Kitabı oku: «Müsibəti-Fəxrəddin / Seçilmiş əsərləri», sayfa 5
ÜÇÜNCÜ MƏCLIS
Vaqe olur həmin otaqda. Cənnətəli ağa Allahqulu ilə danışa-danışa gəlirlər.
C ə n n ə t ə l i a ğ a. Nə danışırsan, ay gədə, necə oldu ki, bir qəpik pul da gətirə bilmədin?
A l l a h q u l u. Gətirə bilmədim, ağa, yoxdan nə gətirəydim?
C ə n n ə t ə l i a ğ a. Necə yoxdan, ay gədə? Bəs mədaxil necə olubdur? Sən Pişixurd kəndinə getməmişdin?
A l l a h q u l u. Heydərqulu ağa gedib tamam mədaxili alıb, mənə də cavab verdilər ki, ağanın bizim üstümüzdə heç zadı qalmayıbdır.
C ə n n ə t ə l i a ğ a. Ay gədə, mən dəli olmuşam, bilmirəm, yoxsa sən? Əməlli danış görüm nə deyirsən?
A l l a h q u l u. Ağa, elə əməlli ərz eləyirəm. Heydərqulu ağa bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır, yekanları tərəkəməyə tamam pay-püşk eləyibdir. Bostan pulunu mən istəyəndə, mənə qəbz göstərdilər. Onu da Hacıya üz eləyibdir.
C ə n n ə t ə l i a ğ a. Əstəğfürullah, bəs Heydərqulu özü necə olubdur?
A l l a h q u l u. O da məndən bir-iki saat irəli gəlibdir, odur həyətdə qoç döyüşdürür.
C ə n n ə t ə l i a ğ a. Onu bura çağır görüm bu nə əməldir mənim başıma gətirir? (Allahqulu gedir.) Siz Allah, buna baxın görün belə də iş olumu?.. Ha sənin boyuna ip ölçüm! Ha səni itəsən! Mən borcluların əlindən bazara çıxa bilmirəm, bu görün mənim başıma nə pəstaha gətiri! İndi mən başıma nə çarə qılım? Ha səni yerə girəsən!
M ə h ə m m ə d ə li (daxil olub baş əyir). Ağa, bizim bir az hesabımız var, ola bilərmi ki, onu şəfaət eləyəsiz?
C ə n n ə t ə l i a ğ a. Necə hesabdır? Sən haradan gəldin çıxdın bura?
M ə h ə m m ə d ə li. Elə artıq hesab deyil, ağa… Təndirxana uçmuşdu, onu qayırmışam.
C ə n n ə t ə l i a ğ a. Elə işlərə mən qarışmıram və qarışmaq da istəmirəm.
M ə h ə m m ə d ə l i. Niyə, ağa, özünüz danışmadınız? Dörd manat bir artıq pul deyil.
C ə n n ə t ə l i a ğ a. Yaxşı qayırmamısan, bir qəpik də verməyəcəyəm.
M ə h ə m m ə d ə l i. Sahib ixtiyarısınız… Amma yaxşı deyil. Mənim haqqım gərək özümə çata.
C ə n n ə t ə l i a ğ a. Mən haqq-maq tanımıram, çölə çıx, kefimin pis vaxtıdır! Çölə çıx! Çıx deyirəm sənə!
(Heydərqulu ağa və Allahqulu daxil olurlar.)
C ə n n ə t ə l i a ğ a. Heydərqulu! Doğrudurmu ki, sən gedib mədaxilin hamısını satıb-sovub gəlmisən?
H e y d ə r q u l u a ğ a. Hə, doğrudur, nə olsun?
C ə n n ə t ə l i a ğ a. Canuva dərd olsun, vərəm olsun! Yavaş, sənə kim izn verdi ki, gedib özbaşuva elə iş tutasan?!
H e y d ə r q u l u a ğ a. Kim izn verəcək? Mən özüm getdim.
C ə n n ə t ə l i a ğ a. Sən çox qələt elədin! Başını daşdan-daşa döydün! Mən borcluların əlindən bilmirəm başımı hara təpim, sən də get bir böyük kəndin mədaxilini dəyər-dəyməzinə sat!.. Pulları bura gətir!..
H e y d ə r q u l u a ğ a. Bir qəpik də vermənəm… Pəs mən cahıl deyiləm! Mənim yoldaşlarım yüz-yüz manat xərcləyəndə mən baxa-baxa qalım?
C ə n n ə t ə l i a ğ a. Bu saat pulu say bura, yoxsa ətini özünə yedirdərəm!
H e y d ə r q u l u a ğ a. Yox bir… Vallah, heç kim yel olub mənim yanımdan da ötə bilməz!
C ə n n ə t ə l i a ğ a (ayağa durub). Nə deyirsən, ay gədə? Bir də de görüm! Bu saat səni iti öldürən kimi öldürrəm! (Məhəmmədəli durur qabağa.) Belə də iş olarmı, ay camaat, həmi darımı yesin, həmi də mənə xoruldasın?
M ə h ə m m ə d ə li. Ağa, başına dönüm, hövsələni bir bas.
H e y d ə r q u l u a ğ a. Sən Allah burax görüm, o mənə nə qayıracaqdır… İndi bilir mənim cinimi ha… (Allahqulu durur qabağa.)
A l l a h q u l u. Ağa, başına dönüm, böyüyün üzünə ağ olma, bəri gəl gedək. (Aparır o biri otağa)
C ə n n ə t ə l i a ğ a. Yaxşı, Heydər, görək!.. Atamın ərvahına, bu saat gedib natarusda kağız yazdırıb, səni hər zaddan məhrum edəcəyəm. (Gedirlər.)
M ə h ə m m ə d ə li (tək). Ağanın kefi şit dadır… Qəribə halətdir… Bir belə mülk-maaş sahibi olasan, yaxan borclular əlində qala və bir ağzından süd iyi gələn uşaq da səni biabır eləsin? Həqiqət böyük müsibətdir… Bəli, yazım dəftərin qırağına ki, bizim dörd manat guruldadı… Nə eləyək, o da qurban olsun Tellinin bir telinə. Ancaq bir işdən çox qorxuram. Bu ev çox qarış-bulaşdır, ona görə Tellinin burada qalmağını heç məsləhət görmürəm və bilmirəm ki, nə təhər eləyim (Yavaş-yavaş o qapıya, bu qapıya qulaq verir, yavaşdan) Güləndam, Güləndam.
G ü l ə n d a m (daxil olub). Nə var, yenə çox tələsmisən? Hələ bir de görüm baftanı gətirmisənmi?
M ə h ə m m ə d ə li (baftanı verib). Ala, ay başına dönüm, necə tələsməyim? Bircə mənə de görüm Telli nə deyir, razı olurmu?
G ü l ə n d a m (yavaşdan). Telli razıdır, ancaq el adətilə gedərəm, deyir. Yavaş danış, bizi pusurlar.
M ə h ə m m ə d ə li. Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur. Aman günüdür, mən Tellinin tək bircə gün də burada qalmağına razı deyiləm… Sənə canım qurban, gör bir təhər eləyə bilərsənmi?
G ü l ə n d a m. Ay nainsaf, bundan artıq çalışmaq olarmı ki, mən çalışıram?.. Səninki də elə odur ki, həmi qız olsun, həmi tez.
M ə h ə m m ə d ə l i. Təxirə qoyma, Güləndam, aman günüdür, canım sənə qurban.
G ü l ə n d a m. Mənə bir on dörd arşın güllü çit alarsanmı?
M ə h ə m m ə d ə l i. Belə, bax mənim bu gözüm üstə… İstəyirsən elə bu saat alım gətirim. Güləndam, Güləndam, cənnətə o kəs gedər kim, yetirər yarı yarına. Ölürəm, bağrım çatlayır!
G ü l ə n d a m. Yaxşı, ölmə. Artıq burada durma, get… Get bu axşam molla Heydərgildə gözlə, qızı ora göndərəcəyəm, işiniz orada tamam olsun. Bax, amma çit yadından çıxmasın ha!
M ə h ə m m ə d ə li. Belə Allah səni də xoşbəxt eləsin. Nəinki çit, hələ sənə bir neçə yaylıq da alıb gətirəcəyəm. Çox sağ ol. (Gedir.)
G ü l ə n d a m (tək). Özümü yamanca bəlaya salmışam… Bədənim zağ-zağ əsir… Bilsələr, vay mənim halıma. Yusif bəy ilan dili çıxardır… Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir… Bizim bu qız, bu qız! Başınıza dönüm, on dörd yaşında, yeyib, içib, qızmış nərə dönübdür… Elə deyir havaxt olacaqdır?.. Vay zamananız dağılsın! (Süpürür.)
P ü s t ə b a n u b ə y i m (daxil olur). Belə sənə bu cavan canım qurban, Güləndam, Yusifi gördünmü? Bu gecə gələcəkdirmi?
G ü l ə n d a m. Yavaş danış, qurbanın olum! Məni qana çalxama, gələcək ey, gələcək! Get qızıl-mızılını yığ, bir boxçaya bağla… Küçənin başında fayton hazır olacaq, düz gir faytona, dəxi borcun deyil… Vaxtını mən özüm gəlləm deyərəm… Di durma, get!.. Mənə az yaxın gəl, duyallar!..
P ü s t ə b a n u b ə y i m. Gör sənə nələr verəcəyəm?! (Üzündən öpüb qaçır.)
G ü l ə n d a m (tək). Qıza bax, qıza! Deyir ki, gör sənə nələr verəcəyəm. Pəs necə? Babamı öldürmüşəm ki, goruna and içim. Bir belə tədbir eləyim, bir belə qorxu çəkim, əvəzində bəs verməyəcəksən? Şahqulu, Şahqulu! (Çağırır.)
Ş a h q u l u (daxil olub). Nə var belə, sənə mənim bu canım qurban? Nə deyirsən, ay maralım?
G ü l ə n d a m. Sarsaqlama, genə sənə bir söz deyəcəyəm. O gərək yadından çıxmaya. Ondan ötrü ki, sənə mənim yazığım gəlir.
Ş a h q u l u. Sən desən ki, yıxıl ayağımın altında öl, sözüm nədir.
G ü l ə n d a m. Gör özünün də ağlın kəsirmi? Bax, Şahqulu, sən qızın yanında çox Yusif bəy elə getdi, Yusif bəy belə getdi söyləyirsən… Qız uşağının beyni olmaz… Sonra bir iş olar, altın çəkə bilməzsən. Heydərqulu ağa bir dəlibaş uşaqdır. Cənnətəli ağanın hirsin mən görmüşəm. Vurarlar, iti öldürən kimi səni də öldürərlər… Sonra haray hara çatar?.. O gün də böyük ağa deyirdi ki, bilmirəm bu Cavadın oğlu bizim küçədə nə çox gəzir. Bir deyən yox, a qoduq, anqır tayını tap!.. İndi bilirsən, balam, Allahı sevərsən, dilini dinc qoy, bizi xata-bəlaya salma. Budur, bax qabaqcadan deyirəm: birdən səndən bir elə söz eşitsəm, vallah, düz gedib ağalara deyəcəyəm. İndi özün bil.
Ş a h q u l u. Allah atana rəhmət eləsin, Güləndam, yaxşı ki, məni başa saldın… Bundan sonra mən qələt elərəm bir də Yusif adı çəkmərəm… Yazıq, yetim gədəyəm, vurarlar, öldürərlər, atamın evi yıxılar.
G ü l ə n d a m. Get Tellini də bura göndər gəlsin, yazıqdır, onu da xəbərdar eləyim. (Şahqulu gedir) Vallah, belə qəribə iş olmaz, yaxşı deyirlər: özünə umac ova bilməz, özgəyə əriştə kəsər. İndi buna kələk qur, onun başın piylə, onların dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan… O iymişin saqqalına həna qoya-qoya… Adı yadıma düşəndə dişim bağırsağımı qırır… Allah qəzəb eləsin dayım Kərbəlayı Məhəmmədvəliyə, məni bu bəlaya salan odur… (Telli daxil olur.)
G ü l ə n d a m. Telli, bu gün bura çox qarışıqdır, burada adam xətadan xali olmaz. Hər nə olsa gərək bu gecə ola… İndi get nə ayın-oyunun varsa, yığ bir düyünçəyə… Ancaq heç kim duymasın. Axşam azanı düz get molla Heydərgilə, əhvalatdan o özü xəbərdardır. Məmmədəli də orada olacaqdır…
T e l l i. Bədənim əsim-əsim əsir… Heç ağlıma gəlməyən işə düşmüşəm, qurbanın olum.
G ü l ə n d a m. Ay yassar, güdaza getsə, burada mənim canım gedəcəkdir. Sən vaxt ikən canını qurtar. Bundan savayı sənin çarən yoxdur… Durma, get işinin dalınca!
T e l l i. Nə bilim, ay başına dönüm… Burada qalarsan vay, gedərsən vay. Belə də iş olarmı ki, mən düşmüşəm? (Gedir.)
G ü l ə n d a m (tək). Bunları yola salandan sonra görüm Səfiqulunu nə təhər yola gətirrəm. Yoxsa belə yurdsuz-yuvasız bayquş kimi haçanacan qalacağam. (Gedir.)
H e y d ə r q u l u a ğ a (əlində tüfəng daxil olur). Allahdan qorxmayasan, bu ev-eşiyi darbadağın dağıdasan!.. Bu başdan bir od qoyasan, o başdan cırrıt deyib çıxa!.. Allahqulu! Səfiqulu! Haradasız, biriniz məgər burada tapılmazsız?.. Ay gədələr, görək… Bəlkə mənim meyitimi salalar… Gedərəm qaçaqlara qoşullam. Bu işdə ölmək var, dönmək yoxdur… Gör məni kim ilən hədələyirlər!.. (Gəzinir.)
N ö k ə r l ə r (daxil olub). Nə buyurursuz, ağa?
H e y d ə r q u l u a ğ a. Çor buyururam, zəhrimar buyururam! Heyvan uşağı heyvan! Bu saat mənim atımı yəhərləyin, evdə də deyin ki, vallah, billah, tallah, hər kim Pişxurd kəndinə dolansa, onu iti öldürən kimi öldürəcəyəm!..
S ə f i q u l u. Ağa! At çoxdan hazırdı.
H e y d ə r q u l u a ğ a. Eşitdinizmi? Nə təhər ki, mən deyirəm, elə deyərsiz. Mən belə deməmişdim… İndi onlara, verən Allah, mənə verər Allah… Atı çək çölə! Ay gədə, hey, Allahqulu! Birdən bilməzsən, deyərsən ki, “buyruq quluyam”, oralara gələrsən. And olsun Allaha, başını mal başı kimi kəsərəm!
(Heydərqulu ağa və Səfiqulu gedirlər.)
A l l a h q u l u (tək). Arığın nə işi var qoruqda ki, vuralar qıçı sına… Allah vara ata-oğul bir-birinin ətini yesinlər, bizə nə var, canları cəhənnəmə… (Gedir.)
Pərdə
DÖRDÜNCÜ MƏCLİS
Vaqe olur həmin otaqda. Cənnətəli ağa və Mirzə Əsgər danışa-danışa daxil olurlar.
C ə n n ə t ə l i a ğ a. Bəs, Heydərqulu hesab eləyirdi ki, mən onun kimi küçüyün əlində məəttəl qalacağam?.. Sən öləsən, Mirzə , özü çıxdı qabağıma əl verdi… Qəribə oğlandır… Heç bir belə divanbəyi mən hələ görməmişdim… Şikayətimi elədim, buyurdu bu saat yazım pristava, onu qolubağlı göndərər. Dürüst xatircəm ol. Belə də dərd olurmu, ay kişi?.. Mirzə, meyitini görüm, o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə qoymaq istəmirəm.
M i r z ə Ə s g ə r. Ağa, elə deməyin, nə təhər olsa yenə baladır… Lazımdır ki, bir qulaqburması verib, sonra bir iş üstə qoyasız, bikar gəzməsin.
C ə n n ə t ə l i a ğ a. Bir oğul ki, mənim üstümə tüfəng çəkə, bir oğul ki, məni döymək istəyə… Gədələr tutmasaydılar, hələ məni vuracaq idi… Onu bir də evə qoya billəm?
M i r z ə Ə s g ə r. Əlbəttə, siz buyurandır, amma gənə nə tövr olsa, gərək onu mənzur eləyəsən ki, cahilin beyni qan olar və lazımdır ki, camaat üzünə bir növ ilə dolanasınız. Yoxsa, özünüz bilirsiniz, bizim xalq bir sözün üstə beşini də qoyub adamı rüsvay elərlər…
C ə n n ə t ə l i a ğ a. Allahdan gizlin deyil, bəndədən nə gizlin… Mən çox yaxşı bilirəm ki, qədim əsrlər keçibdir. İndi mən məhz bir mədaxilin ağasıyam, o da ki tarac olsun, onda bəs mən nə eləyim?
X a n p ə r v ə r b ə y i m (daxil olur). Ay kişi, getdin nə qayırdın? Bu şikayət nə idi? Gözüyün ağı-qarası bir oğlun var, istəyirsən onun da başını şişirdib çöllərə salasan? Heç bir utanmırsan? Belə də iş olarmı?
C ə n n ə t ə l i a ğ a. Elə əvvəldən axıra sən deyilsənmi uşaqların başına daş salan? Gözümün ağı-qarası oğul gərək mənim var-yoxumu dağıdıb, yaxamı borclular əlində qoya?! Mən ki hələ ölməmişəm! Bəs mənim adım, sanım necə olsun?
Külfətimdən əl çəkib, acından ki ölməyəcəyəm?
X a n p ə r v ə r b ə y i m. Ay kişi, bəsdir, Allahı sevərsən, acıqlı başda ağıl olmaz, xalqı özünə az güldür!
C ə n n ə t ə l i a ğ a. Mən ancaq dünən bilmişəm başıma nə daş düşübdür… Borc, borc kimi deyil ki! Mirzə, sən özgəsi deyilsən, evim yıxılıbdır.
M i r z ə Ə s g ə r. Ağa, sən Allah elə danışma. Sənə nə olubdur ki, evin yıxıla… Borcsuz düşmənin olsun. Onun üçün ki, deyirlər borcum var, etibarım var… Bu halda borcsuz kimdir? Tamam xanlar, bəylər boğazacan borca batıblar, bir siz deyilsiz.
X a n p ə r v ə r b ə y i m. Ay kişi, bəsdir sən Allah, onsuz da bu gün mənim kefim yoxdur… Allahqulu, Allahqulu, a gədə, bir qəlyan gətir… Kişi bir sözün ucundan tutub dəxi qurtarmaq bilmir… Pul yiyəsinin canı çıxsın, bizi də buradan köçürtməyəcəkdir.
C ə n n ə t ə l i a ğ a. Köçürdər də, hələ desən adamın gözünə ağ da salar! Kafir uşaqları bilmirsən adamın başına nə iş gətirirlər… Biri deyir ki, ağa ola bilər ki, bizim o xırda-para hesabımızı görəsiz? O biri işarə vurur: bu il taxıl görəsən necədir? Barama ki, Allaha şükür, yaxşıdır. Birisi də şəst ilən qalxıb təvazö eləyir: ağa, salam əleyküm və elə də adama zənlən baxır ki, deyəsən gözü adamın o yanından keçəcəkdir və eləsi də var ki, qıpqırmızı, az qalır adamı yaxalasın. Doğrusu, xəcalətimdən istəmirəm dəxi bazara çıxam, adamı o qədər təngə gətirirlər.
M i r z ə Ə s g ə r. Qulaq asmayın, canları çıxsın.
C ə n n ə t ə l i a ğ a. Kafir uşaqları istədikcə verdilər. Baqqal kor Əhməd üç yüz manat üstümə yazıbdır. Keçəl Hacı Mehdi doqquz yüz manat. İşə bax ki, nalbənd Poqus da on yeddi manat pul istəyir. Keçən vaxtlar olsaydı, belə borclar adamın gözünə muy qədri görünməzdi… Ay… hanı o günlər ki, on beş nökər ilə kəndin üstünə bulut kimi çöküb, bunu burada süpürləyirdim, onu orada… İndi qoyublar palajeniya. Rəiyyətə demək olmur buradan dur, orada otur… Bir yandan da saldat pulu, desyatin pulu, dəyirman pulu. Mən başıma nə çarə qılım? Vallah, az qalmışam dərdəcər olum…
X a n p ə r v ə r b ə y i m. Niyə, niyə, nə olubdur məgər? Padşahlıq pulu deyirlər manifest olub, bağışlanacaqdır. Baqqalların da canları çıxsın, verməyəydilər.
C ə n n ə t ə l i a ğ a. Atamın ərvahına and olsun, arvad, səndə, bax bircə belə ağıl yoxdur.
M i r z ə Ə s g ə r. Ağa, doğrudan da zəmanə dəyişibdir. Keçən əsr hara, indi hara?.. Amma manifesti hamı danışır. Bəyim doğru deyir, heç qulaq asmayın… Sonra borclular özləri yalvaracaqlar ki, ağa, başına dönüm, heç olmasa, vaynaçar, ayda beşcə manat da olsa üstümüzə tollayın.
X a n p ə r v ə r b ə y i m. Ay kişi, borcdan gələsi nə var ki onun ucundan tutub bir belə sadalayırsan? Vallah, mənim gözümə bir zərrəcə görünmür… Bizim dərdimiz var ki, borc onun yanında toy-bayramdır… O dərd qızıvun dərdidir. Vallah, gecələr də yata bilmirəm… Mirzə də onun qaydına heç qalmır.
M i r z ə Ə s g ə r. İkinizin də başı üçün, mən elə gecə-gündüz o fikri çəkirəm. Bu nə sözdür ki, siz buyurursunuz? Mən bu evin çörəyi ilən dolanıram, necə ola bilər ki, Püstəbanu bəyimin qaydına qalmayım?
X a n p ə r v ə r b ə y i m. Hərgah sənin köməyin dəysə idi, mən onu çoxdan xoşbəxt eləmişdim.
M i r z ə Ə s g ə r. Mən başıma nə çarə qılım? Bir para adamı siz layiq bilmirsiz, deyirsiz nanəcibdir, nücəbada da elə münasib oğlan yoxdur… Ağa, başına dönüm, acığın tutmasın, deyim: sizin Cahannisa bəyimin oğlu ikicə qara pula dəyməz. Gündüz axşamacan gözünün suyu tökülə-tökülə qoduq-moduq ilən gəzir. Hərçənd mülk-maşı çoxdur, amma ona vallah heç qız rəğbət eləyib getməz.
C ə n n ə t ə l i a ğ a. Qız uşağını özbaşına qoysan ya aşığa gedər, ya nağaraçıya… Cahannisanın oğlunu yaxşı tanımıram, amma mülkü çox olduğunu bilirəm.
M i r z ə Ə s g ə r. O ki Səfdərqulu ağanın oğludur, o da səfehin birisidir. Veyil-veyil gəzməkdən savayı bir işi yoxdur.
X a n p ə r v ə r b ə y i m. Məhəmmədkazım ağanın oğlu necədir?
M i r z ə Ə s g ə r. Ay başınıza dönüm, adam sözü danışın. O, xalis məktəbdən qaçmış Koroğlu dəlisidir. Ancaq bir çatması əskikdir. Ona qız vermək olar? Yenə bu təzə qoltuqdan çıxmalarda tək-tük layiq adam tapılar.
C ə n n ə t ə l i a ğ a. Heç vaxt, heç vaxt! Elə adamlar ilə qohum olmaqdan isə, qızımın ikisinin də başını kəsməyə hazır varam.
M i r z ə Ə s g ə r. İndi, ağa, siz göstərin, mən də düşüm dalıncan… Birisi var, əgər mənim qızım olsa idi və o da müştəri olsa idi, mən yüz qurban kəsərdim. Ancaq bilirəm ki, qəbul etməyəcəksiz… Məhərrəm yüzbaşının oğlu… Bəy dəftərində adı var, artıq dövlətli. Bu halda da özü silistçi, çox kamil, gözəl oğlandır.
X a n p ə r v ə r b ə y i m. Mirzə, eyib deyil? Heç utanmırsan, bizim evdə elə adamların adını çəkirsən?
C ə n n ə t ə l i a ğ a. Rəhmətlik oğlu edə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir… Bu nə sözdür… İstəyirsən bizi şəhər içində rüsvay eləyəsən?
M i r z ə Ə s g ə r. Ay ağa, başına dönüm, söz idi, dedim. Dəxi sizin niyə acığuvuz tutsun?
X a n p ə r v ə r b ə y i m. Elə adamlardan isə, Cahannisanın oğlu yaxşıdır.
M i r z ə Ə s g ə r. Yaxşıdır, əgər qız getsə.
C ə n n ə t ə l i a ğ a. Bayaq dedim, Mirzə, qızı özbaşına qoymaq olmaz… O da mənə Heydərqulu olmayacaq ki?.. Vallah, qoyaram ayağımın altına, çəkərəm, boğazı sərçə boğazı kimi üzülər.
X a n p ə r v ə r b ə y i m. O Cavadın oğlu Yusif də deyirlər buralarda çox hərlənir. O bilmirəm nəçidir, elə adamlara mən qızımın kəsinti dırnağını da qıymaram verim!
M i r z ə Ə s g ə r. Onu mən çox yaxşı tanıyıram. Onun veyil-veyil gəzməkdən savayı bir sənəti yoxdur… İtin birisidir: bir özü, bir darağı… Budur, iki ay olur ki, atası da evdən qovubdur… Ondan bəri dəllək Qəmbərin oğlu ilə yava-yava gəzir.
G ü l ə n d a m (daxil olub). Xanım, bir tez bura zəhmət çək! (Xanpərvər bəyim ilə Güləndam gedirlər.)
C ə n n ə t ə l i a ğ a. Bu qəziyyədən sonra, Mirzə, ola bilərmi ki, bir az pul tapasan, o xırda-para borcları verək?.. Mülkün birini də girov qoymağa hazıram.
M i r z ə Ə s g ə r. Nə deyim, ağa, ağlım kəsmir ki, elə adam tapılsın.
C ə n n ə t ə l i a ğ a. Genə sən yaxşısan, mən buraya bələd deyiləm. Nə qədər neustoyka da qoysalar əlac yoxdur, qoysunlar.
M i r z ə Ə s g ə r. Görüm, ağa, papaqçı Məşədi Rəhimdən ala bilərəmmi. Onunla o günləri danışdım, qırışmal ildə manata üç abbası istəyir.
(Güləndam tələsik daxil olub, otağın künclərini axtarır.)
C ə n n ə t ə l i a ğ a. Nə axtarırsan, ay qız?
G ü l ə n d a m. Tüfəng, yaraq axtarıram… Nə bilim, ay başuva dönüm?.. Allah Şahqulunun atasına nələt eləsin! Mən min dedim bu qızın yanına az gir-çıx! (Tələsik bir tüfəng, bir tapança götürüb gedir.)
M i r z ə Ə s g ə r. Görəsən Şahqulu genə nə pəstah kök eləyibdir?
C ə n n ə t ə l i a ğ a. Yox, xətadan xali deyil. Olmasa tüfəng-tapança nə lazımdır?
X a n p ə r v ə r b ə y i m (daxil olub). Ay qız, mənə bir az su!.. Su… Ürəyim getdi, ay, ürəyim getdi… Su, bir qurtum su! (Yıxılır.)
C ə n n ə t ə l i a ğ a. Nə olub, ay arvad? Niyə belə eləyirsən?
X a n p ə r v ə r b ə y i m. Ay başınıza dönüm, bircə qurtum su! Ay, bircə qolumu tutun!
C ə n n ə t ə l i a ğ a. Lal olmamısınız ha! Deyin görüm nə olubdur?
G ü l ə n d a m (Xanpərvər bəyimin qolundan tutub). Püstəbanu bəyimi görüm şamı-çırağı qara yansın! Nə olacaq, biabırçılıq!
C ə n n ə t ə l i a ğ a. Necə biabırçılıq? Nə danışırsan, ay qız? Ay gədələr, haradasız?!
(Gədələr daxil olurlar.)
G ü l ə n d a m (Şahquluya). Sənə demədimmi, kafir oğlu, qız uşağının beyni olmaz, onun yanında çox artıq-əskik danışma?
C ə n n ə t ə l i a ğ a. Xataya düşdük, camaat də! Ay murdar uşaqları, sizdən soruşuram, nə olubdur? Püstəbanu bəyim hansı cəhənnəmdədir?
X a n p ə r v ə r b ə y i m. Qolumu tut! Su! Su! Öldüm, Allah! Vaaay, vayy!..
C ə n n ə t ə l i a ğ a. Əstəğfürullah rəbbi və ətubi ileyh! Niyə dinmirsiz, ay zalım uşaqları?
G ü l ə n d a m. Ay başına dönüm, heç kimdə taxsır yoxdur, bütün işlərin başı, bu boğazından asılmalı Şahqulu kafir oğlundadır.
A l l a h q u l u. Ağa, əvvəl-axır biləcəksiz… Cavad bəyin oğlu Yusif bəy Püstəbanu bəyimi götürüb qaçıbdır. İndi nə buyurursuz əməl eləyək… Tellini də Məhəmmədəli aparıbdır…
C ə n n ə t ə l i a ğ a (ayağa durub). Necə, necə? Səsini kəs, kafir oğlu, elə zad ola bilməz! Qanı qurşağa çıxardaram!..
Ş a h q u l u (ağlaya-ağlaya). Ağa, ağa, o çörəyin haqqı üçün mənim xəbərim yoxdur…
G ü l ə n d a m. Çörək gözünü tutsun yalan isə! Biqeyrət oğlu biqeyrət!
C ə n n ə t ə l i a ğ a. Zalım oğlu zalım, qabaqcan məni öldürəydin, niyə evimi yıxdın?! Vay, vay! Heydərqulu, boynun sınsın, harada qalmısan?
M i r z ə Ə s g ə r. Ağa, bir az səbr eləyin, görək məsləhət nədir.
C ə n n ə t ə l i a ğ a. Məsləhətdən keçibdir. Uşaqlar, durmaq yeri deyil. Bu saat xəbər verin mənim övladıma! Biriniz də çapsın el-obanın içinə. At belinə çıxan durmasın gəlsin! Vay, vay! Heydərqulu, səni görüm yaylım gülləyə rast gələsən! Şahqulu, ay çörəyim gözünə dursun, bu nə müsibətdir mənim başıma gətirdin?!
Ş a h q u l u. Ağa, ağa! Mənim əgər xəbərim varsa, Allah boynumu sındırsın, evimiz uçsun, bacım-qardaşım qırılsın.
C ə n n ə t ə l i a ğ a. Mənim tüfəngimi, qılıncımı buraya gətirin!.. Mən onların erkəyini də, dişisini də qırmasam, ürəyim soyumaz… Mirzə, Mirzə, görürsən mənim başıma nə gəlir?
Ş a h q u l u (Cənnətəli ağanın ayağına yıxılıb). Ağa, istəyirsən qabaqcan məni öldür. Amma vallah, billah, tallah, mənim xəbərim yoxdur.
C ə n n ə t ə l i a ğ a. Ayağa dur, mürtəd oğlu! Səni boğazından asacağam! Kəndir, süyürtmə! (Tutur boğazından.)
X a n p ə r v ə r b ə y i m. Allah, bu nə işdir biz düşdük? (Şahquluya) Barı gözümün qabağında durma! Barı gözümün qabağında durma!
G ü l ə n d a m. Ölümün çatıb, ay mürtəd oğlu, nə durmusan? Bir işdir eləmisən, barı boynuna al!
Ş a h q u l u. Yalan isə sənin gözünə güllə dəysin!
C ə n n ə t ə l i a ğ a. Tərpənmə, məlun oğlu! Ay gədələr, sizə demirəm süyürtmə gətirin? Tərpənmə, murdar oğlu! (Döyür.) Qanuvu içəcəyəm!.. Mənim başıma belə iş?! Mənim başıma bel iş?! Süyürtmə, süyürtmə!..
M i r z ə Ə s g ə r. Ağa, başına dönüm, bir az səbr eləyin, qohum-qardaş da yığılsın, görək nə tədbir elərlər.
C ə n n ə t ə l i a ğ a. Ay, ay, Mirzə, nə qoyub, nə axtarırsan? Bu iş tədbirsiz işdir… Yəni bundan sonra mən adam olub, adam içinə çıxacağam?!
M i r z ə Ə s g ə r. Ağa, belə işdə səbr lazımdır. Adamın gərək tədbiri çaşmasın. Artıq cəzə-fəzə sizin adınıza layiq deyil.
C ə n n ə t ə l i a ğ a. Adımız varsa da, qardaş, özümüz yoxuq!.. Tərpənmə, tərpənmə, zalım oğlu! (döyür) Süyürtmə, süyürtmə!
Ş a h q u l u. Ağa, məni öldürmə, taxsırım yoxdur, taxsırım yoxdur. Başına dönüm, ağa, vallah, taxsırım yoxdur. (qaçır)
C ə n n ə t ə l i a ğ a. Ay gədələr, dalımca gəlin!.. Gərək dünyavü-aləmi xaraba qoyam! (Gedirlər.)
X a n p ə r v ə r b ə y i m. Ay Allah bəndələri, ölürəm!..
Pərdə
1891