Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şərqdə neft və qan», sayfa 2

Yazı tipi:

ZƏRDÜŞTÜN SON MƏBƏDİ

Azərbaycanın neft bölgəsi bütün Şərqin ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir: dizel motorlarını, avtomobilləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burda, neft çənlərinin və neft buruqlarının arasındakı supermodern dünyanın tən ortasında, Bakının ən zəngin neft rayonu Suraxanıda qədim Azərbaycanın qəribə simvolu, o qədər də sentimental olmayan neft sahibkarlarının qıymadığı sirli Zərdüşt məbədi saxlanılmışdır.

Zərdüştün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fatehi Çingiz Xan məbədi dağıtmamağı tapşırdı, çünki onun məşhur sələfi Harun əl-Rəşid də belə etmişdi. Biraz əvvəl isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüştün bəyan etdiyi böyük odçuluğun (atəşpərəstliyin) mərkəzində durmuşdu.

O vaxt bozumtul qədim dövrdə Azərbaycan əbədi odçuluğun kutsal yurdu idi və Bakı yörəsində neftlə zəngin çöl milyonlarla inancçının zəvvarlıq yerinə çevrildi. Möminləri şər başlanğıc Əhriməndən qoruyan, Bizansla Buxara arasında padşahın kim olacağını özləri müəyyənləşdirən və işıq allahı Hörmüzə sitayiş edən qüdrətli kahinlər ölkəyə hökmranlıq edirdilər. Hörmüz allah od idi. Qazla yerdən qaynayan, üzərində məbədin qüllələri ucaldılmış əbədi od. Həmin od bugün də sönməmişdir, son damla neft yerdən tükənənə qədər qüllələr altında alovlanacaq neft qazları bugün də müqəddəs torpaqdan qaynayıb-çıxmaqdadır. Minillərdən bəri alışıb-yanan bu əbədi alov bir təbiət oyunudur ki, məbədə təşrif buyurmuş əcnəbilər, təsadüfən odsevərlər deyillərsə, ondan öz siqaretlərini yandırırlar.

Odçuluq çağlarında yalnız ağalar və kahinlər oda ibadət edə bilərdilər. Adi inanclılar isə odun üstünü örtən qübbə qarşısında səcdə ilə kifayətlənirdilər. Roma üzərində bir neçə dəfə qələbə çalmış İran padşahı Azərbaycana gələr, kahinlərin ayağının tozunu öpər və kuhurinlə yuyunardı ki, bu da xalis salehlik sayılardı. Müqəddəs odu qorumaq və Romanı yenmək üçün İranın yeni padşahına şahənşah adı verildi. Ərəblər gəlib sonuncu odsevər padşah Yezdəgird Sursuzu öldürənə, kahinləri dağıdana, böyük allahı maraqlı bir təbiət hadisəsi səviyyəsinə endirənə qədər əsrlər uzunu beləcə davam etdi. Ərəblərin gəlişi ilə də müqəddəs torpağın ad-sanına və aralarında Sirus, Kambis, Dara və Artakser olan padşahlar nəslinə son qoydu ki, onların da ilk üçünün adı məktəb dərsliklərində, sonuncusu isə Herodotun adı ilə Bibliyada çəkilir.

Odsevərlər məhv edildi, onlar islama keçib Azərbaycan adının anlamını unutdular: «Əbədi odun müqəddəs məskəni». Zərdüşt tərəfdarlarının son qalıqları Hindistana və İran Yəzdinə qaçdılar ki, onlar bugün də burda yaşayır. Odçuların son məbədi islamın haram buyruğuna düşmüş içkini gecənin kirmişliyində dadmaq üçün şairlərin toplaşdığı meyxanaya çevrildi. Sonralar harama daha fikir verilməyəndə məbəd də bütün şairlər tərəfindən unuduldu. Hələ də burda öz günlərini keçirən son iki kahin yüz il öncə sərxoşluqlarına və bütçülüklərinə görə müdrik bir xan tərəfindən ölkədən qovuldu.

Hind odçuları isə öz məbədlərini unutmadılar.

Hər iki ildən-bir onların nadir nümayəndələri Azərbaycana gələr, əbədi odun qarşısında ibadət etmək üçün bütün hökumət qapılarını döyərdilər. Bugün vur-tut 110 min təəssübkeşi olan həmin hind və fars odsevərlərinin xüsusi ritualları var ki, onlar da sənaye rayonunun tən ortasında icra edildikdə müsəlman fəhlələrin hədsiz narazılığına səbəb olur, çünki, odçuların, bugünkü adları ilə deyilsə, həmin parsların, yaxud bəxşişçilərin adətlərindən başqa burda suçlu heç nə yoxdur. Parslar özlərini murdarlamaq kimi əbədi bir qorxu içində yaşayırlar. Yeyərkən gərək qida onların dodaqlarına toxunmasın, yoxsa mundarlanarlar. Bu səbəbdən də nə bıçaqdan, nə də çəngəldən istifadə olunur. Qıymalanmış yemək geniş açılmış ağıza əllə atılır. İçərkən də mayenin dodaqlara toxunmamasının qarşısını almaq üçün müxtəlif incəliklərdən istifadə olunur. Hər səhər onlar əllərini və ayaqlarını kuhurinlə yuyurlar, minillər ərzində formalaşmış duaları dodaqaltı pıçıldayırlar və çalmalarından asılan müqəddəs qaytanı sığallayırlar. Öləndə də cəsədi nə yandırırlar, nə torpağa tapşırırlar, nə də suya endirirlər, çünki od, torpaq və su əbədi mundarlanar. Ona görə də parsın cəsədini susqu qülləsinə – onun ən adlı-sanlısı Hindistandadır – aparırlar və orda quzğunlara tapşırırlar. Dini buyruqla yanaşı bu, parsların fıkrincə həm də gigiyenanın tələbidir.

Bu nadir odçular, bəşəriyyətin ən qədim dininin baniləri və kuhurin həvəskarları heç də hansısa yad köçərilər, yaxud codlaşmış dağlı tayfalar deyillər. Hind parsları – parsların ən böyük hissəsi Hindistanda yaşayır – çağdaş bankirlər, iri sənayeçilər və birjaçılardır ki, bugünkü Hindistan özünün iqtisadi inkişafı üçün onlara minnətdardır. Hindistanın ən iri sənaye sahələri hər cür qazanc imkanını – təkcə Azərbaycan neftindən başqa – dəyərləndirə bilən parslara məxsusdur. Ona görə Azərbaycan neftindən başqa ki, bu neft müqəddəsdir və kuhurinlə bərabər dinin mənəvi dəyərlərini təşkil edir. Haqlı olaraq parsları Hindistanın yəhudiləri adlandırırlar. İran parsları isə, bunun əksinə, ticarət fəaliyyətlərini hələ tam tutumda gəlişdirməmişlər. Onlar şahın üzüyola təbəələri kimi tanınırlar və onun hərəmxanasında bağban işləmək şərəfinə yetişmişlər.

Onlar Azərbaycanda, özlərinin müqəddəs torpaqlarında yaşamırlar, amma orda fəqirlər sığınacağı qurmuşlar və, hər yerdə olduğu təki, xeyriyyəçi kimi tanınırlar. Ona görə də hərdən elə olurdu ki, neft buruqları arasında bir neçə günlüyə ibadət etməyə hind parslara da icazə verilirdi. Amma bu, necə deyərlər, çox az-az olur, son vaxtlar isə buna ümumiyyətlə rast gəlinmir. Əbədi odun son məbədi bəşəriyyət tərəfindən elə yerli-dibli unudulub ki, Azərbaycanda çalışan alimlər ekspedisiyası günlərin birində tam ciddiyyətlə onu yenidən kəşf etdiyini söyləyib bu barədə Avropaya sensasion bir məlumat göndərdi. Həmin məlumatda göstərilirdi ki, alimlərin ciddi axtarışlarına baxmayaraq arxeoloji baxımdan qorunmayan bu tapıntı yalnız təsadüf sayəsində mümkün olmuşdur.

Məbəd neft mədənlərinin tən ortasında yerləşir və şəhər sakinlərinin sevimli ekskursiya yeridir. Alimlər məhz bir balaca şaşqın və həddən artıq kəşfbaz idilər.

Deməli, bəşəriyyət az qala məbədi unutmuşdur, fəqət haçansa hansısa illahlığın ehtiram olunduğu yer kimi dünyada heç nə ömürlük deyil. İnsan həmişə dönə-dönə ona qayıdır, köhnə xarabaların üzərində həmişə yeni-yeni sitayiş məkanları baş qaldırır. Kiçik Asiyanın unudulmuş ərazilərinə bələd olan kəs bilir ki, xırda köylərdəki məscidlər çox vaxt əvvəllər xristian kilsələrinin olduğu yerdə tikilib. Qazıntılara nəzər yetirilsə, görərsən ki, həmin kilsələr də öz növbəsində yunan-roma məbədlərinin xarabalıqları üzərində ucaldılmışdır və onlar da yenidən hansısa Babilistan illahlığının məbədinin özülü üstündə qurulmuşdur. Amma bir-birini əvəz edən dinlərin sırası bununla bitmir, zira bilinir ki, babilistanlılar da öz məbədlərini sirli Şumer səcdəgahlarının yerində tikmişlər. Elə yerlər var ki, orda sırasınca onlarla illahlara səcdə edilmişdir. İndi də məscidlər yox olurlar. Onların yerində bütün illahların ən çağdaşına xidmət edən fabrik və zavodlar tikilir.

Zərdüşt məbədinin həndəvərində də sənaye məbədləri yaranır. Fəqət bu, legitim xələf deyildi. Məbəd ayrı, daha yaxşı illah dəyəri kəsb etdi. Məbədə bitişərək Azərbaycanda bir neçə il öncə yeni bir din, Şərqdə tez-tez meydana gələn, sürətlə yayılan və eyni sürətlə də yenidən dinlər müstəvisindən səthi silinən bir təriqət gəlişdi. Yalnız səthi, çünki xalqın iç qatlarında bir vaxt onun yaşadığı ölkəyə hakim olmuş bütün illahlar yaşamaqda davam edir, Astartadan, Hörmüzdən tutmuş Məhəmmədə, Məsihə qədər. Zira iman yalnız üzdən ölür, zaman-zaman o, yenidən baş qaldırır, bu yaxınlarda Azərbaycandakı Zərdüşt məbədi kimi.

Həmin qəribə təriqətdən danışmağa dəyər.

Günlərin birində neft buruqlarının polisi hökumətə xəbər verdi ki, Zərdüşt məbədinin yaxınlığında gecələr əcaib şeylər baş verir. Nəsə səs-küy gəlir. Lopalar yanır. Səslər ucalır, anlaşılmaz mızıltılar eşidilir. Deməli, orda gizli mətbəənin, yaxud ən azı bandit yuvasının olduğunu güman etməyə yetərincə əsas var. Neft mədənlərində bandit yuvası və gizli mətbəə xoşagəlməz hal olduğundan polis prefekti güman edilən banditlərdən əslində çox az fərqlənən bir takım polislə məbədi dövrələyib axtarış aparmağı qərara aldı. Gecə gizli mətbəənin əlamətləri özünü göstərəndə polis məbədə soxuldu və bununla elmə dəyərli bir xidmət göstərmiş oldu, çünki dini tarixin müntəxabatlarında indiyə qədər qeydə alınmamış yeni bir dini ortaya qoydu.

Məbədin həyətindəki odun qarşısında dayanmış lüt qadına baxa-baxa əbədi alovun önündə yerdən oturmuş xeyli kişi gördülər. Kişilərdən biri qadının yanında dayanıb ehtiramla onun döşlərindən öpürdü, digərləri isə bu arada dua edib növbələrinin çatmasını gözləyirdi. Məbədin divarlarına, lopalarla işıqlandırılaraq, dünyanın bütün dinlərinin bütləri və müqəddəslərin şəkilləri qoyulmuşdu. Bazinili müqəddəs Nikolay Anadolu şeytançılarının müqəddəs simvolu Faunun2 palçıq fiquru ilə yanaşı qoyulmuşdu və Fallusun3 gil fiquru illah kimi sitayiş edilən İran şahının ucuz yağlı boya ilə basılmış şəklinin yanında asılmışdı.

Qəribə təriqətçilər həbs edildilər və məlum oldu ki, Bakı kəndlərinin sadə, savadsız sakinləridirlər. Açıqlamadıqları səbəblərdən onlar bir din yaratmağı qərara alıblarmış və qədim məbədi yeni imanın iqamətgahı kimi seçiblər. İştirakçıların hər biri özü ilə bir simvol gətirməliymiş, istər Fallus olsun, istərsə də İran şahının şəkli. Sonra o, müqəddəs odun qarşısında oturub münasib bildiyi duanı oxuya bilərdi. Yeganə mərasim çılpaq qadın döşünün öpülməsiydi və bu, Yer adlı anaya sevgini simvolizə etməliydi. Bundan başqa imandaşların gətirdiyi allahların hamısına gərək ehtiram göstərəydin.

Bütün cəhdlərə baxmayaraq polis onlardan fərli bir şey öyrənə bilmədi. Bu uğursuz sonuc rəsmi məlumatlarda savadsız köylülərin intellektinin aşağı olması ilə əsaslandırıldı. Deməli, köylülər gizli mətbəə işlətmədiklərinə və, üstəlik, şahın şəklini sərgiləməklə özlərinin abırlı düşüncələrini nümayiş etdirdiklərinə görə onları azadlığa buraxdılar. Neft bölgəsində «ictimai dincliyi pozmağa və yanğın təhlükəsinə» görə səcdənin məbədin içində aparılmasını onlara qadağan etdilər. Beləliklə, Zərdüştün son məbədi bu sadə həvəskarların da əlindən alındı.

NEFT FIRILDAQÇILARI VƏ NEFT XAQANLARI

Rus tacirləri arasında belə bir kəlam var: «Bakıda bir il neft sahibkarlarının içində yaşayan ömründə dürüst adam ola bilməz!» Azərbaycana yola çıxarkən vəsiyyətlərini edən şərafətli Peterburq tacirləri belə deyirdilər. Nisbətən az şərafətlilər isə, əksinə: «Əsl fırıldaqçılar yalnız Bakıda yetişir» deyirdilər və neft şəhərinin öz sıralarında başqalarına dözməyən yetirmələrinə paxıllıqla baxırdılar. Bu cümlələrdə mübaliğə azdır, çünki Bakıda nəsə bir iş görmək yabançı üçün doğrudan da mümkünsüz idi. Neft icması hər bir yabançını məmnuniyyətlə aldadan qapalı cəmiyyətdir.

Şərqin və Qərbin aldatma üsulları vahid xalis kommersion taktikada birləşdirilmişdi. Heç nədən qorxub çəkinmirdilər; heç kimdən və heç nədən çəkinməyə lüzum yox idi; axı sən haqla nahaqqın çoxdandır elastik məfhuma çevrildiyi Şərqdəsən. Feyr4 anlayışı ümumiyyətlə yox idi, bu mərəzi indi də özlərinə rəva bilən yekələrdə bəlkə də qalmışdı. İkiyüz onsəkkiz neft sahibkarı arasında ən çox onunu tapardın ki, onları aldatmaqdan çəkinirdilər, çünki yalanı ölümlə cəzalandırmaq üçün onlar kifayət qədər güclü idilər və kimi isə aldatmağa da özlərinin ehtiyacı yox idi.

Bu onluğa səkkiz müsəlman, bir erməni və Nobel familiyalı məşhur bir isveçli daxil idi. Nobel Bakıda yeganə insan kimi Şərqin mübarizə üsullarına nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çatdırdığı dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.

Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmişi qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışırdı.

Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürcülər, isveçlilər burda bir silk yaratmışdılar ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənarda keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyən ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılar və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.

Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm sürürdü ki, o da tez-tez digərlərini dartıb gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırdılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.

Çıxarılandan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axıdırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axıb-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüzdən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu fırmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışıq bir mənzərə yaradırdı.

Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasionunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdıra bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarılandan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Çölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, heç nəyin xeyri olmadı. Bu, başdan-başa elə anlaşılmaz idi ki, az qala düşündülər, şirkət öz kreditorlarını sakitləşdirmək üçün bilərəkdən həmin fontan hay-küyünü qaldırıb. Daha fontanın etibarlılığına inanmırdılar. Bu hal aylarla davam etdi. Tezliklə məlum oldu ki, digər şirkətlərdən də həmin əcaib şəkildə neft oğurlanır. Məsələ ciddiləşdi, nefti oğurlananlar öz işçilərini bir yerə yığıb gecələr əl-ayaq çəkiləndə borularının yanındakı bütün boruları çevirtdirdilər ki, bəlkə itkinin səbəbini tapa bildilər. Və burda görünməmiş bir şey ortaya çıxdı. Gördülər ki, Rzanın kəməri yerin altından bütün qonşu kəmərlərə qoşulub. Başqalarının nefti sadəcə olaraq onun kəmərinə axırmış və rezervuara axırıncının məhsulu kimi tökülüb qeydə alınırmış. Öz gəlirini ölçüsüz həddə artırmaq üçün mədəniyyət dağarcığı Rza, deməli, sadəcə bir üsul tapıbmış. Neft sahibkarları onun timsalında başqalarına da dərs verdilər: Rza həbsxanaya salındı və buruqları dayandırıldı. Bütün neft silki coşmuşdu, ölümlə və eldənçıxarı etməklə hədələyirdi. Amma iş o yerə çatmadı. Rza həbsxanada özünü güllələdi və özlərini didib-dartan oğulları onu bütün neft sahibkarlarının gözü önündə torpağa tapşırdılar. Ona qarşı cinayət işinə xitam verildi.

Rza adlı birisi oğurlayır. Amma buna görə o, doğrudanmı ölməlidir? İntihar və təntənəli dəfn hələ ölüm demək deyil axı. On il sonra mən Paris kafelərinin birində birja kursları ilə tanış olan möhtərəm, yaşlı bir ağaya rast gəldim. Bu, Rza idi, yazıq intiharçı. Tanındığını görəndə xəfifcə gülümsəyib dedi:

– Adam elə asanlıqla ölmür.

Sonra həbsxanada bir cəsədlə öz paltarını necə dəyişdiyini, onun başına bir güllə vurduğunu, o qədər də yüksək olmayan məbləğə həbsxana rəhbərliyini özünün azad olunmasına necə razı saldığını danışdı. İşləri uşaqlarına tapşırıb kipkirmiş Parisə gəlməyə üstünlük vermişdi ki, burda da təqaüdçü kimi yaşayırdı və dövlət idarələrində özünü yüksək çaplı siyasi qaçqın kimi qələmə vermişdi.

– Xırdaca bir neft sızqasına görə özünü öldürüb gözəl həyatdan əl götürməyə dəyməz, – axırda o bunları deyib mənə xoş münasibətini bildirdi və mehribanlıqla əlimi sıxdı. O, bugün də Parisdə yaşayır. İşləri barədə isə dəqiq məlumatım yoxdur. Bəlkə də peşəsini dəyişmə naminə Bank dö Fransın pul çapxanası ilə özünün şəxsi mənzili arasında havadan gizli çap xətti çəkib. Hər halda kefi kökdür, həyatı gözəldir.

Rzanın gizli neft kəməri tezliklə öz təqlidçilərini tapdı. Bir çox xırda neft sahibkarları bundan sonra qonşularının borularına gizli xətlər qoşdular, amma hamını ağzıbirə qatmaq mümkün olmadığına görə irilər buna göz yummağa alışdılar.

Neft sənayesinin digər nümayəndəsi Musa Yaqub daha ağıllı idi və yan peşə kimi İrana silah qaçaqmalçılığı ilə məşğul olurdu. Əslində buna heç ehtiyacı da yox idi. İşləri yaxşı gedirdi. Amma qaçaqmalçılıq peşəsini elə-belə sevirdi.

– Babam qaçaqmalçı olub, atam qaçaqmalçı idi, mən niyə olmayım?! – Dostlarının arasında təkrarlamağı xoşlayırdı.

Silah qaçaqmalçılığı da ona ləzzət verirdi, çünki qorxulu idi. Qorxusuz dünya ona darıxdırıcı görünürdü. İndi Berlində məskunlaşıb rus kürüsü ilə qaçaqmalçılıq edən həmin Yaqub Şərq üçün səciyyəvi olan qəribə bir şəxsiyyət idi. Açıq sifəti, acıqlı gözləri, əyri qıçları və doydum deməyən iri əlləri olan enlikürək bir insanı təsəvvürünüzdə canlandırın. Bu adam bir qayda olaraq insanlığın etibarsızlığından, sürdüyü qəmli həyatdan və pis adamların onun yüksək duyğularına kəc baxması kimi kobud xasiyyətindən danışır.

Gənc yaşlarında Ağayi-Yaqub İranda quldurbaşı olub, bir dəfə külli miqdarda pul qarət edib, öz əlaltılarını polisə çuğullayıb və burnu Bakıda yaxşı işlərin iyini aldığından bura köçüb. Bakıda var-dövlətə yetişib xəsisləşdi, amma indiyə qədər elə xalis quldur olaraq qalmaqdadır, hər halda bircə fərqlə ki, indi məmnuniyyətlə frak geyir və hər il yüz minlərlə pulunu xeyriyyəçiliyə xərcləyirdi.

Əslində heç vaxt pul xərcləməzdi. Qonaqlıqlarda xırda zarafatları xoşlayardı. Məsələn, hansısa masa qonşusunun pul kisəsini duyulmadan onun cibindən çıxarardı və adətən qaytarmağı unudardı. Yaxud qonaqların başı üstündən ev sahibindən ucadan soruşardı ki, onun dünən axşam fılan- fılan yerdə rus qızını zorlaması doğrudurmu. Adətən bu, doğru olurdu, amma onun nə geniş ictimaiyyətə dəxli vardı, nə də bu masaya yaraşan söhbət idi. İşində də xırda, zərərsiz zarafatları xoşlayırdı. Məsələn, bir neft quyusu vardı, ən cəfakeş mühəndis də həmin quyudan bir damla neft çıxara bilməzdi. Yaqub quyunu satmaq qərarına gəldi, amma kimsə ona bir qara qəpik də verməzdi, ona görə də Yaqub quyunu içəridən sementlə suvatdırdı və ona sement altlıq döşətdirdi. Həmin sementlənmiş quyuya sonra neft doldurdular. Yaqub onu almağı parisli Rotşildə təklif etdi. Rotşildin nümayəndəsi gəlib quyuya baxdı və öz gözləri ilə gördüklərini söyləyib bildirdi ki, quyudan saatda xeyli neft çıxarılır. Rotşild tələb olunan qiyməti ödədi və anlaya bilmədi ki, niyə quyu səhərisi günü bircə damcı da neft vermir. Quyunun sementləndiyi aşkar olanda Rotşildin nümayəndəsi pulun qaytarılmasını tələb etdi, amma Yaqub ona başa salanda ki belə gülünc bir fikrə görə adam canını qurban verir, o, sonrakı tələbdən həmin an əl çəkdi.

Rotşild əcnəbi olduğuna görə bu alver üçün heç kəs Yaqubu qınamadı. Amma yerlilərlə o, ehtiyatlı tərpənirdi. Burda eyni şeyə eyni şeylə cavab verərdilər. Hər halda o burada da görünməmiş bir iş tutdu.

Yaqubun onu ölümlə hədələyən bir qanlısı vardı. O, həmin düşmənin ayağına getdi, ona hədiyyələr aparıb barış təklif etdi. Hadisə Azərbaycanın içərilərində baş verdi ki, burada da qan düşməninin ayağa gəlməsi nadir kişilik sayılırdı. Düşmənin bu gəlişi, gətirdiyi sovqatlar və etdiyi barış təklifındən ev sahibi elə mütəəssir oldu ki, köhnə dərdini unutdu. Yaqub yola çıxmağa hazırlaşanda yenicə barışmış düşmən onu növbəti şəhərə qədər ötürmək istədi ki, yolda qaçaqlar soymasınlar. Hər ikisi kənddən çıxanda Yaqub xəncəri sivirib pəsinmədən onu yeni dostunun qarnına soxdu.

– Ürək qızdırmadım, – sonralar o belə izah edirdi, – kim bilir, bəlkə o məni xəncərləyəcəkdi.

Bunlar Yaqubun yaşam yolunun tör-töküntüləridir, onun mahiyyətinin tamamlanması üçün bunu da əlavə etmək lazımdır ki, o, Parisə, yaxud Peterburqa gedəndə hamı ona yetkin centlemen timsalı kimi baxırdı. Görünür, bilmirdilər ki, Bakıda neft fırıldaqlarının bir çox bic üsulları məhz onun adı ilə hallandırılır.

İnqilab zamanı Yaqubu həbsxanaya atdılar, burda o, hücrəsini on-onbeş qatı cani ilə bölüşəsi oldu. Cinayətçilər yeni surdaşlarının neft maqnatı Yaqub olduğunu biləndə ondan min tümən pul tələb etdilər, bunun əvəzində ona toxunmayacaqlarına söz verdilər.

– Sizə borcum var? – Yaqub soruşdu.

– Yox, amma bizə pul verməsən, səni nəcisə bulaşdıracayıq!

– Oldu, – Yaqub dedi, – bulaşdıra bilərsiniz, amma pulun üzünü görməyəcəksiniz.

Elə də oldu. Yaqub bir ay dustaqxanada qaldı, hər gün də başdan-ayağa nəcisə bulaşdırıldı və son ana qədər iki ayağını dirəyib həmin cüzi məbləği vermədi. Axırda onu əzişdirib hücrədən çölə atdılar, çünki canilər onunla bir yerdə qalmağa tab gətirə bilmədilər. Lakin o bugün də öyünür ki, havayı bir qəpik də vermədi.

– Onlara borclu deyildim ki, – təkidlə dediklərinə əlavə edirdi.

Hər halda o, Bakının neft sahibkarları arasında ən murdarı idi. Bugün də o mənim kimi Berlində, Kurfürstendammda yaşayır. Yaxınlarda yanıma gəlmişdi, həmişəki təki insanların etibarsızlığından və istənilən yaxşı biznesin yasaq olduğu barbar Avropadan gileyləndi.

– Qəribədir, işləri düz gətirən nə qədər fırıldaq adam var, gərək mənimki belə pis gedəydi?!

Yaqub özü xasiyyətdə olanların ən görkəmlisi idi, fəqət ondan yalnız bir tük məsafəsi qədər dalda qalan və, düzünə qalsa, dəbdəbəni yaxına buraxmayan bir çox başqaları da vardı. Onlar dürüstlərlə birlikdə bir icma yaratmışdılar ki, həmin icma da eyş-işrətdə, qəddarlıq və bədxərclikdə səhvə yol vermirdi. Bircə neft maqnatı da bədxərcliklə iflasa uğramadı. Neft sahibkarı olub çox pul xərcləmək mümkün deyildi. Axar qızıl bütün xərclərdən artıqdır. Ən iri məbləğləri neft maqnatlarının fantaziyasını gülünc şəkildə əks etdirən sarayların tikintisinə qoyurdular. Məsələn, feodal neft sahibkarı İsa Bəy özünə qumarxana formasında üçqatlı bir ev tikdirmişdi. Evin ön divarında iri qızılı hərflərlə yazılmışdı:

«Burda mən yaşayıram, Gəncəli İsa Bəy».

Evə çağdaş iç arxitekturun bütün dəfə-darağı düzülmüşdü, amma sahibinin təkidli arzusuna görə ayaqyolusu yox idi, çünki İsa Bəy belə iyrənc bir otağa mənzilin içində dözülməsinə çox pis baxırdı. Ayaqyolu həyətin uzaq bir küncündə yerləşirdi və böyük ağa bununla fəxr edirdi. Həmin qumarxanada bugün Üçüncü İnternasionalın Şərq üzrə təbliğat şöbəsi yerləşir.

İsa Bəyin zəfər çələngi onun qonşularından birinin rahatlığını pozdu. Bu da özünə əjdaha formasında bir bina tikdirdi, öntarix azman heyvanın kitabdakı şəklinin nümunəsində. Giriş açılmış nəhəng ağıza bənzəyirdi ki, burdan da qonaqlar içəri keçirdilər. Əjdahanın burunlarından hər yanı gün kimi işıqlandıran iki fanar çıxırdı.

Əslində neft şəhərinin küçələrində tikinti sənətinin nadirliyindən gileylənməyə dəyməzdi. Bütün üslublar təmsil olunmuşdu. Mavritaniya sarayları qotik binalarla yan-yana dayanırdı, rokokop pavilyonunun yanında isə Bizans qübbəsi ucalırdı. Saraylar neft bəylərinin azarı idi və hərə tam seçilərək qəlbinin hansısa qəribə arzusunu həyata keçirməyə çalışırdı.

Bunun ən sadəsini İran şahından da çox qızılı olan İran təriqətçisi Ağa Musa Nağı etdi. İndiyə qədər tikilənlərin hamısını kölgədə qoymaq üçün o, xalis qızıldan bir bina yapdırmağı qərara aldı. Yalnız çox çətinliklə arxitektor onu bu işin gerçəkləşməsinin mümkünsüzlüyünə inandıra bildi. Nəhayət Nağı israr etdi ki, ən azı evin çöl divarları qalın qızıl təbəqə ilə örtülsün. Ev hazır olanda isə xoşuna gəlmədi, otaqlar həddən artıq iri, evin havası da onun illərlə hava üzü görməyən mənzilindən tamamilə fərqlənirdi və qızıl, ev yaranlara gəl-gəl deyirdi ki, onlar da, əslinə qalsa, istəsələr, evi yarmaq əvəzinə onun çölündən yarınardılar. Çox götürqoy etmədən o, evi xeyriyyəçi qurumlardan birinə bağışladı ki, həmin qurum da onunla neyləmək lazım olduğunu kəsdirə bilmədi. Amma təəssüf ki, bu qiymətli tikinti abidəsi sonralar erməni-müsəlman davasında ermənilər tərəfindən darmadağın edildi.

Hər halda şəhərin ən gözəçarpan gözəlliyi milyonlara başa gəlmiş və, çox güman ki, Şərqin ən şirin xülyalarını özündə birləşdirmiş neftçilər klubu idi. Neft sahibkarları binanın üslub və tikintisində razılığa gələ bilmədiklərindən qiymətini nəzərə almayıb böyük bir ərazidə nəhəng bir şey tikməyə bacarığı çatan güclü bir avropalı mütəxəssis gətirildi.

Mütəxəssis əvvəlcə çölün düzündə bir park saldırdı. Təkcə bu, görünməmiş miqdarda pul yedi. Səhranı tropik bağa çevirmək asan deyil. Sonra tikintiyə başladılar ki, onun da necə olacağı barədə arxitektor ağzından bircə kəlmə də qaçırmırdı və bu arada qızğın mübahisə obyektinə çevrilmiş həmin bina yalnız bir neçə ildən sonra başa gəldi. Ağ mərmərdən tikilmiş klub Berlin Reyxstaqından ikiqat böyükdür. Amma onun klassik, sadə biçimi əksər neft bəylərinin ürəyincə olmadı. Onları sakitləşdirmək üçün də parkda yastı bir kolonnada tikildi və dəhlizlərə içəridən upuzun güzgü divarlar qoyuldu. Kluba yalnız neft sahibkarları gələ bilərdilər. Orada onlar öz aralarında aparxayın öz işlərinə, yaxud da xülyalarına qapıla bilərdilər.

Dəstədən olmayan kəs neft sahibkarının acığını, yaxud sevgisini çox asanlıqla oyada bilərdi və bu, həmin adam üçün eyni dərəcədə təhlükəli idi. Azıb Azərbaycana gəlmiş gözəl qadınları qaçırırdılar, ya da onlar neft bəylərinin dağ kəndlərində, yaxud qəsrlərində izsiz-tozsuz yox olurdular. Hərdən Xəzərin dalğaları neft bəyləri ilə çəp gəlmiş kişi cəsədlərini sahilə atırdı. Amansız neft qvardiyaçıları öz ağalarının rəqiblərini şəhərin darısqal küçə tinlərində xəncərdən keçirirdilər. Düşmənlər təsadüfən küçədə rastlaşsaydılar, günün günorta çağı atəş açılırdı. Eyş-işrət içində keçirilmiş gecələrdən sonra səhərin alatoranında iri bəylər Günəşin çırtmasını tapança səsləri ilə salamlamaq üçün çölün düzünə, yaxud dənizə çıxırdılar. Bir sözlə, neft sənayesi çiçəklənib öz bəhrəsini verirdi.

Bunların hamısı işin kölgəli tərəfidir. Böyük sarayların iç üzündə, İran xalıları ilə bəzədilmiş qulluqçulu geniş otaqlarda neft öz fəaliyyətini dayandırırdı. Toxunulmaz dinclik içində burda başqa bir aləm çiçəklənirdi. Üz-gözündən ağı daman neft qvardiyası tərəfindən qorunaraq həmin saraylarda qadınlar və uşaqlar ömür sürürdülər.

Axşamlar yastı damlarda əyləşib əl tutuquşuları ilə məzələnirdilər. Kor müğənnilərin bayatı – İranın sevgi nəğmələri – oxumalarına qulaq asırdılar. Xırda, bəzəkli xalçaların üstündə nərmənazik çərkəz gözəlləri özlərinin dağ rəqslərini edir və kişiləri işvə ilə əyləndirirdilər.

Gündüzlər sərin odalardan çölə çıxılmırdı, nərd oynayır, tənbəl-tənbəl halva, rahat-loğum, noğul yeyirdilər və bunlardan öz tutuquşularına da yedizdirirdilər. Burda qandan, neft çirkabından, şübhəli biznesdən və qəribə macəralardan əsər-əlamət yox idi. Yorulanda isə xacələr gəlib səni yatağa qaldırır, həzin-həzin qədim nağıllar və müdrik kəlamlar söyləyirdilər. Uşaqlar gəzməyə gedəndə xacələr onları küçəyə çıxarır, nənninin içindəki yumşaq balıncların üstünə ustufla uzadırdılar. Çadralı qadınları da küçəyə xacələr çıxarırdı.

Oğlanlar küçədə özlərini kişi və igid sayırdılar, bacılarını və kuzinlərini qoruyurdular və bu zaman özləri bir neçə neft qoçusu tərəfindən qorunurdular. Küçədə onlar qızıl xəncər taxırdılar və təqribən on yaşından sonra oyuncağa bənzər brauninq gəzdirirdilər. Mühafizə üçün yanlarında keşikçi dəstəsi olurdu, buna baxmayaraq uşaqlar hələ erkən yaşlarından gerçəkçi odlu silaha alışmalıydılar.

2.Faun – qədim romalıların təkə ayaqları və buynuzları ilə təsvir olunmuş tarla və meşə allahı (bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).
3.Fallus – yunanca: törədici qüdrətin simvolu kimi kişinin cinsi orqanı.
4.Feyr – ingiliscə: başqalarına nisbətdə öz münasibətlərində doğrucul, namuslu, dürüst, abırlı.