Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Avropa. Türklər. Böyük Çöl», sayfa 4

Yazı tipi:

I hissə

“Moskal tarixi”

Dəşt-i Qıpçaq, onun faciəsi haqqında hekayəni ən yaxın və ən məlum olandan, taleyin hökmü ilə türk ölkəsinin tarixi varisi, ancaq bununla razılaşmağa tələsməyən Rusiyadan başlamaq lazımdır.

Olduqca gülünc vəziyyət alınıb: Sibirdə xarici görünüşündə slavyan izi olmayan minlərlə açıq-aşkar monqoloid tıpli adam yaşayır, lakin özlərini rus adlandırır, ancaq rus dilində danışır, rus adları daşıyırlar. Bu gün xalis asiyalılar da özlərini slavyan adlandırırlar. Təmiz türk görünüşü olan slavyanlar burada milyonlarladır.

Ümumiyyətlə, Rusiya (eyni zamanda Avropa) tarixində heç nəyə təəccüblənmək lazım deyil, ağıl üçün o, çoxdan tapmacaya çevrilib, bəzi hadisələrin məntiqi dəyişdirilib, faktlar isə yoxa çıxarılıb; məsələn, çar Rusiyasında 196 xalq yaşayırdı. Sovet dövründə həmin rəqəm kəskin surətdə azalıb. Hakimiyyət insanların milliyyəti ilə öz əmlakı kimi, necə istəyir elə də davranırdı…

Sovet rejimi dövründə ilk olaraq kazaklar adlarından məhrum edildilər. Çöl xalqının nəslindən olan kazakları onlar haqqında dekretdən sonra rus adlandırdılar və onlar sovet dövrünün ilk “yeni rusları” oldular. Düzdür, əvvəllər Kuban və Stavropol kazaklarını ukraynalılara aid etdilər, sonra isə onlardan rus düzəltdilər… Həqiqətdə indiki ruslar axı kimlərdir?

Bu haqda indiyə qədər çox söz deyilib. Şairlər, yazıçılar, filosoflar bu sadə suala “gözəl” cavablar axtarıblar. Lakin cavab vermək üçün həqiqəti bilmək lazımdır. Hər şey göz qabağındadır: “Şərqi slavyan şüurlu qədim rus xalqı erkən feodal Kiyev Rus dövlətinin (IX–XII əsrlər Kiyev Rus dövləti) vahid rus dövləti kimi yarandığı dövrdə formalaşmışdır. Rəsmi nöqteyi-nəzər budur. Lakin…

Bəs Kiyev Rus dövlətinə qədər nə olub? Axı o, boş yerdə meydana gəlməyib. IX əsrdə Dneprin sahillərinə gəlib çıxmış bu adamlar kimlər idi? Haradan gəlmişdilər? Yəni Kiyev (slavyan) Rus dövlətinin vahidliyi orada yeni xalqın formalaşa bilməsi üçün kifayət qədər möhkəm idi? Adətən, buna əsrlər və əsrlər sərf olunur.

Digər bir fikir də başadüşülməzdir: niyə Kiyevin sakinlərinə həmişə rus deyil, ukraynalılar demişlər, axı Rus – bu elə Kiyevdir? Nəhayət, niyə ukraynalıların mədəniyyəti ruslarınkından kəskin surətdə fərqlənir?

Kiyev Rus dövlətinin meydana çıxdığı dövrə qədər Misir, Qədim Yunanıstan, Qədim Roma sivilizasiyaları məhv olmuşdu, hələ Qədim Şərqi demirik. Bəs indiki Rusiyanın ərazisində Kiyev Rus dövlətinə qədər nə olmuşdur? Səhra? Yenə də yox. Arxeoloqlar, məsələn, sübut etmişlər ki, Kiyevin əsası digər rus şəhərlərinin çoxu kimi (Bryansk, Tula, Yelets, Rostov-Don, Simbirsk, Çelyabinsk, Tümen) IV–V əsrlərdə qoyulmuşdur. Budur, yeni sual meydana çıxır: əgər bu şəhərlər hələ Rus dövləti olmayanda mövcud idisə, niyə onlar “qədim rus” şəhərləri adlanır? Təəssüf ki, Rusiyada belə sualların üstündən sükutla keçir, yaxud da elə fərziyyələr meydana atırlar ki, nəticədə yalnız yeni suallar doğur və çaşqınlıq yaranır.

Əl-İdrisinin tərtib etdiyi dünya xəritəsi (1154-cü il). Göründüyü kimi, Şərqdə o dövrdə «Rus» adını heç kəs bilmirdi, amma Böyük Çölün xaqanlıqları hamıya yaxşı tanış idi.


Lakin o uzaq keçmişin əlyazmaları dövrümüzə qədər gəlib çıxıb və bu, Rusiya üçün də sirr deyil. Rus adında xalqın adının çəkildiyi ən erkən yazı “Bertin salnaməsi”, “Rus salnaməsi” və bir də Qırmızı xalatlı Konstantinin “İmperiyanın idarə edilməsi haqqında” traktatıdır. Orada nə yazılıb? Hər yerdə eyni şey: skandinaviyalıları – varyaqları ruslar adlandırırlar.

Belə çıxır ki, yuxarıda sitat gətirilmiş “Dünya xalqları” rus ensiklopedik kataloqu, yumşaq desək, səhv edir. Ruslar barəsində susaraq rus xalqı haqqında danışmaq düzgün deyil, axı xalq öz adını və etnik mənşəyini onlardan götürmüşdür.

IX–XII əsrlərdə Kiyev Rus dövlətinin əsasını ruslar qoymuşlar. Niyə hamıya məlum olan bir şey gizlədilsin? Niyə slavyanlardan Rusun “inşaatçıları” düzəldilsin?

“Bertin salnaməsi”ndə, məsələn, 839-cu ildə rusların Bizans səfirliyi ilə birlikdə Mömin Lüdovikin yanına gəlməsi haqqında xəbər verilir. “Rus” xalqının tarixdə ilk dəfə adının çəkildiyi yazılı mənbədir. Çox ciddi mətndir, elə rus xalqının tarixini də bundan başlamaq lazımdır.

Milli mənsubiyyətləri haqqında danışanda ruslar özlərini isveçli və ya norman adlandırırdılar. Belə çıxır ki, ruslar slavyan deyildilər. Üstəlik, “slavyan” olduqları haqqında heç özlərinin xəbərləri də yox idi. Onların kökləri də tamam başqadır.

Tək yunanlar deyil, romalılar, ərəblər, qıpçaqlar, farslar, bütün dünya IX–XII əsrlərdə “rus” sözünü eyni cür başa düşürdülər. Bu sözlə onlar “varyaq” adı ilə Rusiyada məşhur olan xalqı adlandırırdılar. O dövrün bütün tarixi mənbələrində belə yazılır.

I minilliyin sonu Şimali Avropada normanların dövrü idi. Onlar nəinki Kiyev Rusunun əsasını qoymuşlar, Ağ Rus, Qara Rus və digər rus dövlətlərini də onlar yaratmışlar, bütün bu dövlətlərdə hakim təbəqənin içərisində aparıcı dil isveç dili idi. 1066-cı ildə varyaqlar İngiltərəni fəth etdilər və o torpaqlarda öz hakim sülalələrinin mövqeyini möhkəmlətdilər. Lakin başqa ənənələrdə tərbiyə almış ingilislər bu faktı nə gizlədir, nə də inkar edir, bu, indiki ingilislərin ləyaqətlərini heç də azaltmır. Bəs onda əsasını sürgün edilmiş insanların qoyduğu avstraliyalılar, yaxud maltalılar – “quldurların nəvə-nəticələri” neyləsinlər? Onlar keçmişlərindən yox, öz cahilliklərindən utanırlar.

Ruslar güclü xalq idi, Avropada onlarla hesablaşırdılar. Onlar hamını özlərinə hörmət etməyə məcbur edirdilər. Niyə indiki ruslar onları qəbul edə bilmirlər? Niyə öz əcdadlarından üz çevirirlər, özlərinə başqa tarix düzəldirlər?

Maraqlıdır, görəsən, varyaqlar Kiyev Rusunu, Dnepr üzərində yaratdıqları yeni dövlətlərini necə adlandırırdılar?

Onu “Qardarik” adlandırırdılar. Ona görə ki “Rus” adlandıra bilməzdilər. Bu sözlə özləri ilə həmtayfa olanları, Şimali İsveçdən çıxmışları adlandırırdılar. Qorxmaz adamlar idilər, cəsarətlərinin həddi-hüdudu yox idi, gözəl dənizçi, bütün Şimali Avropanı nəzarətdə saxlayan igid döyüşçülərdi. Sahildə və suda onlara tay yox idi.

Avropa alimləri “rus” sözünün qədim varyaq (qədim island dialekti) dilindən yarandığını və mənasının “avarçəkən”, “dənizçi” olduğunu söyləyirlər. Dünya skandinavları dənizçi, “dəniz döyüşçüsü” kimi tanımışdı. Çaylar onlar üçün yol, sahildəki sıldırım qayalar isə sığınacaq idi. Onların qədim əfsanələri o tarixi bizə çox gözəl çatdırır.


Varyaqların Kiyevə gəlişi. Qədim salnamələrdə var yaq ları, adətən, avar çəkən kimi təsvir edirdilər.


Axırıncı şübhəni finlər və estonlar aradan götürür, belə ki, onlar köhnə adətləri üzrə İsveçi “Rousiya” sözünə həmahəng olan “Ruotsi” adlandırırlar. Eyni zamanda bu yaxınlaradək SSRİ adlanan cənub qonşularına “Veniya” deyirlər. Bu, “venedlər”, yəni “slavyanlar” deməkdir. Bu, fin və eston toponimika və leksika normasıdır.

“Venedlər” sözü alman dilində də “slavyanlar” deməkdir. İtalyanlarda da bu söz işlədilir… “Ruslar” və “slavyanlar” etnoqrafiyada müxtəlif, bir-birinə tamamilə uyğun gəlməyən anlayışlardır. Lakin bu o demək deyil ki, iki xalq vahid bir dövlət yarada bilməz.

Dünya ilk dəfə Avropa xalqlarından biri kimi slavyanlar haqqında Roma alimi və yazıçısı Böyük Plininin (24–79) çoxcildli “Təbiət tarixi” traktatından öyrəndi. Bu, qədim dünyanın həqiqi ensiklopediyasıdır! Onun əsasında sonralar nə qədər alim yetişdi. Qədim slavyanlar orda “venedlər” adlandırılır.

Digər Roma tarixçisi Tasit (58–117) Avropanın şimalında, Visla və Oder çayları arasında yaşayan xalq – venedlər haqqında olan məlumatı təsdiqlədi və zənginləşdirdi. O vaxtdan dünya elmində slavyanların, dəqiq qesək, venedlərin təsbit edilmiş tarixi başlayır. Bundan sonra bu barədə rus tarixçilərinin yazdığı nə varsa hamısı cəfəngiyyatdır.

Slavyanlar və ruslar hətta qonşu da deyildilər, onları Baltik dənizi ayırırdı. Həyat tərzlərinə, görünüşlərinə, mənəvi düşüncələrinə, bir sözlə, hər şeylərinə görə onlar fərqli idilər. Varyaqlar, məsələn, Odinə inam bəsləyirdilər, slavyanların bundan xəbərləri yox idi. Varyaqlar ruzilərini hərbi yürüşdə, dəniz ticarətində axtarırdılar, slavyanlar isə əkinçi və maldar, sonralar isə köçəri əkinçilər idilər.

Üstəlik, salnamələrdə yazılırdı ki, “ruslar slavyanlarla döyüşə gedirdilər”, “slavyanlar ruslara xərac verirdilər”… Bu iki xalq ictimai inkişafın tamamilə müxtəlif pillələrində dayanırdı. Hətta nəzəri surətdə onların birləşməsi mümkün deyildi.

Ruslar IX əsrdə Bizansı narahat edirdilər. Düzdür, bəzi rus tarixçiləri qəlblərinin sadəliyindən təsdiqləyirlər ki, bütün bu narazılıqlar hansısa “slavyan-ruslar” tərəfindən törədilirdi. Lakin onlardan savayı heç kəs bu cür qəribə “xalqdan” danışmayıb və danışmır.

“Slavyan-ruslar” haqqında danışmaq tarixdə “yunan-ərəb” və yaxud “romalı-mərakeşli” axtarmaq kimi bir şeydir. Bu, sağlam düşüncə nöqteyi-nəzərindən cəfəngiyyatdır. Lakin təəssüf ki, Rusiya tarixində uydurma tatar-monqollarla yanaşı, uydurma slavyan-ruslar da mövcudluqlarını saxlayırlar.

X əsrdə Şərq salnaməçisi İbn Rusta yazırdı: “Rusların əkin sahələri yoxdur, onlar ancaq slavyan torpağından gətirilənlər ilə qidalanırlar”. “Həmişə onlardan (ruslardan) 30–200 nəfəri slavyanların yanına gedir və öz dolanışıqları üçün zorla nə varsa götürürlər”, ‒ deyə o dövrün digər bir yazıçısı Qardizi də bunu təsdiqləyirdi.

Belə çıxır ki, Çarqradın (Konstantinopolun) qapısına qalxan mıxlayanlar slavyan deyildi, bu, varyaq qalxanı idi.

Müqəddəs Kiril və Mefodi kimdir?

Müqəddəs qardaşlar olan Kiril və Mefodi, ilk “slavyan” maarifçiləri haqqındakı tarix daha maraqlı və ibrətamizdir. Onlara heykəl də qoyublar, şərəflərinə bayramlar da keçirirlər. Lakin onların slavyan olduqlarını kim və harada sübut edib?

Qardaşlar slavyan torpaqlarından uzaqlarda, Böyük Bulqar xaqanlığı ərazisində dünyaya gəliblər. Türk dilində, bəzən onu Avropada protobolqar adlandırdıqları dildə danışır və yazırdılar. Onlarda slavyanlıqdan nə var idi ki? Yeni yazı qrafikasını öz doğma türk dilləri üçün, köhnə run yazısının əvəzinə hazırlamışdılar.

Bu iki qardaş rus tarixinin növbəti tapmacasıdır. Bəziləri onları yunan, bəzilərisə slavyan hesab edir. Amma qardaşlar rus dilində çin, zulus və sair dillərdə anladıqları qədər anlayırdılar, yəni onu heç bilmirdilər. Müqəddəs Kiril slavyan əlifbası olan kirili yox, qlaqolitsanı yaratmışdı. Bu, müxtəlif şeylərdir. Məlumdur ki, türk-qıpçaqlar Avropada qəbul edilmiş yunan və latın hərflərindən (liter) fərqli olan run yazılarından istifadə edirdilər. Öz yazılarına Avropa görünüşü vermək üçün qardaşlar runları literə çevirdilər. Bax bütün ixtira bundan ibarətdir.

Qlaqolitsada türk dilinin səciyyəvi səslərini vermək üçün öz hərfləri mövcud idi. Ona görə də qlaqolik əlifbada rundakı qədər – qırx işarə vardı. Slavyan əlifbasında isə, məlum olduğu kimi, onların sayı əhəmiyyətli dərəcədə azdır.

Rus tarixində “slavyanların ilk maarifçiləri” epizodu haradan və necə meydana gəlib? Sən demə, qədim mətni tərcümə zamanı etdikləri səhvdən (bilməyərəkdən və ya qəsdən). Əvvəllər ona əhəmiyyət vermədilər, sonra isə götürüb tarixi fakta çevirdilər. Qədim slavyan dilinə18 tərcümədə Kiril və Mefodinin fəaliyyəti haqqında deyilib: “Xersonesdə Kiril rusun yanında oxuyur və rus dilini öyrənirdi”. Hər şey bu sözlə başlandı.

Elə buradan da görünür ki, Kiril rus deyildi, bunu pravoslav publisistikası da inkar etmir. Hamısından betəri odur ki, yunan orijinalında belə söz yoxdur!

Məsələ nədir? Məlum olub ki, rus mətnində orijinaldakı “sur” sözü “rus” sözü ilə əvəz edilib. Bunlar müxtəlif anlayışlardır. IX əsrdə “sur” “suriyalı” demək idi. Suriya kitablarına müraciət etmək Kiril və digər maarifçilər üçün təbii idi.

Rus kitabları o vaxtı heç mövcud da deyildi… Əgər yazı yoxdursa, kitablar haradan ola bilərdi?!

“Slavyanların ilk maarifçiləri” əfsanəsini nə Bizans, nə də digər sənədlər təsdiqləyir. N.M.Karamzin bu “maarifçilik” faktını, qabaqcadan etibarsızlığından xəbərdar olsa da, salnaməçi Nestordan götürüb. Böyük tarixçini çaşdıran o idi ki, guya 898-ci ildə Kiril və Mefodini kitabları slavyan dilinə tərcümə etməyə göndərmiş imperator Mixail 867-ci ildə öldürülmüşdü və bu səbəbdən də deyilən tarixdə onları Moraviyaya göndərə bilməzdi.

Sonra, slavyan əlifbasının mövcud olmadığı bir dövrdə o, kitabı tərcümə etməyə necə əmr verə bilərdi? Əgər slavyanlar oxumağı bacarmırdılarsa, əgər tərcüməçilər slavyan dilini bilmirdilərsə, bu cür kitablar kimə lazım idi?

Daha bir sual: Moraviyanın özündə hansı dildə danışırdılar? Sübut var ki, orada türk dilində danışırdılar. Hər halda, tapılan yazılar türk run yazısı ilə daş üzərində həkk olunub… Əgər belədirsə, onda Moraviyada slavyan kitabları heç kəsə lazım deyildi.

Kiril yazısı – “xüsusi slavyan əlifbası” Kirilin ölümündən sonra meydana çıxdı! Bu, dini rəvayətlərdə qocanın Kiril adını ölümündən bir neçə gün əvvəl, müqəddəs Kiril günündə, yatağa düşüb yüksək rahiblik dərəcəsini qəbul edən vaxt götürdüyü barədə deyilənlərdən də aydın olur. Buna qədər onu Konstantin kimi tanıyırdılar və bütün ömrünü də bu adla yaşamışdı…

Belə çıxır ki, “kiril əlifbası” sözünün özü belə o zaman ola bilməzdi, müxtəlif dövrlərdə yaşamış iki şəxsin söhbətindən isə heç danışmağa dəyməz.

Demək olar ki, orta əsrlər dövrünün tarixçilərində bu məsələyə aid heç bir şübhə yox idi; məsələn, bohemiyalı Dobner belə yazırdı: həqiqi Kiril əlifbası qlaqolitsa idi. “Qlaqol hərflərı kobud və yöndəmsizdir, qədimlik əlamətlərinə malikdir və onu digərləri ilə qarışdırmaq olmaz. Kiril əlifbası isə, demək olar ki, yunan əlifbasıdır və heç vaxt IX əsrdə yeni ixtira hesab oluna bilməzdi. Bu əlifbada cəmi yeddi qeyri-yunan hərfi var ki, onlar da Qlaqol əlifbasından götürülmüşdür”.


Qlaqolitsanın görünüşü belə idi. Bu artıq run de yil, la kin hələ yunan yazısı da deyil. Qıpçaqların Av ropadakı yazısı ondan başlandı və sonralar qitənin şərqində də geniş yayıldı.


Sənədlər bir şey deyir, rus əfsanəsi isə başqa şey. Nəticədə belə alınır ki, iki Kiril və iki Mefodi olmuşdur, real və qondarma.


Qotik yazı. Mahiyyətinə görə bu elə həmin qlaqolitsadır, lakin latın hərflərinin təkrar olunan konturları ilə. Maraqlıdır ki, Şimali İtaliyada meydana gələn bu əlifba da ha çox Mərkəzi və Qərbi Avropada geniş yayılmış, Alma niyada (Lemaniya) isə XX əsrin əvvəllərinə qədər istifadə edimlişdi.


Düzdür, N.M.Karamzin qeyd edir ki, qlaqolitsa “işarələri əyri-üyrü olduğuna görə” slavyan dilində qəbul edilmədi, lakin o, burada bir balaca “səhv” edib. Kiril əlifbası ondan az “əyri” deyil. Səbəb isə tamamilə başqa yerdədir, böyük Karamzin bundan xəbərsiz ola bilməzdi.

Kiril əlifbasının məcburi surətdə yayılması XVIII əsrdə, Rusiyada türkü xatırladan nə varsa hər şeyin məhv edilməyə və slavyanları xatırladan hər şeyin yüksəldilməyə başladığı dövrdə baş verdi. Yeni əlifba Moskva hakimlərinin təmiz siyasi oyunu idi! Bunlar ona görə edilirdi ki, sonrakı nəsillər qədim kitabları oxuya bilməsinlər və əcdadları ilə əlaqə tamamilə kəsilsin, xalq öz “slavyan” tarixini sıfırdan başlasın. Bu üsullardan sonralar da yararlandılar. Qafqazın bir sıra xalqlarını öz ədəbi irsindən belə məhrum etdilər, müsəlmanlarda nəsillərarası əlaqəni kəsmək üçün xüsusi olaraq ərəb əlifbasının tətbiqinə başladılar. Sonra onu latın əlifbası ilə əvəzlədilər, axırda isə kiril əlifbasına keçdilər…


Kiyevdə Sofiya kilsəsinin divarında cızılmış «bizim çar» Yaroslav Mudrının 20 fevral 1054-cü ildə öldüyü haqda yazı çox şey deyir. Kiyev Rusunda yenicə işlənməyə başlayan kiril işarələri yazılma qaydalarına görə tanış olan run və qlaqolitsanı təkrarlayırdı.


Türk mədəniyyətini xatırladan hər şeyi məhv edən rus tarixçiləri və siyasətçiləri açıq saxtakarlığa əl atdılar; məsələn, “slavyan” yazısı ilə bağlı əfsanə buna bir nümunədir. Amma təəssüf ki, bu, tarixdə yeganə belə hadisə deyil.

Qıpçaq Kiril və Mefodini “slavyanların ilk maarifçiləri”nə çevirən rus salnaməçiləri sonra qoca Kirili (daha dəqiq desək, Konstantini) xristianlaşdırma missiyası ilə Kiyevə göndərdilər. Amma bir şeyi nəzərdən qaçırdılar ki, zəmanələrinin bu böyük insanlarının izi qeyri-rus mənbələrinə də düşüb və orada Kiyevə getməkdən söhbət belə getmir.

Rusiyanın xristianlığı qəbul etməsi müəmması

Kiyev Rusunun xristianlaşdırılması ilə bağlı da çoxlu qaranlıq məqamlar var. Bunu yalan da adlandırmaq olmaz! Burada az qala hər şey güman və fərziyyələrdən ibarətdir. O cümlədən xaç suyuna çəkilmənin tarixi də.

Bu məsələ üzərində illərdir ki, mübahisə gedir. Baxmayaraq ki rəsmi olaraq xristianlaşdırılma aktının 449-cu ilə, Kiyevin də daxil olduğu Efes Kilsə Məclisində Skif yeparxiyasının yaradıldığı vaxta təsadüf etdiyi məlumdur. Lakin bu faktın rus tarixinin slavyan başlanğıcı ilə düz gəlmədiyini sezmək üçün böyük zəhmət çəkmək lazım deyil, ona görə də yalan söyləməkdən başqa yol qalmırdı.

Hələ anadan olmamış Rusu guya xaç suyuna çəkmiş Andrey Pervozvannı haqda əfsanə uyduruldu (bu əfsanə, çox güman, XII əsrdə meydana gəlib). Apostol (həvari) Andreyin fəaliyyəti haqqında Origenə19 istinadən Qeysəriyyəli Yevsevinin20 “Tarix” əsərində məlumat verilir, lakin orada ancaq onun Skifiyanı21 ziyarət etməsindən danışılır.

Andreyin qədim Rus ərazisinə “səyahəti” məşhur alman tarixçisi L.Müllerin dəqiq ifadəsinə görə, sadəcə olaraq ancaq gülüş doğurur, bu, “Rusiyada çoxdan gəzən lətifədir”. Yorulmaq bilməyən Müller “Rusiyanın xaça çəkilməsi” əsərində əfsanənin necə yarandığını müşahidə etmişdir. Bu nağılı yaradanları ancaq bisavadlıq cuşa gətirirdi. Slavyanlara öz tarixi kökləri lazım idi. Buna görə də müqəddəs apostol (həvari) Andreyin Rus ərazisinə “səyahəti” ətraflı məlumatlarla “zənginləşdirilirdi”.

Alman tarixçisi “səyahətin” birinci variantının meydanagəlmə tarixini “hesablayıb” dəqiqləşdirə bilib: bu, Vladimir Monomaxın dövrünə təsadüf edir, daha dəqiq desək, 1102-ci ilə.

Bu açıq cəfəngiyyat Rusiyaya haradan gəlib? Bizansdan. Orada da apostol Andrey haqqında əfsanə uydurmuşdular: guya o, gələcək Konstantinopolun yerində olmuş və guya orada ilk xristian icmasını yaratmışdır. Lakin Bizansda onun “gəlişini” çox az-az yada salırdılar.

Tarix elmi Rus kilsəsinin başında kimin dayandığı, ibadətin hansı dildə aparıldığı, Rusun xaça çəkilmə prosesinin necə və harada keçirildiyi haqqında məlumata malik deyil. Nəyisə qəti surətdə təsdiq etmək burada yersizdir. Çünki heç nə məlum deyil!

Ancaq arxeoloqlar dəqiq müəyyənləşdirmişlər ki, Kiyevdə məbədlər Rusun rəsmi surətdə xristianlığı qəbul etməsindən xeyli əvvəl mövcud olmuşdur; məsələn, Müller və digər müəlliflərin adını çəkdikləri və Poçayna çayının sahilində yerləşən Peyğəmbər İlya məbədi. Məbədlər olmuşdur, lakin bunlar nə məbədlər idi? Orada ibadət kimlər üçün edilirdi?

Xelq (Oleq) şəhəri tutduqdan sonra da orada məbədlər var idi. O vaxt, 882-ci ildə, hələ Rusiyanın rəsmi xaç suyuna çəkilməsindən yüz il əvvəl, bu varyaq qulduru Odinə olan etiqadını kiyevlilərə qəbul etdirməyə çalışırdı, lakin onlar möhkəm müqavimət göstərərək Səma Allahı – Böyük Tenqriyə sədaqətlərini qoruyub-saxlayırdılar.

Bəlkə, məhz buna, təkrarolunmaz ruhlarına, Allaha daha çox bağlılıqlarına görə ukraynalıları xoxol adlandırdılar? “Xoxol” sözü türk dilindən daha gözəl tərcümə edilir: “Səmanın oğlu”. Ölüm və qorxunun acığına “Səma oğulları” müqəddəs Georgi adasına toplaşır, Poçayna sahillərində müqəddəs İlya məbədinə gedirdilər. Hətta Kiyevi ələ keçirmiş rus knyazların da ətrafında xristianlar kifayət qədər idi. Haradan?


Knyaz Vladimirin dövrünə aid sikkələr (ön və arxa tərəfi)

Tarixin yenidən yazılması

Tapmacalar, sirlər… Onlar hər tərəfdədir. Ona görə də Rusiyanın rəsmi tarixinin elə ilk səhifələrində bəzi mühüm hadisələrin şərhi zamanı uyğunsuzluqlar meydana çıxdı. Lakin bu, siyasətçilərə sərf edən “uyğunsuzluqlar” idi. Qərara gəldilər ki, Böyük Çölü, o zaman planetdə ən böyük olan bütöv ölkəni gizlətsinlər.

Bir daha qeyd edək ki, ruslar varyaq adları daşıyırdılar, bu da təbii idi. Sonralar bu adlar rus salnaməçilərinin səyləri ilə slavyanlaşdırıldı: Xelqa Olqa, Valdemar Vladimir, İnqvar İqor oldu. Sənədlərdə aşağıdakı adlar – Xelqa və Xelq, Valdemar, Qunnar, Vermund, Faulf, İnqald qeyd olunub. Bunlar X əsr Kiyev hakimləridir.

Slavyanları hakimiyyətə yaxın qoymurdular, onlar taxt-tacdan kənarda dururdular. Bu haqda Kiyev knyazları ilə Bizans arasında 911-ci ildə bağlanmış müqavilənin mətni inandırıcı şəkildə şahidlik edir.


Marko Polonun təsəvvürünə görə dünya (1254–1324). O, «Rusiya» haqqında indiki Norveçlə həmsərhəd olan, soyuq şimal ölkəsi kimi söz açır. «Rusiyadan» cənubda Böyük Çöl başlayırdı.


Müqavilə belə başlayır: “Biz, Rus nəslindən olan, Karl, İngelot, Farlov, Veremid, Rulav, Qudı, Raul, Karn, Flelav, Rüar, Aktutruyan, Lidulfost, Stemid…” Baxın, Rusu danışıqlarda kimlər təmsil edirdi, hakimiyyətdə kimlər idi və kimlərə Rusun adından danışıqıar aparmaq etibar edilirdi.

“İlk rus adamlarının ‒ varyaqların və onların drujinaçılarının adları skandinav mənşəli idi”, ‒ deyə məşhur rus tarixçisi V.O.Klyuçevski (1841–1911) qeyd edirdi. Təbii ki, belə də olmalı idi, axı onlar varyaq idi! Özü də isveç dilində danışırdılar. Adıçəkilən müqavilədə rus və yunanların “satın alınmış kölə” olmadıqlarını sübut edən bir neçə maraqlı sətir var. Başqa cür desək, ruslar və yunanlar özlərini kölə tacirləri kimi təqdim edirdilər.

Lakin müqavilənin bu maddəsi slavyanlara aid deyildi. Slavyanlar ruslar üçün “canlı satlıq məhsul”, hərbi qənimət, gəlir mənbəyi rolunu oynayırdılar. Bizans imperatoru Qırmızı xalatlı VII Konstantin və digər müəlliflər yazırdılar ki, onları (slavyanları) ruslar qul bazarlarında satırdılar. Avropada “slavyan” və “qul” sözləri sinonim təşkil edirdi. Bu, indiki Avropa dillərində də qorunub-saxlanılıb: “slave”–“sleyv” (qul)… Əlbəttə, qul bazarlarına türklər, finlər, hətta varyaqların özləri, yunanlar da düşürdülər. Hər şey Taleyin əlində idi.

911-ci il müqaviləsində slavyan dili haqqında N.M.Karamzinin mülahizələri isə heç inandırıcı deyil. O müqavilənin rus mətni dünya xalqlarının hər birinin dilində yazıla bilərdi, bircə slavyan dilindən başqa – hakimlər kölələrin dilində yazmırdılar.

Başqa bir ehtimal daha ağlabatandır: əgər müqavilənin ikinci (itmiş) surəti mövcud olubsa, onda bu ancaq türk dilində tərtib oluna bilərdi. Bizans Skifiya ilə, yəni Böyük Çöllə yazışmalarını beş əsr boyunca türk dilində aparıb. Hakimiyyətləri dövründə varyaqlar da türk dilini öyrənə bilərdilər. Bu dil o vaxt Mərkəzi Avropada millətlərarası münasibət dili idi.


Belaya Vejadan (Xəzər Sarkeli) dəqiq damğası olan sümük lövhə. 960-cı illər.


Yeri gəlmişkən, bu haqda Karamzinin özü də bir neçə səhifə sonra belə yazır: “X əsrin ortalarında Rusiyada iki dildə danışırdılar… Norman əsilli knyazlarımız və əyanlarımızın öz aralarında danışdıqları və sonradan bolqarların slavyanlar üçün ümumi dil olan doğma dillərini unutduqları kimi, onların da dəyişdirdikləri dil rus dili adlanırdı”.

Lakin Karamzini çox ehtiyatla oxumaq lazımdır, onun mətnində sadəlövh adamlara hər səhifədə tələlər qurulub. Bax gətirilən sitatda da həqiqət axıra qədər deyilməyib – əgər öz dillərinı yaddan çıxarıblarsa, onda bolqarlar kimlər idi? Bolqarların ana dili nə olmuşdu?

Cavab yenə də Karamzinin özündədir: “Çoxları onları slavyan hesab edirdi, lakin Bolqarlar əvvəllər xüsusi bir dildə danışırdılar. Onların qədim adları tamamilə slavyan adları deyil, Türk adlarına oxşayır, adətləri də həmçinin… Bizans tarixçiləri Uqr və Bolqarları Hun adlandırırlar”. Tamamilə doğrudur, Bolqarısatanı xanlar idarə edirdilər. Nə slavyanlarda, nə də yunanlarda xan olub. Ancaq türklərdə torpağı idarə edən belə adlanırdı.

Dairə qapandı. Söz yığını ilə Karamzin bircə kəlməni ‒ “bolqarlar qıpçaq türkləridir” ifadəsini bacarıqla gizlədirdi. Kiyev Rusunun rəsmi dili qıpçaq dili idi, varyaqların ölkəyə gəlməsi ilə qısa müddətə ikidillilik meydana gəldi: skandinav və türk dilləri… Beləliklə, hər şey öz yerini aldı, hadisələrdə məntiqilik yarandı.

Öz zamanında rus salnaməçiliyinin bilicisi sayılan akademik A.A.Şaxmatov (1864–1920) müəyyənləşdirmişdi ki, Rusiyanın əsas salnaməsi olan “Ötən illərin dastanı” ən azı iki dəfə əsaslı surətdə dəyişdirilib. Sonrakı tədqiqatçılar dəqiqləşdirdilər ki, onun ayrı-ayrı hissələri beş dəfə dəyişdirilərək təzədən yazılıb. Nəticədə Kiyev Rusunun tarixində qara ağa, yaşıl qırmızıya çevrildi. Nestorun22 əsərindən əsər-əlamət də qalmayıb.

Uydurma və ehtimalları xronoloji cəhətdən müqayisə edən Şaxmatov sübuta yetirdi ki, 945-ci ilə qədər Rusiyanın əsas salnaməsində cəmi dörd epizod həqiqətəuyğundur. Qalanları sonrakı “yazıçıların” vicdanlarına buraxılır.

Şaxmatovun fikrincə, salnamələr (digər tarixi ədəbiyyat kimi) Rusda qədimdən “mənəvi cəhətdən tərbiyə etmək əvəzinə dövlət siyasəti məqsədinə xidmət göstərirdi”, ona isə həqiqətdənsə, əfsanə, yalan daha çox arzuediləndir…

Digər bir məşhur rus tarixçisi P.N.Milyukov ilə də razılaşmamaq mümkün deyil; o, 1898-ci ildə yazırdı: “XV əsrin sonu – XVI yüzilliyin əvvəllərində onlar (rus tarixçiləri) artıq salnaməçilərin öz dövrünün hadisələrinin birtərəfli izahı ilə kifayətlənmir, keçmiş hadisələrin təsvirinə və izahına yeni (digər məqsədlərə xidmət edən) əlavələr edirdilər. Moskvanın siyasi iddialarını, Moskva dövlətinin bütün Rusa, Kiyev mirasına, nəhayət, Bizans imperatorlarının hakimiyyətinə sahib çıxmaq hüquqlarının ədalətli olduğunu sübut etməyə çalışan bir sıra yarırəsmi əfsanələr meydana çıxdı.



XII əsr Kiyev Rusundan olan qadın bəzəkləri: qızıl və gümüş koltlar. Buna oxşar bəzəklər dəfələrlə Böyük Çölün ərazisində tapılmışdır.


Bax sən demə, məhz bu vaxt, XV–XVI yüzilliklərdə Rusiyada “Moskal tarixi” meydana gəlib. Elə o vaxtı Rusiyanın tarixinin yenidən yazılması indiki miqyasını aldı. Növbəti dəfə Rus tarixini yenidən təhsis edəndə akademik-muzdurlar hər şeyi şübhə altına alır, elə hey mübahisə edirdilər. Hətta inkarı mümkün olmayanı da. Hakimiyyət və informasiya üzərində olan inhisarına arxalanaraq akademik B.A.Rıbakov və onun kimi “elm adamları” insanlarda yalançı vətənpərvərlik hissi aşılayır, açıq cəhalət formalaşdırırdılar. Onlara hər şey icazə verilmişdi.

Eyni zamanda digər alimlər də işləyirdilər, onlar elm naminə çalışırdılar. Onlar az deyil; məsələn, akademik V.L.Yanin 1994-cü ildə, senzuranın zəiflədiyi dövrdə vicdanla yazırdı: “IX–XII əsr hadisələri haqqında əsas mənbə “Ötən illərin dastanı” salnaməsidir, lakin onun daha sonrakı yüzilliklərdə redaksiya olunmuş variantı saxlanılıb. Onun XII əsrin əvvəllərində yazılmış əsası isə əfsanəvi elementlərlə doludur, sonrakı redaktələr sayəsində bu elementlər daha da artırılmışdı… Buradan da mifoloji elementlərin sayı, necə deyərlər, iki dəfə artmışdır, əfsanənin üzərinə tədqiqatçılar tərəfindən yaradılmış yeniləri əlavə olunurdu”.

Yazıq rus tarixi… Onun başının üzərindəki səma indi hesab olunduğu qədər də aydın deyil, buludludur. Onda həyat adlanan, yazarların kitablarına düşməyən çox maraqlı səhifələri olmuşdur… V.L.Yanin dönə-dönə haqlıdır. O israr edir ki: “Tarix haqda təsəvvürləri onda kök atmış əfsanələrdən yalnız mənbəşünaslığın tənqidi metodlarından istifadə etməklə təmizləmək olar”.

Tarixi çirkab quyusu kimi vaxtaşırı təmizləmək lazımdır.

Özbaşınalığın əsasını Vladimir Monomax23 qoydu. O, 1116-cı ildə Nestorun salnaməsini Peçora monastırından götürub saray monastırı Vıdubitskə gətirdi, orada mətn iqumen24 Silvestrin əlinə keçdi. Bax ilk dəfə Rusiya tarixini “yenidən” o yazdı.

Slavyansayağı tərbiyə almış knyaz Vladimir narazı qaldı: o, burada slavyan Rusunu görmədi.

İki ildən sonra yeni mətn meydana gəldi; bu mətnin üzərində Vladimir Monomaxın böyük oğlu, ən qətiyyətli redaktor Mstislav “əziyyət” çəkmişdi. İngilis kralının nəvəsi, İsveç kralının kürəkəni, Novqorod boyarlarının yetişdirməsi olan knyaz Mstislav rus tarixini özü anladığı kimi yazdı, onun yeni redaksiyası ilə slavyan Novqorodu Kiyev Rusundan daha yaxın, daha doğma oldu.

Yazar knyazın səyi nəticəsində Novqorod Kiyevi kölgədə qoydu. Bu şəhərin türk tarixi üzərindən xətt çəkildi. Onu atdılar və Kiyev üç yüz il cavanlaşdı. Əvəzində varyaqların roluna yenidən baxıldı. Yadınıza gəlir: “gəlin knyazlıq edin, bizə rəhbərlik edin”?

Sanki Xelqin Kiyevi ələ keçırməsi olmayıb. Kiyev xaqanı Askoldun öldürülməsi hadisəsi baş verməyib. Qondarma Kiy və onun qardaşlarından başqa heç nə olmayıb.

“Slavyan-norman” yazarı knyaz Mstislav o qədər məntiqsiz fikirlər qoyub gedib ki, adamı dəhşət götürür, lakin bu, Rusiya dövlətinin erkən tarixinə çevrilib. Nestorun salnaməsindən o, Kiyevin həqiqi tarixinin əsasını təşkil edən türklərdən nə vardısa üstündən xətt çəkib. Mstislav, bu başabəla redaktor daha da inandırıcı olsun deyə guya Kiyev dövlətinin əsasını qoymuş slavyan tayfalarının siyahısını da tərtib edib. Əvvəllər bu uydurulmuş “drevlyanlar-polyanlar” haqqında heç kəs nə eşidib, nə də danışmışdı.


Çerniqovdakı Qara Məzar kurqanından tapılmış tur buynuzundakı kompozisiya.


Adamlar həqiqəti bilməsinlər, öz köklərini tanımasınlar deyə tarixin daim yenidən yazılması prosesi davam edib – tarix elmi çoxdan və inadkarcasına “qədim peşə” adını almağa iddialıdır. Təkcə sovet dövründə, bir nəslin gözü qarşısında bu çirkin əməliyyat altı dəfə təkrarlanmışdı. Altı dəfə həyat başqa cür təsvir edilmiş, bəzi hadisələr təmiz dəyişdirilmiş, tamamilə əks qiymət almışdır. Məqsəd hamının hər şeyi yaddan çıxarması, unutqan nəslin böyüməsi idi… Axı bu köntöy həqiqət nəyə lazımdır ki?

Böyük Çöldə etnik tərkibin heç vaxt dəyişmədiyini bilmək adamların nəyinə lazımdır? Məsələ burasındadır ki, Xalqların Böyük köçündən sonra o necə formalaşmışdısa, əsrlərboyu eləcə də qalıb. Ancaq adlar dəyişib. Avarlar, barsillər, bulqarlar, burqundlar, hunlar, onoqurlar, qıpçaqlar, kotiqurlar… və türk xalqının daha iyirmiyə qədər adını tarix qeydə alıb. Sanki bu xaos “sübut” edir ki, Çöldə və Altayda vəhşi tayfalar və xalqlar mövcud idilər. Bunların tam əksini anlamaq üçün Çin xronikasını oxumaq kifayətdir. Hər hansı tayfa hakimiyyətə gələn kimi öz adını əli altında olan xalqa verirdi. Heç bir yeni tayfa və xalq olmayıb. Özü də ki “vəhşi”.

Məsələn, Qeysəriyyəli Prokopi “Qotlarla müharibə” kitabında qeyd edir ki, hunlarda çarın ölümündən sonra onun iki oğlu hakimiyyəti, ölkəni və orada yaşayan əhalini öz arlarında bölüşdürdü. Hər biri öz xalqına öz adını verdi. Oğlanların birinin adı Utiqur, digərinin adı isə Kurtiqur idi. Utiqur və kurtiqur adlanan iki türk xalqının “meydanagəlmə” tarixi belədir.


Qara Məzar kurqanından tapılmış tur buxovundan hissə

18.Qədim slavyan dili – cənubi və şərqi slavyanların dini kitablarının dili
19.Origen – Origen Adamant [185 (İsgəndəriyyə)–254 (Tir)] – yunan xristian ilahiyyatçısı, filosofu və alimi
20.Qeysəriyyəli Yevsevi – Yevsevi Pamfil [263 (Fələstin)–339 (Qeysəriyyə)] – romalı tarixçi, ilk dövr xristian ilahiyyatçılarından biri; kilsə tarixinin atası sayılır.
21.Skifiya” – yunanlarda: özündə tarixi və ya etnoqrafık cizgidən çox, coğrafi əlamət daşıyan ümumiləşdirilmiş sözdür. Onlar Qara dənizdən şimalda yerləşən ərazini və bu ərazidə məskunlaşan xalqları belə adlandırırdılar. Yunanlar öz “cəhalətləri ucbatından” (N.M.Karamzinin ifadəsi) eyni kökdən olan (!) tayfaları yox, yerdə qalan bütün Avropanın (Qərbi və Şərqi) əhalisini skif və keltlər adlandırırdılar.
22.Nestor – XI–XII əsr rus tarixçisi və publisisti. Kiyev-Peçora lavrasının rahibi olduğu güman edilir. Bəzi tədqiqatçıların fikrincə, “Ötən illərin dastanı”nın birinci redaksiyasının müəllifidir.
23.Vladimir Vsevolodoviç Monomax (1053–1125) – böyük Kiyev knyazı, sərkərdə, yazıçı
24.İqumen – kişi monastırının başçısı