Kitabı oku: «Gələcəyə ön söz», sayfa 4
Azərbaycan sendviçlə dürmək arasında
Azərbaycanı Cənubdan və Şimaldan sendviç kimi əzirlər…
Səməd Seyidov (millət vəkili)
Bu siyasət davam etsə, onları iki yox, dörd tərəfdən sıxacaqlar.
Vəfa Quluzadə (politoloq)
Hər tərəfdən sıxılan sendviç olmur, bu, artıq dürmək olur.
Eldar Namazov (EL hərəkatının rəhbəri)
Azərbaycanın geosiyasi mövqeyi barədə bizlərdə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq. Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair və ilaxır. Təbii ki, bu iddialarda doğru məqamlar var, lakin gerçəklik budur ki, biz qonşu Gürcüstan qədər cazibədar geosiyasi imkanlara malik deyilik. Məsələn, bizim Avropaya və dünya dəniz sularına birbaşa çıxışımız yoxdur. Şimalda Rusiya, cənubda isə İran kimi tarixən bizi qapazaltı eləməyə fürsət axtaran qonşularımız var. Türkiyə ilə aramızda isə Moskvanın və Tehranın yəhərli atı kimi hər an minilməyə hazır olan Ermənistan dayanır. Yəni regionun xəritəsi tarixən elə cızılıb ki, biz Avropa ilə təmas üçün əlimizi mütləq hansısa ölkənin üzərindən uzatmalıyıq. Hələ nə yaxşı ki, Gürcüstan var.
Mövcud geosiyasi vəziyyətdə Azərbaycan necə xarici siyasət yeritməlidir ki, başı salamat qalsın? Bir çox politoloqların ironik yanaşmasına baxmayaraq mürəkkəb geopolitik şərait Azərbaycandan məhz balanslaşdırılmış, yəni tarazlaşdırılmış xarici siyasət yeridilməsini tələb edir. Əslində, tarazlaşdırılmış siyasət diplomatiyada kifayət qədər qəbul edilmiş və tez-tez istifadə olunan strategiyadır. Azərbaycan da çox mürəkkəb bölgədə yerləşir, imperiya yaddaşlı qonşularımızın və regionda marağı olan digər güclərin mənafeləri burada toqquşur. Ona görə Heydər Əliyevin zamanında Azərbaycanın balanslaşdırılmış siyasət adlandırılan strategiyası irəli sürülmüşdü ki, məsələn, hansısa nöqtədə Qərblə, Türkiyə ilə, İsraillə həssas olmaq lazımdır, yaxud başqa məsələlərdə Rusiya və İranla əməkdaşlıq etmək vacibdir. Yəni sistemi elə qurmaq ki, bu ölkələrin toqquşan, bir çox hallarda bir-birinə zidd olan maraqları ikitərəfli münasibətlərin pozulmasına gətirib çıxarmasın.
Azərbaycan neçə illərdir ki, məhz nefti və tarazlaşdırılmış siyasət yeritməsi sayəsində bəzi uğurlara nail olub. Lakin son iki ildə bu siyasətin ölkəmiz üçün təhlükə doğuran iri çatlar verməsi göz qabağındadır. Qərblə münasibətlərin sərtləşməsi, Rusiyadan əsən soyuq küləklər, İranın anlaşılmaz və kobud davranışları, Türkiyədən ara-sıra eşidilən incik notlar xeyli düşündürücüdür. Bu həftə xarici işlər naziri E.Məmmədyarovun İsrailə səfəri və orada Azərbaycanın Qərb dəyərlərinə sədaqəti, demokratiyaya can atması barədə bəyanatları ilə ölkəmizin baş administratoru R.Mehdiyevin İran səfərində «bədniyyətli» Qərbi yıxıb-sürüməsi arasında aşkar ziddiyyətlərin ortaya çıxmasını da bu təhlükə simptomları siyahısına yazmaq olar. Formal məntiqə görə, bu davranışlar balanslı siyasətə xidmət edir, amma siyasi gerçəklik başqa şeyləri diktə edir. Bəs nə baş verir? Bəlkə, dünya dəyişir, bəlkə, biz kral kimi lütlənirik, yoxsa balanslaşdırılmış siyasət öz sehrli gücünü itirir? Eyni zamanda bu suallara həm «hə», həm də «yox» demək olar, amma bütün hallarda problemin kökünü bu siyasətin «əmma» larında axtarmaq lazım gəlir. Nədən ibarətdir bu «əmma» lar?
Burada əsas problem odur ki, bu ölçülü-biçili siyasət diplomatiya üçün gərəkli olduğu qədər də mürəkkəb strategiyalardan biridir. Onun iki nəticəsi olur: ya hamıyla dost, ya hamıyla düşmən olursan, orta yol yoxdur. Bu mürəkkəb strategiyanın qüsursuz həyata keçirilməsi çox böyük bacarıq, həssaslıq, həm də güclü, peşəkar komanda olmasını tələb edir. Həmin komanda gərək beynəlxalq münasibətlər sistemini, diplomatiyanı o qədər dərindən bilsin (və izləsin) ki, qəliz xarici siyasət xəttini həyata keçirməyi bacarsın. Əlbəttə, ən asan strategiya hansısa bir güc mərkəzinin tərkibində olmaqdır. Məsələn, NATO-ya və Avropa Birliyinə, yaxud Rusiyanın yaratdığı Gömrük İttifaqına, Kollektiv Təhlükəsizlik Sazişinə üzv olmalısan. Belə qurumlara daxil olan ölkələr bir tərəfdən xarici siyasətlə bağlı o qədər də «baş sındırmırlar», ona görə ki təhlükəsizliklərinə əsas güc mərkəzi təminat verir. Bundan sonra mürəkkəb geosiyasi oyunlara diqqət ayırmağa ehtiyac qalmır. Ancaq balanslaşdırılmış siyasəti həyata keçirmək üçün 3-4 güc mərkəzi arasında elə manevrlər edib elə sistem qurmalısan ki, hər güc mərkəzi istədiyinin bir qismini səndən ala bilsin. Ala bilmədiyi hissə də o qədər həssas olmasın və bir-birini kompensasiya etsin. Bununla da ölkə, hətta maraqları toqquşan 3-4 güc mərkəzi arasında hamıyla normal münasibətlər qura bilir. Lakin lazımi bilik və bacarığa malik komanda olmayanda, həmçinin dünya gerçəklikləri nəzərə alınmayanda bu siyasətin formal davam etdirilməsi vəziyyəti mürəkkəbləşdirir, həmin ölkənin hakimiyyəti üçün ziyanlı nəticələr və təhlükələr ortaya çıxarır.
Azərbaycanın bəzi siyasətçilərinin və həvəskar politoloqlarının ölkəmizin dünya siyasətinə və regionda gedən proseslərə təsirini şişirdəndə mənim yadıma jurnalist dostumuz Azər Mürsəliyevin sözləri düşür. İndi Rusiyanın nüfuzlu «Kommersant» qəzetinin direktoru olan Azər hələ 20 il əvvəl bölgədə gedən siyasi çarpışmaları nəzərdə tutaraq deyirdi ki, Azərbaycan bilyard stolu altında gizlənmiş uşağa bənzəyir. Bu uşağın oyuna və onun nəticəsinə heç bir təsiri yoxdur, o yalnız stol üzərində zərbə ilə vurulan şarların vıyıltısını və hərəkət istiqamətini təxmin edə bilir. Bu 20 ildə geopolitika baxımından bölgədə demək olar ki, heç nə dəyişməyib, bilyard daşlarının da sayı artıb-əskilməyib. Sadəcə, indi həmin şarların hərəkəti xeyli sürətli olub və o səbəbdən də vıyıltısı daha gur eşidilir. Bizsə elə yenə öz yerimizdə, stolun altındayıq, amma bir az narahat və həyəcanlıyıq, çünki uşaq da olsaq, şarların getdiyi istiqaməti yaxşı duyuruq…
04.05.2013
Şuşa, Berlin… və bayram duyğuları
Qələbəni dadmaq, məğlubiyyəti anmaq və tarixi danmaq «zərurəti» haqqında
Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik bir kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı olub, biri Yaponiya cəbhəsində vuruşub, ikisi Berlinə kimi gedib-çıxıb. Onlardan biri – sağ qalanı, 93 yaşlı Ərşad kişi hazırda Şirvan şəhərində yaşayır və hər ilin 9 may günündə orden-medallarını taxıb camaatın gur olduğu yerlərdə şəstlə gəzir. Kişinin buna tam haqqı var, çünki Dnepr uğrunda vuruşub, Polşanın azad olunmasında iştirak edib, kəşfiyyat qrupunun başçısı olub, dəfələrlə yaralanıb. Müharibədən sonra isə Berlində paytaxt rayonlarından birinin hərbi komendantı olub. İlin-günün xoş vaxtına düşən Qələbə bayramı bütün bunlara, həm də bəşəriyyət üçün qorxu və avtoritarizm püskürən faşizmin yerlə-yeksan edilməsinə görə məndə həmişə xoş ovqat yaradıb. Ta 1992-ci ilin mayına – Şuşanın işğalına kimi.
* * *
Əlbəttə, Şuşanın işğalının bu günlə birbaşa əlaqəsi yoxdur, amma taleyin istehzasıdır ki, məhz Qələbə günü ərəfəsində məmləkətin incisinin düşmən əlinə keçməsi duyğu, düşüncə və hisslərimizin çərçivəsini daraldıb. Bu tarix sevinməyi, gülməyi, ürək açıqlığı ilə şənlənməyi bizlərə haram edib. Şuşanın süqutu mənim üçün dünyanın ən qara xəbəri idi.
Azərbaycan tarixi və mədəniyyəti üçün Şuşanın nə demək olduğunu xırdalamağa gərək yoxdur, üstəlik, itiriləndə onun hansı dəyər daşıdığını yenidən və ayıq başla dərk etməyi də bir yana qoyuram. Şuşa həm də talelər şəhəri idi. Mənim də uşaqlığım və yeniyetməliyim bu şəhərdə keçib, orta məktəbi burada oxumuşam. Özümü az-çox burada dərk etmişəm, yaddaşımda bənzərsiz insanlar qalıb. Cıdır düzünü, Qırxpilləkəni, Qızılqayanı, Daşaltını, Zarıslı meşələrini qarış-qarış gəzmişəm. Üzeyir Hacıbəylinin, Bülbülün, Xan qızı Natavanın ev muzeylərini kiçik eksponatlarına qədər yaddaşıma köçürmüşəm. Hər il istirahətə gələn onlarca məşhur şəxsi şəhərin Lenin parkında və İsa bulağında görmüşəm. Şuşanın yaddaşımda ilişib qalmış unudulmaz mənzərələri indinin özündə də tez-tez yuxularıma gəlir.
Mayın 8-də televiziyada «Xəbərlər» in gecə buraxılışını mən aparırdım, Şuşadan həyəcanlı və bir-birinə zidd xəbərlər gəlirdi. Məmləkətdə hamı nəfəs çəkmədən bu dolaşıq xəbərləri izləyirdi. Efirə çıxmağa hazırlaşırdım, situasiyanı aydınlaşdıracaq heç bir məlumat yox idi, teletayp susurdu, telefonlar dillənmirdi, zənglərimizə hay verən tapılmırdı. AzTV-nin gecə vaxtlarında sükuta qərq olmuş xəbər studiyasında və növbətçi otağında sözün əsl mənasında keşik çəkdiyim anlarda hər telefon zəngi mənə bir göy gurultusu, hər məlumat bir ildırım çaxması kimi gəlirdi. Gecəyə doğru belə bir məlumat yayıldı ki, Şuşa ermənilərdən təmizlənib və vəziyyətə Azərbaycan ordusu nəzarət edir. Bu barədə yazılı məlumatı nazirliyin baş qərargah rəisi Şahin Musayev təsdiqləyirdi, AzərTAc da xəbəri bizə göndərmişdi. Mən uşaq kimi sevinirdim, proqramı yüksək əhvali-ruhiyyə ilə apardım, yəqin ki, həmin gecə çox adam rahat yatdı. Sən demə, nazirliyin yaydığı xəbər yalanmış…
Doğru məlumat ertəsi gün – mayın 9-da yayıldı. Və şəhərin süqutu xəbəri məni tok kimi vurdu, bədənimə dolan cərəyan bütün vücudumu gizildətdi. O gün bütün dünya mənə qaranlıq və mənasız bir şey kimi görünürdü. Bax onda 9 May Qələbə gününə aid xoş duyğuların da içimdə gilə-gilə əridiyini hiss etdim. Həqiqi Vətən sevgisinin və Şuşanın nə demək olduğunu anlayan bütün soydaşlarım kimi mənim də içimin göynərtisi keçmir.
Heç bilmirəm indi insanlar belə duyğuları yaşayır ya yox? Çünki dəyərlərin gilə-gilə əridiyi, həyatın məzmununun itdiyi, mahiyyətinin dəyişdiyi bu günlərdə insanların əksəriyyəti bir qarın çörək üçün yaşayır, maddiyyat önə keçib, mənəvi dünyamız daralıb, hər şey ani instinktlərə tabe etdirilib. Cismani ehtiyacların ödənməsi uğrunda gedən mübarizə fonunda tapdalanan mənəviyyatın hayqırtısını batırmaq, prosesləri rahat və ağrısız yaşamaq, özümüzü ovutmaq üçün isə sən demə, bizə çal-çağır, bayağı şoular və mənasını anlamadığımız bayramlar gərək imiş. Bu bayramların əksəriyyəti gecənin qaranlığını bir anlığa bəzəkli şüaları ilə işıqlandıran fişənglər kimi duyğularımıza heç bir iz salmadan keçib-gedir. Biz özümüz də hiss etmədən həmin işıqların keçici parıltısının içimizdə yaratdığı ani duyğuların əsirinə çevrilirik.
* * *
Əlbəttə, adına bayram deyilən istənilən kütləvi tədbirin mütləq bir ideologiyası olmalıdır. Məsələn, Azərbaycan Cümhuriyyəti dövründə maraqlı bir Bayraq bayramı təsis olunmuşdu. Həmin gün məktəblilər, Bakının mərkəzi küçələrini gəzir, əllərindəki kiçik üçrəngli bayrağı qarşılarına çıxanlara hədiyyə edirdilər. Cümhuriyyəti yaradanlar bu rəmzi bayraqlar vasitəsilə ürəklərə istiqlal damcıları çiləyirdilər. Bu bayram xalqın can atdığı azadlığın rəmzi, hər kəsi qürurlandıran müstəqilliyin zərif nişanəsi idi. Yəni fikir, məna və ideologiya istənilən bayramın ruhu sayılır. Ruhsuz adam canlı müqəvvadan başqa bir şey olmadığı kimi, düşünülmüş aydın ideologiyası, parlaq məzmunu olmayan bayramlar da həmin müqəvvaların görünməsi üçün adi vitrindən başqa bir şey deyildir.
11.05.2013
M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı
Biz Cümhuriyyət banisini tanıyırıqmı?
Xalq hərəkatının başladığı ilk illərdə də çoxları haqlı olaraq onu Azərbaycanın azadlığı və istiqlalının rəmzi hesab edirdi. Təbii ki, o zaman bu qavrayışda bir az dəbə uymaq, bir az da impulsivlik var idi, çünki həmin dövrlərdə emosiya, hər halda, bir az üstün idi. Lakin son dövrlərdə müəyyən bir siyasi maariflənmə keçmiş cəmiyyətimizdə Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə, onun demokratik düşüncəni qidalandıran siyasi irsinə ciddi maraq yaranıb. Əlbəttə, bu prosesdə görkəmli şəxsiyyətin həyat-fəaliyyətinin, elmi-nəzəri irsinin dərindən araşdırılması, bizdə, Türkiyədə, Rusiyada və ABŞ-da haqqında ciddi elmi tədqiqatların aparılması, əsərlərinin nəşr edilib yayılmasının da xüsusi əhəmiyyəti olmuşdur. İstedadlı, vicdanlı və fədakar alimlərimizin səyləri hədər getməmişdir. Tanrının işıq vermədiyi və buna görə də missiyası yalnız Şərə xidmət etmək olan bəzi məmur-alimlərin tarixi saxtalaşdırmaq səylərinə baxmayaraq Azərbaycan cəmiyyətində M.Ə.Rəsulzadə şəxsiyyətinə maraq getdikcə artır.
* * *
Təəssüf ki, bu gün Azərbaycanın hakim dairələrində Rəsulzadə şəxsiyyətinə anlaşılmaz bir qısqanclıq göstərilir. Adı heç harda çəkilmir, xatırlanmır, nədənsə tez-tez «unudulur». Bəzi iqtidar qəzetlərində Cümhuriyyət və onun qurucularından bəhs edən yazılarda onun adı üçüncü və ya dördüncü sırada çəkilir, bəzən heç çəkilmir, fotosu isə, ümumiyyətlə, dərc olunmur. Hərdən onu Cümhuriyyətin digər qurucuları ilə üz-üzə qoymaq kimi qeyri-ciddi və vicdansız davranışa yol verilir. Həzərat, bütün bunlara baxmayaraq birmənalı şəkildə demək olar ki, XX əsrdə Azərbaycanın siyasi tarixində fəxr edib qürur duyacağı ən böyük şəxsiyyət M.Ə.Rəsulzadədir. Bu, şüar deyil, tarixi gerçəklikdən qaynaqlanan həqiqətdir. Azərbaycan siyasi təfəkkürünün ifadəçisi olan bu görkəmli siyasi mücahidin keşməkeşlərlə dolu fəaliyyəti, milli istiqlal uğrunda ardıcıl mübarizəsi, elmi, ədəbi-bədii və publisist irsinin təhlili, yazdıqları və bizlər üçün bir xəzinə olaraq qoyub getdiyi sanballı əsərləri bu nəticəyə gəlməyə əsas verir. Bu millət fədaisinin adını universitetlərdən silmək, şəklini göstərməmək, fotosu həkk olunmuş əsginası dəyişmək, abidəsini qadağan etmək olar, amma onun tarixi haqqlarını tapdamaq mümkünsüzdür. Tarixi şəxsiyyətlərin qiymətini, gec-tez tarix özü verir.
Tarixi şəxsiyyət bir kateqoriya kimi mürəkkəb siyasi proseslərdə üzə çıxır. Hər vəzifə kürsüsündə əyləşən, onun pillələri ilə üzüyuxarı dırmaşan, hökumət kabinetində əyləşən, çiyninə şahlıq quşu qonan hər adam şəxsiyyət deyildir. Şəxsiyyət o adamlar sayılır ki, onlar çətin durumlarda millətin və xalqın taleyini həll etmək, onun tarixi varlığını qoruyub saxlamaq yükünü çiyinlərinə götürürlər. Tarixin belə çətin anlarında siyasət səhnəsinə çıxaraq Vətənin azadlığı və xalqının rifahı üçün ömrünü şam kimi əridənlərin haqqını bir kimsə tapdalaya bilməz. Ona görə də M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyəti hədəfə almaq, millət qarşısında onun xidmətlərini danmaq, ona sayğısız yanaşmaq yel dəyirmanı ilə vuruşmaq kimi bir şeydir.
Qoca tarix yalnız qlobal ideyaların daşıyıcılarını və həmin ideyaları məharətlə gerçəkləşdirib fakta çevirənləri öz yaddaşında saxlayır. Bu baxımdan M.Ə.Rəsulzadənin ən böyük tarixi xidməti Azərbaycanın istiqlalı, xalqımızın bütün nəsillərinin qürur duyduğu Azərbaycan Cümhuriyyətidir. Bu cümhuriyyət Rəsulzadənin şah əsəridir.
Təbii ki, müstəqillik ideyaları boş yerdən yaranmayıb. M.F.Axundovdan və H.B.Zərdabidən başlayan milli azadlıq ideyaları XX əsrin əvvəllərində Ə.B.Ağaoğlu, Ə.B.Hüseynzadə, Ü.Hacıbəyli kimi mütəfəkkirlərin əsərlərində yeni forma alıb. Ötən əsrin əvvəllərində Azərbaycan siyasi tarixinin taleyini əllərində tutan soydaşlarımız milli hərəkatın yüksəldiyi bir vaxtda İstiqlal hərəkatının qığılcımını alova çevirə bilmişdilər. Lakin bunlarla yanaşı onu deməliyik ki, bir çox siyasi xadimlərin şüurunda müstəqillik anlayışı, yalnız mədəni muxtariyyəti əhatə edirdi. Siyasi müstəqillik ideyasını ilk dəfə məhz M.Ə.Rəsulzadə gündəmə gətirmişdi. Hələ Rusiyadakı 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə onun milli istiqlaliyyəti gerçəkləşdirmək və müstəqil Azərbaycan Cümhuriyyəti yaratmaq fikrinə gəldiyini söyləmək olar. Bu dövrdən başlayaraq böyük ideoloq Cümhuriyyətin yaradılması üçün əlverişli tarixi fürsət axtarırdı. Belə bir tarixi möcüzə isə 1918-ci il mayın 26-da Qafqaz seyminin dağılması oldu. M.Ə.Rəsulzadə həmin mürəkkəb, fəlakətli, qanlı-qadalı, ölüm-dirim savaşlarının getdiyi bir dövrdə xalqın başı üzərində dayandı, onu nəinki fiziki cəhətdən məhv edilmək təhlükəsindən qurtardı, həmçinin Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsinə nail oldu. Cümhuriyyətin ilk addımlarının müəyyən edilməsində, Türkiyə Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsində, Bakının işğaldan azad olunmasında da M.Ə.Rəsulzadənin siyasi-diplomatik fəaliyyəti həlledici rol oynadı.
M.Ə.Rəsulzadə istiqlalın «bir qrup xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyac» (H.Baykara) olduğunu sübut edərək müstəqil Azərbaycan dövlətinin parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu. Bu, Şərqdə ilk belə hakimiyyət forması idi. O vaxt mütləqiyyət rejimlərinin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlarını atan, uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardı. Əlbəttə, avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Bu səbəbdən də onu prezident kimi görmək istəyənlərə «biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meyilliyimiz var. Yəni kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona görə də «parlamentli respublika daha yaxşıdır» cavabını vermişdi. Sadəcə, parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.
M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki, iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının taleyindən söz açır. Başqaları bir çox məsələləri ehtiyatla söyləyir, yəqin ki, sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki, M.Ə.Rəsulzadə Rusiya ordusunun gəlişini Azərbaycan istiqlalını əlindən alacaq qüvvə kimi səciyyələndirir. O belə düşünürdü ki, millətin istiqlalı əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Görünür, tale Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı. O, həbs olunsa da, İ.V.Stalinin sayəsində şərti azadlığa çıxa bildi. Aparıldığı Moskvada uzun müddət qala bilmədi və azad Avropaya üz tutdu.
* * *
Əlbəttə, Cümhuriyyətin mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə insanın şüuruna istiqlal toxumu səpildi. Bu səbəbdən də xalqımızın ictimai-milli düşüncəsində müstəqilliyin əbədi izi qaldı. M.Ə.Rəsulzadə ömrünün son anına qədər bu istiqlal və müstəqillik düşüncəsinin daşıyıcısına çevrildi. Təkcə Türkiyədə deyil, Polşada, Macarıstanda, Rumıniyada, Almaniyada, Fransada yaşadığı illərdə öz idealına sadiq qaldı, əsərlərində, nəşr etdirdiyi bütün qəzet və jurnallarda Azərbaycanın müstəqilliyi ideyasını öndə saxladı. Gözlərini bu dünyaya yumarkən də son sözü «Azərbaycan» oldu…
İstiqlalın mübarək, Azərbaycan!
25.05.2013
Millət sizə minnətdardır…
Cümhuriyyət həftəsinin xoş ovqat yaradan epizodları haqqında
«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…»
Fətəli Xan Xoyski
Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada olan milli hökumətin başçısı «bu günü yuxumuzda da görə bilməzdik» deyirdi. Bundan iki ay əvvəl isə F.X.Xoyskinin daha bir sözü tarixin yaddaşına yazılmışdı. Baş nazir 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi münasibətilə Nuru paşaya göndərdiyi təbrik teleqramını bu sözlərlə bitirmişdi: «Millət sizə minnətdardır!». Dünən bu sözlər xilaskar Nuru paşaya ünvanlanırdı, bu günsə xalq məhəbbətlə həmin müqəddəs kəlmələri, həm də heçdən bir dövlət yaratmaqla şanlı tarix yazmış, millətin başını uca etmiş Cümhuriyyət qurucuları üçün səsləndirir.
Bu gün minnətdarlıq duyğusu ilə xatırladığımız babalarımız müsəlman Şərqində ilk parlamentli respublika quraraq hamımıza demokratik cümhuriyyətin vətəndaşları olmaq qürurunu yaşatdılar. Qısa müddətdə ordu yaratdılar, sərhədlərimizi müəyyənləşdirdilər, iqtisadi islahatlar apardılar, qadınlara seçki hüququ verdilər, respublikanı dünyada tanıtdılar. Millətə azadlıq dadızdıran AC qurucuları Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdilər, onun Avropa ilə bütünləşməsinin zəruriliyini ortaya qoydular, ciddi demokratik addımlar atdılar, ədalətli idarəetmə sistemi yaratdılar. Bütün bunlara görə millət onlara minnətdardır!
* * *
Bu həftə, şəksiz ki, Cümhuriyyət həftəsi oldu. Həm də bu şanlı gün əvvəlki illərə nisbətən sanki bir az təmtəraqlı keçdi. Görünür, AC-nin 95 illiyi və Ə.Topçubaşovun 150 illiyinin qeyd olunması haqqında rəsmi sərəncamlar müəyyən rol oynamışdı. Amma məncə, həlledici səfərbərlik işini yenə də sosial şəbəkələr gördü. TV-lərdə bu mövzuda verilişlərin dişsizliyinə, küçələrdə isə bayraqların azlığına baxmayaraq virtual şəbəkələr bayrama xüsusi canlanma gətirdi. Hətta hökumətyönlü internet televiziyalarından biri Cümhuriyyətin elan olunduğu Tiflisin Canişin sarayından maraqlı bir reportaj yayımladı. Reportyor böyük bir sevgi ilə Milli Şura qurucularının ruhlarının dolaşdığı «Büllur» salonun mistik sükutundakı müqəddəs duyğuları bizlərə də yaşatdı. Qəzet-kitab oxumayan, o səbəbdən də ətrafda baş verənlərə laqeyd qalan çoxluğu isə axşam saatlarında Milli parkdakı atəşfəşanlıq səsləri ayılda bildi. Ən aşağısı onlar «görəsən, bu gün nə günüdür?» sualını verməyə ərinmədilər.
Hər halda, məmləkətin düşünə bilən insanları, qəlbində və ruhunda bir Cümhuriyyət sevgisi yaşadanların son illərin biganəliyi ilə müqayisədə builki bayram ab-havasından ciddi şikayətləri olmamalıdır. Məncə, bu tarixi gün iki parlaq epizodla yadda qaldı: M.Ə.Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsinin ziyarəti, orada yaşanan duyğulu məqamlar və haqqında çoxdan danışılan Milli Şuranın yaradılması.
* * *
Bu il Gəncə sakinləri M.Ə.Rəsulzadənin Cümhuriyyətin ilk paytaxtındakı büstünü ziyarət edə bilmədilər. Səbəbini hamı bilsə də, adamın yazmağa əli gəlmir. Əvəzində çoxları üçün artıq müqəddəs yer sayılan Novxanıda M.Ə.Rəsulzadənin abidəsi önündə xeyli təntənəli mərasim keçirildi. Səhər tezdən ürəklərində Rəsulzadə odu daşıyan yüzlərlə insan dəstə-dəstə abidə önünə axışırdı. Üz-gözlərindən sevinc yağan bu adamlar öz qəlblərinin hökmü ilə əllərində al bayraqlar abidəyə doğru addımlayırdılar. Qəsəbə sakinlərinin bu mənzərəni köks dolduran bir qürurla seyr etmələri nəzərdən yayınmırdı. Gənclərin, yaşlıların, xanımların üzündə heç vaxt olmayan bir sevgi və ümid şölələnirdi. «Yoxdan bir bayraq ucaldanların» da nigaran ruhu, sanki bu anlarda şadlanırdı. «Rəsulzadə!», «İstiqlal!», «Yaşasın müstəqil Azərbaycan!» hayqırtısı az qala bütün qəsəbəni titrədirdi.
Mənim üçün bu hayqırtıların sədası altında sevinən uşaqların reaksiyası çox maraqlı idi. Abidəyə gedən yolda həyətlərdən və pəncərələrdən üçrəngli bayraqlar yellədilirdi. Yol kənarına düzülmüş kənd sakinləri Bakıdan gələnləri məhəbbət dolu nəzərlərlə süzür, tanıdıqları adamlarla hal-əhval tuturdular. Birmərtəbəli evlərin geniş pəncərəsindən kiçik bayraqları və şən çığırtıları ilə yoldan keçənləri şövqlə salamlayan məktəbyaşlı uşaqların sevincini gözlə görmək gərək idi. Oğlanlı-qızlı 4-5 uşaq bir-birinə aman vermədən «Yaşasın Azərbaycan!» deyərək sevinə-sevinə qışqırır, bayraqları yellədir, sanki parad qəbul edirlərmiş kimi cürbəcür şüarlar deyir, yaratdıqları qeyri-adi mənzərə ilə yoldan ötənləri duyğulandırırdılar. Onların şaqraq səsləri əraziyə nəzarət edən və artıq günün istisində hərəkət etməyə həvəsli görünməyən ərincək polislərin də diqqətini cəlb etmişdi. Açıq-aşkar görünürdü ki, uşaqların kəsilmək bilməyən səsləri və yol keçən adamların onları xüsusi duyğusallıqla salamlamaları polislərin çoxunu əməlli-başlı qıcıqlandırır. Heç bilmədim ki, polislər həmin gün niyə belə qəzəbli idilər, üz-gözlərindən zəhrimar yağırdı. Deyəsən, təkcə abidəyə tərəf üz tutan böyüklərin deyil, yol kənarında suvağı təzə vurulmuş, görkəmindən kasıblıq yağan evin pəncərəsindən adamları aramsız alqışlayan uşaqların sevinci də onları hövsələdən çıxarırdı. Ona görə də polis zabitlərindən biri oğrun-oğrun pəncərəyə yaxınlaşıb uşaqlardan sakitləşməyi və əllərindəki bayraqcıqları yığışdırmağı tələb etdi. İçəridən səslənən sadəlövh sual ətrafa yayılırdı. – Noolub ey, bayramdı də, bəyəm sevinmək olmaz? – bunu uşaqlar incik səslə soruşurdu. – Pəncərəni bağlayın, xarabanızda səssiz sevinin! – bunu da polis əmi hirslə deyirdi.
Bu «incə» dialoq ətrafdan keçənlərin diqqətindən yayınmadı, onların iradına polis «Bunlar indidən asayişi pozurlar» cavabını verdi və camaatın gülüşündən üzü bir az da bozardı. Amma görünür, uşaqlar belə tezliklə təslim olmaq niyyətində deyildilər. Onlar bir anlığa sakitləşsələr də, qəzəbli «polis əmi» gedən kimi yenə pəncərələri taybatay açdılar. Yenə də bəhsə-bəhsə girərək üçrəngli bayraqları yellətdilər, yenə də onların şıltaq və ruhoxşayan səsləri ətrafa yayılaraq küçədən keçənlərin təbəssümündə əks-səda verməyə başladı. Qəzəbli polis zabiti yenə evə tərəf üz tutdu, amma sonra nəsə fikirləşərək geri qayıtdı. Onun həmin anda nə fikirləşdiyini demək çətin idi, amma bir şey aşkarca görünürdü ki, «asayişi pozan» uşaqların bu qəribə inadı ətrafdakılara yaman ləzzət eləmişdi…
* * *
Azərbaycan Cümhuriyyətini vəsf edən yüzlərlə şeir yazılıb. Onların bədii səviyyəsi, təsir gücü, poetik vüsəti eyni deyildir. Amma bu poeziya nümunələrinin hamısında tarixə, milli ideyaya bir sevgi, bir istiqlal havası və sabaha bir ümid var. Həmin fikirlər aşağıdakı şeirdə də sanki qanad açaraq göylərə pərvazlanır:
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan,
Bu əkindən yarınki bir baharda
Əlbət, bitər bir yeni Azərbaycan!
Bu misralar Azərbaycan Cümhuriyyətinin ideoloqu və banisi, qürbət ellərdə son nəfəsinədək canını millət yolunda fəda etmiş Məhəmməd Əmin Rəsulzadənin 1955-ci ilin martında, ömrünün son günlərində yazdığı «Mayıs duyğuları» şeirindəndir. O, Cümhuriyyət yolunda min əzaba qatlaşdı, ömrünü bu yolda əritdi, bu müqəddəs amal naminə bütün nəsli heçliyə uğradı. Türkiyədə və Avropanın müxtəlif ölkələrində məhrumiyyətlərlə dolu ömür sürdü, bir qarnı ac-bir qarnı tox, yarızirzəmilərdə gecələdi, siçan-siçovullar oynayan «evlərdə» yaşadı. Amma sınmadı, yolundan dönmədi, azad Azərbaycan davasından, könül verdiyi Cümhuriyyət sevdasından əl çəkmədi.
Azərbaycan istiqlalının memarı əmin idi ki, bir gün gələcək, milli fikir toxumları mütləq yenidən cücərərək pöhrə verəcək, xalq yenidən öz müstəqilliyinə qovuşacaq. O, II Dünya müharibəsindən sonra SSRİ-nin dağılacağını və bu prosesin imperiyanın ən zəif nöqtəsi olan Qafqazdan başlayacağını qəti əminliklə söyləyirdi. Tarix onun sözlərinin doğruluğunu bir daha sübut etdi, Azərbaycan XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edə bildi.
* * *
Respublika gününün xoş ovqatına gecə saatlarında daha bir rəng qatıldı. Toplardan atılan rəngli fişənglərin havada rəngbərəng qövs cızdığı anlarda xəbər saytlarında da gözlənilən bir xəbər fişəng kimi işıq saçdı. Həmin saatlarda demokratik qüvvələrin Milli Şurasının yaradıldığı bəyan edildi. Bu təkcə maraqlı yox, həm də gələn həftədən Azərbaycanın ictimai-siyasi həyatının gündəmini dəyişəcək ciddi bir xəbər oldu. Milli Şura ideyasının müəllifi dünya şöhrətli yazıçı-ssenarist Rüstəm İbrahimbəyovdur. Belə demək mümkündürsə, onun siyasi rejissurasının proloqu baş tutdu. İndi qarşıda məmləkətin demokratikləşməsi ssenarisinin gerçəkləşdirilməsinin həlledici epizodlarının çəkilişləri gəlir. Bu çəkilişlərdə kütləvi səhnələr önəmli yer tutacaq…
01.06.2013