Kitabı oku: «Dahilər və eşqləri», sayfa 3
Artıq Freyd üçün çətin zamanar başlamışdı; atasının ardınca qızını, sonra nəvəsini itirmiş, özü də çənə xərçənginə tutulmuşdu. 1933-cü ildə isə Hitlerin Almaniyada güclənməsi Freydin kitablarının Berlində xalqın gözü önündə yandırılması ilə nəticələnir. Freydin cildlərlə kitabı oda atılarkən bir nasist hayqırırdı: “İnsan ruhunun əsaləti naminə cinsəlliyi şişirdib, ruhu yox edən Ziqmund Freydin kitablarını yandırmağı təklif edirəm!”. Elmi çalışmalarının lap ilkin vaxtlarından etibarən bir qrup Freydə qarşı çıxsa da, zaman-zaman onu təlxək olmaqda günahlandırsalar da, Hitlerin münasibəti onu son dərəcə məyus etmişdi. Yenə də bu hadisə qarşısında soyuqqanlılığını itirməmiş və belə dəyərləndirmişdi: “Bizimkinə irəliləmək demək olmaz! Orta əsrlər olsa məni yandırardılar, bu günlərdə kitablarımı yandırmaqla rahatlıq tapırlar”.
Şübhəsiz ki, bu soyuqqanlılığına baxmayaraq o, bu hadisədən təsirlənmişdi. Gənclik illərindən etibarən məruz qaldığı yəhudi düşmənçiliyi ona yetərincə iztirab çəkdirmiş, sonralarsa bu vəziyyətə tab gətirə bilməmişdi. Belə ki, Hitler Avstriyanı işğal edəndən sonra Freyd uzun illərdir yaşadığı Vyananı tərk etmək, həyatının son bir ilini Londonda yaşamaq məcburiyyətində qalır.
* * *
Bu arada evliliklərinin “lirik” dövrü çoxdan bitmiş, uşaqlarının sayı altı olmuşdu. Marta yalnız övladlarına vaxt tapa bilirdi. Əvvəllər etdikləri intellektual söhbətlər tədricən azalmış, Marta ərinin həyatını asanlaşdıran bir qadın olmuş, evin və uşaqların bütün işlərini öz üzərinə götürmüşdü. İlk gündən etibarən evin maddi cəhətdən idarəsi onun əlindəydi. Onlar uzun illər yoxsulluq çəkmiş, çətinliklə dolanmışdılar. Marta əsla şikayət etməmiş, ev və ya uşaqlarla bağlı problemləri ərinə hiss etdirməmişdi. Ziqmund sadəcə Martanın fövqəladə şəkildə səliqəyə saldığı mühitdə xəstələrinə baxır və elmi işlə məşğul olurdu. Marta bu “səliqəli həyat“ işini elə şişirtmişdi ki, ərinin diş məcununu belə fırçasına o sürtürdü. Hətta bəzi qaynaqlara görə, Marta ev işlərində “xəstə“ sayılacaq qədər təmizkar və qayda-qanun tərəfdarı idi. Bu halda feminizmin tənqidi Freydə (kişi) deyil, Martaya (qadın) yönləndirməsi daha doğru olardı. Bu hal ötən yüzillik üçün hardasa başa düşülə bilər, ancaq bu gün də keçmişdən fərqli olduğunu söyləmək çətindir. Çox az qisim istisna olmaqla, qadınlar bu gün də özlərini kişilər vasitəsiylə sübut etməyə çalışırlar və bu vəziyyət antifeminist qrupları ruhlandırır.
Martanın bacısı Minna nişanlısı vərəmdən öldükdən sonra ailə qurmamış, bir müddət tərbiyəçi işləmiş, özünü yetişdirmiş və bu müddətdə Freydlə yaxınlaşmışdı. 90-cı illərin ortalarında isə Freydin evində yaşamağa başladı və o gündən sonra uşaqların iki anası oldu! Marta və Minna bərabərhüquqlu idilər. Belə ki, evə zəng gələndə Minna özünü “Xanım Freyd“ və ya “professor xanım“ deyə təqdim edirdi. Bu vəziyyət xüsusilə balaca Anna üçün problem yaratdı. Evdə iki ananın olması, atasının sevgisini paylaşacağı iki rəqib qadın anlamına gəlirdi. Minna və Freydin münasibətlərinin sərhədləri heç vaxt tam olaraq aydınlaşmadı. Sadəcə baldızı Minna ilə çox sevdiyi tarok oyununu oynadığı və onu “mədəni sirdaş, zehnən sülhsevər“ hesab etməsi məlumdur. Bundan başqa Minna ailəsi haqqında Martadan fərqli düşünürdü, bu da əvvəldən qaynanası ilə yaxşı münasibətləri olmayan Freydin ürəyincə idi. Marta bu mövzuda Freydi tam razı etməmişdi. İlk baxışdan siam əkizləri kimi bir-birinə bənzəyən bu iki qadın, əslində, tamamilə fərqli idilər. Minna güclü xarakterli, dəbdəbəli, özündənrazı və enerji dolu idi.
Marta dünyagörüşlü olmasına baxmayaraq bəzən acıdil, yumşaq, utancaq və həssas olurdu. Freydin söylədiyi kimi: “İdeal qadının cisimləşmiş obrazı idi”. Minnayla Freydin münasibəti gizlədilsə də, əslində, onların cinsi münasibətdə olmasına dair sübutlar var. Freydin tələbəsi olmuş və psixoanalizə öz töhvələrini vermiş Yunq Freydin bir söhbət zamanı baldızından danışdığını, amma tez də vaz keçərək susduğunu və sonra belə dediyini vurğulayır: “Daha çox danışa bilərəm, ancaq reputasiyamı riskə atmaq istəmirəm”.
Bundan başqa, Yunq Minnanın da Freydlə cinsi münasibətdə olduğunu etiraf etdiyini söyləyir. Yunqa görə, Minna bunu etiraf etdiyi gün Freydlə münasibətinə görə vicdan əzabı yaşadığını da etiraf edib. Amerikanın “İmago“ dərgisinin redaktoru Peter L.Rudnitskiyə görə, psixoanaliz ideallaşdırılmış bir Freyd imici yaratmışdı və insanları narahat edən cinsi mövzuların açıq şəkildə ələ alına bilməsi üçün Freyd hər cür şübhədən kənarda tutulmuşdu. Redaktor bu vəziyyəti “tam Freydçi bir yanaşma“ olaraq səciyyələndirir. Əlbəttə, iki insanın şəxsi həyatda nəyi nə qədər paylaşdığı sirr olaraq qalmalıdır və spekulyasiya mövzusu edilməsi əxlaqsızlıqdır. Amma mövzu Freyd olduğuna görə varlığın əsaslarından olan eşq qavramının necə yaşandığı, ya da yaşanmadığı önəm qazanır. Bu mövzuyla bağlı ən doğru sözü Peter Qay söyləyib: “Böyük ehtimalla münasibətləri olub, amma bu, psixoanalizin dəyərindən heç bir şey əskiltmir”. Onların münasibətlərinin sərhədləri psixoanalizi dəyərsiz etmir, amma onu qavramaqda, açmaqda təsirli olacağı da bir həqiqətdir.
Freyd 1890-cı illərin ortalarında “cinsiliyin nevrozda təyinedici təsiri olduğu“ mövzusuna yönəlmiş, daha sonralar isə bu inancını dərinləşdirmişdi. Normal cinsi həyatı olanların nevroz yaşamadığını müdafiə edirdi. Məşhur bir ginekoloqun ona yönləndirdiyi nevrozlu bir xanım xəstə haqqında söylədikləri bu düşüncəsini gücləndirir: “Əslində, bu xəstəliyin yeganə resepti kifayət qədər bəllidir, lakin bunu da biz edə bilmərik. Çarəsi budur: Penis normalis dosim repetatur!”4
Freyd haqqında fikir qarışıqlığı yaradan mövzulardan biri də odur ki, sadəcə nevrozla bağlı deyil, duyğusal həyatda da cinsiliyin əhəmiyyətini qeyd edən alimin ona qarşı yanaşması neqativ olub. Həmişə cinsiliyə hərisliyin təhlükələri üzərində durub və bu “qaba, heyvani ehtiyaca“ qarşı soyuqqanlı olmağı məsləhət görüb. Onun fikrincə, cinsi fəaliyyətlər insanı həm hörmətdən salır, həm də bədən və zehnini kirlədir. Qırx bir yaşında dostuna cinsi həyatı tamamilə tərk etdiyini yazmış və belə demişdi: “Mənim kimisi üçün artıq cinsi təhrik işə yaramaz”.
Bildiyimiz kimi, Freyd zaman-zaman iqtidarsızlıq problemi yaşayırdı. Cinsi həyatı tamamilə dayandırdığını söylədiyi o illərdə özünü analiz etməyə başladı. Bir neçə il bir çox nevrotik çətinlik yaşadı. Öz vəziyyətini “anksiyete nevrozu“5 olaraq təşxis etdi və “cinsi gərginliyin tükənməsi“ olaraq səciyyələndirdi.
Şəxsi həyatında cinsiliklə bağlı neqativ düşüncədə olan Freyd qadınların “penisdən məhrum olduqları üçün təhqir olunmuşluq kompleksinə qapıldıqlarını və qeyri-sağlam super eqo yaratdıqları” fikrini müdafiə etmişdi.
Məhz burda Freydin kiçik qızı Annanı xatırlamaq kifayətdir. Anna Freyd iki analı böyümənin qarışıqlığını ən çox hiss edən uşaq idi və ehtimal olunur ki, şəxsiyyəti – ən azı Freydin baxışına görə, bu vəziyyətdən olduqca təsirlənmişdi. Əslində, Anna üçün qarışıqlıq doğulmamışdan öncə başlamışdı. O, arzuolunmayan bir uşaq idi. Bunu yazılarında “əgər valideynlərim üçün uyğun doğum nəzarəti vasitəsi olsaydı heç dünyaya gəlməyəcəkdim” deyə açıq qeyd edir. Annanın dünyaya gəldiyi 1888-ci il, eyni zamanda, psixoanalizin də doğulduğu ildir. Ailədə sevincsiz uşaqlıq keçirən, qayğı görməyən bir insan kimi Anna gələcəkdə atasının yoluyla getmiş və psixoanalitik olmuşdu. Uşaqlığıyla bağlı xatırladığı bu idi: “böyüklər tərəfindən tərk edilmək, onlar üçün sıxıntı qaynağı olmaq, sıxılmaq, atılmaq hissi”. Buna baxmayaraq, o, sonralar atasının ən sevimlisi olmuşdu. Hələ 14 yaşı olanda gizlicə atasının konfranslarını dinləyirdi. Atasına olan ruhi bağlılığından narahat olmuş və 22 yaşında onunla analizə başlamışdı. Bu analizlər həftədə 6 dəfə olmaqla axşam saat 10-da başlayırdı. Sonralar Freyd qızını analiz etməsinə görə kəskin tənqidlərə məruz qaldı.
Arzuolunmaz uşaq kimi dünyaya gəldiyini bilən, buna görə hər zaman cəmiyyətdən təcrid olunan, başqalarına yük olmaq hissi ilə yaşayan Anna ömür boyu anası ilə arası soyuq oldu. Ananın balaca qızı Sofiyə olan bağlılığı, şübhəsiz ki, Annanı daha da tənhalaşdırırdı. Və Anna anası və bacısı kimi “qadın” olmağı rədd etdi. Geyim tərzi və davranışlarıyla kişilərə bənzəməyə çalışdı. Anna gələcəkdə Doroti B.Tiffani ilə “birlikdə” yaşadı.
Freydin ömrünün son on ilində Anna daima onun yanındaydı və özünü atasının qulluğuna həsr etmişdi. Belə ki, Annanın varlığı və şəfqəti Freyd üçün əvəzolunmaz idi. Heç vaxt ailə qurmayan Anna həyatını ruhən zərər çəkmiş uşaqlara psixoanaliz tətbiq etməyə həsr etdi və bu sahədə adını psixologiya tarixinə yazdırdı.
Bir dahinin həyatı və eşqləri haqqındakı yazıda onun qızına da yer verilməsi təəccüblüdür! Ancaq bu münasibətlər silsiləsi anlaşılmadan Freydin nə həyatı, nə də sevgiləri haqqında sağlam düşüncələr irəli sürmək mümkün olmazdı. Arzuolunmaz bir uşaq kimi dünyaya gələn, anasıyla ömür boyu çəkişən, atasına heyran olan və gələcəkdə onu anasına qısqanan… Annanın həyatını bir qadın dostuyla tamamlaması və uşaqlar üzərində analiz edərək özünü xoşbəxt hiss etməsi, şübhəsiz ki, tablonu tamamlayır. Üstəlik, Edip kompleksini6 ixtira etmiş bir adamın uşaqlarıyla eyni evdə iki qadınla yaşaması olduqca təəccüblüdür. Freydin həyatının və işlərinin sensasiyalara əlverişli olduğunu qeyd etmişdik. Psixoanalizin zamanla dünyada uğur qazanmasıyla Freydin də məşhurluğu artdı və ailənin sosial çevrəsi olduqca genişləndi. Bu geniş çevrədə tanınmış kişilər və qadınlar da var idi. Bunlardan bəziləri xəstə kimi, bəziləri isə tanışlıq və dostluq qurmaq məqsədilə Freydgili ziyarət edirdilər. Onların arasında kraliçalar, şahzadələr, elm adamları və idarəçilər də vardı. Tomas Mann, Eynşteyn və Reyner Maria Rilke də Freydin ziyarətçiləri arasındaydı. Şahzadə Marie Bonaparte, Lou Andreas-Salome, Yvette Gilbert isə Freydin yanına tez-tez gələn qadınlardılar. Bu qadınlarla Freyd arasında xəstə-həkim münasibəti olduğu çoxlarına inandırıcı gəlməsə də, bunun əksini sübut edəcək dəlillər də yoxdur. Hər şey qapı arxasında baş vermiş və Freydin evində bir çox şey “həsiraltı” edilmişdi. Ancaq ailə üzvlərinin də qatıldığı bir düşüncə var: Freydin Vyanaya bağlılığı, nifrət və sevgini, antipatiyanı da özündə birləşdirən eşqdir və bu duyğunun səbəbi gizli qalmış faciəvi bir sevgi əhvalatı olmalıdır.
Hitlerin qələbəsiylə yəhudlilər üçün Vyanada yaşamaq mümkünsüzləşdi Çoxları kimi Freyd ailəsi də Hitlerin zülmünə məruz qalmışdı. Evləri axtarılmış, Marta nəzarət altına alınıb sorğulanmış, sonralar isə ailənin bir çox üzvü Nazi düşərgələrində ölmüşdü. Uşaqlarının, atasının və xüsusən çox sevdiyi nəvəsi Heinerlenin ölümü və xəstəliklər səbəbindən Freyd üçün həyat ağır olsa da, onun əsla şikayət etmədiyi, bunu “kədəri qarşısındakına ötürmə” olaraq gördüyü bilinir. Freyd ömür boyu yalnız nəvəsi Heynerle öldüyü vaxt ağlayıb. Özünün də dediyi kimi, Heynerle onun üçün bütün uşaqlarının və ailə üzvlərinin rəmzi idi. Onunla birgə sanki bütün ailəsini itirmişdi.
* * *
Freydin həyatının son beş ili xərçənglə mübarizədə keçir. Çənə xərçənginə görə dəfələrlə əməliyyat olur, çənəsinə protez taxılır və ağrılara məruz qalır. Müharibənin yaratdığı ruhi və fiziki travmalarla bərabər iqtisadi sıxıntılar da çəkirlər. Çox vaxt yandırmağa odun tapa bilmirlər. Bütün bu çətinliklərə uzun zaman müqavimət göstərən Freyd, nəhayət, yaxın dostlarının təkidi və vizayla bağlı yardımları sayəsində Anna və Martayla birlikdə Londona köçür. O zaman onun 82 yaşı vardı. Minna isə onlardan bir az əvvəl Londona gəlmişdi.
London onları gülərüzlə qarşılayır və orda nisbətən rahatlaşırlar. Amma Freydin sağlamlığı get-gedə pisləşir, ağrılar isə dözülməz olur. Bildiyimiz kimi, Freyd bu zamanlar belə şikayət etməmiş, həkimindən “xəstəliyi ilə bağlı hər şeyi açıq-aşkar söyləməsini və zamanı gəlincə daha çox əzab çəkməsinə izn verməməsi” üçün vəd alır. Bu, hardasa üstüörtülü evtanaziya7 istəyi idi. Arzusu yerinə yetirilir. Qaçılmaz son yaxınlaşanda həkim Annaya vəziyyəti başa salır və onun razılığını alaraq Freydin dözə biləcəyindən daha çox morfini ona inyeksiya8 edir. Və Freyd həmin gecə oyanmır.
Tarix: 23 iyul, 1939
Cinsilik haqqında “nevrotik” düşüncələri, antifeminist tövrü və ailəsindəki qadınlara olan qeyri-adi münasibəti səbəbilə onu tənqid edə bilərik, amma bu tənqidlər onun dahi olduğu həqiqətini dəyişdirməz. Qüsursuz deyildi, amma dahiydi. Və dahi olmaq qüsursuz olmağı deyil, əksinə, “qüsur”u tələb edirdi.
Ücretsiz ön izlemeyi tamamladınız.