Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bir tərəddüdün romanı», sayfa 2

Yazı tipi:

Titrəyərək silkindi. Gecəni xatırlamaq istəmirdi. Əlini nəbzinə apardı, amma qəfildən çəkdi: bilirdi ki, sinirlərə və qəlbə aid əks-sədanın təzahürləri üstündə qatılaşan diqqət şübhələri artırır və pis fikir aşılayaraq böhranı çoxaldır. Yaxşı olduğunu zənn etməyə çalışdı. Hərçənd, ürək bulantısı bu təlqini yarıda qoyurdu.

Qəflətən yeni və böyük bir naxoşluq keçirməyə başladı. İçində qəribə sıxıntı, əzilib-büzülmə duyurdu. Hər yeri büzüldü. Qıçları qıc olmuş, dizləri gərilmiş, bükülmüş və qarnına yaxınlaşmışdı. Döyüntünün səsi yüngül olsa da, tez-tez və uzaqdan gəlirdi. Əlini nizamsız döyünən ürəyinin üstünə apardı. Dərhal ümidi kəsildi, öləcəyini başa düşdü.

Gözləri qapıda, yumruqları sıxılmış, ağzı açıq, nəfəsi sürətli, başı sağa düşmüş, alnında soyuq tər, qulaqları uğultulu və tıxalı, alt çənəsi titrək, dodaqları sallanan, ağzının içi qupquru, dili hissiz və damağına yapışıq, sinəsinin içi dar və büzülmüş, əzələlərində ürpərmələr, damarlarında keyimə, sümükləri ərimiş və ətləri səs çıxarırmış kimi, ayaqları soyuq…

Qulağının diqqəti hotelin içindəki anlaşılmaz və qarışıq səslər arasında ümidsiz və yorğunluqla fırlanırdı. Axtardığı şey həmişə yaxınlaşan bir ayaq səsi və qapının dəstəyində bir tərpənişdi. Bir anlıq düşündü: “Həkim nə edəcək? Şprisini özüylə gətirərmi? Xidmətçi qadın ona vəziyyəti başa sala bilibmi? Birdən izah edə bilməsə? Ya həkim adi xəstə zənn edib tədarüksüz gəlsə?”

İnildəməyə başladı. Qorxudanmı? Ürəyinin ətrafındakı narahatlıq artır və can ağrısından daha böyük iztirab verirdi. Əlini ürəyinin üstünə basdı, üzüqoylu çevrildi və qıvranıb çırpınmağa başladı. Can verdiyini zənn etdi. Şüuru birdən-birə aydınlanmışdı; o gecə yatağında yox, məzarda və torpağın içində olacağını düşündü. Torpağın içində olmaq fikri onu yerindən sıçratdı. Yataqda birdən-birə dimdik oturdu və barmaqlarını saçlarının arasına soxdu.

Gözləri həmişə qapıdaydı. Gələn yoxdu… Ölüm qarşısında insanın yalnızlığı… Boğulurdu. Saçlarını çəkdi. Gəlmirdilər. Bir hörümçək torunun içindən baxırmış kimi, qapıya zillənən gözləri bulanır, keyiyir və hər şeyi titrək görürdü. Sanki qapının dəstəyi fırlanır, amma açlımırdı. Gələn yoxdu. Yalnız öləcəkdi! Bütün həyatı boyu yalnız qalmışdı. Yalnızlığın qorxunc üzünü dadırdı, ona bir az isinişmiş və çox öyrəşmişdi. Fəqət bu səfər daha nəhəng, daha qorxunc, daha dəhşətdi! Səsi çıxdığı qədər hayqırmaq istədi. Amma artıq səsinin çıxacağından əmin deyildi. Bəzən ürəyinin yüngül və sürətli çırpıntıları arasında qəflətən toxmaq kimi döyüntülər vardı. Dərindən nəfəs almaq ehtiyacıyla titrəyərək havanı çətinliklə içinə çəkmək istəyir, amma bu tənəffüz yarıda qalırdı.

Boğulmaq üzrə olduğunu anlayırdı. Nə olur-olsun, tələsik bir şey etmək lazımıydı. Özünü yenidən yataqdan aşağı atdı və qapı istiqamətinə doğru yeridi. Birdən-birə gözləri qaraldığı üçün heç bir şey görmürdü. Zaman qəribə formada uzandı. Yataqdan enməsindən iki saniyədən çox vaxt keçmədiyi halda özünü saatlarca yeriyirmiş kimi sandı. Bu qədər yorğun… Və dumanlar arasından gedən bir gəmi hissiylə irəlləyirdi. Qəflətən bir yerə çırpıldı və sarsıldı. Gözlərinin içindəki hörümçək toru bir az açılmışdı. Qabağını görə bildi. Çarpaynın taxtasına dəymişdi. Müntəzəm yeriyə bilməyəcəyini başa düşərək özünü irəliyə doğru atdı. Bu səfər çənəsini və bir çiynini kəskin bir şeyə vurmuşdu və əlləri sürüşkən bir maddəyə sürtünərək aşağıya doğru sürüşdü. Gözlərinin qarşısında yuxarından aşağı qədər enən kəskin bir cızıq var idi. Nə olduğunu başa düşmürdü. Gözlərini yaxşıca açdı: güzgülü dolabın küncünə düşmüşdü. Qapı sağ tərəfdəydi. Dolaba toxunaraq özünü qapıya atdı və barmağını zəngə basdı. Əlini çəkmirdi. Basdı, basdı…

Bədənin ayaqda güclə saxlayırdı. Qapıya və divara tutunan əlləri yuxarından aşağı, boydan-boya sürüşürdü. Yerə yıxılsa öləcəyini sanırdı. Həmişəki özünüqoruma instinkti ilə böyük bir səy sərf etdi və yatağa qaçdı. Üzüqoylu yıxıldı.

Dəhlizdəki ayaq səsləri ona yeni bir ümid verdi. Ağır, ağır dikəldi. Yatağın kənarında əyilərək oturdu. Qapının kandarında xidmətçini görəndə daha uzun nəfəslər almağa başladı. Sinəsinin hərəkətlərilə məramını başa salmağa çalışdı. Fəqət, xidmətçidə yenə heç bir hərəkət yoxuydu. Yenə o pərdələnmiş gözlərindən təhrikedici bir mənasızlıq fışqırırdı.

Xəstə inildədi:

– Həkim hardadı? Harda? Tez… Pisəm…

“Ölürəm” deyə bilmirdi. Qorxurdu. Bir şeydən, bəlkə, hotelin nizamlarından, bəlkə də, öz-özünə mənfi hiss təlqin etməkdən qorxurdu. Bir dəfə də:

– Pisəm… Çox… – deyə inildədi.

Bu qadın niyə kandardan içəri girmirdi? Niyə orada dayanmışdı? Həkim hardaydı?

Xidmətçi qadın başını qabağa doğru bir az uzatdı:

– Gedir, – dedi. – Müsyo indi.

“Bu müsyo kimdir, nədir, hara gedir, nə deyir bu qadın?”

– Müsyo?

– Bəli, gedir indi, həkim çağıracaq!

Xidmətçi qadın dərhal uzaqlaşdı. Xəstənin başı qabağa düşdü. “Gəl də getmə!” – deyə bağıra bilmirdi. Fəlakət… Hələ həkim çağırmağa gedən olmamışdı, hələ gedəcəkdilər.”

Mualla dərindən nəfəs alıb-verdi və kitabı örtdü. Heç bir şey düşünmədən bu kitabın oyatdığı xəyalları əhəmiyyətsiz sayırdı.

Əlavə olaraq, oxuduqlarının təsirindən qurtulmaq üçün güldanların yerlərini dəyişdirdi və çiçəkləri düzəltdi. Onların iç açan rəngləriylə ruhunu yumaq və kitabdakı hotel otağının qaranlıqlarını çölə çıxarmaq istəyirdi. Bir neçə dəfə dərin-dərin nəfəs aldı. Ancaq sanki qəlbinin üstündə bir təzyiq vardı.

Hələ də romandakı adamın hoteldə niyə qıvrandığını başa düşə bilməmişdi. İyirmi səhifə içində eyni hekayə elə davam edirdi.

Saata baxıb yan otağa keçdi. Böyük bacısı ordaydı. Bir az sonra gələcək qonaqlar barədə danışdılar. Mualla əlini ürəyinin üstünə qoydu. Bacısının buna diqqət etdiyini görən kimi izahat verməkdən qaçırmaq üçün çevrilib pəncərəyə doğru getdi. Amma bu həkərətiylə masadakı vəziyyəti arasında bir əlaqə olduğunu sezən bacısı kitabı xatırlayaraq soruşdu:

– Yenə oxudun?

– Hə.

– Necədir?

– Başa düşmədim. Amma həm maraqlıdı, həm də deyil. Belə bir şey. Oxuduqca ürəyim sıxılır.

– Niyə? Qorxuludu?

– Demək olar ki… iyirmi səhifə oxumuşam, amma romandakı adam bir dəfə rahat nəfəs ala bilməyib. Öləcəkmi, qalacaqmı, başa düşülmür. Yarı fizioloji, yarı psixoloji təhlil kimi bir şeydi.

Sonra yenə qonaqlardan bəhs etdilər.

İki saat sonra qonaqlardan biri masanın üstündəkı kitabı əlinə götürüb Muallaya sual verdi:

– Bu necədi?

– Hələ başa düşməmişəm. Siz oxumusunuz?

– Yox. Amma müəllifini tanıyıram. Heç bir kitabını oxumamışam.

– Mən bir-ikisini oxumuşam. Hər kitabda xəstəlikdən bir az mövzu var. Amma burda qəribə bir qəlb tutmasından danışır. Və uzun-uzun. Belə getsə, bütün kitab bir adamın yarım saatlıq həyatını danışmaqla keçəcək. Fəqət, adını “Bir adamın həyatı” qoyub. Mən “bioqrafik roman”ları sevirəm. Bunu də elə zənn etmişdim.

Mualla çox kitab oxumazdı. Çoxunun səhifələrini qarışdırar, daima tərəddüd içində qalar və bəyənməyəndə kitabı əlindən qoyardı. Amma bir dəfə bəyənsə onu təkrar-təkrar oxuyar, əlindən yerə qoymazdı. Qonağın kitabxanasında cildləri qopmuş, səhifələri kirlənmiş və köhnəlmiş, küncləri bükülmüş, ora-burasına işarələr qoyulmuş, səhifə kənarları və sətir altları qələmlə yazılmış kitablar Muallanın sevdikləriydi; xeylisi romandan daha çox, məşhur adamların həyatlarına aid əcnəbi əsərlərdi. Bu kitabların yaşanmış olmaları, başqalarının təcrübələriylə Muallanın ruhunun hiss, təcrübə və təəssürat tərəflərini zənginləşdirirdi.

– Mən, – dedi, – oxuduğum kitabların qəhrəmanlarını sevmək istəyirəm, onları dostum kimi fərz edirəm, həmişə onlarla bərabər yaşayıram və yanımdan ayrılmalarını istəmirəm. Onun üçün bir kitabın qəhramanını… Hətta çox-çox sevməliyəm. İllərlə eyni kitabı təkrar-təkrar oxuduğum olub. Elə bir kitab axtarıram ki, bütün həyatımda bezmədən həmişə onu oxuyum.

– İfratçısız.

– Bəlkə də. Məncə, kitab bir dəfə oxumaq üçün yazılan bir şey deyil. Bəzi tanışlarım həftədə üç-dörd kitab oxuyur. Onlara heyrət edirəm. Kitab, necə deyim, içində yaşadığımız ev kimi, vətən kimi olmalıdı, ona öyrəşməliyik, bağlanmalıyıq, künc-bucağını çox yaxşı tanımalıyıq, hər nöqtəsinə xatirələrimiz qarışmalıdır. Elə deyil? Bir musiqi parçası kimi… Həmişə başqa-başqa əsərlər oxuyanlar iki-üç gündənbir dostlarını, evlərini, vətənlərini dəyişdirən insanlara oxşamırlar? Bəlkə, bunun üçün hər yerdə çox kitab çıxır, amma yaxşıları necə də azdı.

– Bəli, kitab oxumaq bir sənətdir; bəlkə də, yazmaq qədər çətin bir sənət. Ona görə də müəlliflər, yalnız müəlliflərin oxuması üçün yazmalıdır. Oxucu ilə müəllif arasındakı səviyyə eyni dərəcədə olmasa razılaşmaq mümkün olar?

– Tamamilə belə düşünürəm.

Mövzu ümumiləşdi. Hamı bu kitabın müəllifinə dair bildiyini deyirdi. Onun həyatında səfalət, xəstəlik və əyləncə kimi üç ünsürdən başqa heç bir şey olmadığını iddia edənlər oldu. “Əsərləri də elədir” – dedilər. Əldən-ələ dolaşan bu kitab bir həkimin əlində qalmışdı:

– Bilirsiz? – deyə sözə başladı və belə xəstəlikdən kitab yazan müəlliflərə təşəkkür etdi, – çünki belə kitabları oxuyanlar xəstələnir və bizə gəlirlər. – Sonra kitabların oxucu üzərindəki təlqini haqqında fikirlərini dedi, – Məncə, bədbin bir kitabın mikrobdan fərqi yoxdur, insanı xəstə edər.

Sonra misallar gətirdi. Birinci, məlum “Verter” misalı. Arxasınca ixtisarla “Nə qədər insan Verteri oxuduğu üçün intihar etmişdi” misalı. Hekayədən hissə kimi “Gənc qızlarımızın kitabxanalarına diqqət etməliyik” deməsi. Və:

– Mualla xanım, – həkim dedi, – sizə həyat enerjisi verəcək kitablar tövsiyə edirəm. – Sonra əlavə etdi, – Mən özümü belə yetişdirmişəm.

Və əlavə nə qədər misallar, nə qədər hekayələr nəql etdi… Amma onu dinləyənlər arasında Mualla yox idi, salondan mübhəm bir tərzdə çıxmış və dəhlizlərdə məqsədsiz, səbəbsiz yeriyərkən, sanki bir insan səsi qulağına; “Məni yalnız buraxmayın!” – deyə bağırırdı. Mualla dərhal düşünmüşdü: “Görəsən, həkim hotelə gəldi?” Kitabı dərhal oxumağa davam etmək istəyirdi. Amma salona qayıtdı.

O gün qonaqlar elə kitablardan bəhs etdilər, həkim həmişə həyat enerjisi verən əsərləri mədh etdi.

Mualla durmadan: “Görəsən, həkim hotelə gəldi?” – deyə düşünürdü və qonaqlar gedən kimi kitabı açdı:

“Hava, hava! Boğulurdu. Nəfəs almaqda əməllicə çətinlik çəkməyə başlamışdı. Kiçik dolabın üstündəki qəzeti alaraq üzünə yelləmək istədi. Amma başı hərləndi və qəzet əlindən düşdü.

Ölüm bahasına hərəkətlər etmək məcburiyyətində olduğunu başa düşürdü. Çılpaq ayaqlarını tuflilərinə keçirmək və şalvarını çəkmək üçün böyük bir güc sərf etdi.

Son gücünü topladı və özünü otaqdan çölə atdı. Qaranlıq dəhlizdə heç bir şey görmədən, məsafə qət edib-etmədiyini başa düşmədən qollarını irəli uzadaraq yeriyirdi. Əlləri harasa dəydi. Gözlərini yaxşıca açaraq olduğu nöqtəni görməyə çalışdı. Başqa bir otağın qapısında idi. İçəridə bir adam ola biləcəyi ehtimalı ilə qapıya yavaşca yumruq vurdu. Amma gözləmirdi. Pilləkəndən divara sürtünərək düşdü. Aşağı mərtəbənin dəhlizində əynində şalvar, qurşaqdan yuxarısı çılpaq bir adamla qarşılaşdı. Bu adam hərəkətsiz dayanmış və ona qaranlıqda mənası görünməyən qəribə nəzərlərlə baxırdı.

Xəstə yerə yıxılmamaq üçün arxasını divara söykəyib inildədi:

– Tez… Həkim!

– İndi gedirəm.

Xəstə yenə divarlara sürtünərək özünü aşağı mərtəbənin pilləkənlərinə atdı. Vəziyyətini başa düşmədiklərini görür, nə olur-olsun, özünü küçəyə, insanların arasına atmaq istəyirdi. Qurşaqdan yuxarı çılpaq olan adamsa arxasınca gəlirdi.

– İndi, – deyirdi, – gedirəm həkimə… Belə aşağı düşməyin, üşüyəcəksiniz.

Bəlkə də, onun adi zökəm olduğunu zənn edirdi, tələsgənliyə lüzum görmürdü və bir-neçə dəfə ard-arda:

– Üşüyəcəksiniz! – dedi.

– Otağınıza çıxın, yatın. Yaxşıca örtünün! – dedi, – Mən indi həkimi götürüb gəlirəm, indi, elə indi!

Fəqət, özünün və xəstənin “indi”ləri arasındakı fərqi bilmirdi.

Xəstə alt mərtəbədəki salona qədər getdi və divanın üstünə yıxıldı. Başı dizlərinin arasına sallanaraq inildəyirdi. Üzünə vurulan su ilə bir az dikəldi. Ətrafında, ovuclarını üzünə örtmüş və qorxuya düşmüş qadınlardan biri:

– Nə olub sizə? – deyə soruşdu.

Xəstə sadəcə inildəyirdi. Ağzının ətrafında köpüklər yaranmağa başlamışdı. Qulağına yaxınlaşan ağızlardan gələn səsləri çətinliklə eşidirdi.

– Nolub sizə?

Sonra o böyük sözü dedi:

– Ölürəm!

Və divanın üstünə uzununa yıxıldı. Artıq heç səs eşitmir və ətrafında heç bir hərəkət hiss etmirdi. Bir ara başını qaldırdı və:

– Hava! – deyə inildədi.

Yarıqaranlıq salonda heç kim qalmamışdı, qorxur və onun yanında dayana bilmirdilər. Hotel, nizam-intizam, polis, qanun, məsuliyyət.

Yerindən qalxdı və sürünərək otağının qapısına gəldi. Hələ ovucları üzlərində duran qadınlar ona və bir-birlərinə baxır, susur və heç tərpənmirdilər.

Xəstə qollarını uzatdı:

– Məni yalnız buraxmayın! – dedi və salona qayıdaraq özünü qapının yanındakı divana atdı.

Ətrafında yenə heç kim yox idi. Gəlmirdilər. Qaçırdılar.

Boğuq səslər çıxardı.

Qadının biri başını qapıdan uzatdı, içəri girmək istəmirdi.

– Müsyo, indi getdi, indi həkim gətirəcəklər, narahat olmayın! – dedi.

Fəqət xəstə, özünü bir dəfə də – son dəfə toplamaq, küçəyə atılmaq istəyirdi. Dəhlizə çıxıb, küçə qapısına doğru irəllədi.

Qadınlar qışqırdılar:

– Üşüyəcəksiniz, hara? Üşüyəcəksiniz!

Bir anda soyuqdəymədən gələ biləcək ən təhlükəli xəstəliklərin ona xilas olmaq və yaşamağa nail olmaq üçün, ən azı üç-dörd günlük bir mübarizə fürsəti təqdim edəcəklərini düşündü və elə bir vəziyyətdə olmağı çox istədi.

Qadınlardan biri digərinə:

– Yuxarıdan pencəyini gətirin! – deyə qışqırdı.

Böyük qapının kandarına gələn xəstə küçənin izdihamını görən kimi bütün qorxularını ona hakim olan ictimai bir narahatlıq ilə paltarını düşünməyə məcbur oldu; çılpaq ayaqlarına keçirdiyi tüflilər, şalvarı, flanel və qarışıq saçlarla cəmiyyətin qarşısına çıxmaq! Başqalarına zərər verməyən bir qüsur və səfalətlik onun nəzərində ancaq görkəmin görünüşünü mühafizə etmək şərtiylə qaydaya uyğun ola bilərdi; ara-sıra bu gözəllikdən uzaqlaşmağa məcbur olmağın daima əzablarını çəkmişdi, fəqət heç birində özünü belə bir mənzərəylə təşhir vəziyyətində qalmamışdı. Geri qayıtdı, arxasını bir divara söykədi, gözlərini yumub dayandı. Bir tərəfdən də böhranın bu qədər uzun davam etməsinə təəccübləndi və ümidləndi. Yenə saatlarla davam edən tutmadan sonra çox sevdiyi bir adamın boğularaq necə öldüyünü xatırladı və ümidləri zəiflədi. Amma bir tərəfdən də keçmişə doğru assosiasiyaları zənginləşən şüurundan və ruhi qabiliyyətlərinin artmasından yeni bir ümid aləmi doğdu. Həm də o yaşlıydı. (Saatlarla davam edən bir ürək tutmasından sonra boğularaq ölən adam) Qoca və ürəyi xəstə idi.

– Pencəyiniz! – deyirdi xidmətçi qadın.

Və nəhayət, pencəyini ona geyindirdi. Yeni məlumatlar və qırıq-qırıq görmək qəribəydi. Heç bir şeyi tam görə bilmirdi. Yarı-qaranlıq içində, bir an yalnız pencəyinin ətəyini, sonra bir qapını, daha sonra bir qadının çiynini, ardınca divardakı lövhəni və pilləkənin sürahisini görən gözləri əməllicə bir nöqtəyə ilişib qalaraq kölgələnməmişdən əvvəl, kiçik qövslər içində hərəkət edərkən yönlərini qarışdıran bulanıqlıq içində yavaş-yavaş sönürdü. Nəhayət, yalnız bir hərəkətin və sarsıntının mübhəm idrakı içində sallandığını və səndələdiyini az-az hiss edərək, fərqində olmadığı bir müddətdən sonra gözlərini açdı və özünü salondakı divanın üstündə gördü. Qarşısında bir az əvvəlki kişi:

– Həkim indi gələcək! – dedi.

O və yanındakı qadınlar – hamısı uzaqda, gözləri ona dikilmiş halda və daim hərəkətsiz formada dayanmışdılar.”

Masada Muallanın yenə səssiz və iştahsız olduğunu görən xanım böyük qızından Raifin nə vaxt gələcəyini soruşdu.

– Sabah! – Məlahət dedi.

Və xanım Raifdən soruşmaq istədiyi şeyin ən nəzakətli üsulunu düşünməyə başladı: bir gənc qıza tövsiyə ediləcək əsərlərdə gözəllikdən başqa bəzi şərtlər axtarmaq lazım deyildi? Yox, bu sual Raifi incidə bilərdi.

Xanım bu üsulun ən münasibini növbəti gün Raiflə danışarkən tapdı:

– Muallaya verdiyiniz kitab necədi? – deyə soruşdu.

Raif tərəddüdsüz cavab verdi:

– Çox qəşəng!

– Mən bu kitabı bir az vərəqlədim. İçində bədbin hissələr var. Daha çox səfehlik. Bilmirəm, siz nə fikirdəsiniz, Raif bəy. Klassik tərbiyə almış bir qız üçün belə əsərlərin faydalı olduğunu qəbul edirsiz?

– Əxlaqi nöqteyi-nəzərindənmi?

Xanım gənclərin və sənətkarların səslərində bu “əxlaq” kəlməsinin aldığı dəyərsiz titrəyişə növbəti dəfə və yaxşıca diqqət etdikdən sonra, “bəli, əxlaq nöqteyi-nəzərindən” cavabını vermək istədiyi halda:

– Xeyir, – dedi. – Əxlaq nöqteyi-nəzərindən deyil. Çünki məncə, siz əxlaqın nə olduğunu bilmirsiniz.

Və əxlaq mövzusuna keçdilər. Kitabı unutdular. Mualla içəri girdi, Raifə dedi:

– Verdiyiniz kitab qəribədir.

– Fövqəladə.

– Bəli, amma məni xəstə edəcək. Dünən yemək yemədim və gecə az yatdım. Hələ də mövzunu yaxşı başa düşməmişəm. Müəllif bir əyləncə gecəsinin səhəri gününü nəql edir?

– Bəli.

– Öz həyatı olar.

– Təbii ki…

– Bu, o qədər də yaxşı deyil, amma…

– Mualla xanım, vallah, mən bu müəllifi bir neçə ay əvvəl tanımışam, amma elə bil, biz onunla illərdən bəri tanışıq; əslində, özü çox səmimi adamdı.

– Bəli… Yox… mən indidən tənqid etmirəm, onsuz da onun iki-üç əsərini oxumuşdum, amma bu kitabın… Necə deyim, daha gedişatını başa düşə bilməmişəm.

– Onu tanımaq istəyirsinizmi?

Mualla başını əydi və çiyinlərinin laqeydliyini ifadə edən çox xəfif bir hərəkətlə arzusu arasında müvazinətini qorumağa çalışaraq, alçaq səslə:

– Təbii ki, istəyərəm, – dedi.

– Bu cümə bizə gələcək, siz də buyurun.

Gözləri anasıyla pəncərə arasında qərarsız yarımdairə cızdıqdan sonra Mualla cavab verdi:

– Bir maneə olmasa…

Xanım kitabın müəllifi üçün fikrini dedi.

– Axıcı üslubu var, bəzi hiss və fikir nüanslarını çox dəqiq və yaxşı təsvir edir. Amma… bilmirəm.

Raif, xanımın sözlərini səmimi və nəzakətli təbəssümlə təsdiq etdikdən sonra Muallaya tərəf çevrildi.

– Cümə günü, mütləq gəlin.

* * *

Mən “Bir adamın həyatı” kitabının müəllifiyəm. Kitabımın ətrafında cərəyan edən bu hadisələrdən xəbərim olmadan və Mualla adlı heç kimi tanımadan bir cümə günü dostum Raifin evinə getdim.

Əvvəlcə mənim üçün orda yad adam yoxuydu. Evlənməkdən söz düşdü. Deyəsən, fikrimi soruşdular. Nə cavab verdiyimi bilmirəm. Amma yəqin ki, evlənmə haqqında həmişə düşündüyüm şeyi təkrar etmişəm.

Məsələn:

– Evlilik, – demiş ola bilərəm, – evli olan fərqli adamlara, hətta hər evlinin müxtəlif yaşayış sevinclərinə görə dəyişən bir tərkibə malikdir; bu məsələdə ümumi fikirlər və təcridlər xüsusi vəziyətləri ehmal etdikləri üçün yanlış olmaq təhlükəsinə məruzdurlar. Məsələn hidrogenlə oksigenin birləşməsindən su yaranır, amma bunların birinin tamamilə başqa bir ünsürlə birləşməsindən də ayrı tərkib əmələ gələr. Kimya elmi kimi, evlilik nəzəriyyəsi üçün yüz minlərlə fərdi ünsürlərin vücuda gətirdikləri tərkibləri təsbit və təsnif etmək, ordan da evlənməyin qanunlarına varmaq lazımdır ki, bu da bir evlilik elmi karikaturası meydana gətirir.

Sonra yaxşı xatırlayıram ki, zövcə-xidmətçi, zövcə-sevgili, zövcə-dost, zövcə-qulluqçu, zövcə-məşuqə, zövcə-dişi ilah… tipləri arasında fantaziya formasında müqayisələr etmiş və demişdim ki:

– Mənə qalanda, evlənmək istəsəydim, ya özümə çox yaxın, yaxud çox uzaq bir qadın seçərdim.

– Necə uzaq? – deyə soruşanlar oldu.

– Bunu ilk kəşf edən mən deyiləm, – dedim, – əsrlərdən bəri özündən çox uzaq, yəni çox bəsit qadınlarla evlənən tarixi şəxsiyyətlər var. Bu ehtiras adamları, evləndikləri bəsit bir kəndli qızının boş və saf gözlərində, özlərini yandıran böyük və güclü həyəcanların alovunu söndürərlərmiş. Bəlkə də, hər təcrübədə eyni dəyəri mühafizə etməyən bu fikir mənə mülayim gəlir. Fəqət, bunda da evlənməyin qorxularıyla yanaşı, zövqlərini azaltmaq da var. Bütün yollar Romaya aparır. Evlilikdə də ideal tərkib yoxdur. Hər cüründə fayda və zərərlərini görəcək qədər realist olaq.

Məclis iştirakçısı və maddi fikirləri, bir sıra sərgüzəşt xəyalları qurmağına mane olmayan şorgöz tacir:

– Adabazarından bir Çərkəz qızı qaçırın! – dedi.

Və silah səsləri arasında dördnala qaçan bir atla dumanlı dağlar aşarkən, insanın qollarında sıxdığı bir Çərkəz qızıyla nə qədər məsut olacağını danışdı:

– Mən, – dedi, – zövcə ilə cariyə arasındakı fərqi hələ də başa düşməmişəm.

– Bizdən iki-üç nəsil əvvəlkilərdən biri həyatda və burada olsaydı, şübhəsiz, bu fikirlərinizdə sizi tək qoymazdı. Mən bəsit qadınların cariyə olmaqları üçün deyil, ruhi durğunluqlarını mənə bir az ötürmələri üçün yaxşı zövcə ola biləcəklərini dedim. Amma bunların hamsı bir fərziyyədir. Sonra beyinləri qan püskürən, qırıb dağıdıcı bir coşğunluğuna müvəqqəti hakim ola bilən ağıllı, əzmli və azğın Çərkəz qadınlarından qohumlarım arasında olanlarını düşündüm. Ara-sıra ən incə ruhi məstlikdən əsəbin ən kobud dərəcələrinə sürətlə gedən bu ibtidai dişi həssaslığının cazibəli və dözülməz tərəflərini ağılmda götür-qoy etməyə başladım. Nənələrim…

Amma uzaqdan Raifin bir işarəsi fikirlərimi yarıda qoydu. Məni çölə çağırırdı. Çıxdım.

Qonşu otağın yarıqaranlığında kölgəmə doğru ağır-ağır əyilən böyük kölgəsindən məhrəm bir səs çıxdı:

– Bir qız var, – deyə, – pıçıldadı.

Gülməyə başlamışdım. Dostumun ruhunda ən çox bəyəndiyim müdriklik və yetkinlik keyfiyyətləri həmişəki şirin ağırlığından sıyrılaraq onu mənə sanki bir məzhəkə qəhrəmanı kimi göstərdi, çünki aylar əvvəl məni həyatda yalnız buraxan böyük bir fəlakətdən əvvəl də, sonra da evlənməyimi çox istəyirdi və mənə “Bir qız var…” cümləsiylə başlayan tövsiyələr etmişdi. Hamısı ciddi, sadə, ağıllı və ziyalı qızlar… Deyəcəyim heç nə yoxdu, amma evlənməyin məndən daha çox onda qaçılmaz bir ehtiyac halına gəlməsindəki könüllülük ifratının gülünc tərəfini görməkdən zövq alır və bəlkə də, beləcə, yumor hissimin pərdəsi altında, özümdən belə gizləmək istədiyim doyumsuzluqlarımı örtürdüm. Bəlkə, o da hər şeyi başa düşür, incimir və israr edirdi. Yenə israr etdi:

– Gülmə, – dedi, – Bu, heç biri kimi deyil. Çox qəşəngdi! Vallah… Əzizim, tapılmayan qızdı.

Və mənə xalis, saf keçmişini nəcabətli köklərindən alan ailəyə mənsub, ciddi və özünə güvənə bilən, anlayışlı və səbirli mədəniyyət sahibi, amma ictimai zərurətlərdən deyil, müəmmalar qarşısında doymaq bilməyən fərdi təcəssümünün sövqüylə oxumaq və başa düşmək istəyən mükəmməl bir qız təsvir etdi.