Kitabı oku: «Avropa. Türklər. Böyük Çöl», sayfa 2
Altay beşiyi
Məlumdur ki, qədim insanların qalıqlarına Mərkəzi Afrika və Hind-Çində rast gəlinib; burada sivilizasiyanın meydana çıxmasının iki mərkəzini müşahidə edirik. İki insan irqinin – neqroid və monqoloidin yaranmasını da bununla izah etmək olar.
Sivilizasiyaların inkişafı tədricən insanların xalqlara bölünməsinə gətirib çıxardı. Əvvəlcə bu, insanları əhatə edən təbiətlə bağlı idi; məsələn, dağ yerində yaşayan adamların minilliklərlə formalaşan özünəməxsus psixologiyasi, dünyagörüşü dəniz kənarında yaşayan adamlarınkından fərqli idi. Meşə adamının dünyagörüşü isə tamamilə başqa idi. Minilliklər ərzində hər bir xalqın sifət quruluşu formalaşır, onun özünəməxsus fərdiliyi meydana gəlirdi, məhz buna görə bir xalqın portretini yaratmaq üçün onlarca xətt, yüzlərcə rəng çaları lazımdır.
Bu gün alimlər dünyada üç irqə bölünən dörd minə qədər xalq olduğunu hesab edirlər. Bəs avropoidlər nə vaxt və necə meydana gəlmişlər? Məlum deyil. Lakin istənilən halda türklər – qıpçaqlar məhz avropoidlərə aiddirlər.
Düzdür, bəzi türklərdə monqoloid əlamətləri var, lakin bu, həmişə belə olmayıb. Onların əcdadlarında belə cizgilər yox idi.
Antropoloqlar tapılmış kəllə sümüklərinə görə qədim qıpçağın görünüşünü çox dəqiq şəkildə bərpa ediblər. Yeni eradan xeyli əvvəl isə çinlilər Altayda yaşamış bir xalqın – “dinlinlərin” sözlə portretini yaratmışdılar. Şimal qonşularının xarici görünüşü çinliləri heyrətə gətirmişdi. Əlyazmalarda bu xalqın nümayəndələri göygöz, sarışın, “üzü meymun üzünə oxşayan” kimi təsvir olunub. Bir sözlə, bu insanlar çinlilərdən tam fərqli idilər.
Yaxşı müşahidə qabiliyyətinə malik olan çinlilər qeyd edirdilər ki, qıpçaqlar fərqli bədən ölçülərinə və baş quruluşuna malikdirlər. Onları “yumrubaşlar” adlandırırdılar. Başın gicgah sümüyünün bir az iri olması isə elə bu gün də bizim üzümüzdə təkrarolunmaz iz buraxır. Bu cür üz quruluşu olan adamlara xalq arasında enlisifət deyirlər. Hər şey dəqiqdir. Kiməsə biz qısaayaq görünürük, ona görə ki dabanımız “hündürdür”… Nə edəsən? Ulu Tanrının iradəsi ilə yaranmışıq. Hər bir xalqın əcdadlarının ona qoyub getdiyi öz fərdiliyi, öz fərqlilikləri var.
Türklərin məskunlaşması sxemi:
yeni eraya qədər;
yeni eranın əvvəlində;
IV–V əsrlərdə
Bu gün xarici görünüşünə görə qıpçaqlar bir-birindən fərqlənir, onların sırasına qarasaçlılar, qaragözlülər də əlavə olunublar. Bunun da özünün tarixi səbəbləri var. Lakin xalq mühüm olanını – qəlbini, istiqanlılığını qoruyub-saxlayıb; bunlar heç vaxt dəyişilməyib, elə əvvəlki kimi də qalıb.
Bəzən həddən artıq utancaq, bəzən qızğın, hətta dəlicəsinə çılğın olan, həmişə arzularla yaşayan və tez inciyən narahat bir qəlb…
“Qıpçaq” sözü nə deməkdir? Bu sualın dəqiq cavabı yoxdur, onun ətrafında mübahisələr isə kifayət qədərdir. “Qıpçaq” sözünü müxtəlif cür tərcümə edirlər: “özünü dar mühitdə hiss edən”, “bədbəxt” və s. Düşünürəm ki, bütün mümkün və qeyri-mümkün variantları qəbul etmək olar. Çünki odun üstünə yağan qarla küləyə qarşı yağan qar da bir-birindən fərqlənir, bunu bir sözlə izah etmək mümkün deyil.
Vulkan? Fırtına? Fəlakət? Mümkündür… Qıpçağın ruhu – bu, ilk növbədə, azadlıqdır. Yalnız azadlıq və düzənlik ona xoşbəxtlik gətirir… Qoy “qıpçaq” sözünü kimə necə sərfəlidir elə də izah etsin, lakin… Kim ki azadlıq və iradəni sevmirsə, onda qıpçaq qanı yoxdur!
Bəli, coşqun həyatda biz öz qanımızın təmizliyini qoruyub-saxlamağı bacarmamışıq, ona görə ki öz ənənələrimizin qədrini bilməmişik. Özgə qadınları acgözcəsinə sevmişik, öz qadınlarımızı isə sağa-sola paylamışıq. Assimilyasiya, qanların qarışması xalqı gücləndirməyib, əksinə, onu zəiflədib.
Xüsusilə bəzi qıpçaqlarda monqol və çinlilərin irsi aydın görünür; monqol və çinlilər sanki əsrlərboyu bizim bir hissəmizin içində əriyiblər. Bir çox türk sifətli iranlılara, iranlı görünüşü olan türklərə rast gəlmək olur. İranda bütöv əyalətlər, milyonlarla adam öz aralarında türk dilində danışır, sənədlərində iranlı yazılsa da, onlar azərbaycanlıdırlar.
Belə izahedilməz hallara Şimali Qafqazda da rast gəlirik; məsələn, osetinlər və ya çeçenlər arasında klassik qıpçaq görünüşü olan xeyli insan var. Onlar elə bil uzaq keçmişə aid hansısa qədim şəkildən çıxıblar. Lakin çox az adam türk dilini xatırlayır… Vaxt olub ki, burada türklərin bütöv kəndləri “könüllü” olaraq özlərinin milli mənsubiyyətlərini dəyişdiriblər. Toponimika isə onlarda dəyişməyib, əvvəlkitək qalıb. İndi yalnız coğrafi adlar keçmişi xatırladır…
Tenqriyə (Tanrıya) eşq olsun, Dəşt-i Qıpçaq çölündə türk ruhu hələ tamamilə ölməyib! Bəzi tatarlarda, başqırdlarda, altaylılarda, xakaslarda mən bunu hiss etdim, gördüm ki, onların yuxulu kirpikləri aralanır və sönmüş gözlərinə işıq gəlir. Türk ənənələrinin Azərbaycandakı kimi güclü olduğunu mən başqa heç yerdə görmədim. Böyük iqtisadi və mədəni imkanlara malik unikal bir ölkə. Orada Avropada çoxdan unudulmuş dəyərlər qorunub-saxlanılır. Əcdadların mədəniyyəti!
Avropa qıpçaqları isə laqeyd xalqdır, səbəbi də inkvizisiyadır. Roma və Bizans kilsələri əsrlərlə Avropa çöllərində yaşayan insanları özlərinə, öz tarixlərinə laqeyd ruhda tərbiyə edib6. Buradan da tənbəllik, laqeyd münasibət yaranıb. Bir sözlə, sındırılmış, lakin həlak olmamış xalq.
Onlar Altayın indiyədək Azərbaycan muğamlarında duyula biləcək ağı-mahnılarını kaş eşitsəydilər! Bax budur Qıpçaqların Böyük Qardaşlığı, onu yalnız musiqi ifadə edə bilər. Sözsüz musiqi türk üçün olduqca quru və cansızdır.
Qırğız qıpçaqları da zahirən sakitdirlər, amma bu, məxsusi sakitlikdir. Nədir, olmaya bu insanları sakitləşdirən dağlardır? Bəlkə, burada türkləri soyuqqanlı edən çinlilərin arxayınlığıdır? Qırğızın sakitliyi onun xasiyyətindədir, onun davranışındadır: o özünü dağın vadisində heç vaxt “narahat” hiss etməyib!..
Qırğızlar qıpçaqların qədim müdrikliklərini qoruyub-saxlayıblar. Altaylılar da… Xakaslar da… Bizim babalarımız dağları ilahiləşdirirdilər. Dağlarda, onların əbədi sakitliyində ta qədimdən dünyanın yaranışının sirrini axtarırdılar, çünki Altay türklərin qədim Vətənidir7. Ona görə də dünyanı tərk edən qıpçaqların ruhu ancaq dağlara can atır.
Məhz buna görə türklər ölənlərin üzərində torpaqdan təpə (kurqan) düzəldir, məbədlər tikir, qəhrəmanlar üçün son mənzili ən yüksək dağlarda axtarırdılar. İnsanlar qədimdən öz ənənələrinə əməl edirdilər, təəssüf ki, indi bunların bir çoxu yaddan çıxıb.
Böyük Çölün genişliyinin nə demək olduğunu bilməyən xakaslar, altaylılar, buryatlar qədim türk dünyasının sirr və qalıqlarının daimi qoruyucularına çevrildilər. Əlbəttə, onların tarixi yaddaşı zəiflədi, çox şey unuduldu, lakin onlar hər gün əcdadlarının ayaqlarının istisini qoruyan torpağın üzərində gəzir, həmin dağları və eyni ilahi gözəlliyə malik səmanı müşahidə edirlər.
Əlbəttə, Altayda hər dağ silsiləsi nəzərə çarpmırdı. Biz heç vaxt bilməyəcəyik ki, dağ necə müqəddəs bir məkana çevrilirdi, bunu dərk etmək hər kəsə müyəssər də olmur. Lakin hər bir türk babalarının sitayiş etdiyi yüksəklikləri tanımağa məcburdu; bu, Kaylasdır, Xan Tenqridir, Üç Sümərdir, Borusdur…
Bəli, bizim Vətənimiz – Çöldür, lakin beşiyimiz – Altaydır.
İki min il yarım bundan əvvəl burada türklər Əbədi Göy Rəngdə olan səmanı görmüş və onu Tenqri adlandırmışdılar… Biz də həyatımızda, heç olmasa, bir dəfə Altayda olmalı, onun sərin bulaqlarından su içməli, buradakı göyə baxmalıyıq – dünyanın ən təmiz səmasına. Bunu özümüzün dəyişməyimiz üçün etməliyik.
60-cı illərdə Altayda, Ulalinka çayının kənarında akademik A.P.Okladnikov Rusiya ərazisində ən qədim insan məskəni tapdı. Onun iki yüz min il tarixi vardır! Məhz həmin dövrdə elə bir mədəniyyət formalaşmağa başladı ki, fin-uqor, koreya, türk və başqa xalqların yaranmasına gətirib çıxartdı.
Düzdür, Ulalinka məskəni üstündə bəzi arxeoloqlar “mübahisə” edirlər: onların iddiasına görə, daha qədim dövrdə yaşayan türklərin izinə rast gəliblər! Qoy belə olsun. Lakin Okladnikovla həmkarlarının xidməti kəşfin özündə deyil; məsələ ondadır ki, bu akademik türk mədəniyyətinin formalaşmasını qədim dövrdən başlayaraq izləyən birinci alimdir. Onun tədqiqatının qiyməti də məhz bundadır, tədqiqatçı alim anı və əbədiyyəti birləşdirmişdir!
Okladnikov öz kəşfini çox çətinliklə sübuta yetirdi. Senzorlar köpəkbalığı kimi elmin hər bir kiçik kanalını belə güdürdülər! Türk mədəniyyətinin hətta adını çəkməyə icazə vermirdilər. Amma eyhamla danışmaq olardı. Beləliklə də “Altay”, “Sibir” mədəniyyətləri yarandı. Belə yalançı baxışların sayı artdı və geniş yayıldı. “Mixaylovski”, “Dyakovski” və digər mədəniyyətlər yarandı. Ancaq hamı gözəl bilir ki, xalqsız mədəniyyət olmur.
Gözəl alim, professor S.İ.Rudenko da belə bir sınaqdan keçdi. Fikrimcə, o bildiklərinin və tapıntılarının heç yarısını da söyləmədi. Buna icazə vermədilər. Lakin onun istedadı sayəsində bu gün Altay haqqında demədiklərinin bəzilərini müəyyən etmək mümkündür.
İnanıram ki, Rudenko və Okladnikovu nə vaxtsa arxeologiyanın klassikləri adlandıracaqlar8. Onların əsərlərindən tələbələr alim etikasının nə olduğunu öyrənəcəklər. Burada irsi türklərdə çatışmayan elm, vətəndaş mövqeyi, cəsarət var!
Rusiyada ədalətli tədqiqatçılar az olmayıb, lakin həqiqi elmdən uzaq olan akademik “generallar” həmişə onları nəzarətdə saxlayırdılar. Onlar bu “generalların” zəhlətökən diqqətindən birtəhər can qurtarıb işləyirdilər. Lakin türkoloqların vəziyyəti yüzqat ağır idi, onlara hər hansı alimi istənilən vaxt pantürkizmdə günahlandırmağa hazır olan xüsusi “beynəlmiləlçilər” nəzarət edirdilər. Bu cür ittihamların sonu isə həbsxana, sürgün, ən yaxşı halda işdən uzaqlaşdırmaq idi… “Pantürkizmin” nə demək olduğunu isə heç kəs bilmirdi. Pis “pantürkizmin” yaxşı “panslavizmdən” fərqi nədə idi? Onu da izah etmək mümkün deyil. İkisi də mənasızdı!.. Vaxtilə bu cür axmaq siyasət nəticəsində nə qədər maraqlı işlər elmdən kənara atılmışdı!
Məsələn, qazax akademiki A.X.Marqulan istədiyi əsərləri yaza bilmədi, hansı ki onlar adamı heyran edə bilərdi. Alim onlarca qədim türk şəhərinin yerini müəyyənləşdirmişdi. Bunlar meydanları, kanalları, məbədləri olan şəhərlər idi… O bu mövzunu qapatmalı oldu, çünki Moskva və Alma-Ata Böyük Çöldə türk şəhərlərini, burada yaşayan xalqın nailiyyətlərini yox, “vəhşi köçəriləri” və “əclaf tatar” ordusunu görmək istəyirdi.
Altay və Böyük Çöl çox zəif tədqiq edilib. Alimlər təsadüfi tapıntılarla kifayətlənməli olublar, baxmayaraq ki bu tapıntılar da tarixi baxımdan kifayət qədər inandırıcıdır.
Genişqəlbli, əliaçıq Altay öz incilərini tələsmədən, tədricən üzə çıxarırdı. İlk baxışdan sadə görünən mis əşyalar burada metal əridilməsinin nə vaxtdan başlandığını müəyyənləşdirməyə kömək etdi. Tunc dövrü altaylıları məşhurlaşdırmadı, çünki digərlərində olanlar onlarda da var idi. Lakin Tunc dövrü başqa bir hadisə ilə maraqlıdır: həmin vaxt xalqların ilk köçü baş verdi; bəzi tayfalar Altaydan köçdülər və sonralar Avropanın şimalında məskunlaşdılar. Onların kökü türklərlə birdir.
Ön Uralın qədim şəhərləri olan Sintaşt və Arkaimdə aparılan qazıntılarda həmin dövrün tarixini yaxşı oxumaq olar: orada onlarca metalişləmə izlərinə, əritmə sobalarından mis əşyalara qədər rast gəlinir. Ola bilsin ki, türk mədəniyyəti məhz bu ərazilərdən başlayıb.
Lakin başqa bir ehtimal da var. Ural yalnız onun start meydanı idi. Əsasını isə Altaydan götürmüşdü. İki min il yarım bundan əvvəl Tenqri Allahı burada türk xalqına Dəmir dövrünü bəxş etmişdir. Fantastik hadisədir! Birinci metallurqun kimliyi naməlumdur. Ola bilər ki, onun adı elə Dəmir olub. Ona heykəl qoymaq lazımdır. O və onun kəşfi – dünyada ilk kürə9!
Orada muzey yaratmaq pis olmazdı. Dünyanın heç bir ölkəsində oxşar muzeyə rast gələ bilməzsiniz. Bu yalnız Altayda mümkündür, çünki Altay birinci idi. Baxmayaraq ki dəmiri insanlar əvvəllər də tanıyırdılar, filizi əritmirdilər, onu yandırırdılar, bunu bizim eradan iki min il yarım əvvəl hetlər düşünmüşdülər. Türklər isə əritməni kəşf etdilər! Bunda onlara təbii müşahidə qabiliyyəti kömək etmişdi. Həmin vaxtdan metallurq peşəsi ən hörmətli peşə oldu. Onun sirlərini bilən şəxs xüsusi hörmət sahibi sayılırdı. Dəmirxanovlar, Dəmirbulatovlar, Dəmirovlar – onlara və onların nəsillərinə sehrbazlar kimi baxırdılar.
Metalişləmə sənəti atadan oğula keçir və bu, qıpçaqların əsas sirri olaraq qalırdı. Belə bir inam yaranmışdı ki, metalişləmə sirrinə yiyələnmiş adam İlahidən verilmiş hikmətə malikdir: ona böyük Tenqri xan xüsusi nəzər yetirmişdir. Ona başqa (metalişləmə sirrindən xəbərsiz) bir nəsildən olan qızla evlənmək qadağan idi. Çünki yuxuda özü də bilmədən danışıb sirri aça bilərdi… Bu sirr uzun zaman elə sirr olaraq qaldı.
Metalın bolluğu türklərin təsərrüfatda elmi-texniki inqilab etməsinə gətirib çıxardı; metaləritmənin kəşfi öz miqyası və nəticəsinə görə təkərin icad edilməsinə bərabər idi… “Dəmir” özül üzərində qüdrətli bir dövlət yüksəlməyə başladı.
Qıpçaqlar asanlıqla qonşu xalqları fəth etdilər. Bununla dünyaya sübut etdilər ki, onların qələbələrinin tarixi – dəmirin tunc üzərində qələbəsinin tarixidir. Xalqların Böyük köçünün kökü burada gizlənmişdi!
Babalarımız atları əhliləşdirən zaman qılınc, nizə, xəncər meydana gəldi. Dünyada heç bir xalq onlar kimi sadə və incə dəmir dəhnə düzəldə bilməmişdi. Sonra zireh geyim, şişuclu dəbilqə…
İlk üzəngini, yəhəri, qoşqunu düzəltmək o qədər də asan deyildi… Lakin onlar bunun öhdəsindən gəldilər. Bununla da həm şəhərlərdə, həm də çöl stanitsalarında əlverişli olan yeni – at belində keçən həyat tərzi meydana gəldi. At türkün bir “parçasına” çevrildi, onun ayrılmaz yol yoldaşı oldu. Təsadüfi deyil ki, qıpçağın ən böyük arzusu atı əhliləşdirib minmək idi. Atı əhliləşdirmək – bu, qəhrəmanlığa çağıran əsas işlər sırasında birinci yerdə dayanırdı.
At məkanı genişləndirir, uzaqlara, üfüqdən o tərəfə aparırdı. Keyfiyyətcə yeni əkinçilik də buradan başlandı! O vaxtdan Altayda torpağı çuqun xışla becərir, bol məhsulu isə dəmir oraqla biçirdilər.
Elmi-texniki inqilab, onun tapıntıları qida ehtiyatını nəzərəçarpacaq qədər artırdı, bu da, öz növbəsində, əsl demoqrafik partlayışa gətirib çıxardı. Dəmir xalqa güc verdi. Çöl mədəniyyətinin sirri güclü iqtisadiyyatda idi. Məhz bu zəruri məqamı bəzi tarixçilər, Çöldə “köçərilərdən” savayı heç kimi görmək istəməyən alimlər inadla inkar edirlər.
Sonralar dünya yeni kəşflərə can atmadı, yalnız qıpçaqların ixtirasını necə var elə də qəbul etdi!
Ata mindikdən sonra xalqın hətta “geyimi” də dəyişdi: türklər süvari üçün daha əlverişlı olan paltarlar tikdilər. Həmin vaxt altaylılarda şalvar, çəkmə, başlıq, kaftan və digər geyimlər peyda oldu. Hətta çəkmələrinə daban da vurmağa başladılar. Öz geyimləri ilə qıpçaqlar başqa xalqlardan fərqlənirdi. Qədim şəkillərdə, sözlə təsvirlərdə, arxeoloji tapıntılarda onların xarici görünüşünü sezmək mümkündür.
Qıpçaq geyimlərinin keyfiyyəti və gözəlliyi haqqında xeyli danışmaq olar. Son dərəcə incə işdir. Pazırıq kurqanlarında, məsələn, arxeoloqlar ipək, toxuma, keçə, çesuça10 tapmışdılar. Onlardan gündəlik geyinilən gözəl geyimlər alınırdı. Avropada belələrini hazırlamağı bacarmırdılar…
Dediklərimə etiraz etmək istəyənlərə bir faktı diqqətə almalarını məsləhət görürəm: belə çıxır ki, Böyük Çöldə sadəcə yaşayış məskənləri yox, məhz sənətkarların – zərgərlərin, toxucuların, dərzilərin, xalçaçıların, dəmirçilərin, dulusçuların və digərlərinin yaşadığı şəhərlər vardı. Onları unutdurmağa çalışsalar da, hazırlanan məmulatlar göz qabağındadır…
Arxeoloji tapıntılar türklərin digər “vizit kartlarından” da xəbər verir. Dünyada ilk dəfə məhz Altayda ağac tirindən qüllə, koma, sonra isə evlər meydana gəldi. Bu, adamlara mağaraları tərk etməyə və istədikləri yerdə yaşamağa imkan verdi. Türk memarlığı ağac kimi qol-budaq atıb inkişaf etdi. Onların əsrlərdən qalmış cizgilərini asanca tanımaq olar… Təəssüf ki, bunu da etiraf edə bilmirlər. Lakin o var!
Məsələn, daxmalar öz praktikliyi ilə fərqlənirdi, onu səkkizüzlü tikirdilər. Səkkizüzlülük türk memarlığının əsas geometrik elementidir. O ən qısa perimetrdə ən geniş sahə verir. Sadə dildə desək, ən qısa divar olan yerdə ən geniş ev alınır. Materiala və yanacağa qənaət, memarlıqda “səkkizüzlü” ənənə görün özündə nə daşıyırdı!
Bəs evdə soba? Bu da tərifəlayiq olan türk yaradıcılıq nümunəsidir. Xüsusilə şaxtada… “Uzun müddət” istilik verən və yanacağa qənaət edən ocaq.
Türklər soba hazırlamaqdan ötrü düşünüb-daşınıb yeni, xüsusi tikinti materialı – kərpici yaratdılar. Sonralar Altayda kərpicdən saraylar, müdafiə divarları tikməyi öyrəndilər. Lazım gələndə kərpicdən tikilmiş obyekti sökürdülər; uçurulmuş kərpiclər isə nə vaxtsa yenidən işə yarayırdı… Yenə qənaət.
İstəsələr-istəməsələr, özləri də bilmədən müxtəlif xalqlar türklərin bir çox ixtiraları haqqında məlumatları qoruyub-saxlayıblar. Türklərdən götürülmüş əşyalar onlarda əvvəlki kimi türkcə adlanır. Rus və ukraynalılarda, məsələn, bu, dengi (pul), kopeyka (qəpik), kniqa (kitab), çuqun (çuqun), bulat (polad), peç (soba), oçaq (ocaq), kirpiç (kərpic), izba-dır (koma)… Xeyli söz, məsələn, kolbasa, yaxud Avropada çox sevilən yoğurt çöl sakinlərindən gəlib, sonuncunun türk dilində hərfi tərcüməsi “turş süd” deməkdir.
Qədim, necə deyərlər, “rus” geyimləri də qıpçaqlardan gəlmədir; arxeoloqların Novqorod ətrafındakı tapıntıları sübut etdi ki, slavyanların geyimi tamamilə fərqli imiş. Armyak11, yapıncı, kaftan, şuşun12, şuba, klobuk13 və digərləri – onlar türklərin yaddan çıxmış tarixinin əks-sədasıdır… Heç nə itməyib!
Nəhayət, hamımız bir sadə həqiqəti dərk etməliyik: xalqın mədəniyyəti heç bir tarixçi və ya siyasətçi tərəfindən yaradılmır, o, mücərrəd deyil, hətta öz kiçik detallarında belə çox dəqiq və konkretdir… Ona görə də xalqın tarixi sərbəst fikir yürütmək üçün deyil, o, elmdir! Riyaziyyat və ya fizika kimi ciddiyyət və dəqiqlik tələb edir…
Təəssüf ki, Rusiyada tarix həddindən artıq sərbəstdir, onu hər bir hökmdar öz istədiyi kimi yazıb…
Xalqların Böyük köçü
…Altayda artıq yaşamağın mümkün olmadığı günlər gəlib çatdı: burada həddindən çox insan yaşayırdı, torpaq hamını ərzaqla təmin edə bilmirdi. Xalqı uzaqlara baxmağa məcbur edən çətin an yetişdi.
Altaydan dünyanın dörd tərəfinə yollar uzanırdı. Hansı ilə getmək lazımdır? Hansını seçsinlər?
I əsrdə Altay əcdadlarımız üçün bütöv bir dünya demək idi. Həqiqətən də, türk mədəniyyətinin üstünlük təşkil etdiyi bütöv bir dünya! Altaya həm də Tenqri-tau (türk dilində “İlahi dağ”) və ya Edem (“Əcdadların torpağı”) deyirdilər. Türklər buradan dünyaya ilk addımlarını atdılar, bizim coğrafiya bu nöqtədən öz hesabını aparmağa başladı.
Düz getmək – şərqə yönəlmək, sağa getmək – cənuba istiqamətlənmək, sola getmək – şimala irəliləmək, arxaya getmək isə qərbə tərəf yollanmaq demək idi. Sola gedən (şimala) yol qısa idi və onların qarşısını bataqlıqla meşə kəsirdi. Çox az adamın bu yola tamahı düşdü, onlar Lena (“İlin” – türk dilində “Şərqi”) çayı sahilinə çıxdılar və orada məskunlaşdılar. Həmin türkləri indi “yakut” adı ilə tanıyırlar. Yenisey (“Ene-say” – “Ana-çay”) və Ob (“abe” – türk dilində “nənə”, yəni “Nənə-çay”) çayı sahilləri boyunca uzanan yollar da unudulmamışdı.
İ.S.Turgenev
«Turgenevlər nəslinin əsasını qoyan Murza Lev Turgenev – Qızıl Ordanın imtiyazlı təbəqəsinin əyanı idi… Turgenev soyadının kökündə Turgen ləqəbi dayanır». Sibirin türk xalqlarının dilində bu, «sürətli», «cəld» deməkdir.
Altaydan şərqdə az qala keçilməz olan Uzaq Şərq meşə və bataqlıqları yerləşirdi. Odur ki heç kəs oraya köçmək fikrində deyildi.
Cənub marşrutuna gəlincə, türk süvariləri Hindistana daxil oldular, bununla da məşhur Günəş çarlığı sülaləsi meydana çıxdı. Türklər indiki Mərkəzi Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan torpaqlarını birləşdirərək Kuşan xanlığını yaratdılar.
Qeyd edək ki, I–III əsrlər və türk tarixinin bütün “hind dövrü” türklərin özləri tərəfindən tamamilə unudulub. Lakin Hindistanın və İranın özündə bu dövrü yaxşı xatırlayırlar. Üstəlik, buddizmin şimal qolunun əsasını qoyan, Səma Allahı – Böyük Tenqriyə sitayiş edən və təmizqəlbli biri olan Kanişka xanı (78–123) hələ də ilahiləşdirirlər.
Kanişka uzaq Hindistanda qıpçaqların və bütünlükdə türk mədəniyyətinin rəmzi olaraq qalıb. Orada türkləri çoxdan tanıyırdılar: onlar şimaldan qəflətən peyda olmuş, birdən-birə də yoxa çıxmış tapmaca-xalqdır. Lakin qeybə çəkilsələr də, özləri haqda arxeoloji iz, heykəllər, divar üzərində şəkillər və digər incəsənət nümunələri, eyni zamanda məbəd və monastırlar qoyub gediblər. Naqlar – ilanlara sitayiş edən adamlar haqqında ədəbi əfsanələr… Kim bilir, bəlkə, əfsanəvi arilər də Altaydan imiş?
Çar Kanişka (hər halda, Erke xan və ya pulların üzərində həkk edildiyi kimi Kanerka daha doğru olardı) dövründə Altay Kuşanla (Kəşmirlə?) nəfəs alırdı, şimaldan minlərlə tenqriçi-zəvvar Kanişkanın təmir edib səliqəyə saldığı müqəddəs yerləri ziyarət etmək üçün axışıb gəlirdilər.
Məhz həmin vaxt türklər buddistlərdən ötrü yeni olan Göy Allahı Tenqri xana sitayiş ayinlərini buddizmə gətirdilər. Bu fakt Hindistanın və buddizmin tarixində xüsusi qeyd edilir.
İndi də Şərqdə uzaq şimalda yerləşən və müqəddəs adamların yaşadığı Şambxala (Şambkale)14 ölkəsindən olan türkləri hörmətlə xatırlayırlar… Yenə də türklər! Müqəddəs ölkə olan Şambkala Altay dağlarında, yeddi qarlı zirvədən ibarət və ilahi dəmir xaçın qorunduğu yerdə yerləşir… İndi də bu belədir. Lakin təkcə türklər onu xatırlamırlar.
İki min il əvvəl Hindistana gedən yolları hələ ot basmayıb. Böyük Biysk yolu hələ işləyir. Lakin indi bu yol gödəlib, daha həmin yolla zəvvarlar getmir. Tibetə gedən daha bir qədim yol da dövrümüzə qədər gəlib çıxıb; bu, Nerçinsk yoludur…
Bircə Altaydan qərbə uzun müddət heç kim cığır açmadı. Dağ sakinlərinin psixologiyası burada özünü aydın göstərirdi: adamlar naməlum çöldən ehtiyatlanır, adət etdikləri dağlarda yollar axtarırdılar.
Onlar çölə yalnız əlacsız qalanda gedirdilər. İki min il yarım bundan əvvəl Altayda dinlərarası münaqişə baş verdi, vahid din bütpərəstliyi əvəzlədi. Tenqriçilik yayılmağa başladı. Lakin bir çoxları Göy Allahını qəbul etmədi, razılaşmayanlar çıxıb getdilər. Onlar çölə yola düşdülər. Bu adamları “skiflər” adlandırdılar (görünür, bu, “skitlər” sözü ilə, yəni “cəlayi-vətən” ifadəsi ilə birbaşa bağlıdır). Skiflərin rəsmi tarixi isə başqa sey deyir15. Lakin… Qara dəniz ətrafı düzənliklərdə və Altay dağlarında tapılan “skif” arxeoloji abidələri tamamilə eynidir. Bəs onda skifləri türklərdən nə fərqləndirir? Heç nə.
P.Çaadayev
Çaadayev soyadının kökündə «türk xalqlarına geniş məlum olan bir ad durur. O həm də tarixdən məlumdur, bilirik ki, Çingiz xanın ikinci oğlunu Cağatay adlandırırdılar. «Ca ğatay» sözünün əsasında monqol-türk sözü olan… «igid», «vicdanlı», «səmimi» sözü dayanır».
Bununla yanaşı, N.M.Karamzinin “Xalqlar göydən düşmür və yerə də girib yoxa çıxmır…” sözlərini yaddan çıxaran rus elmi təsdiqləyir ki, skiflər “yiyəsizdirlər”. Bəlkə, skiflər indiyə qədər qalıblar? Bəlkə, bu gün onlar “çuvaş” adlanırlar?! Bu türk xalqı həddindən artıq qeyri-adidir. O, qıpçaq dünyasının mərkəzində, lakin ondan ayrı yaşayır. Həmişə belə olub…
Hazırda xristian adlanan çuvaşların mənəvi irsi hələ bu yaxınlaradək tamamilə başqa idi, onda xristianlıqdan əsər-əlamət yox idi. Xalq öz mədəniyyətini unutmayıb. Bu mədəniyyət uzaq keçmişdə türklərin Altaydakı adət-ənənələrini çox xatırladır, onların inancı kimi başqa bir inanc yoxdur. Çuvaşların dili özünəməxsus melodik və çox qədimdir, hər türk üçün anlaşıqlı deyil… Çuvaşlar türk tarixinin canlı, lakin təəssüf ki, dünya elmi tərəfindən hələ oxunmamış səhifəsidir.
“Skiflərin” bir hissəsi, görünür ki, Ukraynada da qalıb. Onlar öz dillərini unudublar, lakin məişətlərində gözəçarpan bəzi xırdalıqlar bu xalqın uzaq keçmişindən xəbər verir; məsələn, xalq tikmələrində çuvaşlardakı ornamentlərin eynisi olan, özünəməxsus ornamentlər… Onlar özündə çox qiymətli məlumat daşıyır: irəlidə bu barədə söhbət gedəcək. Yaxud dəfn adətləri… Bir sözlə, “skif” səhifələri türk sirləri ilə doludur.
Lakin sonrakı Altay səhifələri çox aydın oxunur, II–V əsrlərdə Xalqların Böyük köçü onları dəqiq əks etdirir. Əhalinin sıx məskunlaşdığı Altayda yaşayan insanlar üçün Tale gələcəyə çöldən keçən bir yol açırdı. Başqa yol sadəcə yox idi. Yalnız çöl, çoxsaylı xalqı qəbul edə bilən, demək olar ki, məskunlaşmamış yeganə ərazi olaraq qalırdı.
Lakin dağlılar düzəndə yaşamağı öyrənmək üçün onilliklərlə inanılmaz səy göstərməli və zəhmət çəkməli oldular. Burada heç nə onlar üçün dağlarda adət etdikləri kimi deyildi, çöl hər şeyin başqa cür olduğu yeni təbii şərait idi! Bu, bütün türk tarixini dərk etmək üçün açar, fövqəladə coğrafi müqəddimədir.
Meşənin yoxluğu, məsələn, yeni inşaat materialları, iqlim isə başqa cür yaşayış evləri, məişətin yeni formalarını axtarmağı tələb edirdi. Su, yanacaq, otlaqlar, ehtiyatların saxlanması və bir çox şeylər haqqında indi yenidən düşünmək lazım gəlirdi. Yalnız güclü, fərasətli və zəhmətsevər xalq çölü qəbul edə bilərdi. Əvvəllər burada insanlar tək-tək hallarda məskunlaşırdı, çünki düzənlikdə həyat həddindən artıq çətin idi, onun özünəməxsus sərt təbiəti var idi.
Düzü, çölü görməyən bəzi tarixçilər çox asanlıqla müxtəlif xalqları minlərlə kilometr məsafədə yerləşən düzənə “köçürürlər”. Onlar hətta fikirləşmirlər ki, nabələd adam çöldə bir addım da ata bilməz, məhv olar.
İndinin özündə belə atsız orda yüz kilometr də getmək olmaz. Birincisi, ayaqqabın davam gətirməz. İkincisi, istiqaməti müəyyənləşdirməyi bacarmayan və çöl həyatı vərdişləri olmayan adam burada sağ qala biməz, bura insan üçün Yerin ən çətin təbii zonasıdır. Səhrada bundan asandır, heç olmasa, şaxtası, qarı olmur.
N.Oqaryov
«Şəcərədə qeyd edilir ki, Oqaryovlar nəslinin əsasını qoyan Kutlamamet adını daşıyan Oqar ləqəbli murza xristianlığı qəbul etdikdən sonra Panteleymon adını aldı və Qızıl Ordadan böyük knyaz Aleksandr Yaroslavoviç Nevskinin yanına gəldi». Oqar ləqəbi türk dilində «hündür, böyük» deməkdir.
Çölə isə bizim alimlər bütöv xalqları (heyvanları, yükləri ilə birlikdə) “köçürmüşlər”. Onlar – bu “kabinet sakinləri” bilmirlər ki, çöl dözülməz boranları olan şiddətli qış deməkdir, çöl yandırıcı susuzluğu ilə qızmar yay deməkdir, tam tənhalıq, istiqaməti müəyyənləşdirməyin mümkün olmaması deməkdir. Çöl türklərin qarşısına məhz belə qorxunc halda çıxmışdı.
Qıpçaqlar çölə doğmalaşana qədər onilliklər keçdi və onlar dedilər: “Bizim çöl”. Və çöllə qərbə sarı getməyə başladılar.
Xalqların Böyük köçü möhtəşəm bir hadisədir. Lakin bu nə idi? O necə görünürdü? Bunun qeyri-mütəşəkkil bir izdihamın harasa irəlilədiyi bir proses olduğunu demək düzgün olmazdı. Çöldə insanların heyvanlar üçün otlaq axtararaq avara-avara dolaşdığını hesab edən “köçəri sivilizasiya” nəzəriyyəsi çox ibtidai və sadədir. O, həyatın reallığını nəzərə almır. Yüksək inkişaf etmiş türklər üçünsə bu, ümumiyyətlə, yaramır. Həyat bundan qat-qat mürəkkəb idi.
Ola bilər ki, xalqların köç etməsinə yeni – quru yol nəqliyyatının ixtira edilməsi təkan verdi. Yüngül gəzinti arabası, ağır arabalar, təkər üstündə koma… Ola bilər ki, hər şey başqa cür olub, heç ixtiralardan başlamayıb. Həqiqətdə nə olduğunu biz heç vaxt bilməyəcəyik, nəyin əvvəl, nəyinsə sonra baş verdiyini öyrənməyimiz mümkün olmayacaq. Aydın olan odur ki, II əsrdə qərbə sarı nə izdiham, nə insan toplusu, nə də köçərilər ordusu hərəkət edib.
Arxeoloqların tapıntılarının sayəsində məlum olmuşdur ki, çöldə yeni yaşayış məskənlərinin, şəhərlərin və stanitsaların əsası qoyulur, yollar çəkilir, çaylar üzərindən körpülər salınırdı… Ərazinin mənimsənilməsi prosesi gedirdi, bu, ləng gedən, əziyyətli işdir. Məskunlaşmaq, çoxlarının təsdiq etdiyi kimi, “hunların yürüşü” deyil. Hətta süvarı yürüşü də deyil. Türklər çölün dərinliyinə doğru ildə qırx kilometr (!) irəliləyirdilər. Bu, atın bir gündə gedə biləcəyi məsafəyə bərabərdir. Düzdür, ildən-ilə də fərq var idi və bu, təbiidir. Altaydan Atlantik okeanına qədər gəlib çatmaq üçün türklərə iki əsr yarım vaxt lazım olmuşdu.
Bu əzablı yol iki əsr yarım çəkmişdi. Adamlar yeni yerə gəlir, onu məskunlaşdırır, sonra onların böyük övladları irəli gedirdilər ki, hər şeyi yenidən başlasınlar. Kiçik uşaqlar isə o dövrün adət və ənənəsinə görə valideynləri ilə qalırdı (yeri gəlmişkən, bu qədim adət xalq arasında indiyə qədər qalır).
Nə deyirlərsə desinlər, Xalqların Böyük köçü irəliyə doğru düşünülmüş hərəkət idi. O, qəflətən, heçdən yarana bilməzdi. Ona yeddi əsr hazırlıq getmişdi! Türklər metal əritmək üçün kürəni icad etdiyi andan. Böyük Çölə yollar birdən-birə salınmadı, suvarma kanalları çəkilmədi. Bir an içərisində yaşayış məskənləri arasında rabitə (yamlar) yaranmadı. Zəhmətə və düzgün qərarın axtarılmasına onilliklər sərf edildi… O vaxta kimi ki, Çöldə Şambkalanın prototipi olan, çiçəklənən Yeddisu və digər vahələr meydana gəldi. (Akademik A.X.Marqulana onları tədqiq etməyə imkan vermədilər.)
Onlar sehrli çubuğun hərəkəti nəticəsində meydana gəlmədi. Onları insanlar tikdilər, özü də bu adamlar nə tikdiklərini və necə tikdiklərini bilirdilər.
Əlbəttə, bütün bunlar “köçəri vəhşilər” nəzəriyyəsinə uyğun gəlmir… Lakin Böyük Çöldə o türk sivilizasiyasının qalıqları hələ də qalmaqdadır. Ondan əlavə, türk mədəniyyətindən bəhs edən Çin, fars, ərəb salnamələri də vardır.
İki min il əvvəl Altaydan qərbdə özünəməxsus mədəniyyəti olan möcüzəli bir ölkə yaranmağa başladı. Tez bir zamanda o, dünyanın mənəvi mərkəzinə çevrildi. Bu fakt dünya tarixində artıq müəyyən edilmişdir.
Bura təhsil almağa gəlirdilər!.. Görünür, Tenqri-Tauya gələnlərdən biri də Yeşua adlı yəhudi olmuşdur. Onun Allahın göndərdiyi süvarilərin gəlməsinin qaçılmaz olduğu haqqında xatirələri xristianların qədim kitabı olan “Apokalipsis”də qeyd olunub. Sonralar “Yeşua” adı “İisus Xristos”a çevrildi… O, Altaydan başqa heç bir yerdə atlı qoşun və Göy Allahına qulluq edən ruhanilər görə bilməzdi.
Nə mənəvi, nə maddi cəhətdən, nə də hərbi sahədə qıpçaqlar kimdənsə zəif idilər. Bu fikri nəinki Şərqin qədim salnamələri, həm də digər xalqların əfsanə və nağılları təsdiq edir; məsələn, “Aktaş” dastanı türklərdən birinci olaraq Volqa sahilinə gələn və “İdeldən Qafqaza qədər torpaqları özünə tabe edən” əfsanəvi Aktaş xandan bəhs edir. Qonşular onunla ittifaq bağlamağa çalışırdı… Keçmişi qiymətli daşlarla işıqlandıran digər əsərlər də var.
Lakin türklərdən kimsə bu gün o dövrün böyük xadimlərinin adını çəkə bilərmi? Onların yürüşləri və nailiyyətləri haqqında harada oxumaq olar?