Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Bozqurdlar», sayfa 5

Yazı tipi:

oturdular. Yasovulbaşı Bağa Tarkan iki yasovulu ilə birlikdə hakimlərin qarşısına keçdi. Camaat, bu gün məhkəmə olacağını duyduğundan meydanı çevrəyə almışdı. Baş hakim, Bağa Tarkana üz çevirərək sözə başladı:

− Bağa Tarkan! Gördüklərini, eşitdiklərini danış!

Yasovulbaşı gecə olub butənləri qısaca anlatdı. Baş hakim buyurdu:

− Çinli qadını gətirin!

İki yasovuldan biri getdi. Fu-limi hakimlərin qarşısına gətirdi. Fu-lin bu toplanmış insanları, sərt üzlü hakimləri görüncə qorxdu, titrəməyə başladı. Baş hakim soruşdu:

− Adın?

− Fu-lin.

− Evli olduğun halda bir türk onbaşını nə məqsədlə yoldan çıxartdın?

Yüzlərcə ötükənlinin nifrət dolu baxışları Fu-linin üstündə cəmlənmişdi. Çinli qadın onu elə

oradaca öldürəcəklərini sanır, ayaq üstə güclə dura bilirdi. Hakimlərin cavab gözləyən qorxunc baxışları qarşısında səsi titrəyərək:

− Ərim demişdi, − deyə bildi.

− Sənin ərin bu qədər namussuz kişi idimi?

− Xeyr! Namuslu idi, amma…

− Nə? Namusu vardısa, səni nə adla pis yola sövq edirdi?

41

− Ərim çox pul yığmaq istəyirdi. Pulu olanların yanına məni özü göndərirdi. Onlar da aldanıb pullarını verirdilər.

− Ərinin nə qədər pulu vardı?

− Bilmirəm.

− Bağa Tarkan! Bu qadının ərində nə qədər pul tapdınız?

İki yasovulla yalnız qızılları saya bildik. Altı min qızıl çıxdı. Gümüş də bir qədər var.

− Bu qədər pul kağanda belə yoxdur. ərin bu pulları nə üçün toplayırdı?

− Çinə qaçıb bəy kimi yaşamaq üçün.

− Çinə necə qaçacaqdınız?

− Bilmirəm.

− Onbaşıdan öncə neçə kişini aldatdınız?

− Beş…

− Kimdir bunlar? Adları nədir?

− Bilmirəm.

− Adını bilmədən necə yoldan çıxarırdın?

− Ərim mənə onları göstəriridi. Mən də arxalarınca düşürdüm.

− Bax, bu camaatın içində onlardan kimsə varmı?

Fu-lin meydanı çevrələyən camaata döndü. Ona sərt-sərt baxan bir çox şəxslərin hamısı bir-birinə bənzər kimiydi. Zatən bu qarışıqlıqda, bu çətin anda bildiklərini tanımayacaq bir halda idi. Baş

hakim soruşdu:

− Bunların arasında yoldan çıxartdığın kişilərdən kimsə varmı?

− Yox!

Baş hakim dördü sağında, dördü solunda oturan o biri hakimlərə baxaraq soruşdu:

− Bunun cəzasını verək. Bağa Tarkan buna əlli dəyənək vursun.

Hakimlərdən biri etiraz etdi:

− Əlli zərbə bu arıq qadına çoxdur. Əlli zərbəyə heç bunun əri dayana bilməyib. Ərinin dayana bilmədiyinə arvadı necə dayansın? On zərbə bəsdir.

− Doğrudur!

− Doğrudur!

− Doğrudur!

− On zərbə buna azdır. On zərbə indi vurulsun. Zərbələrin acısı keçincə bir neçə gündən sonra yenidən on zərbə də vurulsun.

− Bu daha doğrudur.

− Bəli!

− Bu fikir qəbul olundu. Baş hakim Fu-linə baxaraq son sözünü söylədi:

− Sənə on dəyənək vurulacaq. Bununla ağlın başına gələr, on gündə zərbələrin yarası keçər. O

zaman on dəyənək də yeyəcəksən. Bu da qulağında sırğa olar. Bundan sonra kimsəni yoldan çıxartmağa cürət etməzsən. Bir də qarşımıza gəlsən, görəcəyin cəza ölümdür.

Bağa Tarkanın işarəsindən sonra iki yasovul Fu-linin aparıb onbaşı Sançarı gətirdilər. Baş hakim soruşdu:

− Onbaşı Sançar! Türk adətincə evli qadına ilişməyin qadağan olduğunu bilirsənmi?

− Bilirəm!

− Bilirsən, bəs nə deyə ilişirsən?

− Mən kimsəyə ilişmədim.

− Bağa Tarkan gecə vaxtı səni bayırda görmüş.

− Görsün! Nə çıxar?

− Amma çinlinin çadırı yanından gəlirmişsən.

− Gələrəm. Kimə nə?

− Gecə yarısı bayırda nə axtarırdın?

− Tarlada bıçağımı itirmişdim. Onu axtarmağa getdim.

− Gündüzü əlindən alan vardı gecənin gecə yarısı niyə gedirdin bıçağını axtarmağa? Gün doğandan sonra gedə bilməzdinmi?

− Gecə yuxum qaçmışdı.

42

− Yuxun nədən qaçdı?

− Qəzəbdən…

− Kimə qəzəbləndin?

− Çinli qadına.

− Nədən qəzəbləndin?

− Axşam mənə yanaşdı, qəzəbləndirdi.

− Danış, necə oldu?

− Gün batarkən tarlaya gəldi. Sənə çox mühüm sözüm var, dedi. Mən də maraqlandım. Qara Kağan öldü sandım. Tez söylə nədir, dedim. Gəldi mənə sarmaşdı, mənə vurulduğunu söylədi.

İtələdim, yıxıldı. Mənə sıxılarkən bıçaq qınından çıxıb düşmüşdü. Gecə yuxum qaçınca onu gəzməyə

getdim.

Onbaşı Sançarın bu sözlərindən sonra baş hakim tərəddüd edirdi. Sançarı sözlərinə inanan kimi olmuşdu. Sağındakı, solundakı hakimlərə baxdı. Onlardan biri Sançadan soruşdu:

− Bu zaman çinlinin çadırına girmədinmi?

− Nə yaman söz anlamaz adamlarsınız. Girmədim, deyirəm.

− Onbaşı! Dikbaşlıq etmə. Çadırında danışan çinli ilə arvadını yasovullar dinləmişlər. Bunlar çadıra girən bir onbaşıdan bəhs edirlərmiş.

− Ötükəndə məndən başqa onbaşı yoxdurmu?

Bu cavabdan sonra bütün hakimlərin içinə vəlvələ düşdü. Baş hakim Bağa Tarkandan soruşdu:

− Bağa Tarkan, çinlilər çadıra girən onbaşının Sançar olduğunu söyləyirdilərmi?

− Çadıra girən onbaşının adını söyləmirdilər, amma, Bay Çinli arvadına Çinə qaçacağını söyləyir və sən gəlməsən onbaşı Sançarınla qal, deyirdi. Bu sözlərdən mən çadıra girənin Sançar olduğunu qərara aldım.

Baş hakim Sançara dedi:

− Gördünmü?

− Mənim bir şey gördüyüm yox. Çadıra girən onbaşının kim olduğunu bir yol da çinli qadından soruşsanız…

− Bağa Tarkan, çinli qadını gətirin.

Yasovulun biri getdi, çinli gözəli gətirdi. Baş hakim soruşdu:

− Fu-lin! Yasovullar dünən gecə ərinin sənə “Çinə gəlməsən Sançarınla burda qal” dediyini eşitmişlər. Onbaşı Sançar sənin çadırına girmədiyini söyləyir. Bu, onbaşı Sançar idimi? Yoxsa başqa bir onbaşı idi?

Fu-lin hakimlərin önünə gətirilərkən yenə titrəməyə başlamışdı. Öz-özünə: “Bir daha qarşımıza çıxsan görəcəyin cəza ölüm olacaq” deməmişdilərmi? Aradan çox az zaman keçdiyi, Fu-lin bu vaxt ərzində həbsxanada qapalı qalıb heç bir günah işləmədiyi halda, hakimlərin önünə yenə çıxarılacağını eşidincə qorxudan alabağır olmuşdu. Baş hakimin sualı onu canlandırdı. Onu ölüm gözləmədiyini öyrənincə titrəməsi keçdi. Onbaşı Sançarın üzünə baxdı. Sərt üzlü Sançar da ona baxır, həm də

iyrənərək baxırdı.

Fu-lin bir ara düşünən kimi oldu. Hakimlər susurdular. Camaatdan səs çıxmırdı. Çinli gözəli bu işin sonunun onun sözlərindən asılı olduğunu anlamışdı. Sançar, Fu-linin susduğunu görüncə

hislənərək bağırdı:

− Alçaq qadın, söyləsənə! Dünən gecə sənin çadırına girən kim idi?

Fu-linin gözləri süzüldü. Bayaq qorxudan tutrəyərkən saralan bənizi indi qəzəblə qızarmışdı.

Hakimlərə tərəf döndü:

− Dünən gecə çadırıma gələn Sançar idi, − dedi.

Sançar, hiddətlə qaldırdığı yumruğunu iri bir toppuz kimi çinli qadının üzünə endirərək bağırdı:

− Yalandır!

Fu-linin bir neçə dişi ağzına tökülmüş, üzü-gözü qan içində qalmış bir halda yerə yıxılmış, özündən getmişdi. Baş hakim hiddətlə hayqıraraq soruşdu:

− Niyə yalan olsun?

− Nə bilim? Onu sən bil!

− Onbaşı Sançar! Başın gedəcək, doğrusunu söylə də Tanrının yanına yalanla getmə!

− Yalanmı deyirəm? Onbaşı Sançara inanmayıb bu çinli qadınamı inanırsan?

43

Elə bu zaman meydanı çevrələyən camaatın arasında bir dalğalanma oldu. Köhnə börklü, uzun boylu, yoxsul geyimli bir gənc camaatı yararaq hakimlərin qarşısına gəldi:

− Sançar doğru söyləyir. Dünən gecə bu çinli qadının yanında olan mən idim, − dedi.

Bütün ötükənlilərin gözü bu bahadıra yönəldi. Tanıyanlar adını pıçlldadılar:

− Qara Budaq!

Baş hakim soruşdu:

− Sən kimsən?

− Minbaşı İşbara Alpın onbaşılarından Qara Budağam!

− Bu qadının evli olduğunu bilirdinmi?

− Bilirdim.

− Bəs niyə çadırına girdin?

− Məni çağırdı.

− Girməyəydin.

− Naz edib məni yoldan çıxardı.

− Çadırda əri yox idimi?

− Yox idi.

− Səni çadırına salmasının əvəzinə səndən nə aldı?

− Məndən pul istədi. Bir gümüş pulum vardı. Verdim.

− Sənə başqa şey dedimi?

− Sabah gecə yenə gəl, dedi.

− Yenə verəcəyin pulu haradan tapacaqdın?

− Çindən qarət etdiyim bir gümüş bıçağım vardı, onu verəcəkdim.

− Sən evlisənmi?

− Yox.

− Neçə yaşın var?

− İyirmi.

− Yaşın keçir, niyə evlənmirsən?

− Minbaşı İşbara Alpın qızı Almılanı istədim. “Sənə könlüm yoxdur” dedi. Onbaşı Süləmişin kiçik bacısını istədim. “Sən yoxsulsan” dedi.

− Doğrudurmu? Yoxsulsanmı?

− Bəli.

− Dünyada kimin, nəyin var?

− İxtiyar bir anam var. Yeddi qardaşım var. Dörd atımla iki qoyunum var.

− Tarlan yoxdurmu?

− Vardı, satdım.

− Kimə satdın?

− Çinlinin birinə.

− Niyə satdın?

− Kiçik bacımı gəlin köçürdüb ona cehiz verdim.

− Cəzan nədir bilisənmi?

− Bilirəm.

− Evli bir qadına ilişdiyin üçün türk adətincə, Qara Kağan buyurunca edam ediləcəksən.

− Dərd deyil. Tanrı məni bağışlar.

− Bir deyəcəyin varmı?

− Var. Anama, qardaşlarıma Sançar baxsın.

− Eşitdinmi, Sançar?

− Kar deyiləm, eşitdim.

Baş hakim yerindən qalxdı:

− Bunu Qara Kağana bildiməyə gedirəm. Son söz yenə onundur, − dedi.

Ətrafa bir sıxıntı çökdü.

Baş hakim kağanın otağına girmişdi. Kağan və bəylər orada idi. Hakim yerə diz vurdu:

− Uca Kağan! Günahkar tapıldı. Onbaşı Qara Budaqmış. Qadının yanına girdiyini, evli olduğunu bildiyini söylədi. Adətimizcə, edam qərarı verdik. Son söz sənindir.

44

− Bu onbaşı Qara Budaq kimdir?

− Minbaşı İşbara Alpın onbaşılarından qarabuğdayı bir ərdir.

Kağan düşündü. Kür Şad bu düşüncəni gözləyirmiş kimi sözə başladı:

− Uca Kağan! Buyruq ver, bu onbaşıya başqa bir cəza kəssinlər.

− Olarmı? Adətə baş əymək gərək deyilmi?

− Onbaşının ölümü adətə uyğun olmayacaqdır.

− Nə üçün?

Kür Şad baş hakimə tərəf döndü:

− Hakim, Onbaşı Qara Budaq, çinli qadına zorlamı ilişmişdi?

− Xeyr, qadın özü çağırmışdı.

Kür Şad kağana tərəf döndü:

− Uca Kağan! Görürsən ki, ortada bizim adətimizə uyğun bir şey yoxdur. Onbaşı qadına zorla hücum etsəydi, o zaman cəzası ölüm olardı.

− Biz bu çinlilər üçün bir onbaşımızı öldürsək, camaat bizə hirslənər. Bizdən soyuyar.

− Adət önündə xalq düşünməz.

Kağan bəylərə tərəf döndü:

− Bəylər! Hakimin verdiyi qərar doğrudurmu?

Bəylər “Doğrudur!” deyərək qərara qoşuldular. Kür Şah tək qalmışdı.

***

Baş hakim yerinə qayıdanacan meydandakı ölüm səssizliyi pozulmamışdı. Qalın bir səslə Qara Budağa son sözlərini söylədi:

− Onbaşı Qara Budaq! Kağan hökmü doğru hesab etdi. Türk adətini pozduğun üçün öləcəksən.

Qara Budaqla Sançar baxışdılar. Sonra başlarını aşağı əydilər. Yasovulbaşı onbaşı Budağın qarşısına gəlib durdu:

− Onbaşı Qara Budaq! Qılıncmı, oxmu?

− Ox!

Gənc onbaşı oxla öldürülmək arzusunu bildirdi. O, bəy olduğundan yayının teli ilə boğularaq öldürülməli idi. Günahı böyük olduğu üçün ox və ya qılıncla edam olunacaqdı. Yasovullar iki yanınca sıralanaraq Qara Budağı apardılar. İrəlidə, bir ağacın dibində oxa tutulacaqdı. Minbaşı İşbara Alpın bütün onbaşıları Qara Budağın döyüş yoldaşları xəbəri eşidər-eşitməz qoşaraq gəlmişdilər. İlk gələn Pars idi:

− Qara Budaq! Səni itiririkmi?

− Görünməz bəla. Bir günah işlədim.

Arxadan onbaşı Süləmiş yetişdi:

− Qara Budaq! Bacım səninlə evlənməyə razı olmuşdu. Yazıq! – deyə qışqırdı.

Qara Budaq acı-acı güldü.

Onbaşı Yamtar Qara Budağın boynuna sarıldı:

− Yazıq igidim! Bu dünyada hələ neçə çamçaq kımız içmişdin ki… – deyə ağladı.

Onbaşı Üç Oğul Qara Budağın çiyninə vurdu:

− Yoldaşım! Bacını mənə verirsənmi? Ona baxdıqca səni anaram. Oğlum olsa, adını Qara Budaq qoyaram, − dedi.

− Verirəm! Anama söylə. Artıq cehiz istəmə. Yoxsulluğumu bilirsən.

Onbaşı Göy Börü, Ötükənin bu ən qəzəbli dəli onbaşısı:

− Söylə, Qara Budaq! Kim səbəb oldu? Tanrı şahid olsun, onu öldürmədən qılıncımı qınıma qoymam.

− Səbəb olan yox ki… Səbəbkar mən özüməm…

Sançar bir az aralıda dayanmışdı. Yoldaşına yaxınlaşmamışdı. Həm də qohum idilər. Qara Budaq çağırdı:

− Sançar! Mənə bir təsəlli verməyəcəksənmi? Sənin bir deyəcək sözün yoxdurmu?

Sançar ağır-ağır yaxınlaşdı:

− Qara Budaq! Məni özünə borclu qoyub gedirsən. Mənim kimsəyə borcum yoxdu. Bu pis oldu, −

dedi.

45

Bir az sonra yasovul gəldi. Bağa Tarkanın:

− Haydı, igidlər. vaxt gəldi. Yol verin! – deyən səsi könüllərə bir atəş kimi düşdü. Onbaşılar geri çəkilərkən Qara Budaq səsləndi:

− Minbaşıya söyləyin, sağlığımda başqa bir günah işlətməmişəm.

Yasovulbaşı soruşdu:

− Onbaşı Qara Budaq! Gözlərini bağlayımmı?

Qara Budaq qəzəblə gülümsədi:

− Onbaşı Qara Budağın köksünə saplanacaq on oxdan qorxacaqmış sandın?

Yasovullar Qara Budaqdan iyirmi addım uzaqda idilər. Beşi diz çökmüşdü. Beşi onların arxasında ayaq üstə durmuşdu. Bağa Tarkan əmr etdi:

− Yayları çəkin!

On yasovul hərəsi ox qablarından bir ox çəkərək yaylara yerləşdirdilər. Bağa Tarkan yenə əmr etdi:

− Nişan alın!

Yaylar gərildi və Qara Budağın köksünə tuşlandı: Son əmir dəhşətli idi:

− Oxlayın!

Kəskin, yandırıcı, rüzgar kimi bir səs eşidildi. On ox birdən uçaraq qara Budağın köksünə

saplandı. Onbaşının köksü qanına qəltan oldu.

Qara Budaq ilk öncə sarsıldı. Sonra önə doğru səndələyərək üç addım atdı. Yavaş-yavaş

dizləri üstünə çökdü. Üzünü,Tanrı ilə danışmaq istərmiş kimi göyə çevirdi. Bir şey söyləyəcəkmiş

kimi əllərini yuxarı qaldırdı. Sonra iri bir ağac kimi yerə yıxılıb qaldı. Torpaq bir anda qızılı qana boyandı.

Elə bu an böyük sürətlə bir atlını gəldiyi göründü. Minbaşı İşbara Alp dördnala gəlmişdi, amma yetişə bilməmişdi. Qara Budağı yerdə görüncə qaşlarını çatdı. Atdan düşüb yanına getdi.

Onbaşının başını qoluna yaslayaraq qaldırdı. Alnından öpdü:

− İgid onbaşı idi. Tanrı özü bağışlasın,-dedi.

Diz vurub onu salamlayan onbaşılarına baxmadan yenə atına atılaraq dördnala çaparaq uzaqlaşdı.

O zaman onbaşılar Qara Budağın meyidinə yaxınlaşdılar. Köksündən oxları bir-bir çəkdilər.

çəkilən oxların yerindən gənc onbaşının qanı şırıldayıb tökülürdü. Pars, kımız çamçağını çıxardı. Içinə

Qara Budağın qanından bir az axıtdı. Sonra bıçağını çıxararaq öz biləyini kəsdi. Öz qanından da çamçağa damlatdı. O biri onbaşılar da elə etdilər. Yalnız Onbaşı Üç Oğul yanaşmadı. Pars soruşdu:

− Sən gəlmirsənmi?

− Mən sizinlə qan qardaşı ola bilmərəm. Qara Budağın bacısını alacağam.

Onbaşılar, kımızdan bir qurtum içdikdən sonra qalanını torpağa səpdilər:

− Göy şahid olsun! Yer şahid olsun! Ağac şahid olsun! Su şahid olsun! And içdik. Qan qardaşı olduq. Qan qardaşıyıq.

Onbaşı Üç Oğul onlara baxdı. Qanı qaynamış, onlarla birlikdə olmaq istəmişdi. Amma Qara Budaqla qan qardaşı olarsa, onun bacısını ala bilməzdi. Altı onbaşı ölən yoldaşları ilə və bir-birləri ilə

qan qardaşlığı andlaşması edərkən onbaşı Üç Oğul əlində Qara Budağın bağrından çəkilib çəxarılmış

qanlı oxlarla birlikdə gözləri yaşlı, bağrı yanıq, içi kədərli, obasına doğru gedirdi.

ÇALIQ

“Acın üstünə doqquz yorğan örtsələr də, yata bilməz” sözünü Çalıq çox yaxşı anlamışdı. Son azuqələrini anası ilə arvadına və üç uşağına verib özü ac yatdığı üçün bütün gecəni üşümüş, yüxüya getməmişdi. Bir gün öncədən də ağzına bir şey qoymamışdı. Bu qış işlər yerində getmirdi.

Bir keçi, heç olmasa bir dovşan ovlamazsa, işin hara gedəcəyini bildiyi üçün Çalıq çox erkəndən qalxaraq dağa üz tutdu. Bir dovşan ovlamaq üçün ox qabındakı otuz oxu sərf etməyə razı idi. Atını sürərkən qaranlıqlar arasında bəzi kölgələr görür kimi oldu. Diqqətlə təfərinc elədi, onun kimi bir neçə atlı da ov üçün dağa, meşəyə gedirdi. Canı sıxıldı. Atını mahmızladı. Dağa qalxdığı zaman gün çıxmışdı. Çalıq bir də baxıb dağda yüzlərcə atlını görüncə çaşdı: “Burada dovşandan çox 46

adam var” − dedi. Demək ki dünən gecə ac yatan təkcə o deyildi. Bunu düşündükcə sevindi. “Ellə

gələn toy-bayram…” deyə ürəyindən keçirdi. Ov aramağa başladı.

Dağda birləşib dəstə ilə ov edənlər də vardı. Bağırıb dovşanları, keçiləri hürküdür, sonra ardınca dördnala at sürərək oxlayırdılar. Bir keçi vurdularmı, keçini paylaşaraq tez də geri qayıdırdılar. Amma hər qulun başına qonan dövlət bir deyildi.

Çalıq üç dəfə ox atdığı halda hələ bir şey vura bilməməşdi. Aclıqdan əlləri titrəyib gözü qaraldığından yaxşı nişan ala bilmirdi.

Vaxt günortaya yaxınlaşsa da hələ də bir şey ovlaya bilməyən Çalığın birdən gözləri parladı.

İrəlidə iri bir dovşan qarşıdakı düzənliyin bitdiyi yerə doğru qaçırdı. Çalıq bu düzənlik bitmədən heyvanı vurmazsa, ovu əldən qaçıracağını anlayıb iti bir sürətlə atını məhmizlədi. Dovşan düzənliyin sonuna yaxınlaşmış, arada yüz addıma qədər bir məsafə qalmışdı ki, Çalıq yayı çəkdi. Bircə anda dovşanın sıçrayıb yerə düşdüyünü gördü. Götürmək üçün yaxınlaşdı. Amma heyvanın yanına çatınca özünü elə itirdi ki, az qala atından yerə yıxılacaqdı. Dovşanın gövdəsinə iki ox saplanmışdı. Çalıq atdığı bir oxun dovşana hansı möcüzə ilə iki oxa çevrilib saplandığını düşünərkən biri soldan, biri də

qarşıda düzənliyin bitdiyi yerdən iki atlının gəldiyini gördü. Üç atlı dovşanın önündə qarşı-qarşıya duraraq baxışdılar. Çalıq işi başa düşmüşdü. İki atlıdan soruşdu:

− Onun birini mən atdım. O birini hansınız atdınız?

Atlılardan biri cavab verdi:

− Oxun birini mən atdım.

− Elə isə dovşan ikimizindir. Bölüşək.

Amma üçüncü atlı Çalığa etiraz etdi:

− Onda sənin payın yoxdur. Dovşan ikimizindir.

− Niyə?

− Dovşana dəyən ikinci ox mənimdir.

Çalıq təəcübləndi.

− Dovşanı mən də vurdum. Mənim də payım olmalıdır.

Aydın idi ki, dovşana atlıların üçü də ox atmışdılar. Amma bu oxlardan ikisi dovşana dəymişdi.

Vuranların bu üç kişidən hansı ikisinin olduğu bəlli deyildi. Atlılardan biri ox qabından bir neçə ox çıxartdı. Çalığa və o birinə göstərərək dedi:

− Mənim oxlarımda iki çərtik varıdır. Dovşanda iki çərtikli ox varsa, yarısı mənimdir.

Çalıq da ox qabından oxlarını çıxararaq göstərdi:

− Mənim damğam çatılmış iki çizgidir.

O biri atlı ox çıxarmadı:

− Mənim oxlarımda damğam yoxdur, − dedi.

Üçü də atlarından endilər. dovşana saplanan iki oxu çıxardılar. Biri:

− Bu mənim oxumdur. Üstündə iki çərtik var, − deyə göstərdi.

İkinci oxu əlinə almış olan Çalıq öz damğasını axtarırdı. Çalığın gözləri qaralmağa başlamışdı.

Oxu o biri atlıya uzatdı:

− Bax buna hələ, bax, − dedi. − Mənim aclıqdan gözlərim qaralır, görə bilmirəm. Mənim damğamı görürsənmi?

Atlı oxa diqqətlə baxdı: Bunda sənin damğan yoxdur. Bu mənim oxumdur, − deyə, cavab verdi.

İki atlı dovşanı kəsib, soyub paylaşdılar. Sonra atlarına minərək uzaqlaşdılar.

* * *

Çalıq özünü itirmişdi. Dovşanı özünün vurduğunu sanmışdı. Bu iki atlı haradan çıxmışdı?

Gözləri dovşanın vurulduğu yerə dikili gözləyəkən bir atlı peyda oldu:

− Oxunumu axtarırsan? Burdadır…

Çalıq atlının göstərdiyi yerə baxınca utandığından qızardı. Çünki onun oxu dovşandan iyirmi addım aralı düşmüşdü. Torpağa saplanmış olan oxu çəkib çıxardı. Üzərində öz damğasını gördü.

Dayanmağa dəyməzdi. Atlandı. Yenə ov gözləməyə başladı. Bir aralıq gözləri irəliyə dikildi.

Baxdı uzaqda iki kişi at üstündə qılıncla vuruşurdu. Çalıq vuruş görüncə ovu, aclığı unutdu.

Döyüşənlərə doğru atını mahmızladı. İki ər yalnız qılıncla çarpışırdı. Çalıq onlardan birini tanıyan 47

kimi oldu. Özü-özünə: “Bəlkə mənim tanışlarımdan biridir. Ona bir xətər toxunmasın! Bunları ayırım”, deyə düşündü, qılıncını çəkərək ikisinin arasına girdi. Atını şahə qaldıraraq bağırdı:

− Ey, çaşmısınızmı? Nədən ötrü vuruşursunuz?

Yəqin toxsunuz, ov ovlamaq əvəzinə buraya gəlib kef edirsiniz!

Atlılar ayrıldılar. İkisi də yaralanmışdı. Biri cavab verdi:– Dovşan mənimdi. Bu isə “mən vurmuşam” deyir. Vuruşmayım, neyləyim?

O biri atlı hayqırdı:

− Xeyr! Dovşan mənimdir. Mən vurmuşam!

Hər birisi dovşanı özü vurduğunu sübut etmək istəyirdi. Buna görə iş döyüşə gətirib çıxarmışdı.

Çalıq araya girdi.

− Tanrı belə istəyib. İkinizin də oxu birdən dəyib. Nə döyüşürsünüz? Mən bayaq bacarıqsızın birini gördüm. Atdığı ox dovşandan iyirmi addım uzağa düşmüşdü. Yenə dovşanı almaq istəyirdi. Siz isə ağıllı adamlarsınız. Boş qovğa yaraşmaz. Mən dovşanı aranızda bölüşdürərəm.

Çalıq yerə sıçradı. Dovşanı soydu. İki bərabər parçaya ayıraraq atlılara verdi. Atlılar bir-bir “sağ

ol” dedikdən sonra uzaqlaşdılar. Çalıq arxalarınca bir xeyli baxdı. Sonra əlini dizinə vuraraq bağırdı.

− Tfu! Lənət şeytana. Mən bunlardan özümə bir az ət istəyəcəkdim.

Çalıq, döyüşü seyr edərkən unutduğu aclığını yenidən xatırladı. Atını sürdü. Meşənin kənar döngəsini dönüncə dayandı. Yerə oxla vurulmuş bir dovşan sərilmişdi. Çalıq vurulub sahibi çıxmayan ovu görüncə çaşdı. Bayaqkı döyüşə görə bu tox gözlünün kim ola biləcəyini düşündü. Amma bu düşüncəsi uzun sürmədi. Döngənin ardından bir atlı çıxdı. Çalıq, onbaşı Sançarı tanıdı:

− Onbaşı Sançar! Bu dovşanı sənmi vurdun? − deyə soruşdu. Onbaşı xəstə kimi cavab verdi:

− Mən vurdum. İstəyirsən götür, sənin olsun.

Çalıq onbaşının bu hədiyyənin niyə ona vermək istədiyinin mənasını başa düşmədi. Bir sıçrayışla yerə atıldı. Dovşanı götürdü. Sonra onbaşıya tərəf dönərək:

− Sağ ol, onbaşı. İki gündür bir şey yeməmişəm. Bu da olmasaydı acından gəbərəcəkdim, − dedi.

Onbaşı sərtliklə soruşdu:

− İki gündür bir şey yeməmisənmi?

− Yeməmişəm.

− Niyə yeməmisən?

− Yeyəcək tapmadım.

− Yeyəcək tapılmırdı? Al bunu iç!

Onbaşı Sançar kımız çamçağını Çalığa uzatdı. Çalıq yarım çamçaq kımızı birnəfəsə başına çəkdi.

− Sağ ol, onbaşı, − deyə bağırdı.

Gücü yerinə gəlmişdi. Onbaşı Sançar atını sürərək uzaqlaşdı. Çalıq sevincdən sərxoş olmuşdu.

Artıq evə gedərək bu dovşanı qızardıb yeməkdən başqa işi qalmamışdı.

Yamaca yaxınlaşarkən birdən-birə dayandı. Onbaşı Yamtarla qarşılaşmışdı. Yamtarın əlində iri bir dovşan vardı. Çalıq:

− Onbaşı! Yaxşı ov ovlamısan.

Yamtar dərhal cavab verdi:

− Harası yaxşıdır? Bu dovşan mənim dişimin dibini belə doldurmaz. Bəs evdəkilər nə yeyəcək?

Yamtar, Çalığın dovşanına gözlərini dikərək soruşdu:

− Sən dovşanın yarısını mənə satırsanmı?

− Nə verərsən?

− Yazda Çinə hücum etdiyimiz zaman sənə bir dana, yaxud üç qoyun verərəm.

− Verərsən, amma o zaman məni tapmazsan.

− Niyə?

− O zamana qədər mən aclıqdan öləcəyəm.

Yamtarın canı sıxıldı. Birdən-birə belə dedi:

− Gəl güləşək: kim yıxsa, əlimizdəki dovşanlar onun olsun!

Çalıq bir az düşündü. Evə bir dovşan əvəzinə iki dovşanla dönmək gözəl olacaqdı! Sevinərək cavab verdi:

− Tutaşaq!

48

Yamtarla Çalıq atdan enərək qılınc və ox qablarını çıxardılar. Tutaşdılar. Künorta vaxtı idi, amma Çalıq bir az öncə içdiyi yarım çamçaq kımıza güvənirdi.

Onların özlərindən heç də tox olmayan atları ətrafda otlayırdı.

Çalıq, güləş başlar-başlamaz hücum edərək Yamtarı yerə vurmağa çalışdı. Amma şam kötüyünə

bənzəyən Yamtar hələm-hələm təslim olmaq istəmirdi. Çalığın atdığı möhkəm bir təpik boşa çıxmışdı.

Çalıq bir ağaca təpik vurmuş kimi ayağı ağrıyaraq yerə yıxılmaqdan özünü güclə saxladı.

Çalıq, uzun zaman əlləşdiyindən yoruldu və yenidən acdı. Yarım çamçaq kımız, bu qədər didişmək üçün onbaşının ürəyində qut ola bilməmişdi. İndi hücum etmək növbəsi Yamtara çatdı. Artıq ayaq üstə vuruşa bilmirdilər. Yamtar Çalığın belindən yapışdı, qaldıraraq yerə vurdu. Elə möhkəm vurdu ki, özü də yerə yıxıldı. Bir-birinə sarmaş- dolaş oldular. Kimin altda, kimin üstdə olduğu bəlli deyildi. Çalıq yerindən qalxa bilməsə, məğlub olacağını başa düşüb; tərpəndi, qalxdı. İki güləşçi bir-birinə nəzər saldı. Artıq girişməyə cəhd etməyərək bir-birinin ətrafında fırlandılar. Sonra birdən-birə

qızışaraq yenə geyişdilər. Yorğun olduqlarından fənd işlədib güləşi qazanmaq istəyirdilər. Çalığın güləşdə bir usta fəndi vardı. Qarşısındakını əllərindən yaxalayaraq yerə çəkər, bir ayağı ilə üzərindən aşırar, sonra özü birdən-birə fırlayaraq havadan yerə düşən rəqibinin üstünə atılar, kürəyini yerə

vurardı. Çalıq bir əli ilə Yamtarın boynundan tutdu, o biri əli ilə onun biləyindən yapışdı. Özünü yerə

atdı Yamtar da onun üzərinə düşdü. Amma Çalıq bir ayağını qaldırmışdı. Yamtar Çalığın ayağının üzərinə düşərkən, o, ayağı ilə Yamtarın ağır gövdəsini qaldıraraq öz başına doğru atdı. Yamtar havada bir mayallaq aşaraq rəqibinin başı bərabərindən yerə düşərkən Çalıq qalxdı. Yamtarın üzərinə atıldı.

Yamtarın iki çiyni birdən yerə dəymək üzrə idi. Amma Yamtar asan-asan yenilərmi? Üzərinə uzanmış

yekəpər Çalıq sanki bir yorğanmış kimi Yamtar bir qımıldadı, qalxındı. Çalıq da onu bütün gücüylə

yerə basdı. Bu didişmə çətin bir didişmə oldu. Çünki uzun zaman sürən bu güləşdə iki güləşçi yamacın kənarına gəldiklərini sezməmişdilər. Azacıq qımıldanmadan sonra ikisi də bir-birlərinə

sarılırmış halda yamacdan aşağıya yuvarlanmağa başladılar. Yoxuş aşağı-yuxarı yüz addım qədər vardı. İki Göy Türk əsgəri yuvarlana-yuvarlana düzənliyə endilər. Bir-birlərinə sıx-sıx yapışmışdılar.

Əgər düşdükləri yer bir su gölməçəsi olmasaydı, aralanmayacaqdılar. Yaxşıca qızışmış olan güləşçiləri bu soyuq su üşütmədi. Əksinə, tərləmiş olduqları üçün bu, onlara sərinlik verdi. Sudan çıxaraq yenidən güləşməyə başladılar.

Güləş o qədər uzun sürmüşdü ki, artıq axşam olmuşdu. Ətraf qaralmağa başlayırdı. Birdən necə

oldusa, Çalığın ayağı bir daşa ilişdi və Çalıq özünü yerdə gördü.

Güləş bitmiş, Çalıq məğlub olmuşdu. Yamtar təngənəfəs belə dedi:

− Yenilməyin yaxşı oldu. Bax, axşam düşüb.

Çalıq cavab verdi:

− Yaxşı olmadı. Dovşan getdi.

− Yaxşı oldu. Yoxsa bu gecə ac qalacaqdıq.

− Yaxşı olmadı. Bu gecə biz ac qalacağıq.

İkisi də yuvarlandıqları təpəyə dırmandılar. Atlar hələ otlayırdı. Dovşanlar yerdə idi. İki yorğun əsgər yoxuşu çıxınca büsbütün yoruldular. Tez-tez nəfəs alırdılar. Çalıq yerə çökdü. Yamtar da onun yanına. Çalıq dovşanı da itirdikdən sonra artıq burada çox qalmaq istəmirdi. Nəfəs dərərək qalxdı.

Atlandı. Yamtara “salamat qal” deyərək uzaqlaşdı. Yamtar onun ardınca bağırdı:

− Ey! Bura qayit!

Çalıq döndü. Yamtar əlini yerə uzadaraq:

− Ox qabınla qılıncını götürmədənmi gedirsən?

Çalıq can sıxıntısından nə etdiyini bilmirdi. Atından yerə endi. Yorğun-arğın qılıncını qurşandı.

Bu zaman Yamtar atına minmişdi. Sürdü. Çalıq bir ona, bir də yerə baxdıqdan sonra bağırdı:

− Ey! Onbaşı! Buraya gəl!

Yamtar döndü. Çalıq sordu:

− Dovşanları götürmədənmi gedirsən?

İkisi də yorğunluqdan nə etdiklərini bilmirdilər. Çalıq günortadan axşama qədər canla-başla güləşdikdən sonra dovşanı əldən vermişdi, evinə əliboş döndü. Yolda onbaşı Sancarla rastlaşdı. Sancar onu dovşansız görüncə soruşdu:

− Dovşanı nə etdin? Yedinmi?

Çalıq mızıldandı:

49

− Dovşanı yemədim, amma elə bir iş tutdum ki… Sorma, onbaşı!

Çalıq çadıra girincə çaşqınlıqdan gözləri açıla qaldı. Arvadı bir cüyürü parçalayıb qızardırdı.

Bir anda iştahı açılan mehtər əliboş döndüyünü unudaraq: “ Bunu hardan tapdın?” deyə soruşdu.

Arvadı sıxıntılı bir səslə: “Ovladım” − deyə cavab verdi. Çalıq daxildən arvadını bəyənsə də, amma səsini çıxarmadı. Anası isə aclıqdan ayaq üstə durmağa gücü qalmayan oğlunu təhnizlədi:

− Atan cuyuru diri tutar, atın sümüyündən kımız çıxarardı. Sən ona çəkməmisən.

Çalıq anasına sərt-sərt baxdı kəskin bir söz deyəcəkdi, amma arvadı daha öncə tərpəndi:

− Çində üç il dustaq qalıb fərsizləşib!

Arvadı sözə qarışınca Çalıq susdu. Çünki onun necə yaman qadın olduğunu bilirdi. Arvadını həm çox sevir, həm də ondan çəkinirdi. Evləndiyinin ilk ayında bir gün onunla ağız dalaşına çıxmış, sonra ara qızışıb, yumruq davasına çatmışdı. Çalıqla arvadı iki pəlivan kimi döyüşmüşlər. Çalıq bu döyüşdə onu basa bilməmiş, hətta əlinə qamçını keçirən arvadından iki möhkəm kötək yeyərək üzü qan içində qalmışdı. Beləcə mal meydanda idi. Çalıq ona verilən dovşanı belə əldən qapdırdığı halda, arvadı iri bir cüyür yaxalamışdı.

Amma anası aranı yenə qızışdırdı:

− Çalıq, sən artıq ərlikdən çıxdın? Atdığın ox daha hədəfə dəymir?

Çalıq, Çində əsir qaldığı illərdə yalan danışmağı öyrənmişdi. Qurtulmaq üçün başqa çıxış yolun tapa bilmədi:

− Mənim ov vura bilmədiyimi sənə kim dedi?

− Bəs hanı, hardadır?

− Harda olacaq, Yamtarda!

− Niyə Yamtarda?

− Mən verdim!

− Nə üçün?

− Yamtar elə-belə doyarmı? Evində də adam çoxdur!

− Kişi öncə öz evini düşünər. Gəlinim cüyürü vurmasa, nə olacaqdı?

− Vuracağını bilməsəydim dovşanı Yamtara verərdimmi?

Ət qızarmışdı. Çalığın arvadı öncə cüyürün bir parça kəsib qaynanasına, sonra uşaqlara, daha sonra Çalığa verdi. Ən axırda özü götürdü. Danışmır, iştahla yeyirdilər.

Çalıq o gecə rahat yatdı. Yuxuda ancaq yaxşı şeylər görür, hər atdığı oxla bir cüyür vuraraq birini Yamtara, birini Sançara verir, hətta minbaşı İşbara Alp da diri-diri tutduğu bir ovu hədiyyə

gətirirdi…

ÇALIQ İŞ ARXASINDA

Ertəsi gün Çalıq yenə erkəndən qalxdı. Bu gün tox olduğu üçün gücü yerində idi. Artıq ox atarkən qolu titrəyib, gözü qaralmazdı. Torbasına iri bir ət parçası qoyduqdan sonra çadırdan çıxdı.

Ətraf qarla örtülmüşdü. Dünən gecə çoxlu qar yağmışdı, atların hərəkəti çətinləşmişdi. Çalıq toxkən yaxşı düşünürdü. Bir gün əvvəlki sınaq onun qulağında sırğa olmuşdu. O artıq bu gün dovşan, yaxud cüyür vurmağa deyil, quş ovlamağa gedəcəkdi. Çalıq əvvəllərdən bəri bu meşədə kiçik quşlar ovlayar, bunun üçün də ağac budaqlarından düzəltdiyi incə oxlardan istifadə edərdi. Bu quşlar kiçikdi, amma çox dadlı olur. Necə olsa, evdə bir neçə günlük ət olduğu üçün tələsməyə də lüzum yoxdu.

Ağaclara dırmaşmaq lazım gəldiyi üçün, Çalıq atını minməmişdi, qarı eşərək ot tapar deyə atını düzəngaha buraxmışdı. Çox quş ovlarsa onları kımızla dəyişə biləcəyini düşünürdü. Bir çamçaq kımız tapsa, anasının ağız açıb dil uzatmağa üzü olmayacaq, arvadı da sevinəcəkdi.

Çalıq meşəyə çatınca gözünə sataşan bir şam ağacına dırmaşdı. Külək əsmir, quşbaşı qar yağırdı. Bir budaqda yaxşı rahatlandıqdan sonra bıçağı ilə çubuqlarını kəsərək uclarını yonmağa başladı. Şam ağacından düzəldilən oxlar kiçik quşları vurmaqla daha çox işə yarıyırdı. Oxları ox qabına qoyarkən birdən-birə gözləri irəliyə dikildi. Qarşıdan iki piyada adam danışa-danışa yavaş-yavaş gəlirdi. Çalıq öz-özünə düşündü:

“Bunlar da ov üçün gəlsələr, belə yeriməzdilər”. Gələnlər bir az da yaxınlaşınca Çalıq onların iki çinli olduğunu anladı. Çinlilər Çalığın ağacına doğru gəlirdilər. diqqətlə baxan Çalıq onlardan birinin 50

Van-zin-şan olduğunu tanıdı. O birinə gəlincə yoxsul qiyafəli, çirkin üzlü hərifi də tanıyan kimi oldu.

Amma kimliyini dürüst xatırlaya bilmədi. Çalıq həm Şen-kinqin, həm də Van-zin-şanın çox qürurlu olduqlarını eşitdiyindən onun bu yoxsul çinli ilə danışıqlarına təəccübləndi. Bu zaman çinlilər Çalığın oturduğu ağacın çox yaxınından keçirdilər. Olduqca yavaş səslə danışdıqlarına baxmayaraq çalıq Van-zin-şanın çincə “Şen-kinq qorxur” dediyini eşidə bildi.

Çalıq uzaqlaşan çinlilərin arxasınca baxdıqdan sonra:

− Mən bu hərifi harda görmüşəm? − deyə mızıldandı. Sonra özü-özünə hirslənmiş kimi birdən-birə,– cəhənnəm olsunlar! Harda görməyimin nə mənası var?! Mən indi quş ovlamalıyam, − dedi və ilk oxunu ataraq qarşıdakı ağaclaın birinin başında bir quş vurdu.

* * *

Çalıq hər vurduğu quşu götürməyə bir ağacdan enib o biri ağaca çıxırdı.

Artıq gün günorta olmuşdu. 20 quş vurmuşdu. Bu, az şey deyildi. İndi gedib bunlara kımız almaq olardı. Çalıq tələm-tələsik alış-veriş edilən yerə getməyə başladı.

Kağan qış günləri alış-veriş edilsin deyə ağacdan üstüörtülü böyük bir ev tikdirmişdi. Çin tuccarları çox qədim vaxtlardan bəri bəzən bütün qışı Ötükəndə qalır, sonra yaz olunca Çinə

dönürdülər. Onlar alış-veriş etdikcə kağanlar onlardan vergi alır, beləcə bu alış-veriş iki tərəfə də

₺125,23