Kitabı oku: «Dahilər və eşqləri», sayfa 2
Biarla olan macəradan sonra Hüqo sakitləşir. Gənc aktrisalar, xidmətçilər, fahişələrlə də əlaqəsi olur. Gün keçdikcə görünüşünə daha çox heyran olan və “Budur, dahilik burdan meydana gəlir” deyəcək qədər özünə güvənən Hüqo Alisa Ozi adlı gənc teatr aktrisası ilə də qısa müddətlik macəra yaşayır. Ozinin şairdən ona bir neçə misra yazmasını istəməsindən sonra Hüqo ona dördlük hədiyyə edir.
Xəyanətə daha dözə bilməyən Culyetta 1873-cü ildə Brükselə köçür. Çox zaman keçmədən şair sevgilisinin qəlbini yenidən fəth edir. Ancaq bu barışıq şairin bir daha əsla qadınlara yaxınlaşmayacağı anlamına gəlmirdi. Belə ki, Hüqonun hesab dəftərində “fəqirlərə ianə” adı altında yüngüləxlaqlı qadınlara ayırdığı büdcəsi belə vardı…
Hüqo 1870-ci ildə III Napaleon Sedanda təslim olub Paris respublika elan edildikdən sonra vətəninə qayıtmağa qərar verir.
Yetmiş yaşına yaxınlaşan şair ölkəsinə “Yaşasın Viktor Hüqo” sədaları və alqışlarla daxil olur. Hüqo ölkəyə qayıdandan bir il sonra – 1871-ci ilin fevralında millət vəkili seçilir.
Bir müddət sonra oğulları vəfat edir, arvadının adını daşıyan qızı Adel isə qardaşı kimi şizofreniya diaqnozu qoyularaq dəlixanaya yatırılır. Hüqo millət vəkilliyindən sonra senator olur və ömrünün sonuna qədər ədalətsizliyə, edam cəzasına qarşı mücadilə edərək xalqların azadlıq və qardaşlığı üçün çalışır.
Culyetta şairin bütün sədaqətsizliklərinə rəğmən ondan ayrılmır. Alisa Ozi, Leonie Biard və bir çox başqa qadınlarla yaşananlar artıq unudulur.
Onlar şairin nəvələri ilə birlikdə eyni evdə yaşayırlar. Hüqo ilə şahzadə Neqroninin yarım əsr davam edən sevgiləri Culyettanın 1883-cü ildə ölümü ilə ədəbiyyat tarixindəki yerini alır.
Culyettadan iki il sonra Hüqo dünyasını dəyişir və cənazəsi iki milyona yaxın insanın iştirakı ilə 1 iyun 1885-ci ildə Panteonda3 dəfn edilir.
Vəsiyyətində yazılmışdı:
“Yoxsullara 5000 frank vəsiyyət edirəm. Cənazəmin qəbiristanlığa onların arabasıyla daşınmasını istəyirəm. Heç bir kilsə mənə dua oxumasın. Hər kəsin mənə dua etməsini təvəqqe edirəm.
Tanrıya inanıram”.
Ziqmund Freyd və qadınlar
Əgər mövzu insanın ən gücsüz, hətta ağrılı tərəflərindən olan eşqdirsə və obyekt də Freyddirsə, hər şeyi unutmalı, mövzuya yenidən baxmalıyıq. Bildiyimiz kimi, eşq insanın kimyasını alt-üst edən, zehni prosesi fərqliləşdirən bir təsirə malikdir və Freydin istədiyi əsla bu deyil.
Çünki o, həyatının ilk illərindən etibarən dahi olacağının, heykəlinin ucaldılacağının, onun üçün mərasimlər keçiriləcəyinin xəyalı ilə yaşayıb. Bu xəyali mərasimdə söyləyəcəklərini belə zehnində planlaşdırıb. Belə bir xəyalı gerçəkləşdirməyə yönəlmiş bir həyatda alışdığımız çılğınlıqları, azğınlıqları, travmaları ilə yaşanacaq bir eşqə yer ola bilməzdi, olmamalıydı. Elə də oldu. Ya da elə olduğu təəssüratı yaradıldı. Freyd ömür boyu təkarvadlılığı müdafiə etdi və elə də yaşadı. Ancaq o arvadına aşiq olmuşdumu? Elə olduğunu dedi və yazdı.
Freydin həyatındakı əsas qadınlar anası Amelia, həyat yoldaşı Marta, baldızı Minna və qızı Anna olub. Hamısıyla münasibəti qeyri-adi idi.
Freyd məchulları açmaq və beləliklə, unudulmaz olmaq istəyirdi. Bunu gerçəkləşdirə bilməsi üçün öz həyatının da məchullarını çözməliydi. Freyd insan və onun daxilini anlamaq üçün öz üzərində eksperiment aparırdı. 83 illik ömrünü öz üzərində təcrübə apararaq tamamladı. Bu, onun seçimiydi və tamamilə “şüurlu” idi.
* * *
O, 1856-cı il mayın 6-da indiki Çex respublikasının ərazisində yerləşən Frayburqda anadan olub. Yun taciri olan atası Yakob Freydin Amelia Natansonla ailə qurduğu zaman 40 yaşı var idi. Onun əvvəlki nikahından iki uşağı və bir nəvəsi də olmuşdu. Arvadının isə hələ 20 yaşı vardı. Ziqmund Amelianın ilk övladıydı və ənənəvi yəhudi ailələrində oğlan uşağına verilən önəmə malikdi.
Atası ailədə hər kəs tərəfindən sevilən, nəzakətli bir şəxs kimi tanınsa da, evinin əsl ağasıydı. Anası isə özünətələbkar idi. Belə ki, 95 yaşı olanda qəzetdə gördüyü bir şəklinə baxıb demişdi: “Yaxşı çəkilməyib, sanki yüz yaşım var”. O, bunu söylədikdən beş həftə sonra dünyasını dəyişdi. Ziqmund ehtiraslı xarakterini və özünəinamı anasından, hadisələrə qarşı sağlam şübhəni, sarkazm duyğusunu, azad düşünmək bacarığını isə atasından almışdı. Anasının Freydə olan sevgi və qayğısına heyranlıq da demək olar. Freydin özünəinamının inkişafında bunun əhəmiyyətli rolu olub.
Freyd 4 yaşında olanda iqtisadi böhran səbəbindən ailəsi Vyanaya köçür. Ailənin o vaxtkı iqtisadi problemləri daha çox dünyada baş verənlərlə bağlıydı. Texnologiya inkişaf etməyə başlamış, bunun nəticəsində makinaların istifadəsi artaraq insan əməyinə ehtiyacı azaltmışdı.
Bundan təkcə Freyd ailəsi əziyyət çəkmirdi, bütün qəsəbənin gəlir qaynağı olan tekstil istehsalı son iyirmi ildə olduqca azalmışdı. 1851-ci ildə yaşanan inflyasiya qəsəbənin daha da yoxsullaşmasına səbəb olmuşdu. 1859-cu ildə Avstriya-İtaliya müharibəsi başlamış və bunun nəticəsində qəsəbə önəmli dərəcədə zərər görmüşdü. Bütün bunlar iqtisadi çətinliklə yanaşı, digər qayğıları da artırmışdı. 1848-1849-cu il inqilabının nəticələrindən biri də Çex milliyyətçiliyinin güclənməsi idi. Bu güc Avstriya siyasətinə də təsir etmişdi. Çexlərin nifrəti xüsusilə Almaniya və avstriyalılara qarşı artmaqla yanaşı, orda yaşayan yəhudilərə də yönəldi.
Əslində, Praqadakı inqilab da çexlərin yəhudi tekstil tacirlərinə qarşı üsyanı ilə başlamışdı. Alman yəhudiləri yüksələn milliyyətçilik və iqtisadi problemlərin “günah keçisi” seçildi. Artmaqda olan bu cür problemlər, bəlkə də, ailənin köçməsini sürətləndirmişdi. Çünki onların Ziqmundla bağlı parlaq düşüncələri var idi və onun yaxşı təhsil ala biləcəyi bir yerdə yaşaması, oxuması vacib idi. Vyanaya yola düşəndə onlar əvvəlcə Lipziqə gəldilər və burada bir il qaldılar. Freyd Lipziqə qatar səfəri zamanı ilk dəfə qaz alovunu gördü və bu alovlar ona cəhənnəm atəşini xatırlatdı. Beləcə, onda qatarda səyahət fobiyası yarandı. Sonrakı illərdə analizlə bu fobiyasına qarşı çıxmış Freyd üçün bu şəxsi təcrübə elmi işlərinin təməlini qoyan bir çox təcrübədən biridir. Bildiyimiz kimi, Freydin psixoanalizə aid bütün çalışmaları, kəşfləri, onun şəxsi təcrübələri ilə yaxından bağlıdır. Bir çox nəzəriyyəni təqdim edərkən və ya təkmilləşdirərkən öz həyat təcrübələrindən yararlanmış, ya da onlardan qaynaqlanmışdı. Buna görə də psixoanalizin təkbaşına qurucusu olan Freydi və onun həyatını bilmədən psixoanalizi, prinsiplərini anlamaq mümkünsüzdür.
Bioqrafiyasının yazılmasını istəmədiyi üçün onunla bağlı qaynaqlar, şəxsi məktublar, gündəlikləri yandırılaraq yox edildi. Ancaq yaşadığı dönəmdə yanında olan yaxın dostu Ernest Cons Freydin həyat hekayəsini elmi işlərini də əhatə edəcək şəkildə üç cild halında kitablaşdırdı. Bu gün Freydin şəxsi həyatı haqqında məlumatların çoxu bu bioqrafik əsərdən əldə edilib. Freyd nə qədər bioqrafiyasının yazılmasına qarşı çıxsa da, şəxsi qeyd, gündəlik, məktub və s. yox etdirsə də, elm-sənət camiəsi bir o qədər onun şəxsi həyatına maraq göstərib. Bunda psixoanalizin inkişaf mərhələlərini anlamaqla bərabər, hətta bəlkə, daha çox Freydin əsrarəngiz iç dünyasını anlamaq arzusu əsas olub. Xüsusilə feminizmin inkişafı müddətində Freydi və onun daxili dünyasını anlamaq xüsusi yer tutur. Psixoanalizin inkişafı ərzində Freydin bəzi xəstələrinin faciəvi sonları və yaranan söz-söhbətlər onun həyatına olan marağın artmasında, şübhəsiz, önəmli rol oynayıb. Freydin şəxsi həyatını mümkün olduğu qədər işıqlandırmaq səbəbi, yəqin ki, onun bu gün yaşananlar və gələcəkdə yaşanacaqlar mövzusundakı öncəgörməsiylə bağlıdır.
Təhsilə bir il tez başlayıb və çox parlaq bir şagird olub. Latınca, ingiliscə və fransızca bilirdi. Öz gücünə ibranicə, ispanca, italyanca öyrənmişdi. Bu illərdə tez-tez yəhudi düşmənçiliyi ilə qarşılaşmış, özünü cəmiyyətdən kənar hiss etmişdi. Bu müddət ona yalnız yaşamağı və buna səbr etməyi öyrədir. Təbiətində boyun əymək xüsusiyyəti olmadığı üçün yəhudi düşmənliyi ona çox iztirab verir. Ömür boyu özünü yəhudi hiss edir və çox az qeyri-yəhudi dostu olur. Səkkiz yaşında oxumağa başladığı Şekspiri bu illərdə yenidən oxuyur.
Bildiyimiz kimi, Freyd alim olmaqla yanaşı, həm də olduqca istedadlı yazıçı idi. Freyd yaşıdlarına görə cinsi arzularını basdırmaqda məharətli idi, buna görə də sakit bir yeniyetməlik dönəmi keçirmişdi. Evlənməmişdən əvvəl məlum olan yeganə “qəlb çırpıntısı” Gisela ilə bağlıdır. Gisela Freydin ilk sevgi təcrübəsidir. Ernest Consun sözlərinə görə, Gisela Freydin Marta ilə evlənməzdən qabaq yaşadığı ilk və tək sevgi təcrübəsidir. Ancaq unutmaq olmaz ki, bioqrafiyalar bizə yazanın icazə verdiyi qədər gerçəyi söyləyir.
Freyd Gisela ilə 16 yaşında doğulduğu yerə ilk və son ziyarəti zamanı qarşılaşmışdı. Gisela Freydin valideynlərinin dostu olan Fluss ailəsinin qızı idi və ondan bir-iki yaş balaca idi. Ancaq Freyd utancaqlığına görə qıza eşqini etiraf edə bilmədi. Sonralar ögey qardaşının qızı Paulinlə evlənmə xəyalına qapıldı. Giselanı Paulinlə eyniləşdirdi. Buna anasıyla bağlı uşaqlıq fantaziyalarını da əlavə etmək lazımdır. Beləcə uşaq kimi şüurdan kənar erotik fantaziyaları yenidən canlanmış oldu. Bütün bunlar onun fərdin bu yöndəki inkişafı ilə bağlı çalışmalarında bir təcrübə olaraq əhəmiyyət qazandı.
Məslək seçimi etməsi üçün ailəsi ona sərbəstlik vermişdi. İlk gənclik dövründə əsgərlik xəyalları qurmuş, sonralar dostlarının təsiri ilə hüquqa yönəlmiş, beləcə kütləvi hadisələrə daha yaxın ola biləcəyini düşünmüşdü. Nəticədə xatırladığı ilk gündən bəri onu maraqlandıran mövzuya – “insanın inkişaf mərhələsi” mövzusuna qayıtmış, bu da onu tibbə yönəltmişdi. O, bu haqda deyirdi: “Gənc olanda dünyanın tapmacalarını anlamaq, hətta onlara çözüm gətirmək üçün çox güclü bir ehtiyac hiss etdim. O zamanlar tibb fakültəsi bunun ən güclü vasitəsi kimi göründü”.
Əslində, tibbə marağı yox idi, əksinə, sonralar “tibb mütəxəssisliyinin heç bir vaxt ürəyincə olmadığını və özünü onun sadiq nümayəndəsi olaraq görmədiyini söyləyəcəkdi. Bu seçimdə onun qərarına təsir edən əsas amil Hötenin bir təcrübəsidir: təbiət haqqında yazılmış bu təcrübədə Höte yalnız təbiətin gözəllik duyğusunu deyil, anlam və məqsəd duyğularını da incələyir. Freydin isə nizamla bağlı marağı insan varlığı və kökünün sirləri üzərinə köklənmişdi.
O, 1881-ci ildə məzun olduğu tibb təhsili zamanı zoologiyadan kimyaya, fəlsəfəyədək bir çox dərsdə də iştirak edir. Nəticədə özünə ən uyğun sahənin nevrologiya olduğunu dəqiqləşdirir və bu sahədə çalışmağa başlayır.
Freyd gələcək həyat yoldaşı Marta ilə evlərində tanış olmuşdu. Belə ki, Marta ailə dostu kimi onlara qonaq gəlmişdi. Adətən yeməkdən sonra otağında işləyən Freyd o gecə bunu etmədi. Buna səbəb masa arxasında oturub şirin-şirin söhbət edən və kiçik barmaqlarıyla alma soyan balaca qızın ona dərindən təsir edən baxışıydı. Freyd bu cazibədar alman qızını əldə etmək üçün heç nə əsirgəmədi, Marta da ona eyni qarşılığı verdi. Az keçməmiş 4 il davam edəcək nişanlılıq müddəti başlandı. Əvvəllər ailələrin münasibətindən ehtiyatlanaraq nişan gizlədildi. Freyd nəzakətli, sevgidolu və ehtiraslı aşiq, Marta isə intellektual, başqa kişilərin də marağını özünə cəlb edən maraqlı bir qadın idi. Freyd Martaya hər gün qırmızı bir gül, yanında latınca və ya başqa bir dildə bir misra göndərir, onu həyəcanla güllər və mirvarilər hədiyyə olunan nağıl şahzadəsi ilə müqayisə edirdi. Freydin çılğın xarakteri zaman-zaman hədsiz qısqanmasına səbəb olur və bu anlarda o, böyük iztirab yaşayırdı. Freydin qısqanclığı yalnız Martayla maraqlanan kişilərlə bağlı deyildi, o, nişanlısını ailəsinə də qısqanırdı. Bunu düşünməklə kifayətlənmir, bu haqda Martaya uzun-uzadı yazır, ondan bəzi xahişlər edirdi.
Marta nişanlısının maddi vəziyyətinin yaxşı olmadığını bildiyi üçün hərdən bişirdiyi yeməkləri ona göndərirdi. Bu kiçik nüans Freydin Martanın qayğıkeşliyi haqqındakı düşüncəsini möhkəmləndirmişdi. Çünki Ernest Con onun ehtiraslı bir aşiq olduğunu söyləsə də, Freyd çılğın sevgidən daha çox ömür boyu yanında olub, ona dəstək verəcək, həyatını asanlaşdıracaq bir qadına ehtiyac duyurdu. Belə də olur! Onlar evlənirlər. Marta ona övladlar bəxş edir. Freyd də insanları öyrənməklə elmi dərəcələr alır. Hətta 1930-cu ildə Höte mükafatına layiq görülür. Qəribədir ki, onun tibbə yönəlməsində Hötenin bir təcrübəsi əsas rol oynamışdı. Odur ki, illər sonra onun adıyla bağlı bir mükafatı alması olduqca ironik və şübhəsiz, bir o qədər də qürurvericiydi.