Kitabı oku: «Hacı Murad», sayfa 2
General Hacı Muradı dilə tutur
Camaat Hacı Muradın yaralanmasından xəbər tutmuşdu, bir ucdan yanına gəlib-gedirdilər. Sağalandan sonra Hacı Murad Selmesə getdi. Avarlar yenə onu özlərinə başçı çağırırdılar. Hacı Murad təklifi qəbul elədi. İndi o, Əhməd xandan da intiqam almalı idi.

Hacı Muradın qaçandan sonra Avarıstanda böyük hörmət qazanması rusları narahat eləyirdi. Ona görə də onu nə təhər olur-olsun öz tərəflərinə çəkməyə çalışırdılar. Rus generalı bu niyyətlə Hacı Murada məktub da göndərmişdi. Məktubda belə deyilirdi:
“Sən mənim yanımda xidmət edirdin. Mən səndən razı idim, səni yaxşı adam hesab eləyirdim. Əhməd xan xəbər verdi ki, sən rus hökumətinə xain çıxmısan, başına çalma qoymusan, Şamillə də əlaqən var. Guya adamları öyrədirsən ki, rus hökumətinə tabe olmasınlar. Əmr elədim səni tutub yanıma göndərsinlər. Sən də qaçdın. Günahın olub-olmadığını bilmirəm. Ancaq mənə yaxşı qulaq as. Əgər böyük padşahın yanında vicdanın pakdırsa, əgər günahsızsansa, gəl yanıma. Heç nədən qorxma, mən səni qoruyacağam. Xan sənə heç nə eləyə bilməz, o özü mənə tabedir. Deməli, sən qorxmaya bilərsən”.
Rus generalı daha sonra özünün sözübütöv, ədalətli adam olduğunu ayrıca qeyd eləyirdi. O, Hacı Murada hökumətə təslim olub üzə çıxmağı məsləhət görürdü.
Hacı Murad generala belə bir cavab yazdı: “Bəli, başıma çalma qoyuram. Ancaq çalmanı Şamilə görə yox, axirət üçün qoyuram. Şamilin tərəfinə keçməyə gələndə isə nə belə bir arzum var, nə də bunu eləyə bilərəm. Çünki atamın, qardaşımın, qohumlarımın ölümünə səbəb odur. Rusların da yanına qayıda bilmərəm, çünki mənim şərəfimi təhqir eləyiblər. Xunzaxda əlimqolum bağlı olanda bir alçaq üstümü murdarlayıb. Həmin adam öldürülməmiş rusların yanına qayıtmaram. Ən çox da ona görə qayıtmaram ki, fırıldaqçı Əhməd xandan ehtiyat eləyirəm”.
Hacı Murad Şamilin tərəfinə keçir
Ancaq rus generalı Hacı Muraddan əl çəkmək fikrində deyildi. O, yenə məktub yazıb Hacı Muradı təslim olmağa çağırdı. Məktub, altında hiyləgərlik gizlənən şirin dillə yazılmışdı:
“Rus qanunları ədalətlidir. Səni təhqir edən adamın cəzasını gözlərinlə görəcəksən. Artıq bu məsələnin yoxlanması üçün əmr vermişəm. Səndən inciməyə haqqım var. Sən mənə etibar eləmirsən. Bununla belə, incimirəm, çünki mən siz dağlıların xasiyyətinə yaxşı bələdəm, bilirəm ki, başqalarına tək-tək hallarda bel bağlayırsınız. Əgər sənin vicdanın ruslara qarşı təmizdirsə, əgər çalmanı axirət üçün qoyursansa, onda haqlısan. Deməli, rus hökumətinin də, mənim də gözümün içinə kişi kimi baxa bilərsən. İnan ki, səni təhqir eləyən öz cəzasını alacaq. Zəbt olunmuş əmlakın da özünə qaytarılacaq. Onda sən rus qanununun nə demək olduğunu biləcəksən. Sən heç bir şeydən qorxmaya bilərsən. Bu məktubu göndərdiyim adama qoşul, yanıma gəl, o mənə sadiq adamdır. O sənin düşmənlərinin qulu deyil, hökumət yanında xüsusi hörməti olan bir adamın dostudur”.
Sonra general yenə Hacı Muradı dilə tutub üzə çıxmağa çağırırdı.
Hacı Murad bu sözlərə inanmadı, rus generalının yanına da getmədi. İndi onun başlıca fikri Əhməd xandan qisas almaq idi. Bunu da rusların köməyi ilə eləmək mümkün deyildi. Bu zaman Əhməd xan qoşun çəkib Selmesi mühasirəyə aldı. Niyyəti Hacı Muradı ya tutmaq, ya da öldürmək idi. Hacı Muradın dəstəsi kiçik olduğundan nə Əhməd xana qalib gəlməyə gücü çatardı, nə də mühasirədən çıxa bilərdi. O, çox böyük çətinliyə düşmüşdü, düşmənlərindən intiqam almamış ölmək istəmirdi.
Belə bir vaxtda Şamilin yanından adam gəlib ona kağız gətirdi. Şamil yazırdı ki, Əhməd xanın əlindən qurtarmaqda, onu öldürməkdə Hacı Murada kömək eləməyə hazırdır. O həm də bütün Avarıstanı Hacı Muradın ixtiyarına verməyi boyun olurdu.
Hacı Murad çox götür-qoy eləyəndən sonra Şamilin şərtinə razı oldu. O gündən də vaxtaşırı ruslarla döyüşə girdi. O, çox vaxt qəfildən hücüm edir və həmişə də uğur qazanırdı. Hacı Murad misilsiz cürəti ilə bütün Qafqazda ad qazanmışdı.
Şamillə ara soyuyur
Şeyx Şamillə Hacı Murad heç vaxt dost olmamışdılar. Şamil bir yandan Hacı Muraddan qorxurdu, bir yandan da onsuz keçinə bilmirdi. Ruslarla döyüşmək üçün Şamilə Hacı Murad kimi adam hava-su kimi lazım idi. Hacı Muradın isə Şamilə qoşulmaqda məqsədi düşmənlərindən intiqam almaq idi.
Onların arasındakı soyuqluğu bir təsadüf daha da artırdı. Bir dəfə Hacı Muraddan soruşdular:
– Şamildən sonra imam kim olacaq?
Hacı Murad birbaşa cavab verdi:
– Kimin qılıncı itidir, o!
Bu sözləri İmam Şamilə çatdırdılar. Şamil Hacı Muradın dediklərini pis yana yozub ondan yaxasını qurtarmaq fikrinə düşdü. Amma istəyini açıq-aşkar həyata keçirə bilmirdi. Çünki Hacı Murad təzədən rusların tərəfinə keçsəydi, Şamil üçün daha da təhlükəli olardı. Ona görə imam başqa tədbirlərə əl atmağa başladı. O, Hacı Muradı daha qorxulu səfərlərə göndərirdi. Beləcə, ümid eləyirdi ki, bu səfərlərin birində Hacı Muradın başına pis bir iş gələcək. Bu səfərlərdən biri də Tabasarana yürüş idi.
Hacı Murad isə bütün gedər-gəlməz yollardan sağ-salamat, əlidolu qayıdırdı. O, Tabasaran səfərindən min qoyun, üç yüz də atla döndü. Ancaq İmam Şamil buna qane olmadı, dedi ki, tapşırığı yaxşı yerinə yetirməyib. Bunun ardınca o, Hacı Muradın naibliyini əlindən aldı, əmr elədi ki, qızıl pulları da göndərsin. Hacı Murad Şamilə min qızıl göndərdi, ancaq imam buna da qane olmadı. Müridlərini göndərib Hacı Muradın bütün var-yoxunu əlindən aldı, özündən də yanına gəlməyi tələb elədi.
Hacı Murad bilirdi ki, Şamil onu öldürəcək, ona görə də imamın yanına getmədi. İmam Şamil müridlərini Hacı Muradı tutmaq üçün göndərdi. Amma Hacı Murad da asan ələ keçən adam deyildi, müridlərlə atışa-atışa aradan çıxdı.
Mahkəndə gizli səfər
1851-ci ilin soyuq bir noyabr axşamı Hacı Murad Mahkənd adlı çeçen auluna girdi. Aul təzək tüstüsünə bürünmüşdü.
Müəzzinin zil azan səsi yenicə kəsilmişdi. Təmiz dağ havasında arı şanı kimi bir-birinə sıxılmış daxmaların həyətinə girən mal-qaranın böyürtüsü, qoyun-quzunun mələşməsi, uzaqdan-uzağa söz güləşdirən kişilərin hay-küyü, bulaq başındakı arvad-uşağın səsi aydın eşidilirdi.
İmam Şamilin naibi, igidlikdə ad qazanmış Hacı Muradı hamı tanıyırdı. Həmişə bir yerə gedəndə yanınca xüsusi bayraq götürərdilər, ətrafında onlarca igid mürid at oynadardı. İndisə yanında vur-tut bircə müridi vardı. Hacı Murad üz-gözünü başlıqla sarımışdı, bərk-bərk büründüyü yapıncının altından tüfənginin ucu görünürdü. O, bacardıqca gözə girməməyə çalışır, rast gəldiyi adamları iti qara gözləriylə ehtiyatla nəzərdən keçirirdi.
Aulun ortasında Hacı Murad atını dar bir döngəyə sürdü. Dağın ətəyində qazılmış ikinci daxmaya yetişib oyan-buyana göz gəzdirdi. Daxmanın dəhlizində kimsə görünmürdü. Amma damda, tüstü bacasının arxasında kürkə bürünmüş bir kişi uzanmışdı. Hacı Murad qamçının sapı ilə onu tərpədib astaca səslədi. Kürkün altından qoca bir kişi qalxdı. Kişinin başında gecə papağı, əynində kirdən işıldayan cırıq arxalıq vardı. Qocanın kirpiksiz gözləri qızarıb bulaşmışdı. O, göz qapaqlarını bir-birindən aralamaq üçün gözünü tez-tez qırpırdı. Hacı Murad “salaməleyküm” deyib üzünü açdı.
Qoca Hacı Muradı tanıyıb:
– Əleyküməssalam, – dedi, dişsiz ağzını açıb gülümsədi.
Sonra bir əlini yerə, o birini arıq dizinə söykək verib qalxdı, taxtadaban başmaqlarını ayağına keçirdi. Qırışıq kürkünü tələsmədən geydi. Dama söykənmiş nərdivanla dalı-dalı aşağı düşdü. Hörmət əlaməti kimi bir əliylə Hacı Muradın atının cilovundan, o biri əliylə sağ üzəngisindən yapışdı. Ancaq tez atdan yerə sıçrayan qıvraq mürid qocanı kənarlaşdırıb güclü əlləri ilə üzəngini özü basdı.
Hacı Murad atdan düşüb yüngülcə axsaya-axsaya dəhlizə keçdi. Bu vaxt qapı açıldı. İçəridən on dörd-on beş yaşlı bir oğlan uşağı çıxıb qara gözlərini təəccüblə gələnlərə zillədi. Qoca onu buyurdu:
– Qaç məscidə, atanı çağır.
Sonra o, Hacı Muradı qabaqlayıb daxmanın yüngül qapısını cırıltı ilə açdı. İçəri qapıdan ortayaşlı arıq bir arvad çıxdı. Onun əynində göy çaxçur1 vardı, sarı köynəyinin üstündən qırmızı bəşmət2 geymişdi. Qucağında yastıq, bir də döşəkçə vardı.
– Xoş gəlmisiniz, – deyib o, Hacı Muradı salamladı. Sonra daxmanın yuxarı başında qonağa oturmaq üçün yer düzəltməyə başladı.
Hacı Murad dilləndi:
– Allah oğlanlarını saxlasın.
O, yapıncısını, tüfəngini, qılıncını çıxarıb qocaya uzatdı. Qoca onları alıb ev yiyəsinin silahı ilə yanaşı divardan asdı.
Hacı Murad belindəki tapançanı düzəldib arvadın yerə saldığı döşəkçəyə tərəf getdi. Çərkəzi çuxasının ətəyini geri atıb əyləşdi. Qoca yalın ayaqlarını altına yığıb onunla üzbəüz dizi üstə oturdu. Gözlərini yumdu, əllərini qoşalayıb sifətinə yaxınlaşdırdı, astadan dua oxumağa başladı. Hacı Murad da onun kimi elədi. Duadan sonra ikisi də salavat çevirdi.
Hacı Murad qocadan soruşdu:
– Təzə nə xəbər var?
– Elə bir xəbər yoxdur, – qoca ölgün qırmızı gözlərini Hacı Muradın üzünə yox, sinəsinə zillədi. – Olsa, oğlum bilər.
Hacı Murad duydu ki, onu maraqlandıran məsələdən qocanın xəbəri var, ancaq danışmaq istəmir. Ona görə də başını yavaşca tərpədib daha heç nə soruşmadı.
– Elə ürəkaçan bir şey yoxdur, – qoca sükutu pozdu, sözünü üstüörtülü demək istədi. – Dovşanlar baş-başa verib məsləhətləşirlər ki, qartalları necə qovaq. Qartallar da onlara aman vermir, birini orda, birini burda parçalayırlar. Keçən həftə ruslar qonşu aulun ot tayalarını yandırıblar. Allah onların bəlasını versin!
Bunu deyib qoca hiddətlə xırıldadı.
Hacı Muradın müridi içəri girdi. Qüvvətli ayaqlarını torpaq döşəmədə geniş ata-ata səssiz, qıvraq addımlarla divara yaxınlaşdı. Yapıncısını, tüfəngini, qılıncını çıxarıb divardakı mıxlara keçirdi.
Qoca müridi göstərib Hacı Muraddan soruşdu:
– Bu kimdir?
Hacı Murad cavab verdi:
– Mənim müridimdir. Adı Eldardır.
Qoca:
– Lap yaxşı, – deyib Eldara Hacı Muradın yanında yer göstərdi.
Eldar bardaş qurub oturdu, mülayim baxışlarını söhbət eləyən qocaya zillədi. Qoca sözlərinə davam etdi:
– Keçən həftə aulun cavanları iki rus əsgəri tutdular. Birini öldürdülər, o birini Şamilin yanına göndərdilər.
Hacı Murad qocanın söhbətini fikri dağınıq halda dinləyirdi. O, tez-tez qapıya baxır, bayırdan gələn hər şaqqıltıya qulaq verirdi. Nəhayət, dəhlizdə ayaq səsləri eşidildi, sonra qapı cırıldadı, ev yiyəsi Sado içəri girdi.
Sado qırx-qırx beş yaşlı, qarasaqqal, uzunburun bir adam idi. Gözləri onu çağırmağa qaçan, indi də atası ilə içəri girib qapının yanında oturan oğlunun gözləri kimi qara idi. Sado ayaqqabılarını qapının yanında çıxardı. Tükü getmiş papağını peysərinə itələyib Hacı Muradla üzbəüz çöməlib oturdu. Sonra gözlərini yumub əllərini üzünə yaxınlaşdırdı. Dua oxuyub, salavat çevirib danışmağa başladı:
– Şamil əmr verib ki, Hacı Muradın ya dirisini, ya ölüsünü ələ keçirmək lazımdır. Şamilin göndərdiyi adamlar dünən qayıdıblar. Camaat da onun sözündən çıxmağa qorxur. Odur ki ehtiyatlı olmaq lazımdır. Amma nə qədər ki canımda can var, mənim evimdə heç kəs qonağıma dəyib-dolaşa bilməz. Dərd çölün dərdidir. Bu barədə fikirləşmək lazımdır.

Hacı Muradın yeni planı
Hacı Murad vəziyyəti çox yaxşı başa düşürdü. O, Sadoya diqqətlə qulaq asır, razılıqla başını tərpədirdi. Sado sözünü qurtaranda Hacı Murad dilləndi:
– Yaxşı. İndi ruslara bir adamla kağız göndərmək lazımdır. Mənim müridim gedər, amma onun bələdçisi olmalıdır.
Sado:
– Qardaşım Batanı göndərərəm, – deyib oğluna sarı döndü. – Batanı çağır gəlsin.
Oğlan yay kimi açılıb yerindən sıçradı. Qollarını yelləyə-yelləyə otaqdan çıxdı. Az sonra o, qarabuğdayı, qıçları gödək, cılız bir çeçenlə qayıtdı. Çeçenin əynində ora-burası süzülmüş, qollarının ağzı didik-didik olmuş sarı çuxa vardı. Qıçlarına geydiyi qara meşin boğazlıqlar aşağı sürüşüb qırışmışdı. Hacı Murad onunla salamlaşıb artıq söz işlətmədən qısaca soruşdu:
– Mənim müridimi rusların yanına ötürə bilərsənmi?
Bata cəld, həm də gülümsəyə-gülümsəyə dedi:
– Niyə ötürmürəm, lap yaxşı ötürərəm. Mənim qabağımda heç kəs dura bilməz. Başqası, ola bilsin, söz də verər, gedər də, di gəl ki işin içindən bir şey çıxmaz. Amma mən bacararam.
Hacı Murad:
– Yaxşı, çəkdiyin zəhmətin müqabilində bu qədər alacaqsan, – deyib üç barmağını göstərdi.
Bata başını tərpədib anladığını bildirdi, sonra dedi:
– Mənim üçün pul qiymətli deyil. Mən namus yolunda sənə qulluq eləməyə həmişə hazıram. Səni bu dağlarda tanımayan yoxdur. Ruslara necə divan tutduğunu hamı bilir.
Batanın sözləri doğru olsa da, Hacı Muradın onu dinləməyə vaxtı yox idi. Ona görə də dilləndi:
– Yaxşı. İpin uzunu, sözün qısası!
Bata razılaşdı:
– Düz buyurursunuz, danışmaram.
Hacı Murad sözünə davam elədi:
– Arqunun burulduğu yerdə, sıldırımla üzbəüz meşənin içindəki talada bir cüt ot tayası var, görmüsənmi?
– Görmüşəm, – Bata inamla cavab verdi.
– Orada atlılarımdan üçü məni gözləyir. Xan-Mağomanı soruşarsan. Nə eləmək, nə demək lazım olduğunu Xan-Mağoma bilir. Onu rusların böyüyü knyaz Voronsovun yanınacan aparıb çıxarda bilərsənmi?
– Apararam.
– Apararsan, sonra da geri qaytararsan. Bacararsan?
– Bacararam.
– Apararsan, qayıdanda yenə də meşəyə gələrsiz. Mən orada olacağam.
– Hamısı baş üstə! – Bata ayağa qalxdı, əlini döşünə qoyub baş əyəndən sonra otaqdan çıxdı.
Bata gedən kimi Hacı Murad üzünü ev yiyəsinə tutdu:
– Bir adam da Hexiyə göndərmək lazımdır. Hexidə belə eləmək lazımdır…
Hacı Murad çuxasının vəznəsindən birinə əl atıb mətləbi anlatmaq istəyirdi. Amma içəri girən iki qadını görcək əlini aşağı salıb susdu. Qadınlardan biri Sadonun arvadı, o biri də qızı idi. Qız qırmızı çaxçur, yaşıl bəşmət geyinmişdi, sinəsi gümüş pula tutulmuş döşlüyü vardı. Kürəyinə düşmüş yoğun qara hörüyünün ucundan gümüş manatlıq asılmışdı. Qadın üstündə yemək-içmək olan dəyirmi stol götürmüşdü. Qızın əlində aftafa, ləyən, bir də məhrəba vardı.
Gizli məktub
Qadınlar süfrə açdıqları müddətdə Hacı Muradla Sado susdular. Eldar da gözlərini dizlərinə zilləyib heykəl kimi hərəkətsiz oturdu. O yalnız qadınlar çıxandan sonra rahat nəfəs aldı.
Hacı Murad çuxasının döşündəki vəznənin ağzına tıxanmış gülləni dartıb altından lülələnmiş kağız çıxardı.
– Oğluma çatasıdır, – deyib kağızı ev yiyəsinə göstərdi.
– Cavabı hara? – Sado soruşdu.
– Sənə. Sən də mənə çatdırarsan.
– Arxayın ol, – Sado kağızı alıb öz vəznəsində gizlətdi. Sonra aftafanı götürüb ləyəni Hacı Muradın qarşısına çəkdi.
Hacı Murad arxalığının qollarını əzələli ağ biləklərindən yuxarı çırmayıb əllərini Sadonun aftafadan tökdüyü dupduru soyuq suyun altına tutdu. Cod dəsmalla əl-üzünü qurulayandan sonra süfrəyə əyildi. Eldar da onin kimi elədi. Qonaqlar süfrəyə əl uzadanda ev yiyəsi dönə-dönə dil-ağız elədi. Hacı Muradın layiq bilib qapısına düşməsi onu çox sevindirirdi. Qapının yanında oturan uşaq da qara gözlərini Hacı Muraddan çəkmirdi. Sanki öz təbəssümü ilə atasının dediklərinə şərik çıxırdı.
Dünəndən bəri dilinə heç nə dəyməsə də, Hacı Murad azacıq pendir-çörək yedi. Sonra bıçağını çıxarıb yuxanın üstünə bal çəkdi.
Qoca özü çəkdiyi baldan Hacı Muradın yediyini görüb xoşlandı:
– Bizim bala söz yoxdur. Bu il Allah verib, keçən illərə baxmış həm boldur, həm də yaxşı.
Nəhayət, Hacı Murad “Əlhəmdülillah” deyib əlini süfrədən çəkdi. Eldar hələ doymasa da, mürşidinə baxıb yeməyini bitirdi. Aftafa-ləyəni götürüb Hacı Muradın yanına qoydu.
Sado yaxşı bilirdi ki, Hacı Muradı evində saxlamaqla ölümlə çilingağac oynayır. İmam Şamil Hacı Muradla arası dəyəndən sonra bütün çeçenlərə xəbər göndərmişdi ki, kim ona evində yer versə, ölümə məhkum olunacaq. Sado bilirdi ki, aul camaatı Hacı Muradın burda olmasından hər an duyuq düşüb onu ələ verməyi tələb eləyə bilər. Ancaq bu onu nəinki qorxutmurdu, əksinə, sevindirirdi. O, qapısından girən qonağı canı-qanı qiymətinə olsa belə qorumağı özünə borc bilirdi. Özünün kişi hərəkətindən fərəhlənir, bununla öyünürdü:
– Neçə ki mənim evimdəsən, – Sado üzünü Hacı Murada tutub tez-tez dediyini yenə təkrarladı, – başım bədənimdən ayrılmayınca heç kim sənin həndəvərinə hərlənə bilməz.
Hacı Murad onun parıldayan gözlərinə zənn ilə baxdı. Sözlərinin sədaqətlə deyildiyinə əmin olub razılıq elədi:
– Allah səni dost yanında xar eləməsin! Allah ömrünü uzun eləsin!
Sado bu razılığın müqabilində heç nə demədən əlini döşünə qoyub baş əydi. Sonra pəncərə taxtalarını bağlayıb buxarıya odun atdı. Qonaqların yerini isti eləyib içini bürümüş sevincin işığında ailəsi yaşayan otağa keçdi. Qadınlar hələ yatmamışdılar, qonaq otağında dincələn xatalı qonaqlar barədə söhbət eləyirdilər.
Ücretsiz ön izlemeyi tamamladınız.