Kitabı oku: «Bakı və bakılılar», sayfa 6
BAKIXANOVLAR SÜLALƏSİ
Bakı xanlarının tarixi Mahmud Dərgahqulu bəylə başlayırsa, Bakıxanovlar sülaləsinin şöhrəti isə Mirzə Məhəmməd xan Sani ilə yüksəlmişdir. Bakı və Quba xanlıqlarının Rusiyaya yaxınlaşmasında onun böyük xidmətləri olub. 1824-cü ildə Qafqaz baş komandanı Yermolov Mirzə Məhəmməd Saninin bu xidmətlərini yüksək qiymətləndirərək, ona Quba əyalətində 7 para kənd bağışlamışdır. O kəndlər bunlardır: Rustov, Hacı Qaraqaşlı, Əmsar, Qaraqaşlı, Qarabağlı, Qulamlı və Şıxnəzərli. Bu torpaqlar onun xüsusi mülkiyyətinə daxil edilərək, xəzinənin hər cür vergilərindən azad edilmişdi. Mirzə Məhəmmədin qardaşı (onlar iki qardaş olublar) Əbdürrəhim ağanın da ruslara az xidməti olmamışdır. Sisianovun Bakıya səfəri ərəfəsində o ailəsini Bakıda təhlükə altında buraxıb, Şamaxıya generalın xidmətinə getmişdi. Mirzə Məhəmmədin 6 oğlundan altısı da atalarının yolu ilə gedərək, rus hərbi dairələrində xidmət etmişlər. Böyük oğlu Abbasqulu ağa Tiflisdə hərbi komandanlıq nəzdində tərcüməçi işləmişdir. Rus və hərbi şərq dillərini mükəmməl bilməsi, şərq tarixinə yaxından bələdliyi ona Qafqazın hərbi dairələrində böyük şöhrət qazandırmışdı. O bu xidmətində polkovnik dərəcəsinədək yüksələ bilmişdi. Abbasqulu ağanın anabir qardaşı Cəfərqulu ağa XIX əsrin ortalarında Qafqaz ordusunda döyüşən generallardan biri kimi tanınmışdı. 1867-ci ildə istefaya çıxaraq, Qubada atasından qalmış təsərrüfatı idarə etməklə məşğul olmuşdu. Cəfərqulu ağa 1826–1828-ci illər rus-İran müharibəsində göstərdiyi qəhrəmanlığa görə üçüncü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Sonrakı vuruşmalarda da həmişə fərqlənmiş, orden və medallara layiq görülmüşdü. Mirzə Məhəmmədin ikinci arvadından olan övladlarından Qədir ağa rus ordusunda kapitan, Mustafa ağa isə general-mayor rütbələrində xidmət etmişlər. Mirzə Məhəmmədin nəvələrindən də çoxu atalarının yolu ilə getmişdilər. Cəfərqulu ağanın hər iki oğlu Həsən ağa ilə Əhməd ağa ömürlərinin sonunadək rus ordusunda xidmət etmişlər.
Abbasqulu ağanın oğlu olmamışdır. İki qızından biri Nisa Bəyim Cəfərqulu ağanın oğlu Həsən ağaya, o biri qızı Tuğra xanım isə Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağaya ərə getmişlər. Firidun bəy Köçərlinin yazdığına görə Tuğra xanım şeir də yazmışdır. Hətta bu aşağıdakı iki misranı onun şeirlərindən nümunə kimi göstərmişdir:
Tuğra xanımam, aləm ara çünki əzizəm,
Abbasqulu ağa qızı, Zəhraya kənizəm.
Nisa Bəyimin əri – Cəfərqulu ağanın oğlu Həsən ağa Bakıxanov Qafqaz ordusundakı xidmətlərinə görə çoxlu orden və medallara layiq görülmüşdü. Cəfərqulu ağanın kiçik oğlu Əhməd ağa da orduda qvardiya-polkovniki rütbəsi ilə xidmət etmişdir. Onların Nurcahan xanım adında bir bacıları da olub.
Bakıxanovlar çox maarifpərvər olub, ölkənin mədəni həyatı ilə həmişə maraqlanmışlar. Mirzə Məhəmməd xanın ən kiçik oğlu general-mayor Abdulla ağanın "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabi ilə olan məktublaşması buna sübutdur. Abdulla ağa və habelə onun qardaşı oğlu Əhməd ağa "Əkinçi" qəzetinin nəşrə başlamasına nəinki mənəvi, eyni zamanda maddi kömək də göstərmişlər. Ən çətin və ağır günlərdə onlar Həsən bəyin köməyinə çatmış, onu ruhlandırmağa çalışmışlar. Abdulla ağa Qubadan Həsən bəyə göndərdiyi 1875-ci il 19 iyun tarixli məktubunda yazırdı: "…Sizə başladığınız bu işdə müvəffəqiyyətlər diləyirəm. Doğrudur, ilk əvvəllər bəzi uğursuzluqlar olacaqdır. Bundan ötrü ruhdan düşməməli, həmişə olduğu kimi bu xeyirli işi davam etdirməlisiniz".
Abdulla ağa "Əkinçi" qəzetinin çapına icazə alınmasında yerli hakimiyyət orqanları vasitəsilə əlindən gələni etmişdi.
Bakıxanovlar böyük nəsil olmuşdur. Onların qol-budaqları bu gün də mövcuddur. Bakı kəndlərindən bir çoxunda Bakıxanovlar sülaləsinin nümayəndələrinə rast gəlmək mümkündür. Bakı şəhərində yaşayan Bakıxanovlar isə hazırda ölkəmizin mədəni həyatında böyük xidmətləri ilə tanınmış adamlardır.
BAKI RUSİYANIN TƏRKİBİNDƏ
Sisianovun öldürülməsini Dağıstan feodalları sanki çoxdan gözləyirdilər. Yaranmış şəraitdən istifadə edərək, Qazıkumux və Avar xanları Azərbaycanın içərilərinə soxuldular. Surxay xan Kür sahillərinədək gəlib çıxdı. Lakin daha irəli gedə bilmədi. Rus qoşunlarının arxadan özlərini yetirə biləcəklərini düşünüb, geri dönməyə məcbur oldu. Başqa xanlar isə ehtiyat edib, Surxay xana qoşulmadılar. Onlar Şimali Qafqazdan çar qoşunlarının gec-tez yürüşə başlayacaqlarını bilirdilər.
Baharın axırlarında İran şahı da Azərbaycana qoşun yeritdi. Qoşun Arazı adlayıb birbaşa Qarabağ üzərinə hücuma keçdi. Bu vaxt Şuşa qalasında cəmi bir qarnizon rus əsgəri vardı. İbrahim xan (öz atlıları daxil olmaqla) belə bir qüvvə ilə İran qoşunlarının qarşısında dura bilməyəcəyini hiss eləyirdi. Tezliklə taxıl biçini də başlayacaqdı. Barlı-bərəkətli zəmilər İran atlılarının tapdağı altında qalmasın deyə, İbrahim xan tədbir görməyə başladı. Bu barədə Şuşa qarnizonu komandiri mayor Lisaneviçlə məsləhətləşdi:
– Deyirəm ki, İranlılar nə qədər ki, Şuşaya yaxınlaşmayıblar, bir tədbir görək.
Lisaneviç soyuqqanlıqla deyir:
– Qorunmaqdan başqa nə tədbir görə bilərik?
– Bəlkə onları qabaqlayıb, bəxşiş və ənam göndərək, yarı yoldan qaytaraq. Yoxsa, bütün zəmilər düşmən atlarının tapdağı olacaq.
–Heç bir şey lazım deyil. Bizim qoşunlar tezliklə özlərini çatdıracaqlar – deyə Lisaneviç yenə eyni soyuqqanlıqla cavab verir.
Mayorun sözləri İbrahim xanı təmin etmir. Çünki qoşundan – köməyə gələcək rus soldatlarından hələ heç bir səs-səmir yox idi. İranlılar isə artıq qalaya yaxınlaşırdılar. Vəziyyəti belə gördükdə İbrahim xan öz ailəsi və yaxın adamları ilə qala yaxınlığında olan Xan bağına köçür. İbrahim xanın düşmənləri bundan istifadə edərək, xanın xəyanət yoluna düşdüyünü Lisaneviçə xəbər verirlər. Bu fitnəyə uyan mayor gecə bir dəstə əsgərlə İbrahim xanın yaşadığı yerə basqın edir və xanı ailəsi, yaxın adamları ilə birlikdə öldürtdürür.
Bu xəbərdən ətraf xanlar bərk qəzəblənirlər. Hətta Şəki xanı yanındakı çar qarnizonunun əsgərlərini xanlıqdan qovur.
Yayın axırlarında Əsgəran qalası yanında çar qoşunları İranlıları geri oturdurlar. İran qoşunları geri çəkilərkən Qarabağdan, xüsusilə Şirvandan çoxlu əsir tutub aparırlar.
1806-cı ilin iyununda çar qoşunları General Qlazenapın başçılığı altında Şimali Qafqazdan çıxaraq Xəzər sahili ilə cənuba hərəkət etməyə başlayırlar. Bu qoşunun tərkibinə 1400 nəfər piyada, bir bu qədər süvari və 9 top daxil idi. İyunun 22-də Dərbənd müqavimətsiz təslim olur.
Dərbənddə ikən Qlazenapı general Bulqakov əvəz edir. Çar qoşunu general Bulqakovun komandanlığı altında Dərbənddən Qubaya yola düşür. Quba xanlığı təslim olur. Şıxəli xan qaçır. Sonra Bulqakov Bakıya tərəf hərəkət edir. Avqustun təndir kimi şölə çəkən istisində yerimək çox çətin olur. Buna görə tez-tez düşərgə salıb, dincəlməyə məcbur olurlar. Axırıncı düşərgə dəniz sahilindən azca uzaqda, Beşbarmaq dağının ətəyində idi. Bulqakov şəhərə çatmamışdan qabaq buradan Bakı əhlinə bəyannamə ilə müraciət edir. Bəyannamədə göstərilirdi ki, əgər Bakı öz xoşu ilə təslim olarsa, heç kəsə zərər toxunmayacaq. Hüseynqulu xan ən yaxın adamı Kazım bəyin başçılığı altında Beşbarmağa Bulqakovun yanına elçi göndərir. Elçilər Bulqakovun qabağına duz-çörəklə çıxır və bildirirlər ki, Bakı şəhəri təslim olmağa hazırdır.
Hüseynqulu xan çar qoşununun bu dəfəki səfərindən bərk qorxuya düşmüşdü. Güman edirdi ki, Sisianovun öldürülməsi üçün ondan dəhşətli intiqam alınacaqdır. Bulqakov elçilərlə xəbər göndərir ki, şəhər öz xoşu ilə təslim olarsa, heç kəsə toxunmayacaqdır. Hətta bu sözlərini möhkəmlətmək məqsədilə, öz oğlunu da elçilərlə birlikdə Bakıya göndərir.
Lakin şəhər əhli böyük həyəcan içində idi. İnanmırdılar ki, rus qoşunları Sisianovun öldürülməsini onlara elə-belə bağışlayacaqlar. Buna görə çoxu şəhəri tərk edir, yaxındakı təpələrin arxasında gizlənirdi. Bulqakovun oğlu şəhərə yaxınlaşanda belə bir mənzərənin şahidi olur: şəhər darvazalarından çıxan adamlar köçlü-külfətli şimal-qərb tərəfdəki dağlara çəkilirdilər. Gənc Bulqakovun onları sakitləşdirmək və geri döndərmək cəhdləri boşa çıxır. Hüseynqulu xan da qoşun hələ yaxınlaşmamışdan böyük bir köçlə – səkkiz arvadı, beş oğlu, 17 qızı ilə birlikdə gizlincə, dolanbac yolla Qubaya qaçır.
Qoşunun şəhərə daxil olması ilə yaranmış dincliyi görən şəhər əhli təpələrdən enməyə, ev-eşiklərinə qayıtmağa başlayırlar.
Beləliklə, 1806-cı il sentyabr ayının 3-də Bakı tamamilə işğal olunur.
Bulqakov bir neçə müddət Bakı xanlarının qala darvazası yaxınlığındakı evlərində yaşayır.
Bulqakovun yürüşü ərəfəsində başlamış bərk istilərlə əlaqədar bulaqların suyu azalmışdı. O biri tərəfdən bu bulaqların gözləri çoxdan arıdılmadığından axıdılan su şəhəri təmin etmirdi. Əhali bu sarıdan çox əziyyət çəkirdi. Qazılmış quyuların suyu isə dəniz suyu kimi şor və acı idi. Ordunu su ilə təmin etmək getdikcə çətinləşirdi. Əsgərlərin vəziyyəti də ağır idi. Şəhərdə əlverişli binalar olmadığından ordu dəniz sahilində düşərgə salmışdı. Şəhərin sahil divarından şərqə tərəf uzanan sahil boyu əsgər çadırları sıralanmışdı. Dənizin sərinliyi əsgərləri istidən qorusa da, su və hətta yanacaq cəhətdən korluq çəkirdilər. Xörək bişirmək üçün sahildən neçə verst uzaqda olan çöllərdən çırpı toplamaq lazım gəlirdi. İsti və susuzluq nəticəsində əsgərlər arasında xəstəlik yayılmışdı. Bundan qorxuya düşən Bulqakov şəhərdə bir qarnizon saxlayır, özü isə qoşun hissəsi ilə Qubaya yola düşür.
Bakı xanı Mirzə Məhəmməd xan Qubanın və Bakının alınmasında ruslara həmişə kömək etmişdi. Onun bu xidməti qarşısında çar hökuməti Qubanın və Bakının idarə edilməsini ona tapşırmışdı. Oğlu Abbasqulu ağa özünün "Gülüstani-İrəm" kitabında atasının xanlıq fəaliyyətindən çox az yazmışdı. Mirzə Məhəmməd xan özünün sadəliyi və ürəkaçıqlığı üzündən hakimiyyət uğrunda gedən vuruşmalarda həmişə məğlub olmuşdur. Qanuni xanlıq hüququnu onun əlindən almış olan Məhəmməd Qulu və Hüseynqulu xana qarşı mübarizədə acizlik göstərmişdir.
BAKI KOMENDANTLIQ DÖVRÜNDƏ
Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra xanlıqların əvəzinə əyalət və dairələr təşkil olundu və bu əyalətlərdə çarizmin hərbi-inzibati sistemi yaradıldı. Bu sistem komendant və idarə sistemi adlanırdı. Azərbaycanda altı əyalət: Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, bunlardan başqa Qazax və Şəmşəddin distansiyaları təşkil olunmuşdu. Hər əyalətin başında komendant dururdu. Komendantlar Qafqazın baş komandanı tərəfindən etibarlı zabitlərdən təyin olunurdu. Komendant əyalətdə külli-ixtiyar sahibi idi. Onlar vəzifələrə məmurlar təyin edir, bəylərə torpaq sahəsi ayırır, lazım bildikləri zaman torpağı geri alır, vergilərin toplanması barədə sərəncamlar verirdi. Bakı komendantı neft və duz yataqlarını, balıq ovunu və s. iltizama (icarəyə) vermək hüququna da malik idi. Əyalətlər də öz növbəsində mahallara bölünür və onların başında naiblər dururdu. Komendantlar naibliyə çarizmə sadiq olan adamları təyin edirdilər. Kəndlərə kəndxudalar və yüzbaşılar cavabdeh idilər. Kəndxudalar öz yanlarında yasavul və onbaşılar saxlayırdılar. Vergi və mülkiyyətləri bölmək, onları vaxtlı-vaxtında yığmaq naiblərin vəzifəsi idi. Lakin adları çəkilən bu adamlar dövlətdən maaş almırdılar. Onlar toplanan vergilərdən ya müəyyən edilmiş miqdarda özlərinə pay götürür, ya da xidmətləri müqabilində komendantlar onlara torpaq və kəndli bağışlayırdılar.
1812-ci ildə Bakıda şəhər məhkəməsi (divan) yaradılır. Məhkəmənin sədri şəhərin komendantı idi. Məhkəmənin üzvlüyünə məmurlardan iki nəfər, şəhər əhlindən və bəylərdən də iki nəfər seçilirdi. Bəylərin, eləcə də əhalinin içindən məhkəməyə seçilənlər bir il işləyirdilər. Məhkəmənin iclaslarına bir nəfər molla da dəvət olunurdu. Ən ağır cinayətlərə hərbi orqanlardan təşkil edilmiş məhkəmə baxırdı. Bu zaman komendantın məhkəmədə iştirak etməyə ixtiyarı yox idi.
Hər əyalətdə ruhanilərin başında baş qazı dururdu. Qazıda mahal naibi kimi maaş əvəzinə 20 rəncbər mükafat alırdı. Baş qazı kəbin-talaq, vərəsəlik və s. bu kimi ailə məsələlərinə aid işlərlə məşğul olurdu. Ruhani məhkəmələri xalq içərisində böyük hörmət qazanmışdı. Bu ona görə idi ki, çar məmurları ən ağır və dolaşıq işləri ruhani məhkəməsinin ixtiyarına buraxırdılar.
Komendant sistemi dövründə də bəylər və keçmiş xanların adamları torpağı idarə etməkdə davam edirdilər. Xanlıqlar dövründə torpaqlar üç kateqoriyaya bölünürdü: xam torpaqlar, icma torpaqları və məskun torpaqlar. Keçmiş xanların külli miqdarda torpaqları çarizm xəzinəsinin ixtiyarına keçmişdi. Torpaqların böyük bir hissəsi isə feodalların əlində idi. Bunlar mülk, xalisə və tiyul torpaqdardan ibarət idi. Tiyul torpaqlar vaxtı ilə xanlar tərəfindən bəylərə ömürlük verilmişdi. Hətta bu torpaqlar nəsildən-nəslə keçirdi. Lakin tiyul sahibi onu başqasına satmaq hüququna malik deyildi. Lap əvvəllər tiyul torpaqlar Soyurqal adlanırdı. 18-ci əsrdə isə bu termin daha işlənmirdi. Torpağa yiyələnmənin başqa bir forması isə mülk idi. Tiyuldan fərqli olaraq, mülki satmaq və başqasına vermək də olardı. Bu, şəxsi mülkiyyətin daha mükəmməl forması idi. Mülk müxtəlif şəkildə olurdu. Onun bir forması "Xalisə" mülk idi. Xalisə mülklər vergilərdən azad olunurdu. Xam torpaqlar otlaq yerlərindən və meşələrdən ibarət idi. Bu torpaqlar ancaq xana məxsus idi. Xan bu torpaqları xüsusi şəxslərə müvəqqəti və ya da daimi istifadə üçün verirdi. İcma torpaqları isə kəndlilərin əlində idi. İcma bir ərazidə yaşayan kəndliləri birləşdirirdi. Bu sistem hələ xanlıq dövründə də vardı. Onlar feodal asılılığında olub, xan, komendantlıq dövründə isə bəylər tərəfindən təyin edilmiş kəndxudalar tərəfindən idarə olunurdu. Bəylər torpaqdan istifadə üçün kəndlilərdən vergi alırdı. Bunlardan başqa Vəqf torpaqlar da vardı. Belə torpaqlar, adətən, məscidlərə və sairə dini müəssisələrə aiddi. Vəqf torpaqların sahibləri hər cür imtiyazlardan istifadə edir və dövlət xəzinəsinə vergi verməkdən həmişəlik azad olunurdular. Məsələn, Bibiheybət məqbərəsi kimi… Kəndlilər iki cürdü: rəiyyət – torpağı olub bəydən asılı olan kəndlilər və ikincisi, torpaqdan və başqa kənd təsərrüfatı alətlərindən məhrum olan, ancaq günəmuzd işləyən rəncbərlər idi. Maaflar adlanan bir qrup adamlar da vardı ki, vergilərdən azad olsalar da xan və bəylərə hərbi xidmət etməyə borclu idilər. Xan tələb etdiyi zaman onun qoşunu sırasında vuruşmağa gəlməli idilər.
40-cı illərdə rus çarizmi bütün torpaqların xəzinənin hesabına keçirilməsi barədə tədbir hazırlamağa başlayır. Onlar deyirdilər ki, xanlıqlar dövründə bütün torpaqlar ayrı-ayrı adamların deyil, xanın əlində idi. Madam ki, xanlar yoxdur, demək, bütün torpaqlar xəzinəyə keçməlidir. Çar məmurları öz fikirlərini bununla əsaslandırdılar ki, Quran torpağa şəxsi mülkiyyəti inkar edir. Guya bütün torpaqlar Allahındır. Bu məqsədlə 1841-ci ildə imperatorun fərmanı çıxır. Bu fərmana görə bəylər kəndləri idarə etmək hüququndan məhrum edilirdilər. Bəylərə kəndlilərdən aldıqları vergi və töycü əvəzinə dövlət tərəfindən ömürlük pul mükafatı təyin olunurdu. Lakin bu vəziyyət çox davam etmir. İri torpaq sahibləri və məmurlar canişin Vorontsov qarşısında məsələ qaldırırlar ki, rus hökuməti ilə xidmətləri əvəzində onlara imtiyazlar verilsin. Rus hakimiyyəti özü də hiss edirdi ki, kəndliləri idarə etmək üçün yerli varlı siniflərə böyük ehtiyacı vardır. Kəndlilər rus idarə sisteminə pis baxırdılar. Onları daim tabelikdə saxlamaq üçün möhkəm bir arxa lazımdı. Məhz buna görə çarizm bəylərə güzəştə getməyə məcbur oldu. Rusiyada torpaq və kəndlilər mülkədarlar tərəfindən idarə olunduğu kimi çarizm Azərbaycanda da yerli əhali içərisində etibarlı bir arxaya dayanmalı idi.
1846-cı il dekabrın 6-da imperator xüsusi bir fərman verir. Bu fərman əsasında mülkədar və bəylərin ixtiyarında olan və əcdadları tərəfindən istifadə edilmiş bütün torpaqlar kəndlilərlə birlikdə daimi olaraq onların sərəncamına verilirdi. Bir sözlə, Rusiyada təhkimçilik hüququnun ləğv edilməsindən 14 il qabaq Azərbaycanda təhkimçilik qayda-qanunu yaradılır.
Bütün torpaqların feodal və bəylərin ixtiyarına keçirilməsi Azərbaycanda və o cümlədən Bakı kəndliləri içərisində böyük narazılıq və təşvişə səbəb oldu. Bu narazılıq az qala qiyama çevriləcəkdi. Qorxuya düşən çarizm guya kəndlilərin də vəziyyətini yaxşılaşdırmaq üçün 1847-ci ilin 20 aprelində təzə bir qərar qəbul etdi. Bu qərara əsasən torpaq sahibi 15 yaşına çatmış hər bir kəndli üçün 5 desyatindən az olmayaraq torpaq ayırmalı idi. Bunun əvəzində isə kəndlilər torpaqdan götürəcəkləri məhsulun onda bir hissəsini sahibkar üçün ayırmalı idi. Sonralar, yəni 1870-ci ildə verilmiş təzə fərmana əsasən kəndlilərin xüsusi mükəlləfiyyətlərinin ölçüsü xeyli azaldılır. Əslində isə bu tədbirlərin heç biri kəndliləri dilənçi vəziyyətindən çıxara bilmir. Müəyyən edilmiş qaydaya əsasən kəndlilər mülkədardan hökumət vasitəsilə torpaq ala bilməzdilər. Səbəb onu göstərirdilər ki, guya kəndlilərin əksəriyyəti köçəri həyat keçirdiklərinə görə torpaq pulunu vaxtında verə bilməzlər. Halbuki Rusiyada və habelə Gürcüstanda kəndlilər üçün belə məhdudluq qoyulmurdu.
Çar hökuməti Qafqazda komendant sistemini hərbi-xalq sistemi adlandırırdı. Əslində isə bu hərbi-inzibati bir sistem idi. Əyalətlərdə xalqın divan bəyləri, naiblər, kəndxudalar tərəfindən talan edilməsi və məhkumiyyət altında saxlanmaları üçün komendantlar hər cür şərait yaradırdılar. Çinovniklərin özbaşınalığı və bürokratizm həddini aşmışdı. Çar komendantların vəzifə və hüquqları barədə heç bir rəsmi təlimat verməmişdi. Yalnız 1828-ci ilin iyun ayında Tiflis qubernatoru komendantların ixtiyaratı barədə Şəki və Qarabağ xanlıqlarına göndərdiyi gizli təlimatda komendantların vəzifələrindən danışarkən göstərirdi ki, komendant idarəsinin birinci vəzifəsi təsərrüfat, məhkəmə, polis və xəfiyyə işləri ilə məşğul olmaqdır. Komendant xəzinənin gəlirini artırmaq üçün əlverişli vasitələr axtarmalı idi. Bu məsələyə çar hökuməti xüsusilə böyük əhəmiyyət verirdi. Xanlıqlar Rusiyanın tərkibinə daxil olduqca çar xəzinəsinin gəliri və xüsusi mülkiyyəti daha da artırdı. Rusiyanın əleyhinə çıxan bəy və xanların da torpaqları müsadirə edilərək, xəzinənin hesabına keçirilirdi. Təbii sərvətlərin istismarı üzərində komendant nəzarəti getdikcə artırdı. Bakıda və Şirvanda neft quyuları və duz yataqları ya komendantların özləri tərəfindən, ya da icarədarlar tərəfindən istismar olunurdu. Komendantlar Xəzər və Kür sahilindəki balıq vətəgələrini müvafiq məbləğə icarəyə verirdilər.
Torpaqların və kəndlilərin çarizmə rəğbət bəsləyən və rus çinovniklərinə yarınan feodallara verilməsi nəinki komendantlar tərəfindən, hətta rütbəli çar məmurları tərəfindən də həyata keçirilirdi. Xan və bəylər tərəfindən çarizmə qarşı düşmənçilik hiss edildikdə torpaqları dərhal xəzinənin xeyrinə müsadirə edilirdi. Yerli əhalinin və o cümlədən bəy və feodalların çarizmə sədaqətini yoxlamaq və müntəzəm izləmək üçün komendantlar xəfiyyə işləri ilə də məşğul olurdular. Xüsusi çuğullar vasitəsilə əhalinin əhval-ruhiyyəsini öyrənməyə çalışırdılar.
Komendant idarəsinin özünün xüsusi ştatı vardı. Məsələn, 1824-cü ildə Bakı əyalət komendantlığı üçün aşağıdakı vəzifələr təsdiq edilmişdi: komendant, onun müavini, hərbi zabitlər, polismeyster və onun yerli əhalidən olan müavini, mülki çinovniklərdən bir nəfər katib, tərcüməçi, mirzə, atlı və piyada yasavullar.
Polis məmurları bəzən heç bir səbəb və əsas olmadan yerli əhalini sıxışdırır, onlardan öz xeyirlərinə olaraq qeyri-qanuni cərimələr alır, adamlara fiziki cəza verirdilər. Mütləqiyyətin müstəmləkəçilik siyasəti dərinləşdikcə, komendant (və bəylərin zülmü artdıqca əhali içərisində narazılıq çoxalırdı. 30-cu illərdə Bakıda və başqa şəhərlərdə müstəmləkəçiliyə qarşı kəndli çıxışları xeyli artmışdı. Çar siyasətinə qarşı ən böyük üsyan 1837-ci ildə Qubada olmuşdu. Burada kəndlilər yerli çar məmurlarına qarşı açıq üsyana qalxmışdılar.
Komendant sistemi özünü bütün Qafqazda biabır etmişdi. Hətta yüksək rütbəli çar məmurları özləri etiraf edirdilər ki, bu sistem özünü doğrultmur. Azərbaycanın iqtisadi tərəfdən mənimsənilməsi təşəbbüsləri heç bir nəticə vermirdi. Çünki bu təşəbbüslərin həyata keçirilməsinə tamahkar komendantlar açıqdan-açığa mane olurdular. Bu baxımdan komendant sistemi iqtisadi cəhətdən ümumiyyətlə çarizm üçün əlverişli deyildi, çünki gəlirin çox hissəsi xəzinəyə daxil olmaq əvəzinə komendant, hərbi xidmətçilər və iri torpaq sahibləri tərəfindən mənimsənilirdi. Rüşvətxorluq həddini aşmışdı.
1840-cı ilin 10 aprelində I Nikolayın təsdiqi ilə yeni bir reforma verildi. Bu reforma əsasında Zaqafqaziya ölkəsini idarə etmək üçün komendant sisteminin əvəzinə "Zaqafqaziya ölkəsinin işlərinə baxan idarə" yaradıldı. Reforma 1841-ci il yanvarın 1-dən həyata keçirilməyə başladı. Yeni reforma əsasında Zaqafqaziya iki hissəyə ayrıldı: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti. Xəzər vilayətinə 7 qəza daxil olurdu: Şuşa, Nuxa, Lənkəran, Bakı, Şamaxı, Dərbənd və Quba. Gürcüstan-İmeretiya quberniyasının mərkəzi Tiflis, Xəzər vilayətinin mərkəzi isə Şamaxı şəhəri təsdiq edildi. Quba və Dərbənd qəzaları çarizmə qarşı vuruşan Dağıstanla həmsərhəd olduqları üçün ayrıca bir okruqda birləşmişdilər.
Dağlılarla müharibəni tez qurtarmaq və Zaqafqaziyada rus hakimiyyətini daha da möhkəmlətmək məqsədilə çar hökuməti Qafqazda rus inzibati idarəsini təkmilləşdirməyi qərara aldı. Qafqazda olan baş rəislik vəzifəsini ləğv edib, əvəzində 1844-cü ildə Qafqaz canişinliyi təsis etdi.
Qafqazda ilk canişin 63 yaşlı qraf M. S. Vorontsov oldu. O, I Nikolayın etimadını qazanmış sərkərdələrdəndi. Qafqazda bütün mülki və hərbi hakimiyyət onun əlində toplanmışdı. Canişin bilavasitə olaraq, çara tabe idi. Mərkəzi nazirliklərdən heç birinin onun işlərinə qarışmağa ixtiyarı yoxdu. Bütün məsələlər üzrə birbaşa çarın özünə müraciət edirdi.
Mülki və hərbi hakimiyyət sahəsində Vorontsovun böyük təcrübəsi vardı. O düz 40 il Sisianovun əlinin altında işləmişdi.
1845-ci ilin 25 martından Vorontsov öz vəzifəsinə başlayır. Etiraf etmək lazımdır ki, onun canişinliyi dövründə ölkədə mədəniyyətin inkişafı üçün əlverişli bir şərait yaradılmışdı. İmperiyanın ali məktəblərinə daxil olmaq üçün yerli əhalidən ötrü məktəblər məhz bu dövrdə təşkil olundu. Tiflisdə böyük kütləvi kitabxana açıldı, məktəblər yaradıldı. "Qafqaz" qəzeti və "Qafqaz kalendarı" çap olunmağa başladı. 1846-cı ildən çap olunmağa başlayan "Qafqaz" qəzetinin ilk redaktoru Konstantinov idi. Bunlardan əlavə Tiflisdə gözəl teatr binası tikildi. Araratın zirvəsinə çıxış da məhz bu illərdə olmuşdu. Xəzər dənizi ilə Qara dənizin səviyyələri, arasındakı fərq də Vorontsovun təşəbbüsü ilə hesablanmışdı. Romanovlar nəslindən şahzadə Aleksandr Nikolayeviç Qafqaza ilk dəfə məhz Vorontsovun canişinliyi zamanında gəlmişdi.
1846-cı ilin 14 dekabrında Vorontsovun əmrinə əsasən bütün Zaqafqaziya ölkəsi 4 quberniyaya bölündü: Tiflis, Qutayisi, Şamaxı və Dərbənd quberniyaları. Lakin bu bölgü heç bir prinsipə əsaslanmamışdı. Azərbaycan, Gürcüstan və Ermənistan torpaqlarını müvafiq quberniyalarda birləşdirmək əvəzinə onları daha da parçalamışdılar. Məsələn, Azərbaycan ərazisinin bəzi hissələri Tiflis, Yerevan və Dərbənd quberniyaları tərkibinə daxil edilmişdi.
1840-cı il reformasından sonra bütün idarələrdə işlər rus dilində aparılmağa başladı. Əvvəllər yerli əhalidən olan çinovniklər rus məmurları ilə əvəz olundu. Vergilər artdı.
Knyaz Vorontsovun dövründə də torpaqlar və kəndlər keçmiş xanların yaxın adamları tərəfindən idarə olunurdu. Böyük torpaq sahibləri olan bəylər bir qayda olaraq, şəhərdə yaşayırdılar. Kəndlərdə isə təsərrüfatı idarə edən darğalar və kəndxudalardı. Kəndli şəhərdə yaşayan bəyin ehtiyac duyduğu hər şeyi araba ilə və ya ulaq belində şəhərə daşıyırdı. Bəyin payını verəndən sonra yerdə qalan məhsulunu isə bazarda satırdı.
Bu illərdə İçərişəhərdəki bazar Şərq bazarlarından heç də geri qalmırdı. Bazar Cümə məscidinin yanından başlayaraq, Qız qalasınadək uzanırdı. Bu bazarın üstü örtülü olduğu üçün örtülü bazar adlanırdı. Örtülü bazarın bir qolu qoşa karvansaranın yanından Çuxur karvansarasına tərəf gedirdi. Varlı tacirlərin dükanları əsasən örtülü bazarda idi. Qız qalasının yanından başlayan ikinci bazar isə şimal qala qapısınadək uzanırdı. Burada taxtadan düzəldilmiş dükanlar yerin darısqallığından göbələk kimi sanki bir-birinin böyründə bitmişdilər. Bəziləri isə mallarını küçənin ortasında yerə sərərək, satırdı. Bu bazarlarda can dərmanı desən tapılardı. Adi paslı mıxdan tutmuş bahalı zər-baftayadək hər şey vardı. Aleksandr Düma Bakıda olarkən bu bazarda gəzmiş və bu barədə qeydlərini çap etdirmişdi. Düma Bakı bazarının təsvirini belə verir: "Burada hər bir şey bir-birinə qarışıb: bir yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içində sürünən uşaqlar, başqa bir tərəfdə isə mis qabda dəmlənən, buğlanan xörəklərin ətri ətrafa yayılır.
Bəli, Şərq belədir. Ətirli yeməklər, daş-qaş, çirkab, toz-torpaq hamısı bir-birinin yanında.
Biz bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən. İran bəzəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran balışları, gürcü tikmələri. Tiflis baftaları, nə bilim daha nələr. Hər şey adama "gəl, gəl" deyirdi. Hər şey adamı valeh edirdi. Dayanıb hər şeyə baxmaq istəyirsən".
Bakı bazarından Dümanın gözləri qamaşmışdı. Burada satılan ləl-cavahir, əlvan ipək parçalar və məxmərlər, şöhrəti dünyaya yayılmış Qarabağ və Şirvan xalıları, dəstəyi qızıl suyuna və gümüşə tutulmuş xəncərlər, o biri tərəfdən müştəri səsləyən satıcıların çığırtıları, minarədən müəzzinin günorta duasına çağıran qüssəli avazı bir-birinə qarışıb Dümanın xəyalında "Min bir gecə" əfsanələri kimi əlvan xəyallar doğurmuşdu. Bakı bazarında gözəlliklə çirkinlik doğrudan da bir yerdə idi. Belə bir yerdə satılan ən zərif incəsənət əsərləri fransız yazıçısını valeh etmişdi.
"Bizə "Min bir gecə" nağıllarında təsvir olunan piyalələr göstərdilər. Mən hələ qadınlar üçün baş örtüklərini, yalnız cənnət gözəllərinin – hurilərin taxa biləcəyi bel kəmərlərini demirəm. Bütün bunlar sadə alətlərlə – çəkic, biz və qayçı ilə gözəl sənətkarlar tərəfindən düzəldilmişdi. Əlbəttə, bu incəsənət nümunələrini Janize və Lemenyenin sexlərində hazırlanan məmulatla müqayisə etmək olmaz. Bununla belə burada gördüklərim nə qədər təzə və təkrarolunmazdır".
1884-cü ildə Bakıda olarkən İçərişəhərin küçələrini gəzmiş Skalkovski də şəhərin bazarlarında eyni mənzərəni görmüşdü. O, 1885-ci ildə Sankt-Peterburqda çap edilmiş "Yol qeydləri"ndə yazırdı: "Bakı bir neçə məhəllədən başqa tipik Şərq şəhəridir. O mənə Misirin ərəb məhəllələrini xatırlatdı. Bazarları da Şərq bazarları kimidir. Hədsiz-hesabsız xırda dükanlarda nəinki mal satılır, habelə müxtəlif dəmir, mis, dəri və şirniyyat məmulatı da hazırlanır. Bütün mallar göz qabağında, toz-torpaq içindədir. Dükanlar o qədər darısqaldır ki, bardaş qurub oturmuş tacir dükanın bütün sahəsini tutur. Bir sözlə, alver dükanın içində deyil, bayırda, qapının ağzında gedir".
Günorta namazının vaxtı çatdıqda, müəzzinin minarədən səsi eşidilən kimi dükanların çoxu bağlanır, bəziləri də satdıqları malları yerli-yerində qoyub şəhərin böyük məscidi hesab edilən Cümə məscidinə namaza gedirdilər.
O dövrdə bu kiçik şəhərdə 23-dən çox məscid vardı. Bunların içərisində ən məşhurları bunlardı: Cümə məscidi, Şah məscidi (bu Şirvanşahlar sarayının məscidi idi), Sınıq qala məscidi, Giley məscidi, Qasımbəy məscidi. Bu məscidlərdən başqa demək olar ki, hər məhəllədə təkyələr vardı ki, onlarda mərsiyə oxunardı. Mollalar və seyidlər məscidlərdən toplanan vəsaitin hesabına dolanırdılar. Onların əksəriyyəti İrandan gəlmə idi. Mollalar məscidlərdən aldıqları puldan başqa ətrafda olan kiçik mədrəsələrdə uşaqlara dərs də deyirdilər. Şəhərdə yuxarı zümrədən sayılan bəylər komendantlıq yanında xüsusi hörmətdə idi. O zaman şəhərdə 25 bəy ailəsi yaşayırdı. Bunlardan çoxu keçmiş xanların yaxın adamları idi. Tiyul sahibi kimi ətraf kəndlərdə böyük torpaq sahibləri vardı. Şəhərdə yaşasalar da, əsas gəlirləri kəndlərdən idi.
Bu illərdə Bakıda olmuş alim və səyyahlar şəhərin nəinki iqtisadi və ictimai vəziyyəti ilə maraqlanmış, habelə əhalisi ilə də yaxından təmasda olaraq, onlarla ünsiyyət bağlayaraq, xasiyyət və təbiətlərini yaxından öyrənmişdilər. Hamı bir ağızdan bakılıların qonaqpərəst olduqlarını dönə-dönə qeyd etmişdilər.
V.L.Veliçko 1904-cü ildə S. Peterburqda çap edilmiş külliyyatının birinci cildində azərbaycanlıların həyat və xarakterinə aid geniş yer ayırmışdır. O yazırdı: "Azərbaycanlıların qanı, şübhəsiz ki, nəcib qandır. Onlar təbiətcə xeyirxah, cəsur, alicənab, ağıllı, əməyə, əxlaqi inkişafa müqtədir olublar.
Azərbaycanlıları tatar adlandırırlar, bu tamamilə səhvdir. …Əsas mənşəyi etibarilə azərbaycanlılar türkdürlər, qədim oğuzların, səlcuqların… qan qohumudurlar…".
Daha sonra V.L.Veliçko Zaqafqaziyada müsəlmanlara (azərbaycanlılara – Q. İ.) qarşı münasibətdən söhbət açaraq yazırdı: "Tatarlar (azərbaycanlılar – Q. İ.) ağıllı idarə olunan qüvvəni başa düşür və onu qiymətləndirirlər. Təriqətçilərin səyi nəticəsində rus adı tatarların yerləşdikləri yerlərda həmişə uca tutulmuşdur. Tatarlar indi Zaqafqaziyada yerləşmiş ruslarla başqa qonşulardan daha yaxşı yola gedirlər, hətta ruslarla bir dindən olan gürcülər də bəzən müsəlmanlara nisbətən ruslarla pis yola gedirlər. Bu məhz ona görədir ki, müsəlmanlar təbiətən və tarixən aldıqları dərslərin nəticəsində ruslara qarşı xeyirxah olmuşlar. Lakin bizim hakimiyyətimiz dövründə azərbaycanlıların bəxti gətirməmişdir. Hətta canişin knyaz Vorontsov öz şəxsi görüşləri baxımından təhkimçilik olmayan yerdə təhkimçilik hüququnu bərqərar etmək və tatar qəbilə dvoryanlığını irəli çəkməklə səhvə yol vermişdir. Savadlı müsəlmanlar hər cür fanatizmə yaddırlar. Bununla belə mətbuatda, xüsusilə erməni və Avropa mətbuatında müsəlmanlara qarşı lazımi ədalətli münasibət yoxdur. Heç bir əsas olmadan onlara çatdırırlar ki, guya ögeydirlər. Məsələn, onlar nə səbəbə öz vətənlərində bütün hüquqlar cəhətdən şübhəli və bəzən saxta yollarla gəlmiş xristianlarla, məsələn, siyasi və ictimai cəhətdən o qədər də etibarlı olmayan ermənilərlə bir gözdə tutulmasınlar. Nəyin xatirinə Qafqaz mətbuatında müsəlmanların ən müqəddəs etiqadlarına istehza etməyə icazə verilir, ermənilərin fitnəkarlığını ifşa etmək isə çətin olur? "Tiflisski listok"da təxminən aşağıdakı məzmunda belə bir məqalə dərc edilmişdi: "Yelizavetpol quberniyasının harasında isə rusların məskunlaşmasi üçün boş torpaqlar vardır. Əvvəllər bu torpaqda ermənilər yaşayırdılar. İndi isə müsəlmanlar onları sıxışdırıb, aradan çıxarmış və özləri yaşayırlar. Bu torpaqlara rus kəndlilərini köçürmək olar". Bu məqalə başdan ayağa cəfəngiyat idi. Çünki rus təbəəsi olan müsəlmanların yaşadıqları torpağı boş torpaq adlandırmaq olmaz. Açıq görünür ki, məqalə… müsəlmanlara nifrət doğurmaq məqsədilə yazılmışdı".