Kitabı oku: «Fələklər yandı ahimdən… Seçilmiş əsərləri», sayfa 3
Yazı tipi:
BU, İNKAR İLƏ LEYLİ ANASINA CAVAB VERDİGİDİR VƏ SƏRAYİ-MÖHNƏTƏ GİRDİGİDİR34
Leyli bu itabı çün eşitdi,
Öz könlündə müqərrər etdi
Kim, şö'bədeyi-sipehri-zalim
Tərh eylədi nəqşi-namülayim.
Əyyami-vüsalə yetdi hicran,
Vəqt oldu cigərlər ola büryan.
Əmma nə desin, nə çarə qılsın,
Tədbir nə olduğun nə bilsin?!
Naçar tutub təriqi-inkar,
Asari-təcahül etdi izhar.
Gülzari-itabə ab verdi,
Giryan-giryan cəvab verdi:
"K'ey, munisi-ruzigarım ana!
Dürci-düri-şahvarım ana!
Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.
Dersən məşuqü-eşqü-aşiq,
Mən sadəzəmir tifli-sadiq;
Bilmən nədir ol bədisə məzmun?
Söylə, necə olmayım digərgun?
Eşqin qılmazdı kimsə yadın,
Ha səndən eşitdim indi adın.
Billah, nədir, anə, eşqə məfhum?
Bu sirri-nihanı eylə məlum!
Hadiyi-rəhi-muradım olğıl,
Bu işvədə ustadım olğıl!
Mən məktəbə rə'yim ilə getmən,
Bir şüğli xilafi-rə'yin etmən.
Həm sən dərsən ki: "Məktəbə var!"
Həm dersən sən ki: "Getmə, zinhar!"
Qanğı sözə e'tiqadım olsun?
Sənə necə e'timadım olsun?
Mən həm degiləm bu zəcrə qail
Kim, hərdəm olub çiraği-məhfü,
Nacinslər ilə həmdəm olam,
Bir yerdə müqəyyədi-qəm olam.
Hər didədən edə-edə pərhiz,
Övqat keçə küdurətamiz.
Peyvəstə müəllim eyləyib cövr,
Gahi səbəq oxuda, gəhi dövr.
Billah mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?
Ayrıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!"
Çün ana eşitdi bu cəvabi,
Tərk etdi şikayətü itabi.
Şəksiz ona rövşən oldu k'ol35 mah,
Aşiqlikdən degildir agah
Bihudədir ol qamu fəsanə
Kim, aşiqdir filan fılanə.
Çün vaqeə şək məhəlli oldu,
Ol vaqeədən təsəlli oldu.
Leyli həm oturdu evdə naçar,
Düzdü sədəfinə dürri-şəhvar…
Bir bürcdə sabit oldu əxtər,
Məhbusi-xəzanə oldu gövhər.
Lə'l oldu əsiri-sineyi-səng,
Həbs oldu gülabə şişeyi-təng.
Qəmdən siyəh oldu ruzigarı,
Nomid36 dili-ümidvarı.
Ah eylər idi, vəli, nə hasil?
Ol yel açamazdı qönçeyi-dil.
Göz yaşı tökərdi, leyk nə sud,
Bitməzdi onunla nəxli-məqsud.
Zülfi kimi piçü tabə düşdü,
Heyran qalıb iztirabə düşdü.
Ağzı kimi xülqün etdi qəm dar;
Çeşmi kimi cismi oldu bimar.
Nə dərdini saxlasa, qərari,
Nə şərhi-qəm etsə, qəmküsari.
Fanusi-xəyalə döndü ol şəm',
Könlünü qılıb xəyal ilə cəm',
Hərdəm çəkib ol qəm içrə min ah,
Səbr etdi zərurət ilə ol mah.
Dərd ilə düzüb təraneyi-qəm,
Bu bir qəzəli oxurdu hər dəm:
QƏZƏLİ-LEYLİ
Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb, naləvü əfğanımdan?
Oda yandırmasa gər şö'lə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?
Qəmi-pünhan məni öldürdü, bu həm bir qəm kim,
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan.
Ah idi həmnəfəsim, ah ki, ol həm axır
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan.
Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin?
Aqibət zahir olur çaki-giribanımdan.
Həq bilir, yar degil canü dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanımdan.
Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.
Lütf edib sən məgər, ey bad, bu gündən böylə
Verəsən bir xəbər ol sərvi-xuramanımdan.
Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,
Kimsə agah degil hali-pərişanımdan.
TƏMAMİYİ-SÜXƏN37
Saqi, gətir ol meyi-muğani
Kim, unudalım qəmi-cəhani!
Rəhm eylə ki, qəsdi-can edər qəm,
Bağrım sitəm ilə qan edər qəm.
Qıl əqlimi badə ilə zail,
Çərxin sitəmindən eylə qafil.
Fəryad ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.
Bir adət ilə mədarı yoxdur,
Dövranının e'tibarı yoxdur.
Gər həmnəfəs etsə iki yarı,
Bir yerə gətirsə iki zarı,
Əlbəttə, səbəb salar arayə,
Onları əsir edər bəlayə.
Billah nə yamandır aşinalıq,
Çün vaqe olur yenə cüdalıq.
GÜZARİŞİ-HALİ-MƏCNUN38
Gülzari-kəlam bağbani
Böylə bəzəmiş bu bustani
Kim, sərvi-riyazi-möhnətü dərd,
Sövdazədə Qeysi-dərdpərvərd
Hər sübh gedərdi məktəbə şad,
Məktəbdə olurdu qəmdən azad,
Məşqi-xəti-hüsni-yar edərdi,
Dəf'i-qəmi-ruzigar edərdi.
Zövq ilə tutub təriqi-sabiq,
Adət üzərinə sübhi-sadiq
Gəldi yenə məktəbə fərəhnak
Ta kim, qıla zövqi-vəsli idrak.
Gördü ki, behiştə hur gəlməz,
Gün çıxdı, hənuz nur gəlməz.
Xurşidsiz oldu raz ta şəb,
Oldu başına qaranqu məktəb.
Bildi ki, sipehri-şö'bədəbaz
Bir şö'bədə eyləyibdir ağaz.
Əlbəttə, cəfayi-tə'ni-əğyar
Ol gül yoluna buraxdı bir xar.
Nomid olub etdi nalə bünyad,
Dedi: "Nədir, ey fələk, bu bidad?
Netdim sənə, qəsdi-canım etdin,
Qət'i-rəhi-dilsitanım etdin?
Kəsdin tələbi-qərəzdə rahim,
Bildir mənə kim, nədir günahim?
Əvvəl məni eylədin mükərrəm,
Vəsli-sənəm ilə şadü xürrəm,
Döndün niyə böylə, cövr edərsən?
Ol dövrə nəqiz dövr edərsən?
Vəhm eyləmədinmi kim, çəkib ah,
Suzi-cigər ilə bir səhərgah
Yandıram oda doquz rəvaqın,
Suzin sənə bildirəm fəraqın?
Tədbir qıl, ey müəllimi-pir,
Et sehr ilə ol pəriyi təsxir!
Ancaq mənə sanma yetdi bu qəm
Kim, yetdi mənə yetən sənə həm.
Düş, ey əlif, istiqamətindən,
Şərm eylə bu qəddü qamətindən!
Qəddi həvəsilə dəm urarsan,
Ol getdi, əcəb ki, sən durarsan!
Ey nun! Çü nihandır əbruyi-yar,
Sən dəxi nəzərdə durma, zinhar!
Ey mim! Çü ağzı oldu qaib,
Oldu sənə həm ədəm münasib!
Olsan nola, ey dəvat, diltəng?
Ayineyi-xatirin tutub jəng,
Ol türreyi-mişkbudan ayru
Hicran qara bağrın eyləmiş su.
Ey xamə, sirişkbar olubsan,
Sərgəştəvü biqərar olubsan!
Guya bu gün etməmiş müyəssər
Dövran sənə dəstbusi-dilbər.
Ey lövh! O xəttin eylə yadın,
Qıl sinədə nəqş qəm səvadın!"
Bir neçə gün ol əsiri-hicran.
Məktəbdə gəzib qılırdı əfğan.
Hər raz fəğanı ilə ta şəb,
Tə'zib çəkərdi əhli-məktəb.
Şəb həm qılıban fəğanü zari,
Eylərdi müxatəb ol nigari:
"Key göz nuri, könül süruri!
Sənsiz gözümün yox oldu nuri.
Əvvəl nə idi bu aşinalıq?
Axır niyə eylədin cüdalıq?
Əvvəl niyə eylədin məni məst,
İzhari-məhəbbət ilə pabəst?
Axır nə üçün xumarə saldın,
Bu möhnəti-intizarə saldın?
Saldın dili-zarə nari-firqət,
Qıldın gözümü pür abi-həsrət!
Könlüm odu qıldı yanə-yanə
Ahəng şəfəqtək asimanə.
Yaşım suyu oldu varə-varə
Bir bəhr ki, yox ona kənarə.
Mən isəməzəm bu gündə həmdəm,
Yanımdan ilət xəyalını həm!
Olmaya düşüb xəyalın, ey məh,
Oda yana, suya bata nagəh.
Sərməsti-şərabi-iştiyaqəm,
Mədhuşi-təhəyyüri-fəraqəm,
Qoyma qəmini mənimlə həmrah,
Faş eylərəm onu xəlqə nagah.
Sərməstdə ixtiyar olmaz,
Mədhuşda e'tibar olmaz.
Can oldu qəmin yolunda bərbad,
Təşvişi-fənadən oldum azad.
Göstərdi mənə qəmin məzaqi
Eyşi-əbədi, nişati-baqi.
Gər gəlsə əcəl, mənim nəm39 ala?
Can xud yoxdur, məgər qəm ala.
Şəm'i-şəbi-möhnətü bəlayəm,
Aşüfteyi-cünbüşi-həvayəm.
Suzi-dil ilə tökülsə yaşım,
Tiği-qəm ilə kəsilsə başım,
Candan çıxarıb həvayi-eşqi,
Tərk eyləməzəm bəlayi-eşqi.
Bu günləri kim, qəm içrə zarəm,
Hicran ələmilə biqərarəm,
Gər nameyi-ömrə kilki-təqdir
Gündür deyibən qılırsa təhrir,
Eylər məni ol hesab məğbun
Kim, surəti-haldır digərgun.
Gün şərti demişlər afitabi,
Billah ki, bu nüktədir hesabi.
Hər gün ki, görünməz afitabım,
Mən gün deməzəm, budur hesabım.
Yox kimsə bu dərdi-dildən agah,
Bu dərdi-dil ilə neyləyim, ah?!
Dərdim sözə gəldigincə artar,
Oddur, yel ilə zəbanə dartar".
Əyyamü-vüsalı eyləyib yad,
Ol xəstə bu şe'ri etdi bünyad:
QƏZƏLİ-MƏCNUN
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Ne'məti-vəslin görüb, nazın çəkərdim can ilə.
Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,
Olmamışdı tirə əyyamım şəbi-hicran ilə.
Məhvəşimdən, dustlar, dövran cüda istər məni,
Düşmənimdir, hiç bilmən netmişəm40 dövran ilə?
Yetsə gər aşiqlərin əflakə əfğanı, nə sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.
Yaşırıb41 saxlardım eldən daği-hicranın, əgər
Etmək olsaydı müdara dideyi-giryan ilə.
Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,
Qoymadı dövran keçə övqatım ol ünvan ilə.
Ey, Füzuli, əxtəri-bəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.
TƏMAMİYİ-SÜXƏN
Söz müxtəsər: ol əsiri-sevda,
Bir növ ilə oldu xəlqə rüsva
Kim, Qeys ikən, oldu adı Məcnun,
Əhvalını etdi qəm digərgun.
BU, LEYLİYƏ MƏCNUN GÜZƏRDƏ MÜQABİL OLDUĞUDUR VƏ GÜN MÜQABİLİNDƏ HİLALİ-MEHRİ BƏDRİ-KAMİL OLDUĞUDUR42
Bir gün ki, bahari-aləməfruz
Vermişdi cəhanə feyzi-novruz,
Salmışdı niqab çöhrədən gül,
Çəkmişdi sürudi-nalə bülbül.
Şəbnəm meyi-nabı ilə lalə
Doldurmuş idi qızıl piyalə.
Olmuşdu gül ilə səbzeyi-tər
Firuzəfüruz, lə'lpərvər.
Bir neçə müsahibi-vəfadar
Məcnuni-şikəstəyi görüb zar,
Hər yan dedilər ki: "Ey bəlakeş!
Gül çağıdır, olmagil müşəvvəş!
Bu fəsldə adəmi gərək şad,
Ənduhü bəlavü qəmdən azad!
Çün əbr degilsən, olma giryan,
Çün seyl degilsən, etmə əfğan!
Gül kimi buraxma sinənə çak!
Səbzə kimi etmə bəstərin xak!
Kəmtər özünü əsiri-qəm qıl,
Lütf eylə, xüramə gəl, kərəm qıl!
Səhra tutalım, mey içəlim şad,
Ənduh ilə olma böylə mö'tad!
Ey qönçədəhanü sərvqamət,
Gül, oyna, zəmani et fərağət!
Pakizə vücudə heyfdir qəm,
Böylə dəxi qalmaya bu aləm,
Şayəd açıla güli-muradın,
Möhkəm qıl əsasi-e'tiqadın!
Seyr üzrə bu növbahar fəsli
Şayəd buluna nigar vəsli".
Məcnuni-həzin əyağa durdu,
Səhralərə seyr üçün üz urdu.
Giryan-giryan qılırdı seyran,
Heyran-heyran gəzirdi hər yan,
Gəh səbzəyə ərzi-raz edərdi,
Gəh laləyə min niyaz edərdi,
Çeşminə sürərdi lalə dağın,
Aşiq sanıban öpüb ayağın.
Nərgis gözünə nigah edərdi,
Yarın gözün anıb, ah edərdi.
Söylərdi bənəfşəyə qəmi-dil
Kim, söyləyə, yarə olsa vasil.
Bülbüllərə şərh edərdi halın,
Qumrulara möhnətü məlalın.
Hər türfə çiçək görüb çəkib ah,
Mənzil-mənzil gəzərdi, nagah
Bir mənzilə düşdü rəhgüzari
Kim, seyrdə idi onda yari.
Bir neçə pərirüx ilə həmdəm,
Məcnuni-şikəstədən müqəddəm
Leyli güzər etmiş ol fəzayə,
Salmış gülü lalə üzrə sayə.
Bir səbzəyə səbz xərgəh urmuş,
Məh səhni-çəməndə halə qurmuş;
Qönçə kimi ol lətif xərgah,
Gül bərgi kimi içində ol mah.
Məcnunə müqabil oldu Leyli,
Bəhri-qəmə yetdi dərd seyli.
Leyli demə – şəm'i-məclisəfruz,
Məcnun demə – atəşi-cigərsuz.
Leyli demə – cənnət içrə bir hur,
Məcnun demə – zülmət içrə bir nur.
Leyli demə – övci-hüsnə bir mah,
Məcnun demə – mülki-eşqə bir şah.
Leyli demə – bir yeganeyi-dəhr,
Məcnun demə – bir fəsaneyi-şəhr.
Leyli – çəməni-bəla nihalı,
Məcnun – föləki-vəfa hilalı.
Leyli – məhi-asimani-həşmət,
Məcnun – şəhi-kişvəri-məlamət.
Leyli – səfi-əhli-hüsn əmiri,
Məcnun – səri-kuyi-qəm fəqiri.
Leyli işi – işvəvü kirişmə,
Məcnun gözü yaşı çeşmə-çeşmə.
Leyliyü nişati-hüsn kami,
Məcnunü bəlayi-eşq dami.
Leyliyü lətafəti-dilaray,
Məcnunü məlaməti-qəməfzay.
Leylidə kəmali-hüsn ilə zövq,
Məcnunda cəmali-Leyliyə şövq.
Leyli – sədəfi-həyayə bir dür,
Məcnuna onunla min təfaxür.
Leylidə vüsali-dust meyli,
Məcnunda həm arizuyi-Leyli.
Ol iki səhiqədü səmənbər
Bir-birinə oldular bərabər;
Fuladə sataşdı səngi-xarə,
Od düşdü qərarü ixtiyarə.
Bir sazə düzüldü ol iki tar,
Gərm oldu rəvaci-naleyi-zar.
Ol baxdı buna nişat buldu,
Bu gördü onu müqəyyəd oldu.
Məcnunda qərar tutmayıb huş,
Dəryayi-təhəyyür eylədi cuş.
Bir dəm baxa bümədi ol ayə,
Döşəndi yer üzrə misli-sayə.
Leyli həm itirdi ixtiyarın,
Bir dəm görə bilmədi nigarın,
Heyranlığı ol məqamə yetdi
Kim, düşdü ayaqdan, usu43 getdi.
Gül suyu səpib rəvan üzünə,
Leylini gətirdilər özünə.
Hər yan dedilər ona ki: "Ey mah!
Nagəh, olur atan-anan agah
Kim, qeyr ilə aşina olubsan,
Bir dilbərə mübtəla olubsan.
Verməz bu rəviş nəticeyi-xub,
Şayəstə degil sənə bu üslub!
Yaxşı nəzər eyləsən yamandır,
Həm bizə və həm sənə ziyandır!"
Ondan götürüb büsatü xərgah,
Ol mahliqayi xahü naxah
Öz bürcünə qıldılar rəvanə,
Ta olmaya vaqif ata-anə.
Söz demədilər bu macəradan,
Nə gəncdənü nə əjdəhadan.
Məcnunu həm etdi çeşmi-xunbar
Sular saçıban üzünə, bidar.
Gördü ki, nigardan nişan yox,
Bir cismi-füsürdə var, can yox.
Divanə qalıb, pəri gedibdir,
Salıb onu dilbəri gedibdir.
Çak eylədi camə, çəkdi nalə,
Halı bədəl oldu özgə halə.
Tərk etdi libasi-laləguni,
Rəxt oldu təninə əşki-xuni.
Gər matəm üçün misali-xamə,
Sarmışdı başa siyəh əmamə.
Çizgindi başına dudi-ahi,
Yandırdı əmameyi-siyahi.
İkrah ilə çıxdı pirəhəndən,
Ar etdi şəhidi-qəm kəfəndən.
Nə'leyni buraxdı ol bəlacu
Kim, aşiqinə payibənddir bu.
Həmdəmlərə üzr qıldı ağaz:
"Key bir neçə həmnişinü həmraz!
Seylabi-hücumi-əşk yetdi,
Mən şiftəhalı qərq etdi.
Olman44 məni-xəstə ilə həmdəm,
Ta batmayasız bu suya siz həm.
Mən rəngi-məlamətə boyandım,
Sevdazədəlik oduna yandım.
Əlbəttə, bu od ki, düşdü canə,
Axır tutuşub çəkər zəbanə.
Düşvar bəlami səhl sanman!45
Siz dəxi mənim oduma yanman!46
Məndən sizə düşməsin bir əxgər,
Çün dəgmədi xeyr, dəgməsin şər.
Sevda siyəh etdi ruzigarım,
Eşq aldı inani-ixtiyarım.
Mən bir quşam, uçdum aşiyandan,
Mən qandanü meyli-xanə qandan?!
Qılman47 mənə ev hekayətin çox,
Dəxi mənim onda getməgim yox!
Sizdən sorar olsa ata halım,
Keyfiyyəti-möhnətü məlalım,
Söylən48 ki: "Fənayə verdi rəxtin,
Əyyam siyah qıldı bəxtin.
Ey piri-şikəstəhalü naşad,
Tanrıçün əlimdən eyləmə dad!
Demə ki, "nədir bu macəralar?"
Səndən mənə yetdi bu bəlalar!
Mən bilməz idim qəmi-cəhanı,
Təşvişi-zəminü asimanı.
Asudə səraçeyi-ədəmdə
Nə qüssədə idimü nə qəmdə.
Bilməzlik ilə xoş idi halım,
Nə hüsn, nə eşq idi xəyalım.
Sən vasiteyi-vücudim oldun,
Sən manei-feyzi-cudim oldun!
Umdun ki, mənimlə olasan şad,
Dərda ki, ümidin oldu bərbad.
Mən yox olubam, sən indi var ol!
Özgə xələfə ümidvar ol.
Mə'zur tut, ey əziz, mə'zur!
Mən qəsd ilə səndən olmadım dur.
Çox sidq ilə eylədim ona əzm
Kim, dövləti-vəslinə edəm cəzm,
Su saldı yoluma əşki-həsrət,
Damanımı tutdu xari möhnət".
Təhrir qılıb münasibi-hal,
Bu şe'ri həm etdi ona irsal:
QƏZƏL
Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,
Məni rüsva görüb, eyb etmə, ey naseh ki, mə'zurəm!
Əgər çaki-giriban eyləsəm, mən' eyləmən49, çün mən
Mətai-nəngdən ari, libasi-ardən urəm.
Mənü səhrayi-vəhşət, mənzil etməm afiyət küncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
Təmərrüd, əql fərmanından etsəm, dustlar, billah,
Məni rə'yimlə sanman50, eşq sultaninə mə'murəm.
Mənə kim tənə eylər, kim nəsihət əhli-aləmdən,
Xoşam ki, e'tibari-eşq ilə hər dildə məzkurəm.
Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,
Nə müştaqi-behiştəm sən kimi, nə talibi-hurəm.
Xəyali-çini-zülfü taqi-əbrusilə zövqüm gör,
Sanasan həşmət ilə kəsriyəm, qədr ilə fəğfurəm.
Qərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,
Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.
TƏMAMİYİ-SÜXƏN
Ol şiveyi-eşq içində mahir,
Qaldıqda vəsiyyətini axir,
Qıldı, gözədib təriqi-vəhşət,
Əshabdən inqitai-ülfət.
Səhrayə düşüb günəş misali,
Tənha yürür oldu laübali.
Hər daşə ki, yetdi tökdü yaşın,
Lə'l eylədi kuhü dəşt daşın
Gözyaşını bəs ki, tökdü hər su,
Hər mərhələdən axıtdı min cu.
Bir əbri-bəla idi, güvahi:
Baran – sirişki, bərq – ahi.
Baran ilə bərqi cismü candan,
Bir mərtəbədə ki, bundan, ondan
Dəryalərə yetsə ləm'əyi-tab,
Səhralərə düşsə qətreyi-ab,
Dəryalar olurdu cümlə səhra,
Səhralər olurdu cümlə dərya.
Fəryad ilə doldurub bu deyri,
Fəryadə gətirdi vəhşü teyri.
Əfğanı yetirdi asimanə,
Atəş salıb ah ilə cəhanə.
BU, MƏCNUN ATASININ VAQİFİ-HAL OLDUĞUDUR VƏ ONU BİYABANİ-MÖHNƏTDƏ BULDUĞUDUR51
Gəncinəgüşayi-gəncgöftar
Olmuş bu əda ilə gühərbar:
K'ol bir neçə biqərarü məhzun
Naçar qılıb vidai-Məcnun,
Nomid dönüb şikəstəvü xar,
Qıldılar atasını xəbərdar.
Ol pir çü vaqif oldu halə,
Məcnun kimi etdi ahü nalə.
Səhralərə tutdu seyltək üz,
Vadilərə açdı çeşmətək göz,
Çox aradı, gəzdi hər məkanı,
Bulunmadı oğlunun nişanı.
Ta aqibət ol şikəstəhali
Bir guşədə gördü laübali.
Düşmüş yerə, xaksarü qəmnak,
Əhvalı xərabü sinəsi çak.
Dönmüş güli-sürxi zə'fəranə,
Şümşadi-lətifi xizəranə.
Ayinəsini qubar tutmuş,
Jəngi-qəmi-ruzigar tutmuş;
Etmiş əlifin sitəm yükü dal,
Qılmış qələmin fələk qəmi nal.
Həmsöhbəti murü həmdəmi mar,
Təkyəgəhi xakü bəstəri xar.
Xar üzrə ona dəlik-dəlik tən,
Açmış qəm evinə dürlü rövzən.
Ol pir, çü gördü surəti-hal,
Surət kimi qaldı bir zaman lal.
Bir ləhzə onu təhəyyür aldı,
Heyrət gözü ilə baxa qaldı.
Sonra yaxa yırtıb etdi fəryad:
"K'ey bülbüli-bustani-bidad!
Hali-dilini mənə bəyan et,
Əsrari-nihanini əyan et.
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Billah, netə52 biqərar olubsan,
Aşüfteyi-ruzigar olubsan!
Nə seyrdəsən, sənə tələb nə,
Bu naleyi-zarinə səbəb nə?
Dəryadə isə sənə düri-kam,
Sən söylə, mən eyləyim sərəncam.
Zülmətdə isə şəm'i-məqsud,
Rövşən qılü məndən istə mövcud".
Məcnun dedi: "Ey mənə verən pənd,
Danayi-süxənvərü xirədmənd!
Kimsən, nədürür bu göftgulər,
Bifaidə batil arizulər?
Get, dərdimə sən dəva degilsən,
Biganəsən, aşina degilsən!
Mən böylə kəmalə tutmazam guş,
Leyli sözü söylə, yoxsa xamuş!"
Dedi: "Mənəm atan, ey bəlakəş,
Mən səngi-məlamətəm, sən aləş!"
Dedi: "Nədir, atə, yoxsa anə?
Leyli gərək, özgədir fəsanə".
Çün gördü itaətində ehmal,
Bildi ki, fəqir özgədir hal,
Verdi bu firib ilə təsəlli
Kim: "Dur gedəlim, çağırdı Leyli!
Leyli bizə gəldi, mihmandır,
Lə'li tələbində dürfəşandır".
Məcnun ki, eşitdi Leyli adın,
Sandı ki, fələk verər muradın.
"Ləbbeyk" deyib ayağə durdu,
Ol Kə'beyi-məqsədə üz urdu.
Pir ilə cəvani-dilşikəstə,
Gəldi evə dilfigarü xəstə.
Başında həvayi-vəsli-Leyli,
Nə ata qəmi, nə ana meyli.
Gah ata nəsihət etdi ağaz,
Gah anası oldu pəndpərdaz.
BU, MƏCNUNA ANASI PƏND VERDİGİDİR VƏ BUSTANİ-MƏLAMƏTDƏN XARİ-NƏDAMƏT DƏRDİGİDİR53
"Key rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-güzidə!
Şə'nində rəyasəti-ərəb var,
Mirasi-şücaətü ədəb var.
Ətvari-müluki tut həmişə,
Ayini-şücaət eylə pişə.
Əbruyi-xəm isə gər muradın,
Süst etmə kəmanə e'tiqadın!
Müjgani-siyahdən götür dil,
Ol navəki-cansitanə mayil!
Olsan nigərani-qəddü qamət,
Qıl nizeyi-xunfəşanə rəğbət!
Gər zülf ilə görmək istəsən xal,
Gör hey'əti-nöqtə, peykəri-dal!
Könlün gözü qaşə olsa məftun,
Gör dideyi-eynü əbruyi-nun!
Sən sərvsən, olmagil giranbar!
Azad ola gör, nə kim giriftar!
Sən lə'lsən, olmagil səbüksəng,
Döndərmə günəş görüb rəvan rəng!
Etmə özünü hübabmanənd
Başında olan həvayə xürsənd!
Kim, yoxdurur ol həvayə bünyad,
Başın olur ol həvayə bərbad.
Sərgərmlik etmə şəm'nisbət,
Suzi-qəmi-eşq ilə mürüvvət.
Gör şəm'i necə düşər bəlayə,
Başına gedən, gedər fənayə.
Zövqi-dilü didə qılma adət!
Salma meyü şahidə iradət!
Məhbubü mey ilə bəsləyən can
Sanma olur əhli-əqlü iman!
Əqlimi olur müdam məstin?
İmani olurmu bütpərəstin?
Şe'rə həvəs etmə kim, yamandır,
Yaxşı deselər onu, yalandır!
Hala qıla gör kəmal hasil,
Fövt etmə məcal, gəzmə qafil!
Ey baği-ümidimiz nihali,
Qılma bizi nəng payimali!
Məhbub həm istəsən, kəm olmaz,
Biz kim, səniniz, sənə qəm olmaz.
Vardır bu həşəmdə min qəbilə,
Hər taifə içrə min cəmilə.
Bir-bir qılalım qamu sənə ərz,
Yetsin yerinə bizə olan fərz.
Bir sərvi-səhiqədü səmənbər
Təzvicini edəlim müqərrər,
Tə'yin edəlim sənə məhü sal,
Sərf eyləyə bildigincə əmval.
Sən tutma həmin təriqi-vəhşət,
Qət'i-nəsəb eyləmə əmanət!
Bizdən bu nəsihəti qəbııl et!
Hər ləhzə bizi, yetər məlul et!
Üşşaq səfahətin qılıb yad,
Bu şe'ri nə xoş demiş bir ustad:
QƏZƏLİ-USTAD
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!
Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz
Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!
Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,
Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!
Eşq içrə əzab olduğun ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi ahü-fəğandır!
Yad etmə qara gözlülərin mərdümi-çeşmin,
Mərdüm deyib aldanma kim, içdikləri qandır!
Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var",
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
BU, MƏCNUNUN NƏSİHƏT QƏBUL ETMƏDİGİDİR VƏ ATASININ DƏRDİ DƏRMANƏ YETMƏDİGİDİR
Məcnun ki, eşitdi bu xitabı,
Verdi bu əda ilə cəvabı:
"K'ey ruhi-rəvanın atə, anə!
Kami-dilü canım atə, anə!
Təhqiq edibəm, işim xətadır,
Hər nə desəniz mənə rəvadır.
Aludeyi-rəngi-dudi-ahəm,
Zilli-günəh ilə rusiyahəm.
Mən həm olubam bu işdən agah,
Əmma nə deyim, nə söyləyim? Ah!
Yoxdur bu işimdə ixtiyarım,
Zəbtimdə inani-iqtidarım!
Əql oldu zəifü eşq qalib,
Xatir nigaran, nigar cazib.
Tutdu tənü canımı qəmi-yar,
Qeyrəl-məhbub leysə fiddar.54
Məndə dəxi necə mənlik olsun,
Məndən məni istəyən nə bulsun?
Təqdir çü böylədir, nə tədbir,
Təqdiri edərmi kimsə təğyir?
Olsaydı mənə nişat ruzi,
İstərmi idim bu dərdü suzi?
Gər səhhətə qadir olsa bimar,
Dərdə özün eyləməz giriftar.
Əl versə gədayə padişalıq,
Sanman ki, qılır dəxi gədalıq.
Fitrətdə nə halət olsa məqsum,
Rəf olmadığıdır əmri-mə'lum.
İslahıma eyləmən təəmmül
Kim, gül tikən olmazü tikən gül.
Keyfiyyəti-abü cövhəri-xak,
Dönmək olamı qəbuli-idrak?
Su süfləligindən ayrılırmı?
Od yandıra bilməyə bilirmi?
Ol gün ki, rəhimdə kilki-qüdrət
İcadıma verdi zibi-surət,
Doldurdu həva ilə dimağım,
Sevda ilə bağladı ayağım.
Doldu bədənimdəki rəgü pust,
Başdan-ayağa məhəbbəti-dust.
Mülk eylədi könlümü bəlayə,
Vəqf eylədi canımı cəfayə.
Yox məndə bu hökmdən təxəllüf,
Ol maliki-vəqfədir təsərrüf.
Dərdi-əzəli dəva bulurmu?
Mehri-əbədi fəna bulurmu?
Mən şəm'i-səraçeyi-fəraqəm,
Suzi-cigər ilə xoşməzaqəm.
Məndən diləyən bu suzi zail,
Bidadimə olmuş ola mail.
Şəm'in ki, həyatı oldu atəş,
Halı onun atəşilədir xoş.
Oddan diləyən onun nəcatın,
Fani diləmiş ola həyatın.
Düşmənliyə dustluq qılıb ad,
Tədbiri-nəcatım eyləmən yad.
Mən qərqeyi-bəhri-şövqi-yarəm,
Bərhəmzədeyi-qəmi-nigarəm,
Ancaq səbəbi-qərarım oldur,
Arami-dili-figarım oldur.
Onunla edin bu dərdə mərhəm,
Urman55 dəxi özgə kimsədən dəm.
Dersiz mənə var dilrübalər,
Leyli kimi çox pəriliqalər…
Billah, deməniz bu hərfı zinhar!
Aləmdə bir ondan özgə kim var?
Bülbül gül üçün qılanda nalə,
Dərdinə dəva olurmu lalə?
Xosrov degiləm ki, mənə dilbər
Şirin ola gah, gah Şəkkər!
Mən yekcəhətəm təriqətimdə,
Təğyir işi yox cibillətimdə".
Üzrünü bəyan edib həm ol dəm
Təqrirə gətirdi bir qəzəl həm:
34.Bu, Leylinin inkarla (əhvalatı danmaqla) anasına cavab verməsi və məktəbdən çıxıb möhnət sarayına girməsidir.
35.Ki ol
36.Naümid.
37.Sözün tamamlanması.
38.Məcnunun halının təsviri.
39.Nəyim.
40.Nə etmişəm.
41.Gizlədib
42.Bu, Məcnunun gəzərkən Leyliylə qarşılaşması və günəş qarşısında məhəbbət hilalının bədrlənməsidir.
43.Ağlı.
44.Olmayın.
45.Sanmayın.
46.Yanmayın.
47.Qılmayın.
48.Söyləyin.
49.Eyləməyin.
50.Sanmayın.
51.Bu, Məcnunun atasının əhvalatdan xəbərdar olması və onu möhnət səhrasında tapmasıdır.
52.Necə.
53.Bu, anasının Məcnuna nəsihət verməsidir və danlaq bağçasından peşimanlıq tikanı dərməsidir.
54.Sevgilidən başqa kimsə yoxdur.
55.Vurmayın.
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022Hacim:
1 s. 2 illüstrasyonISBN:
978-9952-8450-2-0Telif hakkı:
JekaPrint