Kitabı oku: «Bakı və bakılılar», sayfa 5
Hüseynqulu xanın bu hərəkəti ilə yanaşı Şıxəli xan da imperatriçaya müraciətlə bildirir ki, o və ona tabe olan Bakı xanlığı rus tabeliyini qəbul etməyə hazırdır. Elçi Şıxəli xan adından rus imperatorluğuna sadiq qalacaqlarına and içir. Rus qoşunları komandanı Qudoviç andın təsdiq edilməsi və imzalanması üçün Şıxəli xana məktub göndərir. Şıxəli xan isə buna əməl etmir. Halbuki Şıxəli xan bu müddətdə artıq rus təbəəsi hesab edilirdi. Çünki onun xahişi çariçaya göndərilmişdi.
1794-cü ilin ortalarında Şıxəli xan Bakı xanlığını Mirzə Məhəmməd Saniyə qaytarmaq üçün Bakı üzərinə hücuma keçir. Ancaq o hələ yolda ikən ona xəbər çatdırırlar ki, Qazıkumuklu Xambutay xan Şəki xanı Məhəmməd Hüseyn xanın üzərinə qoşun çəkmişdir. O, ləşkəri Mirzə Məhəmməd xana tapşırıb, özü Şəki xanının köməyinə tələsir.
Həmin illərdə Mirzə Məhəmməd xan Sani Bakı qalasından kənarda yaşasa da, xanlığın əsas gəlir mənbələrini öz əlində saxlayırdı. Neft quyularından və duzlu göllərdən alınan məhsula, demək olar ki, bütünlüklə yiyələnmişdi. Şəhərə neft, duz və başqa məhsulların daşınmasını tamamilə qadağan etmişdi. Hüseynqulu xan Quba qoşunlarının təzədən onun üzərinə hücuma keçəcəyini eşidən kimi Həştərxan vasitəsilə general Qudoviçə məktub göndərərək, Şıxəli xandan gileylənir. General Qudoviç Şıxəli xana xəbərdarlıq edir ki, Bakı xanlığını rahat buraxsın, unutmasın ki, Bakı xanlığına toxunmamaq onun andında qeyd edilmişdir.
Bu ara Mirzə Məhəmməd üzərinə basqın etmək üçün Hüseynqulu xandan ötrü əlverişli şərait yaranır. Gecə qaranlığında Balaxanıda Mirzə Məhəmmədin iqamətgahına basqın edib, Bakı qalasına hücum etmək üçün Şıxəli xanın onun sərəncamına verdiyi qoşunu pərən-pərən salır. Mirzə Məhəmmədin ailəsi və o cümlədən Şıxəli xanın nişanlısı da Bakıya gətirilir. Sonralar Şirvan xanı Mustafa xan araya girərək, onları barışdırır. 1795-ci ilin payızında Mirzə Məhəmməd xan ailəsi ilə birlikdə Qubaya qayıdır. Şıxəli xan da həmin il Bəyim Bikə ilə evlənir.
1795-ci ilin dekabrında Hüseynqulu xanın rus himayəsinə daxil edilməsi barədə fərman gəlir. Fərmanda göstərilirdi ki, xanlıq titulu və vərəsəlik bundan sonra əlahəzrət imperator tərəfindən təsdiq edilməlidir. Xanlıq Qafqaz xəttinin baş komandanlığı ilə razılaşdırılmadan rus tabeliyində olmayan ətraf hakimlərlə əlaqəyə girə bilməz. Bununla bərabər rus tacirləri üçün də əlverişli şərait yaradılmalıdır. Küləyin sahilə vurub çıxardığı gəmilər yükləri ilə birlikdə vaxtında sahibinə qaytarılmalıdır. Bakıda həmişə bir rus gəmisi durmalıdır. Rus tacirlərinin İranlılarla əlaqədar işləri təkcə Bakı hakimləri tərəfindən deyil, konsulla birlikdə həll edilməlidir. Şıxəli xanın Bakıya olan iddiaları əvəzində xan ona bəzi mükafatlar verməlidir.
Küləyin vurub sahilə çıxardığı gəmilər barədə fərmana xüsusi bir maddənin daxil edilməsi təsadüfi deyildi. Maştağa və Mərdəkan kəndləri sahillərində küləyin vurub sahilə çıxardığı gəmilərin malları Hüseynqulu xanın adamları tərəfindən bir qayda olaraq həmişə talan edilirdi. Hüseynqulu xan rus komandanlığı tərəfindən bir neçə dəfə məcbur edilmişdi ki, talan edilmiş malların dəyəri rus və hind tacirlərinə qaytarılsın. Bakı arxipelaqında da rus gəmilərinə basqın halları baş verirdi.
XVIII əsrin axırında baş vermiş hadisələr Hüseynqulu xanın rus tabeliyinə daxil edilməsi sənədlərinin tərtib edilməsinə mane oldu.
1794-cü ildə İranda Ağa Məhəmməd şah Qacar ölkənin əsas əyalətlərini ələ keçirərək, Tehranı paytaxt elan etmişdi. O, Cənubi Azərbaycanın xanlıqlarını da özünə tabe eləyəndən sonra Şimali Azərbaycana yürüş üçün hazırlıq görməyə başlayır. Əvvəlcə bütün xanlıqlara məktub göndərərək, onları İran şahının himayəsinə keçməyi təklif edir. Qarabağ xanı İbrahim xandan isə tələb edir ki, oğlunu onun yanında girov qoysun. İbrahim xan bundan imtina etdikdə, Ağa Məhəmməd şah Qacar onun üstünə 8 min nəfərlik qoşun göndərir. Gürcülər qarabağlıların köməyinə çataraq, birlikdə Əsgəran qalası yanında İran qoşunlarını darmadağın edirlər. Həmin ilin yayında Ağa Məhəmməd şah Qacar təzədən 85 min qoşunla Qarabağa soxulub, Şuşa şəhərini mühasirəyə alır. Mühasirə 33 gün davam edir. Ağa Məhəmməd şah Qacar şuşalıların müqavimətini qıra bilmədiyindən Tiflis üzərinə yürüyür. Tiflisə qədər olan yol boyu bütün şəhər və kəndləri xarabazara çevirir.
Qarabağlılar da öz borclarını yerinə yetirərək, gürcülərin köməyinə çatırlar. Gürcülər düşmənin üstün qüvvəsi qarşısında davam gətirə bilmirlər. Ağa Məhəmməd şahın qoşunları Tiflisə daxil olub, şəhəri talan edir, əhalini qılıncdan keçirirlər.
Ağa Məhəmməd şah Qacarın bu qələbəsi bu vaxtadək Rusiya ilə İran arasında tərəddüddə qalmış Şıxəli xanı ruhlandırır və ona qiymətli hədiyyələr göndərir. Onun rus təbəəliyinə qəbul edildiyinə baxmayaraq, qəti olaraq Ağa Məhəmməd şah tərəfinə keçir.
Gürcüstanı talan etdikdən sonra Ağa Məhəmməd şah 1795-ci ilin payızında qışı Muğan düzündə keçirmək məqsədilə Azərbaycana qayıdır. Yolda on iki min qoşunla Şirvana basqın edir. Şirvan xanı Mustafa xan qaçıb Fit dağında gizlənir. Bunu eşidən Bakı xanı Hüseynqulu xan Şamaxıya Ağa Məhəmməd şah üçün böyük hədiyyələr göndərir və beləliklə özünü Qacarın qəzəbindən xilas edə bilir.
Muğanda qalmaqda Ağa Məhəmməd şahın niyyəti təzədən Azərbaycan xanlıqlarına hücum edib, bütün Azərbaycanı özünə tabe etdirmək idi. Lakin bu ona müyəssər olmur. Çünki Qacarın Zaqafqaziyaya basqını rus imperatorluğunu çox narahat edirdi.
General Qudoviç göstəriş almışdı ki, Ağa Məhəmməd şah Qacar Şamaxını işğal edərsə, Dərbənd üzərinə hücuma keçsin. Gürcüstanın, xüsusilə Tiflis şəhərinin Qacar qoşunları tərəfindən dağıldığı xəbərini alan kimi 1796-cı ildə 30 minlik rus qoşunu general V. A. Zubovun komandası altında Dərbənd şəhəri üzərinə hücuma keçirlər. Əvvəlcə Şıxəli xan müqavimət göstərir. Rusların güclü qoşunu qarşısında dura bilməyəcəyini hiss etdikdə anası və bacısının təhriki ilə qılıncını boynundan asaraq öz rəiyyəti ilə Zubovun yanına gəlir. Zubov onu xeyli müddət öz düşərgəsində saxlayır. Şıxəlinin anası və bacısı Zubovun düşərgəsinə gələrək, Şıxəlinin cavanlığını nəzərə almağı və onun günahından keçməyi xahiş edirlər. Zubov ona müqavimət göstərən yerli hakimləri adətən Rusiyaya göndərirdi. Görünür ki, Şıxəli xanın anası və bacısının xahişindən sonra, ya da başqa mülahizələrə görə onu öz yanında saxlayır və hətta Şamaxı üzərinə yürüşə də özü ilə bərabər aparır.
Zubov Dərbənd xanlığının boş qalmaması üçün Şıxəli xanın bacısı Pəricəni şəhərin hakimi təyin edir. 1796-cı ilin 3 iyununda II Yekaterina V.A.Zubova belə bir məktub göndərmişdi: "Dərbəndin hakimi Pəricə xanıma mən hədiyyə olaraq, qələm, sırğa və üzük göndərirəm… Deyirlər ki, ağıllı və yaxşı qızdır. Mənə elə gəlir ki, onun davranışında bir mərdlik vardır ki, bu da mənim xoşuma gəlir".
Keçmiş xanlıq nəslindən olan Nadir xan da Pəricəyə naib təyin olunur.
Həmin il 24 mayda Zubov Bakıya tərəf yürüşə başlayır. Dərbənddən sonra Şamaxı, Gəncə, Salyan xanlıqları da rus hakimiyyəti altına keçir. Qarabağ xanı Zubovun yanına elçi göndərərək, rus himayəsinə qəbul olunmasını xahiş edir. Bakı xanı Hüseynqulu xan da şəhəri təhvil vermək məcburiyyətində qalır.
Şəhərin işğalından sonra Yekaterina Bakını bütün Şərqdə böyük ticarət mərkəzinə çevirmək üçün ciddi tədbirlər görməyə başlayır. Bakı limanının hərbi donanma üçün yararlı hala salınması barədə layihə hazırlanır. Bu məqsədlə Peterburqdan Bakıya mütəxəssis ustalar göndərilir. Bakıda olmuş Butkov öz qeydlərində yazırdı ki, "Bakı limanı bütün Xəzər dənizində ən əlverişli liman olduğundan onu genişləndirmək və möhkəmləndirmək lazım gəlirdi. Dərinliyi 7 sajen olan liman sularında gəmilər rahat üzə bilirdilər".
Rusiya imperiyasının hakimiyyətini Azərbaycanda daha da möhkəmlətmək məqsədilə Zubov Kürlə Arazın birləşdiyi yerdə (Cavadda) yeni bir qala-şəhər salmaq fikrinə düşür və onun layihəsi də hazırlanır. Bu məqsədlə buraya 2 min soldat köçürür, onları hərbi və kənd təsərrüfatı alətləri ilə təmin edir və erməniləri məcbur edir ki, qızlarını rus soldatlarına ərə versinlər. Bu qala-şəhər Yekaterinoserd adlanacaqdı.
Bakını möhkəmlətmək isə rus komandanlığı qarşısında birinci dərəcəli məsələ kimi qoyulmuşdu. 1796-cı ilin 19 fevralında Zubova göndərilən əmrdə deyilirdi: "Bakını, Bakı limanını zəbt edib, onu baş depoya çevirməli". Bakı limanında işə başlamaq üçün vəsait də ayrılmış və Peterburqdan ustalar yola salınmışdı.
Ruslar 1796-1797-ci illər üçün nəzərdə tutulmuş tədbirləri həyata keçirə bilmirlər. II Yekaterinanın ölümü buna mane olur. Yekaterinadan sonra onun yerinə taxta çıxmış I Pavelin əmri ilə rus qoşunları təcili olaraq, geri çağırılır. I Pavelin məqsədi Fransaya qarşı mübarizə üçün Rusiyanın bütün hərbi qüvvələrini bir yerə toplamaq idi. Qoşunların geri çəkilməsinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələri əvvəlki kimi yenə davam edir və genişlənirdi. Bununla belə, Xəzər sahili şəhərlərinin bəzilərində yerli hakimlər tərəfindən bu ticarətə zərbə vuranlar da vardı. Məsələn, Bakı xanı Hüseynqulu xanın nəinki rus tacirlərinə, habelə hindlilərə da münasibəti yaxşı deyildi. Rus ticarət gəmilərinə yenə də basqınlar edilirdi. Hüseynqulu xan bu basqınların qarşısını nəinki almır, əksinə, bunun üçün əlverişli şərait yaradırdı. Belə halları aradan qaldırmaq məqsədilə İranda olan rus konsulu Skibinevski 1800-ci ildə Bakıya gəlir. O, Hüseynqulu xandan rus tacirlərinə vurulmuş zərərin qaytarılmasını tələb edir. Maştağa sahillərində küləyin vurub sahilə çıxardığı gəminin talan edildiyini söyləyərkən Hüseynqulu xan deyir:
– Bu gəminin malları rus tacirlərinin deyil. Qoy hindlilər bunu tələb etsinlər.
– Mallar rusların deyilsə də, gəmi ruslarındır. Gəminin içindəki mallar üçün ruslar məsuldurlar.
Beləliklə, Hüseynqulu xan nə rus tacirlərindən aldığı pulları, nə də talan etdiyi gəmilərin mallarını qaytarmaq istəmir. Vəziyyəti belə gördükdə Skibinevski zora əl atmağa məcbur olur. O Bakı limanında reyddə durmuş rus donanmasına əmr edir ki, şəhəri top atəşinə tutsun. "Qızlar" gəmisi şəhəri top atəşinə tutan kimi Hüseynqulu xan günahkar olduğunu boynuna alır və rus tacirlərindən aldıqları pulları və talan olunmuş malları qaytarmağa razılıq verir. Hətta üstəlik iltizam verir ki, bundan sonra rus tacirlərinə qarşı ədalətli hərəkət edəcəkdir. Bu əhvalatdan sonra, Hüseynqulu xan yaxın rəiyyətindən olan Mirzə Hadı bəyi rus imperatorluğu sarayına göndərərək, tutduğu hərəkətdən ötrü üzr istəyir.
Buna baxmayaraq, Hüseynqulu xan sonralar da rus və hind tacirlərinin gəmilərinə quldur basqınından əl çəkmirdi.
Azərbaycandan geri qayıtmış Ağa Məhəmməd şah Qacar İrana çatan kimi 1796-cı ildə Tehranda özünü şah elan edir. Bir ildən sonra təzədən böyük qüvvə ilə Azərbaycana gəlir. Qarabağ və Şirvan xanlıqlarını işğal edir. Hüseynqulu xanı Şuşa qalasına öz yanına çağırır. Bir rəvayətə görə, Hüseynqulu xan onun yanına getməkdən boyun qaçırır. Ağa Məhəmməd şah Qacar əmr edir ki, onun əl-ayağına zəncir vurub hüzuruna gətirsinlər. Ailəsi isə Tehrana sürgün olunsun. Başqa bir mənbədə göstərilir ki, Hüseynqulu xan özü Ağa Məhəmməd şahın yanına gedir. Ağa Məhəmməd şah Qacar onu qəzəblə qarşılayır. A. Bakıxanov bu barədə belə yazır: "Hüseynqulu xan Ağa Məhəmməd şahın hüzuruna gələrək, öz itaətkarlığını bildirmişdi. Lakin ruslara qarşı olan meylinə görə yaxşı qarşılanmamışdı. Əgər 12 iyun səhəri gün doğandan sonra şah öz saray xidmətçilərindən iki nəfər tərəfindən öldürülməsəydi, məlum deyildi ki, Hüseynqulu xanın taleyi necə olacaqdı".
Ağa Məhəmməd şahın ölüm xəbərini eşitdikdə, Qubada olan Mirzə Məhəmməd xan Sani Bakı xanlığına yiyələnmək üçün tələsik Bakıya gəlir. Ondan qabaq özünü yetirmiş olan Hüseynqulu xan şəhər qalasında möhkəmlənərək, müdafiə olunur. İki xan arasında keçirilmiş danışıqlara əsasən Bakı xanlığı yenə iki yerə ayrılır. Hüseynqulu xan Bakıda qalır, Mirzə Məhəmməd Sani isə Maştağaya çəkilərək, orada özünə təzə qala tikdirir.
1801-ci ilin 12 martında imperator Pavel öldükdən sonra onun yerinə I Aleksandr keçir. Təzə imperatorun ilk təşəbbüslərindən biri Zaqafqaziya hakimlərinə məktub göndərməsi olur. Bu məktubda o, bütün xanlıqları dostluq şəraitində yaşamağa çağırırdı. 1803-cü ilin fevralında knyaz Pavel Sisianov Qafqaza baş komandan təyin olunur. O, əslən gürcü idi, ulu babası knyaz Paati Sisianov (Sisişvili) 1725-ci ildə Rusiyaya köçmüşdü. O Kaxetiyanın məşhur çarı Vaxtanq Kartalini ilə birlikdə vaxtı ilə I Pyotrla görüşmək üçün Peterburqa yola düşmüşdülər. Pyotr isə bu vaxt artıq ölmüşdü. Vaxtanq da Həştərxanda xəstələnib ölmüş, Paati Sisianov isə rus təbəəliyini qəbul etmişdi. Pavel Sisianov 1754-cü ilin 8 sentyabrında Moskvada anadan olmuşdur.
Pavel Sisianovun baş komandan təyin edilməsi ilə Zaqafqaziyanın, o cümlədən Azərbaycanın təzədən işğalı geniş vüsət aldı.
Rus komandanlığı hər şeydən əvvəl Gəncə xanlığının işğal edilməsinə xüsusi əhəmiyyət verirdi. Gəncə xanı Cavadxan əslində rus tabeliyinə keçməyə etiraz etmirdi. Bunun üçün o, rus imperatorunun xüsusi reskriptini gözləyirdi ki, tabe olmaqla bərabər xanlığın müstəqilliyini hifz edə bilsin. General Sisianov onun nəzərinə çatdırır ki, Gəncə xanlığı hələ 1796-cı ildə Rusiyanın təbəəliyinə keçmiş və Gəncə qalası ruslar tərəfindən alınmışdı. Cavad xan cavabında yazırdı o zaman şah mənə reskript göndərmiş və mən də onun təklifini qəbul edərək, qalanı təhvil vermişdim. İndi də sənin padşahın belə bir reskript göndəribsə, mənə göstər. Mən də onun iradəsi qarşısında düşünüb-daşınım".
Cavad xanın bu sözləri, görünür ki, Sisianovun şəxsiyyətinə toxunmuş və 1803-cü ilin noyabrında Gəncə üzərinə qoşun çəkmişdi. Rus qoşunları 6 batalyon piyadadan, 11 topdan, 3 eskadron və 2 kazak bölüyündən ibarət idi.
1804-cü il yanvarın 2-dən 3-nə keçən gecəsində Sisianovun qoşunları qalaya hücuma keçirlər. Şəhərin müdafiəçiləri mərdliklə vuruşaraq nərdivanlarla qalaya qalxmağa çalışan qoşunların təşəbbüsünü dəf edirdilər. Buna baxmayaraq qoşunlar şəhəri müdafiə edənlərin müqavimətini qıra bilib, şəhərə daxil olur. Böyük mərdlik göstərmiş Cavad xan öldürülür. Beləliklə, Gəncə xanlığı Rusiyanın tərkibinə qatılır və şəhər I Aleksandrın arvadı Yelizavetanın adı ilə Yelizavetpol adlanır.
Sisianov I Aleksandra göndərdiyi raportunda qeyd edirdi ki, bu ilin kompaniyasında İranlılar tərəfindən vurulmuş bir milyon manat zərərin ödənilməsi üçün Xəzər donanmasının Ənzəli və Rəşt şəhərlərinə göndərilməsi lazım gəlir. 1865-ci ildə rus donanması general-mayor Zavalişinin başçılığı altında Pirbazara, Rəştə 800 nəfərdən ibarət desant çıxarır. Desant uğursuz olur. İran qoşunlarının üstün qüvvələri qarşısında Zavalişin geri çəkilib, Bakıya qayıdır.
Sübh açılarkən bakılılar körfəzdə hərb gəmisini görüb, təəccüb qalırlar. Hüseynqulu xan tez Zavalişinin yanına elçi göndərib onun nə niyyətlə gəldiyini öyrənmək istəyir… Zavalişin elçiyə belə deyir:
–Mən imperator tərəfindən göndərilmişəm ki, Bakını zəbt edim. Xanınıza deyin ki, şəhəri təslim etsin.
Hüseynqulu xan vaxtı udmaq üçün Zavalişinə xəbər göndərir ki, fikirləşmək üçün ona avqustun 15-dək möhlət versin.
Zavalişin razılaşır. Möhlət başa çatanda Hüseynqulu xandan heç bir xəbər çıxmır. Belə olduqda, Zavalişin sahilə desant çıxarır. Bu müddətdə Hüseynqulu xanın köməyinə gəlmiş Quba və Dərbənd xanlığının qoşunları Zavalişinin qoşunlarına qarşı vuruşmağa başlayırlar. Bu vuruşmada məğlub olan ruslar gəmi ilə Sara adasına çəkilirlər.
Rusiyanın Qafqaza yürüşü, Gürcüstanın və Azərbaycanın bir hissəsinin Rusiyaya ilhaq edilməsi Ağa Məhəmməd şah Qacardan sonra taxta çıxmış Fətəli şahı (o zamanlar Baba xan kimi tanınırdı) çox narahat edirdi. Hələ rus himayəsinə keçməmiş Qarabağ və Bakı xanlıqlarına elçilər göndərərək, onları hədələyir və xəbərdarlıq edirdi ki, rus tabeliyinə daxil olduqları təqdirdə onların üzərinə qoşun çəkəcəkdir. Bununla ürəyi soyumayan Fətəli şah 1805-ci ildə Qarabağ üzərinə böyük qüvvə ilə hücuma keçir. Qarabağ xanlığının atlı dəstələri İranlıları məğlub edib, geri oturdurlar. 1805-ci ilin 14 mayında Gəncə yaxınlığında, Kürəkçay sahilində Sisianovla İbrahim xan arasında müqavilə imzalanır. Kürəkçay sahilində Qarabağ xanlığı ilə danışıqlardan sonra Sisianov Şəki xanı Səlim xanla görüşür. Mayın 21-də Şəki xanlığı da Rusiyaya qatılır.
1805-ci ilin iyununda Fətəli şahın oğlu Abbas Mirzənin başçılığı altında İran qoşunları Arazı addayıb, Qarabağ üzərinə hücuma keçirlər. Bu zaman Şuşa qalasını İbrahim xanın dəstəsi ilə birlikdə rus qarnizonunun əsgərləri də qoruyurdular. Qarnizonun köməyinə Gəncədən polkovnik Karyaginin başçılığı altında 555 nəfər əsgər, iki top göndərilir. Yolda bu dəstə Abbas Mirzənin 10 minlik qoşunu tərəfindən dövrəyə alınır. Karyaginin əsgərləri özlərini itirməyərək, İranlılara qarşı döyüşə-döyüşə və yerli əhalinin bələdçiliyi ilə mühasirədən çıxa bilirlər.
Şuşa qalası ətrafında bütün həmlələri boşa çıxan və Karyaginin dəstəsini məğlub edə bilməyən Abbas Mirzə qoşunu çəkib, Gəncəyə tərəf yönəlir. Gəncə qalasını almaq da ona mümkün olmur. Buna görə də müdafiəsiz qalmış Tiflisə tərəf yürüyür. Lakin Karyaginin dəstəsi İranlılara çatır və onları pərən-pərən salır. Abbas Mirzə bu dəfə Qazaxdan keçərək İrəvana üz tutur. Abbas Mirzə hələ Qarabağa hücum etməmişdən qabaq Qazağa ultimatum göndərmişdi ki, İran qoşunlarına tabe olmadıqları təqdirdə, ailələri ilə birlikdə əsir alınacaqlar. Qazaxlılar Abbas Mirzənin bu hədəsinə əhəmiyyət vermədən öz mövqelərini möhkəmlədirlər. Şah qoşunları Qazağa daxil olduqda yerli əhali onlara bərk divan tutur. İranın saray tarixçilərindən biri qazaxlılar barədə belə yazırdı: "Qazax əhli İranlıların İrəvana tərəf yürüşünə mane olurdular. İrəvan düzənliyi başlananadək qazaxlılar, demək olar ki, hər fərsəx yolda pusqu düzəltmişdilər. Onlar hətta Abbas Mirzənin özünə də atəş açmışdılar".
Yaralanmış Abbas Mirzə İrana qayıtmağa məcbur olmuşdu.
Gəncə və Şəki xanlıqlarını özünə tabe etdikdən sonra Sisianov Şirvana tərəf yürüşə başladı. Bu müddətdə o, Qafqazın hər yerində "zəhmli knyaz" kimi şöhrət tapmışdı.
SİSİANOVUN ÖLDÜRÜLMƏSİ
1806-cı ilin fevral ayı idi. Qış bərk keçsə də, qar artıq tamam ərimişdi. Ancaq havada hələ şaxta vardı. 200 nəfər süvari atlarından düşüb gözləyirdi. Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmişdi. Hamıdan qabaqda durmuş adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüş dərin kölgələrdən bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almışdı. O, Şamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmişdi. Sonra da Şamaxı dağlarını keçərkən qar və yağış onu tamam taqətdən salmışdı. Böyük çətinliklə fevralın 30- da Bakıya çata bilmişdilər. Qoşun şəhərin iki verstliyində olan Naxır bulağında düşərgə salmışdı. Burada qoşundan 300 nəfər ayırıb, ondan qabaq Xəzər sahilinə desant çıxarmış general-mayor Zavalişinə kömək göndərmiş və əmr etmişdi ki, şəhəri dəniz tərəfdən dövrəyə alsınlar. Özü isə 200 nəfər əsgərlə şəhər divarına yaxın su quyusunun yanında (Azərnəşrin keçmiş binasının yerində) qərar tutmuşdu. Bu, Qafqaz baş komandanı general Sisianov idi. Şamaxıda olarkən Mirzə Məhəmməd xan Saninin Bakıda olan qardaşı Əbdürrəhim ağa Hüseynqulu xanın zülmündən xilas olmaq üçün gizlin yolla onun yanına gəlmişdi. Sisianov onu yaxşı qəbul etmiş və Əbdürrəhim ağa onun bir sıra tapşırıqlarını fədakarlıqla yerinə yetirmişdi. Rus qoşununun ərzaq və yemlə təmin edilməsinə yaxından kömək etmişdi. Ailəsini düşmən Hüseynqulu xanın yanında qoyub Sisianova pənah gətirən Əbdürrəhim ağa barədə A. A. Bakıxanov belə yazırdı: "Mirzə Məhəmməd Saninin qardaşı Əbdürrəhim ağa Şirvana Sisianovun yanına gələrək, ona bəzi xidmətlər etmiş və Hüseynqulu xanın şəhərdə olan İran hərbi rəislərinə münasibətinə yaxşı bələd olduğundan Sisianovu dəfələrlə xəbərdar etmişdi ki, ehtiyatlı olsun. Sisianov isə ona xanın rəqibi kimi inanmaq istəməmişdi".
İndi də Bakının qalın divarları qarşısında durarkən, Əbdürrəhim ağanın xəbərdarlığını tamam unutmuşdu. O öz güçünə arxayın idi. Gəncə, Qarabağ, Şəki və Şamaxı şəhərlərini özünə tabe edəndən sonra Bakını tutmaq ona daha asan görünürdü. Xəstəlik və yorğunluq onu üzsə də, imperatorluq qarşısındakı xidmətlərindən razı bir tərzdə, bir az da qürurla durub, Bakı xanı Hüseynqulu xana yavəri Elizbar Eristov vasitəsilə məktub göndərmişdi. Məktubda imperatorluq adından təklif olunurdu ki, xan şəhəri təslim etsin. Cavab isə ləngiyirdi. Sisianov gözlərini şəhər darvazasından ayırmadan qalanın divarları arxasında baş verən hadisələri təsəvvür etməyə çalışırdı. O, bu hasarların o biri tərəfindəki hər şeyə bələd idi. Hələ 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə V. A. Zubovun qoşunları Bakını işğal etdiyi zaman Sisianov qalanın komendantı təyin edilmişdi. Doğrudur, bu çox az sürmüşdü. Çünki II Yekaterinanın ölümündən sonra onun yerinə keçən oğlu I Pavel qoşunları Qafqazdan geri çağırmışdı. Ancaq bu az müddətdə Sisianov Bakı şəhərinin bütün quruluşuna, adamlarının adət və ənənələrinə yaxından bələd olmuşdu. Şəhərdən dənizə açılan xoş mənzərə indiyədək gözlərinin qabağından çəkilmirdi. Xəzər sahillərinin işğalı o zaman imperatorluğa böyük xərclə başa gəlmişdi. Buna baxmayaraq, I Pavelin qoşunları geri çağırmasından Sisianov çox narazı qalmış və özlüyündə bunu imperatorun səhvi hesab etmişdi.
Birdən şəhər darvazası açıldı. Polkovnik Eristov atını çaparaq, içəridən çıxdı. Hüseynqulu xan cavab məktubunda göstərirdi ki, o komandanlığın tələbləri ilə razıdır və qalanı (bütün sərvəti, camaatı ilə birlikdə) təhvil verərək, rus təbəəliyini qəbul edir. Məktubda yazırdı: "Güman edirəm ki, çar 1796-cı ildə qoşunları Bakıda olarkən göstərdiyim xidməti nəzərə alaraq, məni xanlıqdan məhrum etməyəcəkdir". Sisianov Hüseynqulu xanın belə asanlıqla təslim olmasından içərisində qürurdan daha çox bir lovğalıq hiss etdi və dərhal xana cavab məktubu göndərdi. Bu məktubda yazırdı ki, çar hökuməti xanlığı onun sərəncamına ancaq aşağıdakı şərtlər əsasında verə bilər: 1. Din xanlıqda hamıdan ötrü azad olaraq qalır. 2. Xanlığı idarə etmək onun bütün nəslinə şayəstə edilir. Ancaq bu şərtlə ki, xanlığın idarə edilməsi mərhəmət və insanpərvərlik əsasında olsun. 3. Məhkəmə işləri hakimə həvalə olunsa da, cinayət işlərinə baxanda Bakı qarnizonu komendantı mütləq iştirak etməlidir. 4. Gömrük gəlirindən başqa bütün gəlirlər xanın sərəncamında qalır. 5. Zaqafqaziya ölkəsində ordunun ehtiyacı üçün duz və neft baş komandanlığın imzası ilə talonla pulsuz buraxılmalıdır. 6. Bakının ətrafında Bakı qarnizonunun yerləşdirilməsi üçün əlverişli mənzil ayrılmalıdır. 7. Xan bilavasitə baş komandanlığın təht-himayəsində olduğu üçün onun əmrlərinə sözsüz tabe olmalıdır. 8. Xan tərəfindən xəyanət hiss edildikdə dərhal hakimiyyətdən uzaqlaşdırılacaqdır.
Bunlardan başqa xanın qarşısında belə bir şərt də qoyulurdu: Xan Şərq adəti üzrə, and içməkdən əlavə öz oğlunu da, komandanlığın yanında girov qoymalıdır.
Sisianov qoşunlarının yaxınlaşıb qalanı mühasirəyə alması şəhər əhalisi içərisində böyük təşvişə səbəb olmuşdu. Bəziləri köçünü yığışdırıb, Salyan darvazalarından təpələrə çəkilməyə hazırlaşırdı. Dəniz tərəfdən çıxmaq mümkün deyildi. Çünki general Zavalişinin gəmisi körfəzdə lövbər atıb durmuş və sahilə desant çıxarmışdı.
Bir azdan cavab əvəzinə xanın nümayəndəsi qaladan çıxıb, əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Hüseynqulu xanın qaladan çıxması çox uzun çəkir. Sisianovun səbri tükənir və polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən şəhər darvazası açılır və Hüseynqulu xan öz yaxın adamları – İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi polkovnik Eristovla birlikdə qoşundan qabağa çıxır. Onları təkcə bir kazak müşayiət edir. Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub öldürür. Xanin o biri adamları isə polkovnik Eristovu öldürürlər. Təkcə onları müşayiət edən kazak qaçıb aradan çıxa bilir. Sisianovun öldürülməsindən sonra qala divarlarının üstündən onun əsgərləri gülləyə tutulur, ölən ölür, ölməyən pərən-pərən düşür. Hüseynqulu xanın adamları aranın qarışmasından istifadə edərək, Sisianovun başını kəsərək, qalaya aparırlar. Sisianovun ölüm xəbərini eşidən Zavalişin isə desant qoşunlarını gəmiyə doldurub, Sara adasına tərəf istiqamət alır.
Ertəsi gün Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
Sisianovun başı isə İrana, Fətəli şaha göndərilir. Əvəzində şah Bakı xanlığına bahalı hədiyyə göndərir.
Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin ilin axırında Qafqazın yeni baş komandanı Markiz Pauluççi Sisianovun sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir.
Sisianovun sümükləri Tiflisdə basdırıldığı zaman Bakı artıq Rusiya tərəfindən işğal edilmişdi.
Sisianovun ölümünü təsadüfi hadisə kimi qeyd etmək olmaz. Bakının ən axırıncı xanı hesab edilən Hüseynqulu xan özünün bütün hökmranlığı dövründə (1792-1806) Rusiyaya olan münasibətində heç zaman sabit qalmamışdı. Türkiyə, İran, Dərbənd tərəfindən gözlənilən daimi təhlükə onu Rusiya himayəsinə sığınmağa məcbur edirdisə, rus təbəliyini qəbul etdiyi tərzdə hakimiyyətini, müstəqilliyini itirə biləcəyindən qorxurdu. Buna görə də, həmişə Rusiya ilə İran arasında tərəddüd etmiş, gah bu tərəfə, gah o tərəfə meyl göstərmişdir. Onun siyasətindəki bu ikilik fəaliyyətinin sonunadək davam etmişdi. Son dəfə də belə olmuşdu. Bir tərəfdən şəhərin təslim edilməsi barədə Sisianovla danışıqlar aparır, o biri tərəfdən İran hökuməti ilə gizli əlaqə saxlayırdı. Ruslarla bağladığı sazişlərə baxmayaraq, imkan düşən kimi ruslardan üz çevirirdi. Bəzi tarixçilərin yazdığına görə Sisianovun öldürülməsi ərəfəsində qalada İran şahı Fətəlinin iki casusu yaşayırmış. Onlar guya Fətəli şah tərəfindən göndərilibmiş ki, dənizdən qala divarları ətrafındakı xəndəklərə su çəkmək üçün kömək etsinlər. Əslində isə, Hüseynqulu xanın hərəkətlərinə göz qoyub, casusluq edirlərmiş. Hətta İbrahim bəyi Sisianovu öldürməyə təhrik edən də guya casuslar olub.
1846-cı ildə Bakının erməni varlılarından Tomas Eyvazov öz hesabına Sisianovun xatirəsinə abidə düzəltdirmişdi. Sisianovun öldürüldüyü yerdə (Azərnəşrin keçmiş binasının yerində) qoyulmuş bu abidə piramida şəklində olub, boz daşdan tikilmişdi; abidənin bir tərəfində bu sözlər yazılmışdı: "Abidə 1846-cı ildə knyaz Mixail Semyonoviç Vorontsovun canişinliyi dövründə qaldırılmışdır". O biri üzündə isə "Tomas Eyvazovun səyi və ianəsi ilə" qazılmışdı. Abidənin üstündə xəncər və tapança şəkli də rəsm edilmişdi. Tapançanın lüləsi və xəncərin ucu aşağıya əyilmiş vəziyyətdə idi.
Abidənin açılışında Qafqaz canişini Vorontsov da iştirak etmişdi. Abidə Azərbaycanda Sovet hakimiyyəti quruluşunun ilk illərinədək dururdu. Bakıda M. Ə. Sabirə heykəl qoyulduğu illərdə uçurulmuşdur.
A.A.Bakıxanov Hüseynqulu xanın atasının başına açdığı oyunları, atasının qanuni hüququnu tapdalamasını bildiyi halda onu cəsarətli bir xan kimi xarakterizə edirdi.
Sisianovun öldürülməsi çar hökumətini daha ciddi tədbirlər görməyə məcbur etdi. Çünki vaxtilə müəyyən siyasi məqsədlərlə əlaqədar Qafqaza canişin təyin edilmiş bu yüksək rütbəli məmurun, imperatorun tapşırıqlarını yerinə yetirmək üçün heç nədən çəkinməyən sadiq bir hərbçinin itirilməsi I Aleksandrın Qafqazdakı siyasətinə böyük zərbə idi. Təsadüfi deyildi ki, I Aleksandrın 1802-ci il 8 sentyabr tarixli fərmanı ilə ona verdiyi hüquqlar Sisianovun sələflərinə verilmiş hüquqlardan qat-qat üstün idi.