Kitabı oku: «Xəmsə», sayfa 5
Belə bir aşiqi qəm öldürdü. Biz bundan ibrət almasaq, necə insanıq?
Bu ölümdən çox bərk qəmlənmisən. Ölüb, ondan yenə əl götürmürsən. Birini dərddən öldürüb, sonra da qüssələnmək nə gərək? Onun torpağında yüz dəfə əyləşsən, gözün bir də onu görəsi deyil.
… Həyatın sonu ölümdür, bunu kim bilmir? Heç kəs dünyada əbədi yaşamaz. Sən bir günəş idin, o, bir ulduz. Günəş doğan zaman ulduz görünməz.
Sən bir sübh idin, o isə bir çıraq. Sübh olanda işığı kim yandırar?
Sən bir şamsan, o isə sərxoş pərvanə. Pərvanə oda yansa, yaxşıdır.
… Gözəllik var ikən qoy xal olmasın. Bədirlənmiş ay var, qoy hilal sınsın. Fərhad öldü getdi, Şirin, sən sağ ol!”
Xosrov məktubu qasidə verdi. Qasid məktubu verəndə Şirinin üzü sevindiyindən aya döndü. Məktubun üç yerindən öpüb onu açdı, diqqətlə oxudu. Müşk ilə sülənmiş ciyərlər, zəhərlə qarışmış şəkərlər gördü. Bu kilimlərin üzü ipəkdəndi, şəkərdən şirin zəhərli şərbətdi. Nə şərbət içməyə həvəsi vardı, nə də coşub qızmağın yeri vardı. Tənəli sözlər onu çox incitdi. Amma birtəhər uddu.
MƏRYƏMİN ÖLÜMÜ MÜNASİBƏTİLƏ ŞİRİNİN XOSROVA TƏNƏLİ MƏKTUBU
Dünyanın işini yaxşı düşün! Nə əksən, onu da biçərsən. İstər yaxşı iş gör, istər pis, inan ki, bu qoca dövran onları unutmaz.
Şah guya Fərhadın ölümündən qəmgin olub Şirinə acı bir məktub yazandan sonra Məryəm şahlığı da sona yetişdi. Allahın hökmü ilə olan bir işdi: Məryəmin vücudu da bu dünyadan köçdü. Şah adına hörmət, ehtiram eləyib onun üçün bir ay yas saxladı. Hörmət üçün bir ay taxta çıxmadı. O qara bəxt üçün qara paltar geydi.
Bu xəbər Şirinə həm sevinc, həm də kədər gətirdi. Bir yandan düşündü: “Ölümü bu pak könlümü həsəddən qurtardı”. Bir yandan da qəmlənib ah çəkirdi: “Mənim üçün də belə bir gün var, eyvah!”
Şirin Xosrovun xatirinə qəsrində bir ay işrət düzəltmədi. Bir ay keçəndən sonra yaradan tikan çıxdı. Dünya qəm qubarından azad oldu. Yenidən arzusu ayağa qalxdı. Katib şaha cavab yazmaq üçün əlinə qələm aldı. Şirin kəlmələri düzə-düzə sözləri qaydaya saldı. Allahın adıyla sözə başladı: “Balıqdan ayadək bütün cahan onundur. Bil ki, hər şey ona əyandır. Torpaq şahın gəlinini aldısa, nədən qorxacaq, gəlinləri çoxdur. Belə dostluqlardan şah tez doyandır. Şahın ondan yaxşı həmdəmi yoxsa, tez doyan könlün bundan nə qəmi? Ey qəlbi nazik şah, bundan incimə. Xəzinə torpaqda gizli olsa, xoşdur. Qəm çəkmək çətindir, sən qəm eyləmə, torpaq da qəmdən həzər eləyir.
… Bəsdir, qan ağlama, keyfinə başla. Bu qəmi boşla, qəmə tutularsan. Quruyan çeşmə üçün bir belə yanma. O gövhər getdisə, dərin qəm eləmə. Sən mədənsən, gövhərin çoxdur. Çöldə ceyran çoxdur, demə ki, tapılmaz. Əgər gül yox oldusa, tikanda nə var? Yenə xoş bahar gələndə güllər açar. Bir büt əskik oldu, Kəsra sağ olsun. Məryəm üçün qəm yemə, İsa sağ olsun!”
ŞİRİNİN MƏKTUBUNUN XOSROVA ÇATMASI
Şah məktubu açaraq oxuyanda o şirin sözlərdən çox heyran oldu. Dedi:
– Bu, hərb deyil, mənə cavabdır. Kəsək atdığın kəs sənə daş atar. Mənim məktubumun cavabıdır. Lazım olan şeyi artıq eşitdim.
Yenidən Şirindən şəkər istədi. Məryəm öldü, sanki gündüz parladı. Xurma tumsuz, şam da tüstüsüz oldu. Şirinə yağlı söz göndərdi. Düşündü ki, bəlkə, yumşalar.
İtaətkar gözəl fərmanı xəstələr dərman qəbul edən sayaq aldı. Düşündü ki, Xosrov yəqin ədəb gözləyər, onu yaxşılıqla istəyər. Adam göndərib kəbin kəsdirər. Şirin də saraya gəlin kimi gedər.
Şirinə hiylə təsir eləmirdi. Naz tük qədər də azalmırdı. O nazdan, qəmzədən yorulan şah başqa tədbirə əl atdı.
XOSROVUN PADŞAHLIQDAN LƏZZƏT ALIB KEF MƏCLİSLƏRİ DÜZƏLTMƏSİ
Dünya Xosrov kimi şah görməmişdi. Hüzurunda qəbul başlayanda insanlar cərgə-cərgə dayanardılar. Qayda belə idi ki, birinci cərgədə varlılar, ikinci sırada yoxsullar durardı. Üçüncü sırada əlil qarı və qocalar, dördüncüdə dustaqlar dayanardılar. Sonuncu sırada dayanan qatillər lal-dinməz dayanar, ümidsiz qalmasın deyə qarşıda əfv əmri asardılar.
Gözətçi hamıya birdən deyərdi:
– Arxanda dayanan cərgəyə bax!
Varlı olan yoxsulu görüb bu hala çox şükür edirdi, yoxsulun gözünə xəstə dəyəndə xəstə olmadığına şükür edirdi. Dustaq görən xəstə azad olmağına şükür edirdi. Dustağın gözünə qatil dəyəndə özü özünə xoşbəxt görünürdü. Qatil görəndə ki əfv ümidi var, şükür edib deyirdi ki, bəlkə, canı qurtarar.
Xosrovun ürəyi xeyli şad idi. Ölkəsi abad və şən olması ilə Misiri xatırladırdı. Taxtının dörd bir yanında şahlar səcdədə idilər…
Dünyanı heç kəs təkbaşına tutmaz. Ağıllılar bilir ki, hər kəs tək yesə, təklikdə də ölər, onu dost-aşna görməz. Çay suyu olsa da, sən onu tək içmə, dəniztək acı və qılıqsız olarsan.
İSFAHANLI ŞƏKƏRİN ƏHVALATI
– Kef məclislərindən birində Xosrov üzünü yaxın adamlara tutaraq:
– Mənə layiq bir gözəl hardan tapmaq olar? – dedi.
Məclisdəkilərin hərəsi bir yer adı çəkdi. Nəhayət, bir nəfər İsfahanda yaşayan gözəl Şəkər haqqında danışdı.
Xosrov Şəkərlə görüşmək qərarına gəldi. İsfahana yollandı. Onlar görüşdülər. Xosrov gecəni orada qaldı.
Ertəsi gün ayrılanda Şəkər onun ağzından pis qoxu gəldiyini bildirdi və çarəsini də dedi.
Bir qədər sonra Xosrov yenə İsfahana gəldi. Ayrılarkən soruşdu:
– Mənim kimi bir qonağın olubmu?
Şəkər keçən il ona bənzər bir qonağı olduğunu dedi və eybini xatırlatdı. Xosrov:
– Özgələrə eyib tutunca öz eybini gör, – dedi, – kim gəlirsə, qonaq saxlayır, hamı ilə açıq-saçıq davranırsan.
Şəkər həqiqəti açıb söylədi. Bildirdi ki, o, təmizdir, heç kəslə vaxt keçirmir. Gələn qonaqların qəbulu zamanı isə kənizlərindən istifadə edir.
Xosrov Şəkərlə evləndi. Ancaq Şirini heç cür unuda bilmir, gecə-gündüz onun xəyalı ilə yaşayırdı.
ŞİRİNİN YALQIZ QALIB AH-ZAR ETMƏSİ
Xosrov bilirdi ki, Şapur həmişə Şirinin dərdini yaxşı ovudur. Şirin daha da darıxsın deyə əmr etdi ki, Şapur dərgaha gəlsin.
Şirin öz qəsrində tək qalan zaman gözündən parlaq ləltək yaş tökdü.
Bir gecə kədər qəlbini çox sıxdı. Gecə qaranlıqdı. Sanki dağın üstünə qara qarğa qonmuşdu.
… Şirinin ürəyi dara çəkilib, çırağı gecətək qara olmuşdu. Tənhalıqdan elə təngə gəlmişdi ki, dərdindən aləmlə çəngə girirdi.
… Şirin o gül üzünü yerə sürtdü, zarıyıb tanrıya sözünü dedi:
– Ey tanrı, gecəmə bir nəhayət ver, mənə gündüz kimi qalibiyyət ver. Qəmim şir kimi ərləri öldürər. Qoy qəmə şadlıq kimi qalib gəlim. Bu dar zindana heç taqətim yoxdur. Məni ləltək daşdan çıxarsana?
… And verirəm yetim ahu-zarına, məzlum qocaların fəryadlarına, miskin qəriblərin yatdığı yerə, quyu dibindəki ac əsirlərə, “Adil allah!” – deyə çağıranlara, əfvlər diləyən çox günahkara, təmiz dindarların saf niyyətinə, peyğəmbərlərin qüdsiyyətinə.
… Özün bu qəmli qəlbimə qəmxar ol, bu qəm girdabından canımı qurtar.
O təmiz ürəkli tanrıya yalvardı, öz göz yaşıtək torpaqlara düşdü.
Yaradan tutqun könlünü açdı, dəmir açarını daşdan çıxardı.
Dodağından qopan o yalvarışlar Xosrovun qəlbini tar-mar etdi.
XOSROVUN OVA GETMƏSİ VƏ ORADAN ŞİRİNİN QƏSRİNƏ AT ÇAPMASI
Aləm qızıl bayrağını açanda qəm dağılmış qoşuntək qaçıb getdi. Xosrov bu zaman ov eşqinə düşdü. Artıq bəxtindən şikayəti yoxdu. Şirinin üzütək uğurlu bir gündə Xosrov Şəbdizin belində çölə çıxdı. Şeypur, nağara səsləndi. Sanki yer göytək lərzəyə gəldi. Dəstənin başında Xosrov dururdu. Ətrafında isə piyada, şahlar, əyanlar gedirdi. Qaşları açıqdı, Keyqubad tacını əyri qoymuşdu. Yüksəklərə ucalmış Gaviyan bayrağı şahın üzünə kölgə salmışdı.
Qoşun nizamlayan dara düşmüşdü. Şahənşahın hara gedəcəyini bilmirdi. Birdən cahangir üz tutub əmr etdi:
– Bir neçə gün ova çıxmaq gərəkdir.
Təbilçilər çalan zaman ov quşları yerindən qalxdı. Qaraquş bir həftə rahat olmadı. Hər eniş, yoxuş bir ovlağa döndü. Xosrov hər gün durmadan ovlayır, hər gün bir başqa cür ov düşünürdü. Hər səhər başqa bir ovlağa keçir, ovlayıb-quşlayıb gedirdilər. Ov zamanı Xosrov kimsə duymadan Qəsri-Şirin tərəfə rəvan oldu. Qəsrə bir az qalmış atı buraxdı. Qışın soyuğu idi, yellər əsirdi. Şaxtanın gücündən hər yan donmuşdu, ipək sular qılınc olurdu.
… Kənizlər Şirinə xəbər yetirdi:
– Ey bixəbər, bil, Xosrov təkcə gəlib!
İsmətli Şirin bədnamlıqdan qorxdu. Bu vaxtsız gəlişdən çox qəmgin oldu. Əmr etdi, bir anda hasar bağlandı, qapıda qarovulçular qoyuldu. Kənizə, qulama bir-bir əmr etdi ki, şahı qəbul üçün tədbir görsünlər. Buyurdu ki, qızıldan şabaş səpsinlər. Şahın gəldiyi yollara daş-qaş səpilsin. Şah gələn yollara göndərilən adamlar yolları xalça, palazla tamam bəzədilər.
Özü də bir ay kimi qəsrin üstünə çıxdı. Gözləri yolda, qulağı səsdə idi. O parlaq səhər toz içindən çıxdı, palçıq ev sərasər gülşənə döndü. Şirin şahın sərxoş gəldiyini görəndə taqəti kəsildi, dərin bir ah çəkdi. Dedi:
– Əgər otağıma qoymasam, ayrılıq yarası məni məhv edər. Tünlükdən çəkilib bir az yumşalsam, Biycətək dünyada rüsvay olaram.
Şah gələndə bütün gözətçi, qulam yollara tamam zər, ipək səpdilər. Xosrov gül rəngli o ipək xalılar üstə at sürərək qəsrə yetişdi. Qəsrin qapısını bağlı görəndə heyran qalıb ürəyi bəndə düşdü. Bir quldan soruşdu:
– O gümüş bədən nədən bizi qapıda saxladı? Şirin məndən nə acılıq gördü ki, qəsrin qapısını belə bağlayıb. Get söylə ki, şah deyil, qul gəlib. Sənə peyğamı var, uzun yol gəlib. Yanına qərib bir qonaq gəlmişdir. Gəlsin, gəlməsin? Qapını aç, şaham, aləm hökmümdədir. Üzr istəmək üçün özüm gəlmişəm. Əgər burda çox qalmağımı istəmirsən, səni ayaqüstə görməyim də yetər.
Şah beləcə zarıyaraq danışırdı. Şirin qulaq asır, min ah çəkirdi. Sonra bir dil bilən kəniz çağırdı, dedi:
– Tez ol, xidmət üçün ora get. Görürsən, odur, ipək çadır götür. Bu qəsr eyvanının qabağında qur. Çadır ətəyini bir qədər qaldır. Sonra da şahənşaha de ki, qəsrin gözəli yox, bu evin qulu deyir qonağımsa, naz eləməsin, bir az səbir eyləsin. Məsləhət belədir. Söhbət üçün eyvana çıxaram.
Şirini bir həya təri basmışdı. İstəmirdi ki, şaha hörmətdən geri qalsın. Gülablı, ətirli, gözəl şərbətdən kənizlərə verib şaha göndərdi. Saçlarını hördü, nargülü rəngdə ipək geyindi. Ətirli saç kimi rübəndini ay kimi parlayan üzünə saldı. Hərəkəti tovuza, görkəmi humaya bənzəyən o işıqlı ay kəklik kimi süzdü. Sallana-sallana eyvana gəldi. Şahı görcək ona təzim elədi. Qulaqlarındakı daş-qaşı açdı. Şəbdizin nalına hədiyyə sancdı. Yüz dənə xoş sulu incini Xosrovun başına şabaş eylədi.
XOSROVLA ŞİRİNİN SÖHBƏTİ
Xosrov o ay sifətlini görcək qəlbini o sərvə çəmən etdi. Gördü ki, bir huri qəsrə girərək behişt qapısını bərk-bərk bağladı. O, birdən-birə Xosrovu sarsıtdı. Şah az qaldı kürsüdən yerə düşsün. Cəld durub özünə toxtaqlıq verdi. Əlini öpərək yenə oturdu. Sonra üzr üçün Şirinə dil açdı:
– Həmişə təzə ol, ey azad sərv! Başın göy, üzün al, qəlbin şad olsun! Bu xoş görüşdən könül təzələndi. Məni hörmətinlə utandırdın. Yoluma bu qədər gövhər tökmüsən. Üzüm xəcalətimdən lələ dönüb. Səni görməyimdən şadam – bu mənə bəsdir. Bu gövhər, bu daş-qaşı, məncə, yerə tökmüsən. Sən südlə bal kimi mənə qarışdın, xidmətlərinə sözüm ola bilməz. Qapını neçin üzümə bağladın? Mən yanıldım, yoxsa elə belə oldu? Gözəl, məni yer kimi alçaltmısan, özün isə səmalar kimi ucalmısan. Demirəm ki, mən səndən artığam. Yox, belə fikirlərdən çox-çox uzağam. Qonağınam, qonaq üzünə belə qapı bağlamaq olarmı? Qonaqla oturan comərd kimsələr qonağa daha çox xidmət göstərər.
ŞİRİNİN XOSROVA CAVABI
O laləsifət şaha cavab verdi:
– Dövlət həmişəlik əlində qalsın. Qılıncın fələyi dustaq eləsin. Şir qəlbin, fil gövdən daim sağ olsun! Taxtı yüksək qurmağıma tənə eləmə, gərək kənizin həmişə yüksəkdə otursun. Eşqinin bayrağıyam, hörmət həvəsdə yaxşıdır ki, bayraq baş üstə ucalsın. Mən sənin tozunam, bu yerə çıxdım ki, sənin tozun göylərə yüksəlsin. Saysız qulu olan bir cahangirin keşikçi hindusu olar. Bu dam üstə qara gözlü türkəm. Səndən ağ hindu adını almışam.
Nəciblər həmişə sözünə vəfalı qalar, qapını qonaq üzünə bağlamaz. Sənsə qonaq deyil, şahinsən, indi də könlündən dağ kəkliyi keçir. Əgər bir qonaqsansa, buyur, sənə kəniz kimi hörmət göstərərəm. Qapını bağlamaqda isə haqlıyam. Çünki görüşümə sərxoş gəlmisən. Sən sərxoş, mən isə burada təkəm, görüb eşidənlər nə söyləyəcəklər? Gərək bir neçə qoca tapaydın, onlar gəlib bu işi aydın edəydilər. Adam göndərər, kəbin kəsdirərdin. Şəkər kimi Şirin də buna layiqdir.
İstədin mənə kələk qurasan, sonra da məni şirin bir məzətək yeyəsən. İstədin məni tora salıb sonra da bir gül kimi iyləyib atasan. Sənə İsfahanda etdiyin bəsdir. Sən get Şəkərlə kef məclisi qur, Şirinlə yox. Çünki Şirin ondan güclüdür.
… Şirin fələyə həmayil bağladı, onu sənin sözlərin ram edə bilməz. Aslanı maralla ovlamaq mümkün deyil. Mən Şirinəm, südəmər uşaq deyiləm. Mən o uşaqlardan deyiləm ki, xurma ilə varımı əldən alasan. Sən mənim eşqimdə ancaq böyüklük, mal, mülk, cah-cəlal gördün. Nə vaxt məni yad eləmisən? Mənim üçün yaxanı cırdığın oldumu? Hansı bir qasidin məktub gətirdi? Hansı gecə mənə peyğam yetirdin? Sən mey içib dostlarla şad olanda Şapur qələm çalır, Fərhad isə dağ çapırdı.
Xosrovla Şirinin söhbəti xeyli uzandı. Onların sakitliklə başladıqları söhbət get-gedə kəskinləşməyə başladı. Eyvana dayanmış Şirin qar altında dayanmış Xosrovun israrlarına baxmayaraq, onu sarayına buraxmadı.
Şirin yenə gül dodağını açdı. Əvvəl dedi:
– Şahım, bəxtin yar olsun, o taxtın, tacın səninlə yar olsun.
Sonra isə qəflətən halı dəyişdi:
– İgid Xosrov, bu nə işdir? Sən şahsan, şaha sevgi yaraşmaz. Məcazi sevgidən kar aşan deyil. Dünyada yalnız bir məşuqu olan həqiqi aşiq olar. Məni Fərhad üçün məzəmmət eləmə, o qərib ölmüşü hörmətlə yad eləmək lazımdır. Fərhad o mehribanlıqla, sanki axirət qardaşım olmuşdu. Onu hər bir dərdə qatlaşan gördüm. Səndə isə bir salam, bir nişan görmədim.
Çıx get, qəlbimə girmək sənə qismət deyil. Heç kəs qismətdən artıq yeyə bilməz. Əziyyət görməmiş sızlayıb yanma, yalandan belə alovlanma. Halal ye, tərlantək halal ov ara, leş üstə qonan qara quşlara bənzəmə.
Şirin ona sözlərini söyləyib dedi:
– And içirəm ki, şah da olsan, kəbinsiz heç bir istəklərinə yetişə bilməzsən.
Bu sözlə o, şahdan üzünü çevirdi.
XOSROVUN QƏSRİ-ŞİRİNDƏN MƏYUS QAYITMASI
Şah yaralı ceyrantək dayanmışdı. Ceyran gözlü yarı acıqlı idi. Hava yaz buludu kimi ağırdı. Hər yandan qar gəlir, yağış yağırdı. Gümüş kimi yağan qar lopası Şəbdizin üstünü gümüşə döndərmişdi. Şah nə qədər deyib tədbir tökdüsə, o mişkin saçlıya heç bir təsir etmədi. Çox nalə elədi ki, Şirin rəhmə gələ, bu nalələrin faydası olmadı. Şah hiddətini artıranda Şirin qan-qan deyirdi.
Qaranlıq gecədən bir qədər keçdi. Şah oradan qəlbində kədər döndü. Atı xəstə adamlar kimi sürürdü. Nə atı sürməyə ayağı vardı, nə də Şəbdizə bir qamçı vura bilirdi. Öz-özünə deyirdi: “Nə olaydı, qarşıma ya bir quyu, ya da bir dağ çıxaydı. Məni yolumdan saxlayaydı. Bu məskəni atıb getməyəydim”.
Xosrov ümidsiz halda qərargaha döndü. Qəlbini bir hiss odtək yandırırdı. Bu gecə dünya gözünə görünmürdü. Acı bir düşüncə beynini didirdi. Hamı getdi, çadır boşaldı. Çadırda bir Xosrov, bir də Şapur qaldı. Vəziyyəti belə görəndə dərdini Şapura açdı:
– Gördün ki, başıma bu gün nə gəldi? O afət məni rüsvay etdi. O Allahdan qorxmaz nə oyun qurdu? Nə özüm könlünü qızdıra bildim, nə sözüm qəlbini yumşalda bildi. Dili iti bir xəncər, sivri bir oxdu. Doğrudur, yar yara əziyyət verər, amma acı tikan kimi bu qədər sancmaz. Şirinin işləri məni soyutdu. Hər nə dedimsə, xeyri olmadı. Vüsalı xoşdur, şirindir. Dünyanın ən şirini yenə də Şirindir. Lakin onun vüsalı bu xar olmağa dəyməz.
Şapur yeri öpüb yenə dil açdı:
– O tünddürsə, sən bir ipək ol. Şahım, mərd adam gərək güzəşt etsin. Aşiqlərin qovğası şimşəktək olar. Naz ilə vəhşətin təfavütü var. Xurma heç tumsuz olarmı?
… Gözəllər nazından incimək olmaz. Nə bilirsən ki, Şirin qəmdən uzaqdır? Yox uzaq deyil, səbirlidir.
Bu gecə səbir elə, biqərar olma. Gecə hamilədir, sabah nə olar, olar. Tale hər zaman bir qaydada qalmaz. Su daim bir arxdan çağlayıb axmaz. İnsanlar il boyu xoşbəxt olmaz ki… Bəzən əziz olar, bəzən də xar olar. Səbir etməklə kişi zindandan qurtarar. Bağlı qapılar səbir ilə açılar. İş çətinə düşəndə səbir bağı açar. Gecə dalında sübhün çırağı var.
Şapur bu vədələrlə şahı şad, xərabə könlü abad eləyirdi.
XOSROVUN GETMƏSİNDƏN ŞİRİNİN PEŞİMANLAYIB ONUN ARDINCA QƏRARGAHA YOLLANMASI
Bu sözləri danışan müdrik ixtiyar söyləyir ki, şah gedib Şirin yalqız qalanda daş qəlbə daş vurub rahatsız oldu. Yanıqlı ahından hava susadı. Göz yaşları axıb yeri suladı. Kirpiyi durmadan qan axıdırdı. Hər nalə etdikcə nalan olurdu. Taqətsiz şurə gələrkən tutduğu qaba işlərdən utanırdı.
Gülgünə atlanıb, yüyəni çəkdi. Göz yaşları da, Gülgünün rəngi də gülrəngdi. Yol incə qaşının pərgarı kimi, gecə isə saçları kimi qapqara idi. Atı dar yollarla sürüb gedir, qaranlıqda qəlbi dua edirdi.
Gülgünü geniş çöllərdə baş alıb gedirdi. Axır gəlib bir yerə çatdı. Gördü ki, keşikçi, qulamlar yuxudadır.
… Şapur şahın dərgahından baxanda görmüşdü ki, bir atlı çapır. Onun əfsunlu sözləri Xosrovu möhkəm yuxuya vermişdi.
Şapur yatanları oyatmayıb Şirinə sarı getdi. Yaxınlaşıb:
– Ey pəri, kimsən, səsini çıxar? Pəri deyilsənsə, nə gəzirsən? – dedi.
Dilbər Şapuru görən kimi tanıdı. Ceyrantək Gülgündən yerə sıçradı. Şapur bu işdən çox təəccübləndi. Yaxınlaşdı ki, gələnin kim olduğunu görsün. Gözü o şux dilbərə sataşanda papağı göyə atıb, baş əyib dedi:
– Nə əcəb, ey pərisima? Ayaq tozun bizə tutiya oldu.
Şirin bir qadın dili ilə Şapura təriflər söyləyib əlindən tutdu, bir kənara çəkdi. Olub-keçənlərdən danışdı:
– Xosrov ayrılıb getməsi ilə qəlbimi qəmxana etdi. Acizliyimdən igidlik göstərdim. Çətin vaxtda ceyran bəzən şir olur. Məni Allah gözdən salmayıbmış. Bu çətin yolda heç bir bədxaha rast gəlmədim. Doğruluğa gələn xətərsiz gələr.
Ona iki arzum var. Qulaq as. Əgər yerinə yetirsən, heç bir dərdim olmaz. Biri budur ki, şah eyş edib hamı “Nuş olsun!” deyəndə məni bir guşədə gizlət. Amma sirrimi heç kəsə açmayıb maraqla gözlə. İkinci arzum budur ki, şahənşah kəbin kəsib məni nigah eləsin. Əgər işi görəcəksənsə, yubanma, gecə qaranlığında başla.
Şapur Şirinin niyyətini biləndə sevindiyindən nə edəcəyini bilmədi. Gülgünü Şəbdiztək tövləyə saldı. Şirini də Pərviz kimi eyvana aldı.
Şahın iki yerdə sarayı vardı. Bəzəkdən ulduz kimi alışıb yanan bu saraylardan biri göz önündə işrət üçün idi. Biri isə xəlvətdə istirahətdən ötrü hazırlanmışdı. Şapur tez Şirini yataq üçün hazırlanmış çadıra apardı, əlindən yapışıb içəri saldı. Gərdəyi bağlayıb geri qayıtdı.
… Xosrov dadlı yuxusundan ayıldı. Gecəki yuxusundan çox bəxtiyar idi. Tez adam çağırdı. Buyruq verdi ki, dağlarda böyük bir barigah qurulsun.
Barigahın başı göylərə dəydi. Çadırın birində Xosrov oturmuşdu. O biri çadırda isə Şirin ah çəkməkdə idi.
Carçı bütün yaxın adamları çağırıb toplamışdı. Bir naməhrəm də yaxına buraxılmamışdı. Saqi əlində cam mey paylayırdı. Nəğmə nəğməyə calanırdı. Barbəd simi fəqanə gətirmişdi. İpək tellərə mizrab vuranda bütün dağ-dərə nəğməyə büründü. Musiqi səsindən xəstə könüllər şəfa tapırdı. Nikisa adlı bir çalğıçı vardı. Gündə bir musiqi yaradan fələk onu səsi ilə tək yaratmışdı. Elə şirin-şirin nəğmə çalırdı ki, quşlar qanad salırdı. Özünü Zöhrədən üstün tutardı. Barbədə yalnız o bərabərdi.
Şah birdən əmr verdi, bütün qulamlar kəkliktək getdilər. Çalğıçılar, Şapur, bir də şah qaldı. Barbəd üçtellini elə çalırdı ki, ayıq adamı da sərxoş edirdi. Nikisa çəngiylə tufan edirdi.
Şapur Şirin olan yerin ətrafında bir pərvanətək dolanırdı. Şirin pərdənin ucunu qaldırıb dedi:
– Çalğıçılardan biri bu dərgaha gəlsin, mənim halımla ahəngdar mizrab vursun, sazını halıma uyğun eləsin. Hər nə desəm, onu söyləsin.
Şapur Nikisanı hali edərək məclisdən bir az aralı oturtdu. Tapşırdı ki, bu məhrəm çadıra baxmasın. Bu gizli çadırdan ilham alsın. Hər nə əmr etsələr, onu çalsın. Bir tərəfdə Barbəd sərxoş bir bülbül, əldə çəng Nikisa isə bir gül olmuşdu. şah qəlbində dərin bir maraq vardı – görəsən, çalğıçı nə çalacaq?
O çadır gözəli könlünü açıb çalğıçıya dedi:
– Qorxma, bunu çal!
ŞİRİNİN DİLİNDƏN NİKİSANIN, XOSROVUN DİLİNDƏN BARBƏDİN NƏĞMƏ OXUMASI
Şirin necə demişdisə, Nikisa Rast üstündə bir qəzəl oxudu. Nikisanın çənglə nəğməsi bitən kimi Barbədin setarı səsini qaldırdı. Bir məst aşiq kimi saza əl vurdu, Üşşaq pərdəsində bir qəzəl oxudu. Müğənnilərin ürəkoxşayan gözəl avazları həsrətli sevgililərin ürəklərini bir-birinə açdı. Onların arzu və istəklərini, umu-küsülərini, inciklik və üzrlərini bir-birinə yetirdilər. Şirin Xosrovun nə qədər dəyişdiyini duydu. Ürəyi elə dolandı ki, qəlbinin çırağı yağ kimi yandı. Elə fəryad çəkdi ki, şah da bu fəryaddan fəryad elədi. Şah Şirinin səsini eşidincə onun səsinə səs verib bir ah çəkdi. Hər kəs dağa öz sirrini söyləsə, dağdan da eyni səs qayıdar. İki sevgilidən ucalan fəryad çalğıçıları gərəksiz etdi.
ŞİRİNİN ÇADIRDAN ÇIXMASI
Xosrovla Şapur danışan zaman gördülər ki cahan nura boyandı. Şirin çadırından çıxanda, elə bil, buluddan qəmər çıxdı. Şaha səcdə elədi. Şah məşuqəsini ayaqda görcək başında şux marala yer göstərdi. Gərəkdi ki, şahın tacı başda olsun. Mehribanlıq etdi, əvvəl torpağı öpdü, sonra isə dodaqdan öpmək istədi. Şirinin qaşları həmin anda çatıldı. Şah mat qaldı ki, görəsən, o gülrəng sifət birdən niyə tutuldu. Şapur pıçıltı ilə şaha söylədi:
– Əgər ay tutuldusa, üzrü var. Çünki bu günəcən eldə təmiz ad saxlayıb. İndi qorxur ki, şahın hissi ay üzünə xəcalət xalı salsın.
Şah hər şeyi anladı. Əhd edib söz verdi ki, ona kəbinsiz əl vurmayacaq.
Şah buyuruq verdi ki, o ay elə bu gecə öz qəsrinə getsin. Qızıl kəcavədə yola salınsın. Ona ulduzlar qədər qoşun qoşdu.
Şah da düşərgəsindən yola düzəldi. Öz qoşunları ilə paytaxta gəldi. Fələk qızıl yelkənini qaldırdı, gümüş ulduzlar da tək-tək yox oldu. Ağzından şərabın dadı getməmiş şəhərə yetişdi, şadlıq başladı. Kişini dövlət səxavətli edər. Dənizlər olmasa, buluddan yağmaz. Buludlar yağmasa, ümman yaranmaz. Şah buyurdu:
– Qoy bu gecə münəccimlər bir qədər yaxşıya, yamana baxsınlar. Qaranlıq gecəyə göz gəzdirib bir mübarək gün seçsinlər. Ay kəcavəsini həmin günə salıb, günəş bürcünə gətirək.
Münəccimlər xeyli ölçüb-biçib, toy üçün uğurlu bir gün seçdilər.
XOSROVUN ŞİRİNİ QƏSRDƏN MƏDAİNƏ GƏTİRMƏSİ
Sübhün nazlı gəlini firuzə göylərə işıq saçdı. Xosrov gəlin üçün bir bəzək düzəltdi ki, günəş xəcalətindən çin-çin büküldü. Bir cəlalla, dəbdəbəylə Şirinin pişvazına çıxdılar ki, gəl görəsən. Yol boyu zər səpib gövhər tökdülər. O Şirin mələk bir gəlib Mədainə çatanda torpaqlar xəzinəyə dönmüşdü. Şirin bir xoş bahar kimi keçdikcə şah yola bir əldən şabaş səpirdi.
Xosrov əmr etdi ki, möbidlər gəlsin, müdriklər toplansın, məclis qurulsun. Şah Şirinin hekayəsini danışdı:
– Şirinə aşiq olmuşam. O, hər cür hörmətə layiqdir. Mənə mehribandır, özü də çox saf və təmizdir. Qoy sarayda qalıb hərəmim olsun. Onunla fəxr edim, başım ucalsın.
Hamı heyran qalıb səsini kəsmişdi. Xosrov sözünü qurtaran kimi hər tərəfdən “Afərin, əhsən!” nidaları ucaldı. Xosrov Şirinin əlindən tutaraq möbidə əmr etdi ki, nikah kəsilsin.
Şah Şirini öz gəlini edincə onu hərəmə göndərdi.
XOSROVLA ŞİRİNİN TOYU
Bir şahanə məclis düzəldi ki, aləm beləsini görməmişdi. Xosrov həddindən artıq şərab içmişdi. Bunu görən Şirin xəlvətcə adam göndərib ona çox içməməyi məsləhət gördü. Xosrov belə bir gündə şərabsız keçinməyin mümkünsüz olduğunu bildirib Şirinin sağlığına aramsız badələr qaldıraraq içirdi.
Məclis qurtardıqdan sonra Şirin qoca bir qarını geyindirərək gəlin adı ilə şahın yanına göndərdi. Səhər Xosrov gecəki sərxoşluğu üçün Şirindən üzr istədi.
Bir ay toyun ahəngi pozulmadı. Hümeyla, Səməntürk, bir də Hümayun əllərini xına ilə gülgün etmişdilər.
Şah bir gün onları yığaraq gəlin paltarı geyindirdi, onlara yaraşan bəzək, gövhər, qızıl, daş-qaş, ipək verdi. Humayunu Şapura verdi. Elə bil bir xurma yemişdi, əvəz verdi. Səməntürkü Barbədə gəlin etdi. Nikisaya dedi ki, Hümeyla da onun olsun. Məhin Banunun yerini Şapura bəxş etdi ki, hakimlik etsin.
Şapurun əlinə dövlət keçəndə orada çoxlu imarət tikdirdi.
Xosrov ondan sonra çox bəxtiyar oldu. Səadət, səltənət, cavanlıq… daha insana bundan artıq nə lazımdır ki?..
Bir müddət keçmədi ki, gözü açıldı. Kefcil həyatdan özü də utandı.
… Bənövşə saqqalı yasəmən olan Xosrov da məntək qocaldı, yoruldu. Bəzən onu nərd atan görərdin. Bəzən də Şəbdizi bəxtitək çapardı. Şah gah Barbədin çalğısını dinləyir, gah da Şirini öpüb, gümrah olurdu. O taxt, Barbəd, Şəbdiz, ismətli Şirin əlinə keçincə Xosrovun yadına düşdü. Abad ürəyinin qanı uyuşdu. Bilirdi ki, bu suda, torpaqda olan hər zaman xərabəyə dönüb gedər. Ay bədr olan zaman nura dönər, sonra get-gedə zavala uğrayar. Meyvə kal olduqda böyüyüb artar. Yetişən zamanda bar yerə düşər.
ŞİRİNİN XOSROVA BİLİK KƏSB ETMƏK ÜÇÜN ÖYÜD VERMƏSİ
Bir gün şah Şirinə məclis qurmuşdu. Söhbət ədalətdən, bilikdən düşdü. Şirin yeri öpüb dedi:
– Ey məlik, bu işrətdən əl çək, gör bilik nədir. Sən bu qoca dünyadan çox kam almısan. Bir xeyli zaman sərbəst yaşamısan. Dünyanı nemətlə abad eləmisən. İndi o, zülmlə bərbad olsunmu?
… Dünyada zülm eləmək qoçaqlıq deyil. Rəiyyət bəsləmək isə çox yaxşı işdir. Yalnız özü üçün çalışan, rəiyyətə baxmayan hakim dünyada tək qalar. O hakim ki rəiyyətə baxmaz, onun halına yanmaz, onun axırı heç də yaxşı olmaz. Günün birində bir xoşbəxt insan çıxar, zülmə düşmən, xalqa dost olar. İldən-ilə xeyirxahlıq edər, xalqın birliyi ilə şahlığa başlayar.
Sənin ağlın da var, şahlığın da. Ağlar da, qaralar da sənin hökmündədir. Özünə axirətdə nicat axtar, gördüyün büsat əldən gedəcəkdir. Canından iraq, dünyadan köçən şahların hansı özü ilə nə apardı? Varını verməsən, adın pis çıxar. Verdiyin bir parça imdadın olar. Daranı, Cəmşidi yadına salsan, bu qoca dövranın nələr etdiyini görərsən. Doqquz pərdədə elə ömür sür ki, sənə doqquz pərdə də aşkar olsun.
Xosrov gördü ki, Şirin bu yollarla ondan yaxşı ad qalmasını istəyir. Büzürgümüdü yanına çağırıb dedi:
– Gəl otur, ey ümid mənbəyi, – dedi, – qəflət yaramaz, nigaran könlümə bir az ümid ver.
Büzürgümid Xosrovun dünyanın yaranması, dünyanın gərdişi, həyatın dərk olunmayan qanunları haqda suallarını cavablandırdı. Sonra Şirinin xahişi ilə “Kəlilə və Dimnə”dən qırx ibrətamiz hekayə söylədi.
ŞİRUYƏNİN XASİYYƏTİ XOSROVUN İŞİNİN AQİBƏTİ
Xosrov dərsi, hikməti öyrəndikcə dünyanı, eyşi, işrəti tərk etdi. Məryəmdən bir kal övladı olmuşdu. Şiruyə adlı bu oğlan şir kimi qorxulu idi. Ala və göy gözlü, üzügülməz bu oğlandan hamı iyrənirdi. Deyirlər ki, bu oğul kinli başında min fikir bəsləmişdi. Şirin gələndə bu alçaq ona baxaraq: “Kaş mənim olaydı” – deyirmiş.
Ondan saraya qaranlıq çökmüşdü. Daim araya inciklik salırdı. Şah Büzürgümidə dedi:
– Bu dönük oğuldan narazıyam. Aləmi çox pis niyyətlə gəzir. Canavar kimi anasına uymur. Çox xudpəsənddir. Heç kəsi bəyənmir, fikri elə özündədir.
Mən şahlar başından tac aldım, ancaq bəxtimə bax ki, oğlum naxələfdir. Nə mənə uyuşur, nə də Şirinə. Bacıları ilə də düz gəlmir. Məgər hər anadan olan övladdır? Hər çiçək bal, hər qamış da şəkər vermir.
Büzürgümid dedi:
– Böyük hökmdar, pak qəlbin hər işdən xəbərdar olmuşdur. Övladla düşmən olmağın heç yarayarmı? Ürək saldığı bağdan ayrılarmı? Nar öz meyvəsini başında saxladığına görə hər murdar ona təpik vurmaz. Tut öz meyvəsini yerə tökdüyündən daim təpikdən əziyyət çəkər. Sən yaxşısan, o da pis olmayacaq. Bar verən budaq öz tumuna bənzəyər. Oğlun harındırsa, bundan zərər yoxdur, zəmanə yumşaldar, çox qəm eləmə.
XOSROVUN ATƏŞGAHDA OTURMASI
Şah qərara gəldi ki, taxtı tərk edib, dünyadan çəkilib məbədə getsin. Şah məbədə gedib orda yerləşdi. Şiruyə də şirtək taxta əyləşdi. Qədəhi bir an əlindən düşmürdü. Şaha uzaqdan qarovul çəkirdi. Elə də qalmadı, şahı həbs etdi.
Şiruyə Xosrovu dustaq edərkən yanına yalnız Şirini qoyurdu. Xosrov da Şirinlə çox şad olub, zindanda özünü azad bilirdi. Şirinə deyirdi:
– Ey yar, qəm çəkmə! Hər kəsin önünə belə iş çıxar. Başdan papaqları aparan külək əssə, zilləti ot deyil, ağac çəkəcək. Hansı ov qabaqda gedərsə, ovçu onu asan vurar. Zəlzələ olanda dağlar yarılar. Ucalar qorxsun ki, onlar daha tez uçar. Dövlət əldən gedib, sən ki getməmisən. Dövlətim də, malım da sənsən.
Şirin bir an da Xosrovdan ayrılmırdı. Ona ürək-dirək verirdi:
– Dünyada bu sayaq rəftar çox olur. Gah əziyyət olar, gah da şadlıq. Əgər bu dünya əbədi olsaydı, məgər hər yetən padşah olardımı? Zaman şahlığı əbədi versəydi, o Keyxosrovdan Xosrova keçməzdi. Hər kim bu gülzara könlünü bağlasa, gül kimi gülməkdən daha çox ağlar.
Şadlıqdan özgə bir məclis olarmı? Rahatlıqdan gözəl bir aləm varmı? Şadlıqla gün keçir, fikirdən qurtar. Çox qayğı çəkməyin min bəlası var. Zindana düşmüsən, qəm çəkmə. Xəzinəsən, xəzinələr də gizlində olar. Quyuya düşsən də, pərişan olma. Yusifi xatırla, təmkinlə dayan.
Şirin şahı əfsanələrlə məşğul edib onu ovudurdu. Gecə sübhə kimi şaha belə sözlər söyləyirdi.
XOSROVUN ÖLDÜRÜLMƏSİ
Gecə ayın işığını örtmüş, fələk div kimi yolunu azmışdı. Qaranlıq mey içmiş sərxoş zəncitək dünyanın ağzını bərk-bərk bağlamışdı. İki ayağında qızıl zəncir olan o böyük əsir Şirinlə yatmışdı. Zəncir saçlı o büt hər gün yüz kərə o zəncirlərə muncuq bağlayırdı. Şahın ayağını tez-tez ovaraq zindanı pərqu yataq edirdi. Şirin sözləri ilə şəkər səpir, şahı qəm çəkməyə qoymurdu.
Xosrov yatdı, Şirinin də gözləri yuxu ilə doldu. Fələk yatmamışdı, gör nələr etdi? Hər iki sevgili yuxuya getmişdi. Bir div sifətli, məhəbbət düşməni, çirkin xislətli pəncərədən içəri girdi. Oğru kimi evi gəzib-dolaşdı. Şahın yatağını tapıb, ona yanaşdı. Xəncəri şahın ciyərinə vurdu. Padşah həyəcan içində oyandı. Gözlərini al-qan içində açdı. Yatağında qan sel kimi axırdı. Susuzluq onu yaman incidirdi. Öz-özünə dedi: “Şirini çağırım, bircə qurtum su versin”. Lakin könlü pıçıldadı: “Heç rəvadırmı? Gecələr doyunca yuxu yatmayıb. Başıma gələni görsə, bir daha yatmayıb, göz yaşı tökər. Yaxşısı budur ki, çağırmayım, yatsın”.
Şirini yuxudan oyatmadı, vəfalı Xosrov ürəyində su istəyi və Şirin sevgisi ölüb getdi.
Şahın yarasından qan elə axdı ki, Şirini şirin yuxudan oyatdı. Gör fələk nə oyun çıxartdı? Onu şahın al-qanıyla oyatdı. Şirin hövlnak yuxudan ayıldı, yaralı quş kimi pərişan qalxdı. Yataqdan örtüyü qaldıran zaman qan gölü görüb əl-aman çəkdi. Bir taxt gördü ki, şahı tacsız dayanıb. Bir çıraq gördü ki, yağı talanmış.
O gecə ağladı, matəm qurdu, sonra da yorulub ayağa durdu. Ürəyində dağ gülabı, ənbəri müşkə qataraq o bədənə sürtdü. Gülabla, kafurla tərtəmiz yudu, ağappaq, qansız, ləkəsiz elədi. Özünü də tərtəmiz yudu, gəlinlər kimi bəzədi. Baxan hər kəsi məftun eləyirdi.
ŞİRUYƏNİN ŞİRİNƏ SİFARİŞ GÖNDƏRMƏSİ
Şiruyə Şirini çoxdan sevirdi. Ancaq sirrini heç kəsə açmırdı. Şirinə gizlicə xəbər göndərdi ki, bir həftə dözsə, hər dərdi keçər. İki həftəlik ay sonra bağımda gül kimi açılar, qəlbimi oxşar. Onu dövlətli, mallı edərəm. Ayaqlarına zər ipək sərərəm. Bütün xəzinəni ona verərəm. Bu sözləri eşidən Şirin birdən sirkə kimi tündləşdi. Sonra da Xosrovun bütün varını, təzə, köhnə paltarlarını yoxsula, möhtaca payladı. Hamı ondan razı qaldı.