xaldeydə (Sumerdə) əsasını qoydular. Bu ölkədə aşkar edilmiş qədim məzarlarda çoxsaylı qızıl, bürünc, dəmir əşyalar: qolbağı, sırğa, bıçaq, balta, dəryaz tapılmışdır. (Gaston Maspero. 1876, Səh. 135, 141)
Maspero kimi Lenorman da türklərin qapanmış olduqları dar vadidən dəmir dağı əridərək xilas olub azadlığa çıxdıqlarını əks etdirən Ergənəkon əfsanəsinin kökünün türkütlərin meydana çıxdığı ilkin orta əsrlər dövrünə deyil, daha qədim dövrlərə, dəmirin kəşf edildiyi dövrə aid olduğunu qeyd edirdi. Türklərdə olduğu kimi Turan irqinə mənsub olan finnlərin də dini inanclarında metalla əlaqədar miflər mühüm yer tuturdu. (Lenormant F. 1877, Səh. 366)
Görkəmli İtalyan arxeoloqu və paleontoloqu Françesko Molon da Ural-Altay bölgəsini Turan adlandırır və Buzluqların əriməsi ilə turanlıların öz yurdlarını tərk edərək şimaldan cənuba doğru hərəkət etdiklərini yazmışdır. Asiyanın böyük hissəsi bəşəriyyətin ikinci böyük əhali qrupunu təşkil edən Turan irqinə məxsus idi. Onlar Cənuba doğru hərəkət edərək bir qolu Himalaydan şərqə, Hindistan və Ərəbistana doğru, digər qolu isə İran üzərindən Qafqaza və daha irəliyə doğru hərəkət edərək həmin əraziləri məskunlaşdırmışlar. Turan irqinin digər bir qolu Ural dağları üzərindən batıya və güney-batıya doğru hərəkət edərək Avropaya gəlmişlər. (Francesco Molon. 1880, Səh. 16, 19)
F.Molon heyvanların ilk olaraq turanlılar tərəfindən əhliləşdirildiklərini və Ural və Altay arasında yaşamış turanlı xalqların əhliləşdirmiş olduqları ev heyvanlarını da özləri ilə məskunlaşmış olduqları yeni ərazilərə gətirdiklərini xüsusi olaraq qeyd edir. (Francesco Molon. 1880, Səh. 22)
Klaprota görə dünyanın ən qədim xalqlarından olan türklərin yayıldıqları ərazi güney-batıda Adriatik dənizindən başlayıb, quzey-doğuda Lenanın Buzlu okeana töküldüyü ərazini əhatə etməkdədir. Buzların əriməsi ilə başlanan Böyük tufandan sonra türklər indi başları əbədi qarla örtülü Böyük Altay dağlarından yenərək güney-doğu və güney-batı istiqamətindəki ərazilərə yayıldılar. Onlar çox erkən dövrlərdə Çin sərhəddi ərazilərində məskunlaşmışdılar. Çinlilər onları Hyunq-nular adlandrırdılar. (Klaprot J. 1823, Səh. 225)
Yuxarıdakı şərhlərdən də göründüyü kimi Ön türklər bir etnos kimi təşəkkül tapdıqları və tarixçilərin 1-ci Turan adlandırdıqları Cənubi Sibirdən tarixin sonrakı dönəmlərində güneyə doğru Aral dənizi, Amudərya və Sırdərya çaylarının iqlimi daha əlverişli və yaşayış üçün daha münasib vadilərinə yayılaraq burda ilkin bəşər mədəniyyətinin rüşeymlərini yaratmış, ilkin şəhər mədəniyyətinin, əkinçiliyin əsasını qoymuş və heyvanların əhliləşdirilməsinə nail olmuşlar.
Mərkəzi Asiyanın bu əzəmətli Turan ölkəsinin sakinləri sonradan malik olduqları mədəniyyət ünsürlərini, əkinçilik vərdişlərini, heyvan bəsləmə və metalçılıq səriştəsini özləri ilə köçlərə məruz qalaraq məskunlaşdıqları yeni ərazilərə daşıyaraq orda yeni mədəniyyətlərin təşəkkül tapmasına səbəb olmuşlar.
Turanlıların ən qədim dövrlərdən öz yurdlarını tərk edərək müxtəlif isiqamətlərə və o cümlədən İran üzərindən batıya doğru yönəlmələri Amerikanın Nyu Hempşir Universitetindən İtalyan-mənşəli arxeoloqu R.Pumpellinin Anauda və ətraf ərazilərdə aşkara çıxardığı qədim arxeoloji mədəniyyətlərlə də sübut olunmuşdur. Turanlıların və eləcə də bəşəriyyətin indiyə qədər aşkar edilmiş ən qədim şəhər mədəniyyəti Türkmənistan ərazisində 1904-1908-ci illərdə arxeoloq Pumpelli tərəfindən araşdırılaraq öyrənilmiş Aşqabadın 8 km. Anau ərazisindəki şəhər mədəniyyətidir. Anau adını fars dilində Abe-nav (Yeni su) və ya “yeni yer” kimi izah edib onun kökünü iranlılara bağlamağa çalışsalar da, bu yaşayış məskəninin adı qədim zamanlardan türkcə Ana öy (ana ev) şəklində mövcud olmuşdur. Anau Türkmənistanın güneyində mövcud olmuş ən böyük qədim iqtisadiyyat, mədəniyyət və ticarət mərkəzi olaraq şəhərin və onun ətrafında məskunlaşmış əhali tərəfindən “Ana ev” adlandırılmışdır.
Pumpellinin irəli sürdüyü “Oasis teori” yəni “Vahə nəzəriyyəsi”nə görə tarix öncəsi ilk uyqarlıqlar məhz münbit torpaqların, rütubətin və bol suyun mövcud olduğu böyük çayların vadilərində yaranmışdır.
Avropanın və Asiyanın quzey ərazilərini əhatə edən buz qatlarının əriməsi nəticəsində əmələ gələn sel suları böyük çaylar şəklində guneyə doğru axaraq Batıda Mesopotamiya adlanan Zaqros dağları ilə Aralıq dənizi arası əraziləri, doğuda isə Turan ovalığı adlanan əraziləri öz suları ilə doyuraraq yüz illər ərzində davam edən proses nəticəsində bol rütubətə malik əkinçilik üçün əlverişli bərəkətli-münbit torpaqlara çevrilməsinə şərait yaratmışdılar. Nəticədə tarix öncəsi adlanan çağda bir-birindən uzaq məsafədə yerləşən bu iki ərazi bəşər uyqarlığının iki önəmli mərkəzlərinə çevrilmişlər. Lakin mövcud əlverişli şərait ilkin uyqarlığın ilk öncə Amudərya və Sırdərya çaylarının vadilərində yerləşən Turan vadisində yaranmasına səbəb olmuşdur.
Anau və onun ətrafında yerləşən qədim arxeoloji mədəniyyətlər də, məhz Amudərya və Sırdərya kimi nəhəng çayların suvardığı geniş vadiləri əhatə edən Turan ovalığında yerləşirdi.
R.Pumpelli Anau arxeoloji mədəniyyətinin tarixi ilə əlaqədar yazırdı: “Anau qazıntılarında aşkar etdiyimiz mədəni qatlar insan tarixinin 10 min il öncəki dövrünü əhatə edirdi. Anau vadisi coğrafi landşaft baxımından 10 min il ərzində sabit qalmışdı və xarabaların yerləşdiyi ətrafdakı torpaqlarda da əkinçilik fəaliyyəti davam edirdi”. (Pumpelly R. 1908, Səh. 320)
Pumpellinin nəzəriyyəsinə görə bəşəriyyətin ilkin mədəniyyətinin beşiyi Turandır. Bəşər mədəniyyətinin ilk rüşeymi məhz Amudərya və Sırdərya vadilərində yerləşən Turan ovalığında yaranmış və bu mədəniyyətin daşıyıcıları olan ilk mədəni insanlar çeşidli səbəblər üzündən öz yerlərini tərk edərək müxtəlif ərazilərdə məskunlaşmış, onların bir qolu da Mesopotamiyaya gedərək orda yerləşmiş və burda möhtəşəm Sumer mədəniyyətinin əsasını qoymuşlar.
Pumpelli bəşər uyqarlığının əsası 10-9 min il öncə Anauda qoyulduğunu sübut etmişdir. Əkinçiliyin, sənətkarlığın və heyvanların əhliləşdirilməsinin əsası Anauda qoyularaq inkişaf etdirildiyi bir dövrdə yer kürəsinin digər ərazilərində insanlar hələ ibtidai ovçuluq və yığıcılığın hakim olduğu ibtidai icma qruluşu dövrünü yaşamaqda davam edirdilər. Anau arxeoloji mədəniyyətini dərindən araşdırıb onu dünya elminə tanıdan Pumpelli Sumer mədəniyyətinin kökünün Anauya bağlı olduğunu sübut etmişdir. Turan ovalığında aşkar edilmiş qədim arxeoloji mədəniyyət təkcə Anau ilə məhdudlaşmır, 2000-ci ilin başlanğıcında Amerika arxeoloqları Pensilvaniyanın arxeologiya və antropologiya muzeyinin professoru Frederik Hibertin rəhbərliyi altında və Rus arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Anauda və Türkistanın çeşidli bölgələrində, o cümlədən Türkmənistanın və Özbəkistanın müxtəlif ərazilərində Anau mədəniyyətinin davamı olan və e.q. 6000-4000-cü minilliklərə aid bir çox qədim yaşayış məskənləri aşkar edilmişdir. Arxeoloqlar Anauda üzərində yazı işarələri olan və təxminən e.q. 2300-ci ilə aid olan çox dəyərli bir möhür aşkar etmişlər.
Lakin həmin yazı nə Mesopotamiya, nə Misir və Çin yazılarına bənzəməməkdədir. Burdan belə bir nəticə hasil olur ki, Anauda yüksək inkişafa malik müstəqil bir uyqarlıq mövcud olmuşdur.
Pumpelli Anauda aşkar edilən müxtəlif dövrlərə aid at qalıqlarına əsasən atın məhz Anauda və ya onun ətrafındakı ərazidə əhliləşdirildiyi fikrini irəli sürmüşdür. Anauda tapılan möhürün üzərində Sumer ərazisindəki kimi Öküz başını təsvir edən üçbucağın üzərində iki qısa xətli idioqram əks olunmuşdur. Anau əhalisinin istifadə etdikləri əkinçilik və heyvandarlıq forması Mesopotamiyada olanla eyniyyət təşkil edirdi. Saxsı qabların forması və üzərindəki naxışlar da Sumer mədəniyyətinə xas xüsusiyyətlərə malik idi. Bütün bunlar Anau şəhər dövləti ilə Sumer arasında sıx bağlılığın mövcudluğunu sübut edirdi. Anaunun sakinləri Sumerdə olduğu kimi çayların istiqamətini dəyişdirərək mürəkkəb suvarma kanalları şəbəkəsi yaratmaqla əkinçilik mədəniyyətinin yüksək inkişafına nail olmuşdular.
Divarlarının uzunluğu 92 metrdən 152 metrə qədər olan bir-birindən yüz metr aralı çoxsaylı monumental binalarda yüzlərlə insanın yerləşə biləcəyi çoxsaylı otaqlar mövcud olmuşdur. Anau bütövlükdə böyük bir şəhər kompleksindən ibarət idi.
Pumpellinin gəldiyi nəticəyə görə Anau tayfalarının bir qismi quraqlıq səbəbi ilə batıya doğru köçləri zamanı əkinçiliklə məşğul olanlarla birlikdə əhliləşdirdikləri heyvan növlərini o cümlədən öküzü m.ö. 6000 mininci ildə Ön Asiyaya, ordan Misirə və Afrikaya, Qafqaz üzərindən isə Avropaya apararaq orda yayılmışdır. O Çin xronologiyasına əsaslanaraq Anauluların Hindistana və Doğu Asiyaya m.ö. 3468-ci ildə köçlərə məruz qaldıqlarını yazır. (Pumpelly R. 1908, Səh. 440)
Atın məhz Turandakı Anauda əhliləşdirilməsi və dünyanın digər bölgələrinə burdan yayılması Mesopotamiyadakı mixi yazı mətnlərində də işarələr var. Bu mətnlərdə at “şərqdən gələn heyvan” adlandırılır.
Anau və onun kralı Kuranq
Mərkəzi Asiyadakı konfederativ Turan dövlətinin tərkib hissəsini təşkil edən Anau dövləti və onun hökmdarı Kiranq haqqındakı məlumatlar Hind Riqveda epopeyasında da öz əksini tapmşdır.
Riqvedada Şəfəq və günəş, ildırım və tufan, göy və yer, dəniz və od tanrılarına ithaf olunmuş minlərlə himn öz əksini tapmışdır. Həmin himnlər hindlilərəqədərki tarixi dövrə aid olub e.q. 1500-cü ildən sonrakı dövrün sərhəddini aşmamaqdadır və orda əks olunan hadisə və anlayışlar tarixi-astronomi hesablamalara görə e.q. 2500-ci ilin tarixindən etibarən baş vermiş olayları əks etdrir. (Brunnhofer Hermann. 1893, səh. 1)
Veda himnlərinin mənşəyi sanskrit arilərin beşçay hövzəsinə, yəni Pəncaba gəlmələrindən ən azı min il öncəyə aiddir. Vedaların sanskrit ariləri Pəncabın quzey-batısı tərəfdən İranın yüksək dağ yaylaları və Kabul dağ silsiləsi üzərindən keçərək gəlmişlər. Veda himnlərində əks olunan hadisələr, şəxslər və yerlər onların keçib gəldiyi Turanın və həmçinin İranın tarixi-coğrafi xüsusiyyətləri baxımından izah edilə bilər. Vedalarda bəhs olunan dəniz Qırmızı dəniz və şərqdə yerləşən Benqal körfəzi arasındakı dəniz sahəsini nəzərdə tutur. (Brunnhofer Hermann. 1893, Səh. 5)
Hind-avropalı bilim adamları tarixi dəlillərə məhəl qoymadan ciddi-cəhdlə hind-arilərin vətənlərinin Xəzər dənizi və Aral dənizi ilə əlaqələndirməyə çalışırlar. Lakin vedalarda aydın şəkildə yazıldığına görə hind-arilər qərbdən gəldikləri zaman öncə beş çayın töküldüyü bir dənizin ətrafında məskunlaşmışdılar. Bu dəniz isə əslində İran və Əfqanistan sərhəddində yerləşən böyük Hamun gölüdür. Hamun gölü böyük göllər sistemidir və onların bir qismi duzlu digər hissəsi isə şirin suludur. Hilmend, Farahrud, Haşrud, Harutrud və Rudhanə kimi beş çay Hamun gölünə tökülür. Hamun gölünün ortasında Vedalarda Çakavidra adlanan Sakistan ölkəsi yerləşir. Ondan cənubda isə paytaxtı Quzdar olan Turan ölkəsi və dövləti mövcud olmuşdur.
Riqvedada bəhs olunan veda çarı Kurunqa Şahnamədə adı keçən hökmdar Kurenqdir. Riqvedadaki himndə Kanva şairi Devatithi ona yüz rosso bəxş etmiş Anav kralı Krunqanın səxavətindən bəhs edir. Alman iranşünası Şpiqel Anav kralı Krunqanı Zabul kralı Kurenq ilə eyniləşdirir.
Brunhofer Kurenq adının vedaların ruhuna uyğun olmadığını yazır. Lakin Riqveda aydın şəkildə deyir ki, Kurunqa Anavın kralıdır. Coğrafiyaçı İsidor Xaraks Anavın İranın şərqində yerləşdiyini yazır.
Anav kralı Kurunqa adının türkcə anlamı qoruyucu, himayə edən deməkdir. Brunnhofer öz əsərini yazdığı zaman Anau şəhəri hələ arxeoloqlar tərəfindən aşkar olunmamışdı və həmin dövrün tədqiqatçıları Anavı İranın şimal-şərq əraziləri və indiki Əfqanistanın Zabul bölgəsi ilə eyniləşdrirdilər.
Brunhofer Mahabharatadakı Kuranq dağ adını Karatay çay adı ilə eyniləşdirir. Hindistandakı Karatoya çay adı İrandakı Kutrunqa dağ adından meydana gəlib ki, bu da Zabulu göstərir. Əgər Karatoya çay adı Zabulu və onun ətrafına aiddirsə onda onu Karot adından ayırmaq mümkünsüzdür.
Brunhofer yazır ki, mən Karatoya adını Turan xalq etimologiyasına uyğun olaraq Karasu adı ilə eyniləşdirirəm. (Brunnhofer Hermann. 1893, səh. 31)
Şahnamə bizə Zabul kralı Kurenq haqqında bəhs etdiyi zaman, əslində, onun Anav kralı Kurunq olduğunun coğrafi istiqamətlərini təyin etmiş olur.
Anonim “Tarixi Sistan” əsərində Kuranq Gərşaspın oğlu, Cəmşidin nəvəsi və Turun nəticəsi kimi təqdim olunur. Gərşasp Firudinin əmisi oğludur. Kuranq adı bir çox mənbələrdə Turank şəklində yazılır, bu da Türk adının təhrif olunmuş şəkli ola bilər. Turank Sakların ulu əcdadı Gərşaspın oğlu kimi təqdim olunur. Kuranq 30 il ömür sürmüş və Sakistan taxtına oğlu Nəriman sahib olmuşdur. Gəştasp isə özünü dini təlimə həsr etmişdir. “Tarixi Sistan”da Sistan adının əslində Siyustan və mənasının “cəsur kişilər ölkəsi” demək olduğu yazılmışdır. Suy adı Sakların əsl adları olan Su və Say adının ifadə şəklidir. (Тарихи Систан. М. 1974)
Brunhofer Şahnamədə bəhs olunan Mazəndaranın hökmdarı Auladın əslində Riqvedada bəhs olunan İranın şimal-qərb ucqarındakı kral Aulana olduğunu müəyyən etdiyini yazır və Aulana adının qurdun epiteti olan “ula” adı ilə əlaqədar olduğunu ehtimal edir və yazır ki, əgər biz “ula” adının mənasını qurd olduğunu qəbul etsək o bizi birbaşa Avestadakı “qurdlar ölkəsinə” Vehrkana, Hirkani yə-Mazandarana gətirib çıxaracaq. Hirkaniyanın kralı Aulan Keykavusa qarşı savaşan və Rüstəmin xidmətində duran “Ağ Dev”, yəni Devu-safeddir. Riqvedada fars adı “parçavah” şəklində ifadə olunur. “Prithu-Parçavah” isə parflar və farslar deməkdir. (Brunnhofer Hermann. 1893, səh. 32)
Kral Abyəvarti-Abivərd Şirinçayanın zirvəsində Turvaşa Vrikivanti məğlub etmişdir. Riqvedada Turvaşa adı istisnasız olaraq hər zaman Yadu və ya Yakşu ilə birlikdə ifadə olunur. Onlar mənşə etibarı ilə turanlılar idilər və arilərlə qonşuluqda yaşayırdılar.
Varçin və Vrika sözləri qurdlar ölkəsi Vehrkənanın sakini deməkdir. Turvaşalar-türklər Vehrkəniyə, yəni qurdlar ölkəsində yaşayırlar. Turvaşa adının kökünü Tus sözü təşkil edir. (Brunnhofer Hermann. 893, səh. 41)
Riqveda himnində yazıldığına görə Xorasanda yerləşən Abivərdin kralı Kəyamana Şirinçaya zirvəsində Turvaşa və Hirkanilərin birləşmiş qoşununu məğlub etdi. Riqvedada hind arilərin rəqibi Turvaşa-Yadu ümumi adla Nahus və ya Naqunun xalqı adlanır. Nahus/Naqa bu beş xalqı idarə edən hökmdar idi. Riqvedada turanlılar Nahuşa adlanan beş xalqdan ibarətdir: Turvaşa, Yadu, Druhyu, Anu, Piru. Bu xalqlar birliyinə Turvaşa-Yadu tayfaları başçılıq edir. Bütün bu qüdrətli gücə sahib olanlar özlərini Nahusa adlandırırdılar. Bu adın digər deyiliş şəkli Naqa-Naqus sözünün anlamı “Göyüzü” deməkdir. Əhəməni kralı Kserks də özünü kitabəsində naqa-naqus adlandırırdı. Bu kral hakimiyyət titulu idi. (Brunnhofer Hermann. Leipzig, 1893, Səh. 49)
Bu beş Turanlı xalqın vətəni Hirkaniya idi. Naqalar Hind Sanskrit ədəbiyyatında İlan xalqı adlandırılır və Avestada olduğu kimi onlar hind-ari deyil, Turanlı xalq kimi təqdim edilir.
Riqveda mətnlərində Turanlı xalqların Hindistanda hind-arilərdən öncə hökmran olduqlarını öz əksini tapmışdır.
İlan/Naqa hakimiyyət tritulu bir çox mənbədə qeyd olunduğu kimi midiya hökmdarlarının hakimiyyət titulu idi.
Riqvedanın qəhrəmanlıq rəvayətinə görə beş Turan xalqının idarə edən kralı Nahuşa ilk zamanlar yer üzərində ədalətlə hökmranlıq edirdi. Lakin sonradan o yolunu azaraq tanrılara qarşı baş qaldırdı və onları öz yerlərindən qovdu. Bundan qəzəblənən tanrı Aqastya onu lənətlədi və on min il ilan kimi yerə sərilərək yaşamağa məhkum etdi. Nahus və ya naqus böyük kral anlamı daşıyırdı.
Riqvedanın Mandala himnində Nahuşanın hazırlayaraq şöhrətləndirdiyi ilahi Saoma içkisi beş xalqın arasında böyük təsir gücünə malik idi. Turvaşa, Yadu, Druhyu, Anu, Pürudan ibarət bu beş xalq Hindistanın ən şimal-qərb ərazilərində köçərilik edən xalqlardı. (Brunnhofer Hermann. 1893, səh. 50–51)
Turanlıların İlan surətində təsvir olunan tanrı-kralı Nahuşa/Naqa Riqvedada yazıldığına görə yer üzünün hökmdarı olmuşdur, yəni hind-iranlılar tarix səhnəsinə qədəm qoymadan öncə Turanlılar yer üzünün hökmran xalqı idilər.
Riqveda rəvayətlərindən aydın olur ki, iranistlər tərəfindən ciddi-cəhdlə iranlı arilərin müqəddəs içkisi kimi təqdim olunan xaoma içkisi əslində şaman etiqadı ilə əlaqədar Turanlı tayfalara məxsus ritual içki olmuşdur.
Bu əfsanədən də göründüyü kimi Avestada iranlı arilərin Turan ərazisində yerləşməsinə türklər necə qarşı çıxırdısa, Riqvedada da yerli Turanlı xalqlar işğalçı hind-arilərin Hindistanda yerləşməsinə qarşı şiddətlə müqavimət göstərir və bu səbəbdən də, turanlılar ilanla eyniləşdrilir.
Riqvedada yazıldığına görə Turvaşa-Yakşu, Anava, Druhyu, Puru və Şiqru xalqları kral Bhedanın başçılığı ilə hücum edərək Pəncabı işğal etmişlər. (Brunnhofer Hermann. 1893, Səh. 132)
Anaulu boylar müasir dövrdə Türkmənistanda türkmənlərin çox qədim köklərə malik özəl etnik qrupunu təşkil edir. Anaulular digər türkmən boylarından fərqli olaraq özlərini Türkmənistanın güneyində qədim Anau şəhəri və ətrafında məskunlaşmış ən qədim sakinlər hesab edirlər. Anaulular öz etnoqrafik xüsusiyyətlərinə görə bir çox cəhətdən digər türkmən boylarından fərqlənirlər. Onlar bölgədə əkinçiliklə məşğul olan ən qədim sakinlərdir. Anaulular digər türkmən boylarından fərqli olaraq heç zaman çadır-yurtlarda yaşamamışlar, onların yaşayış məskənləri palçıq kərpicdən tikilmiş evlər olmuşdur. Sonradan Anau ərazisinə gəlib yerləşmiş köçəri təkə-türkmənlərin təzyiqi ilə anauluların bir qismi öz yerlərini tərk etmək məcburiyyətində qalmışlar. (Джикиев А. 1977, Səh. 66)