Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qədim türklər», sayfa 5

Yazı tipi:

Türk qoşunun öncül dəstələrinin ilk qurbanı Çaç şəhəri oldu. Türkyutlar burada bütün əhalini qılıncdan keçirdi. Sonra onların əsas qüvvələri Çirçik çayını keçərək Maymurqada39 öz avanqardları ilə birləşdilər. Eftalitlər Buxara yaxınlığında cəmləşmişdilər, lakin mahir türk süvarilərinin üstünlüyə malik olduğu düzən yerdə döyüşə girmək istəməyən Qatfar dağlara çəkildi və Nesef (Karşı) yaxınlığında döyüşə başladı.

Firdovsinin yazdığına görə türkyutların hücumu zamanı soqdiyalılar çox ağlayırdılar, ancaq eftalitlərin tərəfində vuruşmaq istəmirdilər. Nesef yaxınlığındakı döyüş səkkiz gün davam etdi və eftalitlərin tam məğlubiyyəti ilə başa çatdı (565-ci il). Xilas olanlar müstəqil eftalit dövlətinin sonunun çatdığını görüb Qatfarı taxtdan saldılar və Çaqanian knyazı Faqonişi çar seçdilər. Həm də onların fikrincə, türkyutlara müqavimət göstərə biləcək Xosroy Ənuşirvana tabe olmağı Faqonişə tapşırdılar.

Eyni vaxtda həm xaqanın məktubunu, həm də Faqonişin itaətkarlıq təklifini alan Xosroy onların heç birinə cavab vermədi. Qərb sərhədlərini boş qoymaqdan qorxan əyanlarla hesablaşmadan o, bütün qoşunun başında Xorasana tərəf hərəkət etdi.

Ümumi düşmən əzildikdən sonra müttəfiqlər özləri düşmənə çevrildilər. Xaqanlıqla İran arasında mövcud olan və ümumi düşmənlə haqq-hesabı çürütmək zərurətindən arxa plana keçən münaqişə fikir ayrılığı indi bütün çılpaqlığı ilə aşkara çıxdı. Məlum oldu ki, münaqişə kifayət qədər dərindir, hətta tərəflər barışmaz mövqe tuta bilərlər. Lakin biz növbəti fəsli həmin münaqişəyə həsr edəcəyik. Hələlik isə evtalitlərin üzərinə qayıdaq.

Silah və qəddarlıq gücünə Orta Asiyada hegemonluğu ələ alan eftalitlər fəth etdikləri ölkələrdə populyarlıq qazana bilməmişdilər.

VI əsr Orta Asiya üçün iqtisadi və mədəni yüksəliş dövrü idi. Şəhərlər böyüyür və zənginləşir, əkinçilik, sənətkarlıq və ticarət tərəqqi edirdi. Soqdiyalılar həmin dövrdə təcrübəli və bacarıqlı tacir-dəllallar kimi tanınmışdılar. Onlar qədim karvan yollarından istifadə edərək İranla Aralıq dənizi arasında daimi əlaqə yaratmışdılar. Lakin jujanların yolkəsənliyi və eftalitlərin arasıkəsilməz müharibələri ticarət əlaqələrinə mane olurdular. Çölü və Soqdiananı birləşdirən türkyutlar ticarət üçün geniş imkanlar açmışdılar. Bunun müqabilində Soqdiya tacirləri türkyut xanlarının təbəəliyini qəbul etmişdi. Belə loyal təbəələr onlara sərfəli idi. Bu yolla Orta Asiya xaqanlığın ayrılmaz tərkib hissəsinə çevrilirdi. Yaranmış vəziyyət eftalitlərin qisas cəhdlərinin qarşısını kəsdi və onları dağlara çəkilməyə məcbur etdi. Eftalitlərin qalıqları bizim zəmanəyə qədər həmin yerlərdə yaşamaqdadırlar.

IV fəsil
İPƏK VƏ KARVAN YOLU

Karvan ticarəti. Eftalitləri və Şimali Çin hökmdarlıqlarını darmadağın etdikdən sonra türkyutlar yalnız siyasi deyil, həm də iqtisadi qüdrətə nail oldular. Çünki Qərblə Şərqi birləşdirən böyük karvan yolu onların əlinə keçdi.

Bu yol Çanyandan başlanır və Nanşyanın ətəkləri ilə zirvələrdən gələn sellərin suvardığı çoxsaylı vadilərdən keçirdi. Yolun bu hissəsi asan idi. Lakin bunun ardınca səhradan Xami vadisinə qədər, oradan isə Turfandakı Lyukçun çökəyinə qədər davam edən çətin keçid başlanırdı. Hər iki vadi və yaxınlıqdakı ərazilər müstəqil Qaoçan knyazlığının tərkibinə daxil idi. Burada çinli hərbi köçkünlərin ailələri yaşayırdılar. Onlar özlərinin yeni vətənlərinə tamamilə uyğunlaşmışdılar.

Qaoçanda karvan yolu iki yerə ayrılırdı. Onun bir qolu Tyan-Şanın cənub yamacı boyunca Qaraşardan, Kuçu və Aksudan keçir, sonra isə Çu və Talas vadiləri ilə gedib İsfara çatırdı. O biri – şimal qol da Qaoçanda başlayır və Urumçudan, Manasdan, Kurkara-usudan və İren-Şabiqan dağlarından keçərək Cənubi Cunqariya ilə İli çayının vadisinə və oradan da cənuba, Orta Asiyaya gedirdi. Bundan əlavə Tyan-Şanda aşırımlardan keçərək, Qaraşardan Yulduz vadisi vasitəsi ilə İli vadisinə çıxan başqa bir karvan yolu da vardı, lakin çətinliyinə görə ondan nadir hallarda istifadə edirdilər.40

Orta Asiyada karvanlar dincəlirdilər. Ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafəni qət etmək 150 gün çəkirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım idi.

Ticarət olduqca gur və gəlirli idi, lakin o, natural təsərrüfat şəraitində yaşayan xalq kütlələrinə deyil, zinət şeylərinə daha çox ehtiyac duyan yuxarı təbəqəyə xidmət edirdi. Çinlilər İrandan istisnasız olaraq öz imperatriçələri üçün qiyməti çox baha olan məşhur sürmə alırdılar. Babilistan xalıları da nadir mal sayılırdı. Nəhayət, Çinə əsil və süni Suriya daş-qaşları Qırmızı dənizdən çıxarılmış mərcan, mirvari, Suriya və Misirdən parçalar, Kiçik Asiyadan narkotik maddələr gətirilirdi. Lakin ən mühüm ticarət malı ipək idi. O, Avropaya Avqustun hakimiyyəti illərindən gətirilməyə başlamışdı. Bizansın ipəyə ehtiyacı hədsiz idi, sarayın və əsilzadələrin ehtiyaclarından başqa barbarlarla əlaqələrdə, ən başlıcası isə muzdlu qoşun tutulmasında ipəkdən valyuta kimi istifadə olunurdu.

Yustinianın dünya hakimiyyəti iddiası Bizans hökumətini anqlo-saks krallığı da daxil olmaqla bütün Avropa dövlətləri ilə diplomatik əlaqələr saxlamağa məcbur edirdi. Hədiyyə verməyə, lazımi adamları ələ almağa, muzdlu qoşun tutmağa hədsiz miqdarda ipək tələb olunurdu. Ticarət sayəsində Yustinian az qala bütün Aralıq dənizi hövzəsini onun hakimiyyətinə tabe edən dünya siyasəti aparmağa nail olmuşdu. İpək Bizansda qızıl və bahalı daşlarla eyni səviyyədə qiymətləndirilirdi.

Lakin Bizansı bu son dərəcə qiymətli malla təchiz edən yol Şimali İrandan keçirdi, Sasani hökuməti isə karvan ticarəti üzərində nəzarəti qətiyyən əldən buraxmaq istəmirdi. Xam ipəyin böyük bir hissəsini istehsal üçün özlərində saxlayan iranlılar hazırladıqları məmulatları istədikləri vaxt özləri qoyduqları qiymətə Qərbi Avropa ölkələrinə sata bilirdilər.

Bizans imperiyasının tənəzzülünə can atan farslar, təbii ki, onun mal dövriyyəsinin artmasına deyil, ipəyin qiymətinin bahalaşmasına çalışırdılar ki, bu vasitə ilə Bizansdan daha çox pul qoparsınlar, onu siyasi və hərbi baxımdan zəiflətsinlər. Mal dövriyyəsinin artması İran üçün sərfəli deyildi, çünki qiymətlər nə qədər yüksək olsa da Bizans ipəyi Avropa bazarında satmaqla ziyanını ödəyirdi, əldə edilən gəlir isə hərbi potensialı artırmağa imkan verirdi. Ona görə də farslar ipək ticarətinə ciddi məhdudiyyət qoyur, həm də buna yalnız yüksək qiymətlər vasitəsi ilə deyil, Qərbə aparılan ipəyin miqdarının məhdudlaşdırılması yolu ilə nail olurdu.

Təbii ki, Bizans bu şəraitlə barışa bilməzdi, çünki ipəyə dəyərindən artıq pul verməklə o, düşmən İranın güclənməsinə imkan yaradırdı. Müharibələr arası fasilələrdə Konstantinopol sarayı kədər hissi ilə nə qədər qızılının düşmənin cibinə axdığını hesablamalı olurdu. Lakin iqtisadi asılılıqdan qurtarmaq təşəbbüsləri faydasız qalırdı. Təxminən 531-ci ildə Yustinian Afrika tacirlərinin vasitəçi rolunu öz öhdələrinə götürmələri və ipəyin Bizansa Hind okeanından gətirilməsi haqqında Efiopiya kralı ilə razılığa gəlmək istədi. Lakin iranlılar Hindistan limanlarında elə nüfuza malik idilər ki, efiopiyalıların ipək inhisarını onların əllərindən almaq cəhdi səmərəsiz qaldı. 532-ci ildə bağlanan sülh isə ipək ticarətinin əvvəlki qaydalarını bərpa etdi.

İranla 540-cı ildə başlanan yeni müharibə Yustinianı xüsusi fərmanla ipəyin qiymətini aşağı salmağa vadar etdi, lakin fars tacirlərindən ipəyi həmin qiymətə almaq qətiyyən mümkün deyildi. Nəticədə xammal olmadığından Suriyadakı ipəktoxuma manufakturaları iflasa uğradı. 570-ci ildə Yəməni ələ keçirən Xosroy Ənuşirvan bizanslıların Qırmızı dəniz və Hind okeanı vasitəsi ilə şərqə çıxan yollarını qəti olaraq kəsdi. Elə həmin dövrdə də tarixi oyuna yeni oyundaş – türkyut xaqanlığı qoşuldu. Yuxarıda qeyd olunduğu kimi, türkyutlar Çindən xərac şəklində hər il xeyli ipək qoparırdılar. Çadırlarını bahalı ipəklərlə bəzəmələrinə baxmayaraq xanlar aldıqları parçanın hamısından istifadə edə bilmirdilər.

Eftalitlərin məğlubiyyətindən sonra soqdiyalılar türkyutların təbəəliyinə keçdilər. Onlar ən qədim zamanlardan həm Qərbdə, həm də Şərqdə zirək tacirlər kimi tanınırdılar. Eftalit ağalarını türkyutlarla əvəz etməklə soqdiyalılar yalnız qazanırdılar, çünki onların qarşısında Asiyanın daxili vilayətlərinə maneəsiz və təhlükəsiz yol açılırdı. İpək ticarətinin maksimum genişlənməsi həm soqdiyalıların, həm də izafi ipək parçaları üçün bazar axtaran türkyutların xeyrinə idi.

Soqdiyalı Maniax. Beləliklə, soqdiyalı tacirlər tam haqlı olaraq eftalitlərin darmadağın edilməsini öz tərəqqilərinin başlanğıcı sayırdılar. Həqiqətən də, Çinə gedən yol açıq və təhlükəsiz idi, türkyutlar özləri soyub-taladıqları, yaxud xərac kimi aldıqları ipəyi nə edəcəklərini bilmirdilər. Belə şəraitdə vasitəçi görünməmiş şəkildə varlana bilərdi. Məsələ yalnız ipəyi Bizansa çatdırmaqda idi, lakin bunun üçün Sasani şahı ilə razılığa gəlmək lazımdı. İstemi xan öz tərəfindən yeni təbəələrinin arzularına zidd getmirdi, üstəlik tacirlərin istəyi yaxın adamlarının mənafeləri ilə üst-üstə düşürdü. Ona görə də xan soqdiyalılarda toplanmış ipəyi İran ərazisindən daşımaq üçün soqdiyalı Maniaxı səlahiyyətli səfir kimi Sasani şahı ilə danışıqlara göndərməyə həvəslə razı oldu. Səfir hətta İran şahına ticarətə qoşulmaq —yəni ipək alıb Qərbdə baha qiymətə satmaq təklifi ilə müraciət etdi. Belə olduqda soqdiyalılar qiymətdə bir qədər uduzsalar da, mal dövriyyəsini artırmaqla xeyli qazana bilərdilər.

Aydın məsələdir ki, İran hökuməti razılıq verə bilməzdi. Çünki o, ipəyin hamısının Bizansa aparılmasına imkan versəydi, bir neçə ildən sonra Dəclə çayının sahillərində bütün İranın qarşısına çıxa bilməyəcəyi güclü muzdlu ordu dayanardı. İran əhalisinin alıcılıq qabiliyyətinin aşağı olması isə ipəyin daxili bazarlarda satılmasına imkan vermirdi. İpək almaqla şah qızıl itirə bilərdi. Bizans imperatoruna ipək lazım olduğu kimi bu qızıl da ona öz Şərq siyasətini həyata keçirmək üçün çox lazım idi.

Xosroy müttəfiqi olan xanın yaratdığı çətin vəziyyətdən çıxış yolu tapdı. Eftalit Katullun təklifi ilə gətirilmiş ipəyin haqqı ödənildi və o, səfirlərin gözü qarşısında yandırıldı. Bununla da soqdiyalılara bildirildi ki, iranlılar mövcud vəziyyətin dəyişməsinə dözməyəcəklər. Soqdiyalılar dərhal xana şikayət etdilər, o da öz növbəsində münaqişəni aradan qaldırmaq qərarına gəldi. Xan İrana türkyutlardan ibarət yeni səfirlik göndərdi. Lakin bu səfirlik də heç nəyə nail ola bilmədi. Bütün bunlar az imiş kimi, türkyut elçilərinin əksəriyyəti naməlum xəstəlikdən öldü, vətənə üç, yaxud dörd nəfər dönə bildi.

Bu müddət Maniax xanı İranla ittifaqı pozub Bizansla əlaqə yaratmağa razı sala bildi. Lakin Xəzər dənizi boyunca Qafqazdan ipək daşımaq həm bahalı, həm də qorxulu idi; türkyut nizəçilərinin qabağında duruş gətirə bilməyən uqrlar ticarət karvanını asanlıqla soyub tacirlərin özlərini də qılıncdan keçirə bilərdilər. İrandan keçən yol isə həm qısa, həm də asan idi. Ona görə də İstemi xan mübahisəni silah gücünə həll etmək qərarına gəldi. O, elçilərinin zəhərləndiyini iddia etdi və qisas alacağını bildirdi.41

Başladığı müharibənin ciddiliyini dərk edən xan müttəfiqlər tapmağa tələsirdi. O, adı çəkilən Maniax başda olmaqla Konstantinopola nümayəndə heyəti göndərdi. Bu heyətə yalnız imperator Yustinlə ticarət müqaviləsi deyil, həm də İrana qarşı hərbi ittifaq bağlamaq tapşırılmışdı. Maniax Qafqaz vasitəsi ilə Konstantinopola çatdı. O, lap vaxtında gəlmişdi. 568-ci ildə lanqbordlar İtaliyaya soxuldular. İmperator II Yustin öz sələfi Yustinianın hakimiyyəti illərində imperiya xəzinəsinin axırına çıxan Qərb siyasətindən ağıllı şəkildə əl çəkdi. Digər tərəfdən, İran əleyhinə müharibənin təzələnməsi zərurət idi və qüdrətli müttəfiqdən imtina etmək düzgün olmazdı. Ona görə də imperator türkyut nümayəndəliyini hədsiz xeyirxahlıqla qəbul etdi və bağlanmış ittifaqı bir daha təsdiqi üçün 568-ci ilin avqustunda geriyə dönən Maniaxla birlikdə Şərq şəhərlərinin sərkərdəsi Zemarx Kilikiyalını da türkyutların yanına göndərdi. İstemi xan Bizans sərkərdəsini mehribanlıqla qarşıladı, niyyətlərinin səmimiliyinə sübut olaraq ona İran üzərinə göndərilən orduya qoşulmağı təklif etdi.

Xosroy müharibə istəmirdi. Talas çayı vadisində türkyut qoşunu İran elçiliyi ilə üzləşdi. Lakin ziyafət məclisi zamanı xan nümayişkaranə şəkildə Zemarxı İran səfirlərindən daha fəxri yerdə oturtdu və Bizans elçisinin yanında onları məzəmmətlədi. Səfirlər İrana müharibə xəbəri ilə döndülər. Bundan sonra xan Zemarxı buraxdı. O, Maniaxın oğlunun və səlahiyyətli səfir, türkyut Taqma Tarxanın müşayiəti ilə Bizansa qayıtdı. Bu vaxt Maniax artıq ölmüşdü, lakin Bizansla türkyut xanlığının ittifaqı öz banisindən daha çox yaşadı və irsən Xəzər xaqanlığına keçdi. Eyni sözləri İranla düşmənçilik haqqında da demək olar. Hətta İran şahlarını ərəb xəlifələri əvəz etdikdən sonra da bu düşmənçilik aradan qalxmamışdı.

Eftalit vərəsəsinin bölünməsi. Başlanan müharibənin rəsmi bəhanəsi İstemi xanın farslardan əvvəllər eftalitlərə ödədikləri xəracı indi ona vermək tələbi idi. Rədd cavabı labüd idi. Xan nə etdiyini çox gözəl bilirdi. Türkyut süvariləri dərhal Amu-Dərya çayını keçib Cürcanda «sirlərin42 əvvəllər farsların əlində olmuş ticarət şəhərlərini və limanlarını» tutdular. Lakin farsların hələ V əsrdə eftalitlər əleyhinə ucaldılmış sərhəd qalaları türkyutlar üçün alınmaz idi. Hücum dayandı, 569-cu ildə türkyutlar Soqdianaya qayıtdılar. Bununla da hərbi əməliyyatlar başa çatdı, çünki İstemi xan qətiyyən şahənşahın yaxşı təlim görmüş nizami ordusu ilə üzləşmək istəmirdi. Bizansın tezliklə Mesopotamiyada müharibəyə başlayacağını və İran qoşunlarının diqqətinin ora cəlb olunacağını bilən İstemi xan hələlik eftalit vərəsəsinin bölünməsi məsələsini həll etməyi qərara aldı. 571-ci il müqaviləsinə görə Xosroy Ənuşirvan Sindi, Bostu, Ər-Roxacı (Araxoziya), Zabulistanı, Toharistanı, Dardistanı və Kabulistanı aldı. Bundan əlavə eftalit knyazı Faqonişin irsi ölkəsi olan Çaqaniyan da iranlıların ixtiyarına keçdi. Türkyutlar Soqdiana ilə kifayətlənməli oldular.

Sülh bağlanması Xosroy Ənuşirvan üçün böyük uğur idi. Əvvəla, o, öz şahlığının sərhədlərini şərqə tərəf sələflərinin heç birinin nail olmadığı həddə qədər uzatdı; ikincisi ermənilərin üsyan qaldırdığı, gürcülərin bizanslılara satıldığı qərbdə, efiopların fəallaşdığı Ərəbistanda, nəhayət 572-ci ildə hücum edib Nizibi mühasirəyə almış bizanslılara qarşı vuruşmaq üçün hərbi qüvvələrini sərbəstləşdirdi. Yaxşı təlim görmüş qoşunlarını qərbə atan Xosroy tezliklə burada hərbi əməliyyatların gedişində dönüşə nail oldu və 573-cü ildə Darunu aldı. Əslində öz qələbələri ilə o, türkyut xanının məcburi fəaliyyətsizliyinə borclu idi. Türkyutların barışmaz düşməni olan avarlar Savadan Dona qədər bütün çölü tutmuşdular və bunun da nəticəsində İstemi xan hücumu cənubdan qərbə keçirməli olmuşdu. 567—571-ci illər ərzində türkyutlar bütün Şimali Qafqazı ələ keçirdilər və Bospor yaxınlığında onların artıq Bizansla bitişik ərazisi vardı. Çox ehtimal ki, türkyutlar bu ərazidən dostları və məsləhətçiləri olan Soqdiya tacirləri üçün yeni karvan yolu salmaq istəyirdilər.

Farsların və avarların məngənə arasında sıxdıqları Bizans xanla ittifaqdan dördəlli yapışmışdı. Bir neçə ilin içərisində dalbadal türkyutların yanına Evtixizanın, İoridonun, Kilikiyalı Pavlın və Ananqastın elçilikləri göndərildi. Elə görünürdü ki, ittifaq möhkəmlənəcək və Şərqlə Qərb arasında körpü yaranacaq. Lakin hadisələr tamamilə başqa məcrada hərəkət etməyə başladı.

Bizansla müharibə. 553-cü ildə Bizans özünün ipəkçilik sənayesini işə saldı. Kesariyalı Prokopinin yazdığına görə, ipək qurdunun sürfəsini Konstantinopola iki xristian rahib gətirmişdi. Bizanslı Feofan isə sürfələri içi oyulmuş əl ağacında bir nəfər farsın gətirdiyini yazır. N. V. Piqulevskaya sürfələrin Soqdiya şəhərlərinin birindən gətirilməsini ehtimal edir, Feofanın hekayətinə istinad edən Massonun fikrincə isə, sürfələr Cürcandan gətirilmişdi. İpəkçilik Konstantinopolda, Beyrut, Tir və Antioxiyada geniş yayılmağa başladı. VI əsrin sonlarına yaxın artıq ipək idxalı Bizans üçün əvvəlki əhəmiyyətə malik deyildi. Türkyutların ipək inhisarını ələ almaq təşəbbüsü boşa çıxdı. Rəqabət onları ipək məmulatının qiymətləri aşağı salmağa məcbur etməyə bilməzdi, bu isə ticarətdən əldə olunan gəlirin xeyli azalmasına gətirib çıxardı.

İpək ticarətindəki rəqabətdən əlavə avar məsələsi də Bizans-türkyut münasibətlərinin soyumasına təkan verirdi. 568-ci il müqaviləsinə görə Bizans avarlarla sülh və ittifaq bağlamaq təəhhüdü götürmüşdü. Odur ki, avar elçiliyi sülh xahişi və Pannoniyanı tutmaq icazəsi üçün Yustinin yanına gəldikdə ona rədd cavabı verildi. Lakin buna baxmayaraq avarlar Pannoniyada möhkəmlənərək bizanslılar üzərində qələbə çaldılar. Bu isə onları 570-ci ildə sülh bağlamağa məcbur etdi.

Yeni siyasi qruplaşmaların meydana çıxması üçün bu iki amil kifayət idi. Volqa üzərindəki türkyutlar yenicə itaət altına alınmış tayfalar arasında yaşayırdılar. Yalnız ağır türkyut süvarilərinin misilsizliyi sayəsində bu tayfalar tabeçilik boyunduruğuna girmişdilər. Avarların qəfil güclənməsi türkyut xaqanlığının bütün düşmənləri, ilk növbədə isə kuturqurlar üçün cazibə mərkəzi yaradırdı. Bu ilk növbədə türkyutların özləri üçün təhlükəli idi. Lakin hələlik avarlar qepidlər və yunanlarla nəticəsi bəlli olmayan müharibə apardıqlarından türkyutlar zəif düşməni saya salmaya bilərdilər. Ancaq avarlar qüdrətli dövlət yaratdıqdan və Bizansla sülh müqaviləsi bağlayaraq təhlükəsizliklərini təmin etdikdən sonra türkyutlar qorxuya düşməyə bilməzdilər. Doğrudan da Valentinin 576-cı ildə gələn elçiliyi əvvəlkilərdən tamamilə fərqli şəkildə qarşılandı.

Elçini səkkiz bölgə knyazından (həmin dövrdə türkyut dövləti böyük xana tabe olan səkkiz bölgə knyazlığından ibarət idi) biri olan Türksanf qəbul etdi. Valentinin təntənəli salamının cavabında o dedi: «Siz on dildən və bir yalandan istifadə edən həmin o romalılar deyilsinizmi?» Bundan sonra o, barmağının sonu ilə ağzını tutub sözünə davam etdi: «İndi mənim ağzımda on barmaq olduğu kimi siz romalıların da çoxlu dili var. Bu dillərin biri ilə siz məni, o biri ilə sadiq təbəələrim olan varxonitləri aldadırsınız. Sizin hökmdarınız mənimlə dostluq haqqında danışıqlar apara-apara mənim qullarımla, öz ağalarının yanından qaçmış varxonitlərlə (o, avarları nəzərdə tuturdu – L. Q.) müqavilə bağladığına görə vaxtı çatanda cəzasını alacaq. Lakin varxonitlər türklərin (türkyutların – L. Q.) təbəələri kimi istədiyim vaxt mənim yanıma qayıdacaqlar. Niyə siz, romalılar, mənim Bizansa gedən elçilərimi Qafqazdan aparırsınız, həm də məni inandırırsınız ki, başqa yol yoxdur? Siz bunu ona görə edirsiniz ki, mən yolların çətinliyini görüb Roma vilayətləri üzərinə hücum niyyətimdən əl çəkim? Lakin Danapr çayının harada olduğu, İstrin hara töküldüyü, Evrin haradan axdığı və kölələrim olan varxonitlərin Roma imperiyasına hansı yollarla gedib çıxdıqları mənə dəqiq məlumdur. Sizin qüvvələrinizdən də bixəbər deyiləm. Günəşin ilk şəfəqlərindən tutmuş Qərbin hüdudlarına qədər bütün yer mənə tabedir. Ey bədbəxtlər, siz bir alan xalqlarına və utiqur tayfalarına baxın. Onlar hədsiz harınlıqlarından ruhlandılar, qüvvələrinə arxalandılar və məğlubedilməz türk xalqına qarşı çıxmağa cəsarət etdilər. Lakin onlar ümidlərində aldandılar. Əvəzində isə bizim təbəəliyimizin altına düşdülər, bizim kölələrimiz oldular».

Bu mətn türkyut xarici siyasətindəki dönüşü aydınlaşdırır, lakin Menandrın şərhində Türksanfın dəlil-sübutu tam yarımçıqdır. Geniş məlumata malik Türksanf Bizansın avarlarla bağladığı sülhün yunanların Dunay çayı üzərindəki ağır məğlubiyyətinin nəticəsi olduğundan xəbərsiz qala bilməzdi. Sözün qısası, o, özünü günahkar kimi aparır. Bunun səbəblərini ərəb tarixçiləri Təbəri və Səəlibi aydınlaşdırırlar. Bu tarixçilər Xosroy Ənuşirvanın müharibələrini təsvir edərkən göstərirlər ki, bizanslılara qarşı yürüşdən qayıdan Xosroy xəzərlərə (qərbi türkyutlara – L.Q.) hücuma keçdi və onlarla haqq-hesabını çürütdü. Səələbinin əsərində həmin məlumatın dəqiq tarixi göstərilmir, lakin o, Antioxiyanın fəthindən sonra verilir. Təbəri isə həmin hadisələri xronoloji ardıcıllıqdan kənar təsvir etmişdir. Həqiqətən də 575-ci ilə qədər türkyutlar Bizans elçilərini böyük səmimiyyətlə qarşılayırdılar, lakin 575-ci ildə İranla Bizans arasında barışıq bağlandı və Xosroy sərbəstləşmiş qoşunla düşmənlərinin müttəfiqi ilə haqq-hesabı çürüdə bilərdi. Türkyutlar isə 570-ci ildən 576-cı ilə qədər Şimali Qafqazın fəthi ilə məşğul idilər. Onların köməyi sayəsində bizanslıların əlaltısı Quaram Baqratid Kartlinin taxtı-tacının sahibi oldu (575-ci il Bizansa bel bağlayan türkyutlar arxadan zərbə gözləmirdilər.

Belə bir şəraitdə Türksanfın əsəbiləşməsinin səbəbləri aydınlaşır. Nifaqın nəticələri özünü dərhal göstərdi. 576-cı ildə türkyutlar uturqurların köməyi ilə Bosforu ələ keçirdilər və bununla da «türklərin (türkyutların) romalılara qarşı mübarizə apardıqları aydın oldu». Lakin türkyutlar bununla hücumlarını dayandırmadılar. Onlar Krıma da soxuldular, lakin çox güman ki, oradan sıxışdırılıb çıxarıldılar. Daha sonra türkyutlar Bizansı Qərbi Qafqaz vasitəsi ilə ələ keçirməyə cəhd göstərdilər, ancaq şimal sərhədləri Qafqaz zirvələrindən keçən Eqrisi hökmdarlığının müqaviməti ilə üzləşdilər. Zaqafqaziyaya nüfuz edə bilməyən türkyutlar 80-ci illərin əvvəllərində geri çəkilməli oldular. Bu zaman çoxlu hərbi əsirə divan tutuldu. Türkyutlar yalnız Şimali Qafqazın düzənliklərində, Dağıstanın Dərbəndə qədərki dağətəyi rayonlarında möhkəmlənə bildilər. Türkyut təhlükəsi Bizans üzərindən sovuşdu.

Çin və karvan yolu. İndi isə ipəyin vətəni Çinin türkyutlar, soqdiyalılar, farslar və yunanlar üçün belə gəlirli olan ipək ticarətindən nə qazandığına baxaq. Zəhmətsevər Çin kəndliləri bu qiymətli malı hazırlayır, lakin özləri ondan, demək olar ki, istifadə etmirdilər, çünki vergilər çox böyük idi və qeyd-şərtsiz toplanırdı. İpək satışından əldə edilən zinət şeyləri adətən sarayın tələbatını ödəyir və daxili bazarda heç bir rol oynamırdı. Bundan əlavə həmin zinət şeyləri Çindən ixrac edilən ipəklə müqayisədə çox ucuz idi və bütövlükdə ticarət ölkəyə yalnız ziyan gətirirdi. Lakin Bey-Çjou hökuməti vəziyyəti dəyişə bilməzdi, daha doğrusu, buna cəsarət etməzdi, çünki onun siyasi uğurları yalnız türkyut xanlarının davranışından asılı idi: «Bey-Tsi və Toqon yalnız türkyut xanlarının yardımı sayəsində darmadağın edilmişdi, bundan əlavə qarşıda Cənubi Çinin fəthi vəzifəsi dayanırdı. Etibarlı arxa olmadan həmin işin öhdəsindən gəlmək mümkün deyildi. Bununla yanaşı yadda saxlamaq zəruridir ki, Bey-Çjou sülaləsi Çin yox, syanbi mənşəli idi və Şimali Çində iri torpaq sahiblərinə çevrilən çinliləşmiş syanbilərə arxalanırdı. Toba «hörüklülərinin» dillərini və adət-ənənələrini unutmalarına ehtiyac yox idi, çünki əsil çinlilər üçün onlar işğalçıların xələfləri və nifrətəlayiq barbarlar idilər. Bey-Çjou hökumətinin xarici siyasət xətti isə çinlilər üçün eyni dərəcədə xoşagəlməz idi. Türkyutlarla olduqca baha qiymətə başa gələn dostluq bu sülalənin öz çöl ənənələri ilə əlaqələrini kəsmədiyini göstərirdi. Bundan əlavə, daosizm və buddizmin təqib edilməsi bu nüfuzlu cərəyanların müxalifət sıralarına keçməsinə təkan vermişdi. Nəhayət, əhalisi çox Bey-Tsi hökmdarlığının Bey-Çjou dövlətinin tərkibinə qatılması imperiyada Çin ünsürünün güclənməsinə gətirib çıxarmışdı. Lakin yetişməkdə olan hadisələrdə həlledici rolu Quanlun qruplaşması deyilən dəstə oynadı.

Bey sülaləsinin süquta uğradığı amansız dövrdə çoxlu varlı çinli Şandundan Şensiyə, Yuyvın Tayın yanına köçüb Quançjun və Lunsi əyalətlərində məskunlaşdılar. Burada onlar yerli Çin mülkədarları və məmurları ilə birləşdilər, qonşuluq, etnik birlik və qohumluq əlaqələri sayəsində adi yaşayış yerinə görə müəyyənləşən (Quan-çjun və Lun-sinin birləşməsindən Quanlun alındı) dəstə düzəltdilər. Sonuncu Bey-Çjou hokmdarlarının zamanında «quanlunluların» başçısı ana tərəfdən azyaşlı imperatorun babası olan sərkərdə Yan Tszyan idi.

Yan Tszyan «qəzəbli və heç kəsə inanmayan adam idi, kitabları sevmirdi, hiyləgərlikdə ad çıxarmışdı, adamları qorxmağa məcbur edə bilirdi, buna görə də əmrləri tez və dəqiq yerinə yetirilirdi. O, yorulmaq bilmədən səhər açılandan gecəyə qədər dövlət işləri ilə məşğul olurdu». Yan Tszyanın siyasi rəğbəti və nifrəti əsaslandığı kütlə ilə müəyyənləşirdi. Ölkə daxilində o, sosial ziddiyyətlərin ütülənməsinə yönəldilən tədbirlər həyata keçirirdi, qonşulara gəldikdə isə onlarla münasibətlərin daha da kəskinləşdirilməsinə üstünlük verirdi.

563-cü ildə Yan Tszyan türkyutlarla münaqişəyə girərək öz siyasətinin istiqamətini dəyişməyə çalışdı. O, öz niyyətini belə əsaslandırırdı: «Türkyut döyüşçüləri nə mükafat, nə də cəzaya əhəmiyyət verirlər, öz rəislərinə lazımınca hörmət göstərmirlər, əksəriyyəti qayda-qanunu gözləmir. Onları idarə etmək çox çətindir. Buradan da aydın görünür ki, türkyutların qüdrəti haqqında danışılanların çoxu əsassızdır. Bu yolla yalnız türkyut elçilərinin hökumət tərəfindən səxavətlə mükafatlandırılmasına nail olmaq istəyirlər. Bunu da o ümidlə edirlər ki, türkyutların yanına yolları düşsə, öz muzdlarını alsınlar. Saray yalan məlumatlar alır, hərbi rəislər isə ilk şaiyələri eşidən kimi qorxuya düşürlər. Düşmənlərimiz yalnız zahirən cəsarətli görünürlər, əslində isə onların öhdəsindən gəlmək o qədər də çətin deyil. İndi isə mənim fikrimcə, həm köhnə, həm də təzə elçilərin hamısının boynunu vurmaq lazımdır».

Lakin bu sözlər real həqiqəti deyil, «Quanlun qruplaşmasının» proqramını əks etdirir. Türkyutların ağır süvariləri nəinki Çin piyadalarından daha sürətli manevr etmək qabiliyyətinə malik idi, həm də ilkin köçərilərdən fərqli olaraq birbaşa zərbə endirmək səriştəsi qazanmışdı. 578—579-cu illərin toqquşmaları türkyutların hərbi üstünlüyünü bütün aşkarlığı ilə göstərir. Çöl orientasiyası tərəfdarları ilə polemikaya girən Yan Tszyan onları satqın rüşvətxorlar kimi qələmə verməyə çalışır, bu fikrin həqiqətə uyğunluğu inandırıcı görünmür. Lakin onun ən əhəmiyyətli təklifi türkyutlara hədiyyələr – yəni ipək verməmək barəsində idi. Bu tədbirin həyata keçirilməsi həqiqətən də türkyut xanlarının iqtisadi qüdrətini zəiflədər, eyni zamanda Çinin özündə vergilərin aşağı düşməsinə imkan verərdi.

Beləliklə, «Quanlun qruplaşması» ölkənin iqtisadi və siyasi baxımdan təcrid olunması planını irəli sürürdü. İmperator həmin planı rədd etdi, lakin Yan Tszyan gözləməyi bacarırdı. Vaxt isə onun xeyrinə işləyirdi. Türkyutların tələbləri və çinlilərin gücü Bey-Çjou sülaləsinə loyal münasibət bəsləyən syanbi ünsürünün zəifləməsi ilə proporsional şəkildə artırdı. 581-ci ilin baharında Çin zadəganları hökumət əleyhinə üsyan bayrağı qaldırdılar, xalq kütlələri də onlara qoşuldu. Yan Tszyan bu fürsətdən istifadə edərək sonuncu imperatoru – doqquz yaşlı oğlan uşağını taxt-tacdan onun xeyrinə əl çəkməyə məcbur etdi. Bədbəxt oğlan tezliklə öldürüldü, Yuyvın nəslinin bütün nümayəndələri edam edildi. Üsyan yalnız bundan sonra səngidi. Yeni sülalə Suy adını aldı.

«Çin» partiyasının asanlıqla qələbə qazanmasına baxmayaraq, Yan Tszyan çoxsaylı syanbi aristokratiyasını tam ümidsiz vəziyyətə salmağa cürət etmədi. O, xüsusi fərmanla bildirdi ki, «əvvəlki sülalənin bütün dərəcə və titulları köhnə qaydada olduğu kimi öz qüvvəsində qalır». Çinliləşmiş syanbi aristokratiyası salamat qaldı, bu isə həm Çinin özünün, həm də Asiyanın orta hissələrinin sonrakı tarixini müəyyənləşdirdi. Yan Tszyan vətəndaş müharibəsinə gedə bilməzdi. Əgər həmin fərman verilməsəydi belə bir müharibəyə başlaya bilərdi. Onun qarşısında iki əhəmiyyətli siyasi vəzifə dayanırdı: Şimali Çinin fəthi (yeni imperator bu vəzifənin öhdəsindən 589-cu ildə asanlıqla gəldi) və türkyutların darmadağın edilməsi. İkinci vəzifənin icrası «Quanlun qruplaşmasının» güman etdiyindən qat-qat çətin idi.

39.Maymurq – Səmərqənd əyalətində, Zərəfşandan cənub tərəfdə knyazlıq.
40.Üçüncü yolla Qırğızıstandan Qaraşara gedən ilk avropalı V.İ. Roborovski (1893-cü il) olmuşdur.
41.N. V. Piqulevskaya bu hadisəni başqa şəkildə, həm də mənim fikrimcə, qeyri-inandırıcı şəkildə izah edir. O, belə hesab edir ki, «hələlik yarımköçəri (? – L. Q.) vəziyyətdən çıxmayan türklər geniş ticarət mübadiləsinə meyl göstərmirdilər, yalnız öz təbəələrinin – soqdiyalıların təzyiqi ilə onlar İrana Maniaxın başçılığı ilə səfirlik göndərməyə razı oldular. Əslində isə məhz köçəri türkyutlar Çindən ipək qoparmağı bacarırdılar və həmin parça ilə soqdiyalıları təchiz edirdilər. Çünki çinlilər müharibəsiz lazımi miqdarda ipək vermirdilər. Hətta onlar ipəyi satmağa razı olsaydılar belə, ona soqdiyalılar və iranlılar satıb qazanc götürmək nədir, heç özləri ala bilməzdilər. Türkyutlar Çin ipəyini xərac və hərbi qənimət şəklində aldıqlarından onu soqdiyalılara dəyər-dəyməzinə satırdılar, buna görə də onların ticarəti gəlirli olurdu. Daha sonra, itaət altına alınmış adamların fatehlərə təzyiq göstərməsinə inanmaq çətindir; nəhayət, Maniax xanın yaxın adamı idi, diplomatik nümayəndə səlahiyyətini ona xan vermişdi. Maniax özbaşına İran şahı ilə danışıqlar aparmağa yollanmamışdı. Menandrın işlətdiyi «İstemi xan soqdiyalılara səfirlik göndərməyə icazə verdi» ifadəsini yalnız belə başa düşmək lazımdır ki, soqdiyalılar diplomatik danışıqlarda təcrübəsi olmayan türkyut bəylərinin işin öhdəsindən gələ bilməyəcəklərini nəzərə alaraq məsuliyyəti öz üzərlərinə götürdülər. N. B. Piqulevskaya belə hesab edir ki, «soqdiyalılar İran dövlətində onlara maneəsiz ipək ticarəti aparmağa icazə verilməsini» xahiş edirdilər. Lakin Menandr birbaşa göstərir ki, onların xahişi ipəyin hətta İranın vasitəçiliyi ilə olsa da qərbə—Bizansa buraxılması haqqında idi. Daha sonra N. V. Piqulevskaya bildirir ki, şahın ipək buraxmaqdan imtina etməsi onun rəqabətdən qorxması ilə bağlı idi. Lakin məsələ burasındadır ki, VI əsrdə sərbəst ipək ticarəti yox idi, deməli, rəqabət də ola bilməzdi. Onun gəldiyi nəticə ilə də razılaşmaq olmaz: «İran üçün türklər arzuolunan müttəfiqlər deyildilər». Ölkənin bir başında gərgin mübarizə aparan ölkə onun o biri başında dinclik olmasını neçə arzulamaya bilərdi? Lakin hadisələrin məntiqi türkyutları və farsları onların hər ikisi üçün arzu olunmayan müharibəyə sövq edirdi.
42.«Sirlər» dedikdə Çinlə ipək ticarətində iştirak edən tacir-dəllallar nəzərdə tutulur.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
14 s. 23 illüstrasyon
ISBN:
978-9952-8448-9-4
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu