Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şirvan şəhidləri», sayfa 4

Yazı tipi:

ƏLƏKBƏR FAZİL oğlu BAĞIROV
(1969-1994)


1969-cu il avqustun 8-də Şirvan şəhərində anadan olub. Burada 9 saylı orta məktəbi bitirib, Saatlı rayon texniki-peşə məktəbinə daxil olub. 1987-89-cu illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sankt-Peterburq şəhərində hərbi xidmətdə olub.

Hərbi xidməti başa vurduqdan sonra doğma Şirvan şəhərinə qayıdan Ələkbər DRES-in tikinti idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. O vaxtlar erməni faşistləri torpaqlarımızı işğal etmək məqsədilə intensiv hərbi əməliyyatlar aparırdı. Bütün bu ağırlara dözə bilməyən Ələkbər Bağırov könüllülər dəstəsində torpaqlarımızı yağılardan müdafiə etmək məqsədi ilə müharibəyə yollanır. Həmin vaxtlarda Tərtərdə, Mərgüşəvanda döyüşlər səngimək bilmirdi. Ələkbər bu döyüşlərdə əsl qəhrəman kimi döyüşür. Şəhər mühitində böyüyüb boya-boşa çatsa da Ələkbər dərədə, təpədə, yolda, yamacda hərəkət etməkdə çətinlik çəkmir, özünü bu yerlərin sakini kimi aparır, digər şəhər uşaqlarının bu mühitə uyğunlaşmasında onlara bacardığı qədər kömək edir, məsləhət verirdi.

1994-cü il aprel ayının 20-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində qanlı döyüşlər gedirdi. Düşmən tərəfi texnika, hərbi sursat və canlı qüvvə üstünlüyünə malik idi. Artilleriya qurğularından atılan mərmilər göz açmağa imkan vermirdi. O döyüşdə çox igidlərimizi itirdik. Sinəsindən və başından qəlpə yarası alan Ələkbər də bu döyüşdə həlak oldu.

RAMAZAN ŞAHHÜSEYN oğlu MİRZƏYEV
(1965-1993)


1965-ci il yanvar ayının 1-də Şirvan şəhərində dünyaya göz açıb. 8-ci sinfə qədər 3 saylı orta məktəbdə, sonra isə 28 saylı texniki peşə məktəbində oxuyub.

1984-1986-cı illərdə Sovet Silahlı Qüvvələri sırasında Monqolustanda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub evə qayıtdıqdan sonra pambıqtəmizləmə zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

Hərbi komissarlığın çağırışı ilə 1993-cü ilin iyul ayında Qarabağa göndərilib. Füzuli, Beyləqan, Ağcabədi və başqa ərazilərdə gedən döyüşlərdə iştirak edib, qumbaraatanla yağılara göz açmağa aman vermirdi. Döyüşçü dostları onun zirəkliyinə, cəldliyinə heyrət edirdilər. Düşmən həmlələri üstünlük təşkil edən kimi dostlarının, “Qırğı, başla görək!” demələri ilə qumbaraatanın səsinin aləmi başına götürməyi bir olurdu. Doğrudan da onda bir qırğı gözü, qırğı cəldliyi vardı. Onu hissədə hər kəsə sevdirən də onun bu keyfiyyətləri idi.

Ramazan bütün döyüşlərə qələbə əzmi ilə girirdi, özünə inamı böyük idi. Bütün döyüşlərdə iştirak etməyə səy edirdi. Ölümdən qorxmurdu. O, son döyüşündə yağı gülləsinə tuş gəldi…

Ramazan evli idi. Ülvi və Rasim atasız günlər yaşayıb böyüyürlər.

ƏFLATUN AĞAGƏLDİ oğlu AĞAYEV
(1963-1992)


1963-cü il yanvar ayının 14-də Şirvan şəhərində anadan olub. 14 saylı orta məktəbi, sonra 28 saylı texniki peşə məktəbini bitirdikdən sonra Sovet ordusu hissələrinin birində xidmət edib. Vətənə qayıtdıqdan sonra avtobazada sürücü kimi əmək fəaliyyətinə başlayıb.

Sadə peşə sahibi olan bu gənc hər kəsin işinə yaramağa çalışır, bacarığı həddində ona ehtiyacı olanlara yardım edirdi.

Vətənin darda olduğunu görən Əflatun döyüşdən kənarda qala bilməzdi. Hər gün verilən döyüş xəbərləri onun varlığını silkələyirdi. O da Vətənə oğulluq borcunu verməyə tələsdi. Elə bu istəklə, bu amalla da 1992-ci il mart ayının 17-də könüllü olaraq Qarabağın müdafiəsinə yollandı. O, bir neçə döyüş əməliyyatında iştirak etdi. Az müddətdə döyüşçülər arasında hörmət qazandı. Rəhbərliyin tapşırıqlarını yerinə yetirər, özünün döyüş hazırlığının artırılması qayğısına qalar, bilmədiklərini peşəkar hərbçilərdən öyrənməyə çalışardı. Bu biliklər döyüş zamanı gərəyinə yetirdi. Onun döyüş yolu çox qısa olsa da, şərəfli oldu.

Yağı güllələrinin torpaqlarımızı yaralamağına belə dözə bilməyən yurdsevər döyüşçü 1992-ci il may ayının 18-də Füzuli ətrafında gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak oldu.

Ə.Ağayev Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, ailəli idi, yurdunda iki oğlu böyüyür.

FARİZ ƏLİFAĞA oğlu EYNULLAYEV
(1971-1993)


1971-ci il may ayının 28-də Şirvan şəhərində anadan olub. 9 saylı orta məktəbi bitirib. Sonra Politexnik İnstitutunun maşınqayırma fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 3-cü kursda oxuyarkən – 1992-ci il oktyabr ayının 4-də könüllü olaraq cəbhəyə yollanıb.

Fariz də başqaları kimi hərəkət edə bilərdi. Ancaq Farizi nə təhsil alması, nə də ki, şəxsi işləri maraqlandırırdı. Onu yalnız Vətən düşündürürdü. Odur ki, özünü ən ağır döyüşlərə atırdı. İlk gündən yaxşı döyüşçü kimi tanınan Fariz həm də pulemyotçu idi. O, döyüş yoldaşları ilə birlikdə Sarıbaba yüksəkliyi, Seyidlər, Hoçaz və başqa kəndlər uğrunda gedən ağır döyüşlərdə düşmənin mövqelərini darmadağın edirdilər.

Laçın rayonu da yağı niyyətinə tuş gəlmişdi. Ürəyində təpər olanlar bu gözəl diyarın bir qarışını belə yağılara vermək istəmirdilər. Fariz də o oğullar sırasında məhz bu amal uğrunda döyüşürdü. Təəssüf ki, qara ölüm ona istədiyi kimi döyüşməyə imkan vermədi. 1993-cü il yanvar ayının 6-da Laçın rayonunun Ahnazar kəndində ağır döyüşlər gedirdi. Saatlarla davam edən bu döyüşdə texnika və canlı qüvvə sarıdan üstünlük təşkil edən erməni silahlı qüvvələri bizimkilərə böyük itki verdirdilər. O gün gedən döyüşdə Fariz Əlifağa oğlu Eynullayev də əbədi olaraq gözlərini yumdu…

F.Ə.Eynullayev Şirvan Şəhidlər Xiyabanında dəfn olunub. Adını əbədiləşdirmək məqsədi ilə Şirvanda küçələrin birinə onun adı verilib.

ARİF SƏMƏD oğlu XƏLİLOV
(1974-1994)


1974-cü il may ayının 21-də Şirvan şəhərində anadan olub. 11 saylı orta məktəbi bitirdikdən sonra 28 saylı texniki-peşə məktəbinə daxil olub. 1992-ci il iyun ayının 4-də Şirvan şəhər hərbi komissarlığına çağırılaraq Respublika Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilib. Mingəçevirdə tam hərbi təlim kursunu bitirəndən sonra Ağdərə, Tərtər bölgələrində, Ağdam cəbhəsində döyüş yolu keçib. Ağdam cəbhəsində olarkən Arif düşmənlə üzbəüz döyüşdə iki dəfə ağır yaralanıb. İmkanı olduqca evlərinə məktub yazsa da, yaralı olmağını bildirməyib. 1994-cü ilin aprel ayının 23-də Arif Xəlilov Murov dağı ətrafında gedən ölüm-dirim savaşına yollanıb.

Döyüşlərin birində bölük komandiri ağır yaralanır, Arif yoldaşlarına “siz döyüşü davam etdirin, mən komandiri təhlükəsiz yerə çıxarım” – deyə bildirsə də komandir etiraz edir, “Mənə toxunma, get yoldaşlarına çat, artıq mən ölürəm,” – deyir.

– Yox, komandir, sizi burada tək qoya bilmərəm.

Soyuq hava hərəkət etməyə imkan vermirdi. Qardan, buzdan çox soyuq külək adamın iliyinə işləyirdi.

Arif komandiri təhlükəsiz zonaya çıxardıqdan sonra soyuqdan özünün ayaqları tutulur. Dağın ətəyində tənha qalan Arif bərk çovğuna düşür və buz heykəlinə dönür…

Özünü Vətən və vətəndaşlarının yolunda qurban verən Arifin qəbri Şirvan şəhər Şəhidlər Xiyabanındadır.

TOFİQ TƏRLAN oğlu ƏLİYEV
(1973-1997)


1973-cü il martın 16-da Şirvan şəhərində anadan olub. 1988-ci ildə 11 saylı orta məktəbi bitirdikdən sonra Şirvandakı 152 saylı texniki peşə məktəbində oxuyub, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər ixtisasına yiyələnib.

1995-ci ildə Tofiq həqiqi hərbi xidmətə çağrılıb. İlk dəfə “N” hərbi hissəsində hazırlıq kursu keçdikdən sonra Goranboy bölgəsinə göndərilib. Tərtər bölgəsində xidmətini davam etdirib.

Tofiqin hərbi xidmət illəri respublikamızda torpaqlarımızın işğalına təsadüf edir. Zorla müharibəyə sürüklənmiş respublikamızı bu müharibə girdabından çıxarmaq üçün siyasi yollara əl atılır, danışıqlar yolu ilə sülhə nail olmağa çalışılırdı. Atəşkəs haqda ermənilərlə razılaşma əldə olunmasına baxmayaraq onlar vaxtaşırı bu ərazilərə də qəfil hücumlar edirdilər. Əsgəri xidmətdə olduğu vaxtlarda neçə dəfə belə hücumların qarşısını alanlar sırasında həmişə öndə gedən Tofiq 1997-ci ildə düşmənin növbəti hücumunu dəf edərkən qəhrəmancasına həlak oldu.

Tofiq Tərlan oğlu Əliyev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi.

 
Vətən başa çox iş gələr,
Baş əymə, başın saz olsun.
Birin ölsə beşin qalar,
O qalan beş insan olsun.
 

MÜBARİZ BABA oğlu İSRAFİLOV
(1973-1992)


1973-cü il may ayının 26-da Şirvan şəhərində anadan olub. 3-cü sinifə qədər 10 saylı, sonra isə 18 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra 5 saylı Sənaye kombinatında əmək fəaliyyətinə başlayıb.

1991-ci ildə Sovet Silahlı Qüvvələri tərkibində Ukraynaya hərbi xidmətə yollanıb. Burada 9 ay xidmət etdikdən sonra SSRİ dağıldığına görə Vətənə qayıdıb, könüllü olaraq Vətənin müdafiəsinə yollanmaq üçün hərbi komissarlığa müraciət edib. O, iki ay təlim kursu keçdikdən sonra döyüş bölgələrinə göndərilib. Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə düşmənə qarşı aparılan əməliyyatlarda iştirak edib. Zəylik, Umudlu kəndlərində gedən döyüşlərdə fədakarlıq göstərib.

Ağdərə yağı yuvasına dönmüşdü. Rus ordusunun və muzdlularının köməyi ilə güclənən erməni qüvvələri kəndlərə hücumlar edir, dinc əhalini, qadınları, körpələri öldürür, hərbi hissələrə həmlə edirdilər. Erməni hücumlarının qarşısı mərdliklə alınırdı. Mübariz bu döyüşlərdə özünü bacarıqlı bir döyüşçü kimi sevdirmişdi, cəldliyi, cəsurluğu ilə hər çətinlikdən çıxmağı bacarırdı. Mübariz 1992-ci il iyul ayının 7-də Ağdərənin Umudlu kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu.

M.B.İsrafilov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 18 saylı orta məktəbə onun adı verilib.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺64,03

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
Hacim:
82 s. 138 illüstrasyon
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 3, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre