Kitabı oku: «Ruh adam», sayfa 3
–Bir vətən xainindən hörmət gözləməyin, general!
Eyni sakit səslə verdiyi bu cavabdan sonra cibindən bir dəsmal çıxardı və alnını sildi.
Bütün sakitliyinə baxmayaraq həddini aşan rəftarı qarşısında bir an nə edəcəyini çaşan, hətta tapançasını çəkib onu vurmağı belə düşünən ordu müfəttişi birdən “vətən xaini” sözlərindən sonra dayandı. O, qarşısında çox böyük günah işləmiş bir zabit görməklə yanaşı vətən xainliyini heç nəzərə almamışdı. O, qəzetlərin yazdıqlarının, hökumətin rəsmi təbliğinin nə mənaya gəldiyini düşünmürdü. Hər şey Hərbi tribunalda aydınlaşmalı idi. İndi bu gənc yüzbaşı “bir vətən xainindən hörmət gözləməyin” – deyəndə bu söz generalın diqqətini çəkdi və soruşdu:
–Hansı vətən xainliyi? Nə demək istəyirsən?
Söhbətin bu yerində Pusat soyuqqanlılığını qoruya bil-mədi. Ən dözümlü insanın belə qəbul edə bilməyəcəyi şeylər var. Bütün ömrüncə Vətən və şərəf anlayışları üçün yaşayan bir insana “vətən xaini” demək, onu dəli etmək, hər şeyin inkarına yol açmaq, bu böyük böhtan qarşısında susanlar da daxil ol-maqla hər kəsə kin bəsləməsinə səbəb olmaq demək idi.
Bəli!… Artıq soyuqqanlılığını mühafizə edə bilməzdi. Artıq əlləri şalvarının zirehinə yapışmış halda danışacağı gün-lər deyildi. Generalın stolunun üstündəki qəzetə doğru şəhadət barmağını uzadaraq sərt bir səslə:
–Qəzetləri oxumamısınızmı, general? – deyə qışqırdı. General çaşıb qalmışdı. Yola gətirə bilmədiyi tabeliyində olan bir əsgərin hərbi intizam və tərbiyə xaricində danışması onu çaşdırmışdı.
–Qəzetdən sənə nə? –deyə cavab verdi.
Pusat acı-acı gülümsədi:
–Nəəə?!… Deməli, mən öz şərəfimlə maraqlanmamalıyam?! O rəsmi təbliğatdan sonra insanlığın və şərəfin boş məfhumlar olduğunu anlamışam. Onun üçün qarşınızda istədiyiniz kimi dayana bilmirəm …
Bunu söyləyərək kobudluğunu bir az daha artırdı. Dəsmalı ilə alnının tərini siləndə sonra əllərini arxasına apararaq qovuşdurdu. General bunu görməməzlikdən gəlməyə məcbur idi. Çünki qarşısında hər şeyi qəbul etmiş, hər nəticəni gözə almış bir dəli var idi. Amma bu o demək deyildi ki, yüzbaşının içindən nələrin keçdiyi ilə maraqlanmırdı:
–Sən, şərəfinə bu qədər bağlı olduğun halda, nəyə görə monarxiyanın tərəfindəsən?
–Monarxiya şərəfsizlikdir? O halda siz və bütün yüksək rütbəlilər də şərəfsizsiniz. Çünki siz, indi əleyhinə olduğunuz krala vaxtilə sədaqət andı içmişdiniz. Ömründə bir dəfə şərəfsiz olan bir insanın sonra yenidən şərəfli olduğuna inanmıram. Mən isə bu fikrə ixtisasımın verdiyi bir nəticə ilə gəlmişəm. Bu fikrimi də sırf məndən bu barədə soruşulduğu üçün, yalan söy-ləməmək üçün bildirdim .
General, bu açıq-aşkar sözlərdən sonra hövsələdən çıxdı. Qorxunc bir səslə qışqırdı:
–Tərbiyəli ol, yüzbaşı! Qanına susamısan? Hələ də əsgər olduğunu unutma!
Pusat səsini qaldırdı:
–Əsgərlik öldü, general! Hiyləgər siyasətçilərə məhz hərbi geyimdə olduqları üçün əsgər deyə bilmərəm! Əsgər ol-duqlarını qapıda dayanan inzibatçı leytenantlara da öyrədin. Hərbi geyimli siyasətçilərdən aldıqları əmrlə mənə – yüzbaşı Səlim Pusata əsgər salamı vermirlər. Yüzbaşı Səlim Pusat da onlardan aldığı dərsi özündən rütbəcə böyüklərə tətbiq etməkdən başqa bir iş görmür.
Çox danışmaq əbəs idi. Pusat otağına göndərildi və o andan etibarən ona qarşı daha sərt münasibət tətbiq olunmağa başladı. Onu daha kiçik bir otağa, hücrə deyilən dar bir dəliyə saldılar. Bura havasız, günəşsiz, pis bir yer idi. Bu rəftar və insanların bütün şərəfsiz münasibətindən sonra artıq onun ruhu ölmuşdu. Ruhsuz bir cəsəd üçün isə kədərlənməyə dəyməzdi. Möhkəm nəzarətə baxmayaraq ara-sıra gələn qəzetlər vasitəsilə haqqında yazılanları oxuyur, bu qədər çox namussuz insan və şərəfsiz qələmin olduğunu indiyə kimi hansı bir qəflətlə anlamadığına heyrətlənirdi Bu ajiotaj, bu fırtına onun şəxsi fikrini ortya qoyduğu üçün yaranmışdı, ona böhtan atanlar çoxları tərəfindən riyakar bir jestlə alqışlanır və onu yalan, böhtan, iftira tufanında boğmaq istəyirdilər. Pusat ayaqda dimdik dayanırdı. Solğun və zəifləmiş olmasına baxmayaraq bütün bu qaragüruhla təkbaşına bir ölüm-dirim döyüşünə hazır idi. Lakin bu imkanı tapa bilmədi. Hərb Divanı məhkəməyə başlayanda, ordu müfəttişiylə arasındakı sərt danışığın cəzası kimi əllərinə qandal vurulmuşdu. Biləklərə taxılmış bir iftixar medalı kimi qandalları daşıyaraq, dodaqlarında kinli bir təbəssüm, gözlərində lənət oxuyan bir parıltı ilə məhkəmə salonuna girərkən baxışlarıyla ətrafı araşdırdı. Ayişə orda idi. Həzin baxışlarla onu süzür və ətrafı bürüyən düşmən kütləsinə qarşı göstərdiyi əda ilə onun yanında olduğunu bildirməyə çalışırdı. Yüzbaşı Şərəf, eynilə onun uğradığı təhqirlərə məruz qalmış olduğunu ifadə edən çox ağır və ciddi bir üzlə uzaqlara baxır, daha sərbəst olan o biri səkkiz zabit isə əksinə, narahat görünürdü. Çünki onların itirmək kimi qazanmaq şansları da var idi. Məhkəmə sözdə ictimai idi. Lakin məhbus zabitlərin yoldaşlarıyla analarından başqa heç kim içəri buraxılmamışdı. Dinləyici sırasını inzibatçı zabitlərlə kralçılığa düşmən serjantlar və generallar, bir də mülki polislərlə Milli Təhlükəsizlik məmurları doldururdu.
Küləkli, sərin, qəmli bir gün idi. Salonun açıq pəncərələrindən girən meh bürkülü mənəvi havanı yüngülləşdirirdi. Prokuror ağla gəlməz uydurmalar və bənzətmələrlə dolu iddianaməsini oxuduğu zaman şübhəlilər məmləkətə krallığı geri gətirmək üçün gizli cəmiyyət qurmaq və ordunu buna alət etməkdə ittiham olunduqlarını öyrəndilər. Sorğular tez aparılırdı.
Səlim Pusatla Şərəf qəti, qısa, sərt cavablar verirdilər, oyunbazlıq etmirdilər, hərbi tərbiyənin tələbinə hörmət göstərmirdilər. O biri səkkiz adam hərbi tərbiyənin şərtlərinə riayət edirdilər. Onsuz prokuror da onlar üçün yüngülləşdirici səbəblər irəli sürmüşdü. Səlimlə Şərəf üçün istənilən cəza çox ağır idi. Həftədə üç gün keçirilən məhkəmə, prokuror ilə Səlim və Şərəf arasındakı sərt münaqişələrlə davam edir, hakimlər də bitərəf olduqlarını unudaraq bu müzakirələrə prokurorun xeyrinə müdaxilələr edirdilər. Bəzən monarxiya və respublika quruluşları barədə akademik bir çıxış başlayır, o zaman iki vətən xaini yüzbaşı ittihamçılarla prokuroru ağır vəziyyətdə qoyurdular. Onlar hər şeyi qəbul edirdilər, lakin monarxiyanı qaytarmaq, gizli cəmiyyət qurmaq, düşmənlə əməkdaşlıq iddialarını şiddətlə, əsəbiliklə, qarşılarındakıları təhqiredici ədalarla rədd edirdilər. Səlim hakimlərə:
–Padşahlıq tərbiyəsiylə yetişən və sədaqət andı içən siz-lərin də ürəkdə hələ monarxist olduğundan əminəm – deyəndə Şərəf onun fikirlərini “Monarxiyaçı olmaq üçün tarixin ən möhtərəm simaları barədə bir dəfə düşünmək kifayətdir”, – deyə tamamlayırdı. Müzakirələr bəzən cığırından çıxaraq xırdalıqlara batır və hakimlərin, xüsusilə, iki yüzbaşının zəif nöqtələrindən tutmaq üçün etdikləri təşəbbüs halında uzanıb gedirdi.
Ayişə həyəcanla bunları dinləyir, lakin Səlimi fikrindən döndərməyin qeyri-mümkünlüyünü bildiyi üçün səbirli davranırdı. Hansı suallara Səlimin nə şəkildə cavab verəcəyini bilirdi.
Onu maraqlandıran cəhət məhkəmənin necə bitəcəyi idi.
Bu son təkcə onlar üçün yox, ədalət və əxlaq üçün də çox faciəvi olmuşdu: Səlim və Şərəf hərəsi on beş ilə məhkum edilmiş, digər səkkiz adamın bəziləri yüngül cəzalarla, bir-ikisi də bəraətlə bu işdən yaxalarını qurtarmışdılar. Hərbi Məhkəmə daha cəzanı təsdiq etmədən tələsik və qəsdli bir mərasimlə ikisinin də paqonları sökülmüş və zindanlara aparılmışdılar.
Lakin necə oldusa naməlum səbəbdən, (yəqin Allahın bir müdaxiləsiydi) Ali Məhkəmə, qərarı kökündən pozdu. Baş-qa hakimlər qarşısında aparılan və çox tez bitirilən məhkəmədə iki yüzbaşının həddindən artıq nizam-intizamdan kənar mad-dələr üzrə iki ilə məhkum edib, vətənə xəyanət maddəsindən bəraət etdirdi.
Lakin onların işi bununla da bitmişdi. Həbsdə iki ildən çox yatmış və zabit kimi girdikləri həbsxanadan işsiz-gücsüz bir insan kimi çıxmışdılar.
İkisi bir neçə dəfə görüşdükdən, lakin heç bir şey da-nışmayaraq dalğın baxışlarla susandan sonra yer üzündə heç kimi olmayan Şərəf bir gün Pusata qısa bir yazı göndərərək in-tihar etdi. Göndərdiyi kağızda ''Teatr bitdi. Gözləməyə ehtiyac görmürəm,'' – deyə yazılmışdı.
Pusat yoldaşı üçün heç bir mərasim keçirmədi. Pul ilə tutduğu üç adama özü də qoşularaq onun tabutunu ən yaxın qəbiristanlığa kimi şəxsən apardı. Tabut qəbrə qoyulduqdan sonra üstünə kiçik bir bayraqla bir kitab qoydu. Məzarın torpağını təkbaşına doldurandan sonra baş hissəsinə bir taxta parçası bərkitdi. Taxtanın üstündə “Dostum Şərəf” sözləri yazılmışdı …
V FƏSİL
Ayişə keçmişi bir kino filmi kimi gözlərinin qarşısından keçirən fikirlərdən ayıldığı zaman dördüncü dərsin zəngi çalınmışdı. Birinci müavin peyda olaraq məcburi bir təbəssümlə: “Gedək, Sizi sinfə təqdim edim,” –dedi.
Sonra Ayişəyə nə isə eşitdirmək ehtiyacı hiss edərək:
–İndi dəqiq elmlər şöbəsində dərsiniz var. Bu sinifdən çox məmnun qalacaqsınız. Çox yaxşı qızlardır. Dərslərindən başqa bir şeylə məşğul olmazlar, –deyə əlavə etdi.
Ayişə Pusatın bu sözləri ilə özünə padşahlıq təbliğatı et-məməsinin xəbərdarlıq olunduğunu anlayırdı. Hərçənd onun bu kimi işlərlə heç bir əlaqəsi yox idi, amma ərinə qarşı sürülən ittihamların izi ağıllardan hələ silinməmişdi, əri başqa səbəb-lərlə həbsdə olduğu halda belə hamı kor-koranə, onun əley-hinə aparılmış təbliğata inanmışdı.
Ayişə özünü birinci müavinin eyhamını anlamamış kimi göstərdi. Birlikdə son sinfin dəqiq şöbəsinə tərəf getdilər.
On qız birdən ayağa qalxdı. Hamısı şirin və ciddi qızlar idi. Lakin gözlərinin içi gülürdü. Baş müavin qaraqabaq bir rəftarla Ayişəni təqdim etdi:
–Yeni ədəbiyyat müəlliminiz … Çox çalışın və ondan is-tifadə edin …
Bu tanıtma nə qədər də soyuq və kobud idi. Yeni mü-əllimin adı belə çəkilmədi. Qızlar səssizlik içində birinci müavi-nin getməyini gözlədilər və o gedənə kimi ayaq üstə dayandılar. O zaman Ayişə oturmaları üçün işarə verdi və bayaqdan bəri gözləriylə gülən qızlar bu səfər dodaqlarıyla yüngülcə və nəzakətli bir şəkildə gülümsədilər.
Ayişə sinfə göz gəzdirdi. On şagirdin doqquzu üç il əvvəlki şagirdlər idi. Qabaqda yan-yana oturan Aydolu və Nuran təkcə gözəllikləri ilə yox, həm də çalışqanlıqları ilə də ən öndə olan qızlar idi. Digərlərinə də bir-bir baxıb adlarını xatırladıqdan sonra baxışları arxa sırada tək oturan Güntülüdə dayandı və onun gur, açıq qumral saçlarla əhatəli incə və mənalı üzünü təqdirlə seyr etdi. Bu qızın ona qarşı bir dost ürəyi olduğundan şübhəsi yox idi. Haradan, nə üçün, necə? Bunları bilmir, bilməyə də ehtiyac görmürdü. Ayişənin dost ürəklərə ehtiyacı var idi. Ona pislik istəməyən insanlara həsrət idi. Belə bir ürək daşı-yan insan, bir şagird belə olsa qəbulu idi. Yetər ki, mənfəətsiz dostluq duyğuları hiss etsin …
Güntülü utancaq gülümsəmələrlə ona baxır və üzü qı-zarırdı. Səhər bənövşələrinə bənzəyən gözləri indi qonur idi. Ayişə, bu ilk dərsdə onların dərs vəziyyətini anlamaq üçün yer-lərindən qaldırmadan ədəbiyyata aid suallar verir, həm onların məlumatlılıq dərəcəsini öyrənir, həm də çoxdandır həsrət qal-dığı liseyin bir sinfində müəllimlik zövqünü dadırdı.
Aldığı cavablar onu ən çətin anda belə məmnun edəcək mahiyyətdə idi. Bu qızlar dəqiq elmlər üzrə təhsil aldıqları hal-da ədəbiyyatı da yaxşı bilir, əruzdan anlayır, şeirin zövqünü duyur və ədəbiyyat haqqında əsaslı fikir və mövqeyə sahib olduqlarını göstərirdilər. Hələ Nurkan və sinif nümayəndəsi olan Aydolu fövqəladə idilər.
İndi sıra sonuncuya, Güntülüyə gəlmişdi. Alagözlü, utancaq təbəssümlü qız ona müraciət olunan kimi ayağa qalxdı və Ayişə bütün digərləri kimi onun da oturaraq cavab verməsini istəsə də, sırf utanıb qızarmasın deyə heç nə demədi.
–Ədəbiyyat haqqındakı duyğuların necədir, Güntülü?
Bu sual ədəbiyyat müəlliminin daimi verdiyi suallardan deyildi. Bu qızı orijinal hesab etdiyi üçün belə bir şey soruşmuşdu. Aldığı cavab xoşuna gəldi:
–Dərs kimi də, sənət kimi də çox xoşlayıram, müəllim. ''S'' hərflərini çox yüngül bir pəltəkliklə tələffüz edirdi və bu yüngül pəltəklik onun danışığına xüsusi bir gözəllik bəxş edirdi. Səsi də çox sirli və ruh oxşayan idi. Ayişə, ədəbiyyatçı olmağın verdiyi qabiliyyətlə gözəllikləri çəkib çıxarmaqda usta idi. Gülümsəyərək təkrar soruşdu:
–Nə üçün sevirsən, Güntülü?
Güntülü müəlliminə heyrətlə baxaraq bir neçə dəfə göz-lərini yumub açdı və eyni əsrarəngiz səs tonu ilə cavab verdi:
–Sevginin nə üçünü olmur axı, müəllimə… Düşünsəm, bəlkə nəsə məqbul bir səbəb tapa bilərəm. Lakin bu, həqiqi sə-bəb olmaz. Çünki biz əvvəl sevirik. Sonra sevdiyimiz şeyin gö-zəl tərəflərini tapmağa çalışırıq. Bu da xudbinliyimizdən irəli gəlir.
Qızın fikirləri Ayişə Pusatı xəyallara qərq etmişdi. Çox düz, qrammatika baxımından səhvsiz cümlələrlə danışırdı. İndi yenə gözlərinin rəngi dəyişmişdi, dalğın bir hal almışdı. Rəngi də yaşıla çalırdı. Hara baxdığı müəyyən olmasa da, lakin böyük bir ruhun qüdrətini daşıyırdı. Onu bütün sinif də heyranlıqla dinləyirdi, xüsusilə səmimi yoldaşları olan Aydolu ilə Nurkan bu gözəl sözlər qarşısındakı məmnunluqlarını üz ifadələri ilə göstərirdilər.
Ayişə, belə bir şagirdi olduğu üçün sevindi. Getdikcə ar-tan bir maraq içində sualını yenilədi:
–Yaxşı, Güntülü, bildiyin şeirlər arasında ən çox bə-yəndiklərindən bir neçəsini saya bilərsən?
Gənc qız, başını bir az qaldıraraq düşündü. Sonra mü-əlliminə baxaraq yavaş-yavaş danışmağa başladı:
–Əfəndim! Füzulinin şeirləri arasında: “Can vermə qəmi eşqə ki, eşq afəti candır, Eşq afəti-can olduğu məşhuri-cahandır”, –deyə başlayan qəzəlini bəyənirəm. Füzulinin ən gözəl şeiri, şübhəsiz, bu deyil. Lakin anlaya bildiyim və ahənginə qapıldığım üçün, bunu seçirəm. Təsəvvüf haqqında məlumatım olmadığı üçün şeirlərin bir çoxunu anlaya bilmirəm. Nədimi daha yaxşı başa düşürəm, lakin ümumi şəkildə dərk etmədiyim üçün zövq almıram.
Bir nim nəşə bu dünyanın baharını,
Bir sağəri- kəsidəyə tut laləzarını.
–Beyti ilə başlayan qəzəlini çox bəyənirəm. Namiq Kamalın məşhur “Vətən qəsidəsi” bəyəndiklərimdən olsa da, mənə elə gəlir ki, beytlər arasında bir birlik yoxdur. Hər beyt ayrı-ayrılıqda gözəldir. Lakin tərkib qüvvətli deyil. Onun üçün mən Namiq Kamalın şeirləri arasında:
“Dəyişməz bir fənnmi var, mustəqir əşyamı qalmışdır” misrası ilə başlayan rübaisini sevirəm. Həmid haqqında danışsaq onun əsərləri arasında çox azını tapıb, oxuya bildim. Bəzilərini heç anlamadım. Eşbərin İsgəndərlə danışmasını gözəl olduğunu düşünürəm…
Söz bura gəlincə Güntülü birdən-birə susdu. Halbuki Ayişə onun danışmağa davam etməsini istəyirdi. Qatarda sürətlə gedərkən bəzən gözəl mənzərələr görünür. Yolçu bir az sonra bu mənzərənin dəyişəcəyini və onun yerinə ruhsuz bir görünüşün gələcəyini bilərək kədərlənər, gözəl mənzərənin heç bitməməsini arzu edər. Onun kimi, Ayişə də bu qızın susmamasını, həmişə danışmasını istəyirdi. Bir müəllim üçün ən böyük həzz çalışqan, ağıllı və dərrakəli bir şagirdinin suallara cavab verməsidir. Bu həzzin davamı istəyi ilə yenidən soruşdu:
–Həmiddən sonrakıların şeirləri arasında bəyəndikləri yoxmu, Güntülü?
–Var, əfəndim. Seçim etmək üçün düşünürdüm. Bunların bir çoxunu oxudum. Bir çoxunu da əzbər bilirəm. Çoxluq arasından seçim etmək çətin olur. İcazə versəniz, şeir adı yox, şair adı deyərəm. Əvvəla Yəhya Kamalla, Faruk Nafizin, sonra da Əli Mümtazın şeirlərini bəyənirəm. Bunlardan başqa, tanınmış və ya tanınmamış bir çox şairlərin əsərlərindən çox xoşuma gələn parçalar da var. Bəzən fövqəladə şairlərdən birinin bir tək şeiri, bəzən bir şeirin hər hansı bir dördlüyü və ya beyti, bəzən də tək misra məndə qüvvətli bir təəssürat buraxır. Əzbərlədiyim, amma müəlliflərinin adını bilmədiyim çox misra var. Məsələn, şairinin kim olduğunu unutduğum, harada oxuduğumu xatırlamadığım bir misra var ki, çox xoşuma gəlir:
“Bizi ərzə bağlayan: yaratmaq ehtiyacıdır”.
Bəlkə bu misrada şeir sənəti baxımından bir üstünlük yoxdur. Lakin yaşamağı gözəl bir səbəbə bağladığı üçün çox xoşuma gəlir, müəllimə.
Güntülü yenə susdu. Ayişə təqdirlə gülümsəyirdi:
–Bu misra Osman Faruk Verimindir. Bizi ərzə bağlayan adındakı kiçik bir şeir məcmuəsidir, özü də ilk məcmuəsidir. –dedi.
Bu günlərə görə daha qüvvətli şagirdlərin yetişdiyini öz zamanında belə bu qədər seçmə bir qızın olmadığını düşünərək onu daha çox sevdi.
Bütün sinif diqqətlə Aişəyə baxırdı. Onda üç illik iztirabın buraxdığı izləri araşdırırdı. Gənc müəllimələrinin çiyinlərinə tökülən saçlarındaki ağ tellər gözə çarpacaq qədər çoxalmışdı. Qara saçların üzərində daha asan müəyyən olan bu ağlar üç illik əziyyətin xatirələri idi.
Ayişə, onların qəlblərindən keçən şeyləri dərhal anlayırdı. O dəqiqədə ürəyi onlar üçün o qədər böyük bir şəfqətlə dolurdu ki, bir tərəfdən suallarla məşğul olarkən bir tərəfdən də '' Ya rəbbim! Bu qızlardan heç birinin müqəddəratı mənimkinə bənzəməsin,'' –deyə dua edirdi.
Güntülü oturduğu partanın yanında ayaq üstə dayanaraq gözləyəndə əlini üzündə gəzdirərək zərif bir hərəkətlə saçlarını düzəltdi və yenə o xəcalətli təbəssümlə müəlliminə baxdı. Ayişə suallarını kəsmirdi:
–Bəs ən çox bəyəndiyin roman hansıdır, Güntülü?
–Roman barəsində bir az çətinlik çəkirəm, müəllimə. Şeirlər qısa olduğu üçün təsiri ani və qüvvətli olur. Roman uzun olduğundan hər hansı bir yerindəki axsaqlıq qüvvətli tərəflərinin təsirini aradan qaldırır və mən hislərimlə hərəkət etdiyim üçün onun gözəl və qüvvətli qisimlərini də inkar edirəm. Buna görə, ən çox bəyəndiyim roman, bir qadın romançının o qədər tanınmamış bir əsəri oldu, əfəndim.
Güntülü bir az dayandı və Ayişənin kədərlə içinin sızıldadığını hiss etdi. Güntülünün uşaq hissiyatı ilə seçim edərək şit romançılardan birinin şit bir əsərini söyləməsindən qorxurdu. Bu qızı ilk baxışdan o qədər bəyənmişdi ki, onun bilməyərək pis bir romanı sevməsini belə istəmirdi. Bu sualı soruşduğuna peşman olmuşdu. Alacağı cavabdan çəkinərək:
–O romanı söylə, Güntülü, – dedi.
–Safiye Erolun “Ciyərdələn” əsəridir, müəllimə.
Ayişə rahat bir nəfəs aldı və gülərək:
–Sənə tamamilə haqq verirəm, Güntülü. Mən də sənin fikrinə qoşuluram, –deyə cavab verdi.
Gənc qız gözəl bir təbəssüm ilə sevincini göstərdi və yenə bənövşələrə bənzəməyə başlayan gözlərini Ayişə Pusata çevirərək yeni sualları gözlədi. Ayişə məmnun idi. “Bu qız yetişdirilərsə, ədəbiyyat fakültəsi sıralarının birində otura bilərdi,” –deyə düşündü və bu düşüncədən sonra sövq-təbii ilə birdən-birə:
–Liseyi bitirəndən sonra hara getməyi düşünürsən, Güntülü? – deyə soruşdu. O, üzü yüngülcə qızararaq cavab verdi:
–Uşaq həkimi olmaq istəyirəm.
–Hər halda bu peşəni nə üçün seçdiyini izah edə bilərsən, Güntülü …
Gənc qız gülümsədi:
–Şübhəsiz. Uşaqları çox sevirəm… Onlara faydalı ola bilmək üçün uzun illər tibb təhsili almağa belə razıyam.
Ayişə də bütün müəllimlər kimi qabiliyyətli şagirdlərinin öz peşəsini seçməsini istəyirdi. Güntülüyə söyləyəcək çox-çox sözü, verəcək xeyli nəsihətləri var idi, amma elə ilk dərsdə səmimiyyəti çoxaltmaq istəmirdi. Müdirənin bu səhərki davranışını düşünüb kədərləndi. Lakin duyğuları ilə mübarizəni öyrənmişdi. Könlünə dolmaq üzrə olan kədəri məğlub edərək soruşdu:
–Fövqəltəbiət nağıl ünsürləri ilə dolu olan milli dastanların həqiqətlə bir əlaqəsi varmı, səncə?
–Hər halda var. Lakin hadisələr, şəxslər, şəxslərin xarakterləri o qədər dəyişdirilir ki, həqiqəti anlamaq çətin olur, müəllimə.
Bu arada bütün sinif Ayişə Pusatın üzündən bir kədər dalğasının sürətlə keçib getməkdə olduğunun fərqində idi. Güntülü isə davam etdi:
–Məsələn, bizim Oğuz Xan dastanındakı şişirtmələr və qeyri-adiliklər içərisindən çıxara biləcəyimiz nəticə: Dastanın Oğuz Xan adını verdiyi bir şəxsiyyətin böyük qələbələr qazanmış olmasıdır. Hətta bəlkə də bu Oğuz Xan həqiqətdə bir tək şəxs yox, bir-birinin ardınca gələn bir neçə hökmdardır. Hətta bəlkə də hökmdarlardan heç birinin adı Oğuz deyil, amma bu adı dastana dini bir səbəblə və ya ictimai bu zərurətlə daha sonrakı əsrlərin dastançıları gətiriblər. Bir də dastanlar millətlərin ideyalarının toxumlarını daşıyır axı. Bu baxımdan keçmişi izah etdikləri kimi gələcəyi də təsəvvür və təxmin edirlər. Təbii, gələcək haqqında təsəvvür və təxminlər əsassız və ağlasığmayan şəkildədir.
–Çox gözəl izah etdin, Güntülü. İndi bir az da vəznlər haqqında nə düşünürsən, onu de.
–Bugünlük əruz daha çox xoşuma gəlir. Amma bunun niyə belə olduğuna cavab verə bilərəm. Daha böyük ustadları əlində işlənib kamilliyə çatıb. Zənnimcə, gələcəkdə heca ahəng baxımından əruzu keçəcək, lakin hecanı təkamül etdirəcək böyük şair əruzun ahəngindən, musiqisindən çox istifadə edəcək. Bəlkə də heca ilə əruzun birləşib qaynaşmasından yeni bir vəzn doğulacaq və bu yeni vəzn əruzun ritmini, hecanın isə məna qüvvəsi üçün lazımlı olan sərbəstliyini özündə birləşdirəcək. Bu gün sərbəst vəzn deyilən şeyi bəyənmirəm və bu cür yazıları sərbəst vəznlə yazılan şeir yox, vəznsiz şeir adlandırmağın daha doğru olduğunu düşünürəm. Düşünürəm ki, sərbəst vəzn, yenə vəzn olmaq şərtiylə, misraların bir-birilərinə tabe olmayaraq sərbəst olmasıdır. Onun üçün oturacaq şairlərinin ustadları sərbəst vəznin ilk nümunələri sayıla biləcək Orxan Seyfinin'' Fırtına və Qar'' adlı gözəl şeiri ilə, Enis Behicin “Gəmiçilər”,”Süvarilər'' kimi şeirləri sərbəst vəznin yeni və gözəl nümunələridir. Məsələn “Süvarilər” şeirində:
Ey vətən!
Gözəl Turan!
Sənə fəda olmaq üçün biz varıq.
Düşman oğlu, meydana çıx!
Qəhrəmanlıq kimdədir, o zaman anlarıq…
– misralarında hecaların tədricən çoxalması elə-belə yox, ritmik –bir qanuna görədir. Lakin bu qanun ifadə edilməkdən çox hissi mahiyyətdədir. Sərbəst vəzn adı verilən yeni yazılan şeirlərdə isə bu ritm olmadığı üçün bunlar şeir olmaq xüsusiyyətini daşımır.
Ayişə həzlə dinlərkən bu qədər möhkəm bir ədəbi zövqə malik olan bu qızın tibb peşəsini seçdiyi üçün ciddi təəssüf duyurdu.
–Yaxşı, Güntülü, sənə bir də özün haqqında sual vermək istəyirəm. Hərçənd dəqiq elmlər üzrə təhsil alırsan, amma bu fikir son illərin sənə verdirdiyi bir qərarın nəticəsidir. Ondan əvvəl, bir çox şagirdlər kimi sənin də şeir yazmaq arzun olub? Heç şeir yazmısan, ümumiyyətlə?
–Xeyr, heç vaxt. Ədəbiyyatı çox sevməyimə baxmayaraq şeir yazmağa cəhd eləməmişəm və heç o haqda düşünməmişəm.
Ayişə qol saatına baxdı. Dərs bitmək üzrə idi:
–Son olaraq sənə əruzla yazılmış bəzi misralar soruşacam. Sən də mənə onların vəznindən tapacaqsan Güntülü.
–Yaxşı!
Ayişə bu qədər çox qanı qaynadığı qızın heç bir sualı cavabsız buraxmaması üçün ilk əvvəl sadə və asan vəznlərlə işə başlamaq istəyirdi. Yaddaşını yoxlayaraq soruşmağa başladı:
–İndi ay bir sərvi simi suda
–Failatün failatün failün.
–Gecənin bir kədərli zairiyəm.
Güntülü bir saniyə düşündü və dərhal ''Fəilatün məfailün failün'' – deyə cavab verdi.
Sanki özü imtahanda imiş kimi Aişənin içi titrəyirdi. Bununla yanaşı, şagirdlər üçün daha çətin sayılan vəznlərə keçməkdən çəkinmirdi:
–Şimşək kimi bir səmtə atıldım yeddi qoldan.
Güntülü misranı təkrar etdikdən sonra dalğın baxışlarını Ayişəyə çevirdi və yenə əli ilə saçlarını düzəldərək vəzni söylədi:
–Məf'ulü məfailü məfailü fəulün.
Ayişə məmnun idi. Artıq son vəzni də bilməsə elə də üzülməyəcəkdi. Əruzun ən çətin vəznindən soruşmaqdan da özünü saxlaya bilmədi:
–İlk həsrətiylə gəncliyimin ilk dərd-qüssəsi,
Ey paslı tellərində gülən, ağlayan əruz!
Güntülünün üzünü birdən-birə o şirin çəhrayılıq bürüdü. Öz-özünə ilk misranı bir-iki dəfə təkrarladı. Təkrarlayarkən barmaqlarını çox yüngül şəkildə partanın üstünə vururdu. O biri qızlar da öz aralarında bunu vəznini tapmağa çalışırdılar. Hətta bir neçəsi kağız üzərinə xətt, nöqtə çəkərək vəznini tapmaq istəyirdilər. Lakin Güntülü onlardan əvvəl tapdı:
–Məf'ulü failatü məfailü failün.
–Afərin, Güntülü …
Bütün sinif məmnun idi və iftixar hissi keçirirdi. Ayişə-nin artıq soruşacaq heç nəyi qalmamışdı. Lakin zəng hələ çalın-madığı üçün boş dayanmaq da istəmədi və son sualını verdi:
–İndiyə kimi mən misra dedim, sən də vəznindən tapdın, Güntülü. İndi mən vəzni söyləyəcəyəm, sən də o vəzndə bir misra tapacaqsan. Mənə “məf'ulü məfailün fəulün'' vəznindən bir misra tapa bilərsənmi?
Güntülü yenə başını yüngülcə qaldırdı. Ağlından bir çox şeirlər keçdi, şübhəsiz. Daha ilk dərsdə onu bu qədər ağır sorğuya çəkmək haqsızlıq idi, amma bununla il sonundakı qiymətini də indidən almış olacaqdı. Yoldaşları da üzlərini maraqla ona tərəf çevirmişdilər.
Güntülü bunun fərqində olmadan cavabını verdi:
–Könlüm dolu ahu-zar qaldı!
Ayişənin daim gülümsəyən üzündəki təbəssüm bir anda yoxa çıxdı. Gənc qız bunun fərqində idi. Təlaşla“Düz demədim, müəllim?” – deyə soruşdu.
Müəllim məcburən gülümsəyərək:“Xeyr, Güntülü. Çox düz dedin” – dedi və sinif qapılarında cingildəyən zəng dərsin bitdiyini xəbər verdi.
VI FƏSİL
Ayişə evə çatanda Səlim masanın başında hərb tarixinə aid kitablarla məşğul idi. Uzun müddətdir bir qəzetə başqa tə-xəllüslə hərbi məqalələr yazır, Ayişənin çiyinlərindəki ağır yü-kü, beləliklə, yüngülləşdirməyə çalışırdı. Lakin bütün bunların məcburi bir cəhdlə, özünü sıxaraq etdiyi məlum idi. Əvvəllər daha çox fəal olan Səlim indi durğun düşüncəli, qəmli bir adam olmuşdu. Pəncərədən üfüqə baxaraq öldürdüyü saatlar, həftələrcə gülmədən keçirdiyi zamanlar, ruhi bir böhranın içində olduğu kimi müdhiş bir qərarsızlığın də əlamətləri ola bilərdi. Heç bir şeydən şikayət etmir, lakin heç nəyi də bəyənmirdi Həyatdan zövq almaq hissini də itirmişdi. Heç bir yerə çıxmır, heç bir əyləncəyə getmir, heç kimi axtarmır, özünü ziyarət edənlərin üzünə baxmırdı. Çox az danışırdı.
Əvvəllər tez-tez içki içər, içdiyi zaman çox sevinər, yanındakılarla zarafatlaşardı. İndi daha çox içirdi. Lakin həddindən artıq dərəcədə içməyinə baxmayaraq üzü gülmür, əksinə daha qaranlıq və kədərli bir hal alırdı. Qəribə-qəribə xasiyyətləri yaranmışdı. Belə ki, gecə paqonları çıxarılmış zabit formasını geyir, evin ən geniş otağı olan iş otağında aram addımlarla gəzişirdi. Marşlar çalındığı zaman radionu dinləyir, içir, içir, bəzən ayaq üstə dura bilməyəcək qədər sərxoş olur, lakin kefi düzəlmirdi.
Otaqda gəzişərkən bəzən kitabların qarşısında dayanır, böyük meydan döyüşlərindən birini izah edən bir kitabı götü-rür, səhifələrindən birinə, yaxud xəritəsinə baxdıqdan sonra ye-rinə qoyurdu.
Səlim Pusat hərb tarixinə aid tədqiqatlar da hazırlayırdı. Bunlarla məşğul olanda ruhən rahat olduğu üzündən aydın olurdu. Xüsusilə Mete ilə Hannibalın apardıqları müharibələri müqayisə edən etüdü orijinal idi. Lakin onu da bitirmədən yarımçıq saxlamışdı. Sevdiyi böyük əsgərlər arasında Mete başda gəlirdi. Çünki o həm əsgər, həm də təşkilatçıydı. Ordu yox, millət yaradan adam idi. Aylarla məşğul olaraq çəkdiyi xəritələr üzərində Müdrik Tonyukuk və Kül Teginin səfərlərini araşdırmış və bu iki sərkərdəyə heyran olmuşdu.
Səlcuqlulardan Çağrı Bəyi çox bəyənir, lakin “komandandan çox qəhrəmandır” – deyirdi. Hər girdiyi döyüşü qazanan Afşin Bəy haqqında məlumatın az olmasından şikayətlənirdi. Böyük sərkərdələr və böyük döyüşlər haqqında tədqiqatlar apardıqca sərkərdəlik fəlsəfəsinə girişmiş, böyük əsgərlərin hansı şərtlər altında yetişdiyini araşdırmışdı. Gəldiyi nəticə bu idi:
–“Böyük əsgərlər krallıqlarda yetişir!”
Səlim Pusat ciddi bir hərbçi olduğu üçün siyasi bir mə-sələ olan rejim işləri üzərində fikir yürütməmişdi. Ona görə re-jim aşağı yuxarı millətlərin, cəmiyyətlərin paltarıydı. Paltarların gigiyenik və ya qeyri-təmiz olanları, yaraşanları, yaraşmayanları olduğu kimi, rejimlərin yarayanları, yaramayanları var idi. Respublika, bəlkə, çox gözəl bir rejim idi. Lakin böyük komandir yetişdirmək baxımından yetərli deyildi.
Bu, eynilə isti iqlimlər üçün çox gigiyenik olan ağ, açıq, kətan paltarların Sibir bölgəsində, zərərli, öldürücü olmasına bənzəyirdi. Gəldiyi bu qənaətə görə uğradığı haqsızlıq və böh-tanlar ağlına gəldikcə dəli bir hirslə sarsılır, gözünü qan bürüyürdü. Daim ifrata vardığı üçün özünə düşmənçilik edənlərə qarşı duyduğu nifrəti tədricən başqa insanlara da şamil etməyə başlamışdı. Pis əməllər gördükcə həyatda xeyirxah olaraq qalınmayacağını qəbul edir, özü bu yola əsla girə bilməyəcəyi üçün yaşamaqdan soyuyur, robot halına gəlirdi. Demək olar ki, Səlimin ürəyində sevgidən əsər-əlamət qalmamış, onun yerini kin və nifrət hisləri tutmuşdu. Ayişəni üzən məqam da bu idi. Könlündə sevgidən əsər qalmamış olan əri ona nə verə bilərdi axı? Onun gözlərində sevgiylə yanan köhnə işıqları əbəs yerə axtarmışdı. Vaxtilə çox canlı olan bu adam artıq bir kölgə, bir xəyal, bir ruh kimi dolaşırdı. Bununla bərabər, Ayişə hələ də bütün ümidlərini itirməmişdi. Onda ara-sıra bu dünyaya aid insanlığın izlərini, qığılcımlarını görürdü. Bir gecə radioda “Əski Dostlar” marşı çalınan zaman da gözləri əvvəlcə enerjili bir sevinclə parıldamış, sonra yüngülcə nəmlənmişdi. Başqa bir gün Ayişədən köhnə ədəbiyyatın pessimist şairləri haqqında soruşmuşdu. Pessimist şeirlərlə məşğul olmaq həyata dönməyin işarəsi kimi idi. Ayişə bunu o qədər istəyirdi ki, həyat yoldaşının qəlbində yenidən atəşin yanması üçün onun bir başqasını sevməsinə belə razı idi.
Hərdən bir onu nisbətən sakit və yumşaq gördüyü zamanlarda mübahisə açır, bir az kefinin düzəlməsi, gəzməsi üçün israr edirdi, dil tökürdü, amma səssiz və hissiz bir müqavimətlə qarşılaşırdı. Pusat artıq heç bir şeyə inanmırdı, hər kəsi iyrənc görür, hər zövqü boş hesab edir, hər şeyə incədən incə istehza ilə yanaşırdı.
O yaralı bir insan idi. Ürəkdən və qəlbdən hərb sənətinə bağlı qalmışdı, lakin bu çirkab dövrdə bəzən hətta hərbçilərdə belə hərb ruhunun öldüyünü görərək ən dərin yerindən yaralanmışdı. Ən alçaq böhtanların girdabında boğulanda, görülməmiş haqsızlıqlara məruz qalanda Tanrı ona kömək etməmiş, ümmanlar qədər olan rəhmətindən bir damlacıq belə saçmamışdı. Əxlaqı, ədaləti, insanlığı, dostluğu, hər şeyi görmüş, bunların bir ilğım olduğunu acı təcrübələrlə öyrənmişdi. Altı uçurum olan çürük bir taxta körpü üzərində özünü necə təhlükəsizlikdə hesab edə bilərdi?! Ayişə ilə Tosun olmasa …
O zaman yoldaşı Şərəfi xatırlayırdı. “Teatr bitdi, gözləməyə ehtiyac görmürəm”… Görəsən, özü nəyi gözləyirdi? İçində aydın olmayan bir duyğu var idi ki, ona nəyisə gözlədiyini deyirdi. Bunun nə olduğunu düşünürdü. Bəzən bir səsin özünə “bəlanı gözləyirsən”– dediyini eşidirdi, elə bil, sonra iradəli bir şəkildə bunun təsirindən xilas olaraq hərb tarixinə, gəzişməsinə və ya kədərinə təkrar qayıdırdı.
Ayişə otağa girəndə Səlim başını qaldırdı və onun gülümsəyən gözlərinə hüznlü baxışlarla cavab verdi. Ayişə bu gün bəxtiyar idi. Əri də bir az şən olsa, daha da xoşbəxt olacaqdı.
Ücretsiz ön izlemeyi tamamladınız.