Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ruh adam», sayfa 2

Yazı tipi:

–Sizin bura gəlmənizə mane olmaq üçün əlimdən gələni elədim, –deyə sözə başladı. Və sözlərinin göydən enmə təsirini göstərəcəyini ümid etdiyi üçün gözlərini Ayişənin gözlərinə zil-lədi. Lakin heyrət!… Ayişənin üzündə heç bir dəyişiklik yox idi. Daş kimi səssiz, hərəkətsiz və donuq bir ədayla dinləyirdi.

–Çünki şagirdlərə davamlı zərərli fikirləri təbliğ edərək onları mənfi yollara sürükləyən bir müəllimi bir müdir kimi istəməməkdə haqlıyam.

Müdirə bu sözdən sonra sözlərinə pauza verdi. Önündə oturanın soyuqqanlılığı qarşısında sözlərinin ardını gətirə bilməmişdi. Ədəbiyyat müəllimi qeyri-müəyyən bir gülümsəmə ilə cavab verdi:

–Bu təbliğatın nə olduğunu öyrənə bilərəm? Haqqımda rəsmi bir şikayət var?

Müdir coşdu:

–Xeyr. Haqqınızda rəsmi şikayət və ya təhqiqat yoxdur.

– Bəs elə isə?

–Siz təbliğatı o qədər ustalıqla edirsiniz ki, sizi tutmaq mümkün olmur.

–Etdiyim təbliğat nəymiş?

–Onu bir bilsəm… Onu bir bilsəm, sizi bura qoyarammı?

Ayişə Pusat, qarşısındakı yaşlı qadına üzülərək, hətta istehza ilə baxdı və ərinin məhkəmə zamanı bir sözünü –''acizləri layiq olmadıqları vəzifələrə gətirən bir dövlət batar''–deyə bağırmasını xatırladı və ona haqq verdi.

Bu qədər dayaz düşüncəli bir qadın ona rəhbərlik edəcək, dərslərində müvəffəqiyyət göstərib-göstərmədiyi haqqında gizli hesabat yazaraq onun müqəddəratını təyin edəcək və yüzlərlə gənc qızın yüksək xarakter və əxlaqla yetişməsinə yardımçı olacaqdı. İstər-istəməz gülümsəyərək:

–Müdirə xanım! Bilmədiyiniz bir şey haqqında necə hökm verirsiniz axı? –deyə soruşdu.

Bu sual müdirəni sarsıtdı. Sarsıldığı zamanda bütün rəhbərlərin elədiyi kimi yalan və mübaliğəyə baş vuracağı şüb-həsiz idi:

–Hər kəs elə deyir… Həm də, əlbəttə ki, mənim də bil-diyim bəzi şeylər var,– dedi və söz mübahisəsində bu qadına qalib gələ bilməyəcəyini bildiyi üçün bir tərəfdən zəngə basdı, bir tərəfdən də qəti əmrini verdi:

–Sizdən tək xahişim təbliğatı kəsin və əvvəlki metodunuzu dəyişdirin, ancaq dərslərinizlə məşğul olun.

III FƏSİL

Ayişə Pusat müdir müavini ilə birlikdə müəllimlər ota-ğına gəldiyi zaman artıq yorğun idi. Otaqda, pəncərənin qarşı-sında oturmuş olduğu halda qəzet oxuyan müəllimdən başqa heç kim yox idi. Birinci müavin, divardakı dərs proqramına ba-xaraq:

–Bu gün təkcə dördüncü, beşinci saat dərsləriniz var, iki saat gözləyəcəksiniz,” – dedi. Müəllimlər üçün ən çətin məsələnin boş saatları gözləmək olduğunu bildiyinə görə düşünürdü ki, Ayişə Pusat şikayət edəcək. Lakin o nə etiraz etdi, nə də şi-kayət… Birinci müavin bir müddət utancaq rəftarla Ayişəyə baxdıqdan sonra:

–Dərs saatlarınızın vaxtı gələndə sizi siniflərə təqdim edərəm –dedi və onun etirazına imkan verməmək üçün tez küncdə qəzet oxuyan müəllimə səsləndi:

–Rza bəy, baxın, Ayişə Pusat gəldi.

Cəbr müəllimi Rza bəy liseyin köhnə müəllimlərindən idi. Yası altmışı haqlayan bütün müəllimlər kimi yorğun və çox danışan bir adam idi. Vaxtilə Ayişə Pusatın müəllimi olmuşdu. Qəzetini endirib baxdıqdan sonra sevinclə yerindən qalxdı:

–Oooo… Xoş gəldiniz, qızım … Xoş gəldin, Ayişə… Val-lah darıxmışdım – deyərək ona doğru getdi. Hərarətlə əlini sıx-dı.

Birinci müavin vəziyyətdən çətinliklə çıxmışdı. Səssizcə otağı tərk etdi. Rza bəy ətrafını tələsik baxışla nəzərdən keçirdikdən sonra tək olduqlarını görüncə Ayişəyə doğru əyilib səsini qısaraq:

–Ərin necə oldu? Həbsdən çıxdımı? –deyə soruşdu.

Ayişənin gözlərində qəmli bir işıq yanıb-söndü. Ərini soruşmaq lütfkarlığını göstərənlərdən çoxu da bax belə gizlicə, tək olanda, səslərini alçaldaraq soruşurdular. Hər bir fikrə, hadisəyə diqqət edən insanlar kimi Ayişə də bundan pis olur, gizli soruşanların heç maraqlanmamasının daha düzgün hərəkət olduğunu düşünür, əsəbiləşir, lakin bunu qətiyyən büruzə vermirdi. İndi qarşısındakı adam öz müəllimi olmasa, bəlkə cavab verməzdi. Bununla birlikdə içindəki üsyanın səsini dinləməyi və üzünə qarşı daim tənqid etdiyi ərinə ürəyinin bütün səmimiyyəti ilə haqq verməkdən çəkinmirdi. Əri bir dəfə mübahisə edəndə melanxolik bir səs tonu ilə demişdi:

–Mənə insanlardan danışırsan? İnsanlar keçmişdə və tarixin vərəqləri arasında qaldılar. Bu gördüklərin bir karikaturadan başqa heç nə deyil.

Ayişə bunları düşünərkən qoca cəbr müəllimi çox danışma vərdişi ilə:

–Qızım, Ayişə, – dedi. – Sənin xətrini çox istəyirəm, bilirsən. Ərini də çox təqdir edirəm. Lakin nə edəsən ki, bir az da zamanın şərtlərinə tabe olmaq lazımdır. İnsan hər həqiqəti olduğu kimi deyə bilməz ki… Bu qədər cəsarət göstərməməli idi. Heyf deyil? Bütün gələcəyi məhv oldu.

Bunlar hər kəsin söylədiyi sözlər idi. Bunları dinləməkdən artıq yorulmuşdu. Həqiqətən, insanlar çox qəribə məxluqlardır. Öz ağıllarının üstünlüyünə inanaraq başqalarına öyüd-nəsihət verməkdən çəkinmirlər, lakin öz gülünclüklərini, zavallılıqlarını da heç cür dərk edə bilmirlər. Ayişə bu gün liseyə onsuz da bir əsəb imtahanı keçirmək üzrə gəlmiş olduğundan qoca cəbr müəlliminin qarşısında çox səbrli bir duruşla dayanırdı. Yəqin o biri də bunun fərqində idi və təhlükəli bir mövzunu qurdalamaqda olduğunu anlamışdı. Ayişə zorla gülümsədi:

–Həbsdən çıxdı, amma çıxmadı desəm də yalan olmaz. Çünki öz-özünü evə həbs edib. Evdən bayıra çıxmır.

–Niyə?

–İnsanlardan iyrənib. Heç kimi görməyə gözü yoxdur.

Yaşlı müəllim qüvvətli bir hissiyatı ilə bu sözlərdən özü-nə pay çıxarmışdı. Sözdə təəssüf hiss edən insanların etdiyi ki-mi dərin bir ah çəkərək yerinə oturdu. Qəzetini oxumağa getdi. Ayişə məmnun idi. O da heç kimin onu narahat etməyini istə-mirdi. Başqalarının onunla məşğul olmasından sıxılırdı. Bir küncə çəkilərək çantasından Əbdülhaq Hamidin “Məqbər” əsə-rini çıxardı. Bu səhər liseyə gələndə evdən çıxarkən çantasına bu kitabı qoymuşdu. Nə üçün “Məqbər”i seçmişdi? Bunu bil-mirdi. Bir neçə dəfə oxuduğu, bəlkə yarısını əzbər bildiyi bu ki-tabın məchul tərəfi qalmadığı halda şüuraltı bir hərəkətlə “Məqbər”i götürmüşdü. Kim bilir, bəlkə də bir mərsiyə olduğuna görə onu seçmişdi.

Oxumağa başladı. Lakin elə ikinci misrada birdən-birə dayandı:

“Könlüm dolu ahuzar qaldı”…

Qəflətən bu misradakı hüznün ürəyinə işlədiyini fərq etdi. “Məqbər”in ən qeyri-adi, hətta dil baxımından nahamar olan bu misrasında nə vardı ki, ona bu qədər təsir edirdi?

Yoxsa özü romantik əhvali-ruhiyyədə idi?

Şeirlərin nə zaman təsirli olduqları haqqında bir az dü-şündü. Düşüncələr onu ildırım sürətilə çox uzaqlara apararkən beynində bir nöqtənin işıqlandığını hiss etdi sanki. İnsanlar öz duyğularına uyğun bir misradan, bir beytdən zövq alırlar, qəmlənirlər, kədərli olurlar. Ayişə könlünü yoxladı. Bu könül ahu-zar ilə doluydu. Amma bir fərqlə ki, Hamid, öz ahu-zarını fırtınalı bir fəryad halında dünyaya və zamanlara bağıra bildiyi halda, Ayişənin ahu-zarı könlünün sərhədləri içində məhbus qalmağa məhkum idi. Onu bu qədər duyğulandıran da yəqin bir dərd ortağının olmaması, hətta dərdini eşidən bir insanın ta-pılmaması idi. Bunu kəşf etdikdən sonra təkrar kitaba qapıldı:

Könlüm dolu ahu-zar qaldı …

Bir qəlbin ahu-zar ilə dolmasının nə demək olduğunu könlü rahat olanlar anlaya bilməzdi. Bütün liseyi əhatə edən bir zəng səsi Ayişəni xatirələrindən ayırdı. Əlli dəqiqə necə keçmişdi? Axı o, hələ “Məqbər”in ilk səhifəsində idi. Bəzən sürətli, bəzən yavaş keçən bu zaman nə nisbi məfhumdu! Başını qaldıranda cəbr müəllimiylə göz gözə gəldi və müəlliminin bayaqdan bəri onu süzməkdə olduğunun fərqinə vardı. Yaşlı müəllim ona yəqin nə isə deyəcəkdi. Lakin o hələ sözə başlamadan öncə otaq qapısı açıldı və dərsdən çıxan müəllimlər bir-bir gəlməyə başladı. Bunların çoxu üç il əvvəldən tanıdığı müəllimlər idi. Ayişəni qarşılamalarında və salamlaşmalarında belə gizli bir sünilik var idi. Bəziləri sanki heç bir şey olmamış, üç illik bir fəlakət dövrü gəlib keçməmiş və bu qədər iztirab çəkilməmiş kimi davranırdılar, süni görünən yüksək əhvali-ruhiyyə ilə danışaraq onu üzürdülər. Əriylə tanış olanların onun haqqında ağız açıb bir kəlmə soruşmamaları diqqət çəkirdi. Şükür ki, bu cansıxıcı mərasim uzun müddət davam etmədi. Göstərdiyi rəsmiyyət, lazımsız hərəkət edənləri yanından uzaqlaşdırdı və əlində “Məqbər”ilə Ayişə, pəncərənin yanındakı kətilində tək qaldı. Həyətdən uşaqların səsləri gəlir, bəzi adlar tanış idi. Ayağa qalxıb bağçaya baxsa, bir çoxunu tanıyacaqdı, şübhəsiz. Lakin özünü göstərməkdən çəkinərək qalxmır, oturduğu yerdən göyə və üfüqlərə baxaraq, düşüncələrə dalırdı. Üç ildir sərf etdiyi zehni fəaliyyət onda şüuraltı hərəkətləri çox oyandırmışdı. İki şeyi birdən düşünə bilir, ilk əvvəl fərqinə varmadığı ikinci düşüncə bir az sonra bütün aydınlığı ilə özünü büruzə verirdi.

Ayişə üfüqlərə baxarkən ''Beynimdə nəsə var'' –deyə düşündü və çox keçmədən bunun nə olduğunu tapdı. Bir-iki dəqiqədən bəri bir çox qızlar müəllim otağına girir, guya müəllimlərdən nəsə soruşurlarmış kimi davranıb ona baxırdılar. Yeni bir müəllim gəldiyi vaxt təkcə maraqdan yaranan bu hərəkət bu gün başqa bir məna daşıyırdı. Ayişə bu məna ətrafında düşündü. Onu da tapdı. Bu, həsrət və ya nifrət ola bilərdi. Bunu analmaq üçün birdən-birə dözülməz bir istək hiss etdi. Bu istəklə başını çevirərək qapı tərəfə baxdı. Üç gənc qız bir müəllimlə danışır və guya özləri də fərqində olmadan onu süzürdülər. Ayişə həsrətləmi, nifrətləmi qarşılanacağını anlamaq istəyincə artıq bütün cəsarətini toplamışdı. Bu cəsarətlə qara önlüklü, ağ yaxalı qızlara baxdı və onlarla göz-gözə gəldi. Bu baxışları çox sevimli və sevincli idi. Könlü ahu-zar ilə dolu olan ədəbiyyat müəllimi, ruhunun qaranlıq hücrəsində bir işığın açıldığını və oradan da içəri işıq və sərinlik yükləndiyini hiss etdi. Gözlərini üç gözəl qızın üzlərində və saçlarında gəzdirdi. Sağda və solda dayananları dərhal tanıdı. Üç il əvvəl kiçik bir uşaq kimi arxada qoyub getdiyi bu şagirdlər dəyişərək incə, gözəl, mənalı, əndamlı gənc qızlara çevrilmişdilər. Adlarını xatırlamırdı, amma bütün halları, çalışqanlıqları, dəcəllikləri, hətta sinifdə oturduqları yerləri belə kino lenti kimi gözünün qabağından keçirdi. Bu iki gənc qız da sanki o dəqiqədə eyni şeyi düşünürmüş kimi yüngülcə gülümsədilər və başlarıyla Ayişəni salamladılar.

Ortadakı qız utancaq bir təbəssümlə baxır və ara-sıra ba-şını qabağa əyirdi. Ayişə onu da tanımağa çalışırdı, lakin xatırlaya bilmirdi. Zehnini yorarkən bəzən də az qala tanıyacaqmış kimi bir hiss yaranırdı, lakin kim olduğunu heç cür tapa bilmirdi. Rəngi uzaqdan aydın olmayan və bənövşələrə bənzəyən gözləriylə, gur və açıq qumral saçlı, lakin xüsusilə utancaq təbəssümüylə bir şeir kimi gözəl olan bu qızda, baxdıqca özünü müəyyən edən bir xüsusiyyət var idi. Ayişə bu xüsusiyyətin nə olduğunu anlamaq üçün ona baxarkən, daha doğrusu, onu araşdırarkən göz-gözə gəldilər. Bir az əvvəl utancaq və qaçaq baxışlar atan bənövşəyi gözlərin mənası dəyişdi. Yırtıcı bir hal aldı. Lakin üç ildən bəri ruh mütəxəssisi halına gələn Ayişə bu yırtıcılığın ona qarşı olduğunu anlamaqda gecikmədi. Bu sərt baxışlar ətrafa meydan oxuyurdu. Ayişə Pusat bənövşəyi gözlü qızın ona güldüyünü və içində utancaqlıqdan əsər olmayan bir rəftarla salam verdiyini görüncə birdən-birə bu məchul qıza qarşı bir sevgi hiss etdi. Özü də gülümsədi. Eyni açıq və səmimi rəftarla, verilən salamı aldı. Bir neçə saniyə içində gözlərlə aparılan bu gizli söhbəti təkcə cəbr müəllimi Rza bəy görmüşdü.

Qadın müəllimlərin, ətrafı unudacaq və görməyəcəkmiş kimi hərarətlə havadan, sudan danışdıqları bir vaxtda o, Ayişə Pusata və qızlara baxmışdı. Hər şeyi görmüşdü, nəticədən də məmnun olmuşdu. Bu məmnuniyyətin doğurduğu qeyri-ixtiyari bir hərəkətlə ayağa qalxaraq Ayişəyə yaxınlaşdı. Köhnə müəllimliyin verdiyi diqqətsiz bir rəftarla:

–Ayişə! Son siniflərə dərsin varmı?– deyə soruşdu.

–Var, bəli.

–Çox gözəl. Xüsusilə dəqiq elmlər şöbəsindən çox məmnun qalacaqsan.

Ayişə bütün müəllim otaqlarının bitib tükənməz çəkişmələr mövzusu olan dəqiq-humanitar elmlər iddiasını xatırlayaraq gülümsədi. Rza bəy bu təbəssümün səbəbini anlamışdı.

–Xeyr, xeyr! Ona görə demirəm, –dedi. Bu sinifdən həqiqətən məmnun qalacaqsan. On nəfərlik fövqəladə bir sinifdir. Xüsusilə içərilərində Aydolu, Güntülü və … və …

Bu adlar Ayişənin qulağına heç də yad deyildi və xoşuna gəlmişdi. Cəbr müəlliminin üçüncü adı tapmaqda bir az çətinliyə uğramasını fürsət bilərək onun sözünü kəsdi:

–Aydolu ilə Güntülümü dediniz?

–Bəli.

–Nə gözəl adları var?! Bacıdırlar?

–Yox, bacı deyillər. Lakin bacıdan daha yaxındılar. Bir yoldaşları daha var–Nurkan. Bu üçü bir-birindən heç ayrılmazlar. Bir az əvvəl burada idilər. Guya fizika müəllimindən söz soruşurdular, amma əslində səni görmək və “xoş gəldin” – demək istəyirdilər …

Birdən-birə Ayişənin yaddaşında hər şey təzələndi. Bayaqkı üç qızın ikisini, sağda və solda dayananların adlarını xatırlayaraq tanıdı. Günəş kimi sarı saçlısı Aydolu, şabalıd rəngli və hörgülü saçlısı da Nurkandı. Bəs ortada dayanan, bənövşəyi gözləri olan qız? Hər halda o da Güntülü olacaqdı.

–Ortada duran qızı yadıma sala bilmədim. Güntülü o idi?

–Həə, özüdür ki var … Tanımamağın təbiidir. Çünki sənin şagirdin olmadı. Sən getdikdən sonra gəldi və dərhal o biri ikisiylə yaxınlaşdı. Bu üçü siniflərinin və liseyin göz bəbəyi, iftixarıdırlar. Amma bütün dərslərdən belədir.

Sonra işi zarafata vurdu:

–İnşallah bunları şeir dəryasına qərq edib dəqiq fənlərə laqeyd eləməzsən …

Yeni dərsin başlanması xəbərdarlığını bildirən zəng səslənəndə Ayişə təkrarən öz daxili aləminə getmişdi. Çox dərin bir rahatlıq duyurdu. Məktəbin ən yaxşı üç şagirdinin göstərdiyi rahat münasibət necə qarşılanacağını müəyyən edirdi. Demək ki, gənc qızların könüllərində vəfa duyğusu silinməmişdi.

Güntülü, onu ilk dəfə gördüyü halda ən səmimi rəftarı ilə salam vermiş, bu salamı verərkən ətrafın nə düşünəcəyinə önəm verməmişdi, hətta ətrafa da meydan oxumuşdu. Özlərini tək və kimsəsiz hesab edənlər, ətraflarında dost gördükləri za-man necə bir fövqəladəlik hiss edirlərsə, Ayişə də onu duyur, könlünün ahu-zar ilə dolu olmasına baxmayaraq həyatdan zövq ala bilirdi. Yasamaqdan aldığı zövqü düşünmək, Ayişəyə birdən-birə ərini xatırlatdı və onun bu zövqü əbədiyyən itirdiyi fikri ilə içi sızıldadı. Fəlakətlər və kədərlər kimi xoşbəxtliklər də ötəri idi. İçində fərəh duyğusunun yaranması ilə könlünün qa-ralması bir olurdu və həmişə belə davam edib gedirdi. Görəsən, indi əri nə edirdi? Hər halda evdə bir küncdə üfüqə melanxolik baxışlara baxaraq xəyala dalmışdı. Yaxud otaqda aram-aram addımlarla gəzişirdi. Bəlkə də hərb tarixinə aid kitablara başı qarışmışdı. Ayişə birdən-birə içinin mərhəmətlə dolu olduğunu hiss etdi və

–Yazıq Səlim – deyə bildi.

Səlim Pusat üç il əvvələ kimi orduda uğur qazanmış yaxşı bir yüzbaşı idi və Hərbi akademiyanın son kursunda təhsil alırdı. Əsgərliyi bir peşə kimi yox, bir inanc kimi qəbul etmişdi. Ona atasından və babasından miras qalmış əsgərlikdən başqa heç nəyi düşünməzdi. Onun üçün insanlar əmr edənlərlə əmr edilənlərdən ibarət idi və həyat deyilən o məfhum, süngü taxıb nişangahda dayanmaqdan başqa bir şey deyildi. Səlim Pusat, görünüşə görə parlaq gələcəyə namizəd idi. İfrat düşüncələri, inandığı fikirlər uğrundaki stabilliyi üzündən özünü məhv etdi. Çünki o, monarxiya tərəfdarı idi və respublika rejimi ilə idarə olunan bir məmləkətdə monarxist olmağın doğuracağı təhlükələri vecinə almırdı. Hərb tarixini dərindən mənimsəmişdi və bu, onu kralçılığa aparmışdı. Yüzbaşı Səlim Pusat qəlbən inandığı inancını heç kimsəyə anlatmırdı. Amma heç kimdən də gizlətmirdi. Ona görə əsas məqsəd hərb sənəti idi və krallığı da hərb sənəti üçün yaxşı bir inkişaf mühiti deyə qəbul edirdi. Lazımsız yerə danışmağı, soruşulmadan fikir irəli sürməyi sevmədiyi üçün monarxist olduğunu söyləməyə imkan tapa bilməmişdi.

Amma heç kimdən də gizli bir şeyi olmadığı üçün bunu gizlətməyə də ehtiyac duymurdu. Bir əsgərə əsla yaraşmayan hərəkət kimi yalan deməli olsaydı, onda seçiləcək bir çox peşə tapılardı. Səlimin fəlakətini hazırlayan şey Hərb Tarixi dərslərinin birində istifadə etdiyi bir cümlə olmuşdu. Türkiyənin qəhrəmanı Qazi Osman Paşa haqqında danışanda onun haqqında dediyi ''Türk Hərb tarixinin son böyük simasıdır'' – cümləsi fırtınanı qoparmışdı. Müəllimləri olan polkovnik, vəzifələrin mübahisəsi edilərkən bu cümlədəki fikri şiddətlə və Qazi Osman Paşanı alçaldacaq şəkildə tənqid etmiş, bir əsgərə yox, bir siyasətçiyə, bir təriqət adamına yaraşan bir dillə bu cümləni düzəltməyini ondan açıq-aşkar tələb etmişdi. Yüzbaşı Səlim Pusat gəldiyi qənaətdə səmimi idi. Bir adamın xəbərdarlığı ilə fikir dəyişməyin nə qədər axmaq bir hərəkət olduğunu başa düşürdü. Ömürboyu heç vaxt yolundan geri dönməmiş, bəlaya doğru addımlayarkən belə peşmanlıq hiss etməmiş və hərbi əxlaq, düşüncə kimi prinsiplərə möhkəm bağlanmışdı. Onu heyrətdə qoyan şey, indiyə kimi tam bir hərbçi kimi tanıdığı polkovnikin birdən-birə dəyişməsi, bir təbliğatçı səviyyəsinə düşməsiydi. Fikrini dəyişdirməsi haqqında tələbi, hərbi tərbiyənin xaricinə əsla çıxmayan sərt bir səs və hərəkətlə rədd etmiş:

–Bəli, cənab polkovnik! Hərb sənəti baxımından son böyük əsər “Plevnənin müdafiəsi”dir–demişdi.

Polkovnik hirslənmişdi. Onu tutmaq üçün tələsik daimi taktikasını istifadə etməkdən çəkinməmişdi.

–Çanaqqala və Sakaryanı xatırlayırsanmı?

–Çanaqqala qəhrəmanların, Sakarya zabitlərin zəfəridir. Bu müharibələrdə sərkərdəlik sənətinin rolu azdır.

–Bu iki döyüşdə qalib gəlməsəydik nə olardı, heç düşünmüsən?

–Çox düşünmüşəm, pokovnik. Çanaqqala ilə Sakaryanın hərbi nəticələri yox, siyasi nəticələri mühüm olub. Dərsimiz hərb sənəti olduğuna görə hökmləri hərbi düşüncə ilə verməyin daha doğru olacağını düşündüm!

Otuz nəfərlik sinif bu mübahisəni böyük bir diqqətlə dinləyirdi. Səs çıxarmasalar da bir qisminin polkovnikə, bir qisminin də Səlim Pusata haqq verdiyi üzlərindəki mimikadan aydın oxunurdu. Yüzbaşıyla polkovnikin polemikası bir müzakirə olmaqdan çıxmışdı, söz döyüşü halına gəlmişdi. Dərs otağında elmi bir məsələ üzərində fikir yürütməyə və etiraz etməyə icazə olsa da bu qədəri hərbi intizama zidd idi. Səlim Pusat hər hücumu çəkinmədən qarşılayırdı. Hərbi liseyin şagirdi olduğu zamandan bu vaxta qədər onun sahib olduğu bu mübarizə ruhuna görə çoxları, hətta yaxınları da onun əsl adını bilmirdilər, hamı onu “Pusat” kimi xatırlayırdı. İndi qarşısındakı polkovnik müzakirəni başqa bir məcraya sürüyərkən bunu da qəbul edir, hücum hansı cəbhədən gəlirsə gəlsin, dərhal qarşı cəbhə almaqdan və əks hücuma keçməkdən çəkinmirdi.

Türkiyə ilə Çanaqqala və Sakarya savaşlarında başlayan gərgin mübahisə Mohaç, Çaldıran, Kosovo və Niybolu döyüşlərinə kimi uzandı. Sonra polkovnikin hirs və istehza içində:

–Qərargah zabiti olacaq bir müdavim padşahlıq dövrünün həsrətini nə qədər çəkirmiş. Bu quruluşa and içmiş olduğun halda tam bir monarxist kimi danışırsan, – dedi, bununla da söhbətin ən böhranlı nöqtəsinə çatdı.

Pusatın sinifdəki dostları, onun bu sözə verəcəyi cavabla məhv olacağını anlamaqda çətinlik çəkmədilər. Səlim hələ əsas vəziyyətində olduğu halda ən sərt əda ilə:

–Bəli, cənab polkovnik! Bu rejimə and içmiş olduğum halda fikirlərimlə kralçıyam. Çünki birinci sinif əsgərlər ancaq krallıqlardan çıxır. Siz də vaxtilə krallığa sədaqət andı içdiyiniz halda bu gün respublikaçı görünürsünüz, – deyə cavab verdi.

Bu cavab o ana kimi davam edən əsgəri nizam-intizamının pozulması üçün kifayət idi. Bütün sinif ayağa qalxmışdı. Şüurlar dayanmış, yerini qəzəb tutmuşdu. Qarşılıqlı sərt sözlər də söylənmişdi. Vəziyyət çox ağır idi. Bu vəziyyəti bir neçə dəqiqə sonra Hərb Akademiyasının Komandiri general da eşitmişdi, bir yüzbaşı nəzarətində olan əli süngülü dəstə sinfə gələrək hadisəni polkovnikdən dinləmişdi. Yüzbaşı Səlim Pusatla birlikdə, mübahisədə onun tərəfini tutan yüzbaşı Şərəfi də həbs edib iğtişaşda ittiham edərək, səkkiz zabiti də ev dustağı edərək məsələni rəsmi şəkildə həll etmişdi. Polkovnik, hadisəni çox şişirdilmiş bir şəkildə izah etmişdi. Ona inansaq, yüzbaşı Pusat vətən xaini hesab edilməli idi. Necə ki, ümumi fikir də bu istiqamətdə idi. O, bir həyasız, bir vətən xaini, bəlkə də bir cəsus idi. Bu qədər cürətli olması üçün mütləq bir xarici qüvvəyə arxayın olmalı idi. Sinifdəki tərəfdarlarının çoxluğu da ağıl sahibləri üçün gizli bir təşkilatın mövcud olmasını şübhəsiz edirdi. Bunların yox edilməsi milli və vətəni bir borc halına gəlmişdi …

IV FƏSİL

Yüzbaşı Pusat günlərlə sorğusuz-sualsız bir otaqda məhbus qaldı. Ay sonunda maaşını vermədilər. İğtişaşda ittiham edildiyi üçün heç kimlə görüşməyinə icazə vermirdilər. Qəzet və kitab oxumasına da mane oldular. Bunlara əhəmiyyət vermirdi. Ən çox kədərləndiyi məqam hərbi tərbiyənin azal-ması idi. Həbsxanada məmur olan zabitlər arasında rütbəcə on-dan kiçik olanlar qapını açdıqları zaman hərbi salam vermirdilər, hətta qapıda dayanan süngülü əsgərlər belə eyni hörmətsizliyi göstərirdilər. Bu qayğılar arasında yoldaşıyla oğlunu düşünəcək vaxt tapa bilmirdi. Ayişə hər gün gələrək ona bir az yemək gətirirdi, lakin görüşə imkanı olmurdu. Bir gün Ayişənin gətirdiyi paltar paketi Pusat üçün ölüm zərbəsi oldu. Paltarları üç gün əvvəlki bir qəzetə bükülmüşdü, qəzet oxuması qadağan olduğu halda keşikçilər necə olmuşdusa diqqət etməmişdilər. Qəzeti elanlarına kimi oxuyaraq gizlətmək, hətta sonundakı krossvordu da həll etmək heç də pis olmazdı. Lakin bu məşğuliyyət üçün fürsət qalmadı.

Çünki ilk səhifənin ortasında böyük hərflərlə yazılmış ''Səlim Pusat Məsələsi'' başlığı birdən-birə şiddətlə gözünə dəydi. Sətirləri oxuyarkən əvvəl çaşdı. Sonra dəhşətli dərəcədə hirsləndi. Qan beyninə vurmuşdu, üzü yanırdı. Daha sonra də-rin bir bədbinliyə düşdü. Hər halda qanı çəkilmişdi ki, bu ilıq bahar havasında üşüyürdü.

Qəzetin etibarlı mənbədən alınan xəbərlər deyə həyə-canla anlatdığı cümlələr başdan ayağa yalan, böhtan və təhrifdən ibarət idi. Pusat ömründə ilk dəfə özü özündən şübhə etdi, görəsən, səhv anladımmı? –deyə qəzeti bir daha oxudu. Xeyr, səhv anlamamışdı. Hətta az anlamışdı. Çünki bu qəzet məmləkətdə quruluşu dəyişdirmək üçün edilən xain təşəbbüsdən, xarici qüvvələrlə işbirliyindən bəhs edir və bu təşəbbüsü səbəbkarı kimi Yüzbaşı Səlim Pusatı, ən yaxın yoldaşı olaraq da kapitan Şərəfi hədəf göstərirdi. Tanıdığı və tanımadığı bir çox adlar çəkilir, bir çox evlərin axtarıldığından danışılırdı. Bundan başqa xəbərin sonunda Ayişə Pusatın da istintaqa çağrıldığı və liseydəki işindən çıxarıldığı bildirilirdi.

Pusat qəzeti yatağına ataraq kiçik otağında gəzişməyə başladı. Bir çox insan kimi o da gəzişdiyi zaman daha yaxşı dü-şünə bilirdi. Lakin bir müddət sonra anladı ki, bütün səylərinə baxmayaraq artıq bir şey düşünə bilmir, mühakimə etmək qa-biliyyətindən məhrum olub. Bu gözlənilməz zərbə onu key kimi etmiş, beynini uyuşdurmuşdu. O vaxt özünün bir qərargah namizədi olduğunu, bir zabit üçünsə çaşmağın qadağan olduğunu xatırladı və dəmir barmaqlı kiçik pəncərədən üfüqlərə dərin dərin baxdıqdan sonra:

–Ordusu bütünlüklə düşmən tərəfinə keçən bir qərar-gah rəisi nə edə bilər? – deyə düşündü.

***

Ertəsi gün səhər “nə olursa-olsun” –deyib bir təşəbbüs göstərdi. Bir nəfər tapıb, ona pul verərək o günün qəzetini gizlicə aldırdı. Bununla da zərbə tamamlanmışdı. Dünən oxuduğu sətirlərə, “həyasız bir jurnalist saxtakarlığı” deyə baxmaq ümidi, onun vətən xaini olduğu haqqında rəsmi təbliğatı gördüyü zaman tamamilə qırılmışdı. Pusat bunu oxuyunca, ən zəif yerindən ölümcül yara alan insan kimi göylərə baxaraq Allahı axtardı. Boşluqdan başqa heç nə yox idi. İçində dəlicə duyğuların baş qaldırdığını hiss etdi və milyonlarla insana qarşı təkbaşına vəhşicəsinə döyüşmək üçün qorxunc bir ehtiras hiss etdi. Təəssüf ki, döyüsə bilmək səadətindən də məhrum idi… Böyük bir uğultu eşidirdi. Bir çox mühərrikin birlikdə işləməsindən doğan bir səs kimi bu uğultu onu az qala kar edəcəkdi. Bu səsin haradan gəldiyini anlamaq üçün pəncərədən görünən tərəflərə baxdı. Heç nə görünmürdü. Bu səs-küy insanlıq, kişilik, əsgərlik kimi üç böyük məfhumun çökməsindən gəlirdi və bu yığınlar altında qalan şərəf və ləyaqət heykəlləri bir heç olaraq ortadan qalxırdı. Xəstə deyildi. Amma başında bir atəş vardı. Heç nə düşünmədən aram-aram addımlarla gəzişdi. Düşünmür, lakin beyni fasiləsiz fəaliyyətdən yorulurdu. Yatağına çox gec uzanmasına baxmayaraq, beyninin bu qızdırmalı fəaliyyəti davam etmişdi. Yuxu ilə oyaqlıq arasında, yatdıqca yorularaq saatlar keçirdi. Bu vəziyyətdə yavaşca qapı açıldı. Ayişə ağ paltar geyinmişdi, Tosunun əlindən tutub içəri girdi. Üzünə kölgə düşdüyünə görə siması aydın seçilmirdi. Pusat, içi hüznlə dolu halda gözlərini açdı. Bir anlıq xoşbəxtlik çox tez tükəndi. O zaman Ayişə ilə Tosun üçün dözülməz bir şəkildə darıxdığını anladı və dünyada bir qadınla bir uşaqdan başqa heç kimi qalmadığını düşünərək təkliyi qarşısında sarsıldı. O səhər otağa gələn inzibatçı leytenant, Pusata əsgər salamı verdiyi zaman artıq qarşısında bir yüzbaşı deyil, yaralanmış, iyrənmiş, kin ilə dolmuş bir adam var idi.

–Bir əmriniz varmı, yüzbaşı?

–Xahiş edirəm, leytenant, mənə artıq belə xitab etməyin və məni salamlamayın!.. –bunu söyləyərək qəzeti göstərdi. Leytenant onun hər şeyi bildiyini anlayaraq bir az çaşdı və deyəcək söz tapa bilmədi.

Pusat brend markalardan olan qızıl saatını leytenanta uzatdı:

–Bunu satdırmağınızı və pulunu yüzbaşı kimi yox, aqibəti aydın bir məhbus kimi mənə gətirməyinizi xahiş edirəm.

Leytenant haldan anlayırdı. Onu üzməyəcək bir cavab verdi:

–Yaxşı əfəndim! ..

–Bir də zövcəm gəldiyi zaman artıq hər gün mənə yemək daşımaq üçün zəhmət etməməsini, ehtiyaclarımın buradan təmin edildiyini bildirin.

–Yaxşı, əfəndim!

–Təşəkkür edirəm.

–Bir şey deyil, əfəndim.

Yalnız qaldığı zaman Pusat özündə bir dəyişiklik hiss etdi. Ömründə ilk dəfə idi ki, özünü düşünürdü. Vəhşi fırtınadan dənizə düşən insan kimi ümidsiz idi. Lakin özünü xain dalğalara təslim etməyəcək, çox uzaqdakı torpağa çatmaq üçün mübarizə aparacaqdı.

Bəs Ayişə? O, necə mübarizə aparırdı? Onun nə günahı var idi ki, işdən çıxarılır və kiçik bir uşaqla birlikdə səfalətin qu-cağına tərk edilirdi? Bunlar hansı haqq, hansı vicdan, hansı qa-nun, hansı məntiqlə edilirdi? Pusat yenə ömründə ilk dəfə pul haqqında düşündü. Haqsız yerə onun maaşını verməmişdilər, yoldaşını isə haqsız yerə müəllimlikdən çıxarmışdılar. Bu şərtlər içində pul ehtiyacı birdən-birə özünü göstərir və pul kimi alçaq bir şeyə möhtac olmaq da onun qürurunu zədələyirdi.

İnzibatçı leytenant qızıl saatı satıb pulunu gətirəndə ondan Ayişənin vəziyyəti barədə izahat aldı. ''Nazirliyin əmrinə verilməyin'' nə demək olduğunu və Ayişənin dörddə bir nisbətində aylıq maaş ala biləcəyini öyrəndi. Saatın pulunun bir hissəsini inzibatçı leytenanta verərək Ayişəyə aparmasını, eyni zamanda saatın satıldığını, özünün maaş ala bilmədiyini demə-məyi xahiş etdi. Lakin bu taktika də boş idi. Leytenant pulu geri gətirmişdi.

Ayişə onun pula ehtiyacı olmadığını bildirir və yenə hər gün gələcəyini deyirdi. Ayişə hər şeyi bilirdi. Pusatın maaş al-madığından da xəbəri var idi. Bu vaxt Səlim görəcəyi bir işi qalmayan və müqəddəratını gözləyən insanların səssizliyi ilə çarpayısına uzandı. İnsanların bu qədər çirkinləşdiyi bir əsrdə dünyaya gəldiyinə görə talehinə lənət edərək istirahət etmək və özünə gəlmək istədi. Qərargah rəisi kimi yetişməkdə olduğundan tez bir qərara gəlməyi bacarırdı. Necə ki, bir az sonra qərara gəlmişdi və buna görə də bir az da olsa rahatlıq tapmışdı. Kameranın qapısı açılanda və içəri bir mayor girəndə, Pusat yerində uzanaraq ayaqlarını çarpayının dəmirlərinə söykəmişdi. Xırda-xırda fit çalırdı. Mayorla göz-gözə gələndə də vəziyyətini dəyişdirmədi. Bir üst rütbəliyə qarşı edilən bu hörmətsizlik daha bir neçə gün əvvələ kimi onun əsla bağışlamayacağı, hələ şəxsən özü tərəfindən ediləcəyini ağlına belə gətirə bilməyəcəyi bir davranış idi. Amma əsgərlik məsələsi öldükdən və ölkə üçün gözünü qırpmadan ölümə getmək iqtidarında olan, onun kimi bir əsgərə “vətən xaini” damğası vurulduqdan sonra artıq hərbi intizam, üstlük, rütbəlilik deyilən məfhumlar dəyər kəsb eləmirdi.

Mayor təhqirə uğradığının fərqində idi. Lakin Pusatın gözlərindəki kinli işıq və baxışlarındakı cürət onu susmağa məcbur etdi və qısaca:

–Hazırlaşın. General gəlir, çıxacaqsınız, –dedi.

Başqa vaxt olsaydı, generalı gözlətməmək üçün ən böyük sürətlə hazırlaşıb ''Hazıram, mayor!'' –deyə cavab verərdi. İndi, bəlkə qəsdən elədiyi bir ağırlıqla hazırlanır və pencəklə papaq geyməkdən ibarət olan bu hazırlığı görə-görə Hərbi məktəb marşını ağzında oxuyurdu. Hazırlanması bitən kimi mayorla bir-birilərinə baxdılar. Bu baxışmada xoşniyyətdən bir zərrə belə yox idi. Bir-birilərinə hücum etməyə hazır iki düşmən kimi idilər. Pusat heç bir söz demədən həyasız bir rəftarla öndən getdi və mayor onu təqibə məcbur qaldı. Güllə qatarını gəzdirən və süngülü əsgərlər də onların arxasınca gəlirdi.

Ordu müfəttişinin otağına girdikləri zaman verdiyi sa-lamın içində hərbi ruh və sərtlikdən əsər qalmamışdı, özü də bu salam onun rütbəsinə deyil, yaşına verilmişdi.

Yaşlı zabit qaşqabaqlı sifəti, çatılmış qaşlarıyla onu sü-zür, topuqlarını birləşdirərək, əsas əsgəri salam vəziyyətini al-mağını gözləyirdi. Özünə qarsı hörmətsizlik görməsəydi, bu yüzbaşıya qarşı yumşaq davranacaqdı. Amma görünürdü ki, Busat sanki zorla bəlanı çağırır, davakar baxışlarla baxır, duruşunu düzəltmir, aradakı böyük rütbə fərqini nəzərə almaq istəmirdi. General, həqiqətən, hirslənmişdi. Qərargah sədrinin və mayorun yanında bir yüzbaşıdan hörmətsizlik görmək ağırına gəlmişdi. Sərt bir səslə'' Yüzbaşı! Vəziyyətini düzəlt!'' –dedi. Pusat bu xəbərdarlığı heç vecinə də almadı. Gözlərini generalın gözlərinə dikərək cavab verdi. Bəzən sözlə ifadə edilməyən şeylər gözlərlə daha aydın ifadə edilir. İndi belə bir anda idilər. Bəzən sərt baxmasına baxmayaraq hörmətli olan gözlər bəzən ən nəzakətli baxışlarla qarşısındakını təhqir edə bilər. İndi belə bir anda idilər.

General bu yumşaq, lakin israrlı baxışlardan narahat olaraq daha sərt bir səslə qışqırdı:

–Sənə deyirəm, yüzbaşı! Vəziyyətini düzəlt!

Pusat yumşaq və sakit bir səslə cavab verdi:

–Mənim vəziyyətimin düzələcək bir tərəfi qalmayıb, general! ..

Bu əda və bu cümlə ordu müfəttişini dəli elədi. Ona “general leytenant” – deyə müraciət etməli ikən “general” –deyə müraciət edir və bunu bir mülki şəxslə danışan adi vətəndaş kimi söyləyirdi.

İrəliyə doğru kəskin bir addım atdıqdan sonra üzü qıpqırmızı qızarmış vəziyyətdə qışqırdı:

–Məni təhqir edirsən! Vəziyyətini düzəlt!

₺66,83