Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünya tarixinin Turan Dövrü», sayfa 11

Yazı tipi:

Yuxarıdakı bölümlərdə qeyd etdiyimiz kimi Tur sözü Sumer mənşəlidir və turlar Sumer və Ön Asiyanın digər turanlı xalqlarının miflərində Tanrının oğlu kimi təqdim olunurlar. Tarixdə eponim və ya teonimlərin etnonimə çevrilməsi hadisəsinin çoxlu nümunələri mövcuddur. Türklərin nümunəsində də, Tur və Turqu eponimləri bir çox görkəmli assuroloq və tarixçilərin elmi dəlillərlə əsaslandırdıqları kimi Türk etnoniminin kökünü təşkil edir.

Bizim fikrimizə görə Turlar iki başlıca qoldan ibarət olmuşdur, onun yüksək hakimiyyət sülaləsi qolunu Alpturlar, aşağı tabe qolunu isə Asturlar təşkil edirdi. Alp və As öntürklərə məxsus qədim eponimlərdir. Alp sözü türkcə yüksək, ali anlamı daşıdığı kimi, As isə aşağı, aşağıda yerləşən, tabe anlamı daşıyırdı. Alplar yüksəklik və dağ yaylalarında köçəri heyvandarlıqla məşğul olan turanlı türklər, yəni dağlılar idilər. Aslar ilə düzənliyin oturaq əkinçi əhalisi olan türklər idilər. Köçəri heyvandar alplar atlı süvarilər olaraq daha çevik, mütəhərrik və mobil gücə gücə malik idilər. Aslarla müqayisədə üstünlüyə malik olduqları üçün onları tabeçilikdə və itaətdə saxlayır və yüksək, hakim təbəqəni təşkil edirdilər.

As boyu iskit sakların ən önəmli boylarından biri, bəlkə də hökmran boyu idi. As kişi adlanan as boyu eradan qabaq iskit-sakların tərkibində yürüşdə iştirak edərək Qafqaz üzərindən keçib Ön Asiyaya getmiş və Assur və Urartu yazılı mənbələrində As kişi adının təhrif olunmuş şəkli olan Aşquz/İşquza şəklində assur, İşqiuqulu şəklində urartu kitabələrində əks olunmuşdur.

As boyları bir çox türk xalqlarının etnogenezində önəmli rol oynamışlar. Göy Türk xaqanlığı dövründə as kişilərin adları müxtəlif hadisələrlə əlaqədar Orxon-Yenisey yazılı abidələrində əksini tapmışdır. Sovet dövrü tarixşünaslığında as və alan boyları heç bir tutarlı elmi əsas olmadan irandilli tayfalar elan edilmiş və osetin xalqı ilə əlaqələndrilmişdir.

Qaraçay-balkar tarixçisi T.Mollayev də “as” etnoniminin mənasını “aşağı, düzənlik” kimi izah edərək qədim dövrlərdə Xəzər dənizinin çökəklik-düzənlik əraziləri olan vadilərdə yaşayan qaraçay-balkarların “as kişi” adlandırıldıqlarını yazır. Lakin onlar Qafqazın dağ yaylalarında məskunlaşandan sonra yeni ərazinin relyefinə uyğun olaraq artıq taulu-dağlı adlanmağa başladılar. Osetinlər indi də qaraçay-balkarları aslar adlandırmaqdadırlar. (Т.Моллаев. 2010)

İsmail Miziyev as və alan etnonimlərini məna baxımından eyni olduqlarını qeyd edir. Lakin öz ilkin düzənlik və vadilərdəki yurdlarını tərk edib dağlarda məskunlaşan as boyları “dağsas” və ya dağlı aslar adlandığı kimi, düzənlikdə qalan aslar “alanya aslar” adlanmışlar. (İsmail Mizi-Ulu. 1993)

Sak-iskitlərin əsas yaşayış məskənlərindən biri Azov dənizinin ətrafıdır. Bu dənizin tarixən məlum olan Azov-Azak-Karbalik adlarının hamısı türkcədir. Asov adı türkcə “aşağı ova”, Asak isə “aşağı axar”, yəni çayın ağzı deməkdir. Sakların dilində olduğu qeyd edilən Karbalik adı isə türk dilində bataqlıq – sulu yer anlamı daşıyan “balık” sözündən yaranıb və “böyük bataqlıq” anlamındadır.

Əmir Teymurun tarixçiləri Şərəfəddin Yəzdi və Nizaməddin Şami Teymurun Elburs dağlarına yürüşü zamanı onunla döyüşən As boylarının sərkərdələri Buriberdi və Burikanın adlarını çəkir ki, hər iki As sərkərdəsinin adı buri-qurd adı ilə əlaqədardır.

Ən qədim zamanlardan etibarən əsası turlar dövründə qoyulmuş türk tayfa birliyi içərisindəki ağalıq-tabelik bölgüsü pozulmaz törə şəklini alaraq bütün türk tarixi boyunca davam etmişdir. Bu bölgünü biz sak, hun, oğuz, kəngər, monqol-tatar dönəmlərində də aydın şəkildə görə bilirik. Oğuzlar, yəni turlar bu bölgüyə uyğun olaraq boz ok və üç ok şəklində iki qol təşkil edirdilər.

Yusif Ziyanın fikrinə görə Oğuz xaqan dastanında Boz ox və Üç ox ifadəsi yanlış şərh olunur. Boz sözünün qədim türk dilində gerçək anlamı Yer deməkdir, Üç ox isə, əslində, Üce ox, yəni Göyüzü və Səma mənasındadır. Məlum olduğu kimi oq sözü türklərdə qol/tirə və boy deməkdir. Boz ox qoluna mənsub oğlanların Göy, Dağ və Dəniz adları Yerüzü, Gün xan, Ay xan və Ulduz xan adları isə Göyüzü ilə əlaqədardır. (Yusif Ziya Özer. 1932. Səh. 366)

Oğuzlarda da boz ok adlanan və hakimiyyət rəmzi kimi yaya sahib olan böyük oğullar hakimiyyət sülaləsini təşkil edirdilər. Boz oklara tabe olan üç ok isə xaqanın vəzirləri ünvanına sahib idilər. Oğuzlarda bu bölgü eynilə Alptur və Asturlar arasındakı münasibətlərə uyğun idi.

Astur eponimi bir çox xalqlarda etnonim və toponim şəklində mövcuddur.

İsrailli assuroloq M.Zilberman Mesopotamiyanın Astur tanrısının bir çox xalqlarda, o cümlədən Fransanın Asturiya xalqının etnonimini təşkil etdiyini yazır. As-

tur sumerlərin İstar tanrısı adının dəyişik ifadə formasıdır. (Зилберман М. 016)

İngilis assuroloqu Vaddell “As Tur” eponimini Sumer və Misir mifologiyası ilə əlaqələndirərək Sumerin günəş tanrısının AsaTur adlandığını və onun misirdə İsida kimi ifadə olunduğunu yazır. AsaTur Ukusi kimi də yazılırdı. Sumerlərin tanrıları Asar misirlilərdə günəş tanrısı Osiris kimi, Aset isə İsis kimi ifadə olunur. (Waddell L.A. 1930, Səh. 164)

Teonimin etnonimə çevrilməsi hadisəsi bir çox xalqların və o cümlədən türk xalqlarının tarixində də rast gəlinir. Sumerin Astur tanrı adı sonralar türklərin bir qolu üçün etnonimə çevrilmişdir.

Qədim turanlı boyunu təşkil edən asturlar Qərbi Avropaya doğru hərəkət edərək Fransada və İspaniyada Asturiya adlı iki tarixi bölgənin əsasını qoymuşlar. Asturlar Ön Asiyada və Avropada geniş yayılaraq dərin izlər buraxmışlar. Xəzərin quzeyindəki qədim Astarxan şəhəri, yenə xəzərin güneyindəki Astarabad şəhəri Astur adından yaranmışdır.

Əsası Turanın ulu xaqanı Əfrasiyab – Alp Ər Tonqa tərəfindən qoyulan alpturların hakimiyyət sülaləsi türklərin gələcəkdə yaratmış olduqları dövlətlərdə xaqaniyyə hakimiyyət sülaləsi adını almışdır. Türk tarixinin sonrakı dövrlərində türk xaqanları öz hakimiyyətlərini legitimləşdirib ona qanuni don geyindirmək üçün öz nəsil şəcərələrini türklərin ulu xaqanı Əfrasiyaba bağlayırdılar. Alplığın əsası Alp Ər Tonqa – Əfrasiyab tərəfindən qoyulmuşdur. Türkün böyük qəhrəmanları və hökmdarlarının bir çoxu bu şərəfli ünvana layiq görülmüşlər. Mahmud Kaşğarinin yazdığına görə Əfrasiyabın mənsub olduğu hakimiyyət sülaləsinə məxsus özəl bir xaqaniyyə türkcəsi də mövcud idi ki, bu dil digər türk ləhcələrindən fərqlənirdi.

Alp Ər Tonqa adındakı “tonqa” sözü cəsur və atılqan bir heyvan olan bars mənasındadır, bu heyvan bəzi türk ləhcələrində tonqa, bəzilərində isə bars adlanır. Tonqa və bars türklərin totem heyvanları idilər. Bu ad sonradan tonqra şəklində önəmli türk tayfalarından birinin adı olduğu kimi. Bars adı da yenə türklərin qüdrətli hakimiyyət sülalələrindən birini təşkil edən barsil tayfasının adında öz varlığını qoruyub saxlamışdır.

Tur sözünün Sumer dilində digər bir mənası öküzdür ki, onun etimologiyası sonrakı bölümlərdə izah ediləcəkdir. Tur və sonradan Oğuz şəklini alan Quz adları sinonim olduğundan Astur adının digər bir variantı Asquz olmuşdur. Asturların totemi as, yəni sincab idi, as sözünün mənası məkan etibarı ilə aşağıda olan deməkdir. Hər iki totem heyvan tonqa/bars və as/sincab türklərin əsas yaşayış məskənləri olan dağ ətəyi çayların sahilində yaşayırdı. Təbiətdə də sincab güclü, sərt təbiətli, atılqan barsla müqayisədə dafa zəif və gücsüz olmaqla ona tabe vəziyyətdə olmuşdur. Tonqa və barsil tayfaları tur/quzlarla birlikdə hakimiyyət sülaləsinin qoşa qanadını təşkil edirdilər.

Tonqa adından da göründüyü kimi Əfrasiyab – Alp Ər Tonqa barsil, yəni tonqa boyuna mənsub olmuşdur.

Qədim zamanlarda bir etnos kimi Ural və Volqa ətrafında formalaşan prototürklər üçün Ural ətrafında və Sibir çöllərində sürülər halında yaşayan azadlıq sevər vəhşi yaklar, yəni vəhşi öküz və ya digər adla bizon bir güc, qüdrət və özgürlük simvoluna çevrilmişdir. Onlar özlərini bu cəsur, sərt, güclü heyvanla eyniləşdirərək onu özlərinin toteminə çevirmişdilər.

Alp Tur və Alp Turan adları sonradan türklərin qəhrəmanlıq və hakimiyyət tituluna çevrilmişdir.

Yenisey çayı vadisində Eleqeş çayı yaxınlığında Barlıkda tapılmış daş üzərindəki bir runi yazı mətnində altı oğuz budunun başbuğu Alp Turanın ölumündən bəhs olunur. (Малов С.Е. 1952, Səh. 21)

Lenormanın yazdığına görə Turan adı protomidiya, akkad, uqor-fin və türk-tatar dillərində eyni şəkildə “oğul, ulu irqin oğlu, rəhbər” mənasında olan Tur sözündən yaranmışdır. Qədim iranlıların turya adlandırdıqları Turanlılar özlərinə “Tur” adını ona görə qəbul etmişlər ki, bütün xalqlar öz köklərini nəcib qanın daşıyıcısı olan ulu bir əcdada bağlamaq istəyirlər. Tur eponiminin kökü Ön Asiyanın qədim Sumer-akkad, midiya, elam kimi turani xalqların dilində “ulu irqin oğlu, rəhbər” anlamı daşıyan ulu bir əcdada bağlıdır. (Lenormant F. 1875, Səh. 381)

Öküz və tur sözləri türk dilində hər ikisi eynimənalı sözlərdir. Tur sözünün hind-avropa mənşəli olması haqqında irəli sürülən fikirlər kökündən yanlışdır. Böyük Fransız tarixçi sumeroloqu J.Oppert “Tur” sözünün Ön Asiyanın qədim turanlı xalqının dilində “oğul”, “doğulmaq”, “törəmək” anlamı daşıdığı və bu sözün digər xalqların dilləri kimi iran dilinə də keçdiyini sübut edir. Bu söz qədim prototürk leksikonuna aiddir və Ön Asiyanın prototürk Sumer, elam və digər dillərindən sami və hind-avropa dillərinə keçmişdir. Bu baxımdan da tur və öküz sözləri ekvivalent sözlər hesab etmək olar. Ön Asiyanın qədim Sumer-akkad və digər xalqlarına məxsus miflərdə öküz yaradıcı əcdadır və ilk insan onun toxumlarından yaranmışdır. Bu mif sonradan Avestada da yer almışdır.

Öküzdən törəyən insan onun adı ilə tur, yəni öküz adlanmışdır. Türk dillərinin bir çoxunda tur sözü həm öküz, həm də doğulmaq, törəmək anlamı daşıyır. Oğuz dastanının uyğur versiyasında da türklərin ulu əcdadı Oğuz öküzlə Ay xaqanın izdivacından doğulmuşdur. Yəni adların mənasına uyğun olaraq Oğuz elə türklərin ulu əcdadı Tur və ya turun oğludur.

Türkoloq uzmanların əksəriyyəti oğuz sözünün öküz sözündən götürüldüyü fikrini müdafiə edirlər. Belə olduğu təqdirdə turlar dedikdə oğuzlar nəzərdə tutulur.

Turların Ön Asiyaya və Şərqi Avropaya yürüşləri saklardan yüzillərlə öncə baş vermişdi və sakların yürüşləri türklərin qərbə doğru yürüşlərinin yeni, təkrar bir mərhələsini təşkil edirdi

VII–XI əsrlər arasında tarixi Turan ərazisində onun varisi kimi mövcud olmuş Xəzər dövləti Turan dövlətinin ənənələrini davam etdirmişdir. Xəzər dövlətində də Turan dövlətində olduğu kimi hakimiyyətin əsas qolunu quz/turlar və barsillər təşkil edirdilər. Türklərin dövlət törəsinə uyğun olaraq hakimiyyət iki qoldan ibarət olurdu və bu qollar arasında münasibətlər bacanaq və ya küreqen boyu olmaqla sıx qohumluq əlaqələri əsasında qurulurdu. Dövlətdə sabitliyi qoruyub saxlamaq üçün Hakimiyyət sülaləsini təşkil edən boya mənsub xaqan mütləq hakimiyyətin digər qolunu təşkil edən boydan olan qızla evlənməli idi. Turanın qədim törəsinə uyğun olaraq quz/oğuz boyuna mənsub olan Xəzər xaqanı hakimiyyətin digər qolunu təşkil edən barsillərdən qız almalı idi. Görünür bu ənənə qədim Turan dövlətində də mövcud olmuşdur.

Aşağıdakı bölümdə bu haqda geniş bəhs olunacağı üçün qısa şəkildə qeyd edək ki, Xəzər adı yəhudi-ibrani dilində Quz-ər adının təhrif olunmuş şəklidir.

Bir çox araşdımaçılar məlum qaynaqlar əsasında Turan dövlətinin hakimiyyət sülaləsinin şəcərəsini müəyyən etmişlər. Turun oğlu Şatsəm (Zadşəm), Şatsəmin oğlu Başənq (Peşeng), onun oğlu Əfrasiyabdır. Dastanlarda və tarixi mənbələrdə Əfrasiyabın atası adlandırılan Türk xaqanı Peşənqin adı təmiz türkcə olub Başanqa sözündən ibarətdir və mənası “başda olan və ya başçı” deməkdir. (ДТС, 1969, Səh. 46)

Z.V.Toğana görə peçeneq boyunun adı Əfrasiyabın atası Beşənqin adından meydana gəlmişdir.

VIII–IX əsrlərə qədər Xarəzmin qərbində məskunlaşan peçeneqlər Eftalitlərin zamanında bir hissəsi Qəznə tərəflərə yerləşmişdir. X əsrdə peçeneqlərin bir hissəsi Yayik (Ural) hövzəsində yerləşmiş, böyük hissəsi isə Balkanlarda məskunlaşmışdılar. Onların bir bölümü Beçene (Bacanaq) adıyla Oğuz birliyinə daxil olmuşdular. (Z.V.Toğan, Rəşidəddin Oğuznaməsi, 2013, Səh. 98)

Tarixi qaynaqlara əsasən peçeneqlər kanqlıların bir tirəsi idi. Fikrimizə görə tarixin müəyyən dövründə Oğuz/Quz birliyinə daxil olan Kanqlı boylarından biri oğuzlarla bacanaq-küreqen münasibətlərində olduğu üçün həmin kanqlı boyu oğuzlar tərəfindən bacanaq/becene adlandırılırdılar. Bu bacanaq/peçeneqlər oğuzlarla aralarında yaranan ixtilaf nəticəsində ayrılaraq qərbə doğru getmiş və orda kumanlarla birləşərək Qıpçaq boy birliyini meydana gətirmişlər.

Ferdinand Justinin müəyyən etdiyi Turan hökmdarlarının şəcərəsinə görə Turan padşahı Əfrasiyabın 9 övladı olmuşdur. Onlardan biri Erenqız (Firenqiz) adlı qız, digər 8 isə oğlan idi. Turan hakimiyyət sülaləsinə məxsus şəxslərin türkcə adları fars dilində nə qədər təhrif olunsa da, bir çoxunun adı təmiz türkcə ifadə olunmaqdadır. Əfrasiyabın Erenqızla yanaşı oğlanlarının Surxay, Kökbörü, Beycan, Qaraxan, Tezcan, Önderman, Barsqan kimi adları təmiz türkcədir. (Justi F. 1895, Səh. 394)

Turan dövlətinin mövcudluğundan etibarən onu idarə edən hakimiyyət sülaləsi gələcəkdəki bütün türk dövlətlərini idarə edən xaqanlar sülaləsinin özülünü təşkil etmişdir. Öz legitimliyini sübut etmək üçün böyük türk hökmdarlarının hamısı öz şəcərələrini Turan padşahı Əfrasiyaba bağlayırdılar. Beləliklə, Əfrasiyab – Alp Ər Tonqa türk xaqanlarının ulu əcdadı hesab olunur.

Mahmud Kaşğari Əfrasiyabın Barsqan adında oğlu və onun adını daşıyan Barsqan şəhərinin mövcud olduğunu yazır. Bu Əfrasiyabın Alp Ər Tonqa olmasını sübut edən bir faktdır, çünki Tonqa adı ilə Bars adı ekvivalent təşkil edirlər.

Z.V.Toqanın yazdığına görə Türk və monqollar Xaqanlar nəslinin V əsrdəki əfsanəvi Aşinadan törədiyinə inansalar da, əslində, Xaqanlar nəslinin başlanğıcı xaqanların ulu əcdadı sayılan Sak hökmdarı Alp Ər Tonqadan başlayır. E.q. dövrlərdən etibarən Orta Asiyada müəyyən bir hökmdarlar nəsli mövcud olmuş, Sakların şərqi Avropa qolu olan iskitlər də daxil olmaqla Çin müəlliflərinin bəhs etdikləri şərqi Hun, Avropa müəlliflərinin əsərlərindəki qərbi Hun hakimiyyət sülaləsi və oğuzların yabqu hökmdar sülalələrinin nəsl şəcərəsi eyni kökə bağlıdır. Bütün bunlar türklərin uzun əsrlər boyunca transformasiyaya məruz qalsalar da, daima mövcud dövlət idarəsi kadrosuna malik olduqlarını və ilk baxışda dağınıq görünən müxtəlif dövr hakimiyyət sülalələri arasında bir genetik bağın mövcud olduğunu sübut edir. (Z.V.Togan. 1981, Səh. IV)

Əfrasiyabın hökmdar ünvanlarından biri də Alpdır. Alp ilə alplıq anlayışı tarixən Türk topluluqları və dövlətləri içərisində çox önəmli yer tutmuşdur. Alp ünvanı Türklərin hərb və ordu düzəninin təməllərindən birini təşkil edirdi. Türk dövlətlərinin əsaslandığı və ona uğur qazandıran tək güc, ordu, alplıq və şücaət olduğu kimi onun yüksəlişi və çöküşü də onun varlığına bağlı idi. Alplıq ünvanına sahib olan adam yalnız öldürməyi bacaran bir canlı döyüş maşını deyildi, yüksək və yetgin ruha malik bir qəhrəmandır. Alp öz cəsarəti, igidliyi və döyüş bacarığı, ətrafındakıları ruhlandıraraq öz arxasınca apara bilən yüksək xarizmaya malik bir bahadırdır. Alp Ər Tonqanın nümünəsində Türk xaqanlarının alplığı və bilgəlikləri xalqın onlardan bəklədikləri ən başlıca keyfiyyətlər idi. Alplıq bu ünvana layiq görülmüş adamın onu hər kəsdən fərqləndirən üstün keyfiyyətlərə malik olması deməkdir. Alp Ər malik olduğu yüksək əsgəri və idarəçilik keyfiyyətlərinə görə Alp Ər Tonqanın nümunəsində Tanrıdan kut almış xaqanlara və ordu başbuğlarına verilən bir ünvan mahiyyəti daşıyırdı. (Bahaeddin Ögel. C. 1, 1982, Səh. 245–249)

Əfrasiyabın, yəni Alr Ər Tonqa adındakı Tonqa sözü türkcə bars-bəbir mənasındadır. Tonqa adı igid, cəsur anlamında bir çox türk qəhrəmanlarının titulu olmuşdur. “Bars“ (Tonqa) qədim türk boylarından olan Barsillərin (bars-el) totemi idi. Alp Ər Tonqa adında olduğu kimi Bars Volqa (İtil) Bulqar çarlarının da uranı idi. Bars uran-totem olaraq çox zaman buynuzlu və qanadlı təsvir olunurdu. Bars adı ilə məlum olan ən qədim ölkə m.ö VIII–VI əsrlərə aid tarixi qaynaqlarda adı keçən, Ön Asiyada Urmiyə gölünün aşağısında yerləşən Barsua (Parsia) ölkəsidir. XIX əsrin bir çox tarixçiləri Assuriyanın bir vilayəti olan Barsuanın turanlı mənşəyə malik olub subir türklərinin bir qolu olduqlarını yazırlar.

Alp Ər Tunqa və Əfrasiyab Turanın ulu xaqanı olaraq təkcə Türkistanda qurulan dövlətdə hakimiyyət sülaləsinin kökünü təşkil etmirdi. Hindistanda qurulan Sak dövlətinin hökmdarı Azis də Ərtunqa adını bir az dəyişik şəkildə Erjuna kimi özünün hakimiyyət tituluna çevirmişdi. M.ö. 133-129-cu illərdə Hindistana gedib orda Kuşan dövlətini quran Kujula Kadfis Asizi məğlub edərək onun Ərtunqa ünvanını da mənimsədi və “Erjuna yasaqa”, yəni Ərtunqa yasası adlı qanunlar yasasını qəbul etdi. Z.V.Toqan Erjuna adının Ərtunqa adının dəyişik şəkli olduğunu yazmışdır. (Z.V.Togan, 1981, Səh. 145)

Fransız tarixçisi Lenorman yazır ki, Turan adı I Daranın (m.ö. 521–435) kitabələrində və yunan müəlliflərinin əsərlərində rast gəlinməsə də, çox qədim tarixə malikdir. Turan adının ilkin forması olan Tura adı Zərdüştlüyün müqəddəs kitabı Avestadakı “turya” şəklində ifadə olunmuşdur.

Lakin J.Oppert Tur və Turan adlarının Avestaya qədim zamanlardan Ön Asiyada məskunlaşan öntürklərin öz dilindən keçdiyini linqvistik dəlillərlə sübut etmişdir.

Oppert Əfrasiyab adının iran mənşəyinə malik olduğu haqqında iddiaları təkzib edərək turanlı sakların dilində olan bu adın iranlılar tərəfindən təhrif edildiyini yazır.

İlana sitayiş qədim zamanlardan etibarən turanlıların dini etiqadında önəmli yer tuturdu. Turanlıların ali tanrısı böyük ilan (əjdaha) idi ki, Zərdüşt onu şərin simvolu kimi Ariyananın bayrağının gerbi etmişdi. İran əfsanələrində Əfrasiyab ilan adlandırılır. Oppert turanlı Midiyalıların dilində Əfrasiyabın böyük ilan mənasında “Farroursarabba” adlandığını yazır. (Lenormant F. 1887, Səh. 376)

Lenormanın yazdığı kimi Zərdüştün ilanı sitayiş obyekti kimi öz bayrağına həkk etdirməsi onun turanlı mənşəyə malik olmasını sübut edir. Görünür ilana etiqadın önəmli yer tutduğu zərdüştüliyin mahiyyəti sonralar təhrif olunmuş və müsbət səciyyə daşıyan ilan iranlıların təsiri ilə mənfi xarakter kəsb etmişdir. Zərdüştlik turanlı mənşəyə malik olsa da, turanlılar öz Tenqriçilik dinlərinə sadiq qalaraq onu qəbul etməmişlər.

Ön Asiyanın qədim turanlı xalqlarından olan və Zaqros dağının yaylalarında məskunlaşmış və B.Landsberqerin türklər hesab etdiyi, əsl adlarının Quz olan döyüşkən Qutiləri də qonşu xalqlar “dağların sancan ilanı və ya əjdahası” adlandırırdılar.

İranlılar e.q. 900-cü ildə İran yaylasını işğal etdikdən sonra Turan dövlətinin ərazilərinə daima təcavüz edirdilər. Bu hadisələr Avestada da öz əksini tapmışdır. “Arilər və turanlılar Yaksart sahillərində Soqdiyada toqquşdular və ilk zamanlar turanlılar üstünlüyə malik idilər. Lakin iranlılar turanlıların işğalından xilas oldular. Avestada Turanın hökmdarı Franqrasyanın adını çəkir və orda mələklərə müraciətlə Franqrasyan üzərində qələbə çalmağa yardım etməsi üçün ona dua edirlər. Fravaşı min başlı düşmən turanlılara qarşıdır”. (Lenormant F. 1887, Səh. 377)

E.q. 900-cu ildə tərtib olunmuş Avesta mətnlərindən məlum olur ki, iki düşmən xalq arasında mövcud olan sərhəd problemləri Ahuramazda tərəfindən çözülmüşdür. O baş verən sərhəd anlaşılmazlığını İran naminə yoluna qoymaq üçün nəhəng bir öküz yaratmış və İranla Turan arasında sərhəd o öküzün dırnaqları ilə qazdığı yerlə müəyyən olundu. Əfsanəvi öküzün qazdığı yer sonradan çaya çevrilmiş və türk dilində Okus adlanmışdır. İranla Turan arasında sərhəddi təşkil etmişdir. İki irq arasında sərhəddi müəyyən etmək üçün məhz öküzün seçilməsi təsadüfi deyildir. Çünki Tur/öküz türklərin eponimi, sitayiş etdikləri totemləri idi və onun müəyyən etdiyi sərhəddi pozmaq böyük günah hesab olunurdu. Bu hadisə, əslində, sumer mifologiyasında öküz obrazında təcəssüm olan tanrı Enkinin Fərat və Dəclə çaylarının yaratması ilə əlaqədar mifin Avestadakı yansımasıdır.

Turan dövlətinin mövcudluğunu və onun ulu xaqanı Əfrasiyabın gerçək bir tarixi şəxsiyyət olması faktının inkarı tarixi dəlillərə ziddir. Əfrasiyabın tarixi şəxsiyyət olması Türklərin iki önəmli yazılı mənbələri olan Mahmud Kaşöğarlının “Divani lüğət-it Türk” və Yisif Balasaqunlunun “Kutadqu biliq” əsərləri ilə təsdiq olunmaqdadır. Hər iki əsərdə iran mənbələrində Turan padşahı Əfrasiyab kimi təqdim olunan şəxsin əslində Turanın ulu xaqanı Alp Ər Tonqa olduğu inkaredilməz faktlarla təsdiq olunur. Hər iki əsərdə Alp Ər Tonqa haqqında türklər içərisində mövcud olan bir çox rəvayətlər və tarixi faktlar öz əksini tapmışdır.

Şahnamədə Turanın mərkəzi şəhəri və Əfrasiyabın paytaxtı türklərin Baykənd adlandırdıqları Kanqa şəhəridir. Bu əsərdən göründüyü kimi türk boyları Turan dövlətinin tərkib hissəsini təşkil edirdilər. Firdovsi yazır ki, Turan ordusu əsasən Çiqil, Oğuz, Taraz, Karluq və Türkmən boylarından təşkil olunmuşdu. “Şahnamə”də və digər irandilli mənbələrdə qeyd edildiyi kimi Əfrasiyabın Turan dövlətinin əsas hakimiyyət ünsürlərindən birini kanqlı/kəngər boyu təşkil edirdi və dövlətin mərkəzlərindən biri onların adı ilə Kanqa adlanırdı.

Bir çox mənbələrdə Əfrasiyab Kanqlı və Kəngər dövlətinin hökmdarı adlandırılır. Şahnamədə Dövlətin Kanqa adlanan paytaxtını türklər Baykənd, yəni şəhərlərin ağası adlandırırdılar. Əfrasiyabın Turan dövlətinin də əsas etnik özəyini təşkil edən Kəngər və ya Kanqlı boy birliyi türk dünyasının ən qüdrətli və geniş yayılmış boylarından biridir.

Şahnamədə də göründüyü kimi Turan dövlətlər konfederasiyası idi və bu konfederasiyanın başında mərkəz olaraq Əfrasiyabın hökmran olduğu Kanxa-Kanqlı-Kanqyuy dövləti dururdu. İllər, nəsillər dəyişsə də bu dövlətin əsas özəyini təşkil edən ərazi olan Sırdərya vadisində əfsanəvi Turan dövlətinin hökmdarı Əfrasiyabın hakimiyyət sülaləsi haqqında xatirələr orta əsrlərdə özlərini bu sülalənin varisləri kimi görən Uyğur, Qaraxanlı və Selçuklular dövrünə qədər davam etmişdir. (Вайнберг, 1999, Səh. 206)

Maraqlı cəhət burdadır ki, turanlı Sumerlər özlərini Lu Kienqir adlandırdıqları kimi Turan padşahı Əfrasiyab da Şahnamə və digər əsərlərdə bəhs edildiyi kimi Turanın Kanqli (mənbələrdə bu ad bəzən Kanqlı, bəzən də Kenqer şəklində yazılmışdır, lı-li türk dilində mənsubiyyət şəkilçisi olduğu kimi, er/ər sonluğu da Sumer dilində kişi, adam, şəxs anlamındadır) hakimiyyət sülaləsinə mənsub idi.

Sumerlərin Kienqir adının mənası “əsilzadə ağaların ölkəsi”, yəni Ki-ölkə, En-ağa, qir-əsilzadə/alicənab” deməkdir. Kəngərlərin Sumerin hökmran xalq olduqları onların yalnız etnos olaraq adlarında deyil, həm də dillərinin adında da öz əksini tapmışdır ki, Sumerlər öz dillərini eme-kinqir, yəni yerli ağaların və ya əsilzadələrin dili adlandırırdılar.

Digər müəlliflərlə yanaşı Amerikan sumerşünası Viliyam Stibing sumerlərin Kienqi adının gerçək mənasının məhz bu anlamı daşıdığını təsdiq edir. (William H. Stiebing. 1994)

Kəngərlər Sumerin şəhər dövlətlər birliyini təşkil edən çoxsaylı boyların əsilzadə və hökmran boyu idi və məhz bu səbəbdən də ölkə bu boyun adı ilə Kiengir/Kenger adlanırdı.

Tarixi ənənə baxımından sumerlilərin varisləri və Ön Asiyanın ən qədim xalqlarından olan Azərbaycan türkləri sahilində Sumerin yerləşdiyi Bəsrə körfəzini onların öz adları ilə Kəngər körfəzi adlandırırdılar.

Müxtəlif Sumer boylarının, o cümlədən onların hökmran boyu olan kəngərlərin tarixin müəyyən dövrlərində müxtəlif səbəblər üzündən öz yerlərini tərk edərək dünyaya yayıldıqları haqqında assurologiya və bütövlükdə tarix elmində müxtəlif fikirlər mövcuddur. Sumerlərin öz vətənlərini tərk edib dünyaya yayılma hadisəsini və səbəblərini Sumerə həsr olunmuş bölümdə izah edəcəyik.

Amerikan tarixçisi Filip Smit yazır ki, nə vaxtsa cənubun məhsuldar ölkələrinə axın edərək yerləşən böyük Turya və ya Turan irqi Mesopotamiyada irqlər arasındakı qarşıdurma səbəbi ilə yenidən Mərkəzi Asiyanın bir o qədər də qonaqpərvər olmayan ərazilərinə geri dönmüşlər. Onların geri dönüşü uzun illər ərzində arilərlə qarşıdurmalara səbəb olmuşdur. (Smith P. 1888, Səh. 379)

Yuxarıdakı iqtibaslardan da göründüyü kimi e.q. 10-9-cu minilliklərdə qədim Turan ərazisində yerləşən Anau və ətraf bölgələrdə bəşəriyyətin ilk qədim şəhər mədəniyyətinin əsasını qoyan protosumerlər iqlim dəyişiklikləri səbəbi ilə Ön Asiyaya və Mesopotamiyaya köçüb yerləşmiş, lakin bir neçə min ildən sonra samilərlə baş verən davamlı irqi qarşıdurmalar nəticəsində yenidən Kəngər adı ilə öz ilkin ana yurdlarına geri dönməyə məcbur olmuşlar. Sumerlərin və onlara qohum olan Ön Asiyanın digər turanlı öntürk tayfalarının Mərkəzi Asiyaya geri dönmələri burda mədəniyyətin yenidən yüksəlişinə təkan vermişdir. Bu köçlər təkcə Turanda deyil, yuxarıda qeyd edildiyi kimi qonşu Çin ərazisində də dövlət təşkilatının yaranmasına və mədəniyyətin çiçəklənməsinə, heroqlif yazı sisteminin meydana çıxmasına səbəb olmuşdur. Sumerin Çinə təsiri məsələsi gələn bölümlərdə ətraflı şəkildə şərh olunacaqdır.

Təbəri Tarixində və digər tarixi mənbələrdə qeyd olunduğu kimi Əfrasiyabın paytaxtı əvvəlcə Bəlx şəhəri olmuş, Mənuçehrlə razılaşmadan sonra paytaxt Amudəryanın quzeyinə, indiki Səmərqənd ətrafına, yəni onun adını daşıyan Əfrasiyab şəhərinə köçürülmüşdür. Bəlx çayı İran və Turan arasında sərhəddi təşkil etmişdir. Onu da qeyd etmək lazımdır ki, Kəngər etnonimi sumerlərlə əlaqədar olduğu kimi Bəlx çayının adı da sumerlərlə əlaqədardır, Sumerlərin çay tanrısı Balix adlanırdı, “balix” sumer dilində çay demək olduğu kimi türk dilində də, çay anlamı daşıyır.

Tarixi mənbələrdən də məlum olduğu kimi Əfrasiyab Turanda Kanqa, Qanqdiz, Səmərqənd, Buxara, Termez, Bəlx, Mərv, Koçqarbaşı, Baykənd və digər şəhərlərin əsasını qoymuşdur. Səmərqənd və Baykənd Əfrasiyabın şəhərləri olub hər ikisi də yazılı qaynaqlarda Kanqdiz, yəni Kanqların şəhəri adlandırılırdı.

Əfrasiyab şəhəri öz dövrünün əzəmətli bir şəhəri, möhtəşəm Turan dövlətinin paytaxtı olmuşdur. Arxeoloji qazıntıların nəticəsində şəhərin 2750 il yaşı olduğu, Roma və Nankin kimi qədim şəhərləri ilə yaşıd olub əsasının m.ö. VIII əsrdə qoyulduğu məlum olmuşdur. Həmin əsrdən etibarən tarix səhnəsinə qədəm qoyan Sak-Turan dövlətinin hökmdarı Əfrasiyabın paytaxtı adından da göründüyü kimi bu şəhərdə yerləşirdi.

Əhəmənilər dövründə şəhər Soqdia vilayətinin mərkəzi olmuşdur. Əfrasiyab şəhər xarabaları Səmərqənddən şimalda Siyab çayının sahilində yerləşir. Turanın paytaxtı olan Əfrasiyab/Səmərqənd şəhəri e.q. 329-cu ildə Makedoniyalı İsgəndərin qoşunları tərəfindən istila edilərək minlərlə insan öldürülmüş və viran qoyulmuşdur ki, Səmərqəndin adı tarixi qaynaqlarda ilk dəfə bu hadisə əlaqədar çəkilir. Lakin İsgəndər şəhəri asanlıqla zəbt edə bilməmişdir, Turan qəhrəmanlarından Spitamen şəhəri ələ keçirmək üçün onu mühasirə etmiş yunan qoşunlarını döyüşlər zamanı böyük itgilərə məruz qoymuşdur. Z.V.Toqan tarixi qaynaqlara dayanaraq Səmərqəndi İsgəndərin hücumundan müdafiə edən Türk hökmdarının Qutlançin olduğunu yazır. İsgəndər zamanında Türkistanı idarə edən hakim təbəqənin Türklərdən ibarət olduğu İsgəndər haqqındakı hekayətləri ətraflı təsvir edən süryani və ərəb rəvayətlərindəki türk adlarından da görünməkdədir. (Z.V. Toqan, 1981. Səh. 386)

Yusif Z.Özer Turanın əzəmətli paytaxtı Səmərqəndi sumerlərlə əlaqələndirərək yazır ki, Orta Asiyadakı Sumerkəndin (Səmərqənd) coğrafi və tarixi abidələri onun Sumer xalqının təşəkkül tapdığı və yayıldığı mərkəz olduğunu sübut edir. Sumerkəndlilərin elamlılarla və Sumerlilərlə eyni irqə mənsubluğu heç bir şübhə doğurmur, ona görə ki, müasir dövrə qədər də hər iki xalq eyni tayfa birliyi olan Sumer adlarını daşımaqdadırlar. (Yusif Ziya Özer. 1932. Səh. 6)

Z.V.Toqan Əfrasiyabın batı ölkələrinə doğru yürüşündən bəhs edərək yazır: “E.ə. VII əsrdə yaşayan Sak hökmdarı olaraq qəbul etdiyimiz Alp Ər Tunqa – Əfrasiyab İtil (Volqa) çayı tərəfdən gələrək Dəmir qapı Dərbənd üzərindən Ön Asiyaya keçmiş, oradan İran və Xorasan yolu ilə Buxara ətrafındaki Baykəndə və Çu hövzəsinin yuxarı tərəflərində yerləşən Koçunqar Başı məntəqəsinə doğru gəlmişdir. Oğuz xanın səfərləri də eynən buna bənzər şəkildə baş vermişdir. İran rəvayətlərində Əfrasiyabın əsas qərərgahlarından biri kimi bəhs edilən Koçunqar Başı Qaraxanlılar zamanında da hökmdarların çox sevdikləri yaylaqlar idi. (Z.V.Toqan, 1981, Səh. 160)

Turanın əzəmətli xaqanı Əfrasiyab öz ölkəsində quruculuq işləri həyata keçirmiş, çoxlu şəhərlər salmış, suvarma şəbəkələri yaratmışdır.

Mahmud Kaşğari Barçuk şəhərinin Əfrasiyabın qurduğunu yazır. Türk oymaqlarından çaruklar bu şəhərdə yaşayırlar. Onun yazdığına görə Əfrasiyab qızı ilə gizlincə sevişən Buxtun Nəssərin (Assuriya kralı Navuxodonosor) oğlu Beyzəni (Betzən) bu şəhərdə həbs etmişdir. (Mahmud Kaşğari, cild I, 2006, Səh 453)

Şahnamədə Əfrasiyabın həmin qızının adı Minujən, onunla sevişən və həbs olunan isə Giv oğlu Bijəndir. Buxtun Nəssər, yəni Navuxodonosor e.ə. VII əsrdə yaşamışdır və bu hadisə Əfrasiyabın həmin dövrdə yaşadığını sübut edən tarixi bir faktdır. Göründüyü kimi Firdovsi təkcə türk tarixini deyil, ərəb tarixini də farslaşdırmışdır. Kaşğariyə görə türklərin bir çoxu türklərin sərhəddinin Mərv əş-Şahicahandan başlandığını iddia edirlər, Mərv şəhəri də Əfrasiyab tərəfindən bina edilmişdir və Yenikənddən başlayaraq bütün Mavəraünnəhr (Çayarxası) və şərqə doğru ərazilər türk ölkəsidir, ona görə ki, Səmərqəndə Səmizkənd, Şaşa Daşkənd deyildiyi kimi burda Özkənd, Tünkənd şəhərləri də mövcuddur ki, onların hamısının adında türkcə şəhər demək olan kənd sözü var. Qədimdən türklərin saldığı bu şəhərlərin adları bu günə kimi də türklərin qoymuş olduqları şəkildə işlənməkdədir. Çoxsaylı köçlər nəticəsində bu şəhərlərdə farsların sayı çoxaldıqdan sonra buralar əcəm şəhərləri kimi qəbul edilmişdir. (M.Kaşğari, cild III, 2006, Səh. 151)

Mahmud Kaşğari Əfrasiyabın, əslində, Türklərin ulu xaqanı Alp Ər Tonqa olduğunu türklərin onun ölümünə həsr etdikləri bir ağı/yuğ ilə də təsdiq edir. Onun öz əsərində təqdim etdiyi bu yuğ (ağı) şeir parçaları Azərbaycan və Anadolunun ilk fatehi olan Alp Ər Tonqa haqqında mövcud olan dastanın bəzi parçalarıdır. Əfrasiyabın ölümü ilə əlaqədar dastanın son bölümünü əks etdirən dördlüklərdən ibarət bu şeir parçaları XI əsrdə yazıya alınsalar da, daha qədim dövrlərə aid yaradıcılıq nümunələridir. Mahmud Kaşğari uzun illər ərzində türk ölkələrinə etdiyi səyahətlərdə Alp Ər Tonqa haqqındakı məlumatları və onun haqqındakı dastandan parçaları toplayaraq öz əsərinə daxil etmişdir.