Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Dünyanın ən dahi taciri», sayfa 3

Yazı tipi:

İkinci fəsil

Bir müddətdən sonra etibarlı şəkildə qorunan qızıl yüklü ağır karvan Dəməşq şəhərindən yola düşdü. Karvanbaşının çantasında, başqa sənədlərlə yanaşı manuskript (manuskript) də var idi. Orada ağanın ölməsi və onun son – qızılı Hafidin ticarət dükanlarının sahibləri arsında bölüşdürmək – iradəsi haqqında yazılmışdı. Karvan Hafidin ticarət dükanları olan hər yerdə dayanırdı. Hafidin dükançılarından hər biri sahibinin vəfat etməsi xəbərini sarsılmış halda, sükutla qarşılayırdı.

Nəhayət Antirat şəhərinin dükanında karvan öz vəzifəsini sona çatdırdı. Çantalarda bir dənə də külçə qalmamışdı, hamısı paylanmışdı. O zamanlar Yer kürəsi dünyanın ən dahi taciri Hafidin qurduğundan daha güclü ticarət imperiyası tanımırdı. Erazmus ürəyinə ağır bir yük olan qəm-qüssəylə sahibinin sərəncamını yerinə yetirdi. Anbar boşalmış və Hafid imperiyasının bayraqları artıq ticarət dükanlarını bəzəmirdi. Erazmusun yanına gəlmiş nökər sahibin fəvvarənin yanında görüşmək xahişini ona yetirdi. Hafid dostunun üzünə baxıb soruşdu:

– Hər şey yerinə yetirilib?

– Bəli, mənim sahibim.

– Qəm yemə, əziz dostum, arxamca gəl.

Onlar hərəkət etdikcə addımlarının səsi nəhəng zalın divarlarından əks-səda verirdi. Hafid Erazmusu sonunda gizli giriş olan pilləkanların mərmər pillələrinin yanına gətirdi. Onlar pillələri qalxıb qapını açdılar və içəri keçdilər. Portağal ağacından düzəldilmiş yüksək altlığın üzərinə qoyulmuş tənha vazaya yaxınlaşıb dayandılar. Onların baxışına son dərəcə gözəl bir mənzərə açıldı – pəncərədən axıb gələn gün işığı ağdan al-qırmızıya qədər bütün rənglərə çalırdı. Qırış-qırış olmuş üzlərinə təbəssüm qondu. Dostlar aşağıda bir qədər dayanıb, sarayın günbəzinin içində yerləşən otağa aparan pilləkanla qalxmağa başladılar.

Pilləkanın ayağında gecə-gündüz qarovul çəkən keşikçilərin bu gün olmaması Erazmusun diqqətindən yayınmadı. Nəhayət üzücü pillələr bitdi və dostlar geniş meydançaya çatdılar. Nəfəslərini dərmək üçün dayandılar. Hafid qurşağından kiçik bir açar çıxarıb ağır palıd qapıya saldı. Zəif cırıltı eşidildi və qapı açıldı. Erazmus tərəddüd içində otağın girişində dayanmışdı, lakin sahibi başının cəsarət verici hərəkəti ilə onu otağa dəvət etdi. Erazmus artıq otuz ildir ki, sahibindən başqa heç kimin girmədiyi otağa daxil olub onun ortasında ürkək-ürkək dayandı.

Çoxillik tozdan bozarmış işıq yuxarıda yerləşən mazğallardan otağa güclə yol tapırdı. Qorxmuş Erazmus özü də bilmədən dostunun əlindən yapışdı və gözləri yarımqaranlığa öyrənənə qədər beləcə durdu. Hafid yüngülcə gülümsəyərək, Erazmusun otağı asta-asta dolanmasına baxırdı. Sonra qabağa gəlib əlini divarın yanındakı hündür altlıqda duran, sidr ağacından düzəldilmiş kiçik sandığa toxunduraraq dayandı. Dostuna baxaraq

– Erazmus, sənin baxışlarında bir məyusluq hiss edirəm, – dedi.

– Doğrusu sahibim, heç bilmirəm nə deyim.

– Otağın belə bər-bəzəksiz olması sənə qəribə görünmür? Bu yeganə əşyanı – sandığı göstərdi – çətin ki, mebel adlandırmaq olsun. Neçə illərdir ki, bərk-bərk qorunan otaqda bir sirr gizlədilməsinə şübhələrin yarandı?

Erazmus başını tərpətdi.

– Haqlısınız, sahibim. Mən burada qüllənin içində nə gizlədildiyi haqqında saysız-hesabsız söhbətlər və şaiyələr eşitmişəm.

– Mən bunu bilirəm. Bəzi sözlər mənim qulağıma çatıb. Deyirdilər ki, burada dağ boyda almazlar, əcayib quşlar gizlədilib. İrandan olan bir xalça taciri isə burada balaca bir hərəmxana saxladığıma eyham edirdi. Lişa bunu eşidib gülmüşdü. Gör insan təxəyyülü nə qədər güclü inkişaf edib. Məni kəniz kolleksiyaçısı hesab etmək! Səni əmin edirəm ki, dükan və küçələrdə pıçıldaşılan şeylərin heç birini burada görməyəcəksən. Əlbəttə bu adi sandığı nəzərə almasaq.

Dostlar qayışlarla sarınmış sandığın yanında çöməldilər və Hafid onları ehtiyatla açmağa başladı. Sandığın qapağı ehmalca yuxarı qalxanda dostların burnu sidr ağacının şirin qoxusunu hiss etdi. Qalxmış toz buludu Erazmusa sandığın içindəkiləri dərhal seçməyə mane olurdu. O, geri çəkildi və gözlərini qıyaraq diqqətlə baxdı. Sonra baxışlarını sahibinə dikib çaşqın halda əllərini yana açdı. Sandığın içində nə almaz, nə də qeyri bir xəzinə gördü. Orada ancaq bir neçə dəri lülə var idi… Hafid əlini yavaşca uzadıb onlardan birini qayğıkeşliklə sandıqdan çıxartdı. Hafidin üzündə qırışları hamarladan və keçmişin izlərini silib aparan məmnunluq və rahatlıq əks olundu.

– Bu otaq çoxlu sayda insanın var-dövlətə – qiymətli daşlara və ya qızıla sövqü ilə dolu idi. Lakin onlar burada yoxdurlar və ola da bilməzlər, çünki dünyanın bütün qızılı sənin indi gördüyünlə müqayisədə heçnədir. Mənim bütün var-dövlətim – uğur, xoşbəxtlik, sevgi, harmoniya və uzun ömürlülüyüm bu dəri lülələrdədir. Nail olduğum hər şey üçün onlara borcluyam. Mən onlara və onları mənə etibar etmiş müdrik insana ödənilə bilməyəcək dərəcədə borcluyam.

Hafidin səsindəki tanış olmayan notlar Erazmusu qorxutdu və o bir qədər geri durub dedi:

– Deməli mənə açmaq istədiyiniz sirr bu imiş. Doğrudanmı bu sizi hakimiyyət və qüdrət sahibi etmiş sirlərin saxlandığı həmin sandıqdır?

– Sənin bütün suallarına «hə» cavabı verirəm.

Erazmus əlini tərlə örtülmüş alnına çəkib, şübhə ilə Hafidə baxdı.

– Özündə almazdan da qiymətli xəzinə saxlayan bu lülələrdə nə yazılıb?

– Birindən başqa bütün bütün lülələrdə hər bir oxuyana onların mənasını asanca anladan gözəl bir dillə yazılmış vəsiyyət, qanun və ya təkzibedilməz həqiqətlər – onları necə istəyirsən adlandıra bilərsən – yazılıb. Ticarət incəsənətinə yiyələnmək üçün hər bir şəxs lülələrdə olan vəsiyyətləri anlayıb, təcrübədə yoxlamalıdır. Onları mükəmməl öyrənmiş hər bir şəxs zənginliyin istənilən səviyyəsinə çata bilər.

Erazmus karıxmış vəziyyətdə köhnə lülələrə baxırdı.

– Demək istəyirsiniz ki, bu lülələrin məzmununu bilsəm, mən də sizin kimi varlı ola bilərəm.

– İstəsən daha varlı ola bilərsən.

– Dediniz ki, birindən başqa bütün lülələrdə ticarətin qaydaları yazılıb. Bəs axırıncı lülədə nə yazılıb?

– Sənin axırıncı adlandırdığın lülə, – Hafid izah etdi, – əslində birincidir. Birinci – Hafid təkrar etdi. – Və bu yazını əslində lap başlanğıcda öyrənmək lazımdır. Sonra isə lülələrin oxunma ardıcıllığını qəti pozmaq olmaz. Birinci lülədə az sayda seçilmişlərə agah edilmiş sirr yazılıb. Dəqiq desəm, birinci lülə sonrakılarda yazılmışları anlamaq üçün ən səmərəli yolu təsvir edir.

– Sizin sözlərinizdən belə anladım ki, hər bir şəxs dahi ticarətçi ola bilər.

– Bəli, və əslində bu, elə də çətin məsələ deyil. Amma o halda ki, biliklərin qiymətini öz vaxtın və səylərini bir yerə cəmləməyin hesabına ödəməyə hazır olasan. Yadında saxla ki, zənginliyə yalnız hər bir vəsiyyət sənin bir hissən, sənin canın və qanın olduqdan sonra çata biləcəksən.

Erazmus aşağı əyilib, əlini uzatdı və lülələrdən birini sandıqdan çıxartdı. Onu barmaqları arasında saymazyana tutaraq silkələdi və Hafidə müraciət etdi:

– Qanmazlığıma görə məni bağışlayın, sahibim, amma siz niyə özünüzün acı təcrübənizlə yoxlanmış və əziyyətlə əldə edilmiş prinsiplərə deyil, bunlara əsaslanmağı üstün tutursunuz? Siz həmişə və hər şeydə alicənablıq və səxavət göstərmisiniz. Elə isə niyə qədim müdriklərin bu sözlərini sizə qazanc gətirən dükançılara oxumağa verməmisiniz? Onlar da zəngin olardılar. Və ya ən azı belə dəyərli biliklər əldə edəndən sonra daha böyük gəlirlə ticarət etməyi öyrənərdilər. Niyə, bu qədər böyük biliyə malik olduğunuz halda, neçə illərdir onları heç kimə göstərmədən evinizdə saxlamısınız?

– Mənim özgə seçimim yox idi. Uzun illər bundan əvvəl, bu lülələri mənə etibar edəndə, and içmişdim ki, onların qədim sirrini heç kimə açmayacağam. O vaxt mən bu xahişin arxasında gizlədilmiş əsl səbəbi bilmirdim. Lakin mənə lülələrdəki vəsiyyətləri, bir vaxt köməyə ehtiyacı olan və bu vəsiyyətlərə məndən də yaxşı əməl edəcək birisi gələnə qədər istifadə etməyə icazə verilmişdi. Bu lülələri mənə verəndə, mən çox cavan idim. Mənə dedilər ki, müəyyən gizli işarələr vasitəsilə mən lülələri verməli olduğum adamı tanıya biləcəm. Gələn adam ona hansı növ köməyin ediləcəyini bilməsə belə mən lülələri ona verməliyəm və verəcəyəm. Mən səbrlə gözləyirdim, – Hafid davam etdi, – və getdikcə öz həyatımı bu vəsiyyətlərlə daha sıx əlaqələndirirdim. Mən lülələrdəki sirrdən praktik fayda əldə etməsinə icazə verilmiş tək-tük adamlardan biri idim. Biliklərə sahib olduqdan sonra, çoxlarının məni adlandırdığı kimi, dünyanın ən dahi taciri oldum. Mənə bu lülələri vəsiyyət etmiş adamı da vaxtında belə adlandırırdılar. Beləliklə, Erazmus, mənim müəyyən hərəkətlərimin uzun illər ərzində sənə niyə qəribə, hətta ağılsız göründüyünü güman ki, sonralar anlayacaqsan. Lakin bu halda belə onlar mənə uğur gətiridilər. Biz bu qədər qızılı təkcə mənim müdrikliyimə görə deyil, əsasən lülələrdə yazılmış vəsiyyətləri yerinə yetirdiyimiz üçün qazana bilmişdik.

– Siz doğrudan əminsiniz ki, lülələri verməli olduğunuz adam tezliklə gəlib çıxacaq?

– Bəli.

Hafid çöməlib lülələri yerinə qoydu və sandığı bağladı. Ayağa qalxıb

– Erazmus, həmin ana qədər mənimlə qalmaq istəyirsən? – soruşdu.

Erazmus dostuna doğru addımladı və işığın yumşaq şüalarında onların əlləri birləşdi. Erazmus razılıq əlaməti olaraq başını tərpədib otağı tərk etdi. Onunla birlikdə Hafidin öz dostunun sədaqətinə olan şübhləri də yox oldu. Sandığı əvvəlki yerinə qoyub, bir qədər onun yanında dayandı və kiçik qülləyə doğru getdi. Hafid divardakı qapı yerindən dama çıxaraq sarayın günbəzini əhatə edən köbənin üstündə dayandı. Özüylə göllərin qoxusunu gətirən yüngül şərq küləyi yuxarı qalxaraq Hafidin simasını oxşayırdı.

Dünyanın ən dahi taciri gülümsyərək ayağının altında yerləşən Dəməşq şəhərinə baxır, fikri isə sürətlə keçmişə qayıdırdı.

Ücretsiz ön izlemeyi tamamladınız.