Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azərbaycan şairi Nizami», sayfa 4

Yazı tipi:

10. NİZAMİYƏ BORCUMUZ

Azərbaycanın bu böyük oğlu ilə candan ilgilənmək, ona aid maddi və mənəvi xatirələri vətəni və milli birər müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və etina ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları çağdaş sənətin texnikası ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlıq sirlərini araşdıran dərin hikmət və fəlsəfəsini qavramaq – bir sözlə, vaxtında anlaşılmadığından şikayət etdiyi «türkcə»sini anlamaq – budur yurdsevər Azərbaycan aydınlarının və milliyyətçi türklərin vəzifəsi!

Bu vəzifədən bizə düşən hissəni başarmaq üzrə, tasarladığımız və savaş çağının doğurduğu güclüklərlə qaynaqları görmək imkanının darlığı üzündən istənilən olğunluğu bulduğuna çox da qane olmadığımız bu səhifələrin Nizami ildönümünə ərmağan edilməsindən başlıca məqsəd türk gəncliyində Azərbaycanın bu böyük şairinə qarşı bir ilgi oyandırmaqdır.

Kitabımızın bu xüsusda müvəffəq olduğunu öyrənmək bizim için həqiqi bir sevinc qaynağı olacaqdır.

M.Ə.Rəsulzadə
Buxarest
10. VIII. 1941.

BİRİNCİ BÖLÜM
NİZAMİ KİMDİR?

 
Mənimdir sözə istiqamət verən,
Ona ta qiyamət, qiyamət verən.
 
Nizami

I
NİZAMİNİN HAL TƏRCÜMƏSİ

 
Çöldən, dərədən bütün ərənlər,
Lütf ilə mənə salam edərlər.
Qalsam eyi gər ilə nəhayət,
Qəbrim qılınır mənim ziyarət.
 
Nizami

Nizami Azərbaycanın əski paytaxtlarından Gəncədə doğulmuş, yaşamış və gömülmüş olduğundan Gəncəli Nizami mənasında Nizami-i Gəncəvi deyə tanınmışdır.73

Nizami «nam-i müstəar» deyilən taxma bir addır, əski təbirlə məxləsdir. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası özünün də «Rəise-i kürd» deyə qeyd etdiyi kimi, Azərbaycan kürdlərindən, Gəncədə yaşamış bulunan bir ailənin qızıdır. Adı məlum deyildir.74 Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddindir. Künyəsi Əbu-Məhəmməddir.75

Əski dövrlərə aid bir çox Doğu məşhurları kimi, Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix kəsin olaraq bəlli olmadığından yalnız təxminlərlə təsbit olunmaqdadır. Şair 1141-ci [h. 535] ildə doğulmuşdur.

Nizami daha cocuq ikən atasını, sonra da anasını qeyb etmişdir. Tarixin o da bir «dürr-i yetim»idir.76 Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üstünə almışdır (Nizami Gəncəvi «Leyli və Məcnun» poemasının «Öz halının necəliyi və ötənləri xatırlamaq barədə» bölməsində dayısının adının Ömər olduğunu yazır: «Xacə Ömər ki, mənim dayım idi»).

«Leyli və Məcnun» mənzuməsinin müqəddiməsində şair atası ilə anasından sonra dayısını da qeyb etdiyindən üzüntü ilə bəhs etməkdədir.

Təzkirələrdən bir qismində qeyd olunduğuna görə, Nizami dayısının himayəsinə yalnız deyil, qardaşı Qivami Mütərrizi ilə bərabər keçmişdir. Bəzi rəvayətlərə görə, bu Mütərrizi Nizaminin qardaşı deyil, xalası oğlu və ya əmisinin oğlu imiş. Nə olursa olsun, uğradıqları fəlakətə rəğmən, gənclər zamanına görə yüksək təhsil görmüş, eyi yetişmişlər, zira Mütərrizinin dəxi, ədəbiyyatda parlaq qəsidələrilə müəyyən bir yeri vardır. Azərbaycan Atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır.77

Nizaminin yüksək bir təhsil gördüyü əsərlərindən və çağdaşlarınca «həkim» deyə anılmasından anlaşılmaqdadır. XII yüzilin bəlli ürfan şöbələrinin həmən hamısından şeirlərində əsər görülən bu əhatəli adamın islam elmlərilə bərabər yunan fəlsəfəsinin bütün qisimlərindən bəhrəli olduğu dəxi, şübhə götürməz. «İskəndərnamə»sində tanınmış bütün yunan filosoflarını söylədən şair onların «aləmin təqvini» haqqındakı düşünüş sistemlərini özünəməxsus nəzm dililə xülasə etməkdədir. Bundan başqa şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, fələkiyyata, sehriyyat və əsatirə aid dəxi, geniş məlumat sahibi olduğunu göstərməkdədir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının adəta bir ensiklopediyasıdır.

Musiqidəki bilgisini Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnını ustaca birər beytlə anlatdığından, ədəbiyyatdakı qavrayışını «Kəlilə və Dimnə» masallarının (nağıl) qırxını qırx beytə sığışdırdığından, islami bilgilərdəki dərinliyini Quran, hədis və Siyeri Nəbidən etdiyi bolca iqtibaslardan, astronomiyadakı məlumatını da göydəki ulduzlarla həsb-hal edən Məcnunundan öyrənirik. Təbibliyin özünü də şair iki kəlmə ilə anladır: «Nə az ye, nə də çox…».78

Əsərlərinə yazmış olduğu müqəddimələrdən sızan məlumata görə, Nizami əski dillərdən pəhləvicəni, nəsturicəni, yəhudicəni dəxi, bilirmiş, çünki dastanları için topladığı materialları sadə, son qaynaqlardan almış deyil, qeyd olunan əski dillərdəki qaynaqlardan dəxi, araşdırdığını bizə anlatmaqdadır.

Nizaminin çağında islam cəmiyyəti bir yandan ələvilik və sünnilik kimi məzhəb qovğaları, o biri yandan da sufilik və şəriətçilik kimi fikir dartışmaları arasında çalxanıb dururdu. Nizami allaha inanmış, peyğəmbərə bağlanmış dindar və sadiq bir müsəlmandı, islam cəmiyyətini parçalayan məzhəb və parti qovğalarının üstündə, daracıq təəssüb və təhəmmülsüzlükdən uzaq bir məşrəb (huy, özəllik) və əxlaqa sahibdi. «Əli sevgisilə dolğun idisə də, Ömər eşqindən də boş deyildi».79

Din alanında göstərdiyi bu etidalı o, fikir səhnəsində də göstərirdi: Bir mütəsəvvif sifətilə sufiliyə çox yabançı deyildisə də, tərkidünyalıq istəyən dərvişliyə dəxi, özünü qapdırmamışdı. İsrafdan, irtikapdan və hər türlü düşkünlükdən sakınmaqla bərabər həyatı sevər və həyatsevərlikdə özünəməxsus bir özəllik və gözəllik bulurdu, gözəl yaşamağı candan tərcih edərdi.

Təsəvvüfdəki seyrsüluk ilə təhsil və irşadını kimlərdən aldığı haqqında şair özü sükut etməkdədir. Fəqət, bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs aldığı qeyd olunmaqdadır. 80 Araşdırıcılardan bir qismi Nizaminin tam bir sufi olduğunu qəbul etmirlərsə də, suficə bir həyat yaşadığında hər kəs müttəfiqdir. O, yalnız şair deyil, eyni zamanda yüksək növdən bir həkim və şeyx deyə tanınmışdır.

Nizaminin müəllimləri deyə adları keçən Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrlə tərcümeyi-hal kitablarında heç bir təfsilat yoxdur. Yuxarıda qeyd olunduğu kimi, şairin öz əsərlərində dəxi, bu xüsusda bir qeyd bulmuruq. Bu əskiklik üzündən şairin mənəvi şəxsiyyətinin doğrudan-doğruya hankı qaynaqdan ilham almış olduğunu kəsdirmək zordur. Gərçi müəllimləri deyə anılan şeyxlərin adlarındakı «Əxu» və ya «Əxi» qeydlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin «Əxilik» təriqət və cəmiyyətinə mənsub bir mürşid olacağını təxmin etməkdədirlər. Özlərinə «Əhli-fütüvvət» dəxi, deyilən bu Əxilik mənsublarının nə kimi bir fikir cərəyanını təmsil etmiş olduqlarını incələmək, dolayısı ilə Nizaminin ictimai və fəlsəfi nə kimi bir məktəbə mənsub olduğu haqqında da bizə qəti olmasa da bir fikir verə bilir.

Nizaminin zamanındakı əxilər haqqında məlumat yoxdur. Fəqət, ibni Bəttutə XIV yüzilə aid əsərində əxilər haqqında çox yaxşı məlumat verməkdədir. Bu məlumata görə: «Əxilik, hər yer, şəhər və köydə olmaq üzrə, Rum [yəni Anadolu] türklərinin yaşadıqları bütün məmləkətlərdə varmış. Bunlar evsizlərlə ibnüssəbillərə [yoldan qalanlara] baxarlar, acları yedirirlər, möhtaclara yardım edərlərmiş. Zülm və haqsızlığa qarşı gəlirlər və qan tökən hakimlərə yardım edənləri öldürürlərmiş. İbni Bəttutə «bu xüsuslarda bütün dünyada bunlardan daha çox qeyrət və ilgi göstərən başqa bir kimsə yoxdur» deyir. Əxi, onlara görə öz sinfindən olanları birləşdirən adama deyilirmiş. Bunlar sadə, öz siniflərindən olanları deyil, başqa əsnafdan olan gənclərlə evsiz və kimsəsizləri dəxi, təşkilatlandırırlarmış, təşkilata üzv olanlar təşkilatçını özlərinə başqan seçərlər. Bu başqanlara Əxi [yəni qardaş] deyilirmiş. Bu topluluqlara «əhl-i fütüvvə» dəxi, deyilirmiş.

Fütüvvənin özünəməxsus, çağdaş terminlə söylərsək, bir növ klubu dəxi, varmış. ibni Bəttutə bizə gördüyü Əxi zaviyələrini [yəni klublarını] anladır:

«Bir ev yapılır, aydınladılır və gərəkli əşya ilə döşədilir. Arxadaşlar gündüz çalışır və gündəliklərini qazanırlar, qaranlıq çöküncə həmin evə gəlir və qazancları ilə satın aldıqları yemək, yemiş və şairəni özləri ilə bərabər götürürlər. Şəhərə yeni səyyah gəlmişsə onu da yanlarına alırlar və parasız-pulsuz yemək verir, onu qonaqlarlar, bu səyyah yoluna çıxıncaya qədər onların qonağı olur, bunlar qədər eyilik və gözəllik yapan başqa bir adama dünyada rastlamadım».

İbni Bəttutə əxilərin qılıq və qiyafətləri haqqında da məlumat verir: «Geyimləri qaba qumaşdan və çox sadədir. Ayaqlarında çəkmə, başlarında ağ keçədən bir «səllə» vardır. Bu şəllənin üst tərəfinə uzunluğu bir və enliyi iki qarış bir qumaş [əslində: teyləsan] bağlanmışdır. Bellərində iki qarış uzunluğunda bir xəncər daşırlar. Bir araya toplandıqları zaman başlarındakı səlləni çıxarır, bir yana qoyarlar, bu halda başlarında təkyə növündən ipək bir sərpuş (təsək, araqçın) qalır».

Bu qısa anladışdan da sezildiyinə görə, əxilik o zamankı şəhər əsnafı arasında yayılı, fəal bir fikir cəmiyyəti imiş. İbni Bəttutə hökumətsizliklə keçən anarxiya zamanlarında bəzi vilayətlərin əxilər tərəfindən idarə və asayişinin təmin edildiyini də qeyd edir.81

Böyük Səlcuq İmperatorluğunun çöküşü üzərinə yerli dərəbəylərinin artmaqda olan təhəkküm (basqı) və zorbalıqlarına qarşı şəhərli əsnafın özünü qorumaq ehtiyacından doğan bu təşkilatlara mənsub olanlar şübhəsiz, zamanın fikir cərəyanını təşkil edən təsəvvüflə ilgili bulunmuşlar. Fəqət, digər təsəvvüf cərəyanlarından fərqli olaraq əxilər sadə, fikir və riyazət sahəsində çəkingən, passiv bir həyat və dərvişliklə qalmamış, aktiv mücadilə məqsədilə təşkilat sahəsinə dəxi, atılmışlar. Əxiləri Orta çağdakı Yaxın Doğu şəhərlərinin təhəkkümçü dərəbəylərinə qarşı gələn, bir növ inqilabçılar deyə qəbul edənlər vardır. Məsələn, professor Bertels Nizaminin şeirlərində bir növ professional inqilab təşkilatı təsəvvür etdiyi əxilik düşüncəsinə uyar fikirlər bulur. Professor «Leyli və Məcnun»un müqəddiməsindəki «Saqinamə»dən bu sətirləri alır:

 
Nə vaxtadək buz kimi durmaq donuq,
Suda ölü siçantək olmaq uyuq?
 
 
Gevşəkləmə, gül kimi yumşaq olma,
Bənövşətək ikiüzlü bulunma.
 
 
Yeri vardır tikanlı olmaq yegdir,
Dəliqanlı, çılğın olmaq gərəkdir.
 
 
Tikan kimi, sivri bulun, sərt davran,
Başına güldən çələnglər hörsün dövran.82
 

Bertels bu şeirdəki «tikan»la əxilərin bellərindəki «xəncər» arasında bir münasibət bulur. Əxiliyin mücadiləçiliyilə Nizami təlimatı arasındakı münasibəti göstərən bir-iki beyti də biz əlavə edək:

 
Huşsuzlara yataq olan bir qəryə,
Zalımlara verir qolayca cizyə.
 
 
Arslan ürəkli olmadan iş aşmaz,
Öküzürəklilərdə mərdlik olmaz.
 
 
Nədən boyun əyirsən hər qəzaya,
Nədən razı gəlirsən hər cəfaya?!.
 
 
Dağ kimi dur, sırtın olsun qaya-daş,
Üzünə qabar daşürəyin, əymə baş!83
 

Nizamidən alınan bu beytlər onun İbni Bəttutədəki hekayədə anladılan «Əxilər»lə münasibətdə olduğunu elmi surətdə bildirməyə yetməz, sadəcə, ədəbi bir ehtimal doğurur. Çünki İbni Bəttutə zamanında bu qədər gəlişmiş bulunan əxiliyin Nizami çağındakı durumunu bilmirik. Gərçi bu hərəkatın digər təsəvvüf təriqətləri kimi, doğudan, Xəzər qıyılarından və Xorasandan gəldiyini düşünə bilirik. Daha Səlcuqlular zamanında «Əsnaf cəmiyyətləri»nin Ön Asiyada yayılı bulunduğu məlumumuzdur. Sadə, «Xəmsə»nin ədəbi təşbehləri arasında «Əxiliyi» andıran fikirlər deyil, əsnaf cəmiyyətləri arasında yaşayan və onları təşkil edən «Əxi» ideolojisində dəxi, «Nizamicə» fikirlərə rastlayırıq. «Fütüvvətnamə»lərdəki əxlaq düsturları ilə Nizamidəki əxlaqi beytləri qarşılaşdırırsaq ibrətli sonuclara varırıq.84

Şairin xüsusi həyatına aid məlumat yazıq ki, çox qıtdır. Təzkirəçilərin bu xüsusdakı mühümsəməməzlikləri bəllidir.

Təzkirəçilər şairin üç dəfə evləndiyindən və bir oğlunun dünyaya gəlmiş olduğundan bəhs edərlər. «Xəmsə»ni diqqətlə oxuyarkən şairin xüsusi həyatına aid daha bəzi təfsilat çıxarıla bilir.

Şairin ilk evləndiyi qadın Dərbənd sahibinin ona göndərmiş olduğu Qıpçaqlı bir kənizdir [cariyə].85 Bu türk qızını Nizami son dərəcədə sevmiş və onunla «bir yastığa baş qoymuş», yəni evlənmişdir [1173-cü ildə]. Canı kimi sevdiyi və əsərləri qədər dəyərləndirdiyi bircə oğlu Məhəmməd bu türk gözəlindən doğulmuşdur. Qıpçaqlı gözəl «Xosrov və Şirin» yazılırkən [1180-ci ildə] ölmüşdür. Şair dünya ədəbiyyatında eşsiz bir gözəllik örnəyi olaraq xəlq etdiyi Şirinin əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən sözü öz sevgili qarısına gətirərək: «o, mənim Qıpçaqlı Afaqıma bənzərdi, bəlkə də onun ta özü idi» deyir.86 Böyləliklə, Şirinlə qarşılaşdırdığı Qıpçaqlı qarısının Afaq adında olduğunu bəzilərinə görə, zimnən (dolayı) bildirmiş olur. Eyni zamanda oğlu Məhəmmədin bu qadından doğulduğunu da «türküm köçdü isə də, ilahi, türk yavrusunu sən qoru»87 deməsilə anlatmışdır.

Şairin oğlu Məhəmmədə qarşı bəslədiyi sevgisinin sonu yoxdur. Bu sonsuz sevginin sevdiyi ilk qarısına bəslədiyi candan ilgisinin bir davamı olduğuna şübhə ediləməz. «Türk»ə olan bağlılığını şair «türk yavrusuna» keçirmişdir.

Eşqin ilahi şairi evlənmə məsələsində təkevlilik [monoqamiya] tərəfdarıdır. Həyatında üç dəfə evlənmişdir, fəqət, heç bir zaman çoxevli olmamışdır. Filosof Sokrata bir öyüd şəklində söylətdiyi beytlərdən birində Nizami təkevlilik fəzilətini özünəməxsus bir üslubla bəyan etmiş: «sənə uyan bir eş sənə yetər, çox dostu olan dostsuz qalır. Yeddi ata ilə dörd anaya malik olduğundandır ki, aləmin işləri pərişandır.88 «Övladını tamam və ahəngdə görmək istərsən, qəlbini ancaq bir ata ilə bir anaya bağla» demişdir.89

Nizami «İqbalnamə»nin sonunda filosof Arximedi başdan çıxaran çinli türk gözəlinin ölümünü anladırkən xüsusi həyatındakı talesizlikdən şikayət edir. Bu şikayətindən anlayırıq ki, Şirini yazarkən sevgili «Apaq»ını, Leylini yazarkən ikinci «gövhər»ini, çinli türk gözəlinin macərasını anladırkən də üçüncü «gəlin»ini itirmişdir:

 
Nəzmə çəksəm hər zaman bir dastan,
Çox tühafdır taleyim, verməz aman.
Saçmağa başlarsam ətrafa şəkər,
Sevgili bir dilbərim əldən gedər.
Dadlıca Şirini çün xəlq eylədim,
Çox şəkər bir yarımı dəfn eylədim.
Leylinin çün köşkünə çəkdim hisar,
Başqa bir gövhərmi mən etdim nisar.
Getdi dünyadan yenə bir nazənin,
Oldu cənnətlik bizim tazə gəlin.90
 

Nə qəribə bir tale təcəllisi ki, yaratdığı gözəl qəhrəmanlar sevdiyi gözəl qarıları alıb özlərilə bərabər götürürlər! Bu, qadın qısqanclığının bir təcəllisimidir? Yoxsa, Nizami sevgili qadınlarının xəyalını sənətinin qüdrətilə yaşatmaqmı istəmiş?! Buna «bunca gəlinlərin qüssəsilə kədərli ikən Rumla Rusun hekayəsini necə anladım?!…», daha eyi, dərdlərimi unudaraq bu dastanla könlümü xoş tutum!» deyən91 şair özü cavab vermişdir.

İlk eşqinin yadigarı oğlu Məhəmmədi [Məhməd] şair daima düşünmüş, bu «türk cocuğunu» candan bir ilgi ilə bəsləmişdir. Beş böyük əsərinin dördündə, məxsus bir surətdə, şairin öz «Məhmədciyi»nə xitab edən beytləri diqqətədəyər düşüncə və duyğularla doludur.

Birər ata öyüdü şəklində olan bu xitablar həkim şairin olğun adam tipinin necə yetişə biləcəyi haqqındakı ən səmimi duyğularına tərcüman olmaqdadır. Çox sıcaq bir ilginin məhsulu olan bu duyğuları ilə o, sevgili oğlunun xatirəsini dəxi, sevimli əsərləri ilə bərabər əbədiləşdirmişdir. Zatən o, oğlunu əsərlərindən biri kimi tələqqi etməkdə, onu kitablarına qardaş saymaqdadır.92

Öyüdlərində şair, oğlunun mənəvi tərbiyəsi və cəmiyyətdə tutacağı mərtəbəsilə ilgiləndiyini yetər dərəcədə bəlirtmişdir. Fəqət, Nizami oğlunun həyatının maddi tərəfini təmin etməyi dəxi, düşünmüşdür. «Leyli və Məcnun» mənzuməsinin Şirvan sarayına oğlu Məhəmməd vasitəsilə göndərmiş və kitabın müqəddiməsində Şirvanın gənc vəliəhdinə xitabla yazdığı sətirlərdə «öz əziz oğlunu padşahın dəyərli xələfinə əmanət etmiş» və təlmih ilə ona divanda bir iş verilməsini istəmişdir. Bu ricanın nə kimi bir nəticəyə bağlandığı məlumumuz deyilsə də, bu qeyd sevən bir atanın sevgili oğlunun müqəddəratı ilə sonuna qədər məşğul olduğunu göstərmək baxımından önəmlidir.

Səmərqəndli Dövlətşah Lütf Əli bəy Azər və digər təzkirəçilərin qeydlərincə Nizaminin yalnız bir oğlu olmuşdur. Fəqət, h. VII yüzilin əvvəllərində yazılan «Lübabül-əlbab» sahibi Məhəmməd Övfi Nizaminin anlaşılan, kiçikkən ölmüş bir oğluna yazdığı bu mərsiyəni nəql etməkdədir:

 
Cənnət gözəllərilə bir yastığa baş qoyan,
Yavrum, gözəl üzünlə məzara oldun rəvan.
Meyvəsini həyatın, yavrucuğum, dərmədin,
Vardın cənnətlik oldun, cəhənnəmlik olmadan.
Ömür daha çəkmədi yanağına bir xət sənin,
Kim yazdıydı başına bu qəzanı bi aman?!
Torpaq gözümdən axan qanlı yaşla islansa,
Kimsəyə gəlməz qərib, ey mənim canımda can!
Su verməmək tarlaya necə mümkün olur ki,
Üzündəki səbzəlik torpaqda tutmuş məkan.93
 

Bu qeydə görə, Nizaminin Məhəmməddən başqa bir oğlunun dəxi, doğulmuş olduğuna hökm etmək lazım gəlir. Gərçi bu mərsiyənin yabançı bir gəncə yazıldığını iddia edənlər də vardır.

Qadınları haqqında hissiyyatı, oğlu Məhəmmədə göstərdiyi əlaqə və bu mərsiyəsilə Nizaminin nə içli və şəfqətli bir ailə atası olduğu göz önündə canlanmaqdadır.

Hal tərcüməsinə aid qeydlərdən görüldüyü üzrə, Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçmiş, buradan həmən-həmən heç bir tərəfə ayrılmamışdır. Yalnız təzkirələrdə yurddaşı şair Xaqani Şirvani ilə birlikdə bir kərə Həccə getdiyi qeydinə təsadüf olunmaqdadır. Fəqət, bundan şübhə edənlər də vardır.

Nizami çəkingən, qənaətçi və zahidcə bir həyat yaşamışdır. Çəkingənlik Nizami həyatının ana vəsfi olmuşdur. Məşhur «Şahnamə»sini Firdovsi Qəznə sarayında, ona ayrılmış məxsus dairədə, min bir etina içində və altun vədi ilə yazmış, sonra da qələm ücrəti üstündə lejanlara keçən qovğası ilə məşhur ikən, Nizami bütün mənzumələrini Gəncədəki «dərvişxanə»sinin dörd divarı arasında, kimsədən bir şey ummadan yazmışdır. «Ruzi»sini isə «əl süfrəsindən» deyil, «ruzi dağıdan allah»dan bəkləmişdir.94

Çəkingənliklə eyni qaynaqdan gələn gözütoxluluq dəxi, şairə məxsus bir fəzilətdir. Bir adam onun nəzərində gözütoxluluğu ilə ancaq əsl böyüklüyünü bulur və yalnız xalqa möhtac olmadıqca hürriyyətin həqiqi zövqü dadılır. «Başqası əkməyinin köpəyi və ya süfrəsinin pişiyi» deyil, «öz əməyinin məhsulunu yeyən» və «işığını öz yağından alan»lara Nizami şəxsi təcrübəsinə dayanaraq dünya padşahının onlara qulluq yapacağını vəd edir.95

Nizami çağının başqa məddah şairlərindən fərqli olaraq hökmdar qapılarından çəkingən bir həyat tərzi yaşamışdır. Şair bu hərəkətinin hikmətini bizə belə anlatmaqdadır:

«Padşahın verdiyi maaşı burax, bundan gələcək şey fənalıqla avaralıqdır. Padşahla düşüb-qalxmaqdan çəkin, çünki bu, pambıqla atəşin münasibətinə bənzər. Atəş nə qədər parlaq olsa da, salamat ondan uzaq bulunmaqdadır. Pərvanə şamın işığına can atmaqda, fəqət, ona yaxınlaşınca yanmaqdadır».96

Səmərqəndli Dövlətşah şairin bu düşünüşünə uyan, Nizamilə Sultan Qızıl Arslan arasında keçən çox maraqlı bir hekayə anladır:

«Azərbaycanın heybətli padşahı Atabəy Qızıl Arslan Nizamini görmək və onunla söhbət etmək istəmiş, şairi yanına çağırtmışdır. Göndərdiyi adam şeyxin ibadətdə olub, kimsə ilə görüşmək istəmədiyinə dair xəbər gətirmişdir. Sultan bu cəsarətli şeyxi bizzat görmək istəmiş. Padşahın niyyətini xəbər alan şeyx, sultanın özünə əzəmət satmasını gözə alaraq kəramət göstərmiş, indiki terminlə söylərsək padşahı hipnoz etmişdir: Qızıl Arslan şairin yanına gəldikdə onu şahanə bir taxt üzərində oturmuş, ətrafı qullar, xidmətçilər, məmur və sipahilərlə çevrilmiş əzəmətli bir tacdar qarşısında bulmuş, bu ehtişam önündə kiçilən sultan hörmətlə əyilərək təzimdə bulunmaq istəyincə görünüş dəyişmiş, padşah özünü sadə, bir döşək üstündə oturmuş, önündə qələm-divit (mürəkkəbqabı), yazı ilə məşğul bir şeyxin qarşısında bulmuşdur».

Bu surətlə şairlə şah arasında səmimi bir dostluq peyda olmuşdur. Bu vaqeədən sonra «iki hökmdar» arada-sırada görüşməyə davam etmişlər.

Bu, şübhəsiz, bir lejandır. Fəqət, bu lejan Nizaminin istiqlal və istiqnasını göstərən böyük bir simvoldur!…

Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə kötü niyyətli adamlarından Nizaminin dəxi, çox çəkmiş olduğu həsb-hallarından görülməkdədir. Fəqət, çağdaşları misilli,97 şair, bu kötülüklərə şiddət və hiddətlə deyil, özünəməxsus yumşaqlıq və eyiliklə müqabilə etmişdir. Təbiət etibarı ilə yumşaq və hər kəsin eyiliyini istəyən şair fənalığını istəyənlərə belə fənalıqdan çəkinmişdir. Çünki yaparsa «bu fənalıqdan özünün mütəəssir olacağına» qane olmuşdur. Eyi olmaq, eyilik yapmaq və eyilikdə qalmaq şairin həyatdakı ana prinsipi olmuşdur. Kötülük, ona görə qarşılıqlı kötülüklə deyil, əksinə, eyiliklə izalə edilir. «Sonuna qədər eyilik yapa bilirsə», şair özünün «eyi adamlar ziyarətgahı» olacağına inandığını yazmışdır.

Əsərlərində hər kəsə tövsiyə etdiyi həvəs və nəfsinə hakim olmaq əsasına bütün ömründə sadiq qalan bu allah adamı öz «əlinin əməyi» sayəsində, ömrünü «dərviş ehtişamı» ilə keçirmişdir.

Zamanının o biri şairləri kimi, Nizami saraylara müdavim və padşahlara mülazim olmamışdır. Hökmdarların hüzuruna çox nadir, yalnız xüsusi surətdə çağrıldığı zaman getmişdir.

Şairin yazmış olduğu qəsidələr zamanın böyükləri və sultanlarına qarşı yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizaminin qəsidələri, təzkirəçilərin ittifaqla söylədikləri kimi, sufilikdən, təcərrüddən kamu mənfəətinə çalışmağa çağıran öyüdlərdən ibarətdir. Özgəgüdərlik [altruizm], «bacarırsan hər kəsin yükünü çək, yükçəkən birisini qurtarmaqdan daha eyi nə olur?»98 deyən Nizaminin ən kəsin özəlliyidir.

Şair «Xosrov və Şirin» ilə «Həft peykəm kimi, saray həyatı ilə «çalğı» və «içki» məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, bu kimi zövq və əyləncə məclislərinə getməmiş və ömründə bir dəfə olsun, ağzına «içki» almamış və ya öz təbirilə, «dodağı ilə ətəyini meyə bulaşdırmamışdır». Bunu mənzumələrində özü söylədiyi kimi,99 həyatına aid məlumat verənlər dəxi, bir ağızdan təsdiq etməkdədirlər.

«Ağla düşmən olduğu için haram» bulduğu meydən iyrənən şairə əsərlərində gördüyümüz saqilərin imrəndirərək sunduqları mey əcəba hankısıdır?

– Bu, şairin səmimi anlatışına görə, haram olmayan, ağla pozğunluq deyil, ancaq aydınlıq verən, ilahi bir meydir. Bir mey ki, onun verdiyi məstlik cazibəsilə şair özündən 800 il sonra belə oxucularını sənətinin cana sinən nəşəsilə «məsti-bihuş» etməkdədir.

Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü bilən bu həqiqi insan özünün dediyi kimi, sadəcə, «vücudunun dışında yaşamaq sirrini» bilməklə qalmamışdır, eyni zamanda çağdaşlarına özünə qarşı böyük bir sayğı hissi təlqin etməsini də bacarmışdır.

«İskəndərnamə»dəki həsb-halında bilxassə, bəlirtdiyi üzrə, «allaha sığınmaqdan başqa əndişəsi olmayan» həkim özünü məşhur yunan filosofu Sokrata bənzədir, münzəvi bir həyat yaşadığı halda hörmət və etibar görüşünün səbəbini də yenə Sokratın «insanlar onlardan qaçanlara daha çox meyl edərlər»100 cümləsilə anlatmaqdadır.

Beş böyük məsnəvisindən birincisi «Məxzənül-əsrar»ı Nizami h. 559-cu ildə [m. 1160] yazmışdır. Bu tarixdə şair 20 yaşlarında bulunurdu. «Məxzən» onun ilk əsəri deyildir. O tarixdə şair suficə qəsidələri, qəzəlləri və başqa növdən bir çox parçaları ilə zatən tanınmış bulunurdu. Qəzəlləri öz zamanında hər yana yayılmış və hər kəs tərəfindən sevilmişdi. Azərbaycan Atabəylərindən Qızıl Arslanın əyləncələrində xanəndələrin onun qəzəllərini oxuduqları Nizaminin özü tərəfindən qeyd olunmuşdur.

Son böyük əsəri «İskəndərnamə»ni Nizami h. 597-ci ildə [m.1201] yazmışdır. Bu tarixdən 4 və ya 5 il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da, müqəddər aqibətə uğramışdır. İskəndərin və ətrafındakı yunan filosoflarının öldüklərini birər-birər təsvir edən həkim öz ölümünü də təsəvvür etmiş, «onlar uyuduqları kimi, Nizami də uyudu» demişdir.101 63 ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və irşada sərf etmişdir. Nəhayət, öz sözü ilə söylərsək 1204-cü (1209) ildə «müvəqqəti qəlibini tərkilə əbədiyyətə qovuşmuşdur»102.

Bu surətlə, dünyanın ölməzləri sırasına keçən Nizaminin həyatında arzu etdiyi kimi, sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olmuşdur.

Şairin daha həyatda ikən vətəndaşları arasında gördüyü eşsiz hörmət və etibarın çox gözəl bir lejan şəklində sonrakı nəsillərə keçmiş olduğunu öyrənmişdik. Nizamiyə bu məzhəriyyəti (görkəmi) verən onun sadəcə böyük bir şair deyil, eyni zamanda xalq için çalışan, vətən için yanan idealist bir mücahid və cəmiyyət adamı olmasıdır.

73.Eyni dövrdə yaşamış bulunan nizamilərdən ayırmaq için təzkirələr onu daima Nizami-i Gəncəvi qeydi altında zikr etmişlər.
74.Bəziləri, o cümlədən V.Dəstgirdi Rəisəni Nizaminin anasının adı olaraq qəbul etmişlər. Fəqət, bizə görə bu, tərkibdən də görüldüyü kimi, bir ad deyil, sadəcə, ünvandır, kürd rəisəsi deməkdir. Zatən, qadın adı olaraq «Rəisə»nin başqa bir misalı da yoxdur. Buradakı «Rəise-i kürd»ün «kürd əşrəfindən» mənasına alınması daha məntiqli olacaqdır. Kürd rəis və ya rəisəsi olmaq eyni zamanda tarixdə misalları olduğu kimi, bəhs edilən adamın mütləq kürd olduğunu da isbat etməz, çünki kürd əşirətlərinə rəislik etmiş bulunan türklərin varlığı bilginlərcə məlumdur.
75.Künyə ərəb adətidir. Bu adət o çağlarda islam kültürünün yayılı olduğu bütün məmləkətlərə şamil bulunurdu. Bu, bir atanın oğluna nisbətlə tanınmasından ibarətdir. Məsələn, həzrəti peyğəmbərin künyəsi Əbül-Qasım idi, Qasımın atası deməkdir. Nizami də oğlu Məhəmmədə nisbətlə Məhəmmədin atası demək olan bu künyəni daşıyırmış.
76.Klassik Doğu ədəbiyyatında cahanın məşhur öksüzlərindən bəhs olunurkən qullanılan bir təbirdir. Məsələn, Məhəmməd peyğəmbər bir «dürr-i yetim»dir.
77
  Dövlətşah. «Təzkirə». Braun yayımı. Bu parlaq qəsidənin eyni Ziya Paşanın «Xərabat»ında da basılmışdır. Bir neçə beytini buraya alırıq:
Ğəme del gər bebəst bazarəmMədhe şəh miqoşayədəm bazarŞəh Qızıl Ərsəlan ke dəst-o-deləşHəst-xəsm şomare şomarHəzməş avərde bad-ra besokunƏzməş əfkəndə xak-ra bemədar.

[Закрыть]
78
  Budur, şairin məlumatımızı təyit edən «Xosrov və Şirin»dən bir neçə beyt:
Mənəm daneste dər pərqare aləmBe təsrifo-be nəhv əsrar-e aləm.Həme zice fələk cədvəl be cədvəlBe ostorlab-e hekmət kərdəəm həl.Ke porsid əz mən əsrare fələk-raKe məluməş nə kərdəm yekbəyekra?Ze sər ta paye in dirine qolşənKənəm gər quş dari bər to rövşən.  Türkcəsi:
(Aləmin pərgarında bilici mənəm.Aləmin gedişini, gizlinlərini bilən mənəm.Fələyin bütün yazdıqlarını cədvəl-cədvəlDüşüncə gücü ilə açmışam.Kim məndən fələyin gizlinlərini sordu,Onları bir-bir ona anlatmadım?Bu köhnə gülşəni başdan ayağaQulaq assan sənə anladaram).

[Закрыть]
79
Be mehre Əli gər ce möhkəm peyəmZe esqe Ömər niz xali neyəm.

[Закрыть]
80.İbni Bəttutə İsfahan şeyxi və zaviyə rəisi Qütbəddin Hüseynin ona geydirdiyi şərəfli təkyənin gələnəyini anladırkən, ta həzrəti Əli tərəfindən geyilmiş bulunan bu təkyənin Əxi Fərəc Zəncani tərəfindən dəxi, geyilmiş olduğunu və bu Əxi Fərəcin Əbu Abba-i Nəhavəndilə də görüşmüş olduğunu da yazır.
81.İbni Bəttutə səyahətnaməsinin birinci cildinə bax: bilxassə, s. 312-314.
82
Ta çənd ço yəx foşorde budənDər ab ço muş morde budən.Çon qol begzar ze nərmüxuyiBegzər ço bənövşe əz doruyi.Cayi başəd ke xar bayədDivanegiyi bekar ayəd.Mibaş ço xar hərbe bərduşTa xerməne qol kəşi dər ağuş.

[Закрыть]
83
İn deh ke həsare bihoşanestİqta-bedehe zebunkoşanest.Bi şir-deli beser neyayedƏz qavdelan höner neyayed.Gerdən çe nəhi be her qezaiRazi çe şəvi be her cefai.Çon kuh bolend poştiyi konBa sext delan doroştiyi kon.

[Закрыть]
84
  «Fütüvvətnamələr» əski dövrlərdənqalma əlyazması risalələrdir. Bunlar əsnaf təşkilatı arasında yaşayan əxiliyin bir növ düzükləri və proqramlarıdır. Bunlardakı əxlaqi düsturlarla Nizaminin zühdə, təqvaya, özgəgüdərliyə, hürr düşüncəliyə və eyimsərliyə dayanan təlimatı arasında böyük bir bənzərlik vardır. «Fütüvvətnamə»lərdəki 1) «öz qazancına baxıla», 2) «sənə yaraşmazlıq edənə eyilik edə», 3) «havanı tərk edə», 4) «əhdinə vəfa edə», 5) «daim xalqa eyilikedici ola» kimi özgəgüdər və haqsevər aforizmlərin [Təfsilat için bax: İlxan Tarus. «Əxilər». Ankara, 1947]. «Xəmsə»də şairanə bir çox ifadəsini buluruq:
1) Çun məşəle dəste-e rənc-e xod xorÇun şəmğəha ze gənc-e xod xor.2) Ze bədquy-e bədqofte penhan konəmBe padaş-e nikət pəşiman konəm.3) Sər ze həva taftən əz sərvəristTərk-e həva qovvət-e peyğəmbərist.4) Dər qoul çenin kon ostovariK-eymən şəvəd əz to zinharı.5) Bar-e həme mikeş ər təvaniBehtər ze çe barkeş rəhani.

[Закрыть]
85.Homayunpeykəro nəğz-o xerədməndFerestade be man Dara-ye Dərbənd.  V.Dəstgirdi bu «Dərbənd sahibi»nin şairin «Məxzənül-əsrar»ın göndərildiyi Ərzincan hökmdarı Bəhramşah olduğuna qanedir. Bu təxmin doğru deyildir. Dərbəndli sahib Xaqaninin də ona qəsidə yazmış olduğu Seyfəddin Müzəffər ibni Məhəməddir. Çox ehtimal ki, şairin həyatında bu qədər önəmli bir rol oynayan gözəl hədiyyə, ədəbi sevgisinin bir könül vergisi olmuşdur.
86.Səbokru çon bote qefçağe mən budGəman oftad xod ke Afaqe mən bud.Çevik getməkdə san qıpçaqlım idi,Sanardın kim mənim Afaqım idi.  Bu beytdəki «Afaq»ı tədqiqçilərdən bir qismi, o cümlədən V.Dəstgirdi qıpçaqlı qadının adı olaraq tələqqi etmişlər. Fəqət, bizə görə, «Afaq» deyə şəxs ismi yoxdur. Qıpçaqlı türk gözəlinin adı «Afaq» deyil, «Apağ» olsa gərəkdir. Bu ad bu gün belə qırğızlarda vardır. Qıpçaq sözü klassik İran ədəbiyyatında çox kərə, «p»nin «f»yə çevrilməsilə qıfçaq şəklini alır. «Xəmsə»nin bəzi nüsxələrində belə, bu sözün «p» ilə qıfçaq şəklində yazılmış olduğu görülməkdədir. Bu halda Nizaminin qıpçaqlı türkünün adı türkcə Ap aq və ya Apağdır. Ap ağ mənasında Azərbaycanda dəxi, qadın adı olaraq Ağca isminə çox rastlanır.
87
Əgər şod tərkəm əz xərgəh nəhaniXodaya torkzadəmra to danı.Çəkildisə əgər türküm çadırdan,İlahi, yavrusun qurtar qadadan!

[Закрыть]
88.Əski kosmoqonidə [kevaniyat] təsəvvür olunan yeddi təbəqə ilə dörd ünsürə kinayədir.
89
Ço yekrəng xahi ke başəd pəsərÇo del baş yekmadəro yekpədər.

[Закрыть]
90
Məra tale-e torfeəst əz soxənKe çon nou kon-əm dastan-e kohən.Dəran əhd kan şəkkər-əfşan kənəmƏrus-e şəkər xənde qorban kənəm.Ço həlva-ye şirin həmi saxtəmZe həlva bəsi xane pərdaxtəm.Ço bər gənce Leyli kəşidəm hesarDegər quohəri kərdəm inca nesar.Konun niz çon şod ərusi besərBerezvan sepordəm ərus-e degər.

[Закрыть]
91
Nədanəm ke ba dağe çəndim əmsÇequne konəm qesse-ye Rum-o.Rus Beh ər narəm ənduh-e pişinə pişBədin dastan xoş konəm vəqte xiş.

[Закрыть]
92
  «Şərəfnamə»nin sonunda şair oğluna böylə xitab edir:
Qiymətli dörd kitab buraxdım sənə,Məndən qalır onlar birər yadigar:Dörd qardaşın vardır, beşinci sənsən,Dörd rükndə sən əncüm tək bərqərar.Kitab-e geranmaye dari çəharCodaqane hər yek ze mən yadqarBəradər çəharəst pəncəm toiKe ərkan çəharəst əncom toi.

[Закрыть]
93
Ey şode həmsər-e xuban-e beheştAn çenan arezo angəh bər xeşt.Bəməx ömr besər bordən xoşDuzəxi naşode rəftən be beheşt.Xət nəyavərde beto ömr hənuzİn qəza bər sərət axer ke neveşt.Çe əcəb gər şəvəd ey can-e cəhanXak əz dideye mən xuna-qoşt.Səbzəzare xətət əndər xakəstAb key baz təvan daşt ze keşt.

[Закрыть]
94
Gərəm nist ruzi ze xane kəsanXodaist rəzzaqo ruzirəsan.(Süfrəsindən adamların yoxsa əgər nəsibim,Rizq verən tanrıyadır mənim bütün ümidim.)

[Закрыть]
95
Çun məşəle dəstrənce xod xorÇun şəm ğəza ze gənce xod xor.Ta ba to besonnəte NezamiSoltane cəhan konəd ğolami.

[Закрыть]
96
Pervane beşəm bərforuzedNəzdik ke çun şeved besuzed.

[Закрыть]
97.Nizaminin çağdaşlarından Xaqani, Əbil Üla, Mucir və sairlərinin yazdıqları həcvlərlə yapdıqları şiddətli dartışmalar məşhurdur.
98
Bare heme mikeş er tevaniBehtər ze çe barkeş rəhani.Qatlan bütün yüklülerin yükünəYük çəkəni qurtarmaqdan eyi nə?!…

[Закрыть]
99
  «İskəndəmamə»nin müqəddiməsində ilham qaynağı Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır:
Ey mübarək Xızırım, sanma ki, mən,Meyi qəsd etmədəyəm «mey» derkən.Dediyim meylə özümdən keçərəm,Bu keçişlə gedər, aləm edərəm.Tanrının vədi mənim saqimdir,Qədəhim cəzbə, meyim sevgimdir.Tutduğum haqq yola and olsun kim,Dəyməmişdir meyə ağzım, ətəyim.Meyə vurdusa Nizami bir cam,Haq halalı ona olsun da haram.Nə pendar ey Xezr-e piruzpeyKe əz mey mera həst meqsud vey.Əzin mey heme bixodi xastemVəzan bixodi məcles arastəm.Məra saqi əz vədeye izədistSəbuhi əz xərabi mey əz bixodist.Bənegər bean rəh ke ta budəəmBemey daməno ləb nəyaludəəm.Gər əz mey şodəm hərgez aludə camHəlale xoda bər Nezami həram.

[Закрыть]
100
Kəsi ku ze mərdəm qorizəndetərBedu meyl-e mərdəm sətizəndətər.

[Закрыть]
101.Fozun bud şeş məh ze şəsto se salKe bər əzme rəh bər dohol zəd dəval.Ço hale həkimane pişine qoft,Həkiman be xoftəndo u niz xoft.  Nizaminin öz ölümündən bəhs edən beytlər bəzilərinə görə, əsərə sonradan varisləri və ya başqaları tərəfindən eklənmişdir deyə təxmin olunursa da, bunların ölümünü sezən şair tərəfindən bizzat yazılmış olduğunu düşünənlər də vardır. Bəhs edilən beytlərin üslubu bu düşünüşə haqq verəcək bir olğunluqdadır. Şair sadə, öldüyünü deyil, ölüb getdikdən sonra keçən uzun illər nəticəsində türbəsinin alacaq şəkli belə təsvir etmişdir [Bax: «Ekləmə» bölümündəki «Nizaminin doğulduğu yer və məzarı» qisminə].
102.Avropalı müəlliflər şairin vəfat ili olaraq 1204 sənəsini göstərirlər ki, bu, aşağı-yuxarı Doğu qaynaqlarının təxmininə dayanmaqdadır.
₺84,05
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
2 s. 4 illüstrasyon
ISBN:
978-9952-8452-1-4
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre