Kitabı oku: «Xəmsə», sayfa 4
Bunları söyləyən Xosrov atını səyirdib qoşunu Gilək yollarından çəkdi.
XOSROVUN ŞİRİNDƏN KÜSÜB RUMA GETMƏSİ VƏ MƏRYƏMLƏ EVLƏNMƏSİ
Ürəyi Şirindən incik gedən Xosrov küsüb Rum elinə gedirdi. Qorxulu yollarla qəlbi təlaş içində gedən Xosrovun başında tac yerinə dəbilqə vardı. Qorxurdu ki, Bəhramın qoşunu görər. Ona görə də durmadan gedirdi.
Yolda nə dayandı, nə dincəldi. Birbaşa Qüstəniyyəyə gəldi. Rum qeysərinə xəbər çatınca dedi:
– Bu səfər Rum üçün xoşbəxtlikdir.
Qeysər gördü ki, bəxti qapıya gəlib. Tez taxt-tacı ona təslim etdi. Bundan o qədər sevindi ki, qızı Məryəmi ona verdi.
Şaha layiq toy haqqında çox danışdılar. Bir çox şərtə qərar verdilər.
XOSROVUN BƏHRAMLA MÜHARİBƏSİ VƏ QALİB GƏLMƏSİ
Şah bir neçə gün kef etdikdən sonra dedi:
– Mənə kömək üçün qoşun verin.
Qeysər ona saysız qoşun verdi. O qədər qoşun və yaraq düzəldi ki, sanki dağ üstünə dağ yığılmışdı. Xosrov cəm edilmiş qoşunun içindən qırx-əlli min ayırdı. Qəflətən bir gecə hücuma keçdi. Bu işdən xəbərdar olan Bəhram döyüşə şir kimi qərar verdi.
Bəxt tülkülük etsə, şirlik, cahangirlik bir fayda verməz. Səflər bir-birinə qarşı durdular. Qoşun sıralandı, xəncərlər sıyrıldı. Ox vıyıltısından, qılınc səsindən fillə şir birdən ödünü yarır, ölülər məqbərəsindən qalxırdı. Bax, atlılar şimşəktək qılınc çalır, şirlər diş qıcırdaraq döyüşürlər. Əcəl hər tərəfdə diş qıcırdır. Məhşər bu döyüşün yanında bir oyuna bənzəyirdi. Nizələrdən qalın bir meşə yarandı. Qaçmağın yolunda ölüm dayanmışdı.
Xosrov fil üstündə hərəkət etdi. Nil kimi Bəhramın üstünə hücuma keçdi. Pilpayı qaldırıb Bəhramın başına çaxdı, o fil gövdəlini yerə sərdi.
… Bəhramın qoşunu dolaşıq düşdü. Sanki sərsəm adam işıq görmüşdü. Zaman Bəhramı Bəhrami-Gur kimi şirlikdən çıxardı, zorundan saldı. Bir neçə adam ölümdən qurtardı, uğursuz Bəhram onların da içində idi.
Əgər biri özünü bəyənsə, ona bədnəzər öz gözündən dəyər. Özündənrazılar hər zaman sınarlar. Kim qurtarsa, ona uzun ömür var.
Elə ki Bəhram döyüşdən qovuldu, dünya da Bəhrama düşmən oldu.
XOSROVUN YENİDƏN TAXTA ÇIXMASI
Tale belə bir xoşbəxt qurğu qurdu – şah firuzə rəngli taxta oturdu. O, ağı qaradan ayırdı. Adı Məğribdən Məşriqə yayıldı. Məmləkəti hökmü altına alandan qüdrəti gündən-günə artdı. Taxtını ülkərə qədər qaldırdı. Xosrov taxtına şirtək əyləşdi. İgidlər: “Çox mübarək!”– söylədilər. Möhüründən hər yerin üzü bəzəndi.
… Şah taxt-taca yetişən zaman Şirinin qəmzəsi talana başladı. Nə könüldən qəmi atmaq olurdu, nə də dəm yerinə çatmaq olurdu. Çünki artıq Məryəm onun arvadı idi. Adı onun sayəsində yüksəldi.
Doğrudur, şahlıq və xəzinə vardı, lakin Şirinsiz günü bir gün deyildi. Demirəm ki, deyib-gülmürdü. Ancaq ürəkdən gülə bilmirdi. Bəzən mey içib, nəğmə dinləyir, bəzən də gözündən cama mey tökürdü. Gah deyirdi: “Ey ürək, istəyin nədir? Şahlıq, yoxsa aşiqlik? Hökumət heç zaman eşq ilə uymaz. İnsan gərək birindən yapışsın. Mənə deyirlər ki, günəş kimi gül, Cəmşid taxtında qəm rəva deyil. Könüldə qəm varkən gülmək olarmı? Qəmli ürək sevinclə necə dolsun? Mən yuvadan ipək tora düşən bir quşam. Qəlbim gülüstana getməyi arzulayır. Əfsus ki, ayağımda qızıl çidar var. Nə belə çidarı açmaq, nə də o zəncirlə uçmaq mümkündür”.
Ürəyində belə çox sözlər söyləyərdi. Heç məhəbbət dərdi olanın səbri olarmı?
XOSROVUN FƏRAĞINDAN ŞİRİNİN AHÜ-ZAR ETMƏSİ
Şirin Xosrovdan aralı düşəndən sonra dərdi sonsuz, həsrəti dərin oldu. Gözündən aramsız inci süzür, kirpiyi isə bu incini sapa düzürdü. Yuxuya həsrət gözü çıraq olmuşdu. Bəzən ürəyinə qarğış edir, bəzən də ürəyindən dada gedirdi. Bəzən də bəxtinə deyirdi: “Ey zalım! Bir kərə yaxşı iş görməmisən. Qəlbinin istəyi axı gəlmişdi. Onu niyə əlindən buraxıb itirdin? Birdən ayağını xəzinəyə basdın. Onu nahaq yerə niyə əlindən verdin? Sənə sevdiyin çıraq verilmişdi. Ancaq o çırağı niyə alıb söndürdün? Dirilik suyunu ələ gətirdin, ondan bir udum belə içmədin!”
Beləcə bu möhnət onu xeyli incitdi. Nəhayət, işinin yolunu tapdı. Bir xeyli zarıyıb, xar olub yıxıldığı torpaqdan ayağa qalxdı. Banunun yanına yollandı. Xosrovdan ona xəbər yetirdi. Banunun qəlbi riqqətə gəldi. Şirinə bir xeyli öyüd-nəsihət verdi:
– Bir neçə gün səbir elə, – dedi, – heç kəs həmişəlik darda qalmayıb. Gül kimi tez açılıb, aşkar görünmə. İti axan sular tez körpü yıxar. Bil ki, toxum çürüməsə, heç zaman bitməz. Bağlanmayan iş açılmaz. Ey nigar, tez-tez içən adam tez sərxoş olur. Şimşəklər çaxdıran bulud bərk ağlayar, birdən də açılar. Tələsik yol getmək bir fayda verməz. Hər kəs tələsik yol getsə, tez də yorular. Xosrovun yolunda çox əzab çəkmisən, xeyli çətinliyə tablaşmısan. İndi səbir eləmək vaxtıdır. Tələsmə, sular üzüyuxarı çətin axar.
Banunun bu sözləri onu ovutdu. Səbir edib qəmi unutdu. Şapur da araya girdi. Birlikdə ona təsəlli verdilər. Çox söz söyləyib, öyüd verdilər. Xosrovun adı ilə ona təsəlli verdilər. Əhvalı pərişan, kədərli Şirin səbir etməkdən başqa çarə görmədi.
MƏHİN BANUNUN ŞİRİNƏ VƏSİYYƏT EDİB ÖLMƏSİ
Banu Şirinə təsəlli verir, şirin sözlərlə onu oxşayırdı. Ömrün vəfası qurtaran zaman bir gün Şirini yanına çağırdı. Xəzinənin açarını ona verərək dedi:
– Tezliklə anan öləcək.
Bu sözləri deyən Banunun vücudu süstəldi. Əski sağlamlıq onu tərk elədi. Dünya onu şirin candan ayırdı. Var-yoxunu Şirinə tapşırdı. Bunu təcrübə ilə tapdım ki, dünyanın işrəti əl geyişməyinə bənzər. Əvvəl qaşınanda ruha xoş gələr. Sonra isə əllərindən alov yüksələr. Dünyanın camı da belədir: əvvəl sərxoş edər, sonra isə xumar. Qəmi boşla, bu dünya qəmə dəyməz.
MƏHİN BANUNUN YERİNƏ ŞİRİNİN TAXTA ÇIXMASI
Şahlıq Şirinin əlinə çatanda ölkədə hər yana işıq yayıldı. Rəiyyəti ədalətlə şad elədi. Məhbusları azad elədi. Şəhər qapısından bir bac almadı. Əkinçi daha xərac vermədi. Bütün məzlumlar zülmdən qurtardı. Şəhərlə kəndistanın dostluğu başladı. Onun üçün dünya malından dua daha xoşdu.
– Şirin Xosrovdan xəbərsiz qalmışdı. Bu şahlıq heç onun könlünə yatmırdı. Keyxosrovtək var-dövləti olsa da, eşqin xumarı başından çıxmırdı.
Eşitdi ki, şah artıq bəxtiyar olub, bütün ixtiyar yenə də əlindədir. Xəzinə açıb gövhərdən şabaş verdi.
Könlünə gələn ələm yalnız Məryəmdən idi. Çünki Məryəm çox qısqanc idi.
… Öz eşqinə hədsiz dərəcədə heyran qalan Şirin qəm zindanından qurtara bilmirdi. Tam bir il idi ki, şahlıq edirdi. Ondan bir quş, bir qarınca belə incimədi. Qorxurdu ki, fikrinin dağınıq çağında saldığı ədalət bağı pozulsun. Başqa bir çarə görmədi. İstədi ki, taxt-tacı yadlara buraxsın, təkbaşına Xosrovun dərgahına yola düşsün, tək olub yar ilə görüşsün.
… Gülgünün belinə yəhər qoyuldu, yola düzəldi. Şirin yola çıxan zaman özü ilə bir neçə kəniz də götürdü. Onlar Şirinə yoldaş oldular. Çoxlu ipək, bir xeyli də pul götürdülər. Qatar-qatar öküz, dəvə, qoyun, at səhranı dəniz kimi doldurmuşdu. Ordan tələsik qəsrə gəldi. Ardınca gələn sürülər, elə bil dəniz idi. Yenə tər mirvari sədəfə girdi, gövhər yenə daşa pənah gətirdi.
Şah eşitdi ki, Şirin yaxına gəlib. Ümidi canlandı. Yalnız Məryəmin qorxusu qəm gətirirdi. Çünki Məryəm gecə-gündüz onu güdürdü. Ona görə də aydan uzaqdan-uzağa soraq alır, ancaq ordan əsən yeli güdürdü.
XOSROVUN BƏHRAM ÇUBİNİN ÖLÜMÜNDƏN XƏBƏR TUTMASI
– Günəş doğdu, qaranlıqlar dağıldı, aləm işıqlandı. Bəxti gülən Xosrovun təxti bəzəndi. Şahlığın bayrağı göylərə ucalırdı. Xosrov Pərviz taxta əyləşdiyi zaman dövlət qapıları açıldı, bir qasid sevincək içəri girdi. Yeri öpərək dedi:
– Şahim var olsun! Bu dünya durduqca hökmü bərqərar olsun. Bu gözəl taxta səadətlə otur. Şahlıq Bəhramın evini tərk etdi. Artıq şahın bu düşməni yoxdur.
Xosrov dedi:
– Dünya fanidir, fani! O, hər bir insanı Bəhram edəcək. Zəmanə bizlərə kötək vuranda fələk Bəhrama qarovul çəkirdi. Bəxtimin ağacı bar gətirəndə Bəhramın üzünü taxtalar örtdü. Bəhram sağ ikən dünya ona kömək idi. Dünyanı tutmaq üçün çox həsrət çəkdi.
Çox qılınc taxan “Mənəm, mənəm!” deyib. Amma indi torpaqlar altında yatır. Sanma ki, aslan qan töküb, ov tutar. Gec olsa da, bir gün onu bu qan tutar.
Dövlətlə zülm bir yerdə olmaz. Dövlət zalımlara ülfət göstərməz. Halvaya göz yuman bir milçək varmı? Əncir üçün qarğanı öldürmək olarmı? Yadlar zinəti ilə evlər bəzəmə. Dinə qarışıqlıq düşər, kəsən deşilər.
İş çətinə düşsə, sən sakit olma. Sakitlik zülmə köməkdir. Dərvişə təkəbbürlə baxma. Onun özünün də bir aləmi var.
Yaxşı adamların eybinə göz yum, yaman göz sənə yaxşı şey öyrətməz. Bu göz hər bir hünərdə nöqsan görür. Hər saf gövhərdə ləkə axtarır. Gözlərin qarğanın gözündə olsun. Tovuzun çirkin ayağına baxma. Yüz nöqsanın varkən, barı sus. Bu nöqsanları özgədə axtarma. Öz eybinə baxarkən bir gözlə baxırsan, özgədə görəndə isə gözün yüz olur.
Xosrov bu şeylərdən söhbət etdikcə böyüklər riqqətlə ağladılar.
Xosrov taxtdan endi, qayğısı artdı. Gözlərindən çoxlu rəngli su axdı. Düz üç gün Bəhram üçün kədərə batdı. Nə taxta, nə qədəhlərə əl vurdu. Dördüncü gün yenə məclis düzəldi. Xoş nəğmə səsləri yüksəldi. O dəniz əllər səxavətə gəldi. Yer daş-qaşdan dönüb Ülkər olmuşdu. Saqilər mey tökdü, şah sərxoş oldu. Ürəyində Şirin qəminin ahı… buyurdu ki, Barbəd gəlsin. Ondan dərdlərinə dərman dilədi.
ÇALĞIÇI BARBƏDİN TƏRİFİ
– Barbəd sərxoş bülbül kimi gələndə şərbət əlində su kimi axırdı. O çala bildiyi yüz xoş nəğmədən otuzunu özü seçib bəyəndi. Barbəd bu nəğmələri elə çalardı ki, sanki gah ürək verir, gah da can alırdı.
… İndi də Barbəd bu nəğmələrdən Pərviz üçün çalırdı. Xosrov bir-birindən gözəl nəğmələrə yüz kərə “Əhsən! Əhsən!” dedi. Onun belə bir adəti vardı: “Əhsən” deyəndə qızıl atardı. Barbədin çaldığı hər bir pərdəyə şah bütöv bir xəzinə bağışladı.
XOSROVUN ŞİRİNİ GƏTİRMƏK ÜÇÜN MƏRYƏMDƏN İCAZƏ İSTƏMƏSİ
Göyün yaxasından ay çıxanda hər yer hilali örtüyə büründü. Xosrov Şirinin həsrəti ilə çox qan uddu.
Bir gün məst ikən Məryəmin yanına gəldi. Ona İsa kimi dil açdı. Şirin haqqında söhbət etdi:
– İcazə ver ki, o da bir kəniz olsun. Qəsrdə yalqız, kimsəsiz qalmasın. Əgər onun üzünə baxsam, odlar, atəşlər məni yandırsın.
Məryəm:
– Cahangir, – dedi, – cəlalın, şöhrətin göylərdə gəzir. Şirinin adı tər halva olsa da, mən o şirin dadı acı edərəm. Məni o cadugərlə tay tutursan. O, Babil sahirini belə aldadar. İstəyi odur ki, bizi ayrı salsın. O, sənə qovuşsun, mən sənsiz qalım. Zənn eləmə ki, mən o əfsuna uyaram. O əfsanəni çoxdan bilirəm. Gəl sən o allahsıza ürək vermə. Canın bir gün bəladan xilas olmaz.
Bir az duruxub taxt-taca and içdi:
– Əgər Şirin bir gün bu yerə gəlsə, qara kəndiri boynuma salar, zülmdən özümü diri asaram. Yaxşıdır ki, Şirin orada otursun. Bayquş abadlıq görməsə, yaxşıdır.
Məryəmin bu sözlərini eşidən Xosrov anladı ki, heç vaxt günü günüsüylə ülfət bağlamaz. İşini başqa cür tutdu – özünü Məryəmə mehriban tutdu. Şapur min cür hiylə quraraq şaha Şirindən bir soraq verərdi. Bu qanlar udandan da gizlin cavabı o qəm yeyənə yetirərdi.
ŞAPURUN XOSROVUN PEYĞAMINI ŞİRİNƏ APARMASI
Şah bir gün Şapura dedi:
– Söylə görüm, mən bu sevgimdən necə ayrılım? Bir gecə gedib o ayı gətir görək. Gərək onu ləltək sandıqda saxlayam. Məsləhətdir ki, hələ o ay sifətlə pərilərtək gizli görüşüm. Əgər Məryəm o pərini görərsə, cin atına minər, bunu yaxşı bilirəm.
Nəqqaş cavab verdi:
– Heç kefini pozma. Birbaş işi düzəltməyə gedirəm. Özünü qəsrə yetirən Şapur əvvəl yerbəyer hər şeyi Şirinə danışdı. Sonra dedi:
– Artıq məqam yetişib. Şah səni ovlamaq üçün məqam güdür. Gəl atları gizli minib Xosrovun qəsrinə yollanaq. Xəlvətdə Xosrovla gün keçir, kef çək, bəlkə, günün birində düşməninin bəxti sönəcək.
O yalqız qalmış ay, o şirin dodaq Xosrovdan uzaq qalmaqdan bezgindi. Odur ki, Şapura acıqla dedi:
– Ey insan, ey tanrıdan uzaq, özündən utan! Hər incini deşmək olarmı? Ağzına gələni demək olarmı?
… Mən gövhərəm, niyə əskilim? Məgər mən yeləm? Əgər o dərgaha layiq deyiləmsə, niyə mən o qapıya zorla gedim?
Gəl əyri oturaq, düz danışaq. Mən ancaq ondan çox təhqir görmüşəm. Abrım getdi, ona təsir etmədi. Guya ki, heç bir iş olmayıb. O, mənim qeyrətimi çəkməyəndə mən də şahlığa etina etmərəm. Onun təhqiri belimdə ağır yükə çevrilib. Qəminin zülməti böyük olub. Dilim yaralıdır, çünki mən ondan hər zaman yalnız dil yarası aldım. Əgər harın Şəbdiz çox qaçağandırsa, heç Gülgün də ondan geri qalan deyil. “Mən şaham, tacım var” – deyirsə, məndə də şahanə ləçək var. Xəzan küləyi alıb aparınca qoy bahar çiçəyi torpaqda qalsın. Bu qədər əziyyət çəkdiyim heç də ondan deyil, ürəyimdəndir.
… Qəlbim zalım, yarım sitəmkar oldu. Qəlbdən də, yardan da bizar olmuşam. Xəzinəmdən, ölkəmdən ayrı düşsəm də, kisəmdə yenə də azadlıq möhürü var. Dünyada iki şəxsə: gözü toxa və azad insana buyruq yoxdur.
… Şah desə ki, bir də o dodaq şəkər saçar? Deyərsən ki, onlar səndən çox-çox uzaqdır.
Bunları deyib hirsini Şapurun üstünə tökdü, ürək ağrısından yükü azaldı. Sonra isə yumşaqlıqla dedi:
– Ey söz bilən kişi, sözün axar sudur, özün işi yaxşı bilirsən. Əgər bir zaman şaha salam desən, bu sözlər məndən sifariş olsun: “Bədəməl insan, o şirin sözlər harda qaldı? Umurdum ki, məndən heç üzün dönməz. Gözün başqa gözələ baxmaz. Yatmış tale kimi bir köməyin, dövran kimi məni istəməyin yoxdur. Öz kamından başqa heç fikrin varmı? Heç belə xundpəsəndlik olar? Mən bağı qanımla suvardım, meyvəsi isə mənə qismət olmadı. Oduna qızınmamış tüstüsünə kor oldum.
Bəsdir mənə zülm etdin! Adlı-sanlı olub məni unutdun. Bəyəm adam yüksələndə əhdini pozar? Özündən əskiyə bir az diqqət et. İşin bəd gətirəndə mən dostun idim, yüksələndə nədən mənə göz yumdun? Köməksiz olanda könlüm könlünə yar idi. İş başına keçdin, sevgin qurtardı”.
Şirin sözlərini tamam eləyəndə Şapur yeri öpüb belə söylədi:
– Tədbirin istəyimizdən üstündür. Bu sözləri doğru söyləyirsən.
Bu sözlərdən sonra Şapurun özü Şirinə bir sözü də ölçmədən deməzdi. Hər söz gərək düşüncə ilə deyilsin. Qızılı gərək xərcləməzdən əvvəl çəkəsən.
FƏRHAD VƏ ŞİRİN DASTANI
O pəri cilvəli, zərli, ipəkli, o gümüş gərdənli, daş ürəkli məskəni qayalıq olan südü hər şeydən artıq xoşlardı. Bütün mal-qara çox uzaqda olduğundan süd bura çox çətinliklə gəlirdi. Südü uzaqlardan gətirmək xidmətçilərə çox əziyyət idi.
O sərvin qəlbində olan hər qayğı Şapura aşkar idi. Şirin öz dərdini xəbər verəndə Şapur birdən lalə kimi açıldı:
– Fərhad adlı bir cavan var. Usta bir mühəndis, bir sənətkardır. Biz Çində onunla birgə oxuyub yaşa dolmuşuq. Ustamız hər işi bilirdi. Mənə qələm verdi, ona isə tişəni. Külünglə sənətkarlığa başlayanda yeri quş qayırıb balığa yüklər. Sənətinin səsi Ruma yayılıb. Bu usta istəsə, iş düzələr. Ustanı tap, sonra bir işə giriş. Əmr etsən, bu işi yoluna qoyaram – Fərhadı hüzuruna gətirərəm.
Şapur sözünü qurtaranda Şirin süd qəmini tamam yadından çıxardı.
Şapur gedib gəzdi, Fərhadı tapdı. Əhvalatı ona xəbər verdi. Onu Şirinin qəsrinə apardı. Kürsüyə oturtdu, könlünü aldı. Gövdəsi ilə dağı xatırladan o dağ çapan gələndə hamı heyran qalmışdı. Görkəmi böyük bir filə oxşayırdı. Onda iki filin qüvvəsi var idi. Hərəm kənizləri ona hörmətlə yer göstərdilər.
Beli bağlı, qolları azad Fərhad pərdə qarşısında dayanmışdı. Düşünürdü ki, görəsən, hiyləgər fələk indi nə göstərəcək. Elə bu vaxt dodağı şəkər, dili şirin o pərdənin dalından səsləndi. Şəkər qıfılları yaqutdan açdı. Onun süd haqqında şirin sözləri balı, şəkəri də heyrətdə qoymuşdu. Deyirlər ki, dilinin dadı şirinmiş. Ona görə də adı Şirin qoyulub. Balıqlar, quşlar da səsindən yatarmış. Bir məclisdə ağzını açsa, hamının ixtiyarını alardı.
Fərhad onun səsini eşitdikdə duydu ki, daha qüvvəsi qalmayıb. Dərdindən bircə kərə ah çəkdi. Xəstə adam kimi yerə yıxıldı. Şirin gördü ki, Fərhad biqərar oldu. Onun qəlbi tordan uçmuş quş kimidir. Ona yenə sözlə çarə qıldı – sözlə yenidən tora saldı. Dedi:
– Qulaq as, ey bilici ustad! İstəyimi yerinə yetir, məni şad, usta biliyin, iti əlinlə isə bu qəsri abad elə.
Biz südə möhtacıq. Sürülər burdan çox uzaqdır. Buna bir çarə tap, biz də rahat olaq. Burdan sürülərə çatana qədər daşdan bir arx çəkilsə, çobanlar südü orda arxa sağar, xidmətçilər isə onu otaqda içər.
Şirinin bu sözlərindən Fərhad mey içməmişdən məst oldu. Şirinin dediyi sözü eşidirdi, amma onu anlamaqda aciz idi. Dili söz deməyə aciz olduğundan əlini gözünün üstünə qoydu.
Bir əlaltıdan söhbəti soruşdu:
– Qəlbim kordur, inan ki, sərxoşam. Bir siz söyləyin görüm, nə dedi. Məni onun arzusundan agah eləyin.
Söhbəti eşidib duymuş adamlar onu başa saldılar. Fərhad Şirinin nə istədiyini bilincə razılıq edib xeyli şad oldu. Bu işi görmək üçün çox tələsirdi. Şirinin işi üçün qəlbi əsirdi.
Fərhad külüng çaldıqca daş quma çevrilirdi. Külüngü qart daşların içində yara açırdı. Otlaqdan saraya qədər gözəl mərmərlər baş-başa vermişdi. Geniş dərya kimi dərin bir çay yaratdı. Axırda gözəl bir hovuz düzəltdi ki, kövsər hovuzu da ona çatmazdı. Daşları elə diqqətlə düzmüşdü ki, araya bir tük də sığmazdı. Adətdir ki, iş ustanın əlinə keçənə qədər çətin görünər. Polad yüz dağ olsa da, insan onu vurub parça-parça edər.
ŞİRİNİN FƏRHADIN ÇƏKDİYİ ARXIN VƏ DÜZƏLTDİYİ HOVUZUN TAMAŞASINA GETMƏSİ
– Şirinə dedilər:
– Fərhad tapşırdığın arxı bir aya saraya çəkdi. İndi hər axşam-səhər hovuz təmiz, təzə-tər süd axır.
Durub çölə çıxdı. Hovuzu, mərmər arxı gördü. Düşündü ki, bu arxı, mərmər hovuzu insan yaratmayıb, elə özündən yaranıb. Fərhadın işindən heyrətə gəldi, söylədi:
– Belə sənətə eşq olsun!
Fərhad bu işi qurtaran zaman Şirin onu dostlardan əziz tutdu. Gövhərdən bir neçə sırğası vardı ki, hər daşı güntək yanardı. Onları qulağından açıb, çox üzr istəyərək:
– Hələlik bunları qəbul et, – dedi.
Fərhad o xəzinəyə “Afərin!” deyib aldı və Şirinin ayaqları altına atdı. Tez qəsrdən çıxıb çöllərə qaçdı. Dəniztək göz yaşı axıtdı. Eşqini kimsə duymasın deyə insanlardan uzaq gəzirdi.
FƏRHADIN ŞİRİNİN EŞQİ İLƏ ÇÖLLƏRƏ DÜŞMƏSİ
Fərhad Şirinə ürək bağlayalı məhəbbət odu könlünü dağladı. Günü çox çətin keçirdi. Əlində heç ixtiyarı qalmamışdı. Nə hicran dəminə taqəti vardı, nə də eşqin qəminə dözə bilirdi. Qəlbinin telləri ney kimi sızıldayırdı. Dağlara üz tutdu, çöllərə qaçdı. Dağlar da əlindən zara gəlmişdi. Nə qəminə qəmxar vardı, nə dərdinə yaxın havadar. Bütün aramını sevgi almışdı. Bütün varlığını oda salmışdı. Nə su, nə də dayənin adını bilən susuz körpə kimi şivən edirdi. Qəlbinin odundan beyni yanır, bir gur çıraq kimi alovlanırdı. Gözləri yaşlı, dili naləli idi. Ciyəri kədər odundan yanırdı. Hər gecə sübhədək oyaq qalırdı. Əlacsız dərdinin dərmanı yoxdu.
Belə xəstəlikdə yalqız qalaraq tanışdan, yoldaşdan uzaq düşmüşdü. Eşq onu elə bürümüşdü ki, özünü tamam unutmuşdu. Nə qəmindən xəbər verə bilirdi, nə də sifariş üçün bir adam vardı. Əgər Şirin kandarından toz gəlsəydi, onu sürmətək gözlərinə çəkərdi. Şirinin yolunda bir tikan görsə, öpüb bağrına basardı. Hər dəfə o ad dilinə gələndə torpağı yüz dəfə öpərdi. Vəhşi atlar kimi çöldə çaparaq yalnız vəhşilərə munis olmuşdu.
… Ürkək ceyran kimi axşam gəzər, bir az süd içib aram olardı. O süddən başqa yeməyi yoxdu. Gəzdiyi yer o hovuzun başı idi. Gecələr hovuzun yanında qalıb səhərədək ətrafı gəzərdi.
Bu söz dastan olub dillərə düşdü. Dastanın söhbəti elə yayıldı.
FƏRHADIN ŞİRİNİ SEVMƏSİNDƏN XOSROVUN XƏBƏR TUTMASI
Saray əhlindən məhrəm bir nəfər şaha bu əhvalatı xəbər verdi:
– Fərhad Şirinin eşqindən el ağzına düşüb. Sevda, məhəbbət başına vurub, onu çöllərə salıb. Şirinin eşqindən könlü qəmlə dolu Fərhadın eşqindən bütün aləm xəbərdardır. Nə oxdan, nə də qılıncdan qorxur. Zənn etmə ki, Şirini almaq üçün yanır. O, Şirini görməyi belə özü üçün səadət sanır. Hər həftə qəsrinə salam aparır, pəyam alınca ondan razı qalır.
Xosrov bu hekayəti eşidəndə yenidən məhəbbəti oyandı. Pəhləvan üz-üzə gələndə, cüt bülbül bir gül üçün oxuyanda xoş olar. Bir şeyə iki müştəri çıxanda o şeyin dəyəri artar. Şah da bu işdən, doğrusu, çox şad oldu ki, bir yazıq onunla həmrah oldu. Bir yandan da qeyrət ona təsir etdi.
Şah bir neçə yaxın adamla oturub bu işə əncam axtarırdı:
– Bu dəlidən necə xilas olum? Bu zərlə nə sayaq nərd oynayım? Belə getsə, işim xarab olacaq. Qanını tökümmü? Axı günahsızdır.
Ağıllılar belə tədbir tökdülər:
– Ey şah! Heç kefini xarab eləmə. Taclı başlar səni qibləgah seçir, şahlar hər an torpağına and içir. Bu dəlinin bir tədbiri var ki, ona dəmirdən yox, qızıldan zəncir vurasan. Sevdanın dərmanı qızıldır, qızıl! Onun dərdinə qızılla çarə qıl. Əvvəl yanına çağır, yüz min ümid ver. Başına qızıl səp, səxavət göstər. Yar nədir, dindən də üz döndərər. Bu şirin Fərhadı o Şirindən ayırar. Çox gözlər qızıldan o saat kor olar. Qılınclar belə qızılla kəsərdən düşər. Əgər belə tədbir xeyirsiz olsa, onu daş çapmağa göndərərsiniz. Taleyi dönüncə həyatı dönər. Daşlar içində həyatı sönüb gedər.
XOSROVUN FƏRHADI ÇAĞIRTDIRMASI
Şah bir-bir hər danışanı dinlədi. Əmr etdi ki, o dağ çapanı gətirsinlər.
Fərhad dağ kimi içəri daxil olarkən ardınca şah xidmətçiləri girdilər. O nə Xosrova baxdı, nə də taxta. Şirtək pəncə basıb qabaqda durdu. Şah əmr etdi ki, onu əzizləsinlər. Başına mirvari, gövhər səpsinlər. Görəndə ki, qızıl təsir etmədi, Xosrov bir-bir söz gövhəri xərclədi. Xosrov nə nüktəni yad eləsəydi, Fərhad o nüktəylə cavab verirdi.
XOSROVLA FƏRHADIN DEYİŞMƏSİ
Əvvəl Xosrov başladı:
– Cavan, hardansan?
Fərhad cavab verdi:
– Dost diyarındanam.
Dedi:
– O diyarda hansı sənət var?
– Qəmi alıb, canı satarlar.
Xosrov:
– Canı satmaq heç ədəbdən deyil, – deyə mükaliməni davam etdirdi.
Fərhad:
– Bu, aşiqlərdə əcəb deyil, – dedi.
Xosrov bir az da irəli getdi:
– Çəkdiyin bu qəm ürəkdəndir?
Fərhad sözün qurtarmağını gözləmədi:
– Ürək nədir, candan aşiqəm!
– Şirinin eşqi çoxmu əzizdir?
– Onu candan şirin bilirəm.
Xosrov kinayə ilə gülümsədi:
– Yəqin, onu aytək gecələr görürsən.
Fərhad da eyni tövrlə cavab verdi:
– Yatsam… Heç yatırammı?
Xosrovu maraq götürdü:
– Onu nə vaxt unudarsan?
– Torpaqlarda yatdığım zaman.
– Birdən otağına qədəm qoysan?
– Ayağına baş qoyaram.
Xosrov sorğunu davam etdirdi:
– Birdən gözünü istədi?
Fərhad cavabı gözlətmədi:
– O birini də üstəlik verərəm.
Daş qayaya rast gəlmişdi. Xosrov əl çəkmək istəmirdi:
– Biri ona əl vursa, nə edərsən?
– Daş da olsa, bil, dəmir yeyər.
Xosrov baltanı dibindən vurmaq istədi:
– Axı ona əlin yetəsi deyil.
Fərhad sözü cavabsız qoymadı:
– Ayı gendən görmək daha yaxşıdır.
– Birdən varlığını istəsə?
– Yalvarıb, tez almağını istərəm.
Şah yavaş-yavaş niyyətini açıqlayırdı:
– Bu dostluqdan əl götür.
– Dostlar belə iş görməzlər, – deyə Fərhad şahın sözünü rədd etdi.
Xosrov tikanlı sözlərindən yenə əl çəkmədi:
– Arxayın ol, bu xəyal xamdır.
Fərhad söz oyununda geri çəkilmək istəmədi:
– Arxayınlıq mənə haramdır.
Xosrov Fərhadın geri çəkilmədiyini görüb sanki yalvardı:
– Gəl əl götür, səbrə qərar ver.
Fərhad sualla cavab verdi:
– Heç can üçün səbir etmək olar?
Xosrov sanki dil tökürdü:
– Səbir etməyin faydası çoxdur.
Fərhad səbirsizliklə:
– Səbir edən qəlbdir, o da məndə yoxdur, – deyə dilləndi.
Xosrov sınayıcı bir tövrlə soruşdu:
– Səni qorxudan hansı qəmdir?
– Məni qorxudan yalnız hicran qəmidir.
– Dünyada həmdəm istəyirsən?
– Heç özümü də istəmirəm.
Şah daha söz tapmadı. Danışığı bitirmək qərarına gəldi. Ətrafındakılara:
– Bu günəcən belə hazırcavab görməmişəm. Madam ki, qızıldan qaçdı, biz onu indi daşla sınayarıq, – dedi, sonra üzünü Fərhada tutdu, – Bizim yolumuzda bir dağ var. Ordan adamlar çətinliklə keçir. Sən o dağları yarıb yol salmalısan ki, gediş-gəliş bir qədər asan olsun. Bu iş heç kimin əlindən gəlməz. Hamı bu işin yalnız sənlik olduğunu deyir. Şirin hümmətinə, Şirin eşqinə and olsun! Sənə yaxşı and içdimmi? Mənim istəyimə əməl eləsən, səni öz arzuna çatdıraram.
Dəmir qollu Fərhad cavab verdi:
– Hazıram! Yolundan bu dağı özüm qaldıraram. Bir şərtim var: dağla döyüşə girsəm, şahın dediyi işi yerinə yetirsəm, şah da verdiyi sözə əməl edərək o Şirin şəkərdən gərək əl çəksin.
Fərhadın bu sözü Xosrovu bərk qızdırdı. İstədi ki, onun boynunu vurdursun. Dedi:
– Xosrov şərtdən qorxan deyil. Şərtimiz şərtdir, bu şərti sındırsam, mərd deyiləm.
Fərhad bu sözlərdən həyəcanlanaraq soruşdu:
– Ey adil şah, o dağ hardadır?
Xosrov o dağı nişan verdi. Bildirdi ki, o dağ indi Bisütun dağı adlanır. O dağın hər yanı qart daşdır. Daşın sərtliyini hamı bilir.
Şahın vədəsindən ümidlənən dağ çapan yeldən yüyürək gedirdi. Dağ başını birdən yeltək aldı. Belini bağlayıb külüngü çalmağa başladı. Daşın düz yerindən bir qədər yonub gözəl-gözəl, nadir şəkillər çəkdi. Əvvəl Şirinin şəklini yaratdı. Elə bil ki, Mani bir Ərjəng çəkdi. Sonra da iti külüngünün ucu ilə Xosrovla Şəbdizi divara çəkdi.
FƏRHADIN DAĞ ÇAPARAQ AĞLAMASI
Fərhad Bisütunda şəkli qurtardı. Könlündə həsrət, dilində fəryad dağların bağrını dərib sökür, yekə, sərt daşları qırıb tökürdü. Fərhad qart daşlara güc elədikcə sanki hər qayadan bir bürc qopurdu. Axşam qəmli çöldən günəş çəkilib dağların başında atəş yananda o şəklin yanında gəlib durar, daşa baxıb onda gövhər arardı. Şəklin ayaqlarından öpər, qəlbindən təbiltək fəğan qalxardı.
– Əlimdə dağ da hər zaman acizdir, amma əlində acizəm. Qüvvətim dağlardan artıqdır, mənim qüdrətim orduları pozar. Qılıncı canlı öldürmək üçün çəksəm, Şəbdiz, Xosrov bir an qarşımda duruş gətirməz.
Ancaq neyləyim ki, bəxtim dönük, səadət ulduzum nursuz, sönükdür. Yolumun üstündə yüz əngəl vardır. Sən də bu işlərdə bir əl tutmursan. Şah olsa da, yenə heç kimsə zinhar, bir xoşbəxt düşmənə düçar olmasın.
Mənim daş yonduğum bəlli bir işdir. Ancaq alnımda daş bitməyib. Kimin ki alnının aynası bərkdir, dünyada xoş günü o görəcək. Bənövşələr kimi utancaq olan heç vaxt dünyada boy atmaz. Nərgiz gülü kimi utanmaz olanın hər işi asan, başı taclı olar. Dünyada mən kimi bir bədbəxt hanı? Bütün dostu, aşnanı itirmişəm. Nə bir dostum var ki, yıxılanda qolumdan tutub ayağa qaldırsın, nə də öz tayfamdan bir adam var ki, barı öləndə qəbrimi qazalar.
… Elə ki gecəni göylər udar, gündüzün qoşunu bayraq qaldırardı, Fərhad hələ gözlərini yummamış yenə külüngünü ələ alardı. Gecə sübhə kimi fəryad edir, gündüz dağ çapırdı. Külüngü daş tökür, gözləri gövhər. Qan saçan gözlər daşı boyayardı.
“Xəstə Fərhad” adı dünyanı gəzdi, dastanı dillərdə dolaşdı. Yad ölkələrdən daş yonanlar gəlib onu görərkən çox heyrət etdilər. O sevdalı başa nəzər salıb, o külüngə, daşa heyran qaldılar.
ŞİRİNİN BİSÜTUN DAĞINA – FƏRHADIN GÖRÜŞÜNƏ GETMƏSİ
Fərhadın igidliklə dağ çapması xəbəri dilə-dişə düşdü. Söhbət Şirinin sarayda dostları ilə düzəltdiyi bir məclisdə açılanda Şirin onu iş başında görmək həvəsinə düşdü. Bisütuna yollandı. Gülgün orda olmadığı üçün Şirin başqa bir ata minməli oldu. Qayıdarkən Fərhad atın büdrədiyini və Şirinin az qala yıxılacağını gördü. Anladı ki, tutmasa, Şirin yel atdan torpağa düşər. Onu atı ilə birgə qaldırdı. Onun qolları işi asanlaşdırdı. Elə çaparaq dağları aşdı. Atlılar ondan çox uzaqda qalmışdılar. Şirini rahatca qəsrinə apardı. Bir tükü də əziyyət çəkmədi. Yenə də cürətlə öz işinə qayıtdı. Yenə dəmir alıb daşlara çaldı, dağların qoynuna yenə vəlvələ düşdü.
ŞİRİNLƏ FƏRHADIN GÖRÜŞMƏSİNDƏN XOSROVUN XƏBƏR TUTMASI
Xosrov hər zaman birtəhər Şirindən xəbər tutardı. Xəbər gətirən çox idi. Hər birindən xəbər öyrənərdi. Əgər o ay burnuna əl vursaydı, bu xəbər tezliklə ona çatardı. Şirin Fərhadın yanına gəlib o polad qalanı görəndə tez bunu da Xosrova çatdırdılar ki, Fərhad Şirini görüncə qolunun qüvvəsi birə-min artdı. Dağa vurduğu hər zərbə bir dağ qopartdı. Şirini görəndən qəlbi daha şadlanıb, daşların sərtliyi qoluna dolub. Onun vurduğu zərbəni görənlər dedilər ki, Fərhad tezliklə Bisütunu sütunsuz edəcək. Eşqdən qüvvəti qat-qat artıb, aləmi külüngünə heyran qoyub. Dedilər ki, bir ay da bu gücdə qalarsa, dağı ikiyə bölüb yol açar.
Bu xəbərdən Xosrov dərin bir ah çəkdi. Qorxdu ki, Şirin əldən çıxacaq. Müdrik qocalardan məsləhət istədi. Ağıllı qocalar məsləhət gördülər ki, əgər o üstün gəlmək istəyirsə, Fərhadın yanına bir qasid göndərsin. Qasid Fərhada Şirinin ölüm xəbərini yetirsin. “Nə durmusan, Şirin qəflətən öldü!” – xəbərini eşidən Fərhadın, bəlkə, əli işdən soyudu.
Yaramaz sözlərdən çox öyrətdilər. Qılıncla qorxudub, xeyli də qızıl vəd elədilər.
O namərd Fərhadın yanına yollandı. Sanki qəlbində ağır dərd varmış kimi söylədi:
– Ey nadan, sən nə iş görürsən? Niyə ömrü qəflətdə keçirirsən?
Fərhad cavab verdi:
– O sevgilim üçün bu əziyyət mənə çox şirindir.
Acı dilli kişi gördü ki, bu məğrur şirin dilindən Şirinin adı düşmür. Həsrətlə bir ah çəkib, söylədi:
– Ey dad! Şirin ölüb gedib, Fərhadın xəbəri yoxdur. Hayıf o sərvdən… Göz baxa-baxa ölüm yeli torpağa saldı. Qəmi bütün qəlbləri dərdə saldı. Torpağa tapşırıb geri döndülər.
Bu sözləri dedikcə hər sözə bir xəncər bağlayır, ah çəkib, yalandan ağlayırdı. Heyhat! Fərhad bu sözləri eşidincə dağ başından bir dağ yıxıldı. Ciyərlərindən soyuq bir ah qopdu. Sanki ciyərini soyuq bir ox deşdi. Zarıyaraq dedi:
– Hayıf zəhmətim, rahatsız həyatım, bol əziyyətimə! Canavar yüz qoyun görsə də, sürüdən yenə yoxsulun payını çalar. Bulud kimi necə yaş tökməyim? O bahar kəkliyi çəməndən uçub. Gündüzüm necə gecə olmasın ki, bu dünyaya işıq salan çıraq sönüb.
Əli dildarından üzülən Fərhad:
– Şirin! Şirin! – deyə nalə çəkib can verdi.
Zəmanə insana belə tor qurur: qəm verir, can alır…
… Fərhad həmişə külüngə nar ağacından sap kəsərdi. Çünki yaş nar budağı möhkəm olur. Fərhad ondan tutub dağı çapardı.
Sözlər döyünən qəlbini qanatdı. Külüngü dağların başına atdı. Külüngün dəstəsi yerə sancıldı. Nəm torpaq göyərtilərə can verir. Deyirlər o külüng sapı bir ağac oldu. Bütün budaqları narlarla doldu. Nizami onu görməsə də, kitabdan oxuduğunu söyləyir.
XOSROVUN FƏRHADIN ÖLÜMÜ BARƏDƏ TƏƏSSÜFLÜ MƏKTUBU
Hekayəçi yazır ki, o nakam Şirinin eşqindən öldükdə Şirinin ürəyi qəmlərlə doldu. Sanki bağdan bir nazlı quşu yox oldu. Bahar buludutək o azad sərv üçün göz yaşı tökdü. Əziz Fərhadı hörmətlə dəfn etdi. Sanki qanadı qırılmışdı. Qəbrinə ali bir məqbərə tikdi ki, ellər bu yerə ziyarətə gəlsin.
Xosrova hər yandan xəbər yetdi ki, yoldakı tikandan əsər qalmayıb. Şah etdiyindən çox peşiman oldu. Əməlinin dərdi qəlbinə doldu. Hər kəs özgəyə yamanlıq etsə, qabağına çıxar, hədərə getməz. Xosrovu da gecə-gündüz qəm incidirdi. Aləm belədir, o da cəzasını belə çəkdi.
Sözləri kağıza incitək düzən katibi çağırıb dedi:
– Gül şəkəri bir-birinə qatıb dilbər Şirinə bir məktub yaz.
Sözü tanrı tərifi ilə başladı, şirin kəlmələrdən naxış vurdu.
… Bu tərifdən sonra mətləbə keçdi. Şirin üçün də ən şirin sözləri seçdi: “Eşitdim ki, o şəkər gülüşlü, şəkər məzəli Şirinin – bu ellərin nadir gözəlinin könlünü bir yar matəmə bürümüşdür. Qara saçlarını üzünə salıb. Civə yaşlar nərgiz gözünə dolub. Fərhadın qəmindən beli bükülüb, yanağı, pərişan teli göyərib… dostunu öz nəğməsi ilə yad edir, fəryad səsiylə dünyanı yandırır. Sevginin şərtləri belə gərəkdir. Səadət, məhəbbət bu deməkdir. Dağ yıxan hambala ürəyi yanmışdır. Qərib ölmüşə ağlamaq vacibdir. Qoy dünya həmişə Fərhada ağlasın.