Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şirvan şəhidləri», sayfa 3

Yazı tipi:

KAMİL FAZİL oğlu ƏLİYEV
(1961-1992)


1961-ci ildə Şirvan şəhərində anadan olub. Uşaqlıq illəri boya-başa çatdığı şəhərdə keçib. Orta məktəbi bitirdikdən sonra 5 nömrəli Şirvan Sənaye kombinatında fəhlə işləyib.

1992-ci il mayın 19-da Kamil Şirvan hərbi komissarlığına gələrək könüllülər batalyonuna yazılır. Elə həmin gün hərbi formada evə qayıdır, doğmalarıyla, qohumlarıyla görüşüb cəbhəyə yola düşür.

Tezliklə Kamilin sorağı Tərtərdən gəlir. Aşağı Çaylı, Mərgüşəvan, Madagiz, 3№-li sovxoz, Həsənqaya və s. ətrafında gedən döyüşlərdə iştirak edir. Kamil az müddətdə şərəfli döyüş anları yaşayır. Dəmirçilər kəndində bir zəncini öldürür. Bu zənci meyidi ilə ermənilərə sübut olunur ki, onlar bu müharibədə xaricdən tutduqları muzdlulardan da bəhrələnirlər…

Döyüşçü Kamil Əliyevin həyat yoldaşı Bahar Əliyevanın dediklərindən:

– Kamilin özünün hərbi komissarlığa getməyini bilmirdim. Birdən qapı açıldı, Kamil hərbi formada içəri girdi. Biz – evdə olanlar çaş-baş qaldıq.

– Mən getməliyəm cəbhəyə. Xocalı soyqırımından sonra evdə oturmaq kişi işi deyil.

Kamil elə həmin gün cəbhəyə yola düşdü.

Bir ay ötdü, Kamilin sorağı Tərtər bölgəsindən gəldi. Mən ora getməli oldum. Orada mənə dedilər ki, onlar Çaylı kəndinin meşəliyində olurlar. Rəfiqəm İradə Əliyeva ilə, nəhayət, Kamili tapdıq. Bizi gördükdə bir az qəzəbləndi:

– Bura nə üçün gəlmisiniz, sizə güllə dəyə bilər, qadağan olunmuş ərazini necə keçdiniz?

Bir qədər danladıqdan sonra həmin gün bizi Tərtərin Dəmirçilər kəndinə xeyriyyəçi Mirsəməd Seyidovgilə gətirdi. Səhərisi rəfiqəmlə mən geriyə qayıtmalı oldum. Kamil birlikdə olduğumuz qısa vaxt ərzində bizə çox şey danışdı. Komandir Yusif Səfərovun taqımından (Kamil özü də bu dəstədə idi), onların qorxmazlığından, igidliklərindən xeyli söylədi. Mənə danışdı ki, Həsənqaya kəndinə kəşfiyyata gedərkən 1926-cı il təvəllüdlü Qriqoryan Vansi Melikoviç adlı bir erməninin evində daldalanmalı olurlar. Birdən Kamilin gözü .divardan asılmış xəncərə sataşır. Xəncər nə isə Kamilə tanış gəlir. Onu götürür… Məlum olur ki, 1917-18-ci ildə erməni-müsəlman davası zamanı Vansi Qriqoryanın atası Məlik Qriqoryan o xəncəri Bakı muzeylərinin birindən ələ keçirib. Kamil məndən xahiş etdi ki, həmin xəncəri Şirvanın tarix muzeyinə verim. Xahişinə əməl etdim.

Kamilin anası Cəmilə Əliyevanın nurlu çöhrəsi dərddən ilmə tutub:

 
Qar yağsa gün olarmı,
Dağda çiskin olarmı,
Oğlum əldən gedibdi,
Bundan pis gün olarmı.
 

1992-ci il iyulun 4-də Ağdərə ətrafında gedən döyüşlərdə Kamil şəhid olur…


MAİS İDRİS oğlu ƏLİYEV
(1962-1995)


1962-ci ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olub. Ailələri 1964- cü ildə Şirvana köçüb. 10 saylı orta məktəbi bitirib. Təhsil aldığı müddətdə Mais sambo üzrə iki dəfə Azərbaycan çempionu adını qazanıb.

1980-cı ildə Neft-Kimya İnstitutunun axşam şöbəsinə qəbul olan Mais çox keçmir ki, hərbi xidmətə çağırılıb. O, Sovet Silahlı Qüvvələrinin tərkibində Xabarovsk bölgəsində, daha sonra BAM-da xidmət edib, Xabarovsk-Amur-Xurmuli-Obluç-Yadrino dəmir yolunun çəkilişində tikinti dəstəsində çalışıb.

1982-ci ildə hərbi xidmətdən qayıdıb. Təhsilini davam etdirməklə yanaşı "Bakı Metro" tikintisində işə düzəlib. O, həm işləyib, həm də tələbəlik həyatı keçirib.

Mais İdris oğlu Əliyev 1993-cü ildə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qoşularaq könüllü dəstələrin tərkibində Qarabağ savaşına yollanıb, Hərbi Hava Qüvvələrində xidmət edib. Onun döyüş yolu Füzuli bölgəsindən keçib.

Leytenant Əliyev taqım komandiri kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. Burada gedən döyüşlərin birində gənc döyüşçü yaralanıb. Qısa vaxt ərzində müalicə olunduqdan sonra o, yenidən döyüşlərə qayıdıb. Bir neçə əməliyyatda əsl zabit, əsl kəşfiyyatçı məharəti göstərib.

1995-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsi ətrafında ermənilərin qəfil hücumu zamanı leytenant Mais Əliyev qəhrəmanlıq göstərərək dünyasını dəyişib.

Şirvan Şəhidlər Xiyabanında dəfn edilib.

Subay idi.

RÖVŞƏN ƏLİNİYAZ oğlu ABDULLAYEV
(1969-1993)


1969-cu il oktyabrın 29-da Şirvan şəhərində anadan olub. Yeddi yaşında Rövşən atasını itirib. Ailənin bütün çətinlikləri anası Əzizə xanımın və Rövşənin üzərinə düşüb. Rövşən orta təhsilini 18 saylı orta məktəbdə alıb.

1989-cu ildə Rövşən Şirvan şəhər Sənaye Texnikumuna daxil olub. Texnikumda qiyabi təhsil ala-ala həm də Şirvan Süni dəri zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ildə Rövşən həqiqi hərbi xidmətə çağırılır. Anası Əzizə xanımın uzun sürən xəstəlikdən sonra, 1991-ci il mayın 18-də vəfat etməsindən oğlunun xəbəri olmur.

1992-ci ildə Rusiyada əsgəri xidmətini başa vurduqdan sonra vətənə qayıdır. Anasının dünyasının dəyişməsi Rövşəni sarsıtsa da o, ruhdan düşmür, bacı-qardaşını öz himayəsinə çəkir, özü əzab çəksə də uşaqlara yetimçilik ağrılarını sezdirmək istəmir. 1992-ci ildə Rövşən DRES-də işə düzəlir.

1993-cü il aprelin 9-da Rövşən Əliniyaz oğlu Şirvan şəhər hərbi komissarlığı tərəfindən Milli Orduda xidmətə çağırılır. Onun döyüş yolu Füzuli bölgəsindən başlayır. Az müddətdə döyüşçülər arasında qorxmazlığı, döyüşkənliyi ilə hörmət qazanır. Dəfələrlə döyüşlərdə göstərdiyi fəallığa görə komandirlik tərəfindən təşəkkür alır. 1993-cü il avqustun 14-də Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən qanlı ölüm-dirim savaşında həlak olur.

ƏLİHEYDƏR ƏLİAĞA oğlu KAZIMOV
(1963-1992)


1963-cü il yanvar ayının 8-də Qazıməmməd şəhərində anadan olub. O, 5-ci sinfə qədər Şirvandakı 9 saylı orta məktəbdə oxuyub. Təhsilini Bakıdakı 132 saylı orta məktəbdə davam etdirib. Burada oxuduğu zaman o, həm də 6 saylı musiqi məktəbində fortepiano şöbəsini bitirib.

1981-83-cü illərdə həqiqi hərbi xidmətə çağırılan Əliheydər xidmətini Leninqradın Vaqanova bölgəsində keçirir. Əsgəri xidmətdən geri qayıtdıqdan sonra Şirvan mədəniyyət evində fortepiano müəllimi kimi əmək fəaliyyətinə başlayır.

1985-ci ildə Əliheydər Kazımov ailə həyatı qurur, gənc ailənin ilk övladı Mehman dünyaya gəlir.

Respublikamızın məcburən sürükləndiyi Qarabağ müharibəsi onun da heysiyyətini silkələmişdi. Xocalı soyqırımı Əliheydər müəllimin də qanını damarlarında dondurmuşdu.

1992-ci il iyun ayının 2-də Əliheydər Kazımov Hacıqabuldan könüllü olaraq cəbhəyə, döyüş bölgəsinə yollanır. O günlər çox ağır günlər idi. hər cür silah və texnika ilə silahlanmış düşmən, texnikası zəif olan ordumuza qarşı bütün cəbhə boyu hücuma keçmişdi. İyunun 22-də Əliheydər də düşmənin atdığı “Qrad” mərmisinin qəlpəsindən ağır yara alır. Xəstəni Bakıdakı xəstəxanalardan birinə çatdırırlar. Əliheydər 10 gün müalicə olunsa da həkimlər onu həyata qaytara bilmirlər. O, Lökbatanda el qəbiristanlığında dəfn edilib.

HAMLET SƏLİM oğlu SƏLİMOV
(1962-1994)


1962-ci il noyabr ayının 5-də Qafan rayonunun Müsəlman kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib. Elə həmin il Qafan şəhər 68-saylı peşə məktəbində sürücülük peşəsinə yiyələnib.

1981-ci ildə Hamlet Səlimov həqiqi hərbi xidmətə çağırılaraq, Xabarovsk şəhərində əsgəri xidmət keçir. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdır. İşləmək məqsədi ilə Şirvan şəhərinə gəlir və DRES-də işə girir.

1988-ci ildə Hamletin valideynləri doğma ata-baba ocaqlarından didərgin düşərək, Şirvana pənah gətirirlər. Talelərinə qaçqınlıq yazılmış Səlimovlar ailəsi o vaxtdan Şirvanda məskunlaşıb yaşayırlar.

1993-ci il iyun ayının 5-də Hamlet ailə qurur. İlqar adlı oğlu dünyaya gəlir.

1994-cü il aprel ayının 18-də Hamlet Səlimov Şirvan şəhər hərbi komissarlığına çağırılır. Elə həmin gün də döyüşlərə göndərilir. Hamletin döyüş yolu Goranboy torpaqlarından keçir. Goranboy da yağıların çox hücumlarına sinə gərib. Döyüşçülərimiz düşmənin tamah dişini dönə-dönə bu ərazidə sındırmış, onlara çoxlu itki verdirmişlər. Hamlet də burada gedən bir neçə döyüş əməliyyatında iştirak edir. 1994-cü il may ayının 5-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında gedən döyüşdə düşmənin bir neçə canlı qüvvəsini məhv edərək özü də qəhrəmancasına həlak olur. Şirvandakı Şəhidlər Xiyabanında dəfn edilib.

MAHMUD QƏLƏNDƏR oğlu İBRAHİMOV
(1970-1992)


1970-ci il iyun ayının 28-də Şirvan şəhərində anadan olub. Səkkizinci sinfi bitirdikdən sonra 1984-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Oxuduğu müddətdə məktəbin rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlar alıb. Mahmud həmin məktəbi 1987-ci ildə əla qiymətlərlə bitirib.

Hərbə marağı Mahmudu Riqa Ali Komandirlər Məktəbinə gətirib. O, leytenant rütbəsi alaraq Volqoqrad vilayətinin hərbi hissələrindən birində bölük komandirinin müavini kimi hərbi xidmətə başlayıb. Torpaqlarımızın üstünü qara buludlar alanda gənc leytenantın ürəyi dözmür. 1992-ci ilin martında xalqına xidmət etmək üçün Vətənə gəlir. Az vaxtdan sonra Mahmud İbrahimov “N” hərbi hissəsində taqım komandiri kimi xidməti vəzifəsinə başlayır.

Onun ilk döyüşü Ağdərənin Umudlu kəndindən başlayır. Kəlbəcər rayonunun Ağdaban kəndinin ikinci dəfə erməni işğalçılarından azad edilməsində böyük şücaətlər göstərir. Leytenant M.İbrahimov Kəlbəcər-Ağdərə yolunun açılmasında da yaxından iştirak edir.

İgid döyüşçü Vaqvaz kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. 1992-ci ilin iyunun 16-da Umudlu kəndi yaxınlığında gedən döyüşdə şəhid olur.

İbrahimov Mahmud Qələndər oğlu erməni işğalçılarına qarşı apardığı döyüşlərə görə ölümündən sonra – 1994-cü il sentyabrın 16-da “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Adını əbədiləşdirmək məqsədi ilə Şirvanda yaşadığı binaya xatirə lövhəsi vurulmuş və, adına küçə verilmişdir.

₺64,03

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
82 s. 138 illüstrasyon
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre