Kitabı oku: «Ölü canlar», sayfa 6
Nozdrev:
– Yox, yox, olmaz! Buraxmaram!
– Qardaş, məni incitmə, doğrudan da qoy gedim. Qoymasan, məni çox incitmiş olarsan.
– Boş-boş danışma! Biz bu saat kart oynayacağıq.
– Özün oyna, qardaş, mən oynaya bilmərəm, arvadım çox narazı qalar, mən gərək ona yarmarkadan söhbət edəm. Gərək, qardaş, doğrudan da, gərək ona kef verəm. Sən məni saxlama!
– Əşi, arvadın lap!.. Getcəyin deyəsən onunla çox böyük iş görəcəksiniz!
– Yox qardaş! O çox hörmətli və sədaqətli arvaddır! Mənə elə qulluq eləyir ki… inanırsanmı, gözlərim yaşla dolur. Yox, sən gəl məni saxlama; qoy, namuslu bir adam kimi, mən çıxım gedim. Mən bu barədə səni lap həqiqi bir vicdanla əmin edirəm.
Çiçikov yavaşca Nozdrevə dedi:
– Qoy çıxıb getsin! Ondan kar aşmaz!
– Doğrudan da! Belə mız-mızı adamlardan zəhləm gedir! – Sonra bərkdən əlavə etdi: – Yaxşı da, cəhənnəm ol, get! Get gir arvadının qoynuna, həpənd!
– Qardaş, sən məni həpənd deyə söymə: o mənə elə yaxşılıqlar edib ki, heç ömrüm boyu yadımdan çıxmaz! Doğrudan da elə xoşxasiyyət, elə sevimlidir, mənə elə nəvazişlər göstərir ki… axırda lap gözlərim yaşarır; soruşacaq ki, yarmarkada nə gördün; mən də gərək bütün gördüklərimi ona danışam; doğrudan da elə sevimlidir ki.
– Yaxşı da, get, get ona yalandan ağzına gələn cəfəngiyatı danış! Al, bu da sənin kartuzun!
– Qardaş, sən gərək onun haqqında belə danışmayasan; bununla sən, demək olar ki, mənim özümü incitmiş olarsan; o elə sevimlidir ki…
– Di onda cəhənnəm ol, tez get onun yanına!
– Hə, qardaş, gedəcəyəm, məni bağışla, qala bilmərəm. Lap məmnuniyyətlə qalardım, amma mümkün deyil.
Nozdrevin yeznəsi çoxdan briçkaya mindiyini, çoxdan darvazadan çıxdığını və çoxdan bəri qarşısında boş çöllər olduğunu duymayaraq elə hey üzrxahlıq edirdi. Güman etmək olar ki, arvadı yarmarka haqqında ondan təfsilatı ilə çox şey eşitməyəcəkdi.
Nozdrev pəncərə qabağında durub, getməkdə olan ekipaja baxa-baxa deyirdi:
– Zibilin biri zibil! Gör necə qaçdı! Yandan qoşulan at pis deyil, çoxdandır mən onu məngirləmək istəyirəm! Ancaq onunla işi heç yoluna qoymaq olmur. Həpənddir ki, var!
Onlar otağa girdilər. Porfiri şam gətirdi. Çiçikov bu zaman Nozdrevin əlində bir dəstə kart gördü: bilmək olmurdu ki, bunu o haradan götürmüşdü.
Nozdrev kart dəstəsini yanlarından barmaqları ilə sıxdı və onu elə əydi ki, kartın belindəki kağız cırılıb düşdü.
– Qardaş, gəlsənə bir oynayaq! Vaxt keçirtmək üçün, üç yüz manat bank gedirəm!
Lakin Çiçikov özünü eşitməməzliyə vurdu və birdən yadına düşmüş kimi dedi:
– Hə, əcəb yadıma düşdü: səndən bir xahişim var.
– Nə xahiş?
– Əvvəl söz ver ki, yerinə yetirəcəksən.
– Axı nə xahişdir?
– Söz ver, sonra.
– Buyur, söz verdim.
– Sədaqətlə söz verirsən?
– Lap sədaqətlə.
– Xahişim budur: sənin yəqin çoxlu ölən kəndlilərin var ki, bunların adı hələ siyahıdan silinməmişdir.
– Hə, var, necə?
– Onları keçir mənim adıma.
– Onlar sənin nəyinə lazımdır?
– Mənə lazımdır.
– Axı nəyinə lazımdır?
– Lazımdır da… bu daha mənim öz işimdir, bir sözlə, lazımdır.
– Yəqin bir kələyin var. Düzünü de, nə kələkdir?
– Axı nə kələk olacaq! Belə boş şeydən nə kələk düzəltmək olar!
– Bəs axı onlar sənin nəyinə lazımdır?
– Sən nə yaman maraqlanırsan! Hər zir-zibili əlinlə yoxlamaq, hələ bir qoxulamaq da istəyirsən.
– Sən axı niyə demək istəmirsən?
– Bunu bilməkdən axı sənə nə mənfəət olacaq? Belə də, ağlıma gəlib!
– İndi ki, belə oldu, özün bil: deməsən eləməyəcəyəm!
– Bax, görürsənmi, bu heç yaxşı olmadı: söz verirsən, sonra da sözündən qaçırsan.
– Özün bil, bunun nəyə lazım olduğunu deməsən, eləməyəcəyəm.
Çiçikov fikirləşdi: «Buna axı nə deyim?» Azca düşündükdən sonra dedi: ölülər mənə ona görə lazımdır ki, cəmiyyətdə mövqeyimi yüksəldə bilim, çünki böyük mülklərim yoxdur, bunu əldə edənə kimi heç olmasa adı olsun ki, bir qədər kəndlim var.
Nozdrev onun sözün kəsdi:
– Yalan deyirsən! Qardaş, yalan deyirsən!
Çiçikov özü də hiss etdi ki, sözü yaxşı uydura bilməmişdir, gətirdiyi dəlil də çox zəifdir.
Sonra o öz səhvini düzəldərək əlavə etdi:
– Yaxşı da, mən sənə lap açığını deyim, ancaq, rica edirəm, heç kəsə söyləmə. Mən evlənmək fikrinə düşmüşəm: amma sən bunu bilməlisən ki, qızın ata-anası çox lovğa adamlardır. Yaman kələyə düşmüşəm: onlarla bu işə başlamağıma çox peşman olmuşam; deyirlər ki, bizim qızımızı alan adamın gərək ən azı üç yüz kəndlisi olsun; amma mənim yüz əlli kəndlim çatışmır…
Nozdrev yenə də çığıraraq onun sözünü kəsdi:
– Yalan deyirsən! Yalan deyirsən!
– İndi daha bircə belə də yalan deməmişəm! – Bunu söyləyərkən baş barmağı ilə çeçələ barmağının lap kiçik bir hissəsini göstərdi.
– Lap başımı verərəm ki, yalan deyirsən.
– Bu daha lap ağ oldu! Sən məni axı nə hesab eləyirsən? Mən niyə gərək mütləq yalan deyəm?
– Mən axı səni tanıyıram: sən dələduzun birisən, özü də lap yekəsindən, – icazə ver bir dost kimi sənə deyim, mən sənin rəisin olsaydım, səni dərhal boğazından asardım.
Bu söz Çiçikovu təhqir etdi. Ümumiyyətlə az-çox kobud və ya ədəb-ərkanı pozan bir ifadə onun xoşuna gəlməzdi. O hətta heç kəsə yol verməzdi ki, olsa-olsa ancaq çox yüksək rütbəli adamlardan başqa, onunla təklifsiz rəftar etsin. Buna görə də o indi Nozdrevdən bərk incidi.
Nozdrev:
– Vallah asardım, – deyərək sözünə davam etdi. – Mən bunu sənə lap açıq deyirəm, özü də səni incitmək üçün deyil, elə-belə bir dost kimi deyirəm.
Çiçikov ləyaqət hissilə dedi:
– Hər şeyin bir hüdudu var. Əgər belə sözlərlə lovğalanmaq istəyirsənsə, onda kazarmaya get, – sonra əlavə etdi: – Bağışlamaq istəmirsən, sat.
– Satım?! Mən səni axı tanıyıram: sən əclafsan, sən onları ucuz alacaqsan!
– Özün elə çox yaxşısan! Bir buna bax! Onlar brilyantdır, nədir?
– Elə belədir ki, var: mən səni əvvəldən tanıyırdım.
– İnsafın olsun, qardaş, bu nə cuhud xasiyyətidir səndə var? Sən onları gərək elə beləcə mənə verəydin.
– Mənə bax, sənə sübut eləmək üçün ki, mən heç də simic deyiləm, onları sənə havayı verəcəyəm. Bir ayğırım var, onu al, ölüləri də sənə üstəlik verərəm.
Çiçikov bu təklifdən təəccüblənərək dedi: – Əşi, mən axı ayğırı neynirəm?
– Necə neynirəm? Mən onu on minə almışam, amma sənə dörd minə verərəm.
– Axı ayğırı neynirəm? İlxı saxlamıram ki?
– Bir qulaq as, sən başa düşmürsən: mən indi səndən ancaq üç min alacağam, qalanını da sonra verərsən.
– Belə mənə ayğır lazım deyil, atı neynirəm!
– Onda qonur bir madyanım var, onu al.
– Madyan da lazım deyil.
– Bax, bu madyana, bir də o gördüyün boz ata səndən ancaq ikicə min alaram.
– Belə mənə at lazım deyil ey, atı neynirəm!
– Sən onları satarsan; elə üzümüzə gələn yarmarkada onlara üç qat artıq verəcəklər.
– Sən ki, yəqin bilirsən onlara üç qat artıq verəcəklər – onda yaxşısı budur özün sat.
– Mən bilirəm ki, sataram, ancaq istəyirəm ki, sən də qazanasan.
Çiçikov onun bu yaxşılığına qarşı təşəkkür edib nə boz atı, nə də qonur madyanı almayacağını qəti surətdə bildirdi.
– Yaxşı da, onda tula al. Sənə bir cüt elə tula satım ki, adam baxanda bədəninə üşütmə dolur! Özləri bığlı, tükləri də, donuz tükü kimi, biz-biz! Qabırğaları çəllək kimi gip-girdə, heç ağıla sığan şey deyil, pəncələri də yumaq kimi, ayaqları heç yerə dəymir.
– Tulanı neynirəm axı? Mən ki ovçu deyiləm.
– Belə mən istəyirəm ki, sənin tulan olsun. Mənə bax, əgər tula almaq istəmirsənsə, onda mənim bir şarmankam var, onu al; çox gözəl şarmankadır. Namuslu bir adam kimi sənə deyirəm: min beş yüzə özümə başa gəlib. Sənə doqquz yüzə verərəm.
– Mən axı şarmankanı neynirəm? Mən alman deyiləm ki, onu dalıma atıb küçələri gəzəm, pul yığam.
– Bu axı almanlar gəzdirən şarmankadan deyil. Bu orqandır, bir bax da: başdan-başa qırmızı ağacdandır. Gəl, onu bir də sənə göstərim! – Nozdrev bunu deyib Çiçikovun qolundan tutdu, onu çəkə-çəkə o biri otağa apardı; Çiçikov ayaqlarını nə qədər yerə dirəsə də, şarmankanı gördüyünü və onun necə bir şarmanka olduğunu bildiyini söyləsə də, gedib bir də Malbruqun necə səfərə çıxdığına qulaq asmalı oldu. – Əgər pul ilə almaq istəmirsənsə, onda qulaq as, gör nə deyirəm: mən şarmankanı və nə qədər ölmüş mujik varsa, hamısını sənə verirəm, sən də öz briçkanı, üstəlik də üç yüz manat mənə ver.
– Bu da sözdür: bəs mən nə ilə gedim?
– Mən sənə ayrı bir briçka verərəm. Gedək ambara sənə
Göstərim! Sən onu ancaq rəngləyərsən, onda lap əla briçka olacaq.
Çiçikov: «Bu nə işdi, mən düşdüm!» deyə düşündü və bu qərara gəldi ki, hər necə olsa, bu briçkalardan, şarmankalardan, qabırğaları çəllək kimi, pəncələri yumaq kimi olan tulalardan canını qurtarsın.
– Briçkanı da verirəm, şarmankanı da, ölüləri də – hamısını bir yerdə!
Çiçikov bir daha təkrar etdi:
– İstəmirəm.
– Axı niyə istəmirsən?
– Ona görə ki, istəmirəm, qurtardı getdi.
– Sən axı necə adamsan! Mən belə görürəm ki, səninlə necə ki iki dost və iki yoldaş arasında olur, elə bir şey doğrudan da olmaz!.. O saat görünür ki, ikiüzlü adamsan!
– Axmaq-zad deyiləm ki? Sən özün bir fikirləş: o şey ki, mənə qətiyyən lazım deyil, mən onu axı niyə alım?
– Sən allah daha bəsdi, danışma. İndi mən səni çox yaxşı tanıdım. Sən doğrudan da əclafsanmış! Yaxşı, mənə bax, bank getmək istəyirsənmi? Mən bütün ölüləri karta qoyuram, şarmankanı da.
Çiçikov dedi:
– Bank getmək – məchul bir vəziyyətə uğramaq deməkdir, – Bu arada o Nozdrevin əlində olan kartlara gözaltı baxdı. Kart dəstələrinin hər ikisi ona çox süni göründü, dal tərəfindəki nişanələr də çox şübhəli idi.
– Məchul bir vəziyyətə niyə? Heç bir məchul vəziyyət-filan yoxdur! Bəxtin gətirsə, sən nə qədər istəsən uda bilərsən! Bəxt belə şeydir! – Nozdrev bu sözləri deyə-deyə Çiçikovu həvəsə gətirmək üçün, kart getməyə başladı. – Bəxt belə şeydir! Bəxt belə şeydir! Budur, gör necə vurur! Bax, bu məlun doqquzluğu görürsən; bunun üstündə mənim var-yoxum əlimdən çıxdı! Hiss edirdim ki, məni satacaq, buna baxmadım, gözlərimi yumub öz-özümə dedim: «Cəhənnəmə ki, sat, məlun!»
Nozdrev bunu deyəndə Porfiri bir şüşə şərab gətirdi. Lakin Çiçikov həm oynamaqdan, həm də içməkdən qəti surətdə boyun qaçırdı.
Nozdrev:
– Sən niyə oynamaq istəmirsən? – deyə soruşdu.
– Ona görə ki, həvəsim yoxdur. Bir də ki, mən heç qumar həvəskarı deyiləm.
– Niyə deyilsən?
Çiçikov çiyinlərini çəkib əlavə etdi:
– Ona görə ki, deyiləm.
– Amma zibilsən ha!
– Neyniyim axı? Allah belə yaradıb.
– Həpəndin biri həpənd! Mən əvvəl elə bilirdim ki, sən abırlı bir adamsan, amma sən heç adamla rəftar etməyin təhərini bilmirsən. Səninlə, yaxın bir adam kimi danışmaq olmur… Səndə nə doğruluq var, nə səmimiyyət! Xalis Sobakeviçsən, onun kimi əclaf!
– Sən axı məni niyə söyürsən? Qumar oynamadığım üçün təqsirkaram? Sən ki, belə adamsan, belə boş şeyin üstündə əsirsən, onda bu ölüləri sat mənə!
– Ay satdım ha! Ölülər yerinə boynunun ardını görərsən! Mən onları sənə lap havayı vermək istəyirdim, amma indi heç satmaram da! İstəyirsən lap dünyanı ver – yenə satmaram! Sən elə haramzadasan, elə murdarsan ki! Bundan sonra daha səninlə heç bir iş görmək istəmirəm. Porfiri, get mehtərə deginən ki, bunun atlarına vələmir verməsin, bircə elə quru ot versin.
Çiçikov belə bir şeyi heç gözləmirdi.
Sonra Nozdrev əlavə etdi:
– Yaxşı olardı ki, sən heç mənim gözümə görünməyəydin!
Qonaqla ev yiyəsi arasında olan bu həngamədən sonra, onlar yenə də bir yerdə oturub axşam yeməyini yedilər, ancaq bu dəfə süfrəyə əcayib və dolaşıq adlı heç bir şərab qoyulmamışdı. Bircə şüşə şərab vardı ki, o da necə deyərlər, hər cəhətdən turş bir şey idi. Yeməkdən sonra Nozdrev Çiçikovu yan otağa apardı: orada qonaq üçün yatmağa yer hazırlanmışdı.
– Bu da sənin yatağın! Sənə heç gecən xeyrə qalsın da demək istəmirəm.
Nozdrev bunu deyib getdi. Çiçikovun ovqatı yaman təlx idi. O bura gəlib, havayı yerə bu qədər vaxt itirdiyi üçün özünü danlayır, öz-özünə acığı tuturdu. Lakin bir şeydən ötrü o özünü daha çox danlayırdı: niyə o bir uşaq kimi, axmaq bir adam kimi ehtiyatsızlıq edərək ölülər məsələsini ona danışdı, axı bu elə bir məsələ idi ki, bunu Nozdrevə söyləmək olmazdı. Nozdrev zibil adamdır. Nozdrev yalan deyə bilər, özündən hər şey artıra bilər, cürbəcür şayiələr yaya bilər, sonra da onun haqqında hər cür şey danışa bilərlər, – yox, yaxşı olmadı, heç yaxşı olmadı! «Mən lap axmağammış!» Gecəni çox pis yatdı. Xırda və çox cəld cücülər onu yamanca dişləyirdi, o da «Ay sizi görüm Nozdrevlə bir yerdə tərk olasınız!» deyə-deyə cücü dişləyən yerlərini bərk-bərk qaşıyırdı. Səhər tezdən yuxudan ayıldı. Onun ilk işi bu oldu, ki, xalatını və çəkmələrini geyərək həyətdən keçib tövləyə getdi. Selifana tapşırdı ki, bu saat briçkanı qoşarsan. Yenə həyətlə geri qayıdanda Nozdrevə rast gəldi: o da xalat geymişdi, çubuq da ağzında idi.
Nozdrev onu dostcasına salamlayaraq necə yatdığını soruşdu. .
Çiçikov çox soyuq bir tərzlə:
– Pis yatmadım, – deyə cavab verdi.
– Amma, qardaş, bütün gecəni mənim yuxuma elə pis-pis şeylər girirdi ki, adam danışmağa da iyrənir; özü də axşamkı içkidən sonra ağzım elə idi ki, elə bil orda bir eskadron gecələmişdi. Bir təsəvvür et, yuxuma gör nə girmişdi: guya məni çubuqla döyürdülər, vallah, özü də kim? Tapa bilərsənmi? Yox, tapa bilməzsən: ştab-rotmistr Potseluyevlə Kuvşinnikov!
Çiçikov düşünərək öz-özünə dedi: «Yaxşı olardı ki, səni yuxuda deyil, ayıq olanda döyəydilər!»
– Vallah! Özü də yaman incidirdi! Ayıldım, gördüm ki, doğrudan da bədənim yaman qaşınır: heç demə bu məlun birələrmiş! Yaxşı da, indi sən get geyin, mən də bu saat sənin yanına gələcəyəm. Mən gərək bu əclaf prikazçiki bir yaxşı söyəm, sonra.
Çiçikov gedib əl-üzünü yudu, geyindi. Sonra yemək otağına gələndə gördü ki, çay dəsgahı düzülmüş, bir şüşə də rom qoyulmuşdur. Otaqda hələ də dünənki naharın və axşam yeməyinin izləri görünürdü; sanki yerə heç döşəmə fırçası dəyməmişdi. Yerdə çörək qırıntıları vardı; hətta süfrədə də tütün külü gözə çarpırdı. Çox çəkmədi ki, ev yiyəsi özü də gəldi; onun xalatının altında açıq döşündən başqa ayrı bir şey yox idi, döşündə isə elə bil ki, ikinci saqqal bitmişdi. O bir əlində çubuq tutaraq fincandan çay içirdi; bu vəziyyətdə o, rəssamların xoşuna gəlməli idi, çünki onlar, dəllək dükanlarının lövhələrindəki şəklə oxşayan və ya saç-saqqalı düzəlmiş, tumarlanmış, saçları burma-burma burulmuş ağaları qətiyyən sevmirlər.
Nozdrev bir az susduqdan sonra dedi:
– Yaxşı, nə fikirdəsən? Ölüləri qumara qoyub oynayaqmı?
– Sənə dedim ki, qardaş, mən oynamıram; satsan alaram.
– Mən satmaq istəmirəm, bu, dostluğa yarayan şey deyil. Mən durub hər şeydən qazanc götürməyəcəyəm ki! Bank getmək – bu ayrı məsələ. Heç olmasa bir əl oynayaq!
– Dedim ki, yox.
– Dəyişmək istəyirsənmi?
– İstəmirəm.
– Mənə bax, onda gəl dama oynayaq. Udsan hamısı sənin. Məndə siyahıdan adları silinəsi ölülər çoxdur. Adə, Porfiri, damanı bura gətir.
– Nahaq zəhmət çəkirsən: mən oynamayacağam.
– Bu da qumar deyil ki. Burda nə bəxt məsələsi ola bilər, nə də biclik: burda hər şey bacarıqdan asılıdır. hətta bu başdan sənə açıq deyim ki, mən heç oynaya bilmirəm, amma qabaqcadan baba yolu versən, bəlkə onda bir şey çıxa.
Çiçikov öz-özünə dedi: «Gəlsənə bununla dama oynayım! Damanı mən pis oynamıram. Burda o mənə kələk gələ bilməz!»
– Yaxşı da, qoy sən deyən olsun, dama oynaram.
– Ölülər üçün yüz manat qoyursan!
– Yüz manat niyə? Əlli də bəsdir.
– Yox, əlli nədi ki! Onda elə bu pula mən sənə orta bir küçük verərəm, ya da saat üçün kiçik bir qızıl möhür.
– Yaxşı da, razıyam.
– Sən mənə onda qabaqcadan nə qədər baba yolu verərsən?
– Bu niyə? Əlbəttə heç bir baba yolu zad vermərəm.
– Heç olmasa qoy iki oyun yolu mənim olsun.
– Yox, vermərəm. Mən özüm pis oynayıram.
Nozdrev oyuna başlayaraq dedi:
– Tanıyırıq sizi: bilirik necə pis oynayırsınız!
Çiçikov da oynayaraq dedi:
– Çoxdandı mən əlimə dama almamışam.
Nozdrev yenə də oynayaraq dedi:
– Tanıyırıq sizi: bilirik necə pis oynayırsınız!
Çiçikov da oynayaraq dedi:
– Çoxdandı mən əlimə dama almamışam!
Nozdrev yenə də oynayaraq dedi:
– Tanıyırıq sizi: bilirik necə pis oynayırsınız!
Bu zaman o, xalatının qolu ilə də bir damanı qabağa çəkdi.
Çiçikov dedi:
– Çoxdandı mən əlimə!.. Bax, bax! Qardaş, bu nədi? Onu bircə geri çək!
– Nəyi?
– Damanı da! – Çiçikov bunu deyərək lap qabağında başqa bir dama da gördü: o, düz başa irəliləyirdi. Bu haradan gəlib çıxmışdı – bunu ancaq allah bilirdi. Çiçikov ayağa qalxaraq dedi: – Yox, səninlə oynamaq heç mümkün deyil. Bu harada görünüb ki, üç damanı birdən gedələr?!
– Üç damanı birdən niyə? Bu səhv olub – biri heç özüm də bilmirəm necə qabağa gedib, onu geri çəkirəm, buyur!
– O birisi haradan gəldi?
– Hansı o birisi?
– Bax o damka olmağa gedən!
– Bu nə sözdür, guya yadında deyil!
– Yox, dost, neçə əl getmişik – mən hamısını saymışam, hamısı da yadımdadır; sən onu lap indicə qabağa çəkmisən. Onun yeri bax, oradır!
Nozdrev qızardı:
– Necə? Hara? Dost, mən belə görürəm ki, sən özündən şey uydurursan!
– Yox, dost, deyəsən, özündən şey uyduran sənsən, ancaq yaxşı uyduran deyilsən!
– Sən məni axı nə hesab eləyirsən? Yoxsa mən durub biclik eləyəcəyəm?
– Mən səni heç bir şey hesab eləmirəm, ancaq daha səninlə oynamayacağam.
Nozdrev acıqlanaraq dedi:
– Yox, sən oyundan boyun qaçıra bilməzsən: oyun başlanıb!..
– Oyundan boyun qaçırmağa mənim ixtiyarım var, çünki sən namuslu bir adam kimi, düz oynamırsan.
– Yox, yalan deyirsən, sən bunu sübut eləyə bilməzsən!
– Yox, dost, sən özün yalan deyirsən!
Mən biclik eləməmişəm, ona görə də sən oyundan boyun qaçıra bilməzsən; oyunu qurtarmalısan.
Çiçikov soyuqqanlılıqla:
– Sən məni məcbur eləyə bilməzsən! – deyərək taxtaya yaxınlaşıb damaları qarışdırdı.
Nozdrev hirslənib Çiçikova o qədər yaxınlaşdı ki, Çiçikov iki addım geri çəkildi.
– Mən səni oynamağa məcbur elərəm! Damaları qarışdırmısan – bunun eybi yoxdur: oyun hamısı yadımdadır. Biz onları yenə də öz yerinə qoyarıq.
– Yox, dost, məsələ qurtardı, getdi, mən daha səninlə oynamayacağam.
– Demək, sən daha oynamaq istəmirsən?
– Özün görürsən ki, səninlə oynamaq mümkün deyil.
Nozdrev özünü daha da qabağa verərək dedi:
– Sözü o yan-bu yana atma: oynamaq istəmirsən?
– İstəmirəm! – Çiçikov bunu deyərək, hər ehtimala qarşı, əllərini qaldıraraq üzünə yaxınlaşdırdı, çünki söhbət çox qızışmışdı.
Çiçikovun belə ehtiyatlı olması çox yerinə düşdü. Çünki Nozdrev qolaylanıb onu vurmaq istədi… Və çox ola bilərdi ki, bizim qəhrəmanın dolğun və xoş yanaqlarından biri silinməz bir şərəfsizliklə örtüləydi, lakin Çiçikov zərbəni müvəffəqiyyətlə özündən rədd edərək Nozdrevin qollarından bərk-bərk tutdu.
Nozdrev qollarını onun əlindən qopartmağa çalışaraq dəlicəsinə bağırırdı:
– Porfiri! Pavluşka!
Çiçikov bunu eşidərək qapı nökərlərinin belə maraqlı bir hadisənin şahidi olmaması üçün, həm də Nozdrevi tutub saxlamağın mənasız bir şey olduğunu görüb onun qollarını buraxdı. Elə bu anda Porfiri, onun da ardınca Pavluşka içəri girdi; Pavluşka deyilən elə yekəpər bir şey idi ki, Çiçikovun ona baş qoşması heç də əlverişli deyildi.
Nozdrev deyirdi:
– Deməli, oyunu qurtarmaq istəmirsən? Sözü o yan-bu yana atma, açıq de!
Çiçikov:
– Oyunu qurtarmaq mümkün deyil, – deyərək pəncərədən bayıra baxdı: onun briçkası hazır durmuşdu. Selifan da elə bil bir işarə gözləyirdi ki, onu artırmanın qabağına sürsün. Lakin otaqdan çıxmaq mümkün deyildi: iki yekəpər axmaq təhkimçi qapı ağzında durmuşdu.
Nozdrevin üzü od kimi yanırdı:
– Deməli sən oyunu qurtarmaq istəmirsən?
– Əgər son abırlı bir adam kimi ləyaqətlə oynasaydın qurtarardım. Amma oynaya bilmərəm.
– Mənmi!? Oynaya bilməzsən, əclaf!? Elə ki, gördün uduzursan, onda daha oynaya bilməzsən?! – Porfiriyə və Pavluşkaya dönərək bağıra-bağıra dedi: – Vurun bunu! – Özü isə gilas çubuğunu qapıb götürdü. Çiçikov nə isə demək istədi, lakin hiss etdi ki, dodaqları tərpənir, amma səsi çıxmır.
Nozdrev əlində gilas çubuğu, tərləmiş və pörtmüş halda qabağa cumaraq çığırırdı:
– Vurun bunu! – O sanki düşmən qalası üstünə hücum edirdi. – Vurun bunu! – O, böyük hücum zamanı bir poruçik öz manqasına: «Uşaqlar, irəli!» deyə çığıran kimi, çığırırdı; bu poruçik dəlicəsinə igidliyi ilə elə bir ad çıxarmışdır ki, qızğın hücum zamanı onun qollarından tutmaq üçün xüsusi əmr verilir. Lakin poruçik artıq döyüş qızğınlığını hiss etmişdir, hər şey onun başında alt-üst olmuşdur; Suvorov onun gözü qabağında canlanır. O böyük işlər görməyə can atır, o özünü qabağa soxaraq: «Uşaqlar, irəli!» – deyə çığırır, daha bu hərəkətlə, hazırlanmış ümumi hücum planına indi ziyan yetirdiyini başı göylərə dəyən qala divarlarının mazğallarından milyonlarca tüfəng lüləsi çıxdığını, onun xırdaca manqasının bir tük kimi havaya sovrulacağını, çığırğan boğazını tıxayacaq məşum güllənin vıyıldadığını düşünmür. Lakin əgər Nozdrev qalaya yaxınlaşan qoçaq, başını itirmiş bir poruçiki xatırladırdısa, onun hücum etdiyi qala heç də alınmaz bir qalaya bənzəmirdi. Əksinə, qala elə bir qorxu hiss edirdi ki, az qalmışdı ürəyi yerindən qopsun. Özünü müdafiə etmək üçün qaçıb götürdüyü stulu təhkimçi nökərlər onun əlindən dartıb almışdı; o, gözlərini qıyaraq qorxudan yerində donub qalmışdı, çərkəs çubuğunun ləzzətini dadmağa hazırlaşırdı və kim bilir onun başına nələr gələcəkdi; lakin görünür qəzavü-qədərin hökmü bu imiş ki, bizim qəhrəmanın böyürləri, çiyinləri və bədəninin gözəl tərbiyə olunmuş bütün hissələri gərək bu zərbələrdən xilas olunaydı. Birdən, heç gözlənilmədiyi halda, göydən düşmə kimi, zınqırov səsi, artırmaya yaxınlaşan araba çarxlarının gurultusu eşidildi; troyka dayandı; qızışmış atların fınxırtısını, tez-tez nəfəs almasını hətta otaqda da eşitdilər. Hamı qeyri-ixtiyari olaraq pəncərədən bayıra baxdı: yarıhərbi sürtuk geymiş pələbığ bir adam arabadan düşürdü. Dəhlizdə ev yiyəsinin harada olduğunu soruşaraq otağa girdi: bu zaman Çiçikov keçirdiyi qorxudan hələ də özünə gəlməmişdi və çox acınacaqlı bir vəziyyətdə idi, – yəqin ki, heç kəs ömründə belə bir vəziyyətə düşməmişdi.
Gələn adam, əlində çubuq duran Nozdrevə və düşdüyü pis vəziyyətdən təzə-təzə özünə gəlməyə başlayan Çiçikova bir qədər təəccüblə baxaraq dedi:
– İcazə verin soruşum: cənab Nozdrev burada kimdir?
Nozdrev ona yaxınlaşaraq dedi:
– İcazə verin əvvəlcə soruşum: mən kiminlə danışmaq şərəfinə nail olmuşam?
– Polis rəisi ilə.
– Sizə nə lazımdır?
– Mən, mənə məlum olan xəbəri, yəni sizin məsələniz həll olunub qurtarana kimi məhkəmə nəzarəti altında olduğunuzu sizə elan etmək üçün gəlmişəm.
– Bu nə axmaq sözdür! Hansı məsələnin?
– Mülkədar Maksimovun sərxoş halda çubuqla zərbə endirilərək şəxsən təhqir edilmək hadisəsində sizin iştirakınız olmuşdur.
– Yalan deyirsən! Mən heç mülkədar Maksimovun üzünü də görməmişəm.
– Hörmətli cənab! İcazə verin sizə ərz edim ki, mən zabitəm. Siz bu sözü öz xidmətçinizə söyləyə bilərsiniz, mənə yox!
Çiçikov daha Nozdrevin buna necə cavab verəcəyini gözləməyərək, tez şapkasını götürdü, polis rəisinin dalından yavaşca sürüşərək artırmaya çıxdı, briçkaya minib Selifana əmr etdi ki, atları dördnala sürsün.
Ücretsiz ön izlemeyi tamamladınız.