Kitabı oku: «Ölü canlar», sayfa 4
– Onlar dövlətlidir ya yox?
– Yox, atam, çox da elə sən deyən dövlətli deyillər. Kimisinin iyirmi kəndlisi var, kimisinin otuz; yüz kəndlisi olan yoxdur.
Çiçikov başa düşdü ki, çox uzaqlara gəlib çıxmışdır.
– Bəlkə biləsiniz, buradan şəhərə nə qədər olar?
– Altmış verst olar. Hayıf ki, sizə yeməyə bir şey verə bilmədim! Atam, çay içmək istəyirsinizmi?
– Yox, anam, yorğan-döşəkdən başqa heç bir şey istəmirəm.
– Doğrudan da, belə bir yoldan sonra dincəlmək lazımdır. Bax, atam, bu divanda yatarsınız. Fetinya, pərqu döşək, balış bir də mələfə gətir. Yaman pis havadır, allah özü xeyir eləyə. Yaman da göy guruldayır; bütün gecəni ikonanın qabağında şam yandırmışam. Ba, atam, erkək donuz kimi, sənin bütün kürəyin, böyürlərin palçıqdır ki, harada belə bulanmısan?
– Allaha çox şükür ki, elə bulanmaqla qurtarmışam, qabırğalarım sınmayıb, şükr eləmək lazımdır.
– Allah, özün saxla! Bəlkə kürəklərini bir şeylə ovmaq lazımdır?
– Sağ olun, sağ olun! Narahat olmayın, ancaq qulluqçuya tapşırın ki, mənim paltarımı qurudub təmizləsin.
Ev yiyəsi, əlində şam artırmaya çıxan qulluqçuya dönərək dedi:
– Fetinya, mənə bax! Sən bunun kaftanını, bir də alt paltarını apar, əvvəlcə odun qabağına tutub, necə ki, rəhmətlik ağanınkını qurudurdun, sonra da ovxala və yaxşıca çırp. – Fetinya pərqu döşəyi gətirib, əllərilə hər iki tərəfdən çırpalayaraq otağı tüklə doldurmuşdu.
O, pərqu döşəyin üstünə mələfə sərərək və gətirdiyi balışları qoyaraq dedi:
– Baş üstə, xanım!
Ev yiyəsi qonağa sarı döndü:
– Bu da sənin yatağın! Əlvida, atam, xeyirli gecə arzu edirəm. Bəlkə yenə bir şey lazımdır? Bəlkə, atam, sənin vərdişindir, yatandan qabaq bir adam gərək dabanlarını qaşısın? Mənim rəhmətlik ərim bunsuz heç yata bilməzdi.
Qonaq daban qaşımaq məsələsini də rədd etdi. Ev yiyəsi otaqdan çıxdı, qonaq da dərhal soyunmağa başladı. Çıxartdığı bütün dəm-dəsgahını Fetinyaya verdi, Fetinya da öz tərəfindən qonağa xeyirli gecə arzu edərək, altdan-üstdən çıxan bütün bu yaş dəm-dəsgahı yığışdırıb apardı. Qonaq tək qaldıqdan sonra, az qala tavana dəyən yatağına məmnuniyyətlə baxdı. Görünür, Fetinya pərqu döşəyi yumşaltmaq işinin ustası idi. Qonaq ayağının altına stul qoyub yatağına qalxanda yataq onun altında az qala döşəməyə qədər yatdı, döşəkdən qalxan tüklər otağın hər tərəfinə uçub yayıldı. Qonaq şamı söndürüb çit yorğanı başına çəkdi, qıçlarını qarnına yığaraq elə o saat da yatdı. Səhər çox gec yuxudan ayıldı. Gün işığı pəncərədən düz onun gözünə düşmüşdü, gecə divarlarda və tavanda sakitcə yatan milçəklər hamısı onun üstünə tökülmüşdü: biri dodağına qonmuşdu, biri qulağına, biri də çalışırdı ki, lap gözünün üstünə qonsun, bir milçək də ehtiyatsızlıq edərək burun deşiyinə yaxın bir yerə qondu, qonaq da yuxulu-yuxulu onu burnunun içinə çəkdi, bu da onu bərk asqırtdı və yuxudan ayılmasına səbəb oldu. Çiçikov indi otağı gözdən keçirəndə gördü ki, divardakı şəkillərin hamısı quş şəkli deyil, onların arasında Kutuzovun portreti, bir də qırmızı köbəli mundir geymiş bir qocanın yağlı rənglə çəkilmiş şəkli vardır. Belə qırmızı köbəli mundiri Pavel Petroviçin vaxtında geyərdilər. Divar saatı yenə də fısıldadı və onu vurdu; qapıdan bir arvadın üzü göründü və elə o saat da, yox oldu, çünki Çiçikov rahat yatmaq üçün, əynində nə vardısa hamısını çıxartmışdı. Qapıdan görünən üz ona bir qədər tanış gəldi. Bunun kim olduğunu xatırlamağa başladı, axırda yadına düşdü ki, bu ev yiyəsidir. Çiçikov köynəyini geydi. Onun paltarı qurudulmuş və təmizlənmişdi, gətirib yanına qoymuşdular. Geyinib güzgüyə yaxınlaşdı və yenə də elə bərk asqırdı ki, bu zaman pəncərəyə sarı gələn hind xoruzu – pəncərə yerə çox yaxındı – bəli, pəncərəyə sarı gələn hind xoruzu birdən öz dilində ona nə isə xortuldadı, yəqin ki: «Sağlam olun» deyirdi; Çiçikov da bunun qabağında onu axmaq adlandırdı. Sonra pəncərəyə yaxınlaşıb həyəti gözdən keçirdi: pəncərə elə bil lap toyuq hininə baxırdı; hər halda onun gözləri önündə olan ensiz həyət başdan-başa ev quşu və başqa ev heyvanları ilə dolu idi. hind toyuqlarının və toyuq-cücənin sayı-hesabı yox idi; xoruz hərdən pipiyini tərpədərək və bir şeyə qulaq asırmış kimi başını yana çevirərək, onların arasında ayaqlarını aramla ata-ata, lovğa-lovğa gəzişirdi. Bir donuz da bütün ailəsilə burada idi; o burnu ilə zibil yığınını eşələyirdi, elə bu arada bir cücəni də yedi; bunu hiss etmədən qarpız qabıqlarını da öz qaydası ilə ötürdü. Bu balaca həyətin və ya toyuq hininin taxta hasarı vardı, hasarın o üzündə böyük bir dirrik görünürdü; dirrikdə kələm, soğan, kartof, çuğundur və başqa tərəvəz əkilmişdi. Dirrikdə orada-burada alma və başqa meyvə ağacları gözə çarpırdı. Meyvələri sağsağandan və sərçədən qorumaq üçün ağacların üstünə tor atılmışdı. Sərçələr bulud kimi bir yerdən o biri yerə uçur, ağacların üstünə qonurdu. Meyvələri quşlardan qorumaq üçün, uzun payalar üstə, qolları açıq bir neçə uyuq da qoyulmuşdu. Onlardan birinin başına ev yiyəsinin çutqusu bağlanmışdı. Dirrikdən o yanda kəndli evləri görünürdü: onlar dağınıq halda tikilsə də, kəndin əməlli-başlı bir küçəsi olmasa da, Çiçikov oradakı kəndlilərin pis yaşamadıqlarını öz-özlüyündə təyin etdi, çünki bütün evlər səliqə ilə saxlanmışdı: hər yerdə taxtapuşların köhnəlmiş taxtaları təzə taxtalarla əvəz edilmişdi; darvazalar hamısı saz idi. Çiçikova sarı baxan üstüörtülü anbarların hər birində bir, bəzisində hətta iki araba vardı, özləri də deyirdin təp-təzədir. Çiçikov öz-özünə: «Onun kəndi heç balaca kənd deyil!» deyərək elə bu saat ev yiyəsilə yaxından tanış olub, söhbət etməyi qərara aldı. Çiçikov qapının arasından bayıra baxdı, – bayaq ev yiyəsi buradan başını içəri uzatmışdı, – gördü ki, o, çay süfrəsinin başında oturmuşdur. Üzünə şən və mehriban bir ifadə verərək otağa girdi.
Xanım ev yiyəsi yerindən bir balaca qalxaraq dedi:
– Xoş gördük, atam! Necə yatdınız? – O dünənkindən yaxşı geyinmişdi, əynində qara paltar vardı, gecə çutqusunu başından açmışdı, lakin boynuna, dünənki kimi, nə isə bağlamışdı.
Çiçikov kresloda oturaraq dedi:
– Yaxşı yatdım. Siz necə, ana?
– Pis yatdım, atam!
– Niyə?
– Yata bilmirəm. Belim ağrıyır. Ayağım da topuqdan yuxarı sız-sız sızıldayır.
– Yaxşı olar, yaxşı olar, anam. Buna fikir vermək lazım deyil.
– Allah eləsin ki, yaxşı olsun. Donuz yağı da sürtmüşəm, skipidar da çəkmişəm. Çayı nə ilə içmək istəyirsiniz? Şüşədə meyvə arağı var.
– Pis olmaz, anam, meyvə arağı ilə içərik.
Oxucu, Çiçikovun bu qarı ilə, üzdən mehribanlıq göstərsə də, Manilovla danışdığı kimi deyil, çox sərbəst danışdığını və qətiyyən çəkinmədiyini yəqin ki, hiss etmişdir. Bunu da demək lazımdır ki, bizim rus elində bəzi başqa məsələlərdə xaricilərə çata bilməsək də, rəftar etməyi bacarmaq məsələsində onları ötüb çox-çox qabağa getmişik. Bizim rəftarımızda olan bütün xüsusi cəhətləri və incəlikləri saymaqla başa gəlməz. Bir fransız ya bir alman nə qədər ömür sürsə də bu rəftarın bütün xüsusiyyətlərini və fərqlərini heç təsəvvür edə bilməz və başa düşməz. O, milyonçu ilə də, tütün satan xırda alverçi ilə də, ürəyində, əlbəttə, milyonçuya bir qədər alçaqlıq eləsə də, eyni səslə və eyni dillə danışacaqdır. Lakin bizdə elə deyil: bizdə elə aqil adamlar var ki, onlar iki yüz kəndlisi olan mülkədarla üç yüz kəndlisi olan mülkədarla danışdığı kimi deyil, tamamilə başqa cür danışacaqdır, üç yüz kəndlisi olanla da beş yüz kəndlisi olan kimi danışmayacaqdır, beş yüz kəndlisi olanla da səkkiz yüz kəndlisi olan kimi danışmayacaqdır, xülasə, lap milyona qalxsan da yenə də səslərdə və danışdıqda bir fərq olacaqdır. Məsələn, tutaq ki, burada yox, çox uzaq bir padşahlıqda bir dəftərxana vardır. həmin dəftərxanada tutaq ki, bir müdir vardır. Xahiş edirəm, siz ona öz qulluqçuları arasında oturanda bir baxın! Qorxudan cınqırını da çəkə bilməzsən. Üzündəki ifadəyə fikir verin: qürur və nəciblik! Eləcə fırçanı al şəklini çək; deyirsən bir Prometeydir, həqiqi bir Prometey! Baxışı qartal kimi, yerişi aslan kimi!.. Lakin həmin bu qartal, qoltuğunda kağız, öz otağından çıxıb rəisin kabinetinə yaxınlaşmağa başlayanda kəklik kimi elə səkir ki, gəl görəsən. Məclisdə və müsamirədə, gələn adamların hamısı kiçik rütbəli olsa, Prometey elə əvvəlki Prometey olub qalır, lakin orada rütbəcə ondan bir balaca böyük adam oldumu – Prometeydə elə bir dəyişiklik əmələ gəlir ki, bu heç Ovidinin də xəyalına gəlməz: dönüb bir milçək, milçək nədir, bir zərrə toz olur! Ona baxıb deyirsən: «Yox, bu İvan Petroviç deyil! İvan Petroviçin boyu uzundur, amma bununku alçaqdır, bu arıqdır; o ucadan danışır, səsi yoğundur, özü də heç gülmür, bu isə quş kimi civildəyir, elə hey gülür ha!» Yaxına gəlib görürsən ki, bəli, İvan Petroviç özüdür! Düşünərək öz-özünə deyirsən: «Bir allahın işinə bax!» Nə isə, yenə də öz qəhrəmanımızın yanına qayıdaq. Biz yuxarıda gördük ki, Çiçikov qarı ilə, heç bir təşrifat göstərmədən, heç çəkinmədən danışmaq qərarına gəlib; buna görə o çay fincanını əlinə aldı və ora meyvə arağı tökərək dedi:
– Ana can, sizin kəndiniz yaxşı kənddir. Neçə nəfər əhalisi var?
Ev sahibi:
– Səksənədək, atam, – bəlkə bir balaca az oldu, – dedi. – Ancaq ki, zəmanə xarabdır: keçən il də elə qıtlıq oldu ki, allah göstərməsin.
– Amma mujiklər üzdən çox yaxşı görünürlər, evləri də yaxşıdır. İcazə verin sizin familiyanızı bilim. Fikrim elə dağılıb ki… Gecə vaxtı gəldim…
– Koroboçka, kollej katibinin arvadı.
– Acizanə təşəkkür edirəm. Bəs adınız, atanızın adı?
– Nastasya Petrovna.
– Nastasya Petrovna? Yaxşı addır: Nastasya Petrovna. Mənim doğma xalamın da adı Nastasya Petrovnadır.
Ev yiyəsi soruşdu:
– Bəs sizin adınız nədir? Yəqin ki, siz, mən biləni, iclasçısınız?
Çiçikov qımışaraq:
– Yox, anam, – dedi, – mən biləni iclasçı deyiləm. Elə-belə, öz işlərimiz üçün gedirik.
– Hə, deməli ki, siz alıcısınız! Çox təəssüf ki, mən balı tacirlərə ucuzca satdım, amma, atam, sən yəqin ki, onu alardın.
– Yox, bal almazdım.
– Bəs nə alardın? Kəndir lifi? Axı indi mənim kəndir lifim də vardır: yarımca pud ancaq olar.
– Yox, anam, mən ayrı mal alıram; deyin görüm, sizin kəndlilərinizdən ölən olubmu?
Qarı ah çəkərək:
– Ah, atam, – dedi, – necə ölməyib, on səkkizi ölüb. Özü də elə yaxşıları ölüb ki, hamısı da işləyən. Düzdür, ondan sonra yenə doğub-törəyiblər, ancaq nə olsun ki: hamısı xırda-xuruş şeylərdir; o gün töycü yığan iclasçı gəlmişdi, deyirdi ki, baş vergisi ver. Ölənlərdən də istəyirdi: ölənlər ölüb-gedib, amma bunların da bir diri kimi vergisini ver! Keçən həftə mənim dəmirçim yandı. Özü də necə bacarıqlı dəmirçi idi! Çilingərlikdən də başı çıxırdı.
– Anam, yoxsa sizdə yanğın olmuşdu?
– Allah eləməsin, yanğın olsaydı daha pis olardı. Özciyəzi yandı, atam. İçərisindən odlanıb yandı, həddindən artıq içmişdi, bədənindən də göy-göy alov çıxırdı, yavaş-yavaş yandı, bütüncə yanıb kömür kimi qap-qara qaraldı. Amma heç bilirsən necə bacarıqlı dəmirçi idi! İndi mən heç yerə gedə bilmirəm: atları nallamağa adam yoxdur.
Çiçikov ah çəkərək:
– Bunlar hamısı allahın işidir, anam, – dedi, – özü bilən yaxşıdır, şükür onun dərgahına!.. Nastasya Petrovna, onları verin mənə.
– Kimi, atam?
– O ölənlər ki var, onları.
– Onları axı sizə necə verim?
– Elə beləcə. Ya da istəyirsiniz satın. Bunun üçün sizə pul verərəm.
– Necə axı? Mən heç bir şey başa düşə bilmirəm. Yoxsa istəyirsən onları qəbirdən qazıb çıxardasan?
Çiçikov gördü ki, qarı çox uzaqlara əl atır; məsələni ona başa salmaq lazımdır. Bir neçə kəlmə ilə izah etdi ki, bu ölülərin alqı-satqısı kağız üzərində olacaq və bunlar canlı adam kimi qeyd olunacaqdır.
Qarı gözlərini bərəldərək Çiçikova baxdı:
– Onlar axı sənin nəyinə lazımdır?
– Bu daha mənim öz işimdir.
– Axı onlar ölüdür.
– Axı kim deyir ki, onlar diridir? Elə ölü olduqları üçün də bundan sizə ziyan gəlir: siz onlardan ötrü töycü verirsiniz; mən isə sizi bu töycüdən xilas edərəm. Başa düşürsünüzmü; elə bircə xilas etmək deyil, üstəlik hələ sizə on beş manat da pul verəcəyəm. İndi aydın oldumu?
Ev yiyəsi uzada-uzada dedi:
– Vallah, bilmirəm. Mən axı hələ bu vaxta qədər heç ölü satmamışam.
– Yox, gəlin bir ölü də satın! Siz ölü satmış olsaydınız bu əcayib bir şey kimi görünərdi. Ya bəlkə siz elə güman edirsiniz ki, onlardan bir fayda ola bilər?
– Yox, mən bunu güman eləmirəm. Onlardan axı nə fayda ola bilər, fayda-zad olmaz. Ancaq məni çətinə salan budur ki, onlar axı ölüdürlər.
Çiçikov öz-özünə dedi: «Deyəsən yamanca qalın qafa arvaddır!»
– Qulaq asın, anam. Özünüz bir yaxşıca fikirləşin: siz axı talanıb-çapılırsınız, bu ölülərdən ötrü töycü verirsiniz, elə bil ki, onlar diridir…
Ev yiyəsi onun sözünü kəsdi:
– Ah, atam, bunu daha deməyin: heç belə şey olmaz! Üç həftə olar ki, yüz əlli manatdan da artıq aparıb vermişəm. Hələ iclasçının da ağzını yağlamışam.
– Bax, görürsünüzmü, anam. İndi daha bilin ki, bundan sonra iclasçının ağzını yağlamayacaqsınız, çünki ölülərin indi xərcini mən verəcəyəm, mən ey, siz yox! Qəbaləni də hətta öz pulumla yazıb düzəldərəm; başa düşdünüzmü?
Qarı fikrə getdi. O görürdü ki, bu sövdə deyəsən əlverişli bir sövdədir; bircə burası var ki, bu çox təzə və bu vaxta qədər heç görünməyən sövdə idi. Buna görə də bir şeydən bərk qorxmağa başladı: birdən bu alıcı onu aldatdı – onda necə olar! Kim bilir o haradan gəlib, özü də gecənin bir aləmində…
– Hə, anam, necə deyirsən, sövdəni başa çatdıraq? Allah xeyir versin?
– Düzü, atam, bu vaxta qədər elə bər ittifaq düşməyib ki, mən ölü satam. Diri adam satmışam: üç il olar ki, baş keşişə iki qaravaş qız satdım, hərəsini də yüz manata. Özü də mənə çox təşəkkür elədi, çox yaxşı qulluqçu çıxıblar – özləri salfetka toxuyurlar.
– İndi axı söhbət dirilərdən getmir. Diriləri qoyaq bir qırağa! Mən ölülərdən danışıram.
– Düzü, mən birinci dəfə belə bir şey satdığımdan qorxuram ki, birdən ziyan çəkərəm. Bəlkə, atam, sən məni aldadırsan, onların qiyməti… bəlkə sən verəndən bahadır.
– Bir qulaq asın, anam… siz nə qəribə adamsınız! Onların axı nə qiyməti ola bilər? Bir özünüz fikirləşin: onlar çoxdan çürüyüb toz-torpaq olub gedib. Başa düşürsünüzmü, toz-torpaq olub gedib! Siz lap gərəksiz bir şeyi götürün, məsələn, lap adicə bir əski parçasını, onun da özünə görə bir qiyməti var: onu heç olmasa kağız fabrikində alarlar, amma bu ölülər axı heç bir şeyə lazım deyil. Yaxşı, elə siz özünüz deyin: onlar axı nəyə lazımdır?
– Bunu lap doğru deyirsən. Onlar heç bir şeyə lazım deyil. Ancaq mənim qabağımı kəsən bircə şeydir: onlar axı ölüdür.
Çiçikovun səbri tükənirdi. O öz-özünə dedi: «Bu nə gönü qalın arvaddır! İndi bunu qandır da! Məlun qarı lap məni yorub tərlətdi!» O, cibindən yaylığını çıxarıb alnının tərini sildi. Ancaq Çiçikov nahaq yerə acıqlanırdı: bəzən eləsi olur ki, baxırsan, lap mötəbər bir adamdır, hətta dövlət adamıdır, amma işə gələndə görürsən ki, xaliscə bir Koroboçkadır. Beyninə bir şey girdimi – dünya yığılsa onu oradan çıxara bilməz. İstəyir ona lap gün kimi aydın sübutlar gətir, heç biri kar eləməz, hamısı, divara dəyən rezin top kimi, atılıb geri düşəcək. Çiçikov alnının tərini silərək bu qərara gəldi ki, qarıya başqa cəhətdən yanaşsın, bəlkə bu yol ilə ona təsir edə bildi.
– Anam, – dedi, – siz ya mənim sözlərimi başa düşmək. istəmirsiniz, ya da arada bir söhbət olsun deyə danışmaq xatirinə danışırsınız… Mən sizə on beş manat əskinas verirəm. Başa düşürsünüzmü? Bu, puldur axı. Bunu çöldən tapmaq olmaz. Düzünü deyin: balı neçəyə satdınız?
– Pudunu on iki manata.
– Anam, deyəsən bir balaca özünüzü günaha batırdınız axı. On iki manata satmamısınız.
– Vallah, on iki manata satmışam.
– İndi görürsünüzmü? Bu axı baldır. Siz onu bəlkə bir il yığmısınız: nə qədər zəhmət çəkmisiniz, əziyyət çəkmisiniz, çalışmışınız, o yan bu yana getmisiniz, arıları yorub əldən salmısınız, bütün qışı onları zirzəmidə yedirib bəsləmisiniz. Ölülərin işi axı belə deyil. Siz burada heç bir zəhmət çəkməmisiniz; onlar allahın əmrilə bu dünyadan köçüb getmişlər, bununla da sizin təsərrüfata ziyan vurmuşlar. Siz bal satanda çəkdiyiniz zəhmətin qabağında on iki manat almısınız. Amma burada heç nə üçün, lap havayıca yerə pul alırsınız, özü də on iki manat yox, on beş manat, hamısı da göm-göy əskinas, gümüş pul yox! – Bu cür möhkəm dəlillərdən sonra Çiçikov qarının razı olacağına şübhə etmirdi.
Qarı dedi:
– Düzü mən təcrübəsiz dul arvadam, belə şeylərdən başım çıxmaz! Yaxşısı budur ki, bir balaca gözləyim, bəlkə tacirlər şey almağa gəldi, görüm onlar nə verir, qiyməti öyrənim.
– Ayıbdır, anam, ayıbdır! Vallah ayıbdır! Gör axı nə danışırsınız, bir özünüz fikirləşin! Axı onları kim alacaq? Onlar kimin nəyinə gərəkdir?
– Bəlkə də təsərrüfatda bir şeyə yaradı… – Qarı sözünü qurtarmadı, ağzını açaraq qorxa-qorxa qonağa baxdı: bu sözün qabağında onun nə deyəcəyini bilmək istəyirdi.
– Ölülər təsərrüfatda?! Bu harada eşidilib? Bəlkə gecələri sizin bostanda sərçələri qovmaq üçün lazım oldu?
Qarı xaç vuraraq dedi:
– Allah, bizə rəhmin gəlsin! Gör bu nə dəhşətli şeylər danışır!
– Siz onları daha nə işə qoymaq istərdiniz? Burasını da nəzərə alın ki, onların sümükləri də, qəbirləri də – hamısı sizə qalacaq, nə işdə lazım olsa istifadə edərsiniz; ancaq kağız üzündə onlar mənim adıma keçəcək. Burada nə var axı? Hə? Heç olmasa cavab verin!
Qarı yenə də fikrə getdi.
– Nastasya Petrovna, siz axı nə barədə fikirləşirsiniz?
– Düzü heç özüm də bilmirəm ki, nə qayırım. Yaxşısı budur ki, mən sizə kəndir lifi satım.
– Mən axı kəndir lifini neynirəm? Bağışlayın, mən sizdən ayrı şey istəyirəm, amma siz mənə kəndir lifi soxuşdurursunuz! Kəndir lifi öz yerində; bir də gələndə kəndir lifi alaram. Hə, nə deyirsiniz, Nastasya Petrovna?
– Vallah, mal elə qəribə maldır ki! Heç bilmirəm nə deyim.
Bu sözdən sonra Çiçikovun səbri lap tükəndi, stulu acıqlı-acıqlı yerə çırpıb qarını iblisin adı ilə yamanladı.
Qarı iblis adını eşidəndə bərk qorxdu. Rəngi ağappaq ağardı, qışqıraraq dedi:
– Ah, onun adını çəkməyin, allah ona lənət eləsin! Dünən yox israğa gün bütün gecəni məlun mənim yuxumdan çıxmadı. Axşam ibadətindən sonra kartda fala baxmaq fikrinə düşdüm, görünür bunun cəzasını vermək üçün allah onu göndərmişdi. Elə də murdar idi ki!.. Buynuzları öküz buynuzundan da uzun idi.
– Mən buna təəccüb eləmirəm. Mən ona təəccüb eləyirəm ki, niyə yuxunuza bir iblis girir, əlli-altmışı girmir! Mən ancaq xristianlıq insanpərvərliyi cəhətdən deyirdim: görürəm ki, yazıq dul arvad əziyyət çəkir, ehtiyac içindədir… Yoxsa o kəndin də yerə batsın, sən də üstəlik!
Qarı qorxa-qorxa ona baxıb dedi:
– Ah, sən nə yaman qarğış eləyirsən!..
– Sizə daha ayrı nə deyəsən axı! Deməyə söz tapmıram! Vallah, lap elə bil, lətifəsi sizə getməsin, taya üstə yatan bir qapı iti kimi: nə özü yeyir, nə də özgəsinə verir. Mən sizdən ayrı məhsullar da alardım, çünki mən hökumət üçün də mal alıram… – Çiçikov burada heç düşünmədən ötərki bir yalan demişdi, lakin bu, heç gözlənilmədiyi halda çox yerində deyilən bir yalandı. Hökumətə mal almaq məsələsi Nastasya Petrovnaya çox bərk təsir elədi, bunu onun səsindəki ifadədən bilmək olurdu: o az qala yalvarışlı bir səslə dedi:
– Niyə axı sən belə hirslənirsən? Əvvəldən mən bilsəydim ki, sən belə hirslisən, heç sənin sözünü iki eləməzdim.
– Bundan ötrü də adam hirslənər! Bu ki heç çürük qoza da dəyməz, durub hələ bir bunun üçün hirslənəcəyəm də!
– Yaxşı da, buyur, mən on beş manat əskinas pula verməyə razıyam. Ancaq, atam, hökumət üçün mal almaq məsələsində məni yaddan çıxartma ha: əgər işdi, çovdar unu, qarabaşaq unu, yaxud yarma, ya da ətliyə qaramal almalı olsan, sən allah mənim ürəyimi sındırma.
– Yox, anam, ürəyini sındırmaram, arxayın ol! – Çiçikov bunu deyir, eyni zamanda əli ilə üzünün tərini silirdi: tər ondan sel kimi axırdı. Sonra o, qarıdan şəhərdə qəbaləni və bütün başqa işləri sahmana salmaq üçün vəkil edə biləcəyi inanılmış bir adamı yaxud bir tanışı olub-olmadığını soruşdu.
Qarı dedi:
– Necə yoxdur, var! Baş keşiş Kirilin oğlu palatada qulluq eləyir.
Çiçikov ondan həmin adamın üstünə bir vəkalət məktubu yazmasını xahiş etdi və qarını bu əziyyətdən xilas etmək üçün hətta bu məktubu özü yazmalı oldu.
Qarı isə bu zaman öz-özünə düşünürdü:
«Hökumət üçün bu adam məndən un və qaramal alsaydı yaxşı olardı. Bunun ağzını yağlamaq lazımdır: dünən axşamdan hələ də xəmir qalıb, gedim Fetinyaya deyim ki, blinı bişirsin, yaxşı olar ki, mayasız xəmirdən yumurtalı qutab da büksün; o çox yaxşı qutab bükür, bir də ki, vaxtı da az aparır». Qarı qutab bükmək məsələsi haqqında öz fikrini yerinə yetirmək üçün otaqdan çıxdı, yəqin buna o, ev çörəkxanasında və mətbəxində hazırlanan başqa məmulat da əlavə etmək fikrində idi. Çiçikov da öz mücrüsündən lazımi kağızlar çıxarmaq üçün, gecə yatdığı otağına getdi. Otaq çoxdan yığışdırılıb sahmana salınmışdı, gözəl pərqu döşəkləri aparmışdılar, divanın qabağına üstünə süfrə salınmış stol qoyulmuşdu. Çiçikov mücrünü stolun üstünə qoyub bir az yorğunluğunu aldı: o başdan-ayağa tər içində idi, elə bil ki, çaya düşmüşdü, əynində nə vardısa köynəyindən tutmuş corabına kimi – hamısı yaş idi. «Bu məlun qarı məni lap yorub əldən saldı!» deyərək bir az dincəldi, sonra mücrünü açdı. Elə oxucu var ki, o hər şeylə maraqlanır, hətta bu mücrünün planı və daxili quruluşu ilə də tanış olmaq istəyir, – müəllif buna əmindir. Yaxşı da, madam ki, maraqlanan var – niyə onların arzusu yerinə yetirilməsin?!. Mücrünün daxili quruluşu belədir: onun lap ortasında sabun qabı, sabun qabının dal tərəfində, ülgüc qoymaq üçün, beş-altı ensizcə göz, qum qabı və mürəkkəbqabı qoymaq üçün kvadrat şəkilli yuvacıqlar, onların arasında lələk qələm, surğuc və başqa uzun şeylər qoymaq üçün qayıq şəklində bir oyuq, bundan başqa da qısa şeylər qoymaq üçün qapaqlı və qapaqsız gözlər vardı; bu gözlər, yadigar olaraq saxlanılan vizit, dəfn vərəqləri, teatr biletləri və dəvətnamələrlə dolu idi. Mücrünün bu qədər gözləri və yuvacıqları olan üst hissəsi çıxarılırdı; onun altındakı boşluğa dəst-dəst yazı kağızı qoyulmuşdu, bundan sonra da mücrünün böyründən çəkilərək açılan balaca bir gizli daxıl vardı. Mücrünün sahibi bu daxılı elə cəld çəkib və yenə də yerinə basardı ki, orada nə qədər pul olduğunu heç kəs görə bilməzdi.
Çiçikov dərhal işə girişdi və lələk qələmin ucunu vurub yazmağa başladı. Bu zaman ev sahibəsi içəri girdi.
O, Çiçikovun yanında oturaraq dedi:
– Əcəb qutun var, atam, yəqin Moskvada almısan, eləmi?
Çiçikov yaza-yaza:
– Hə, Moskvada, – deyə cavab verdi.
– Mən bunu o saat bildim: Moskvada hər şeyi yaxşı qayırırlar. İnişil bacım oradan uşaqlara qış çəkməsi gətirmişdi: elə möhkəm çəkmələrdi ki, uşaqlar hələ indi də geyirlər. – Mücrünün içinə göz gəzdirib sözünə davam etdi: – Ay aman, sənin burada nə çox gerbli kağızın var! – Doğrudan da mücrüdə xeyli gerbli kağız vardı. – Bircəciyini mənə bağışlasana! Bu mənə çox lazım olur: bir də görürsən ki, məhkəməyə ərizə yazmaq lazım gəlir, amma yazmağa kağız tapmıram.
Çiçikov onu başa saldı ki, bu elə kağız deyil, bu qəbalə üçündür, ərizə üçün deyil. Eyni zamanda, qarını sakit eləmək üçün, ona bir manat qiyməti olan bir vərəq kağız verdi. Vəkalətnaməni yazıb qurtardıqdan sonra qarıya qol qoydurdu və ölülərin siyahısını verməsini ondan xahiş etdi. Lakin məlum oldu ki, qarı ölənləri qeyd etmirmiş və heç bir siyahı da tutmurmuş, hamısını əzbərdən bilirmiş. Ölülərdən bəziləri öz familiyaları, familiyalarından daha çox öz ləqəbləri ilə Çiçikovu bir qədər heyrətə saldı, belə ki, o hər dəfə bu adlardan birini eşidəndə əlini saxlayır, sonra yenə də yazmağa başlayırdı. Xüsusilə Pyotr Savelyev Neuvajay-Korıto adı onu heyrətə saldı və o istər-istəməz dedi: «Pa atonan, nə uzundur!» Bir başqasının da adına «Korovi kirpiç» ləqəbi qoşulmuşdu, birinin də adı eləcə Koleso İvan idi. Çiçikov siyahını tutduqdan sonra havanı qoxuladı və yağda qızardılmış isti bir şeyin iyini duydu.
Qarı dedi:
– Acizanə rica edirəm, buyur ye!
Çiçikov dönüb gördü ki, süfrəyə göbələk, qutab, qayğanaq, şorçörəyi, fəsəli, blinı və kökə qoyulmuşdur. Hamısı da cürbəcür şeylərlə bişirilmişdir: biri soğanla, biri xaşxaşla, biri süzmə ilə, birinin də üstündə şimal balığı vardı, bundan başqa burada daha nələr yox idi!
Qarı dedi:
– Bax, bu yumurtalı qutabdır.
Çiçikov özünü yumurtalı qutaba verdi və elə o saat qutabın yarıdan çoxunu yeyib təriflədi. Qutab doğrudan da ləzzətli idi, qarı ilə olan söz-söhbətdən və alverdən sonra o daha ləzzətli göründü.
Qarı dedi:
– Bəs blinı?
Çiçikov buna cavab olaraq blinının üçünü birdən bükdü, ərinmiş yağa batırıb ağzına qoydu, dodağını və əllərini xörək dəsmalı ilə sildi. Bunu üç dəfə təkrar etdikdən sonra qarıdan briçkanı qoşdurmasını xahiş etdi. Nastasya Petrovna elə o saat Fetinyanı göndərdi, qayıdanda isti blinı gətirməsini ona tapşırdı.
Çiçikov Fetinyanın gətirdiyi blinıları yeyə-yeyə dedi:
– Sizin blinılarınız, anam, çox ləzzətlidir!
Qarı:
– Bəli, – dedi, – bizdə blinını yaxşı bişirirlər. Ancaq dərd burasındadır ki, bu il yaxşı məhsul olmayıb, unumuz çox da yaxşı deyil… – Çiçikovun kartuzu götürdüyünü görüb əlavə etdi: – Nə olub, atam, niyə belə tələsirsiniz? Briçkanı hələ heç qoşmayıblar.
– Qoşarlar, anam, qoşarlar.
– Siz allah, hökumət üçün tədarük məsələsində məni yaddan çıxartmayın.
Çiçikov:
– Çıxartmaram, çıxartmaram! – deyə-deyə dəhlizə girdi.
Qarı onun ardınca gedə-gedə soruşdu:
– Bəs donuz piyi almırsınız?
– Niyə almıram. Alıram. Ancaq sonra.
– Milad bayramında mənim donuz piyim də olacaq.
– Alarıq, alarıq, hər şey alarıq, donuz piyi də alarıq.
– Bəlkə quş tükü gərək oldu. Filippov pəhrizində13 mənim quş tüküm də olacaq.
– Yaxşı, yaxşı.
Artırmaya çıxanda qarı dedi:
– Görürsən ki, atam, hələ sənin briçkan heç hazır deyil.
– Hazır olar, olar. Siz ancaq mənə deyin görüm: buradan baş yola necə gedib çıxmaq olar?
Qarı dedi:
– Bunu sənə necə deyim? Deməklə çətin başa düşmək olar: yol ayrıcları çoxdur. Yaxşısı budur ki, sənə bir qız qoşum, o yolu sənə göstərər. Yəqin ki, onu oturtmaq üçün qozlada yer olar.
– Necə olmaz, əlbət ki, olar.
– Yaxşısı budur mən sənə bir qız qoşum, o, yola bələddir. Ancaq sən onu götürüb aparma ha! Tacirlər bir beləsini aparıblar.
Çiçikov qızı aparmayacağına söz verdi, Koroboçka da arxayın olub həyətdə olan hər şeyi nəzərdən keçirməyə başladı: ərzaq ambarından ağac küpədə bal gətirən ambarçıya gözlərini zillədi, darvaza qabağında görünən mujikə baxdı və yavaş-yavaş tamamilə təsərrüfat işlərinə daldı. Lakin Koroboçka ilə nə üçün bu qədər məşğul olaq? Koroboçkamı, Manilovmu olsun, təsərrüfat işlərimi olsun, ya qeyri-təsərrüfat işləri olsun – bizim nəyimizə gərək? Dünyada əcayib olan bunlar deyil, əcayib odur ki, şən görünən bir şeyə çox diqqət yetirdikdə o dərhal dönüb kədərli olur və allah bilir adamın başına nə kimi fikirlər gəlir, hətta bəlkə düşünməyə də başlayırsan ki: yaxşı, doğrudanmı Koroboçka hədsiz-hesabsız dərəcəsi olan insan kamalının ən aşağı pilləsində durmuşdur? Doğrudanmı, bu Koroboçka ilə, çuğun pilləkanları, parlaq mis əşyaları, qırmızı ağacdan qayrılmış mebelləri, xalçaları olan aristokrat evinin əlçatmaz divarları arasında yaşayan, ağıllı sözlər danışılan kübar məclisinə gedəcəyini gözləyərək yarımçıq qoyduğu kitaba baxa-baxa əsnəyən bacısı arasındakı uçurum bu qədər dərindir? Həmin o kübar məclisin ki orada onun öz zəkasını göstərməsinə, əzbərlənmiş fikirlər və sözlər söyləməsinə geniş sahə açılacaq; elə fikirlər və sözlər ki, onlar dəb qanunları üzrə düz bir həftə şəhəri məşğul edir, həm də bu fikirlər və sözlər, təsərrüfat işlərini bilməmək nəticəsində pozğun bir hala düşmüş ev və malikanə haqqında deyil, Fransada hansı bir siyasi çevrilişin hazırlanması, dəbə düşmüş katolisizmin hansı bir istiqamət alması haqqındadır. Lakin bunlar bizim nəyimizə gərək! Nə üçün bunlardan danışaq? Ancaq nə üçünsə fikirsiz, şən, qayğısız dəqiqələrdə birdən gözəl bir hal duyulur: hələ üzdən gülüş izləri tamamilə silinməmiş bir də görürsən ki, yenə elə həmin adamların içində, həmin üz başqa bir hal aldı və başqa cür gülümsədi…
Çiçikov nəhayət öz briçkasını görüb bərkdən dedi:
– Bu da briçka, bu da briçka! Axmaq, bu vaxta kimi harada idin? Görünür dünənki sərxoşluq hələ sənin başından tamam çıxmayıb.
Selifan heç bir söz demədi.
– Sağlıqla qalın, anam! Yaxşı, bəs sizin qız hanı?
Artırmanın yanında on bir yaşlı, ayaqyalın bir qız durmuşdu; onun əynində evdə toxunma, boyanmış kətan don vardı, ayaqlarına da o qədər palçıq yapışmışdı ki, uzaqdan onun uzunboğaz çəkmə geydiyini zənn etmək olardı. Mülkədar qarı ona dedi:
– Ay qız, Pelageya! Ağaya yolu göstər.
Selifan qızın qozlaya qalxmasına kömək etdi: qız bir ayağını, ağanın ayağını qoyduğu pilləyə qoyub, əvvəl oranı palçığa buladı, sonra yuxarı dırmaşıb Selifanın yanında oturdu. Qızdan sonra Çiçikov ayağını pilləyə qoydu və bir az ağır olduğundan briçkanı sağ tərəfə əydi və nəhayət briçkaya minib dedi:
– Hə! İndi yaxşı oldu! Sağlıqla qalın, anam.
Atlar tərpəndi.
Selifan bütün yolu çox ciddi və qaşqabaqlı idi, eyni zamanda öz işinə çox diqqət yetirirdi: o həmişə ya bir günah iş tutandan, ya da sərxoşluqdan sonra belə olurdu. Atlar çox yaxşı yuyulub qaşovlanmışdı. Onlardan birinin boyunduruğu bundan qabaq həmişə yırtıq-sökük olduğundan gönün altından kilkəsi görünərdi, indi isə çox məharətlə tikilmişdi. Selifan dinib danışmırdı, ancaq qamçısını şaqqıldadırdı, atlara da heç bir öyüd-nəsihət vermirdi, lakin ala at, əlbət ki, belə bir öyüd-nəsihət eşitmək istərdi, çünki bu zaman həmişə danışqan sürücü cilovları əlində boş tutar, qamçını ancaq görüntü üçün atların üstündə oynadardı. İndi isə onun ağzından ancaq yeknəsəq, xoşa gəlməyən bu sözlər eşidilirdi: «Hə, qarğa, hə! Əsnə! Əsnə!» Hətta kəhər at özü də, İclasçı da narazı idi, çünki onlar bircə dəfə də olsa nə «əzizlərim», nə də «hörmətlilər» sözünü eşitməmişdilər. Ala at dolğun və enli yerlərində çox pis zərbələr hiss edir, qulaqlarını bir qədər tərpədərək düşünürdü: «Gör bir necə özündən çıxıb! Özü də hara vurmağı da bilir! Düz belə vurmur, seçir, hara naziksə ora vurur: ya qulağa zollayır, ya da qarın altına ilişdirir».
Selifan əlindəki qamçı ilə təravətli, yaşıl çöllər arasında görünən və yağışdan qaralan yolu göstərərək, soyuq bir ifadə ilə yanında oturan qızdan soruşdu:
– Sağa dönəcəyik?
Qız:
– Yox, yox, vaxtı gələndə göstərəcəyəm, – deyə cavab verdi.
Briçka haman yerə yaxınlaşanda Selifan soruşdu:
– Bəs hara?
Qız əli ilə o tərəfi göstərərək:
– Bax ora! – deyə cavab verdi.
– Ay hay! Bu elə sağ tərəfdir də! Buna bax, sağı ilə solunu tanımır!
Hava yaxşı da olsa yer çox palçıq idi, az vaxtda çarxlara o qədər palçıq yapışmışdı ki, elə bil onlara keçə dolamışdılar, bu isə ekipajın hərəkətini xeyli ağırlaşdırmışdı; həm də torpaq gilli və saqqız kimi idi. Buna görə onlar günortaya kimi kənd yolundan çıxa bilmədilər. Qızsız bu da çox çətin olacaqdı, çünki yollar, kisədən boşaldılmış xərçəng kimi, hər tərəfə yayılmışdı, Selifan da, indi daha özündən asılı olmayaraq, bu yolları ölçə-ölçə qalacaqdı. Çox keçmədi ki, qız uzaqda qaralan bir tikintini əli ilə göstərərək dedi: